
Super User
Astanada Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının təqdimatı olub
Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyabrın 25-də Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” (qazax dilində) kitabının təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Qazaxıstanın inform.kz saytına istinadən xəbər verir ki, təqdimatda iştirak edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, Qazaxıstanda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatını təşkil etmək böyük şərəfdir.
“Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı haqqına söz açan nazir bildirib ki, bu nəşr, sadəcə, ədəbi əsər deyil, görkəmli siyasi xadim, yeni müstəqil Azərbaycan dövlətinin banisi və Ümummilli lider Heydər Əliyevin və onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın həyatının mühüm məqamlarını əks etdirən təsirli hekayətdir. Elmira Axundovanın çoxsaylı kitabları arasında onun bir neçə dilə tərcümə edilmiş və Azərbaycanın Respublikasının Dövlət Mükafatına layiq görülmüş “Heydər Əliyev və onun dövrü” çoxcildlik əsəri də xüsusi yer tutur.
Xalq yazıçısı Elmira Axundova kitab haqqında məlumat verərək deyib: “Altıcildlik "Heydər Əliyev. Şəxsiyyət və zaman" roman-tədqiqatı üzərində işlədiyim dövrdə, təbii ki, qəhrəmanımın ömür-gün yoldaşının şəxsiyyəti ilə də yaxından maraqlanmışdım.
Çoxsaylı müsahiblərim Zərifə xanım haqqında, xüsusən də Heydər Əliyevlə münasibətləri barədə xeyli maraqlı məqamları danışmışdılar. Zaman keçdikcə bu mozaik epizodlardan mükəmməl bir lövhə yarandı. Başa düşdüm ki, Heydər Əliyevə həqiqi ailə xoşbəxtliyi, bir-birindən layiqli, istedadlı oğulla qız bəxş edən yeganə qadın haqda yazmasam, qəhrəmanımın həyat və tale epopeyası yarımçıq olacaq... Çoxillik axtarışların bəhrəsi olan həmin əsər artıq qarşınızdadır və onun nə qədər uğurlu alındığını yalnız oxucu söyləyə bilər. Ümid edirəm ki, həcmcə çox da böyük olmayan bu kitabı oxuyub başa vurandan sonra qəhrəmanlarımı daha çox sevəcəksiniz”.
Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi Arxiv, sənədləşmə və kitab işi komitəsinin sədr müavini Rollan Kuspan, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqalieva, tarix elmləri doktoru, professor, kulturoloq Fuad Məmmədov, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Fəridə Əzizova, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və başqaları çıxış edərək kitabın əhəmiyyətini yüksək qiymətləndiriblər.
Sonda Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Məhəmməd Füzulinin "Bəngü-Badə" əsərinin əlyazmasının surətini, Xalq yazıçısı Elmira Axundova isə müəllifi olduğu kitablardan bir neçə nüsxə Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasına hədiyyə ediblər. Qeyd edək ki, kitabda xalqımızın tarixində müstəsna yeri olan iki parlaq şəxsiyyətin –Zərifə və Heydər Əliyevlərin boya-başa çatdıqları ailələrindən, uşaqlıq və gənclik illərindən, həyatın bütün çətinliklərinə birgə sinə gərməyə kömək edən əbədiyaşar məhəbbətindən söhbət açılır.
Əsər "Xarakterlərin formalaşması (1940-cı illər – 1950-ci illərin əvvəlləri)", "Sevmək haqqı", "Əks-kəşfiyyatçının şəxsi həyatı", "Ordinatorluqdan akademikliyə", "Lider", "Respublika rəhbərinin xanımının gündəlik həyatı", "Qalstuksuz" Heydər Əliyev (XX əsrin 70-ci illəri)", "Moskva həyatı (7 saylı hökumət bağının divarları arxasında)", "O, əzablarını sona qədər gizlətdi..." və "Ölümə qalib gələn məhəbbət" adlı bölmələrdən ibarətdir.
Kitab Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunun dəstəyi ilə qazaxcaya tərcümə edilərək nəşr olunub. Kitabı tərcümə edənlər Aktaudakı Azərbaycan Kültür Mərkəzinin direktoru İlkin Orucov və Yessenov adına Universitetin dossenti Laura Dyusenbaevadır.
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 26. Vərdişlər kompleksi
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
26.
VƏRDİŞLƏR KOMPLEKSİ
Mütaliə mədəniyyəti həmçinin kitabla iş prosesində vərdişlər kompleksidir. Bəs bura nələr daxildir?
• kitabın mövzusunun seçilməsi;
• mənbələrdə düzgün istiqamətlənmək bacarığı;
• mütaliədə sistemlilik və ardıcıllıq, konkret kitabın seçilməsi;
• oxuduğunu mənimsəmək və kitabın məzmununu dərk etmək;
• əldə edilmiş informasiyanı təcrübədə tətbiq və istifadə
etmək, informasiyanı biliyə çevirmək;
• kitaba, dövri və ardı davam edən nəşrlərə qayğı ilə yanaşmaq;
• kitabla işin düzgün təşkili, gigiyenik qaydalara əməl edilməsi və s.
Növbəti: 27.Abituriyentin uğur formulu
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)
“İki hece” - Fazlı Sakar
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Türkiyənin “Genç Yürekler” jurnalının təqdim etdiyi 51 türk müəllif inin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
İki hece
Fazlı Sakar
Devrilmiş yüke gidiyor habersiz,
Kaybolmuş deryada asi sanılan.
Her hecesinde yutkunmuş kedersiz,
Gölgesiz meydanda asi anılan.
Kaybolmuş yükten geliyor sessizce
Bu dert, bu çile, haykırış...Nedendir?
Sedasız, habersiz, bir de eşsizce
Gölgelere taç giydiren bendendir.
Savrulmuş yükü sırtlıyor katilce,
Gözler ki, yontuluyor haritada.
‘Öz’ sözcüğüne minnet duy Habilce,
Yükselen beden, senin ruhunsa da
Sükût et, sükûnet bir-bir kendince,
On dört heceye geç yine kendince.
Ağaçların karanlıktaki sessizliğinde,
Gözlerimiz durak bilmeyen eşsizliğinde.
Zihni bulandıran sözlerin hissizliğinde,
Sokakları bırakan yolun hayalindeyim.
Bunca düzleme paçavralar gibi vurulan,
Ahinin ayak sesleri, sessizce duyulan,
Bir değil, bin cefa ve vefa ile kurulan,
Bilmem devranlaşan “yek ahenk” hayalindeyim.
Lehle aleyh, zincirden mısralara atılgan,
Düzlem, insanın ebedi özüne ısırgan.
Özveri ve özgün ile şiire slogan,
Ezelden var olan bir devrimin hayalindeyim.
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)
“Azadlığı daha çox sevdim” - Gülnarə Cəmaləddinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Gülnarə Cəmaləddinin şeirləri təqdim edilir.
Qış gecəsində
torpağın üstünə yağan qar kimi
tərtəmiz,
quş dimdiyində torpağa çəkilən dən kimi
canından yüngülcə çıxar gedər
çəkdiyin son nəfəs.
Qar kimi qarışıb torpağa itər adam.
Adına ölüm deyərlər
qar kimi ağappaq ayrılığın.
Səni də əkdim torpağa
ağac kimi, çiçək kimi,
ağaclar göyərdi,
çiçəklər göyərdi
sən necoldun, adam?!
Gedənlər qayıtdı,
ümidi yubatdım,
arzular göyərtdim
Sən göyərmədin, adam.
Sən göyərmədin, adam.
*
Səni sevmək
Şopeni dinləmək qədər dadlı
və
bir çiçəyi anlamaq qədər hüznlü.
Səni sevmək
odla oynamaq qədər qorxulu.
Səni sevmək
ölümü sevmək
demək.
Mən daha
səni sevəcək qədər…
Gözüm
günahlara,
Dilim
yalanlara,
Könlüm
sevdalara alışdı.
Öldürdüm...
bir günahsız kəpənəyin günahına batdım,
bir qarışqa qarğışına tuş gəldim.
Mən daha səni sevəcək qədər
məsum deyiləm, zavallım.
Mən səni belə tanıdım, həyat
Sən atamın dərdi qədər kübar,
anamın göz yaşı qədər zalım.
Bir uşaq oyuncağı qədər aldadıcı
bir sevda qədər məsum.
Bir ölüm qədər amansız
Daşlara adlar yazacaq qədər
vəfasız.
Mənim gəncliyim
Xarabalıqda bitən çiçək kimiydi
mənim gəncliyim.
Ləçəkləri qəlpələrdən didik-didik
yoluq-yoluqdu.
Mənim gəncliyim yalın ayaqlarla
acqarına
azadlığı üçün yürüdü meydanlara.
Sənin tay-tuşların ata olur,
ana olur
gəlin olur,
gənc dost!
Mənim tay-tuşlarım
əsir düşdü,
Şəhid oldu.
biz hər səhər mərmi səsinə oyanıb,
hər gecə səngərlərdə mürgülədik.
Sənin tay-tuşların
nəğmə qoşur,
şeir yazır.
Biz cəsədlərlə torpağa yazdıq
ən gözəl şeirimizi.
Aynalara baxıb saçlarımıza sığal çəkmədik,
Aynalar utanar deyə
örtdük aynaların üzünü
ağ mələfələrlə.
Sabaha kim sağ çıxacaq ümidilə
hər axşam geridə qalanları tapşırdıq
bir-birimizə...
Və hər gün gözlərimiz danışdı
kirpiklərimizin titrəyişiylə,
Və hər gün ağı dedik
səngərlərdə ölən gəncliyimizə.
Sən indi gəncsən,
güclüsən,
gözəlsən,
Qoy olsun!
Amma mən gəncliyimi
yaşamadım desəm, gülmə,
Biz ağaclara,
divarlara,
torpaqlara yazdıq
ismimizi qanımızla
İtkin düşməsin deyə.
Nə nimdaş paltarımızdan,
nə də yalın ayaqlarımızdan
utandıq.
Yalnız düşmənə
əsir düşən bayraqlarımızdan,
Bir də şəhid olan dostlarımızdan
utandıq, gənc dost!
*
Kitab haqqı,
mən cənnətlik ola bilmədim, Tanrım.
Öncə Sənə,
sonra ağaca,
adama,
daşa,
torpağa
asi oldum.
Gözümü-könlümü tox saxladım,
Halından hali olmayanların
halına ağladım.
Kitab haqqı,
mən cənnətlik ola bilmədim, Tanrım.
Ruhumu qarışqalar,
Ağlımı quşlar apardı.
Əvvəlindən bir buğda dənəsinə satıldım
Dünya dediyin cəhənnəmə atıldım.
Mən cənnətlik ola bilmədim, Tanrım.
Gücüm kəpənəyə çatdı,
sözüm sənə çatmadı,
ya da qəsdən
özün eşitmədin məni.
Buğda boyda günahdan
qoruya bilməmişdim deyə
nə səni,
nə özümü.
Hansı tərəfdəsən,
yerini göstər
bir işarətlə,
O tərəfə dönüb,
Ordan çağırım səni.
mən cənnətlik ola bilmədim, Tanrım,
cəhənnəm də mənlik deyil.
De,
hansı günahı işlədim yenidən?
Yer üzündən də
başqa cəhənnəmə
qov məni!
*
Hərdən yuxularımda görürəm səni,
qıvırcaq saçlarını hörürəm sənin.
Əvvəl nağıl deyərdim
səni aldatmaq üçün
indi yalan deyirəm
özümü inadırmaqçün.
*
Sən bilməzsən, quşcuğaz,
bilməzsən
necə dönür evinə
evinə əliboş qayıdan kişi?!
Əlləri daşdan ağır olur,
Necə yazığ olur,
Fağır olur.
Ürəyinə daş bağlayır,
kirpiyini yaş saxlayır.
Sən bilməzsən, quşcuğaz,
bilməzsən
necə baxır körpəsinin,
qadınının üzünə,
sonra,
sonra barmağının ucuna,
ən ağır günah işləmiş kimi.
Kim deyir ki kişilər ağlamır, quşcuğaz,
kişilər də ağlayır,
ağlayır, amma
kişilərin göz yaşını
yağış yuyur yanağından,
külək aparır.
Kişilərin göz yaşını
kimsə görmür
qaranlıqdan,
qadınından savayı.
Sən bilməzsən, quşcuğaz,
bilməzsən,
neçə yazığ olur,
fağır olur
evinə əliboş qayıdan kişi.
Sənin nə vecinə,
səninki bir ovuc dəndi,
uzağı bir tikə çörək
hardan oldu alıb dimdiyinə
çəkiləcəksən yuvana.
Sən bilməzsən, quşcuğaz,
bilməzsən,
bu dünyada
hər gün
nə qədər kişi çörək ağacından asılır,
neçəsi çörəyə basılır,
neçəsi dözməyib satılır.
Gecələr kədərli üzlər girər yuxusuna,
Bir də ac qurdlar.
Hər gün evinin kandarında
neçə yol ölüb dirilər,
evinə əliboş qayıdan kişilər.
*
Burnumdadı
kürən otların saman qoxusu.
O illər necə də sadəlövhcəsinə sevərdim
göy üzünü,
quşların nəğməsini,
bir də anamın çörək ətri verən əllərini.
ovuclarımda uşaqlığımın kədərli üzü
seyr edərdim pəncərə arxasından
dağların dalında günəşin batışını.
Məhəllə qarısı kimi tanıyardım
amma bu cürə gənc
və amansız bilməzdim ölümü.
kimsəsiz ev kimi
xatırlayıram o illərin payızını.
Bir də heç vaxt ağlımdan silinməyən
ayrılığına ağladığım adamların qəmli üzünü.
nə Baxda
nə Bethovendə
nə də Dvorjakda dinləmədim
payızda arıların çaldığı
ayrılıq simfoniyasını.
Divardakı əsgər şəkillərindən anlamışdım
müharibələrin yaxşı bir şey olmadığını.
kinolarda gördüyüm
zənci qadınlarının kədərli üzlərindən
və bir də
vəllərə qoşulmuş kolxoz kəllərin
ümidsiz gözlərində
tanıdım köləliyi.
Və azadlığı daha çox sevdim
xırman atlarının belindəki
qırmanc izlərini xatırladıqca...
*
Sarı çiçək, nə baxırsan üzümə,
Ağlamağın yeridimi, ağlayım?
əyri gözdən, bəd nəzərdən, pis üzdən
səni harda daldalayım, saxlayım?
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)
ICESCO-nun 5 min dollar mükafat fondu olan peziya müsabiqəsinə necə qoşulmaq olar?
Xəbər verdiyimiz kimi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) bu il “İslam dünyasında mədəniyyət paytaxtları” proqramının bir hissəsi olan üç şəhəri - Azərbaycan Respublikasında Şuşa, habelə Mərakeş Krallığında Marrakeş və Liviya Dövlətində Benqazini əhatə edən “İslam Dünyasında Mədəniyyət Paytaxtları” proqramının bir hissəsi olaraq, “Poeziya şəhərləri” illik mükafatı üçün müsabiqənin başlandığını elan edib.
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, müsabiqə təşkilatçıları öz xoşməramlı niyyətlərini poeziyanın inkişafına və islam mədəniyyətinin təşəkkülünə yönəldiblər, ona görə də daha geniş arealda iştirakçıların müsabiqəyə qoşulması onların prioritetidir.
Beləliklə, hər bir kəs müsabiqədə iştitrak edə bilər. Müsabiqədə iştirak edən şeirlər İslam dünyasında mədəniyyət paytaxtı kimi qeyd olunan hər bir şəhərdən üç qalibi seçmək üçün ICESCO-nun ixtisaslaşmış komitəsi və görkəmli şairlər tərəfindən qiymətləndiriləcək.
Təkrar edirik ki, birinci yerin qalibi 2000 ABŞ dolları, ikinci yerin qalibi 1500 ABŞ dolları, üçüncü yerin qalibi isə təşəkkür sertifikatları ilə yanaşı, 1000 ABŞ dolları alacaq.
Bundan başqa, ICESCO müsabiqədə iştirak edən qaliblərin şeirlər toplusunu nəşr etdirəcək.
Mükafat üçün namizədlərin şeirləri klassik ərəb və ya Azərbaycan dilində olmalıdır. Ərəbcə şeir sərbəst və ya qafiyəli poetik ölçüyə, Azərbaycan dilində yazılmış şeir isə tələffüz və ya prosodik ölçüyə uyğun olmalıdır. Şair şeirin mövzusunu təşkil edən dəyərlərdən, estetikadan, tarixdən, coğrafiyadan, şəhərin tarixindən ilham almalıdır.
ICESCO bütün yaş qruplarından olan şairləri 2024-cü il dekabrın 31-dən gec olmayaraq https://icesco.org/9k90 linki vasitəsilə öz təkliflərini göndərməklə müsabiqədə iştirak etməyə dəvət edir.
Bu müsabiqə bir çox şairləri ölməz poeziya toplusu yaratmağa ruhlandıran qədim şeir ənənələri ilə müasir poeziya arasında əlaqəni canlandırmaq və gücləndirmək məqsədi daşıyır. O, həmçinin şəhərlərin tarixini və coğrafiyasını poetik və estetik cəhətdən sənədləşdirmək, şeir vasitəsilə İslam dünyasının mədəniyyət paytaxtlarını tərənnüm edən simvolları və sivilizasiyaları daha geniş məkanda tanıtdırmaq, İslam dünyasındakı poetik korpusu zənginləşdirmək və ədəbiyyata töhfə vermək məqsədi daşıyır.
Əziz şeir xiridarlarımız, buyurun, qoşulun, qalib gəlin!
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)
«Əllərin sehri” adlı yaradıcılıq müsabiqəsində iştirak etməyə tələsin
Xətai Sənət Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində heykəltaraşlıq sahəsi üzrə “Əllərin sehri” adlı yaradıcılıq müsabiqəsi elan olunur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mərkəzdən verilən açıqlamaya görə, yeniyetmə və gənclər arasında reallaşan müsabiqənin məqsədi şəxslərin yaradıcılıq ruhunun yüksəldilməsi və asudə vaxtlarının səmərəli istifadəsinə xidmət, həmçinin əl işinin xüsusi enerjiyə və dəyərə malik olduğunu göstərməkdir.
Gənclərin müxtəlif kompozisiya nümunələri ilə müsabiqəyə qatılması mümkündür. Layihənin sonunda qalib gələn əsərlər seçilərək nümayiş olunacaq.
İştirakçılar This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına sənədlərini göndərməklə müraciət edə bilər.
Müraciət üçün son tarix cari il oktyabrın 15-dir.
Müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə reallaşacaq.
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)
10-cu Bakı Beynəlxalq Kitab Sərgisi maraqla gözlənilir
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-dən 8-dək Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2024) keçiriləcək.
Əvvəlki illərin təcrüsindən çıxış edərək deyə bilərəm ki, sərgi ölkədə maraqla qarşılanır, böyük auditoriya toplaya bilir. Təşkilatçı tərəf Hava limanının yaxınlığında olan Bakı Ekspo Mərkəzinə qatılmaq istəyən vətəndaşların daşınmasını təmin etməklə qapıları taybatay açmış olur.
Bu il də belə olacaq. Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcəkdir.
Sərgiyə giriş də əlbəttə ki ödənişsizdir.
Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq.
Builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr olunub. Hazırda 4 qitəni təmsil edən 19 ölkədən 47 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə sərgidə iştirak üçün qeydiyyatdan keçib. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İrlandiya, Almaniya, Venesuela və digər ölkələrdən tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edəcəklər. Budəfəki sərgi üçün də zəngin proqram tərtib olunub.
Kitab bayramı çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.
Sərgi müddətində müxtəlif formatda ümumilikdə 270-dən çox tədbirin təşkili nəzərdə tutulur. Tədbir gedişində ölkəmizin də üzv olduğu Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası keçiriləcək.
Sərginin Təşkilat Komitəsi tərəfindən şair Salam Sarvan və yazıçı Rövşən Abdullaoğlu 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları seçilib.
Salam Sarvan müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. “Sənə deyiləsi deyil sənə deyiləsi sözüm”, “Mən gələr olmadım, yolu qarşıla”, “Heykəl tənhalığı” adlı şeir kitablarının müəllifidir. Şairin əsərləri müxtəlif xarici dillərə tərcümə olunub.
Rövşən Abdullaoğlu çağdaş nəsrimizdə ən çox oxunan yazıçılardan biri və 32 kitab müəllifidir. “Relslər üzərində uzanmış adam” romanı 2020-ci ildə “Readers Favorite” beynəlxalq kitab müsabiqəsinin qalibi olub.
Sərgi çərçivəsində 7 gün ərzində fəxri yazarların iştirakı ilə sərgi salonunda müxtəlif formatda tədbirlər (kitab təqdimatı, imza saatları, oxucularla görüş, xarici yazarlarla birgə panellərdə iştirak) təşkil olunacaq.
Dünyaşöhrətli irlandiyalı yazıçı Con Boyn da 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq.
Con Boyn dünyanın 46 dilinə tərcümə olunan 25 kitab müəllifidir. Yazıçının ən məşhur əsəri “Zolaqlı pijamalı oğlan” romanıdır.
Con Boynun oktyabrın 3-də “Füzuli” təqdimat zonasında oxucularla görüşü və imza saatı olacaq.
Bir sözlə, əsil kitab bayramı baş tutacaq.
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)
Məhəmməd Füzuli dünya orbitində
Könül, “Ədəbiyyat və incəsənət”
Bu il anadan olmasının 530 illiyi qeyd edilən dahi Azərbaycan şairi Məhəmməd Füzuli barədə dünya alimlərinin, ədiblərinin fikirlərini toplamaqda davam edirəm. Bu dəfə ünvan Qazaxıstandır.
Xəbər verdiyimiz kimi, Astanada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Qazaxıstanın Milli Akademik Kitabxanasında qazax dilində "Füzuli – 530 misra" kitabının təqdimatı və "Füzuli – 530" mövzusunda ədəbi-poetik məclis təşkil edilmişdi.
Qazaxıstanın tanınmış ziyalısı, Filologiya elmləri doktoru Sauytbek Abdrahmanov dedi:” Qazaxları qardaş Azərbaycan xalqı ilə çox tellər bağlayır. Böyük şairimiz Abay Kunanbayevin gənclik şeirində o, böyük şairlərə baş əydiyini və onlardan xeyir-dua istədiyini söyləyirdi. İlk olaraq məhz Füzulinin adını çəkməsi çox şey deyir və bu, əlavə şərhə ehtiyac duymur"
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)
Suraxanı rayonunda “KƏLAĞAYI FESTİVALI”
Könül, “Ədəbiyyat və incəsənət”
Ölkəmizdə kəlağayının təbliği sahəsində görülən işlər göz önündədir. Və bu fəaliyyətin öncülü də “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyidir. Növbəri tədbir barədə söz açacağam.
Paytaxtımızda Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və şəxsi “Kəlağayı Muzeyi”nin birgə təşkilatçılığı ilə Hövsan qəsəbəsindəki Hövsan parkında Ictimai Birliyin “Sazlı, sözlu Kəlağayı Günləri” layihəsi çərçivəsində “Kəlağayı Festivalı” keçirildi. Elə öncədən onu deyim ki, kəlağayı festivalı daha bir trend olaraq günümüzə daxil oldu, hər il bu cür festivallar keçiriləcək.
Yerli sakinlərin və qonaqların böyük marağı və aktivliyi şəraitində keçən tədbiri Suraxanı Rayon İcra Hakimiyyətinin İctiai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva açaraq sözü Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri və şəxsi “Kəlağayı Muzeyi”nin direktoru şair, publisist Güllü Eldar Tomarlıya verdi. Güllü Eldar Tomarlı festival iştirakçılarını salamladı. Qarabağ müharibəsində Vətən, torpaq, el yolunda canlarını fəda edən şəhidlərin ruhu ehtiramla yad edildi, Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Güllü Eldar Tomarlı xalqımızın milli dəyəri kəlağayının mənəvi dünyamızdakı yerindən, Azərbaycan xanımlarının başının tacı, abır-həya, namus, ismət, yaraşıq və gözəllik rəmzi olmasından, onun tanıdılmasında, təqdimi və təbliğində İctimai Birliyin, “Kəlağayı Muzeyi”nin gördüyü işlərdən söhbət açdı.
Qeyd etdi ki, kəlağayı 2014-cü ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib və beynəlxalq səviyyədə tanıdılmasına səbəb olub. Bu il əlamətdar hadisənin 10 illiyidir. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və şəxsi “Kəlağayı Muzeyi” bununla əlaqədar Azərbaycanın bölgələrində müxtəlif tədbirlər - şəhidlərin anım günləri, ali və orta məktəblərdə görüşlər, ölkəmizdə ilkə imza ataraq Xətai rayonunda və Şuşada “Kəlağayı Festivalı” keçirilib. Bu gün də Suraxanı rayonunda bu möhtəşəm tədbir baş tutdu.
Festivalın bədii hissəsindən əvvəl sərgi təşkil olundu. Sərgidə Şəkidəki, İsmayıllıdakı kəlağayı ustalarının milli atributlarımızı təbliğ edən kəlağayıları, unikal portret kəlağayılar, mənəvi dəyərlərimizi, kəlağayıları vəsf edən kitablar, Güllü Eldar Tomarlının “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfələri - toxuma əl işləri, quramalar nümayiş olundu. Xalqımızın adət-ənənələrini, məşğuliyyətini, sənətkarlığını, dünyagörüşünü özündə yaşadan müxtəlif qədim məişət əşyaları tədbir iştirakçılarının marağına səbəb oldu.
Fesivalda şairlərdən Brilyant Atəş, Zərifə Sufi Mikayıkzadə, Könül İbrahimsoy, yazıçı, araşdırmaçı Vaqif Osmanlı, 327 saylı məktəbin direktoru Könül Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, türkoloq Aytən Qurbanova, biologiya üzrə elmlər doktoru Tubu Qasımzadə və başqaları çıxış edərək kəlağayının müxtəlif xüsusiyyətlərindən, min illərdir milli dünyamızı özündə yaşatmasından, ornament və naxışların ötürdüyü informasiyadan söz açdılar, milli mənəviyyata, geyimə, əxlaqa bəzi gənclərimizin laqeydliyindən narahatçılıq da dilə gətirildi, bu cür tədbirlərin gənclərin tərbiyəsində müsbət rolu önə çəkildi.
Festival boyu milli musiqimizin, poeziyamızın, aşıq yaradıcılığının nümunələrini seyrçilərə uğurla təqdim edən Əməkdar Mədəniyyət işçisi aşıq və müğənni Solmaz Kosayeva, gənc müğənni, bəstəkar Arif Mehmandost, aşıqlardan Gözəl Kəlbəcərli, Şaiq İncəli, Rəvanə Lerikıi, muğam üçlüyü və başqalarının ifaları sürəkli alqışlarla qarşılandı.
Güllü Eldar Tomarlı bizə bildirdi ki, belə tədbirlərin keçirilməsində məqsəd xalqımızın milli-mənəvi dəyərlərini gənc nəsillərə tanıtmaq, təbliğ etməkdir, adət-ənənələrimizin, sənətimizin, mədəniyyətimizin, mənəviyyatımızın yaşadılmasıdır.
Sonda Güllü Eldar Tomarlı kəlağayının UNESCO-nun Qeyri-maddi Mənəvi İrs Siyahısına daxil edilməsinin 10 illiyi ilə əlaqədar “Sazlı, Sözlü Kəlağayı Günləri”nin ilboyu davam edəcəyini vurğuladı. Tədbirə dəstək olan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə əməkdaşlarına, dövlət qurumlarına təşəkkürünü bildirdi.
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)
Yunus Əmrənin pedaqoji görüşlərinə dair bir neçə söz
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Bu yazını təxminən bir ay öncə başlamışdım. Vaxt çatışmazlığından yarımçıq qoymuşdum. Bu yaxınlarda Qax rayonuna yolum düşmüşdü. Oradakı tanışlarımdan Yunus Əmrənin Oncallı kənd qəbiristanlığında olduğu ehtimal edilən qəbrini ziyarət etməyimə köməklik göstərmələrini xahiş etdim. Sağ olsunlar, sözümü yerə salmadılar. Onların köməyi ilə bu böyük insanın ehtimal olunan qəbrini ziyarət edə bildim, onun burada dəfn olunması barədə çoxlu söhbətlərin şahidi oldum.
Qayıdandan sonra yarımçıq qoyduğum yazını tamamlamağa qərar verdim. Artıq yazı hazırdır. Onu sizlərin diqqətinə təqdim edirəm.
Bütün türksoylu xalqların qəlbində özünə məskən tapmış Yunus Əmrə bir eşq aşiqidir. Onun adı türk-islam dünyasında ən böyük haqq aşiqi kimi çəkilir. Yunusu yaşadan onun haqqa bütün varlığı ilə bağlı olması, şeirlərində insandakı mənəvi ruhi saflığı hər şeydən üstün tutmasıdır. O, dərviş olaraq öyrəndiyi təsəvvüf düşüncəsini və İslam dininin inanc, ibadət və əxlaq prinsiplərini şeir yolu ilə insanlara izah etmişdir.
Yunus Əmrənin özünəməxsus pedaqoji görüşləri vardır və onlar tərbiyənin bütün növləri ilə əlaqəlidirlər. Onun yaradıcılığında yer tutan əsas mövzulardan biri də təlim-tərbiyə və əxlaq-mənəvi məsələlərdir. Y. Əmrənin türkçülük adət-ənənələrindən, türk əxlaqından və İslam əxlaqi dəyərlərindən qidalanan tərbiyə nəzəriyəsi, düşüncə tərzi və yaradıcılığı bir çox nəsillərin həyata baxışlarının formalaşmasında mühüm rol oynamışdır. Onun şeirlərinin məqsədi saf əxlaqa malik, kamil, vətənpərvər insan yetişdirmək olmuşdur.
“Mən gəlmədin dava üçün, mənim işim sevgi üçün”, - deyən Y.Əmrə irfanın insan həyatındakı müstəsna rolunu yüksək qiymətləndirir. “Böyük və əhatəli bilik” mənasını verən irfan həyatın və insanlığın mahiyyəti, dünyada baş verən hadisələrin hikməti, Allahın varlığının və sifətlərinin təhlili haqqında bilik və düşüncələrin məcmusudur. Allah elmdən çox irfanla bilinir. İrfan hər gözə, hər könülə görünməyən Tanrını bilməkdir. Buna isə eşq yolu ilə nail olmaq mümkündür.
Haqq aşiqinin eşqi ilahi eşqdir, onun əsərlərində insan sevgisi Tanrı sevgisi ilə birləşir. Yunusun insan sevgisi əslində onun insanda Allahdan bir zərrə olduğunu bilməyindədir. Yunusun fikrincə, hər insanda Allahın bir zərrəsi var. O, zərrənin bütününə – Allaha aşiqdir. Bu üzdən də “Yaradılanı sevdim Yaradandan ötrü”, - söyləyir . Yaradana qovuşmaq mənəvi kamillik – kamilləşmək yolundan keçir. Mənəvi kamillik yolunun 4 qapısı var: şəriət, təriqət, mərifət və həqiqət. Bu həm də irfan elminin ana xəttini təşkil edir. Bu mərhələləri keçməyənlərin əli Allah dərgahına yetişməz. (Bəzən bu mərhələlərin sayının 3 olduğunu da söyləyirlər. Belə ki, mərifət ayrıca mərhələ kimi yox, haqqı tanıma elmi, həqiqətin dərki və ilahi bilik kəsbetmə, ariflik mənasında götürülür.)
Şəriət Allahın buyurub, Peyğəmbərin xəbər verdiyi qanun-qaydaların, əməli fəaliyyətlə bağlı göstərişlərin, rəftar və davranış normaları ilə əlaqəli buyruqların məcmusudur. Təriqət şəriət qaydalarına əməl etməklə gedilən yoldur, bu qaydaların əməli şəkildə gerçəkləşdirilməsidir. Həqiqət isə son məqsəd, yəni Haqqın özüdür.
Şəriət, təriqət yoldur varana,
Həqiqət, mərifət ondan içəri.
Alimlər şəriəti tibb kitabına, təriqəti dava-dərmana, həqiqəti isə xəstəlikdən tapılan şəfaya bənzədirlər. VII əsr sufi alimi Əzizəddin Nəhf “əl-insan əl-kamil” kitabında yazır: “Bil ki, şəriət peyğəmbərin sözü, təriqət onun əməli, həqiqət isə peyğəmbərin gördükləridir”.
Haqq nuru ilə yanan şair “mumsuz baldır şəriət, təmiz yağdır təriqət”,- söyləyərək insanları bu nemətlərdən dadmağa, yalançı, fani dünyaya aldanmamağa, üzü Həqqə doğru getməyə səsləyir. Haqq aşiqi göstərir ki, insanın təkcə öz səyi və ağlı ilə kamilliyə yüksəlməsi və Allahına qovuşması – insanlığın yüksək nöqtəsinə çatması çətindir. Yunus Əmrəyə görə, insanlar mərifətli, elmli, adamlarla oturub-durmalıdırlar ki, həmin keyfiyyətlər onların əməllərində ifadə olunsun.
Təlim-tərbiyə, nəsihət almadan, daxilən təmizlənmədən, paklaşmadan və “əlifnən beyi bilmədən” haqq yoluna nəzər etmək mümkün deyil.
İşbu məclisə gəlməyən,
anub nəsihət almayan,
Əlifdən beyi bilməyən
oqır kişi olur hər gün.
Ona görə də o, bu zirvəyə çatmış kamil və yetkin şəxslərin - ərənlərin ətəyindən tutmalı, müdərris və mürəbbilərdən ( müəllim və tərbiyəçi ) öyrənməlidir:
Gəlmək gərək tərbiyətə,
pis işlərdən əl çəkə,
Nə söylərsə, mürəbbisi,
ancaq onu tuta gərək.
Şairinin fikrincə, insan özünü dərk etmək üçün “gərək çox bilə, gərək çox öyüd ala”. Təsadüfi deyildir ki, allah kəlamı olan Quranın 750 ayəsində öyrənmək tələbi irəli sürülür. Yunus Əmrənin “oxudum, bildim demə” sözləri Məhəmməd peyğəmbərin “Beşikdən qəbir evinə kimi öyrənin” buyruğuna haq verir, şair deyir:
Elm eli bilməkdir,
özünü dərk etməkdir.
sən özünü bilməsən,
elm nəyə gərəkdir.
Elm, bilik bizim gələcəyimizi aydınlaşdırır. Ayağımızı inamla yerə basmağımıza kömək edir. Bilik öyrənməklə əvvəlcə özümüzü tanıyırıq. Özümüzə istinadən başqalarını, başqalarından və təbiətdən öyrəndiklərimizlə yenidən özümüzü tanıyırıq. Beləliklə, bu günümüzü yaşayır və gələcəyimizi qururuq.
Biliksiz insan savaş davuluna bənzəyir, səsi çox, içi boş olur (S.Şirazi). Aldığı bilik sayəsində insanın özünü tanıması böyük nemətdir. Bilik insanı küləyin səmtinə əsməkdən xilas etməli, onun nə istədiyini və nə üçün istədiyini aydınlatmalıdır. İnsan elmə sahib olmaqla bilməlidir ki, onun borcu həm özünün, həm də başqalarının haqlarını qorumaqdır. İnsan oxuduğuna, biliyinə uyğun hərəkət etməlidir. “Nə qədər oxuyursan oxu, biliyinə uyğun hərəkət etmirsənsə, cahilsən”.
Oxuduğunun nə manası,
əgər haqqı bilməsən.
Haqqı ki bilmədin sən
demək quru əməkdir.
Müdrik ozana görə, sevgi, maraq və həvəs bilik öyrənməyin hərəkətverici qüvvəsidir. Onun fikrincə, həvəssiz və sevgisiz bir könül qara daşdır. “Daş könüldə nə bitər?” Elm öyrənmək əyləncə deyil, səbir və zəhmət tələb edir. Şair özü demişkən, elm öyrənmək istəyən “şərbəti əlindən qoyub, ağunu nuş etməlidir ki, haq yolunu tapa, doğru yola vara bilə.”
Ulu ozanın gözündə insan qəlbini ələ almaq, könülləri sevindirmək bir Kəbə yapmaq qədər qiymətlidir, savabdır. Öz yaradanına üz tutan insan daxilən saf və təmiz olmalıdır. Onun ruhu dünya kirinə bulaşmalı deyil. O, maddiyyat bataqlığında çırpınmalı da deyil. Bu mənada şairin “İşin-taşun murdar ikən, eşq neyləsin sənin ilə” sözləri təsadüfi sayılmamalıdır.
Bircə könül yapdın isə,
əl-ətəyin tutdun isə,
Bir yol xeyir etdin isə,
lap mində bircə, az deyil.
Şairə görə, “Bir könül yıqdın isə bu qıldığın namaz degil”.
Haqq aşiqi insanların gözündəki cahillik pərdəsini qaldırmağa çalışır. Y.Əmrəyə görə, cahillərə bilik vermək təhlükəlidir. Çünki “cahil mömün olsa yenə, cahilliyindən qalan deyil, cahil sığal görən deyil”. Şairin fikrincə, cahilin könlü qara daşdan betərdir. “Cahilə söz anlatmaq kora rəng anlatmaq kimidir”. (İmam Evzai). “Cahil kimsənin yanında kitab kimi səssiz olmaq məsləhətdir”. (Mövlana)
Dünyayə gələn köçər,
bir-bir şərbətin içər,
Bu bir körpüdür keçər,
cahillər anı bilməz.
Yunus Əmrə heç zaman xalqdan ayrılmamışdır. “Elim varsa, mən uluyam”, - deyən şair xalqa rəhbərlik edənlərin dinindən və millətindən asılı olmayaraq insanların hamısını bir gözlə görməyi tələb edir:
Yetmiş iki millətə
bir göz ilə baqmayan,
Şərin övliyasıysa,
həqiqətə asidir.
Və yaxud:
Bütün xəlq olanlara
bir göz ilə baxmayan,
Xalqa müdərrisdirsə,
həqiqətə asidir.
Şair insanları haqq yolu tutmağa, gözəl əxlaq eyləməyə, doğruçuluğa, daxilən saflaşmağa və kamilləşməyə, ərənlərin və mərifət sahiblərinin qulluğunda durmağa, yaxşılıq etməyə və yaxşı-yaxşı işlər görməyə səsləyir:
Əl üzməyin əhillərdən,
uzaq gəzin cahillərdən.
Tanrı bezib bahillərdən,
onları heç görən deyil.
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)