Super User

Super User

Tuesday, 01 October 2024 14:11

ƏN YENİ POEZİYA: “O”, Qulu Ağsəs

“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün tanınmış şair Qulu Ağsəs “O” şeiri təqdim edilir. Necə deyərlər, mürəkkəbi hələ qurumamış bu şeiri isti-isti sizlərə çatdırırırq.

Kimdir O?

 

 

Qulu AĞSƏS

"O"

 

Mən Onu yaxşı tanıyırdım,

Adam rayonundan idi –

əsli,

Mən Onu yaxşı tanıyırdım, 

sözün də açığını sevməzdi – 

əsla...

Mən Onu yaxşı tanıyırdım, 

düşüncələri təzə şum kimi

alt-üst idi,

Mən Onu yaxşı tanıyırdım, 

su da atmazdı arxadan –

o qədər dürüst idi...

Mən Onu yaxşı tanıyırdım, 

az yazdı,

amma A-dan Z-yəcən çatardı AZ-ı,

Mən Onu yaxşı tanıyırdım,

Allahdan başqa, 

hamıdan qorxurdu yazıq...

Mən Onu yaxşı tanıyırdım,

O, mənim hər şeyimdi...

Mən Onun yarısı,

Mən Onu çoxdan tanıyırdım,

Alın təriylə yazılmışdı 

alın yazısı...

 

“Ədəbiyyat və incəsənət”

(01.10. 2024)

MAY VAN FAN, Vyetnam. 

 

 

“Ədəbiyyat və incəsənət” portalı görkəmli Vyetnam şairi və tərcüməçisi May Van Fanın həmyerlimiz Təranə Turan Rəhimli yaradıcılığına həsr edilmiş məqaləsini təqdim edir. 

 

Təranə Turan Rəhimlinin şeirləri ilk dəfə 2021-ci ilin may ayında tərcümə olunaraq Vyetnam oxucularının ixtiyarına verilib. Onun şeirləri tez bir zamanda yerli ədəbi ictimaiyyətdə məşhurlaşdı. Şairin özünəməxsus, güclü, lakin zərif ədəbi üslubu bütövlükdə Mərkəzi Asiyanın mahiyyətini və mədəni əzəmətini əks etdirir. Vyetnamda bir çox mətbuat orqanında Təranə Turanın fotosu, bioqrafiyası ilə yanaşı şeirləri də dərc olunub. Onun güclü poetik cazibəsiylə seçilən şeirləri ilə bərabər, parlaq, aydın, qətiyyətli və dərin baxışlı gözəl Azərbaycan qadını obrazı da Vyetnamlı oxucunu sehrləyib. O  gözlər onun şeirlərinin sirli ruhunu açır, şeirləri isə o ifadəli gözlərdəki dərin və gizli duyğuları dərk etməyə imkan verir. Azərbaycan şairi Təranə Turan Rəhimli haqqında məndə yaranan ilk təəssüratlar bunlardır.

Bu poeziya haqqında bütöv düşüncələrim isə  daha dərin qatlara gedib  çıxır. Təranə Turan Rəhimlinin poeziyası ölüm təhlükəsi ilə axan iti çayların, sıldırım və kələ-kötür qayaların yanından keçən, çoxlu dolanbac və keşməkeşli cığırları olan, nahamar, zənginlik və rəngarənglikdən uzaq bir həyatı təsvir edir. Və bu cür yollarda sualtı daşlar, təhlükəni çağıran çoxlu maneələr ola bilər. Amma maraqlısı odur ki, Təranənin şeirlərini oxuyandan sonra hər birimiz öz həyatımıza daha çox inanır, onu daha çox sevirik, daha parlaq gələcəyə ümidlənir, başqalarına daha böyük inam bəxş edirik. Az əvvəl təsvir etdiyim bu hisslər onun “Məndə daşa da sevgi var” şeirində daha dolğun bədii əksini tapmışdır:

 

Yenə gözlərim üşüdü,

Baxışların nə soyuqdu.

Odlu dilini don vurub,

Sözündə hərarət yoxdu.

 

Təranə Turan Rəhimlinin şeirlərindəki qısa marşrutlar və uzun yollar məhəbbətdəki məsafəni, bizim aramızdakı, insanın insanla, millətin millətlə distansiyasını təcəssüm etdirir. İki insanın hər gün bir-birini görməsinə,  həyatı bölüşməsinə,  gündəlik işləri birlikdə yerinə yetirməsinə və hətta bir damı paylaşmasına baxmayaraq, qarşılıqlı anlaşması, ortaq dil tapması və empatiya qurması olduqca çətindir. Əgər bu real həyatdırsa, problem bir gündə, bir gecədə həll olunmayacaq. Bu təcrid, deyəsən, təkcə iki insan arasında deyil, cəmiyyətdəki bütün insanlar arasında dərin uçurumlar yaradıb. Təranə Turan Rəhimli isə oxucuların düşüncəsində buraxılmış boşluqları dərhal poeziyanın qüdrətində, gözəlliyində təcəssüm tapmış böyük fədakarlıqla, güclü və əsl sevgi ilə doldurur.

 

Qəm etmə belə soyuqsan,

Məndə daşa da sevgi var.

 

("Məndə daşa da sevgi var").

 

Şeirin əvvəlindəki bənddə oxucunu lirik "mən"in hələ də sevdiyi insanın maneələri, soyuqluğu narahat edir. Bununla belə, şair şeirin sonunda bu soyuqluğu, buzu əridib, məsafələri birliyə, bütünlüyə çevirir. Son misranın intensivliyi şeirin ümumi tempini sürətləndirir. Təranə bu möcüzəni ona görə göstərir ki, o, həmişə öz sevgisinin gerçəkliyinə və sarsılmaz sədaqətinə inanıb. Bu sevginin “daşları, qayaları əritmək” gücü var. Bu bir möminin bütün həyatını sevinclə Allaha ibadətə həsr etrməsi qədər çox gözəl və təsirli bir fədakarlıqdır.

Təranə Turan Rəhimli işığa və həqiqətə inandığı qədər sevgisinə də inanır. Onun poeziyası adətən işığın zülmətdən üstünlüyü təəssüratını yaradır, enerji və gücün qaranlıqdan qat-qat böyük olduğunu göstərir. Bu planetdə işığın və qaranlığın dünyanın iki qütbündə bir-birini təqib etdiyini, daimi bir qarşıdurmada olduğunu müşahidə etmək normaldır. Dünyanın yarısı qaranlıq, digər yarısı isə işıqlıdır.Təranənin poeziyası isə daha çox amplituda ilə işıq saçır, kainatın qanunlarından daha uzun ömür sürür. O, öz poeziyası üçün zaman qanunu və işıq qanunu yaratmışdır. Onun poeziyasındakı işıq daima gur yanır, şərin həmişə dəf ediləcəyini və kökünün kəsiləcəyini nümayiş etdirir. Bu şeirlərdə yalanlardan ucalan saxta qəsrlər sürətlə uçulur, Haqqın məhkəməsi açılır:

 

Hər şeyi biləcək adamlar,

Bildikcə qınayacaqlar.

Tonqallar çatılacaq

günahkar keçmişə.

Təkcə sözləri seçib saxlayacaqlar,

Bir də… məni

sevgimdən tanıyacaqlar.

 

("Sevgimdən tanıyacaqlar")

 

Bu şeirdə Təranə Turan Rəhimli bütün qorxunc düşmənlərə qalib gəlmiş qəhrəman döyüşçü kimi görünür. Bu həyatda belə düşmənlər şər, hiylə və hətta duyarsızlığın özüdür. O, həm də mənə ucsuz-bucaqsız okeanın ortasında nəhəng bir istridiyənin içində səssizcə böyüyən qiymətli mirvari kimi daha fərqli, daha başqa bir görüntünü xatırlatdı. Böyük dalğalara və şiddətli küləklərə baxmayaraq, o mirvari getdikcə daha da çox parlayır. İndi bu gözəl şeirlər vasitəsilə o inci bütün simasını oxuculara göstərir.

Hər bir şairin özünəməxsus sevgi anlayışı və təsviri var. Təranə Turan Rəhimli öz oxucularının Azərbaycan xalqının ruhuna, özünəməxsus gözəlliyinə və sirlərinə heyran olmasına imkan yaradır. Bu, qədimliyin əzəmətini müasirliklə birləşdirən fərqli bir mədəniyyət diyarının saf gözəlliyinə olan sevgidir. Onun həm Şərq, həm də Qərb mədəni ideallarını özündə cəmləşdirən poeziyasında bu sevgi intensiv surətdə və zərif bir şəkildə təmsil olunur. Təranənin misraları yeni püskürən vulkandan xəbər verir, lakin onun tutumu və əsas gücü proqnozlaşdırıla bilər.

“Hərə bir şey sayıqlayır...” şeirində çox gözəl və bənzərsiz bir keçidə rast gəldim:

 

Bu şəhər bəxtsiz gözəldi,

Üzü gülür, qəlbi gülmür.

 

Təranə Turan Rəhimlinin şeirlərində şəhərin qəlbi sanki bunca dərdə ortaq olduğu, insan yaşamının bütün çətinliklərini paylaşdığı üçün döyünür və işıq saçır. “Gülməyən qəlb” obrazı Təranənin şəhərini munis bir sirdaşa, enişli-yoxuşlu canlı həyata çevirir.

 

Qırılıb səbr kasası,

Yola çıxıb səbr gəzir.

İçindəki dərdi-səri

Boşaltmağa qəbir gəzir.

 

("Hərə bir şey sayıqlayır...")

 

Təranə Turan Rəhimlinin şeirlərindəki lirik "mən" bütün çətinlikləri, əngəlləri çox vaxt bu şəkildə dəf edir. Sanki yaxşılıq həmişə şərə qalib gəlir, qaranlıq isə həmişə geri çəkilir, əvəzinə işığın dolması üçün yer açılır.

Təranə Turan Rəhimlinin şeirləri ən az onun gözləri, baxışları qədər maraq oyadan və sirlidir. Bu poeziya oxucunu başqa planetə aparan hipnozedici təsirə malikdir. Onun hər bir şeiri çox vaxt özünəməxsus, bənzərsiz, öz aləmində nadir və gözlənilməz bir məkan yaradır. Bu məkanda həyatın reallığı dərin və sonsuzdur, dibini görə bilmədiyimiz uçuruma bənzəyir. O uçurum həmişə həyəcan, təhlükə, güvənsizlik və müdafiəsizlik hissləri doğursa da, Təranənin şeirləri  hər zaman hər birimizə doğru uzanan isti, səmimi , əziz  dost  əli kimi meydana çıxır. Təranə Turan Rəhimlinin hər misrasından həmişə yaxın, isti və ağrılı çağırışlar eşidirəm. Bu çağırış bizi bu dəyişkən həyatda bütün sədləri aşmağa, maneələri, parçalanmaları və ayrı-seçkilikləri dəf etməyə səsləyir.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2024)

Tuesday, 01 October 2024 13:39

GÜLÜŞ KLUBUnda ambisiyalı qarışqa

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Kəkotu çayı ilə arıqlamaq resepti. 

Dağlara, sıldırım qayalara çıxıb onu dərirsən, sonra da çayını dəmləyib içirsən. 

P.S. İkincini etməsəniz də olar. 

 

2.

Dərdayılın bir barmağı yoxdur. 

Hamı elə bilirdi ki, o xarratdır.

O isə stomatoloq idi. 

 

3.

Qarışqa inəyin arxa ayağı ilə qalxıb buduna çatanda inək onu quyruğu ilə vurub yerə salır. 

Bu dəfə qarışqa inəyin qabaq ayaqları ilə inadla qalxıb onun sinəsi boyu qalxıb başına adlayır, qulağının dibinə çatıb deyir:

-Adam adamı namərdcəsinə sinəsindən vurmaz! 

 

4.

SƏMƏD şirkətinə nazik barmaqlı, cəld, intuisiyalı, bir baxışla cibin, çantanın, pulqabının içini görə bilən kadrlar işə götürülür. İş yerləri ictimai nəqliyyat, vağzallar, dayanacaqlar və mollardır. 

Əməkhaqqı “vıruçkanın” 50 faizi qədərdir.

 

5.

DYP 22 mərtəbəli binanın sürətli lifti üçün radar quraşdırdı. 

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2024)

 Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Mal ətindən şam kababının 

hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

 DÜSTUR

§ Mal əti – 159 qr

§ Quyruq – 25 qr

§ Soğan – 25 qr

§ Pomidor (və ya tomat pastası)

– 15 qr

§ Kartof – 50 qr

§ Yaşıl bibər – 30 qr

§ Kök – 35 qr

§ Kərə yağı – 30 qr

§ Dəfnə yarpağı – 3 qr

§ Reyhan qurusu – 3 qr

§ Sarıçiçək – 0,01 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI

Mal ətinə quyruq, duz, istiot, soğan vurulub, qiymə hazırlanır. Tərəvəzlər yuyulur, təmizlənir, xırda doğranır. Kartof kvadrat formada böyük ölçüdə doğranır. Qiymədən lülələr hazırlanır. Yağ qızdırılır və lülələr qızardılır. Sonra tərəvəzlər ardıcıl olaraq kabab- la tovlanır, işgənə (və ya su), duz, isti- ot əlavə edilir və bişməyə qoyulur. Ha- zır olana yaxın dəfnə yarpağı vurulur. Tam hazır olduqda üzərinə reyhan qurusu səpilir.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Nurlana İşığın hekayəsi təqdim edilir. 

 

Noyabr ayı küləkli keçirdi. Hava qadın kimi mısmırığını sallamışdı. Göy üzü "yağacam" deyib dururdu. Ər və arvad avtomobilin yük yerinə iki dolu çanta yerləşdirdilər.

Kişi maşının açarını işə salanda soruşdu:

- Bağbana xəbər etmisənmi, kombini yandırsın?

- Yox, - gözləri yol çəkən qadın dilləndi, -  havalar elə də soyumayıb.

- Barı, deyərdin, yorğanları çıxarardı altdakı otaqdan.

Qadın qəfil üzünü kişiyə tərəf çevirdi:

- Sənə deməyi unutmuşam, bağban rayona gedib, zəng edib icazə istədi, arvadı xəstələnib.

- Hə? Bəs məni niyə yığmayıb?

-Yəqin, nömrəni unudub, nə fərqi var ki?

- Yox... fərqi yoxdur. Yaxşı edib icazə vermisən... o da çox qocalıb, neçə il qulluğumuzda durub, düz eləmisən. Yağış da başladı, elə bil məni gözləyir, nə vaxt maşını yudursam, göy üzü tökür. Həmişə də şənbə gününə təsadüf edir. Fikir vermisən?

- Yox...

Qadın köks ötürdü. Sonra yenə gözləri yol çəkdi. Buludlar dağılmağa başladı. Maşının şüşəsinə dəyən damcılar getdikcə öləziyirdi.

Bağa çatanda yağış kəsmişdi, su mavisi rəngini almış səmada Günəş işarırdı. Lap yaxında ququ quşunun səsi eşidilirdi. Həyətdəki  feyxoa yarpaqları narıncı-qırmızıya çalırdı, qadının ən sevdiyi rəng idi, ənlik seçəndə həmişə bu tonda olanını alırdı. O, ququ quşunu görmək ümidiylə ətrafa baxdı. Bu səsi ilk dəfə uşaqlıqda anasının cehizi olan divar saatında eşitmişdi. Keçən dəfə gələndə torpaqda eşələnən tısbağanı axtardı gözləri. Ağacların dibinə baxdı, uzun bağçanın ayağına kimi gedib-gəldi. Torpağa səpələnmiş qızılı yarpaqlardan dəstə düzəldib evə girdi. Kişi əlində xarab olmuş fənəri tutub nəsə deyirdi.

Qadın:

"Necədir payız aksesuarım?" - soruşdu.

Kişi ötəri nəzər yetirib, dilucu bir şeylər mızıldandı, fənəri qurdaladı, sonra da dedi:

- Nahar etmirik?

- İndi gəlmişik ki, nə tez acmısan? Bağda yetişmiş əzgil var, ağızda şokolad kimi əriyir, get ye. Bir azdan süfrəni hazırlaram.

Qadın yarpaq buketini gildən hazırlanmış, üstündə qayıq rəsmi çəkilmiş, bütün cizgiləri ilə qədimliyi xatırladan güldana qoydu. Axşam yeməyi səssiz keçdi. Şəhərdən gətirdikləri yarpaq dolmasını yoldan aldıqları qatıq və təndir çörəyi ilə yedilər. Külək yenə coşdu, sonra fırtına başladı. Dənizin sahilə vuran dağıdıcı ləpələrinin səsi eşidilirdi, işıqlar titrəyir, qapı aralarından üfürən küləyin uğultusu gecəni cansıxıcı edirdi.  Yataq otağına birlikdə qalxdılar.

Pilləkəndə qadın, - bayaqkı havaya bax, sənallah, indiki fırtınaya bax, elə bil Nuhun tufanıdır, - ərinə baxmadan danışırdı. Taxta pillələrdən hansısa cırıldadı, ikisi də dayandılar, kişi ayağını bir pillə geriyə basdı, - hə, bu imiş cırıldayan, yadıma sal, bağban gələndə göstərim, cırıltı səsi ətimi ürpədir.

- Qalıb da, neynirsən... mənim xoşuma gəlir, heç olmasa, bu səssiz evdə pilləkənin səsi var.

- Yorğanları da çıxarmadın, gecə soyuq olacaq.

- Bir-iki günlük adyalda yataq, çox da soyuq deyil, noyabrda nə yorğan?!

Gecə qadın üşüdü, ayaqlarını qarnına yığıb kişinin böyrünə qısıldı. Adyalın ucunu ehtiyatla özünə çəkdi. Ancaq yata bilmədi, vurnuxdu, buludların arasındakı Ay düz yatağın üstünə işıq salırdı. Bir az keçmişdi ki, yenə qurcalandı, arxasını ərinə çevirdi, üzbəüz divarda toy günü ailəsinin bağışladığı portretə gözü sataşdı. İndi Ay işığı şəkildəki orta yaşlı, əlində portağal tutan qadının üzünə düşürdü. O, bu şəklə çox baxmışdı, lakin bu dəfə  fərqli idi,  ayağa qalxıb, şəklə sarı getdi, qarşısındakı qadınla üz-üzə gəldi. Əvvəlcə əli ilə onun sağ üzünü bağladı, portretin sol göz gülürdü, sonra sol üzünü bağladı,  qadının sağ gözü isə dərin və qədimi bir kədərə batmışdı. O qayıdıb yerinə uzandı, portretə baxa-baxa yuxuya getdi.

Tezdən külək səngimişdi. Səhər yeməyində kişi dedi:

- Gecə üşümüsən, deyəsən.

-Yox.

- Adyalı çəkirdin.

- ...

- Özünə yorğan götür, söz dinləmirsən.

- Üşümürəm axı.

- Onda adyalımı çəkmə.

Axşam yatmağa hazırlaşanda əri dedi:

- Gedim, altdakı otaqdan yorğan gətirim.

- Yox, getmə, yayda hamısını bağbanın arvadına vermişəm.

Kişi bir neçə saniyə diqqətlə arvadının üzünə baxdı. Hirsini gizlətməyə çalışaraq:

- Evin yorğanını camaata niyə verirsən axı?

Qadın çiyinlərini çəkdi. Gün səssiz keçdi, arabir qapı-pəncərə arasından küləyin vıyıltısı eşidilirdi.

Axşam yeməyindən sonra birlikdə pillələri qalxdılar, kişi qəfil yadına bir şey düşmüş kimi dayanıb , - anamın ad günümdə bağışladığı şərf burada deyil? Şəhərdəki evdə tapmadım, - soruşdu.

- Altdakı otaqdadır.

- Sən qalx, mən şərfi götürüm gəlim, səhər bağda boynuma sarıyıb işləyəcəm bir az.

Qadın ayaq saxladı, arakəsmədən onun dalınca baxdı, sonra yorğun adamlar kimi pilləkənləri çıxdı. Yataq otağında gecə lampasını söndürüb, yerinə girmək istəyəndə kişi bir əlində qəhvəyi şərf, bir əlində də qırmızı mələfəli yorğanla qapının kandarında dayanıb, bəs deyirdin, evdə yorğan qalmayıb? - təəccüblə arvadına baxırdı.

Qadın qəzəblə ərinin gözlərinin içinə zilləndi və birdən  qışqırmağa başladı:

- Mən yorğan xoşlamıram!..

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2024)

Tuesday, 01 October 2024 12:12

Yağıda qalan yurd yerlərimizə rekviyem

Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”

 

 

Arxivdə qalıb müəyyən səbəblər üzündən dərc edilməyən bir yazımı “Ədəbiyyat və incəsənət” oxucularına təqdim etmək istədim. 12 ilin yazısıdır. Amma ordakı mesajlar bu gün daha aktual, daha keçərlidir. Bu yazımı da çapa hazırladığım “Seçmə məqalələr” kitabıma daxil etməyi düşünürəm. Buyurun.

 

     Çətindir.... Vətənsizlik çox çətindir.  Vətən anadan olduğun kənddir, rayondur, şəhərdir. Kəndin vətən yaddaşı lap iti olur. Kənd uşaqları başqa cür böyüyürlər. Onlar biz şəhərlilər kimi deyillər. Onlar kəndlərdə cığırların, yolların, bulaqların, daşların, ağacların da dilini bilirlər. Kəndlərdə ocaq yaddaşı, od yaddaşı, bulaq yaddaşı olur. Elə ana südü kimi bir şeydir. Hələ anadan olmamış yazılır kəndçilərin qanına bu genetik kod. Bu gün cılızlaşmağımızın bir səbəi də kəndlərimizin şəhərə inteqrasiyasıdır.

    Kaş dəyişməyəydi dünya. Kaş elə kənd düşüncəsiylə qalaydıq. Kaş elə kəndçi olaydıq. Onda insanlar daha saf idilər. Onda  ləmpə işiğında oxuyanlar da çox idilər.  O kəndçi  uşaqları səhər o başdan inək-mal nobatına gedib, axşam da ləmpə  işığında  dərs  oxuyurdular.  Özü də bü gün qurduğumuz Azərbaycan Respublikasının bütün yükünü  o kənddən çıxan  alimlər, yazıçılar, tarixçilər, riyaziyyatçılar çəkiblər. İndiki əksər alimlər plaqiatlıqla alimlik dərəcəsi aldıqları halda, o kənd uşaqları gecələrini-gündüz edib, auditoriya qapılarında bazburudlu professorların qınayıcı, kinayəli nəzərlərində bəzən əriyə-əriyə, bəzən də elə şahənəliklə alırdılar əməklərinin haqqı olan “alim”,  “professor”, “doktor” adlarını.                                           ... Dağ kəndləri də bir başqa aləmdir . Axi təbiət həm də öz xarakterindən verir  insanlarına. Dağ kəndində böyüyənlər bir az da cəsur, bir az da məğrur, bir az da güclü olurlar. Hələ o kənd uşaqlarının mərdanəliklərini demirəm.

      ...Çətindir... Azərbaycanın 12 rayonunda  kəndlərini qoyub gələnlər üçün çətindir... O kəndlərdə qalan məzarların ağrısını çəkmək olmur.  Məzarlar insanın  təsəlli yeridir. Gör bir nə qədər insan qırıldı  məzar, kənd həsrətini çəkə-çəkə bu 24  ildə. Hamısını da gözləri yolda qaldı . Şəhərdə pulla  yer aldıqları qəbristanlarda dəfn olundular. Qəbirləri də həsrətdən çat-çatdır.  Gözləri yol çəkən kənd qəbristanlıqlarından isə heç danışmaq istəmirəm. Tapdağ altında olan  kəndlərdə o qəbirlər qalıbsa, üzərində ruhlar ağlayır.

    ... Bu yazını mənə yazdıran yazdırdı. Allah insafını kəsmiş Qulu Kəngərli. Dövlətin rəsmi xəbər agentliyinin xüsusi müxbiri  Qulu Kəngərlidən danışıram. Daşkənddəki Azərbaycan səfirliyində eyni otaqda otururuq. Hərdən  İrəvanda qoyub gəldikləri Sallı kəndindən, uşqalığından, orda keçən gəncliyindən danışır yana-yana bu anadan uşağ ikən yetim qalan, yetim Qulu. Bu tərəfdən də kəndləri Sallıdan  didərgin olandan  sonra, bu dəfə də Vətəndən yetim qaldı. Bu yaxınlarda bir əhvalat danışdı.  Dünyamı dünyamdan aldı. Vətənsizliyinə yandım. Həsrətinə yandım Qulunun.  Bir qardaşı var. Qədir. Qazaxıstanın Pavlodar şəhərində yaşayır. Hamı onu yaxşı oğlan kimi tanıyır. Bu vilayətdəki bütün azərbaycanlılara ata-analıq eləyir, uşaqlıqdan yetimlik görən Qədir də. O qədər çətin günləri olub ki, o günlərin acısını insanlara əl tutmaqla çıxarır canından. Bu kənd uşağı  da, qardaşı Qulu kimi, nə vaxt görüşürüksə, İrəvanda qalan kəndlərindən, bulaqlarından, yaylaqlarından danışır.  Qulu deyir ki, üç il bundan əvvəl gedib  Qədir qardaşının yanına, qardaşı gətirib qışın qış çağında bir  qab dolu qoz qoyub  stolun üstünə. Qulu götürüb qozun o üzünə bu üzünə baxıb. Qədir görüb ki, Qulu qozu çox o tərəf- bu tərəfə çevirir. Deyib , nədi ə..., götür ye də bazardan almışam.  Qulu bir də burnuna çəkib iyləyib bu qozları, deyib yox qardaş, məni aldada bilmərsən, bu bizim  kənddəki qoz ağacımızın məhsuluna oxşayır. İki qardaş qucaqlaşıb baş-başa verib hönkür-hönkür ağlayıblar. Qulu  25 il bundan əvvəl qoyub gəldiyi kəndlərinin meyvəsini rəngindən, qoxusundan tanııyıb.  Sonra məlum olub ki, Qədir  Pavlodardan İrəvana gedən bir erməni tanışına pul verib deyib ki, get evimizi tap, orda qoz ağaçımız qalıb, əgər versələr, o qozdan al gətir mənimçün. Erməni balası da, Qədirin dediyi kəndi tapıb. Bir vedrə qozu erməni yiğıb pulsuz verib.  Bax budur kəndin genetik kodu. Bax budur kəndin yaddaşı.

Hələ bu azmış kimi , 1-2 gün bundan əvvəl  FB-də  jurnalst həmkarlarımla ocaq yaddaşı barədə bir polemikaya qoşuldum.  Fizuli Sabiroğlu  yazdı ki, “...həmişə ocaq deyəndə mənim gözümün qabağına təndir gəlir. 1988-də biz Göyçədən köçəndə o vurhavurda anam təndirimizdəki külün hamısını bir torbaya yığıb götürdü. Hələ də yadıma düşəndə tüklərim biz-biz olur.”  Soruşdum ki, o külü neyləyəcəkdi ki anan?! Dedi ki,  anam o külü Şəmkirdə qurduğumuz yeni evin həyətində  ağlaya-ağlaya gətirmişdi, ağlaya-ağlaya da basırdı. Basdırdı ki,  daha burdan başqa yerə köçməsinlər. Orda məskunlaşsınlar.

                          Budur kənd yaddaşı, ocaq yaddaşı,

                          Qəlbimi yandırır hər addım başı. (Aida Eyvazlı)

Mən də Füzuliyə yazdım ki, kaş anan basdırmayaydı o külü.  Bax beləcə, kəndləri şəhərə çevirə-çevirə,  təndirlərimizin istisini, ocaqlarımızın tüstüsünü qoruya bilmirik.  Ocağın odunu qorumasan, qorundan saxlamasan o ocaq tez sönər. Sönür ocaqlarımız, kəndçilərimiz şəhərləşir,  bulaqlardan çiyinlərində kuzə ilə, güyüm ilə  sü gətirən qızlar, gəlinlər azalır, kəndçi qızlar da şəhərlilərə oxşamaq istəyirlər, oxşayanda da çox vaxt səvh edirlər. Çünki hər kəs gərək öz yerişini yeriyə.  Mənim rəhmətlik atam bizi hər il yay tətillərində üç ay aparıb Şamaxıdakı  dağların qoynunda olan, bu gün də yolu-rizi olmayan  o yolsuz səfalı   Xeybəri kəndinə  baba evimizə  qoyardı.  Bizim genetik yaddaşımızı beləcə qaytardı bizə. O günlərdən nənəmin təndiri, bibilərimin min bir çeşidlə toxuduğu xalı palazlar, göydən asılan nənnimiz, nənəmin dərdli bayatıları, üç gün-üç gecə çalınan aşıq toyları  qaldı. Sinədəftər nənəmin o bayatılarıdır  bəlkə mənə yazmağı da öyrədən.  Ay kəndləri əllərində olanlar, təndirlərinizi qoruyun, ocaqlarınızı qoruyun, şəhərə çox uymayın, şəhərin etibarı yoxdur.

Dostlaımın Vətən həsrəti ilə uyumayan ağrılarına bu şerim də bir layladır.

 

VƏTƏN OĞLU ŞİRVANA DÖN, ŞİRVANA

 

Vətənin havası, dadı başqadır,

Çiçəyi başqadır, odu başqadır.

Şirin bulaqların suyu bal dadır,

Vətən oğlu Şirvana dön, Şirvana.

 

Bəzəyi düzəyi vurub hüsnünə,

Dağları bələnib yenə çiskinə,

Heç kimi salmasın fələk sürgünə,

Vətən oğlu Şirvana dön, Şirvana.

 

Payız  gözəlliyi vurub hər yeri,

Çəmənləri xalça edib , gəl yeri.

Qayalar dön deyir, dağlar gəl deyir,

Vətən oğlu Şirvana dön, Şirvana.

 

Hər daşı müəmma, tarixi qədim,

Onu anam bildim, gərəyim bildim.

Ondan uzaqlarda deyib gülmədim,

Vətən oğlu, Şirvana dön, Şirvana.

 

Bu Vətən bizimdir izimiz qalıb,

Onun yaddaşında sözümüz qalıb.

Getmişik Vətəndə gözümüz qalıb,

Vətən oğlu Şirvana dön, Şirvana.

 

(23 noyabr. 2012. Daşkənd)

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2024)

 

 

 

 

Tuesday, 01 October 2024 11:34

Faiq fərqi - DOST BARƏDƏ DÜŞÜNCƏLƏR

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

Faiq Balabəyli ilə tanışlığım və bu tanışlığın dostluğa çevrilməsi uzun illərə dayanır. Ortaq tanışlar-dostlarla dəniz qıyısına yaxın yerdə, süfrə arxasında bir araya gəldiyimiz, elə o ilk süfrənin könül süfrəsinə çevrildiyi gündən bəri çox görüşümüz, ölkəiçi, ölkədışı səfərlərimiz olub və əlbəttə, xatirələrimiz yaranıb. Bizim görüşlər, səfərlər məhz ədəbiyyat cəbhəsində olub. Faiqi tanıdan ilk üç kateqoriyanı saymalı olsaq, dəniz, ədəbiyyat və dostluq deməliyik, məncə. Dənizi kateqoriya saymaq və ədəbiyyatla, dostluqla bir incələmək adama qərib gələ bilər; bununla belə, dənizi bizimçün bu dediyimiz sıralamaya çıxaran həm də Faiq Balabəyli olub. O, uzaq səfərlər kapitanı olmamış ola bilər, gəmini “Cip” kimi sürməmiş ola bilər, lakin Faiq ədəbiyyatçılar içində həmişə dənizçi, dənizçilər içindəsə ədəbiyyatçı olaraq qalıb. Quruda da, suda da dost olub, dost qalıb Faiq Balabəyli. Bu da Faiqin davranışlarında, dostluğunda, dənizçiliyində qəribə bir harmoniya, yaxud universallıq yaradıb.

Yazarsansa, həncəri olsa, “uzun, incə bir yoldayız” deməlisən…

Onu qurudan suya, sudan quruya, lap uçaq yolçuluğuna, dəmir yolçuluğuna… çağırsan da, “yox” deməyəcək. Hətta “yox” deməyə-deməyə, gəlməmə durumu olarsa belə, onu “konfet kağızı”na elə bükər, elə bükər, ruhun inciməz, gəlmiş kimi var sanarsan…

Üstəlik, gəlib də, fövqəladə bir iş görməmiş olarsa, yenə də,

gəlişi səni təskin edər, toxtaqlıq taparsan, özün-özünü təsəlli edərsən… Bax, belə Balabəylidir bizim Faiq: özünəxas, fərqli, təbəssümü üzündən əskik olmayan və bütün hallarda dost çağrısına qoşmağa çalışan…

 

Faiq Balabəyli hərdən elə mübhəm mövzuları sənə açar ki, özün-özünə deyərsən: bax, bu zalım məndən bir addım öndədir - mən filan mövzunu ona açmazkən, o mənə bunu dedi… 

 

Faiqin qonşuluğu, evinin qapısının bütün xoşməramlılara açıq olduğu, yardımsevərliyi haqqında çoxundan eşitmişəm - ömrü uzun, evi şen olsun! 

 

Bayaq yollara, səfərlərə vurğu etmişdik; mənim soyadım Yolçu(yev), Faiqin soyadı Səfər(ov) olmazmı? - Bəlkə, bax, bu soyad uyğunluğu da öz energetikası ilə bizim qardaş bağlarımızda iştirak edib: Qubaya, Salyana, Cəlilabada, habelə Kazana, Arxangelskə… yoldaş olmuşuq… - Yayın istisində, qışın soyuğunda yola çıxmışıq və o, zarafatları, öncədən hesablanmamış hərəkətləri ilə xoşməramlı təəccüb yaratmağı bacarıb. Özəlliklə, uzaq yolçuluqlarımız unudulmaz olub, çoxsaylı maraqlı olaylarla süslənib.

 

Fərqindəyəm ki, bu, bir yubiley kitabı üçün yazıdır və mən də tənqidçi deyiləm - ona görə də, Faiq Balabəylinin şeirləri haqqında yazmadım. Yalnız onu deyim, Faiq məhz şair ömrü yaşamağı bacaran şairdir. Onun bir kitabı “Burda darıxmaq olmaz”dır; mən də demək istəyirəm, Faiqlə darıxmaq olmaz. Məncə, bu, bir şair üçün, dost üçün, yoldaş üçün çox önəmli dəyərləndirmədir.

 

Bəli, Faiq Balabəyliyə “Dəniz şairi, “Dənizçi şair” deyirlər; onun qələmi dənizin hər üzünü görüb, bilib, yazıb… “Kəsilməyən həyəcan fiti” isə Faiqin ən qüvvətli əsəridir! O, 1990-cı ilin 20 Yanvarında Xəzərin Bakı çevrəsindəki gəmilərimizdə xidmət edən soydaşlarımızın vətəncanlılığını, millətpərvərliyini və cəsarətini qələmə alıb. O, yalnız insanların, evlərin, avtomobillərin deyil, gəmilərin də güllələndiyini ürək ağrısıyla kitablaşdırıb. Ürək ağrısı! - Bu, Faiqə çox yaxından tanışdır… Böyük keçmiş olsun, iki dəfə ürək əməliyyatı keçirib…

Şairin ürəyi var olsun!

Ürək varsa, gerisinə (Tovuzlular demiş) zərər yoxdur… 

Ürəkli yazmaq, ürəklə yazmaq, Ürək qoymaq, Ürəyin qanı ilə yazmaq!.. - Xoşbəxt şair taleyi daha necə olur?.. 

 

Ürəkli şairimizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2024)

"Ədəbiyyat və incəsənət" portalı yazıçı Yunus Oğuzun marağınıza səbəb olacaq bir felyetonunu təqdim edir.

 

Şəhər telefonuna zəng gəldi. Dinşünas, teoloq-alim dostumun səsini xəttin o biri başından eşitdim. "Bəli" deməyimlə dostum danışmağa imkan vermədi.

-Neyləyirsən, Mirzə? - deyə soruşdu.

-Heç, - dini söhbətlərdən qaçmaq üçün candərdi dilləndim, - yazı-pozu ilə məşğulam.

Ancaq hiss etdim ki, qanı qaradır.

-Mirzə, gəl çay içək. Bu dəfə ağ gilas mürəbbəsi ilə çayın yeddi manat pulunu mən verəcəm.

(Bu parklarda çay satanlar lap ağ ediblər e..! Çay 7 manat. Hələ bu ən aşağısıdır. Parka gələnlər termosda özlərilə çay götürürlər ki, mağazada satılan bir qucaq quru çaya burada bir çaynikin pulunu verməsinlər. O da əgər varsa)

Hiss etdim ki, dilxordur. Çar-naçar razılaşdım.

Həmişəkindən fərqli olaraq çayxanaya məndən tez gəlmişdi. Çay və mürəbbə də masanın üstündə bizi gözləyirdi.

Xoş-beşdən sonra soruşdum ki, imam əfəndi (otuz ildi onu belə adlandırıram), nə məsələdir? Qanın niyə qaradır?

Dostum elə bu suala bəndimiş. Ürəyi açıldı:

-Mirzə, təsəvvür edirsən, bu gün çadır yasına getmişdim. İçəri girən kimi məni yuxarı başda, molladan bir az kənarda əyləşdirdilər. Vəzifəli bir adamın qohumunun yası olduğundan çadır adamla dolu idi. Tanıyan da, tanımayan da, acıyan da, acımayan da yasda idi. Molla da "savadlı" adama oxşayırdı. Yas əhlinin başını qarışdırmaq üçün əleyhissalam İdrislə Cəbrayılın hekayətini danışırdı. Söhbətin o yerinə çatdım ki, İdris peyğəmbər Cəbrayıla yalvarır ki, bəs mənə cənnəti göstər. Cəbrayıl əleyhissalam da dirənib ki, yox, olmaz, bəs ora girən çıxmaq istəməyəcək. Peyğəmbər deyir ki, yox söz verirəm çıxacam cənnətdən.

 "İmam əfəndi" soyuq çayından bir qurtum içib söhbətinə davam etdi. (Deyəsən ağ gilas mürəbbəsini yemək yadından çıxmışdı.)

 - Nə isə... Allah Təalanın izni ilə Cəbrayıl (ə) İdrisə (ə) cənnəti göstərir. Peyğəmbər cənnətə necə hayıl-mayıl olursa burada qalmaq istəyir, ancaq Cəbrayıla (ə) söz verib axı cənnətdən çıxmaq barədə. Düşünüb-daşınır, cənnətin səkkiz qapısının birindən çıxmaq istəyəndə ayaqqabısını soyunub cənnətdə saxlayır ki, qayıdıb götürəndə bir də oradan çıxmasın...

Ağ gilasdan ləzzətlə yeyib, üstündən bir qurtum soyuq çay da içdim. Çayçıya əlimlə işarə etdim ki, çayı təzələsin, amma o danışdıqca üzümdən təbəssüm çəkilmirdi.

-Sonra nə oldu?

-Nə olacaq, Mirzə? Elə bil məni cin atına mindirdilər. Bu camaat da başını aşağı salıb mollaya elə diqqət və maraqla qulaq asırdı ki, elə bil Qurandan "İxlas" surəsini dinləyir. Bəziləri, arada başlarını yelləyib razılıqlarını bildirdikcə, molla da qızışıb söhbətinə davam edirdi. Indi bildim ki, cəhalət, xurafat hardan gəlir...

-Hardan?

-Qanmazlığımızdan Mirzə, qanmazlığımızdan, oxumamaqdan, düşünməməkdən. Yas yerində molla elə bilir k, çadırın yiyəsi odur: istədiyini danışa bilər, ancaq mən onun sözünü kəsdim. Özümün axmaq yerinə qoyulmasını istəmədim. "Molla! - dedim, - İki məsələdə böyük qələt elədin. - Hamı bizə maraqla baxdı. Mollasa belə şey gözləmədiyindən bərəlmiş və donuxmuş gözlərini mənə zillədi. - Cənnət sənin qonşunun qapısı deyil ki, kandarında ayaqqabını çıxarıb evə girəsən. Cənnət mal, mülk aləmi deyil, ora ilahi aləmdir, ora saf, təmiz, əməli saleh olan insanların, ruhların aləmidir. Bu sənin birinci qələtin. İkinci qələtinsə odur ki, İdris peyğəmbəri yalançı etdin. Elə bil qonşudan toya getməyə borc çəkmə alıb, indi qaytarmaq istəmir. Cəbrayıl (ə) da uşaq-muşaqdır, elə bil Allahın qüdrətli mələklərindən, batin elmindən xəbər verən deyil. Molla vəziyyətdən çıxmaq üçün dedi ki, bəs mən neyləyim? Hədisləri mənə belə yazıb veriblər. Amma, harda yazıb veriblər demədi. Onsuz da bilirəm".

Bu ara məni gülmək tutdu. Gülüşümün səbəbini soruşdu.

-Heç- dedim, - Molla Nəsrəddinin ayaqqabı əhvalatı yadıma düşdü. -Danışmaq növbəsi məndə idi. - Molla bir yasa gedir. Ayaqqabısını kandarda çıxarıb içəri girir. Çölə çıxanda görür ki, ayaqqabısını oğurlayıblar. Bu bir neçə dəfə təkrar olunur. Molla Nəsrəddin ayaqqabı almaqdan bezir. Növbəti yasa gedəndə ayaqqabısını çıxarıb qoltuğuna vurur. İçəridə hamı ondan soruşur ki, Molla, nə məsələdir, ayaqqabını qoltuğuna niyə vurmusan? Molla da cavab verir ki, bilmək olmaz, bəlkə yolum burdan o yana düşdü.

Əlavə etdim: - Sən ayaqqabının kəramətinə bax e...e... onun hesabına cənnətdə qalmaq olurmuş. Ona görə də Molla Nəsrəddin ayaqqabısını özü ilə götürübmüş.

Bu dəfə dostum qəhqəhə çəkib güldü... Dostumdan ayrılandan sonra barmağımı dişləyib düşündüm. Elə bil nəyisə kəşf etmişdim: "Ay xətakar, xristianlar, Cənnətə düşməkçün kostyumda, ayaqqabıda dəfn olunurlar. Ona görə bizdən qabaqdadılar. Yəqin sayları orada müsəlmanların sayından da çoxdur. Biz ayaqqabı axtarana qədər, onlar cənnətdəkilərə kəf gəlirlər. Ay, xətakarlar!"

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2024)

 

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Fariz Həsənov

Fariz Həsənov 1987-ci il fevralın 12-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.

Fariz Həsənov 2005-2006-cı illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Milli Qvardiyasının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun çavuşu olan Fariz Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fariz Həsənov oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Həsənov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

Zəfər tariximizdə

Qoymusan iz, Həsənov.

Özün müqəddəs şəhid,

Adın Fariz Həsənov.

 

Həyatda həssas adam,

Döyüşdə mahir əsgər.

Maaşını əsgəriylə,

Bölən komandir əsgər.

 

Sən bayrağa ucaldın,

Sən vətənə qarışdın,

Son dəfə ailən ilə,

Şəkildən sağollaşdın.

 

Sağollaşdın oğlunun

O körpə gözləriylə,

Qızının “tez gəl, ata”-

Sonuncu sözləriylə.

 

Söz vermişdin, savaşlar,

Bitən kimi qayıtdın,

Bu dəfə tarix kimi,

Vətən kimi qayıtdın.

 

Qayıtdın, ürəklərdə,

Alovun, adun qaldı.

Ailənin üzərində,

Əbədi adın qaldı.

 

Adın qaldı vətənin

Hər uca zirvəsində.

Millətin zəfər yolu

Azadlıq nəğməsində.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Qonaqlı-qaralı Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bu dəfə kitab təqdimatı baş tutdu. Biz də sevə-sevə bu gözəl anları qələmə aldıq.

 

Azərbaycan Respublikası Gənclər fondunun dəstəyi ilə nəşr olunan “Türk dünyasından hekayələr” kitabının oxuculara təqdim edilməsi bir ayrı zövq idi.

 İlk olaraq, BDU-nun doktorantı və müəllimi, layihə rəhbəri Məleykə Mirzəli qonaqları salamlayaraq giriş nitqi söylədi. O, “Türk dünyası hekayələrdə” layihəsinin icra məqsədi, gedişatı və nəşrə hazırlanan kitabın əhəmiyyəti haqqında məlumat verdi. Qeyd etdi ki, bu kitab əsas olaraq gənclərdə türk dünyasına, fərqli türk xalqlarına, onların çağdaş ədəbiyyatına, ümumən, mütaliə mədəniyyətinə maraq yaratmaq məqsədi daşıyır.

Sonra çıxış üçün söz Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərova verildi. O, çıxışında qeyd etdi ki, qədim tarixə malik, dünya mədəniyyətinə misilsiz töhfələr verən türk xalqlarının ədəbiyyatının tanıdılması və gənclər arasında təbliğatı baxımından bu nəşr təqdirəlayiq hadisə hesab oluna bilər.

Təqdimatın davamında Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, türk dünyası ədəbi mühitində kifayət qədər tanınan şair-publisist Əkbər Qoşalı çıxış etdi. O, əhatəli və məzmunlu nitqində Sibirdən tutmuş Avropaya qədər uzanan coğrafiyaya yayılmış türk xalqlarının hazırkı ədəbiyyatının təbliğ edilməsinin əlamətdar hadisə olduğunu vurğuladı. Çıxışında bildirdi ki, gənc tədqiqatçı olan layihə rəhbərinin daha öncə də bu kimi fəaliyyətləri olub və bundan sonra da davamlı olması arzuolunandır.

Hansı kitab təqdimatı peşəkar ədəbiyyatşünas, tənqidçi olmadan keçinə bilər ki? Sonra BDU-nun Ədəbiyyat tarixi kafedrasının dosenti Məti Osmanoğlu və həmin kafedranın professoru Yeganə İsmayılova məruzə edərək bu layihənin önəmindən bəhs etdilər. Qeyd etdilər ki, antologiya səciyyəli hekayələr kitabından tədris zamanı tələbələr də yararlana bilər. Həmçinin onu da bildirdilər ki, kitabdan ölkəmizdə türkoloji tədqiqatlarda da faydalı vəsait kimi istifadə olunacaqdır.

Təqdimatda daha sonra Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair-publisist İntiqam Yaşar gənclərin fərdi layihələrinin qrant müsabiqəsi içində bu layihənin fərqlənərək qalib gəlməsi amilini vurğuladı. Çıxışında bildirdi ki, layihə rəhbəri qarşısına qoyduğu məqsədə bu kitabla nail ola bilib.

Kitabda hekayəsi yer alan yazar Ümid Nəccari və kitabın redaktoru İlahə Ümidli də kitabın mütaliəsi ilə əldə olunacaq fikirlərin gənclər üçün əvəzsiz rola malik olacağını qeyd etdilər.

Tədbirin davamında  gənc ədəbiyyatçı-tədqiqatçılar kitabda yer alan hekayələrin bir qismini təhlil etdilər. AMEA-nın Ədəbiyyat İnstitutunun dissertantı, baş mütəxəssisi Büllur Əlizadə; Ədəbiyyat İnstitutunun doktorantı İlknur Əsgərova; BDU-nun doktorantı və müəllimi Səmra Həsənzadə; gənc tədqiqatçı Bəsti Qurbanova - hər biri fərqli aspektlərdən yanaşaraq etnoloji, kultoroloji, mifoloji baxımdan postmodernist düşüncə ilə hekayələri təhlil etdilər.

Sonda layihənin həyata keçirilməsinə dəstək göstərənlər və fəal iştirakı ilə seçilənlər təltif edildilər.

Qızıl almaya doğru gedən türk xalqlarının mədəniyyət yönündəki hər bir layihəsi diqqət çəkir. Uğurlar, hər bir təəssübkeşə.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.