Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

Budur, noyabr ayı qapımızın kəndarındadır. Bizi olduqca böyük bir tədbir -COP29 gözləyir. Bu tədbir indiyənədək 

Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin ən böyüyü olacaq. Ondan, xüsusən turizm sahəsində hansı gözləntilər var? 

Suala cavab vermək üçün Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, tanınmış turizm mütəxəssisi Ruslan Quliyevə müraciət etdik. 

 

-Ruslan bəy, COP29-a təmsil olunduğunuz turizm sektorunda nə kimi hazırlıq gedir? 

 

-COP29-da təxminən 100 minə yaxın qonağın iştirakı nəzərdə tutulur. Düşünürəm ki, tədbirin lazımi səviyyədə baş tutmasında, gələn qonaqların Azərbaycandan məmnun getməsində turizm sənayesinin üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan yerləşdirmə yerlərinin sayı, hotellərin bron edilməsi, qiymətlərin müəyyənləşdirilməsi, xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə hotel əməkdaşlarına treninqlərin keçirilməsi, bu istiqamətdə Azərbaycan Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq kimi vacib nüanslar daim müzakirə edilən məsələlərdəndir. Ölkədə fəaliyyət göstərən bütün qurumlar, həm dövlət, həm də özəl sektorun nümayəndələri bu nüfuzlu tədbirin yüksək səviyyədə təşkil edilməsi üçün bütün imkanlarını səfərbər edib.

 

-COP29-a ümumi münasibət necədir?

 

-COP29-a evsahibliyi etmək ölkəmiz üçün qürurvericidir.  Bütün böyük tədbirlərdə olduğu kimi qonaqların yüksək səviyyədə qarşılanması ən böyük prioritetdir. Bu ilin əvvəlində ölkə başçısının müvafiq Sərəncamına əsasən, COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradıldı. Bu, ölkəmizdə COP29-a ciddi yanaşmanın göstərici idi. Əslində bu, zəncirvari bir prosesdir. Burada bütün dövlət qurumları, özəl sektor, bir sözlə, hamı fəal olmalıdır. Turistlərin qarşılanmasını, yerləşdirilməsini, məmnunluqla öz ölkələrinə qayıtmalarını təmin etməliyik. Elə ilk gündən Azərbaycanın turizm sənayesində çalışan bütün səlahiyyətlilər həm ölkə daxilində, həm də xaricində bu tədbirin təbliğatı ilə bağlı mühüm işlərə başladılar. 

 

-Bəs tədbirin turizm sektoruna nə kimi faydası olacaq? 

 

-Ölkəmizə gələcək qonaqlara yüksək səviyyədə xidmət göstərilməsi məqsədilə turizm sektorunda təlim-tədris və nəzəri biliklərin təkmilləşdirilməsi üçün mühüm işlər görülür. Buraya həm bələdçilərin hazırlığı, həm tur operatorların çeşidli proqramlar təklif etməsi, eləcə də ictimai-iaşə xidmətlərinin mükəmməl həyata keçirilməsi və ən əsası da mədəni, tarixi abidələrin düzgün formada tanıdılması kimi məsələlər daxildir. Artıq bu istiqamətdə müxtəlif görüşlər, seminarlar, tədbirlər, konfranslar təşkil olunub və bu işlər yenə də davam etdirilir. 

Düşünürük ki, COP29 ölkəmizin turizm sənayesi üçün çox böyük bir fürsətdir. İnanıram ki, COP29-da iştirak edəcək xarici qonaqlar geri döndükdən sonra Azərbaycan haqqında daha dolğun, daha gözəl fikir formalaşacaq və yaxın gələcəkdə ölkəmizə üz tutacaq qonaqların sayı durmadan artacaq.

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2024)

 

 

Milli Hidrometeorologiya Xidmətin sabaha olan hava məlumatını açıqlaylb. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. 

 

Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 60-70 %-ə çatacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-7° isti, gündüz 9-14° isti olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2024)

Tuesday, 15 October 2024 15:30

AYB rəsmisi vəfat edib

 

Yazıçı, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Vaqif Əlixanlı vəfat edib.

Mərhum ilə vida mərasimi sat 13:00-da Təzəpir məscidində baş tutub. Dəfn mərasimi isə saat 15:00-dan etibarən Qurd qapısı qəbiristanlığında keçirilir. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ko, Vaqif Ənvər oğlu Əlixanlı 13 oktyabr 1943-cü ildə Qubanın Yerfi kəndində anadan olub. "Bulaq" və "Dünyanı bəzəyənlər" radio verilişlərinin yaradıcılarından biri olan Vaqif Əlixanlının o illərdə müəlliflik etdiyi etnoqrafik hekayələr və "XX əsr İncəsənət" və "Palitra" televiziya verilişinə yazdığı "Rənglər" silsilə hekayələri yüksək peşəkarlığı ilə seçilib. 1976-cı ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına baş redaktor vəzifəsinə dəvət alan Vaqif Əlixanlı ssenarilər üzrə bədii şuranın üzvü olub, həm də direktor müavini vəzifəsini icra edib.

1979-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə əvvəlcə "İncəsənət və Teatr" şöbəsinə baş redaktor, bir il sonra nazirliyin "Teatr və Konsert müəssisələri" idarəsinə rəis təyin olunub.

2013-cü ildən 2021-ci ilədək Yazıçılar Birliyinin orqanı olan "Qobustan" incəsənət jurnalının baş redaktoru olub.

Yazıçılar, Jurnalistlər Birliyinin, Teatr Xadimləri İttifaqının üzvü olub.

Tanınmış televiziya və radio xadimi Şəfəq Əlixanlı mərhumun həyat yoldaşı idi.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2024)

Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətlərinin Süni İntellekt Forumu keçirilib. 
Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyinin və Türk Dövlətləri Təşkilatının birgə   reallaşdırdığı tədbirdə süni intellektin gələcəyi və sosial-iqtisadi inkişafdakı rolu müzakirə edilib. 


Forumda süni intellekt sahəsində ixtisaslaşmış şirkətlərdən və Təşkilata üzv ölkələrin rəhbər şəxslərindən ibarət 200-dən çox nümayəndə iştirak edib.
Əsas məqsəd dövlət və özəl sektorda müvafiq sahənin inkişafı ilə bağlı regional əməkdaşlığın və rəqəmsal transformasiyanın gücləndirilməsi, araşdırmaların və innovasiyaların təşviqi olub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi “Süni intellekt tənzimlənməsi və dövlət xidmətlərinin göstərilməsi” panelində çıxış edib. “Ədəbiyyat və incəsənət” portalına agentlikdən verilən məlumata görə, nümayəndəmiz “ASAN xidmət”in süni intellekt strategiyası, süni intellektin dövlət xidmətlərinə tətbiqi barədə məlumat verib. 
Müzakirələrdə həmçinin dövlət xidmətlərində süni intellektin tətbiqi üzrə ümumi yanaşmanın formalaşdırılması və bu sahədə iştirakçı ölkələr arasındakı əməkdaşlıq imkanlarından söz açılıb.

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2024)

Tuesday, 15 October 2024 13:46

Günün fotosu: Varlılar da ağlayır

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

İspaniyanın paytaxtı Madrid şəhərinin 40 iri məhəlləsinin sakinləri evkirayələri məbləğinin azaldılması üçün etiraz yürüşü keçiriblər. 

Ataça vağzalından ta ki mərkəzə - Pasep-del-Pradoyadək yürüyən etirazçılar hakimiyyətdən münasib evkirəsi qiymətləri tələb ediblər. 

“Qiymətləri aşağı salın. Biz dolana bilmirik. Salmasanız, tətilə başlayacağıq” deyən kütlə hökuməti razı salacağına əminlik ifadə edir. Təşkilatçı olan Sindicato de Inquilinas adlı həmkarlar ittifaqı və digər təşkilatlar da nikbindirlər.

Etirazçıların orta əməkhaqqı təqribən 2000 avro, bizim pulla 3800 manatdır. Evkirayəsi pulu isə təqribən Bakıdakı ilə eynidir.

 

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2024)

Rəsm qalereyası: Alan Ayers, “Pəncərə önündə qız”

 

Cari ilin yanvar-sentyabr aylarında əsas kapitala 12 milyard 711,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz az investisiya yönəldilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. Məlumatda bildirilr ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 1,6 faiz azalıb. İstifadə olunmuş investisiyanın 6 milyard 302 milyon manatı və ya 49,6 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 743,8 milyon manatı (37,3 faizi) xidmət sahələrinə, 1 milyard 665,3 milyon manatı (13,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 10 milyard 578,7 milyon manatını və ya 83,2 faizini daxili investisiyalar təşkil edib.

Əsas kapitala yönəldilmiş investisiyaların 9 milyard 193 milyon manatı və ya 72,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2024)

Tuesday, 15 October 2024 17:11

BİR SUAL, BİR CAVAB Musa Ələkbərli ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

”Göründükləri kimi olmalıdır insanlar.  

Əgər deyillərsə, heç görünməsələr, daha yaxşıdır.” (Uilyam Şekspir) 

 

Musa bəy, bu tip insanlara nə tövsiyə edərdiniz? 

 

 CAVAB

Dahi Şekspir gözəl deyib. Üzünə üz çəkməklə insan təzələnə bilməz. Saxta sevginin, yalan sözün, süni rəftarın ömrü çox qısa olur. O cür insanlara sadəlik, səmimiyyət, saflıq, təmizlik, ləyaqət, böyük insanlıq tövsiyə edərdim. Onlar təbiətə üz tutsalar, fəsillərin ahəngdarlıqla bir-birini əvəz etməsini, axşamın-sabahın vaxtlı-vaxtında bərqərar olmasını izləsələr və bu haqda dərin-dərin düşünsələr, öz naqisliklərini daha yaxşı dərk edərdilər. Təəssüflər olsun ki, bu gün cəmiyyətdə belə insanlar çoxdur, lap çoxdur. Bu da vaxtilə belə insanlara yazdığın şeirdən yadımda qalan sətirlərdir: 

 

Az çək özünü, 

Çəkiyə gələsi nəyin var axı? 

Uca-uca zirvələrin yanında. 

Qəlbi-qəlbi çinarların yanında. 

Uzun-uzun ağ yolların yanında... 

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Şair bu dəfə “Yaxşı ki, qanadı tək deyil quşun...” deyərək şükür edir. 

Xoş mütaliələr.

 

Yaxşı ki, qanadı tək deyil quşun...

 

Deyirlər allahdan gözəli yoxdu,

Onun da boyunu görə bilmədim.

Bir sevgi böyütdüm canımda, ancaq

Heyif ki, toyunu görə bilmədim.

 

Bəlkə son güllədi sonuncu yarpaq?-

Payız da beləcə tərksilah olur.

Hərdən ürəyiylə döyüşür adam-

Ürəyi üstündə tək silah olur...

 

Yağış gətirmişəm o göy üzündən,

Kövrək buludları ağlatmışam mən.

Mən də yalançıyam- özüm özümü

Yüz dəfə ümidlə aldatmışam mən.

 

...Yaxşı ki, qanadı bir cütdü quşun-

Yaxşı o tüfəngin tək lüləsi var.

Kibrit çöplərindən ev tikənlərin

Evinin alışmaq  təhlükəsi var..

 

Ədəbiyyat və incəsənət”

(15.10.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Xuraman Hüseynin şeirləri təqdim edilir. 

 

 

Vətən sevgisi

 

Vətəni elə sevdiniz,

Vətənə sevginiz qaldı.

Hər küçədə, hər cığırda

Bu sevgidən bir iz qaldı.

 

Sizlər bizim yolumuzda

Canınızdan keçmisiniz.

Torpağı yaşatmaq üçün

Qanınızdan keçmisiniz.

 

Məğlub etdiniz düşməni,

Bizdən gen qaçır qəm, kədər.

Vətəni necə sevməyi

Qanıyla yazan şəhidlər!

 

 

Köç karvanı

 

Həsrət yoluyla insanın

Arzusu, gümanı gedir.

O yolla keçən günlərin

Yaxşısı, yamanı gedir.

 

Bu da gözlədiyimiz gün,

Avazı gəldi bülbülün.

Bir xoş anı görmək üçün

İnsanın zamanı gedir.

 

Gözümüz yaş içən yerdən,

Günlərimiz keçən yerdən,

Nisgilimiz köçən yerdən

İndi köç karvanı gedir.

 

 

Böyük Qayıdış

 

Qoynundan

didərgin düşdüyümüz anamız

Vətənə dönürük,

geri qayıdırıq

həsrətimizi bağrımıza basaraq.

Ayaq izlərimizin

xiffətini çox çəkib

gəldiyimiz yollar.

Vüsalla bitir

İllərin ayrılığı.

 

Sağalan yaralar

unudur ağrılarını,

gülür ağlayan gözlərimiz.

Vətənimiz xoşbəxt günlərini yaşayır.

Həsrətimizi, nisgilimizi

düşmənin ayaq izləri kimi

tapdalayaraq

gəldiyimiz yerə qayıdırıq.

Məğlub olan, uduzan

kiçik adamları

tarixin zibil yeşiyinə atır

Böyük Qayıdış.

 

Qayıdırıq sənə,

Vətən!

Həsrət bizi bir az da

böyüdüb,

Qayıdışımız da böyükdür.

Əsrlərlə, illərlə deyil,

44 günə qazanılan

böyük  Zəfər və geri dönüş!

Qoparıb həsrətdən

qübar bağlayan

ürəyimizin qaysağını, xoş gəlirik,

Vətən, sənə xoş gəlirik!

 

 

Bayraq adam

 

Milli Qəhrəman Natiq Qasımova

 

Alban kilsəsində beş gün ac-susuz

Döyüşdün, vuruşdun vətənin üçün.

Bayrağı vermədin namərd düşmənə,

Bayraq sevgin ilə dastana döndün.

 

Qoruyub Xocalı əsirlərini,

Özün təslim oldun o yağılara.

Sənintək qəhrəman oğlu olan xalq

Heç məğlub olarmı, düşərmi dara?

 

İgidlər qoruyar ana torpağı,

Bir evi yaşadan sönməz ocaqdır.

Sən də vətən üçün şəhid olmusan,

Şəhidlər əbədi yaşayacaqdır.

 

 

Qönçələr solmayacaq

 

Didərgin düşdünüz yurdunuzdan,

Məcburi köçkün oldunuz vətəndə.

Birləşib bir olduq,

"İtiqovan"la qovduq

sizi didərgin edənləri.

Qönçələr solmayacaq,

göz oxşayacaq güllər, çiçəklər.

Vətəndə didərgin olmayacaq,

hamı öz yurduna, evinə köçəcək.

Gözlər sevincdən ağlayacaq,

Yanaqlarda izi qalmayacaq

dərddən axan göz yaşlarının.

 

 

Həyat səninlə gözəldir

 

Düşmən işğal etdi səni,

uçdu, dağıldı

şəhərlərin, kəndlərin.

Nə qədər ömür yarıda qaldı,

sındı həyatların pəncərələri.

Bizim də ürəyimiz sındı

İllər öncə xəyanətini

bağışladığımız qonşunun

yenə xəyanət etdiyini

görüncə.

Qırıldı sülh göyərçininin

qanadları da.

Gec tanıdıq düşməni.

Saf ürəyimiz

daşqəlbli düşmənin

qarşısında

sınmayacaq bir də.

O ürəyi qoruyan

igid oğullar var.

Onlar əyilməyə, sınmağa

qoymayacaqlar səni.

Həyat səninlə gözəldir

Vətənimizin

gözünün qarası - Qarabağ!

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.