Super User

Super User

Küveyt Dövlət Universitetinin Sabah əl-Səlim tədris korpusunda iyunun 10-13-də “Turizm və Səyahət” adlı sərgi təşkil olunub. Tədbirdə Küveytin müxtəlif sektorlarını təmsil edən yerli qurumlarla yanaşı, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də iştirak ediblər.

 

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyindən AzərTAC-a bildirilib ki, sərgidə diplomatik nümayəndəliyimizin dəstəyi ilə Azərbaycan stendi qurulub. Sərgiyə gələnlərə ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi, turizm potensialı barədə məlumat verilib.

 

Eyni zamanda, 2024-cü ildə Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olması və bu il üçün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ziyarətçilərin diqqətinə çatdırılıb. Sərginin təşkil edildiyi zalda ölkəmizin şəhər və rayonlarının, habelə Şuşa şəhərinin tanınmış məkanlarına aid stend quraşdırılıb və səfirliyin dəstəyi ilə çap edilmiş “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” kitabı iştirakçılara təqdim edilib.

 

Eyni zamanda, tədbirdə cari ilin noyabrında ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcəyi və bununla əlaqədar olaraq 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğu barədə məlumat verilib. Həmçinin tədbirin keçirildiyi zalda quraşdırılmış ekranlarda COP29-un loqosu və bununla bağlı videogörüntülər nümayiş etdirilib.

 

Sərgini Küveyt Universitetinin müəllim-tələbə heyəti ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri də ziyarət ediblər.

 

Sərgiyə gələnlərə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Küveyt-Bakı istiqaməti üzrə reyslərinin uçuş tarixləri və xidmətləri barədə də məlumat verilib.

 

Azərbaycan stendində videomateriallar vasitəsi ilə ölkəmizin tarixi-mədəni abidələrinə, gəzməli-görməli yerlərinə virtual səyahət də təşkil olunub.

 

Sərgidə fəal iştiraka görə səfirliyə Küveyt Universitetinin sertifikatı təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2024)

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günləri rəngarəng tədbirlərlə davam edir. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mədəniyyət günlərinin daha bir tədbiri iyunun 13-də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) gerçəkləşib.

 

Mərkəzdə görkəmli tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin özbək dilinə tərcümə olunmuş “Qılınc və qələm” kitabının təqdimatı keçirilib.

 

Özbəkistanın alim və ziyalılarının da qatıldığı mərasimdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair-dramaturq İlqar Fəhmi sözü mədəniyyət nazirinin müavini Fərid Cəfərova verib.

 

Nazir müavini bildirib ki, Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən görkəmli şair və yazıçılarımızın əsərlərinin xarici dillərə tərcümə edilərək təbliği diqqətdə saxlanılır. İndiyədək 100-dən artıq müəllifin əsərinin tərcümə edilərək nəşri həyata keçirilib. Yazarlarımızın Türk dünyasında da tanınmasına xüsusi önəm verilir.

 

Nəşrin əhəmiyyətini vurğulayan nazir müavini deyib ki, bu kitabla görkəmli nasir Məmməd Səid Ordubadi ilə yanaşı, əsərdə obrazı yaradılan dünyaşöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi və onun dövrü haqqında özbək oxucularda geniş təsəvvür yaranacaq.

 

Özbəkistanın ədəbiyyatşünas-alimləri, professorlar Nurboy Cabbarov, Abdulla Uluğov, AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, şair Aqşin Yenisey və Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış ediblər. Çıxışlarda yeni nəşrin əhəmiyyəti qeyd edilib, Nizami Gəncəvinin yaradıcılığından bəhs olunub.

 

Tədbirdə Nizami Gəncəvinin şeirləri qiraət olunub, qəzəllərindən ibarət muğamlar ifa edilib.

 

Əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutsa da, müəllif bununla kifayətlənməyərək dahi şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini canlandırmağa çalışıb, xalq həyatının geniş lövhələrini yaradıb. Buna görədir ki, roman baş qəhrəmanının adı ilə deyil, əsərin həyat materialında mühüm yer tutan iki amilin – xalqın fiziki və mənəvi qüvvəsinin rəmzi olaraq "Qılınc və qələm" adlandırılıb.

 

Romanı özbəkcəyə Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilov çeviriblər.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2024)

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Hüseyn Arifin 100 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, məlumat bazasında şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilərək əsərlərindən nümunələr təqdim edilib.

Həmçinin burda ədib haqqında qələmə alınan Xalq yazıçısı İsmayıl Şıxlının “Elə bağlı şair”,”, və Xalq şairi Nəriman Həsənzadənən “Hüseyn Arif - 50” adlı məqalələrin tam mətni, şeirlərindən nümunələr, müəllifi olduğu əsərlərin, məqalələrin, sözlərinə bəstələnən musiqi əsərlərinin siyahısı,  görkəmli şəxsiyyətlərin ədib haqqında söylədikləri dəyərli fikirlər, xatirələr yer alıb.

Məlumat bazasında “Xalq şairi Hüseyn Arif aşıq yaradıcılığı”, “Mükafatlar”, “Video və fotoqaleraya”, “Virtual sərgi” kimi bölmələr nümayiş olunub.

Elektron məlumat bazası ilə kitabxananın rəsmi saytından tanış olmaq mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)

 

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində ASAN könüllülərinin təqdimatında İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” tamaşası ingilis dilində səhnələşdirilib.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlimat verilib. 

 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, ASAN könüllüləri iştirak ediblər.

15 İyun-Milli Qurtuluş Gününə həsr olunan tamaşa “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının təşkilatçılığı və Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub.

18 ASAN könüllüsünün hazırladığı səhnə işinin məqsədi sözügedən əsərin motivləri əsasında Qarabağımızın tarixinin, zəngin mədəniyyətinin, ənənələrinin təbliğidir.

600-dən çox tamaşaçının iştirakı ilə baş tutan tədbirin sonunda könüllülər təltif ediliblər və xatirə şəkli çəkdirilib.

Ümumilikdə “Mədəniyyət Carçısı” proqramı çərçivəsində bu günədək 100-dən çox tamaşa və rəsm sərgisi, 500-dən çox ustad dərsi reallaşdırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)

 

Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) kinomuzun gələcək uğurları istiqamətində yeni layihəyə imza atıb. Belə ki, gənc və istedadli kinodramaturqların, kinorejissorların, operatorların, aktyorların üzə çıxarılması, onların fəaliyyəti üçün hərtərəfli imkanların yaradılmasi istiqamətində möhtəşəm işə başlanılıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı ARKA-ya istinadən xəbər verir ki, qurumla “TƏDRİS-FİLM” kinostudiyası arasında bağlanan müqaviləyə əsasən 12 tələbə filminin istehsalı uçun kifayət qədər vəsait ayrılıb.

Ümid etmək olar ki, “İnam”, “Düşmüş mələk”, “Tullantılar dünyası”, “Balıqçı kafesində görüş”, “Fundament”, “Dəyişə bilməyən adam”, “Çağırılmamış qonaq”, “Ulduzun hekayəsi”, “Şirin yuxu”, “Biçilmiş don”, “Mühafiz”, “Sabah” kimi layihələrin istehsala buraxılması ilə istedadli tələbələrlə ARKA arasında bünövrəsi qoyulan bu yaradıcı əməkdaşlığın bəhrəsini yaxın vaxtlarda ərsəyə gələcək uğurlu ekran işləri ilə görəcəyik.

Bəzi çətinliklərdən sonra nəhayət ki, heç zaman Azərbaycan kinosunun tarixində olmayan bir işə imza atılıb. ARKA 12 gəncin ilk filmini maliyyələşdirməklə onların sənətlə bağlı arzularının möhkəm bünövrə üzərində qurulmasına vəsilə olub. Bu ənənə hər il davam edəcək, yəni hər il diplom işlərini ARKA maliyyələşdirəcək.

Bu mənada azərbaycanlı tələbələrin Qazaxıstanda təşkil edilən Fərabi Film Festivalında “Bir vaxtlar Sabunçuda”, “Lənt” filmlərinin mükafata layiq görülməsi təsadüfi deyil, Azərbaycan kinosunun gələcək uğurundan xəbər verir.

Gənclərə dəstək təkcə maliyyə yardımı ilə yekunlaşmır. Gənc kinematoqrafçılara dəstək məqsədilə ARKA Alternativ Kino Akademiyası təsis edib.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)

 

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa  Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü,

tanınmış şair-publisist Yusif Nəğməkara məktub ünvanlayıb.

“Ədəbiyyat və incəsənət” portalı məktubun mətnini təqdim edir:

 

“Hörmətli Yusif müəllim,

Sizi doğum gününüz və yaradıcılıq uğurlarınızla bağlı təbrik edir, möhkəm cansağlığı, yeni başarılar diləyirəm!

Siz özünəxas mədəniyyət-sənət, ruhaniyyat iqlimi olan qədim Beyləqan torpağında, Birinci Aşıqlı elində və əlamətdar bir gündə doğulmusunuz. – Sizdən öncələr Azərbaycanda və Türk dünyasında bir sıra görkəmli sənətkarların doğum və anım günü kimi mədəniyyət təqvimə düşən 15 iyun, artıq 27 ildir Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü olaraq Azərbaycanda rəsmi dövlət bayramı günüdür. Azərbaycanla qardaş Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi” 3 il öncə – məhz 15 iyunda imzalanıb. Siz bu əlamətdar günün mənəvi haqqını ödəməyə çalışan, öz yaradıcılığı ilə vətənə, xalqa, Türk dünyasına xidmət edən şairlərdənsiniz. Təsadüfi deyil ki, sizin şeirlərinizə Azərbaycan bəstəkarları ilə yanaşı Türkiyə bəstəkarları da müraciət edir. “Mehtər” marşı üstə ifa edilən “Azərbaycan, Türk bayrağı” şeiriniz qardaş ölkə xorunun ifasında rəğbətlə qarşılanıb.

Siz uzun illərdir Jurnalistlər Birliyinin, Yazıçılar Birliyinin üzvü, habelə “Qazax Xeyriyyə Cəmiyyəti”nin fəxri üzvü, Azərbaycan Sənaye Korporasiyasının mətbuat katibisiniz.

1973-1977-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) Filologiya fskültəsində ali təhsil almısınız. Beyləqan rayonunda bir neçə il müəllimlik etdikdən sonra Dövlət Teleradio Verilişləri Komitəsində (indiki “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də) müxtəlif vəzifələrdə çalışmısınız (1983-2006).

Siz hələ 22 yaşında olarkən, Xalq şairi Rəsul Rza sizə uğurlu yol yazıb (“Ədəbiyyat və incəsənət” qəzeti, 30.04.1977).

Sonralar Xalq şairi Bəxtiyar Vahabzadə “Mənim çox sevdiyim şair Yusif Nəğməkar” adlı məqalə yazıb, “Dünən, bu gün və sabah” adlı şeirini sizə həsr edib.

Siz 2015-ci ildə Çanaqqala Zəfərinin 100 illiyi ərəfəsində ünlü “Çanaqqala – Türkə qala” poemasını yazmısınız.

İndiyədək 20-dən artıq kitabınız gün üzü görüb.

Rəsul Rza və Şahmar Əkbərzadə adına beynəlxalq ədəbi mükafatlar laureatısınız.

Sizi yaradıcılıq uğurlarınız və doğum gününüzlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist

Rəfail İncəyurdu qarşıdan gələn 70 illik yubileyi ilə bağlı təbrik edib.

Təbrik məktubunda şairin həyat və yaradıcılığının ən ümdə məqamlarına vurğu edilib. “Ədəbiyyat və incəsənət” portalı məktubun mətnini təqdim edir:

 

“Hörmətli Rəfail müəllim,

Sizi 70 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Siz özünəxas şeir-sənət gələnəkləri olan Qazaxın Kəmərli kəndində doğulmusunuz. 1961-1971-ci illərdə Kəmərli kənd orta məktəbində, 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU-da) oxumusunuz.

Univerisiteti bitirdikdən sonra Qubadlının Fərcan kəndin orta məktəbdə müəllim olmuş, daha sonra BDU-da və paytaxtda yerləşən bir sıra digər müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmusunuz.

Siz 1975-ci ildən bəri davamlı olaraq dövrü mətbuatda öz yaradıcılıq örnəklərinizlə çıxış edirsiniz. 1986-cı ildən ədəbi fəaliyyətə daha çox önəm verməkdəsiniz:  BDU nəşriyyatında redaktor, böyük redaktor, “Təhsil” nəşriyyatında redaktor, “Diplomat” nəşriyyatında baş redaktor, “Xarici Siyasət Arxivi” jurnalında baş redaktorun müavini, Odlar Yurdu Universitetinin nəşriyyatında redaktor olmusunuz.

Şeirləriniz ölkəmizlə yanaşı, qardaş Türkiyə, habelə Rusiya mətbuatında da yayınlanıb; bir sıra şeirləriniz ingilis və fars dillərinə çevrilib.

200-dən çox elmi və bədii kitabın redaktoru, önsöz yazarı, bir neçə ədəbi toplunun tərtibçisi olmusunuz.

Sizin özünüzün səkkiz kitabınız gün üzü görüb: “Ömürdən o yana yollar uzanır” (1996), “Könül dünyam” (2001), “Köhnə kişilər” (2004), “Köz yaşı” (2007), “15-imdən 55-ə varanda...” (2009), “ÖZü SÖZə ucaltmışlar odası” (2014), “Arzuların yuvasına toxunma” (2016), “Səcdə” (2019).

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvüsünüz.

2011-12-ci illərdə Azərbaycan Prezidenti Təqaüd Fondunun təqaüdçüsü olmusunuz, həmçinin bir sıra ictimai ədəbi təltiflər almısınız.

Sizi 70 illik yubileyiniz, ictimai və yaradıcılıq uğurlarınızla bağlı bir daha təbrik edir, Mədəniyyət Komitəsi adından ən xoş diləklərimi yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)

Thursday, 13 June 2024 12:18

Teatrda

 

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam  etdirir. 

 

Başabəla tanış

 

Xeyrəddin Qoca bir tanışını onun öz xahişi ilə partiyaya üzv yazdırır. Aradan xeyli keçir. İclasların birində necə olursa, həmin tanışı Xeyrəddin Qocanın əleyhinə danışır. Xeyrəddin müəllim bərk hirslənir:

-Mənə bax, səni bu partiyaya kim soxuşdurub, hə?

Həmin tanış da bərkdən gülərək cavab verir:

- Sən!

 

Teatrda

 

Xeyrəddin Qoca Akademik Milli Dram Teatrında «Mesenat» tamaşasına baxırdı. Ona hörmət əlaməti olaraq lojada yer vermişdilər. Tamaşa son dərəcə maraqlı olduğundan tamaşaçı ilə dolu salondan səs çıxmırdı. Xeyrəddin Qoca bir də görür ki, oturduğu stul əyilir, əyildikcə də, cırıltılı səs çıxır. Heç demə, stul sınıq imiş. Barmaq işarəsi ilə arada - ortada gəzən nəzarətçini yanına çağırıb pıçıltı ilə deyir:

-O Hacı Zeynalabdinə deyin ki, bu qədər xeyirxah işlər görür, bu stulları da dəyişdirsin.

Nəzarətçi gülür, çünki Hacı Zeynalabdin rolunu teatrın direktoru oynayırdı...

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)

Thursday, 13 June 2024 15:39

Pis dəlləyin müştərisi

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Qadının kişi fikri istəməsi yenə öz fikrini eşitmək istəyidir, ancaq bu dəfə bass-da. 

 

2.

Vaqif Səmədoğlunun 85 illiyi münasibətilə keçirilən Poeziya müsabiqəsinin şərtlərində qeyd edilir ki, müsabiqəyə 35 yaşına kimi şəxslər buraxılır.

Bir xanım müraciətində yazır: “Mənim 37 yaşım var, amma hamı mənə uzağı 30 yaş verir. Odur ki, xahiş edirəm, məni də iştirakçı olaraq təsdiqləyəsiniz”.

 

3.

Pul səndə olmayanda əl çirkidir, elə ki səndə oldu, onda dönüb olur əl təmizliyi. 

 

4.

Pis dəlləyin bütün müştəriləri keçəl olar.

 

5.

-Siz ərinizi nəyə görə vurmusunuz?

-İlahi, guya bundan ötrü səbəb də lazımdır ki?

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)

Poetik Qiraətdə bu gün qazi şair Emin Piridir. Onun “Venesiyaya birinci məktub” şeiri lirik ovqatlıdır.

“Bir az əsmər, bir az günəş-şokolad qız,

sən gedəli

Burda şirniyyatların dadı qaçıb.”

Elə başlanğıcdan adamı çəkir.”

Xoş mütaliələr!

 

Venesiyaya birinci məktub

 

Bir az əsmər, bir az günəş-şokolad qız,

sən gedəli

Burda şirniyyatların dadı qaçıb.

 

Venesiyanın suları

gecələr pıçıldayırmı qulağına

Sumqayıtın yalnızlığını?

 

Heç gördünmü

Eşqə qalxmışam desin kimsə?

Hamı düşdü,

düşdü.

 

Düşmək qalxmaqdı

necə ki, Yusifi endirdilər

qalxmasıyçün

Allahın eşq quyusuna.

Sən də mənim eşq quyumsan

balıqların Marian zirvəsi kimi.

 

Ayaqlarımın addımlamağı

əllərimi aldatmaqdı

səcdə edir getdiyin yollara.

Üzümü hara tutum dua edəndə

Məkkəyə, Vatikana

Yoxsa Venesiyaya?

 

Bədənimdən ayrı düşən ayaqlarım,

“Axilles dabanı”msan.

Kişilər qadınsız yeriyə bilməz bu həyatı.

 

Günəşə həsrət mamırlar

ayağına dolanıb yalvarırmı

getmə, qal, əsmər günəş-deyə?!

 

Üzük yerinə

öpsəmmi barmağından?!

 

…bəlkə də, bir itimiz olar,

adını Kio qoyarıq.

Sevgi dilində danışır itlər-

elə mənim dilimdə.

Çox yorulmuşam, şokolad qız…

Bu həyatdan nə doydum, nə də bezdim.

Yoruldum,

yoruldum, şokolad qız.

 

Aldadasan hamını…

Elə özünü də

Tanrını da

Onun yazdığı 75 illik ömrü də

33 yaşında

atasan özünü

dənizin qolları arasına.

 

Cırasan alın yazısının qalan səhifələrini

balıqlar öpə gözündən,

yosunlar anantək bələyə səni.

Allah da köks ötürüb deyə:

“Bağışla.

Bağışla məni”.

 

Mənim gücüm çatan iş deyil bu iş,

alın yazısında proqnozlarım

özünü doğrultmur buralarda heç…

 

İkiəlli yapışıb tavandakı ipdən

özünü asan gəncin kölgəsi.

Körpüdən ölümünə tərəf boylanan

bir başqasının da kölgəsi

boğulub dənizdə çoxdan…

Kölgəmiz cəsarətli çıxır özümüzdən.

 

Yuxularımız necə

Onlar da yazılıb alın yerinə?!

Şeytan Allahın,

gecə gündüzün,

yuxular həyatın

sən mənim kölgəmsən.

 

Ədəbiyyat və incəsənət”

(13.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.