Super User
“Çoxdandır səni görmürdüm, bugünə şükür, xoş gördük!”
“Ədəbiyyat və incəsənət” portalı Bədii Qiraət rubrikasında şair Yusif Nəğməkarın “Xoş gördük” şeirini təqdim edir.
Çoxdandır səni görmürdüm,
Bugünə şükür, xoş gördük!
Bəlkə yuxuna girmirdim?..
Etdinmi fikir, xoş gördük?!.
Gözdən qaçan uyquların --
Həsrətimə sayqıların...
Gördüm kövrək duyğuların
Qəlbində çökür, xoş gördük!
Kaş biləydin ki, qarşımda
cəlladımdı yaz, qışım da...
Yoxluğun dərdli başımda
necə turp əkir, xoş gördük!..
Yada düşdü şux olaylar...
Umulu-küsülü aylar...
Xəzəl payızlar, od yaylar
yola göz dikir, xoş gördük!
İpəyim, süsənim, sövqüm,
Səbrim, tabım, təbim, şövqüm,
Ləlim, zərim, əlvan zövqüm,
İncəm, İncim, dürr, xoş gördük!
Deyiləsi nağılım bol;
Məni -- məndən -- bir halı ol --
ayrılığın gündə yüz yol
kəfənə bükür, xoş gördük!
Sevgim Allaha, həm sənə!
Yaxın düşməsin qəm sənə!
Safım, ülvim, tək kimsənəm,
Covrü məlhəm, sirr, xoş gördük!
Gümanım kəsilmiş tamam,
Xatirən -- canımı uman...
Qarşında sevincim haman
göz yaşı tökür, xoş gördük!
Yarsız oldum yarı, bekar,
Gecə-gündüz dərdə şikar...
İndi bildinmi Nəğməkar
sənsiz nə çəkir, xoş gördük?!.
“Ədəbiyyat və incəsənət”
(08.02.2023)
Bu günkü ustad dərsi Relyef heykəltaraşlığı mövzusundadır
Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün nəzərdə tutulmuş “Özünü kəşf et” adlı ustad dərsləri davam edir.
Bu gün - fevralın 8-də Müşfiq Heydərovun rəhbərliyi ilə “Relyef heykəltaraşlığı” mövzusunda ustad dərsi keçiriləcək.
Ustad dərsi ilk dəfə heykəltaraşlıqda özünü sınamaq və ya bu sənət növündə bacarıqları dərinləşdirmək imkanı verir. İştirakçılar öz unikal heykəltaraşlıq relyeflərini yaradacaqlar.
Bu ilin ilk dərsi fevralın 1-də Hüseyn Haqverdiyevin iştirakı ilə keçirilmişdi, “Həndəsi kodlar” mövzusuna həsr olunmuşdu. Ustad dərsinin iştirakçıları kağızdan həndəsi fiqurlar kəsib, vizual təsvirlər yaratmışdılar. Bu texnika onlara həndəsə və formalar ilə təcrübə aparmağa imkan vermişdi.
Fevralın 15-də isə dərslər Miraslan Zeynin rəhbərliyi ilə “Tekstura və kollaj” mövzusunda keçiriləcək. Bu ustad dərsində müasir incəsənətin qarışıq texnikalarından istifadə olunacaq. İştirakçılar kollaj texnikasından istifadə edərək, kətan üzərində əsərlər yaradacaq və əsərlərinə müxtəlif fakturalar verəcəklər.
Fevralın son dərsi 22-də Bəhruz Kəngərlinin iştirakı ilə “Rəngkarlıq fakturası” mövzusunda olacaq.
Ustad dərsi, iştirakçılara ənənəvi rəngkarlığa yeni müasir bucaqdan baxmağa, həmçinin əsas texnika və üsullarla tanış olmağa imkan verəcək. Akril boyalar və markerlərdən istifadə edərək, iştirakçılar öz fikirlərini və ideyalarını kətan üzərinə köçürəcəklər.
Qeyd edək ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.
Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.
Ustad dərsləri ödənişsizdir.
“Ədəbiyyat və incəsənət”
(08.02.2023)
Konsertlər təxirə salınır
Türkiyədə 3 mindən çox insanın həyatına son qoymuş zəlzələyə görə 7 günlük milli matəm elan olunub. Bu səbəbdən ölkədə bayraqlar yarıya endirilib, müxtəlif mədəniyyət tədbirləri, konsertlər təxirə salınıb. Bu təşəbbüsə Azərbaycan telekanalları da qoşulub, əyləncəli proqramların yayımını dayandırıb.
Bu günlərdə Bakıda bir neçə türk məşhurunun konserti gözlənilir ki, onların da keçirilib-keçirilməyəcəyi sual doğurur. Onlar arasında “Anadolu Ateşi” rəqs qrupu (8 fevral), Mahsun Kırmızıgül (12 fevral), Öykü Gürman (14 fevral) və Sertab Erener (14 fevral) var. Bununla bağlı təşkilatçılara sorğu ünvanlanıb.
“Mega Müzik” şirkətinin rəhbəri Murat Tayfur “Qafqazinfo”ya bildirib ki, fevralın 14-də keçiriləcəyi gözlənilən Öykü Gürmanın konserti təxirə salınıb. O, tədbirin yeni tarixini hələlik açıqlamayıb.
“Ədəbiyyat və incəsənət”in əldə etdiyi məlumata görə, “Anadolu Ateşi” rəqs qrupunin konserti də baş tutmayacaq.
“Ədəbiyyat və incəsənət”
(08.02.2023)
Qəhrəmanlar unudulmur!
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 35 illiyi ilə əlaqədar “Mübariz İbrahimov – 35” adlı videoçarx hazırlayıb.
Baş İdarədən verilən məlumata görə, videoçarxda Azərbaycanın qəhrəman oğlu Mübariz İbrahimovun ömür və keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verilir.
“Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Azərbaycanın igid oğlu Mübariz İbrahimov üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli və hər şeydən uca idi. O, Vətəni qorumağı, şəhid olmağı bir övlad kimi şərəf borcu sayırdı”, - kimi fikirlərin yer aldığı videoçarx kitabxananın YouTube kanalında yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(08.02.2023)
Ruslar Qoqolun maskasını hərraca çıxarır
19-cu əsrin böyük rus yazıçısı Nikolay Qoqolun ölümdənsonrakı maskası hərraca çıxarılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” TASS agentliyinə istinadən məlumat verir.
Məlumata görə, “Litfond” hərrac evində əntiq əşya - 1852-ci ildə Nikolay Ramazanov tərəfindən gipsdən hazırlanan maska 250 min rubl (6000 azn) başlanğıc qiymətlə satışa çıxarılıb.
Sabah keçiriləcək hərracda digər lotlar da - 1580-ci ilin “Əhdi-cədid”i, bəstəkar Dmitri Şostakoviçin şəxsi məktubları və Mixail Bulqakovun avtoqrafı yer alıb.
“Ədəbiyyat və incəsənət”
(08.02.2023)
“Əvvəllər belə oxumağa görə adamı tutub salardılar dəlixanaya”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Valeh Kərimovdur.
VALEH KƏRİMOV
(1944)
***
Sumqayıt teatrında “Qarışqa yuvası” pyesinin məşqləri gedirdi. Müəllif də bəzi məşqlərdə iştirak edirdi. Mən dramatik, sadəlövh və kommunizm sevdalı bir veteranı oynayırdım. Bəzən aktyorlar dialoqlara yerli-yersiz sözlər əlavə edirdilər, müəllif birmənalı şəkildə bunun əleyhinə idi. Təcrübəmə arxalanıb mən də öz yerimə bir neçə əlavə etmişdim. Məşqdən sonra aktyorlar müəllifdən fikirlərini soruşdular.
– Düzünü deyin, mənim əlavəm necə idi? – aktyorlardan biri xəbər aldı.
– Açığını deyim ki, çox pis.
– Bəs mənim? Məncə, bunu saxlamaq olar.
–Fikirlərimi sizə açıq deyəcəyəm, biz burada rejissorla da məsləhətləşdik, əlavələr qətiyyən yerində deyil, tamaşaya şitlik qatır.
Beləcə, aktyorların əksəriyyəti etdikləri əlavələrlə bağlı müəllifin birmənalı etirazı ilə qarşılaşdılar. Mənsə susub qalmışdım. Hər kəs sözünü deyib bitirəndən sonra müəllif üzünü mənə tutdu:
– Valeh müəllim, bura da qeyd eləmişəm, sizin əlavəniz lap yerindədir. Mütləq onu saxlayın. Tamaşada da deyin, “əvvəllər belə oxumağa görə adamı tutub salardılar dəlixanaya”… Qoy o qalsın…
Bax belə! Ən inamsız mən idim, yalnız mənim əlavəm keçdi.
“Ədəbiyyat və incəsənət”
(08.02.2023)
Bu gün “Əsli və Kərəm” operası nümayiş olunacaq
Bu gün - fevralın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operası nümayiş olunacaq.
Leyli və Məcnun qədər məşhur olan Əsli və Kərəm dastanı fədakar məhəbbətin gücünü və insanın mənəvi gözəlliyini tərənnüm edən bir süjetə malikdir. Əsas rolları Əməkdar artist Elnur Zeynalov, aparıcı solistlər Rəvanə Əmiraslanlı və Taleh Yahyayev ifa edəcəklər.
Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Hacıyevdir.
Biletləri teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.
Qeyd edək ki, opera ilk tamaşasından böyük müvəffəqiyyət qazanaraq uzun və maraqlı səhnə ömrü olan əsərlər sırasına daxil edilib. “Əsli və Kərəm”in ilk tamaşası 1912-ci il mayın 18-də indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında olub. Tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru isə Üzeyir Hacıbəyli idi.
“Ədəbiyyat və incəsənət”
(08.02.2023)
Uğur qazanmaq üçün lazım olan 15 keyfiyyət - Sağlamlıq və fiziki durumun qənaətbəxş vəziyyəti
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:
5) Sağlamlıq və fiziki durumun qənaətbəxş vəziyyəti.
Bəşəriyyət tarixində insan üçün sağlamlıqdan vacib bir nəsnənin adını çəkə bilən şəxs hələ mövcud olmayıb, olmayacaq da. Məşhur deyimdir, sağlam bədəndə sağlam da ruh olar.
Fiziki durumu zəif olan, xəstə olan insanın uğura doğru yolu, təbii ki, əngəllənir. Öncə özünü sağalt, fiziki durumunun qeydinə qal, sonra uğur yoluna çıx.
Məncə, hər bir insan xəstələnib həkimə getmək əvəzinə xəstələnməmək üçün həkimə getməlidir. Sağlam həyat tərzi – sağlam qidalanmaq, fiziki hərəkətdə olmaq, zərərli vərdişlərdən uzaq durmaq, təbiətlə vəhdətə sığınmaq – bax bütün bunlar uğur qazanmaq istəyən insanın xarakterik xüsusiyyətləri olmalıdır.
“Ədəbiyyat və incəsənət”
(08.02. 2023)
Bu gün Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək
Xəbər verdiyimiz kimi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının dəstəklənməsi istiqamətində “Gəncliyin səsi” festivalı keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, təşkil olunan konsertlər Azərbaycanın müxtəlif mədəniyyət müəssisələrini əhatə etməkdədir. Festival çərçivəsində bir sıra konsertlər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində keçirilir.
Bu gün - fevralın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək. Orkestrin gənc solistləri öz ifalarını dinləyicilərə təqdim edəcəklər.
Xatırladaq ki, fevralın 6-da F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində “Gənclərə dəstək” layihəsi iştirakçılarının konserti keçirilmişdi. Gənc solistlər rəngarəng ifaları ilə çıxış etmişdilər.
Daha öncə - fevralın 3-də isə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış etmişdi.
“Ədəbiyyat və incəsənət”
(08.02.2023)
“Sənətə və sənətkarlara verilən yüksək dəyərə görə minnətdarıq!”
Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 illiyinin təntənəli şəkildə qeyd olunması haqqında Azərbaycan Prezidentinin imzaladığı Sərəncam ölkənin teatr ictimaiyyətinin sevincinə səbəb olmuşdur. “Ədəbiyyat və incəsənət” bu sərəncamla bağlı C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin ürək sözlərini diqqətinizə çatdırır.
Teatr ictimaiyyətinin, eləcə də bütün teatrsevərlərin fövqəladə sevincinə səbəb olan Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 illiyinin təntənəli şəkildə qeyd olunması haqqında imzalanan Sərəncam Azərbaycan teatr sənətinə və sənətkarlarına böyük diqqətin və qayğının təzahürü, eyni zamanda, bütün teatrsevər insanlara çox böyük töhfədir. Biz, İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi və İrəvan teatrsevərləri 2022-ci il iyulun 14-də ölkə rəhbərinin müvafiq Sərəncamı ilə böyük sevinc hisslərini yaşamışdıq və bu hisslərlə əlbəttə ki, Azərbaycan teatr sənətinin yaranmasının 150 illiyi haqqında imzalanacaq Sərəncamı da səbirsizliklə gözləyirdik. Çünki biz – Azərbaycan xalqı çox az-az xalqlar sırasında yer tutanlardanıq ki, həmişə, hər bir sahənin Prezident diqqətində olduğuna əminik, bunu illərdir ki, görürük. Bizim ölkə başçısı heç bir sahəni diqqətdən kənarda qoymur, öz qayğısını əsirgəmir. Vaxtaşırı bütün sahələrin inkişafını təmin etmək üçün ruhverici sərəncamlarla onların hər zaman yanında olduğunu göstərir. Hətta fərdi insanların rifahının diqqətdən kənarda qalmamasına da böyük diqqət yetirir. Bu münasibət artıq bir dövlət proqramı səviyyəsində aparılır.
Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 illiyi münasibətilə imzalanan ali Sərəncam təkcə bizə bayram əhval-ruhiyyəsini bəxş etməmişdir. Təbii ki, bu böyük hadisə çağdaş teatr sənətini yaşadanların əməyinə göstərilən böyük münasibətidir, lakin bu münasibət ən çox da bu sənətin banilərinin ruhlarına olan ehtiramın göstəricisidir. Bu göstəricini bəlkə də bir anlıq sevinc hisslərinə qapılan bəzi duyğusal sənətkarlar ilk baxışda nəzərdən qaçıra bilərlər, bu təbii haldır. Ancaq dərindən fikirləşdikdə görünür ki, bu Sərəncam öz məzmunundan da göründüyü kimi, sənəti yaradan fədailərin vaxtilə çəkdikləri əziyyətin 150 ildən sonra diqqətə alınması və onların əməyinin dəyərləndirilməsidir. Heç şübhəsiz ki, öz sələfləri ilə qürurlanan və onların mirasını fədakarcasına qoruyub-saxlayan, gələcəyə daşıyan müasir sənətkarların da əməyinin və əzminin qiymətləndirilməsidir.
Teatr sənəti haqqında danışarkən biz, təbii ki, təkcə Ana Teatr barəsində düşünmürük. Tiflis Azərbaycan Teatrını, İrəvan Azərbaycan Teatrını, Dərbənd Azərbaycan Teatrını, vaxtilə Aşqabadda fəaliyyət göstərmiş Azərbaycan Teatrını, Qarsda Səttar Güldürün yaratdığı və böyük lider Atatürkün də diqqətini çəkən Qars Azərbaycan Teatrını və heç şübhəsiz ki, Azərbaycanda fəaliyyət göstərən bütün teatr ocaqlarını yad edirik. Onların yaradıcılarını və sabaha daşıyan sənətkarları ehtiramla anırıq.
İnanırıq ki, bu gün Azərbaycan teatrının banilərindən biri, böyük sənətkar Hüseyn Ərəblinskinin, Azərbaycan teatr salnaməsində mühüm yer tutan sənətkarlar –Mirzağa Əliyev, Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mərziyə Davudova, Əliqulu Qəmküsar, Üzeyir bəy Hacıbəyli, Zülfüqar Hacıbəyov, Mustafa Mərdanov və saysız hesabsız korifeylərin, eləcə də Tiflis Azərbaycan Teatrının görkəmli sənətkarları Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Göyərçin xanım, İbrahim İsfahanlı və başqalarının, o cümlədən İrəvan Azərbaycan Teatrının yaradıcısı Məşədi İsmayıl Hacı Kazımzadənin, İrəvan Teatrının həyatında ciddi dönüş yaradan görkəmli maarifçi-pedaqoq Firidun bəy Köçərlinin, Eynəlibəy Sultanov, Cəlil Məmmədquluzadə, Yunis Nuri, Mirzə Cabbar Məhəmmədzadə, Mustafa Rəcəbov, Asif bəy Səfibəyov, Həsən Əliyev kimi ziyalıların və ümumən adlarını çəkə bilmədiyim, ehtiram etdiyim bütün sənət fədailərinin ruhları şaddır.
Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bizə belə bir meydan yaradır ki, biz sənətimizin yüksək əyyarını qoruyaq, durmadan inkişaf etdirək, gələcək nəslə ləyaqətlə ötürə bilək. Teatr sənətinin inkişafı üçün Azərbaycan lideri müxtəlif sərəncamlar imzalamışdır. Bu sərəncamlar sırasında Dövlət proqramı da xüsusi yer tutur. Həmin proqramın bir hissəsi olaraq teatr binalarının dünya standartlarına cavab verə biləcəyi səviyyədə əsaslı təmir olunmuşdur. Hər il maaşların büdcə imkanları çərçivəsində qaldırılması həyata keçirilir. Xüsusi xidməti olan sənətkarlar mükafatlandırılır, Prezident təqaüdü ilə təltif edilir. İki teatra akademik statusun verilməsi elə bir göstəricidir ki, bu barədə ayrıca söhbət açılmalıdır. Əlbəttə ki, biz – İrəvan Teatrının kollektivi də həmin imtiyazlardan kənarda qalmamışıq. Bu günlərdə binamızın əsaslı təmirdən çıxması gözlənilir. Həmin binada 140 illiyimiz təntənəli şəkildə qeyd olunacaqdır. Hesab etmək olar ki, bu binada yaradılmış şərait digər teatr binalarından xeyli fərqli yenilikləri ilə diqqəti cəlbedəcəkdir. Biz həmin binada çalışmağa başlayarkən, inanırıq ki, 140 illik səmərəli və qənaətbəxş fəaliyyətimiz nəzərə alınaraq teatrımız “Milli” statusa qaldırılacaqdır. Biz buna əminik və bu bizim ən böyük arzumuzdur. Biz var gücümüzlə çalışırıq ki, ölkə rəhbərinin bizi sevindirdiyi kimi, biz də öhdəçiliyimizi məhz həmin diqqətə layiq səviyyəyə qaldıraq, bütün imkanlarımızı səfərbər edib, etimadları əzmlə doğruldaq.
Azərbaycan teatr sənətinə və sənətkarlarına göstərdiyiniz diqqət və qayğıya görə ölkəmizin başçısına böyük teatr ordusu adından, eləcə də İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi adından səmimi və ürək dolusu minnətdarlığımızı çatdırırıq.
“Ədəbiyyat və incəsənət”
(08.02.2023)