ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı Şəfa Vəlinin sevilən şair Qulu Ağsəs yaradıcılığı barədəki qeydlərini təqdim edir.

 

 

Dünya ədəbiyyatına ümumi nəzər saldıqda qarşımıza  maraqlı mənzərə çıxır: xüsusun ümumiləşməyi.  Bu gün klassik sayılan əksər əsərləri bizə miras qoyan, zəkasına heyran olduğumuz, düşüncələrinin dolaylarında dizlərimizin giri tutmadığı müəlliflər belə, bir məqamda oxucunu düşünüblər.  “Oxucunu düşünmədən yazıram”... Mənim də oxucunu düşünmədən yazdığım yazılar var. Mənim də oxucunu düşünmədən  yazmağa  başladığım yazılar var... Və bütün səmimiyyətimlə deyirəm ki, istənilən müəllifin  yaradıcılığında hər iki növ yazıdan da mövcuddur. Son abzasda, son cümlədə xüsusluqdan çıxır yazdıqlarımız, olur “ümumun malı”.   Bu “ümumun malı”nın altına iri, qalın şriftlərlə adımızı yazmağımız isə bahalı əl çantasını istehsal edən “moda evi”nin reklam arzusundan başqa bir şey deyil.

            Ümumiləşmə bizi qələmimizi (indiki dövrdə klaviaturamızı) fərqli janrlarda sınamağa sövq edir. Bütün janrlarda uğurlu oluruqmu? Sual böyükdür... Sual mürəkkəbdir... Sual bəsitdir...

            Bu sualın ən hazır cavabı Qulu Ağsəsin yazdıqlarıdır. O, istənilən janrda uğurlu yazır. Çünki bütün yazılarını bəribaşdan “ümumun malı” kimi yazır.  Onun heç bir şeirində, heç bir essesində “mənimdir!” iddiası yoxdur.  “Hamınındır”, “dünyanındır”, “bütün bəşəriyyətindir” var.

            Bu gün belə, qəribə anlarda yadımıza düşən Fərqanə Mehdiyevadan yazanda  sözlərə güzgü kimi baxır - Fərqanə xanımın şeirləri ilə öz şeirləri arasındakı “fərdilik” çayının bu tayında durub deyir: “Fərqanə hamının Fərqanəsiydi; sağlam vaxtı da, xəstə olanda da!”

            Fərqanə xanım haqqında illərdir bir cümlə də yaza bilmirəm. Onu, sadəcə, xatırlayıram. Gözəl xatirəmdi Fərqanə xanım mənim. Bircə onu istəyirəm ki, Fərqanə xanım insanlara necə gözəl xatirələr qoyub getdiyini biləydi...Bəlkə də, bilir?!

            Filoloq Kəmalə Umudovanın “Adı soyadını eşidən şair” kitabını 2 günə oxudum. Daha doğrusu, 1 günə oxudum, 2-ci gün zehnimi əsir alan cümlələrə bir də döndüm. Kəmalə xanım yazır: “Poetik mətnin oxunması, təhlili öz mürəkkəbliyi ilə hər zaman böyük marağa səbəb olur, çünki hər bir doğru oxuma növbəti anlama mərhələsinə təkan verir”.  “Bu şeir məni çəkib apardı...” dediyimiz məqamın elmi izahıdır...

            Bir cümlə var ki, Kəmalə xanım məni gülümsətdi: “Qulu Ağsəsin şeirləri qaçdığım yerdə yaxaladı məni”.  Nə yalan deyim, Qulu Ağsəsə bəxtəvərlik vermədən  oxumağa davam edə bilmədim.  Təkcə bu cümlənin xətrinə şeirimizin altında adımızı yazıb  yaradıcılığımızı, yaratmaq qabiliyyətimizi “reklam etməyə” dəyər!

            Kəmalə xanım Qulu müəllimin xatirələrə sadiqliyindən də yazıb: “Qulu Ağsəs Qarabağın, Ağdamın, doğma kəndi Abdal-Gülablının  amansız, fəlakətlə dolu işğal tarixini yaşadı, amma acıların poeziyanın azad ruhuna üstün gəlməsinə, onu buxovlamasına izn vermədi”. Çünki Qulu Ağsəs Qarabağın xoş vaxtını, Ağdamın ağ gününü, Abdal-Gülablının yurd olmasıyla öyünməsini olduğu kimi saxlayıb xatirə sandığında. Qoymayıb ki, üstünə bir damcı kədər tozu düşsün, göz yaşı nəmlətsin. Hətta zaman-zaman “ah”larının qarşısını almaq üçün həsrət ocağı da qalayıb xatirə sandığının qapağı üstündə. Boğazında təngiyən nəfəslər “ah” olmayıb, ocaq üfürüyü olub...

            “Yaradıcı düşüncə kamil insan axtarışından doğur”-deyir Kəmalə Umudova.  “Şair eqosu” cilalanmamış almaz, əhlilləşdirilməmiş istedaddır. Aylarla, illərlə o almazın cilalanmış formasını, o istedadın mədəniliyini göstəririk dünyaya.  Özümüzlə tək qalanda-daxili yolçuluğumuzda isə biz həmənkiyik-cilalanmamış, əhlilləşdirilməmiş yaradan. “Kamil insan” bəşər üçün arzudan çox məqsəd olmalıdır-bunu bütün dinlər deyir. Şair isə bunu arzulamaqla, kamil insanı axtarmaqla yetinməyi bilir.  Daxilində o kamillikdən bir zərrə də olmasa, şair olmazdı ki?!

            Dərketmənin intəhasız əzabından xilas olmaq üçün iki bənd şeir oxumaq çarə deyil. Olmayacaq da...  İki bənd şeir yazmaq? Hə, bu olar. Kəmalə xanımın yazdığı kimi: “Həqiqəti və azadlığı dərk etməyin bədəli var”. Qulu Ağsəs dərk etdiklərinin bədəlini ödəyib/ödəyir yazdıqlarıyla.  Yoxsa bilinən həqiqəti çoxüzlü piramida kimi o yan-bu yana çevirərdimi? Yoxsa yazardımı ki: “ Cəsurlar sevirlər,Qorxaqlar sevilir”?!

            ...Kəmalə xanım bu fikirdədir ki, şair müəyyən təsirlərlə “dil tapmalıdır”.  Məmməd Arazın o məşhur misraları gəldi dilimin ucuna: “Həyatda “ürəkləş”, “sevləş” demirlər, “Ayaqlaş” deyirlər bu həyat ilə...”    Sonra da Qulu Ağsəsin  idrakını həyata adaptasiya etməkçün bütün yaşam mexanizmlərini sınaqdan çıxarmaq arzusunu düşünürəm. Bir daha əmin oluram ki, Qulu Ağsəs bu arzusuna heç vaxt çatmayacaq. Müəyyən anlar olub/olacaq ki,  həyatın içində olacaq, vəssalam! O “içdən”-yaşamın verdiyi amansız əzablarla mübarizədən də dırnaqlarının altında kainatın DNT-si ilə çıxacaq: ya bir şeirlə, ya iki esse ilə...

            Qulu Ağsəs ənənəvi şeirin formasından çox uzaqdı, amma mənasına doğmadı. “Gözəl dünya”dan incikliyini onun faniliyi ilə deyil, özünün “qonaq” olmağı ilə ifadə edir. “Şair təvazökar olmaz”, hə, amma şair dünyaya, taleyə hökm etmək iddiasına da düşməz. Üstəlik, dünyanı, həyatı, insanları, ən kiçik əşyaları belə,  təqdir etməyi hamıdan yaxşı bacarar. “Bircə eybi var ki dünya gözəlinMəni qucağına qonaq yazdırıb”. Bu misralarda biz Qulu müəllimin təvazökarlığını deyil, təqdiretmə, qədirbilmə bacarığını görürük.

            “Meşə görməmişdim belə arxayın,Mən belə narahat dağ görməmişdim...” Meşə nəyə arxayındı? Dağ niyə narahatdı? Bu sualların cavabını tapmağı Qulu müəllim bizim-oxucunun öhdəsinə buraxıb. Özü bildiyi cavabları bizə deməz-dağın, meşənin sirrini açmaz. Biz  arxayın meşəni, narahat dağı (bəlkə də, dağın strukturu fərqlidir, zirvəsi yastıdı, sinəsi yarğan doludu, kim bilir?!) düşünə-düşünə fantastik roman yazacağıq. Son nöqtəsini qoyanda “shift+delete” edəcəyik: Qulu müəllimin iki misrası həmin romandı elə...

            “Ustanın əl işi-şəyirddi” misrasının davamıdır “İçiynən danışanın deməyə sözü olmaz...”  Sus, əl işini-şeirini göstər, şair! Şeirlər də şairin şəyirdləridir; əsili üz ağardar, bədəsili başı önə əydirər. “Bədəsil şeir varmı?” deyə soruşmayın, günahlarımızı etiraf etdiyimiz bütün şeirlər  nankor övladlarımızdır. Biz onların adını çəkmirik, barmağımızı onlara tuşlamırıq, onlarla fəxr edib sinəmizə döymürük. Amma onlar hər yerdə  müəllifinin kim olduğundan danışır.

            Kəmalə xanım yazır: “Tanrını görə bilmək məqamında özünə yetişən abiddir, arifdir Qulu Ağsəs”. Və ya “Qulu Ağsəs öz duyğularını kosmik varlığın  təzahürü kimi qəbul edir”.   Mənsə Qulu müəllimin “Kim kəsib sən olan yerdə Söylə, yolu-yolağı?!” misralarında bəşəriyyətin indiyədək axtarmaqdan çəkindiyi bir həqiqətin eyhamını tapdım. İnsanla Yaradan arasındakı qorxu, vahimə qatı nə vaxt, necə yarandı?  Yox, axtarmayacağam... Dərketmənin əzabından xilas olmaqçün bir şeir yazaram-ən asan yolu seçmək, özümü özümdən xilas etmək şansım var. “Ol!” əmri mənə də aid deyilmi?!

            “Neçə kərə söz göndərdin,ərindim, yazammadım...”-deyir Qulu müəllim bir şeirində. Yazmasaq da, o şeir zehnimizdə özünə yer edir, bir gün yol getdiyimiz yerdə  heyranlıqla baxdığımız üfüqün üstünə axır gözlərimizdən. Dərd odur ki, indi yaşamağa ərinirik. “Bu gündən sabaha iş saxlama!”- öyüdləmişdi nə vaxtsa məni anam. Saxlayıram indi, sabah da oyanmağa, günə başlamağa səbəbim olsun deyə... Göndərdiyi şeirləri yazmağa ərindiyi üçün Qulu Ağsəsdən küsməyən Tanrının bağışlamaq bacarığına güvənərək yaşamağa ərinirik.

            Tanrının yanında  ömürrəfləri boşdu, biz yaşayıb o rəfi doldururuq, qaytarırıq Tanrının özünə. Tanrı da bizi-ömürləri kitab kimi oxuyur, yeni yazdığı taledə əvvəlki nəticələri görür. Tanrı da  qafiyələri təkrarlayır, söz oyunu oynayır. Amma hamımızın Tanrıya ərki çatmır ki, Qulu Ağsəs kimi deyək: “Sən ordan bir boş  şey göndər, Doldurub geri qaytarım...”

            Kəmalə Umudova bu kitabı yazanacan Qulu Ağsəs yaradıcılığını cığır-cığır gəzib, hər mamırlı daşa sığal çəkib, hər qaya xınasında barmaq isladıb-kitabın sonunda gəldiyim qənaət bu oldu.  “Az qalıb” şeirində isə Qulu müəllimin gəldiyi bir qənaətlə rastlaşdım:

 

(Bir gün)

Yaddaşlar üzlənəcək,

Dostlar varaqlanacaq.

Baxışlar sıyrılacaq

Körpü cığırlar üstdən!

           

            “Olacaq” deyir, gözləntisini qoyur oxucunun baxdığı yerə. Di gəl, ilk oxunuşdaca oxucu Qulu müəllimin  şifrəli misralarındakı həqiqəti çözür: bunların hamısı olub, hamısını yaşayıb Qulu Ağsəs. Yaşayıb və özündən sonrakılara anladır. Ümid deyil, güman deyil “olacaqlar”; qənaətdir, qəti qənaət.

            Qulu müəllim bircə onu demir ki, “Oranın-(Qarabağın) adamları quş kimi oxuyanda” nə oxuyur?

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2024)

 

 

 

 

Cümə axşamı, 14 Mart 2024 11:00

Robin Şarmanın uğura yönəldən 10 kəlamı.

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Robin Şarmanın kitablarından bəyənib seçdiyim bəzi fikirləri əziz oxucularıma təqdim etmək istəyirəm.

Robin Şarmanı həmkarlarından fərqləndirən əsas cəhətləri hansılardır? İlk öncə, onun klassik fəlsəfənin taftalogiya şəkli almış aforizmlərindən xeyli uzaqda dayanaraq müasir, 3-cü minillik fəlsəfəsini yaratmaq istəməsi cəhdi.

Robin Şarma yazır:

1.   Ağıl – gözəl qulluqçu, ancaq bərbad ağadır.

2.   Bizim ömrümüzdə istənilən insan o zaman peyda olur ki, biz onun özüylə gətirəcəyi dərsə böyük ehtiyac duyuruq.

3.   Heç vaxt şikayətlənməyin. Qoy sizi müsbət, güclü, enerjili, entuziazmla dolu şəxsiyyət kimi tanısınlar. Şikayət edən hər şeydə neqativ axtarandır. Beləsi təmasda olduğu insanları qorxudur və çox az halda uğur qazana bilir.

4.   Psixoloji nöqteyi nəzərdən hər şey iki dəfə yaranır: öncə fikirdə, sonra realda. Çalışın, müsbət şeylərə konsentrə olasınız. Mənəvi olaraq möhkəm olun ki, heç nə sizi uğura gedən yoldan döndərə bilməsin.

5.   Kütlənin ardınca getməyə tələsməyin. Ola bilər, bu, dəfn mərasiminə yollanan kütlə olsun.

6.   Nə istədiyinizi təsəvvürünüzə gətirin və möhkəmcə onun baş verəcəyinə inanın. O, mütləq baş verəcək!

7.   İnsanlar onlarda xoş əhval-ruhiyyə yaradan insanlarla iş görməyi xoşlayırlar. Çünki, insan – emossional varlıqdır. Biz, həmişə bizə xoşbəxtlik duyğusu bəxş edən insanlarla bir yerdə olmaq istəyirik.

8.   Hər günün yeniliklərindən həzz duy və düşün ki, bu gün sənin sahib olduğun yeganə şey məhz bu günündür.

9.   Ən varlı adam hamıdan çox varidatı olan adam yox, ən az ehtiyacı olan adamdır.

10.               Səndən arxada olan şey də səndən öndə olan şey də, sənin içində olan şeylə müqayisədə heç nədir.

     Davamı da olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2024)

 

“Ədəbiyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Şeir vaxtıdır, sizlərə Şamil Ənvəroğlunun şeirləri təqdim edilir.

 

 

BİZİ UNUTMA, TANRI...

 

Bizi unutduğun yerdən yazıram sənə, Tanrı.

Demək istəyirəm ki,

bir boşluğa yığılmış axar su kimiyəm,

bu yer mənimki deyil,

yad nəfəslər duyuram ətrafımda.

Yad əllər toxunur əllərimə,

itkin düşən bədənimi axtarıram ümidsizcə...

Mənim deyil bu ömür də,

bu dünya da...

Nəsə yanlış olmalı...

Səssizəm, çaşqınam...

Sınıq ümidlərin batdığı sabahlar kimiyəm-

xəstəyəm, qırğınam... 

 

Bir qaranlıq otağın küncündən boylanıram sənə.

Demək istəyirəm ki,

beynimdə bir yalnızlıq simfoniyası,

qəlbimdə bir həsrət nəğməsi səslənir neçə vaxtdır, aramsız və nədənsiz... 

 

Hər dəfə qapı səsinə diksinirəm,Tanrı.

Yenə də gələn ağrılar olacaq deyə, yeyirəm içimi.

Demək istəyirəm ki,

gələnlərim heç xoş nəsə olmadı ki...

Ya susmayan hıçqırıqlar döydü qapını,

gözü yaşlı, sözü yaşlı,

ya da aldanıb sınmış adamlar,

sürüşkən ayaqlı, yüngül başlı... 

 

Zamanla göz yaşına düşüb üzməyi də öyrəndim.

Bir vaxtlar bir damla acıda boğulurdum çarəsizcə,

indi isə nə dəryalarda üzürəm, nə dəryalarda...

Demək istəyirəm ki,

yanlışlığın deyil, yaxşılığın əsarətinə düşdüm,

yaxşı olmaqdan da bezərmiş insan.

Və içimdə bir dəli üsyan da var bütün pisliklərə... 

 

Sanki min illərin dərviş yolçusuyam,Tanrı,

elə ağır yorğunam ki,

əsir torpaq misali,

nə alan var, nə verən,

elə ağır susqunam ki,

sahibsiz məzar kimi,

nə gələn var, nə gedən...

Bir az mənasız ümidləri yaşamaqdan yoruldum,

bir az  "dəyməz"miş deyilən insanları daşımaqdan,

bir az da heç enişləri olmayan yoxuşlara dırmaşmaqdan...

 

Sındı...

əlimdən düşüb sındı sən verən ümidlər də, Tanrı,

qəlbimdən düşüb sınan sevdalar kimi.

Üzümüzdən uzaq düşdü təbəssümlər, gülüşlər,

əməlindən yetim qalan qupquru sözlər kimi... 

 

İnsan olmaq nə qədər də zormuş, Tanrı.

Ya "olmaz"ları görə-görə ölür adam,

ya dərd yükünü çəkə-çəkə,

ya da bir nankoru sevə-sevə ölür adam...

Demək istəyirəm ki...

Ya da boş ver, susuram...

Zatən görürsən özün,

hər şeyi də, hər kəsi də...

Ancaq səndən bircə xahişim var, Tanrı,

bircə xahişim...

Əgər imkan varsa,

əgər bacara bilsən, BİZİ UNUTMA...

 

 

***

 

Elə körpə arzular var

sınıq arzular içində,

həyat dolu,

ümid dolu...

Qıyıb da, ata bilmirik.

Neçə sevinc itkin düşüb

ağrıların arasında,

eşələyib hər bir günü

gəzirik, tapa bilmirik. 

 

bu dünyanın bazarında

gün satıb

dərd alan olduq,

səsimiz də çıxan kimi

doğru ikən yalan olduq,

Həyat dedik,

sabah dedik...

için-için dolan olduq,

Sarılırıq boşluqlara,

donuruq, yata bilmirik. 

 

yanımızdan ötüb keçir

biz gözləyən

sabahlar da,

adamlar da,

arzular da...

Bir də baxıb görürük ki,

gələn başqa,

üzümüzə gülən başqa,

içimizi didən başqa... 

 

Elə də səssiz gəlirlər,

heç bilmirik gələn nəydi?

Bir baxırıq,

tufan qopdu,

sol tərəfə nəsə dəydi.

Sonra qəfil ağırlaşdı,

qəddimizi nəsə əydi,

Sonra əl açıb Tanrıya,

yerində tapa bilmirik.

 

 

***

 

Tənhalıq o deyil ki,

kimsə olmaya yanında,

Tənhalıq o ki, bu qədər çoxluq içində başını dizinə qoyub rahatca ağlaya biləcəyin,

bu gün ən zəif yerini bilib də,

sabah elə o həmin yerdən səni vurmayacaq bir kimsən yoxdur yanında.

Tənhalıq o ki, 

arzun arzusu,

ümidin ümidi,

səbəbin səbəbi olan bir kimsən yoxdur yanında...

 

Sevmək o deyil ki,

təkcə əllərindən tutmağı,

sarılıb öpməyi,

çılğınca sevişməyi arzulayasan.

Sevmək o ki, 

onun adını duyanda yenidən doğulasan bu dünyaya, yenidən...

Yenidən hər gün bir daha sevəsən o hər kəsin saydığın insanı.

Dünyan, sadəcə, ondan ibarət deyilsə,

dünyanı aydınlatmırsa, SEVGİ adlı günəşin,

nə yaşayıb

nə gördün ki sən?

 

Ölmək o deyil ki,

büküb atalar bir boşluğa,

sən də zamanla yox olasan bir ovuc torpaq şəklində.

Ölmək o ki, insan olmaqdan çıxıb olursan bir əşya,

ya da nəsə...

Ya bıçaq olarsan ümidlər doğrayan,

ya qazan olarsan nifrət qaynadan,

ya da gedər səndən səni SƏN edən hər şey,

qalar səndən geriyə yeriyən bir daş parçası hər gün öz ayağına dolaşa-dolaşa,

hər gün öz başına düşə-düşə.

Nəyi qaldı ki,

İNSAN olmaqdan çıxanların???

 

 

BİR ADI DA YENİDƏN DOĞULMAQDIR SEVMƏYİN...

 

Nəfəs bədənin,

sevgi ruhun Tanrısıdır,

bədən nəfəssiz,

ruh da sevgisiz olanda "adı var, özü yox"ların cəm halına çevrilər.

"Adı insan olanın həyatı bir ağrılı roman olar" demişdi nə vaxtsa bir şair.

Həyatlar əsərlərdə yaşar,

əsərlərdə gülər,

əsərlərdə ağlar...

Homer gözlərindən yetim qalandan sonra yazmışdı ən gözəl əsərini.

Bəlkə də, gözlər düşünməyin ən qəddar düşmənidir,

bəlkə də, düşünmək ruhun ən ağır işgəncəsidir.

Ən çox ağrıyanlar isə ən çox düşünənlərdir,

ən gözəl əsərlər bir ağrıyan ruhun ölüm duasıdır...

Və bir adı da ağrımaqdır yazmağın...

 

Dünənlər hər zaman kövrəldər,

ya xoş xatirələrin,

ya da "təəssüf"lərin melodiyası ağladar insanı.

Dünənlər sabahların keçmiş zaman formasıdır,

sabahlar dünənin gələcək zaman forması olduğu kimi...

İnsan dünəniylə kövrələr,

bu günüylə yaşayar,

sabahıyla ovunar...

Ağlamaq... ağlamaq dünyanın ən məsum duasıdır,

ən səssiz üsyanıdır,

ən gerçək üsyan faktıdır...

Və bir adı da səssizlikdir üsyanların...

 

İnsan sevgidən açılar,

sevgidən gülər,

sevgidən küsər,

sevgidən ölər...

Sevgi ən səmimi ibadətdir,

heç düşməyən hərarətdir...

İnsan sevəndə anlar həyatı,

yaşamağı,

yaşatmağı...

İnsan sevəndə anlar səssizcə danışmağı,

susub, susub uzlaşmağı...

İnsan ən çox itirəndə anlar itirdiyinin dəyərini,

ən çox itirənlər axtarar dünənini,

ən çox axtardığını tapmaz insan, tapmaz...

Sevgi axtarmaqla tapılmaz,

çağırmaqla gəlinməz,

istəyəndə var olmaz...

Sevgi özü gələr,

özü seçər insanını...

Sevgi ölməzdir,

insan ruhunda yaşamağa gələr,

sonra da bir həyat bitən kimi başqa bədənə köçər.

sevgi enerjinin müsbət halıdır,

qovuşanların xoşbəxtliyi,

ayrı qalanların müsibət halıdır.

Bir filmdə deyildiyi kimi: 

"Bir insan əgər sevibsə,YAŞAYIB, demək"

Və bir adı da yenidən doğulmaqdır sevməyin...

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2024)

 

Cümə axşamı, 14 Mart 2024 10:15

Şəhidlər barədə şeirlər – Ramil Babayev

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Ramil Babayevə həsr edilmiş şeirlə tanış olacaqsınız.

                

RAMİL TAQƏT OĞLU BABAYEV

(12.12.1991.-27.09.2020.)

 

Kürdəmir rayonunun Şilyan kəndindən olan, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi.

 

CƏSARƏTLİ RAMİL

 

Vətən elə Vətəndir, olsun dağ, olsun dərə,

Biz borcluyuq Vətəni  candan çox sevənlərə.

 

Vətən yaşasın deyə  Vətənə qurban olan,

Vətənin dərdlərinə sidq-qəlblə dərman olan,

Hər igid bizə qardaş, hər igid bizə övlad,

Onların sayəsində yurdumdan qovuldu yad.

 

Gözəl əməlləriylə yurda gətirən şöhrət,

Kapitan Ramildən  açıram sizə söhbət.

Ramil bir zabit idi, ali təhsil almışdı,

Mehri-məhəbbətini peşəsinə salmışdı.

 

Uşaqlıq arzusuyla çıxdığı yol çətindi,

Hamı bilirdi Ramil  cəsarətli, mətindi.

Vətən müharibəsi  başlayan zaman Ramil,

Yetkin bir zabit idi, kəşfiyyatçıydı-kamil.

 

Vuruşdu, söykənərək qələbə inamına,

Murovdağda yüksəldi  şəhidlik məqamına.

Şilyanın, Kürdəmirin göyə qaldırdı adın,

Azərbaycan unutmaz heç vaxt doğma övladın.

 

Ramili ölməz etdi  yurd sevgisi, ləyaqət,

İki övladı qalıb şəhidimdən əmanət.

Şəhidlərin qanıyla alındı torpağımız,

Şuşada dalğalanır üç rəngli bayrağımız.

 

“Ədəbiyyat və incəsənətz”

(14.03.2024)

 

Çərşənbə, 13 Mart 2024 13:15

Qazax Dövlət Dram Teatrı Bakıda

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Onlar Qazaxdan gəldilər. Sevgiylə, saflıqla, bahar təravəti ilə. Gəldilər Sevgini göstərdilər. Sevgidən söz açdılar. 

 

Mart ayının 19-u Bakıda, Aktyorlar Evində Qazax Dövlət Dram Teatrının müdiri Allahverdi Musayev və teatrın sevilən-seçilən aktyor, aktrisaları Jalə İsmayılın "Ametist xanım və Apatit bəy" pyesi əsasında "Love Butik" tamaşasını nümayiş etdirdilər. Tamaşaçılar tərəfindən alqışlandılar. Əlbəttə bu bizi çox sevindirdi. Azərbaycanın ən ucqar sərhəddi Qazaxdan paytaxt Bakıya gələrək Qazax Dövlət Dram Teatrı növbəti uğura imza atdı. 

Tamaşanın quruluşçu rejissoru Füzuli Dövlət Dram Teatrından dəvət olunmuş Mirzə Nicatdır. Gənc rejissor həm də Mədəniyyət Nazirliyinin "Öyrədərək öyrənirəm" layihəsi çərçivəsində teatrda təlimlər həyata keçirib.

Xatırladım ki, “Qazax" Xeyriyyə İctimai Birliyi Qazax Dövlət Dram Teatrına dəstək oldular,   çox sayda bilet əldə edərək teatr həvəskarlarının tamaşaya baxmalarına yardımçı oldular. "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədov başda olmaqla, İctimai Birliyin üzvləri Labidə Batıyevaya, Firdovsi Umudova, Elçin Xəlilova, Xəyyam Nəsibova sadəcə alqış düşür. 

Və mən ümid edirəm ki, incəsənətə patronajlıq kimi nəcib işə digər qurumlar da öz töhfələrini verəcəklər. 

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2024)

 

“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı və “BRAVO” marketlər şəbəkəsinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Bir qəlbi də sən isit!” aksiyası zamanı öhdəliyə götürülən 43 uşağın arzusu reallaşdırılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 

Bərdə regionundan olan kiçik dostlarımıza “Sevinc paylaşdıqca çoxalır” deyərək öz istəklərinə uyğun hədiyyələr təqdim olunub. 

Siz də kiçik bir addım ataraq böyük sevinclərə səbəb olmaq istəyirsinizsə, www.asanmektub.az saytına daxil olaraq öhdəliyə məktub götürə bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bizim ölkədə vaxtı ilə hansı oğlan uşağından  soruşsaydın ki, kimə oxşamaq istəyərdin, deyərdi, Mixayloya. Və bu obraz kimi onu canlandıran aktyor da çox məşhur idi. 

Bəli, biz onu daha çox “Uzaq sahillərdə” filmində oynadığı “Mixaylo” obrazı ilə yadda saxlamışıq. Rejissor Tofiq Tağızadənin ekranlaşdırdığı bu filmdə haqqında bəhs etdiyimiz aktyor - Nodar Şaşıqoğlu Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə — “Mixaylo” rolunu məharətlə canlandırıb. 

 

Bu gün görkəmli teatr və kino aktyoru Nodar Şaşıqoğlunun anadan olmasından 97 il ötür.

Nodar Şaşıqoğlu 1927-ci il martın 13-də Batumi şəhərində anadan olub. Tbilisi şəhərində orta məktəbi bitirdikdən sonra o, 1945–1950-ci illərdə B.Şukin adına Moskva Teatr Məktəbində kino və teatr aktyorluğu fakültəsində təhsil alıb.

Sənət fəaliyyətinə Moskva şəhərində başlayan Nodar Şaşıqoğlu 1950–1957-ci illərdə burada Dram və Komediya Teatrında işləyib, 1957–1962-ci illərdə “Azərbaycanfilm”, “Mosfilm” və digər kinostudiyalarda çalışıb, 1962–1973-cü illərdə Puşkin adına Leninqrad Akademik Dram Teatrının aktyoru olub. 1973-cü ildən etibarən kino fəaliyyəti ilə yanaşı o, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib. Müxtəlif film çəkilişlərində iştirak edən Nodar Şaşıqoğlu 1981–1991-ci illərdə yenidən Puşkin adına Leninqrad Akademik Dram Teatrında çalışıb. 2004-cü ildən ömrünün sonunadək o, öz sənətkar taleyini Azərbaycan Dövlət Rus Dram Teatrı ilə bağlayıb.

Aktyorun sovet teatr sənəti tarixində həm görkəmli şəxsiyyətlərin, həm də müasirlərimizin yaddaqalan obrazları ilə özünəməxsus yeri var. Onun dünya dramaturji irsinə müraciət etməklə səhnə həyatı verdiyi qəhrəmanlar teatrsevərlərin yaddaşına həkk olunub. Dərin lirizmi və psixologizmi ilə seçilən həmin rollarda aktyor sənətin incəliklərinə son dərəcə dərindən bələd olduğunu dönə-dönə nümayiş etdirib.

“Mosfilm”, “Odessa” və Aleksandr Dovjenko adına kinostudiyalarda istehsal olunmuş müxtəlif filmlərdə aparıcı rolları ifa edən Nodar Şaşıqoğlunun yaradıcılığında “Azərbaycanfilm” kinostudiyasında yaratdığı obrazlar xüsusi yer tutur. Aktyorun çəkildiyi çox sayda filmlərdə məharətlə canlandırdığı surətlər kinematoqrafiya tarixinin parlaq səhifələrini təşkil edir. Nodar Şaşıqoğlu yüksək əxlaqi-mənəvi keyfiyyətlər təlqin edən romantik xarakterli qəhrəmanların obrazlarının mahir ifaçısı kimi tanınırdı. Azərbaycan kinosunun unudulmaz qəhrəmanlarının uğurlu ekran həyatı məhz onun bənzərsiz ifası ilə bağlıdır. 

Nodar Şaşıqoğlunun yarım əsrdən artıq bir dövrü əhatə edən dolğun və zəngin fəaliyyəti gənc aktyorlar nəsli üçün sənət məktəbi olub, onlarca aktyor ondan bəhrələnib. 

Nodar Şaşıqoğlunun kino və teatr sənətinin inkişafı sahəsindəki xidmətləri Azərbaycanda yüksək qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb, 2007-ci ildə isə müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.

Bir şeyi də qeyd edim. “Uzaq sahillərdə” filmi o qədər məşhur idi ki, oradakı “Mixaylo şəhərdədir” frazası zərbi-məsələ dönüb dillər əzbəri olmuşdu. İnsanlar, çəkindikləri bir adam yaxınlıqda olanda bir-birilərinə bu cür xəbərdarlıq edirdilər. Xüsusən, iş yerlərində müdirin iş başında olması, müəssisəni gəzməsi xəbərini işçilər bir-birinə bu cür çatdırardı. 

Ruhu şad olsun böyük aktyorun! 

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2024)

 

“Hərbçi olmaq mənim uşaqlıq arzum idi. Çox ağır döyüşlər gedirdi, amma  qarşımıza məqsəd qoymuşduq ki, torpaqlarımızı düşməndən geri alacağıq. Bu belə də oldu”.

2020-ci ilin 27 sentyabr tarixində Vətən müharibəsinə qatılan, Cəbrayıl, Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edən, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilən və bu sözləri söyləmiş  qazimiz Rəşad Ağaşzadənin tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib. 

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2024)

 

SİTATLAR rubrikasını təqdim edirik. 

Növbəti sitat mədəniyyət nazirinin müavini Fərid Cəfərovun Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunun açılışındakı çıxışından götürülüb: 

 

“Azərbaycanla Xorvatiya arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Bu əlaqələrin yüksək səviyyədə olması ölkə başçılarının qarşılıqlı səfərləri ilə möhkəmlənib.

Azərbaycan və Xorvatiya arasında iqtisadi-ticari əlaqələr son illərdə bir neçə dəfə artıb. Xorvatiyalı iş adamlarının Azərbaycanda biznes qurmaları üçün ölkəmizdə böyük potensial var.

Qeyd edim ki, gələn il Zaqrebdə Azərbaycan mədəniyyət günləri keçiriləcək”

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2024)

Azərbaycan Milli İncəsənət Muzeyində XX əsrin görkəmli ədibi, alimi, pedaqoqu, professor Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının müzakirəsi və təqdimat mərasimi keçirilib.

 

AzərTAC xəbər verir ki, Azərbaycan Prezidentinin dahi şairimiz və mütəfəkkirimiz Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq keçirilən tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) təşkilatçılığı ilə baş tutub.

 

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Humanitar fənlər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev çıxışında “Füzuli sənətkarlığı” kitabının qiymətli mənbə olduğunu qeyd edib. “Füzulişünaslığın elmi-metodoloji tətbiqinə baxdıqda görürük ki, Füzuli poetik xüsusiyyətləri haqqında ilk kitabı Mir Cəlal Paşayev yazıb. İnanırıq ki, gələcək nəsillər də bu kitabdan çox istifadə edəcək”, - deyə o bildirib.

 

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova zəngin sənət dünyasından bəhs edən “Füzuli sənətkarlığı” kitabında şairin bədii və fəlsəfi mahiyyətinin mükəmməl şəkildə şərh olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, bu əsər Füzuli yaradıcılığının araşdırılmasında ən böyük və qiymətli mənbələrdən biridir.

 

BMA-nın professoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə çıxışında “Füzuli və musiqi” mövzusuna toxunub. Musiqişünasın sözlərinə görə, Mir Cəlal Paşayevin Füzuli poetikasının dərin təhlilini ehtiva edən “Füzuli sənətkarlığı” kitabı Azərbaycanın musiqi tarixini tədqiq və tədris edənlər üçün əvəzsiz mənbədir. Z.Dadaşzadə Füzuli irsinin Azərbaycan ənənəvi musiqisinin inkişafında və milli bəstəkarlıq məktəbinin təşəkkülündə rolunu xüsusi vurğulayıb.

 

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti Yeganə Axundova, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Milli Məclisin deputatı Ceyhun Məmmədov kitab haqqında fikirlərini bölüşüblər.

 

Təqdimat mərasimində muzeyin kolleksiyasından böyük şairin obrazı və poeziyasını əks etdirən əsərlər nümayiş olunub, həmçinin Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyası tərəfindən Füzuli poeziyasına bəstələnmiş klassik əsərlər və muğam triosunun ifaları səsləndirilib.

 

Kitab XVI əsrdə yaşayıb-yaratmış dahi şairimiz Məhəmməd Füzulinin ədəbi yaradıcılığı və sənəti, o cümlədən şeir mədəniyyəti və bədii nəsri haqqında elmi araşdırmaları əks etdirir. Mir Cəlal Paşayev əsərində Füzuli yaradıcılığının ayrı-ayrı mərhələləri və motivlərinin araşdırılması ilə yanaşı, onun ümumi ədəbi mənzərəsini elmi cəhətdən göstərməyə nail olub.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.