Bakı, İsmayıllı, Balakən… - Gənclik layihələri göz oxşayır Featured

Gənclik böyük qüvvədir, sabahımızdır. Ona görə də gəncliklə bağlı hər bir xəbər maraqla izlənilir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası üzv gənclər təşkilatları ilə birlikdə “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi - 2.0” proqramı çərçivəsində Bakı və müxtəlif regionlarda bir sıra layihələrin icrasını davam etdirir. Gəlin onlara diqqət yetirək.

 

Milli Şuranın məlumatına görə, proqram çərçivəsində 2022-2023-cü illər ərzində 6 istiqamət üzrə 15 təşkilatın 15 layihəsinə resurs dəstəyinin göstərilməsi planlaşdırılıb. 2023-cü ildə keçiriləcək 7 layihədən üçünün icrasına artıq başlanılıb.

İndiyədək Bakı, İsmayıllı və Balakən şəhər/rayonlarında keçirilən layihələrdə 200-ə yaxın gənc təlim və seminarlarda iştirak edib.

Proqram çərçivəsində cari il üzrə ilk fəaliyyətə başlayan təşkilat İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyi olub. İsmayıllı rayonunun Talıstan, Təzəkənd, Quşencə və Diyallı kəndlərini əhatə edən “Kəndimizin İntellektual Gəncləri” layihəsi zamanı 30-dan çox komanda yarışda mübarizə apararaq azərbaycançılıq, tarix, mədəniyyət, Qarabağ, Vətən müharibəsi kimi mövzularda sualları cavablandıraraq müxtəlif hədiyyələr qazanıblar. Kənd gəncləri arasında təşkil edilən layihənin məqsədi gənclərin fundamental inkişafına xidmət edərək onların intellektual düşüncəsinin, bilik və bacarıqlarının artırılması, ölkə miqyaslı yarışlara hazırlıq və gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olmuşdur.

Müxtəlif vörkşop və təlimləri özündə birləşdirən daha bir layihə isə İşıqlı Gələcək Gənclər İctimai Birliyi tərəfindən Balakən rayonunda 3 gün müddətində davam edən "Gənclər üçün layihələrin yazılması təlimləri" oldu. Layihənin məqsədi Balakən gəncləri üçün layihələrin yazılması və idarə olunması istiqamətində fəaliyyətlər təşkil etməklə onların bilik və bacarıqlarının artırılmasına töhfə vermək olub.

Bakı şəhərində hələ də davam etməkdə olan “Gənclər vətənpərvərlik ruhunda” layihəsi Gənc Vətənpərvərlər İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihənin məqsədi gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması və təbliği istiqamətində maarifləndirmə fəaliyyətlərinin təşkilindən ibarətdir. 

Qeyd edək ki, layihə çərçivəsində bir görüş keçirilib, əlavə iki görüşün keçirilməsi isə planlanlaşdırılıb.

Martın sonunadək daha 4 layihə Bakı şəhəri və Zərdab rayonunda icra olunacaq.

Proqram Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilir.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.