Super User

Super User

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında hazırlanan “Nəğməmə inan” tamaşasını növbəti dəfə nümayiş etdirəcək. 

 

Teatrdan bildirilib ki, sənət ocağının rus bölməsində hazırlanan bu musiqili komediyanın librettosu və mahnı mətnlərinin müəllifi Mixail Şerbaçenkodur. 

İyunun 30-da göstəriləcək tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Afər Tağıyevadır. 

 

Tamaşaya baxmaq üçün biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2023)

Xətai Sənət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində elan olunan “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu davam edir. 

 

Mərkəzdən bildirilib ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədilə təşkil olunub. 

Yaşı 18-dən yuxarı rəssam və müxtəlif peşə sahibləri təqdim edəcəyi əsər və əsərlərin fotosu ilə bərabər rəsmin adı, müəllifin soyadı, adı, təvəllüdü, peşə və əlaqə nömrəsini qeyd edərək This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına göndərməlidir. Uşaq ikən çəkdiyiniz rəsmlə də sərgiyə qatılmaq olar.

Sərgiyə əsər qəbulu üçün son tarix oktyabrın 5-də başa çatır. 

Nümayiş olunan əsərlər geri qaytarılmır. Əsəri sərgilənən müəlliflərə sertifikat təqdim ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2023)

Bülbülün Memorial Muzeyində Azərbaycan professional vokal sənətinin banisi, Xalq artisti Bülbülün anadan olmasının 126-cı ildönümü münasibətilə tədbir keçirilib.

 

Muzeyin yaydığı məlumata görə, muzeyin direktoru Fərqanə Cabbarova çıxış edərək, Bülbülün həyat və yaradıcılığı haqqında geniş məlumat verib. 

O, Ümummilli Lider Heydər Əliyevin Bülbüllə bağlı səsləndirdiyi fikirlərdən də bəhs edib. 

Tədbirdə Əməkdar artist, Bülbül məktəbinin layiqli davamçısı Ramil Qasımov, Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının dosenti Anar Şuşalı, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış ediblər. 

Tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəhmin Əhmədli, Azərbaycan Milli Konservatoriyasının tələbələri, Milli Muğam Müsabiqəsinin diplomantları, İncəsənət Gimnaziyasının şagirdləri iştirak ediblər. 

Həmçinin tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin Bülbülün 100 illik yubileyində çıxışı, dahi sənətkarın yaradıcılığına həsr olunmuş videoroliklər nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2023)

“Ədəbiyyat və incəsənət” portalı Kübra Quliyevanın pritçasını təqdim edir. 

 

 

Əvvəl zaman içində, köhnə hamam içində, xəlbir saman içində Orta Asiyada balaca bir qəsəbə var imiş. Qəsəbədə hər kəsin bir hekayəsi dillərə dastan imiş.
O dastanlardan biri də, dəli Adəmin Həvvaya olan eşq dastanı idi.
Bir adam görmə qüsurlu bir qadını çox sevirmiş. Qadın görməsə belə adamın sayəsində hiss edirmiş hər şeyi. Səmanı, günəşi, dənizi, heyvanları, mavini, sarını, bəyazı, yaşılı və qaradan başqa bütün rəngləri sevdirmişdi adam qadınına...
Getmədikləri həkim, yoxlamadıqları müalicə qalmır, amma qadının gözləri qorxuduğu qaranlıqda yaşamağa məcbur imiş..
Adam vaz keçmir sevməkdən də, sahiblənməkdən də, sevdiyinə sevgini öyrətməkdən də..
Aradan 17 il keçir və bir gün ümid günəşi doğur. Qəsəbəyə xəbər yayılır ki, Almaniyadan gələn bir həkim qurumu bütün xəstəlikləri sağalda bilir. Yenidən inancı alovlanan adam qadının əlindən tutduğu kimi aparır həkimə.
Həkim:
"Əməliyyat lazımdır gözlərin açılmasına, amma çox risklidir, qadın ölə bilər" demiş.
Qadın demiş ki:
"Mən Adəm sayəsində qaranlığın içində aydınlığı gördüm, günəşin şüalarını, göy qurşağını hiss etdim, artıq ölsəm də pis olmaram, əgər şansım varsa yoxlayaq".
Adəm tərəddüd etsə də qadınını qıra bilmir, qəlbində Allaha yalvarış dolu dualarla əməliyyata yola salır Həvvanı.
...
Hekayənin sonunda Həvva gözlərini birdəfəlik qaranlığa yumur.
Qadın bir gün, adam hər gün ölür o ölümün ardından.
Amma ölüm araya girsə belə adam sevgisini əsirgəməzmiş. Hər gün əlində bir ələk qadına günəşin şüalarını daşıyarmış qadın üşüməsin, qaranlıqdan qorxmasın deyə..

Dillərə dastan Adəmin hekayəsi sevgidən qorxan Adamlara və sevgisizlikdən solan Həvvalara ərmağan..

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2023)

Bakı Kitab Mərkəzində etnomusiqişünas Tahirə Kərimovanın görkəmli bəstəkar Fikrət Əmirov haqqında yazdığı “Həyat partiturasında ustadın imzası” kitabının təqdimat mərasimi keçirilib. 

 

Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə qonaqları salamlayaraq, kitabla ilk tanışlığından danışıb.

Nəşrin müəllifinin qızı, “Mədəniyyət” telekanalının direktoru Ülviyə Könül deyib ki, kitab 39 il öncə dahi bəstəkar Fikrət Əmirovun iştirakı ilə yazılıb: “Bu gün bu neçə ildən sonra kitab işıq üzü görüb. Bununla da mən həm övlad, həm də vətəndaşlıq borcumu yerinə yetirə bildim. Cəsarət edib deyə bilərəm ki, bu, ölməz bəstəkar barədə yazılan ən yaxşı əsərlərdən biridir”.

Tahirə Kərimovanın kitabının çox gözəl nəşr olduğunu qeyd edən AMEA-nın müxbir üzvü Rəna Məmmədova-Sarabskaya deyib: “Kitabı oxuyaraq, çox zövq aldım, çünki o, çox mənalı dildə yazılıb və Fikrət Əmirovun şəxsiyyətini çox gözəl ifadə edir. Mən hər kəsə bu kitabı oxumağı tövsiyə edirəm”.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və digərləri Fikrət Əmirovun zəngin yaradıcılıq irsindən danışıblar və təqdim olunmuş kitabın Azərbaycan musiqişünaslığına böyük töhfə verəcəyinə əminliklərini ifadə ediblər. 

Fikrət Əmirovun oğlu, məşhur caz musiqiçisi Cəmil Əmirov, kitabın müəllifinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib. 

Təqdimatın sonunda kitabın müəllifi Tahirə Kərimova bəstəkar haqqında xatirələrini bölüşüb və qonaqlar üçün kitabları imzalayıb.

Kitab Fikrət Əmirovun həyat və yaradıcılığının tarix kontekstində dərk edilməsinə həsr olunub. Müəllifin geniş dünyagörüşü, Azərbaycan folklorunun xüsusiyyətlərini və mədəniyyətin tarixini dərindən bilməsi, eləcə də sənədlərinin və həm bəstəkarın müasirlərinin, həm də özünün xatirələrinin daxil edilməsi kitaba xüsusi dəyər verir. Nəşrdə üç üslub - bədii, elmi və publisistik üslublar məharətlə birləşdirilib ki, bu da onun oxunuşunu təkcə peşəkar musiqiçilər üçün deyil, həm də geniş oxucu kütləsi üçün valehedici edir.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2023)

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi təşkilata üzv dövlətlərin səfirlikləri ilə birgə iyunun 24-də Avropa Oyunlar Parkında “Avropa təamları” adlı kulinariya festivalı keçirəcək. 

 

Açıq havada reallaşacaq bu tədbirin məqsədi Avropa mətbəxini Azərbaycan ictimaiyyətinə tanıtmaqdır. 

Avropa mətbəxi haqqında daha çox öyrənmək, kulinariya ilə bağlı ustad dərsləri və kulinariya müsabiqələrində iştirak etmək istəyən hər kəs 24 iyun saat 17:00-dan 21:00-dək Avropa Oyunlar Parkına (Su İdman Kompleksinin arxası) gələ bilər. Bolqarıstan, Çex Respublikası, Fransa, Macarıstan, İtaliya, Polşa və Rumıniya səfirlikləri qonaqları öz ölkələrinin mətbəxi ilə tanış edəcəklər. 

Tədbir zamanı Aİ nümayəndəliyi tərəfindən nəşr edilmiş “Avropa Təamları” adlı kitabın təqdimatı da nəzərdə tutulur. Kitab Azərbaycan dilinə tərcümə edilmiş ənənəvi reseptlər toplusudur. Kitabı Aİ nümayəndəliyinin internet saytında elektron formatda da əldə etmək olar. 

Tədbir zamanı həm də “Azeri Home Chef”in feysbuk səhifəsində tədbirdən əvvəl təşkil olunmuş Avropa xörəklərinin kulinariya müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi təşkil olunacaq. Buraya qısa siyahıya alınmış müsabiqə iştirakçılarının hazırladıqları yeməklərin nümayişi də daxildir. Festival Azərbaycan və Avropa dillərində çıxış edən yerli musiqiçilərin konserti ilə davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2023)

BU GÜN 7-Çİ İŞ GÜNÜDÜR

 

Ölkənin əsas musiqi hadisələri sırasında yer alan “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı davam edir. 

Sabah - iyunun 25-i başa çatacaq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir. Festivalda Azərbaycanla yanaşı, Misir, Özbəkistan, Tacikistan, İordaniya, İran, Hindistan, Əfqanıstan, Pakistan və hətta Yunanıstandan gəlmiş muğam ifaçıları mükafalar uğrunda yarışırlar. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festivalda ölkəmizi aprelin 24-27-də keçirilmiş Milli Muğam Müsabiqəsinin qalibləri təmsil edib. Festival çərçivəsində Bakı, Ağcabədi və Şuşa şəhərlərində müxtəlif konsertlər təşkil olunub.

Son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində böyük işlər görülüb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

Xatırladaq ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən Milli Muğam müsabiqələri və Beynəlxalq Muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.

Biz festivalın gündəliyini və gözlənilən nümayişləri vaxtaşırı olaraq sizlərin diqqətinizə çatdırmaqdayıq. 

 

18 İYUN

Festivala Heydər Əliyev Sarayında “Alim Qasımov və onun qonaqları” adlı konsertlə start verilib. Konsertdə dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, eləcə də muğamsevərlər iştirak ediblər.

Konsertdə muğamı müasir musiqi cərəyanları ilə sintez edən görkəmli xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımova, Əfqan rübabı və Hind sarodunun dünyaşöhrətli ifaçısı Daud Xan Sadozai, xoreoqraf, muğamla rəqs hərəkətlərini sistemləşdirən tədqiqatçı, 2004-cü ildə Kraliça Elizabetin “Almaz” medalına layiq görülən Saşar Zərif və Türkiyənin xalq musiqi sənətçisi Senem Akdemir çıxış ediblər.

“Alim Qasımov və onun qonaqları” adlı konsertdə əsrarəngiz ifalar gecəyə gələnlərə xoş duyğular bəxş edib.

Qeyd edək ki, festivalın birinci günü həm də Milli Konservatoriyada Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın konsertləri keçirilib.

 

19 İYUN

Festival Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriya və Daş Salnamə Muzeyində Azərbaycandan Əməkdar artist Elçin Şirinov və bir sıra muğam ifaçılarının, Əfqanıstandan Daud Khan Sadozai və İrandan Mahan Mirarabın konsertləri ilə davam edib.

İyunun 19-da habelə Azərbaycan Milli Konservatoriyasında Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun ilk mərhələsi təşkil olunub. 

Beynəlxalq Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə təşkil edilib. Müsabiqənin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Böyük Britaniyadan tanınmış musiqi nəşri olan "Songlines" jurnalının baş redaktoru Simon Broughton, İraqdan musiqiçi, ud ifaçısı, UNESCO-nun Sülh Artisti Nasir Şamma (Naseer Shamma), Özbəkistandan "Soqdiana" Dövlət Ənənəvi Alətlər Kamera Orkestrinin yaradıcısı və dirijoru Firuzə Abdurahimova, Türkiyədən Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli Dünya Musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akatdır. 

Beynəlxalq Muğam Müsabiqəsində Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı iştirak edir. Birinci yer uğrunda instrumental ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı mübarizə aparır. 

Müsabiqədə ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edir. Xanəndəlik kateqoriyasında Mirəli Sarızadə, Xəyal Hüseynov, Zümrüd Məmmədova, Daşqın Kürçaylı, instrumental ifaçılıq kateqoriyasında isə Vaqif Təhməzov, Cahandar Mikayılov, Bayraməli Əliyev və Soltan Nadirov Milli Muğam Müsabiqəsində ilk 3 yeri tutmuş ifaçılardır. İnstrumental ifaçılıq kateqoriyası üzrə ölkəmizi təmsil edən digər ifaçı Anar Vəlizadə isə Milli Konservatoriyanın tələbəsidir.

Müsabiqə üzrə ilk dinləmələr instrumental ifaçılıq kateqoriyası üzrə aparılıb. Bu kateqoriyada püşkatmada adları çıxan 6 iştirakçı - Bayraməli Əliyev, Sultan Nadirov, Vaqif Təhməzov (Azərbaycan), Zilola Ruziyeva, Jahongir Otamurodov, Shoxijohan Yoriev (Özbəkistan), xanəndəlik kateqoriyası üzrə olan püşkatmada isə 5 iştirakçı - Daşqın Kürçaylı, Zümrüd Məmmədova (Azərbaycan), Mohiçehra Şahmurotova, Ramziddin Ergashev, Dostmurod Negmurodov (Özbəkistan) öz ifalarını təqdim ediblər. 

 

20 İYUN

“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalının üçüncü günü də zəngin proqramla yadda qalıb. Həmin gün muğamsevərlərə festival çərçivəsində təşkil olunan beynəlxalq elmi simpoziumda iştirak etmək, Beynəlxalq Muğam Müsabiqəsini, həmçinin muğam kompozisiyasından ibarət fotosərgini izləmək, “Səmimi muğam” konsertini dinləmək imkanı yaradılıb. 

Şirvanşahlar sarayında təşkil olunan “Səmimi muğam” konserti çərçivəsində hər musiqiçi ifasını öz dinləyicisi ilə üzbəüz təqdim edib. Bu konsertdə Azərbaycan Milli Konservatoriyasının tələbələri çıxış ediblər.

Aytən Rüstəmli kamançada “Bayatı-Şiraz”, Kamal Şükürov tarda “Şur”, Baloğlan Qafarov kamançada “Xaric-segah”, Nağızadə Gülnar kamançada “Şur”, Araz Fətəliyev balabanda “Şur”, Abuzər Əsgərli kamançada “Mahur - hindi”, Hüseyn Nağıyev isə kamançada “Şur” muğamlarını məharətlə dinləyicilərinə çatdırıblar.

Növbəti ifalar Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriyada dinlənilib.

Xüsusi maraq Azarbaycan Dövlat Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalına idi, “Muraaqam" layihəsi adlandırılan konsertdə Azərbaycanın ənənəvi və xalq musiqisinin görkəmli ifaçılarından biri, Xalq artisti Səkinə İsmayılova, Hindistanın klassik musiqi ifaçısı Vasumati Badrinathan, Hindistanın violin ifaçısı və bəstəkarı Jyotsna Srikanth çıxış ediblər. 

Konsertdə Azərbaycan muğamı ilə hind musiqisinin sintezi təqdim olunub. .

İyunun 20-də müsabiqənin birinci turunun növbəti mərhələsində isə instrumental ifaçılıq kateqoriyası üzrə digər 6, xanəndəlik üzrə 5 ifaçının dinləmələri təşkil edilib. 

Qeyd edək ki, müsabiqədə dinləmələrdən sonra ikinci tura keçən ifaçılar arasından qaliblər seçilib. 

 

21 İYUN

Festivalın növbəti günü - iyunun 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən “Cadenza” Orkestrinin, piano ifaçısı Tural Rafaelin, İordaniyadan Macadi Nahhas, Özbəkistandan İlyos Arabov, Tacikistandan Sardor Soliyevin ifaları baş tutub.

Müsabiqənin ikinci turu dinləmələri də həmin gün - iyunun 21-də keçirilib. 

Bu dinləmələr ikinci tura vəsiqə qazanmış 10 iştirakçı arasında aparılıb. İnstrumental ifaçılıq kateqoriyası üzrə 5 iştirakçı - Vaqif Təhməzov, Cahandar Mikayılov, Anar Vəlizadə (Azərbaycan), Shoxijohan Yoriev, Toshtemur Shukurullayev (Özbəkistan), eyni zamanda, xanəndəlik kateqoriyası üzrə 5 ifaçı - Mirəli Sarızadə, Daşqın Kürçaylı (Azərbaycan), Mohiçehra Şahmurotova, Dostmurod Negmurodov (Özbəkistan) və İsa Shokri Charandabi (İran) öz ifalarını təqdim ediblər.

 

22 İYUN

İyunun 22-də müsabiqənin ikinci turuna keçən ifaçılar arasından seçilən qaliblərin ümumi nəticələri elan olundu. 

Həmçinin Beynəlxalq Muğam Mərkəzində Misirdən Mustafa Said və “Asil” ansamblı, Milli Konservatoriyada Azərbaycandan Firudin Həmidov, Hindistandan Varijashree Venugopal, Jyotsna Srikanth, Kamera və orqan musiqisi zalında Yunanıstandan “En Chordais” ansamblı səhnəyə çıxdı. 

İndi isə əsas hadisə barədə daha ətraflı: 

İyunun 22-də “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsinin ikinci turuna keçən ifaçılar arasından seçilən qaliblərin ümumi nəticələri elan olunub.  Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilib. 

Münsiflərin yekdil rəyinə əsasən, müsabiqənin xanəndəlik kateqoriyasında Qran-pri mükafatına Mohiçehra Şahmurotova (Özbəkistan) layiq görülüb. Birinci yeri Mirəli Sarızadə (Azərbaycan), ikinci yeri Daşqın Kürçaylı (Azərbaycan), üçüncü yeri isə Dostmurod Negmurodov (Özbəkistan) tutublar.

İnstrumental ifaçılıq kateqoriyasında isə Qran-pri mükafatına Vaqif Təhməzov (Azərbaycan) layiq görülüb. Bu kateqoriyada 1-ci yerə Anar Vəlizadə (Azərbaycan), 2-ci yerə Shoxijohan Yoriev (Özbəkistan), 3-cü yerə isə Cahandar Mikayılov (Azərbaycan) sahib olublar.

 

23 İYUN

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı iyunun 23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif konsert proqramları ilə davam edib. 

Şuşanın müxtəlif məkanlarından, mədəni və qədim tarixi abidələrinin yerləşdiyi ərazilərdən muğam sədaları eşidilib. Eyni vaxtda Şuşadakı Yaradıcılıq Mərkəzinin və Xurşidbanu Natəvanın evinin qarşısında konsert proqramları təqdim edilib.

Festival çərçivəsində ilk konsert Şuşadakı Yaradıcılıq Mərkəzində təşkil olunub. 

Konsert proqramında tanınmış müğənnilər Nəzakət Teymurova – “Bayatı-Şiraz”, Firuz Səxavət “Mahur-Hindi”, Cabir Abdullayev “Zabul-Segah” dəstgahlarını, Nuriyyə Hüseynova “Çahargah” kompozisiyasını ifa ediblər.

Növbəti konsert proqramı Xurşidbanu Natəvanın evinin qarşısında keçirilib. Proqramda İlkin Əhmədov, Gülyaz Məmmədova, Almaz Orucova, Gülüstan Əliyeva çıxış ediblər. 

Festival çərçivəsində, həmçinin qonaqlar və digər ölkələrdən gəlmiş iştirakçılar Şuşa şəhərində tarixi-mədəni abidələrimizlə tanış olublar. Onlara Şuşada aparılan yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Sonra konsert Bülbülün ev-muzeyində təqdim olunur. Şuşada yekun konsertinisə “Qarabağ” otelinin qarşısındakı parkda keçirilib. 

 

24 İYUN

İyunun 24-də Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Milli Konservatoriyada Xalq artisti, xanəndə Teyyub Aslanov və piano ifaçısı Nicat Aslanovun konsertləri keçiriləcək.

 

25 İYUN

Festivalın sonuncu günü – iyunun 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Muğam aləmi”nin bağlanış mərasimi olacaq. Burada festival çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsi qaliblərinin mükaftlandırılmasından sonra konsert təqdim ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2023)

“Zeytun bağları” brendi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədilə “Təbiətimizin sovqatı” adlı respublika uşaq rəsm müsabiqəsi elan olunub. 

 

Mərkəzin yaydığı məlumata görə, yaşı 10-17 olan istedadlı gənclər və yeniyetmələr 2023-cü il avqust ayının 10-na qədər rəsm əsərini fotosu ilə bərabər əsərin adı, müəllifin soyadı, adı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər.

Ölçü və texnika sərbəstdir. Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, ən çoxu 2 əsər göndərilməlidir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək!

Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər. Seçim 10-17 yaş kateqoriyasında aparılacaq. Sərgilənmək üçün 150 əsər seçiləcək. Sərgilənən əsərlərin müəlliflərinə sertifikat təqdim olunacaq və “Zeytun Bağları” brendinin məhsulundan hədiyyə alacaqlar.

Sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılacaqlar və həmin əsərlər “Zeytun Bağları” brendinin ofisinin ekspozisiyasını bəzəmək üçün istifadə olunacaq və geri qaytarılmayacaq. Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2023)

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı iyunun 23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif konsert proqramları ilə davam edib. 

 

AzərTAC xəbər verir ki, Şuşanın müxtəlif məkanlarından, mədəni və qədim tarixi abidələrinin yerləşdiyi ərazilərdən muğam sədaları eşidilib. Eyni vaxtda Şuşadakı Yaradıcılıq Mərkəzinin və Xurşidbanu Natəvanın evinin qarşısında konsert proqramları təqdim edilib.

Festival çərçivəsində ilk konsert Şuşadakı Yaradıcılıq Mərkəzində təşkil olunub. 

Konsert proqramında tanınmış müğənnilər Nəzakət Teymurova – “Bayatı-Şiraz”, Firuz Səxavət “Mahur-Hindi”, Cabir Abdullayev “Zabul-Segah” dəstgahlarını, Nuriyyə Hüseynova “Çahargah” kompozisiyasını ifa ediblər.

Növbəti konsert proqramı Xurşidbanu Natəvanın evinin qarşısında keçirilib. Proqramda İlkin Əhmədov, Gülyaz Məmmədova, Almaz Orucova, Gülüstan Əliyeva çıxış ediblər. 

Festival çərçivəsində, həmçinin qonaqlar və digər ölkələrdən gəlmiş iştirakçılar Şuşa şəhərində tarixi-mədəni abidələrimizlə tanış olublar. Onlara Şuşada aparılan yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb.

Hazırda növbəti konsert Bülbülün ev-muzeyində təqdim olunur. Şuşada yekun konsertin isə “Qarabağ” otelinin qarşısındakı parkda təşkili nəzərdə tutulub.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2023)

 

 

“Qazax" Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar şurasının üzvü, görkəmli alim, tanınmış pedaqoq Hüseyn Xəlilovun doğum gününə

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

Qazax mahalı tarixə çox görkəmli şəxsiyyətlər bəxş edən bölgələrimizdəndir. Bu bölgədən çıxan yazarların və alimlərin Azərbaycan mədəniyətində və elmində müstəsna yerləri vardır. Bu alimlərdən biri də Professor Hüseyn Xəlilovdur. 

O, 1960-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini Fizika-riyaziyyat və Astronomiya ixtisası üzrə bitirdikdən sonra həmin Universitetdə müəllim olaraq işə başlamışdır. 1965-ci ildə namizədlik disssertasiyası müdafiə etdikdən sonra Azərbaycan Neft-Kimya İnstitutunda  baş müəllim, dosent və professor olaraq 1995-ci ilə qədər işləmişdir. 1969–1994-cü illərdə Riyaziyyat kafedrasında işləməklə bərabər Universitetin  Hazırlıq Fakultəsinin Dekanı vəsifəsində çalışmışdır.
Professor Hüseyn Xəlilov elmdə öz dəst-xətti olan bir alimdir: Onun riyaziyyat elminə aid 30-dan çox elmi məqaləsi çap edilmişdir, o, çox sayda Respublika və Beynəlxalq simpozium və konfranslarda elmi-metodik məruzələrlə çıxış etmişdir. 
Professor Hüseyn Xəlilov elmi əməkdaşlığa böyük dəyər vermişdir.  O, bir alim kimi SSRİ və dünyanın bir çox ölkəsinin alimləri ilə görüşüb, sıx əlaqədə olaraq, elmi əməkdaşlıq və dostluq işlətmişdir. Onun yetişdirdiyi elmi mühit, elmi-metodik çalışmalarına müsbət təsir göstərmişdir. Hüseyin müəllim görkəmli riyaziyyatçı alimlərimiz Rəşid Məmmədov və Hüseyn Çəndirli ilə çiyin-çiyinə çalışmışdır.
Hüseyn müəllim sözün əsil mənasında görkəmli alim-pedaqoqdur. O, riyaziyyat sahəsində çox sayda fundamental dərs kitablarının müəllifi ya da əsas mülliflərindən biridir. Məsləkdaşları ilə birlikdə Universitetlərin Riyaziyyat və Mühəndislik fakültələri üçün və Universitetlərdə tədris olunan Riyaziyyatın bütün sahələrini əhatə edən 30-dan çox dərs kitabının müəllifidir. Bu kitablardan Türkiyənin demək olar ki, bütün Universitetlərində tədris edilir.  Prof. Hüseyn Xəlilov məsləkdaşları ilə birlikdə, ilk dəfə “Azərbaycanca-Türkçə-Rusca” Riyaziyat Terminləri Lüğət kitabını hazırlamışdır (1995).
Hüseyn müəllim uzun illər Türkiyədə çalışmış və alim kimi ölkəsini ləyaqətlə təmsil etmişdir. O, 1995–2006-ci illərdə Kocaeli Universiteti və 2008-2014-ci illərdə isə Rizə Universiteti Fən-Ədəbiyat Fakultəsi Riyaziyyat Bölümündə Professor olaraq işləmiş və çox böyük uğurlara imza atmışdır.
Hüseyn müəllim, ağır oturuşu-duruşu və əxlaqlı davranışı ilə xalqının tarixi köklərindən süzülüb gələn ən mükəmməl dəyərləri özündə birləşdirən nadir insanlardan biridir. O, elmi müzakirələrdə nə gədər prinsipial və güzəşdə getməyən idisə, gənç alimlərə və tələbələrə dəstək verməkdə o qədər mərhəmətli olmuşdur. Türkiyədə çalışdığı müddətdə çox sayda doktorluq dissertasiyalarına rəhbərlik etməsi buna əyani sübutdur.
Prof. Hüseyn Xəlilovun yaradıcılığı çox şaxəli olub, sadəcə, riyaziyyatla məhdudlaşmır. Fəqət hər əsəri riyazi düsturların süzgəcindən keçərək özünə həyat qazanmışdır.  Hüseyn müəllim hansısa bir iş görərsə onu zərgər dəqiqliyi ilə mükəmməl bir şəkildə görər. Hər sözün və kəlmənin qədrini bilər və onu dartaraq yerinə qoyar. Hüseyin müəllim elm, təhsil, tarix, ədəbiyyat və əxlaq mövzularına aid olan bəzi əsərlərin də müəllifidir.
Prof. Hüseyn Xəlilov eyni zamanda vətənpərvər bir ziyalıdır. Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizədə ön sıralarda olmuş və millətinə qarşı edilən soyqırımı fərqli platformalarda yüksək səslə dilə gətirmiş və qınamışdır.
Prof. Hüseyn Xəlilov millidir, milli olduğu qədər də dünyəvidir. Uşaqlığı Dəli Kürün Ana Kür olduğu bir qovşaqda keçmiş,  burluğanların necə sakitləşdiyini və durulduğunu əxz edərək püxtələşmişdir. Hüseyn müəllim saza sözə bağlı bir insan olub, aşıq sənətını, saz havalarını və tarixini çox yaxşı bilir. Hüseyin  Xəlilov şifahi xalq ədəbiyyatını, nağıllarımızı və dastanlarımızı dərindən bilən, danışıqlarında və yazılarında bu bilgiləri başarılı bir şəkildə istifadə edən geniş məlumatlı bir ziyalıdır.
Hüseyin müəllim qeyri-adi özəlliklərə sahib tədqiqatçıdır. Öz şivəsində olduqca şirin və savadlı danışan və məruzələr edən alimdir, eyni zamanda bir neçə dildə səlis məruzələr edə bilir.
Hüseyin müəllim təəsübkeş bir insandır. Elinin-obasının istedadlı övladlarını sevən və onlarla fəxr edən bir ürəyə sahibdir. Harada olsa ürəyi Azərbaycanla və onun ayrılmaz parçası olan Qazax- Ağstafa ilə döyünmüşdür.
“Qazax”Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından dəyərli tədqiqatçı, alim, pedaqoq professor Hüseyn Xəlilovu ad günü münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayır.
Hüseyn müəllim, biz sizinlə fəxr edirik!

“Ədəbiyyat və incəsənət”
(23.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.