Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlı olduqca maraqlı bir əhvalatı qələmə alıb. Bu barədə o, Yakutsk səfəri zamanı məluçmatlandırılıb. Bəzən həyatda əsla inanılmayan hadisələr baş verir. Hər bir hadisəni yüzlərlə digər hadisə şərtləndirir. 3 yaş yarımlıq uşağın 12 gün meşədə - vəhşi heyvanların əhatəsində tək-tənha yaşaması, çəyirtkələrlə, giləmeyvələrlə qidalanıb sağ qalması və nəhayət xilasedicilər tərəfindən aşkar olunması hadisəsini sizlərə nəql edirik.

 

Bu ilin 26 dekabrında 14 yaşı tamam olacaq  Karina balet məktəbində oxuyur, dərs əlaçısıdır.  Onunla görüşəndə çalışdım, 10 il öncə  yaşadığı inanılmazları yadına salmayım. Amma sən demə, qız o cəhənnəm əzablı 12 günü hələ də unutmayıbmış.

2014-cü ilin avqust ayının əvvəlinə kimi Yakutiyanın Olekminsk rayon mərkəzindən 100 kilometr məsafədə yerləşən Tayqanın ortasında bataqlıqlar və meşələrlə əhatə olunmuş Olom kəndi həqiqətən də kimsənin yadına düşmürdü. Bu kəndin yerli sakinlərinin əksəriyyəti iş və yeni həyat, yeni gün axtarışında kəndi tərk edib getmişdilər. Bir kənd qalmışdı, bir sobasından tüstü çıxmayan boşalmış taxta evlər, bir də ki, bu kəndə yaşayan 8 qoca. Onlar da Tanrınnı ümidinə qalıb ömürlərinin axırını gözləyirdilər.

Nə vaxtsa bu kənd çox böyük kənd olub. Dağılmış yurd yerləri, yol üstündə göyə işarə kimi ucalan tək-tək sərgələr də kəndin uzaq keçmişində burada çoxlu insanların yaşamasından xəbər verirdi. Elə ki qar əridi, yollar açıldı, yazdan payızın əvvəlinə qədər doğmaları gəlib bu qocaları yoxlayır, qış tədarükü üçün ərzaqlarını gətirirdilər.

Olomda nə tibb məntəqəsi, nə poçt, nə də rabitə qovşağı var idi.  Kənddə yaşayan əli iş tutan yaşlılar da bir-iki baş mal-qaranın qayğısına qalırdılar. Çünki onların güzəranı bu heyvanlardan asılı idi.  Dekabr ayının ortalarında isə  torpaq və qar dondumu, şaxtalar çoxaldımı,  kənd camaatı göldəki balıqları tutub, yaza qədər bu balıqla qidalanırdılar.

Ot biçini başladığından  qocaları unutmayan gənc qohum-əqraba, oğul-uşaq, nəvə-nəticə gəlib ot biçinində iştirak edirdilər.

Talina da üç yaş yarımlıq qızı Karinanı hər il olduğu kimi, yenə nənə və babasının yanına yay tətilinə gətirmişdi.  Qara gözləri butaya bənzəyən nəticəni nənə və baba həqiqətən çox sevirdilər. Talinanın babasının əli-ayağı iş tuturdu.  Nənəsi isə elə ancaq yemək bişirib, həyət bacada gəzə bilirdi. 

Həmin gün iyul ayının 29-da səhər yeməyini yeyib nəvə -bala birlikdə ot biçininə yollandılar.  Talina bilirdi ki,  yaxın kənddə yaşayan keçmiş əri gəlib qızını öz evinə aparacaq.  Karinanın atası ilə görüşməyinə bu evdə kimsə maneçilik yaratmırdı.  Günorta atası gəlib Karinayla görüşdü. Uşağı götürüb evinə aparmaq istəyəndə xəbər gəldi ki, yenə ətrafdakı meşələrdə güclü yay yanğını başlayıb.  Bütün kəndlərdən kişilər səfərbər olub, meşəni söndürməyə getdilər.  Alovu vaxtında söndürməsələr gəlib yaşayış evlərini də ağuşuna alacaqdı. Yüz illərdir ki, Tayqa meşələri belədir. İsti yayda yanğın başlayır, günahsız və dilsiz-ağızsız heyvanlar,  boy-boy ağaclar yanıb külə dönür. Bəzən isə bu dəli yanğın alov-alov kəndlərə, mal tövlələrinə keçib, insanların illər boyu yığdığı, qurduğu təsərrüfatlarını, evlərini  külə döndərir. Maraqlı orasıdır ki, təbii fəlakətlə üzləşən şaman inanclı Tayqa insanları təbiətin yanğın müharibəsinə, Tanrının Yerə göndərdiyi qəza kimi baxır, bunu qanunauyğunluq kimi qəbul edirlər. Nə Tanrıya, nə Tayqaya, nə də Günəşə asi olmurlar. Belə dəli alovların söndürülməsi bəzən 15 gün çəkir. Nikolay da kəndin adamlarına  qoşulub yanğını söndürməyə getdi.  Karina mətbəxə keçib nənəsindən şirniyyat almaq istədi. Nənə yenə pəncərənin altındakı taxçanın üstündə yumaq kimi büzüb yatmışdı...

Karina  “Karaçan” (balaca it balasına yakutlar “karaçan”deyirlər, küçük böyüyəndən sonra, ona ad verirlər.) -deyə çağırdığı küçüklə birlikdə darvazadan çıxıb  cığırla kənddən üzü meşəliyə tərəf yol aldı... Karaçanla qaçdı-qovdu oynadı, çiçək yığdı, çəyirtkələrin çiçəkdən-çiçəyə, otların üstündə hoppanmasına baxdı...  Kəndə qayıtmaq istəyəndə yolu tapmadı... Uzaqlarda tüstü görünürdü, qışqıran kişilərin səsi eşidilirdi... Meşə alov-alov yanırdı...

Səs gələn tərəfə gedirdi... Lakin  yollar, çığırlar elə bil ki, ayaqlarına dolaşırdı. Bir tərəfdən də Karaçan zingildəyə-zingildəyə onun ayaqlarına dolaşırdı, sanki demək istəyirdi ki, gəl dalımça mən səni evimizə aparacam... Bir kolluğun yanında yorulub oturdu...  Göydəki ulduzlar da o qədər yaxın idi ki... Uşaq bilmədi neyləsin... Həm susuzluqdan, həm də aclıqdan qarnında qurultular əmələ gəlmişdi.  Ağlaya-ağlaya Karaçana sarıldı. Üşütməsi keçdi. Karaçanın bədənin istisinə isindi, gözünə yuxu getdi...

Səhər Günəşin şəfəqləri üzünə dəyəndə gözlərini açdı. İlk sözü ”Ana” oldu. Nə qədər çağırdısa, anası səsinə səs vermədi. Yenə üşüyürdü. Ətrafına baxdı, Karaçan gəlib, onun üz-gözünü yaladı. .. Bir qədər sonra küçük ağzında tutduğu  çəyirtkəni onun qarşısına atdı.  Balaca qızcığaz heç nə başa düşmədi.  Küçük özü çəyirtkəni yeməyə başladı. Karina mat-mat küçüyə baxırdı...

...Olom kəndi yaxınlığındakı yanğını digər kəndlərin sakinləri və mərkəzdən gələn könüllülər birlikdə 3 gün ərzində söndürdülər. Səhər tezdən Karinanın atası Nikolay  meşədən birbaşa qızının yanına gəldi. Evdəkilərdən Karinanı soruşanda, hər kəs təəccübünü gizlətmədi: “Məgər Karina səninlə getməyib ki?”- deyə soruşanda,  ata: “Mən buradan birbaşa yanğını söndürməyə getdim. Karina nənəsi ilə evdə qaldı”,-deyə cavab verdi.

29 iyul 2014-cü ildə günortadan sonra kənddə balaca Karinanı görən olmamışdı.  Qızın atası və qonşu kənddəki sakinlərin köməyi ilə Mərkəzə 3 yaşlı uşağın meşədə itməsi ilə bağlı xəbər göndərildi.  Yönü-yöntəni, yolu-çığırı olmayan Olom kəndinə hər vaxt maşın sürmürdülər. Axtarışa könüllülər və  qonşu kənd sakinləri də qoşuldular. Rayon mərkəzindən tibb personalı da daxil olmaqla, bir helikopterdə Xüsusi Təyinatlı Xilasedicilər də gəlib  kəndin mərkəzində endilər.  Xilasedici axtarış qrupu və axtarış itləri, könüllülər qızcığazı axtarmağa başladılar. Axtarış bir neçə gün idi ki, davam edirdi... Lakin bütün səylər boşa çıxırdı.

Bu yerlərin insanları belə hesab edirlər ki, Tanrının yaratdığı bütün canlıların ruhu var.  Meşələri, ormanları isə İççi ruhu qoruyur. Bu ruhu ta qədimdən Aan Alaxçın Xatun adlandırırlar. İççi ev sahibinin ocağını, yurd yerini, meşələri, tarlaları, quşları və heyvanları qoruyan ruhdur.

Kənddə yaşayan qocalar Karinanın itməkliyini bilən kimi evlərində şirin kökələr, qoğallar, peçenyelər bişiridilər, kəndin yaxınlığındakı ağacların altında ocaq qalayıb, ətrafına süd, kumıs, araq çilədilər. Ətrafdakı ruhları ət, xama, kumıs, spirtli içkilərə qonaq etdilər. Ev bişmişlərini ocağın kənarına qoyub, İççi Ruhdan uşağın sağ-salamat evə dönməsini təmin etmək üçün alqış etdilər. Sonda da hamısı birlikdə “Uruy!”, “Ayxal!”-dedilər.

Onlar hər bir ağacın  canının olmasına, onları hiss etməsinə çox inanırlar. Və alqışlarının tezliklə Karina olan yerlərə çatıb, onu qoruyacağına inanırdılar. Aan Alaxçın Xatun harada olsa, balaca qızcığazı tapıb yedirəcəkdi. Hər biri  Aan Alaxçın Xotunun ruhunu da köməyə çağırdılar:

“Yerin əzəlinin sahibi Aan Alaxçın Xatının ruhu,

Gəl, bizim tərəflərdə gəl, gülümsə!

Ağacların-otların ruhları,

Yaşıl otların ətəyindən axan sular,

Əl-ələ verən oğlanların,

Bəzəkli paltarlarda oynaşan qızların ruhu,

Gedin Karinanın hörüklərini dartın,

7 qız, 7 oğlan, bərli-bəzəkli balacalar,

Bizim qızın yanında olun!

Ona heyvanlardan, otlardan, Göy səmadan

Günəşdən, yağışdan, küləkdən

Xəta toxunmasın, onu öz balan kimi qoru Aan Alaxçın Xatın!”.

 

... Karina  onsuz da say bilmədiyindən, günləri saya bilmirdi.  Lakin hər gün bir qadın gəlib onu çağırır, ətrafdakı giləmeyvələri göstərirdi. O indi artıq Karaçan iti ilə birlikdə çəyirtkə yeməyi də öyrənmişdi. Lakin çəkmələri bataqlıqda batmışdı. Bataqlıq onu içərisinə çəkəndə küçük paltarını buraxmamışdı. Birtəhər canını bataqlıqdan çıxara bilmişdi. İndi sanki bataqlıqların, cığırların da dilini öyrənmişdi... Axşam Günəş batdımı, özü ağacların oyuğunda otları yığıb, özünə yatmağa yer düzəldirdi. Avqust ayında Tayqada axşamlar temperatur  +10 dərəcəyə düşür. Üşüsə də, ancaq küçüyün bədəninin istisinə isinirdi.  Balaca küçük də ondan uzağa getmirdi. Bu otları qırmağı da ona həmin qadın deyirdi.

Hərdən başının üstündən helokopterlər keçirdi. Əlini qaldırıb onlara əl etsə də, onu görmürdülər.

Fövqəladə Nazirliyin və Xüsusi Təyinatlıların axtarış qrupları ərazinin 30 kilometrdən çox hissəsini addım-addım axtarmışdılar. Hər kolun arxasına, yarğanlara, dərələrə baxmışdılar. Bataqlılqarı eşələmişdilər. Lakin qızın izinə-tozuna rast gəlmirdilər.

Möcüzə axtarışın 9-cu günü baş verdi. Kənddəkilər dedilər ki, Karinanın sevdiyi balaca iti kəndə qayıdıb. Bu həyətdə küçüyün varlığını ev sahibləri yalnız bu gün xatırladılar. Yəni bütün diqqət uşağın axtarışına yönəldiyindən, küçük kimsənin yadına düşmürdü. Küçüyün həyətdə olub-olmamasına kimsə əhəmiyyət belə verməmişdi. Həyətə yığışanlar yağışda-suda islanmış itin ac olduğunu, taqətdən düşdüyünü sezdilər.

İtin birdən-birə peyda olması xilasedici axtarış qrupunun ümidlərini artırdı.  Xilasedicilər itin gəldiyi səmtdən axtarışı davam etdirməyə başladılar. Axtarış itlərinə küçüyün izini versələr də, axtarış itləri onun izini götürə bilmədilər. Sən demə axtarış itlərini küçüklərin izinə və iyinə öyrətmirlər ki, onlara həvalə edilən axtarışdan yayınmasınlar.

Helikopterdə olan xilasedici heyət aşağıda bir böyük qonur ayı və iki balasını da gördülər. Onlara ayılara atəş açmamaq tapşırığı verildi. Havaya atəş açmaqla ayıları ərazidən qovdular. Belə fikirləşdilər ki, ayı bu ərazidə qızcığaza rast gəlib və onu parçalayıb.

Daha iki gün keçdi. Axtarış qrupu Karinanın yaşadığı evin ətəyində axan çayın kənarındakı palçıqlıqda təxminən 15 sm uzunluqda uşaq izinə rast gəldilər. Bu yarıqurumuş  palçıqdakı iz birmənalı şəkildə Karinaın ayaq izləri idi. Lakin çayın o biri üzündə izə rast gəlmək olmadı. İz yenə də itdi.

Balaca qızcığazın hələ də sağ olmasını güman edən xilasedicilərdən biri   kolluqların, qamışlıqların ətrafını axtarırdı. Qamışlığın və sıx otluğun yanından ötərkən gözünə oradan uzanan bir əl sataşdı. Axtarışda könüllü kimi iştirak edən  Artyom Borisov özünü itirmədi.  Balaca qızcığaz qamışların içərisində sakitcə oturmuşdu.  Böcəklərin-həşəratların dişdədiyi əlləri, ayaqları və sifəti yara tökmüşdü. Onun qorxduğu gözlərindən və baxışlarından məlum idi.  Uşaq özü su istədi. Artyom dərhal onu qucağına götürdü... Uşaq qov kimi yüngül idi... Heç elə bil ki, çəkisi yox idi. Artyom axtarış heyətini köməyə çağırdı.  Qızcığaz su və yemək istədi.  Artyom uşağı qollarının arasında tutub ağlayırdı...

Axtarış xilasedici qrupun üzvləri özlərini yetirdilər, həm sevindilər, həm də Artyom kimi ağlaşdılar. Bu bir möcüzə idi. 12 gündən sonra, 9 avqust 2014-cü ildə  3 yaş yarımlıq uşaq sağ-salamat tapılmışdı. Düz 12 gün idi ki, bu uşaq təkbaşına  ucsuz-bucaqsız Tayqa meşəsində tək dolanmışdı...

Karinaya əvvəlcə isti çay verdilər. Sonra təxlyə edib, Olom kəndinə gətirdilər. Karina  Karaçanı görəndə dedi: “Mən meşədə Karacan ilə gəzirdim... O məni qucaqlamışdı ki, üşüməyim... O məni qoruyurdu...”.

Elə həmin günü  hələ 4 yaşı tamam olmayan Karina Çikitovanı anası ilə birlikdə  helikopterdə Yakutsk Mərkəzi Şəhər xəstəxanasına apardılar. Ana və uşaq bir neçə həftə reablitasiya şöbəsində saxlandılar. 12 gün ağacların, otların, yağışın altında qalan balaca qızcığaz sətəlcəm olmuşdu. Öz çəkisini üç dəfədən çox itirmişdi.  Ümumi zəifliyi var idi.  Bir neçə həftəlik reabilitasiyadan sonra Karina Çikitova anası ilə birlikdə yenidən Kayaçıdakı evlərinə qayıtdılar.

Az müddət keçəndən sonra isə, yakutiyalı yazıçı Viktorya Qabışeva “12 gün Tayqadakı Karina” adlı sənədli povestini qələmə aldı.

O, Karinanı danışdırmağa cəhd etsə də, Karina bu söhbətlərə qayıtmaq istəmirdi. Təkcə onu deyirdi ki, meşədə bir nənə daima onu qoruyur, giləmeyvələrin yerini göstərir, otları qırıb yataq düzəltməyi öyrədirdi. Bir də ki, su istəyəndə ona su verirdi... Və bir də ki, Karaçan ondan ayrılmırdı...”.

Sənədli povest işıq üzü görəndən sonra Yakutiya Fondunun sədri Albina Çerepanovanın nəvəsi Nikolay da bu kitabı oxuyur. Nənəsinə Karina ilə tanış olmaq istədiyini bildirir. Bir nənə üçün ən gözəl arzu nəvəsini sevindirməkdir.  Ölkədə böyük hörmətə malik olan işgüzar xanım Albina Çerepanova Viktoriya Qabışevanın  köməkliyi ilə Çikitovlar ailəsini tapır. Təsadüfən həmin vaxt Talina qızını təkrar müayinəyə gətiribmiş. Albina xanım ailə ilə tanış olan kimi uşağın sağlamlığının zəif olduğunu görüb, onu əvvəlcə sanatoriyaya yazdırır. Sanatoriyada sağlamlığı nisbətən bərpa edilir. Həkimlər belə məsləhət görürlər ki, uşaq tez-tez həkim nəzarəti altında olmalıdır.

Albina Çerepanova belə qərara gəlir ki, bu qızı əgər Tanrı Tayqa meşələrində qoruyub saxlayıbsa, o da uşağa sahib çıxıb, himayədarlıq etməlidir. Özünün xeyriyyəçilyi, himayədarlığı ilə obasına-elinə kömək edən xanım Albina, uşağı öz evinə gətirir. Anası Talina üçünsə Okleminsk şəhərində iş yeri tapır.

Albina Çerepanova Karinanı Yakutsk şəhərindəki Yakut Xoreoqrafiya  məktəbinin  balet sinfininə yazdırır.  Bu ilin 26 dekabrında 12 yaşı tamam olacaq  Karina balet məktəbində də, dərslərində də əlaçıdır. Bir çox beynəlxalq müsabiqələrin laureatıdır.

2016-cı ildə Yakutsk şəhərinin Platon Oyunski adına Hava limanında heykəltəraş Nikolay Çoççasov Karinanın əhvalatını yaşatmaq, Tayqanın və yakutların ruhunun necə  güclü olduğunu dünyaya çatdırmaq üçün bürüncdən  “Qızcığaz və it” heykəlini ucaltdı. Yakutiya Hava limanına enən və buradan yola düşən  bütün qonaqlar simvolik olaraq “Qızcığaz və it” heykəlinin yanında xatirə fotosu çəkdirirlər.

Karinanı vahiməli Tayqada  heyvanlardan, həşəratlardan qoruyan balaca küçüyə Karina sonradan “Nayda” adı verib. O yenə də tətil günlərində Okleminsk şəhərində yaşayan anasını və qardaşını, həm də Naydanı görməyə gedir. Kənddəki evdə onun gəlişinə ən çox sevinən isə Nayda olur.  Saxa yakutları əbəs yerə deyil ki, belə bir söz işlədirlər:  Mələklərin hər zaman qanadı olmur, onlar bəzən yumşaq, isti tüklü və quyruqlu da olurlar”.

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

SALAM SARVAN

 

YATAĞIMIZ ÇAY YATAĞI

 

Yenə sıxılır ürəyim,

səninçün darıxıram.

Gözümü dikib tavana

sənə, sənə baxıram.

 

Burda tənhayam, qorxuram,

bilməm sığınım kimə.

Bir kimsə yanıma gəlmir,

hamı gəlir üstümə...

 

Bəlkə orda həyatımdan

sən də çıxaçıxdasan.

Yaxın gəl, bir görüm məndən

nə qədər uzaqdasan.

 

Amma axı bir yerdəyik,

ağrı sənsən, dözən mən...

Yatağımız çay yatağı –

axan sənsən, üzən mən.

 

 

SƏNİ  VURMAĞA  DA  QALXMAZ  ƏLLƏRİM

 

Buludlar tozdurmu, belə qopublar

yağışın yol keçib axdığı yerdən?

İlahi, indicə bir gül çıxacaq

dağ öz ürəyini sıxdığı yerdən.

 

Səni vurmağa da qalxmaz əllərim

atılsa üzünə ləçək tellərin...

Səndən vəfalıymış sənin yolların,

hələ də keçirlər baxdığım yerdən.

 

Ax,birinbilirsənsən, birinyox:

dahayıxılıram, heçxəbərinyox...

Gördümki  tutmağabaşqayerimyox,

tutdumyıxılmağaqorxduğumyerdən.

 

 

AMMA YAŞAYA BİLMİRƏM...

 

Bir az iş-güc qatır başı,

bir az da yazı-pozu:

sənsiz yaşaya bilirəm,

narahat olma, “Qızım”.

 

Amma yaşaya bilmirəm, bilmirəm.

 

Bir az səndən zəhləm gedir, bir az da özümdən.

Narahat olma, “Qızım” –

sənsiz yaşamaq mümkünmüş deyə

yavaş-yavaş düşürsən gözümdən.

 

İçirəm-kövrəlirəm, kövrəlirəm-içirəm...

Narahat olma, “Qızım” –

öldürdüyün gündən bəri yavaş-yavaş dirilirəm:

o dünyadan bu dünyaya hər gün bir az köçürəm.

 

Amma yaşaya bilmirəm, bilmirəm...

 

Hərdən züm-zümə edirəm, hərdən də ulayıram...

Narahat olma, “Qızım” –

yavaş-yavaş sağalıram iflicdən,

məsələn, artıq səni xatırlayanda başımı bulayıram.

 

Amma yaşaya bilmirəm, bilmirəm...

 

Narahat olma, “Qızım” –

mən şəhərdə gəzəndə

insanlar bir adamlıq kənardan keçirlər,

sanki yanımda yeriyirsən deyə.

 

 

DƏHŞƏTLİ ŞEİR

 

Qırışların arasından yavaş-yavaş axır qan,

mənsə əlimlə silirəm üz-gözümün tərini.

Nəsə yazıb o dərzi qız iynəsiylə kürkümə:

oxuyuram sətir-sətir bu tikiş yerlərini.

 

Yavaş-yavaş axır qan,

get-gedə qızarır dan...

 

Adamlar göyə açıb boş ovcunu hələ də,

qopur yalvarış dolu dualar dillərindən.

Bir uşaqsa gül tutub

Tanrıya  uzatdığı balaca əllərində.

 

Yavaş-yavaş çıxır can...

Və heç nəyi olmayan bu yalqız oğlu yalqız

ayrılıq məqamında götürüb gedir ancaq

yarıyacan çəkdiyi siqarı külqabıdan.

 

Hə, bu da sonuncu an:

yarat məni, Yaradan.

 

 

HƏYAT EŞQİ

 

Yavaş-yavaş ötür yaşım...

Və getdikcə durulur

avar çəkməyə açılan qolları

qucaq sanmaq aldanışım.

 

Amma hələ də içimdə

dənizdə boğulmuş adamın meyitini

suyun üzərinə çıxaran həyat eşqi var.

 

Sənsə gözünün qırağıyla

əlindən buraxdığın adamın arxasınca baxırsan

havaya şar buraxan bir uşaq marağıyla...

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

27.

ABİTURİYENTİN UĞUR FORMULU     

 

Təbii ki, yeniyetməliyin, ilk gəncliyin ilk ən böyük sınağı abituriyent olub ali təhsil məktəblərinə imtahan verməkdir. Əksər xalqlar kimi bizim azərbaycanlılar da mental xüsusiyyətlərdən irəli gələrək oxumağa, təhsilə həmişə önəm veriblər. Tarix boyu təhsillilərin, savadlıların statistikası bizim ölkədə yüksək olub. Məktəbə getməyən, təhsil almayan insanlardan hər eldə-obada birini taparsan, ya tapmazsan. Bizdə hətta belə bir adət də var: valideynlər gəlin köçürdükləri qızlarının cehizləri arasında ali məktəb diplomunun olmasının da qeydinə qalırlar. Düzdür, Azərbaycan BMT-nin təhsil səviyyəsinin indeksi reytinqinə (education index) görə ilk onluğa düşmür (1. Avstraliya; 2. Danimarka; 3. Yeni Zelandiya; 4. İrlandiya; 5. Norveç; 6. Niderland; 7. Almaniya; 8. ABŞ; 9. Böyük Britaniya; 10. Kanada), amma YUNESKO-nun nisbi savadlılıq statistikası cədvəlində bizim ölkəmiz SSRİ dönəmində təməli qoyulan məcburi təhsil qaydaları hesabına 99.5% savadlılıq göstəricisi ilə dünya üzrə 13-cü pillədə qərarlaşıb (Maraqlıdır ki, ilk pillələrdə yalnız postsovet və postsosialist ölkələri qərarlaşan bu siyahıda education index onluğunu təşkil edən Avstraliya yalnız 23-cü, Kanada 26-cı, Danimarka 29-cu, Almaniya 32-ci, ABŞ isə hətta 44-cü yerdədir).

Orta məktəbi bitirib ali məktəbə daxil ola bilməmək bizim ölkədə bir gənc üçün böyük faciə, onun valideynləri üçünsə böyük bədbəxtçilik hesab olunur. Ali məktəbə daxil olmaq üçünsə zəruri şərtlər arasında yüksək mütaliə vərdişlərinə malik olmaq əsas yer tutur. Rasional və sürətli qaydada oxumaq, bu oxuduqlarını əzbərləmədən, effektiv qaydada yadda saxlaya bilmək sənin imtahanda yüksək bal toplamağının təməlidir.

 

Ali məktəbə qəbul olmaq istəyirsən? Gecə və gündüz oxumalısan, hazırlaşmalısan, repetitor yanına getməlisən, sınaq imtahanları verib gücünü sınamalısan. Bu hazırlıq müddətində gündəlik həyat rejimini dəyişib fərqli rejim qurmalısan. Hətta ən xırda detal belə sənin özünü yolunda fəda etdiyin uğuruna xidmət etməlidir. Hafizəni və şüuru gücləndirən qidalardan, təbii otlardan, vitamin və preparatlardan istifadə etməlisən, oxuduğun materialı daha yaxşı qavramaq üçün məlum üsullardan, sınaqlardan çıxmış psixoloji testlərdən, təmrinlərdən bəhrələnmisən.

Gəlin, çox sadədən başlayaq. Zaman az, oxunacaq, mənimsəniləcək biliklər çox. Dərslikləri öz axarı ilə, bədii ədəbiyyat oxuyurmuş kimi oxusanız imtahanlaradək tam hazırlıqlı olmağa zamanınız təbii ki, yetməyəcək. Bəs onda nə etməli? Əlbəttə ki, sürətli-effektiv oxu qaydalarına riayət etməli. Bu barədə o qədər çox metodika, kurslar, treninqlər var, saymaqla qurtarmaz. Tam dərinə getmədən gəlin professor Əlibala Məhərrəmzadənin araşdırdığı bir neçə çox vacib qaydalara nəzər yetirək:

 

A. Diqqət və yaddaş

 

Mətn oxuyarkən ən vacib iki proses bunlardır: Diqqətlə oxumaq və oxuduğunu yaddaşa ötürmək.

Xüsusən biliklər almaqçün oxuyan zaman hədsiz diqqətli olmaq lazım gəlir. Amma beynimizi məşğul edən nəsnələr daim fikrimizi başqa səmtə yönəldir, biz əksərən mexaniki oxuyuruq, oxuduğumuz şüurumuza çata bilmir, yaddaşa da həkk olunmur. Heç kəsə sirr deyil ki, zehni əməyin məğzi konsentrasiya oluna bilməkdir. Ali məktəbə qəbul olunmaqçün hazırlıq mərhələsi, şübhəsiz, zehni əmək növüdür. «Mənim gələcək uğurumun yolu bax bu mətni oxuyub mənimsəməkdən keçir», «mən mütləq bunu öyrənməliyəm», «tam diqqətlə, tam səylə, tam məsuliyyətlə oxumalıyam» cümlələri ilə fikrini tam oxuduğun mətnə yönəldib, fikrini dağıda biləcək hər şeydən kənarda, ideal bir şəraitdə oxumağa çalışmalısan.

 

B. İnteqral alqoritm

 

Sürətli oxumada ən vacib olanı həqiqətən də sürətlə, tutalım, bir səhifəni bir neçə saniyə ərzində oxumaq deyil. Prosesin ən vacib olanı mövzunun mahiyyətini dərk etməyə yönəli seçdiyiniz proqramın düzgün olması, nəticədə də informasiyanın optimal və effektiv alınmasıdır.

Siz əlinizə bir kitab götürəndə heç vaxt öncədən planlaşdırmırsınız ki, onu necə, hansı ardıcıllıqla, sürətlə, intervallarla oxuyacaqsınız. Nəticədə mahiyyət etibarı ilə həmin kitabı aşağı tempdə, astagəlliklə oxumalı olursunuz.

Amma düşünmək lazımdır ki, oxunmanın istənilən texnikası və sürəti mütləq halda oxucunun öz qarşısına qoyduğu məqsəd və vəzifələrə tabe olmalıdır. Məhz qarşına müvafiq proqram qoymaq, onun hər bir bölümündən lazımi anda çevikliklə istifadə etmək sürətli oxumaq məharətini şərtləndirir.

 

C. Antireqressiya və antiartikulyasiya

 

Bəzən biz mətni oxuyanda bir sətri bitirən kimi gözümüz sətrin əvvəlinə – onu təkrar oxumaya yönəlir. Bu, mütaliədə ən geniş yayılmış qüsurdur və reqressiya adlanır. Düzdür, sətrin, cümlənin təkrar oxunmasının resipasiya adlı oxuduğun cümlədəki fikri daha dərindən mənimsəmək növü də var. Bu təmrin, əlbəttə ki, çox zəruri və vacibdir. Amma reqressiya isə boş vaxt itkisi, gözə verilən əlavə yükdür. İstənilən halda bu vərdişdən yaxa qurtarmaq zəruridir.

Məhsuldar oxumağımıza mane olan daha bir faktor oxuma zamanı artikulyasiya adlanan ağızın, dilin, udlağın hərəkətliliyidir. Biz öz-özümüzə oxuyanda bəzən istər-istəməz bu orqanlarımıza güc tətbiq edirik. Bəziləri, hətta ucadan oxuyaraq bu gücün təsirini ikiqata, üçqata çatdırırlar. Amma istənilən halda mətn effektivlik üçün tam səssiz oxunmalıdır. Artikulyasiya oxunanı mənimsəmək üçün orqanlarımıza təsir edən bəlli əngəldir. Məşq edin, lap dilinizi dişinizlə tutub saxlayın, amma sakit, mütləq sakit oxuyun!

 

D. Vertikal oxumaq

 

Ənənəyə görə oxumaq üçün çox kiçik görmə bucağı lazım olur, gözlər soldan sağa hərəkət edir, ən yaxşı halda 2-3, daha kiçik olarsa 4 söz gözümüzün, necə deyərlər, əsarəti altında olur. Məhz bu sahənin məhdud olması nəticəsində bir sətri oxumaq üçün gözümüz bir neçə həmlə edib bir neçə dəfə dayanmalı olur. Bunu bütöv bir səhifəyə şamil etsək, maraqlı bir mənzərə yaranar. Deməli, biz hər sətirdə üç dayanacaq etməklə 30 sətrlik bir kitab səhifəsini 90 həmləyə oxuya bilirik.

Amma gəlin indi sözbəsöz yox, frazalarla oxumağa çalışaq. Yəni gözün görmə bucağını böyüdüb bir həmlədə daha çox söz oxuyaq. Bu, təkcə oxuma sürətini artırmır, həm də özündə oxuduğunun daha yaxşı mənimsənildiyini ehtiva edir. Pedaqogikada tam olaraq isbatlanıb, mətnin daha böyük fraqmentlərlə oxunması onun məzmununun daha aydın dərk edilib qavranmasına gətirib çıxarır. Gözün görmə bucağı artdıqca onun oxumağa sərf etdiyi enerjisi də azalır, buna ayrılan vaxt da qısalır. Və bu vərdiş get-gedə oxuma zamanı gözün tam püxtələşməsinə səbəb olur, soldan-sağa artıq bütöv sətri nəzarəti altına almağa müvəffəq olan göz tədricən mətni horizontal yox, vertikal oxumağa başlayır. Nəticədə, 90 həmləyə oxuduğun bir səhifəni bu dəfə sətir sayı qədər, yəni 30 həmləyə oxuya bilirsən. Həm vaxta 3 dəfə qənaət edirsən, həm də qavrama məhsuldarlığın 2 dəfə artır.

 

E. Məğzi tutmaq

 

Psixologiyada «Mətni dərk etmək» termini var, «dərk etmək», «anlamaq» anlayışları «oxumaq» anlayışının məntiqi nəticəsi olmalıdır. Öz mövcud biliklərindən istifadə edərək oxunulan mətnin həyatla inikası arasındakı məntiqi əlaqəni tuta bilmək, bax budur əsas məsələ. Mürəkkəb olmayan mətni oxuyanda «qəbul etmək» və «anlamaq» anlayışları ani olaraq bir-birilərini tamamlayırlar. Mövcud biliyimizin müxtəlif detalları aldığımız yeni bilgilərin təəssüratıyla zənginləşir.

Amma biri də var, mürəkkəb, öncədən bilik bazamızda heç bir izi olmayan mətni oxumaq, bu zaman qavramaq prosesimiz konkret olaraq çətinlik çəkir. Bax bu məqamda istifadə edilə biləcək ən vacib vasitə mətnin əsas mənasına güc verməkdir. Mətni hissələrə bölür, məna baxımından qruplaşdırır, ən vacib olan hissəni müəyyənləşdirir, onu təkrar-təkrar diqqətdə saxlayırıq. Psixologiyaya görə, yeni mətnin dərk edilməsi şüurumuzdakı istənilən uyğun «materialdan» istifadə ilə asanlaşa bilər. Bu, əlavə detallar, ştrixlər, ikinci dərəcəli sözlər, müxtəlif hadisələr, qaynaqlar ola bilər. Bir sözlə, istənilən şüur assosiasiyası bizim dayağımıza çevrilə bilər.

Deməli, mətnin məzmununu qısa məntiqi formulalara çevirib hər formulanın nüvəsi olan əsas fikri müəyyənləşdirib bunu öz şüurumuz və bilik bazamıza transfer etməklə (bunu, haradasa filtrasiya prosesi kimi də izah edə bilərik) biz mətni başadüşməni tam mahiyyəti ilə reallaşdıra bilərik, dərketmə qabiliyyəti əldə edərik!

 

Əziz dostlar. Demək,

- diqqətlə;

- sürətlə;

- artikulyasiyaya (ağızın, dilin, udlağın hərəkətliliyinə) yol vermədən;

- vertikal;

- məğzi tutmaqla;

- nəticə qorxusunu dəf etməklə oxuyur, oxuduqca düzgün rejim və qidalanma qaydalarına əməl edirsiniz, sonucda mütləq uğurlu nəticə əldə edəcəksiniz.

 

 

Növbəti: 28.Fasiləsiz təhsil anlayışı

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2024)

 

Friday, 27 September 2024 13:00

BİR ŞEİRİN HEKAYƏTİndə Saqif Qaratorpaq

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Salam əziz izləyicilərimiz, yeni rubrikamız haqqında gözəl rəylərinizdən anladıq ki, bu rubrikamız da çox sevilib.

Bu gün də poeziya aləmində öz sözünü söyləyən bir şairimiz qonağımızdır.

O şair söyləyir ki:

 

Çiyinlər öyrəşib həmişə yükə,

Baharı daşıyıb, qışı daşıyıb.

Sevdası, qovğası özündən yekə

Ağıllı, ağılsız başı daşıyıb.

 

Çiyinlər öyrəşib həmişə yükə,

Yorulmaz yollarda dəvələr kimi.

Gedərik yol boyu tər tökə-tökə,

Gedər çiynimizdə dünyanın qəmi.

 

Gedərik dayanıb, dinşəyib bir az,–

Torpağın qarğışı tutana kimi,

Çiynimiz tabuta çatana kimi

Boyumuz uzanar, ömür uzanmaz.

 

Çiynimiz tabuta çatıb dayanar,

Yox olar dünyanın nağılı birdən,

Hardasa baxtımız yatıb dayanar,

İtirrik ümidi, ağılı birdən.

 

Yapışar yollara ayaqlarımız,–

Torpaq ilğım kimi çəkər adamı.

Çatlayar qəfilcə dodaqlarımız,

Bir anlıq unudar adını hamı.

 

Bir qorxu qıvrılıb yatar ürəkdə,

Açıb ağartmarıq ancaq heç kimə.

Sevinci hamıyla bölə bilsək də,

Dərd var–bölünəsi deyilmiş demə.

 

Yaxın olanmazmış heç vaxt özgəsi,

Hər kəsin bir mərhəm kədəri varmış.

Hərənin çiynində bir qəm heyvəsi,–

Hərə öz dərdini tək aparırmış. 

(Saqif  Qaratorpaq)

 

Bəli, rubrikamızın qonağı dəyərli şairimiz  Saqif Qaratorpaqdır.

 

-Əziz Saqif bəy, dünyanı sözlə anlamaq və anlatmaq şairlərin sənətkarlıq xüsusiyyətləridir. Saqif bəyin öz orijinal üslubu, mövzu rəngarəngliyi şeirlərində özünü aşkar şəkildə göstərir.

Saqif bəy, izləyicilərinizə 

"Bir şeirin hekayəti"- ni söyləyərmi? 

 

-Salam Ülviyyə xanım, yeni rubrikanızı çox bəyəndim və bol-bol uğurlar arzu edirəm.

"Bir şeirin hekayəti" üçün isə "Durna " şeirimin tarixinə nəzər salaq.

Mən həmişə qəribə yuxular görürəm. 2022-ci ilin may ayının son günləri idi. Səhərə yaxın qeyri-adi bir yuxu gördüm. Dan yeri yenicə ağarmışdı, eyvanda dayanmışdım. Qəfildən göy üzündə, cənub tərəfdə bir dəstə durna göründü. Heyrətləndim... Axı, durnaların qayıdan vaxtı deyildi, may ayı idi. Durnalar bizim evə sarı uçurdular... Bir az keçmiş durna qatarı evimizə yaxınlaşdı, durnalar evin damına qondular. Amma qəribəsi bu deyildi, bir durna qatardan ayrılıb, eyvana doğru uçdu və... özünü sinəmə çırpdı... Mən yuxudan oyandım və bu şeiri yazdım.

 

 

DURNA

 

                 Bir yaz gecəsi yuxuma 

                 Bir durna qonaq gəlmişdi...

 

Sən niyə ayrıldın qatardan belə,

Hardan uçub gəldin yuxuma mənim.

Sən niyə sinəmə çırpdın özünü,

Baxmadın azıma-çoxuma mənim.

 

Axı, mən kiməm ki? Söz şəkli çəkən...

Min ildi əsirəm qələmin üstdə.

Könlümdə qopubdu Nuhun tufanı,

Çıxıram sahilə ağ gəmi üstdə.

 

Sən necə bildin ki, yanıb qanadım,

Elə o zamandan göyə həsrətəm.

Ömrümün-günümün səhmanı itib,

Nə vaxtdı sevgidən qalmışam yetim.

 

Necə yaşayarıq ikimiz belə?

Bizimki tutarmı? Sən-quş, mən-adam...

Bir gün göylər üçün darıxacaqsan,

Açılanda səhər, düşəndə axşam.

 

Sən hardan bildin ki, uça bilmirəm,

Gəlmisən dərdimə əlac etməyə.

Neyləyim, mənim ki qanadım yoxdu,

Bir gün havalanıb sənnən getməyə.

 

Quşlar uçub gedir... sən də dayanma,

Orda səndən ötrü darıxır yuvan.

Gün gələr mənim də qanadım çıxar,

Uçaram, uçaram lap yanınacan...

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2024)

2024-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Bununla əlaqədar Türkiyənin Qazi Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Türk Kültürünü Araştırma İnstitutu və Türkiyədəki Azərbaycan Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ankarada “Beynəlxalq Füzuli Simpoziumu” keçiriləcəkdir. 

“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Beynəlxalq Simpoziumda dahi şair Məhəmməd Füzulinin həyatı, yaradıcılığı, əsərləri, onun Türk mədəniyyətində yeri, Türk dili və ədəbiyyatına təsirinə dair akademik səviyyədə məruzələr olacaq, Füzuli yaradıcılığına dair aparılmış tədqiqatlar təqdim olunacaq və müzakirə ediləcəkdir. Beynəlxalq Simpoziumda Azərbaycan və Türkiyədən Füzulişünas alimlər, tədqiqatçılar, universitet müəllimləri və tələbələri iştirak edəcəklər. 

Türkiyədəki Azərbaycan Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış və Məhəmməd Füzuliyə həsr edilmiş ədəbi-bədii, musiqili kompozisiya təqdim ediləcəkdir. Azərbaycanlı müğənni, Beynəlxalq Muğam Mərkəzinin solisti, IV Muğam Müsabiqəsinin qalibi Almaxanım Əhmədli Füzuliyə həsr olunmuş musiqiləri və “TRT Türkü” radio kanalının “Azerbaycan rüzgarı” verilişinin aparıcısı Səidə Ömər dahi şairin şeirləi ifa edəcəklər.

Qeyd edək ki, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Sərəncam imzalanmışdır. Sərəncamda Prezident İlham Əliyev Məhəmməd Füzulini anadilli poeziyanın mükəmməl nümunələrini yaratdığını, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltdiyini qeyd edib. Prezident İlham Əliyev Məhəmməd Füzulini Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarı adlandırıb. 

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2024)

​Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı,  "bp" şirkətinin dəstəyi ilə həyata keçirilən "ASAN Akademiya - 2024" layihəsi başa çatıb.

 

​“Ədəbiyyat və incəsənət” portalına agentlikdən verilən məlumata görə, bununla əlaqədar təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, "bp" şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli  və "ASAN Könüllüləri" Təşkilatının sədri Anar Musaev iştirak ediblər.

 

​4 ay davam edən layihə müddətində iştirakçılar üçün peşəkar mütəxəssislər tərəfindən insan resurslarının və layihələrin idarəedilməsi, ictimaiyyətlə əlaqələr və marketinq, data analitika, beynəlxalq əlaqələr və diplomatiya, hüquq və innovasiya modulları üzrə xüsusi proqram tədris olunub. Tədris prosesində komanda quruculuğu, liderlik, kommunikasiya və komanda işinin inkişafına yönəlmiş seminarlar, praktiki təlimlər keçirilib.

 

​Layihə karyera pillələrində bilik və bacarıqlarını inkişaf etdirmək istəyən gənclərə innovativ yanaşmalarla dəstək olmağı hədəfləyir. Bundan sonra iştirakçılar üçün mentorluq proqramı təşkil ediləcək və onlar müxtəlif müəssisələrdə yeni biliklərə yiyələnmək məqsədilə təcrübə proqramlarına yönləndiriləcəklər.

 

​Əsas məqsəd gənclərin əmək fəaliyyətlərinin artırılması, karyeralarında irəliləmələri üçün təkan verilməsi,  onların intellektual potensialının düzgün dəyərləndirilməsidir. Eləcə də sosial aktivlikliyi artırmaqla Respublikamızda gedən inkişafa töhfə verməyə şərait yaratmaq əsas hədəflərdəndir.

 

​Tədbir çərçivəsində 4 aylıq xüsusi təlim-tədris proqramını başa vuran gənclər diplomlarla təltif ediliblər.

 

​7 dəfə həyata keçirilən bu layihəyə 6500-dən çox müraciət olub, 330 nəfər isə iştirakçı qismində iştirak edib.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2024)

BMT-nin Elektron Hökumətin İnkişaf İndeksi (EGDI) üzrə 2024-cü il hesabatında ölkəmiz irəliləyiş əldə edib və indeksin ən yüksək kateqoriyası hesab edilən “Very High EGDI” ölkələrin sırasına daxil olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. 

 

Elektron Hökumət üzrə Sorğu Birləşmiş Millətlər Təşkilatı tərəfindən iki ildən bir keçirilir.  

BMT-nin Elektron Hökumətin İnkişaf İndeksi (EGDI) üzrə  2024-cü il hesabatı 2023-cü ilin may ayına qədər olan göstəricilər əsasında hazırlanıb. 

 

Hesabatda həmin dövr üçün ölkəmiz adından “ASAN xidmət” tərəfindən uğurla həyata keçirilmiş elektron hökumət və innovasiyalar üzrə layihələr də yer almaqdadır.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  reytinqdə ölkəmizin mövqeyinin güclənməsinə töhfə verməkdən qurur duyduqlarını izhar edib. 

 

Əminlik bildirib ki, dövlət qurumlarının əlaqəli fəaliyyəti və səyləri nəticəsində adıçəkilən reytinqdə ölkəmizin müsbət tendensiyası gələcək illərdə də davam edəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2024)

“Ədəbiyyat və incəsənət” portalı Narıngül Nadirin “Adsız oğlan“ hekayəsini təqdim edir.

                                              

Bilmirəm indi bunu xatırlamaq kimə gərəkdir və nə əhəmiyyəti var?..  O, mənim sevgilim, dostum deyildi, heç qohumum da deyil...

Yəqin ki, o oğlan məni indi görsə tanımaz, tanımaz bir az böyük çıxıre... heç kim olduğumu xatırlamaz. Amma gülüşü indiki kimi yadımdadır, qəribə bir gülüş idi. Təbəssümü dodaqlarından başlayıb bütün sifətinə yayılırdı. Dünyaya ərk eləmək, yaxud meydan oxumaq, günəşə göz vurub gülümsəmək kimi bir şey... Onu bu müddət ərzində bir neçə dəfə xatırlamışam. Bir dəfə Bakıya ilk gəlişim haqqında hekayə yazanda, bir də ara-sıra şəhərə ilk gəldiyimdə yaşadığım yerlərdən keçəndə. Hər dəfə də xatırlayan kimi həmişəki mənasız, bir qəpik əhəmiyyəti olmayan bir sual yenə də beynimi tıqqıldadır: görəsən, onun adı nə idi? Əhməd, Cəmil, Murad? Bəzən o köhnə yerlərdən keçəndə adını xatırlamağa çalışsam da, heç nə alınmır. Səsin görüntüsü yoxdur ki, göz yaddaşında ilişib qalsın. Əslində heç fərqi də yoxdur. Guya nə anlamı var ki... Amma hər halda, adı var idi axı. Özü də dəfələrlə yanımda səsləndirmişdi.

İndi yay  tətilindəyəm, boş vaxt tapan kimi, daha doğrusu, darıxdığımdan klaviaturanın qarşısına keçib nələrsə yazmağa çalışıram. Yəqin ki, siz məndən yaxşı bilərsiz, yazmağa ki, başladın, keçmişə qayıtmamaq mümkün deyil.

O gün şəhərin küçələrində xeyli gəzişdim. Pis çıxmasa belə deyərdim ki, o ki var, avaralandım. Köhnə qəbiristanlıq yerindən keçəndə onu xatırladım.

Qəbiristanlıq sözünü işlətdim deyə birdən elə bilərsiniz ki, söhbət dünyasını dəyişmiş birindən gedir. Əsla elə deyil. Söhbət açdığım adam yəqin ki, sağdır. Ona görə yəqin ki, deyirəm ki, qəfil ölüm- itimləri, qəzaları nəzərə almasaq və yaşını hesablasaq, güman ki, sağdır, haralardasa yaşayır.

Demək, Bakıya təzə gəldiyim vaxtlardır. Təzə deyəndə lap dəqiqi hardasa 20 gün olar. Ta Bakını necə görmüşəm, şəhər ilk dəfə gözümdə necə şəkillənib, hansı hissləri keçirmişəm, nələri düşünmüşəm, bunu yazıb başınızı çox ağrıtmaq istəmirəm. Həm çox uzunçuluq olar, həm də ilin-günün bu vaxtında niyə sentimentallıq edim ki?..  Demək, Bakıya gəlib ata ocağı kimi şəhərdə ən yaxın qohum sayılan, ərk yeri olan xalaqızıgilin evinə sığınmışam. Universitetə qəbul imtahanı verməliyəm. Mənim zamanımda Bakının yeganə universitetində oxumaq hamının arzusuydu, indi bilmirəm, deyəsən adiləşib. Həm də indi universitetlər də çoxalıb, o vaxtlar institut adlanan ali məktəblər indi universitet adlanır. Nə isə, həm ali məktəbə qəbul olunmaq, həm də şəhərdə yaşamaq istəyim olduqca böyükdür. Şəhərdə yaşamaq  arzumdan  da yazmıram, yazsam xeyli vaxt aparar, odur ki, bu dəfə  onun üstündən də keçirəm.

Nə isə mətləbə keçim, ta söhbəti uzadıb sizi bezdirməyim...

Axşam xalaqızıgildə səhər imtahana getmək məsələmi, daha doğrusu, universitet yolunu necə getmək məsələmi xeyli müzakirə etdikdən sonra ümumilikdə qərara alırıq ki, sabah imtahana özüm tək gedəcəm. Əslində, bu qərara səs verməyən də var. Xalaqızının əri belə fikirləşir ki, tək getsəm yolda azıb qala bilərəm, şəhər də qazan kimi qaynayır, hər cür adamla doludur, ağıllısı var, axmağı var. Mən isə 3-4  dəfə  universitetə getdiyimdən ürəklənmişəm və dönə-dönə israr edirəm ki,  gedərəm, özü də lap rahatca gedərəm, yəni mənə görə işinizdən qalmayın. Nə var ki, avtobusun nömrəsini bilirəm, sonuncu dayanacaq universitetin qarşısıdır. Universitet də orda, düz Elmlər Akademiyası metrosunun yanındadır. Nə çətin işdir ki? Qayıdanda yolu əks tərəfə keçib yenə həmin avtobusa minirəm, gəlib ağ darvazalı  köhnə zavodu keçib düşürəm. Vəssəlam! Şəhərə gələndən ağ darvazalı zavod nişangah yerimdir. Köhnə, mazut iyi verən zavoddur. Mağazaya, dükan -bazara gedəndə ağ darvazasını tapıram, vəssəlam. Ağ darvazalı zavod yerindədirsə, adam şəhərdə niyə azsın ki?..

Adətən öz sözünün üstündə durmağa israrlı olan, adamlarla həmişə bir ton  yuxarıdan danışmağı sevən xalaqızının ərini birtəhər razı salırıq. Amma burasını da deyim ki, xalaqızının ərinin bir ton yuxarıdan danışmağa haqqı da var. Qohum- əqrabadan kənddən kim şəhərə gəlirsə ona tapşırırlar. Yəni o vaxt tapşırardılar, söhbətin əlbəttə indiyə dəxli yoxdur. Həm də tərsliynə baxmayaraq yaxşı adamdır. O ki deyirlər, hər nəslin bir hörmətlisi, ağsaqqalı olur, bax bu da onlardandır. Şəhərə üz tutan evsizlərin, köməksizlərin pənahıdır, kəndə gələndə qohumlar başına dolanırlar, hərə bir tərəfə çəkir. Nə isə, bu mövzunu da qoyaq bir kənara...

Bayaq dedim axı, universitetə artıq üçüncü dəfədir ki, gedirəm. İki imtahanı verib yaxşı qiymət almışam, indi üçüncüdür, bundan sonra daha biri qalıb. Bizim dövrümüzdə ali məktəbə  4 imtahan verirdilər, ballar toplanırdı, sonra ümumi müsabiqə olurdu. Kim çox bal toplayırdısa, o qəbul olunurdu, qalanlar ümidlərini gələn ilə bağlayırdılar.

Səhər evdən çıxanda xalaqızının əri sonuncu sözünü deyir:

-Bax ha, diqqətli ol ki, azıb qalmayasan.

Mən də qətiyyətlə söz verirəm ki, arxayın ol, azmaram.

Evin qarşısındakı dayanacaqda  şad-xürrəm avtobusa minib düz universitetin qarşısında düşürəm.

İmtahandan çıxan kimi universitetin həyətinə toplaşan adamlar başıma yığışır.

Yerbəyerdən suallar yağdırırlar:

- Nə oldu, necə oldu, nə soruşdular? Məmmədov İlqarı gördünmü? Bizim qızı necə? Əliyev Kənan neynirdi? 

Adamların  aşırı  canfəşanlığına həmişə gülməyim gəlib, indi də ürəyimdə gülürəm. Elə bil uzun müddət yatıb həbsxanadan çıxmışam, bunlar da məndən otaq yoldaşlarımı soruşurlar. Nə isə, birtəhər onlardan qurtulub yolu əks istiqamətə keçərək doğma avtobusumu tapıram. Yerimi rahatlayaraq  başımı aynaya söykəyib xəyala dalıram.

İmtahanı yaxşı versəm də, istədiyim qiyməti ala bilməmişəm. Mən 5 gözləyirdim. İmtahn götürən qara, enlisifət qadın hər vəhclə qiymətimi kəsməyə çalışırdı və sonda elə də etdi. Bu an, yəni söhbət o andan gedir, ona nifrət edirəm, ta bağışlayın məni, hələ ürəyimdə yüngülcə söyürəm də. Hərçənd ki, ömrümdə dilimə söyüş gətirmərəm. Sonralar, mənə dərs deyəndə də onunla ulduzum barışmadı, bir-birimizə nifrət edə-edə 4 ili başa vurduq.

Başımı avtobusun aynasına söykəyib düşünürəm ki, əgər o biri imtahandan da 4 alsam, yəqin ki, müsabiqədən keçməyim çətin olacaq. Amma necə olursa-olsun, şəhərdə qalacağam, ölsəm də kəndə qayıdan deyiləm. Belə bir az yekəxanalıq kimi çıxmasın, o kəndə sığışmıram, darıxıram orda. Ora mənlik deyil. Qəbul olunmasam, işə düzəlib işləyərəm, gələn il sənədlərimi yenidən verərəm. Gələn il də alınmasa, o biri il. Dünya dağılmayıb ki?.. Burasını da deyim ki, inadkarlıq cəhətdən zəif deyiləm. Bir şey beynimə düşdüsə əl çəkmirəm.

Beləcə xeyli yol gəlirəm və birdən ayılıram. Baxıram ki, avtobus mənə tanış olmayan binaların arasıyla şütüyür. Tez qabağa  keçib sürücüdən ağ darvazalı zavodu soruşuram, sürücü sürəti azaltmadan arın-arxayın tüklü üzünü qaşıyır, tələsmədən bildirir:

-Sən oranı çoxdan keçib getmisən, burda düş geri qayıt, iki dayanacaq geri qayıtmalısan.

Sürücü səbrlə izah edə-edə yolu bir xeyli də ötüb keçir.

Xalaqızının ərinin sözlərini xatırlayıram: “Diqqətli ol ki, azıb qalmayasan”.

Avtobusdan düşüb özümü tarazlayıram və yolun kənarıyla geri qayıdıram. Böyük, enli  yoldur, maşınlar ara vermədən şütüyür. Kənarda bir adamlıq səki var, bəzi döngələrdə o da bitir, yox olur. Görünür, bu yolla ancaq maşınlar hərəkət edir. Az qala divara sürtünə -sürtünə yeriyirəm. Əhlikef sürücülərin bəziləri sürəti azaldaraq dilxoşluq edir, başlarını pəncərədən çıxarıb mənə sataşırlar. O zaman dəbdəydi belə şeylər. Bilmirəm, indi də küçədə qızlara sataşırlarmı? Sataşsalar da daha yəqin ki, məzmun dəyişib. O zaman başqaydı... Məsələn, iri ZİL maşınından biri başını çıxardıb irişir: “gözəlsən e gözəl”,“bəh-bəh incəbel gözəl piyada gedir”.  Başqa birisi: “sənə əziyyət olar piyada getmək, gəl gedək” və yaxud,  “asta yeri, ayağını daş əzər” və s. və ilaxır.

Bir tərəfdən ünvanı tapa bilməmək qorxusu, həyəcan, sürücülərin  atmacaları, bir tərəfdən  də isti... Əməlli- başlı tərləmişəm, paltarım bədənimə yapışıb.

Xeyli piyada yol gedirəm, az qala küçənin başına çatıram. Amma mənim axtardığım ağ darvazalı zavod yerində yoxdur. Əgər  o zavod tapılmasa, axtardığım ev dünyasında tapılan deyil! Buralarda olmalıydı axı... Elə bil heç yerli-dibli olmayıb. Nə qədər baş sındırıram, istiqaməti düz tuta bilmirəm. Küçədə bir nəfər adam da yoxdur söz soruşmağa. Artıq özümdən şübhələnirəm. Bəlkə qayıdanda avtobusun nömrəsini düz oxumamışam, fikirli-fikirli qaçıb minmişəm. Özümü  o ki var danlayıram: “Axmaq, qanmaz, yaddaşsız! Hələ bu ağılla universitetdə oxumaq istəyirsən. Bir ünvanı yadında saxlaya bilmirsən. Monqol...”

Daha irəli getmirəm, dayanıb gözləyirəm. Aha, qarşıdakı döngədən çıxan oğlan mənə tərəf gəlir. Gəlib çatanda düz qarşısında dayanıram, birbaşa yolunu kəsirəm.  Ortabab, yaraşıqlı oğlandır, yəqin ki, məndən 5-6 yaş böyük olar. İndiki kimi yadımdadır, əynində ağ köynək var, yuxarıdan 3 düyməsi açıqdır. Qollarını yarıya qədər çırmalayıb. Qara  şalvar geyinib, hələ tuflisinin rəngi də yadımdadır. Ağıllı sifəti var, adam beləsindən nəsə pis hərəkət gözləmir. Bəlkə də Allah yetirib bunu mənə. Qırımımdan görür ki, sözlü adamam, dayanıb nə deyəcəyimi gözləyir.

Birbaşa axtardığım ünvanı soruşub vəziyyəti başa salıram.

Oğlan məni başdan-ayağa süzür, bir qədər duruxur, çətin bir riyazi məsələni həll edirmiş kimi fikirləşir, sözlərimi təkrarlayır:

-Ağ qapılı zavod... Yanında balaca həyət evləri. Sonra o tərəfə doğru  istiqamət...

Onun belə çox fikirləşməyinə görə ünvanı tapa bilməyəcəyindən qorxuram. Həm də qorxuram  ki, birdən çıxıb gedər, tək qalaram bu çölü-biyabanda. Tez dillənirəm:

-Balaca evlərdir,  köhnə, bozarmış hasarları var, divarlardan üzümlər sallanıb.

Oğlan  diqqətlə üzümə baxıb gülümsünür. Təbəssümü çox qəribədir. Gülüşü  dodaqlarından başlayıb bütün sifətinə yayılır. Dünyaya ərk eləmək, yaxud meydan oxumaq, günəşə göz vurub gülümsəmək kimi bir şey...

Birdən qoluma toxunur.

-Gedək,  deyəsən tanıdım, irəlidədir.

Sakitcə onun ardınca düşüb  dabanbasma gedirəm. Oğlandan, daha doğrusu dabanından elə yapışmışam ki, indi lap dünyanın o başına da getsə ardınca gedəcəm, başqa əlacım yoxdur. Yol gedə-gedə durmadan  ünvanı başa salıram:

- Ağ darvaza, iri çənlər, balaca həyət evləri...

Oğlan məni ardınca çəkib aparır, bir adam güclə yeriyə bilən dar səki ilə gedirik. Yoldan ötən maşınlar bu dəfə vıyıltı ilə yanımızdan keçib gedirlər. Küçənin başına kimi gedirik. Ağ darvazadan bir nişan yoxdur ki, yoxdur! Nəfəsimizi dərib yenidən irəliləyirik. Nəhayət uzaqdan zavod görünür. Başı göyə ucalan enli, qara boruları da var. İrəli keçib addımlarımı yeyinlədirəm. Oğlan da arxamca gəlir. Zavodun qarşısına çatırıq. Yox, bunun qapısı ağ deyilmiş, boz mavi rəngdədir. Oğlan bildirir ki, bu ərazidə bir neçə zavod var. Köhnə neftayırma zavodlarıdır, hamısı da bir-birinə bənzəyir.

Küçəni o biri üzə keçməli oluruq. Yolu  keçəndə oğlan əlimdən bərk- bərk yapışır, məni maşınlardan qoruyur. Ürəyimə heç nə gətirmirəm. Eləcə dost kimi, himayədar kimi əlimdən tutub. Küçənin o üzündə əlimi geri dartıram. Deyəsən xoşuna gəlmir, amma etiraz da eləmir. Tərslikdən hava dəhşət istidir, sanki göydən od yağır, həm də çox yorulmuşuq. Bir qədər aralıda altında köhnə taxta oturacaq olan yaşıl  yarpaqlı ağac görünür. Oğlan bu dəfə qolumdan tutub ağaca tərəf çəkir. Bu yerdə ağlıma xoşagəlməyən fikirlər gəlir. Nə qədər olmasa tanımadığım adamdır. Amma etiraz da edəmmirəm. Ağacın kölgəsindəki ensiz balaca oturacaqda diz-dizə söykənib əyləşirik. Diz-dizə əyləşməyimdən bir qədər narahat oluram. Bir tərəfdən də oğlan oğrun-oğrun məni süzür, sıxılıram. Nəfəsimizi dərib sərinlənirik. Oğlan ehmalca  əlimi ovcuna alır. Bu dəfə sərt hərəkətlə əlimi geri çəkirəm və  qaşqabağımı töküb ayağa qalxıram. Oğlan da ciddiləşir:

-Bəlkə yaxşı fikirləşəsən, başqa nə vardı evinizin yaxınlığında?

Daha heç nəyi  yadıma sala bilmirəm. Ağlamaq istəyirəm.

Yenidən bərabər addımlayırıq. İkimiz də susmuşuq. Oğlan qaşqabaqlı görünür, məndən irəli düşüb gedir. Üzünü mənə çevirmədən soruşur:

-Sənin adın nədir?

Adımı söyləyirəm. Sonra o adını deyir: Əhməd, Cəmil, Murad... Nəsə anlaya bilmirəm. Bir tərəfdən külək başlayıb, o biri tərəfdən  sanki qulaqlarım tutulub. İrəlidə  köhnə bir qəbiristanlıq görünür. Yadıma düşür ki, bu qəbiristanlığın yanından bir-iki dəfə  keçmişəm. Sevindiyimdən az qalıram qaçıb köhnə başdaşlarını qucaqlayım.

-Görmüşəm, bu qəbiristanlığı, görmüşəm, buradan keçmişəm, ev o biri üzdədir-ucadan dillənirəm. Oğlan da mənimlə bərabər sevinir, üzü işıqlanır.

-Aha, görmüsənsə deməli buralardadır, indicə tapacağıq.

Qəbiristanlığa tərəf yeriyirik. İri, xırda, düz, əyri başdaşları uzaqdan adamın üzünə  dirənir. Başdaşlarının bəziləri yerə yıxılıb, bəziləri yarıyıxılıdır. Amma məlum olur ki, qəbiristanlığın o biri küçəyə çıxışı yoxdur. Deyəsən, heç başqa yerə də çıxış yoxdur burdan...

Oğlan barmaqlarını qatlayıb hesablayır, əməli-başlı baş işlədir:

-Deməli, qəbiristanlığın o biri tərəfindən keçmisən, sonra geri qayıtmısan. Sonra... Bəs niyə tapa bilməyək axı? Əgər sən deyən yerdədirsə, elə buralarda olmalıydı.

Qəbiristanılığın yanında bir qədər o tərəf -bu tərəfə fırlanırıq.

Birdən qəbirlərin arsından yaşlı, arıq, beli əyilmiş bir kişi çıxır, daha doğrusu, peyda olur. Kim bilir, bəlkə də nə vaxtsa ölmüşdü, elə indicə dirilib. Kişi iri, bulanıq gözlərini üzümüzə zilləyir, sonra birdən biədəb söyüşlərlə bizi söyməyə başlayır:

-Əxlaqsızlar, pozğunlar, dingildəşməyə sanki  yer tapmırlar. Qəbiristanlığı xəlvət görüblər, gəlib burda görüşürlər. Sizin...

Yaman pərt oluruq. Oğlan  kişiyə yaxınlaşıb  başa salmaq istəyir ki, məsələ o deyən kimi deyil. Kişi daha da qızışır, səsini ucaldır. Oğlan da əsəbləşib səsini qaldırır.

Bu anda bir milis işçisi bizə yaxınlaşır. Bilmirəm  bu adamsız yerdə o hardan çıxdı?  Necə xəbər tutdu? Hələ də qaranlıqdır mənə. Kişi  milisi görüb daha da bərkdən söylənir, haqqımızda, daha doğrusu  oğlanın haqqında vəkalət qaldırır:

-Sevgilisini yanına salıb bayaqdan burda yüz hoqqadan çıxır. Səhər-səhər də  ikisini qovmuşam, indi də bunlar... Mənə bura nəzarət etməyi tapşırıblar, işimiz gücümüz budur, axşamacan adam qovuruq burdan. Əxlaq deyilən bir şey də olmalıdır  axı...

Milis oğlanı kənara çəkir. Burasını deməyi az qala unutmuşdum. O vaxtlar  polisə milis deyirdilər, indi polis deyirlər. Nə isə, milis oğlanı kənara çəkir. Bəlkə də ikisi yaşıd olarlar. Amma burada milis hökmlüdür, hakimdir. Sualları o verir.

-Adın nədir sənin?

Oğlan əsəbi səslə, hirslə özünü  təqdim edir:

-Əhməd, Cəmil, Murad...

Yenə də əməlli-başlı eşidə bilmirəm. Milis deyəsən bizi məntəqəyə aparmaq istəyir, az qalır ürəyim qırılıb yerə düşsün. Özüm də belə şeylərdə yaman qorxağam.

Oğlan getmək istəmir. Əsəbləşir, əl- qolu ilə nə isə danışır, mübahisə edir, milisi başa salmağa çalışır, hərdən qoluna da girir. Kənara çəkilib  danışırlar. Oğlan məni göstərib nə isə deyir,  bəlkə də məntəqəyə sonra gələcəyini bildirir. Deyəsən, sonda   razılaşırlar.

Gözücu qəbiristanlıq tərəfə baxıram. Kişi yoxa çıxıb, görünür  “vəzifəsini” yerinə yetirib gözdən itib.

Yenə də yanaşı yeriyirik. Oğlan  xeyli pərt görünür, qaşlarını düyünləyib, dodaqlarını bir-birinə sıxıb. Yəqin ki, baş verənlər heysiyyətinə toxunub. Onun ürəyini almağa çalışıram. Bu boyda şəhərdə bu an təkcə güvənc yerim odur.  Qəbiristanlıq gözətçisinin qarasınca söylənirəm, dinmir. Sonra milisin nə dediyini soruşuram,  cavab vermir. Eləcə qaşqabaqlıdır. Üzündə tutqun kölgələr dolaşır. Bu saat razıyam əlimdən tutsun, istəyir heç buraxmasın, lap qoluma girsin. Təki bircə dəfə gülümsəsin. Qəsdən qolumu qoluna toxundururam, əhəmiyyət vermir. Bir qədər ondan irəli keçirəm, dayanıb üzünə gülümsünürəm, yenə də əhəmiyyət vermir. Özümü böyüklərin ciddiyə almadığı uşaq kimi hiss edirəm. Küsülü adamlar kimi yeriyirik. Bir qədər getdikdən sonra uzaqdan başqa bir zavod görünür.

-Odur, oradır, - qışqırıram. 

Addımlarımızı yeyinlədirik.

-Oradır, yüz faiz oradır, evimizi də görürəm.

Oğlan da zavodu görür, rəngi açılır. Gülümsünür. Təbəssümü dodaqlarından başlanıb sifətinə yayılır. Dünyaya ərk eləmək, yaxud meydan oxumaq, günəşə göz vurub gülümsəmək kimi bir şey...  Əlimdən tutur. Bu dəfə əlimi geri çəkmirəm, eləcə əl-ələ tutub gedirik.

-O biri imtahanda gəlib səni özüm aparacam. Saat 9-da evin yanındakı dayanacaqda gözləyəcəm. Qayıdanda da özüm götürəcəm.

Dinmirəm.

Birdən  zavodun qarşısında var-gəl edən xalaqızının ərini görürəm. Üz- gözündən hirsli və narahat olduğu görünür. Özümü itirirəm. Əlimi oğlanın əlindən çəksəm də artıq gecdir. Oğlan bir şey anlamır, əyilib qulağıma nəsə demək istəyir.

Xalaqızının əri başımızın üstünü alır.

Əvvəl mənə təpinir:

-Bu vaxta kimi harda qalmısan? Bu oğlan kimdir?

-Azmışdım...

Sonra oğlanın qarşısına keçir, qəzəblə onu süzür. Adın nədir sənin?

-Əhməd, Cəmil, Murad...

Həyəcandan  yaxşı anlaya bilmirəm.

-Bu qızı hardan tanıyırsan?

-Yolu azmışdı, kömək etmək istədim.

Xalaqızının əri kükrəyir.

-Mənə gəlmə, mən səninçün dünənki uşaq deyiləm. Şəhərdə böyümüş adamam. Yolu azmışdı, ürəyin dözmədi qızın əlindən tutdun, əl-ələ verib gəlib  buranı tapdınız...

Az qalıram deyim ki,  elədir, eləcə dediyin kimidir.

Xalaqızının əri sakitləşmir:

-Bu qızı yiyəsiz görmüsən?

Ürəyim bərk-bərk döyünür. Şəhərdə qalmaq, yerləşmək ərəfəsində xalaqızının ərinin yanında inamını itirmək də az iş deyil. Hələ bunun kəndə xəbər çatmağı, hökm çıxarılmaq filan da ola bilər. Az qalıram havalanım.

Xalaqızının əri oğlanın yaxasından yapışır. Sifəti o qədər qəzəblidir ki, əyilmiş görünür, baxmağa qorxuram. Gözlərimi yumuram. Nə isə tıqqıltı, xışıltı, sillə səsləri eşidirəm. Lap hind filmlərindəki kimi... Düşünürəm ki, dəhşətli davanın ortasında oğlan qəflətən irəli atılıb xalaqızının ərinin yaxasından yapışacaq, qaldırıb yerə çırpacaq. Film davam edəcək. Sonra oğlan mənim əlimdən tutur, kaskadyorlar kimi divarın o üzünə atılırıq. Çıxıb gedirik dünyanın o biri üzünə.

Gözlərimi  açıram. Sakitlikdir, üzü-üzə dayanıblar. İkisinin də paltarı əzik-üzük və tozludur.  Oğlan gözlənilmədən xalaqızının ərinin qarşısına keçir:

-Bağışlayın, üzr istəyirəm. Təsadüfən  belə alındı... Üzr istəyirəm.

Oğlan özünü nədəsə günahkar bilir, yaxud da xalaqızının ərini yumşaltmaq istəyir. Bəlkə də məni düşünür, vəziyyətdən çıxartmağa çalışır. Hərçənd ki, bu versiya sonralar ağlıma gəlib.

Deyəsən xalaqızının əri də xeyli yumşalıb. İrəli düşüb evə tərəf gedir və mənə əmr edir:

-Gəl ardımca!

Dönüb  gözucu oğlana baxıram.

Oğlan yolu o biri üzə keçməyə hazırlaşır. Son anda baxışırıq. O, yenə də gülümsünür. Gülüşü dodaqlarından sifətinə yayılır, dünyaya ərk etmək, yaxud da meydan oxumaq, günəşə baxıb gülümsəmək kimi bir şey...  Anidən mənə əl edir və uzaqlaşaraq gözdən itir. Mən onu bir daha görmürəm.

Bu hadisədən sonra bir müddət onu xatırlayıram, Ağ darvazalı zavodun qarşısından, evin yaxınlığındakı dayanacaqdan keçəndə gözüm axtarır. Hələ deyəsən bir müddət fikir çəkib qüssələnirəm də. Sonra tamamilə unuduram.

Amma hərdən yaddaşımın  hansısa küncünə qonmuş, artıq çoxdan toz basmış, lazımsız, dəbdən düşmüş  lent kimi kənara atılmış  o hadisəni xatırlayanda yenə də ağlımdan  mənasız bir fikir keçir: görəsən o oğlanın adı nə idi? Əhməd, Cəmil, Murad?

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2024)

 

 

 

 

 

Sentyabrın 26-sı, saat 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan-Qırğızıstan ədəbi əlaqələrinə dair Dəyirmi Masa keçiriləcək. 

 

Tədbirdə yazıçı, AYB katibi Elçin Hüseynbəylinin Qırğızıstanda çap olunmuş kitabı da təqdim olunacaq. 

Marağı və həvəsi olanlar dəvət edilir. 

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2024)

Thursday, 26 September 2024 16:42

GƏNC İSTEDADLAR: Pərviz Əlyaroğlu

“Ədəbiyyat və incəsənət” portalı müxtəlif mədəniyyət sahələri üzrə gənc istedadların təqdimatını davam etdirir. Bu gün sizləri gənc yazar Pərviz Əlyaroğlu ilə tanış edirik.

 

Pərviz Əlyaroğlu 1995-ci il yanvarın 31-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Vüqar İbrahimov adına Xaçmaz kənd 2 saylı tam orta məktəbini 2012-ci ildə əla qiymətlərlə başa vurduqdan sonra yüksək balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinə daxil olub. 2016-ci ildə bakalavr təhsilini bitirərək eyni universitetin magistratura pilləsinə yüksəlib. 2018-ci ildə magistraturanı bitirib. Hazırda SOCAR-da çalışır.

Hekayələr, şeir və esselər, “İblisdən Betər” və “İkinci Nəfəs” romanlarının müəllifidir.

Yazıçılıq fəaliyyətinə uzun müddətdir başlasa da ilk dərc olunan kitabı 2017-ci ilin qış aylarında qələmə aldığı “İblisdən Betər” detektiv romanı oldu. Kitab 2018-ci il aprel ayından etibarən oxucuların ixtiyarındadır. “İkinci nəfəs” kitabının 2020-ci ildə nəşr edilib.

Dəfələrlə müxtəlif yazı müsabiqələrinin mükafatçılarından biri olub.

Sizə onun “Ata, sənə sözüm var” hekayəsini təqdim edirik.

 

 

 

Pərviz Əlyaroğlu

“Ata, sənə sözüm var”

(Atama)

 

Qarşıdan gələn maşının uzağı vuran işıqları gözünə düşəndə hansısa vəhşi heyvanın hücumunu hiss edən dovşan kimi özünü yol kənarına atdı. Bədən elastikliyi və çəkisi ona cəld hərəkət etməyə imkan verirdi. Üstəlik son zamanlar bir az da arıqlamış, necə deyərlər, bir dəri bir sümük qalmışdı. Olduqca sağlam görünsə də mənəvi cəhətdən tamamilə tükənib əldən düşmüşdü. Elə hey düşünür, gah kimisə günahlandırırmış kimi barmağını havada yellədir, gah dərindən köks ötürür, gah da başını yelləyə-yelləyə nəyəsə etirazını bildirir, sanki düşündükləri ilə barışmaq istəmirdi. Beyin hüceyrələri daim məşğul olduğu üçün bu aylı gecədə korlar kimi qarşısına çıxanları görmədən, haradan keçdiyinə fikir vermədən addım-addım gedirdi. Ona görə də qarşıdan gələn maşını gec görə bildi. Maşının işıqlarının gözünə düşməsi və özünü yol kənarına atması arasında bir saniyə belə keçmədi. Sürünüb yolun kənarındakı dərədə kol-kosun arasında gizləndi. Baxışları ilə keçib gedən maşını izlədi. Ona elə gəldi ki, maşın bir anlıq sürətini azaltdı, hətta dayanmaq üçün qəza işıqlarını da yandırdı. Yoxsa sürücü onu görmüşdü?! Ola bilməz, o cəld hərəkət etmişdi. İndi ələ keçə bilməzdi. Bu qədər yol gəldikdən sonra öz diqqətsizliyi ucbatından yaxalanıb geri qaytarılmaq istəməzdi. Axı hələ məqsədinə çatmamışdı. Bütün düşüncələrdən azad olacağı, ruhən, mənəvi rahatlıq tapacağına inandığı bu yoldan geri çəkilmək onu daha da məhv edərdi.

Maşın yenidən sürətini artırıb uzaqlaşmağa başladı. O maşının uzaqlaşan işıqlarına baxıb rahatladı. Bir qədər dayandığı yerdə dincəldikdən sonra ayağa qalxıb təpəyə sarı çevrildi. Artıq şosse ilə gedə bilməzdi. Az əvvəl bəxti gətirsə də bir gün onu yol kənarında hansısa təsadüfi sürücü görə, onu tanıyaraq polisə xəbər verə bilərdi. Bu isə onun əbədi olaraq məhv olması demək idi. Bu qədər yol gəldikdən sonra geri çəkilə bilməzdi. Digər tərəfdən çəkilmək də istəmirdi. O yetişmək istədiyi məqsədi mənəvi ehtiyac hesab edirdi. 

Bu uzun yolçuluğa başlamazdan əvvəl uzun-uzun düşünmüşdü. Bunun üçün xeyli vaxt sərf etməli olmuşdu. Uzun müddət nə edəcəyini, bu sıxıntılardan, mənəvi narahatlıqdan, vicdanını sızladan fikirlərdən yaxa qurtarmaq üçün nə etməli olduğunu götür-qoy etmişdi. Sonunda başqa bir yol görməmiş, ilk addımını ataraq bütün doğmalarını geridə buraxıb yola çıxmışdı. Artıq bir həftə idi ki, yol gedir, gecə-gündüz bilmədən irəliləyir, getdikcə daha çox düşünür, düşündükcə də daha çox irəli can ataraq məqsədinə bir an əvvəl çatmaq istəyirdi.

Beyninin içində o qədər fikir var idi ki, yaranan baş ağrılarını kəsmək üçün qəbul etdiyi heç bir dərman kömək etmirdi. Düşüncələri keçmişdə ilişib qalmışdı. Fikirlərində keçmişə səhayət edib sanki baş vermiş hansısa hadisəni, ya da nəyisə dəyişməyə çalışırdı. Beyninin içindəki səs ona “Hər şey başqa cür ola bilərdi” deyirdi. Az əvvəl yoldan keçən maşını vaxtında görüb özünü yol kənarına atması kimi. Bir anlıq ələ keçdiyini düşündü. Sürücü maşını saxlayıb yol kənarına boylanır, onu görüb polisə xəbər verir və çox keçmir ki, onu ələ keçirib ailəsinə təhvil verirlər. Necə də maraqlıdır, bir hadisə, ən xırda bir şey onun həyatını dəyişdirə bilərdi. İndi o dağları-dərələri aşmağa çalışmaya, ailəsinin yanında oturub dizlərini qucaqlayaraq hönkür-hönkür ağlaya bilərdi. Amma sürücü onu görməmişdi, deməli, taleyin istəyi ondan yana idi. O bu yolu başa vurmalı, mənzilinə çatmalı, keçmişi ilə üzləşməli idi. Elə isə keçmişdə olanlar da taleyin istəyi idi. Axı həmin hadisə olmasaydı indi o burada olmaz, gizlənmək məcburiyyətində qalmazdı. Ah, keçmiş necə də əzab verir, “əgər”lər, “kaş”lar insanı yıxıb sürüyür, məhv edir. Bir də görürsən ki, dəli olub yollara düşmüsən.

Lakin o özünü dəli hesab etmirdi. İlk baxışdan da belə görünmürdü. Daha çox günahkara oxşayırdı. Vicdanı ilə vuruşan zavallı döyüşçü kimi nə edəcəyini bilmirdi. Çıxış yolunu bu səhayətə çıxmaqda tapmışdı. Hətta  geridə buraxdığı gözü yaşlı anası, qardaşı, bacısı da onu bu yoldan döndərə bilməzdi. Getdikcə onları da düşünürdü. Onlara bu qədər əzab verməyə dəyərdimi? Yaşlı anası bununla baş  edib həyatda qala biləcəkdimi? Ürəyi bu qədər göz yaşına dayanarmı? Suallar o qədər idi ki, hansı birinə cavab verəcəkdi. Tək ümid yeri qardaşı və bacısı idi. Onlar analarını təsəlli edərdi. Bir də axı o ölməmişdi ki. Sadəcə olaraq heç kimə bir kəlmə də demədən evi tərk etmişdi. İndi, bir həftə sonra olsa-olsa itkin hesab oluna bilərdi. İtkin olmaq ölü olmaqdan daha ümidverici səslənir. Necə olsa itkin olan bir gün tapıla bilər, ən gözləmədiyin anda geri qayıdar, ölü isə əsla geri dönməz.

Bulud ona yol göstərən ayın qarşısını kəsəndə başını yuxarı qaldırdı. Başına gələnlərin alın yazısı, taleyin hökmü olduğunu qəbul etməsə də ayın öz işıqlarını ondan əsirgəməsini bir işarə kimi qəbul etdi. Yaxınlıqda daldalanmaq üçün bir yer tapmaq ümidi ilə ətrafına boylandı. İki təpənin arasında yaranan yarğan diqqətini çəkdi. Ora enib yıxılan ağac kötüyünün yanında oturdu. Çantasını çıxarıb kürəyini ağaca söykədi. Çantadan bir dilim çörək çıxarıb yeməyə başladı. Ocaq yandırmaq könlündən keçsə də bunu edə bilməzdi. Uzaqdan görülə biləcəyindən qorxurdu. Təpələrin arasında olsa da bu riski gözə almaq istəmədi. İndi sakitcə çörəyini yeyərkən uzaqlara zillənən gözləri önündə keçmişin xoş kadrları  canlanmağa başlamışdı. Xəyallar onu çox uzaqlara aparmışdı.

O vaxt onun on dörd yaşı vardı. Sübh tezdən günəşdən əvvəl yerindən qalxar, qardaşı ilə birlikdə meşə yoluna üz tutardı. Atasının iri addımlarına çatmağa çalışaraq onun bir-birindən maraqlı söhbətlərinə qulaq asar, dayanmadan suallar yağdıran qardaşına fikir vermədən yorulmadan atasının cavablarını dinləyərdi. Meşənin dərinliklərində, münasib yer tapdıqdan sonra atası odun tədarükünə başlayar, onlar isə kəsilmiş budaqları bir yerə yığmaqla məşğul olardılar. Günortaya yaxın quru budaqlar toplanıb ocaq qalanardı. Bu vaxt atası iki haçalı budaq hazırlayıb ocağın iki tərəfində yerə batırar, sonra çaydanın qulpunu düz bir çubuğa keçirib onu ocağın üstündən asardı. Qaynanmış yumurtalar soyular, çörək ortalığa qoyular və iştahla yeməyə başlayardılar. Bir neçə gün beləcə tədarükdən sonra yük maşını ilə odun yığılıb evə gətirilərdi.

İndi kürəyini ağaca söykəyib çörək yeyərkən həmin günləri xatırladı. Nə qədər yorulsa da ən xoşbəxt günlərinin həmin günlər olduğunu əminliklə deyə bilərdi. Hər şeydən xəbərsiz, heç nə düşünmədən firavan yaşayırdı. İndi, on il sonra düşünərkən həmin illərdə atasının nələr çəkdiyini, hansı əzablara qatlaşdığını, ailəsini dolandırmaq üçün hər gün nə qədər fikir etdiyini başa düşürdü.

Hazırda torpağın üstündə oturub uşaqlıq illərini arzu etsə də həmin illər onun həyatında keçirdiyi ən çətin və yoxsul illər olmuşdu. Qəflətən on yaşında başına gələn hadisəni xatırlayıb köksünü ötürdü. İbtidai məktəbi başa vurub yuxarı sinifə keçirdilər. Bütün siniflər kimi onlar da bu anı əbədiləşdirmək üçün kollektiv şəkil çəkdirmişdilər. Bütün uşaqlar şəklin pulunu ödəyib onu həvəslə evə aparırdı. Amma o, bir neçə ay həmin şəkli əldə edə bilmədi. Yoxsulluq o həddə çatmışdı ki, iyirmi qəpik pul tapıb ilk sinif yoldaşları ilə olan bu xatirə şəklini ala bilməmişdi. Bir gün sinif rəhbəri onu çağırdı. Həyəcanla, qorxa-qorxa getdi. “Yəqin şəklin pulunu istəyəcək” düşüncəsi ilə titrəyən əlini qaldırıb qapını döydü. İçəridən müəllimin gur səsi eşidildi, içəri keçib əllərini qarşısında qoşalaşdıraraq günahkar kimi başını aşağı saldı. O anda müəllimin dedikləri hələ də sözbəsöz qulaqlarında səslənirdi. “Oğul, ailə vəziyyətinizdən xəbərdaram. Bilirəm ki, şəkli götürməyə imkanınız yoxdur.” – Yaxınlaşıb şəkli ovcuna basdı. – “Götür bu şəkli apar evə. Soruşan olsa, pulunu atan verib. Oldumu?” Həmin anda nə deyəcəyini bilməmişdi. Gözləri dolub, dodaqları titrəsə də bunu heç kimə bildirməmişdi. Hələ indiyədək heç kim bilmir ki, almağa onun pulu olmadığı üçün müəllim ona həmin şəkli hədiyyə etmişdi.

Gözləri yaşarıb dodaqları titrəməyə başladı. Sanki birdən-birə müəlliminin qarşısında əlində şəkil tutan balaca oğlana çevrilmişdi. Sanki nəsə deməyə çalışırmış kimi baxır, amma deyə bilmirdi. Bu hadisə on yaşlı balacanı bu qədər kədərə qərq etmişdisə, gör onun atası həmin vaxt nələr yaşayıb, nə düşünmüşdü. Övladına bir şəkil belə almağa gücü çatmayan valideyn kimi kim bilir özünü neçə dəfə günahlandırmışdı, neçə gün qəm dəryasına  batmışdı. İndi on il sonra atasını daha yaxşı anlayır, onun nə hisslər keçirdiyini az da olsa başa düşürdü.

Fikirlər çörəyini sonacan yeməyə imkan vermədi. Çantasını əlinə alıb çörəyi yerinə qoyduqdan sonra söykəndiyi kötüyün yanındaca yerə uzandı. Çantasını yastıq əvəzi başının altına qoymuşdu. Xəyallar indi də onu Bakıya, bir kəlmə belə demədən tərk etdiyi ailəsinin yanına aparmışdı. Görəsən, indi anası nə işlə məşğul idi? Ağlamaqdan göz yaşları qurumuşdumu? Qardaşı onu təsəlli edə bilirdimi, görəsən? Atasını itirərkən onların necə hönkürdüyünü görmüşdü. Görəsən indi də o günki kimi fəryad edirdilər, yoxsa artıq ağlamağa taqətləri qalmamışdı? Bütün bu sualları düşündükcə özünü günahlandırır, onlara ikinci zərbəni vurduğuna görə ən ağır cəza ilə cəzalandırılmaq istəyirdi. Amma başqa yolu yox idi. Daxili sarsıntılarından qurtulmaq, günahını az da olsa yüngüllətmək üçün bu səfərə çıxmalı, yalnız qalaraq öz-özlüyündə hər şeyə aydınlıq gətirməli, ruhunu sarmaşıq kimi bürüyən sıxıntıları ilə üzləşməli idi. Atasının məzarına doğru çıxdığı yoldan geri çəkilə bilməzdi. Bu yol ona mənəvi iztirablarını dindirməkdə, vicdanı ilə üz-üzə gəlməkdə kömək edəcəkdi. Atasına son sözünü demək üçün hansı çətinliklər olursa olsun, hamısına dözəcək, bu yolu başa vuracaqdı. Bunu son borcu, vicdan məsələsi hesab edirdi.

Gecənin səssizliyində əks-səda verən şırıltı səsini eşidib başını qaldırdı. Səs yaxınlıqdakı kolluqdan gəlirdi. Ehtiyatla yerindən qalxıb səs gələn tərəfə yaxınlaşdı. Kolun yerə yatan budaqlarını qaldırıb qorxa-qorxa altına boylandı. Fənərin zəif işığında qarşısında balaca bir tısbağa balasının xırda addımlarla getməyə çalışdığını görəndə yerində quruyub qaldı. Nədənsə insan kimisə itirdikdə gördüyü hər şey və hər kəs ona həmin insanı xatırladır. Bu dəfə də belə oldu, tısbağa ona yenə də atasını xatırlatmışdı.

O zamanlar on iki on üç yaşı olardı. Kənd həyatı elədir ki, həmişə iş tapılır, axşama qədər çalışıb vuruşursan amma yenə də növbəti gün üçün mütləq iş qalır. Kənddə bütün evlərin həyətyanı sahəsini ayıran çəpərlər yaz aylarında bir qayda olaraq yenidən düzəldilirdi. Bunun üçün kənd camaatı meşədən kol-kos yığıb iplə bağlayaraq gətirib çəpərə qoyurdular. Bir az imkanlı ailələr həyətyanı sahəsini setka ilə, bəziləri daş ilə hasara aldığı üçün bu əziyyətli işdən azad olmuşdular. Yoxsullar isə günlərlə meşədə əlləşməli olurdular. Onlar da ilk bahar günlərini meşədə keçirir, atasının dəstələdiyi kol bağlamalarını qardaşı ilə birlikdə bir topaya yığırdılar. Sonra atası əslində at qoşulması üçün nəzərdə tutulan iri taxta arabanı yaxınlaşdırır, kolları onun üstünə səliqə ilə yığıb bağlayırdı. Qırxdan çox bağlama – buna kənd camaatı arasında basma deyirdilər – arabanın üstündə böyük təpə yaradırdı.  Sonra bu ağır yükü neçə kilometr uzaqlıqda olan evlərinə qədər darta-darta aparırdı. O vaxt atasının həmin arabanı necə dartdığına izah verə bilmirdi. Elə bilirdi ki, o da böyüyəndə atası kimi güclü olub arabanı darta biləcək. Amma indi atasının o ağır arabanı sadəcə gücü-qüvvəsi çox olduğu üçün asanlıqla dartmadığını anlayırdı. Ona güc verən başqa şeylər var idi. Sən demə o arabanı dartmağa kömək edən gözəgörünməz qüvvələr var imiş. Arabanın bir tərəfindən əlacsızlıq, digər tərəfindən çarəsizlik yapışıb ona kömək edirdilər. Onun başqa yolu yox idi, ondan başqa bu işi görəcək ikinci adam da yox idi. O bu işin öhdəsindən gəlirdi, çünki gəlməli idi, yaşamaq üçün, ailəsini dolandırmaq üçün bunu etməli olduğunu bilirdi.

Bir gün yenə meşədən kol gətirirdilər. Atası qabaqda arabanı dartır, hərdən xırda təpələrlə qarşılaşanda qardaşı ilə birlikdə o da arxadan itələyirdilər. Yenə bir təpəni aşıb iki addım atmışdılar ki, qardaşının sevinc qarışıq qışqırıq səsinə geri çevrildilər. Ata arabanı yerə qoydu. Hər ikisi qaçaraq “Ata, bax, bax!!” deyən qardaşının yanına tələsdi. Balaca bir tısbağa balası təpəni qalxmağa çalışırdı. Üçü də bir müddət maraqla baxdı. İki qardaş ilk dəfə idi ki, tısbağa görürdü. Bir az baxdıqdan sonra atası iri, kobud əli ilə tısbağanın çanağından yapışdı. Tısbağa dərhal qınına yığıldı. Atası onu aparıb yol kənarında düz bir yerdə buraxdı. Bir neçə addım geri çəkilib baxmağa başladılar. Tısbağa qorxa-qorxa qınından çıxıb yoluna davam etdi. Sonra onlar da evə doğru yol aldılar.

İndi də ilk dəfə tısbağa görən balaca uşaq həyəcanı ilə, göz yaşları içində boğulan təbəssümlə kolluqdan canını qurtarmağa çalışan tısbağaya baxırdı. Tısbağa balası nə qədər çalışsa da qarşısındakı balaca budağın üstündən adlayıb keçə bilmirdi. Ona kömək etmək üçün fənəri sol əlinə aldı, sağ əlini kolluğun içinə sarı uzatdı. İri, toppuş əli ilə çanağından yapışıb onu havaya qaldırdı, çevirib o tərəf bu tərəfinə diqqətlə baxdı. Sonra qınına çəkilən tısbağanı daha çox qorxutmamaq üçün budağın o biri tərəfində yerə qoyub geri çəkildi. Gec-gecdən tısbağa çanağından qorxa-qorxa çıxıb yoluna davam etdi. Nədənsə ona elə gəlirdi ki, bu elə həmin, uşaq vaxtı qarşılaşdığı tısbağa idi. Bütün bəzəkləri, çanağındakı naxışlar demək olar ki, eyni idi. Bununla sanki o bir zamanlar atasının əlinin toxunduğu yerə, eyni çanağa toxunmuş kimi hiss edirdi. Bu isə ona başqa bir xoşbəxtlik bəxş etmişdi, uzun zaman idi ki, o bu qədər sevindiyini, sevincdən köksünün bu qədər qabardığını hiss etməmişdi.

Üzündə təbəssümlə sağ əlinə baxa-baxa yenidən kötüyün yanına qayıdıb yerində uzandı. Əlini sol əlinin içində möhkəm sıxıb sevinclə gözlərini yumdu və beləcə yuxuya getməyə çalışdı. Çox keçmədi ki, qara fikirlər, nə qədər çalışsa da cavab tapa bilmədiyi suallar yenidən beyninə hakim kəsildi. Əvvəl yenə göz yaşları içində hıçqıran anası, qardaşı və bacısı gözləri önündə canlandı. Sonra birdən-birə dünyalar gözəli nişanlısı gəlib qarşısında dayandı. Evdən çıxdığı gündən sonra demək olar ki, hər gün onunla qarşılaşmalı olurdu. Axı onu birdən-birə tərk etməyə, bir kəlmə  belə demədən qeybə çəkilməyə nə haqqı var idi? Gecənin qaranlığında düşündükcə nə qədər zalım olduğunu, ürəyinin yerində ağır bir daş parçası gəzdirdiyini, insanlıqdan payını almamış zavallı bir məxluq olduğunu qəbul edirdi. Ətrafında olan hamını kədərə boğan, onları düşünmədən yalnız öz amalına çatmağa can atan məxluq özünə necə haqq qazandıra bilər ki? Əvvəl atasına etdikləri, sonra bu yetmirmiş kimi anası, qardaş-bacısı, nişanlısı və onu sevən neçə-neçə tanışları... Bu qədər qüssəyə səbəb olmaq olardımı? Düşündükcə ağlını itirəcək həddə çatır, başını əlləri arasında sıxaraq xilas olmağa çalışırdı. Gah beyninin içində özünə haqq verir, gah da boğazını dar ağacının kəndirinə keçirib ayağının altındakı kətili itələyirdi. Sonunda göz qapaqları ağırlaşmağa başladı. On səkkiz saatlıq yol onu əldən salmışdı. Odur ki, bir neçə dəqiqə içində yuxuya getdi.

Sübh tezdən yuxudan oyanıb yola düzəlmişdi. Bu gün yolu istər-istəməz şəhərin ortasından keçdiyi üçün başına papaq qoymuş, ağzını və burnunu şərf ilə möhkəmcə sarımışdı. Şəhərin ətrafı keçilməz qayalıqlarla əhatə olunduğu üçün başqa yolu yox idi. Yol kənarı ilə yorğun addımlarla irəliləyir, hərdən başını qaldırıb ətrafına göz gəzdirir, təhlükəli birşey olmadığına əmin olduqdan sonra daha əmin addımlarla yoluna davam edirdi. Elə bu vaxt gedikcə yaxınlaşan tanış sirena səsləri eşidilməyə başladı. Səs getdikcə yaxınlaşır, yaxınlaşdıqca onu daha çox vahiməyə salırdı. Bir-birini növbəli şəkildə əvəz edən bir uzun və bir qısa səs siqnalı düşüncələrini ələ keçirib onu keçmişə, heç vaxt üzləşmək istəmədiyi həmin qorxunc günə aparırdı. Çox keçmədi ki, yanından sürətlə ötüb keçən təcili yardım maşını yaxınlıqda yolu burulub xəstəxana binasının həyətinə daxil oldu. Gənc oğlan dərhal başını əlləri arasına alıb yerə çökdü, dəli kimi hönkürüb zarımağa başladı.

Həmin günün axşamı işdən geri qayıdanda atasını evdə görmüşdü. O rayondan yenicə qayıtmış, gətirdiyi meyvə-tərəvəzləri, əşyalarını yerbəyer etməklə məşğul idi. Yaxınlaşıb qucaqlaşdılar, dərhal sonra otağına çəkilib həmişəki kimi kitab oxumağa başladı. Atası ilə həmişə məsafəli olmuş, ürəyində onu çox istəsə də bunu heç vaxt dilə gətirməmişdi. Yenə də eyni, sıradan bir gün kimi bütün ailə birlikdə yemək süfrəsi arxasında oturdu. Bunun son axşam yeməyi olduğunu bilmədən hamı yeməyini yeyib öz hücrəsinə çəkildi.

Səhərə yaxın anasının fəryadı ilə hamı yuxudan hövlnak qalxdı. Tez, tələsik əyninə paltar keçirib digər otağa keçdilər. Atasının rəngi ağappaq olmuş, buz kimi soyuq tər içində çarpayıda uzanmışdı. Xırda-xırda və sürətlə nəfəs alırdı, elə bil hava ciyərlərinə gedib çatmırdı, sanki neçə kilometr qaçıb təngnəfəs olmuşdu. Vaxt itirmədən təcili yardım çağırdılar. Kömək gələnə qədər sanki zaman keçmək bilmirdi. Həyəcan, təşviş içində evdə çox dayana bilməyən qardaşı yola çıxıb təcili yardımı gözləməyə başladı. Gec-gecdən həkimlə birlikdə otağa girdi. Həkim əvvəl xəstənin təzyiqini yoxlayıb köməkçisinə tapşırıq verdi. Tibb bacısı iynəni hazırlayarkən həkim xəstənin ürəyini yoxlamaq üçün naqilləri qoşmağa başlamışdı. Gənc oğlan isə kənarda durub, əllərini çarpazlayaraq həyəcanla atasına nə olduğunu düşünürdü. O, həkimin necə həyəcanlandığını, əllərinin necə əsdiyini, titrəyən barmaqları arasında tutduğu iynəni necə çətinliklə atasının qoluna vurduğunu hiss edirdi. Bu isə onu daha da çox təşvişə salırdı. Çox keçmədi ki, həkim göstəriş verdi, xərəyi gətirdilər. Atası yenə onlara əziyyət vermək istəmədi, övladlarına güc düşməsin deyə özü birtəhər çıxıb xərəkdə uzandı. Xərəyin bir tərəfindən o, birindən qardaşı tutub pilləkənləri çətinliklə endilər. Təcili yardıma minib yola düzələrkən qorxa-qorxa atasının ayaqlarına toxundu, sanki buz parçasına toxunmuş kimi  əlləri sızıldadı. Ürəyində atasını xilas etməsi üçün Allaha dua etməkdən başqa əlindən heç nə gəlmirdi.

Təcili yardım xəstəni təkərli çarpayıda reanimasiyaya təhvil verib başqa çağırış üçün yola düzəldi. Gənc oğlan geniş liftdə yanında tibb bacısı, qarşısında genişlənmiş göz bəbəkləri ilə ona baxan atası ilə birlikdə reanimasiyaya qalxdı. O gözlər necə də qəribə baxırdı, sanki nəsə demək istəyir, amma dili söz tutmadığı üçün baxışları ilə izah etməyə çalışırdı. Elə bil gözləri ilə ona - ailənin böyük oğluna vəsiyyət edirdi. Bütün ailəni ona tapşırırdı sanki. Gənc oğlan o gözlərdə bütün dünyanı görmüşdü, çarəsizlik, gücsüzlük hiss etmişdi.

Dəhlizlə irəliləyib hansısa otağın qarşısında dayandılar. Baş həkim çıxıb xəstəyə baxıb hirslə, qışqıra-qışqıra yer olmadığından şikayətləndi. Daha sonra xəstənin çoxdan öldüyünü deyib otağına çəkildi. Gənc oğlan dərhal atasına baxdı, onun hələ də nəfəs aldığını görüb bir az rahatlandı. Tibb bacılarından biri çarpayını hazırlamağa başlasa da olduqca ləng hərəkət edirdi. Gənc irəli keçib atasını xərəkdən çarpayıya keçirməyə kömək etdi. Sonra dəhlizdə olan bu təkərləri qırılmış çarpayını var gücü ilə sürüyüb reanimasiya otağına saldı. Zavallı elə düşünürdü ki, atasını bu otağa nə qədər tez çatdırsa yaxşıdır, onu xilas edə biləcək, sanki bu otaqda heç kim ölə bilməzdi. Həmin gün gənc oğlan bu fikrin nə qədər yalan olduğunu anladı.

Həyətdə o tərəf bu tərəfə gəzişərkən anası ah-vay edərək bir kənarda oturmuşdu. Nə qədər keçdiyini bilmədi, onu içəri çağırdılar. Anası hər şeyi başa düşüb hönkürməyə başladı, amma gənc oğlan hələ də ümid edirdi. Ürəyində onun köməyinə, ya qanına, ya hər hansı istənilən köməyə ehtiyac olduğunu düşünürdü. Buna baxmayaraq qorxa-qorxa dəhlizlə irəliləyirdi, dəhlizdə hamı başını aşağı dikmişdi. Reanimasiya otağının açıq qapısından atasının uzandığı çarpayını görüb hər şeyi başa düşdü, onun üzünü ağ parça ilə bağlamışdılar. Artıq atası yox idi.. Əbədi olaraq onları tərk etmişdi…

Gənc oğlanın evi tərk etməsindən bir ay keçmişdi. Kənd qəbiristanlığında heç kimin tanımadığı, saçı-saqqalı xeyli uzanmış bir nəfər irəliləyirdi. Yorğun addımlarla qəbirləri bir-bir geridə buraxıb baxışlarını bir an olsun ayırmadığı qəbrə yaxınlaşdı. Əyilib qarşısında diz çökdü , dərindən ah çəkib dedi:

- Mən gəldim, ata! Nəhayət uzun ayrılıqdan sonra, bax yenə burdayam, düz qarşında durmuşam. Bilirsən, sənin üçün nə qədər darıxmışam!? Sənsiz o qədər çətindir ki.. Axı mən hələ hazır deyildim.. Biz hazır deyildik səni itirməyə.. Sənsiz həyatımız necə alt üst olub bir bilsən. Yoxluğunu hiss etdirməmək üçün əlimdən gələni edirəm, ata. Amma mən sən ola bilmərəm axı.. Sənin qədər güclü, sənin qədər möhkəm ola bilmərəm..

Bax indi qarşında durmuşam.. Bizi elə tez tərk etdin ki, heç bir kəlmə belə deyə bilmədik. Səni nə qədər çox sevdiyimizi deyə bilmədik.. Bağışla məni, ata... Bağışla... İndi bu soyuq məzarda uzanmağının bir günahkarı varsa o da mənəm. Səni mən öldürdüm... Keç günahımdan... əlimdə olsa öz canımı verərdim, təki sən yaşa... Ailəmizin yanına qayıt. Günahkaram… Axı mən hardan biləydim... səni itirməkdən o çox qədər qorxurdum ki... Xəstəxana dəhlizində yalnız bir şey, səni otağa mümkün qədər tez keçirmək haqqında düşünürdüm. Nə biləydim ki, məsələ bununla bitmir... Hardan biləydim ki, sən elə mənim, bu yaramaz oğlunun fərsizliyinin, tələskənliyinin qurbanı ola bilərsən... Bilirsən, həkimlər nə dedi? Ürəyin parçalanıbmış... başa düşürsən!? Kürəyin gömgöy imiş məsciddə yuyularkən... Bunda yalnız mən, mən günahkaram.

Həmin dəhliz yadındadır!? Xərəkdən çarpayıya keçirmək üçün adyalın ucundan yapışmağım, həkimin yavaş, yavaş deməyinə fikir vermədən səni qaldırıb zərblə çarpayıya keçirməyim… Bax buna ürək tab gətirərmi!? Bağışla məni, ata. Bağışla... Mən səni incitmək istəməmişdim... Heç özüm də bilmirəm necə oldu.. Birdən-birə gücüm tükəndi. Əllərimm arasından sürüşüb düşdün... tuta bilmədim... ehh... bacarmadım, ata... Nolar, bağışla məni... Belə fərsiz övlad olduğum üçün bağışla... Bu yaşa qədər həmişə qulluğumda durmusan... Mənim üçün hər şeyin ən yaxşısını etmisən. Mənsə təkcə bir gün, o qara gün ilk dəfə olaraq sənin üçün nəsə etməli idim... onu  da bacarmadım... Ata, bağışla məni... Sənə layiq olmadığım üçün keç günahımdan…

Göz yaşları içində başdaşını qucaqlayıb için için ağlamağa başladı. Saatlar sonra bir aydır yanında gəzdirdiyi telefonu çıxarıb nömrəni telefona saldı. Bir neçə düyməni basıb telefonu qulağına apardı.

- Ana. - deyə çətinliklə səslədi..

Telefonun o başında “Can Ana” sözlərini eşidib yenidən ağlamağa başladı…

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.