Super User

Super User

Gənclər və İdman Nazirliyinin saytında xəbər verilir ki, “Gənc Elçilər” proqramının bağlanış mərasimi keçirilib və mərasimində Milli Məclisin deputatı Naqif Həmzəyev, nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Azər Əliyev çıxış edərək uzun müddətdir davam edən proqram haqqında öz fikirlərini bölüşüblər.

 

Tədbirdə, həmçinin gənclər təşkilatlarının rəhbərləri və gənc elçilər də çıxış ediblər. 

Sonda gənc elçilər proqramı uğurla başa vurduqlarına görə təltif olunublar.

Qeyd edək ki, “Gənc Elçilər” proqramı Gənclər və İdman Nazirliyinin dəstəyi, ARGTMŞ-nin təşkilatçılığı ilə keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2023)

Ən çox oxunan mədəniyyət xəbəri əfsus ki, neqativ xəbərdir: Məşhur meyxanaçı Balaəli yolun hərəkət hissəsində avtomobilini saxlayaraq mağazaya gedib. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. 

 

Görüntülərdən məlum olur ki, Balaəli idarə etdiyi “Range Rover” markalı avtomobilini saxlayarkən, arxada marşrut avtobusunun olmasına və onu gözlətməsinə əhəmiyyət verməyib. Məlumata görə, hadisə Qara Qarayev prospektində olub. Onun bu hərəkəti sosial şəbəkədə qınaq obyektinə çevrilib.

 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a meyxanaçının bu hərəkətinin məsuliyyətsizlik olduğunu deyib:

“Təbii ki, bu hərəkət məsuliyyətsizlikdir. Hər zaman demişik, bu cəmiyyətdə azdan-çoxdan tanınanlar nümunəvi hərəkətlər etməyə çalışmalıdırlar. Avtobusda gözləyənlər də bizim vətəndaşımızdır, onu yersiz yerə gözlətdirən də… Qanun isə hamıya bərabər hüquqlar verib. Bu əmələ görə 20 manat cərimə nəzərdə tutulub. Bəlkə də qara “Range Rover” sürənə bu elə də böyük məbləğ deyil. Amma azı 80 adamı yolda gözlətmək və arxada sıxlıq yaratmaq, kimlərinsə həyatını çətinləşdirmək isə cərimə ilə yox, ictimai məsuliyyətlə ödəniləcək mənəvi öhdəlikdir. Bunun üçün ətrafdakılara hörmətlə yanaşmaq lazımdır”.

Polis mayoru təəssüflə qeyd edib ki, bu kimi hadisələr paytaxtın bəzi yerlərində də təkrarlanır:

“Bəzi restoranlar var ki, onların qarşısında bahalı avtomobillər qanunsuz parklanır. Əməkdaşlarımız onları qeydə alanda harınlıq edərək, “20 manatdır da, çəkirsən çək, verəcəyəm” deyirlər. Həmin bahalı maşın sahiblərini çox azı istisna olmaqla qardaş Türkiyəyə yardım göndərilən ünvanlarda görmədik”.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2023)

Xəbər verdiyimiz kimi, ötən gün mədəniyyətimiz üçün əlamətdar bir gün oldu. Paytaxtımızda dahi bəstəkar Tofiq Quliyevin abidəsi açıldı. Bu münasibətlə bir çox mədəniyyət xadimləri fikir bildiriblər. O cümlədən Bu fikirləri Tofiq Quliyev adına 12 nömrəli onbirillik uşaq musiqi məktəbinin direktoru Gülnarə Səfərova. O deyib: 

 

“Bu, Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin kollektivi üçün əsl bayramdır. Dövlətimiz hər zaman korifey sənətkarlara, onların irsinə diqqət və qayğı ilə yanaşır. Bakının mərkəzində, gözəl bir məkanda belə bir abidənin açılması bütövlükdə Azərbaycan bəstəkarlıq sənətinə verilən böyük dəyərdir. 

Açılış mərasimdə ölkə başçısının da dediyi kimi Tofiq Quliyevin xatirəsinə hər zaman Azərbaycanda hörmət və diqqətlə yanaşılıb. Onun yaşadığı binaya xatirə lövhəsi vurulub, şəhərimizin küçələrindən birinə onun adı verilib.

Görkəmli bəstəkarın abidənin açılışı zamanı Tofiq Quliyevin qızı Lalə xanımın dediyi “Bakıda ən yaxşı musiqi məktəblərindən biri mənim atamın adını daşıyır” sözləri bizi daha da ruhlanırdı. Kollektivimiz bundan sonra da görkəmli bəstəkarın adını layiqincə yaşatmağa çalışacaq. 

Tofiq Quliyevin şəxsiyyəti, əsərləri hər zaman bizim üçün əzizidir. Bu abidə gələcək nəsillərin Tofiq Quliyev daha yaxından tanıması üçün möhtəşəm memarlıq nümunəsidir”.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2023)

Paytaxtın ticarət dövriyyəsinin həcmi 5 faiz artıb

 

 

2022-ci ildə paytaxtın ticarət dövriyyəsinin həcmi 2021-ci illə müqayisədə 5 faiz artaraq 30 milyard 819,1 milyon manat olub.

 

Bakı Şəhər Statistika İdarəsinin yaydığı  məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri ötən illə müqayisədə 16,9 faiz artaraq 18 milyard 698,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 9 faiz azalaraq 12 milyard 121 milyon manata bərabər olub.

İstehlak məhsullarının 32,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 52,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,2 faizi isə paytaxtın bazar və yarmarkalarında satılıb.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2023)

Ötən gün saytlar bir-birini kopyalayaraq Amerikalı məşhur aktyor Çarlz Kimbronun vəfat etməsi xəbərini yaydılar. 86 yaşında dünyasını dəyişən aktyorun ölüm səbəbinin açıqlanmadığı ayrıca qeyd olundu.

Halbuki sözügedən aktyor xeyli əvvəl - 11 yanvarda Kalver-sitidə vəfat edib. 

 

Qeyd edək ki, 1960-cı ildən karyerasına başlayan aktyor "Merfi Braun" komediya serialındakı teleaparıcı Cim Dial rolu ilə məşhurlaşıb. O "Şirkət" filmindəki obrazına görə "Toni" mükafatına namizəd olub. Eləcə də Qremmi mükafatı nominantı olub. Amma mükafat qazanmaq ona müəssər olmayıb.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2023)

Thursday, 09 February 2023 16:00

Hisslər rəsmlərin əsarətində…

Fevralın 25-də Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı təsviri sənət sərgisi açılacaq. Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə açılacaq sərgiyə əsər qəbulu davam edir. 

 

Əsərlərin mövzusu, ölçüsü və texnikası sərbəstdir, 18 yaşdan yuxarı istənilən vətəndaş müraciət edə bilər. 

Sərgiyə təqdim olunan əsərlərin fotoları ilə yanaşı, ad, soyad, əsərin adı, əsərin ölçüsü, texnikası və əlaqə nömrəsinin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron adresinə göndərilməsi vacibdir. 

Bir müəllif tərəfindən ən çox 3 əsər göndərilə bilər. Son müraciət tarixi fevralın 25-dəkdir. Qeyd edək ki, əsəri seçilmiş müəlliflərin siyahısı Xətai Sənət Mərkəzinin media hesablarında yayımlanacaq. Bir müəllifin 1 və ya 2 əsəri sərgilənə bilər. Əsəri seçilmiş müəlliflərə sertifikat təqdim olunacaq.

Tamaşaçıların seçdiyi ən yaxşı əsərin müəllifi də hədiyyə ilə təltif olunacaq.

Əlavə suallar üçün (051) 310 74 01 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2023)

Azərbaycan ədəbiyyatının dünyada təbliği Dövlət Tərcümə Mərkəzinin fəaliyyət istiqamətləri sırasında prioritet yerlərdən birini tutur. Bu gün dünyanın bir çox dövlət və ictimai qurumları, nəşriyyatları, ədəbiyyat jurnalları, mədəniyyət portalları Tərcümə Mərkəzi ilə sıx əməkdaşlıq edir. Bu çərçivədə Mərkəz ölkəmizin klassik, müasir və ən yeni ədəbiyyatını nəşr formatında, eyni zamanda beynəlxalq internet məkanında və dünya sosial şəbəkələrində kifayət qədər uğurla işıqlandırmaqdadır. Milli ədəbiyyatımızın İngiltərə, Fransa, Almaniya, İspaniya, Ukrayna, Bolqarıstan, Gürcüstan, Avstriya, Macarıstan, Çexiya, Türkiyə, Rusiya, Misir, Belarus, Kolumbiya kimi ölkələrdə nəşri, şəhərlərin mərkəzi kitabxana və universitetlərinə yerləşdirilməsi, geniş təqdimat mərasimlərində beynəlxalq ədəbi ictimaiyyətin nəzərinə təqdim edilməsi milli ədəbiyyat tariximizdə baş verən ilk və sözün əsl mənasında tarixi hadisələrdir. 

 

Bu sözləri Dövlət Tərcümə Mərkəzinin İnformasiya departamentinin rəhbəri Yaşar Əliyev AzərTAC-ın müxbirinə deyib.

“Nizami Gəncəvinin “Yeddi gözəl” və “Leyli və Məcnun” əsərlərinin ötən il Madriddə, Frankfurtda, Kiyevdə və Moskvada nəşrini, kitabların təqdimat və tanıtım mərasimlərinin keçirilməsini, bu günlərdə İmadəddin Nəsiminin Parisin məşhur “Hemispheres editions & Maisonneuve Larose” nəşriyyatında işıq üzü görmüş və Fransa ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış “Haqq yolu mən özüm oldum” kitabının əldə etdiyi uğurları xüsusi qeyd etmək istəyirəm. Bütün bunlarla yanaşı, Mərkəz son illər Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslərdən də kənarda qalmayıb. Azərbaycanın, xüsusən Qarabağın qədim tarixi, mədəniyyəti, ölkədə və onun ətrafında baş verən ictimai-siyasi hadisələrlə bağlı kifayət qədər layihələr ərsəyə gətirib. Bu mövzuda müxtəlif formatlı nəşrlər, toplanan mətn və məlumatlar əsasında hazırlanan videoçarxlar və s. 12 dildə, dünyanın 100-dən artıq kütləvi informasiya vasitələrində işıqlandırılıb”, - deyə Yaşar Əliyev qeyd edib. 

O əlavə edib ki, Mərkəz bu il – “Heydər Əliyev İli” çərçivəsində müasir müstəqil Azərbaycanın qurucusu, Ulu Öndərin 100 illiyi münasibətilə onun həyatını, işıqlı ideya və amallarını əks etdirən bir neçə nəşr layihəsi hazırlayıb. Bu kitabların, eləcə də Şuşanın qədim tarixindən bəhs edən “Qarabağın incisi – Şuşa”, Yusif Vəzir Çəmənzəminlinin “Qan içində”, Mikayıl Müşfiqin, Azərbaycanın Xalq yazıçıları Yusif Səmədoğlunun, İsa Hüseynovun və Elçinin əsərlərinin Rusiya, İspaniya, Misir və Gürcüstan kimi ölkələrdə nəşri və təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulub.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2023)

Əlcəzairin “Jeel dz TV” telekanalında “Odlar diyarı və nadir gözəlliklər. Azərbaycan mədəniyyətinin adət və ənənələri ilə tanış olaq” adlı veriliş yayımlanıb.

 

Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının məlumatına görə, şuranın Əlcəzairdəki əlaqələndiricisi Xumar Nəbiyevanın evində çəkilən verilişdə Azərbaycanın zəngin mədəniyyəti və adət-ənənələrindən bəhs edilib.

Xumar xanım ölkəmizin təbii sərvətləri, füsunkar təbiəti, mədəniyyət və təbiət qoruqları, Qarabağ atları, xalçalar, milli geyimlər, rəqslər, bayramlar, festivallar və milli mətbəx nümunələri barədə ətraflı məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini nəzərə çatdırıb.   

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2023)

Thursday, 09 February 2023 14:30

Diana Əliyevanın fərdi sərgisi açılıb

Bakıdakı Rus evində azərbaycanlı rəssam Diana Əliyevanın fərdi sərgisi açılıb. 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidməti bildirir ki, tədbirdə diplomatik korpus, incəsənət, biznes dairələrinin nümayəndələri iştirak ediblər. 

 

Diana Əliyevanın əsərlərində Azərbaycan konkret və ümumiləşmiş obrazda göz önünə gəlir, tarixlə müasirlik isə bir-biri ilə uzlaşır. Mücərrəd motivlərlə işləyən Diana Əliyeva usanmadan xəyala qapılaraq, işıq harmoniyasını məharətlə yaratmaqla burada, bu torpaqda, bu günəşin altında tam gücü hiss etməyə, sevməyə, xoşbəxt olmağa səsləyir. 

Sərgi martın 1-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2023)

Fevralın 8-də Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli Fərmanında dəyişiklik edib.

 

Yeni dəyişikliyə əsasən, Dövlət Turizm Agentliyinin tabeçiliyində Bakı-Abşeron, Gəncə, Şəki, Lənkəran, Mingəçevir, Quba, Qarabağ və İsmayıllı Regional Turizm idarələri yaradılacaq.

Fərmanda deyilir: Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin işçilərinin say həddi cəmi 151 ştat vahidi olmaqla, Agentliyin Aparatı üzrə 63 ştat vahidi, regional turizm idarələri üzrə 88 ştat vahidi müəyyən edilsin”.

 

Şəkildə: Təbii ki, ölkənin əsas turizm bölgələri sırasında Şəki də vardır. 

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.