Super User
Ukrayna Ali Radasından Əlibala Məhərrəmzadəyə Minnətdarlıq plaketi ünvanlanıb
İqtisad elmləri doktoru, professor, yazıçı, motivasiya spikeri, Azərbaycan Respublikasındakı “Ukrayna Ticarət Evinin” baş direktoru Əlibala Məhərrəmzadənin Azərbaycan və Ukrayna arasında iqtisadi-mədəni əlaqələrin inkişafında böyük xidmətləri var. Bu günlərdə Ukrayna Ali Radasının sədri Puslan Stefançukun Sərəncamı ilə Əlibala Məhərrəmzadə Ukraynanın beynəlxalq nüfuzunun yüksəldilməsindəki xidmətlərinə, Ukraynaya Rusiya təcavüzü dövründə dəstək nümayişinə görə Ukrayna Ali Radasının Minnətdarlıq plaketinə layiq görülmüşdür.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, plaketi Əlibala Məhərrəmzadəyə Ukraynanın Azərbaycandakı səfirliyində Ukraynanın eks prezidenti Viktor Yuşşenko təqdim etmişdir. Mərasimdən sonra Əlibala Məhərrəmzadə portalımıza verdiyi açıqlamasında Ukrayna ilə Azərbaycan arasındakı münasibətlərin perspektivindən danışmış, Rusiya ilə müharibə fonunda Ukraynaya dünyanın diqqətinin artmasından bəhs etmiş, bundan sonra görüləcək işlərdən bıhs etmişdir.
Xatırladaq ki, Əlibala Məhərrəmzadə buna qədər də Ukraynanın nüfuzlu mükafatları ilə, o cümlədən Ukrayna Prezidenti tərəfindən III dərəcəli “Xidmətə görə” ordeni ilə, Ukraynanın Baş Naziri tərəfindən Fəxri Diplomla təltif olunmuşdur.
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)
“İşarətçi...” – Çarlz Dikkensin mistik hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Tərcümə saatıdır, Azad Yaşarın tərcüməsində Çarlz Dikkensin “Işarətçi” mistik hekayəsidir.
TƏRCÜMƏ SAATI
İngilisdilli nəsrdə realizm cərəyanının banilərindən sayılan və Çarlz Dikkens (1812-1870) təxəllüsüylə tanıdığımız görkəmli nasir, romançı və esseçinin əsl adı Çarlz Con Haffəm Dikkens olub.
Həyat gerçəklərini bütün canlılığıyla oxuculara təqdim edən bu yazarın əsərlərində biz sentimental, nağılvari və Xorxe Luis Borxesin də doğru vurğuladığı kimi, hətta detektiv elementlərə də vaxtaşırı rast gəlirik.
Ç.Dikkensin dünya ədəbiyyatı xəzinəsinə daxil olan əsərləri sırasına “Pikvik klubu barədə qeydlər”, “Oliver Tvist”, “Nikolas Niklbi”, “Devid Kopperfild”, “Soyuq ev”, “İki şəhərin hekayəti”, “Ortaq dostumuz”, “Böyük ümidlər” və “Edvin Drudun sirri” romanları daxildir.
Aşağıdakı hekayəni isə o, “İl boyu” adlanan bir toplunun Milad bayramına həsr olunan buraxılışı üçün qələmə alıb. Oxucularda İsa peyğəmbərin dirilişinə inam hissini gücləndirməkdən ötrü tərtib olunan bu cür buraxılışlarda yer alan hekayələrdə ruhların, kabusların gözə görünməsi ilə bağlı məqamlara xüsusi yer verilir və belə yaşantılar daha artıq dərəcədə qabardılırdı.
Realist tərzdə məşhur əsərlərə imza atan Çarlz Dikkensin bu mövzuya müraciəti isə ilk baxışda çoxlarına qəribə görünə bilər, ancaq məsələ də elə ondadır ki, 1866-cı ildə qələmə aldığı bu əsəri yazmaq ideyasını yazara şəxsən özünün yaşadığı faciəli bir hadisə verib. Hekayəni qələmə almazdan bir neçə ay öncə yazıçı bir dəmir yol qəzasına düşür: sərnişini olduğu birinci vaqon və lokomotiv keçdikdən saniyələr sonra onların arxada buraxdığı körpü çökür, relsdən çıxan sonrakı vaqonlar boşluğa doğru uçur, xeyli sayda insan xəsarət alır və ya dünyasını dəyişir. Baş verən bu qəza ilə bağlı sonradan tərtib olunan rəsmi sənədlərdə də başlıca səbəb kimi qatarların məlum hərəkət cədvəli ilə təmir-inşaat işlərinin uzlaşdırılmaması göstərilibmiş.
O vaxt mövcud olan qaydalara əsasən, təmir briqadasının tərkibinə daxil edilən işarətçi bədbəxt hadisə vaxtı cavabdehlik daşıdığı dəmiryol xəttinin həm müvafiq səmtində durmayıbmış, həm də maşinistə gərəkli işarəti böyük ləngimə ilə veribmiş. Əgər işarətçi sözügedən siqnalı lazımi qaydalara uyğun şəkildə versəymiş, bəlkə, onda ölən və yaralananların ümumi sayı xeyli azalarmış, ancaq o halda da dahi yazar Ç.Dikkensin həyatda qalma şansı sıfra bərabər olardı, çünki elədə birinci vaqon mütləq körpüdən aşağı, yəni boşluğa yuvarlanasıydı.
Faciədən sonra ekspertlər bildiribmişlər ki, əgər işarətçi heç bir siqnal verməsəydi, bəlkə də, məsələ tamamilə itkisiz sovuşardı: belə olan halda qatar körpünün təmir gedən qismini tam sürətlə ötüb keçər və maşinist əyləcdən yararlanmağa hər hansı gərək duymazdı. Məhz qatar təhlükəli zonanı geridə qoyduqdan sonra körpü... çökərdi.
Hekayə ilə tanış olarkən siz Dikkensin gəldiyi qənaətlə razılaşacaqsınız: qatarın işarət diliylə idarə olunması heç də həmişə normal məntiqin əsaslarına söykənmir...
Çarlz DİKKENS
İŞARƏTÇİ
mistik hekayə
– Ehey, aşağıdakı!
Onu səslədiyim vaxt işarətçi öz köşkünün qapısı önündə durmuşdu, əlində isə öz dəstəyinə sarılmış işarət bayraqcığı vardı. Mövcud yerin təbii şəraiti nəzərə alınarsa, bu səsin haradan gəldiyini o, maneəsiz anlamalıydı, ancaq nədənsə mənim dayandığım və başı üstə yüksələn sıldırım qayanın təpəsinə tərəf baxmaq əvəzinə, öz baxışlarını əks tərəfə, yəni dəmiryol xəttinə tərəf zillədi. Həm də bu hərəkəti necə qəribə tərzdə elədisə, bundakı gözlənilməzliyin məhz nədən ibarət olduğunu, hətta istəsəm də, indi sizə izah edə bilməyəcəyəm. Həqiqətən də, bu kişinin özünü bu cür qəribə aparması diqqətimi çəkmişdi, ancaq o da vardı ki, bu qısaboy adamın fiquru dərin çuxurun kölgəsində olduğundan uzaqdan güclə seçilirdi, mən isə ondan xeyli yüksəkdə dayandığıma görə qüruba enən günəşin al-qırmızı şüalarına bürünmüşdüm və onu ayırd edə bilməkdən ötrü əlimi gözlərim önündə bir sipərə çevirmişdim.
– Ehey, aşağıdakı!
Təkrar geri qanrılıb, dəmiryol xəttinə baxdıqdan sonra başını yuxarı qaldırdığı zaman o, düz başının üstündə dayandığımı, axır ki, gördü.
– Səninlə danışmaqdan ötrü buradan aşağı enə biləcəyim hansısa cığır-filan varmı?
Adam heç bir cavab vermədən məni süzdüyü üçün sualımı təkrarlamaqla onun zəhləsini tökmək istəmədim. Məhz o əsnada havada və ayağım altdakı torpaqda güclə seziləcək bir titrəyiş yarandı. Sürətlə yaxınlaşan qatarın küləyinin məni aşağılara çəkib aparacağından ehtiyatlandığım üçün özümü geri dartdım. Keçib gedən qatarın püskürdüyü buxar ətrafımdakı havada aramla dağılandan sonra aşağı boylanarkən mən az əvvəl kişinin əlində tutaraq irəli uzatdığı o bayraqcığı artıq yığdığına şahid oldum.
Bayaqkı sualı təkrarladım. O hələ də diqqətlə məni süzməyində idi, qısa aradan sonra əlindəki sarınmış bayraqcıqla harasa yuxarı böyür tərəfi, yəni mənim dayandığım yerdən təxminən iki-üç metr aralıdakı bir yeri nişan verdi. Səslənərək onun verdiyi işarəti anladığımı bildirdim və həmin səmtdə irəlilədim. Diqqətlə ətrafıma baxınca təpənin yoxuşlu yamacında açılan, ilanvari şəkildə aşağılara enən bir cığıra sataşdı gözüm və elə onu da tutub getdim.
Bu damdar cığır hədsiz dərinlərə enirdi və son dərəcə dik idi. Altında su mənbəyi olduğundan bu sıldırım qayaların arasından keçən cığırın səthi aşağılara endikcə daha islaq və çamurlu olmağa başladı. Bu səbəbdən enişim xeyli vaxt aldı, ona görə də işarətçinin bu cığırı mənə nişan verərkən müşahidə etdiyim könülsüz davranışına və ya özünü buna məcbur eləməsinə heyrətlənməm üçün yol boyu yetərincə zamanım oldu.
Ziqzaqvari cığırla aşağı enib, işarətçinin yanına gəldiyim zaman onun az əvvəl qatarın sürətlə keçdiyi relslərin arasında dayandığını gördüm; gərgin duruşundan mənim ora gəlib çıxmağımı gözlədiyi sezilirdi. Sol əlini çənəsinə, sol dirsəyini isə köksünə sıxdığı sağ əlinin ovcuna söykəmişdi. Görkəmindən yağan çəkingənliyə diqqət yetirincə bir anlığa karıxıb qaldım. Sonra təkrar hərəkətə gəldim və biz ta dəmiryol xəttinə çatana qədər yeyin-yeyin addımladım. Yaxınlaşanda onun solğun bənizli, saqqallı, gur və qara qaşlı bir kişi olduğunu gördüm. İşini icra etdiyi bu nöqtə ağlasığmaz dərəcədə kimsəsiz və gözdən iraq yer idi. Bir ovuc göy üzünün göründüyü bu dar məkan dörd tərəfdən əyri-üyrü daşlarından su daman bir hasarla əhatələnmişdi: bir tərəfdən baxanda bu iri sığınacaq dolanbaclı bir uzantını xatırladırdı, digər, yəni nisbətən qısa tərəfdən baxınca isə göz gözü görməyəcək qədər qaranlıq və müdhiş tunelin qoynunda semaforun qırmızı və qorxunc işığı gözə dəyirdi, tunelin iri, qaba daşlardan ibarət hörgüsü isə adama bezdirici və ürküdücü bir təəssürat bağışlayırdı. Həmin yuvarlaq dəlikdən çox cüzi miqdarda gün işığı süzülə bilirdi və torpağa necə mənhus bir ölüm qoxusu hopmuşdusa, iliklərimə işləyən, məni o dünyada imişəm kimi sarıb-sarmalayan, bu tərəfimdən girib, o tərəfimdən çıxan buz kimi külək də həmin qoxunu dağıtmaqda aciz görünürdü.
İşarətçi yerində qımıldanmağa macal tapmadan mən ona tamamilə yaxınlaşmaq imkanı qazandım. Əvvəlki kimi, gözlərini məndən ayırmayan bu kişi bir addım geri çəkilməklə əlini qaldırdı.
– Bura son dərəcə kimsəsiz bir iş yeridir, – deyə sözə başladım, – və yuxarıdan boylanarkən buranı görmək istəyim daha da artdı. Çox yəqin, buralara nadir hallarda kimsə uğrayır və bu səbəbdən ümidvaram ki, onların gəlişi arzuolunmaz sayılmır?
Mənim timsalımda bu işarətçi, hər halda, bütün ömrünü dar sərhədlər içində keçirən, ən nəhayət, öz sərbəstliyinə qovuşunca bu cür əzəmətli qurğulara təzə-təzə maraq salan bir insan görürdü qarşısında. Hə, ona dediklərimin qısa məğzi təxminən bunlardan ibarət idi, ancaq sözlərimin məhz belə anlaşıldığına da əmin deyildim, çünki zatən yerli-yersiz söhbətə girişməyə meyilli birisi sayılmaram, indiki həmsöhbətimin görkəmi isə məni bir az da karıxdırmaqda idi.
İşarətçi baxışlarını tunelin ağzına yaxın yerdə yanan qırmızı işığa zilləyib, – nə isə çatmırmış kimi – şəkk ilə süzdükdən sonra yenidən üzünü mənə çevirdi.
– Semafora nəzarət də, mən biləni, işarətçinin vəzifələrinə daxildir, eləmi?
Alçaq səslə cavab verdi:
– Guya bunu bilmirsiniz ki?!
Həmsöhbətimin solğun üzünə, donuq baxışlarına diqqət yetirincə ağlıma qorxunc bir fikir gəldi: birdən bu qarşımdakı bəni-adəm yox, bir kabus-zad olar ha! Onun şüurunun qüsurlu olub-olmamasıyla bağlı şübhələr də artıq içimi gəmirməyə başlamışdı.
Bu səfər mən geriyə doğru bir addım atdım. Ancaq bunu edərkən onun gözlərində məndən çəkindiyini büruzə verən işartını da sezdim. Odur ki, yersiz təlaşım harayasa buxarlanıb getdi.
Zorla gülümsəyərək dedim:
– Məni elə süzürsünüz ki, sanki sizə dəhşət hissi aşılayıram.
İzaha keçdi:
– Sizi daha əvvəl, bəlkə, görmüşəm deyə, fikrə dalmışdım.
– Harada?
Az əvvəl baxdığı qırmızı işığı nişan verdi.
Soruşdum:
– Oradamı?
Gözlərini məndən çəkmədən pəsdən dedi:
– Hə.
– Dostum, mənim orada nə işim varmış?! Sizə səmimi etiraf edə bilərəm ki, oralarda əsla olmamışam. Hətta siz özünüz də bunu and içməklə təsdiqləyərsiniz.
İşarətçi razılaşdı:
– Hə, məncə də, təsdiqləyə bilərəm. Hə, hə, yəqin, bunu təsdiqləyərəm.
Sən demə, o, adi və onluq kəsirlərlə bağlı tənliklər həll edə bilirmiş, hətta cəbrə də girişibmiş, ancaq hesab fənniylə hələ məktəb illərindən bir elə arası yoxmuş. Görəsən, vəzifə borcu onun daima bu rütubətli çuxurda qalmasınımı tələb edirdi, yoxsa ara-sıra bu hündür divarların əhatəsindən qurtulmaqla günəş işığına da çıxırdı? Dedi ki, bu, zamandan və mövcud şərtlərdən asılıdır. Dəmiryol xətti gah hədsiz yüklənirmiş, gah da çox az, günün saatlarından asılı şəkildə bu şərt də dəyişir. Günəşli havalarda bu kölgəli çuxuru tərk eləməkdən ötrü o, bir fürsət axtarır: ancaq elektrik zəngiylə hər an müraciət daxil olacağından ehtiyatlandığı və iş yerindən aralanınca qulaqlarını daha betər şəklədiyi üçün özünə bu cür dinclik haqqı verməsi mənim təxmin elədiyimdən daha az-az mümkün olur.
Sonra o, məni öz köşkünə dəvət elədi: masanın üstündə işlə bağlı qeydlər apardığı bir dəftər, diskli, sferblatlı və əqrəbli teleqraf cihazı, bir də bayaq adını çəkdiyi o elektrik zəngi vardı. Xətrinə dəyməmək şərtiylə bildirdim ki, məncə, o, bu stansiya ilə müqayisədə daha yüksək bir mövqedə çalışmaq üçün babat təhsilə malikdir (könlünə dəymək niyyətindən uzaq olduğumu da bu yerdə təkrar vurğuladım). İşarətçi bununla razılaşaraq dedi:
– Hə, cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən insanlar arasında – hətta baxım evlərində və polis idarələrində, hətta son ümid yeri sayılan orduda olduğu kimi, istənilən iri dəmir yolu şirkətində də – bənzər hallara rast gəlinir, yəni çarəsiz qalınca insan öz alın yazısıyla barışmalı olur.
Cavanlığında o, maraq saldığı natural fəlsəfə ilə bağlı mühazirələr dinləyibmiş, ancaq sonradan bundan soyuyub, sahib olduğu imkanları yetərincə dəyərləndirməyib və indi yuvarlandığı bu həyatın dibindən bir daha qalxa bilməyib. Ancaq yenə də taleyindən şikayətlənmirdi. Çünki nə əkmişdisə, onu da biçmişdi. Həyata sıfırdan başlamaq imkanı isə yox idi.
İndi burada sizə yığcam şəkildə anlatdıqlarımı işarətçi mənə tələsmədən, bəlli bir ahənglə danışdı, o ara özünün vüqarlı, təmkinli görkəmini qorudu və sobadakı odunları o üz-bu üzə çevirdiyi üçün ara-sıra söhbətinə ara verdi. Mənə müraciət edərkən vaxtaşırı, xüsusən də gənclik illərini xatırlayanda, “ser” kəlməsindən yararlanırdı, bununla da özünün hazırkı mövqeyindən yuxarılara əsla can atmadığını göstərməyə çalışırdı. Söhbət əsnasında iki-üç dəfə zəng gəldi və o, müraciətləri oxuyub gərəkli cavabları göndərdi. Bir kərə isə açıq qapının qarşısında dayanaraq həm keçən qatara bayraqcığını göstərdi, həm də maşinistlə üç-beş kəlmə söhbətləşdi. Öz vəzifəsini icra edərkən o, son dərəcə mükəmməl davranırdı, işinə hədsiz can yandırırdı, söhbətə qəfil ara verir və işlə bağlı bütün fəaliyyəti bitməyənə qədər söhbəti davam etdirmirdi.
Uzun sözün qısası, bu insanı mən eyni işlə məşğul olanlar arasında öz peşə borcuna yüksək etina ilə yanaşanlardan biri saymağa hazır idim, ancaq bir məqam da vardı: söhbət zamanı bu kişi iki kərə susub, rəngi-ruhu qaçaraq çalınmayan, susub duran zəngə nəzər salmış və (bayırdakı hava hədsiz rütubətli olduğu üçün) qapısı daim bağlı olan köşkdən çölə boylanaraq tunelin girişində yanan o qırmızı işığa tərəf baxmışdı. Hər iki dəfə ocağın yanına dönərkən onda hələ tanışlığımızdan öncə, yəni uzaqdan sezdiyim o karıxmışlığın bənzərinə şahid olsam da, bunu heç yerə yoza bilmirdim.
Vidalaşmaqdan ötrü yerimdən qalxarkən dedim:
– Davranışlarınızla mənə öz taleyindən razı bir insan təəssüratı bağışladınız.
(Nə gizlədim, bunu deməklə onu bir az da danışdırmaq məqsədi güdürdüm).
O, söhbətimizin lap əvvəlindəkinə bənzər alçaq bir səslə dedi:
– Hə, bir vaxtlar bu belə idi, ancaq indi, ser, elə deyiləm, yox, heç elə deyiləm.
İmkanı olsaydı, o, bu sözlərini geri götürərdi. Ancaq kəlmələr quş kimi ağzından çıxmışdı, mən də bu fürsəti əldən qaçırmadım.
– Axı niyə görə? Nə elə deyil ki?
– Bunu başa salmaq çətindir, ser. Həm də son dərəcə çətindir. Əgər təkrar mənə baş çəksəniz, onda bunu anlatmağa bir cəhd göstərərəm.
– Sizə baş çəkməyə, sözsüz ki, hazıram. Ancaq nə vaxt – bunu siz deyin.
– Sabah səhər açılanda növbəm bitir, bir də sabah gecə saat 10-da növbəyə gələcəm, ser.
– Onda mən də saat on bir üçün bura gələrəm.
O təşəkkür elədi və məni ötürmək üçün bayıra çıxdı. Yarıpıçıltıyla dedi:
– Siz o yuxarıya qalxan dar cığırı tapana qədər mən bu ağ işığı yandıracam, ser. Yolu tapdınızsa, məbadə mənə səslənəsiniz! Lap zirvəyə çıxanda da əsla məni səsləməyin!
Onun bu sözləri və davranışı canıma bir üşütmə salsa da, eləcə başımı tərpətməklə kifayətləndim.
– Elə də edərəm.
– Hətta sabah axşam vaxtı aşağı enərkən də məni səsləməyin! İzninizlə, ayrılmazdan əvvəl sizdən bir şey soruşum: bu gecə sizə “Ehey, aşağıdakı!” sözlərini dedirdən nə idi?
– Bir Allah bilir. Ağlıma ilk gələni demişdim, ya da nə isə elə bir şey...
– Yox, ser, bu elə bir şey deyil. Bunlar – məhz həmin sözlərdir. Mənə də yaxşı tanışdır bunlar.
– Tutalım, mən məhz o sözləri demişdim. Buna şübhə olammaz, çünki aşağıda olduğunuzu görmüşdüm.
– Sırf bu səbəbdən belə demişdiniz?
– Bunun başqa nə səbəbi olacaq ki?!
– Bu sözlərin sizə fövqəltəbii bir qüvvə tərəfindən ötürüldüyünə dair bir şey hiss etmədinizmi?
– Yox.
Mənə: “Gecəniz xeyrə qalsın” deyən işarətçi semaforla əlləşməyə başladı. Mən isə cığırı tapmaq ümidiylə dəmiryol xətti boyu irəlilədim (həmin anlarda içimə naxoş bir hiss çökmüşdü, sanki ardımca bir qatar gəlirdi). Dağa dırmanmağı zirvədən enməkdən daha asan saydığımdan qaldığım otelə çatana qədər hər hansı çətinliklə qarşılaşmadım.
Vədimə əməl edərək, sonrakı axşam mən o ilanvari cığıra qədəm qoyduğum zaman saatların on bir tamamı vurduğunu qulaqlarım uzaqdan aldı. İşarətçi isə dağın ətəyində durub mənim gəlişimi gözləyirdi. O ara semaforda bəyaz işıq yanırdı.
Onunla görüşəndə dedim:
– Tapşırdığınız kimi, bütün yol boyu susmuşam. Yəqin, indi artıq danışmaq olar?
– Əlbəttə, ser.
– Elə isə axşamınız xeyir olsun, bu da mənim əlim.
– Axşamınız xeyir, ser, bu da mənim əlim.
Əl görüşdükdən sonra yanaşı köşkə tərəf üz tutduq, içəri keçib qapını örtdük və ocaq başında yerlərimizi rahatladıq.
Önə tərəf əyilən işarətçi az qala pıçıltıyla dedi:
– Ser, belə qərara gəldim ki, öz təlaşlarımla bağlı sualı mənə təkrar-təkrar verməklə sizi yormayım. Dünənki axşam mən sizi başqa birisi zənn eləmişdim. Buna görə də indi heç cür təskinlik tapa bilmirəm.
– Bu yanıldığınıza görədir?
– Yox, olduğunuzu zənn etdiyim adama görə.
– Kimdir axı o?
– Nə bilim.
– Bəyəm o, mənə oxşayır ki?
– Orasın bilmirəm. Çünki üzünü heç görməmişəm. O, sol əliylə üzünü qapamışdı, sağ əlini isə var gücüylə havada yelləyirdi. Bax belə.
Naməlum adamın bunu necə etdiyini göstərdiyi vaxt mənə elə gəldi ki, bu hərəkət dərin təlaşın və gərgin bir xəbərdarlığın ifadəsiymiş: eynən “Allah xatirinə, yoldan çəkilin!” sayağı.
Sonra işarətçi öz hekayətinə başladı:
– Aylı gecələrdən birində, elə buradaca oturduğum vaxt mən çöldə bir haray eşitdim: “Ehey, aşağıdakı!” Yerimdən sıçrayıb başımı qapıdan bayıra uzadanda həmin o “kimsə”nin tunelin yanında, semaforun qırmızı işığında dayanaraq bayaq sizə göstərdiyim tərzdə əlini yellədiyini gördüm. Qışqırmaqdan səsi batsa da, o susmaq bilmədən: “Yoldan çəkil! Yoldan çəkil!” – deyə bağırırdı. Sonra yenə də: “Ehey, aşağıdakı! Yoldan çəkil!” – deyirdi. Fənərimin qırmızı işığını yandırmaqla, ona tərəf cumdum və bağırdım: “Nə olub ki orada? Nə baş verib? Axı harada?” O adam isə az qala tunelin zülmətinə qarışmaq üzrə idi. Ona yaxınlaşsam da, öz gözlərini qoluyla niyə qapadığını heç cür anlaya bilmirdim. Lap yanaşıb əlini üzündən çəkmək istəyəndə o adam qeybə qarışdı.
Soruşdum:
– Tuneldəmi?
– Yox! Sonra mən tunelə girib, başılovlu düz əlli yard (45,7 metr – A.Y.) qaçdım. Sonra ayaq saxlayıb fənəri başımın üstünə yönəltdim: divarlarda bölgü rəqəmləri və su sızan yerlər gördüm. Tunelin içində nəfəsim daraldığından əvvəlkindən də iti sürətlə oradan qaçıb çıxdım, fənərimin qırmızı işığında semaforun qırmızı işığına diqqət yetirdim, əvvəl dəmir nərdivanla üst meydançaya dırmandım, sonra aşağı enib öz köşkümə tərəf qaçdım. Xidmət sahəmin hər iki ucuna bu məzmunda teleqraf göndərdim: “Mən həyəcan siqnalı almışam. Yolda nə isə baş verib?” Hər iki məntəqədən cavab gəldi: “Hər şey yolundadır”.
Kürəyimdə dolaşan soyuq giziltiyə məhəl qoymadan mən işarətçini inandırmağa çalışdım ki, onun gözünə görünən o fiqur bir görmə yanılğısının nəticəsiymiş; o da məlumdur ki, (görmə qabiliyyətini təmin edən həssas sinirlərin pozulması nəticəsində) bənzər hallüsinasiyalar görən bəzi pasiyentlər bunun bir xəstəlik olduğunu öz-özlərinə aşılamağa məcburdurlar, hətta bunun məhz belə olduğu onların üzərində aparılan sınaqlar vasitəsiylə də tam sübuta yetirilib.
Sözümü belə tamamladım:
– O ki qaldı qulağınıza dəyən o bağırtıya, mən sizə bu süni çuxurda ulayan, teleqraf tellərindən cürbəcür səslər çıxarmağa qadir dəli küləklərə qulaq kəsilməyi məsləhət görərdim.
İşarətçi bunun məhz belə ola biləcəyi fikriylə razılaşdı və biz birlikdə lal-dinməz oturduq; sanki bu yerlərdə əsən küləklərin teleqraf tellərini necə inlətdiyinə bu adam heç bələd deyildi – burada təkbaşına keçirdiyi ayazlı qış gecələri boyu bəyəm o, bu vıyıltılara azmı qulaq asmışdı?! Daha sonra əlavə elədi ki, mənə danışacaqları bununla da bitmir.
Üzrxahlıq etdiyim zaman o, anlayışla əlimə toxundu və təmkinlə sözünə davam elədi:
– Onu görəndən düz altı saat sonra bizim xətdə o mənhus dəmiryol qəzası baş verdi: azı on saatlıq aradan sonra qəzada ölənlər, yaralananlar tuneldən çıxarıldılar və bunu tam o xəbərdarlıq edən adamın durduğu yerdən keçməklə etdilər.
Canıma vicvicə düşsə də, bunu büruzə verməməyə çalışdım. Dedim ki, üst-üstə düşən bu təsadüflərin sarsıdıcı olduğunu vurğulamağa bir gərək qalmır, bənzər halların yaşanması da indiyədək görülmüş bir şeydir. Yeri gəlmişkən, bunu etiraf edərkən mən (həmsöhbətimin buna qarşı etirazını bir növ qabaqlamaq məqsədiylə) dedim ki, gündəlik həyatda sağlam düşüncə sahibləri bu cür təsadüfi uzlaşmaları sən deyən də ciddiyə almırlar.
İşarətçi öz hekayətini tamamlamaqdan ötrü təkrar məndən izn istədi.
Mənim də istəmədən sözünü kəsdiyim üçün ondan üzr istəməkdən başqa çarəm qalmadı.
Kişi təkrar əlimə toxundu, çuxura düşən gözləriylə çiyninin üstündən geriyə nəzər salmaqla dedi:
– O hadisənin üstündən dübbədüz bir il sovuşub. Aradan altı ay, bəlkə, daha çox ötdükdən sonra mən bu gözlənilməz sarsıntıdan qismən özümə gələ bildim. Bir gün səhər obaşdan qapının ağzında dayanmışdım... baxışlarım ötəri qırmızı semafora sataşınca həmin kabusun təkrar orada zühur etdiyini gördüm.
Gözlərini mənə dikən həmsöhbətim susdu.
– Yenə qışqırırdı?
– Yox. Susqun idi.
– Əlini necə, yelləyirdi?
– Yox. Semaforun dirəyinə tərəf əyilib, üzünü əlləriylə qapamışdı. Bax belə.
Onun hərəkətlərinə diqqət yetirdim: bu, çarəsiz bir qüssənin ifadəsi idi. Məzarüstü abidələr üçün yonulan heykəllər, adətən, belə pozada təsvir edilirlər.
– Ona yanaşdınızmı?
– Köşkümə qayıdıb həm fikirlərimi bir yerə cəmləmək, həm də bu nəhs ovqatdan qurtulmaq məqsədiylə stula çökdüm. Köşkdən çıxdığım vaxt hava artıq qaralmış, kabus isə qeybə qarışmışdı.
– Həmin gün necə, nəhs bir şey, hər hansı qəza-müsibət baş vermədi ki?
İşarət barmağıyla əlimi döyəcləyən işarətçi yenə çoxmənalı şəkildə başını da tərpətdi.
– Həmin gün o tuneldən çıxan qatarın pəncərələrində mən bir vurnuxmaya şahid oldum, kimlərinsə başı və əlləri havada oynayırdı, kim isə nəyisə yelpikləyirdi. Qatarı dayandırsın deyə, maşinistə işarət verməyə güclə fürsət tapdım. O, əyləc kranını burunca qatar havaya bir xeyli buxar püskürdü, ancaq ətalət üzrə vaqonlar ən azı əlli yard məsafə qət elədikdən sonra dayana bildilər. Qatarın ardınca götürüldüm, həmin dəqiqələrdə dəhşət dolu çığırtı və hönkürtülər dəydi qulağıma. Vaqonlardan birində gedən cavan və yaraşıqlı bir qız qəflətən canını tapşırıbmış: onun nəşini bu köşkə gətirib sizinlə mənim aramdakı döşəməyə qoydular.
Özümdən ixtiyarsız mən stulumla birgə özümü yana çəkdim, sonra baxışlarımı döşəmədən ayırıb təkrar işarətçiyə zillədim.
– Hə, hə, ser. Məhz o cür oldu. Bütün o hal-qəziyyə məhz indi sizə danışdığım şəkildə baş verdi. Deyəcək bir sözüm qalmamışdı: həm söz tapmırdım, həm də matım-qutum qurumuşdu.
İşarətçinin bu danışdıqlarını o ara bayırda əsən küləyin teleqraf tellərində çıxartdığı şikayət dolu, fasiləsiz hönkürtü də müşayiət eləməkdə idi.
İşarətçi sözünün ardını gətirdi:
– Bax belə, ser, məni normal dəngədən çıxaran bu yaşantılara indi siz özünüz buyurub bir dəyər biçin. Bir həftə əvvəl o kabus yenə buralara qayıtmışdı. Odur ki, onun gec-tez zühur edəcəyinə mən adım qədər əminəm.
– Yenə də semaforun böyründə?
– Və məhz qırmızı işıq yananda.
– Bəs özünü necə aparır o?
İşarətçi az əvvəl mənə göstərdiyi və “Allah xatirinə, yoldan çəkil!” mənasına gələn o pantomimanı daha çarəsiz, daha anlaşılan jestlərlə təkrarlayıb durdu.
– O andan bəri yuxum da, rahatlığım da ərşə çəkilib. Eyni kabus: “Ehey, aşağıdakı! Özünü qoru, qoru özünü!” deyə bağıraraq əzab dolu çarəsizliklə daim mənə səslənir. Dayanıb gah əl yelləyir, gah da zəngi çalır...
Bir məqam diqqətimi çəkdi:
– Bəs dünənki axşam, mən yanınızda ikən və siz qapıya çıxanda o heç həyəcan zəngini çalmışdı?
– Həm də iki kərə.
Tez dedim:
– Bax görürsünüz, sizi çaşdıran öz xəyal gücünüzdür. O zəng mən burada ikən, gözlərimin qabağında çalınıbmış və qulaqlarım tutulmadığından mən istənilən halda onu eşitməliydim, halbuki o məqamda bayırda heç bir zəng-filan səslənməmişdi. Heç sonra da bu baş vermədi: əlbəttə, həm təbii mənşəli, həm də stansiyadan sizə vurulan o zəng səslərini çıxmaq şərtiylə.
İşarətçi başını buladı:
– Belə məsələlərdə, ser, mən əsla yanılmaram. Kabusun zəngi ilə xidməti zəngi yüz il qala, səhv salmaram. Kabusun zəngi tamamilə fərqli səslənir ey, qəribə bir titrəyişi var onun. Həm də axı mən iddia eləmədim ki, o zəngin titrəyişləri gözlə də alqılana bilər. Sizin o anlarda heç nə eşitməməyiniz tamamilə təbiidir. Ancaq mən o zəngi eşitmişdim.
– Yaxşı, bəs qapıdan boylananda necə, gözünüzə kabus-zad dəydimi?
– Hə, o, həmişəki yerində idi.
– Hər iki dəfə?
– Hər iki dəfə, – deyə işarətçi inamla təsdiqlədi.
– İndi sizinlə birlikdə qapıya çıxıb o səmtə baxmama necə, razısınız?
İçindəki tərəddüdü yenərmiş kimi dodağını gəmirən işarətçi yerindən qalxdı. Mən qapını açıb ayağımı ilk pilləyə qoyduğum zaman o, hələ də qapı çərçivəsinin yanında dayanmışdı. Yanan qırmızı işıq bizə xəbər verirdi: “Yol bağlıdır”. Tunelin girişi mənhus bir şəkildə qaralırdı. Onun dar keçidi nəmli daşlardan hörülən hündür divarlarla əhatələnmişdi.
İşarətçinin üz-gözünü zənlə süzüb, dedim:
– Heç onu görürsünüz?
Onun sifətində gərginlik və dərin diqqət ifadəsi dolaşırdı; yəqin ki, həmin səmtə göz qoyduğum zaman mənim də sir-sifətim eyni şəkli alıbmış.
– Yox, görmürəm. O indi orada deyil.
– Səzinlə razıyam.
Biz köşkə dönüb qapını arxadan bağladıq, sonra keçib əvvəlki yerlərimizdə əyləşdik. Əgər belə demək mümkünsə, mən bu müsbət dönüşdən necə yararlana biləcəyimi ağlımda götür-qoy elədiyim vaxt işarətçi, əlamətdar heç nə yaşanmayıbmış kimi, yenə də özünün əvvəlki səs tonuyla söhbətə davam etməsiylə məni lap özümdən çıxartdı:
– Hə, ser, zənnimcə, siz artıq məsələnin əsl mahiyyətini anladınız: mənə rahatlıq verməyən məqam bu kabusun məhz nə istədiyidir.
Mən isə bildirdim ki, məsələnin mahiyyətini hələlik heç də tam anlamamışam.
Gözlərini yanan atəşə zilləyən və ara-sıra mənə tərəf baxan işarətçi fikirli halda sözünə davam elədi:
– Onun etdiyi xəbərdarlıq axı nə ilə bağlıdır? Növbəti təhlükə haradan gəlir və nədən ibarətdir? Dəmiryol xəttinin harasındasa, yəqin, bir xəta-bəla uyuyur. Hansısa qorxunc müsibət gözlənilir. İndiyədək yaşanan o hadisələrdən sonra indi, yəni üçüncü kərə, buna hər hansı şübhə yeri qalmır axı. Ancaq indilik bu, mənə amansız bir xülya kimi görünür. Bəs neyləyim mən? – Cibindən çıxartdığı dəsmalla o, həyəcandan tərləyən alnını sildi. – Gözlənilən naməlum təhlükə ilə bağlı qonşu stansiyaların birinə və ya eyni vaxtda hər ikisinə teleqraf çəkmək üçün əlimdə heç bir əsas da yoxdur. – Bu səfər işarətçi dəsmalla tərləyən ovcunu quruladı. – Bunun heç nəyə yararı olmaz, mənim isə sonradan başım ağrıyar. Havalandığımı düşünərlər. Deməli, mən xəbər göndərəcəm: “Yolda təhlükə var. Gərəkli tədbirləri görün”. Soruşacaqlar: “Hansı təhlükə? Və harada?” Desəm: “Bilinmir. Amma, Tanrı xatirinə, yenə də ayıq-sayıq olun!”, onda məni işdən qovacaqlar. Axı başqa neyləyim ki mən?!
Onun qatlaşdığı məşəqqətlərə göz qoymaq dözülməz idi. Öz dürüstlüyü, həssaslığı ucbatından bu zavallı insan görünməmiş iztirablara məruz qalırdı, başqalarının aqibətinə yazılan, ancaq məğzi də dəqiq bilinməyən qada-bəlalara necə sinə gərəcəyini adam biləmmirdi. Əlləriylə qara saçlarını geriyə itələyən işarətçi təlaşla gicgahlarını sığallamağa başladı:
– O kabus ilk dəfə qırmızı işıqda zühur elədiyi zaman qaçılmaz qəzanın harada baş verəcəyindən axı niyə məni agah eləməmişdi?! Əgər ondan hər nə cürsə qurtulmaq mümkün idisə, niyə bunun yolunu, üsulunu mənə bildirməmişdi?! İkinci dəfə peyda olanda isə: “Bir qız öləcək. Onun yola çıxması məsləhət deyil” demək əvəzinə, niyə üzünü qapamaqla orada durubmuş?! Əgər indiyəcən iki kərə ard-arda zühur eləməklə tək məqsədi verdiyi nəhs müjdələrin doğru çıxacağını sübuta yetirmək idisə, barı bu səfər, özünün üçüncü gəlişində o, məhz nələrin gözlənildiyini bəri başdan mənə açıb desin də. Axı kiməm ey mən? Varlığını hətta Tanrının da unutduğu bir stansiyanın işarətçisi! Axı niyə o, müsibətə bir əncam çəkəcək, sözü dinlənilən daha nüfuzlu bir şəxsin gözünə görünmür, görəsən?
Onun bu halına acıyaraq bildirdim ki, həm onun, həm də bütövlükdə cəmiyyətin hüzuru xətrinə edə biləcəyim yeganə iş – öz həmsöhbətimə təsəlli verməkdir. Bu səbəbdən də yaşadıqlarının gerçək, ya da sirli mahiyyətini bir kənara qoyaraq ona belə bir fikir aşıladım ki, xidmət sahəsində işləyən istənilən məmur ilk növbədə öz daxili tarazlığını qorumalıdır və əgər rastlaşdığı bu qorxunc olayı hər nə cürsə yozmaqda acizdirsə, onda onunla təskinlik tapmalıdır ki, öz vəzifə borcunu birə-bir yerinə yetirir.
Gözünə görünənlərin bir illüziya olduğunu sübuta yetirməkdə bir şeyə nail olmasam da, borcla bağlı dediklərim onun ağlına batdı. İşarətçi sakitləşdi, bütün diqqətini özünün gecə növbəsindəki vəzifələrinə yönəltdi və saat üçdə mən onunla xudahafizləşdim. Səhəri birgə açmağı təklif eləsəm də, o, heç bir vəchlə buna razı olmadı.
Cığırla üzüyuxarı qalxdığım zaman bir neçə dəfə, həm də təlaşla dönüb semaforun qırmızı işığına tərəf baxdım: düşünürdüm ki, əgər onunla qonşu olsaydım, elə özüm də, nə gizlədim, narahat yatardım. Ard-arda gerçəkləşən o iki bədbəxt hadisəni və cavan qızın ölümünü də heç cür unuda bilmirdim. Odur ki, bunu da etiraf etməyi özümə bir borc sayıram.
Məni ən çox rahatsız edən başqa sual idi: başqalarından fərqli olaraq agah olduğum bu məqamlarla bağlı bəs mən hansı tədbirləri almalıydım? Çünki işarətçinin sağlam düşüncəyə, hədsiz canıyananlığa, görünməmiş ayıq-sayıqlığa, işində dəqiqliyə sahib olduğunu mən öz gözlərimlə görmüşdüm, bəs onun bu cür anlaşılmazlıqla, ruhi gərginliklə dolu şəraitə hələ nə qədər davam gətirəcəyinə axı necə əmin olaydım?! Vəzifəcə yetərincə kiçik biri olsa da, onun daşıdığı məsuliyyət son dərəcə böyük idi, öz həyatını təhlükəyə atmaqla, şəxsən mən, onun öz vəzifəsini həmişəki kimi əsl fədakarlıqla icra edəcəyindən axı necə arın-arxayın ola bilərdim?!
Bununla yanaşı, işarətçiyə söyləmədən, onunla məsləhətləşib ortaq bir qənaətə gəlmədən mənim bununla bağlı Dəmir Yolları Şirkətinin rəhbərliyinə müraciət eləməm istənilən halda bir xəyanət kimi dəyərləndirilərdi. Axırda belə qərara gəldim ki, (hər barədə tam məxfiliyi qorumaq şərtiylə) məsləhət almaqdan ötrü buralarda təcrübəli sayılan bir həkimin qəbuluna getməyi işarətçiyə təklif eləyim. Özünün dediyinə görə, onun iş rejimi günaşırı təkrarlanırdı: hava işıqlanandan bir-iki saat sonra o, işdən çıxacaq, günəş qüruba endikdən sonra isə təkrar növbəyə girəcəkdi. Bu şərti əsas götürməklə, görüşəcəyimiz vaxtı da onunla dəqiqləşdirdik.
Xoş havada ruhum bir az dincəlsin deyə, həmin axşam evdən erkən çıxdım. Çöldəki cığırla sıldırım qayanın yanına çıxdığım vaxt günəş hələ qürub etməmişdi. Düşündüm ki, hələ bir saat da buralarda gəzişim: yarım saat o başa, yarım saat da dönüşə vaxt sərf eləsəm, işarətçinin köşkünə yollanmaq vaxtım da gəlib çatacaq.
Ancaq gəzintidən öncə mən sıldırım qayanın kənarına yaxınlaşdım, işarətçini o ilk dəfə gördüyüm gündəki kimi, qeyri-ixtiyari şəkildə aşağılara göz gəzdirdim. Qapıldığım dəhşətin ifadəsi üçün söz tapmaqda indi çətinlik çəkirəm: tunelin lap ağzında bir insan fiquru dayanmışdı – sol əliylə gözlərini qapayan bu kişi sağ əlini çılğınlıqla havada yelləyirdi.
Çaşqınlığım uzun sürmədi: bu, həqiqətən də, bir insan idi, bir qədər aralıda isə onun agah etməyə çalışdığı insanlar qaynaşırdı. Semaforun qırmızı işığı yanmırdı. Onun dirəyinin yaxınlığında isə (bu, məndən ötrü bir yenilik sayılmalıydı) taxta payalardan qurulan alçaq çadırın üstünə brezent çəkilmişdi.
İçimə necə mənhus bir təlaş doldusa, başılovlu halda ilanvari cığırla üzüaşağı qaçmağa başladım (sonradan işarətçini təkbaşına qoyub getdiyimə görə, onun davranışlarına göz qoymağı başqa birisinə həvalə etmədiyimə görə mən özümü suçlayacaqdım – çünki əgər elə etsəydim, bəlkə də, o müsibəti qabaqlaya bilərdik).
Nəfəsimi dərib soruşdum:
– Nə baş verib burada?
– Üzü səhərə doğru işarətçi həlak olub, ser.
– Köşkdə oturan o növbətçi?
– Hə, ser.
– Mənim tanıdığım o adam?
Oradakı digər insanların yerinə də bayaqdan bəri suallarımı cavablandıran kişi dedi:
– Əgər tanışı idinizsə, ser, onda cəsədini də tanıyarsınız, – deyə, o, matəm əlaməti olaraq papağını çıxartdı və brezentin bir ucunu qaldırdı. – Üz-gözünə heç bir xətər toxunmayıb.
Brezentin ətəyi aşağı salındığı vaxt mən orada yığılanlara birbəbir eyni sualı ünvanlamağa girişdim.
– Axı bu necə baş verib? Necə olub bu?
– Onu parovoz vurub, ser. Bütün İngiltərəni dolaşsanız, öz işində bu mərhum qədər mahir olan ikinci adam tapmazsınız. Ancaq nə səbəbdənsə o, yolun bu döngə qismində relsdən çıxmaq və kənara çəkilmək istəməyib. Həm də hadisə günün günorta çağı baş verib. Semaforu yandıran işarətçi əlində də fənər tutubmuş. Parovoz tuneldən çıxdığı vaxt o, arxası qatara dayanıbmış, parovoz da onu vurub, xurd-xəşil edib. Qatarın maşinisti bu kişidir: hadisənin necə baş verdiyini az əvvəl bizə o nağıl elədi. Tom, hər şeyi bu centlmenə də anlatsana.
Əyninə qaba mahuddan tünd rəngli forma geyinmiş Tom tunelin girişindəki əvvəlki yerini tutaraq, izah elədi:
– Ser, deməli, mən tunelin əyimli qismini keçincə o biri ucda, müşahidə borusuyla baxarmış kimi, işarətçini sezdim. Sürəti azaltmağa artıq macal yox idi, mərhumu isə hamı hədsiz ehtiyatlı biri kimi tanıyırdı. O eşitmədi deyə, mən fit səsini kəsdim, artıq ona hədsiz yaxınlaşdığım üçün var səsimlə bağırmağa başladım.
– Bağırarkən siz ona nə deyirdiniz ki?
– Ehey, aşağıdakı! Yoldan çıx! Yoldan çəkil! Allah xatirinə, yoldan çəkil!
Bu sözləri eşidincə mən diksindim.
– Ser, heç inanmazsınız, necə dərin dəhşətə qapılmışdım. Ara vermədən bağırıb durdum. Nə baş verdiyini görməyim deyə, bir əlimlə də gözlərimi qapamışdım, digər əlimi isə var gücümlə havada yelləyirdim – amma nə faydası?!
Bu və ya digər məqamı dəqiqləşdirməkdən ötrü öz hekayətimə mən artıq heç nə artırmaq istəmirəm. Sonda qəribə təsadüf ucbatından baş verən bir xüsusa diqqətinizi çəkəcəyəm: zavallı işarətçinin xilası üçün maşinistin bağırdığı sözlər təkcə o mərhumu daima izləyən sözlər deyilmiş, onların sırasına işarətçinin məhz kabusun jestlərini yamsılayarkən mənim ağlıma gələn və sırf mənə məlum olan o sözlər də daxil imiş.
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)
150 ilin işığında - milli teatrımızın 150 illiyinə 4 baxış
Ölkəmizdə milli teatrın 150 illiyi təntənə ilə qeyd olundu. Bəs maraqlıdır, ünlülər buna necə reaksiya verdilər? “Ədəbiyyat və incəsənət”in növbəti yazısı bu barədədir.
1-ci baxış
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov:
-Milli Teatrımızın 150 illik yubileyinin qeyd olunması böyük mədəniyyət hadisəsidir. Mən öz adımdan, teatr xadimləri adından bu böyük tarixi qeyd etmək üçün Sərəncam imzaladığına görə dövlətimizin başçısına təşəkkürümü bildirirəm. Hamımız bu Sərəncamı böyük sevinclə qarşıladıq.
Azərbaycan teatrı ağır, amma şərəfli yol keçib. Bu yolda itkilərimiz də çox olub, uğurlarımız da. Əsas odur, teatr sənəti bu gün yaşayır, uğurla inkişaf edir. Gənclərə həmişə qayğı göstərilir. Azərbaycan teatrının gələcəyi əmin əllərdə olacaq. Çünki dövlətimiz bu sahəyə həmişə diqqət və qayğı göstərib. Bu qayğı, bu uğurlar təkcə hazırlanan tamaşalarla olmayıb. Biz Prezidentimiz İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi diqqət-qayğısını həmişə hiss etmişik. Məsələn, aktyorlara, rejissorlara fəxri adlar verilib, onlara təqaüd ayrılıb, onlar mənzillə təmin olunublar. Bu qayğı, teatra bu böyük məhəbbət Ulu Öndər Heydər Əliyevin unudulmaz mirasıdır ki, bu gün də davam edir.
2-ci baxış
Əməkdar artist Şövqi Hüseynov:
-Əsası 1873-cü il martın 10-da Bakıda “Lənkəran xanının vəziri” komediyası ilə qoyulan Azərbaycan teatrı bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin Milli Teatr Gününün təsis edilməsi və teatrın 150 illiyinin qeyd olunması ilə bağlı sərəncamları bu yeni mərhələnin əsasını təşkil edir. Azərbaycan teatrı həmişə cəmiyyətin mədəni tərəqqisinə xidmət edib və buna nail ola bilib. Milli teatrımız uzun və şərəfli tarixi yol keçib, postsovet məkanında ən yaxşılardan olub. Azərbaycan teatrının yetirmələri müstəqillik illərində qonşu dövlətlərin, xüsusilə qardaş Türkiyənin teatrlarının inkişafında və teatr tədrisində müstəsna rol oynayıblar.
Qürurla demək istəyirəm ki, mən də bir aktyor kimi milli teatrınızı dünya səhnələrində, beynəlxalq festivallarda şərəflə təmsil edirəm və hər bir alqışla, təriflə, mükafatla ölkəmin adını ucaltdığıma görə fəxr edirəm. Fəxr edirəm ki, mən məhz Azərbaycan səhnəsinin yetirməsiyəm. Bu gün ölkəmizdə 20-dən çox dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda yüzlərlə aktyor çalışır. Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bu sənətə sayğının və qayğının bariz nümunəsidir. Prezident İlham Əliyevin göstərişi ilə teatr binaları təmir və bərpa etdirilir, onların dünya teatr səhnəsinə uyğun fəaliyyət göstərmələrinə hər cür şərait yaradılır. Teatrın inkişafı üçün Dövlət Proqramı uğurla həyata keçirilib. Bir ay əvvəl dövlətimizin başçısının Azərbaycan peşəkar milli teatrın yaradılmasının 150 illik yubileyi ilə bağlı imzaladığı müvafiq Sərəncam da dövlətin teatr sənətinə olan diqqətinin ifadəsidir. Eyni zamanda, inanıram ki, son vaxtlarda Mədəniyyət Nazirliyində aparılan islahatlar da teatr sənətimizin daha da irəli getməsinə şərait yaradacaq, Azərbaycan teatrı dünya səhnəsində daha intensiv təmsil olunacaq. Mən də bir aktyor kimi bu sahədə öz yaradıcı potensialımdan tam gücü ilə istifadə etməyə daim hazıram. Teatrımızın 150 illiyi münasibətilə bütün həmkarlarımı və teatrsevərləri təbrik edirəm, daha böyük səhnə uğurları arzu edirəm.
3-cü baxış
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədzadə:
-“Teatr məbəddir” deyirlər. İnsanın həyatda görmək istədiklərinin səhnədə rəmzləşdirilməsi, insanların arzularına doğru ümidlə getmələrində teatrın əhəmiyyəti böyükdür. Teatr ümumiyyətlə, bütün xalqların həyatında müstəsna rol oynayıb. Eləcə də bizim xalqımızın. Azərbaycan peşəkar milli teatrı 150 illik yubileyinin qeyd edir. Bu bir əsr yarımlıq tarixi dövr ərzində Azərbaycan teatrı çox böyü inkişaf yolu keçib. Sevindirici haldır ki, bu yubiley Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə geniş şəkildə qeyd olunmaqdadır.
“Teatr müqəddəs yerdir! İnsanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynamışdır”,- kəlamı Ulu Öndər Heydər Əliyevə məxsusdur.
Ümummilli Liderimiz Heydər Əliyevin bu sözləri mədəniyyət və incəsənətimizin böyük hamisi olan fenomen bir şəxsiyyətin teatr sənətinə verdiyi yüksək qiyməti bütün parlaqlığı ilə əks etdirir. O, tamaşaların premyeralarına gələr, tamaşa bitdikdən sonra səhnə arxasına keçər, dramaturqla, rejissorla, rəssamla, ayrı-ayrı aktyorlarla bu sahənin bilicisi kimi söhbət edər, fikirlərini bildirərdi. Ulu Öndərimiz ömrünün son günlərinə qədər bu ənənəni davam etdirdi. Bilirsiniz ki, bu il ölkəmizdə Ulu Öndərin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev İli” elan olunub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzində tamaşa təqdimatları davam edir. Bütün bunlar çox sevindiricidir. Hazırda ölkəmizdə yaradıcı insanlar üçün hər cür böyük imkanlar yaradılıb.
4-cü baxış
Əməkdar artist Rəhman Rəhmanov:
-Peşəkar Azərbaycan milli teatrının yaranmasının 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ölkə başçısının teatra və teatr fədailərinə sevgi və diqqətinin təzahürüdür.
Sözsüz ki, bu qayğı, teatrda çalışanların sevincinə şərik olmaq bizləri stimullaşdırmaqla yanaşı, yaradıcılıq əzmimizi də artırır.
Ömrümün 40 ildən artıq bir dövrünü kukla sənətinə həsr etmişəm və heç vaxt ondan ayrı düşməmişəm. Çünki kuklaçı aktyor olmaq, balaca tamaşaçılar qarşısında çıxış etmək mənim üçün, ümumən biz kuklaçılar üçün hər zaman maraqlı və sevinclidir. Axı balaca balaların saf gülüşləri, məsum baxışları, təmənnasız sevgiləri var. Onu da nəzərə alın ki, onlar həm də çox diqqətli və tələbkar tamaşaçılardır. Sevinirəm ki, hər zaman olduğu kimi bu gün də kukla teatrına, kukla səhnə sənəti nümunələrinə belə böyük tamaşaçı marağı var və zəngin milli teatr tariximizin 90 ilindən atıq bir dönəmində təmsilçisi olduğum Azərbaycan Dövlət Kukla Teatrının öz xüsusi yeri var. Son 30 il təkcə onlar üçün yox, ümumən milli teatrımızın inkişafında xüsusi yer tutur. Çünki bu müddətdə Azərbaycanda teatr sənəti daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub, saysız beynəlxalq teatr festivallarına qatılaraq milli səhnə sənətimizin şöhrətini ölkəmizin sərhədlərindən kənarda da göstərib. Dünyada daha çox tanınıb, beynəlxalq səhnələri fəth edib. Bu işdə teatrın inkişafı ilə bağlı müvafiq Dövlət proqramının böyük rolu oldu. Təsadüfi deyil ki, proqram sayəsində əksər teatr binaları əsaslı təmir-bərpa olundu, onların maddi-texniki bazaları möhkəmləndirildi, dünya standartları səviyyəsinə qalxdı.
Bu müddət ərzində biz dövlət başçımızın daimi diqqət və qayğısı ilə əhatə olunduq. Ümumən teatrın mədəniyyət siyasətimizin vacib istiqaməti kimi daim ön planda olması biz teatr təmsilçilərini çox sevindirir. Bunun davamı olaraq dövlətimizin başçısının Azərbaycan peşəkar milli teatrın yaradılmasının 150 illik yubileyi ilə bağlı Sərəncam imzaladı. Bu özlüyündə teatrımızın gələcək inkişaf strategiyasını müəyyən etməklə yanaşı, teatrın dövlətimizin mədəniyyət siyasətində tutduğu əhəmiyyətli yerin göstəricisinə çevrildi.
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)
Euronews Azərbaycanın turizm potensialı barədə süjet göstərib
Azərbaycanın turizm potensialı harda diqqət çəkirsə, bu, sözügedən sektorun inkişafına doğru növbəti addımın atılması deməkdir. Qitənin ən nüfuzlu telekanalı olan Euronews-un Azərbaycana diqqət yönəltməsi bu cəhətdən çox önəmlidir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, nüfuzlu telekanal ölkəmizin tirizm potensialını diqqətə gətirib və sqjet yayımlayıb. “Azərbaycan turizm üçün möhtəşəm ilə hazırlaşır. Avropa ilə yeni hava əlaqələri qurur, milyonlarla səyahətçinin görməli yerləri ziyarət etməsinə və ölkənin füsunkar mənzərəsindən həzz almasına imkan yaratmaq üçün viza təminatını asanlaşdırır” - deyə süjetdə bildirilir.
Almaniyanın paytaxtı Berlində keçirilən, dünyanın ən böyük turizm yarmarkalarından olan ITB sərgisi ilə bağlı yayımlanan reportajda qeyd olunur ki, ITB 50 ildən artıqdır turizm sektorunda nüfuzlu sərgilərdən biridir.
“Euronews”un müxbiri Siril Fourneris turizm dünyasını bu il üçün nələr gözlədiyini öyrənmək məqsədilə martın 7-dən 9-dək davam edən “ITB Berlin 2023”-də iştirak edib. Sərgiyə qatılan ekspertlər beynəlxalq turizm aktivliyinin pandemiyadan əvvəlki səviyyələrə çata biləcəyini proqnozlaşdırırlar. Siril Fournerisin hazırladığı reportajda Səudiyyə Ərəbistanı, Yaponiya, Mərakeş, Britaniya, Gürcüstan və Azərbaycanın turizm potensialından bəhs olunur. Bildirilir ki, Azərbaycan turizm üçün möhtəşəm ilə hazırlaşır. Avropa ilə yeni hava əlaqələri qurur, milyonlarla səyahətçinin görməli yerləri ziyarət etməsinə və ölkənin füsunkar mənzərəsindən həzz almasına imkan yaratmaq üçün viza təminatını asanlaşdırır.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmidf “Euronews”a açıqlamasında deyib: “Azərbaycandakı biomüxtəlifliklə fəxr edirik. Çoxlu müxtəlif landşaftlar, yeni iqlim zonaları var. Bir çox yeni layihələrə start vermişik, təcrübə qazanmışıq, ötən illərdə yeni otellər açılıb. Buna görə də ölkədə turizm sənayesi çox fəaldır”.
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)
Adicə mimikası qəşş etməyə bəs edirdi
Xalq artisti Bəşir Səfəroğlunun anadan olmasından 98 il ötür
-Bəs mənim makintojum nə oldu?
-O yaxşı oldu.
-Ay sağ ol. Belə danış da.
-Hamısı yavaş-yavaş yandı, amma sənin makintojun birdən yandı…
Dahi gülüş ustaları Bəşir Səfəroğlu ilə Əliağa Ağayevin məşhur səhnəsi yaddan çıxarmı?
O təkcə Milli kino və teatrımz üçün komik rollar yaratdığına görə yox, həm də xarici görünüşü, mimikası, özünü tamaşaçıya təqdimetmə bacarığı ilə də daim fərqlənirdi. İllər ötsə də Azərbaycan sənət tarixinə adı böyük hərflərlə yazılan, cəmi 44 il ömür yaşamış görkəmli aktyorumuz Bəşir Səfəroğlu hər zaman hörmət və rəğbətlə yad ediləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sevimli sənətkarımızın anadan olmasının 98-ci ildönümü tamam oldu. Daim güldürən bu aktyorun keçdiyi kəşməkeşli həyata, düşünürük, bir nəzər yetirmək yerinə düşərdi.
Bəşir Səfəroğlu 1925-ci il martın 11-də Bakıda dünyaya göz açıb. Yeddiillik təhsilini Bakıda aldıqdan sonra ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşıb.
Görkəmli aktyorun yumoru sərtdir, çevikdir, bitkindir. Komik ampluanın bu qolu yalnız Bəşir Səfəroğlu yaradıcılığı üçün xasdır. Sənətkar heç bir xüsusi peşə təhsili almayıb. Heç teatr təhsili də olmayıb. İlk dəfə səhnəyə 14 yaşında çıxıb və “Sevil” tamaşasında Gündüzü oynayıb. Bir il sonra Azərbaycan Dövlət Musiqili Teatrına gələrək tamaşalarda sözsüz rollarda çıxış edib. 1941-ci ilin noyabrında yaşı çatmasa da könüllü cəbhəyə gedib. 1942-ci ildə kontuziya alaraq eşitmə və danışma qabiliyyətini itirib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifovun məsləhəti ilə müntəzəm olaraq teatrın tamaşalarına baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər.
Yaradıcılıq ehtirası ilə çırpınan Bəşir Səfəroğlu həyəcanlanır, daxili iztirablar keçirirdi. Ömrünün bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanır və bununla da dili açılır. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb.
Bəşir Səfəroğlu cəmi 7 filmə çəkilib. “Aygün”, (Əmirxanın dostu), “Qəribə əhvalat” (Cəmil), “Əhməd haradadır?” (Sərxoş), “Ulduz” (Gülümsərov), “Xoca Nəsrəddinin 12 qəbri” (Nəsrəddin), “Yun şal” (Kişi) və “Yaşamaq gözəldir, qardaşım” (Səfər) bu yeddiliyi təşkil edir.
Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan “Gəlməli, görməli, gülməli” miniatür teatrında Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.
Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyniadlı bədii-sənədli televiziya filmi çəkib.
Bəşir Səfəroğlunun rolun səhnə həllinə, qəhrəmanların sözlərinə münasibətdə fərqli mövqeyi vardı. Məsələn, o hər kəlməni müxtəlif intonasiyalarla mənadəyişiminə məruz qoyurdu. Bəşir Səfəroğlu qəhrəmanın vəziyyətinə psixoloji zəmindən yanaşırdı və oyununda gözgörəsi ifşa - özünü ifşa yox idi. O, sadəcə qəhrəmanın xarakterini və vəziyyətinin komikliyini açırdı. Onun öz obrazlarına münasibəti ciddi və bütöv idi. Nadan professora da, bürokrat Murtuzova da, səfeh polis rəisinə də ciddi məntiqlə yanaşırdı.
Aktyorun yaradıcılığında xüsusi yer tutan Möhsün (“Beş manatlıq gəlin”, Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qaradavoy və Çiko (“Keto və Kote”, Vladimir Dolidze), Qoçu Əsgər və Məşədi İbad (“Məşədi İbad”, Üzeyir Hacıbəyli), Uzun və Nəcəf (“Durna”, Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir və Gülümsərov (“Ulduz”, Sabit Rəhman və Süleyman Ələsgərov), Salyanski və Qəhrəman (“Gözün aydın”, Məhərrəm Əlizadə və Fikrət Əmirov) və başqa obrazlar tamaşaçı qəlbinə yol tapıb.
Xüsusən qeyd edək ki, Bəşir Səfəroğlunun sənəti daim yüksək qiymətləndirilib və o, 1964-cü ildə Əməkdar artist , 1968-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Tanınmış sənətkar Bəşir Səfəroğlu 1969-cu il martın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Bəşir Səfəroğlu dünən olduğu kimi, bu gün də, sabah da bənzərsiz obrazları ilə qəlblərdə yaşayacaq.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)
“Öz pullarınızdan düzgün istifadə edin” - Uorren Baffetdən 13 Uğur qazanmaq qaydası
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir. Bu dəfəki mövzumuz böyük uğrlar sərgiləmiş Uorren Baffetin uğur qazanmaq qaydalarıdır. Qaydalar 13-dür. Hər buraxılışımızda sizlərə 1 yeni qayda verərək əvvəlkiləri də təkrarən saxlayırıq ki, biliyiniz daha təkmil və mükəmməl olsun.
Beləliklə 8-ci qayda.
Öz pullarınızdan düzgün istifadə edin
«Birinci yarımqayda: heç vaxt pulunuzu itirməyin. İkinci yarımqayda: heç vaxt birinci qaydanı unutmayın.
Foreks bazarında ticarətlə məşğulsunuzsa həmişə məntiqsiz risklərdən qaçın. Ticarətlə necəgəldi məşğul olmayın. Həmişə pula qənaət metodundan yararlanın ki, nəticədə kapitalınız qorunsun və artsın».
Əvvəlki qaydalar bunlar idi:
Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!
«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».
«Yox!» deməyi öyrənin
«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».
Heç vaxt başqalarına qulaq asmayın
«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.
Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»
Cəld və məhsuldar hərəkət edin
«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».
Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız
«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».
Hər şey barədə əvvəlcədən razılaşın
«İstənilən işi başlayanda dərhal maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».
Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin
«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».
9-cu qayda “Öz vəsaitinizlə yaşayın!” olacaq.
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)
Tanınmış şairin 60 illiyini hansı nəhənglər təbrik etdilər?
Həftəsonu tanınmış şair, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin “Poeziya Seksiyası”nın rəhbəri, Türk Edebiyyatı Vakfının Fəxri üzvü İbrahim İlyaslının 60 yaşı tamam oldu.
Kimdir İbrahim İlyaslı? Poeziyada iynə ilə gor qazananlardan, Sizif yükü çəkənlərdəndir. Amma yorulub usanmayan, “bu hələ harasıdır” deyib inamla irəliləyəndir həm də.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İbrahim İlyaslı 1963-cü il mart ayının 10-da Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. 1990-ci ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. 1980-ci ildən Sumqayıt şəhərində yaşayır.
Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb. “Bu bahar oldu” adlı ilk mətbu şeiri Azərbaycan Politexnik İnstitutunun çoxtirajlı “Politexnik” qəzetində dərc olunub. 1988-ci ildə Sumqayıtın gənc ədəbi qüvvələrini yaratdığı “Dəniz” Ədəbi Birliyinə sədr seçilib və o vaxtdan taleyini bu şəhərin ədəbi mühiti ilə bağlayıb. 1990-cı ildə Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubuna direktor təyin edilib. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Hamı bir körpüdən keçir” adlı ilk şeirlər kitabı 1998-ci ildə çap olunub. “Mən bir söz bilirəm” adlı ikinci şeirlər kitabı 2004-cü ildə, “Yuxuma söykənmiş adam” adlı üçüncü şeirlər kitabı 2011-ci ildə, “Şair olmaq zülümdü” adlı dördüncü şeirlər kitabı isə 2018-ci ildə nəşr edilib. 2020-ci ildə tərcümələrdən ibarət “Qırmızı almadan Qızıl almaya” kitabı nəşr edilib.
Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına fərdi təqaüdlər verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 1999-cu il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.
2008-ci ildə Mahmud Kaşğari adına Beynəlxalq Fondun “Bilgələr Gənəsi”nin qərarı ilə Türk uduq Süb-Yeri və Türk budunu yolunda əvəzsiz çalışmalarına görə Fondun və Türk Törə Ocağının təsis etdiyi “San Yarlığı” ödülünə layiq görülüb. 2018-ci ildə isə ümumtürk mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə “Mahmud Kaşğari Medalı” ilə təltif edilib.
2019-cu ildə “Şair olmaq zülümdü” adlı şeirlər kitabı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsis etdiyi “Qızıl Kəlmə” mükafatına layiq görülüb.
2019-cu ildə “Vektor” Beynəlxalq Elmlər Akademiyasının təsis etdiyi “Şahmar Əkbərzadə mükafatı”nın laureatı olub.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il tarixli Sərəncamı ilə “TƏRƏQQİ” medalı ilə təltif edilib.
Şeirləri Türkiyədə, Rusiyada, Özbəkistanda(2016) və Qazaxstanda(2018) nəşr olunmuş “Çağdaş Azərbaycan poeziyası” antologiyalarına daxil edilib.
2000-ci ildən eyni zamanda tərcüməçilik fəaliyyəti ilə məşğuldur. Türkiyə türkcəsindən bir çox kitabları Azərbaycan türkcəsinə uyğulayıb. Rus, fransız, qazax, qırğız, özbək şair və nasirlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.
Hal-hazırda Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru vəzifəsində çalışır.
Yibileyi münasibəti ilə şair çox təbriklər aldı. Milli Məclisin Mədəniyyət Komitəsində, Azərbaycan Yazıçılar Birliyindəki təbriklərə daha bir təbrik də qoşuldu.
“Qazax” Xeyriyyə İctimai Birliyinin mətbuat katibi Səbinə Yusifin portalımıza verdiyi açıqlamasına görə, şairi birdən-birə başda İctimai Birliyin İdarə Heyətinin sədri, riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov olmaqla ictimai birliyin onlarca tanınmış üzvü, o cümlədən İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov, Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Sübhan Bəkirov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev, görkəmli yazıçı, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlınski, Yazıçı-jurnalist, Avrasiya Miİllətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, Əməkdar jurnalist Varis Yolçuyev,
general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicat Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, AMEA-nın müxbir üzvü Arif Məmmədov, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar müəllim Arzu Daşdəmirov, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Akif Aşırlı, Əməkdar incəsənət xadimi Barat Vüsal, professor Valeh Nəsibli, professor Məqsəd Qocamanov, professor Məhəbbət Dəmirçiyeva, fizika elmləri doktoru, APİ-nin Quba filialının rektoru Yusif Alıyev, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Əfşan, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Mədət Səttarov, professor Rüstəm Kamal, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər Məmməd Əfşan, Cığatel İsaqızı, Çiçək Mahmudqızı, rəssam Nəvai Metin, Zaməddin Həmişəyev, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, Səbinə Yusif, Ceyhun Babaşov, Rafail İncəyurd, Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin digər üzvləri 60 illik yubileyi münasibətilə ürəkdən təbrik etdilər, uzun ömür, möhkəm cansağlığı və bütün işlərində uğurlar dilədilər!
Əsil yubilyara layiq bir təbrik oldu!
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)
Parisdə azərbaycanlı qadın rəssamların əsərləri nümayiş etdirilir
Fransanın paytaxtı Parisdə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə azərbaycanlı sənətkarların rəsm sərgisinin açılış mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat alan AzərTAC-a istinadən bildirir ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının, İnkişaf edən Millətlər Assosiasiyasının dəstəyi və Toğrul Nərimanbəyov Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilən sərgi Parisin 5-ci rayon meriyasının tərkibində fəaliyyət göstərən Latın Məhəlləsinin İcma həyatı və Vətəndaş Evində baş tutub.
Sərgidə azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova, Sahib Əsədli, Təranə Seyid, Yeganə Hüseynova, Milana Kamıyeva, Nərminə Vəliyeva, Səidə Faqala-Haqverdi, Aysel Mirqasımova, Leyla Əliyeva, Elnarə Səfərova, Rəna Əmrahova, Yeganə Əsədova və azərbaycanlı fotoqraf Maya Bağırovanın əsərləri nümayiş etdirilib.
Sərgi martın 18-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)
Elə yazaq ki, yüz il sonra arxivə gömülməyək
Süleyman Rüstəmin 117 illiyinə 117 söz
Çoxları onu Sovet şairi, kommunist şair sayır, poeziyasını ideoloji vasitə adlandırır. Onun SSRİ kosmonavtikasının 60-cı illərin başlanğıcındakı ən böyük uğuruna - kosmik fəzaya Layka adlı itin göndərilməsinə şeir həsr etməsinə, əlbəttə ki, birmənalı yanaşmaq olmaz. Bununla belə, ədəbiyyat tarixindən kimisə silmək yolverilməzdir. O cümlədən də Azərbaycan Sovet poeziyasının ən ünlü simalarından biri olan Süleyman Rüstəmi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bazar günü Xalq şairi Süleyman Rüstəmin anadan olmasının 117-ci ildönümü tamam oldu. Onun ömür yolu maraqlıdır. Gəlin nəzər yetirək.
O, 1906-cı il martın 12-də Bakıda dəmirçi ailəsində dünyaya göz açıb. Ailələri dedikcə imkansız olub. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərən Süleynman Rüstəm ilk şeirlərində fəhlə və kəndli əməyini, torpağı və zəhməti tərənnüm edib . Onun həyatının 65 ildən çox müddətini əhatə edən yaradıcılığı yüzlərlə şeir, poema, dram əsərlərindən ibarətdir. 1923-cü ildən 1989-cu ilədək xalqın həyatında baş verən ictimai-siyasi hadisələrdən tutmuş, xalqın mənəvi durumunadək bu poeziyada hər şey öz əksini tapıb. Ancaq kommunist ideologiyasının vəsfini bir qırağa qoysaq (“Ələmdən nəşəyə” kitabı bu sayaq şeirlərə əsl nümunədir) və Süleyman Rüstəm yaradıcılığında ən qiymətli cəhətləri qabartsaq, birinci sırada cənub mövzusu dayanar.
CƏNUB MÖVZUSU
Şair cənub mövzusunda müntəzəm yazmaqla Azərbaycan poeziyasına əsl poetik çələng gətirib. O, İranda yaşayan soydaşlarımızın ağır həyat tərzini görüb və könlündən keçənləri kağızlara köçürüb. “Təbrizim” adlı şeiri şairin bu səpkili şeirlərindən ən təsiredicisidir. Bundan başqa, şair “Könlümə Təbriz düşdü”, “İşıq”, “Yenə Araz qırağında”, “Yaralarım”, “Görsəm” kimi şeirlərində vətən həsrəti çəkən, əzablı, cəfalı günlər keçirən soydaşlarımızdan danışır.
DRAMATURGİYASI
Ədəbi fəaliyyətə "Çimnaz xanım yuxudadır" birpərdəli komediyası ilə başlayan Süleyman Rüstəmin “Qaçaq Nəbi” məzmun dramı, “Durna” komediyası dramaturgiyamızın incilərindəndir.
VƏTƏNİN VƏSFİ
Azərbaycanın elə bir guşəsi yoxdur ki, Süleyman Rüstəm ora şeir qoşmasın. Xəzər dənizi haqqında ən çox şeir yazan da məhz Süleyman Rüstəm olub. "Xəzər və durnalar", "Xəzər nəyə bənzəyir", "Xəzərdə gecə", "Xəzərdə", "Xəzərin səhəri", "Xəzərim olsun" və başqa şeirlərdə öz xəyalının qanadlarını Xəzərin dalğaları ilə qovuşduran şair bu mavi gözəli tərənnüm etməkdən doymayıb. “Azərbaycana gəlsin” şeiri isə vətənpərvərlik poetikasının zirvəsidir.
ZƏNGİN LİRİKA
Şairin xüsusən İkinci Dünya müharibəsi barədə gözəl şeirlər yaratması da diqqətçəkəndir. Süleyman Rüstəm bu mövzuda bir-birindən maraqlı və mükəmməl əsərlər yaradıb: "Ana ürəyi", "Durnalar", "Ana və poçtalyon", "Gün o gün olsun ki" kimi kitabları məhz o dövrdə çapdan çıxıb.
Onun xalq, vətən qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. Əsərləri müxtəlif xarici dillərə tərcümə olunub. Bu gün də onun poeziyası diqqətdən kənarda qalmır. Onun 117-ci ildönümünə 117 söz söylədik.
Bu qədər. Amma hər halda, dahi Nizami Gəncəvi min ilə yaxın bir dövrdə bütün ideologiyalardan və siyasi hakimiyyətlərdən yüksəkdə durmağı bacarırsa, demək, mövsümi şeirlər yazmamaq da mümkündür.
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)
İnsanlara sağlıqlarında qiymət vermək lazımdır
Xalq şairi Cabir Novruzun 90 illik yubileyidir
Bir dəfə - söhbət 2000-ci ildən gedir - Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan Əli Məmmədov adlı bir şəxs “168 saat” qəzetinin redaksiyasına köhnə əlyazmaları təqdim etdi, məlum oldu ki, bunlar mərhum xalq şairi Cabir Novruzun yarımçıq qalmış ilk nəsr əsəridir. Bəlli oldu ki, gözəl şairlərin müəllifi həm də gözəl nəsr yazırmış. O vaxt bu nəsr əsəri çap da olundu. Xatirələr bizi niyə çəkdi?
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ötən gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Cabir Novruzun anadan olmasından 90 il ötdü.
Xızı rayonunun Upa kəndində dünyaya göz açan Cabir Novruz orta məktəbi bitirdikdən sonra Sabir adına Pedaqoji Texnikumda təhsil alıb və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının (AYİ) tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilib və 1957-ci ildə oranı bitirərək Vətənə dönüb.
“Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz müxtəlif vaxtlarda “Azərbaycan” ədəbi-bədii jurnalının, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışıb və AYİ-nin idarə heyətinin katibi olub.
C.Novruzun müxtəlif illərdə çap olunmuş “İnsan məhəbbəti”, “İllərin ömrü”, “Bizim əsr”, “Adi həqiqətlər”, “Həyat, sən nə qəribəsən”, “Taleyin töhfələri”, “Bir dünyam var”, “İnsan himnləri”, “Ömür keçir karvan kimi”, “Ulu dünya, heyifsən”, “Vətən əbədi qopuqdur”, “Özünü qoru, xalqım”, “İnsanı tanımaq olmur” və digər şeirlər və poemalar kitabları ədəbiyyatsevərlər tərəfindən böyük məhəbbətlə qarşılanıb.
Şairin poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir.
Bir baxın. İllər ötəcək, amma Cabir Novruzun sağlığında qiymətini ala bilməyənlərin, haqqı tapdananların, min bir ləkə vurularaq zindanlar küncündə işığa həsrət qalanların haqqını qaytarmaq üçün “Sağlığında qiymət verin insanlara” harayı ilə minlərin-milyonların qəlbində ümid, inam tonqalı qalanmaqda davam edəcək.
Cabir Novruz öz yolu, öz sözü, öz ədəbi taleyi olan şairdir.
Onin poeziyası ilk öncə sadəliyi və emosionallığı ilə diqqəti cəlb edir. Elə buna görədir ki, şeirlərinə çoxlu mahnılar yazılıb. Şairin sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanıb.
Əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanıb.
Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olub. O, həyatının bütün mərhələlərində, xüsusilə birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi ölkəmizdə gedən ictimai-siyasi proseslərin fəal iştirakçısı olub, xalqımızın həyatında baş verən taleyüklü hadisələrə düzgün qiymət verilməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib.
Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, xalq şairi, “Əməkdar incəsənət xadimi” fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülüb.
Duyan qəlb, düşünən ürək, sadəliklə səmimiyyət arasındakı məsafəni böyük insanlıqla fəth edən Cabir Novruz 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində dünyaya əlvida dedi.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)