Super User
Məşədi İbad sizi gözləyəcək
Azərbaycan Dövlət Akademik Musiqili Teatrda dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası növbəti dəfə bazar günü - fevralın 12-də göstəriləcək.
Tamaşanın quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.
Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasiyev, aktyorlar Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasiyev, Türkel Tariqpeyma, Elməddin Dadaşov, Fərid Rzayev, Cəbrayıl Cəbrayılov, Əli Kərimov, Rüstəm Rüstəmov, Murad Əliyev, Tərəna Əliyeva, Rahib və Nuray Məmmədzadələr iştirak edəcəklər.
İlk tamaşası 1911-ci ildə oynanılan bu əsərin Akademik Musiqili Teatrdakı sonuncu quruluşu Xalq artisti, rejissor Cənnət Səlimovaya aiddir.
Premyerası 1998-ci il dekabrın 4-də keçirilən səhnə əsəri 75-ci dəfə təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)
Azər Zeynalov: “Bu böyük bəstəkarla çalışmaq mənə də qismət oldu”
Xalqımızın böyük bəstəkarı Tofiq Quliyevin Bakı şəhərinin gözəl guşələrindən birində əzəmətli heykəlinin ucaldılması musiqi ictimaiyyətinin hədsiz sevincinə səbəb oldu. Tofiq Quliyev Azərbaycan musiqisinə əvəzsiz töhfələr vermiş bir bəstəkardır. Onun yazdığı nəğmələr peşəkarlıq səviyyəsi, rəngarəngliyi, özünəməxsus ahəngi ilə fərqlənir.
Bu böyük bəstəkarla çalışmaq mənə də qismət oldu və onun bir neçə əsərini ifa etdim. “Bəxtəvər oldu” romansı, “Sənə də qalmaz”, “Bakı”, “Əziz dost”, “Bakı haqqında mahnı”, “Neft daşları” və s. mahnıları misal çəkmək olar. Hətta bəstəkarı olduğu “Bəxtiyar” filmindəki mahnını 1994-cü ildə dəyişib Azərbaycana və Ulu Öndər Heydər Əliyevə həsr etməyim Tofiq müəllimin böyük sevincinə səbəb olmuşdu. Milli musiqi sənətimizə bütün varlığı ilə xidmət edən belə bir sənətkarın heykəlinin qoyulması düşünürəm ki, bütün musiqisevərlərin ürəyincədir. Son illər ərzində Azərbaycanın görkəmli sənətkarlarının adlarının əbədiləşdirilməsi, bu şəxsiyyətlərin heykəllərinin ucaldılması dövlət başçısının incəsənətə və sənətkarlarımıza sonsuz sevgisinin və diqqətinin göstəricisidir. Ulu Öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan bu diqqət və qayğı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Biz, sənət adamları dövlətimizin incəsənət adamlarına göstərdiyi əvəzsiz diqqətə görə ölkə başçısına sonsuz hörmət və sevgimizi bildiririk.
Xalq artisti, professor Azər Zeynalovun
AzərTAC-a müsahibəsindən.
“Ədəbiyyat və incəsənət”
10.02.2023
Unudulmaz sevgi şeirləri - “Gecikdi bu yağış”, Nüsrət Kəsəmənli
“Ədəbiyyat və incəsənət” sizə ən unudulmaz sevgi şeirlərini təqdim etməkdədir. Bu dəfə mərhum sevgi şairi Nüsrət Kəsəmənlidən “Gecikdi bu yağış” şeiri ruhunuzu oxşayacaq.
Daha bu yağışa otlar göyərməz,
Daha bu yağışda lalələr sönməz.
Bu yağış buludun yükü deyil ki,
Bu yağış bir simurq tükü deyil ki,
Yandırsan ömür-gün qayıda geri,
İndi ürəyimiz köhnə yurd yeri,
Torpağı nəmlidir,
daşı nəmlidir.
Bir sevgi uçurub son ümid kimi
Torpağı qəmlidir,
daşı qəmlidir...
Sırsıra asılıb gül budağından,
Baharı itirdin,
Yayı ötürdün;
Qış gəldi,
yatmısan fil qulağında...
Beləcə gün keçdi,
Zaman gecikdi,
Gecikdi bu yağış, yaman gecikdi.
Gecikmiş istəyi nədi göylərin,
İndicə buludlar töküləcəkdir.
Ürəyi doludur xatirələrin
Dindirsən
təəssüf hönkürəcəkdir.
Qıvrılıb yatıbdır dolama yollar,-
Boynuna dolanır bir ilan kimi.
Dəymə, qoy uyusun qəmli arzular
Yaxandan tutacaq ayılan kimi...
Bu göz yaşlarıyla,
Bu yalvarışla
Yolların tozunu yatırmaq olmaz.
Küsülü illərin istəklərini
Daha mənzilinə çatdırmaq olmaz.
Yumaz ki, dünəni selləmə yağış,
Bayılmış dünənə çiləmə yağış...
Gecikdi bir arzu,
güman gecikdi,
Gecikdi bu yağış,
yaman gecikdi.
Yaşadıq nigaran, qulağı səsdə,
Ömürdən ötəri cığırlar keçdi.
Bizim ümidimiz axır nəfəsdə
Nə qədər çırpınsa
yenə də heçdir...
Daha oyanışa güman ki, yoxdur,
De, nəyə gərəkdir bu son bəraət,
Səndən ki, məhəbbət uman ki, yoxdur.
O güvəncli dağlar marala qaldı,
O məxmər çəmənlər sarala qaldı...
Vaxtında yağmadı,
nur çiləmədi.
Buludlar qarala-qarala qaldı...
Məni bu günündə soraqlama sən,
Məni dünənində taparsan indi.
Bu günə qədərki kədər mənimki.
Bu gündən sonraki kədər sənindir.
Qovmadın başından,
duman gecikdi.
Gecikdi bu yağış,
Yaman gecikdi...
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)
Cizgi filmlərini, deyəsən, böyüklər daha sevmirlər
Bəli, həqiqətən də dünya heç də yaxşı günlərini yaşamır. Əgər Hollivudda da Bolkivuddakı kimi kütləvi ixtisarlar başlayıbsa, demək mədəniyyət sferasının işi bir az da dalana dirənəcək.
Qərb mediası bu günlərdə Amerikanın əyləncə sənayesi sektorunda multiplikasiya studiyaları bazasında yaradılmış “Walt Disney” kompaniyasında işçi qüvvəsinin 3,2 faizi – təqribən 7 min nəfərin ixtisara düşəcəyi barədə həyəcanlı xəbərlər yayır.
Baxın, əyləncə sektorunun bu nəhəngi səhmdarlarına verdiyi məlumatda bu addımın xərclərin azaldılması və 5,5 milyard dollara yaxın vəsaitə qənaət olunması strategiyasının tərkib hissəsi olduğunu bildirib. Kompaniya, həmçinin əməliyyat xərclərini də 2,5 milyard dollar məbləğində azaltmaq niyyətindədir.
Ötən ilin oktyabrınadək bütün dünya üzrə kompaniyada təqribən 220 min əməkdaş çalışıb.
“Walt Disney”in baş direktoru Robert Ayqerin sözlərinə görə, hələ istehsal mərhələsində olan, əyləncə və beynəlxalq məzmun kəsb edən serialların və filmlərin “aqressiv yoxlanılması” aparılacaq. Kompaniya audiovizual kontentdən imtina etməklə 3 milyard dollar vəsaitə qənaət etməyi planlaşdırır.
“Walt Disney” yenidənqurma prosesində üç bölməyə bölünəcək: onlardan biri kino və televiziyada əyləncəli kontent, ikincisi idman proqramları, üçüncüsü isə tematik parklar, mallar və kruiz laynerləri ilə məşğul olacaq.
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)
Bazar günü “Əqrəb” təqdim ediləcək
Bazar günü “LIBRAFF˝ kitab mağazaları şəbəkəsində - “Park Akademiya" filialında yazar Ceyhun Hidayətli ilə görüş və “Əqrəb” romanının imza günü olacaq.
İctimai TV"də yayımlanan "Əqrəb mövsümü" serialı böyük ajiotaj doğurdu, ölkə serial industriyasını sanki müsbətə doğru xeyli köklədi. Filmin ssenarisi Ceyhun Hidayətlinin “Əqrəb” romanının motivləri əsasında yazılmışdı. Həmçinin “Bəyaz şeytan” və “Qapılar arasında ölüm” kitablarının da müəllifi olan Ceyhun Hidayətli məhz “Əqrəb”lə parladı.
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)
Tərcümə Mərkəzindən qiymətli töhfələr
Dövlət Tərcümə Mərkəzi Azərbaycan dilinin və tərcümə sahəsinin təkmilləşdirilməsi istiqamətində kifayət qədər təkmilləşdirici tədbirlər həyata keçirir.
Dilimizin qanun kitabı sayılan “Azərbaycan dilinin orfoqrafiya lüğəti” üzərində 2016-cı ildən etibarən təhlil və araşdırma işləri aparılıb və kitab 60 min orfoqrafik, qrammatik qüsurlardan, heyvan səslərindən, loru sözlərdən, söyüşlərdən, qurama və əcnəbi ifadələrdən təmizlənərək təkmilləşdirilib.
Dövlət Tərcümə Mərkəzinin İnformasiya departamentinin rəhbəri Yaşar Əliyevin açıqlamasına görə, 2017-ci ildə nəşr olunan “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”, 2020-ci ildə işıq üzü görmüş “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 100 illik milli orfoqrafiya lüğəti tariximizdə ilk mükəmməl lüğətlər hesab edilir. Mərkəzin bu sahədə ərsəyə gətirdiyi digər lüğətlər də – neft, kimya sahəsinə aid “Azərbaycanca-ingiliscə-rusca terminoloji lüğət”, “Yeni alınma sözlər lüğəti”, “Çex-Azərbaycan dili lüğəti”, “Serb-Azərbaycan dili lüğəti”, “Azərbaycan-ərəb dili danışıq kitabçası”, “Azərbaycan-alman danışıq kitabçası”, “Azərbaycan-ispan danışıq kitabçası”, “Mifoloji lüğət” kimi dəyərli nəşrlər bu sahəyə verilən qiymətli töhfələrdir ki, bu istiqamətdə işlərin davam etdirilməsi nəzərdə tutulur.
Tərcümə Mərkəzinin təşkil etdiyi seçim turları haqqında məlumat verən Y.Əliyev deyib ki, bu istiqamətdə də böyük irəliləyişlərə nail olunub: “2018-ci ildən etibarən ölkədə peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirilən turlar əsasında tərcüməçilərin mərkəzləşdirilmiş məlumat bazası, yəni reyestri formalaşdırılıb. Hazırda seçim turlarının 9-cu mərhələsi üzrə qeydiyyatlar davam edir. Budəfəki turlarda spesifik sahələr üzrə ixtisaslaşmış tərcüməçilərin dil arealı bir qədər də genişləndirilib. Bu dəfə turlarda ingilis, rus, türk, alman, fransız, ispan, ərəb, fars dilləri ilə yanaşı, artıq portuqal, italyan, polyak, macar, bolqar, İsveç, Niderland, yunan, fin, gürcü, ivrit, yapon, Çin və hind dili üzrə tərcümə mütəxəssisləri də iştirak edə biləcəklər”.
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)
Bu gün “Radio Sarajevo” fotokitabı təqdim olunacaq
Bu gün YARAT Müasir İncəsənət Mərkəzində məşhur türk fotoqraf Engin Güneysunun “Radio Sarajevo” fotokitabının təqdimatı olacaq.
Beş fəsildən ibarət fotokitab, keçmiş Yuqoslaviyadan tutmuş indiki Bosniyaya qədər dövrü – “Sarayevo-1984 Qış Olimpiyadası”, “Bosniya müharibəsi”, “Srebrenitsa qətliamı”, “Duje Reabilitasiya Mərkəzi”, “müasir Bosniya” dövrlərini əhatə edir.
Tədbirdə fotokitabın yaranma tarixindən, əsərlərin arxasında dayanan hekayələrdən və fotoqrafın təcrübəsindən bəhs ediləcək.
Engin Güneysunun fotoəsərləri bir çox müsabiqələrdə mükafatlara layiq görülüb, onların arasında Türkiyədə keçirilən beynəlxalq “National Geographic” yarışmasında ikinci yerə çıxıb. Onun fotoşəkilləri 2011-ci ildə açılan Türkiyənin Fotoqrafiya Muzeyinin daimi kolleksiyasına daxil edilib.
Hazırda müxtəlif jurnallarda fotoredaktor kimi fəaliyyət göstərir. O, "Radio Sarajevo" fotokitabı layihəsinə 2012-ci ildə start verib.
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)
“Mənə tərbiyəsiz aktyor lazım deyil ”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Elxan Qasımovdur.
ELXAN QASIMOV
(1945)
***
“Əhməd haradadır?” filminin çəkilişlərinə hazırlıq dövrü idi. Kimsə nazirlikdən zəng vurub cavan qohumlarından birinin filmə çəkilməyini Adil müəllimdən xahiş etmişdi. Təsadüf elə gətirdi ki, həmin cavan aktyor gələndə mən də onun iş otağında idim.
– Salam, qadam, harada işləyirsən? – xəbər aldı.
– Mədəniyyət evində bədii rəhbərəm.
– Lap yaxşı, hansı rollarda oynamısan? Hansı kinolara baxmısan?
– Nə rol oynamışam, nə də kinoya baxmağa həvəsim var. Toylara gedib mahnı oxuyuram. Yaxşı səsim var.
– Lap yaxşı, qadam, bəs hansı xanəndəni xoşlayırsan, kimə qulaq asırsan?
Cavan adam:
– Elə özümə qulaq asıram, – deyəndə, Adil müəllim əsəbiləşdi. Əlini masaya vurub dedi:
– Onda get öz mədəniyyət evinə, çıx səhnəyə özün oxu, özün də qulaq as. Mənə tərbiyəsiz aktyor lazım deyil.
Oğlan şəstlə ayağa qalxıb arxayınlıqla:
– Bəs dayıma nə deyim? – soruşdu.
– De ki, Adil müəllim dedi, səndən adam olmayacaq!
Oğlan suyu süzülə-süzülə çıxıb getdi.
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)
Bu gün “Ah, bu uzun sevda yolu” deyiləcək
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında maraqlı tamaşalardan olan, görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” tamaşası nümayiş ediləcək.
Səhnə əsəri dramaturq Ə.Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır.
Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edirlər. Qeyd edək ki, Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” əsəri 1937-ci ilin repressiya qurbanı olmuş istedadlı şair Mikayıl Müşfiqin nakam ömrü, yarımçıq qalmış yaradıcılığı və məhv edilmiş məhəbbəti haqqındadır. Tamaşada xalqımızın heç vaxt unutmayacağı qanlı-qadalı repressiya illərindən bəhs edilir. Səhnə əsərində M.Müşfiqin nakam taleyi əks olunsa da, bu əsərdə repressiyaya məruz qalmış minlərlə insanın məhv edilmiş nakam taleyi gözümüz qarşısında canlanır.
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)
Bu gün Musiqili Teatrda “Məchul pilləkən” balet-tamaşası nümayiş olunacaq
Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Məchul pilləkən” balet-tamaşası nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, səhnə əsərinin baş rol ifaçısı Məhəmməd Abdullayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı isə teatrın baş rəssamı Vüsal Rəhimdir.
Səhnə əsərində xarici bəstəkarların musiqilərindən, eyni zamanda, Əməkdar artist Sevda Ələkbərzadənin ifasında “Getmə-getmə” mahnısından istifadə edilib.
Tamaşada, həmçinin Samir Qulamovun ifasında Xalq şairi Ramiz Rövşənin şeirlərindən ibarət kompozisiya səsləndiriləcək.
Bu tamaşa didaktikdir, gənclərə bir örnək və ismarış xarakteri daşıyan bu balet-tamaşanın süjet xəttində pis vərdişlərə düçar olmuş bir gəncin bütün maneələrə baxmayaraq, ağ ölümlə mübarizəsi və sonda xeyir və şər qüvvələrin çəkişməsi fonunda iradəsinin təntənəsi nümayiş olunur.
Narkomaniya, eyni zamanda, zərərli vərdişlərə qarşı bir təbliğat vasitəsi kimi nəzərdə tutulan bu tamaşaya gənclərin baxması çox faydalı olardı.
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)