Super User
Qarayev məktəbi
“Ədəbiyyat və incəsənət” portalı Sadiq Qarayevin “Qarayev məktəbi” yazısını təqdim edir.
Atamdır deyə bunları yazmıram, bəlkə kiməsə, xüsusilə gənclərə faydası olar deyə yazıram.
Mən Ondan çox şey öyrəndim.
Qarayev deyirdi:
-Ən pis xüsusiyyət yaltaqlıq və tamahkarlıqdır. Özündən vəzifəcə böyüklərlə oturub-durmağa cəhd eləmə.
Buna misal da gətirirdi ki, Gəncədə oxuyanda şahidi olmuşdur ki, bir dəllək 4- 5 vəzifəli dostuyla yeyib- içirdi. Mən baxırdım ki, onlar dəlləyi ofisant kimi ora-bura buyrurdular.
-Özündən imkanlı insanlarla dostluqdan da qaç. İki dəfə o sənə qonaqlıq verəndə bir dəfə sən verməlisən, edə bilməsən ta bu dostluq yox, qarın otarmaqdır.
Qarayev ALLAHA və elmə inanır. Başqa heç nəyə. Nənəmgil deyirdi ki, o, yeniyetmə olanda gecə görürmüşlər ki, çiyinlərində və alnında işıq yanır. Bunu gedib bir mollaya deyirlər. Molla deyir ki, öz sidiyindən ayağına tökün. Başqa bir mollasa deyir ki, siz onu murdarladız. Yoxsa O ya pəhləvan , ya da seyid olacaqmış.
Mən bu hadisəni dədəmdən soruşanda, gülüb deyirdi:
- O vaxtlar elektrik lampası zadı yox idi. Gecə qaranlıqda yun, ya sintetik köynəyi sürətlə dartıb başımdan çıxaranda, elektriklənib, ani işıq saçırmış, nənəngil də təhsilsiz adamlardı, elə bilirmişlər nurlanırmışam))
Qarayev doğrudan da pəhləvan kimiyidi, çəkisi heç vaxt 65 kq-dan yuxarı olmayıb. Ancaq danışırlar ki, heç kim onun kürəyini yerə vura bilməyib.
Bir dəfə üzüm bağlarında idik, qonşu kənddən bir kişi vardı, dirəndi ki, Qarayev, gəl güləşək. Nə qədər etdisə, atam güləşmədi.
Mən pis oldum, yolda soruşdum ki, qorxdun, niyə güləşmədin? Gülüb dedi:
- Sən də onunla eyni ağıldasan. Kişi heç nədən qorxmaz. Onun anası yanında idi. Ananın yanında oğlu yıxmaq olmaz. O qanmır, mənə nə gəlib..
Qarayevə kim söyləsəydi ki, belə qəribə, qorxulu, əcaib yuxu görmüşəm, zarafatla deyərdi ki, gic adam gic yuxular görər.
Mən onun yuxu yozmaq, fal, filana baş qoşduğunu görmədim.
Və ya kimsə desəydi ki, gözümə nəsə görsəndi, qulağıma səs gəldi, cin, şeytan , filan, deyərdi ki, normal adamlarda belə şey olmur, yəqin ağlın qaçıb.
O, həm də bu sözləri elə zarafatla deyərdi ki, heç kim inciməzdi. Bir dəfə yaxın bir qohum sayıqlamağa başlayır ki, nur, mələk görürəm, səs eşidirəm və s. Hamı da yığışıb başına, sakit dayanıb ki, bəs gözlüyün buna vergi verirlər. Dədəm gəlir, baxır ki, yazıq qızdırmadan ölür, həkim çağırırlar, iynədən sonra özünə gəlir.
Yoxsa ki, bədbəxt əldən gedəcəymiş.
Qarayev mənə deyirdi:
-Kişi hər şəraitdə soyuqqanlı olmalıdır. Həyatdır, hər şey ola bilər. Məsələn, mən səhər ölə bilərəm və ya başqa hadisə olar, burda qeyri- adi bir şey yoxdur. Onda sən özünü itirmə.
Nənəm rəhmətə gedəndə çox qohum əqraba, hamısı da anam tərəfdən , (dədəmin heç bir qohumu, qardaşı, filanı yoxdu) 40 gün saqqal saxladı. Dedilər, qoy Qarayev tək olduğunu hiss etməsin. O neylədi, 3- cü gün üzünü qırxdı. Dedi, üzüm qaşınır. Mənə isə dedi ki, insana sağlığında hörmət qoyarlar.
Qarayev qeybət etməzdi, heç bunu bacarmırdı da. Çünki, heç insanların çoxu haqqında məlumatı yox idi. O Eynşteyni, Napoleonu vəs. tanıyırdı. Anam soruşurdu ki, filankəsi tanıyırsan, deyirdi yox. A kişi, o filankəsin filanıdı, onu da tanımırsan? Əsəbləşib deyirdi ki, onları tanımağa borculuyam?
Məndə də bu xüsusiyyət var, hey soruşurlar ki, filankəsi tanıyırsan, filan yerdə işləyir, naxçıvanlıdı və s. Deyirəm VALLAH tanımıram..
Qarayev çox işlərdə işlədi, ancaq heç vaxt kommunist partiyasına girmədi. Bir dəfə səbəbini soruşdum. Dedi, təklif etdilər, kimsə 50 rubl şirinlik istədi. Mən də düşündüm ki, pullu partiya mənə lazım deyil. Dedim, bu əsl səbəb ola bilməz. Əsəbiləşib dedi ki, o partiya xırda ticarət üstündə atamı tutub, 10 il iş verdi, gedər gəlməzə getdi yazıq. Nənən 4 yetimi it zülmüylə böyütdü…
Mən heç vaxt Qarayevin kiminləsə mübahisə etdiyini, dalaşdığını və ya şit zarafat etdiyini, kiminsə eybini lağa qoyduğunu görmədim. Onun zarafatından heç kim incimədi, çünku insan şəxsiyyətinə toxunmazdı.
Qarayev həm də sadəlik simvolu idi. Əqli, fiziki, xarakter baxımından əksəriyyətindən güclü olmasına baxmayaraq, həmişə məclisdə aşağıda oturar, yuxarı qaçmazdı. Bir dəfə səbəbini soruşdum, gülüb, dedi:
-Yerin nə fərqi var, yuxarıda oturanda adamın ağlı artır? Ya kvadrat tənlik beyninə girir? Həm də sən necə, hardan baxıb, sübut edərsən ki, ora yuxarıdır?
Nəhayət, Qarayev məndə elmə maraq yaratdı. Heç vaxt vəzifə, ticarət, pul qazanmaqdan danışmadı. Elə bil alimlər aləminin sakiniydi.
Qarayev mənim Kimya, biologiya, fizika, riyaziyyatdan ilk müəllimimdir. İndi də o, bu elmlərin əsas qanunlarını bilir.
Anam yaylaqda qoyunun dərisini vannanın üstünə atıb, yununu qırxırmış. Qarayev o tərəfdən gəlirmiş. Anam soruşur:
- A kişi, deyə bilərsən, bu qoyun niyə qaçmır?
- Elə bilirsən bilmirəm, ayaqlarını bağlamısan.
- ALLAH evini tiksin kişi, görmürsən bu qoyunun özü yox, dərisidir?
Yenə yaylaqda, dana gedir, Qarayev onu geri qaytarmaq istəyir, düşür dalına, dana qaçır. Babam hirslənib anama xitabən deyir:
- Lala, sən düz deyirsən, bu diplomu oğurlayıb, yandan getmək əvəzinə, dananın dalınca düşüb.
Qarayevsə belə cavab verir:
- Bizə institutda dana qaytarmaq öyrətməyiblər.
Aha, Qarayev, bu da sənin və Lalazərin ad gününə kiçik yazı ilə təbrik töhfəsi. Akademik, olmasa xalq yazıçısı, filosof, heç olmasa nazir filan olmadın ki, indi sosial şəbəkələr çal-çağırla qeyd etsinlər.
Amma bir işdə xətrimə dəyib: Soruşdum, mənim kitablarıma hansı qiyməti verirsən?
-3 vermək olar. -deyib gülümsədi.
O gün danışdım, dedi hərdən gəl, sifətin yadımızdan çıxmasın.
Gələcəyimi biləndə 25 il əvvəl olduğu kimi mən çatana qədər 10 dəfə körpüyə çıxıb, evə gələr...
Bu yazını Qarayevə oxusam, bilirsiz nə deyər?
- Belə faydasız işlərlə məşğul olma.
Ad gününüz mübarək ata, ana.
Biz 8 uşaq sizdən razı qaldıq, ALIAH da sizdən razı olsun.
ALLAH bütün atalara , analara can sağlığı versin, ölənlərə rəhmət eyləsin.
“Ədəbiyyat və incəsənət”
(04.07.2023)
“Zaman, onu öldürənləri əsla sevmir” – Luis Kerroll
“Ədəbiyyat və incəsənət” portalı “Qısa fikirlər xəzinəsi”ndə bu dəfə Luis Kerrolun aforizmlərini təqdim edir. Toplayanı və tərtib edəni: C.Məmmədovdur.
Luis KERROLL:
Hara gedəcəyinizi bilmirsinizsə, istənilən yol sizi ora aparacaq.
***
Zaman, onu öldürənləri əsla sevmir.
***
Meşə ağacları bizim onlara verdiyimiz adla çağırılmadıqca səsimizə hay verməzlər.
***
Əgər Zamanla yaxşı münasibət saxlasan, o da saatı sən istədiyin kimi göstərər.
***
Hər kəs öz işiylə məşğul olsaydı, Dünya indikindən daha sürətlə fırlanardı.
***
Əminəm ki, ən yaxşı həyati məsləhət budur: ölmək istəmədiyin yerdə yaşamağına dəyməz.
***
Yer kürəsi fırlanır ona görə ki, bəzi adamlar başqalarının işlərinə burunlarını soxmurlar.
***
Siz əgər həmişə tələsirsinizsə, möcüzəni əldən qaçıra bilərsiniz.
***
Bilirsənmi, savaşda ən böyük itikilərdən biri – başın itirilməyidir.
“Ədəbiyyat və incəsənət”
(04.07.2023)
Sağlam yaşamağın bir sirri də bu yazıdadır
Mədəni, elmli və gözəl insan xalqın genfondunda əsas yer tutur. Bütün bu məziyyətlər isə sağlam yaşam tərzindən qaynaqlanır. Yəni, sağlam həyat sürən adamın beyni elmi dərk etməyə, ruhu mədəniyyəti qəbul etməyə, cismi də gözəl qalmağa rahatlıqla nail olur. Və sağlam yaşam tərzinin bir sirri də sağlam qidalanmaq, bütün vitamin və mikroekenenləri qədərincə qəbul etməkdir.
“Ədəbiyyat və incəsənət” portalının bu dəfə açmaq istədiyi mövzuya, düşünürük ki, heç bir oxucu biganə qalmayacaq.
Ölkəmizin qida əlavələri və kosmetik məhsullar bazarında son vaxtlar sensasiyalı xəbərlər dolaşır. Millət vəkili Rüfət Quliyev bir neçə dəfə bitki yağı adı altında insanlara tərkibi məlum olmayan qatqılar sırıyan, bununla da insanlarımızın sağlamlıqlarına zərbə vuran işbazları sosial qınaq müstəvisinə çıxarıb.
Bu arada sözügedən bazara qısa müddətdə ildırım surəti ilə daxil olan, üstün keyfiyyəti və nəfis tərtibatı ilə seçilən, apteklərdə böyük təlabat duyulan “Ataşah” yağ məhsulları diqqətimizi çəkməkdədir. Hazırda bu yağlar 6 çeşiddə alıcıya təqdim olunur.
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı şirkət rəsmiləri Paşa Məcidova və Fuad Nəsrullayevə müraciət edərək “Ataşah” yağları barədə ayrı-ayrılıqda oxucularımıza məlumat verməyi xahiş etmişdir. Və bir də, öyrənmək istəmişdir ki, niyə məhz bu yağlara alıcılar üstünlük verirlər.
Həmsöhbətlərimiz bildirmişlər ki, “Ataşah” yağları ənənəvi soyuq sıxım üsulundan da irəli gedərək kriogen üsulla sıxımı həyata keçirir, bu da yağın sıxım zamanı faydalı xüsusiyyətləri tam qorumasına dəlalət edir. Bundan başqa, ölkə bazarındakı yağlarda əsas məhsula az qala yarıbayarı digər - daha ucuz başa gələn, aşağı keyfiyyətli bitki yağları (bəzən hətta pambıq yağı) əlavə edildiyi halda, “Ataşah” yağlarına üçdə bir nisbətdə keyfiyyətli zeytun yağı əlavə edilir. Və bu da yağın mükəmməlliyini təmin edir.
Paşa Məcidov və Fuad Nəsrullayev bildirmişlər ki, hazırda bazara çıxarılan 6 bitki yağı çeşidi aşağıdakılardır:
Nar çəyirdəyi yağı;
Qara zirə yağı;
Üzüm çəyirdəyi yağı;
Balqabaq tumu yağı;
Çaytikanı yağı;
Kətan yağı.
Hər gün bu yağlardan biri barədə sizlərə məlumat verəcəyik. İlk olaraq mövzumuz aşağıdakı yağlar idi:
Nar çəyirdəyi yağı
Sağlamlığın əvəzsiz eliksiri!
Orqanizm hüceyrələrini zərərli təsirlərdən qoruyan, ürəyin sağlamlığına kömək edən, bir çox xəstəliklərin yaranması riskini azaldan, dərinin keyfiyyətini yüksəldən, yaşlanma əlamətlərinə maneə törədən nar çəyirdəyi yağını ölkədə ilk dəfə “Ataşah” şirkəti ən son texnologiya ilə, heç bir qatqısız, 500 kiloqram xammaldan vur-tut 1 litr məhsul almaqla sizlərə çatdırır.
Bu məhsuldan necə imtina etmək olar?
Qara zirə yağı
Günümüzün trendi
Ümumi tonusu və iş qabiliyyətini yüksəldən, allergik reaksiyaları azaldan, çəkini normallaşdıran, qanda qlükozanın səviyyəsini salan, bakteriyalara, viruslara, parazitlərə, göbələklərə təsir göstərə bilən, qaraciyərin keşikçisi sayılan qara zirə yağı immun sistemini də möhkəmləndirən çox qiymətli bir vasitədir.
Stressli, viruslu dövrümüzdə bu yağ əvəzsizdir.
Təsəvvür edin ki, hətta müqəddəs “Quran” kitabında da bu yağın hədsiz faydalarından bəhs edilib.
Üzüm çəyirdəyi yağı
Əsl gözəllik vasitəsi!
Tərkibində bol-bol andioksidant toplanan, ürək-damar sisteminin qüsursuz fəaliyyətinə kömək edən, yaşlanma əleyhinə güclü təsir xüsisiyyətlərinə malik olan, qida əlavəsi və kosmetoloji vasitə kimi əvəzsiz sayılan üzüm çəyirdəyi yağını soyuq sıxım vasitəsilə sizlərə əlçatan etdik.
Təki sağlam və gözəl olasınız!
Bu gün isə balqabaq tumu yağı barədə danışacağıq.
Balqabaq tumu yağı
Kişilərin əsl dostu
Mütəmadi istifadədə immuniteti möhkəmləndirən, maddələr mübadiləsini stimullaşdıran, dərinin və saçın vəziyyətini yaxşılaşdıran, mədə göynəmələri, piylənmə zamanı hədsiz faydalı olan, qurdlarla və parazitlərlə mübarizədə analoqu olmayan balqabaq tumu yağının xüsusi bir özəlliyi də var: E vitamininin, sinkin, bioloji aktiv maddələrin bolluğu bu unikal qidanı xüsusən kişilər üçün əhəmiyyətli edir.
Kişilər, qərarı dərhal qəbul edin!
Növbəti buraxılışımızda çaytikanı yağı barədə məlumatı qaçırmayın.
“Ədəbiyyat və incəsənət”
(04.07.2023)
Rumi ilə Şəmsin sevgisi hər halda necə sevgi idi?
“Ədəbiyyat və incəsənət” portalı illərdir ki, mübahisə predmetinə çevrilən bir məsələyə növbəti interpretasiyanı təqdim edir. Ramesh Byonnesin “Şair Rumi ilə Şəms homoseksual sevgili olublar, yoxsa bu, sadəcə bir Bhakti1 sevgisi idi?” yazısını müəllifin icazəsi ilə dilimizə çevirərək Elmar Vüqarlı portalımızın oxucularına təqdim edir.
Yazar Yoqi Julian bu yaxınlarda "Elephant" jurnalında dərc etdirdiyi məqaləsində yazır ki, 12-ci əsrin ekstatik və mistik şairi Rumi ola bilsin homoseksual olduğuna görə qətlə yetirilib.
Məlumdur ki, bəzi alim və yazarlar, o cümlədən Koleman Barks da Ruminin sevimli müəllimi Şəmsin qətlə yetirildiyini iddia edirlər. İlk dəfə Rumi və Şəmsin homoseksual sevgili olması şayiəsini özü açıqca homoseksual olan yazıçı, ruhani aktivist Andey Harvey çıxartmışdır.
Ruminin məşuqunun onun homoseksual sevgilisi Şəms olması ideyası böyük mübahisə doğurmuşdur. Lakin tək mübahisəli olmayan məqam budur ki, Rumini kimsə öldürməmişdir. O, 17 dekabr 1273-cü ildə təbii səbəblərdən vəfat etmişdir.
Koleman Barks yazır: "1248-ci ilin 5 dekabr gecəsi. Rumi ilə Şəms söhbətləşirdilər. Şəms qapının dalından çağırıldı. O, çölə çıxdı və onu bundan sonra bir daha görən olmadı. Çox ehtimal ki, Şəms Ruminin oğlu Əlaəddin tərəfindən gizlicə qətlə yetirilmişdir. Əgər belədirsə, onda Şəms həqiqətən də öz başını Mistik Dostluq naminə vermişdir".
Başını quruya2, Tanrıya, İlahiyə vermək ifadəsi məmnuniyyətlə ölmək, ruhun qorxmadan ölümlə qovuşmağa hazır olması anlamındadır. Bu baxımdan Hindistan Bhakti mistikləri olan Kəbir3 və Mirabayinin4 coşqun sevgi poeziyaları müxtəlif yönləri ilə Rumini xatırladır.
Salnamələrdə əksini tapmış, bizə artıq məlum olan rəvayətlərdə ruhani qrupların və dini təriqətlərin bir-biri ilə, yaxud da öz aralarında qısqanclıq, satqınlıq, xəyanət etmələri, mübarizə aparmaları, hətta qətllərə belə rəvac vermələri qeyri-adi bir hərəkət deyil. Misal üçün fərz edilir ki, Buddanın bir şagirdi onu öldürməyə dəfələrlə cəhd etmişdir. Eləcə də İsanın İuda İskariot tərəfindən xəyanətə uğraması hekayətini biz hamımız bilirik.
Müasir vaxtlarda mənim müəllimim Anandamurti siyasi cəhətdən əsaslandırılan ittihamlarla yalandan həbsə salınmışdı. Bu Hindistan qurusunun qeyri-adiliyi ondan ibarət idi ki, o, kasta sisteminə qarşı danışmış, kapitalizmin anti-humanist iqtisadi formasiya olduğunu bildirmiş və onu daha birgə (kooperativ) iqtisadiyyatla dəyişdirmək istəmişdi.
O sonralar acıqlanırdı ki, siyasətçilər, zənginlər və kahin brahmanlar5 ondan canlarını qurtarmaq üçün əlbir olub ona qarşı sui-qəsd hazırlayıblar. 8 ildən sonra, 1979-cu ildə həbsxanada zəhərləndikdən sonra məhkəmə işini "siyasi tərkibli" hesab edən Qərb hüquqşünaslarının köməyi ilə o bütün ittihamlardan azad edildi. Bunların hamısı İndira Qandinin Hindistanı diktator güclərlə müxalifət liderlərinə və proqressiv təşkilatlara qadağalar qoymaqla, onları həbsxanaya saldırmaq və əzablar verməklə idarə etdiyi 70-ci illərdə baş vermişdir.
Ziddiyyət və münaqişələr ruhani dairələrdə yeni bir şey deyil. Yaxşı, yalnız ekstatik İlahi eşqin müdafiəçisi kimi görünən Rumiyə nəyə görə qısqanclıq edirlər? Bəlkə, bu ona görə belədir ki, Rumi ilə Şəms həqiqətən də homoseksual sevgili olublar?
Rumi ilə Şəmsin homoseksual sevgili olması ideyası şəxsən mənə “böyük”, eyni zamanda “dəbdəbəli” müasir baxışlardan biri kimi gəlir. Əlbəttə, ona görə yox ki, homoseksual olmaq özü bir problemdir, lakin bu halda belə o, həqiqətə uyğun deyil. Sufizmdə, Tantra6 və şərqin digər ekstatik tradisiyalarında rast gəldiyimiz müəllim-şagird münasibətləri ənənəsi Qərbdə, doğrudan da, mövcud deyil. Bu səbəbdən də biz şübhələnməyə və inamsızlığa həddindən artıq meylliyik. Tez-tez bu kimi məhrəmliyi, yaxınlığı cinsi münasibətlərə bərabər tuturuq, halbuki belə şey orada qətiyyən ola bilməz. Bəzi müasir müəllimlərdir ki, sadəcə sıxıntını aradan qaldırmaq adı altında öz şagirdləri ilə, həqiqətən, cinsi əlaqəyə girirlər.
Birinin Məşuq və Aşiq anlayışlarını öz müəllimi barəsində işlətməsi Qərbdə başa düşülən deyil. Bir qədər də fikrimizi inkişaf etdirərək deyə bilərik ki, paralel aparmaq məqsədilə Sufizmdə və Yoqada rast gəlinə bilən Bhakti7 ənənəsinin (az-çox bəzi qara Baptist kilsələri istisna olmaqla!) Qərb mistizmində analoqu yoxdur. Biz sadəcə Qərbdə keşişlərimizdən bərk yapışmırıq, onlarla əl-ələ tutmuruq, gözlərinə diqqətlə baxmırıq; lakin əsrlərdir ki, bu irfan yolunu şərqlilər gedirlər.
Qərbin mənəvi poeziyasında seksual bədiilik və obrazlılıq da yoxdur. Şərqdə seksual birlik, ittifaq həm də daxili vəcdi, tantrik kundalini8 halını ifadə edir. Sərxoşluğun ruhani məqamlarını göstərən "şərab", "sərxoş" və "meyxana" kimi sözlərini anlamaq üçün də biz dərin mənəvi ənənəyə malik deyilik. Ümumiyyətlə, Tanrı məqamında yüksəlməyi əldə etmək üçün Şərqdə sədaqətlə yerinə yetirilən tradisiya Qərbdə yoxdur. Yöndəmsiz yoqa ritmləri bizə ona görə tədricən çatır ki, onlar hələ bizim sümüklərimizə düşməyib, qanımıza hopmayıb. Biz hələ də o ritmlər üçün olduqca mənəvi cəhətdən cəsarətsizik. Biz qərblilər o zaman bədənimizi tərk edib özümüzə vəhşi təbiiliklə daxil oluruq ki, onda ya narkotik qəbul edirik, ya cinsi əlaqədə oluruq, ya da ki rok-n-rol oynayırıq. Çətin ki biz nə vaxtsa fırlanaq, Ruminin, Kəbir və Mirabayinin etdikləri kimi Allaha, yaxud da müəllimimizə məhəbbət bəsləyək.
Hindistanda yerinə yetirilən kirtan9 məqamında, transda olarkən axırıncı dəfə sən nə vaxt döşəməyə yıxılmısan ki?
Başqa sözlə desək, biz o insanlara inanmırıq ki, onlar Tanrı ilə Ramakrişna10 Ana Kali ilə danışdığı kimi danışdıqlarını iddia edirlər, necə ki Mirabayi Sevgili Krişnası ilə bu cür danışmış və onu sevmişdi. Biz belə insanları burada institutlara qəbul edirik, Hindistanda isə onları çox vaxt müqəddəs sayırlar.
Hindistanda hələ də müqəddəs hesab olunan sadhular11 küçələrdə çılpaq oynaya bilərlər. Eləcə də Kalvinist12 zahidliyimizdə biz qərblilər kilsədə uzun müddət əllərimiz üzərində otururuq. Biz həm ağlı başında olan, eyni zamanda da daxili obrazlardan danışan adamlara inanmırıq.
Qeybdən gələn səsləri yalnız dəli adamlar eşidir və ya poeziyada belə cinsəl obrazlar seksi təmsil edir, - deməklə biz hətta özünü qərb mistikasında – Müqəddəs Con, Müqəddəs Frensis və Avilalı Teresa kimi şəxslərin timsalında ifadə etmiş bütün ruhani-mənəvi tradisiyalara məhəl qoymuruq.
Bəzən belə adamlar, doğurdan da, çılğınlaşırlar, lakin bəzən də belə olmurlar. Bəzən onları mistik də adlandırırlar. Mən çoxlu adamların döşəmədə o yan-bu yana qıvrıldığının, vəcd halında qışqırdığının, daxili görmələrlə söhbətləşdiyinin əyani şahidi olmuşam; özümün də bunları etməyim hələ bir yana qalsın. Bizim heç birimiz hələ də institutlaşdırılmamışıq deyəmi belə şeylər Qərbdə qəbul olunmamalıdır?
Ruminin Sevgili müəllimi Şəmsə olan məhəbbətini homoseksual əlaqə ilə eyniləşdirmək cəhdi bugünkü əksər Hindistan alimləri tərəfindən şüurun Eynşteyni hesab edilən Ramakrişnanın mənəvi dahiliyini çərənçi dəliliklə bir tutmaq qədər yanlışdır. Bu isə ən pis halda belə reduksionizmdir.
Mənə belə gəlir ki, bu vəziyyət həm də zərif kundalinin oyanması halını kürəyində həşərat dolaşması ilə səhv salmaqla bir şeydir. Daxili aləm həm real, həm də qeyri-realdır. Bütün bunlar da ruhani yolun fərqli məqamlarını izah edə bilən yolçuların spesifik mənəvi təcrübəsindən asılıdır. Ruminin zəngin mənəvi mistik daxili dünyasının böyüklüyünü onun sadəcə homoseksual olduğunu deməklə kiçiltməyə, aşağılamağa çalışanlar (əslində, onun qey və ya homoseksual olmasının heç bir fərqi yoxdur), əlbəttə, fikirləşdiklərinin tam əksini edirlər. Onlar Ruminin əngin mistik şüurunun dolğun spektrini, görünüşünü dünyəvi rakursdan təsvir etməklə onu əslində məhdudlaşdırmağa, təhrif etməyə can atırlar.
Ruh bədəndə və sevginin qəlbində yaşayır. O gah yerdə yaşayır, gah da səmada yaşayır. O həm incədir, həm də qabadır. Rumiyə görə, ruh bütün sərhədləri sərbəstcə keçə bilir. Ruminin eşq ruhu Şəmsə qədər də onun həm bədənində, həm də ağlında yaşamışdı. Lakin Şəmsi sevəndə isə o bunu qəlbinin daim göynəyən ruhi ağrısı ilə etdi. Mirabayi də öz daxili Krişnasına olan ruhani sevgisini Rumi ilə eyni tərzdə bəsləmişdi.
Nəyə görə Ruminin sevgi poeziyası Şəmsin ölümündən sonrakı illər ərzində yaranmış, Mirabayinin isə sevgi poeziyası Krişnanın Vrindavan13 tarlalarında gəzintisindən təxminən 2 min il sonra yazılmışdı? Bunda təəccüblü bir şey yoxdur. Şəmsin sirli qeybindən sonra onu axtaran Rumi sonda belə anlamışdı:
"Mən nə üçün onu axtarmalıyam?
Mən ki onunun eynisiyəm.
Onun cövhəri məndən danışır.
Mən özüm özümü axtarırmışam!"
Özümüzü axtararkən ruhani yolu bizdən əvvəl getmiş bələdçilərə, müəllim və mistiklərə ehtiyac duyuruq. Krişna deyir ki, sevgi ruhani yolu təsirli dərəcədə sürətləndirə və tezləşdirə bilər. Lakin nəticə etibarı ilə müəllimə, Məşuqa yönələn məhəbbəti Rumi daxili ÖZümüzə olan eşq olduğunu başa düşürdü. Demək, ruhani səfərin məqsədi qey və ya homoseksual tapmaq üçün deyil, sadəcə ÖZümüzə olan eşqdir. ÖZümüzü tapmaqdır!
Bəzi sözlərin izahı
1. Bhakti (Sanskrit sözüdür, mənası “sədaqət”, "sadiq olmaq”) - Hinduizmdə iman gətirənlə Tanrı arasında müxtəlif formalarda təzahür edən sevgi və tapınmanı ifadə etmək üçün istifadə edilir.
2. Quru – hinduizmdə mürşid, ustad, pir, ruhaniyyat müəllimi.
3. Kəbir (1440-1518) – orta əsr Hindistan mistik şairi, yaradıcılığı bhakti hərəkatına, eləcə də klassik Hind ədəbiyyatına böyük təsir göstərmişdir.
4. Mirabayi (1499-1547) – Hind mistik qadın şairi və Hind ədəbiyyatında Krişna poeziyasının görkəmli nümayəndəsi. Şimali Hindistanda bhakti tradisiyasının müqəddəslərindən hesab olunur. O, əsərlərini braj, racastan və qucarat dillərində yazmışdır. Yaradıcılığında əsasən Krişnaya olan sevgisini təsvir etmişdir.
5. Brahmanlar – qədim Hindistanda kahinlər kastası. Hesab edilirdi ki, Brahma öz dodaqlarından kahin brahmanları yaratmışdır. Buna görə də onlar adamlarla Brahmanın adından danışırlar. Brahmanlar hindlilərin birinci ali kastası sayılır.
6. Tantra – (həmçinin tantrizm və tantra dini də deyilir) Hindistanın qədim inanc tradisiyalarından biridir, həm hinduizmə, həm də buddizmə güclü təsir göstərmişdir. Sanskrit sözü olan tantra adətən "traktat" və ya "giriş" anlamında işlədilir. Hərfi mənada "şal, dəsmal, örtük, toxumaq, toxuculuq dəzgahı" mənalarını da verdiyinin demək olar. Sözün "prinsip, kontinuum, sistem, doktrina, nəzəriyyə" anlamları tan fel kökündən törəmiş "genişləndirmək" sözündən və "alət" mənasını verən tra şəkilçisindən irəli gəlir.
7. Baptizm — Xristian protestant məzhəbidir. Yunan dilindən tərcümədə "suya batırmaq, suda vəftiz etmək" mənasını ifadə edir.
8. Kundalini – Sanskrit sözüdür, "sirkulyar, dairəvi" mənasını bildirir. Yoqa nəzəriyyəsinə görə, insan bədənində, onurğanın əsasında yerləşən ilkin enerjidir, oyadılmasına ehtiyac var.
9. Kirtan və ya kirtana – Sanskrit sözüdür, mədhiyyə deməkdir. Hinduizmdə tanrı Krişnaya qrup şəklində musiqinin müşayiətilə dua edilməsidir. Kirtan söyləyənə kirtankar deyilir.
10. Ramakrişna Paramahamsa (1836-1886) — hindistanlı quru, mistik, vaiz, hinduizm dinində islatah aparmışdır.
11. Sadhu və ya sadu – hinduizmdə yoqa ilə məşğul olan asket kişilərə deyilir. Qadınlara isə sadvi deyilir.
12. Kalvinizm — Jan Kalvinin XVI əsrin əvvəllərində ortaya atdığı ideyalara əsasən yaratdığı xristianlıq cərəyanı. Bu dini inanc sistemi, ilk dəfə Cenevrədə, daha sonra isə Niderland, Şotlandiya, Almaniya və Fransada qurulan yeni kilsələrdə qəbul edilib. Kalvinizm ənənəvi dini baxışları deyil, ilk xristian baxışlarını əsas götürür.
13. Vrindavan – Hindistanda şəhərdir. Tanrı Krişna öz uşaqlığını Vrindavanda keçirdiyi üçün Hinduizm dinində müqəddəs 7 məkandan biri sayılır.
“Ədəbiyyat və incəsənət”
(04.07.2023)
“Bakı Payızı” müsabiqəsinin seçim turları davam edəcək
35 il bundan əvvələ qədər “Bakı Payızı” musiqi istedadlıları müsabiqəsi keçirilirdi. Sonra ənənə pozuldu, festivala xitam verildi. Bu il isə festival yenidən bərpa edildi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, iyunun son 4 günü ərzində Bakı Musiqi Akademiyasının Opera Studiyasında keçirilən müsabiqədə 45 vokalçı öz istedadını nümayiş etdirmək üçün rəngarəng musiqi nömrələri ilə münsiflər qarşısında çıxış etdi.
“Bakı Payızı” istedadlar müsabiqəsinin budəfəki münsiflər heyətində Xalq artistləri Siyavuş Kərimi, Murad Dadaşov, Əməkdar artistlər Emil Əfrasiyab, Rain Sultanov, Əməkdar incəsənət xadimləri Ülviyyə Könül, Cahangir Səlimxanov, eləcə də bəstəkar İsa Məlikov təmsil olunurdular.
Müsabiqənin ilk turunda Azərbaycan, ikinci turda isə xarici mahnılardan ibarət kompozisiyalar səsləndirildi. Sonra 1 və 2-ci turların qalibləri müəyyənləşdi.
Qeyd edək ki, yay ayları ərzində ümumi qaliblər müəyyənləşdiriləcək və onların adları oktyabrın 2-də keçiriləcək “Bakı Payızı–2023 - 35 il sonra” adlı qala-konsertdə elan olunacaq.
“Ədəbiyyat və incəsənət”
(04.07.2023)
“Nüvə başlığı və ya Faites-en bon usage” – Qulu Ağsəs
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bü gün jurnalın baş redaktoru Qulu Ağsəsin essesi ilə tanışlıqdır.
Qulu AĞSƏS
"NÜVƏ BAŞLIĞI" VƏ YA FAİTES-EN BON USAGE
Yazının nüvəsi – onun başlığıdı. Odur ki, sərlövhəyə "nüvə başlığı" da demək olar. Mən deyirəm...
***
Yer Göyə nə göndərir:
– Raket,
Tüstü,
Zəhər...
Göy Yerə nə göndərir:
– Ay işığı,
Günəş şüası,
Bərəkət yağışı,
kasıb daxmasını Ağ evə döndərən Bəyaz qar...
Yerin Göyə göndərdiyinə bax!
Göyün Yerə göndərdyinə bax!
Yerlə Göy arasında Yerlə Göy qədər fərq var!
Bunu yazandan 2 gün sonra şəhərə qar yağdı...
***
2 gün demışkən. Fikir vermisizsə, adamlar cəmi 2 gün sevinir həyatda. 1 yanvar və 31 dekabr günləri. Cəmi 2 gün! 5 günlük dünyada 2 gün şadlanmaq pis göstərici sayılmamalıdı, məncə...
Yanvar – təqvimin "ətli" yeridi, dekabr – "cecəyi". İlin son günlərini çoxu "cecəyinə" kimi sümürür. Dekabrdan yanvara təkcə 1 yaş yekəlmirik, həm də, ən azı, 1 kilo kökəlirik. Həkimlər bayram süfrəsindən sonra idman eləməyi məsləhət görür. İngilis Çörçill deyib ki, "mən bu yaşa çatdığıma görə idmana borcluyam, çünki ömrümdə onunla məşğul olmamışam". Bizim Oqtay Rza deyidi ki, "tay-tuşlarım səhər durub qaçanda mən oturub xaş yeyirdim. Onlar qaçmaqdan yorulub öldülər, mən hələ də öz yerimdə oturmuşam..." Bəlkə də heç biri belə söz deməyib, amma bu yazıda yerinə düşdü. Hər ikisinə rəhmət oxuyuram. Onlar da həkimə qulaq asmayıblar. Bizimki dietoloqdu. Hər evdə var. Bizdə bir dənədi. Adam var, 3 dietoloq saxlayır: birini mətbəxdə, birini qonaq, birini də yataq otağında. Televizoru deyirəm. Aç bax, ondan sonra nə qədər yesən də, çəkin artmayacaq! Teleşirkət rəhbərləri, maşallah, hamısı formadadı. Birinin forması normanı da keçib, deyəsən, çox baxır televizora. Proqramların hamısının adı Bazardı. Aparıcıların hamısının adı Ayzardı. O gün birini mən də izlədim. Tamaşaçılar hamısı gülürdü. Məndən başqa. Axırda şougöstərənin biri çıxdı irəli, başladı milli mentalitetdən məruzə oxumağa. Onda hamı ciddiləşdi. Mən güldüm...
***
Gülmək demişkən. Uşaq doğulanda ağlayar. Adəmdən bəri belə görünüb. Bəşər övladının bircəciyi anadan olanda gülüb – Zərdüşt peyğəmbər! Deyilənə görə, əslən azərbaycanlıdı. Zərdüşt peyğəmbər dünyaya gələndə gülməklə inqilab eləyib, ilahi qaydanı pozub. Görünür, biz ona çəkmişik gülməkdə. Amma bizim gülüşümüz, qaydanı bilmirəm, kefimizi pozur. Təkcə şou pozsaydı, nə vardı...
Adam var:
yay tətilini Skandinaviya meşələrində marallarla keçirir,
qış tətilini Cənubi Amerika karnavallarında ceyranlarla,
sonra da TV-yə çıxıb deyir:
Azərbaycanın yayına da qurban olum, qışına da,
tamaşaçılar da onun vətənpərvərliyinə baxıb kövrəlirlər...
Hətta eləsini sənə nümunə göstərmək istəyənlər də tapılır.
Onlara qızıl qaydanı xatırladıram:
imkan ver, sənə hörmət eləməsinlər,
amma imkan vermə ki, sənə hörmətsizlik eləsinlər!..
***
Sərlövhə – manşet – başlıq demişkən. Son vaxtlar erməni lobbisinin verdiyi “başlıq” Fransa mətbuatında Azərbaycanı "ittiham manşetinə" çevirib. Mənsə Parisə (ah, Paris, Paris!) burdan havayı başlıq yollayıram:
BİR NEÇƏ AYDAN ÇOXDUR Kİ, LAÇIN-ŞUŞA YOLUNDAKI AZƏRBAYCAN SÜLHMƏRAMLILARI RUSİYA ƏSGƏRLƏRİNİ ERMƏNİ SEPARATÇILARINDAN QORUYUR!
Faites-enbon usage. Yəni sağlıqla işlədin...
“Ədəbiyyat və incəsənət”
(04.07.2023)
“Fokus” jurnalının yeni nömrəsi işıq üzü görüb
Mədəniyyət Nazirliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) maliyyə dəstəyilə “Fokus” analitik kino jurnalının 12-ci nömrəsi işıq üzü görüb.
AKİ-nin yaydığı məlumata görə, bu, peşəkar və tələbə kinematoqrafçıların nüfuzunu qazanmış, regionda yeganə analitik kino jurnalıdır.
Jurnalın daimi müəllifləri arasında Aygün Aslanlı, Aliyə Dadaşova, Sevda Sultanova və Nadir Bədəlov kimi tanınmış imzalar var. Müəlliflər sırasına sənətşünaslıq elmləri namizədi, kinoşünas Əlisəfdər Hüseynov da daxil olub və müəllif heyətinin genişləndirilməsi qarşıda duran əsas məqsədlərdəndir. Kinoşünaslığın inkişafı, kinoşünas kadrların hazırlanması istiqamətində “Fokus” kino jurnalı uğurlu bir platformadır. Azərbaycan Kinematoqrafçılar İttifaqının kinoyazar.az saytı bu məqsədlə yaradılmış layihələrdəndir.
Jurnalın bu nömrəsinin də məqalələri ana mövzu ətrafında formalaşıb. Jurnalda Georgi Ovaşvili, Dərviş Zaim, Semih Kaplanoğlu, Elçin Musaoğlu kimi tanınmış kinorejissorlarla eksklüziv müsahibələr də yer alıb. Bundan başqa Şahanə Ürfan, Aygün Aslanlı, Əlisəfdər Hüseynov və Nadir Bədəlov poetik kino ənənələrini milli və dünya kinosu nümunələrində analiz edirlər. Tod Filds, Ruben Estlund kimi kinematoqrafçıların yaradıcılığı da jurnalın fokusundadır. Sevda Sultanova Oktay Mirqasımovun yaradıcılığını, Lamiyə Abbas Tengiz Abuladzenin yaradıcılığını təhlil edən məqalələrlə çıxış ediblər. Hilal Baydarovun beynəlxalq kino festivallarının iştirakçısı olmuş “Balıqlara xütbə” bədii filmini Aliyə Dadaşova analiz edib.
Qeyd edək ki, jurnal iyulun 10-dan “Libraff” kitab mağazaları şəbəkəsində satışa çıxacaq. Kinematoqrafçı tələbələr isə AKİ-nin ofisindən jurnalı pulsuz əldə edə bilərlər.
“Ədəbiyyat və incəsənət”
(04.07.2023)
“Yaradılışdan qiyamət gününə kimi bir ssenari hazırlanıb” – Dindən danışacağıq
“Ədəbiyyat və incəsənət” portalı Hafizul Əsrar təxəllüslü yazarın “Yaradılışın sirləri” adlı yazısını təqdim edir. Ola bilər ki, yazıda qaldırılan problemlərin çözümünə əks mövqelər də oldu. Amma bu sayaq mövzuları müzakirə etməyə borcluyuq. Din mövzusu bütün tarixlər boyu ən aktual mövzu olub, gəlin bunu yaddan çıxarmayaq.
HAFİZUL ƏSRAR
YARADILIŞIN SİRLƏRİ
Bismillahir Rahmanir Rahim!
Bağışlayan və mərhəmətli Rəbbimiz Qurani Kərimdə bizlərə yaradılış barəsində məlumatlar verib. Təəssüflər olsun ki, bu vaxta kimi bir çox alimlər, müctəhidlər, ilahiyyatçılar əsas vacib olan bir məsələni insanlara tam izah etməyiblər. Bəlkə də, insanların nə üçün yaradılmışıq sualına veriləcək cavab izah edəcəyim məsələnin kilid nöqtəsidir. Uca Rəbbimiz yaradılışdan qiyamət gününə kimi bir ssenari hazırlayıb. Ssenari və izah edəcəyim məsələni bir çox insanlar qəbul etməyə bilər. Deyə bilərlər ki, ssenari nədi, ALLAHın ssenariyə ehtiyacı yoxdur. Bəli, ehtiyacı yoxdur, amma planlı qurulan birşeyə hər hansısa ad verilir. Bunun da adı ssenaridi. Səbəb isə pis və ya yaxşı əməllərin mükafatı, cənnət və cəhənnəm və buna bənzər suallar ola bilər. Məsələn, əgər ssenaridirsə nə üçün Cənnət Cəhənnəm var və sairə. İzah edəcəyim məsələ isə tam fərqlidir. Həyat yolu, yaxşılıq və pislik onun mükafatı, və ya əzabı, bunlar tam başqa bir mövzudur.
İlk olaraq uca ALLAH Mələklərə “mən yer üzündə bir xəlifə yaradacam” deyir. Mələklər isə ALLAHa sual verir ki, qan tökən, fəsad törədən birinimi yaradacaqsan? ALLAH cavabında “mən sizin bilmədiklərinizi bilirəm” deyir. Rəbbimiz necə də elm və qüdrət sahibidir. O, qurduğu ssenarini belə, Mələklərinə tam izah etmir. İlk insanı yəni, Hz Adəmi yer üzündə yaradacağını desə də, Cənnətdə yaradır və ona öz ruhundan üfürür. Mələklərin ona səcdə etməsini əmr edir və oddan yaradılan İblis əmrə qarşı çıxır. Deməli, uca Rəbbimizin oddan yaratdığı bir varlıq səbəbsiz yaradılmamışdı və o müddətə kimi, ALLAHın əmrinə qarşı çıxmamışdı. Çünki ALLAH kimlərə hansı vəzifəni nə üçün verdiyini çox gözəl bilirdi. ALLAH İblisi cənnətdən qovur. İblis isə ALLAHdan vaxt istəyir. Güc və qüdrət sahibi olan ALLAH istəsəydi İblisi, yəni Şeytanı yaratmazdı və ya etiraz etməsinə mane olardı. Cənnətdən belə qovmazdı, canını alardı. O, isə bunları etmədi. ALLAH demişdi axı, mən yer üzündə xəlifə yaradacam. İblisə qiyamət gününə kimi vaxt verir. Yəni İblis vəzifəsini icra etməlidir. Hz Adəm ilə birlikdə Həvvanı da yaradır. Onlara isə Cənnətdə olacaqlarını və istədikləri Cənnət meyvələrindən yeyə biləcəklərini deyir. Orada olan bir ağacı isə onlara qadağan edir. Bu ağac bir səbəb idi. Əslində İblis, yəni Şeytan Adəmə həqiqəti dedi. Nə idi bu həqiqət. Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz Mələk olmayasınız və ya Cənnətdə əbədi qalanlardan olmayasınız. Yəni, Şeytan onlara məlumatın əsas hissəsini deyir. Qadağanın əsas səbəbini. Yəni, ALLA sizin Mələk olmamağınız üçün və ya cənnətdə əbədi qalmamağınız üçün, bu ağacı bura yerləşdirib. Uca Rəbbimiz bilirdi ki, onlar, o ağaca yaxınlaşacaqlar. Çünki ALLAH yaratdığı insanların əksəriyyətinin qadağalara qarşı çıxacağını bilirdi. O ağac, bir qapıdır, Cənnətdən çıxış, dünyaya giriş qapısı. ALLAH demişdi axı, o ağaca yaxınlaşmayın, yaxınlaşsanız, özünüzə zülm edənlərdən olacaqsınız. Yəni, fani olacaqsınız, hər şeyi əziyyətlə əldə edəcəksiniz və arzularınız belə yarım qalacaq, öləcəksiniz.
Ağac və onun meyvəsi haqqında bir neçə rəvayətlər var. Rəvayətlərdə adları keçən meyvələrin, ayədə bəhs edilən ağac və onun meyvəsi ilə heç bir əlaqəsi yoxdur. O ağac xüsusi bir ağac idi. Hz Adəm ilə Həvvanı fani etmək və onlarda şəhvət hissini yaratmaq qüdrətinə malik idi. Bu ağacın meyvəsi Hz Adəm ilə Həvvanın bədənində ilk toxumu, yəni spermanı yaratdı. Meyvənin əsas mahiyyəti, mənsub olduğu ağacın kökü kimi qiyamətə qədər insan bədənində, var olduğu hissədə, sabit qalmasıdır. Şeytan sadəcə yol göstərdi və meyvəni daddıqca onlar, qəribə hislər keçirdilər. Şeytan ilk vəzifəsini tamamladı və onlardan uzaqlaşdı. Keçirdikləri hislərin qısa müddətli və aldadıcı olduğunu görüb cütlər peşman oldular. Uca Rəbbimiz onları da Cənnətdən çıxardı və vəzifələrini icra etmələri üçün, yer üzünə göndərdi. Çünki onlar artıq, bir birini şəxsiyyət və cinsiyyət olaraq tanımışdı. Cənnətdə yer üzündə olduğu kimi cinsi əlaqə yoxdur. Cənnət sadəcə sevgi məkanıdır. Ona görə də, insanlar yer üzündə cinsi əlaqə ilə çoxalır və yaşadıqları müddətdə etdikləri yaxşı və ya pis əməlin qarşılığını alır. Yəni, insanlar yer üzündə çoxalıb Cənnəti doldurmalıdır.
Rəbbimiz icazə versəydi, Hz Adəm ilə Həvvaya icazə verərdi və insanlar da, hazır Cənnətdə yaşayardı. ALLAHın yer kürəsi üçün qurduğu planlar var. Ona görə insan yaradılışının səbəbini və məqsədini bilməlidir. Məqsəd ALLAHa dua və ibadətdirsə, onu Mələklər bunu insanlardan daha yaxşı edir. İnsanlar – yəni bizlər, sizlər yaşadığınız dünyanı da gözəlləşdirməlisiniz. Çünki bu dünyada tək sizlər yaşamırsınız. Sizin dövrünüzdə və sizdən sonra da, dünyaya yeni insanlar gəlir. Bəzi müsəlmanların düşüncələri səhvdir. “Yaradılmışam, dua edim, ibadətlərimi yerinə yetirim və Cənnəti qazanım” deyə düşünürlər. Dua və ibadətlər vacibdir və lazımdır. Onlardan da, ən vacib olanı isə, göndərildiyin dünya üçün nə etmisən, bax əsas odur. Təəssüflər olsun ki, bir çox kəşfləri və ixtiraları ateistlər, deistlər, buddislər, xristianlar edib. Etiraf etməliyik ki, onlar insanların xeyri və rahatlığı üçün, çox ixtiralar ediblər. Bəli, yaradılışdan bu günə kimi, nələr kəşf edilibsə, Rəbbimizin yer kürəsi üçün hazırladığı plana uyğun davam edir. Onlar, müsəlman olmasa da onlara elmi verən ALLAHdır. Onları müsəlman edə bilməyən cəmiyyət günahkardır. Çünki müsəlmanlar da elmə üstünlük verməli və yeni kəşflər etməlidirlər. ALLAH hər insana bir istedad verib. Birinə alimlik, birinə şairlik, birinə rəssamlıq, digərinə memarlıq və sairə. Hər kəs öz sahəsində inkişaf etməlidir. Müsəlmanlar isə əksərən bunları etmir. Ən kiçik xırda bir məsələdə ilişib qalırlar. Məsələn, paltara bir zərrə su düşüb, xəbəri olmadan namaz qılır, sonra suyu görür, şübhəyə düşür. Suyun mənşəyini bilmir və yenidən paltarını dəyişib namazını qılır. Halbuki, insanlar böyük işlər görmək üçün yaradılıb.
Əsas mövzuya geri dönək. Həvva Hz Adəmin nə qabırğasından, nə də artıq qalan torpağından yaradılmamışdı. Həvva Hz Adəm ilə eyni vaxtda, eyni torpaqdan yaradılmışdı. Haqq olan ALLAH insanı ilk olaraq Cənnətdə ona görə yaratdı ki, yer üzündə ağır olacaq imtahan və vəzifəsinin məqsədini və səbəbini bilsin. Çəkdiyi zəhmətin qarşılığında isə, şahidi olduğu əbədi rahatlıq yeri olan Cənnəti qazansın. Deməsin ki, hər şey yer üzündən başladı, cənnəti görmədim və dərk etmədim. Təəssüflər olsun ki, Hz Adəmin dövründən insanlar inanmadı və qəbul etmədi yaradılışı, Cənnəti, Cəhənnəmi. Cəhənnəmin olduğuna inanmayan insanlar cəhənnəm əzabının yüzdə əllisini yer üzündə yaşayır, ama yenə də, ALLAHa onun yaratdığı aləmlərə inanmır.
İnsan nəslinin çoxalma prosesini də çox qəlizləşdiriblər. Qurani Kərimin açıq aşkar ayələrini qəbul edə bilmirlər. Bir çox alimlər, ruhanilər ayədə verilən məlumatı, qardaş bacı evliliyi kimi başa düşür və bu iş haram olduğu üçün, hədislərdən sitat gətirirlər. Nə üçün alimlər dedim? Onların qeydlərini oxuyun, görəcəksiniz ki, bir neçə versiya qeyd ediblər. Adəmdən əvvəl Adəmlər, əkiz övladlar və ya əvvəl halal olub sonra haram edilmə məsələsi. Bir çoxları da belə bir sual verir. Hz Adəmi yaradan ALLAH bir neçə Adəm ilə Həvva yarada bilməzdimi? Bəli, yarada bilərdi, amma yaratmadı. Səbəbi isə, çox sadədir. Başqaları kimi hədis və ya kiminsə fikrini deməyə ehtiyac yoxdur. Qurana müraciət edək. Əgər bir çox alimlər ruhanilər kimi oxuduqlarından qardaş-bacı evliliyi düşünürsə, əlbəttə onlar hədislərə daha diqqətlə müraciət etməlidirlər. Yaşadığınız miladi təqvimin ilk ilinə gedin. Yəni, Hz İsanın yaradılışına baxın. Hz Məryəmə Mələk insan surətində görünüb. Hz Adəm ilə Həvvanın iki oğunun həyatı, Hz Məryəmin həyatı ilə eynidir. Onların hər ikisinə də Mələklər göndərilmişdi. Uca Rəbbimiz, səbəbsiz yerə Hz İsa ilə Hz Adəmi bir ayədə müqaisə etmir. Necə ki, uca Rəbbimiz Qurani Kərimdə bizlərə xatırladır. Həqiqətən ALLAH yanında İsanın məsəli Adəmin məsəli kimidir. ALLAH onu, yəni Adəmi torpaqdan yaratdı, sonra isə ona “ Ol ! ” dedi, o da oldu. Bir çoxları deyə bilər ki, burda torpaqdan yaradılış və nütfədən bəhs edilir. Xeyir, tək ondan deyil, bir kişi və bir qadından neçə çoxala bilərik deyənlərə də bir mesaj verir ALLAH. Yəni, ALLAH deyir ki, insanı həm torpaqdan yaradıram, həm də cinsi əlaqədə olmadan atasız yaradıram. Yəni qardaş-bacı evliliyinə ehtiyac olmadan.
Habil İlə Qabilə də Mələklər göndərilmişdi. Onlardan birinin digərini öldürmə səbəbi isə, qurbanının qəbul edilməməsi idi. Nə idi bu qurban. Onların hər ikisi ALLAHdan övlad istəmişdi. Diqqət edin, bu məsələni də, hədislərə uyğun insanlara çatdırırlar. Hər hansısa məhsulu ALLAHa təqdim ediblər, birinin qurbanı qəbul edilib, digərinin qurbanı qəbul edilməyib. Qurani Kərimdə Hz İbrahimin də, həyatından bəhs edilir. Hz İbrahim də, övlad ilə imtahan edildi. Qurbanlıq məsələsi Hz İbrahimin imtahanı idi. Hz Adəmin oğulları ALLAHdan övlad istədi ALLAH isə, imtahan üçün, birinə övlad verdi, digərinə isə, övlad vermədi. Övladı olan şəxs qurban kəsdi, digəri isə həsəd aparıb qatil oldu. Nəsil isə ilk qatilin deyil, qətlə yetirilənin və onların bacılarının övladları vasitəsi ilə artdı.
Hz Məryəmə insan surətində görünən Mələk, Hz Adəmin qızlarına da insan surətində göründü. Həqiqətən də, Rəbbimiz elm və qüdrət sahibidir. Çünki O, torpaqdan yaratdığı insanı ölümündən sonra özünə yəni, torpağa qarışdıracaq. Qiyamət gününə kimi. Vəzifəsini icra edib Rəbbinə qarşı çıxan insanları seçib, özü ilə, birlikdə Cəhənnəmə aparan Şeytanı isə, yaratdığı oda qarışdıracaq. Qeyd etmək istədiyim məsələ, odun odu yandırmamağıdır.
Vəs səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.
“Ədəbiyyat və incəsənət”
(04.07.2023)
Uşaqlar üçün “4 mövsüm” kulinariya müsabiqəsi yekunlaşıb
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar təşkil olunmuş “4 mövsüm” adlı müsabiqə sona çatıb.
AzərTAC xəbər verir ki, feysbukun məşhur və dadlı kulinariya qruplarından biri olan “Азербайджанская Кухня и не только” qrupunda keçirilən bu müsabiqə çərçivəsində uşaqlar hər həftə müvafiq olaraq payız, qış, yaz və yay mövsümlərinə aid yeməklər hazırlayıblar. Hər həftənin sonunda isə bütün iştirakçıların reseptləri nəzərdən keçirilərək 3 qalib dəyərli hədiyyələrlə təltif olunub.
Müsabiqədə 2 yaşdan 18 yaşa qədər bütün uşaqları əhatə edib. Əlbəttə ki, ailə üzvlərinin kömək etməsinə də icazə verilib. Belə ki, müsabiqənin məqsədi uşaqlara mətbəxi sevdirmək, onlara ən sadə yeməkləri hazırlamağı öyrətmək, ailələri ilə birgə vaxt keçirib əylənmək olub.
“Bu il də uşaqlarla inanılmaz maraqlı, faydalı və əyləncəli iyun ayı keçirdik. 12 uşaq dəyərli hədiyyələr qazandı. Onlar çox böyük həvəslə müsabiqəyə qatılırdılar. Bir ay ərzində balalarımızla əla nəticələr əldə etdik, birlikdə meyvə və tərəvəzlərdən dadlı yeməklər bişirdik, ən əsası isə həmin meyvə və tərəvəzlər haqqında çoxlu faydalı məlumat topladıq. Mən özüm də hər zaman olduğu kimi böyük həvəslə balalarımla birlikdə bu müsabiqə üçün yeməklər hazırladım”, - deyə qrupun admini və müsabiqənin müəllifi Kübra Kərimli vurğulayıb.
Qeyd edək ki, “Азербайджанская Кухня и не только” qrupu 2011-ci ildən fəaliyyət göstərir və qrupun 30000-ə yaxın üzvü var. Qrup maraqlı onlayn kulinariya müsabiqələri və faydalı rubrikaları ilə məşhurdur.
“Ədəbiyyat və incəsənət”
(04.06.2023)
“Kim deyir ki, susmaq qızıldır?” - Kubra Quliyevanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portal Kubra Quliyevanın “Kim deyir ki, susmaq qızıldır?” adlı hekayəsini oxucularına təqdim edir.
Ana: Gülay, qızım, gəl qonaqlara çay süz.
Gülay: Yaxşı, anacan, gəlirəm.
Qonaq: Hə, ay bacı, sənin qızın da maşallah, böyüyüb deyirəm haa. Bu il inşallah axırıncı ilidir, hə?
Ana: Hə, ay Səmayə bacı, bu il İqtisadı qutarır.
Gülay içəri keçir.
Gülay: Xoş gəlmisiz, Səmayə xala.
Qonaq: Xalan boyuna qurban, xoş gününə gəlim, ay bala.
Gülay: Çox sağolun (təbəssüm edir).
Ana: Qızım, servantdakı stəkan dəstini götür, ona süz çayları (göz vurur).
Gülay: Yaxşı (başını bulayır).
Qonaq: Deyirəm, ay Nuranə, sənin qızın da maşallah, özünə çəkib, çox göyçək qızdır. Yəqin tez apararlar qızı.
Ana: O hələ uşaqdır e, bacı, oxusun qutarsın, istəsə ya işə başlayar, ya magistra imtahan verər.
Gülay çayları süzüb otağına keçmək istəyəndə Səmayə yenə dillənir.
Qonaq: Ay qızım, gəl otur sənə deyəcək sözlərim var.
Gah anasına, gah Səmayə xanıma mat-mat baxan Gülay bir söz deməyib anasının yanında əyləşir.
Qonaq: Qızım, sənin bu anana qalsa, sən ər tapa bilməyəcəksən.
Gülay: (narazı tərzdə) Ay xala, nə ər, mən hələ təhsilimə davam etmək istəyirəm, inşallah hazırlaşıb Polşaya magistraturaya qəbul olmaq, orada oxumaq istəyirəm.
Qonaq: Bax bala, ağlını başına yığ, sən xaricə gedib nə edəcəksən, düşəcəysən xaxol-maxol millətlərin əlinə, kimdi orda sənə xoş baxan. Gəl daşı ətəyindən tök, qutar bu il, səni alaq oğlum Rizvana.
Ana: Səmayə bacı, indiki cavanlara qarışmaq olmur, bir də ki, evlilik böyük bir yükdür, onun üçün gərək hər iki tərəf həm bir birini tanıyıb hörmət etsin, həm də ki, sevgi olmasa ailə olmaz.
Əllərini yelləyib çayı işarə edən qonaq yenə dilini dinc saxlamayıb dillənir.
Qonaq: Aaay-hay danışırsan e Nuranə, sizi də elə bu türk serialları kor qoyub, qızına eşq- məhəbbət dərsləri öyrədənə kimi bir az iş-güc öyrətsəydin çayı qonağa açıq süzməməli olduğunu başa düşərdi heç olmaya. Yoxsa sevgi belə gəldi, hörmət belə getdi, boş söhbətlərdi. Belə də ki, güya hansımız sevib evlənmişik? Gözümüz açılan kimi ər evinə düşməmişik? Hansımızın ixtiyarı var idi, mən oxumaq istəyirəm deməyə. Bəyəm indi pis dolanırığ ki? Maşallah, Rizvan işləyir, qəşəngcə qazanır, kişi maşın da aldı ona, qızı da ki, keçən ay 17 yaşı tamam olan kimi verdim getdi. Sevib bizdən artığına qismət olacaq ki, bəyəm? Seçdiyi sənət qız sənəti olsa dərd yarı, deyərdim müəllimə zad işləyəcək, səninki İqtisadı qurtarıb ekonomist olacaq elə bu dəqiqə. Sənə deyirəm tök ətəyinnən daşı, qız ayılmamış bağlayaq buların başını.Yoxsa bir də, görəcəysən ki, ordan-burdan xəbərlər çatır qulağına. Rizvanımın da xasiyyəti kişi xasiyyətidir haaa, görsə ki, qız bir az açıq geyindi, bir az dedi-güldü, qanı qaralar. Dostlar zad da boş söhbətdi, kişi gərəy arvadına yiyə dursun, bu gün dostu olanın sabah aşnası olar.
Yersiz qonağın sözlərindən bir qədər əsəbləşən Nuranə boğazını arıtlayıb söz demək istəyirdi ki, Gülay özünü saxlaya bilməyib içində ümumi cəmiyyətimizin bu düşüncələrinə qarşı yığılan bütün qıcığını Səmayənin üstünə tökdü.
Gülay: Əvvəla Səmayə xala, gəlmisiz, xoş gəlmisiz, amma ki, qonaq gərək ağzının danışığını bilə. Bilməyib artıq danışanda həddini bildirmədikcə adamın başına çıxırlar yoxsa. Mən bayaq da qeyd elədim ki, magistraturanı xaricdə oxumaq niyyətim var və Allahın izni ilə gerçəkləşəcək. İxtisasıma gələndə sənətin qızı oğlanı olmaz. Ən azı əlinizin altında telefon var, girin araşdırın, hal-hazırda milyonlarla qadın öz ayaqları üstündə dimdik işlərinin başındadır. Siyasət, iqtisadiyyat, sosiologiya, ümumiyyətlə, aşbazından polisinə, polisindən taksi sürücüsünə kimi istənilən iş kateqoriyalarında qadın əməyindən istifadə olunur və qadınların iş üçün mənfəəti kişilərə nisbətdə iyirmi faiz daha üstündür. Siz hər nə qədər anlamasanız da, qeyd edim ki, əksər uğurlu kariyeraya sahib qadınlar qəliblərə sığınmaq əvəzinə öz elminə və bacarığına güvənərək ümumiləşdirilmiş el sözünü çeynədikləri üçün bu dəqiqə sivilizasiyamızın inkişafına təkan verirlər. Sizin kimi qadın düşməni olan həmcinslərim isə heç vaxt mənə çatmayıb. Necə yəni, gözü açılmamış ver ərə getsin? Evlilik özü qızı qadın etmə yolunda atılan ən məsuliyyətli addımdır. Əvvəl gərək insan qarşındakını tanısın, onun xasiyyəti, zövqləri, düşüncəsi, həyata baxışı qarşı tərəfi tamamlasın. İndiki statistikalara baxsanız, görəcəksiniz ki, əksər boşanmalar 25 yaş altında ailə quran xanımlar tərəfindən həyata keçirilib və əsas səbəblər şiddət, xəyanət və ya münaqişəli münasibətlərdən dolayıdır. Lakin bir bu qədər də, xoşbəxt olmadığı halda evliliklərini bitirməyən minlərlə xanım fiziki və mənəvi şiddətə, təhdid və təhqirlərə dözüb oturublar. Səbəbi isə məhz sizin kimi qadın olub qadın xoşbəxtliyini heçə sayan, mentalitet dəyərlərini belə ali məqsədlər üçün yox, öz qıt düşüncələri üçün istifadə edənlərdir. Heç nə demirəm, sizin qızınız 17 yaşında ərə gedəndə ola bilsin ki, çox işgüzar qız olmuş olsun. Amma bu, o demək deyil ki, onun psixologiyası və bədəni ailə qurmaq və qadın olmaq üçün tam hazırdır. Oğlunuz Rizvana gəldikdə isə, sizin oğlunuz kimi qoruyucu qalxan funksiyalı ləyaqət və qeyrət simvolu olan ağız dolusu kişi balalarını da, məhz kor edən ailələrdir. Uşaq yaşlarından kişi ağlamaz ifadəsi ilə ilk öncə yıxılan uşağa ağlamağı, kişi gülməz deyib gülüşü ,kişi qorxmaz deyib qorxunu qadağan etdiniz. Kişisən arvadına yiyə dur, kişisən qadınını və namusunu qoru, kişisən yeri gəldi vur! Budur yəni? Kişilik bu deyil. Dörd hərfin altında əslində çox mənalar yatır. Məsələn, kişi ağlamaz, gülməz yerinə ağlamaq da, gülmək də insanların ən təbii haqqıdır deyilib, güclü və ya qorxusuz olmaq yerinə gücünü mərhəmətindən alan, qorxusu sevdiklərini incitmək olan insanlar yetişdirməklə, qadınının namusunu qorumaq üçün onun gözünü bağlayıb mühitdən təcrid etmək, təhsilinə, dostlarına, geyiminə qarışmaq əvəzinə daim onun arxasında olduğunu hiss etdirərək, ayaqları üstündə dimdik dursun deyə dəstək olaraq, pis gündə bir ağlayıb xoş gündə bir gülərək, yeri gəlsə münaqişələr qarşısında qucaqlamanın verdiyi inamı ona öyrədək qorumalı olduğunu dərk edən güclü kişilər həyatları boyunca həqiqi ləyaqət, xarakter və kişilik sahibi olacaqlar.
Azacıq susduqdan sonra əlavə edir:
-Çaya gəldikdə isə özüm çayın dəmini az süzüb rəngini bir az açıq etmişdim ki, tünd çay ürəyə ziyan verir. Sizin kimi əqidəsi qıt, qeybətə meyilli insanların ürəklərini nəinki çayın isidəcəyini düşünmək, qəlblərinin daşlaşmadığına inanmaq da, mənim kimi "gözü açılmamışların"günahıdır, üzrlü sayın.
Eşitdikləri qarışısında şoka düşən Səmayə ayağa durur, başını aşağı salıb bir söz demədən çıxıb gedir.
Danlanacağından ehtiyat edən Gülay anası ilə göz-gözə gəldikdə narahatçılığın boşa olduğunu anlayıb, nəhayət ki, illərdi mentalitetə hopmuş sözlər qarşısında ilk dəfə səssiz qalmadığı və susan qadınların hamısının ürək sözləri olduğu üçün özü ilə qürur duymağa başlayır
“Ədəbiyyat və incəsənət”
(04.07.2023)