Super User
Açıq portfel: əsas kapitala 1 milyard 91,7 milyon manat vəsait yönəldilib
Növbəti iqtisadiyyat xəbərini təqdim edirik: Cari ilin yanvar ayında əsas kapitala 1 milyard 91,7 milyon manat məbləğində, yaxud 2022-ci il ilin müvafiq dövrü ilə müqayisədə 61,2 faiz çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsi bildirir ki, həmin dövrdə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,8 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 2,5 dəfə artıb.
İstifadə olunmuş vəsaitin 506,2 milyon manatı və ya 46,4 faizi məhsul istehsalı sahələrinə, 529 milyon manatı (48,4 faizi) xidmət sahələrinə, 56,5 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
“Ədəbiyyat və incəsənət”
(15.01.2023)
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən növbəti təqdimat
“Wikipedia.org”da Azərbaycana dair özbək dillində yaradılan bölmələr təqdim edilib
Növbəti xəbətimiz Daşkənddən alınıb. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən. Mədəniyyət Mərkəzi və “İslahatçı Gəncələr” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Daşkənd şəhərində keçirilən “Azərbaycan-Özbəkistan Gənclərinin Dostluq Əməkdaşlıq Forumu” çərçivəsində “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycana dair özbək dillində yaradılan bölmələrin təqdimatı olub.
Öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov internetdə, elektron və çap mediada Azərbaycana dair özbək dilində məlumatların zənginləşdirilməsi, bu istiqamətdə özbək mətbuatı ilə yaradılan sıx əməkdaşlıq əlaqələri, həyata keçirilən layihələr barədə məlumat verib. Diplomat 2016-cı ildə "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında aparılan monitorinq nəticəsində Azərbaycana dair özbək dilində məlumatların olduqca az, qeyri-obyektiv və tələblərə cavab vermədiyini bildirib. Bundan sonra Azərbaycan Mədəniyyət Mərkəzinin informasiya dəstəyi, habelə Wikipedia könüllülərinin iştirakı ilə Beynəlxalq Elektron Ensiklopediyada Azərbaycana dair özbək dili versiyasının yaradılması işinə start verildiyini söyləyib: “Ötən 6 ildə Özbəkistanda Wikipedia könüllüləri tərəfindən məlumatların seçilməsi, sistemləşdirilməsi, tərcüməsi və onlayn Ensiklopediyada yerləşdirilməsi həyata keçirilib. Layihə çərçivəsində internetdə Azərbaycana dair özbək dilində informasiya əldə etmək istəyən hər bir istifadəçi ölkəmizə dair dolğun və obyektiv məlumat əldə etmək imkanı qazanıb”.
Daha sonra tədbir iştirakçılarına Azərbaycan Mədəniyyət Mərkəzinin saytında “Azərbaycan Vikipediyada” adlı bölmədə yerləşdirilmiş və özbək dilində yaradılmış məqalələr təqdim edilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru Kərimulla Məmmədzadə hazırlanmış xüsusi təqdimatı nümayiş etdirib.
Qeyd olunub ki, bugünə qədər yüzlərlə bölmə istifadəyə verilmiş və hazırda bu iş Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən uğurla davam etdirilir.
“Ədəbiyyat və incəsənət”
(15.02.2023)
“Serenada” palitra rəngarəngliyi ilə yadda qalır
Gənc rəssamlar daha çox yatadırlar, daha enerjilidirlər. Və onların rəng palitrası daha zəngindir. Bir qrup gənc rəssamın əsərlərindən ibarət “Serenada” adlı sərginin açılışı belə deməyə əsas verir.
“Chagh Art Platform”un təşkilatçılığı ilə ərsəyə gələn sərgidə nümayiş olunan əsərlərin aparıcı mövzusu dünya incəsənətinin əsas mövzularından olan insan sevgisi və məhəbbətidir.
Sərgidə nümayiş olunan rəsmlər də bu mürəkkəb insan hisslərini göstərir. “Serenada”da bir araya gətirilən əsərlərin hər biri izləyiciləri rəngkar və heykəltəraşların fərqli hisslərinin, sevgi ilə bağlı düşüncələrinin əks olunduğu sənət incilərini seyrə dəvət edir.
Açılışda çıxış edən sənətşünas Qalib Qasımov “Chagh Art Platform”un fəaliyyətindən, sərginin əhəmiyyətindən danışıb, rəssamların romantik və lirik üslubda yaratdıqları əsərlərin bədii estetikasından bəhs edib. O, həmçinin sərginin kuratorları – gənc sənətşünaslar Nigar Hətəmova, Şəbnəm Əzizova və Dürdanə Qurbanovanın fəaliyyətlərinə toxunaraq, ölkəmizdə kuratorluq işinin inkişafında gənclərin rolunu xüsusi qeyd edib.
Sərgi fevralın 16-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(15.02.2023)
Bu gün Xalq artisti Muxtar Avşarovun doğum günüdür
Bu gün Xalq artisti Muxtar Avşarovun anadan olmasının 109-cu ildönümü tamam olur. Buzlər onu daha çox ”Dəli Kür”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Babamızın babasının babası”, ”Gün keçdi”, “Kişi sözü”, “Qatır Məmməd”, “Yenilməz batalyon”, “Topal Teymur”, “Tütək səsi” və digər filmlərdə yaratdığı yaddaqalan obrazlarla tanıyırıq.
Muxtar Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olub. 1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində qohum-qardaşlarını itirən yüzlərlə soydaşlarımızdan biri kimi onların da sağ qalan ailə üzvləri Türkiyəyə üz tutub və ara sakitləşəndən bir müddət sonra Gəncə şəhərinə pənah gətiriblər. Burada dəmiryol məktəbində təhsil alan M.Avşarov Ağasəlim Manaflının dram dərnəyinin aktyoru kimi ara-sıra səhnəyə çıxıb. Bir müddət sonra dərnəyə rəhbərlik edən görkəmli aktyor Ülvi Rəcəb Aleksandr Şirvanzadənin “Namus” pyesində Sumbat rolunu M.Avşarova tapşırıb.
M.Avşarov Həbib İsmayılov və Rza Sarabski kimi rejissorların hazırladıqları bir neçə tamaşada baş rolları məharətlə ifa edib. Ömrünün 65 ilini peşəkar səhnəyə bağlayan, zəngin dünyagörüşünə malik olan, daim səhnəni düşünən sənətkar Gəncə Dövlət Dram Teatrına dəvət olunub. Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində Hacı Kazım rolunda ilk dəfə peşəkar səhnəyə çıxan M.Avşarov sonralar Səməd Vurğunun “Vaqif” pyesində Zülfüqar, Cəfər Cabbarlının “Nəsrəddin şah”, “Yaşar”, “1905-ci ildə”, “Almaz” əsərlərində rollar alıb.
1968-cı ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilən sənətkar 1990-cı ilin sonlarınadək burada çalışıb.
Görkəmli aktyorun film yaradıcılığı barədə (“Dəli Kür”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Babamızın babasının babası”, ”Gün keçdi”, “Kişi sözü”, “Qatır Məmməd”, “Yenilməz batalyon”, “Topal Teymur”, “Tütək səsi” və s.) artıq yuxarıda xatırlatma etdik.
M.Avşarov 1960-cı ildə Əməkdar, 2002-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Realist yaradıcılığı, müsbət şəxsi keyfiyyətləri ilə yadda qalan aktyor 2004-cü il dekabrın 1-də dünyasını dəyişib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(15.02.2023)
“Lara Martin's Jazz Club” tamaşasını fərqləndirən nədir?
CAZ VƏ TEATRIN SİNTEZİ
Fevralın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçiriləcək “Premyeralar paradı” festivalı çərçivəsində dünya ədəbiyyatının görkəmli nümayəndəsi Aleksandr Ostrovskinin “Cehizsiz qız” pyesi əsasında hazırlanan “Lara Martin's Jazz Club” tamaşası nümayiş olunacaq.
Rus bölməsində ərsəyə gələn əsərin quruluşçu rejissoru İradə Gözəlova və layihənin bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, musiqi tərtibatçıları Əməkdar artist Nərgiz Kərimova və adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan Nərminə İsmayılova, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Tamilla Aslanovadır.
“Lara Martin's Jazz Club”da baş rolun ifaçısı Əməkdar artist Nərgiz Kərimovadır. Tamaşada Əməkdar artistlər Fərid Əliyev, Şövqi Hüseynov, Nahidə Orucova, aktyorlar Əliməmməd Novruzov, Rauf Babayev və Emil Heydərov iştirak edirlər.
Fərqli səhnə tərtibatı ilə seçilən bu tamaşada aktyorların canlı ifalarında məşhur caz kompozisiyalarından nümunələr təqdim olunacaq.
Qeyd edək ki, piano ifaçısı Nərminə İsmayılova və "DJ Maqa" – Məhəmməd Məmmədov da aktyorlarla eyni səhnəni bölüşəcəklər.
Xatırladaq ki, İradə xanım bundan əvvəl Musiqili Teatrda Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?”, SSRİ Xalq artisti Fikrət Əmirovun musiqiləri və “1001 gecə” nağıllarının motivləri əsasında “999-cu gecə” və İlyas Əfəndiyevin “Mənim günahım” (SSRİ Xalq artisti Q.Qarayevin musiqiləri əsasında) əsərlərinə quruluş verib. Peşəkar rejissorun hazırladığı tamaşalar teatrsevərlər tərəfindən hər zaman rəğbətlə qarşılanır.
“Ədəbiyyat və incəsənət”
(15.02.2023)
Ayın 22-də “Mərmər soyuğu” filmi YARAT-da nümayiş olunacaq
YARAT Müasir İncəsənət Mərkəzində rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi nümayiş olunacaq. Fevralın 22-də göstəriləcək ekran əsəri uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir.
Uzunmüddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.
Film, Tallin “Black Nights” Film Festivalı daxil olmaqla, bir sıra festivallarda iştirak edib və bir neçə mükafata layiq görülüb.
Filimdə rolları aktyorlar Qurban İsmayılov, Elşən Əsgərov, Natavan Abbaslı ifa edirlər.
Xronometrajı 88 dəqiqə olan ekran əsəri ingilis dilində subtitrlərlə göstəriləcək.
“Ədəbiyyat və incəsənət”
(15.02.2023)
Hər gün bir Şuşa xəbəri
Türk dünyasının diaspor gəncləri Şuşada bir araya gələcəklər
Bu ilin sentyabr ayında Şuşada türk dünyası diaspor gənclərinin görüşü keçiriləcək. Bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
Tədbirlə bağlı işlərin icrası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.
“Ədəbiyyat və incəsənət”
(15.02.2023)
Mədəniyyət Nazirliyinin rəsm müsabiqəsinə əsər qəbulu bu gün bitir
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Düşün və yarat” adlı yaradıcılıq müsabiqəsi keçirilir.
“Heydər Əliyev İli” çərçivəsində reallaşan müsabiqə düşüncənin inkişaf etdirilməsi məqsədilə keçirilir. Müsabiqədə iştirak etmək istəyənlər Bakı Xətai Sənət Mərkəzinin feysbuk qrupuna daxil olmaqla (https://www.facebook.com/groups/144172178999749/?ref=share) əsərin fotosu ilə bərabər, texnikası, materialı, adı, həmçinin müəllif adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəb və əlaqə nömrəsini yerləşdirərək qoşula bilərlər.
Müsabiqədə 12 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Ölçü və texnika sərbəstdir. İştirakçı bir və ya iki əsəri təqdim edə bilər. Əsərlər tək-tək yerləşdirilməlidir.
Müsabiqəyə əsər qəbulunda bu gün son gündür.
Müəllifin yaşı nəzərə alınmaqla ərsəyə gətirdiyi əsər əsas götürüləcək. Kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.
Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər. Birinci turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq.
“Ədəbiyyat və incəsənət”
(15.02.2023)
“Məni göndərin cəhənnəmə” - Xeyrəddin Qocanın satirik hekayəsi
Yazıçı Xeyrəddin Qocanın satirik “Reklam” hekayəsi Gülüş Klubunun bugünkü buraxılışında diqqətinizə çatdırılır.
Reklam
Başınız sağ olsun, qalanlara Allah ömür versin, bir nəfər ölür, gedir o dünyaya. Uzaqdan musiqi, çal-çağır səsi eşidilir. Yaxınlaşır, görür burada kefdir. Musiqi bir tərəfdə, huri-qılmanlar bir tərəfdə, yemək-içmək bir tərəfdə. Quşlar cəh-cəh vurur. Gül bülbülü çağırır, bülbül də gülü. Xülasə, adam baxanda hayıl-mayıl olur. Soruşur ki, bura haradır, deyirlər cəhənnəmdir. Ömrünü bizlərə bağışlayıb gedən də fikirləşir ki, bu dünyada çox fırıldaq işlər görüb, onsuz da cənnətə gedə bilməyəcək, elə cəhənnəm də pis deyil. Odur ki, dillənir:
- Məni göndərin cəhənnəmə.
Arxasından bir təpik vurub atırlar cəhənnəmə. Görür paho, burada nə musiqi var, nə huri-qılmanlar, nə yemək-içmək, nə də quşların cəh-cəhi. Baxır ki, bədheybət inkir-minkirlər mizan-tərəzi qurublar, özlərinin də əllərində yekə-yekə toppuzlar kəsdiriblər bunun başının üstünü, haqq-hesab soruşurlar. Yalan danışsa, toppuzlar dəyəcək başına. Qorxa-qorxa heyvərə bir inkür-minkirdən soruşur:
- Bəs bura cəhənnəm deyil?
İnkir-minkir cavab verir:
- Özüdür ki, var!
Rəhmətlik soruşur ki, bəs haradadır o gördüyüm kef, huri-qılmanlar?..
İnkir-minkir daha qoymur kişi sözünü bitirsin, toppuzu təpəsinə ilişdirib cavab verir:
- Ay bədbəxt, sənin gördüklərin reklam idi...
Ədəbiyyat və incəsənət”
(15.02.2023)
“Dizim sındı və mən... aktyor oldum”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Səməndər Rzayevdir.
SƏMƏNDƏR RZAYEV
(1945-1986)
***
Ailəmiz çətinliklə, qıtlıq, kasıblıq içində dolanırdı. Anam adımı qısaldaraq mənə Səməni deyirdi. Kasıbçılığı uşaq hissiyyatı ilə duyur, ailəyə kömək etmək üçün nə iş olsa gedirdim. Mən pul qazanmağa başlayanda hələ çox balaca idim.
Bir gün tay-tuşlarımla kənd klubunun yanında oynayanda açıq qapıdan divarlara vurulmuş plakatları gördüm. Mənin baxışlarım klub müdirəsinin diqqətindən yayınmadı.
– Niyə elə baxırsan, oğlum, xoşuna gəlir? – soruşdu.
– Yox, baxıram ki, mən bunlardan yaxşı çəkərəm, yazaram, rəngləri daha yaxşı yaraşdıraram bir-birinə, – cavab verdim.
– Çək gətir, baxaq, xoşuma gəlsə, bunların yerinə sən çəkənləri asaram.
İki gün sonra iri bir plakatı qucağıma alıb kluba getdim. Müdirə məni görəndə heyrətini gizlədə bilmədi.
– Nə məsuliyyətli uşaqsan. Halal olsun, – deyib, çəkdiyim plakatı klubun ən görkəmli yerinə asdı. Üstəlik mənə zəhməthaqqı da verdi.
Bu minvalla anamın kasıb süfrəsi oğul qazancı görməyə başladı.
***
Bir gün qazandığım pulu anama verib tay-tuşlarımla oynamağa getdim. Yağışdan sonra yer palçıqdan sürüşkən olmuşdu. Birdən üstündə oynadığımız körpüdən sürüşüb üzüaşağı yuvarlandım, dizimdən ağır zədə aldım. Diz qapağım sındı, düz dörd ilə yaxın gah xəstəxanada, gah evdə müalicə olundum.
Elə gələcək həyatım da o vaxt müəyyənləşdi. Hər gün radio tamaşaları, verilişləri dinləməkdən başqa əlacım olmadığından bu sənətin sehrinə düşdüm. Xüsusən “Arxip baba və Lyonka” radio-tamaşasındakı Arxip baba rolunda Ələsgər Ələkbərovun səsi mənim aktyor olmağımda önəmli rol oynadı.
Orta məktəbi bitirib İncəsənət İnstitutunun aktyorluq fakültəsinə qəbul olundum, özü də Rza Təhmasib kimi bir nəhəngin kursuna düşdüm. Daha doğrusu, imtahan götürən Rza Təhmasib öz kursuna yığdığı uşaqlar arasında mənim adımı qırmızı haşiyəyə aldı.
İlk vaxtlar Rza Təhmasib mənim filmə çəkilməyimə, teatrda işləməyimə icazə vermirdi:
– Tələsmə, hələ püxtələş, öyrən, tez məşhurlaşsan, tez də məhv olarsan, – deyirdi.
Ona görə də yalnız institutu bitirəndən sonra təyinatla Sumqayıt teatrında işləmək hüququ qazandım.
“Ədəbiyyat və incəsənət”
(15.02.2023)