Super User
Sabah Bakıda 17, bəzi bölgələrdə isə 22 dərəcə isti olacaq
Ölkəmizdə sabaha - martın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 5-7°, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 17-22° isti, dağlarda gecə 0-5°, gündüz 10-15° isti olacağı proqnozlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)
Türk Ədəbiyyatı Vaqfı Xalq Yazıçısı Anar haqda iki kitab yayımladı
Bu günlərdə Türkiyənin nüfuzlu ədəbiyyat təşkilatı olan Türk Ədəbiyyatı Vaqfında «Tedev» Yayınlarından Xalq yazıçısı Anar haqqında iki yeni kitab işıq üzü görüb; İmdat Avşarın tərtibatı ilə məqalələr toplusu - «İki əsrin qovşağında bir yazar: Anar» və Pərvin Nurəliyevanın müəllifi olduğu «Çağının önündə bir yazar:Anar». Birinci kitab Türkiyənin önəmli söz-sənət adamlarının, alimlərinin yazıçının 85 illik yubileyinə yazdığı məqalələrdən ibarətdir. Burada Əli Yavuz Akpınar, Ataol Bəhramoğlu, İsa Həbibbəyli, Yəhya Akengin, Nəsrin Qaraca, Əhməd Bican Ərcilasun, Fikrət Türkmən, Yaqub Çelik, Əli Abdin Qaraca, Gökhan Tunc, Gülzar Məmmədova, Abuzər Bağırov, İmdat Avşar kimi türk dünyasının önəmli imzalarının yazıçının həyatı və yaradıcılığını incələyən yazıları yer alıb. Pərvin Nurəliyevanın kitabında isə Anarın Türk dünyası qarşısında xidmətləri və ümumtürk ədəbiyyatına aid araşdırmaları haqqında məqalə-esselər yer alıb. Kitabı Türkiyə türkcəsinə çevirən yazıçı-tərcüməçi, «Türk Ədəbiyyatı dərgisi»nin baş redaktoru İmdat Avşardır.
Türk Ədəbiyyatı Vaqfının rəhbəri, şair Sərhat Kabaklı bu cür kitabların çapının son dərəcə vacib olduğunu bildirib: «Beş il öncə İstanbulda Ustad Anarın 80 illik yubileyini qeyd edəndə demişdik ki, əziz dostumuz çox yaşasın, yaratsın, biz də onun növbəti yubileylərin təbrik edək. Bu dəfə yubiley çərçivəsində işlərimiz daha genişdir. Arzumuz odur ki, Anarımızı yeni nəsil türk oxucusu tanısın, sevsin. Anarımız deyirəm ona görə ki, Anar bütün türk dünyasının ortaq dəyəridir. Həm Pərvin Nurəliyevanın kitabından, həm də İmdat Avşarın tərtib etdiyi məqalələr toplusundan bir daha anladıq ki, Anar qardaş xalqların və onların ədəbiyyatının yaxınlaşması üçün necə böyük işlər görüb. Mən əziz Anar müəllimi təbrik edirəm. Qalan ürək sözlərimi Türkiyədə, İstanbulda düzənləyəcəyimiz tədbirlər deyəcəm...»
Kitabların tərtibatçısı və tərcüməçisi, Azərbaycan Yazıçılar Birliyinin Türkiyə təmsilçisi İmdat Avşar bu il Türkiyədə Anar yubileyi ilə bağlı planların geniş olduğunu bildirib: «Ustadın yubileyinə həsr etdiyimiz bu iki kitab görmək istədiyimiz işlərin uğurlu bir başlanğıcıdır. Arzum o idi ki, bu dəfə yeni yazılar qələmə alınsın, yeni kitablar çıxsın. Tərtib etdiyim kitabda imzası olan hər kəs öz tanıdığı, sevdiyi Anarı təqdim edir türk oxucusuna. Hal-hazırda Ustadın nəsr əsərlərini də Türkiyə türkcəsinə yenidən çevirirəm, yaxınlarda üç romanı çapdan çıxacaq İstanbulda. Anar Türk dünyasının yaşayan Dədə Qorqud ödülünün sahibidir. Məhz belə dəyərlərimizi təbliğ etməyə, gənc nəsilə tanıtmağa ehtiyac var. Bu işlərdə böyük çabalar göstərən, hər cür dəstəyini əsirgəməyən əziz Sərhat Kabaklıya, Türk Ədəbiyyatı Vaqfı ailəsinə çox minnətdaram...»
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)
Azərbaycan Yazıçılar Birliyinin üzvü 84 yaşında vəfat edib
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Əməkdar müəllim Musa Quliyev vəfat edib.
"Report"un Muğan bürosunun məlumatına görə, o, 84 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Musa Nizam oğlu Quliyev 1939-cu ilin mayın 20-də Masallı rayonunun Xıl kəndində anadan olub.
M.Quliyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kaferasının professoru olub
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)
Nizami Gəncəvi dühası Özbəkistan – Azərbaycan teatr xadimləri arasında yeni layihələrə yol açıb
Azərbaycanın Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin qələmə aldığı dahi Azərbaycan şairi Şeyx Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən “Könüllər mülkünün Sultanı – Şeyx Nizami Gəncəvi” tarixi dramı Özbəkistanın Səmərqənd Vilayət Musiqili Dram Teatrının truppası tərəfindən tamaşaya hazırlanıb və Kattakurqan Dövlət Dram Teatrının səhnəsində uğurlu premyerası keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Nizami Gəncəvini bütün türk millətinin ulu babası hesab edən Özbəkistan türkləri dahi şairin bütövlükdə həyat və yaradıcılığını əhatə edən bu ilk monumental səhnə əsərinin özbək sənətkarlarının ifasında canlandırıldığından məmnunluq hissləri keçirdiklərini dilə gətiriblər.
Müəllif premyeradan əvvəl Səmərqənd Vilayət Musiqili Dram, Kattakurqan Dövlət Dram, Səmərqənd Vilayət Rus Dram və Səmərqənd Vilayət Kukla teatrlarının kollektivləri ilə görüşlər keçirib, Nizami Gəncəvi yaradıcılığı və onun təsiri ilə yaranmış “Xəmsə”lər barədə, İrəvan Dövlət Dram Teatrının tarixi haqqında və Özbəkistan Azərbaycan teatr sənətinin qarşılıqlı fəaliyyət proqramına və perspektivlərinə dair geniş məlumat verib. Görüş zamanı İrəvan Dövlət Azərbaycan Dram Teatrı ilə Kattakurqan Dövlət Dram Teatrı arasında bağlanmış memorandumun prinsiplərinə aydınlıq gətirilib. Yaxın zamanda böyük özbək şairi, Nizami Gəncəvi irsinin davamçısı Əlişir Nəvai haqqında İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində və İftixarın böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş “Haqq mənəm” əsərinin isə Kattakurqan Dövlət Dram Teatrının səhnəsində tamaşaya hazırlanacağı açıqlanıb. Əlavə olaraq, İftixar Piriyevə “Turan” adlı əsərin yazılması üçün sifariş verilib və Kattakurqan Dövlət Dram Teatrının rəhbərliyi tərəfindən azərbaycanlı dramaturqla kontrakt bağlanıb.
Tamaşanı Özbəkistan Mədəniyyət Nazirliyinin repertuar şöbəsinin müdiri Şahrüstəm Abidov, Səmərqənd Vilayət Hakimliyi Mədəniyyət və turizm baş idarəsinin rəhbəri Şahzod Eşonkulov, Vilayət mədəniyyət və incəsənət xadimləri, ziyalılar və Nizamisevərlər izləyirdilər.
Azərbaycan – Özbəkistan teatrlarının inkişafına yeni töhfələrin bünövrəsi kimi dəyərləndirilən tamaşasının premyerasından sonra Səmərqənd Vilayət Mədəniyyət şöbəsinin müdiri müəllifə vilayət rəhbərliyi adından diplom və özbək milli geyimi təqdim edib.
Özbəkistana səfər çərçivəsində İftixar Piriyev və tamaşanın yaradıcı heyəti Daşkənddə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etdikdən sonra Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru və səfirliyin birinci katibi Samir Abbasovla görüşüblər. S. Abbasov dahi Nizaminin həyat və yaradıcılığından bəhs edən “Könüllər mülkünün Sultanı – Şeyx Nizami Gəncəvi” əsərinin uğurlu təqdimatının xoş əks-səda verdiyini əlamətdar hadisə kimi qiymətləndirib. Eyni zamanda, özbək tamaşaçıları tərəfindən hərarətlə qarşılanması münasibətilə müəllifi və digər qonaqları ürəkdən təbrik edib, Azərbaycan və Özbəkistan teatrlarının daha sıx əlaqələr quracağına inandığını və bu işdə rəhbərlik etdiyi mərkəzin də aktiv mövqe tutacağını, hər cür dəstək göstərəcəyini qeyd edib.
Söhbət əsnasında Samir Abbasov İftixar Piriyevə Xocalı soyqırımına həsr olunmuş və Mərkəz tərəfindən özbək dilinə tərcümə olunaraq kitab şəklində çapdan çıxmış mərhum şair Oqtay İsmayıllının “Mələklərin soyqırımı” poemasını təqdim edib və İrəvan Teatrında səhnə həyatı verilməsini arzulayıb.
S. Abbasov İrəvan Teatrının Qərbi Azərbaycanı özündə yaşadan ən böyük sənət ocağı olduğunu əsas götürərək Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin bu sənət ocağı ilə davamlı əlaqələr quracağına əminliyini ifadə edib.
Samir Abbasov 2023-cü ilin “Heydər Əliyev İli” olduğuna diqqət yönəldərək bu istiqamətdə bərabər çalışmaların səmərəli olacağına inamını da dilə gətirib. İrəvan Teatrının repertuarında mövzu çərçivəsində yer tutan İftixarın “Qurtuluş” əsəri və digər tamaşalarla yaxın günlərdə Özbəkistan tamaşaçılarının görüşlərinin təşkil olunması istiqamətində konkret addımların atılacağına çalışacaqlarını bildirib.
Sonda qonaqları mərkəzlə yaxından tanış olublar.
İftixar Piriyev Özbəkistan Mədəniyyət və turizm nazirinin birinci müavini Bahadır Əhmədovla da görüşüb. Görüşdə Bahadır Əhmədov İftixar Piriyevə “Könüllər mülkünün Sultanı – Şeyx Nizami Gəncəvi” əsəri ilə özbək tamaşaçılarına töhfə verdiyinə görə təşəkkür edib.
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)
Səidə Sübhinin köşəsi
Bu dəfə “Ədəbiyyat və incəsənət”in oxucularına Dünyanın ən böyük qonorarı barədə danışacağam.
Bu qonorarın verilmə tarixi qədim dövrlərə aiddir.
Roma imperatoru Mark Avreliy şair Oppiana verib onu. Öz balıq və heyvan ovu barədə iki poemasının hər sətrinə şair qızıl sikkə alıb. İki poemada isə ümumən iyirmi min sətir olub və şairin qazancı iyirmi min qızıl sikkə təşkil edib.
Bu da hədsiz böyük sərvəttdir.
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)
Məşədi İbad yeni qiyafədə gələcək
Üzeyir Hacıbəyli yaradıcılığının ən parlaq nümunələrindən sayılan “O olmasın, bu olsun” musiqili komediyası martın 18-də Opera və Balet Teatrında nümayiş olunacaq.
Tamaşad rolları Xalq artistləri Azər Zeynalov (Məşədi İbad), Əkrəm Poladov (Rüstəm bəy), Əməkdar artist Ramil Qasımov (Sərvər), teatrın solisti Günel Hacıyeva (Gülnaz) və başqaları ifa edəcək.
Səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq. Quruluşçu rejissoru Hafiz Quliyev olan tamaşa 2006-cı ildə peşəkar vokalçıların ifasında səhnəyə qoyulub. Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)
“Cırtdan” Opera və Balet Teatrında
Qarşıdan Novruz tətilləri gəlir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balaca tamaşaçılarıa hədiyyəsi var. Uşaqlar martın 19-da sənət ocağının səhnəsində “Cırtdan” operasını izləyə biləcəklər.
Həmin gün uşaqların zövqünü oxşayacaq səhnə əsərində əsas rolları Əməkdar artistlər İnarə Babayeva, Səbinə Vahabzadə, Tural Ağasıyev, teatrımızın solistləri Mahir Tağızadə, Aynel Mehdiyeva, Mələk İsrafilova, Dilarə Mustafayeva, Esmira Məmmədova və Elmira Qafarova ifa edəcək.
Opera balacaların bədii-estetik zövqünün formalaşması və onlarda kiçik yaşlarından akademik sənətə məhəbbət və maraq aşılamaq məqsədilə hazırlanıb. Bəstəkarı Nazim Əliverdibəyov olan səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq. Operanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xarici ölkələrlə tərəfdaşlığı genişləndirir
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Litvaya səfəri çərçivəsində Qazaxıstanın Litvadakı səfiri Timur Urazayev və Türkiyənin Litvadakı səfiri Barış Tantekin ilə görüşüb.
Fonddan verilən məlumata görə, görüşlərdə Fond ilə təşkilatın üzv dövlətləri arasında ümumtürk mədəniyyətinin, ənənələrinin qorunub-saxlanılması istiqamətində sıx əməkdaşlığın əhəmiyyətindən söz açılıb. Müasir dövrdə Türk dövlətlərinin ortaq irsinin, dəyərlərinin mühafizəsi və gələcək nəsillərə ötürülməsinin önəminə toxunulub. Müxtəlif ölkələrdə yaşayan azsaylı türk xalqlarının Türk dünyasına inteqrasiya olunmasının və bu səpkidə Fond tərəfindən həyata keçirilən bir sıra tədbirlərin vacibliyi vurğulanıb. Təşkilatın xarici ölkələrlə tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi, türk və digər xalqlar arasında qarşılıqlı mədəni mübadilələrə töhfə kimi qiymətləndirilib.
Söhbətlər zamanı Fondun qurucu üzv dövlətləri Qazaxıstan və Türkiyə ilə iş birliyi əlaqələrinin prioritetləri nəzərdən keçirilib, gələcək planlar, mümkün birgə layihələr haqqında ümumi müzakirələr aparılıb.
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)
"Avroviziya"da səslənəcək mahnımız təqdim olunub
Azərbaycanın builki "Avroviziya" mahnı müsabiqəsində zaqatalalı ekiz qardaşların TuralTuranX dueti ilə təmsil olunacağı barədə məlumatlı idiniz. Budur, onların müsabiqədə səsləndirəcəkləri mahnı təqdim olunub.
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, mahnı “Avroviziya”nın rəsmi "Youtube" səhifəsində yayımlanıb.
Xatırladaq ki, "Avroviziya-2023" mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.
Şəkildə: Klipdən fraqmentlər
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)
85 illik ömrün zirvəsi
“Ədəbiyyat və incəsənət” portalı filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Elnarə Akımovanın Xalq yazıçısı Anarın 85 illiyi ilə bağlı “Ömrün zirvəsi” yazısını təqdim edir.
Ömrünü, tərcümeyi-halını millətin yaddaşına çevrilə biləcək şəxsiyyətlərin olmadığı illər zamanın yaddaşında boşluğu ifadə edir. Anar yaradıcılığı bu mənada tarixi-milli özünüdərkin faktıdır, milli təfəkkür sivilizasiyasının epizodu deyil, hadisəsidir. Tarixin, idrakın hansı tərəfindən - uzağından, ya yaxınından baxsaq qarşımızda yarım əsrdən artıq bir dövrün tərəqqi hərəkatında iştirak edən bir ömür dayandığını görərik.
Anar mənim uşaqlıq yaddaşımdır, onun bir parçasıdır. Bütövləşən, formalaşan ədəbi zövqümün, ədəbiyyata baxışımın təməlində dayanan yazıçılardandır. Bizim evdə ən çox oxunan əsər "Sizsiz" olub. Atamın səliqə ilə düzdüyü kitabların arasında özünün də tez-tez əlinə götürüb nəfəsi ilə tozunu aldığı "Dünya bir pəncərədir" kitabı da var idi. Amma mən "Ağ liman"la sevdim Anar nəsrini. Ümumiyyətə, o dövrün ab-havasını əks etdirən iki-üç əsər oxuduğum gündən bu yana cazibəsini itirməyib: “Adamlar və ağaclar" (Ə.Əylisli), "Ağ liman" (Anar), "Baladadaşın ilk məhəbbəti" (Elçin)... Ömrün daha saf, daha qatqısız anları kimidi bu əsərlər. Oxuduqca durulur, həyatın xeyir-şər, işıq-qaranlıq arifmetikasından qurtulub metafizik bir huzura qovuşursan.
Bu bir faktdır. 60-cı illər ədəbiyyatımızın istiqlala aparan zaman kəsimi oldu. Uzun müddət öz tarixi yaddaşından uzaq düşmüş xalqı yenidən yaddaşına qaytarmaq vəzifəsi, bu vacib missiyanın milli şüurda ideya-bədii dərki və labüdlüyü məsələsi 60-cı illər bədii nəsrinin əsas problematikasını təşkil etdi. Anar nəsri bu prosesə yeni düşüncənin ifadəçisi olaraq qatıldı, tarixi yaddaşın təhrifsiz təlqin olunması, xalqın gen yaddaşına ötürülmüş məlumatların milli mövqedən yenidən bərpa edilməsi istiqamətinin episentrində dayandı.
Hər gəlişin bir missiyası olur. Mənə elə gəlir ki, 60-cı illərdə itmiş, güdaza verilmiş tarixi yaddaşın bərpası üçün böyük bir missiyaya tapınan Anar bunu bütün yaradıcılığının amalına çevirməyə nail oldu. Namizədlik dissertasiyamın üzərində çalışdığım vaxt Anarın 1985-ci ildə yazdığı "Dədə Qorqud dünyası" araşdırması keçmişdi əlimə. Sovet dövrünün hələ bitmədiyi illərdə Anar "Dədə Qorqud dünyası"nda qədim abidənin mənşə, dil, ərazi nöqteyi-nəzərindən Azərbaycan xalqına aid olduğuna diqqət çəkir, Dədə Qorqud dövrü oğuzlarının qədim kökə malik olması, öz torpaqlarında qədim zamanlardan məskunlaşması, mənəvi-əxlaqi dəyərləri ilə seçilməsi məsələlərini diqqətə çatdırırdı. Üstündən onilliyin və təlatümlü dalğaların ötdüyü bir dönəmdə, 1995-ci ildə yazılan "Otel otağı" əsərini oxuyanda mən nədənsə, bu araşdırmanı xatırlamışdım. Yazıçı baş qəhrəmanın - Kərimin şəxsində retrospeksiya vasitəsilə tez-tez keçmişə qayıdaraq yaddaşa müraciət edirdi: "Dad yaddaşıyla, qoxu yaddaşıyla bərabər uşaqlıq çağının ayrı-ayrı səhnələri, mənzərələri, sifətləri də bir-bir xəyalında canlanırdı. ...İstisuda üç yerdə su püskürüb yerdən çıxırdı, amma bu su yoldakı bulaqların suyu kimi soyuq, sərin deyildi, istiydi, hərarətiylə, tərkibiylə şəfalı idi... indi buraların yer adları - sanki kimsə qulağına bircə-bircə pıçıldayırmış kimi - yaddaşında səslənirdi: Yağlı bulaq, Qızıl qaya, Keçili dağı, Pəri çınqılı, Ayğır qayası, Şiş qaya, Daşlı yurd, Kotan qayası, Eyvazlı dağı, Novlu bulaq. İndi bütün bu yerlər ermənilərin əlindəydi".
Anarın digər - "Yaşamaq haqqı" traktatı, "Gecə düşüncələri" esselər toplusu, "Ağ qoç, qara qoç", "Göz muncuğu" və s. kimi əsərləri də tarixə, milli yaddaşa və keçmişimizə çəkilən illüstrasiyalardır. Nə deyirsiz-deyin, yazıçı üçün tarixi qata aludəlik, bağlılıq və bələdlik çox şeydi. A.V.Mixaylovun çox sevdiyim bir fikri var: "Bizim mədəniyyət barədə bilik səviyyəmiz - bu "tarix" anlamıdır”. Anarın əsərlərindəki tarix konsepti - yaddaşa bağlılıq və meyar sabitliyi ilə mənəvi-əxlaqi dəyərlərimizin sabitliyi arasında birbaşa əlaqə var. Bu əlaqə nə sxolast bolşevik şüurun və vulqar sosioloji psixologiyanın hakim olduğu sovet epoxasında pozuldu, nə də ən çətin məqamlarımızda - total siyasi stress, sosial böhran, xaos və deqradasiyanın ölkə həyatını bürüdüyü 90-cı illərdə məhvərindən ayrıldı. Qlobal təfəkkürün bütün ərazilərimizi zəbt etdiyi qaçılmaz olan indiki zamanda da Anar yaradıcılığı milli ahəngə xidmət edir, yeni fəlsəfə axtarışına milli əxlaqın özündən başlayır, onu oriyentir seçir, onu meyara çevirir.
Bəli, böyük bir epoxa həm də Anar nəsrindən keçir, durulur. İctimai və milli- mədəni həyatımızın son 60 ilində Anar faktoru vardır. Ya əsərləri danışıb, ya incə yumoru, ya ağrısı, ya da sükutu. Amma bütün hallarda öz "mən"i ilə estetik fenomenlər arasında simmetriyanın pozulmasına imkan verməyib.
Anar yaradıcılığındakı yaddaş özülü ilə çox mənəviyyat və ənənə aşınmalarını dəf etmək mümkündür.
85 yaş tarixə və zamana daha ucada dayanıb baxmaq üçün gözəl fürsətdir. Mübarək olsun!
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)