Super User

Super User

Thursday, 16 March 2023 09:00

Anar prezidentə təşəkkür edib

Anar Prezident İlham Əliyevə təşəkkür edib: “Əməyimi qiymətləndirib”

Xalq yazıçısı Anar Prezident İlham Əliyevə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsinə görə təşəkkür edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Anar Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

“Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. Çox sağ olsun, əməyimi qiymətləndirib”.

Qeyd edək ki, yazıçı Anarın 85 yaşı tamam olub.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)

KRAL AİLƏSİNDƏN OLAN RƏSSAM

 

Heydər Əliyev Mərkəzi ölkə mədəniyyətinin nüvəsi olmaqda qalır və burada bəhreynli rəssam Raşid Al Xəlifənin “İlk qığılcım” (First light) adlı sərgisinin açılışı da fikirlərimizin bir sübutudur. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgidə Raşid Al Xəlifənin ən son instalyasiyaları nümayiş etdirilir. Müəllifin “Balıq tələsi”, “Mozaika”, “Biz canlı olan hər şeyi sudan yaratdıq”, “Dairəvi əks-etmə” kimi əsərləri ilk dəfə Heydər Əliyev Mərkəzində təqdim edilir. Bu, həm də rəssamın Azərbaycandakı ilk sərgisidir.

 

ANAR ƏLƏKBƏROV

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bu sərginin paytaxtımızda təşkilinin əhəmiyyətini qeyd edib: “Bizim üçün böyük imkandır ki, belə gözəl və möhtəşəm sərgini Heydər Əliyev Mərkəzində təşkil edə bilmişik. Biz gələcəkdə Bəhreyndə gənc heykəltəraş və rəssamlarımızın birgə mübadilə sərgilərinin təşkilinə çalışacağıq. Düşünürəm ki, bizim gənc heykəltaraş və rəssamlarımız da bundan bəhrələnəcək”.

 

FƏQAN NOVRUZOV

Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov çıxış edərək diqqətə çatdırıb ki, Mərkəz hər zaman dünya mədəniyyəti nümunələrinin təbliği istiqamətində fəaliyyət göstərir: “Bu gün müasir incəsənət nümunələrinin parlaq nümayəndələrindən olan Bəhreyn Kral ailəsinin üzvü , Bəhreyn Milli İncəsənət Şurasının sədri, İncəsənət Cəmiyyətinin ilk prezidenti və fəxri prezidenti Şeyx Raşid Al Xəlifənin sərgisinin Heydər Əliyev Mərkəzində təşkil olunması mühüm bir hadisədir. Ümid edirik ki, sərgidən zövq alacaqsınız və xoş təəssüratla ayrılacaqsınız”.

 

FƏRHAD XƏLİLOV

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov belə bir sərgini ziyarət etməyin onun üçün xoş olduğunu bildirib: "Dünyada ayrı-ayrı rəssamlarla görüşmək və onların yaradıcılıq dünyaları ilə tanış olmaq imkanları mənə nəsib olub. Ərəb mədəniyyəti və elminin dünyada özünəməxsus yeri var. Bu sərgi qeyri-adiliyi ilə fərqlənir. Sərgi bir rəssam kimi mənim üçün ən yüksək hisləri keçirdiyim sərgidir. Belə bir gözəl sərginin təşkilində əməyi keçən hər kəsə, xüsusən Heydər Əliyev Mərkəzinə təşəkkür edirəm".

 

STEFAN STOYANOV

Sərginin kuratoru Stefan Stoyanov çıxış edərək ən böyük arzusunun bu gün gerçəkləşdiyini dilə gətirib: “Mən Nəsimi İncəsənət Festivalı zamanı Bakıda olmuşdum. Həmin vaxt bu möhtəşəm Heydər Əliyev Mərkəzində də olmuşduq və bina mənə çox böyük təəssürat bağışlamışdı. Heydər Əliyev Mərkəzi yeni əsrin ən gözəl memarlıq nümunəsidir. Mənim üçün artıq arzusunda olduğum anın-Raşid Al Xəlifənin sərgisinin bu binada təşkil edilməsi xoşbəxtlik hissi yaradır”.

 

YASMİN ŞARABİ

Sərginin digər kuratoru Yasmin Şarabi çıxış edərək bildirib ki, sərgidə rəssamın olduqca maraqlı əsərləri var: "Ziyarətçilər burada qeyri-adi parametriyanı görmüş olacaqlar. Həmçinin Bəhreynin özünəməxsus memarlıq hissələrini tərənnüm edən əsərləri və ilahi naxışları özündə daşıyan həndəsi elementləri görə biləcəklər. Şeyx Raşid Al Xəlifə qədimliklə müasirliyi özündə ehtiva edən əsərləri ortaya qoyur. Əsərlər gələcəyə doğru nəzər salır, lakin keçmişi yaddan çıxarmır".

 

ŞEYX RAŞİD AL XƏLİFƏ

Şeyx Raşid Al Xəlifə hər kəsi salamlayıb və belə gözəl binada fərdi sərgisinin təşkilindən məmnun olduğunu qeyd edib: "Mən Bəhreynlə Azərbaycan arasında incəsənət sahəsində mübadilə proqramının daha da genişləndirilməsini arzu edərdim. Mənim sərgimi qəbul etdiyinə görə Heydər Əliyev Fonduna və onun rəhbərliyinə təşəkkür edirəm".

 

Qeyd edək ki, Raşid Al Xəlifə əsərlərini onu əhatə edən təbiətdən ilhamlanaraq yaradır. Rəssamın incəsənət nümunələri digərlərindən ənənəvi və müasir memarlığın ətraf mühitlə vəhdəti ilə fərqlənir.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 1952-ci ildə Bəhreyn kral ailəsində anadan olan Raşid Al Xəlifə Böyük Britaniyanın Hastinqs Kollecində incəsənət və dizayn üzrə təhsil alıb. Karyerasına peyzaj rəngkarlığı ilə başlayan rəssamın həyatında və ətrafındakı dəyişikliklər seçdiyi sahəyə də təsir edib. Ötən əsrin 80-ci illərində Raşid Al Xəlifənin yaradıcılığında efemer incəsənət nümunələrinə daha çox rast gəlinirdisə, 90-cı illərdəki əsərlərində abstrakt formalar, digər materiallarla, xüsusən də onun yaradıcılığına xas olan “qabarıq kətan”la eksperimentlər üstünlük təşkil edir. 2000-ci illərdə isə alüminium rəssamın yaradıcılığının mərkəzinə çevrilir.

Raşid Al Xəlifə müxtəlif beynəlxalq sərgilər, incəsənət yarmarkaları və biennalelərin iştirakçısıdır. Hazırda o, Bəhreyn İncəsənət Şurasının sədridir. Təsis etdiyi RAK Art Foundation isə həm də gənc rəssamlara dəstək göstərir.

Heydər Əliyev Mərkəzindəki sərgi sentyabrın 10-dək davam edəcək.

Kral ailəsinsən olan istedadlı rəssamın yatatdıqlarına siz də tamaşa edin. 

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)

Wednesday, 15 March 2023 15:45

Rafiq Əzimovun qaşı necə zədələndi…

 

“Yeddi oğul istərəm” filmindəki Şahsuvar obrazını bir yada salıbın. Onun irili-xırdalı onlarca rolu olub, di gəl, yaddaşlara bu rolla həkk olunub. 85 illiyinin nailiyyət baqajında da əsas yük Şahsuvarındır. 

Ötən gün Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xalq artisti, teatr və kino aktyoru Rafiq Əzimovun anadan olmasının 85 illiyi qeyd edilib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Rafiq Əzimov 6 fevral 1938-ci ildə Bakıda anadan olub. 10 sentyabr 1962-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. O, dövrdən fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır.

Azərbaycan Dövlət Televiziyasında hazırlanan "Dibdat bəy" (Dibdat bəy), "Göz həkimi" (İvanov), "Ordan-burdan" (İsmayıl) teletamaşalarında oynayıb. Eləcə də çoxsaylı film və tamaşalarda rol alıb. 

Prezident təqaüdçüsüdür.

2013-cü ildə rejissor Sənan Sultanovun quruluşunda Azərbaycan Televiziyasında Rafiq Əzimovun həyat və yaradıcılığına həsr olunmuş "Sənət sevgisi" filmi çəkilib. 

İndi də qayıdaq yubiley tədbirinə. Tədbiri giriş sözü ilə muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova açaraq, sənətkarı yubileyi münasibətilə təbrik edib, onun yaradıcılığı haqqında danışıb. 

Xalq artistləri Hacı İsmayılov, Şeyx Əbdül Mahmudbəyov, Əli Nurzadə, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Əməkdar artistlər Mətanət Atakişiyeva, Elşən Rüstəmov, Elxan Quliyev, Anar Heybətov, mədəniyyət yazarı Vasif Ayan çıxış edərək yubilyarla bağlı öz xatirələrini bölüşüb və onun kino və teatr mədəniyyətinin inkişafındakı xidmətlərindən söz açıblar. 

Tədbir çərçivəsində Teatr Muzeyinin fondunda qorunan və aktyorun yaradıcılığını əks etdirən eksponatlardan hazırlanmış videoçarx, həmçinin oynadığı tamaşa və filmlərdən kadrlar nümayiş olunub.

Tədbir çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri konsert proqramı ilə çıxış ediblər. 

Sonra Rafiq Əzimovun yubileyi münasibətilə çəkilmiş portret rəssam Vüsal Tərlanoğlu tərəfindən ona hədiyyə olunub.

Tədbirdə incəsənət xadimləri, aktyorun ailə və sənət dostları, muzey əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Yubilyar hamıya minnətdarlıq bildirib. 85 - ömrün çox ahıl və çox məsuliyyətli dövrüdür. Həm də hesabat dövrüdür. 

Necə ki, Rafiq Əzimov öz hesabatını verdi. 

 

Elə bu yerdə Rafiq Əzimovun Şahsuvar obrazını yaratması ilə bağlı xatirəsinə də nəzər yetirək. Ömründə at minməyən, buna baxmayaraq çəkilişdən əvvəl at çapmağı öyrənməklə filmdə peşəkarlıq nümayiş etdirən Rafiq Əzimov qeyd edir ki, Cıdır meydançasında ay yarım məşq edərək at üzərində dayanmağı, ümumiyyətlə atı idarə etməyi öyrəniblər: “Məşq prosesindən sonra Tofiq Tağızadə bizə göstəriş verdi ki, həmin atlar ilə Cıdır meydançasından kinostudiyaya gedək. Yeddimiz də atın belində şəhərin mərkəzi küçələri ilə gəlib kinostudiyanın həyətində cərgə ilə dayandıq. Sən demə, rejissor istəyirmiş təyin etsin, görsün ki, necə görünürük. 

Şahsuvar obrazının ilk çəkilişi kinostudiyanın pavilyonunda oldu. Mən səməni ilə kadra daxil oluram. Deyirəm ki, ”kənddə bir gəlin verdi”. İndi təsəvvür edin ki, filmin çəkilişinə az qalıb, səməni qoymağı unudublar. Heç kimə bir söz demədən çıxdım həyətə, həyətdə ot var idi, yeri qazıb xeyli ot çıxartdım. Torpağını yuyub, qayçıladım, qəşəng bir səməni düzəldib, qoydum boşqaba. Beləcə səməni yerinə otla çəkilişə qatıldım” 

Maraqlı məqamlardan biri də o olub ki, Bəxtiyarın Humayı döydüyü səhnənin çəkilişi zamanı at belində kənarda dayanıb səhnəni izləyən Şahsuvar-Rafiq Əzimov dözməyərək deyib ki, Tofiq müəllim, axı bu kişilikdən deyil ki, bir kişi günahsız qızı döyür, biz də durub baxırıq. Tofiq Tağızadə aktyorun nə təklif etdiyini soruşduqda, o, heç olmasa birimizdə bir qeyrət olsun , Bəxtiyara deyək ki, `Axı ayıbdır, niyə belə edirsən?` O, mənə qayıtdı ki, “motor” deyəndə sən Bəxtiyarı saxla. Beləliklə, çəkliş başlayanda atın üstündə çapıram və gəlib Bəxtiyara yaxınlaşıram, öz atımdan düşürəm, onun atının cilovun saxlayıram. Özümdən söz əlavə etdim: “Bəxtiyar, Bəxtiyar nə edirsən”. Bu dəmdə Bəxtiyarın atının cilovunu dartanda atın dişi qaşımın ortasına dəydi, zədələndi. Çəkiliş vaxtı belə hallar çox olduğu üçün artıq öyrənmişik”.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Litvaya səfəri çərçivəsində Trakai şəhərini ziyarət edib və orada əsrlər boyu yaşayan Litva karaimlərinin nümayəndələri ilə görüşüb.

Fonddan verilən məlumata görə, görüşdə karaimlərin tarixi və mədəni irsinin tanıdılması yönündə Fond tərəfindən Litva Respublikası ilə əməkdaşlıq çərçivəsində ölkə rəsmilərinin və icmanın təmsilçilərinin iştirakları ilə təşkil olunan silsilə tədbirlərdən bəhs edilib. Fondun prezidenti Litva karaimlərinin tanınmış nümayəndəsi, diplomat, tərcüməçi Halina Kobeckaiteyə türk xalqlarının bir-birinə daha da yaxınlaşmasında göstərdiyi xüsusi xidmətlərə görə təşkilatın təsis etdiyi “Dədə Qorqud” mükafatını təqdim edib.

Eyni zamanda Günay Əfəndiyeva Azərbaycanın Litvadakı səfirliyində tatar icmasının nümayəndələri ilə təşkil olunmuş görüşdə iştirak edib. 

Görüşdə Litva tatarlarının dili, dini, folkloru, adət-ənənələrinə dair geniş fikir mübadilələri aparılıb, milli musiqiləri, mahnıları, mətbəx nümunələri nümayiş etdirilib.

Həmçinin, səfirlikdə çoxəsrlik türk xalqlarının milli-mənəvi dəyərlərini əks etdirən, qədim tarixə malik Novruz bayram süfrəsi açılıb, milli şirniyyatlar təqdim olunub.

Fondun prezidenti Şuşa şəhərinin 2023-cü il Türk dünyasının Mədəniyyət Paytaxtı elan olunmasını nəzərə alaraq, Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayevə Fondun Şuşanın simvollarını əks etdirən xatirə hədiyyəsini təqdim edib.

Görüşlərdə Litvanın Azərbaycandakı səfiri Egidius Navikas iştirak edib.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın anadan olmasının 85 illiyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Xalq yazıçısı Anar” adlı elektron məlumat bazası və “Anar – 85” adlı ənənəvi kitab sərgisi hazırlanıb. 

 

Kitabxananın məlumatına görə, elektron məlumat bazası “Ana səhifə”, “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Anar haqqında”, “Əsərləri”, “Haqqında”, “Filmoqrafiya”, “Mükafatları”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrindən ibarətdir. Bazada təqdim olunan sənədlər tam mətnləri ilə verilib.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Anar/index.html linkindən istifadə edə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Anar Rəsul oğlu Rzayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 mart 2023-cü il

 

Bu gün Ağasadıq Gəraybəylinin anadan olmasının 126 illiyidir

 

Bu gün Azərbaycanın Xalq artisti, unudulmaz sənətkarımız Ağasadıq Gəraybəylinin anadan olmasından 126 il ötür. Təbii ki, hətta onun adını eşitməyə macal tapmayan yeni nəsil rəsmini görən kimi onu tanıyacaq, axı ömrünü Azərbaycan teatr və kino sənətinə həsr edən Ağasadıq Gəraybəyli bütün zamanlarda xatırlanacaq çox dəyərli obrazlar qalereyası yaradıb. O, adını Azərbaycan teatr və kino tarixinə böyük həriflərlə yazdırmağı bacarıb. “O olmasın, bu olsun” və “Bəxtiyar” filmlərində yaratdığı obrazlar - Rüstəm bəy və Klub müdiri Ağabala isə sadəcə möhtəşəmdir. 

 

“Ədəbiyyat və incəsənət” görkəmli aktyorun həyat hekayəsini sizlərə təqdim edir. O, 1897-ci ildə Şamaxıda dünyaya göz açıb, yetimlik acısı yaşayıb, sonra Bakıya köçüb, orada bir ailə onu himayəyə götürüb. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesində kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəylinin qayğısı sayəsində teatr kursuna yazılıb. 

O, ümumən 200-dən çox müxtəlif rollarda səhnəyə çıxıb. Nəriman Nərimanovun “Nadir şah”, Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Cəfər Cabbarlının “Sevil”, “Od gəlini”, “1905-ci ildə”, sonralar “Vaqif”, “Həyat”, “On ikinci gecə”, “Xanlar” və s. tamaşalarda rol alıb. 1940-cı ildə Azərbaycan SSR-in Xalq artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb. Elə yuxarıda adını çəkdiyimiz iki film - “Bəxtiyar” filmində klub müdiri Ağabalanı, “O olmasın, bu olsun” filmində Rüstəm bəyi xatırlatmaq bəs edər. 

Ağasadıq Gəraybəyli öz xatirələrini qələmə

almaqla çox nəcib bir iş görüb. Bu yerdə onun xatirələrinə nəzər yetirək:

 

“1897-ci ildə, Novruz bayramı qabağı Şamaxıda anadan olmuşam. Atamı erkən itirdim. Yetimə “gəl-gəl” deyən çox olar, əsl qayğı göstərən isə az. Ən çətin anlarımda yaradanımız imdadıma yetişdi. İndi də xatırlaya bilmirəm ki, necə oldu Bakıya gəldim. Ancaq qonşumuz Məşədi Məhəmmədin dedikləri hələ də qulaqlarımda səslənir: “Get, a bala, canın zəlzələdən qurtaracaq. Əlin Allahın ətəyində olsun. Zəhmət çəkərsən, bəhrəsini də görərsən”. Kimsəsiz uşaq idim. Tanımadığım bir darvazanı döydüm. Gülərüz, mehriban baxışlı, nurani, ahıl bir kişi qapını üzümə açdı. Elə bil məni çoxdan tanıyırdı. “Gəl görüm, nə istəyirsən?” Kimsəsiz olduğumu ona danışdım. Qəfil dilləndi: “Ay qız, Heyran, haradasan? Tanrı bizə zürriyyət göndərib”. Həmin gündən Əlisəttar kişidən atalıq, Heyran xanımdan analıq nəvazişi gördüm. Məktəbə gedəndə də bəxtim gətirdi. Sonralar yazıçı-dramaturq kimi tanınan Cəfər Cabbarlı ilə bir sinifdə oxuduq. Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrəndim. Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr dərnəyinə gedərdim. Ən çətin günlərim 1905-1907-ci illərdə oldu. Ermənilər Bakıda, bakılılara divan tuturdular. Yaxşı ki, niyyətlərinə çatmadılar. Haqq qalib gəldi. Dərslərimi pis oxumurdum. Ancaq yatanda da yuxuda teatr, səhnə görərdim. Hüseyn Ərəblinskinin sayəsində “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə getdim. İlk dəfə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevi 1913-cü il martın 15-də gördüm. Sərt xasiyyətli adam idi. Əhvalı yaxşı olanda isə üz-gözündən nur yağardı. İlk oxucularından biri də mən olmuşam.

Üzeyir bəy peyğəmbər xislətli şəxsiyyət, düha sahibi idi. Onun bircə amalı vardı: Azərbaycan ədəbiyyatı, musiqisi, teatrı ilə dünyada tanınsın. 1921-ci ildə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesində kefli İsgəndərin monoloqunu söyləyib səhnədən düşəndə məni yanına çağırdı. Əllə görüşdü, üzümdən öpdü, saçımı tumarladı. “Sənin kimi azərbaycanlılarla fəxr etmək lazımdır” – dedi. Üzeyir bəyin qayğısı sayəsində teatr kursuna yazıldım, ilk əməkhaqqı aldım, mənə birotaqlı mənzil verdilər. Ailə qurdum. Toy günü xeyirxahımın dediyi kəlamı dönə-dönə xatırlayıram: “Ailə qurmaq asandır, ailəsinin qədrini bilmək isə nər kişinin hünəridir”.

“Otuzuncu illər idi, şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayırdım. Görkəmli müğənni Bülbüllə, Xalq yazıçısı Mirzə İbrahimovla, Xalq şairi Süleyman Rüstəmlə qonşu idim. Bir gün Süleyman müəllim mənə dedi: “Ay qardaş, ay qonşu, ay oynadığın rollara can, nəfəs verən aktyor, niyə iş yerinə piyada gedib-gəlirsən? Sabahdan mənim xidməti maşınım səni teatra aparıb gətirəcək”. Mənim cavabım isə qısa oldu: "Yox, Süleyman, hələ ki, ayaqlarım sözümə baxır. Bir də qardaş, mənim doğma xalqımdan nə gizlinim? Teatrın binasından evimə gələnəcən yüzlərlə adam mənə salam verir, əhvalımı soruşur. Bundan da böyük şərəf, şöhrət olar?!”

Bax bu qədər. Allah ulu sənətkara qəni-qəni rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)

 

Meksikanın paytaxtı Mexiko şəhərində İslam Əməkdaşlığı Təşkilatına üzv olan ölkələrin Meksikada akkreditə olunmuş səfirliklərinin təşkilatçılığı və Mexiko şəhərinin Migel Hidalqo bələddiyəsinin dəstəyi ilə mədəniyyət festivalı keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib: Mexiko şəhərinin mərkəzində yerləşən, şəhər sakinləri və çoxsaylı turistlər arasında populyar olan “Angela Peralta” açıq hava teatrında keçirilən bu festivalda Azərbaycanın milli mədəniyyəti, milli geyimləri, dulusçuluq, misgərlik, xalçaçılıq kimi əl sənəti nümunələri, o cümlədən Novruz adət-ənənələri və milli şirniyyatları təqdim olunub.

Tədbirdə yüzlərlə paytaxt sakini, turistlər, diplomatik korpusun nümayəndələri, o cümlədən bir sıra ölkənin Meksikadakı fövqəladə və səlahiyyətli səfirləri, yerli KİV nümayəndələri iştirak ediblər.

Gün ərzində parka gələn çoxsaylı qonaqlar Novruz bayramı ilə bağlı adət və ənənələrlə tanış olub, onlara ölkəmizin tarixi, milli mətbəxi və mədəniyyəti barədə məlumat verilib.

Tədbirdə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar xüsusi guşə yaradılıb, stendi ziyarət edən qonaqlara Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumat verilib. Həmçinin ölkəmizin əsrarəngiz təbiəti və Azərbaycan memarlığı barədə şəkillərdən ibarət sərgi nümayiş etdirilib, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə dair materiallar paylanılıb, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi və onun əsərləri barədə məlumat verilib, Azərbaycan milli musiqisi səsləndirilib, qonaqlara milli mətbəximizin ləziz təamları təqdim olunub. 

Tədbirdə həmçinin “İpək Yolu” yerli rəqs qrupu tərəfindən “Laçın”, “Tərəkəmə”, “Nəlbəki”, “Bülbül” və Azərbaycanın digər milli rəqsləri nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)

Wednesday, 15 March 2023 16:30

Novruz tətili neçə gün davam edəcək?

 

Təqvimin çox əlverişli düzümü bizə uzun tətil vəd edir

 

İlin axır çərşənbəsini də yaşadıq. Novruza bir həftədən də az qaldı. Bəs Novruzda neçə gün tətil edəcəyik? 

“Ədəbiyyat və incəsənət” Novruz, Ramazan və Qurban bayramları günləri barədə məlumat vermək üçün Nazirlər Kabinetinin qərarına müraciət edəcək. 

Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” Qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 21, 22-si Ramazan bayramı, iyunun 28, 29-u Qurban bayramı günləri müəyyən edilib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin günlər iş günü hesab edilmir.

Martın 20-si bazar ertəsi olduğundan, demək martın 17-si - cümə günü işə çıxdıqdan sonra bir də ayın 27-si - bazar ertəsi işə çıxacağıq. Demək, bizi tam 10 günlük tətil gözləyir. 

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, müğənni ilə aparıcının mübahisəsi “Elgizlə izlə" verilişində yaşanıb. Aparıcı müğənni ilə rayonlardan birinə çəkilişə gedən zaman onun çox danışdığını deyib:

"4 saat rayona getdik. Elza yolda çox danışdı: necə ailə qurdu, onu necə ərə verdilər, qayınanası ona nələr deyib... Sonra ayıldıq ki, rayon qalıb kənarda, gedib İran sərhəddinə çıxmışıq".

 

Elgizin bu sözlərinə Seyidcahan əsəbiləşib. O, aparıcını yalan danışmaqda ittiham edib:

"Hər şeyi tərs danışdı. Qınamıram səni... Rayondan gələndə yollar qazılıb, axşam idi. Yolda da yük maşınları gedirdi. Mən də sürücünün aparıb maşını yük maşınlarının altına salmaması, sükan arxasında yatmaması üçün danışırdım. Olmaz belə şeylər. Dünəndən qapıma kimi xalça sərmisən ki, verilişimə gəl. Çıxıb buradan gedəcəyəm, olmaz belə danışmaq. Xətrimə dəyir. Onun kimi bir-iki belə müğənni var. Biri ilə hətta buna görə küsülüyəm. Mən məntiqli, savadlı danışıram. Bir müğənni oturub dostlar arasında məni parodiya edir. Deyirəm, görəsən nə yedi ki, özündən çıxdı? Yeni gələndə Elza xanım deyirdi, indi bir-iki klip çəkdirib, özünü başdan-ayağa yığdırıb, məni lətifələrə qoşub. Bir dəfə efirdə məni parodiya etdi. Oğlum əsəbiləşdi, onun xatirinə zəng etdim ki, niyə edirsən? Düşündüm ki, üzr istəyər. O isə əksinə, özünə haqq qazandırdı".

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.