
Super User
MÜTALİƏ MƏDƏNİYYƏTİ – Azərbaycan Prezidentinin kitaba münasibəti
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.
Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.
5
AZƏRBAYCAN PREZİDENTİNİN KİTABA MÜNASİBƏTİ
Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan xalqına Qarabağ zəfərini yaşatmış İlham Əliyevi biz kitabla, elmlə bağlı olan ən müxtəlif tədbirlərdə görməyə alışmışıq. Bir neçə dildə mütaliə edən Azərbaycan Prezidenti təsadüfi deyil ki, söyləyib: “Ölkəmiz qədim dövrlərdən başlayaraq öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır”.
Təbii ki, İlham Əliyevdəki kitab sevgisinin təməlini atasının, Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyevin kitablara olan münasibəti qoymuşdur. Uşaqlıqdan kitabların əhatəsində yaşamaq və dünyanın bütün müşküllərindən baş çıxaran dahi bir liderin övladı olmaq İlham Əliyevin kitaba, biliklərə doğru yolunun yönəldicisi olub.
Hələ Moskva Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi ikən Britaniyanın siyasi tarixşünaslığı ilə maraqlanan İlham Əliyev bununla əlaqədar tez-tez İnstitutun xüsusi fondunda saxlanan xarici nəşrləri, beynəlxalq elmi jurnalları, dövri mətbuatı oxuyurdu. Bu barədə İnstitut kitabxanasının Dövri nəşrlər şöbəsinin müdiri Raisa Polevoy bir müsahibəsində qeyd edib. O bilidirib ki, İlham Əliyev hər gün xüsusi fondda saxlanılan ABŞ və Britaniya nəşrlərini oxumaq üçün kitabxanaya gəlir və vaxtının böyük hissəsini kitabxanada keçirirdi. Onun müsahibəsində liderin təkcə Britaniya ilə bağlı 50-yə yaxın kitab oxuduğu da qeyd edilir.
Mütaliə etdiyi, araşdırdığı kitablar, dövri nəşrlər sayəsində İlham Əliyev 1985-ci ildə Böyük Britaniyanın Liberal partiyası (“Антивоенное движение в Великобритании на современном этапе и отношение к нему политических партий”) ilə bağlı dissertasiya işini uğurla müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini alıb. Sonra İnstitutda elmi fəaliyyətini davam etdirərək müəllim kimi çalışmağa başlayıb. Dissertasiya işində istifadə olunmuş ədəbiyyat siyahısına nəzər salsaq, görərik ki, burada 1931-ci ildə çap edilmiş nəşrlərdən tutmuş, 1985-ci il də daxil olmaqla 239 adda rus və ingilis dilində müxtəlif ölkələrdə nəşr edilmiş beynəlxalq münasibətlər, beynəlxalq hüquq, tarix, daxili və xarici siyasət, iqtisadiyyat, partiyaların fəaliyyəti barədə kitablar, “Вопросы истории”, “Международная жизнь”, “Мировая экономика и международные отношения”, “Daily Mirror”, “Europa-Archiv”, “Government and Opposition”, “Labour Research” və başqa nüfuzlu dövri nəşrlər yer alıb. Bu mənbələr də uzaqgörən liderin geniş və əhatəli mütaliə dairəsindən xəbər verir.
Xatırladaq ki, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi dövründə ölkə başçısı 30-a yaxın xarici KİV-ə xarici dillərdə müsahibələr verdi. Bu müsahibələrdə dövlət başçısı Azərbaycanın haqlı mövqeyini, müharibənin başlanma səbəblərini sistemli şəkildə siyasi uzaqgörənliklə auditoriyanın diqqətinə çatdırdı. Bu müsahibələrin mətni ilə tanışlıq, verilən “sifarişli”, bəzi ittiham xarakterli suallara prezident İlham Əliyevin tutarlı və əsaslı cavabları onun beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bilməsinin göstəricisi, hərtərəfli biliyinin, oxuduğu çoxsaylı kitabların hesabına formalaşan geniş mütaliə dairəsinin bariz nümunəsi idi. Bu müsahibələr, silsilə bəyanatlar, müxtəlif beynəlxalq görüşlərdə liderlik mövqeyi Azərbaycanın informasiya savaşında da qələbəsini təmin etdi.
Xüsusi olaraq qeyd edək ki, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılması, nəsildən-nəslə ötürülməsi və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında əvəzsiz rol oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi, fondların yeni nəşrlərlə zənginləşdirilməsi, virtual kitabxanaların yaradılması, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dövlət siyasətinin əsas prioritetləri sırasında xüsusi yer tutmaqdadır.
Və biz xüsusən vurğulamaq istəyirik ki, 44 günlük zəfər savaşından sonra prezident İlham Əliyev yazıçılara müraciət edərək söylədi ki, biz öz haqq işimizi başa vurduq, indi söz sizindir, siz bu qalibiyyəti bədii əsərlərə gətirməklə tarixin yaddaşına köçürməlisiniz.
Növbəti: 6.Mədəniyyət Nazirliyinin yorulmaz fəaliyyəti
“Ədəbiyyat və incəsənət”
(17.10.2024)
“Kim nə deyir desin, Yol xüsusi isimdir!” – HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Müqəddəs? – Yox! Müdrik? – Yox! Şaman? – Yox! Öncəgör? – Yox! Tənha Dədə Qorqud!..
Hardan gəlib hara getdiyi bilinmir..
2.
“Ruh gözün baxdığı yerdə,
Cisim gözün özündədi.
Qəlb ulduz axdığı yerdə,
Tənha göyün üzündədi.”
3.
Kim nə deyir desin, Yol xüsusi isimdir!
4.
Bütün zamanların çox ədalətli və dəqiq bir qanunu var - tarazlıq qanunu. Elmdə qazanırsan, həyatda itirirsən. Səni sevirlər, işdən qovulursan. İşdə hörmət sahibisən, evdə sayan yoxdur. Nə qədər desən bu tarazlıq zəncirini çəkib uzatmaq olar.
5.
Folkner: “Əgər yazıçı gördüyü, tanıdığı adamların surətini yaradırsa, bu, ədəbiyyatın böhranıdır.” Obrazdan ideyaya yox, ideyadan obraza! Ədəbiyyatın yolu budur.
6.
“Kainat sonsuzdur” fikrini anlayıb qəbul etmək çox çətindir. Çünki biz onu mövcud dilimiz, mövcud sözlərimiz vasitəsilə qavramaq istəyirik. Sonsuzluğun dərkini isə sonlu sözlər vasitəsilə anlamaq mümkün deyil. Bu anlayışın öz “qrammatikası”, öz “lüğəti” olmalıdır.
7.
Platonovun dil səthi azərbaycanca, Sabirin dil səthi rusca hələ tərpədilməyib.
“Ədəbiyyat və incəsənət”
(17.10.2024)
Toydan əvvəl üstlərini palçıq, yumurta və digər şeylər ilə çirkləndirərək gəlinləri şəhərdə piyada gəzdirirlər – XRİSTİAN ADƏTLƏRİ VƏ SINAMALARI
Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”
Bu gün uzun müddətdir ki, toplamağa başladığım, oxuduğum bədii və elmi-kütləvi əsərlərdə qarşıma çıxan adətlər, inanc və sınamalar içərisində sırf xristan dini ilə bağlı maraqlı saydığım adət və inancların bəzilərini sizinlə bölüşəcəyəm. Düşünürəm ki, oxucular üçün də bu məlumatlar maraqlı olar.
İnsanlar ibtidai icma dövründən yüz illəri geridə qoymuş, bugünümüzə gəlib çatan inam və sınamalara inanmış, ümidlərini onlara bağladığından onu nəsildən nəsilə ötürməli olmuşlar. Qədim insanların dərdlərinə çarə, əlac, qəlblərinə təsəlli, təskinlik yeri olmuş bu inanc və sınamalar bir çox yerlərdə hal-hazırda da öz cəlbediciliyini saxlamaqla xalqlar arasında yaşamaqdadır. Bu inanclar şüurlarda özünə yer eləməklə məxsus olduğu xalqların milli mənəvi sərvətinə çevrilərək həmin xalqların kökləri çox-çox dərin qatlara gedən qan yaddaşıdır. Şifahi nitq vasitəsilə yazılı ədəbiyyata gətirilmiş bu dədə-babadan qalma nümunələr məxsus olduqları xalqların dini adətlərini, ayinlərini, inanclarını, dünyəvi və ruhani görüşlərini özündə ehtiva edir. O cümlədən, dinlər içərisində dünya xristianlarına məxsus dini adət-ənənələr və inanclar möhkəm özül üzərində bərqərar olmuşdur. Burada bəzi ziddiyyətli fikir və mülahizələrlə rastlaşmalı oluruqsa da onlar öz əhəmiyyətlərini bugün də saxlamaqla xalqların həyatına daxildirlər.
Xristian ölkələrinin əhalisi arasında Milad bayramının xüsusi yeri olduğundan ilk öncə bu barədə söz açaq. Qeyd edək ki, milad bayramı dünya xristianları üçün önəmli bayramlardandır. Xristianların bu bayramı qeyd etmələri haqqında ilk məlumatlar IV əsrə aiddir. Bu bayram xristianların mənsub olduqları məzhəblərdən asılı olaraq, müxtəlif günlərdə (25 dekabr; 6-7 yanvar) keçirirlər. Katoliklər Miladı dekabrın 25-də qeyd edirlər. Bəzi mülahizələrə görə, bu tarix ilk xristianların mart ayının 25-də qeyd etdikləri Pasxa və Tanrının bədənləşməsi (İsanın ana bətninə düşməsi) gününün üzərinə 9 ay əlavə edilməsi ilə yaranıb və ən uzun qış gecəsi olan vaxtla üst-üstə düşüb. Digəriləri isə bunu tam başqa səbəblərlə - yəni bütpərəst romalıların həmin tarixdə qeyd etdikləri "Yenilməz Günəşin doğulması" bayramı ilə əlaqələndirirlər. Məlumdur ki, Milan tarixi İncildə göstərildiyi kimi İsanın anadan olması haqqında İncilin Əhdi-Cədiddəki məlumatla bağlıdır.
…İncilə görə, İsanın anası Məryəm adlı qadın olub. Məryəm Cozef adlı dülgərlə nişanlı olub. Lakin Məryəm bakirə ikən hamilə qalıb. Bu zaman mələklər Məryəmə bir oğlan doğacağı haqqında məlumat veriblər. Digər inanclara görə, mələklər həm də Cozefi inandırıblar ki, Məryəmi qovlamasın, onunla evlənsin. İsanın doğulduğu yerə ilk olaraq gəlib çatması haqqında da müxtəlif inanclar mövcuddur. Bəzi dini kitablarda yazılır ki, bu yeri çobanlar tapıblar. Amma Metyudan olan İncildə isə “ulduzların göstərdiyi yolla” İsanın doğulduğu yerə gəlib çıxan müdriklərdən bəhs olunur. Məryəm və Cozef uşaq doğulana qədər Vifleyem şəhərinə gedirlər. Çünki öz ata evini tərk etmiş Cozef Roma imperatorunun əmri ilə keçirilən siyahıyaalmada iştirak etməliydi. Odur ki, Məryəmlə Cozef İordan çayının kənarı ilə yola çıxırlar. Amma onlar Vifleyemə gəlib çatanda şəhər mehmanxanasında yer tapılmır. Mehmanxana sahibi onlara öz evinin yaxınlığında dağdakı mağarada, atların saxlandığı yerdə gecələməyə icazə verir. Məryəm məhz bu cür səs-küylü, heyvanların qaldığı bir pəyədə öz uşağını dünyaya gətirir.
…Digər bir əfsanəyəsə görə, çobanların yanında qalan kiçik bir yetim oğlan İsanın doğulması xəbərini eşidəndə onun üçün tikandan çələng hazırlayıb. Lakin sonra öz hədiyyəsindən utanaraq ağlamağa başlayır. Onun göz yaşları al-qırmızı pırkal meyvəsinə dönüb. Qədim təriqətlər bu bitkidən müdafiə üçün istifadə ediblər. Onlar qapı-pəncərələri pırkalla bəzəyərək pis ruhları qovmağa çalışıblar.
…İngiltərədə olan Roma əsgərləri də bayrama öz paylarını vermişdilər. Onlar bayram günlərində yaxşıca yeyib-içir, əylənirdilər. Kilsə həmçinin pırkal bitkisini İsanın tikanlı çələng simvolu kimi seçib. Əfsanəyə görə, Roma əsgərləri bu tikanlı bitkidən tac düzəldib onu İsanın başına taxıblar və mahnı oxuyublar: “Yəhudilərin kralını salamlayın”. Pırkalın meyvələri adətən ağ rəngdə olsalar da, Məsihin qanı onları tünd-qırmızı rəngə boyayıb. (“kulis.az” saytından)
Neçə min illərdir ki, insan doğulur, nəsil artırır, sonda həyatdan köçür. Bu üç mərhələnin folklorda doğum, toy, yas mərasimləri şəklində əks olunması təbiidir. Topladığımız inanc və sınamalar içərisində özünəməxsus çəkisi olan toy mərasimləri də adamların şadlıq, sevinc əhval-ruhiyyəsini yaxşılaşdırmaqdan ötrü dini və dünyəvi inanclara tapınmaqla həyat düzəmini müəyyənləşdirmək ehtiyacından meydana gəlmiş, məxsus olduğu xalqın öz həyat tərzini, məişət şəraitini qurmasına xidmət göstərmişdir. Bu baxımdan da nəsillərin müşahidəsindən keçdikdən sonra ağızlardan-ağızlara düşərək arıtlanmış inam və sınanclar insanların məişətində də özünü daha qabarıq göstərməkdədir. İnamlar əsasında nənə və babalar tərəfindən illərin təcrübəsindən çıxarılmış sınanclar vaxt ötdükcə adət şəklini almış, nəsillərin yaddaşında əbədiləşdiyindən ailə məişət daxilindəki münasibətlərdə gələcək nəsilin sağlamlığına önəmli yer ayrılmışdır. Buna görə də, slavyan xalqlarında bir sıra adətlər əsasən hamilə qadınlarla bağlıdır:
· Uşağın kar olmaması üçün hamilə qadınlara balıq yemək olmazmış.
· Əkiz uşaqların doğulmasından qaçmaq üçün bitişik meyvələri yemək olmazmış.
· Uşağın yuxusuzluğunun qarşısını almaq üçün hamilə qadınlar dovşan əti yeməzmiş. Bəzi inanclara görə dovşan heç vaxt yatmır.
· Uşağın burnunun axmaması üçün hamilə qadınlar selikli göbələk yeməzlərmiş.
(yazar Elnarə Ağaoğlu “kulis.az” saytından).
· Fransızlarda həftənin cümə günü uğursuz sayılır.
· Xristiyanlardan ötrü saatın ilk beş dəqiqəsi iş görmək üçün ən uğurludur.
· Rusiyada və Qafqaz xristianları kimisə səfərə yola salanda uğur diləmək üçün, həm də səfərdən sağ-salamat qayıtması münasibətilə şampan şərabı içirlər.
· Adətə görə ruslar bir-biriylə vidalaşarkən qucaqlaşıb üç dəfə öpüşürlər.
· Rusiyada yaşayan skopsislər (skopsislər provaslav dinin bir təriqətidir.) adətə görə ilk uşaqları dünyaya gələndən sonra özlərini axtaladırlar. Bu əməliyyatı cərrahiyyə yolu ilə öz arvadlarına da tədbiq edib onları da sonsuzlaşdırırlar. (A.Düma “”Qafqaz əsərindən)
· Şotlandiyada gəlinlərin toydan əvvəl üstləri palçıq, yumurta və digər şeylər ilə çirkləndirilir və belə şəhərdə piyada gəzdirirlər. Gəlinlər isə intiqam olaraq gecə gec saatda böyüklərinə ayaqlarını yudurdur.
· Tanzaniya və Keniyada yaşayan Vesai qəbiləsi üzvləri bir-biri ilə tüpürərək salamlaşırlar.
· Guamda bakirə insanların evlənməsi qadağandır. Heç bir əlaqə yaşamadan evlənmək onlar üçün utanc mənbəyi və təcrübəsiz olduqlarını göstərən bir əlamət sayılır. (“bizim.az” saytından)
· Fillipində bəy və gəlin toy gecəsi sərxoş olana qədər içməlidirlər. Fillipinlilər hesab edir ki, bu xüsusi gündə yalnız qonaqlarla əylənmək və içmək vacibdir. Mütləq qaydada sərxoş olacaqları üçün bəylə gəlinə cinsi əlaqədə olmaq da qadağandır.
· Balkan dövlətlərindən sayılan Makedoniyada da toy gecəsi adəti maraqlıdır. Burada bəylə gəlin evliliklərinin ilk günü toy hədiyyələrinə sahib olmaq üçün bir-birilə mübarizə aparır. Hədiyyələrə sahib olan tərəf ailənin başçısı sayılır.
· Qədim slavyanlarda toy gecəsi bəylə gəlin tək qalmırdılar. Bəyin böyük qardaşları onları seyr edirdilər. Nəslin artması hər şeydən vacib olduğuna görə bəydə cinsi zəiflik olsaydı, böyük qardaşlar bəyin funksiyalarını icra etməli idilər.
· Yunanıstanda ilk toy gecəsi yatağa birinci olaraq balaca uşaqları buraxırdılar. Oynayan və qaçan uşaqlar gələcək ailənin sağlam övlad sahibi olacağına ümid ifadə edirdi.
· Rus pravoslav rahiblərinin mövcudiyyətinin min ildən artıq tarixi olan Yunanıstandakı Afona dağı əslində 335 kvadrat kilometr sahəsi olan yarımadadır. Bura həm də dünyada qadınların gəlməsi qadağan edilmiş ən böyük ərazidir. Afona nəinki qadınları, heç dişi heyvanları da buraxmırlar. Bu pravoslavlıqdakı nikahsızlıq əhdinin qorunması üçün ən rahat yoldur. (Mir.az saytından)
Bəzi dinlərdə və onların təriqətlərində bir sıra rəqəmlərin adamlar arasında uğurlu və yaxud uğursuz sayılması bizə məlumdur. Xristianlıqda 13 rəqəminin nəhs, uğursuz rəqəm sayılması belə hallardandır. Bununla bağlı aşağıdakı belə bir rəvayət mövcuddur.
…Bu rəvayətdə İsa peyğəmbərin öz şagirdləri ilə axırıncı şam yeməyindən söhbət açılır. Rəvayətə görə, masanın ətrafında oturanların sayı 12 imiş. 13-cü şəxs İsanın şagirdi Yəhuda (İuda) sonradan gəlir. O, müəlliminə xain çıxaraq onu ələ verir Buna görə də 13 rəqəmi bədbəxtliyin, xəyanətin rəmzi hesab edilir. Lakin 13 əvvəllər də nəhs rəqəm sayılmışdır. «Qədim yəhudilərdə 13 «ölüm rəqəmi» idi. 13 rəqəminə uyğun gələn fal kartını bədbəxtlikdən xəbər vetən işarə hesab edirdilər» Bununla bağlı bir sıra inanclar meydana gəlmişdir ki, bunlar da indiyədək xalqlar arasında yaşamaqdadır. Belə ki, masa arxasında 12 nəfər əyləşmişdirsə, 13-cü şəxs burada oturmur, onun üçün ayrıca süfrə açılır. Bir çox ölkələrdə 13 nömrəli ev, mənzil və s. olmur.
Yaxud:
…13 rəqəminin uğursuz hesab edilməsi on ikilik say sistemi ilə əlaqələndirilir. Vaxtı ilə on iki ədədi ilə say qurtarmış, ondan yuxarı qalxmamış, on iki sayı xoşbəxtliyin rəmzi kimi qəbul olunmuşdur. İnsanlar on ikidən sonra hansı say gələcəyini bilmirdilər. Naməlum say sirli və dəhşətli göründüyündən 13 sayından istifadəni lüzumsuz və artıq iş hesab edirdilər. (Kəmalə İslamzadə “mifoloji təsəvvürlərin, inam və etiqadların rəqəmlərdə ifadəsi” məqaləsindən)
Aşağıda veriləcək parçalarda mahir müşahidə qabiliyyətinə malik V. Hüqo ətraflı araşdırma apararaq xristian dininin sərt qayda-qanunlara malik olması və bu dinə stayiş edən inançlı insanların ayinlərin icrası zamanı hansı əzab-əziyyətlərdən keçmələrindən, möhkəm nizam-intizamın mövcudluğundan söz açaraq onun inandırıcı və real boyalarla təsvirini vermişdir. Ədib dinin ona sitayiş edənlərin həyatında hansı mövqeyə malik olmasını, onların davranış və güzaranlarında nə kimi rol oynadığını ustalıqla əks etdirmişdir. Bu isə müəllifin bu din və onun təriqətləri haqqında geniş və tutarlı məlumata sahib olmasının bariz göstəricisidir.
…Martin Verqanın sərt ispan nizamnaməsinə tabe olan benediktçi-bernarçı rahibələr bütün il boyu ətsiz xörək yeyirlər, ümumiyyətlə, başqa icazə verilən günlərdə də pəhriz saxlayaraq, yeməkdən çəkinirlər, ilk olaraq şirin yuxudan oyanaraq yataqdan durur, gecə saat birlə üç arasında dua kitabını oxuyur və səhər ibadətini keçirirlər. Bütün il boyu qaba mələfə və küləş üstündə yatar, heç bir zaman peç yandırmaz, bədənlərini yumazlar, hər cümə günü özlərinə cəza verər, sükut əhdinə riayət edər, bir-birilə ancaq az müddət sürən istirahət vaxtında danışarlar, 14 sentyabrdan, yəni Merac bayramı günündən başlamış pasxaya qədər, bədənlərinə iynə kimi batan yun köynək geyərlər. Altı ay hələ güzəşt deməkdir, qaydaya görə bu köynəyi bütün il boyu geyinməlidirlər: lakin yay istisində dəhşətli bir şey olan bu yun köynək isitməyə və əsəb xəstəliyinə səbəb olur. Buna görə köynəyi geyinmək möhləti ixtisar edildi; lakin bu güzəştə baxmayaraq, 14 sentyabr günü yaxınlaşanda, yəni rahibələr yenidən bu köynəyi geyinən zaman, yenə də onları iki-üç gün isitmə tutur. İtaət, yoxsulluq, bəkarət, daim monastır divarları arasında yaşamaq - onların əhdləri budur. Nizamnamə bu əhdi daha da ağırlaşdırmışdır.
…Monastır rəisi üç il müddətinə, “seçici analar” adlanan rahibələr tərəfindən seçilir. Bu rahibələr kapitula görə həlledici səsə malik olduqlarından belə adlanırlar. Rəis yenidən yalnız iki dəfə seçilə bilər, beləliklə, monastır rəisi üçün ən uzun idarə müddəti doqquz ildir.
Onlar heç bir zaman ibadəti keçirən keşişin üzünü görməzlər, çünki keşişlə onların arasında beş fut hündürlükdə sarjadan bir pərdə olur. Moizə vaxtında vaiz ibadətxanada dayandığı zaman, rahibələr örpəklərini üzlərinə çəkirlər. Onlar həmişə yavaş danışmalı, başlarını aşağı salıb, gözlərini yerə dikərək yeriməlidirlər. Monastıra yalnız bir kişi girə bilər ki, o da yeparxiya arxiyepiskopudur. Monastıra bir nəfər daha girə bilər: o da bağbandır, lakin o, adətən, qoca olur; bağbanın daim bağda tək olması, rahibələrin isə onun gəlməsindən xəbərdar olub ona rast gəlməməsi üçün bağbanın dizinə zınqırov bağlayırlar. Rahibələr rəisə tabedir, bu itaət hüdudsuz və etirazsızdır. Bu tamamilə tərki-dünyalıq olan kanonik, mənəvi bir itaətkarlıqdır. Onlar İspanın səsinə, hərəkətinə, ən kiçik bir işarəsinə qətiyyətlə, kor bir itaətkarlıqla tabe olurlar, onlar fəhlənin əlindəki mişara bənzərlər, icazə almadan onların heç bir şey yazmağa, oxumağa ixtiyarları yoxdur.
…Hər bir rahibə növbə ilə bağışlama deyilən bir mərasimdən keçməlidir. Bağışlatma - yer üzündə baş verən bütün günahlar, bütün səhvlər, bütün cinayətlər, bütün zülmlər, bütün haqsızlıqlar üçün edilən bir dua deməkdir. Bağışlatma mərasimini keçirən rahibə bacı on iki saat ərzində, gündüz saat dörddən ta səhər saat dördə qədər, yaxud səhər saat dörddən gündüz saat dördə qədər daş döşəmə üzərində, dizi üstündə, müqəddəs nemətlər qarşısında, qolubağlı, boynunda kəndir dayanmalıdır. Rahibə artıq taqətdən düşdüyü zaman, üzü üstə yerə yıxılır, qollarını xaç kimi yanlarına uzadır. O, vəziyyətini ancaq bu vasitə ilə yüngülləşdirə bilər. Rahibə bu vəziyyətdə bütün yer üzündəki günahkarlar üçün dua edir. Burada demək olar ki, ilahi bir əzəmət var. Bu ayin, təpəsində şam yanan bir dirəyin yanında icra edildiyindən monastırda bu ayinə həm “bağışlatma ayini”, həm də “dirəyin yanında dayanma ayini” də deyirlər. Hətta rahibələr zəlalət üçün son ifadəni daha çox tərcih edirlər, çünki bu ifadədə həm cəza, həm də həqarət fikri var. “Bağışlatma ayini” bütün ruhu məşğul edən bir ayindir. Dirək yanında dayanan rahibə bacı, arxasında ildırım çaxsa belə, dönüb geri baxmaz.
Bundan başqa bir rahibə də dayanır. Bu dizi üstə dayanmaq bir saata qədər davam edir.
Rahibələr qarovulda dayanmış əsgərlər kimi bir-birini növbə ilə əvəz edirlər. Yorulmadan sitayişin də mənası budur.
…Monastır rəisləri və analar övliya, yaxud şəhidlərin adlarını deyil, Həzrət İsanın həyatında mühüm bir hadisəyə işarə edən bir ad daşıyırlar, məsələn: Milad ana, Maya ana. Düxul ana, Tanrı əzabları ana. Lakin övliya şərəfinə ad qoymaq da qadağan deyildir. Rahibələrin üzünə baxdıqda yalnız ağızlarını görmək olur. Hamısının dişləri sarıdır. Diş fırçası heç bir zaman monastıra girməmişdir. Diş təmizləmək - aşağısında “ruhu məhv etmək” sözləri yazılmış bir pilləkənin üst pilləsinə qalxmaq deməkdir. Rahibələr mənim deməzlər. Onların özlərinə aid heç bir şeyləri olmadığından, heç bir şeyi əziz tutmazlar. Onlar hər şeyə bizim deyərlər. Məsələn: bizim örpəyimiz, bizim təsbehimiz. Öz köynəklərindən bəhs etdikləri zaman belə, onlar “bizim köynəyimiz” deyirlər. Bəzən onlar əhəmiyyətsiz bir şeyə, bir dua kitabına, bir dini xatirəyə, bir surətə öyrəşirlər. Lakin bu şeyi əziz tutmağa başladıqlarını hiss edən kimi dərhal onu verməyə borcludurlar. Onlar müqəddəs Terezanın sözlərini xatırlayırlar. Bir dəfə kübar bir xanım rahibəliyə daxil olduğu zaman: “Ana, icazə verin, mənim çox əziz tutduğum müqəddəs İncilin dalınca adam göndərim!” dedikdə, müqəddəs Tereza ona belə bir cavab vermişdi: “Ah! Demək, sizin əziz tutduğunuz bir şey varmış? Elə isə bizim sıramıza daxil olmaya bilərsiniz!”.
( Viktor Hüqo “Səfillər” romanından)
Bu inanc və sınamalar həyat durduqca insanı beşikdən qəbrədək müşayiət etməkdədir. Bu kimi xüsusiyyətlərin adət şəklini alması onların istifadə və tətbiq imkanlarını artırmaqla geniş yayılmasına səbəb olaraq gündəlik həyat tələbinə çevrilmişdir. Məhz buna görə də , yuxarıda sadalananlar həmin dinin səciyyələndirilməsində başlıca amillərdən biri kimi qiymətləndirilməlidir. Buradan da göründüyü kimi, bu şifahi xalq nümunələri hər bir xalqın qədim milli adət və ənənələrini, məişət şəraitini, genofondunu, məşğuliyyətini, dini baxışlarını özündə qoruyub saxlamaqla aktual və güvənclidir.
“Ədəbiyyat və incəsənət”
(17.10.2024)
“Kəlağayı yaşıl dünyaya töhfədir'' adlı tədbir və sərgi keçiriləcək
19 oktyabr, 2024-cü il, saat 11:00-dan 19:00- a qədər Bakı Xətai Sənət Mərkəzində Xətai Rayon İcra Hakimiyyətinin, Xətai Sənət Mərkəzinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılıgı ilə ''Sazlı, sözlu kəlagayı günləri'' layihəsi çərçivəsində ''Kəlagayı yasıl dünyaya töhfədir'' adlı tədbir və sərgi keçiriləcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisindən məlumat verilib.
Sərgidə rəssam Gülnarə Məmmədovanın kəlağayıdan bəhs edən rəsm əsərləri, Güllü Eldar Tomarlının yaşıl dünyanı özundə əks etdirən əl işləri, yaşı əsrlərə söykənən qədimi kəlağayıları sərgilənəcək. Müasir
Basqal kəlağayıları da sərgidə nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət”
(17.10.2024)
İzmirdə “Azərbaycan Mədəniyyət və İncəsənət Günü”nün rəsmi açılışı olub
İzmirdə “Azərbaycan Mədəniyyət və İncəsənət Günü”nün rəsmi açılışı və incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim edilib.
Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən “Azərbaycan mədəniyyət və incəsənət günü” tədbirləri çərçivəsində İzmirdə Ege Universitetinin MÖTBE Mədəniyyət Mərkəzində rəsmi açılış mərasimi keçirilib, Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, tədbirdə şəhər ictimaiyyəti, rəsmi qonaqlar, elm, təhsil, mədəniyyət sahəsinin təmsilçiləri, müəllim və tələbələr, çox saylı dəvətlilər iştirak ediblər.
İlk öncə iki qardaş ölkənin dövlət himnləri səsləndirilib.
Tədbirdə İzmir Simpoziumlar düzənləmə Mərkəzi, Ege Universitetinin xarici əlaqələr rəhbəri Dosent Dr. Yılmaz Özkaya çıxış edərək Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsindəki əlaqələrə diqqət çəkib, iki qardaş ölkənin ortaq dəyərləri, tarixin bütün mürəkkəb dövrlərində daim bir-birinə dəstək göstərdiklərini qeyd edib. Yılmaz Özkaya Azərbaycanın zəngin mədəniyyətinin nəinki Türk dünyasında, bütün dünyada maraqla qarşılandığını, Azərbaycan xalqının bəşər mədəniyyətinə böyük töhfələr verdiyini söyləyərək, bu cür tədbirlərin milli mədəniyyəti tanıtmaqla yanaşı, xalqlar arasında dostluq körpüsü və həmrəyliyi gücləndirdiyini bildirib.
Daha sonra Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, mədəni əlaqələrə diqqət çəkib, iki ölkə arasında yüksək səviyyəli münasibətlər, qardaşlıq, çoxəsrlik dostluq və həmrəylikdən danışıb. O, milli musiqimiz, rəqslərimiz, milli musiqi alətləri, təkrarsız muğam, aşıq sənəti, əsrarəngiz kəlağayı və xalçalarımız, dünyanı fəth edən ədəbiyyat dahiləri ilə Azərbaycan mədəniyyətinin zəngin mirasa sahib olduğunu və qardaş ölkənin cəmiyyəti tərəfindən maraqla qarşılandığını vurğulayıb.
Konsert proqramının ilk bölümündə Beynəlxalq müsabiqələr qalibiHəzrət Əzizli “Bayatı Şiraz – Xudayar Təsnifi”ni ifası ilə şəhid qəhrəmanlarımız anılıb, əməkdar artist Dilarə Əliyeva "Azərbaycan-Türkiyə Qardaşlığı" adlı monoloqu təqdim olunub.
Proqramın bədii hissəsində Azərbaycanın Xalq Artistləri Gülyaz Məmmədova, balabanda Əlixan Səmədov, populyar müğənnilər Fidan Hüseynova, İzzət Bağırov, tarzən Abdullah Qurbani, kamança ustası Möhsin Qurbani, aşıq Arzu Qurbani milli musiqilərimizi ifa ediblər.
Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin “Xəzər” rəqs ansamblı “Uzundərə”, “Turacı”, "Qardaşlıq rəqsi" adı altında rəngarəng rəqslərimizi təqdim ediblər.
“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri İstanbul şəhərində davam edəcək, 17 oktyabrda Atatürk Mədəniyyət Mərkəzində fərqli tədbirlər nəzərdə tutulub.
Qeyd edək ki, tədbirlərə Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyədəki Səfirliyimiz, Türkiyənin aidiyyatı qurumları xüsusi dəstək göstərir.
“Ədəbiyyat və incəsənət”
(17.10.2024)
Bu gün Füzulinin işğaldan azad edilməsinin ildönümüdür
Tariximizin daha bir şərəfli səhifəsi.
1993-cü ildən Füzuli rayonunun ərazisinin bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Düz 20 ilə yaxın bir müddətdə bu işğal davam etdi.
Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Rayon 8 avqust 1930-cu ildə yenidən təşkil olunmuş və Qaryagin adlandırılmışdır. Təsəvvür edin ki, bu Qaryagin rus polkovniki imiş, İranla müharibədə nə qədər azərbaycanlı öldürübmüş. 1959-cu ilin aprelində milli hisslər dilə gəlmişdir, böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin adı dəyişərək Füzuli olmuşdur. Qarabağımızın dilbər guşəsi olan Füzuli rayonu həm də qədim tariximizin sübutu məkanıdır. 1968-ci ilin yayında Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyəti olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarlamışdır.
1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə Füzuli sakini döyüşmüş, yüzlərlə insan şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Qarabağ müharibəsində ölkəmizdə ən çox itkin və şəhid verən Füzuli rayonunun əhalisi olmuşdur. Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Azərbaycan ordusunun 1994-cü ilin yanvar ayının 5-də başladığı əməliyyat nəticəsində işğal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edildi. 27 sentyabr 2020-ci il tarixdə şanlı Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, 9 oktyabr 2020-ci ildə Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabr 2020-ci il Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabr 2020-ci ildə Arış kəndi, 17 oktyabr 2020-ci ildə isə Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad olundu.
Yaşasın Azərbaycan ordusu!
“Ədəbiyyat və incəsənət”
(17.10.2024)
“Səhra savaşı” yenidən yayınlandı
Könül, “Ədəbiyyat və incəsənət”
Səhra savaşları sizcə necə olur? Adi savaşlardan nə ilə fərqlənir? Bəs ürəklərdə, ruhlardakı savaşlar necə olur?
Bu günlərdə yazıçı Vaqif Sultanlının “Səhra savaşı” adlı romanı yenidən nəşr olundu. “Kritika” nəşriyyatının yayınladığı, şərti-metafоrik üslubda qələmə alınmış rоmanda təsvir olunan hadisə və əhvalatlar zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. İnsanlığın keçib gəldiyi yolun ənənəvi axarda deyil, tərs müstəvidə canlandırılması müəllifə insan və dünya haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan verir.
Yazıçı Vaqif Sultanlıdan aldığımız məlumata görə, “Səhra savaşı” romanı XXI yüzildə qloballaşan dünyaya hakim olan özgələşmə, yaddasızlaşma, biganələşmə, gərəksizləşmə kimi mənəvi-əxlaqi çöküş və humanitar böhranla müşayiət olunan bəşəri problemlərə sərt etiraz ruhu ilə seçilir. Süjet hörüyü fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan romanın baş qəhrəmanı kimi canlandırılan Qocanın timsalında yer üzündə dərinləşməkdə olan ziddiyyətlərin, qarşıdurmaların, çarəsizliyin, çıxılmazlığın gerçək mahiyyətini aşkarlamağa yönəlik sorunlara aydınlıq gətirilməsinə çalışılır.
Qeyd edək ki, ilk dəfə 2015-ci ildə Azərbaycan oxucularına təqdim olunan roman daha sonra Türkiyə, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya, Ukrayna, İran və başqa ölkələrdə yayınlanmış, haqqında müxtəlif səpkili araşdırmalar aparılmışdır.
“Ədəbiyyat və incəsənət”
(17.10.2024)
.
“Türkiyə yüzilliyində I Beynəlxalq Türk Diasporu Simpoziumu” keçirilib
Türkiyənin Erzincan şəhərində yerləşən Erzincan Binali Yıldırım Universitetində “Türkiyə yüzilliyində I Beynəlxalq Türk Diasporu Simpoziumu” keçirilib.
Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsindən “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) ev sahibliyi etdiyi simpozium Erzincan Valiliyinin, Erzincan Bələdiyyəsinin, Erzincan Binali Yıldırım Universitetinin və digər tərəfdaşların birgə təşkilatçılığı ilə baş tutub.
Simpoziumda rəsmi şəxslərlə yanaşı, türk diasporunu təmsil edən mədəniyyət xadimləri, idmançılar və başqaları iştirak ediblər.
Açılış nitqində Erzincan Binali Yıldırım Universitetinin rektoru, professor Akın Levent tədbir iştirakçılarını salamlayıb.
Tədbirdə Türkiyə Respublikasının Xaricdəki Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəhbəri Abdullah Eren, Erzincan Valisi Hamza Aydoğdu, Erzincan Bələdiyyəsinin sədri Bekir Aksu və digərləri çıxış edib.
Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz simpoziuma onlayn qatılıb və bildirib ki, 7 milyondan çox türk xarici ölkələrdə məskunlaşıb. O, türklərin yaşadıqları torpaqlara qatdıqları dəyərləri, öz həmrəylikləri ilə vətən həsrətini aradan qaldırdıqlarını vurğulayıb.
Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binali Yıldırım türk diasporunun dünyanın dörd bir yanında türk mədəniyyətini, dəyərlərini və uğurlarını təmsil edən böyük bir güc olduğunu dilə gətirib: “Birlikdə güclü addımlar atacaq və Türk dünyasının beynəlxalq arenadakı rolunu daha da gücləndirəcəyik”.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış edərək, sədr Fuad Muradovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin türk dövlətlərinin birliyinə və həmrəyliyinə xüsusi əhəmiyyət verdiyini bildirib. Sədr müavini türk dünyasının gələcəyi ilə bağlı qarşıya qoyulan hədəflərə toxunub və aparılan məqsədyönlü siyasətin nəticəsində əldə olunan nailiyyətlər haqqında fikirlərin bölüşüb. Komitə ilə Türk Dövlətləri Təşkilatının əməkdaşlığı çərçivəsində görülmüş işləri diqqətə çatdırıb. TDT-yə üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıqdan bəhs edib. Komitənin türk dünyası ilə əlaqələrin daha da dərinləşməsi və inkişafı istiqamətində həyata keçirdiyi layihələr barədə simpozium iştirakçılarına geniş məlumat verib.
Simpozium 16 oktyabr 2024-cu il tarixində yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(17.10.2024)
Ünsiyyət və əlaqənin necə qurulduğunu araşdıran dinamik və yaddaqalan bir tədbir – YARAT Muzey Gecəsi
Könül, “Ədəbiyyat və incəsənət”
YARATMüasir İncəsənət Məkanı oktyabrın 12-də sənətsevərləri ünsiyyətmövzusunu müxtəlifformalarda kəşf etməyə dəvətedən Muzey Gecəsi 2024-ühəyata keçirdi. Muzey Gecəsi barədə təəssüratlar çoxdur, gəlin “Yarat”ın PR meneceri Nərmin Həsənzadənin şərhində bu təəssüratları nəzərinizə çatdıraq.
Builki tədbir daxili aləmimizi anlamaq və ətrafımızı qəbul etmək mövzularının davamı olaraq, düşüncələrimizi, hisslərimizi və çətinliklərimizi necə ifadə etdiyimizə diqqət yetirdi.
Gecədə silsilə tədbirlərtəqdim olundu. Öncə YARATMərkəzinin 1-ci mərtəbəsindəkeçirilən İlhamə Babayevanınsəs terapiyası iştirakçılarasəsin şəfaverici gücünü kəşfetməyə imkan verdi. Buterapiyaprosesioxuyankasalarla, vokalyoqailə vəmantraifası ilə tamamlandı.
YARAT-ın 2-cimərtəbəsində SaintTwinsDetectivetərəfindənkeçirilən “Döngədəkiyaradıcı” oyunu,iştirakçılara 1950-ciillərinAmerikası ab-havasındahəyəcanvericidetektivmacərası yaşatdı. Gecədədigər mənalı tədbir Teatr O2-nin “5” adlı performansı oldu.
Bu interaktiv tamaşa sosial şəbəkələrin məhdudiyyətlərini araşdıraraq, canlı ünsiyyətin əhəmiyyətini vurğuladı.
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində istedadlı rəssam Leyla Qabulovanın “Danışılmamış hekayətlər” adlı ustad dərsinə gələn iştirakçılar duyğuları fərqli baxış bucağından araşdıraraq əsərlər yaratdılar.
Həmin məkanın 2-ci mərtəbəsində isə DEWAR, Şəhriyar İmanov, Pünhan Əzim və Rəşad Rəyyanın – elektron musiqi, tar və qəzəlin, ənənəvi və müasir incəsənətin vəhdəti olan “XİTAB” performansı qonaqları valeh etdi.
Muzey Gecəsi 2024, Bakı Bulvarı ərazisində - Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının yanında, açıq havada, müasir Azərbaycan rep sənətinin nümayəndələri Okaber və Neocortex-in, ritm və lirikanın emosional ünsiyyətin formalaşmasında necə təsirli olduğunu vurğulayan canlı ifaları ilə yekunlaşdı.
Muzey Gecəsi 2024-ü unudulmaz edən hər 2000 iştirakçıya dərin təşəkkürümüzü bildiririk!
Bakı Bulvar İdarəsi, iTicket platforması, Meatadore, United Coffee Beans və ASAN radionun dəstəyi ilə keçirilən Muzey Gecəsi 2024 ünsiyyət və əlaqənin necə qurulduğunu araşdıran dinamik və yaddaqalan bir tədbir oldu.
Biz inanırıq ki, YARAT bundan sonra da bu cür yaddaqalan tədbirlərlə ruhumuzu oxşayacaq.
“Ədəbiyyat və incəsənət”
(17.10.2024)
Bu gün Beynəlxalq Streyt-ədj Günüdür –HAMIYA LAZIM OLAN BİR GÜNDÜR
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
17 oktyabr. Siyasi məhbusluq yaşamış yazıçı Çingiz Ələkbərzadənin doğum günü
Çingiz Ələkbərzadə yaxşı yazıçıdır, çox oxunan “Zindan” romanının müəllifidir. Qızını da tanıyırsınız, müğənni Sevda Ələkbərzadə. Çingiz Əbülhəsən oğlu Ələkbərzadə 1936-cı il oktyabr ayının 17-də Bakı şəhərində anadan olub. Yaradıcılığa BDU-dakı tələbəlik illərindən başlayan Ç. Ələkbərzadə 1958-ci ildə “Kökəlməyin sirri” adlı hekayəsini almanaxda dərc etdirib və bundan sonra dövri mətbuatda müntəzəm çıxışa başlayıb. 1972-1973-cü illərdə Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsində “Günün səsi” xəbərlər baş redaksiyasında müxbir, 1973-1975-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında ssenarist, 1976-1979-cu illərdə “Kirpi” satirik jurnalında ədəbi işçi, 1979-1984-cü illərdə AzTV-də “Günün ekranı” redaksiyasında ştatdankənar müxbir, 1984-1989-cu illərdə Şirvan zonası üzrə xüsusi müxbir olub. Ç.Ələkbərzadə “Yarpaqlar töküləndə”, “Qızıl yəhərli at”, “Çılpaqlı”, “Vulkan” “Qumarbaz”, “Dünyanın qopduğu yer” kimi maraqlı nəsr əsərlərinin müəllifidir.
Tale ona həbsxana həyatı da yaşadıb. 1986-1988-ci illərdə durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etdiyinə görə o, günahsız həbs edilib. Ç.Ələkbərzadə həbsxanada çox böyük hörmət qazanıb, məhkumlar ona “şair” deyə müraciət ediblər. O, həbsdə olduğu müddətdə yaradıcılıqla məşğul olub, onun zindan şeirləri çox məşhur idi. Ömrünün iki il yarımını zindanda keçirib bəraət alaraq azadlığa çıxan yazıçı həyatının ağır günlərindən bəhs edən “Zindan” romanını qələmə alıb. Bəraət aldıqdan sonra yenidən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işə düzəlib, sonra isə “Azərnəşr”də işləyib. Lakin həbsxana həyatının fəsadları yazıçının səhhətindən yan keçmədiyindən stresdən, əsəbdən ciddi problemlər yaşayıb. Çingiz Ələkbərzadə 1999-cu il yanvar ayının 7-də Bakıda vəfat edib. Allah rəhmət eləsin!
17 oktyabr. Yoxsulluqla mübarizə günü
İnternational Day for the Eradication of Poverty. 2018-ci ildən dünyada aclıqdan əziyyət çəkənlərin sayı artmağa başlayıb, bu gün planet əhalisinin 11 faizi aclıq çəkir. Yoxsulluqla mübarizə BMT-nin əsas prinsiplərindən biridir, bu gün bütün bəşəriyyət yoxsulluqla mübarizəyə çağırılır. Dövrümüzün Hacı Zeynalabdinləri olduqca azdırlar, amma sıravi insanlarımız var ki, onsuz da kasad olan büdcələrindən kəsib tam imkansız qonşusuna yardım edirlər. Belələri var olsun!
17 oktyabr. Streyt-ədj günü
Təqvimin çox maraqlı günlərindən biridir. Həmin gün streyt-ədj həyat tərzini seçən insanlar həmrəylik nümayiş etdirirlər. Nədir streyt-ədj? Narkotiklərə, alkoqola, siqaretə, təsadüfi cinsi əlaqələrə, eləcə də istənilən millətçi-faşist təzahürlərə insan qrupunun prinsipial etiraz bildirməsidir. Yəni, nümunəvi insanlar nümunəvi əxlaq tərəfdarlarıdırlar. Düzü, bizdə də bu hərəkatın yayılmasının gözəl və effektiv olacağını düşünürəm. Gənclər, niyə təşəbbüs göstərməyəsiniz? Həmişə yuxarıdan gələn direktivlərlə hərəkət etməyəcəksiniz ki. Bir dəfə də özünüz irəliyə düşün!
17 oktyabr. Frederik Şopen sevgisi
Ümumdünya donorluq günü. Ümumdünya zədələr günü. Elektron tablolar günü. Al-əlvan paltar günü. Beynəlxalq zəlzələ zamanı düzgün hərəkətlər günü. Argentinada loyallıq günü. Tailandda polis günü. Hindistanda rəqəmsal cəmiyyət günü. Yaponiyada Kannamsay festivalı günü. ABŞ-da isə milli pasta (bizlər buna perojna deyirik) günü.
1905-ci ilin bu günündə Balkan liqası Osmanlı imperiyasına müharibə elan edib (balkanlıları türklərə qarşı qızışdıran, təbii ki, ermənilər olub). 1849-cu ilin bu günündə ən sevdiyim iki bəstəkardan biri (digəri Üzeyir Hacıbəylidir) Frederik Şopen dünyadan köçüb. Musiqidə romantizmin banisi, dünyaşöhrətli Polşa bəstəkarı və pianoçusunun dünyanın dörd tərəfində yüz milyonlarla pərəstişkarı var. Azərbaycana Şopeni kütləvi olaraq “Təhminə” filmi sevdirib desəm, inanın ki, yanlışlıq etmərəm. “Zaur, eşidirsən, Şopenin Prellüdiyasıdır”.
Nə qaldı? 1729-cu ildə məşhur “Dezertir” komik operasını yaratmış fransız bəstəkarı Pyer Monsinyi doğulub.
“Ədəbiyyat və incəsənət”
(17.10.2024)