
Super User
Güney Azərbaycan Poeziyası Antologiyasında Əli Cavadpurun “İçində böyüyür Çin divarları” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Əli Cavadpurun şeirlərini təqdim edir.
Əli Cavadpur
Təbriz
İÇİNDƏ BÖYÜYÜR ÇİN DİVARLARI
Dünya süd üzüdür, qatıq qaymağı
Sevinci də təzə, qəmi də təzə.
Nə vaxtdır yol gedir dəvənin ağı
Qarası da çatmır hələ Təbrizə!
Hardanmı başlayıb haramı gedir -
O dəvəsi ölən Ərəb qardaşım?
Ərzrum gədiyi hələ də qardır
Soyur öz dərisin Hələb qardaşım.
Sən deyə bilməzsən, deyə bilərsən
Nə vaxt barışacaq özündən küsən?!
Hələ bir qocanın Quzey Koredə,
Gözündən yaş kimi düşən ümidsən.
Yol çəkir gözlərin kəhkəşanlara
İçində böyüyür Çin divarları.
Özündən-özünə bir addım yolun,
Kəsilmir hələ də boranı, qarı!..
Qoşmamı yazırsan postmodern qardaş?
Maşınlar götürmür at çapanları.
Əlçatmaz qayadan süzülən ballar
Qaldı dağ ayısına sarı tel arı.
Baxtımız düşübdür gündoğanlara
Hələ də göyümüz qıp-qırmızıdır.
Günəşi göylərə doğmaq asandır
Bu çətin ağaran yerin üzüdür.
Nə çox qumbarası belində gəzən -
Alan cənnət iyin intiharından.
Dünya süd üzüdür, qatıq qaymağı
Hələ doyan yoxdur dadlı varından
Belə-belə şirin yuxularından...
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)
BİR SUAL, BİR CAVAB Aysel Xanlarqızı ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
İslanıb ayağı yenə şəhərin,
Göylərin səhəngi yerə dağılıb.
Gecəni narahat keçirib Allah,
Səmada bir qara bulud boğulub...( Aysel Xanlarqızı)
Aysel xanım, göylərin səhəngi tez-tez dağılarkən ürək də boşalırmı?
CAVAB
-"Ürək yorulanda gözdən tər axar" -deyirlər ...
Göz yaşı bəzən rahatladır ...
Göylərin səhəngi də yerə dağılanda buludlar sakitləşdikcə təbiət susuzluğunu yatırır.
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)
GÜLÜŞ KLUBUnda Akvafreş
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Rusların ən patriot olanları “Akvafreş” diş pastasına sitayiş edirlər. Çünki rəngləri rus bayrağı rəngindədir.
2
İşçi qrupu yaradııdı. Məqsəd qoyuldu ki, iqtisadiyyatda effektivliyi yüksəltsinlər. Süni intellektə sual verdilər ki, nə edək. Cavab belə oldu: “Az oğurlayın!”
3.
Tibb fakültəsində.
Tələbə:
-Proessor, papam bu yüzlüyü sizə göndərdi ki, mənə qiymət yazasız.
Professor:
-Sən və atan nə etdiyinizin fərqindəsiz? Necə, yəni, yüzlüyə sizə qiymət yazım? Burda insanların taleyindən söhbət gedir. Savadaız həkim minlərlə insanın həyatının yarıdan qırılması deməkdir.
Tələbə:
-Bəs mən indi nə edim?
Professor:
-Heç nə. Atana de ki, yüzün üstünə birini də əlavə eləsin.
4.
Dünyada müğənnini irəliyə sənəti aparar, Azərbaycanda isə Hacısı.
5.
Dedi-qodular köhnəlir və mifə çevrilir.
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Badımcan müsəmməsi
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Badımcan müsəmməsinin hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR:
§ Ət – 159 qr
§ Badımcan – 170 qr
§ Soğan – 84 qr
§ Limon suyu – 10 qr
§ Sarımsaq – 2 qr
§ Darçın – 0,2 qr
§ Zəfəran – 0,05 qr
§ Yağ – 25 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ reyhan – 8, keşniş – 8 qr
HAZIRLANMASI:
Ət doğranır, soğan yağda qızardı- lır, üzərinə işgənə, limon suyu əlavə edilir, vam odda bişirilir. Badımcan- lar yuyulur, kub formasında doğranır və qızardılır, sonra ətlə qarışdırılıb, sarımsaq vurulur. Üzərinə keşniş, reyhan səpilir və süfrəyə verilir.
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)
Şəhidlər barədə şeirlər - Cavid Hüseynov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Cavid Hüseynov
Cavid Hümbət oğlu Hüseynov 1993-cü il dekabrın 12-də Tovuz rayonunun Alakol kəndində anadan olub. 2000-2011-ci illərdə N.Sadıqov adına Alakol kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Cavid Hüseynov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində xidmət edirdi.
Cavid Hüseynov məharətli snayperçi idi. O, snayper təlimatçısı olub, dəfələrlə “Ən yaxşı snayper” fəxri fərmanı ilə təltif edilib. 2019-cu ildə Belarus Hərbi İdman oyunları üzrə snayper yarışında 21 ölkə iştirakçısı arasında komanda hesabında 2-ci, fərdi yarışda 1-ci yeri tutub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Laçın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə snayperçi kimi iştirak edib.
Cavid Hüseynov oktyabrın 27-də Qubadlı döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Alakol kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Hüseynov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Hüseynov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Salam sənə, ey tanrının
Cənnətinə talib şəhid.
Salam sənə, ey nişançı,
Snayperçi qalib şəhid.
Qalib ruhla qalib olan,
Bədən necə görünürdü?
Snayperin gözlüyündən,
Vətən necə görünürdü?
Necə gördün, otuz ildir,
Həsrət çəkən torpaqları?
Sən gedəndə sevindimi,
Qubadlı, Laçın dağları?
Sevindimi Qaçaq Nəbi,
Həcərin qəhrəman ruhu.
Qubadlının dağlarında,
Gözü yolda qalan ruhu?
Laçında güllər açdımı,
Bulaqları qaynadımı?
Səni görcək Sarı Aşıq,
Saz götürüb oynadımı?
Oynadı da, sevindi də,
Hamı kimi bütün vətən.
Rahat uyu, qalib şəhid,
Qalib ruhsan, qalib bədən.
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Rəşad Məcid, şeirlər
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
POEZİYA
RƏŞAD MƏCİD
ŞUŞA SEVGİSİ
(“Şuşa dəftəri” silsiləsindən)
Süzülür dan yerindən tarixlərin işığı –
Dahilər şəhərinin işıqdı yaraşığı!
Şəninə dastan yazır,
söz qoşur haqq aşığı,
Əcdaddan paydı, deyir,
qoca Şuşa sevgisi!
Azərbaycan əsgəri...
borc ödəyib canıyla,
Köksündə cüt gəzdirib bayrağı vicdanıyla!
İslanıb hər qarışı şəhidlərin qanıyla,
Dönüb yalçın qayaya,
tunca Şuşa sevgisi!
Çox da qıvrılır yolu;
yol piyada, can atlı!
Ün yetməz zirvəsinə çox nəsillər can atdı...
Adında qoşa heca – sanki qoşa qanaddı
Qopmuş körpə dilindən
qönçə Şuşa sevgisi!
Məlhəmdi çiçəkləri, bulaqlar loğmanıdı,
Heyrət çökən dərələr ucalıq heyranıdı!
İndi onu cahana prezidentlər tanıdır;
Tarix görməyib əsla
bunca Şuşa sevgisi!
Qalxır hünərli şəhər, olur qızıl dirəkli
Daş deyil hörülən daş məhəbbətdi, ürəkdi!
Çağlayan sevgilərin ilham mənbəyi təkdi –
Ali Baş Komandanın uca Şuşa sevgisi!
ŞUŞA HAVASININ SİRRİ
Ləzzət kimə təndi,
dərd kimə tuşdu;
Biri səs qaynadır,
biri lal kimi?!
Şuşanın havası hamıya düşmür,
qismət bölünsə də sovqat bal kimi.
Hamının üzünü eyni meh öpür,
Hamının qanadlı beşiyi eyni.
Xəzinə, Daşaltı, Kirs dağı – o pir,
Cıdır düzü adlı beşiyi eyni!
Bəlkə not yazılıb hər çiçək üçün –
Neyləyək sirrini bilək torpağın?
Səsi, havacatı cücərtmək üçün
münbit olmalıdı ürək torpağı?!
Göyünmü, yerinmi töhfəsidir səs,
bilənlər var imiş bəlkə əskidən?
Kaş ki, sağ olaydı – biz bilən əbəs,
sorardıq Firudin Şuşinskidən!
Burda torağayın, burda bülbülün,
hər otun çiçəyin öz nəğməsi var.
Adam var oxumaq onunçün zülüm,
di gəl ki, bulağın, çayın səsi var!
Hava öz yerində, su öz yerində,
Qocaman muğamat qədimi oddu.
Allah vergisinin kökü dərində,
səsi nizamlayan ilahi koddu!
ŞUŞADA ADAMLAR
Gözlər seyr etməkdən yorulan deyil,
yeri, “Güllü bağ”dan milyon dəfə keç.
Könül qanad çalır, uçur elə bil
elə bil ayaqlar yerə dəymir heç!
Kim kimi görürsə,
nə xoşdu, - deyir,
Adam uca boylu, inadlı olur.
Yolları enişdi, yoxuşdu deyin
Şuşada qonaqlar qanadlı olur!
CIDIR DÜZÜNDƏ DAN ÜZÜ
Günəşin doğulmağına
Cıdır düzündən baxmaq...
Dağların arxasından,
qıpqırmızı səmadan
haçan görünər deyə
Gözünü
dan yerindən ayırmamaq,
Qaynar təndirdən çıxan
imisti çörək kimi
əlini Günəşə sarı uzatmaq,
Ovcunu,
barmaqlarının ucunu
yandıran Günəşin
Qırağından bir loxma kəsmək...
Və təzə çörək kimi
burnunun ucuna tutub
qoxulamaq Günəşi.
Xülyalara qapılmaq,
böyümək,
ucalmaqdı,
Tanrı dərgahının
varlığına inanmaqdı
Cıdır düzündə durub
Günəşin doğulmağına baxmaq!
ŞUŞAYA GETMƏK
Yollar ağır, cığırlar dik, sıldırım çətin,
Qaya-qaya igidlərin tək adı – MƏTİN!
Şəhid düşən ərənliyin, məğrur qeyrətin
pak ruhunu ziyarətdir Şuşaya getmək!
Demə vətən Şirin imiş, Fərhadmış insan,
Lap ölsə də, haqq yolundan dönməz qəhrəman!
Qayaları al qan ilə yazılı dastan,
tükənməyən fəxarətdir Şuşaya getmək!
Hər qarışı qədim tarix, müqəddəs yaddaş,
Dərələri dərin fikir, yamacı sirdaş!
Qovuşuqdu qanı qana, qan çəkir, qardaş,
Qəlb qızdıran hərarətdi Şuşaya getmək!
Xarıbülbül sevdasına tutuşmaqdımı?
Saf havayla, nur yağışla qatışmaqdımı?
Yaradanın dərgahına yetişməkdimi,
Ya cənnətə səyahətdi Şuşaya getmək?
Büllur kimi yanır par-par göyə, yerə bax!
Pərvanəsi olana bax, səməndərə bax!
Cıdır düzü bələnibdi nəğmələrə, bax,
Çal-çağırlı səadətdi Şuşaya getmək!
Dahiləri yetişdirib suyu-çörəyi,
Vaqif, Cabbar, Bülbül, Xandı çarpan ürəyi.
Bəstəsinə təzim üçün Üzeyir bəyin
Sidq-ürəkdən ibadətdi Şuşaya getmək!
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)
“Həyatın acı reallıqlarının bədii dillə incə və estetik təsviri" - KİTAB BƏLƏDÇİSİNDƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
"Hə, bir dənə də şərfləri vardı, belə ağ yun şərflər olur e, kişi şərfləri. Hə, bax ondan bir dənəsi vardı. Həmişə onu kişi paltosunun cibində təhvil alardım. Amma soyuq. olanda o şərf arvad paltosunun üstündə gələrdi."
Həyatımız boyunca çox hekayələr oxuyur, çox hekayələr eşidir və çox hekayələr dinləyirik.
Lakin bəzi hekayələr olur ki, onların hafizəmizdə, buraxdığı təəssüratlar uzun müddət, bəzən də ölənə qədər unudulmur.
Bu əslində bəzən də hekayənin məğzindən daha çox müəllifin ifadə və təsvir etmə tərzindən irəli gəlir.
Bəlkə də elə yazıçının peşəkarlığı həm də artıq gözümüzdə adi hala çevrilmiş acı həyat reallıqlarını çox fərqli şəkildə ifadə etmə, oxucuya çox təsirli şəkildə çatdırmaq bacarığındadır.
Belə hakayələrdən biri də mənə görə məhz Anarın "Asqılıqda işləyən qadının söhbəti" hekayəsidir.
Müəllif bu kiçikcik hekayədə gündəlik həyatda bəlkə də dəfələrlə rastlaşdığımız real həyat həqiqətlərini məsələn varlı, kasıblığı, sevgini, vəfanı, xəyanəti, insanı xəyanətə sövq edən nəfsi istəkləri, insanın aldığı zərbələrin, yaraların onun həyatında buraxdığı izləri, təəssüfü, həsrəti, unutmağın çətinliyini, xatirələrin buna asanlıqla izn vermədiyini, insanın bəzi şeyləri asan həzm edib onunla barışa bilməməsini, bəzən çıxış yolunu hər şeyi geridə qoyub baş götürüb uzaqlara getməkdə görməsini o qədər gözəl bir misalla və o qədər incə bir şəkildə, romantik çalarlarla qələmə alıb ki, bir müddət hekayənin təsirindən çıxmaq olmur.
Sətiraltı məna və romantikayla yanaşı həmçinin mən deyərdim ki, bir qədər satira da var bu hekayədə.
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)
Xanım vulkanı…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Poeziyada bir ism də var - Xanım İsmayılqızı. O, sadəcə yüzlərlə şairdən biri deyil, o, POEZİYA VULKANIDIR…
Bir baxın, onun bu şeiri görün necə gözəldir, necə könül oxşayır.
Sən elə bilirsən ki,
Kor olacaq gözlərim?
Olmayacaq... Darıxma...
Gözümün işi çoxdu...
Hələ yol çəkməlidi,
Çox adam görməlidi,
Üzünə gülməlidi...
Ölümün də gözünə
dik baxmalıdı hələ...
Ağlamalıdı hələ...
Sevdiyi adamları
öz içinə çəkərək
saxlamalıdı hələ...
O qədər işi var ki,
Kor olmağa vaxtı yox...
Mənim bu gözlərimin
hər şeyi var, baxtı yox...
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)
“Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının təqdimatında MƏDƏNİYYƏT NAZİRİ ADİL KƏRİMLİNİN ÇIXIŞI
Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyabrın 25-də Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” (qazax dilində) kitabının təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, təqdimatda iştirak edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxış edib. O, qeyd edib ki, Qazaxıstanda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatını təşkil etmək böyük şərəfdir: "Bu təqdimat tədbiri təkcə Ulu öndərə ehtiram əlaməti deyil, həm də ölkələrimiz arasında möhkəm tarixi əlaqələrin olduğunu təsdiqləyir. Azərbaycan və Qazaxıstan qardaş ölkələr olmaqla uzun illərdir ki, qarşılıqlı hörmət, etimad və əməkdaşlığa əsaslanan münasibətləri inkişaf etdirirlər. Bizi ümumi tarix, mədəniyyət və adət-ənənələr birləşdirir ki, bu da əlaqələrimizi xüsusilə dəyərli edir. Azərbaycan ilə Qazaxıstan arasında möhkəm dostluq münasibətləri bizim ümumi inkişaf və tərəqqi istəyimizə əsaslanır.
Bu əlaqələr çoxillik dostluğun nəticəsi kimi xalqlarımız arasında gələcək əməkdaşlığın da açarıdır. Azərbaycan-Qazaxıstan münasibətlərinin və bugünkü yüksək inkişaf səviyyəsinin banisi Ulu öndər Heydər Əliyevdir. Ümummilli liderin dost ölkəyə səfərləri, keçirdiyi görüşlər bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradıb. Biz Qazaxıstanda Ulu öndərin xatirəsinə dərin hörmət və ehtiramdan məmnunluq duyuruq.
Ötən ilin aprelində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Astanada Heydər Əliyev adına küçənin açılışının keçirilməsi bunun bariz nümunəsidir”. Ümummilli liderin ideyaları türkdilli dövlətlər arasında, xüsusən də mədəniyyət sahəsində əlaqələrin inkişafında həmişə mühüm rol oynayıb. Bu gün türkdilli dövlətlərlə əlaqələrin dərinləşdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi Azərbaycanın xarici siyasətinin ən mühüm istiqamətlərindən biridir: “İnanırıq ki, Heydər Əliyevin zəngin dövlətçilik irsi gələcəkdə də ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsi və dərinləşməsi üçün öz töhfəsini verəcək".
“Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı haqqına söz açan nazir bildirib ki, bu nəşr, sadəcə, ədəbi əsər deyil, görkəmli siyasi xadim, yeni müstəqil Azərbaycan dövlətinin banisi və Ümummilli lider Heydər Əliyevin və onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın həyatının mühüm məqamlarını əks etdirən təsirli hekayətdir. Elmira Axundovanın çoxsaylı kitabları arasında onun bir neçə dilə tərcümə edilmiş və Azərbaycanın Respublikasının Dövlət Mükafatına layiq görülmüş “Heydər Əliyev və onun dövrü” çoxcildlik əsəri də xüsusi yer tutur.
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)
Astanada Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının təqdimatı olub
Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyabrın 25-də Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” (qazax dilində) kitabının təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Qazaxıstanın inform.kz saytına istinadən xəbər verir ki, təqdimatda iştirak edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, Qazaxıstanda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatını təşkil etmək böyük şərəfdir.
“Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı haqqına söz açan nazir bildirib ki, bu nəşr, sadəcə, ədəbi əsər deyil, görkəmli siyasi xadim, yeni müstəqil Azərbaycan dövlətinin banisi və Ümummilli lider Heydər Əliyevin və onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın həyatının mühüm məqamlarını əks etdirən təsirli hekayətdir. Elmira Axundovanın çoxsaylı kitabları arasında onun bir neçə dilə tərcümə edilmiş və Azərbaycanın Respublikasının Dövlət Mükafatına layiq görülmüş “Heydər Əliyev və onun dövrü” çoxcildlik əsəri də xüsusi yer tutur.
Xalq yazıçısı Elmira Axundova kitab haqqında məlumat verərək deyib: “Altıcildlik "Heydər Əliyev. Şəxsiyyət və zaman" roman-tədqiqatı üzərində işlədiyim dövrdə, təbii ki, qəhrəmanımın ömür-gün yoldaşının şəxsiyyəti ilə də yaxından maraqlanmışdım.
Çoxsaylı müsahiblərim Zərifə xanım haqqında, xüsusən də Heydər Əliyevlə münasibətləri barədə xeyli maraqlı məqamları danışmışdılar. Zaman keçdikcə bu mozaik epizodlardan mükəmməl bir lövhə yarandı. Başa düşdüm ki, Heydər Əliyevə həqiqi ailə xoşbəxtliyi, bir-birindən layiqli, istedadlı oğulla qız bəxş edən yeganə qadın haqda yazmasam, qəhrəmanımın həyat və tale epopeyası yarımçıq olacaq... Çoxillik axtarışların bəhrəsi olan həmin əsər artıq qarşınızdadır və onun nə qədər uğurlu alındığını yalnız oxucu söyləyə bilər. Ümid edirəm ki, həcmcə çox da böyük olmayan bu kitabı oxuyub başa vurandan sonra qəhrəmanlarımı daha çox sevəcəksiniz”.
Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi Arxiv, sənədləşmə və kitab işi komitəsinin sədr müavini Rollan Kuspan, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqalieva, tarix elmləri doktoru, professor, kulturoloq Fuad Məmmədov, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Fəridə Əzizova, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və başqaları çıxış edərək kitabın əhəmiyyətini yüksək qiymətləndiriblər.
Sonda Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Məhəmməd Füzulinin "Bəngü-Badə" əsərinin əlyazmasının surətini, Xalq yazıçısı Elmira Axundova isə müəllifi olduğu kitablardan bir neçə nüsxə Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasına hədiyyə ediblər. Qeyd edək ki, kitabda xalqımızın tarixində müstəsna yeri olan iki parlaq şəxsiyyətin –Zərifə və Heydər Əliyevlərin boya-başa çatdıqları ailələrindən, uşaqlıq və gənclik illərindən, həyatın bütün çətinliklərinə birgə sinə gərməyə kömək edən əbədiyaşar məhəbbətindən söhbət açılır.
Əsər "Xarakterlərin formalaşması (1940-cı illər – 1950-ci illərin əvvəlləri)", "Sevmək haqqı", "Əks-kəşfiyyatçının şəxsi həyatı", "Ordinatorluqdan akademikliyə", "Lider", "Respublika rəhbərinin xanımının gündəlik həyatı", "Qalstuksuz" Heydər Əliyev (XX əsrin 70-ci illəri)", "Moskva həyatı (7 saylı hökumət bağının divarları arxasında)", "O, əzablarını sona qədər gizlətdi..." və "Ölümə qalib gələn məhəbbət" adlı bölmələrdən ibarətdir.
Kitab Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunun dəstəyi ilə qazaxcaya tərcümə edilərək nəşr olunub. Kitabı tərcümə edənlər Aktaudakı Azərbaycan Kültür Mərkəzinin direktoru İlkin Orucov və Yessenov adına Universitetin dossenti Laura Dyusenbaevadır.
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)