Super User

Super User

Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” sərgisinin açılışı olub

 

Xəbər verdiyimiz kimi Latviya Respublikasının Prezidenti Egils Levits Azərbaycanda rəsmi səfərdədir. Daha çox mədəniyyət səpkili görüşlər keçirən Latviya prezidentinin İçərişəhər gəzintisi barədə “Ədəbiyyat və incəsənət” portalı olaraq sizlərə ətraflı məlumat vermişdik. Martın 9-da Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” Azərbaycan-Latviya birgə incəsənət sərgisinin açılışı oldu. Latviya Respublikasının Prezidenti Egils Levits də

sərginin açılışında iştirak edirdi. 

 

Latviya prezidentindən başqa açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Latviyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Viya Buşa və digər rəsmi qonaqlar iştirak edirdilər. 

Təəccüblənəcəksiniz: Latviyanın ölkəmizdəki səfirliyi ilə birgə təşkil olunan sərgi dahi şair Mövlana Cəlaləddin Ruminin poeziyasını əhatə edir. XIII əsrdə yaşayıb yaratmış Ruminin ideyaları mənəvi yüksəliş və kamilliyə çatmağa həsr olunub. Xatırlayırsınızsa sərginin geniş anonsunu sozlərə çatdırmışdıq. Sərgidə Latviya fotoqrafı və rəssamı İeva Krumina və azərbaycanlı fotoqraf Reza Deqatinin əsərləri nümayiş olunur. 

Egils Levis və Anar Ələkbərov qırmızı lenti kəsərək sərgini açıq elan etdilər. 

İndi isə açılış mərasimindəki çıxışlara diqqət edək. 

 

Latviya Respublikasının Prezidenti Egils Levits:

-Dünyadakı müxtəlif xalqları, mədəniyyətləri bir araya gətirmək üçün sərginin adı çox  düşünülmüşdür, düzgün seçilib. Bu gün heç kim yeknəsəq, qlobal mədəni şəraitdə yaşamaq istəməz. Hər bir xalqın özünəməxsus mədəniyyəti qorunub saxlanmalıdır. Milli mədəniyyətlər ənənələrə söykənir, lakin bu ənənələr inkişaf etdirilməlidir. Milli mədəniyyətlər digər mədəniyyətlərin irəli sürdüyü ideyalara açıq olmalıdır. Bu sərgi ölkələrimiz arasındakı körpülərin çox bariz nümunəsidir. Mən tədbirin təşkilinə görə Heydər Əliyev Mərkəzinə minnətdarlığımı bildirirəm. Qeyd etməliyəm ki, Heydər Əliyev Mərkəzi müasir memarlığın ən gözəl nümunələrindən biridir. Bu cür birgə mədəni tədbirləri keçirməklə biz bir-birimizi daha da yaxın, bağlı edirik.”

 

Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa:

-Bu tədbir mənim ölkəm üçün önəmli hadisədir. Bu sərginin hər iki ölkənin birgə səyləri nəticəsidir baş tutduğunu xüsusi

qeyd edim. Sərgidə xalqlarımız arasında olan oxşarlıq nümayiş olunur. Latviyanın Azərbaycandakı səfirliyi incəsənət sahəsindəki layihələrə xüsusi önəm verir. Eyni zamanda, səfirlik Latviya ilə Azərbaycan arasında mədəniyyət sahəsində münasibətlərə, bu istiqamətdə dialoqa öz töhfəsini verir. Və bu cür tədbirlərin keçirilməsi sayəsində Latviyanın təsviri incəsənəti Azərbaycanda təşviq edilir. Bu sərginin açılışı ilə biz mədəni əməkdaşlıq sahəsində növbəti addımı atmış olacağıq. 

 

Sərgidə əsərləri nümayiş olunan müəllif İeva Krumina:

-Bu möhtəşəm məkanda - Heydər Əliyev Mərkəzində sərginin açılışında iştirak etməkdən və əsərlərimin nümayiş olunmasından məmnunluq ifadə edirəm. Şərq üslubunda miniatür ənənələrini mümkün qədər yüksək səviyyədə qoruyub saxlayaraq 43 illüstrasiya yaratmışam. Hər iki xalqın düşüncələrində bir çox oxşarlıqlar var. İncəsənət bizi bir birimizə yaxınlaşdırır. Bu o deməkdir ki, bizim bölüşdüyümüz ideyalar bir-birimiz tərəfindən qavranıla bilər”.

 

Qeyd edək ki, tanınmış rəssam İeva Krumina Latviya Rəssamlıq Akademiyasının Tekstil şöbəsinin müdiridir. O, Latviya Rəssamlar İttifaqının və Latviya Tekstil Rəssamları Assosiasiyasının üzvüdür. İeva Krumina məşhur latviyalı şair və yazıçı İmants Ziedonisin “Sevgisiz yaşama, sevgisiz heç nəyin önəmi yoxdur” sözlərinə əsaslanır, xalqlar arasında oxşar, ümumi çalarları öyrənməyə çalışır və hər bir sənət əsərinə baxanda insan özünü o sənət əsərində görür. Onun sənət əsərləri insanlara dünyanı sevgi sapları ilə təmir etmək mesajını çatdırır. 

Dünya şöhrətli fotojurnalist Reza Deqati müharibələri, hərbi münaqişələri, eləcə də bəşəriyyətin gözəlliklərini işıqlandırır. Onun işləri “National Geographic”, “Time”, “Stern”, “Newsweek”, “Paris Match” jurnallarında yer alıb. O, 30 kitabın müəllifi və bir çox mükafatların sahibidir. Rezanın Ruminin ideyalarını, mistik rəqslə dövrə vuran, yerlə göy arasındakı enerji dövranı mövzusunu çatdıran əsəri 1994-cü ildə “National Geographic” jurnalının üz qabığında yer alıb (Sərginin afişasında yer alıb). O, Fransanın “Xidmətlərə görə” kavaler ordeni və Azərbaycanın “Dostluq” ordeninə layiq görülüb.

Sonda bir fikri səsləndirmək istəyirik: xristian dünyasının islam dininə sayğısı artmaqdadır və bu, bir çağırışdır. 

Heydər Əliyev Mərkəzindəki sərgi aprelin 3-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

Nəhayət ki, tale onlara xoşbəxtlik vəd etdi

 

 

Xəbər verdiyimiz kimi, “Avroviziya-2023” Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı TuralTuranX dueti təmsil edəcək. Azərbaycan nümayəndə heyətinin rəhbəri Vasif Məmmədovun açıqlamasına görə, müsabiqədə ölkəmizi təmsil etmək üçün 200-dən çox müraciət qəbul edilmişdi və deyək ki, musiqisevərlər və iddiaçılar arasında ən az inanılan şəxslər birincilik əldə etdilər. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Avroviziya-2023 Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək TuralTuranX dueti Zaqatala rayonundan olan iki qardaşdan - Tural və Turan Bağmanovlardan ibarətdir.

Tural və Turan Bağmanovlar barədə informasiya o qəddər də bol deyil. Bunların içində ən diqqətçəkən bunlardır:

 

-Qardaşlar əkizdirlər;

-Evin sonbeşiyidirlər;

-Ailədə 4 qardaş olublar. Tural, Turan, onlardan 6 yaş böyük Camal və 5 yaş böyük Emin;

-23 yaşları var, 2000-ci ildə Zaqatala şəhərində anadan olublar;

-Musiqi təhsili almayıblar;

-Piano ilə ilk tanışlıqları orta məktəbdə olub;

-Dərslərdən yayınaraq gizlində akt zalına gedib pianinoda mahnı çalmağı öyrəniblər;

-Atalarından təkidlə onlara piano, yaxud sintezator almağı tələb ediblər, o da görəndə ki, oğulları əl çəkmirlər, onlara “ikinci əl” sintezator almağa məcbur olub;

-Sonradan qardaşlar gitarada da ifa etməyi öyrəniblər;

-Erkən yaşda atalarını itiriblər;

-15 yaşlarında daha bir itki yaşayıblar. Zaqatalanın Yuxarı Tala kəndində baş verən avtomobil qəzasında hər iki qardaşları -həm Emin, həm də Camal həlak olublar;

-Turalla Turan analarının himayəsində böyüyüblər;

-Ekiz qardaşlar həm ifaçıdılar, həm də bəstəkardırlar, ifa etdikləri mahnıların müəllifləridirlər;

-Ən maraqlısı, yazdıqları mahnını Avroviziya müsabiqənin seçim turunun bitməsinə cəmi 3-4 gün qalmış göndəriblər, heç cavab alacaqlarını belə gözləməyiblər;

-Azərbaycanı Avroviziyada təmsil edəcəklərini öyrəndikdə qalib seçilməkləri o qədər gözlənilməz olub ki, şok yaşayıblar.

-Ətraflarındakı insanlar üçün, anaları üçün bu xəbər əsil toy-bayram olub. 

-Ekiz qardaşlar xəbəri alanda sevinclərini ölkəmizi müsabiqədə uğurla təmsil etmək üçün var gücləri ilə çalışacaqlarını söyləməklə izhar ediblər.

 

Xatırladaq ki, "Avroviziya-2023" mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

Thursday, 09 March 2023 16:45

İlon Mask haqqında film çəkiləcək

 

Hazırda Forbesin siyahısında dünyanın ən varlı insanları arasında qərarlaşan Amerikalı biznesmen İlon Mask haqqında film çəkilməsi ötən günün ən çox oxunan xəbəri olaraq diqqətimizi çəkdi. 

“Ədəbiyyat və incəsənət” portalı ivi.tv saytına istinadən xəbər verir ki, əvvəllər də haqqında bir neçə sənədli film çəkilmiş İlon Mask “Taxi to the dark side” adlı sənədli filminə görə “Oskar” mükafatı laureatı və onlarla yüksək səviyyəli filmlərin müəllifi kimi tanınan amerikalı rejissor Aleks Gibninin film qəhrəmanına çevrilir. Qibni dünyaca məşhur sahibkar, multimilyarder İlon Mask haqqında indiyədək çəkilən filmlərin ən güclüsünü çəkməkdə iddialıdır.

Bu filmdə “Tesla”, “SpaceX” və “Twitter” şirkətlərinin direktoru İlon Maskdan tək biznesmen kimi yox, həm də hissiyyatlı, duyğulu bir insan kimi bəhs ediləcək.

Sənədli film “Jigsaw Productions” kinokompaniyası tərəfindən “Closer Media”, “Anonymous Content” və “Double Agent”lə müştərək istehsal olunacaq. Layihənin prodüserləri Cessi Diter, Steysi Offman və Riçard Perellodur.

“Mən xeyli müddətdir ki, film üzərində işləyirəm və bundan çox həyəcanlanıram. Mənimlə işləyən bu qeyri-adi qrupa heyranam", -deyə Aleks Gibni bildirir.

Aleks Gibni həmçinin Mixail Xodorkovski haqqında “Vətəndaş X”, “Apple” şirkətinin yaradıcısı haqqında “Stiv Cobs: maşındakı adam”, velosipedçi Lens Armstronq haqqında “Armstronqun yalanı” kimi sənədli filmlər çəkib və bu işdə püxtələşib. Onun İlon Maskı da möhtəşəm olacaq. 

 

Şəkildə: Yox, bu İlon Çask deyil, Aleks Gibnidir.

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

Günün fotosu: qanunsuz miqrant daşıyan gəmiçi 3 əsrlik həbs cəzası aldı

Misirli balıqçı N. Elfallax ötən gün kontrabandayla - qanunsuz miqrant daşınması ilə məşğul olduğu üçün məhkəmə

qarşısında dayanmalı oldu. O, icarəyə götürdüyü balıqçı gəmisi ilə Liviyadan Yunanıstana 336 kişi, 10 qadın, 128 oğlan və 9 qız uşağı daşıdığına görə 280 il həbs cəzası aldı. 

Bəli, miqrantların Avropa üçün necə arzuolunmaz olmaları bir daha öz təsdiqini tapdı.

 

Fotonun hüququ: AP

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

Min illərdir dəbdə olan üslub - Bir paltoya görə 250.000 bəbir necə öldürülüb?

“Ədəbiyyat və incəsənət” ölkəmizdə vəhşi təbiətin necə qeydinə qalınması barədə mütəmadi yazılarla çıxış edir. İDEA-nın gördüyü nəhəng işlər barədə elə 3 gün öncə sizlərə söz açmışdıq. Söz sözü çəkər. Mövzumuz məhz bəbirlərin qorunması idi. Adətən bir mövzu barədə danışılanda mütləq antoqonist müqayisə yaratmaq daha effektiv olur. Odur ki, portal olaraq bu gün sizə bəbirlərin qorunmasından yox, necə məhv edilməsindən söz açacağıq. Keçirik dəb mövzusuna. Bəbirlər bizi məhz ora aparır. Əməkdaşlarımız Animal Planet telekanalının bir şərhindən çıxış edərək bəbirlərin kütləvi qırılması barədə sos siqnalına qoşulurlar.

Bəbir dizaynı - bu, klassikadır, cazibədarlıqdır, xarakterdir.

Bu dizayn hər zaman məşhurların seçimi olub. ABŞ-da keçirilən WTA tennis turnirində diqqəti çəkən məqamlardan biri də Alyona Ostapenkonun “geyimdə bəbir dəbinin aktuallığına dair” maarifləndirici proqramı oldu.

"Roland Garros 2017"-in çempionu yaydan bəri Latviyanın "DK One" brendinin geyimində oynayır və Texasda cütlüklərin yarımfinalına yüksələndən sonra belə deyib:

"Bu stil hazırda trenddir - bunu bir çox brendlərdə görmüşəm. Bu dizaynı brendin sahibi olan qızla birgə etmişəm. Düşünürəm ki, bəbir stili dəbdədir, ona görə də bu paltar mənə lazım idi".

Tennis dünyasında bəbir stili yeni deyil. Serena Uilyams "US Open-2014"-də qalib gələrkən də məhz bu stilə üstünlük vermişdi.

Yüksək zövqlü üslubu ilə tanınan Betani Mattek-Sends də yeddi il əvvəl eyni məkanda bu dəbə güvənmişdi.

Bəbir dizaynlı paltarların min illərlə yaşı var. Qədim mifologiyada Misirin müdriklik ilahəsi Seşat, Yunan şərab və ilham tanrısı Dionis və tanrıların anası Kibele öldürülmüş bəbirlərin dərilərində təsvir edilmişlər.

Belə bir fikir var ki, insanlar heyvanın keyfiyyətlərini: gücünü, qarşısıalınmazlığını, gözəlliyini eyniləşdirmək üçün bəbir dərisi geyinmək istəyirdilər.

Bəbir dəriləri bəşər tarixi boyu yüksək qiymətləndirilib, buna görə də leopard çaplı toxuculuq, artıq 18-ci əsrdə ortaya çıxdı.

Bəbir dizaynı Qərb dünyasına sənaye inqilabından sonra sintetik materialların inkişafı və hazır geyim konsepsiyası ilə daxil oldu.

20-ci əsrin birinci yarısında "Chanel"-in böyük həmyerlisi Jeanne Lanvin özünün "Lanvin" brendi altında bəbir çaplı paltarlar tikdi və "Christian Dior" 1947-ci ildə dostu Mitza Bricarddan ilhamlanaraq onu evinin debüt kolleksiyasına daxil etdi.

Bəbir çapı sürətlə moda spektrinə və dünyaya yayıldı. 1950-ci illərdə ABŞ-da "Vanity Fair" markası bəbir dizaynlı alt paltarları istehsal etdi. Bu paltarın tanıtımını o dövrdə gözəllik və cazibədarlıq simvolu sayılan Erta Kit etmişdi.

ABŞ-ın birinci xanımı Jaklin Kennedi dizayner Oleq Kassini tərəfindən hazırlanmış təbii bəbir dərisindən olan palto geyindi. Sonradan Kassini etiraf etdi ki, ondan sonra bəbir dərisindən olan paltolara böyük tələbat yaranıb. Bunun da nəticəsində 250 minə yaxın bəbir öldürülüb.

1993-cü ildə, intiharından bir müddət əvvəl Kurt Kobeyn də eyni dizaynlı palto geyinib fotosessiya etdirmişdi.

Bu dizayn hələ də öz aktuallığını qoruyub saxlayır. Baxmayaraq ki, bəbirlərin nəsli kəsilmək üzrədir və artıq bu heyvanlar "Qırmızı kitab"a daxil edilərək qorunurlar.

Bəli, hər şey insanın özündən, onun xislətindən asılıdır. Hələliksə, imkanlılardan gəlin rica edək ki, heç vaxt bəbir dərisindən palto geyinməsinlər.

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

 

 

“Ədəbiyyat və incəsənət” portalının daimi müəlliflərindən olan Elman Eldaroğlu yazır

 

İstər televiziya məkanında, istərsə də “YouTube” sosial platformasında mütəmadi nümayiş etdirilən müxtəlif verilişlərdə A-dan Z-yə onlarla aparıcı çalışır. Onların arasında nitqi rəvan, fikri səlist ifadə etmək bacarığı, mükəmməl danışmaq qabiliyyəti olan, eləcə də Azərbaycan dilinin qayda-qanunlarına ciddi riayət edən, qüsursuz aparıcılar çox azdır. Bu gün sizə ölkənin ən peşəkar aparıcılarından biri haqqında söhbət açmaq istəyirəm…

Deyir ki,- “Uşaqlıqdan jurnalist olmaq istəyirdim. Arzum Jurnalistika fakültəsinə daxil olmaq idi. Lakin qəbul imtahanında cəmi 3 balın güdazına getdim və ikinci seçimim olan Filologiya fakültəsinə qəbul olundum. O vaxt indiki abituriyentlər kimi şanslarımız bol deyildi, seçim imkanlarımız isə az idi. Elə ilk 10-luqda hansı fakültələri yazırdınsa, balının uyğun gəldiyinə də düşürdün. Mən də Filologiya fakültəsinin tələbəsi oldum, amma jurnalist olmaq sevdası məni heç vaxt rahat buraxmadı. Tələbəliyimin ilk illərindən Bakı Dövlət Universitetinin rəsmi qəzetində yazılarla, reportajlarla çıxış etməyə başladım. 1999-cu ildə, yəni, 3-cü kursda oxuyanda “525-ci qəzet”də işə başladım. Beləcə, jurnalistika macərama start verdim. Bu il jurnalistikada olmağımın 24 ili tamam olur...”

İxtisasca filoloq olsa da jurnalistikanı təcrübəli jurnalistlərdən, çalışdığı qəzetlərdə redaktorlardan öyrənib. Dövri mətbuatda həmkarlarının yazılarını, araşdırma və reportajlarını, müsahibələrini bir şagird marağı ilə hər gün həvəslə oxuyub. Heç vaxt da “mən bu işi bilirəm”, deyə kifayətlənməyib. Heç zaman özüylə bağlı gurultulu sözlər söyləməyib. Səbrlə özünü, qələmini, istedadını, əzmini sınaqdan keçirib. Uzun zamandır canlı yayımda müxtəlif səviyyəli insanlarla debat aparır...

“Debatların ən çətin tərəfi müsahibləri studiyaya gətirənə qədərdir. Saatlarla zənglər, müsahibləri yola gətirmələr, qrafiki uyğunlaşdırma, debatda tərəf müqabilini razı salma və s.. İnanın səmimiyyətimə, bunlar insanın ömründən ömür aparır. Debat zamanı isə bir çox hallarda müsahiblərin qarşılıqlı ittihamları pik həddə çatanda əziyyət çəkirəm: səslər yüksəlir, əl-qol jestləri işə düşür, nadir hallarda olsa da, aşağılayıcı sözlər dövrəyə girir. Həmin anda çox gərginləşirəm, baş verəcək hər hansı insident məni qorxudur. Baxmayaraq ki, həmin vaxt onlayn izlənmə pik həddə çatır, reytinq yüksəlir – mən bu durumdan məmnun deyiləm. Ən çətinlik çəkdiyim debatlar verilişdən öncə dava etməyəcəyi, səsini yüksəldib, insident yaratmayacağı ilə bağlı söz verən siyasətçilərin verilişdə bu vədlərinə əməl etməməsidir. Mən belə reytinq, belə izlənmə istəmirəm. Sivil, səs tonlarının qalxmadığı, insanların bir-birinə mədəni şəkildə müraciət etdikləri dialoqların tərəfdarıyam.”- söyləyir...

Haqqında söhbət açdığım Sevinc Telmanqızı Bakıda dünyaya gəlib. Orta təhsilini Bakıdakı 276 saylı orta məktəbdə alıb. 1996-cı ildə Bakı Dövlət Universitetinin Filoligiya fakültəsinə qəbul olunub. 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistratura təhsilinə yiyələnib, ixtisasca dilçi filoloqdur. Mətbuatda fəaliyyətə 1999-cu ildən başlayıb. İlk iş yeri “525-ci qəzet” olub. Sonra “Reytinq” və “7 gün” qəzetlərində çalışıb. 2001-ci ildən “Yeni Müsavat” redaksiyasında işləyir. Hazırda TV Musavat-ın “Canlı debat” verilişinin aparıcısıdır. “Trampın və Sevincin Amerikası” və “Xatirələrin işgəncəyə döndüyü yer” adlı kitabların müəllifidir...

Deyir ki,- “Yazılı jurnalistikadan fərqli olaraq veriliş aparmağın, xüsusən də canlı veriliş aparmağın çətinlikləri çoxdur. Yazı yazanda yüz ölçüb, bir biçmək imkanın olur. Daha arxayınsan və hər cümlənin “nazını” çəkmək üçün vaxtın var. Verilişdə isə həmsöhbətinlə birbaşa ünsiyyətdə, təmasda olursan. O, sənin hər sözünə, hər sualına, replikana reaksiya verir, bəzən səninlə birgə veriliş aparır. Tamaşaçı isə bütün bunları canlı izləyir. Burada səhv etmək, uzun-uzadı düşünmək kimi imkanın yoxdur. Çevik, sərrast və ağıllı davranmaq lazımdır...”

El arasında- “səsi başıma düşür”- ifadəsi var. Bu baxımdan bir sıra verilişləri izləyərkən bəzi aparıcıları dinləmək çətin olur, qeyri iradi olaraq kanalı dəyişib, növbəti veriliş axtarırsan. Və ya aparıcı verilişin qonağına sual verib, onun fikrini öyrənmək əvəzinə, özü daha çox danışır. Bu da tamaşaçını hövsəldən çıxarır. Sevinc Telmanqızı isə bu nüanslara ciddi fikir verir. Analitik düşüncəsi gözəl, verdiyi suallar yerindədir. Müsahibini sonuncu cümləsinə kimi dinləməyi bacarır. Necə deyərlər, səsi adamı yormur...

Bəli, ömrünün iyirmi dörd ilini, yəni iyirmi yaşından özünü jurnalistikaya həsr edən bu xanım, ölkənin ən yaxşı tele aparıcılarından biridir. Daha doğrusu, analitik, müzakirə verilişlərinin, debatların mahir aparıcısıdır. O, öz sahəsində bir nümunədir…

 

«Ədəbiyyat və incəsənət”

(09.03.2023)

 

“Ədəbiyyat və incəsənət” portalında növbəti dəfə “Tarix dərsləri”dir.

 

Sovet İttifaqı humanist bir dövlət, sülhpərvər bir quruluş kimi təqdim edilirdi, sosializm düşərgəsinə yeni-yeni ölkələr cəlb edilir, başda ABŞ olmaqla qərb dünyası – kapitalizm dünyası soyuq müharibəyə cəlb edilirdi. Yaşlı və orta nəsil – sovet şinelindən çıxanlar kommunizm ideologiyasına inanırdı, həm qəzet-televiziya təbliğatı, həm orta və ali məktəblər durmadan insanların beynini ələ almağa çalışırdı. Yalnız SSRİ dağılandan sonra tarixin ağ ləkələri üzə çıxdı, ən azı məlum oldu ki, Sovet ordusu xilaskar yox, işğalçı ordudur. O ordu 1920-ci ilin 28 aprelində milli hökumətimizi devirib Azərbaycanı işğal etdi. O ordu 1990-cı ilin 20 yanvarında müstəqillik yoluna çıxmağa başlamış Bakıda qanlı qırğın törətdi. O ordu indi də Qarabağda haqq savaşımıza mane olur, rus sülhməramlıları adı altında Xankəndi və Xocalını erməni əsirliyində saxlayır.

Bugünkü “Tarix dərsləri”ndə tanınmış jurnalist və çərhçi Xalid Kazımlını dinləyəcəyik.

1990-cı ilin 19 yanvarından 20 yanvarına keçən gecə "şanlı sovet ordusu" Bakıda əliyalın insanları, bir zaman onun sıralarında xidmət etmiş, ehtiyata buraxılmış kişiləri qanına qəltan edərək, 20 yanvar və sonrakı günlərimizi də qara gətirdi. Bir günün içində həmin o qırmızı ordu sifətinin qırmızılığını xalqımızın al qanını tökməklə göstərdi. Daha sonra bu ordunun tör-töküntüləri Xocalıda 613 insanın qətlə yetirilməsində, minlərlə dinc sakinin yaralanmasında və əsir götürülməsində ermən qəsbkarlara kömək etdilər.

Odur-budur, biz o qanlı ordunun yaradılış gününü - 23 fevralı lənətlə yad edir, ikrahla qeyd edirik. Ancaq yenə də ölkəmizdə 23 fevralı ordu, aviasiya, donanma günü qeyd edənlər var. Bunlar sovet nostaljisi ilə yaşayan, keçmiş "yaxşı günlər"in xiffətini çəkən adamlardır. Bir də bəziləri bilərəkdən onlara qoşulublar və öz aləmlərində "SSRİ-ni bir gün bərpa edəcəklər"ini düşünürlər.

Yəqin ki, "sovet ordusu" deyiləndə Almaniya, Macarıstan, Çexiya, Slovakiya, Qazaxıstan, Gürcüstan, Litva, Əfqanıstan kimi ölkələr də biz düşündüyümüzü düşünürlər. Onlar da sovet ordusunun xaki rəngli mundirinə, kirz çəkmələrinə, qəddar generallarına nifrət hissi ilə yaşayıblar. Hələ Ukrayna, Polşa, Rumıniya, Baltikyanı ölkələr də II dünya müharibəsində bu ordunun tırtılları altında qalıb əziliblər.

Bu sırada bir ölkə də var - Rusiyanın özü. Daha dəqiqi, Rostov vilayəti. Bir az da konkretləşdirsək, Novoçerkassk şəhəri.

62 il öncə iyun ayının 1-i və 2-sində "şanlı" və qanlı sovet ordusu bu şəhərdə iri müəssislərin güzərandan, qıtlıqdan şikayət edərək çıxdıqları etiraz aksiyasını gülləbaran edərək, rəsmi statistikaya görə, 24 nəfəri öldürüb, 70 nəfəri isə ağır yaralayıblar. Daha sonra 7 nəfər edam cəzasına məhkum olunub, 100 nəfərdən artıq etirazçıya isə 15 il həbs cəzası verilib.

O vaxt silahlı qüvvələrə "vur, qır" əmrini SSRİ-də "mülayimləşmə dövrü"nün atası sayılan Nikita Xruşov və Siyasi Büro verib, hərbi cinayətin reallaşdırılmasına isə kompartiyanın ikinci katibi Frol Kozlov və Siyasi Büro üzvü Anastas Mikoyan rəhbərlik ediblər.

Bu qanlı hadisələr zamanı yalnız bir dürüst, mərd general tapılıb - tank qoşunları general-mayoru Matvey Şapoşnikov. Yeri gəlmişkən, sovet ordusunda Şapoşnikov soyadlı üç məşhur general olub. Onlardan ikisi sonradan marşal rütbəsi də alıblar. Biri marşal Tuxaçecki və digərlərinin mühakiməsində xüsusi rol oynayan, çar orudusunun zabiti olsa da, Stalinin sevimlisi olan Boris Şapoşnikov, digəri isə Qorbaçovun tərəfindən SSRİ-nin sonuncu müdafiə naziri postuna təyin edilən və baş katibin sevimlisi olan Yevgeni Şapoşnikov olub.

Matvey Şapoşnikov isə Xruşovun sevimlisi ola, prinsipcə, marşal rütbəsi də qazana bilərdi. Amma o, bundan şüurlu şəkildə imtina edib. Məhz o, dinc insanların üzərinə tank birləşmələrini yeritmək əmrinə riayət etməyib. Bunun üstündə onu ordu sıralarından xaric ediblər, ehtiyata götürüblər, partiyadan çıxarıblar, dəlixanaya salmaq istəyiblər, nəzarət altında saxlayıblar. Ancaq general Şapoşnikov sona qədər özünün haqlı olduğunu bildirib və sonradan da deyib ki, əgər rəhbərliyin əmrini yerinə yetirsə, ölənlərin sayı yüzlərlə olardı.

Əl-əlbət, elə olardı. Təəssüf ki, eyni hərəkəti nə 1956-cı ildə Budapeştdə edən olub, nə 1968-ci ildə Praqada, nə də 1990-cı ildə Bakıda.

Kim bilir, bəlkə Matvey Şapoşnikov 1990-cı ilin yanvarında öz qoşunlarıyla Bakıya ezam edilsəydi, o, 1962-ci ildə Novoçerkasskdakı kimi prinsipiallıq göstərməzdi, tanklara "irəli" əmri verərdi. Necə ki, onun silahdaşları bunu etdilər və son günlərinə qədər vicdan əzabı çəkmədən yaşadılar, hətta əksinə, vəzifə pillələrində irəli getdilər.

Məsələn, 20 Yanvar qırğını zamanı SSRİ-nin daxili işlər naziri olan və Bakıda özünü "qırğı" kimi göstərən Vadim Bakatin həmin ilin noyabrında Baltikyanı ölkələrdə etiraz aksiyalarını gülləbaranla dağıtmaqdan imtina etdiyi üçün dekabrln 1-də vəzifəsindən götürüldü, amma sonradan SSRİ DTK-sına sədr təyin edildi.

Bakıya yeridilmiş desant birləşmələrinin rəhbəri olan Aleksandr Lebed sonradan Rusiya prezidentliyinə namizəd oldu, seçki üçüncüsü olaraq Boris Yeltsinin ikinci turda prezident seçilməsinə kömək etdi və ondan dövlət katibi postunu aldı.

1988-ci ildə Azərbaycanın daxil işlər nazirinin müavini təyin edilmiş Viktor Barannikov özünü 20 Yanvar qətliamından "yaxşı" göstərdiyinə görə sonradan əvvəlcə RSFSR-in, sonra isə SSRİ-nin daxili işlər naziri oldu.

İndi elə çıxmasın ki, sovet ordusu yalnız Xruşov və Qorbaçov kimi "yumşaq" rəhbərlərin vaxtında qəddarlıqlar törədib. Xeyr. Bu ordu yarandığı gündən - 23 fevral 1918-ci ildən ta sovet dövlətinin son gününə qədər müxtəlif dövrlərdə ölkələrdə və şəhərlərdə cəza dəstəsi rolunu oynayıb, vətəndaş itaətsizlikləri, dinc etriaz aksiyaları zamanı əlyalın üstünə silahla gedib çoxsaylı qırğınlar törədib. Leninin, Stalinin vaxtında bu silahlı qüvvələrin hömsüz edamlar həyata keçirməsinin sayı-hesabı olmayıb. Elə Brejnevin vaxtında da istər ölkə daxlində, istərsə də ölkə xaricində sovet dövlətinin "vuran əli" olub.

Uzun sözün kəsəsi, belə bir amansız, əliqanlı hərbi birləşmənin yaradılış gününü bayram kimi qeyd etmək olduqca yersiz hərəkətdir, o qanlı birləşmənin yüz minlərlə qurbanının xatirəsinə təhqirdir.

Ayrıca bir məsələ də var. Bizdə sırf yalakalıq niyyəti ilə sovet ordusunu "qızıl ordu" adlandırırdılar. "Krasnaya armiya"nı "qırmızı ordu" kimi tərcümə edirdilər. Bir əsası var idimi? Əsla yox idi. Bu zaman bəziləri deyirdi ki, Şərqi Türküstan xalqları "qırmızı"ya "qızıl" deyirlər, məsələn, "qızıl qan"-filan. Sovet dövləti nə vaxtdan türk xalqlarının sözlərinə ehtiram göstərən olmuşdu. Eləydisə, onda ağqvardiyaçılarla müharibə zamanı "qırmızılar hücuma keçdilər" yerinə "qızıllar hücuma keçdilər" yazılardı.

Yaxşı ki, SSRİ dağıldı, onun dinc xalqların üstünə tankla gedən ordusu yox oldu və "qızıl ordu", "qızıl meydan" kimi yaltaqlıqlara da son qoyuldu.

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

 

 

 

Bakı Kitab Mərkəzində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçılarının Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Poeziya və musiqi rüzgarı” adlı konserti təşkil olunub. 

Konsertdə beynəlxalq müsabiqələr laureatları olan solistlər Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə ifalarını dinləyicilərə təqdim ediblər.

Proqramda yerli və xarici klassik bəstəkarların əsərləri səslənib.

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

 

Martın 9-da Ankara şəhərində yerləşən “Art Ankara”da 42 ölkədən 150-ə yaxın yerli və beynəlxalq səviyyəli qalereyanı təmsil edən 4 mindən çox rəssamın əsərlərindən ibarət sərgi açılıb. 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən  xəbər verir ki, martın 12-dək davam edəcək sərgidə bir qrup azərbaycanlı rəssamın sənət əsərləri də yer alıb. 

Qeyd edək ki, bundan əvvəlki sərgilərdə əsasən Türkiyədə yaşayan azərbaycanlı rəssamların əsərləri nümayiş olunsa da, bu il ilk dəfə Azərbaycan rəssamları bu böyük sərgidə qrup halında iştirak edirlər.

Sərgidə sənətşünas Xanım Rzayevanın kuratorluğu altında rəssamlar Rafail Əliyev, Diana Əliyeva, Eldar Babazadə, Mir Azər Abdullayev, Abbas Məmmədov, Ülvi Yadigarlı, Vüqar Əli, Cavid Məmmədov, İntiqam Ağayev, Məhərrəm Əli, Leyla Orucova, Aynur Qovasari və Mətin Şərifovun əsərləri nümayiş olunur. 

Sərginin rəhbəri Bilgin Aygüldür.

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

“Xatirə və xəta” filmi Kann festivalına gedir 

 

Rejissor Cəlaləddin Qasımovun “Xatirə və Xəta” bədii filmi barədə “Ədəbiyyat və incəsənət” portalı olaraq sizə çox söz açmışıq. Filmin kifayət qədər beynəlxalq uğur qazandığından xəbərdarsınız. İndi isə filmin sorağı birbaşa Avropanın ən nüfuzlu kinofestivalından - Kanndan gəlir. 

 

Kann festivalında “Xatirə və Xəta” bədii filmi digər ölkələrin filmləri ilə mübarizə apararaq ölkəmizi təmsil edəcək. Ekran əsəri koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətindən və son vaxtlar fəlakət həddinə çatan yol-nəqliyyat hadisələrinə diqqəti cəlb etmək məqsədilə yol polisi və həkimin dostluğundan bəhs edir, yol hərəkəti qaydalarına riayət olunmasına necə təsir göstərdiyi barədə geniş kütləni maarifləndirmək məqsəd ilə çəkilib.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımovun məlumatına görə, “Kann” Festivalının prezidenti Ayris Knoblox  “Xəta və xatirə” bədii filminin sinopsisini oxuduqdan sonra festivalda mübarizəyə qoşulmaq üçün lazım olan ödəniş rüsumundan filmi azad edib.

Rejissor deyir: “Filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq, - müxtəlif festivallara salınmışıq və Beynəlxalq Festivallarda 190-dən çox müxtəlif mükafatlar almışıq. Biz kommersiya məqsəd ilə yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Dünya film studiyalarının distribütorları tərəfindən çəkdiyimiz filmlərimiz 17 platformaya yerləşdirilib. “Hollywood film” bazarında özünə layiqli yer tutub. Dünya mediasında geniş məlumatlar yazılıb. Beynəlxalq festivallarda aldığı mükafatların hamısı ssenari mövzusunun ideyasına verilib. Düşünürəm ki, hər bir yaradıcı insan qismən də olsa, ölkəmizin təbliği işinə töhfə verməlidir”.


“Xatirə və Xəta” ekran əsərinin Kann festivalında Qeydiyyat kodu: 23LM1239-dur. 

Qeyd edək ki, filmdə rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimduxt, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər. Ekran əsərinin redaktoru Əkbər Qoşalı, rejissor Amil İskəndərov montaj Elnur Tarverdiyevə məxsusdur.

76-cı Beynəlxalq Kann Kinofestivalı çayın 16-dan 27-dək davam edəcək. Festivalın ilk dəfədir ki, prezidenti qadındır - Ayris Knobloxdir. Jürinin sədri Vensan Lindondur.

Uğurlar, Azərbaycan filmi!

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.