Super User

Super User

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən “NEW VISION CONTEST” Beynəlxalq vokal-instrumental onlayn müsabiqəsində uğurla çıxış ediblər.

 

Baş İdarədən xəbər verirlər ki, məktəbin fortepiano ixtisası üzrə V sinif şagirdi Amira Məcidova və VII sinif şagirdi Ziba Museyib İnstrumental ansambl nominasiyası üzrə I dərəcəli diploma layiq görülərək laureat adını qazanıblar.

 

Mayın 25-də Azərbaycan Milli Xalça Muzeyində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafındakı xidmətlərinə görə təltif olunmuş mədəniyyət xadimlərinin mükafatlandırılması mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb.

Bildirib ki, yaradıcı əməyin dövlət səviyyəsində qiymətləndirilməsi ənənəsinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Anar Kərimov xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva daim mədəniyyətimizi dünyada təbliğ edir, mədəniyyət xadimlərinə qayğı göstərir: “Mədəniyyət xalq üçün ən vacib strateji sahədir. Onu dərin bur məfhum kimi görürük. Biz mədəniyyətin cəmiyyətin inkişafına təsirini artırmalıyıq. Mədəniyyət bizim üçün təkcə əyləncə deyil, həm də təhlükəsizlikdir. Bu insanlar mədəniyyət sahəsinin əsgərləridir. Hər biri öz sahəsində önəmli fəaliyyətlə, mədəniyyətin inkişafı ilə məşğuldur. Mədəniyyətsiz cəmiyyət güclü və möhkəm ola bilməz”.

Nazir bütün mədəniyyət və incəsənət xadimlərini 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib və müstəqilliyimizin qorunmasında mədəniyyətin böyük rolu olduğunu vurğulayıb.

Daha sonra Anar Kərimov orden və medalları sahiblərinə təqdim edib.

Mükafata layiq görülənlər çıxışlarında ölkə rəhbərliyinə yaradıcılıqlarına göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.

 

Qırğız dilində çap olunan “Qarabağ hekayələri” kitabının Bişkekdə təqdimatı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, səfirliyin əməkdaşları, diaspor nümayəndələri, yazıçılar, ictimai xadimlər iştirak ediblər.

Kitabın tərtibçiləri Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Dünya Gənc Türk Yazarlar Birliyinin əlaqələndiricisi, Qırğız-Türk “Manas” Universitetinin müəllimi, şair-tərcüməçi Altınbek İsmayılov, redaktoru və “Ön söz” müəllifi Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekovdur. Kitabda 13 Azərbaycan yazıçısının 14 hekayəsi yer alıb. 

L.Qəndilov ermənilərin xalqımıza qarşı zaman-zaman törətdiyi soyqırımlar haqqında məlumat verib, kitabın qırğız dilində nəşr olunmasını yüksək qiymətləndirib. Səfir deyib ki, son 30 ildə Qarabağda baş verən hadisələri qırğız oxucusunun daha dərindən anlaması, 44 günlük Vətən müharibəsində Qələbənin necə çətinliklə qazanılmasını dəyərləndirmək üçün bu toplu mühüm rol oynayacaq. Diplomat toplunun ərsəyə gəlməsində zəhməti olan hər kəsə minnətdarlıq edib.

Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Rayevin və kitabdakı hekayələrdən birinin müəllifi Əkbər Qoşalının onlayn çıxışları dinlənilib.

Tədbir qırğız manasçılarının ifaları ilə başa çatıb.

 

Mayın 25-də Nizami Kino Mərkəzində Azərbaycanın tanınmış heykəltəraşı, Xalq rəssamı Fuad Əbdürrəhmanova həsr olunan “Monumental həyat" sənədli filminin təqdimatı olub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təqdimatdan əvvəl foyedə heykəltəraşın işlərindən ibarət sərgiyə baxış keçirilib.

Təqdimatda çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov görkəmli sənətkarla bağlı xatirələrini bölüşüb. 

Fuad Əbdürrəhmanovun hər zaman gərgin yaradıcılıq axtarışlarında olduğunu bildirən F.Xəlilov diqqətə çatdırıb ki, hazırda Azərbaycanın görkəmli şəxsiyyətlərinin - ədəbiyyat, incəsənət xadimlərinin, sərkərdələrin, qəhrəmanların paytaxtımızı bəzəyən heykəlləri F.Əbdürrəhmanovun yaradıcılığının məhsuludur. Görkəmli tişə ustasının monumental heykəltəraşlıq abidələrinə misal olaraq Nizami Gəncəvinin, Səməd Vurğunun, Sovet İttifaq Qəhrəmanı Mehdi Hüseynzadənin, Düşənbədə Rudəkinin, Buxarada İbn Sinanın abidələrini göstərmək olar.

Sonra Milli Məclisin deputatı, akademik Rafael Hüseynov Fuad Əbdürrəhmanovun həyat və yaradıcılığından danışıb, bildirib ki, F.Əbdürrəhmənov qısa bir zaman ərzində keçmiş SSRİ məkanında tanınan ən məşhur heykəltəraşlardan birinə çevrilib. Onun sənəti dünya miqyasında tanınıb. 

Sonra görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən “Monumental həyat" sənədli film nümayiş olunub.

Film Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə çəkilib. Filmin Azərbaycan çəkilişləri Bakıda, Gəncədə və Şəkidə, daha sonra Sankt-Peterburq, Moskva, Düşənbə və Brüsseldə aparılıb. Filmin çəkilişləri zamanı Azərbaycan Dövlət Arxiv İdarəsinin, Azərbaycan Dövlət Televiziyasının və Dövlət Film Fondunun arxivlərindən istifadə olunub.

Film böyük maraq doğurub.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Şuşa İli”nə töhfə olaraq “Vətənin özü tarixin gözü ilə” layihəsinə start verir. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Layihə çərçivəsində mütəmadi olaraq Mədəniyyət nazirliyinin sosial media hesablarında yayımlanacaq fotoşəkillərdə Şuşanın tarixi və mədəni obyektlərinin işğaldan öncə, işğal dövrünə və hazırki vəziyyətinə dair fotolarının müqayisəli təsviri və həmin obyektlər haqqında maarifləndirici məlumatların verilməsi nəzərdə tutulur.

Müqayisə - inkişafı göstərmək üçün ən gözəl vasitədir.

 

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov tərəfindən bu gün - may ayının 26-da saat 10:00-da Ağdam rayon Heydər Əliyev Mərkəzində (Ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti) Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

 

Bu gün Bakı böyük ədəbiyyat forumuna evsahibliyi edəcək: Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalınln açılışı olacaq. Tədbir Bakı Dövlət Universitetinin həyətində - açıq havada təşkil olunacaq. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının qatılacağı tədbirin birinci günü Şuşa Günü, ikinci günü Türk Dünyası Günü, üçüncü günü isə Dədə Qorqud Günü adlandırılıb. 

Tədbir BEYTÜM-ün təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyinin, Milli Məclisin Mədəniyyət Komitəsinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, TÜRKPA-nın, Yunus Əmrə İnstitutunun, İLESAM-ın, Bakı Dövlət Universitetinin və Azərbaycan Yaradıcılıq Fondunun təşkilati dəstəyi ilə keçiriləcək. 

Festivalın təntənəli açılış mərasimi mayın 26-da baş tutacaq. Festivalda nəşriyyatlar çap etdikləri kitabları sərgiləyəcək və milli rəqslər, muğam konserti, tanınmış müğənnilərin çıxışları nəzərdə tutulub. 

Festival türk dünyasının böyük mütəfəkkirləri Nizaminin, Yunus Əmrənin, Əlişir Nəvainin, Məhdimqulu Firakinin, Tüğölbay Sıdıkbekovun və Abayın xatirəsinə həsr edilib. Festivalda türksoylu ölkələrin alimləri yuxarıda adları qeyd edilmiş ədiblərlə bağlı məruzələrlə çıxış edəcəklər. 

Tədbir çərçivəsində, həmçinin M.Ə.Sabirin, Həsən bəy Zərdabinin, Əhməd Cavadın, Xurşidbanu Natəvanın, Hüseyn Cavidin, Əhməd Baydursunlunun, M.F.Axundzadənin, Ömər Faiq Nemanzadənin yubiley tədbirləri keçiriləcək. 

Festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, Azərbaycan Yazıçılar Birliyinin nəşr etdiyi kitabların təqdimatları da nəzərdə tutulub. 

Tədbirin sonuncu günü mükafatlandırma mərasimi təşkil olunacaq. 

Qeyd edək ki, Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı növbəti ildə Türkiyədə təşkil ediləcək.

Mədəniyyət Nazirliyinin “Mədəni gənclik” layihəsi çərçivəsində BDU tələbələrinin dünya və Azərbaycan klassikasının ən parlaq nümunələri ilə tanışlığı davam edir. Ötən həftə Akademik Milli Dram Teatrında dahi Mirzə Cəlilin “Ölülər tragikomediyasının yeni səhnə təfsirinə tamaşa edən gənclər bu dəfə dünya mədəniyyətinin əvəzsiz inciləri ilə tanışlıq imkanı qazanıblar. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, təıəbələr bu dəfə Akademik Musiqili Teatrda "Paris Notr-Dama ithaf" tamaşasına baxıblar. Dünya şöhrətli yazıçı Viktor Hüqonun “Paris Notr-Dam” əsərinin motivləri əsasında, rejissor Samir Qulamovun quruluşunda hazırlanmış tamaşa tələbələr tərəfindən maraqla qarşılanıb. Gənclər 2 saat ərzində incəsənət dünyasına qərq olmaq, XII-XIV əsrlərdə tikilmiş, bir çox tarixi hadisələrə şahidlik etmiş əsrarəngiz Notr-Dam kilsəsi, V.Hüqo qələminin möcüzəli toxunuşu ilə yaranmış əsərlə və bir-birindən gözəl musiqi nömrələri, parlaq aktyor ifaları ilə zəngin maraqlı tamaşayla tanış olmaq imkanı qazanıblar.

Əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi İlqar Fəhmidir.

Tamaşadan sonra öz təəssüratlarını bölüşən tələbələr tamaşadan böyük zövq aldıqlarını, “Mədəni gənclik” layihəsi çərçivəsində qatıldıqları tədbirlərin onların dünyagörüşünün və mədəni zövqünün formalaşmasına böyük təsir göstərdiyini qeyd ediblər.

Xatırladaq ki, gənclərin incəsənətə marağının artırılmasını əsas məqsəd kimi qarşıya qoyan layihə iyun ayının sonuna qədər davam edəcək.

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakıda ilk dəfə beynəlxalq piano festivalı keçirilir. Festival sabah - mayın 27-də yekunlaşacaq. Müxtəlif ölkələrdən ifaçıların qatıldığı festivalın proqramına ümumilikdə 15-ə yaxın konsert daxildir.

 

Piano musiqinin istənilən janrında musiqi ifa etmək üçün mükəmməl alətdir. Festival M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi ilə açılıb. Açılış mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov ölkəmizdə piano ifaçılığı sənətinə gənclərin daha çox cəlb edilməsi, yeni istedadların üzə çıxması və gənc nəsildə bu sahəyə maraq yaradılması baxımından festivalın əhəmiyyətini qeyd edib. Bildirib ki, ölkəmizdə ilk dəfə təşkil edilən və bir həftə davam edəcək festivala dünyanın müxtəlif ölkələrindən ifaçılar qatılıb: “Proqram üzrə müxtəlif janrlarda piano konsertləri paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına maraqlı, yaddaqalan günlər vəd edir. Azərbaycanda piano ifaçılığı ənənələri çox zəngindir və biz bununla fəxr edirik. Gələcəkdə festivalın Bakı ilə yanaşı, regionlarda da keçirilməsini planlaşdırırıq”.

Fransanın Azərbaycandakı səfiri Zakari Qross festivalın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib. O, festival proqramında məşhur fransız pianoçunun çıxışının da yer almasından məmnunluğunu ifadə edib: “Lüdviq van Bethovenin bu gün səslənəcək “Fortepiano və orkestr üçün 5 nömrəli konsert”ində bəstəkar incəsənətin müharibəyə qalib gəlməsini təcəssüm etdirib. İndiki Avropanın durumunda bu, olduqca vacib məsələdir”.

Festivalın təşkilatçısı və bədii rəhbəri, Əməkdar artist Şahin Növrəsli piano bayramının ideyası haqqında danışaraq layihəyə dəstək olan təşkilatlara minnətdarlığını ifadə edib: “Bu cür layihələr dünyanın çoxsaylı ölkələrində keçirilir. Buna görə də belə bir layihəni Vətənimizdə həyata keçirmək qərarına gəldim və mədəniyyət naziri cənab Anar Kərimova bu təkliflə müraciət etdim. O, bu fikri dəstəklədi və hazırlıq başlandı. İnanıram ki, bu mötəbər tədbir Azərbaycanın musiqi bayramına çevriləcək. Azərbaycan pianoçuları hər zaman bir sıra ölkələrin məşhur səhnələrində möhtəşəm konsertlər veriblər. Məmnunam ki, ilk piano festivalını təşkil etmək mümkün oldu”.

Bu gün festivalda çox maraqlı ifalar, o cümlədən Şahin Növrəslinin çıxışı gözlənilir.

 

Ötən gün Azərbaycan Milli Kitabxanasında “İlyas Əfəndiyev. Geriyə baxarkən” fotoalbomunun təqdimat mərasimi keçirilib. Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşri olan fotoalbom XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İlyas Əfəndiyevə (1914-1996) həsr edilib.

 

“Ədəbiyyat və incəsənət” pprtalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov nəşr haqqında məlumat verib. Bildirib ki, kitabda Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin ömür yolunun ən yaddaqalan anlarının fotoları, görkəmli mədəniyyət və incəsənət xadimlərinin, ədibin yaxın dostlarının sənətkar haqqında fikirləri, xatirələri, tanınmış şairlərin yazıçıya həsr etdiyi şeirlər, habelə  sənətkarın əsərlərinin tamaşalarından fotolar yer alıb: “Biz İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” və “Geriyə baxmağa dəyər” əsərlərinin adından ilhamlanaraq fotoalbomu “Geriyə baxarkən” adlandırmışıq”.

Direktor qeyd edib ki, ulu öndər Heydər Əliyev ədibin yaradıcılığını yüksək qiymətləndirib. Yazıçının yaradıcılığı ona görə həmişəyaşardır ki, bu əsərlərdə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, milli-mənəvi dəyərlərimiz geniş şəkildə təsvir olunub. Müəllifin səhnələşdirilən əsərləri neçə-neçə aktyor, rejissor yetirib. Bu gün isə ədibin yolunu oğlu Xalq yazıçısı Elçin davam etdirir. Dövr, zaman dəyişsə də, İlyas Əfəndiyevin əsərləri daim oxunacaq və öz dəyərini qoruyub saxlayacaq.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, bu gün ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri, Azərbaycan tarixi yaddaşının, milli məfkurəsinin inkişafında müstəsna xidmətləri olan İlyas Əfəndiyevin doğum günü ərəfəsində böyük sənətkarın həyat və yaradıcılığının maraqlı məqamlarının əks olunduğu fotoalbomun təqdimat mərasiminə toplaşmışıq. İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatı üçün çox önəmli irs qoyub gedib. O, sovet ideologiyası zamanı öz əsərlərində azərbaycançılıq və milli kimlik məsələlərinə işıq tutub. Gənclərimizin vətənpərvər ruhda yetişməsində onun əsərlərinin mühüm rolu var.

İlyas Əfəndiyev yaradıcılığının ölkəmizlə yanaşı, xaricdə də tanındığını bildirən nazir deyib ki, Prezident İlham Əliyev İlyas Əfəndiyevin yaradıcılığına böyük dəyər verib. Ədibin 90 və 100 illik yubileylərinin qeyd olunması ilə bağlı dövlət başçısı tərəfindən 2004 və 2014-cü illərdə sərəncamlar imzalanıb. Yazıçının 100 illiyi UNESCO səviyyəsində də geniş qeyd olunub. İlyas Əfəndiyevin yaradıcılığını yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev ədibin Milli Dram Teatrında tamaşaya qoyulan pyeslərinin premyerasında iştirak edib. Təsadüfi deyil ki, uzun illərdir ki, Akademik Milli Dram Teatrı yeni mövsümünü məhz ədibin “Hökmdar və qızı” pyesi əsasında hazırlanan “Qarabağnamə” tamaşası ilə açır.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli qeyd edib  ki, İlyas Əfəndiyev sovet dövrü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Sovet dövründə əsas olan sosializm realizmi kimi ideyalar onun əsərlərinə yaddır. Sovet ədəbiyyatı nikbin notlar üzərində qurulsa da, İlyas Əfəndiyevin əsərlərində həm nikbin, həm də nisgilli notlar hiss olunur. Yazıçı zamanı qabaqlayan bir şəxsiyyət olub. Onun yaradıcılığında lirik-psixoloji yanaşma özünəməxsus yer tutur.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli görkəmli yazıçı ilə bağlı xatirələrini bölüşüb. Diqqətə çatdırıb ki, həmişə arzu edirdik ki, Azərbaycan teatrı müasir olsun. Biz həmin müasirliyə İlyas Əfəndiyevin əsərləri sayəsində çatdıq.

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bildirdi ki, İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatına, teatrına verdiyi töhfələr heç vaxt unudulmayacaq.

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı fotoalbomu ədəbi həyatımıza töhfə kimi dəyərləndirib. Bildirib ki, İlyas Əfəndiyev həm ədəbiyyatda, həm də teatrda məktəb yaradıb. Zamanın tələbələrinə əyilməyərək öz dəsti-xətti ilə seçilib. Ədib Azərbaycan tarixini, qadın azadlığı kimi məsələləri ədəbiyyatımıza gətirərək əsərlərində qadın baş qəhrəmanlarına daha çox yer ayırıb.

Tədbirdə daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Ramiz Rövşən, Xalq artistləri Mərahim Fərzəlibəyov, Bəsti Cəfərova, Milli Məclisin deputatları Vüqar İsgəndərov, Aqil Abbas, AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, professor Rüstəm Kamal və başqaları İlyas Əfəndiyevin çoxşaxəli yaradıcılığından danışıblar.

Çıxışlardan sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Bədii fikir tariximizin fenomeni – Xalq yazıçısı İlyas Əfəndiyev” adlı elektron məlumat bazası təqdim olunub. Məlumat verilib ki, məlumat bazası “Rəsmi sənədlər”, “Sənətkarın yaşamaq haqqı”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər İlyas Əfəndiyev haqqında”, “Müdrik deyimləri”, “Ədəbiyyat və mədəniyyət xadimləri haqqında fikirləri”, “Əsərləri”, “Haqqında”, “Mükafatları”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Filmoqrafiya”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

AYB-nin sədri, Xalq yazıçısı Anar çıxış edərək bildirib ki, birlik tərəfidən “İlyas Əfəndiyev mükafatı” təsis edilib. İlk mükafatın Qarabağdan daha çox yazan millət vəkili, Əməkdar jurnalist Aqil Abbasa verilməsi barədə qərar qəbul etmişik. Sonra “İlyas Əfəndiyev mükafatı” A.Abbasa təqdim edilib.

Görkəmli dramaturqun ailəsi adından çıxış edən Xalq yazıçısı Elçin fotoalbomun nəşri və tədbirin təşkilatçılığına görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya təşəkkürünü bildirib.

Sonda tədbir iştirakçıları “Xalq yazıçısı İlyas Əfəndiyev” adlı kitab sərgisi ilə tanış olublar.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.