Super User

Super User

 

Mayın 18-də AYB-nin Natəvan klubunda ədəbiyyatşünas alim, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turanın publisistika mövzusunda qurultayqabağı məruzəsi dinlənildi.

 

Tədbiri Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli açdı. Bildirdi ki, son yeddi ilin publisitika təsnifatı ilə bağlı məruzə Azərbaycan yazıçılarının növbəti qurultayı qarşısında ayrı-ayrı ədəbi janrlar üzrə edilən məruzələrin onuncusu və sonuncusudur. "Deyim ki, edilən məruzələr ümumilikdə ötən illərin ədəbi-bədii mənzərəsini yetərli şəkildə əhatə edib, faydalı müzakirələrə səbəb olub. Hesab edirəm Azər Turanın publisistika ilə bağlı məruzəsi də maraqla qarşılanacaq, bu janrda yazılmış əsərlərin obyektiv təsnifatı veriləcək".

Sonra ədəbiyyatşünas alim Azər Turanın əhatəli məruzəsi dinlənildi.

Məruzə ətrafında ilk sözü də Elçin Hüseynbəyli dedi: "Olduqca məntiqli, səriştəli bir məruzədir. Lüzumsuz sadalanmalara yol verilməyib. Publisistika sahəsində diqqət çəkən hər bir əsərə fundamental şəkildə nəzər yetirilib. Azər Turanın bu sahəyə yaxından, peşəkarcaçına bələdliyi məruzənin uğurunu təmin edib. Bu mövzu barədə maraqlı bir söz var ki, publisistika faktlı ədəbiyyat, ədəbiyyat faktsız publisistikadır. Həmin aforizm bu məruzədə də öz təsdiqini tapdı".

AYB sədrinin müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də E.Hüseynbəyli ilə həmrəy olduğunu bildirdi: Məruzəçi haqlı olaraq ədəbi-bədii düşüncəyə və milli məfkurəyə istiqamət verə bilən bədii publisistika nümunələri üzərində dayanıb. Bu, onun əsl sənətə, sözə olan münasibətindən, obyektiv dəyərləndirmə mövqeyindən irəli gəlir… Deyə bilərik ki, unudulan ad ümumiyyətlə olmadı. İradə Tuncay, Niyazi Mehdi, Ramilə Qurbanlı kimi adların da çəkilməsini təqdirəlayiq hesab edirəm. Məruzə ilə bağlı iki iradım var: birincisi, Azər Turanın özünə yer verməməsinin düzgün olduğunu düşünmürəm. Çünki Azər Turan adları çəkilənlərdən heç də geri qalmır və publisistikada gördüyü işlər də hər kəsə məlumdur. Əlbəttə, bu da onun təvazökarlığından irəli gələn bir haldır. İkincisi, fikrimcə, publisistika nümunələri adı altında yazılan bir çox uğursuz yazını tənqid etmək olardı. Hər bir halda çox uğurlu məruzədir, Azər Turana təşəkkür edirəm". 

Görkəmli yazıçı Xeyrəddin Qoca bildirdi ki, ədəbi həyatımızda yolu gözlənilən, istedadla qələmə alınmış əsərlər az olduğu kimi, Azər Turanın etdiyi məruzə kimi dəyərli araşdırmalara da az halda rast gəlirik: "Namuslu, əsl ədəbiyyatşünas araşdırmasıdır… Çox vaxt deyirlər kitab oxunmur. Deyirəm ki, yaxşı yazın, oxunsun. Bu mənada Azər müəllimin məruzəsi o yaxşıların sırasındadı".

AYB-nin katibi, yazıçı-publisist İlqar Fəhmi bildirdi ki, məruzəçinin milli düşüncəyə, vətəndaş mövqeyinə stimul verən əsərlər üzərində dayanması daha çox cəlbedicidir: "Bu əhatəli məruzəyə görə mən də Azər Turana təşəkkür edirəm. Məruzədə milli düşüncə, milli təfəkkür aparıcı xətt idi və bu, onu daha çox dəyərli etmiş oldu. İndi istənilən mövzuda yazılmış yazını esse kimi qələmə vermək olar. Amma bu məruzədə toxunulan publisistika nümayəndələrinin və nümunələrin hamısı vahid xətt üzrə qruplaşdırıla bilir. Söhbət milli təfəkkür xəttindən gedi…"

Professor Qəzənfər Paşayev qeyd etdi ki, məruzədə bütün nəsillər təmsil olunub: "Məruzə olduqca məntiqli, bitkin və yanaşma tərzinə görə obyektivdir. AYB rəhbərliyinin publisistikamıza bu yöndən yer verməsi çox əlamətdardır. Deyim ki, publisistika Azər Turanın gündəlik fəaliyyətinin önəmli bir sahəsidir. Bu prosesin içindədir. Məruzəçinin peşəkarlığı diqqətə çatdırdığı bütün arqumentlərdə özünü aydın şəkildə büruzə verir. Publisistika oxucular tərəfindən ən çox sevilən janrdır. Mənəvi məzmunlu gözəl bir məruzə dinlədik. Məruzədə bütün nəsillər təmsil edilib. İlk dəfə görürəm ki, publisistika ilə bağlı məruzədə gənclərə də yer verilir. Bu məruzənin Azər Turana həvalə edilməsi də çox yerində verilmiş qərardır. Çünki o, hər gün bu işlə məşğuldur və işinin peşəkarı olan biridir".

Tanınmış yazıçı, AYB-nin nəsr sektorunun rəhbəri Səyyad Aran bildirdi ki, adətən mükəmməl, əhəmiyyətli və bitkin iş barəsində yekdil rəy, münasibət olur. "Azər Turanın məruzəsinə də münasibət belədir və bu, haqlı münasibətdir. O, məruzəyə mükəmməl bir girişlə başlayıb və bu mükəmməllik bütün məruzə boyu davam etdirilib. Elmi-intellektual təhlil, real dəyərləndirmələr göz qabağındadır və dərin razılıq doğurur…"

Professor Tofiq Məlikli dedi: "Maraqla dinlədim. Publisistikamızın inkişaf mərhələləri gözlərim önünə gəldi. Belə bir məruzə ilə çıxış etmək sözügedən sahəyə yaxından bələdliyin və ciddi hazırlığın nəticəsidir. Ona görə ki, məruzəçi bütün hallarda faktlara əsaslanıb. Olduqca obyektiv baxışdı…"

Yazıçı-publisist Fazil Güney bildirdi ki, məruzəçi son illər publisistikamızın ümumi mənzərəsini dolğun şəkildə ifadə edə bilib. Ancaq yaxşı olardı ki, bu sahədə diqqətə çarpan, arzuolunmaz məsələlərdən də konkret misallar fonunda bəhs olunaydı.

Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Elnarə Akimova çıxışında məşhur bir fikri xatırlatdı ki, "doğrudan da üslub insandır". Azər Turan fəaliyyətində hansı üslubla çıxış edirsə, bu məruzədəki çıxışda da biz onu görürük. Mən düşünürəm ki, məruzə çox yaxşı sistemləşdirilib. Məruzədə son illərin publisistikası dərin notlarla öz əksini tapıb. Azər Turanın məruzəsi onun sənətə baxışını, mövqeyini və özünəməxsus üslubunu bütünlüklə ehtiva edir. Məruzədə zamana tarixi-tipoloji vahid kimi deyil, daha çox milli məzmun ifadə edən düşüncə müstəvisindən nəzər salınıb. Bu da Azər Turanın özünün ədəbiyyatşünas səriştəsindən irəli gəlir. Məruzə yaxşı bir sistemləşdirmə nümunəsidir. Son yeddi ilin publisistik mənzərəsi yığcam şəkildə ümumiləşdirilib”.

Tənqidçi Bəsti Əlibəyli məruzənin əhatəli, konseptual, orijinal cəhətlərini dəyərləndirdi.

Yazıçı-publisist Zemfira Məhərrəmli bildirdi ki, publisistika həmişə inkişafda olub, düşüncə həyatımızın müəyyən sahəsini əhatə edib. A.Turan bu reallıqları yetərincə dəyərləndirib.

 

Sərvaz Hüseynoğlu

 

Avstriyanın Breqenz və İsveçrənin Sürix şəhərlərində Azərbaycan korifeyi, xalqımızın və türk dünyasının musiqi mədəniyyətinə böyük töhfələr vermiş musiqişünas, xanəndə, şair və bəstəkar Əbdülqadir Marağayinin xatirəsinə həsr olunmuş “İpək Yolu” adlı klassik türk musiqisi konsertləri keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildirilib ki, komitənin, Türkiyə Mədəniyyət Nazirliyinin və TRT-nin birgə dəstəyi, İsveçrə Azərbaycanlıları Mədəniyyət, Dostluq və Həmrəylik Cəmiyyəti və Sürix Türk Musiqi Cəmiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə Azərbaycanın, Türkiyənin diplomatik korpuslarının əməkdaşları, türk iş adamları, müxtəlif qeyri-hökumət təşkilatlarının, Azərbaycan və Türkiyə diasporlarının nümayəndələri iştirak ediblər.

Musiqi direktoru Osman Nuri Özpekelin və xor dirijoru Yəhya Ceylanın idarə etdiyi konsertdə solistlər Münip Utandı və Çiğdem Yarkını, Sürix Türk Musiqi Cəmiyyətinin xoru və Türkiyədən gələn tanınmış musiqiçilər çıxış ediblər.

Üç saata yaxın davam edən konsertlər sənətsevərlərə unudulmaz anlar yaşadıb.

Qeyd edək ki, Əbdülqadir ibn Qeybi əl-Hafiz əl-Marağayi XIV əsrin ortalarında Azərbaycanın məşhur elm və mədəniyyət mərkəzlərindən sayılan Marağa şəhərində musiqiçi ailəsində anadan olub. O, Şərq musiqi nəzəriyyəsini dərindən mənimsəyib, öz şeirlərini Azərbaycan türkcəsi, fars və ərəb dillərində Segah, Üşşaq və Nəva muğamlarına uyğun vəznlərdə qələmə alıb. Marağayi türk xalqlarının musiqisinə, xüsusilə aşıq musiqisinə böyük diqqət yetirib və əsərlərində 9 əsas türk ladını və bütün Şərq xalqları üçün ümumi olmaqla, türk musiqisində daha çox işlənən ladları müəyyənləşdirib. Onun musiqi əsərləri yüksək mürəkkəblik dərəcəsi ilə fərqləndiyindən, peşəkar musiqiçilər, nəzəriyyəçi və ifaçılar üçün nəzərdə tutulub.

Marağayi ömrünün son illərini Heratda keçirib və 1436-cı ildə vəfat edib.

 

Bu gün - mayın  20-də “Hilton Baku” otelində növbəti, əsas mövzusu xalqlar arasında dostluq və sülh olan Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır.

 

Azərbaycan Moda Həftəsinin iştirakçıları Qazaxıstan, Özbəkistan və Tacikistandan olan modelyerlər və Azərbaycan və Türkiyənin ən yaxşı kutüryeləri öz yeni kolleksiyalarını iki il yarımlıq fasilədən sonra nümayiş etdirəcəklər.

Qeyd edək ki, Azərbaycan Moda Həftəsinin 12-ci mövsümünün moda nümayişləri mayın 22-dək “Hilton Baku” otelində keçiriləcək.

 

Şuşada Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Postmünaqişə humanitar gündəliyinin inkişaf etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” adlı beynəlxalq konfransın iştirakçıları birgə müraciət yayıblar.

 

Həmin müraciətdə deyilir:

“Biz, Azərbaycanın mədəniyyət paytaxtı və 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşada təşkil olunan “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçıları, xüsusilə postmünaqişə vəziyyətlərində davamlı inkişafın təmin edilməsində mədəni dirçəlişin və mədəni mühitin qorunmasının əhəmiyyətini bir daha təsdiqləyirik;

Azərbaycanın bu mühüm beynəlxalq konfransa Şuşada ev sahibliyi etmək təşəbbüsünü alqışlayırıq. Azərbaycan Hökuməti bütün region üçün uzunmüddətli sabitlik və dayanıqlı inkişaf üçün yeni imkanları nəzərdə tutan hərtərəfli və iddialı humanitar gündəm müəyyən etmişdir. Biz Azərbaycan hökumətinin münaqişədən zərər çəkmiş Azərbaycanın mədəni, dini və təbii irsinin dirçəldilməsi və bərpasına, infrastrukturun yenidən qurulmasına yönəlmiş münaqişədən sonrakı davamlı humanitar səylərini yüksək qiymətləndiririk;

Mədəniyyət münaqişələrdən sonra körpülərin qurulmasında, dialoq və əməkdaşlığın yaradılmasında universal alət kimi tanınır. Biz mədəniyyətlərarası dialoqun dayanıqlı sülhə töhfə verməsində müsbət rolunu vurğulayırıq. İnanırıq ki, beynəlxalq birlik mədəniyyət fəlsəfəsinin sülhün möhkəmlənməsinə töhfəsinin araşdırılmasını ehtiva edən Azərbaycan Hökumətinin BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO ilə birgə tərəfdaşlıqda elan etdiyi “Mədəniyyət naminə sülh” qlobal çağırışı kimi təşəbbüsləri dəstəkləyə bilər.

Mədəni irsin bir parçası olmaq və ondan istifadə etmək hüququ insanların mədəni hüquqlarının tərkib elementini təşkil edir. Biz Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 27-ci maddəsində təsbit edildiyi kimi, hər kəsin cəmiyyətin mədəni həyatında sərbəst iştirak etmək hüququnu vurğulayırıq. Mədəni irsin qorunması bütün dünya xalqları üçün böyük əhəmiyyət kəsb edir və mənsubiyyətindən asılı olmayaraq, mədəni sərvətlərə vurulan hər hansı zərər silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasında da öz əksini tapdığı kimi bütün bəşəriyyətin mədəni irsinə vurulan zərbə deməkdir. Buna görə də biz mədəni-dini obyekt və abidələrin mənşəyindən asılı olmayaraq hədəfə alınmasını və silahlı münaqişələr zamanı, xüsusən də işğal vəziyyətində, onların məhv edilməsini qətiyyətlə pisləyirik;

Biz BMT-nin 11 nömrəli Dayanıqlı İnkişaf Məqsədinə uyğun olaraq şəhərləri və insan məskənlərini inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı etmək üçün daha yaxşı ekoloji qayğıya və şəhərsalma planına ehtiyac olduğunu təsdiqləyirik. Bu kontekstdə işğaldan azad edilmiş ərazilərdə zəngin və müxtəlif ekosistemlərin qorunmasına da həssaslıqla yanaşan, dağıdılmış şəhər infrastrukturunun Azərbaycan Hökuməti tərəfindən əhəmiyyətli dərəcədə yenidən qurulmasını qeyd etmək lazımdır. Biz, həmçinin müvafiq beynəlxalq sənədlərə, o cümlədən “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” UNECE-nin Helsinki Konvensiyasına uyğun olaraq ətraf mühitin çirklənməsinin nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğulayırıq;

Bununla da, millətlər arasında sülh münasibətlərini qətiyyətlə dəstəkləməklə yanaşı, mədəni-dini və təbii irsin qorunmasının vacibliyini vurğulayaraq və BMT-nin 2030-cu il Gündəliyinin müvafiq məqsədlərinə sadiqliyi təsdiq edərək - biz, Şuşa konfransının iştirakçıları, beynəlxalq birliyə müraciət edərək, Azərbaycan Hökumətinin postmünaqişə dövründə infrastrukturun və dağıdılmış tarixi abidələrin bərpasına, mədəniyyətin və irsin dirçəldilməsinə yönəlmiş humanitar təşəbbüslərinə birmənalı və qəti dəstəyini verməyə çağırırıq. Bu kontekstdə biz beynəlxalq birliyi etimadın möhkəmləndirilməsi tədbirlərinə, mədəni-dini və təbii irsin canlandırılmasına və postmünaqişə uğurlu barışıq modellərinin təşviqinə yönəlmiş səylərə dəstək olmağa çağırırıq”.

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə reallaşan “Dmitri Sitkovetski ilə görüşlər” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. 

 

Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Dmitri Sitkovetskinin sənət yolu haqqında danışıb.

Londonda yaşayan dünyaşöhrətli musiqiçi Dmitri Sitkovetski açıq mühazirə ilə çıxış edib. O, mühazirəsində dünyanın ən məşhur skripka ifaçıları, onların bu sənətdə olan əzəməti, mövqeyi haqqında qiymətli məlumatlar paylaşıb. D.Sitkovetski mühazirəsindən sonra görüş iştirakçılarının suallarını cavablandırıb.

Qeyd edək ki, Dmitri Sitkovetski Bakıda musiqiçi ailəsində anadan olub. Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi istedadlar üçün açılmış məktəbdə ilk musiqi təhsili almış dahi pianoçu, qocaman sənətkar Bella Davidoviçin və skripka ifaçısı Yulian Sitkovetskinin oğludur.

 

20 may tarixində mədəniyyət naziri Anar Kərimov ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazir qonağı salamlayaraq Şuşada keçirilən "Postmünaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransda iştirakına görə minnətdarlığını bildirib. 

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki də öz növbəsində dəvət üçün mədəniyyət nazirinə dərin təşəkkürünü bildirərək, Azərbaycanla İCESCO arasında münasibətlərin davamlı olaraq inkişaf etdiyini, əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.

Tərəflər İCESCO-nun islam dünyasının birliyi və həmrəyliyi yolunda verdiyi töhfələrin önəmini vurğulayıblar. Anar Kərimov Baş Katibin tarixi Zəfərimizdən sonra Qarabağ ərazisinə səfərini yüksək dəyərləndirdiyini nəzərə çatdırıb. Həmçinin Şuşanın 2023-cü ildə Türk dünyasının paytaxtı elan olunmasının tarixi hadisə olduğunu vurğulayıb.

Sonda Azərbaycan Respublikası Höküməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında İCESCO-nun Bakı şəhərində regional ofisinin yerləşməsi haqqında Saziş imzalanıb. Sazişə əsasən İCESCO təşkilatın regional ofisini Bakı şəhərində yerləşdirməklə İCESCO və onun üzv dövlətləri arasındakı münasibətləri gücləndirmək və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək əhəmiyyətini daşıyacaq.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, dövlət  başçımız ICESCO-nun Baş direktorunun keçən il Ağdam və Füzuliyə, bu il isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfərindən məmnunluğunu bildirib, Salim bin Məhəmməd əl-Malikin Şuşada təşkil edilən beynəlxalq konfransda iştirakını yüksək qiymətləndirib.

Prezident İlham Əliyev Azərbaycanın uzun illər ICESCO ilə səmərəli və uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq, torpaqlarımızın ermənilər tərəfindən işğal olunduğu, eləcə də 44 günlük müharibə dövründə ICESCO-nun ölkəmizin ədalətli mövqeyini davamlı dəstəklədiyinə görə minnətdarlığını bildirib. Dövlətimizin başçısı qeyd edib ki, biz istərdik UNESCO-nun nümayəndələri də işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görsünlər. Lakin əfsuslar olsun ki, müharibənin bitməsindən il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, bu təşkilatın nümayəndələri həmin ərazilərə səfər etməyiblər. 

Prezident İlham Əliyev qeyd edib ki, ermənilər tərəfindən ölkəmizə vurulan maddi ziyanın qiymətləndirilməsində və bunun beynəlxalq ictimaiyyətə çatdırılmasında ICESCO-nun fəaliyyəti və onun ekspertlərinin iştirakı önəmli rol oynaya bilər.

Dövlətimizin başçısı Bakıda ICESCO-nun Regional Ofisinin yaradılmasının əməkdaşlığımızın genişləndirilməsi işində əhəmiyyətini qeyd edib, bu təşkilatın Azərbaycanın haqq işinə göstərdiyi dostluq və tərəfdaşlıq dəstəyinə görə bir daha təşəkkürünü bildirib.

Xoş sözlərə görə minnətdarlığını ifadə edən ICESCO-nun Baş direktoru işğaldan azad edilmiş ərazilərə bundan əvvəlki səfərini xatırladaraq, həmin səfər zamanı orada gördükləri mənzərənin onları çox məyus etdiyini bildirib, həmin ərazilərdə kütləvi dağıntıları, hər şeyin yerlə-yeksan olunduğunu gördüklərini deyib. Eyni zamanda, Salim bin Məhəmməd əl-Malik budəfəki səfəri zamanı işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən böyük quruculuq işlərinin şahidi olduqlarını məmnunluqla qeyd edib. Bu yerlərin çox gözəl olduğunu vurğulayan ICESCO-nun Baş direktoru artıq xarici ölkələrdən də çox sayda insanın buraya gəlmək istədiklərini bildirib. Bu baxımdan Salim bin Məhəmməd əl-Malik dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlərini və bu səfərlər zamanı məscidləri ziyarətini, insanlarla görüşlərini, orada çalışanlara verdiyi mənəvi dəstəyi yüksək qiymətləndirib. ICESCO-nun Baş direktoru Şuşaya səfəri zamanı kilsəyə də baş çəkdiklərini və orada bərpa işlərinin yekunlaşmaq üzrə olduğunu qeyd edib.

ICESCO-nun Baş direktoru dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Türkiyənin İzmir şəhərində Ege Universitesi Dövlət Türk Musiqi Konservatoriyasında Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi çərçivəsində görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert keçirilmişdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, konsertdə dahi bəstəkar Fikrət Əmirovun əsərləri səslədirilmişdir. Konsertin solistləri "Gənclərə dəstək" layihəsi iştirakçıları, respublika və beynəlxalq müsabiqələr laureatları, prezident təqaüdçüləri idi. Qeyd edək ki, layihənin rəhbəri Xalq artisti, Filarmoniyanın direktoru Murad Adıgözəl-zadə, koordinatoru isə musiqişünas Ayla Kərimova-Zəkəriyyədir.

*

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə İzmir şəhərində Suat Taşer Sanat Mərkəzində Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi iştirakçılarının "Şuşa ili" çərçivəsində konserti də keçirilmişdir.

Proqramda respublika və beynəlxalq müsabiqələr laureatları Nurlanə Abdullazadə (vokal), Zümrüd Məmmədova (xanəndə), Zəminə Babayeva Yalçın (qanun), Nuranə Əliyeva (piano), Elçin Hetəmli (tar), Surə Rüfət (violin) və Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, prezident mükafatçısı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xalq Çalğı alətləri orkestirinin artisti qanun ifaçısı Natəvan Həsənova və onun tələbələri İlkanə Cəfərova, Təhminə Əlixanova, Ülviyyə Dadaşova, Zilhiccə İsmayılova tamaşaçılara biri birindən gözəl ifalar təqdim etdilər. Bütün iştirakçıları konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Əliyeva müşayiət edirdi.

Tədbirin koordinatorları - Azərbaycan Dövlət Akademik Filarmoniyasının quruluşçu rejissoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə və Ege Universitesi Dövlət Türk Musiqi Konservatoriyasının doktorantı, qanun ifaçısı Zəminə Babayeva Yalçın idi. Onu da qeyd etmək lazımdır ki, Zəminə Babayeva Yalçın ilk azərbaycanlı qanun ifaçısıdır ki xaricdə “Türkiyə və Azərbaycan musiqisində qanun ifaçılığı” adlı kitabını nəşr etdirib.

Konsertin sonunda Zümrüd Məmmədovanın ifasında “Qarabağ şikəstəsi” səslədirilmişdir və iştirakçılar diplom və təşəkkürnamələr ilə təltif olunmuşdurla. “Halk Eğitimi  Merkezi”nin direktoru Suat Korkmaz "Gənclərə dəstək" layihəsinin təşkilatçılarına, Mədəniyyət Nazirliyi və Akademik Filarmoniyaya təşəkkürünü bildirib.

Qeyd edək ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası rəhbərliyinin təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Gənclərə dəstək" layihəsi 2016-cı ildən həyata keçirilir. Ötən müddətdə gənc musiqiçilərə sənət yolunda dəstək olan layihə üzrə çoxsaylı konsertlər təşkil edilib.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Şuşa şəhərində təşkil etdiyi “Postmünaqişə dövründə humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans başa çatıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, iki gün davam edən konfrans çərçivəsində bir neçə plenar sessiya keçirilib. Beynəlxalq layihənin qonaqları sırasında ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Əmrəyev, Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Raymond Bondin, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinos, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və digər rəsmilər iştirak ediblər.

Mayın 20-də keçirilən konfransın üçüncü plenar sessiyası “Keçmiş problemlər - gələcək perspektivlər: urbisid kontekstində irsin idarə olunması siyasətinin tətbiqi” mövzusuna həsr edilib. 

Sessiyada mədəni irs üzrə ekspert Alessandro Bianki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İdarə heyətinin sədri Məftun Abbasov, “Romualdo Del Bianko” fondunun baş katibi Simone Ciometti, “Cultural Futures LLC” təşkilatının direktoru Terri Sandel, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurası – ICOMOS-un Azərbaycan Milli Komitəsinin prezidenti Sədaqət Davudova, “Viafrancigena” mədəni marşrutu elmi komitəsinin üzvü Kristian Şule çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Şuşa nəinki Azərbaycan üçün, həm də region üçün mühüm əhəmiyyətə malik bir şəhərdir. Qeyd edilib ki, Azərbaycan dövləti tərəfindən Qarabağda həyata keçirilən bərpa prosesi dünya üçün yeni bir nümunədir və burada öyrəniləsi çoxlu dərslər var. 

Diqqətə çatdırılıb ki, mədəni fəaliyyətlər, eyni zamanda, ölkədə turizmin inkişaf etməsinə böyük töhfə verir. Tarix və irs mədəni bərpanın əsasıdır. Məhz tarixi bilgilər əsasında ərazi haqqında geniş təsəvvür əldə edilir.

Panelin sonunda iştirakçıların sualları cavablandırılıb.

Günün ikinci yarısında sayca dördüncü - sonuncu plenar sessiya keçirilib. Sessiyada “Yerli və regional icmalarda dayanıqlı həyat tərzinin dəstəklənməsi ilə ekosistemlərin qorunması” mövzusunda müzakirələr aparılıb. Plenar sessiyada İslam dünyası təhsil, elm və mədəniyyət təşkilatının (ICESCO) “Dayanıqlı və ağıllı şəhərlər” layihəsinin koordinatoru Fuad El Ayni, BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının mərkəzi Asiya üzrə subregional ofisinin eksperti Kaan Evren Basaran, Biomüxtəliflik, qorunan ərazilər, vəhşi təbiətin mühafizəsi və digər ekoloji problemlər üzrə ekspert Hartmurt Müller, Biomüxtəliflik və ekosistem xidmətləri üzrə hökumətlərarası elm-siyasəti platformasının (BEXHP/ IPBES) nümayəndəsi Rövşən Abbasov çıxış ediblər. 

Natiqlər bildiriblər ki, “Ağıllı şəhər” konsepsiyası modern dünyada mühüm əhəmiyyətə malikdir və bu kimi şəhərlərin yaradılması, inkişafı insanların yaşam şəraitinə müsbət təsir göstərəcək. Eyni zamanda, bununla bağlı müxtəlif təlimlər keçirilməlidir. 

Diqqətə çatdırılıb ki, dünyada baş verən iqlim dəyişikliyinin aclıq və digər resursların məhdudlaşmasına səbəb olur. Qarabağda ətraf mühitin yaşıllığı, havanın təmizliyi insanda pozitivlik yaradır və bu regionun yaşıllığı ətraf mühitə öz təsirini göstərir. Azərbaycanın gözəl, mükəmməl ərazi sistemi var. “Ağıllı kənd” layihəsinin həm ekosistem üçün, həm də modern texnologiyalardan istifadə üçün gözəl plan olduğu vurğulanıb. 

Panelin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və bağlanış mərasimi keçirilib. 

Beynəlxalq konfransın bağlanış tədbirində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli iki gün keçirilən tədbirin əhəmiyyətini qeyd edib, müzakirə olunan mövzuların perspektivliyini diqqətə çatdırıb. Qeyd edib ki, postmünaqişə mövzusu birgə düşünməyə vadar edir və müzakirə edilən məsələlər öz müsbət nəticəsini verəcək.

Tədbirin sonunda beynəlxalq konfransın iştirakçıları birgə müraciət yayıblar.

Daha sonra qonaqlar üçün Şuşa şəhərinə ekskursiya təşkil edilib. Qonaqlar şəhərin dağıdılmış obyektləri, mədəni irs nümunələrinə qarşı erməni vandalizminin şahidi olublar. 

Beynəlxalq konfrans çərçivəsində, həmçinin mədəni proqram da təqdim olunub. Proqramda Azərbaycan xalq rəqsləri, muğam və xalq musiqisi nümunələri ifa edilib.

 

Beynəlxalq konfransın bağlanış tədbirində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli  iki gün keçirilən tədbirin əhəmiyyətini qeyd etdi. İştirakçılara təşəkkür edərək müzakirə olunan mövzuların perspektivliyini diqqətə çatdırdı. 

 

Qeyd etdi ki, postmünaqişə mövzusu birgədüşünməyə vadar edir. Ümid edirəm ki, müzakirə edilən məsələlər öz müsbət nəticəsini verəcəkdir.

Daha sonra qonaqlar üçün  Şuşa şəhərinə ekskursiya təşkil edildi. Qonaqlar şəhərin  dağıdılmış obyektləri, mədəni irs  nümunələrinə qarşı erməni vandalizminin şahidi oldular.  

Beynəlxalq konfrans çərçivəsində həmçinin mədəni proqram da təqdim olundu. Proqramda Azərbaycan xalq rəqsləri, muğam və xalq musiqisi nümünələri təqdim edilib. Xarici qonaqlar ölkəmizin zəngin mədəniyyəti ilə tanış oldular.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.