Super User

Super User

 

Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” bədii filmi Yunanıstanda keçirilən 5-ci Beynəlxalq Kimolos Film Festivalının (The 5th Kimolos International Film Festival) “Qızıl ağac” mükafatına layiq görülüb.

 

AzərTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona” kino şirkətinin birgə istehsalı etdiyi filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo, operatorları Oktay Namazov və Adil Abbasov, rəssamı Rafiq Nəsirov, prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüseri İradə Bağırzadədir.

Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə əsas rollarda Elşən Əsgərov, Natəvan Abbaslı və Qurban İsmayılov çəkiliblər.

Qeyd edək ki, “Mərmər soyuğu” ötən il Tallinn “Qara Gecələr” Film Festivalında “Ən yaxşı aktyor”, Almatı şəhərində keçirilən 16-cı Avrasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı rejissor” nominasiyalarında mükafatlara, bu il isə Fransanın Vesoul şəhərində 29-cu Asiya Filmləri Beynəlxalq Festivalında (Festival International des Cinémas d'Asie) jürinin əsas mükafatına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2023)

Monday, 03 July 2023 14:15

Azərbaycanlı pianoçunun uğuru

Amerika Bəstəkarlar Forumunun məşhur brendi kimi fəaliyyət göstərən “Innova Recordings” bu yaxınlarda dünyanın müxtəlif ölkələrindən təqdim edilən çoxsaylı layihələr arasından on beş musiqi layihəsinin seçimini elan edib. 

 

AzərTAC xəbər verir ki, hər il dünya musiqi arenasında fərqlənən əsərlərin, ifaçıların seçimini aparıb onların təbliğatı ilə məşğul olan bu təşkilatın hazırkı seçiminə pianoçu Humay Qasımzadənin ifasında müasir Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət albom da layiq görülüb. 

Mükafatlandırılmış albom bəstəkarlar Ayaz Qəmbərli, Tahir İbişov, Türkər Qasımzadə, Səid Qəni və Elmir Mirzəyevin fortepiano üçün əsərlərindən ibarətdir. “Innova Recordings”in mətbuat üçün buraxılışında həmin bəstəkarların yaradıcılığı barəsində qeyd edilir ki, Qərbin fərqli müasir musiqi təmayüllərinin yer aldığı bu bəstəkarların əsərlərində ümumən Azərbaycan milli musiqi ənənələrindən bəhrələnmə təbiidirsə də, onların yaradıcılığını daha çox Yaxın Şərq bəstəkarlarına xas olan “ekzotika”, yaxud “oriyentalizm” qəliblərində dəyərləndirmək doğru deyil. Başqa sözlə, onların musiqisi ənənəvi Şərq musiqi ladlarından istifadədə hansısa qabarıqlığı şərtləndirən estetikadan uzaqdır, Azərbaycanın ənənəvi xalq musiqisindən birbaşa iqtibaslardan, imitasiyadan xali bir konstruksiyada diqqət çəkir. 

Humay Qasımzadə ifa etdiyi əsərlərin müəllifləri ilə uzun müddət əməkdaşlıq etmiş və albomda təmsil olunan bəzi əsərlər məxsusi olaraq onun sifarişi ilə yazılıb. 

Bu da xüsusi olaraq qeyd edilməlidir ki, beynəlxalq səviyyədə qəbul edilən albomdakı bəzi əsərlər Humay Qasımzadənin ABŞ-da Bolinq Qrin universitetində müdafiə etdiyi doktorluq dissertasiyada araşdırma obyekti olub. Universitetin elmi şurasının qərarı ilə həmin dissertasiya ilin ən yaxşı elmi əsəri mükafatına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənətə

(03.07.2023)

Rəsm qalereyası: Nərmin İsmayılzadə, Laçındakı Ağoğlan monastırı

Bu gün Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri açılır. Premier LTD agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən caz günləri bu il Heydər Əliyev Mərkəzinin dəstəyi ilə baş tutur.

 

Artıq 5-ci dəfədir ki, təşkil edilən festivalın konsertləri qapalı məkanlarla yanaşı, açıq havada da təqdim ediləcək. Əvvəlki illərdə olduğu kimi, bu il də caz günlərinin proqramı olduqca zəngindir.

Festivalın açılışında – iyulun 3-də Heydər Əliyev Mərkəzinin Auditorium zalında Türkiyənin məşhur gitaraçısı Önder Focan caz vokalçısı Meltem Ege ilə çıxış edəcək. 

Elə həmin gün festivalın əsas konsertlərindən biri baş tutacaq. Heydər Əliyev Mərkəzində pianoçu Elçin Şirinovun israilli həmkarları ilə çıxışı olacaq. 

Park ərazisindəki konsertlərə giriş sərbəstdir.

Festival iyulun 7-də başa çatacaq.

 

Auditorium zalındakı konsertlərin biletlərini şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2023)

İyulun 2-də Bakı Konqres Mərkəzində türk pop musiqisinin məşhur ifaçılarından olan Demet Akalının konserti təşkil olunub.

 

Sənətə gəldiyi andan qısa zamanda böyük pərəstişkar kütləsi toplayan müğənni öz repertuarında olan mahnılarla növbəti dəfə Bakıda pərəstişkarları qarşısında çıxış edib. 

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2023)

“GÜZGÜ” FİLM FESTİVALI İYUNUN 30-da AÇILIB

 

Son vaxtlar müxtəlif kino forumlarında həm filmlərlə, həm də münsiflə təmsil olunmağımız bir dəb halı alır. Budur növbəti belə hal: prodüser, rejissor Fariz Əhmədov Andrey Tarkovski adına XVII Beynəlxalq “Güzgü” Film Festivalının münsiflər heyətində yer alıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bununla bağlı festivalın rəsmi saytında məlumat yerləşdirilib.

Festivalın müsabiqə proqramında 12 ölkədən 8 film iştirak edəcək.

Münsiflər heyətinin sədri Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Anatoli Vasilyevdir.

Festivalın açılışı iyunun 30-da Andrey Tarkovski haqqında sənədli filmlə reallaşıb.

Andrey Tarkovski SSRİ dönəminin ən məşhur kino və teatr rejissoru olub, bütün nüfuzlu mükafatları qazanıb, ömrünün son illərini Avropada mühacirətdə keçirib. 

Bağlanış filmi isə Kann Film Festivalında mükafat almış “Tənəzzülün anatomiyası” filmi olacaq.

Fransız rejissoru Jüstin Trieyə aid bu filmdə baş rolu Sandra Hüller oynayır. 

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2023)

“Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq. 

Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanln təqdimatında bu gün Əkbər İsmayili (Qalan) öz şeirləri ilə hüzurunuzdadır. 

O, “İncə ehtiraslar” və “Gəzəndə” söyləyəcək. 

 

İNCƏ EHSASLAR

 

İlham dağılıb şeirimə

İncilər tək səpələnmiş,

Duyğumda gərəkdir

Dağılıb dəftərə, ehsas səhifələnsin

Gözlərimdə boğulan

Dum-duru göz yaşlarım ancaq

İstər calanıb

İncə ehsaslar ələnsin...

 

 

GƏZƏNDƏ

 

Gəzəndə 

Baxışlarında gəzirəm 

Sankı!

Düşlərimdə

Bir qucaq dolu Ümidlə

Sankı!

Xəyalımın, ucsuz-güşəsiz dənizində

Özləmsiz

Ümidli.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2023)

Bu günlərdə Londonda yazıçı Vaqif Sultanlının “Kulikovo döyüşü” (“The Battle of Kulikovo”) adlı roman və hekayələrdən ibarət kitabı nəşr olunub.  “Rossendale Books” nəşriyyatının yayınladığı kitabı ingilis dilinə professor Abbas Qurbanoğlu, Cavid Abbaslı və Pərvanə Paşa çevirmişlər.

 

Əlamətdar hadisə ilə bağlı “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Vaqif Sultanlıya müraciət etmiş və ondan aşağıdakı bilgiləri almışdır.

Qeyd edək ki, “Kulikovo döyüşü” Vaqif Sultanlının  ingilisdilli oxuculara təqdim olunan ilk kitabı deyildir. Belə ki, yazıçının roman və hekayələrdən ibarət  “İnsan dənizi” (The Human Sea), “Ölüm yuxusu” (The Dream of Death), “Tərs axın” (Reverse flow), “İlan əfsanəsi” (The Legend of Snack), “Kor düyün” (A Blind Tie), “Səhra savaşı” (Struggle in the Desert) kitabları müxtəlif dövrlərdə, ayrı-ayrı yayın evləri tərəfindən İngiltərə və Amerikada nəşr olunmuşdur.“Ölüm yuxusu” romanı Danimarkada, daha sonra professor Tamara Dragadzenin redaktəsi ilə Kembric Universiteti tərəfindən təkrar yayınlamışdır. Habelə Vaqif Sultanlının tərtibatında (Dr.İrəc İsmayılla birlikdə) “Müasir Azərbaycan nəsri” (Modern Azerbaijani Prose, 2012, 2019) və “Müasir Azərbaycan qadın nəsri” (Modern Azerbaijani Women’s Prose, 2014) antolo­giyaları ABŞ oxucularına təqdim edilmişdir.

“Kulikovo döyüşü” kitabına müəllifin yaradıcılığında önəmli yer tutan “Səhra savaşı” romanı, çeşidli dönəmlərdə qələmə aldığı “Yarpaqsız budaqların yaşıl nəğməsi”, “Və­tən”,  “Səhər dumanı”, “Mağara”, “Xurmayı saçlar”,  “Qütb gecəsi”, “Kor düyün”,  “İlan əfsanəsi”,  “İlğım”, “Nəvayi-Qumru”, “Kufi xətti”, “Zolaqlı yuva”, “Çarpaz kölgə” və başqa hekayələri  daxil edilmışdır. Kitaba ad olaraq seçilən “Kulikovo döyüşü” hekayəsində tarixlə müasirlik özünəməxsus şəkildə çarpazlaşdırılmış, Türk etnosunun keçmişi, bugünü və gələcək taleyi ilə bağlı düşüncələr canlandırılmışdır.

İngilis yazıçı və ədəbiyyatşünası Dr.Maykl Brannokun redaktəsi ilə nəşr edilmiş kitabdakı roman və hekayələri birləşdirən ümumi cəhət onların daxili-mənəvi ovqata köklənərək qələmə alınması, mövzu-problem baxımından aktuallıq daşıması, çağdaş dünyada insan taleyinə münasibətdə özünü göstərən və get-gedə dərinləşməkdə olan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə probleminə etiraz motivləri ilə seçilməsidir.

Kitabı amazon.com, lulu.com, books.google.com, bookland.com, ebay.com, scribd.com, waterstones.com, barnesandnoble.com və digər saytlardan sifariş yolu ilə əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

  (03.07.2023)

 

Monday, 03 July 2023 13:30

Çin sərgisini hamı sevdi

Xəbər verdiyimiz kimi, Bakıda Çin sərgisi fəaliyyət göstərirdi. Martın 29-dan ta ki iyunun 30-dək. 

Çinə ölkəmizdə maraq böyükdür. Mübaliğəsiz deyə bilərik ki, bu marağın arxasında ölkəmizə daşınan ucuz Çin malları dayanırdı, indisə bu şərq ölkəsinin mədəniyyəti də diqqət mərkəzindədir. 

“Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin Azərbaycan Milli İncəsənət Muzeyində açılması diqqətçəkən idi.  Bu sərgi Çinin 2016-cı ildən başlanmış genişmiqyaslı layihəsinin multikultural sərgilər silsiləsi çərçivəsində davam etdi. Və kifayət qədər də auditoriya topladı. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgi üçün ayrılmış ekspozisiya zallarında Çin incəsənətinə məxsus qədim tanrılar və müdriklərin heykəlləri, rəsm əsərləri, məişətdə istifadə olunan toxuculuq məhsulları, çini vazalar, mebellər və s. nümayiş olunurdu. Təşkil edilən sərginin ekspozisiyası Çin fəlsəfəsinə uyğun olaraq semantik məna daşıyırdı. 

Xatırladaq ki,  “Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin açılış mərasimi 2023-cü il martın 29-da Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə baş tutmuşdu. 

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2023)

“Ədəbiyyat və incəsənət” portalı fizika elmləri doktoru, dosent, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyevin Azərbaycan - Özbəkistan əlaqələrindən bəhs edən yazısını təqdim edir. 

 

Səmərqənd Dövlət Universitetinin professoru, uzun zaman Özbəkistanda fərqli univürsitetlərdə rektorluq görəvi yapmış, sözün tam mənasında Azərbaycan sevdalı Əzəmət Əkbərov Azərbaycana gələrək Odlar Yurdu Azərbaycanımızı dünyada tanıdacaq bir kitab yazmaq istədiyini bildirdi və bu işdə ilk xeyir-dua almaq üçün professor Mahirə xanım Hüseynova ilə görüşmək istədiyini bildirdi. Görüşə birgə getdik. Sadəliyi, ziyalılığı, insanlığı, zəkası ilə hər zaman fərqli olan Mahirə xanım bu görüşdə də özbək tədqiqatçının könlünü dərindən alıb, Azərbaycanla bağlı düşüncələrini gülü-Gülüstana gətirdi. Professor Əzəmət Əkbərovun "Mahirə xanım, mən 40 gün ərzində Azərbaycanı qarış-qarış gəzdim, dolandım, izninizlə bir möhtəşəm tanıtım kitabı yazmaq istərdim", - deməsinə Mahirə xanım: "Əfəndim, Sizin bu nəcib təşəbbüsünüz o qədər alidir ki, mən sizin əməyinizi Mahmud Kaşğari məqamı ilə dəyərləndirirəm", - deyərək gələcək kitab müəllifinə sonsuz motivasiya və stimul verdi. 

 

Bəli, Mahirə xanım hər zaman iti zəkası və dərin düşüncəsi ilə ən dərin könülləri də fəth edə bilir, yetər ki, o könüldə eşq, ruh, bəşərilik olsun. 

Ona görə də dərin hörmət və sayğı duyduğum, böyük missiya görəvlisi professor Mahirə xanım Hüseynovanın ibratamiz fəaliyyətini türk dünyasının ünlü şairi, yazarı Əhməd Nəcip Fazıl Kısakürəyin bir beyt şeiri ilə əlaqələndirmək istərdim. 

 

Ağıl ağıl olsaydı adı könül olurdu, 

Könül könlü bulsaydı bozkırlar gül olurdu...

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.