Super User
Akademik Milli Dram Teatrı “Mədəni gənclik” layihəsinə ev sahibliyi edib
Mədəniyyət Mazirliyinin xətti ilə həyata keçən layihə çərçivəsində Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında Xalq artisti Azər Paşa Nemətovun quruluşunda hazırlanan eyniadlı tamaşa nümayiş olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Bakı Dövlət Universitetinin tələbələri dahi Mirzə Cəlilin qələmindən çıxan ölməz əsərin müasir səhnə interpretasiyası ilə tanış olub, tamaşadan sonra təəssüratlarını bölüşüblər.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərində görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin "Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub.
"Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Əməkdar artist Anar Heybətovdur.
Tamaşada digər rolları Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Sabir Məmmədov, Əli Nur, əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, Mətləb Abdullayev, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova və Firuzə Balayeva canlandırırlar.
Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət aktyorların ifasında özünəməxsus çalarlarla açılır. Yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək, XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini dolğun təcəssüm etdirə bilirlər.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Mədəni gənclik” layihəsinin məqsədi gənclərin incəsənətə marağının artırılması, onların ölkənin mədəni proseslərinə cəlb edilməsi, Azərbaycan gənci və mədəniyyətimiz arasında körpü salmaq, mədəni dəyərlərimizə sahib çıxacaq nəslin yetişdirilməsinə töhfə verməkdir.
Türkiyədə Azərbaycan mədəniyyət və incəsənət günləri keçiriləcək
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Türkiyədə səfərdədir.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Fazil Mustafa Azərbaycanın Əskişəhər Osmanqazi Universitetində keçiriləcək Azərbaycan mədəniyyət və incəsənət günlərində iştirak edəcək.
Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə Azərbaycan İqtisad Universitetinin incəsənət dərnəkləri təmsil olunacaq.
Fazil Mustafa ölkəmizin mədəniyyətinin Türkiyə vilayətlərində, xüsusilə də gənclərin üstünlük təşkil etdiyi universitetlərdə yaxından tanınması, Azərbaycanla bağlı məlumatlılığın artırılması üçün keçirilək mərasimlərə qatılacaq.
Səfər mayın 26-da başa çatacaq.
Mədəniyyət nazirimiz Özəkistanın baş nazirinin müavini ilə görüşüb
Mədəniyyət naziri Anar Kərimov mayın 23-də Özbəkistan Respublikasının Baş Nazirinin müavini, turizm və idman naziri Aziz Abduxakimov ilə görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə ustinadən məlumat verir.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
Nazir Anar Kərimov 2022-ci ildə hər iki ölkənin musiqi kollektivlərinin qarşılıqlı olaraq Azərbaycan və Özbəkistanda təşkil olunan festivallarda iştirakını xüsusi olaraq vurğulayıb. 12-14 may tarixlərində Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında Özbəkistanın “Baxor” Dövlət Rəqs Ansamblının çıxışlarını yüksək qiymətləndirən Anar Kərimov yaradıcı kollektivin bu sənət bayramında fəal iştirakına görə təşəkkürünü bildirib
Səmimi qəbula və xoş sözlərə görə nazirə minnətdarlıq edən Aziz Abduxakimov bildirib ki, iki ölkə arasında həm beynəlxalq təşkilatlar, həm də ikitərəfli əlaqələrin mövcudluğu birgə əməkdaşlığın daha da genişləndirilməsinə imkan verir. Aziz Abduxakimov Şuşa şəhərinin 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi ilə əlaqədar həyata keçiriləcək tədbirlərdə Özbəkistanın birgə əməkdaşlığa hazır olduğunu bildirib.
Görüş mədəniyyət və incəsənətin müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi, qarşılıqlı mədəniyyət günləri və təcrübə mübadiləsinin həyata keçirilməsi, eləcə də mədəni irsə dair bir sıra layihələrin təşkili məsələləri müzakirəsi ilə davam edib.
Lənkəranda yazıçı Əyyub Qiyasla görüş keçirilib
20 may 2022-ci il tarixində AYB Lənkəran Bölməsinin təşkilatçılığı ilə tanınmış yazıçı, dramaturq, şair və tərcüməçi Əyyub Qiyasla görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AYB Lənkəran bölməsinə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə AYB Lənkəran Bölməsinin sədri yazıçı Qafar Cəfərli açaraq Ə.Qiyasın ömür yolu haqqında məlumat verdikdən sonra, onun hekayə yaradıcılığı barədə ətraflı danışb.
Daha sonra yazıçının "Qara işıq" romanı haqqında Səyavuş Süleymanlı, "Havay tətilləri" romanı barədə isə bölmənin ədəbi məsləhətçisi Ağamir Cavad məruzə edərək, Əyyub Qiyas yaradıcılığının müxtəlif məqamlarına toxunub, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonra söz digər iştikçılara verilib. Lənkəran Dövlət Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Məcidova, yazıçılardan Hafiz Mirzə və Eldar Tahirov, şairlərdən Xudaverdi Cavadov, Salman Məmmədoğlu və Mirmusa Hasanov, rayonun tanınmış mədəniyyət işçisi Ağadadaş Əliyev, şahmat üzrə Əməkdar məşqçi İdrak Dadaşov, qonaqlardan şair Etiram İlham, Mədəniyyət İşçiləri Həmkarlar təşkilatı Sumqayıt komitəsinin sədri Şahin Veysəlli çıxış edərək Əyyub Qiyasın şeir, hekayə, esse və roman, eləcə də tərcüməçilik fəaliyyətindən söz açıb, yaradıcılığının müxtəlif məziyyətlərindən danışıblar.
Sonda söz Əyyub Qiyasa verilib. O, qələm sahiblərini maraqlandıran müxtəlif məzmunlu sualları cavablandırıb, tədbirin təşkilatçılarına və iştirak edənlərə təşəkkürünü bildirib. Tədbiri bölmənin sədri Q.Cəfərli yekunlaşdırıb. Sonda xatirə şəkilləri çəkilib.
Ən çox oxunan: Co Bayden Yaponiyaya niyə gedib?
ABŞ prezidenti Co Bayden Asiya turnesinin ikinci bəndi olaraq Yaponiyaya səfərə gəlib. Ağ Evin rəhbərini gətirən hökumət təyyarəsi bazar günü ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasında - Yokosukidə yerə enib.
“Ədəbiyyat və incəsınət” portalı Euronews-a istinadən xəbər verie ki, ABŞ Prezidentinin Yaponiyanın Baş naziri ilə görüşü bu gün üçün nəzərdə tutulub. Danışıqların əsas mövzusu Ukrayna ətrafındakı vəziyyəti nəzərə alaraq, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və Çinin regionda mövcudluğunu gücləndirmək məsələləridir.
Bayden Tokioya Seuldan gəlib, unutmayaq ki, orada o Pxenyanın Seula olan təhdidindən danışmışdı:
“Şimali Koreyanın edə biləcəyi hər şeyə hazırıq. Biz onların etdikləri hər şeyə necə reaksiya verəcəyimizi düşünmüşük. Odur ki, bu, məni narahat etmir".
Cənubi Koreyada Bayden Hyundai zavoduna baş çəkib və bildirib ki, bu şirkətin ABŞ-ın iri avtomobil müəssisəsinə investisiya qoyması hər iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq. Səfər proqramında ABŞ və Cənubi Koreya hərbi qulluqçuları ilə Ozan aviabazasında görüş də olub. ABŞ prezidenti və onun Cənubi koreyalı həmkarı Yun Suk Yeltsin Şimali Koreyadan gələn nüvə təhlükəsinin qarşısının alınması üçün birgə hərbi təlimlərin genişləndirilməsinin mümkünlüyünü bəyan ediblər.
Günün fotosu: İrpen - Rusiyanın tarix qarşısında cinayətidir
Günün fotosu: İrpen - Rusiyanın tarix qarşısında cinayətidir
Rusiyanın Ukraynaya üç aylıq müdaxiləsi İrpen şəhərini xarabalığa çevirib. Şəhərə 1,2 milyard avro ziyan dəyib. İrpenlilər indi öz doğma şəhərlərinə qayıdır, birtəhər məskunlaşmağa çalışırlar.
Foto: Euronews
Azərbaycan nümayəndə heyəti beynəlxalq “Qızıl tikmə və zərgərlik sənəti” festivalında iştirak edir
Qədim Buxara şəhərində beynəlxalq “Qızıl tikmə və zərgərlik sənəti” festivalı keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, festivalda dünyanın 22 ölkəsindən tədqiqatçılar, bu sahənin mütəxəssisləri iştirak edirlər.
Ölkəmizdən festivala Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Milli Məclisin Aparatının Beynəlxalq münasibətlər şöbəsinin baş məsləhətçisi Aydan Fərəcova və Azərbaycan Mədəniyyət Nazirliyinin Muzey sərvətləri və xatirə əşyalarının elmi-bərpa mərkəzinin direktoru Zərifə Məlikova qatılıblar.
Ü.Həmzəyeva festival çərçivəsində təşkil olunacaq “Ənənəvi qızıl-tikmə, zərgərlik və toxuculuq sənəti: tarixi, təcrübəsi və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda “Tikmə sənətinin tarixi: dizayn və innovativ yanaşma” mövzusunda çıxış edəcək. O, həmçinin “Ənənəvi qızıl tikmə və zərgərlik sənətinin sosial-mədəni təcrübə kimi qorunması və inkişafı sahəsində dünya təcrübəsi”, “Ənənəvi qızıl tikmə və zərgərlik sənəti: tarixi-nəzəri problemlər və təhsil texnologiyaları” mövzularında keçiriləcək sessiyalara qatılacaq.
Festival mayın 26-da başa çatacaq.
“İradənlə oğlun kimi, vicdanınla atan kimi davran” - Hümbət Həsənoğlunun aforizmləri
1) İki cür dostlar olur: borc almağa ümid etdiklərin və səndən borc istəyə biləcəklərindən ehtiyat etdiklərin.
3) İnsanın ən yaxşı bacardığı şey özünə bəraət qazandırmasıdır.
4) Toy sahibinin sənə münasibəti səni eyni masada kimlərlə oturtduğundan bəlli olur.
5) İnsana dost lazımdır ki, təklikdə qalıb özünü yoldan çıxarmasın.
6) Özünü çox məşhur sayan şou ulduzunu bir laqeyd baxışla öldürmək olar.
7) İradənlə oğlun kimi, vicdanınla atan kimi davran.
8) Qadın dili kişi dilinə tərcümə olunmur, yeganə dilmanc sevgidir.
9) Təmiz yerin qədrini süpürgəçi bilər.
10) Pulla xoşbəxtlik almaq olmur, amma dadına baxmaq olur.
Vyanada “Odlar Yurdunun sədaları“ adlı beynəlxalq musiqi müsabiqəsinin finalı keçirilib
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan klassik musiqisinin təbliğinə xidmət edən “Odlar Yurdunun sədaları” beynəlxalq musiqi müsabiqəsinin finalı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq müsabiqəyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Avstriyadakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və Vyanada fəaliyyət göstərən “CultureMeetingPoint” təşkilatı dəstək göstəriblər.
Təşkilatın sədri Kamal Əkbərov tədbiri giriş sözü ilə açaraq klassik musiqinin beşiyi sayılan Vyana şəhərində belə bir müsabiqənin keçirilməsinin əhəmiyyətinə toxunub. O, tədbirin ərsəyə gəlməsində əməyi olan bütün tərəfdaşlara minnətdarlığını bildirib.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova gənc istedadların üzə çıxarılmasında xüsusi əhəmiyyətə malik olan bu müsabiqəyə qarşıdakı illərdə uğurlar arzulayıb və Azərbaycan musiqisini tanıtmağa xidmət edən bu kimi layihələrin dəstəklənəcəyini deyib.
Münsiflər heyətinin fəxri sədri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli bildirib ki, müsabiqə, ilk növbədə, klassik musiqi ifaçılığının inkişafına mühüm töhfə verir. O, bütün finalçıların yüksək peşəkarlıq nümayiş etdirdiyini vurğulayıb və Azərbaycan bəstəkarlarının əsərlərini ən yaxşı ifa edən musiqiçiləri də təqdir edib.
Müsabiqədə Azərbaycan bəstəkarlarının əsərlərini ən yaxşı ifa edən Aleksander Maria Vaqner (Almaniya) və Qriqorios İoannou (Yunanıstan) xüsusi mükafata layiq görülüblər. Münsiflərin qiymətləndirməsinə görə, Heli Kanq (Cənubi Koreya) birinci, Anna Leyerer (Avstriya) ikinci və Qriqorios İoannou isə üçüncü yeri tutublar.
Mükafatlandırma mərasimindən sonra yer tutan musiqiçilər qala konsertlə çıxış ediblər. Qriqorios İoannounun ifasında Üzeyir Hacıbəylinin “Sənsiz“ romansı və Aleksander Maria Vaqnerin ifasında isə Tofiq Quliyevin “Cəmilənin albomu“ (On iki pyes) əsəri xüsusi maraq doğurub.
Qeyd edək ki, Avstriyada yaşayan musiqiçilər ötən dövr ərzində Abuzər Manafzadə, Aria Torkanbouri, Jalə Rəsulova, musiqişünaslar Kəmalə Əhmədova və Fərəh Tahirova, müsabiqənin münsiflər heyəti Azərbaycan bəstəkarlarının əsərləri, tələb və qaydalarla bağlı bütün müvafiq işləri uğurla tamamlayıblar, eləcə də münsiflər heyətinin işində yaxından iştirak ediblər.
Finalı onlayn və canlı ifadan ibarət olan müsabiqənin münsiflər heyətində Xalq artisti Fərhad Bədəlbəyli ilə yanaşı Xalq artisti Yusif Eyvazov, Əməkdar artistlər Rəna Rzayeva və İslam Manafov, əslən bakılı professor Oleq Marşev, professor Ştefan Möller kimi nüfuzlu musiqiçilər yer alıb.
Doğurduğu əks-sədanı nəzərə alaraq təşkilati komitə növbəti il keçiriləcək müsabiqədə fortepiano ilə yanaşı vokal və digər musiqi alətlərinə də yer verilməsini nəzərdən keçirəcək.
Şəhid və qazi övladlarından ibarət xor kollektivi yaradılıb
Sumqayıt şəhər “Günəşim” Kukla Teatrının tərkibində Sumqayıtda yaşayan şəhid və qazi övladlarından ibarət "Əmanət" xor kollektivi fəaliyyət göstərir. Məşqlər hər həftə sonu keçirilir.
Xor kollektivinin repertuarında bir çox mahnılar var: bunlardan biri onlar üçün xüsusi hazırlanmış, musiqisi Aygün Səmədzadəyə, sözləri isə Baba Vəziroğluna aid "Zəfər balalarının himni"dir.
"Əmanət xoru" Bakı və Sumqayıt şəhərlərində keçirilən müxtəlif tədbirlərdə çıxış edir. Layihə rəhbəri Sumqayıt şəhər “Günəşim” Kukla Teatrının təsisçisi Ayişə Səfərlidir. Xorun dirijoru Sumqayıt Musiqi Kollecinin xordirijoru İradə Aslanovadır.
Onu da qeyd edək ki, xorun yaranması və fəaliyyət göstərməsi üçün təşkilatçılar heç bir maliyyə dəstəyi almayıblar.