Sabah Paris şəhərində YUNESKO-nun Baş Qərərgahında Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Mahmud Kaşqarinin müəllifi olduğu “Divani –lüğət ül türk” kitabının 950 illik yubileyi münasibətilə konfrans düzənlənəcək.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondunun verdiyi məlumata görə, konfransda dünyanın tanınmış türkoloqları, beynəlxalq təşkilatların nümayəndələri Mahmud Kaşqarinin dünya leksikoqrafiyasına və dünya mədəniyyətinə bəxş etdiyi qiymətli tövhədən danışacaqlar.
9000 sözü olan və türk xalqlarının ensiklopediyası adlandırılan Mahmud Kaşqarinin “Divani lüğət ül türk” kitabında 50 əyalətin, 63 şəhərin, 22 qəsəbənin, 49 yaşayış məkanının adı coğrafi məkan kimi qeyd edilib. Eyni zamanda kitabda insanların yaşadıqları və işlətdikləri mədəni və məişət obyektləri, 106 məişət əşyasının adı, 62 növ paltarın, 53 toxuculuq alətinin, 58 döyüş –sursat növünün adı və heyvandarlığa aid 38 iqtibas qeyd olunub.
Bundan əlavə, kitabda 758 şer, 2667 atalar sözü kimi ədəbiyyat nümunələri də yer alıb. Bu da kitabın qədim və zəngin türk tarixini və söz çələngini özündə cəmləşdirdiyini göstərir.
Mahmud Kaşqari “Divani Lüğət ül türk”ü 25 yanvar 1072-ci ildə qələmə almağa başlayıb. XX əsrdə bu kitabı təsadüfən atılmış kitabların içərisindən İstanbulda kitabxanaçı Burxan Əfəndi tapıb, aşkara çıxarıb. Digər bir türk alimi Əli Əmərli Əfəndi isə kitabın qiymətini anladığından, onu baha qiymətə alıb. Sonradan Əli Əmiri Əfəndi İstanbulda Milli Kitabxana yaradıb.
2017-ci ildən etibarən YUNESKO “Divani Lüğət ül Türk” kitabını dünyanın Maddi İrs siyahısına yazıb. “İnsanlığın tarixi” adlı proqrama kitabın nəşri həvalə edilib. 2024-2025-ci illərdə isə YUNESKO-nun təklifi ilə kitabın 950 illik yubuileyi münasibəti ilə silsilə tədbirlər nəzərdə tutulur. Sabahkı tədbir də bunlardan biridir.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qeyd edib ki, YUNESKO-da keçiriləcək konfrans Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrin alimlərini bir daha yaxından birləşdirəcək.
Konfrans çərçivəsində eyni zamanda “Divani Lüğət ül Türk” kitabının rus və Azərbaycan dilində edilmiş tərcümələri, böyük türkoloqun həyatından və yaradıcılığından bəhs edən sənədli film və sərgi də nümayiş etdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(12.12.2024)