Super User

Super User

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Nəzər yetirdiyimiz növbəti modeldə liderliyə təsir edən üç faktora (liderin özü, onun ardıcılları və yaranmış vəziyyət) münasibətdə liderin seçə biləcəyi 7 davranış nümunələrindən bəhs olunur.

Burada iki bir-birinin əksi – demokratik və avtoritar liderlik stilləri götürülür, bu liderliklər arasındakı fərq onların hakimiyyət mənbələri və insan xarakterinin təbiəti barədəki qənaətləri səbəbi ilə izah olunur. Demokrat zənn edir ki, hakimiyyət ona ardıcılları tərəfindən verilir və bu insanlar düzgün motivasiya şəraitində özünüidarə və yaradıcı iş qabiliyyətinə malik olurlar. Avtokrat isə hesab edir ki, hakimiyyət ona öz mövqeyi nəticəsində qismət olub, təşkilatlar və insanlar təbiətən tənbəldirlər və onlara güvənmək olmaz.

Demokratik liderlikdə hakimiyyət mənbəyi ardıcıllar üçün fəaliyyət azadlığı sahəsi, avtoritar liderlikdə isə liderin tətbiq etdiyi hakimiyyət sahəsi hesab olunur. Lider davranışının tərkib hissəsi olacaq seçiləsi 7 davranış nümunələri isə aşağıdakılardır:

 - lider öz ardıcıllarının «azadlıq» zonası hüdudlarında fəaliyyət göstərmələrinə imkan yaradır;

 - lider müəyyən çərçivələrdə qrupların qərarlarını yönəldir; 

 - lider problemlər irəli sürür, təkliflər verilməsini xahiş edir;

 - lider həll yolları təklif edir və onların dəyişdirilməsini mümkün hesab eləyir;

 - lider ideyalar irəli sürür və onların müzakirəsini təklif edir;

- lider qərar qəbul edir və onu tabeçiliyində olanlara çatdırır;

 - lider öz qərarlarının düzgünlüyünə ardıcıllarını əmin edir.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

 

Wednesday, 17 July 2024 12:00

“İki limon” – NAZİLƏ GÜLTAC

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gündən başlayaraq ardıcıl üç gün sizlərə nəsr zamanında Nazilə Gültacın hekayələri təqdim ediləcək. İlk oxuyacağınız “İki limon” hekayəsidir.

 

 

İş­dən bir ne­çə sa­at bun­dan əv­vəl çıx­sa da, evə get­mə­yə hə­və­si ol­ma­dı, ayaqla­rı onu dar­tıb sa­hi­lə apar­dı. Xey­li do­laş­dıq­dan son­ra üzün­də, gö­zün­də ye­ni il ərə­fə­si bir ne­çə gün ev­də tək və tən­ha ol­ma­ğın kə­də­ri ilə met­ro­ya en­di. Ge­cə sa­at on iki­yə az qa­lır­dı. Xey­li adam­ qa­tar göz­lə­yi­rdi. Bir ki­şi iki ye­şik li­mo­nu gə­tir­ib, düz onun ya­nın­da­ca ye­rə qoy­du. Hiss olu­nur­du ki, ki­şi bərk yo­ru­lub, üz-gö­zün­dən yor­ğun­luq ya­ğır­dı, li­mon­lar­sa a­da­mın üzü­nə gü­lür­dü. Get­dik­cə ət­ra­fa qə­ri­bə bir xoş ra­yi­hə ya­yıl­maq­da, san­ki hər tə­rəf li­mon rən­gi­nə bo­yan­maq­day­dı. “Kim de­yir ki, sa­rı rəng bəd­bin­lik rəm­zi­dir”. İlk də­fə sa­rı rən­gin nə qə­dər gö­zəl bir rəng olduğunu dü­şün­dü. Li­mon­la­rın rən­gin­də hə­yat eş­qi, tə­ra­vət var­dı. Hə­rə bir-iki li­mon al­dı. O da li­mon al­maq is­tə­di­yi­ni bil­dir­di. Ki­şi ona iki li­mon se­çib ver­di, am­ma nə qə­dər israr et­sə də, li­mon­la­rın pu­lu­nu al­ma­dı. “Gö­zəl qa­dı­na hə­diy­yə edi­rəm, mən­dən ye­ni il hə­diy­yə­si ol­sun, iki­niz də gö­zəl­si­niz – sən də, li­mon da”, – de­di.

...Ye­ni il hə­diy­yə­si olan iki li­mon sto­lun üs­tün­də sa­rı-sa­rı gü­lüm­sə­yir­di, elə bil ki, ev­də iki ba­la­ca gü­nəş doğ­muş­du. Özü­nə çay süz­dü, əli gəl­mə­di li­mo­nu doğra­ma­ğa. Ye­ni ili bu bir cüt li­mon­la bə­ra­bər qar­şı­la­dı. “Hər şey gö­zəl ola­caq”, – deyə­rək, li­mon­la­ra ba­xıb gü­lüm­sə­di. O, tək de­yil­di...

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

 

Wednesday, 17 July 2024 11:27

Laçının Təranəsi...- ƏDƏBİ TƏNQİD

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Avtobusda “Azərbaycan” jurnalının 6-cı nömrəsini vərəqləyirəm. Hekayə oxumağa elə alışmışam ki, indi də gözüm birinci onları axtarır. Bir-iki hekayədən sonra istedadlı yazıçı Təranə Vahidin imzasını görürəm. Tez oxumağa başlayıram. İnanıram ki, onun yazılarından yenə də çoxlu mesaj gələcək, həqiqətlə üzbəüz dayanıb sevinəcəm, kədərlənəcəm... Həqiqətən də elə olur, Təranə Vahidin hekayələrinin havası bir başqadı. Necə deyərlər, bir oxuyub beş düşünürsən...

Avtobusdan düşüb qaça-qaça işə gəldim, dedim FB səhifəmdə təəssüratımı paylaşım, amma işim çox oldu, səhəri gün jurnalda Təranənin o biri hekayələrini də oxudum. Amma nədənsə yenə də qayıdıb birinci hekayənin üzərində dayandım.

“Çökəklikdəki uçurum və ya insanlığın qürub çağı, amöb və mən” hekayəsi o qədər canlıdır ki, adamı özünə çəkir. Sanki yüz qılıncın deyə bilmədiyini Təranənin qələmi söyləmişdi. Həm də elə söyləmişdi ki, biri mən olmaqla oxucunun, elə bil, ürəyindən tikan çıxarmışdı. Xeyirlə şər, işıqla qaranlıq, xeyirxahla bədxah, istedadsızla istedad, varlıyla kasıb, kobudla incə üz-üzə dayanmışdı... Hekayə məni elə tutdu ki, düşündüm təəssüratımı FB səhifəsində yox, bir yazıda paylaşım. Ürəyimdə yazıya ad da qoydum –“Laçının Təranəsi”.

Təranə Vahid bu hekayədə arzulardan yazmışdı. Arzular dil açıb danışmışdı:

“Yırtıcı çənəsini şaqqıldadıb ağzımı əydi, “qanad çalmışam, arzuma inanmışam”... Hansı arzuna? Sənin kimi milyonlarla, yox, yox milyardlarla qanad çalan quşbeyin, səfeh var! Boşuna ha qanadlan, ha uç, ha havalan, elə bilirsən zirvələr yolunu gözləyir? Bax o zirvələr var ha, dimdiyilə başımdan elə vurdu ki, gözümün qarası saat kəfkiri kimi o yana-bu yana getdi, onlar hamısı ucdantutma tutulub, heç bir dənə də boş yer yoxdur. Burdan elə get, dəyirmandan darı gedən kimi...”

Təranə Vahid hekayəsində bu günün insanını göz önünə gətirir. Özü də dünyanın o başındakını yox, öz içimizdə olan adamları; paxılları, xainləri, istedadsızları,bir sözlə,Vətən, insanlıq düşmənlərini.O adamları ki, nə var onların olan dünyada başqalarına yer yoxdu. Onlar adi, balaca bir işığın-insanın da yolunu kəsirlər, onu qanad açmağa qoymurlar. Ona görə ki, bax o balaca işıqdan qorxurlar...

“Olmaz, sənə olmaz, çökəklikdə ola-ola işıq saçırsan. Xəbərin var ki, dəniz səviyyəsindən min kilometrlərlə yuxarıda olanlar hamısı bombozdu?! Bu parıltın, fərəhin, işığınla işıqsızların ağlını qarışdırmaq istəyisən? Qayıt xarabana, hardan gəlmisən ora, bir də qarşıma çıxıb başımı xarab eləmə”, - dedi və məni dimdikləyib çökəkliyə atdı.

Təranənin “Dvar” adlı jurnaldakı ikinci hekayəsi də aktualdı. Bu il dövlətimiz tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”dir. Bu yaşıllığın, sağlamlığın, gözəlliyin, təmizliyin bayramı deməkdir. Təranə də bu yaşıllğa, gözəlliyə qənim olanlara hekayəsi ilə qənim olmaq istəyir və bu onda çox gözəl alınır. Yaşıllığı məhv edib yerində kefi istəyən qəsri ucaldan vətənsizlər, qarınotaranlar bir gün başında oturub adamlara yuxarıdan aşağı baxdığı dağ aşağı yuvarlananda çöl-çəmən də sevinir...

Təranə Vahid can dərmanı olan suyu, havası,gözəlliyi dilə-ağıza sığmayan və işğaldan azad edilməyi ilə yenidən dağlar qoynunda nur saçan doğma Laçın torpağındandır. Laçın işğal ediləndə Təranə tələbə idi. O da mənim kimi tikanların üstüylə o ağır günlərin, illərin içindən keçib gəldi... Elə buna görə də onun hekayələrində torpaq, yurd həsrəti daha canlı, daha düşündürücüdü. Müəllifin “Tapılmayan torpaq”hekayəsində Laçının işğalı, ümumiyyətlə, yurdundan didərgin düşən insanların ağrısı qələmlə ədəbi tariximizə həkk edilib. 

“Qaçaqaç düşəndə, acı rüzgar onu və ailəsini doğma torpaqlarından qoparanda qaçqınlıq dərdini artıq belinə şəlləmiş Qərib kişi bir ovuc yurd torpağını dəsmala büküb özüylə gətirmişdi. Öləndə o torpağın məzarına tökülməsini istəyirdi. Amma əziz bir nişanə, tutyatək qoruyub saxladığı bükülünü hara qoyduğunu unutmuşdu. Xəstəliyinin şiddətindən huşunu itirən, dili tutulan bu didərginin son arzusu da həyata keçmədi, yurd həsrəti ilə dünyadan köçdü. Dəsmala bükülmüş torpaq isə yoxa çıxmışdı”.

İllərdi torpaqlarımız, o cümlədən də Laçın düşmən tapdağında qalmışdı. O yurdun əzəli sakinləri ən böyük arzuları gözlərində yavaş-yavaş bu vəfasız dünyanı tərk edirdilər. Bütün bu ağrı-acılara isə Təranə Vahid biganə qala bilmir, canı-qanıyla yoğurub yapdığı hekayələrində başımıza gələn müsibətin qələmlə rəsmini çəkirdi:

 "Neçə illərdi ki, yağış yağır, neçə illərdi ki, ölüm komalardan, daxmalardan, qazmalardan adamları daşıyır, neçə illərdi ki, bir milyon adam Qəribin son arzusunu axtarır. Neçə illərdi ki, yağışın altında Qəribin cənazəsi gözləyir... Lap üzə durub. Torpaq tapılmır ki, tapılmır..."

Gözlərin aydın olsun, Təranə Vahid!

Səni azad Laçında görəndə çox kövrəldim, elə indi bu sətirləri yazanda olduğu kimi…

Gözlərin aydın olsun, Laçının Təranəsi!

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

 

 

 

 

Wednesday, 17 July 2024 11:06

BİR SUAL, BİR CAVAB Kamran M. Yunis ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Aktyorlar az təriflənməkdən, əsl insanlar – az sevilməkdən məhv olurlar. (Fridrix Nitsşe)

Dəyərli sənətkarımız, bu ifadə ilə bağlı nə söyləmək istərdiniz?

 

 CAVAB:

Mən axır vaxtlar tez- tez bir söz söyləyirəm. "Nə yaxşı ki aktyor olmadım." 

Təbii ki, burada bildiyimiz Azərbaycan aktyorundan söhbət gedir, çünki başqa yerlərin aktyorlarını az- az görmüşəm. Mən bizim məmləkətin aktyorlarına oxşamaqdan qorxuram. Hamısını söyləməyəcəyəm, çox cüzi sayda istisinalar var ki, onları çıxmaq şərtilə..

“Mən aktyor ola bilmədim." Mən səhnədə yaxşı oynadım, amma həyatda aktyor ola bilmədim. Amma bir sənətçi kimi heç vaxt tərif ummadım, lakin dəyər umdum, dəyərləndirilmək istədim. Haqq elədiyim dəyəri almaq istədim, duymaq istədim. Ustadlarımdan bu dəyəri aldım. Bundan sonra elə bir insan yoxdur ki, bəlkə də, mənə dəyər verəcək və bundan xoşbəxt olacağam. Lakin tərif ummamışam. Əsl insan olmaq arzusundayam. Əsl insan bir ömür yaşayıb son nəfəsində də əsl insan kimi bu dünyadan köçən insana deyilir. Hər dünyaya gəlib bu gün bir yaxşılıq elədi, sabah bir yaxşılıq etdi, bu əsl insan demək deyil. Əsl insan sözün əsl mənasında insandır. Hər anı gözəlliklərlə dolu hər saniyəsi yaxşılıqla, sevgi, sevinclə dolu, təkcə öz sevdiyinə yox, bütün  dəyərli insanlara dəyər verməklə bəzənmiş insan əsl insandır. 

İnsan sevgisizlikdən məhv olar. Dünyamız bu gün sevgisizlikdən məhv olur, başqa şeydən yox, mümkün deyil.

 

Ədəbiyyat və incəsənət”

(17.07.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Bütün gücü ilə təzahür edib sahilə şığıyan coşqun dalğalar sərt qayalara çırpılıb, çillik-çillik olaraq süzülüb, məyus-məyus dənizə geri qayıdırdı.

Eynən uğursuz olduğu hər cəhdindən, hər dəfə uzatdığı əli havada qalandan, üzünə açılmayan qapılardan, söykəndiyi divarlar bir-bir dağılandan sonra ümidləri qırılaraq paramparça olub, öz küncünə çəkilən insanlar kimi..

Kim bilir bəlkə də başqa bir səbəb var idi dalağaların bu hiddətinin arxasında?! Axı bir az da hirsindən divarı yumruqlayan, qarşısına çıxan hər şeyi vurub sındıran insan ədasına bənzəyirdi bu hiddət.

Özlərini sahilə sipər edən bu sərt qayalar da  zamanla kütləşib hamarlaşmış, laqeyidləşmişdi dalğaların bu hikkəli iradəsi müqabilində.

Yorulmamaqda, bezməməkdə, əzmkar iradədə dalğalara tay olan bir də bu qağayılar idi. 

Görəsən qağayılar tapmışdılarımı o məktubu?! Yəqin ki, hələ də davam edirdi bu axtarış. Və nə qədər ki, bu dəniz, bu dalğalar, nə qədərki bu qağayılar var, davam edəcək..

Necəki sınıq-salxaq, yıxıq-tökük, paramparça, viranə, yarım-yamalaq həyatlar  kimi.. 

Nə qədər ki, dünya durur, nə qədər ki, nəfəs gəlib-gedir, pis-yaxşı yaşamağa davam edir insanlar. Və dünya durduqcada davam edəcək bu gərdiş..

Dalğalar hər fürsətdə sahilə şığıyıb qayaların laqeydliyində sınacaq, qağayılar elə hey dövrə vurub usanmadan o məktubu axtaracaq, insan hər dəfə kiçik bir işartı görüncə yenə bir ümid əlini uzadacaq və  yenə parlaq görünən o işartının soyuq qaranlığından ümidləri, qəlbi yanacaq.

Nə qədər ki, dünya durur, bu belə olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

Şəhid Mehrab Niftəliyev

 

Mehrab Niftəliyev 1985-ci il mayın 13-də Quba rayonunun Qam-qam kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı.

Mehrab Niftəliyev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun baş giziri olan Mehrab Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı FüzulininCəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehrab Niftəliyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

Elə indi oxudum

Döyüş yolunu sənin.

Şuşanın üzərində

Zəfər qolunu sənin.

 

Elə indi oxudum

Tarix üstə qanını.

Qəhrəmanlıq yolunu,

İgidlik dastanını.

 

Oxudum ki, vətənə

Qovuşmaq arzun olub.

Oxudum ki, Şuşada,

Vuruşmaq arzun olub.

 

Bütün varlığın ilə

Döyüşlərə girmisən.

 

Sonuncu nəfəsini

Təbəssümünə qatıb,

Şuşada dalğalanan

Bayrağıma vermisən.

 

Beləcə də köçmüsən

Vətənin hər daşına.

Adın qanınla düşüb

Tarixin yaddaşına.

 

Əbədi işıq şəhid,

Odun mübarək olsun!

Yerin mübarək olsun,

Adın mübarək olsun!

 

Daha sənin adın da

İgidlik qalasıdır.

İndi sənin üç balan

Vətənin balasıdır.

 

Zəfər tariximizə

Yazılan kitab oldun,

Adın da Mehrab idi,

Özün də mehrab oldun.

 

Daha xatirələri

Şəkillər daşıyacaq.

Adın ürəyimizdə

Əbədi yaşayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

 

Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün

 

O, böyük qanadlı, qorxunc bir görünüşə malik nəhəng ilan idi. Onun əjdadları yerin altındakı  mağaralarda yaşamışdılar. Quraqlıq, ölüm simvoluna çevrilmiş bu əjdahalar miras kimi üstündə yatdıqları xəzinəni qoruyardılar. 

 

Çox vaxt onlar suyun qabağın kəsib qarşılığında qurban istəyərdilər. Su həyat deməkdir, onu öznünkü edib həyata sahib çıxmaq onların xislətində idi. Susuz həyat isə əlbəttə ki, ölüm deməkdir.  Amma söhbət açdığımız bu əjdaha isə tamamilə onlardan fərqli olaraq meşədə tək-tənha yaşayır,  atəşin içinə sığınaraq özünü qorumaq üçün od yığardı. Bu odla canlıları düşmənlərdən qorumaq üçün ağzından püskürərdi. O yaşadığı yerin insanlarına, heyvanlarına toxunmadan bu yerləri qoruyurdu. Tənha və səssiz, sıx meşələrdə sərbəst gəzməyi çox sevirdi. Dəfələrlə insanları fəlakətlərdən xilas etdiyindən sakinlər onu yerin ağası adlandırırdı. Amma bir gün həmin yerlərdə heyvanları məhv edən, kəndləri xarabalığa çevirən vəhşi və qəddar bir qəbilə peyda oldu. Yaxınlaşan təhlükəni hiss edən əjdaha öz vahiməli səsi ilə insanlara xəbərdarlıq etdi. Qəbilə başçısı əjdahanın insanları xilas edəcəyini bilib hiyləyə əl atdı. Onlar zəhərli oxları bir-birinin ardınca əjdahanın üzərinə yağdırdılar. Son gücünü toplayan,ağır ölümcül yaralı əjdaha ağzından od saçmaqla düşmənləri yandırmaq istədi. Ancaq od əvəzinə ağzından qanlı köpük töküldü. Əjdaha son gücünü toplayıb düşmənlərinin üstünə şığıyıb, onları əzib tapdaladı. Artıq ölümünün yaxınlaşdığını hiss edənəjdaha çox sevdiyi gölün yanına gəlib uzandı və nəhəng bir dağa döndü. İnsanlar onları qoruyan, fədakar əjdahanın öldüyü, daşlaşdığı bu əzəmətli dağı Əjdaha dağı adlandırdılar.

 

Qərbi Azərbaycanın Qırxbulaq mahalı ərazisində Göyçə silsiləsində dağ. Alagöz və Qapıcıq dağlarından sonra üçüncü ən hündür dağ. Əjdaha dağı (h.3598 m) həmin yaylanın bu rayon ərazisindəki ən hündür zirvəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Gedəsən...” şeiri ilə. 

Yenə də öz ampluasındadır, təəccübləndirir, heyrətləndirir şair. 

“Dünya şeytan yuvasıdı-

Daş götürüb gedəsən...”

 

“Bu dünyanın gerçək üzü

Yalan üzündə gizlənib.”

Gözəl poetik bənzətmədir, deyilmi? 

Xoş mütaliələr!

 

Göz qurusa, o dəryadan

Yaş götürüb gedəsən.

Dünya şeytan yuvasıdı-

Daş götürüb gedəsən...

 

Qarı dünya, boş əldəsən?

Bir əldəsən, beş əldəsən?

 ..Ürəyini  boşaldasan

Boş götürüb gedəsən.

 

İndi çox yaşamaq ayıb-

Bu qarganı kim qarğayıb?

...Adamda baş da qalmayıb

Baş götürüb gedəsən...

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün

 

"Qazax" Xeyriyyə İctimai Birliyi və Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə Prezident mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, şair, publisist Rafail İncəyurdun 70 illik yubileyi keçirildi. 

 

Yubiley tədbirində eyni zamanda Rafail İncəyurdun "Bu da belə" adlı şeir kitabının təqdimatı baş tutdu. Eyni zamanda "Qazax" Xeyriyyə İctimai Birliyinin mətbu orqanı olan "Dəli Kür" qəzetinin Rafail İncəyurdun 70 illik yubileyinə həsr olunmuş Xüsusi buraxılışı da tədbir iştirakçılarına təqdim olundu.

Yubileydə Şəhid ailələri, elm adamları, şair-yazıçılar, ziyalılar iştirak edirdilər.

Onu da qeyd edək ki, şair, jurnalist, yazıçı Məmməd Əfşanın 85 illik yubileyi də Rafail İncəyurdun yubiley günlərinə təsadüf etdiyi üçün “Qazax" Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədovun dəvəti ilə Məmməd Əfşan da yubiley tədbirinə qatılmışdı. Məmməd Əfşanın "İtən şeirlərim" adlı şeir kitabı da tədbir iştirakçılarına təqdim olundu.

Yubiley tədbirini giriş sözü ilə Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov açaraq qonaqları salamladı. Nizami Cəfərov Rafail İncəyurd və Məmməd Əfşan yaradıcılığından söhbət açaraq onların Azərbaycan poeziyasına göstərdikləri xidmətlərindən danışdı: "Məmməd Əfşan sözünün sanbalı olan ziyalıdır. Dəyərlidir. Ziyalı ailəsi var. Onun publisistik yazıları, şeirləri, romanları zəngin ədəbiyyat nümunəsidir. Bu yaxınlarda Məmməd Əfşanın "İtən şeirlərim" adlı şeir kitabı işıq üzü görüb. Hələ onun nə qədər itməyən şeirləri var. Məmməd müəllim, biz sizi 85 illik yubileyiniz və şeir kitabınızın işıq üzü görməsi münasibətilə təbrik edirik. Sizə uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq".

Nizami Cəfərov Rafail İncəyurd poeziyasını təkrarçılıqdan uzaq olan, yüksək səviyyəli, yalnız Rafail İncəyurdun özünə bənzəyən - səmimi, alicənab, yurdcanlı, vətənpərvər poeziya olaraq qiymətləndirdi: "Rafail İncəyurdun yaradıcılığı hamımızın gözü qarşısındadır. O, yeni nəslin dəyərli şairidir. 70 yaşın təntənəsində oxucularla yeni görüşə gəlib. "Bu da belə" kitabı Rafail İncəyurdun yaradıcılığında yeni bir mərhələdir. Şair çoxdur. Əlinə qələm alanda kağızı korlayan şair də, kağızı korlamayan şair da var. Rəhmətlik Mircəlal Paşayev Səməd Vurğun haqqında deyirdi: "Səməd Vurğun əlinə qələm alanda kağız korlamır". Rafail İncəyurd da kağız korlamayan şairlərdəndir. "Bu da belə" kitabı yüksək səviyyəli kitabdır. Təkrar deyil. Özüdür. "Bu da belə" kitabında qədim İncə Dərəsinin obrazı var. Tarixin, bəşəriyyətin hansı ağır günlərdən keçdiyi bu kitabda mükəmməl şəkildə poeziyanın yaddaşına köçürülüb. Kitabda başqa bir cəhət də ondan ibarətdir ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbənin tarixçəsi var. Qələbənin xalqımıza yaşatdığı əvəzolunmaz sevinc Rafail İncəyurd qələmi ilə mükəmməl şəkildə şeirin yaddaşına həkk olunub. Ümumiyyətlə Rafailin yeni kitabında ailə-məişət, siyasi mövzulu fikirlər, ümumtürk, sufilik mövzuları da özünəməxsus şəkildə poeziya dilinə çevrilib. Rafail İncəyurdun birbaşa hisslərə təsir edən qələmi var. Şeir kitabı çapa hazırlananda kitabda yer alacaq şeirləri mənə təqdim etdi. Dedi ki, xoşuna gəlməyən şeirlərin üstündən xətt çəkərsən. Hər şeirini oxuduqca, mən Rafaili yenidən kəşf etdim. Baxdım ki, burada üstündən xətt çəkiləcək şeir yoxdur. Əlim gəlmədi Rafailin şeirlərinə toxunmağa. Yenə deyirəm, Rafail İncəyurdun poeziyası da, özü kimi təmiz, dürüst, İlahi hisslərə bağlıdır. Rafail, 70 yaşın mübarək. Yaz, yarat. Qələminin səsi gəlsin".

Sonra söz İlham Pirməmmədova verildi. İlham Pirməmmədov da hər iki yubilyarı təbrik etdi.

Xalq şairi Nəriman Həsənzadənin, Millət vəkili Səməd Seyidovun adından Məmməd Əfşanı və Rafail İncəyurdu təbrik etdi: "İctimai Birliyin artıq uzun illərdir bir ənənəsi var. Yubileyi olan ziyalılarımız haqqında "Dəli Kür" qəzetinin Xüsusi buraxılışı nəşrə hazırlanır. Bu yaxınlarda BDU-nun Qazax filialının Riyaziyyat və informatika kafedrasının müdiri, İctimai Birliyin Fəxri üzvü, professor Hüseyn Xəlilovun 85 illik yubileyinə həsr olunmuş Xüsusi buraxılış nəşr olundu. 100 səhifədən ibarət olan Xüsusi buraxılışda Hüseyn Xəlilovun həyat və fəaliyyəti, elmi yaradıcılığı, onun bir ziyalı kimi Vətənə olan xidmətləri haqqında ətraflı məlumat verildi. Eyni zamanda Rafail İncəyurdun 70 illik yubileyinə də Xüsusi buraxılış hazırlanıb nəşr olundu. Rafail İncəyurdun ömür yolu, onun poeziyasına ədəbiyyatçıların, tənqidçilərin verdiyi qiymət, şairə həsr olunmuş şeirlər, ictimai insan olaraq onun haqqında yazılan dəyərli fikirlər toplanaraq Xüsusi buraxılışda nəşr olundu. Rafail biz səni təbrik edirik. Sənə uzun ömür, can sağlığı, yeni şeirlərin yazılması üçün sənə həmişə ruh yüksəkliyi arzu edirik. Hörmətli yubiley iştirakçıları, burada dəyərli bir ziyalımızın da yubiley yaşı tamam olduğu üçün onu da tədbirimizə dəvət edərək, təbrik etməyi özümüzə borc bildik. Şair, yazıçı Məmməd Əfşanın iyun ayının 27-də 85 yaşı tamam oldu. Həm də yeni şeir kitabı çapdan çıxdı. Məmməd müəllim, sizi 85 illik yubileyiniz münasibətilə, "İtən şeirlərim" kitabınızın çapdan çıxması münasibətilə səmimi qəlbdən təbrik edir, sizə möhkəm can sağlığı, bir də hər zaman olduğu kimi möhkəm iradənizin sayəsində daha uğurlu əsərlər yazıb-yaratmağınızı arzu edirəm. Hörmətli tədbir iştirakçıları, onu da qeyd edim ki, Məmməd müəllimin müəllifi olduğu tarixi roman - "Bar ağacından dar ağacına" kitabı "Qazax" Xeyriyyə İctimai Birliyi tərəfindən nəşr olunmuşdur. 

Diqqətinizə çatdırım ki, bu gün bizim tədbirimizdə görkəmli insanlar iştirak edirlər. Vitse-admiral, şair, İctimai Birliyin Fəxri üzvü Sübhan Bəkirov bu gün bizimlədir. Dəvətimizi qəbul edib gəldiyiniz üçün, sizə təşəkkürümüzü bildiririk, hörmətli Sübhan müəllim.

Onu da qeyd edim ki,  "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin qərarı ilə Azərbaycan ədəbiyyatı və poeziyası qarşısındakı xidmətlərini nəzərə alaraq Rafail İncəyurdu və Məmməd Əfşanı İctimai Birliyin təsis etdiyi "Xalq şairi Səməd Vurğun adına diplom"la təltif etməyi qərara aldıq. Səməd Vurğunun nəticəsi, Səməd Vurğunun Ev Muzeyinin direktoru Vurğun Vəkilov da tədbirimizdə iştirak edir. İcazənizlə həmin diplomları Məmməd müəllimə və Rafail müəllimə Vurğun Vəkilov təqdim etsin".

Diplomlar yubilyarlara təqdim olunduqdan sonra söz AYB-nin katibi Elçin Hüseynbəyliyə verildi. Elçin Hüseynbəyli  təbrik çıxışından sonra Azərbaycan Yazıçılar Birliyinin Rafail İncəyurda ünvanladığı Fəxri diplomu şairə  təqdim etdi. 

Daha sonra söz  Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalıya verildi. Əkbər Qoşalı Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın Rafail İncəyurda ünvanladığı təbrik məktubunu yubiley iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra söz Vitse-admiral Sübhan Bəkirova verildi. Sübhan Bəkirov hər iki yubilyarı təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulaydı.

Şəhid Teymur Abbaslının anası Başxanım Abbaslı Rafail İncəyurd poeziyasına hər zaman yüksək qiymət verdiyini vurğulaydı.

Yubileydə iştirak edən söz adamları, ziyalılar, elm adamları -  Rövşən Babanlı, Məti Osmanoğlu, Bəsti Əlibəyli, Əli Şamil, Qənimət Səfərov, Yusif Nəğməkar, Xəqani Qayıblı, Ramiz Göyüşov, Musa Ələkbərli, Qasım Abdullayev, Mahmud Allahmanlı, Müzəffər Süleymanov, Səma Muğanna, Qafar Sarıvəlli, Mahmud Vəli, Ağacəfər Həsənli, Ayaz Arabaçı, Rüstəm Kamal, Çingiz Abbasov, Bəxtiyar Rüstəmoğlu, Həmid Ormanlı, Babək Məmmədli, Aqşin Ağkəmərli, Fikrət Xəlilov, İlham Qazaxlı çıxış edərək Türkçülük, Turançılıq motivlərinin Rafail İncəyurd yaradıcılığında daha qabarıq əks olunmasını xüsusilə qeyd etdilər. Səməd Vurğun məktəbi keçən şairin böyük insani keyfiyyətlərə malik olmasından söz açdılar. Rafail İncəyurd poeziyasını yeni əsrin nümunəvi yaradıcılığı adlandırdılar. 

Daha sonra söz Məmməd Əfşana verildi. Məmməd Əfşan ona göstərilən diqqət və qayğıya görə İlham Pirməmmədova, Nizami Cəfərova təşəkkürünü bildirdi.

Sonda çıxış üçün söz Rafail İncəyurda verildi. Rafail İncəyurd tədbirin yüksək səviyyədə təşkil olunmasında xüsusi əməyi olan İlham Pirməmmədova və Nizami Cəfərova təşəkkürünü bildirdi. Dəvəti qəbul edib gəldikləri üçün tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

Rəsmi hissədən sonra tədbir iştirakçıları ziyafətə dəvət olundular.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

"YAŞAT" Fondunun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin  birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin övladları üçün Türkiyənin Antalya şəhərində yay düşərgəsinə start verilir. Düşərgə iştirakçıları iyulun 14-də Bakıdan yola düşüblər. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib. 

 

Şəhidlərimizin 18-22 yaş aralığındakı qız övladlarının qatıldığı yay düşərgəsi 21 iyul tarixinədək davam edəcək. Layihənin ikinci hissəsində şəhidlərimizin oğlan övladları iştirak edəcəklər. Həmin düşərgə isə 29 iyul - 3 avqust tarixini əhatə edəcək. Proqram çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar, təlimlər və əyləncəli oyunların keçirilməsi nəzərdə tutulur.

 

Düşərgənin əsas məqsədi gənclərin mədəniyyət və təcrübə mübadiləsində iştirakı, yeni dostluqların qurulması və beynəlxalq mühitin öyrənilməsidir. Düşərgə Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Alaaddin Keykubat Kampında keçirilir. Burada şəhid övladları ilə birgə Türkiyənin fərqli bölgələrindən olan gənclər də iştirak edirlər.

 

Şəhidlərimizin müxtəlif yaş kateqoriyasına uyğun övladları üçün “YAŞAT” Fondu tərəfindən mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr, təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir.

 

Xatırladaq ki, “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladlarından ibarət daha bir qrup yay məktəbində iştirak məqsədilə Londona gedib.

 

“Ədəbiyyat və incəsənət” 

(17.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.