Super User
5 yaşlı məktəbli, qızıl medalçı, həkim-terapevt, lirik şair, Moskva həyatı və daha nələr…
BU GÜN AYB-NİN MOSKVA BÖLMƏSİNİN MƏSUL KATİBİNİN DOĞUM GÜNÜDÜR
Elman Eldarooğlu, “Ədəbiyyat və incəsənət”
Bu dəfəki söhbətimin qərəmanı hazırda Moskvada yaşayan qeyri-adi istedadlı bir xanımdır. Əslən Qazaxdan olan Azərbaycanın əməkdar mühəndisi, neftçi-geoloq, mərhum Arif Şıxlınskinin qızıdır. Maraqlı həyat hekayəsi var. Ailədə 5 uşaq olublar, yaşca ən kiçiyi olduğundan körpəliyindən onu övladı olmayan bibisinə veriblər. Bibisi dil-ədəbiyyat müəllimi idi. Uşaq bağçasına getməkdən imtina etdiyi üçün, məcbur qalaraq, onu həmişə özüylə məktəbə aparmalı olub. Və bu onun dörd yaşında olarkən artıq oxumağı, yazmağı, saymağı, hətta vurma cədvəlini belə bilməsinə yol açıb. 1984-cü ildə beş yaşı olanda təkidlə bibisindən tələb edib ki, onu evlərinin yanında yeni tikilən məktəbə göndərsinlər. Məktəbin komissiya heyəti xeyli sorğu-sualdan sonra onun məktəbə qəbul olunmasna etiraz etməyib. Beləliklə, beş yaşında birinci sinfə gedib. O vaxtlar belə hallar Azərbaycanda nadir hallardan biri olduğu üçün tez-tez televiziyadan gəlir və onu danışdırırdılar. On beş yaşında olarkən isə Bakıdakı 12 saylı orta məktəbi qızıl medalla və 15 saylı musiqi məktəbini əla qiymətlərlə bitirib. Elə həmin il də Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. 1990-cı ildə Moskvaya köçənədək 8 saylı Birləşmiş Şəhər xəstəxanasında həkim-terapevt işləyib...
Deyir ki,- “Şeir yazmağa 8 yaşımdan başlamışam. Əvvəllər “Göyərçin” jurnalında və məktəb divar qəzetində dərc olunurdum. Sonralar məktəbimizdə yaradılmış Gənc Şairlər dərnəyinin rəhbəri oldum. Universitet illərində ədəbiyyata əvvəlki kimi çox zaman ayıra bilmirdim. Bəlkə də məni əsl şair edən Vətəndən uzaqlarda yaşamağım oldu. Vətən həsrəti bütün şeirlərimin canına hopub sanki. Uzun illərdir Azərbaycanda, Rusiyada, Türkmənistanda, hətta son illərdə Almaniyada və Türkiyədə şeirlərim və hekayələrim müxtəlif qəzet və jurnallarda nəşr olunur. Ona yaxın şeir və hekayələr kitabının müəllifiyəm...”
Haqqında söhbət açdığım Afaq Şıxlı bütün bunlardan əlavə Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, “Luç” assosiasiyasının, Avrasiya və Rusiya Yazarlar Birliklərinin, Moskva Şəhriyar Ədəbi Mədəni Cəmiyyətinin və Azərbaycan Məhsəti Şairələr məclisinin üzvüdür. Rusiya Poeziya Akademiyasının isə müxbir üzvüdür. O, həm də 2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı AYB Moskva bölməsinin məsul katibi vəzifəsində çalışır. Ədəbiyyatdan əlavə təbabət, musiqi və rəssamlıqla məşğul olur. Ailəlidir, iki övlad anasıdır...
“Dövrünün məşhur yazarlarından biri Aqata Kristi deyirdi ki, sağlam təfəkkür bəzən çox sıxıcı və quru olur. Hərdən bir reallıqdan uzaqlaşmaq lazımdır, dünyanın gözəllikləri yalnız o zaman gözə görünür. Ədəbiyyat və romantika ayrılmaz nəsnələrdir. Hətta dəhşətli müharibə romanlarında belə romantik duyğular təsvir olunmazsa o əsər oxunmaz. Bütün dövrlərdə müharibələr, terror və başqa bəlalar olub. Amma seirlər, povestlər, romanlar həmişə yazılıb, yazılır və yazılacaq da. Hər bir dövrün öz ədəbiyyatı, öz ruhu, öz oxucusu olur. Şeir yazmaq və ümumiyyətlə ədəbiyyatla məşğul olmaq, həqiqətən də, mənim üçün dünyanın ən böyük səadətidir. Bunu hər zaman təkrar etməyə hazıram.”- söyləyir.
Şeirlərinin böyük əksəriyyəti insanı insanlıqdan uzaqlaşmağa qoymayan, ədaləti, insafı, vicdanı daima ayaqda saxlayan məhəbbətə həsr olunub. Heç vaxt şeir yazmaq xatirinə masa arxasına keçməyib. Təbi gələndə şeir ona əlinə qələm götürməyi vadar edib. Hansı üslubda yazacağını da əvvəldən bilmir, gələn misralar özü təyin edir ki, yazacağı qoşmadırmı, rübaidirmi, sərbəst şeirdirmi? Əlbəttə ki, onun da sevdiyu yazıçı, şair və rəssamlar var. Şairlərdən Nəriman Həsənzadənin, Musa Yaqubun, Elman Tovuzun, Məmməd İsmayılın, Əli Ağbaşın, İlham Bədəlbəylinin, Nəsib Nəbioğlunun, Mixail Sinelnikovun, Yevgeniy Çiqrinin, rəssamlardan Moskvada yaşayan Əsgər Məmmədovun, yazıçılardan Çingiz Hüseynovun, Tofiq Məliklinin, Varisin, yazıçı-tərcüməçi İmdat Avşarın yaradıcılıqlarını maraqla mütaliə edir...
Deyir ki,- “Doğrudur, ədəbiyyat məndən zamanımı alır, lakin mən bunu məmnuniyyətlə ona qurban edirəm. Bir qədər də sağlamlığımı, yuxumu alır. Bunlar hamısı onun böyüklüyü qarşısında çox cılız görünür. Pafosla deyilən sözlər deyil. Bunlar mənim həqiqətimdir. Ədəbiyyatın mənə bəxş etdiyi isə- özüdür. Onun möhtəşəmliyini hiss etmək, onun gözəlliyinə toxuna bilmək, onunla yanaşı addımlamaq kimi əvəzedilməz bir duyğudur. Ədəbiyyat- mənim son məhəbbətimdir!”
Ömür-gün yoldaşından çox razılıq edir, “ədəbiyyatsevər insandır”- deyir. Yaradıcılığını mütamadi izlədiyini, evdə ona kitabları üzərində işləməyə hər çür şərait yaratdığını, eləcə də maddi və mənəvi dəstək olduğunu- dilə gətirir...
“Ədəbiyyat adamı istedadlı, səmimi, saf insanlarla birləşdirir. Nadan, qaba, mənasız insanlardan isə ayırır və bu da tam təbiidir! Şair də ən adi insani keyfiyyətləri özündə qoruyub saxlamalıdır. Bütün mənfi keyfiyyətlərin mənim fikrimcə bir adı var – xəyanət. Bəli, əsl insan kimi şair də xəyanət etməməlidir: vətən sevgisinə, valideyn əməyinə, ailə təmizliyinə, sözün müqəddəsliyinə, vicdanın dürüstlüyünə, nəfsin möhkəmliyinə və sənətin ucalığına. Xəyanət hissindən uzaq olan kəs, heç bir yanlışlığa yol verməz.”- söyləyir.
Nəcib, gülərüz, mehriban xanımdır. Həyata açıq gözlərlə baxmağı xoşlayır. Emosiyalara qapılmır. Mülayim, xoş xəsiyyəti ilə xeyli dost da qazanıb. Vətəndə olduğu kimi qürbət Moskvada da böyük hörməti var...
Deyir ki,- “Bakı və Moskva- həm iki oxşar, həm də müxtəlif şəhərlərdir. Mənim yaşımda olan insanlar üçün Moskva elə də yad şəhər deyil. Çünki bizim uşaqlığımız və gəncliyimizin müəyyən hissəsi SSRi-nin vaxtına düşüb, hansı ki, o vaxtlar Moskva - bizim ikinci paytaxtımız, rus dili isə - ikinci ana dilimiz sayılırdı. Azərbaycanda kifayət qədər ruslar yaşayırdı və biz həyətdə oynayarkən beş azərbaycanlı uşağı olurdusa, 3 nəfər də rus uşağı olurdu. Lakin unutmaq olmaz ki, bizim burada yaşamağa başladığımız 2000-ci illərdəki Moskva ötən əsrin 70-80-ci illərindəki Moskva deyil. Nə də insanların düşüncəsi və davranışı o zamankı deyil. Biz birdən-birə dəyişən ayrı bir rus xalqını tanımağa başladıq. Orta məktəbdə oxuyarkən qış tətillərinə gəldiyimiz qonaqpərvər şəhərə deyil, sanki ayrı bir şəhərə düşdük. Bakının isti, mülayim, doğma qucağından, qışı aylarla bitməyən, həftələrlə günəşə həsrət qaldığımız bir diyarda yaşamaq elə də asan olmayıb. Qohumlardan, dostlardan uzaqda. Yeni dostlar qazanana, cəmiyyətə qaynayıb qarşana kimi illər keçdi. Bu illərin hamısı bizim geri dönməyən, qaytarılmayan ömrümüzün bir parçasıdır. Nəticədə bu həsrət, bu nisgil, şeirə, sözə çevrildi. Bəli, ədəbiyyat, dostlar, həmkarlar olmasaydı yəqin ki qürbət həyatı daha da dözülməz olardı...”
Əziz dostlar, söhbətimi burada bitirmək istəyirəm. Çox sağ olun ki, məni səbrlə dinlədiniz. Çalışdım ki, Afaq xanımı olduğu kimi sizə təqdim edim. Axı o, qürbətdə millətimizi ləyaqətlə təmsil edir, xalqımızı düşünür...
Yeri gəlmişkən bu gün, iyunun 25-də Afaq Şıxlının növbəti ad günüdür, 54 yaşı tamam olur. Ona möhkəm can sağlığı, yaradıcılığında və işlərində uğurlar arzulayıram...
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)
Beynəlxalq Musiqi Festivalında “Muğam hekayətləri” təqdim olunub
“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı iyunun 24-də Azərbaycan Milli Konservatoriyasında təşkil olunub.
AzərTAC xəbər verir ki, "Muğam hekayətləri" layihəsi adlandırılan konsertdə Azərbaycanın tanınmış xanəndəsi Xalq artisti Teyyub Aslanov və caz pianoçu Nicat Aslanov çıxış ediblər. Konsertdə eyni zamanda ifaçılar tarda Əliağa Sədiyev, kontrabasda Ruslan Hüseynov, zərb alətlərində Tofiq Cabbarov və Həsən Bilalov müşayiət ediblər. Proqramda dinləyicilərə Azərbaycan muğamlarının modern caz musiqisi ilə sintezi təqdim olunub.
Konsertdən əvvəl AZƏRTAC-a müsahibə verən xanəndə, Xalq artisti Teyyub Aslanov festival barədə öz təəssüratlarını bölüşüb: “Çox qürurvericidir ki, artıq neçə illərdir belə gözəl layihələr həyata keçirilir. Bütün təşkilatçılara, başda Heydər Əliyev Fondu olmaqla, həmçinin Mədəniyyət Nazirliyinə bu təşəbbüsə görə təşəkkürümüzü bildiririk. Festival çərçivəsində yüksək səviyyədə muğam müsabiqəsi də keçirildi. Bu gün burada muğamla cazın möhtəşəm sintezinin şahidi olacaqsınız", - deyə T.Aslanov vurğulayıb.
Qeyd edək ki, "Qədim Musiqi Alətləri” Dövlət Ansamblının solisti, xanəndə, Xalq artisti Teyyub Aslanov 1995-ci ildən Azərbaycan muğam üçlüyü və müxtəlif ansamblların tərkibində bir çox xarici konsert və festivallarda iştirak edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, “Muğam sənəti” kafedrasının müdiridir.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin məzunu Nicat Aslanov isə istedadlı caz ifaçısıdır. O, cazın müxtəlif janrlarında maraqlı kompozisiyalar təqdim edir. İfaçının 2012-ci ildə Bakı Caz Mərkəzində ilk çıxışı olub. Eyni zamanda bir çox yerli, eləcə də xarici konsert və festivallarda ifa edib.
Xatırladaq ki, iyunun 18-dən başlayan “Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir.
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)
Bizim Cəbiş müəllim, bizim Nəsimi və bizim Mixaylo
BU GÜN HƏSƏN SEYİDBƏYLİNİN ANIM GÜNÜDÜR
Azərbaycanda Sovetlər dönəmində yetmişinci, səksəninci illərdə yazıçı-ssenarist dueti var idi, İmran Qasımov və Həsən Seyidbəyli. Bu duet ortaya “Cəbhədən cəbhəyə” adlı elə bir roman qoymuşdu ki, onu böyükdən kiçiyə bütün respublika oxuyurdu…
Amma tək elə bumu? O dövr Azərbaycan kinosunun qızıl fondunu Həsən Seyidbəylinin baxmaqdan doymaq olmayan filmləri təşkil edirdi… “Bizim Cəbiş müəllim” və “Uzaq sahillərdə”. İkisini desək bəs edər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün bu görkəmli şəxsiyyətin vəfatından 42 il ötür.
Milli Azərbaycan kinosunun inkişafında xüsusi yeri olan, öz adını uğurlu filmləri ilə Azərbaycan kino salnaməsinə qızıl hərflərlə yazdıran kinorejissor, ssenarist, Xalq artisti Həsən Seyidbəyli 1920-ci il dekabrın 22-də Bakı şəhərində anadan olub. Həsən Seyidbəyli 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında kinorejissor, 1963-1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləyib.
Həsən Seyidbəylinin “İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulub. “Telefonçu qız” povesti, “Cəbhədən-cəbhəyə”, “Tərsanə”, “Çiçək”, romanları, “Dəniz cəsurları sevir”, “Sən nə üçün susursan” (Hər ikisi İ.Qasımovla birgə) pyeslərinin, “Uzaq sahillərdə” (İ.Qasımovla birgə) əsərinin müəllifidir. Filmləri ümumittifaq kino festivallarında mükafat və diplomlara layiq görülüb. “Bizim Cəbiş müəllim”, “Nəsimi”, “Qızmar günəş altında”, “O qızı tapın”, “Yolda əhvalat”, “Uzaq sahillərdə” (İ.Qasımovla birlikdə) və neçə-neçə gözəl filmlərin rejissoru və ssenari müəllifidir.
Daha bir özəllik: Həsən Seyidbəyli öz filmlərində tanınmayan, amma istedadlı insanları çəkib. “Nəsimi” filmi buna sübutdur. Baş rolu yaratmaq üçün namizədlərin sayı çox olub. Lakin Həsən Seyidbəylinin inadı və həssas duyumu yalnız Rasim Balayevə yönəlib. Gənc bir tələbənin belə bir tarixi şəxsiyyətin, böyük şairin obrazını məharətlə yaratmasına inanan Həsən Seyidbəyli həqiqətən də yanılmayıb. Müdrik və uzaqgörən insan olub. İşinə də, sənətinə də məsuliyyətlə yanaşıb. Seçimində həssas olub. Onun üçün əsas meyar istedad və yenə də istedad olub.
İctimai-siyasi xadim kimi diqqət mərkəzində olan bu şəxsiyyət tez-tez xarici ölkələrdə müxtəlif səfərlərdə olub. Hər səfərdən qayıdışı isə mətbuat səhifələrində oçerk, təəssürat, yol qeydləri kimi öz əksini tapıb. Müəllifin bu sahədəki xidmətləri təqdirəlayiqdir. “İlk tanışlıq”, “On beş gün Yaponiyada”, “Yuqoslaviya xatirələri”, “İyirmi gün Amerikada”, “Gördüyüm yerlər” adlı publisistik kitablarda məhz səfər təəssüratlarından bəhs edilib.
Həm kinorejissor, həm də yazıçı kimi mükəmməl yaradıcılığa malik olan Həsən Seyidbəyli bir neçə çağırış Azərbaycan Ali Sovetinin və Bakı Sovetinin deputatı kimi də fəaliyyət göstərib. Filmləri ümumittifaq kino festivallarında diplomlara layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmiş Həsən Seyidbəylinin yaradıcı əməyi həmişə qiymətləndirilib.
2020-ci il görkəmli kinorejissor, ssenarist, kinodramaturq, Xalq artisti Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi münasibətlə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkəmizdə görkəmli sənətkarın yubileyi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib.
Görkəmli sənətkar 1980-ci il iyunun 25-də Bakıda vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)
Vüqar Camalzadə Daşkənddə sevgi ilə qarşılanıb
Bəstəkar, Əməkdar artist, dosent Vüqar Camalzadə yeni uğura imza atıb.
Onun mediaya verdiyi xəbərə görə, sənətçi Özbəkistan Dövlət Konservatoriyasının (ÖDK) dəvəti ilə paytaxt Daşkənddə xalq çalğı alətləri ifaçıları ixtisası üzrə bakalavr və magistr buraxılış kurslarının dövlət imtahan komissiyasının sədri qismində çıxış edib. Bu onun deyilən keyfiyyətdə ilk işi olsa da, nəticə ürəkaçandır.
Yüz məzundan imtahan götürən bəstəkar gənclərin bilik səviyyəsi və istedadını yüksək qiymətləndirib. Həmyerlimizin işindən razı qalan ÖDK rəhbərliyi gələcəkdə də əməkdaşlıq təklifini irəli sürüb. Vüqar Camalzadəyə diplom və xatirə hədiyyələri bağışlanıb. O, Daşkəndlə yanaşı Səmərqəndə də səfər edib, qədim şəhərin gəzməli-görməli yerləri ilə tanış olub.
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)
Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub
“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının 7-ci günü də konsertlərlə yadda qalıb. Bu gün Heydər Əliyev Mərkəzinin Auditorium zalında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.
Tanınmış israilli musiqiçi Benjamin Yusupovun dirijorluğu ilə onun özünün müəllifi olduğu I simfoniya, Firəngiz Əlizadənin “Nağıllar”, Mahmud Turkmaninin “Qara\Ağ” kompozisiyası, Məmməd Quliyevin “Muğam” simfoniyası ifa olunub.
Tacikistanda anadan olan Benyamin Yusupov bəstəkar kimi də tanınır. Onun əsərləri ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Xorvatiya, İsrail, İsveçrə, İtaliya, Rusiya, Tacikistanda səslənib. Musiqiçi bəstəkar kimi bir sıra mükafatlara layiq görülüb.
Konsertin solisti ud ifaçısı Mahmud Turkmani isə Livanda anadan olub. Hazırda Bern konservatoriyasında klassik gitara və ud üzrə dərs deyir. Mahmud Turkmani “Ludus” adlı kvartetin yaradıcısıdır.
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)
Azərbaycanımızı səhralaşmağa qoymayaq!
“Ədəbiyyat və incəsənət” portalı Sadiq Qarayevin çox aktual mövzuda olan yazısını təqdim edir.
Naxçıvanda çox ciddi su problemi var, quraqlıqdır.
Camaat əkin- tikinini suvara bilmir.
Son illər dağlara qar, yağış az düşür, bulaqların, çayların suyu azalır.
Ümumiyyətlə dünyada quraqlıq və səhrəlaşma prosesi sürətlənib.
Mən hələ də ümid edirəm ki, bu müvəqqətidir, yəni periodik prossesdir, dağlara yenidən çoxlu qar yağacaq, çaylarda bol su olacaq.
Amma bu cür davam etsə, hansı ölkə torpaqlarını, əkinlərini quraqlıqdan qoruyubsa, şirin su ehtiyatları çoxdursa, o güclü olacaq.
Ümumiyyətlə suvarma sistemi ölkənin inkişafını təmin edən amillərdəndir.
Gələn il quraqlıq, ərzaq, su qıtlığı olacaq düşünərək, bu gündən buna hazırlaşmalıyıq.
Ölkədə çoxlu su anbarları tikilməli, artezianlar qazılmalı, Araz və Kürdən kanallar çəkilməlidir.
Yeraltı su axarları ciddi tədqiq edilməli, istifadə üsulları tapılmalıdır.
Yağış sularını yığmaq praktikası da var bəzi ölkələrdə, amma bu çətin prosesdir və xərci çoxdur.
Bu elə -belə gəlişigözəl sözlər deyil, həqiqətir.
NEFT KAPİTALI SU EHTİYATLARINA ÇEVRİLMƏLİDİR.
Su həyatdır, əkin- tikindir, ərzaqdır, floradır, faunadır, su gücdür, qüdrətdir.
Suzuluq səhradır.
Azərbaycanımızı səhralaşmağa qoymayaq!
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)
SABAH AĞ ÖLÜMƏ YOX DEYİLƏCƏK
Bakı, Sumqayıt və Gəncənin küçə və prospektlərində narkomaniya ilə bağlı maarifləndirici sosial çarxlar yayımlanır
26 İyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar təşkil edilən silsilə tədbirlər çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən narkomanlığın zərəri barədə incəsənət xadimlərinin iştirakı ilə hazırlanmış “Narkotik sərhədsiz fəlakətdir”, animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” və “802 qaynar xətt” adlı sosial çarxların Azərbaycan Dövlət Reklam Agentliyi vasitəsilə Bakı, Sumqayıt və Gəncə şəhərlərinin küçə və prospektlərdəki elektron lövhələrdə nümayişinə başlanılıb.
Bu barədə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Həmin sosial çarxların yayımlanması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.38-ci və 4.4.35-ci bəndlərinə müvafiq olaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində sosial maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədi daşıyır.
Qeyd olunan videoçarxların uzunmüddətli yayımlanması nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)
İyunun 27-də "Azərbaycan Oxucuları" Kitab Klubunun 1 yaşı tamam olur
Qısa müddətdə özünə xeyli auditoriya toplamağa müvəffəq olmuş “Azərbaycan Oxucuları" Kitab Klubunun 1 yaşı tamam oldu.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu münasibətlə klubçular Sabunçu Gənclər Evində bayram törəni təşkil edəcəklər. Törən iyunun 27-də, saat 11-də başlayacaq.
Tədbirin qonaq qismində: Sevilən yazıçılar; Əməkdaşlıq etdikləri nəşriyyatlar; Kitab bloggerləri; Kitab klubları klubçuların görüşünə gələcək.
Bəs tədbirdə qonaqları nə gözləyir?
Klubun 1 il ərzində həyata keçirdiyi fəaliyyətlə tanışlıq;
Qiraət saatı;
Uduşlu lotereyada iştirak edib nəşriyyat və sponsorlardan müxtəlif hədiyyələr qazanma imkanı;
Klubun 2 aylıq Üzvlük Kartını əldə etmə şansı.
Tədbirin sonunda baş tutacaq uduşlu lotereyada iştirak etmək üçün burada qeydiyyatdan keçmək olar:
https://forms.gle/ZKv3M4WJv6VzZZzf9
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)
“Gülə güllə atdılar…”- Əlizadə Nuri
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında yenidən sevilən şairimiz Əlizadə Nuri sizlərin görüşünə gəlib. Bu dəfə o, “Yorğunluq” deyir.
Yorğunluq
Allah göydə deyilsə,
O göy kimin göyüdü ?
Harda körpə dərd qalıb
Verin mənə böyüdüm…
Gülə güllə atdılar,
Dik tutmuşdu başını.
Bu yağışdı, yoxsa ki,
Göy üzündə vurulmuş
Quşların göz yaşıdı?!
Hər yanımı qan tutub,
Mən də belə adayam.
Get, o bayquşdan soruş-
Hansı xarabadayam…
…Eşq, nə yaman dərinsən?-
Girdim də batdım səni…
Ölüm, məni bağışla
Bir az yubatdım səni.
Qəmlə əylənirəm mən,
Bəs hanı tay-tuşlarım?
…Bu gün süfrə açmışam:-
Çağırın ac quşları…
Ölü balıqlar düşür,
Atdığım hər qırmağa.
Çox soyuqdu… gedirəm
Allaha sarılmağa…
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.
Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.
12-ci dərc
Layiqəni dinləyəndən sonra, dünən axşam saatlarından yaranan bəzi şübhələrim daha da güclənmişdi. Böyük ehtimalla səhv etmirdim. Rəqib bir neçə gedişi əvvəlcədən hesablaya bilən, mənim gedişlərimi oxumağa və adekvat cavab verməyə qadir birisidir.
Çox güman ki, heç bir iz verməyən polkovnikin hər-hansı aktiv addım atmadığını görəndən, ya da ki, onun özünü aşkar edə bilməyəndən sonra onun bu işi kiməsə həvalə etdiyini anlayıblar. Müəllimimlə münasibətlərim heç kim üçün sirr olmadığından həmin adamın mən olduğunu düşünüb yoxlamaq qərarına gəliblər. Əgər belədirsə, dünəndən oynadığımız gizlənpaç oyunu kifayət etməlidir ki, heç olmasa sabahdan yemişbaşı bir daha məni izləməyə göndərməsinlər. Səhər bunu yoxlamalıyam. Bu elə də çətin olmayacaq. Əgər ofislə üzbəüzdəki dayanacaqda yoxdursa, deməli yemişbaşa «dayan» deyilib.
Belə anlaşılır ki, bu yemişbaş onların qurduqları oyunun yalnız ilk fazasında istifadə olunan bir gedişdir. Bunun səbəbini özləri də qəşəng bilirlər. Bu fikirlərimdə tam əmin olmağıma bircə uyğunsuzluq imkan vermir. Əslində fikirləşdiklərim düzdürsə, dünən azdırdığım yemişbaşı daha izlənməyim üçün göndərməli deyildilər. Qarşı tərəfin bu gün «Nexia» markalı maşınla etdikləri manevr belə düşünməyimə əsas verir. Ancaq bunu etmədilər və bu gün ağacda işarə olub-olmamasını yoxlamaq üçün gedərkən yenə də adamın ofislə əks tərəfdəki dayanacaqda olduğunu gördüm. Bəs onda bu uyğunsuzluğun izahı nədir? Stop. Mümkündür ki, mənimlə paralel olaraq Arif müəllimin bir neçə bu işi tapşıra biləcəyi adamını da eyni üsulla yoxlayırlar. O zaman bu iki gündə hələ qəti bir qənaətə gəlmədiklərindən və hazırda araşdırmanı dediyim adamlardan hansının aparacağını bildmədiklərindən izlənməmi dayandırmayıblar. Bəli, bu halda hər şey yerini alır. Bu ehtimaldan başqa bir ehtimal da doğur. Ola bilər ki, elə dünən hər şeyin mənim üzərimdə qurulduğunu başa düşüblər. Sadəcə, mənim indi etdiyim təhlilləri onlar da edə biliblər və qənaətimin doğruluğuna məndə şübhə yaratmaq üçün yemişbaşı bir gün də artıq ofisin yaxınlığında saxlayıblar. Əgər belədirsə, onlar mənim düşündüyümdən də ağıllı adamlardırlar.
Deməli, sabah yemişbaşa «dayan» deyilərsə, bu mənim qarşı tərəf üçün bir nömrəli obyektə çevriləcəyimin sübutu olacaq. Bu halda «dayan», heç də hər şeyin dayandırılması anlamına gəlmir. Əksinə, onda daha peşəkar izlənməni gözləməliyəm. Onlar da gözəl başa düşürlər ki, polkovnikin belə bir ölüm işinin araşdırmasını tapşırdığı adam yemişbaş kimi birisi tərəfindən izlənilməz. Deməli, izlənmənin forması da dəyişəcək. Hansı formada, bunu zamana buraxaq.
Elə bu şübhələrimə əsaslanıb Layiqəyə çəkməçinin olduğu küçədə izləməni dayandırmasını, hələlik onluq bir iş olmadığı üçün səhər adi qaydada ofisə gəlməsini tapşırmışdım.
Bunları fikirləşə-fikirləşə piyada gəlib yaxınlıqdakı parka çatdım. Mənə verilmiş konvertin içindəkilərlə hələ tanış olmaq imkanım olmamışdı. Boş parkdakı skamyalardan birinə oturdum və konverti açdım. Bəli, mənə lazım olan ünvanlar Bakı şəhərinə aid idi. Üstəlik də lazım olan adamlardan təkcə biri dünyasını dəyişmişdi. Mənim üçün ən az əhəmiyyət kəsb edən biri. Üç ekspert kriminalistdən biri xəstəlikdən vəfat etmişdi. Ancaq bu, mənim lazım olacaq məlumatı alacağıma mane olmayacaqdı. Əsas fiqurantlardan ikisi sağ idi və Bakıda yaşayırdılar.
İndi qayıdaq birinci dəfə konvertdə verilən məlumatlara. Arif müəllim Səlimlə özünün məşğul olacağını, mənə isə ölmüş Səttarın yaxınları ətrafında kəşfiyyat aparmağı, ilk olaraq buradan başlamağı məsləhət görmüşdü. Müəllimimi yaxşı tanıdığım üçün bunun elə-belə deyilmədiyini bilirdim. Əgər deyirsə, deməli, bir səbəbi var. Üstəlik də, siyahıda ilk yerdə Səttarın oğlu barədə məlumat verilməsi dediklərimin vacibliyini təsdiqləyirdi. Deməli, vaxt itirmədən onunla görüşməli idim. Bununçünsə Xudata getməliydim.
Adətən mən mülahizələrimdə yanılmıram. Elə buna görə də, qismən doğrulması ilə kifayətlənib onların tam təsdiqlənməsini gözləmir, hərəkətə keçirəm. Əgər Layiqə ilə görüşümdən sonra gəldiyim qənaətlərimi doğru hesab edirəmsə və sabahdan başqa formada izlənəcəyəmsə, onda elə bu gecə yola çıxmalıyam.
Xudata özümlə quyruq aparmaq qətiyyən planlarıma daxil deyil. Yemişbaşın sabah gəlib-gəlməyəcəyini isə səhər Layiqə dəqiqləşdirər. Əslində, onun gəlməyəcəyinə yüz faiz əminəm. Əmin olduğum üçün də yola çıxmağa qərar vermişəm. Layiqə sadəcə bunu təsdiqləyəcək. Əgər hər şey düşündüyüm kimi getsə, yəqin ki, sabah axşamtərəfi şəhərdə olaram.
Şəhər telefonu ilə Layiqənin ev nömrəsini yığdım. Telefona özü cavab verdi. Lazım olan tapşırıqlarımı verib dəstəyi asdım. Hara gedəcəyimi isə demədim. Belə lazımdır.
Polis sıralarında işlədiyim illərdə də, sonrakı detektiv fəaliyyətimdə də araşdırdığım cinayətlərdə izləyən, axtaran tərəf mən olmuşam. Bu normaldır və əməliyyat-axtarış fəaliyyətində qəbul olunmuş qaydalara uyğundur. Amma indiki araşdırma əvvəlkilərə heç bənzəmir. İndi mən özüm izlənən tərəfə çevrilmişəm. Səbəbi də aydındır. Deməli, vəziyyətə uyğun da davranmalıyam.
Hələ maşın məsələsini də həll etməliyəm. Bu yaxınlarda maşınımı satdığım üçün dostlarımdan birinin maşınını götürəcəyəm. Yenə günorta yediyimin üstündəyəm. Gərək yüngül bir qəlyanaltı da edim. Belə olmaz, yoxsa gec-tez mədəmdə qastrit əmələ gələcək…
* * *
Motosiklçi uzaqlaşandan on beş dəqiqə sonra az əvvəl həmin villadan çıxan maşın sürətlə villaya yaxınlaşdı. Bayaqki gənc də maşının içində idi. Sürücü təlaşla darvazanın açılmasını gözləyib yenə də sürətlə maşını həyətə saldı və cəld darvazanı bağlayan düyməni basıb maşından düşdü.
Maşının gəldiyini görən yaşlı ev sahibi həyətə çıxıb həyəcanla soruşdu:
-Hər şey qaydasındadır, şübhəli heç nə görmədin ki?
-Yox, elə bir şey olmadı, siz zəng edən kimi maşını fırladıb geri qayıtdım.
Bu zaman maşından düşən təxminən iyirmi iki-iyirmi üç yaşlı gənc üzünü yaşlı adama tutub dedi:
-Baba, nə baş verir, niyə qoymadın məşqimi edim?
-Belə lazımdı, bala. Bu gündən məndən icazəsiz evdən çölə bir addım da atmırsan.
-Axı niyə?
-Bunu sənə deyə bilməyəcəm. Sadəcə, nə deyirəmsə, onu elə.
Yaşlı adam yaxınlaşıb nəvəsinin boynunu qucaqladı. Onun nəvəsini necə çox istədiyi aşkar hiss olunurdu. Kişi qucaqladığı nəvəsini bir qədər də özünə sıxıb sanki öz-özü ilə danışırmış kimi təkrar-təkrar deməyə başladı:
-Hər şey yaxşı olacaq, bala, yaxşı olacaq, yaxşı olacaq.
Ağlı kəsəndən bəri zəhmindən yer yarılan, çoxlarının çəkindiyi babasını heç vaxt bu vəziyyətdə görməyən gənc susub sakitcə babasına baxır, nə deyəcəyini bilmirdi.
* * *
Dünyada risklə müşayiət olunan bir çox peşələr var ki, həmin peşələrin hansılar olduğunu çoxunuz bilirsiniz. Məsələn, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, yüksəklikdə işləyənlər, külli miqdarda pulları daşıyan inkassatorlar, minatəmizləyənlər və sairə. Bu siyahını kifayət qədər uzatmaq olar. Ancaq sizin bilmədiyiniz bir peşə də var ki, o da riskli peşələr siyahısına aiddir. Bu peşə, «məişət texnikası satışı ilə məşğul olmaq» adlanır. Deyə bilərsiniz ki, burada riskli nə var ki? İndi deyəcəyəm. Bu peşənin riskli peşələr qrupuna daxil edilməsinin səbəbkarı və banisi indi mənim xəstəxanaya yanına baş çəkməyə getdiyim dostum Soltandır. Soltanı bir həftə əvvəl məişət texnikasının satışı ilə məşğul olan mağazada mənim xahişimlə işə götürüblər. Üç gün əvvəl isə Soltanın tərifləyərək satdığı iki min manatlıq soyuducunun səhərisi gün xarab olmasını görən bir kişi mağazaya gəlib ona yaxınlaşıb və soyuducunu dəyişməyi tələb edib. Satıcı kimi bu barədə mağaza rəhbərliyinə məlumat vermək əvəzinə Soltan kişiyə, -Əşşi xarab olub, olub da, burda nə var ki, düzəltdirərsən, -deməklə onsuz da əsəbi olan kişini son dərəcə qəzəbləndirib və kişi Soltana soldan yaxşı bir yumruq ilişdirib. Nəticədə, aldığı gözlənilməz zərbədən çənəsi sınan Soltanı xəstəxanaya, qəzəbli kişini isə polis bölməsinə aparıblar. Məndə olan son məlumata görə, heç vaxt danışığını bilməyən Soltan indi ümumiyyətlə ağzını açıb danışa bilmir, qəzəbli kişininsə qəzəbi peşmançılıq qarışıq məyusluqla əvəz olunub.
Əlbəttə, deyə bilərsiniz ki, burada Soltanın danışığını bilməməsi rol oynayıb, məişət texnikası satışının bura nə aidiyyəti var? Razıyam, ancaq hər peşənin öz incəlikləri var, burada sadəlövh dostumun təkcə danışığını yox, ticarətin incəliklərini bilməməsi də böyük rol oynayıb-«müştəri həmişə haqlıdır!». Bizim halda da, müştəri səbirsizlik göstərib yumruğunu işə salana qədər haqlı idi. Mən məhz bu kontekstdən yanaşaraq dostumu məişət texnikası avadanlıqları satışının riskli peşələr sırasına daxil olmasının banisi hesab edirəm.
Mağazadakı tanışlarım baş verənlər barədə elə həmin gün mənə məlumat versələr də, hələ xəstəxanaya getməyə vaxtım olmamışdı. İndi iki şeyi birdən edəcəkdim. Həm çənəsi sınmış dostuma baş çəkəcək, həm də maşınını istəyəcəkdim.
Ziyarət üçün gec olsa da xəstəxananın gözətçisinə etdiyim xahişə əlavə olunan beş manatlıq əskinas içəri keçməyimə heç bir maneə yaranmamasına öz töhfəsini verdi və bir dəqiqədən sonra mən Soltanın yatdığı palatanın qarşısında idim. Palataya girəndə Soltanı televizora baxan gördüm. Məni görcək dostumun üzündə bir anlıq sevinc hissləri əmələ gəldi. Ancaq yalnız bir anlıq. Çünki sevincdən çənəsinin sındığını unudan Soltan qəfildən ağzını açıb nəsə demək istədikdə çənəsində yaranmış ağrıdan bu ani sevinc iztirabla əvəz olundu və bu ağrı dolu iztirab dostumun simasının bütün əzalarında özünü büruzə verdi.
-Halına acıyıram.
Bir qədər istehza ilə dediyim sözlər, əslində çox yaxşı oğlan olan dostumun heç vaxt danışığını bilməməsinə bir işarə idi.
Soltanın cavabında çıxardığı anlaşılmaz səslərdən bir şey başa düşməsəm də, gözlərindəki ifadədən istehzamı anladığı məlum olurdu.
Danışmaq cəhdlərinin uğursuzluqla nəticələndiyini və dözülməz ağrılarla müşayiət olunduğunu az əvvəl bir daha sınaqdan çıxarmış Soltan bu dəfə sadəcə məzəmmət dolu baxışlarla mənə baxdı.
-Mənə əyri-əyri baxma. Demişdim danışığına fikir ver? Bax yenə başına bəla açdın.
Soltan bu dəfə başını aşağı saldı. Bu, fikirlərimlə razılaşmasının əlaməti idi. Çünki təxminən iki ay əvvəl aramızda onun bu xasiyyəti barədə söhbətimiz olmuşdu və ona xəbərdarlıq etmişdim. Niyə? İndi deyim, bilin. Düz iki ay əvvəl Dənizkənarı bulvarda gəzən Soltan uzaqdan Xankişi adlı tanışına bənzəyən birini görüb, həmişə çığırdığı kimi, qısa şəkildə,-«Ay Kişi, ay Kişi», - deyə onu səsləyib.
İrəlidə gedən kişi çönüb baxanda Soltan onun başqası olduğunu, səhv saldığını görüb, üzr istəmək əvəzinə kişiyə nə desə yaxşıdır? -«Get, get, elə bildim kişisən»…
Bu sözlərdən sonra orada olan bulvar mühafizəçiləri Soltanı zorla o kişinin əlindən alıblar.
İndi nəyə işarə vurduğumu gözəl başa düşən dostumun başını aşağı salmaqdan başqa çarəsi qalmamışdı.
-Yaxşı, onsuz da danışa bilmirsən, mənsə tələsirəm. Bir şeyə ehtiyacın varsa, de.
Soltan, «yox» mənasında başını yellədi.
-Onda de görüm maşının haradadır? Bu gecə mənə lazım olacaq.
Soltanın işarə ilə başa saldıqlarından belə məlum oldu ki, maşını evinin qarşısında, açarı isə qardaşındadır.
-Daha gedim. İşim çoxdur.
Sağollaşıb qapıya tərəf getdim. Əlimi qapının dəstəyinə uzadanda dayandım, çönüb Soltana tərəf baxdım:
-Səni vurduğuna görə o kişi günahkardır. Belə etməli deyildi. Amma bir işdir olub, insandır, ailə başçısıdır, çalış şikayətçi olma.
Soltan razılıqla başını tərpətdi. Hiss olunurdu ki, özü də belə qərar verib.
Qapını açıb palatadan çıxdım. Soltanın qardaşı ilə də yaxşı münasibətim var. Əvvəlcə ona dəyib açarı götürəcəkdim. Maşınımı satandan sonra, onsuz da maşından çox az istifadə edən dostum, özü mənə avtomobilini idarə etməyim üçün etibarnamə verməyini təklif etmişdi. Bunu qardaşı da bilirdi. Gözətçi əmi ilə sağollaşıb xəstəxanadan çıxdım.
* * *
Ayaqları möhkəm ağrısa da, axşam gələn zənglə onu bezdirmiş izləməni dayandırıb səhər həmişəki kimi villaya gəlmək tapşırığını alan Eyvaz dünən gecə çox sevincək halda yatağına uzanmışdı.
İndi də, həmin sevinc hissi ilə yuxudan oyanıb iştahla səhər yeməyini yemiş, son iki gündə onu yoran bu tapşırığın nəhayət ki, bitməsinə şükür edə-edə villanın qapısından içəri girirdi.
«Qızılbaş» həyətdə divar boyu əkilmiş qızılgülləri sulayırdı. Bu, onun aləmində bir növ səhər idmanını əvəz edirdi. Eyvazın həyətə girdiyini görən “Qızılbaş” tüstülətdiyi siqarını dodaqları ilə ağzının kənarına verib dedi:
-Gəl, Eyvaz, gəl. Yaxın gəl. Danış görək, nə gördün?
-Sabahınız xeyir. Heç bir şey görmədim. Elə dünən dediyim kimi, ofisi axşama qədər açan olmadı.
-Bilirəm, bilirəm. Ürəyini sıxma. Qoy açmasınlar. Bizim əlimizdən indiyə qədər kim qaça bilib ki?
«Qızılbaş»ın kefi kəlləçarxa vururdu. Əvvəla başladıqları oyunda polkovnikin əsas adamının kim olduğunu artıq müəyyən etmiş, adamın çəkməçi ilə etdiyi fəndi özünə qarşı yönəldərək onu tamamilə yanlış bir istiqamətə, Xırdalan şəhərinə yönəltmişdi. Təbiətcə oyunçu olan «Qızılbaş» bunları düşündükcə ləzzət alır, kefi daha da kökəlirdi.
Üstəlik də, iki gecədir onu səhərəcən yatmağa qoymayan qızları dünən axşam, şam yeməyindən sonra yola salmış, bütün gecəni yatıb yuxusunu almışdı. Eyvazın hələ də dayanıb gözlədiyini görən «Qızılbaş» üzünü ona tutub dedi:
-Sən keç evin dalına, yaxşı bir samovar qaynat. Mən idmanımı qurtaranda çay hazır olsun.
«Qızılbaş»ın şakərlərini yaxşı bilən Eyvaz onun «idmanımı» sözünə təəccüblənmədi. “Baş üstə”, -deyib cəld villanın arxasındakı, bir növ, kənd həyatını xatırladan, odunxana adlanan yerə tərəf getdi.
Davamı var
“Ədəbiyyat və incəsənət”
(26.06.2023)