Super User

Super User

Friday, 17 February 2023 14:30

Yenə dimdik gəzəcəksən!

Vüqar  Əlisoy yazır

 

6 fevral 2023 cü ildə Türkiyədə baş verən zəlzələdə həyatını itirmiş qardaşlarımıza Allah rəhmət eləsin,

millətimizin başı sağ olsun!

 

SƏNİNLƏDİR  AZƏRBAYCAN,TÜRKİYƏM!

 

Bir, qədərdi, Allah yazdı,

İmtahandı, dözəcəksən...

Zor günlərin ömrü azdı,

Yenə dimdik gəzəcəksən!

Bir ürək, bir bilək, bir can Türkiyəm

Səninlədir  Azərbaycan , Türkiyəm!

 

İki dövlət, bir millətik,

iki dövlət, bir ümmətik,

İki dövlət , bir qüdrətik

Bizimlədir tək Yaradan, Türkiyəm!

Səninlədir  Azərbaycan , Türkiyəm!

 

Yasımız bir, toyumuz bir,

Babamız bir, soyumuz bir,

Dilimiz bir, boyumuz bir,

Bölə bilməz  bizi düşman, Türküyəm,

Səninlədir  Azərbaycan , Türkiyəm!

 

Topuğuna dəyən hər daş,

Ürəyimə dəyər, qardaş!

Quruyarmı gözümdə yaş,

Sən ayağa duranacan,Türkiyəm?!

Səninlədir 

Azərbaycan, Türkiyəm!

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2023)

Gənclik böyük qüvvədir, sabahımızdır. Ona görə də gəncliklə bağlı hər bir xəbər maraqla izlənilir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası üzv gənclər təşkilatları ilə birlikdə “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi - 2.0” proqramı çərçivəsində Bakı və müxtəlif regionlarda bir sıra layihələrin icrasını davam etdirir. Gəlin onlara diqqət yetirək.

 

Milli Şuranın məlumatına görə, proqram çərçivəsində 2022-2023-cü illər ərzində 6 istiqamət üzrə 15 təşkilatın 15 layihəsinə resurs dəstəyinin göstərilməsi planlaşdırılıb. 2023-cü ildə keçiriləcək 7 layihədən üçünün icrasına artıq başlanılıb.

İndiyədək Bakı, İsmayıllı və Balakən şəhər/rayonlarında keçirilən layihələrdə 200-ə yaxın gənc təlim və seminarlarda iştirak edib.

Proqram çərçivəsində cari il üzrə ilk fəaliyyətə başlayan təşkilat İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyi olub. İsmayıllı rayonunun Talıstan, Təzəkənd, Quşencə və Diyallı kəndlərini əhatə edən “Kəndimizin İntellektual Gəncləri” layihəsi zamanı 30-dan çox komanda yarışda mübarizə apararaq azərbaycançılıq, tarix, mədəniyyət, Qarabağ, Vətən müharibəsi kimi mövzularda sualları cavablandıraraq müxtəlif hədiyyələr qazanıblar. Kənd gəncləri arasında təşkil edilən layihənin məqsədi gənclərin fundamental inkişafına xidmət edərək onların intellektual düşüncəsinin, bilik və bacarıqlarının artırılması, ölkə miqyaslı yarışlara hazırlıq və gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olmuşdur.

Müxtəlif vörkşop və təlimləri özündə birləşdirən daha bir layihə isə İşıqlı Gələcək Gənclər İctimai Birliyi tərəfindən Balakən rayonunda 3 gün müddətində davam edən "Gənclər üçün layihələrin yazılması təlimləri" oldu. Layihənin məqsədi Balakən gəncləri üçün layihələrin yazılması və idarə olunması istiqamətində fəaliyyətlər təşkil etməklə onların bilik və bacarıqlarının artırılmasına töhfə vermək olub.

Bakı şəhərində hələ də davam etməkdə olan “Gənclər vətənpərvərlik ruhunda” layihəsi Gənc Vətənpərvərlər İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihənin məqsədi gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması və təbliği istiqamətində maarifləndirmə fəaliyyətlərinin təşkilindən ibarətdir. 

Qeyd edək ki, layihə çərçivəsində bir görüş keçirilib, əlavə iki görüşün keçirilməsi isə planlanlaşdırılıb.

Martın sonunadək daha 4 layihə Bakı şəhəri və Zərdab rayonunda icra olunacaq.

Proqram Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilir.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2023)

Friday, 17 February 2023 13:30

“Nəsimi” baleti nümayiş olunacaq

“Nəsimi” filminə çoxunuz baxmısınız. Bəs “Nəsimi” baleti barədə eşitmisinizmi?

Fevralın 22-də Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun "Nəsimi" baleti nümayiş olunacaq.

 

Səhnə əsəri böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin həyatından bəhs edir. Tamaşanın quruluşçu baletmeysteri Opera və Balet Teatrı balet truppasının bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssamı Azərbaycanın Əməkdar rəssamı Nüsrət Hacıyev, kostyumlar üzrə rəssam Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılovdur.

Birpərdəli baletdə əsas rolları Əməkdar artistlər Anar Mikayılov, Nigar İbrahimova, aparıcı solistlər İslam Məmmədov, Dinara Şirinova, Edvard Arazov ifa edəcəklər. 

Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.

Qeyd edək ki, bu balet ilk dəfə 1973-cü il sentyabrın 23-də nümayiş etdirilərək tamaşaçıların böyük rəğbətini qazanıb, 1974-cü ildə isə Dövlət mükafatına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2023)

Bakıda Vladimir Vısotskiyə həsr edilmiş konsert proqramı təşkil olunacaq

 

Fevralın 21-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Vladimir Vısotskinin anadan olmasının 85 illiyinə həsr olunmuş konsert proqramı təqdim ediləcək. Bəli, bu həmin o “Görüş yerini dəyişmək olmaz” filmində baş rolu oynayan məşhur müğənnidir. 

 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin məlumatına görə, konsert Bakıdakı Rus Evinin dəstəyi ilə “Bakı” Müəllif Mahnıları Klubu tərəfindən hazırlanıb. Tədbirdə Rusiyadan peşəkar aktyorlar və musiqili qonaqlar iştirak edəcəklər. 

Sovet şairi, müğənnisi, peşəkar aktyoru, SSRİ Dövlət Mükafatı laureatı Vladimir Vısotskinin ədəbi irsinə 200-dən artıq şeir, 600-dən çox mahnı və uşaqlar üçün 1 poema daxildir. V. Vısotski mahnılarının bir hissəsini məxsusi olaraq filmlər üçün yazıb.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2023)

Martın 8-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdindəki Opera Studiyasında tarixçi, televiziya aparıcısı və bələdçi Fuad Axundovun yaradıcılıq görüşləri təşkil ediləcək.

 

“Məktəblilər üçün Bakının tarixi: Azərbaycanın yeddi ilk qaranquşu” mövzusuna həsr edilən birinci görüş saat 12:00-də başlanacaq. Gənc iştirakçılar müxtəlif sahələrdə böyük müvəffəqiyyətlər qazanmış ilk azərbaycanlı qadın pianoçu, rəssam, opera ifaçısı, balerina, heykəltəraş, aktrisa və kino rejissorunun həyat tarixi haqqında məlumat alacaqlar.

Saat 20.00-də başlanacaq “Köhnə Bakının birinci xanımları” adlı ikinci tədbir inqilabdan əvvəlki Bakı elitasının nümayəndələrinin həyat yoldaşlarının dramatik talelərinə həsr ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2023)

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Əlabbas Qədirovdur.

 

ƏLABBAS QƏDİROV

(1946-2006)

 

***

Bir dəfə təzə aktyorluğa başlayan və özünü son dərəcə istedadlı hesab edən bir aktyor məni də paytaxtdakı teatrlardan birində oynadığı “Otello” tamaşasına dəvət etmişdi. Tamaşadan sonra mənə yaxınlaşıb:

– Necəydim, Əlabbas müəllim? Dezdemonanı necə öldürdüm? Xoşunuza gəldi? – deyib, ürəklə xəbər aldı.

– Nə deyim, vallah, Dezdemonanı yaxşı öldürdün, Şekspirin də qəbirdə sümüklərini sızıldatdın. – deyə cavab verdim.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2023)

 

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Balaca kişilər” tamaşasının məşqlərinə başlanılıb.

Yazıçı-dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsəri İkinci Qarabağ müharibəsində baş verən real hadisələri əks etdirir. 

 

Əsərin ideyası “Balaca kişilər”in şücaətindən, onların müharibənin fonunda qəhrəmana çevrilə bilmə bacarıqlarından bəhs edir. 

Quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan 44 günlük savaş və qələbəmizə ithaf olunan tamaşa vətənpərvərlik, insani dəyərlərin qorunması ilə yanaşı, həm də hər bir vətəndaşın istənilən vəziyyətdə torpağa bağlılığını, mənəvi və bəşəri dəyərlərə sadiqliyini təcəssüm etdirir. 

Tamaşanın quruluşçu rəssamı Vüsal Rahimdir. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir.

Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Kərimov, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Rasim Cəfərov, Araz Pirimov, Bəhram Əliheydər, Xaliq Bəkirov, Hüseyn Bayramov, Ümman Budaqov, Nurlan Süleymanlı, İlhan Sadıqov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Anar Seyfullayev, Mirzəağa Mirzəyev rol alıb.

Qeyd edək ki, İlqar Fəhminin “Balaca kişilər” pyesi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Vətən müharibəsi mövzusunda elan etdiyi pyes müsabiqəsinin nəticələrinə uyğun olaraq münsiflər heyəti tərəfindən qalib elan olunub.

 

«Ədəbiyyat və incəsənət”

(17.02.2023)

Düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir. Təsadüfi deyil ki, xəstəliklərin çox böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar olur. Təəssüf ki, əhalinin xeyli bir qismi qidalanma qaydalarından xəbərsizdir. 

“Ədəbiyyat və incəsənət”in əməkdaşları müxtəlif mənbələrdən sağlam qidalanma ilə bağlı ən yaxşı məlumatları bir yerə toplayıblar. Onları diqqətinizə çatdırırıq.

 

Soyuq maye içmək və soyuq xörək yemək mədədə enzimlərin fəaliyyətini zəiflədir. Normal hərarətə çatana qədər mədə enzim ifraz etmədiyinə görə divarı zədələnir. Dondurma yemək mədənin zərif toxuması üzərinə buz parçası qoymaq kimi bir təəssürat bağışlayır. 

Çox isti çay içmək və çox isti xörək yemək enzimlərin ifrazını dayandırır, mədənin zədələnməsinə səbəb olur.

Səhər yeməyinə şirəli meyvələrdən başlamaq, ona 2-3 ədəd qoz ləpəsi, yaxud 5-6 fındıq əlavə etmək faydalıdır. Qışda çiy meyvələr əvəzinə quru meyvələrdən istifadə etmək olar. Konservləşdirilmiş, duza qoyulmuş və bişirilmiş meyvə və tərəvəzin orqanizmə heç bir faydası yoxdur.

Gün ərzində ən azı bir qab tərəvəz salatı yemək, gündə üç dəfə qida qəbul etdikdə iki dəfə salat yemək, salatı 4-5 növ çiy tərəvəzdən hazırlamaq faydalıdır. Kök, kələm, pomidor, cəfəri, sarımsaq, çuğundur və yarpağından istifadə etmək daha yaxşıdır. Baş soğanın qidada çox olması, göy soğana üstünlük vermək daha faydalıdır.

Heyvan mənşəli yağlardan mümkün qədər az istifadə etmək; istər kərə, istərsə də bitki yağı və qaymaq həzmolunmanı ləngidir, mədə-bağırsaq sisteminin işini pozur. Evdar qadınlar xörək tam hazır olanda çiy şəkildə yağ əlavə etməli, xörək bişərkən qazana 1-2 növ məhsul tökərək mümkün qədər az qaynatmalıdırlar.

Bişmiş xörəkdən imtina edə bilmədikdə onunla bərabər salat yemək, təzə şirələr – itburnu, moruq və qara qarağat yarpaqlarından dəmlənmiş çay içmək məsləhətdir. Çiy qida bişmiş xörəkdən üç dəfə çox olmalıdır.

Qidaları mümkün qədər çox çeynəyəndə və ağız şirəsi ilə isladanda yaxşı həzm olur, nəticədə orqanizm həzmolma prosesinə az enerji sərf edir. Qidanın həcm və çəkisini 1,5-2 dəfə azaltmaqla daha çox fayda görmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Aygün Yaşarın “Yurdçu” hekayəsidir.

 

 

 

 

 

 

 

Aygün YAŞAR

 

 

 

 

 

YURDÇU

 

 

 

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ (Həyat ən usta yazıçıdır)

 

 

 

***

 

Evin kandarındakı kiçik xalçanın üstünə ayağını qoyacağı anda​ kələ-

 

kötürlüyündən bildi ki, xalçanın altında nəsə var. Kənarını qaldırdı ki, əlini​

 

xalçanın altına salıb o nəsəni götürə. Həmin vaxtda xalçanın kənarından çıxan

 

qara​ quyruğu gördü –​ ilan quyruğu idi. Qorxudan geri atıldı.

 

– Ay Allah, evə ilan girib?! – titrək səsi böyük eyvanın pəncərələrinə dəyib

 

daş pilləkəndə çilikləndi.

 

Kimdən soruşurdu ki?! Bir də öz​ səsindən diksindi. Elə bil anasının öldüyü

 

həmin günü indi bir də yaşadı. Nənəm vay! – deyib ağlaya-ağlaya çarəsizcə

 

sağa-sola baxdı. Bilirdi ki, yaxınlıqda insan övladı adına bir ins-cins yoxdur. Ən

 

yaxın qonşu belə buradan səsini eşitməzdi: kənd evləri aralı tikilir axı. Amma yenə

 

də gözü axtardı. Atasını, qardaşlarını çağırmaq istədi, Heç olmasa Zəminə

 

yanımda olaydı – deyə bacısını arzuladı. Üşüdü. Bilmədi, qorxudan əsirdi, ya,

 

doğrudan da, soyuq idi. Nə soyuğu? Yayın ortasında soyuq nə gəzirdi buralarda?!​

 

Gözünün yaşı üzündə qurudu. Ağlamağa vaxt olacaqdı. Gecələri kim əlindən alıb

 

ki?!

 

İndi isə ilanı öldürməli idi.​ Həyətdəki odun yığdığı kümədən​ bir odun parçası

 

götürdü. İlanın quyruğunun əks tərəfindən – başının ola biləcəyi yeri təxmini

 

bəlirləyib xalçanın üstündəncə bir neçə zərbə endirdi. Qorxu adamı cəsarətli

 

edirmiş. İlanın fısıltısı, çırpınışları tükürpədici olsa da, ev sahibəsinin fikri qəti idi:

 

çağrılmamış qonağı öldürmək. Başı əzilmiş ilan bütün zəhərini sağına-soluna

 

saçaraq, nəhayət ki, öldü.

 

Ev sahibəsi​ yalnız indi onun evə niyə girdiyini düşünməyə macal tapdı:

 

lənətə gəlmiş bayırdakı istidən qaçıb sərin yer axtara-axtara buraya – yenicə sildiyi

 

daş pilləkənlərin sement suvaqlı kandarının sərinliyinə soxulub.

 

– Amma bura mənim evimdir! Eşidirsən, qara talxa? Bura hələ də mənim

 

evimdir! – acıqla pıçıldadı. Taleyinə olan acığını öz yerini bilməyən uğursuz

 

ilandan çıxdı sanki.

 

Birtəhər əlləri əsə-əsə yabanın ucunda ölü ilanı götürüb həyətdən kənardakı

 

dərəyə tulladı. Qayıdıb pilləkənin qabağındakı zəhəri, qanı su ilə yudu. Bir neçə

 

dəfə silib təmizlədi. Balaca xalçanı da yuyub, salavatlayıb dəmir teldən asdı.

 

Pilləkənin qabağına ayrı kilim sərdi.

 

 

 

– Gərək küncə-bucağa dərman-filan qoyum. Keçən dəfə də evin içində əqrəb

 

sancmışdı ayağımı. Ağrısı öldürmüşdü az qala məni. İndi də bu adıbatmış. Heç

 

keçən qış həyətə doluşan canavarlardan belə ürpənməmişdim. Tüfəngin səsinə

 

qaçışmışdılar bir dəqiqədə. O itən itdilər... Ölümdən qorxmuram e. Ölüm haqqdı

 

– nənəm deyərdi. Can nənə... – yenə göz yaşlarının üzündəki qurumuş cığırı islandı.

 

– Ölüm nədir ki? El içində qardaşlarımı xəcalətli qoyaram deyə, qorxuram belə

 

ilan-çayan zəhəri ilə ölməkdən. Allah iraq eləsin... Yığış gəl şəhərə, bacı –

 

deyirlər. Gələ bilmirəm axı, qardaş. Siz oralarda qocalmısınız, mən də bu həyət-

 

bacada. Şəhərin dörd divarı içində bağrım çatlayar üç gündə. Ömrüm bu evimizdə

 

keçib. Dədə yurdumu necə xaraba qoyum gəlim? Son nəfəsimə qədər də olsa,

 

qoymaram Xızır kişinin evi viran qaldı deyilə. Kənddə neçə evə bayquşlar

 

yiyələnib indi. Ayağı yer tutan qaçır şəhərə. Sehrangilin, Afatgilin, Qafargilin,

 

Rəfiqəgilin evləri uçulub dağılıb. Kəndin mal-heyvanı da bir yandan dağıtdı​ çəpər-

 

çoluqlarını. Bizim evi də ot bassınmı biz ola-ola?! Bu evin o günləri vardı ha...

 

Hara getdi o günlər, İlahi?!​ Qağam at belində axşamçağı həyətə yovuqlaşanacan

 

nənəm inəkləri sağıb bitirirdi. Biz də əllərində-ayaqlarında qulluğa qaçırdıq. Şam

 

namazından sonra açılan süfrənin bu başından o başı görünmürdü. Bağ-

 

bostanımızın bar-bəhərindən düzərdik süfrəyə. Nəvə-nəticələrin hay-küyü,

 

gülüşləri, gəlinlərin yaşmaqlanıb süfrəni hazırlamaları, zarafatlarımız... Nadir

 

ailəsini götürüb Almaniyaya köçəndən sonra​ nəvələrin həsrətinə heç bircə ay dözə

 

bilmədilər nənəmgil. Yarızarafat da olsa, qağam haqq edirdi Nadirə deyəndə. Nəvələrin adını çağıra-çağıra gözü açıq getdilər ikisi də. Özləri ilə

 

apardılar evin olan-qalan həyat nişanələrini də rəhmətliklər... Həyətdəki

 

heyvanların, itin, pişiyin də hüzuru var idi onda elə bil. İndi yazıq Bozdar nə

 

gündədi? Elə it günündə dedikləri bu imiş. İt də o günlərin xiffətini çəkir. Mənim

 

kimi. Əldən düşüb yazıq. Çox çəkməz, o da bu gün-sabahlıqdı. O boyda bağ

 

sovulub, hər nubaranlıqda uşaq kimi sevinərdi, əlləri ilə peyvənd etdiyi ağaclar da

 

qağamsız bəhər vermək istəmədilər... –​ gözlərini bir nöqtəyə zilləyib sanki

 

kiminləsə danışırdı. Daş pilləkəndə oturub xatirələrə dalan əlli yaşlı bu qızın özü

 

də daşa dönmüşdü sanki.​ Birdən ilanı öldürdüyü yerə - qapının kandarına baxaraq

 

səsi yetdiyi qədər ucadan bir bayatı çəkdi:

 

Əzizinəm, qardaş, gəl,

 

Uzaq ellərdən aş gəl,

 

Yolunu gözləməkdən

 

Oldum yurduma daş, gəl...

 

Hönkür-hönkür ağladı. Ürəyinin nisgilini gözlərindən boşaldandan sonra

 

özünü yenə danlamağa başladı:

 

– Allah keçsin günahımdan. Təki canları sağ olsun. Oxumağa gediblər, ruzi

 

dalınca gediblər. Allah işlərini avand eləsin. Qərib ağa imam Rza xatirinə Allah

 

qərib qardaşımı pənahında saxlasın...

 

Bu vaxt hiss elədi ki, həyətə bir maşın​ girdi. Ardınca maşının qapılarının

 

səsi gəldi. Özünü yetirib həyətə qaçana qədər doğma səslər onun qulağına

 

yetirdilər özlərini:

 

– Bozdar! Bozdar, gəl bura! Ay ata, Bozdar necə arıqlayıb?!

 

– Bacı! Ay bacı!

 

– Bibi!

 

– Can bibi! Bibi sizin qədəmlərinizə qurban olsun! – gələnlərə tərəf​

 

ayaqyalın gedən ev sahibəsinin indi yeridiyini yox, qanadlanıb uçduğunu görürdü

 

Bozdar. İt özü də sevincdən elə zingildəyirdi ki, elə bil dil açıb bu yeddi ildə nələr

 

baş veribsə, hamısını bir-bir danışacaqdı tanış iylərin sahiblərinə...                                         

 

 

 

 “Ədəbiyyat və incəsənət”

 

(17.02. 2023)

 

 

 

 

 

 

Bu gün Beynəlxalq Muğam Mərkəzində (BMM) “Muğam axşamları” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunacaq. Musiqi gecəsində “Bayatı Qacar” və “Şüştər” muğamlarını Sevinc Sarıyeva, Nisbət Sədrayeva, Rəvanə Qurbanova və Məmməd Nəcəfov oxuyacaqlar.

 

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Layihənin rəhbəri BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərir. “Muğam axşamları” layihəsi 2017-ci ildən həyata keçirilir.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrini də musiqisevərlərə təqdim edir.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.