ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Xoydan Əmin Hacılıdır.

 

Əmin Hacılı

Xoy

 

Bilmədiyin şeylər var

Göbək bağımı gözlərinə bağladım

Yəni həqiqi səni alıb səndən yaratdığım anıt ilə taxladım

Anam dediyimdə dönüb baxan

Qızım dediyimdə dönüb baxan

Sevgilim desəm içimə daman

(Nafazolin içinə daman göz yaşıdır)

Və daha da bilmədiyin şeylər var

Əncir yarpağının uçuğu toxtatdığı yalanını yeddi yaşımda dənələyərək isbatladım

Hələ də isbatlayıram.

Ayrılığı sevdaya sürərək

Həsrətimi qanadıram

Azalır bilmədiklərinin biri

İlk dəfə çəkdiyim ahı qab eləyib divara salıram 18 yaşımda

Sonra hər sabah göbək bağımı kəsib ahımın boynuma salıram

(Atam qapını açıb son cümləni deyir:

Ahından tin dirəyə dayandı).

Yönətmən 25 dəfə oynadır bu səhnəni

Siqareti çoxaldıram

Ahımdan tin dirəyə dayanır

Atam itir.

Ahımdam tin dirəyə dayanır

Saqqalım uzanır.

Ahımdan tin dirəyə dayadım kürəyini

Və gözlərini öpdüm

Bilmədiyin şeylərin ikisini

(Atam qapını çalıb – tin çıxdı)

Hələ bilmədiyin şeylər var

Şeirə sığdırmaq üçün unutduğum

Və unuda bilmədiyim üçün şeirə sığdırdığım şeylər...

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2024)

 

.Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

“ Nələr arzuladıq, nələr qazandıq?!

Hələ nələri də itirəcəyik.

 Yollara sarılıb biz də uzandıq,

 Hara gəlib çatdıq belə tələsik?!”

2.

Həyatın boyu ona-buna çox söz deyə bilərsən və deyirsən də. Amma həyatın boyu bir dəfə Söz demək imkanın olur. Bəzən onu demirsən.

3.

P.Çaadayev: “Xalqını sevənə eşq olsun. Həqiqəti sevənə ikiqat eşq olsun.”

Bu sözlər adamı ancaq və ancaq edam kürsüsünə apara bilər.

4.

“ Qovaq bir dərəyə sehrbazları,

Dərəyə onların adını verək.

Əridək buzları, salxım buzları,

Sehrlər tökülsün ləçək-ləçək...”

5.

Deyirlər ki, ölüm ani bir duyumdur. Belə deyil. Ölümün ömrü insanın ömrü qədərdir. Eyni yolumuzun tən ortasında üz-üzə gəlirik.

6.

“ Baxma belə yad-yad, dönük-dönük,

Uzun yola baxma belə - birdən gələni olar.”

7.

İki üstəgəl iki həmişə dörd olmur. Onun beş olduğu o qədər gözəl və qəribə məkanlar var ki...

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının Poetik Qiraət rubrikasında istedadlı gənc şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər sektorunun müdiri Fərid Hüseynin şeirləri həftəsidir. Bu gün “Təftişnamə” şeiri təqdim olunur.

 

 

 

TƏFTİŞNAMƏ

 

Dərs vermək riyasın qoymuram yaxın,

Çoxdandır öyüdlü nəğmə çalmıram

tarix təkrarların rəqsidir, - baxın.

nəticə çıxarmır, ibrət almıram.

 

Uçulur saraylar, dağılır yurdlar,

silinir ən əziz günlər yaddaşdan.

Əbədiyyət şövqü çəkdirir avar -

fanilik qərq olur ani təlaşdan.

 

Bu bilgi dünyası, xəbər əsrində

nə bir zindanban var, nə də ki, dustaq.

“Yeddi qapısı açıq” labrint qəsrində

qarışqa tükücən azadıq ancaq.

 

Dəm vurma şöhrətdən, nə ad, nə namdan

tarixin nəmindən əsrim kiflənib.

Qardaşlar qanıyla dolu bu camdan

sülhün göyərçini içib, ¬ keflənib.

 

Nə qəbir nişanə qalacaq, nə söz,

su üstünə yazır hər şeyi qələm,

Sürət əsri - ömür yeyən bir acgöz

tələsmək ipinə bağlıdır tələm.

 

Çox haqq bir nahaqqın içində azıb

Yanlışdı deyilən, qələtdir hesab.

“Bütün cümlələri təzədən yazıb”

bütün hesabları ən başdan sayaq.

 

Ərşin düyünündən zaval sallanır,

alimlər aludə bəla vəsfinə.

Sürətə uymaqla calaq olunur

nəfs ağacımız əsrin nəfsinə.

 

Qədir gecəsitək susmaq istədim

dindirdi sükutu səs tamahkarı.

əlimi ruhuma basmaq istədim

pozuldu zikrimin nizam qatarı.

 

Gözəllik çoxdandır timsalımızda

riya dayağına bərk zəncirlənib

əfsus, surətpərəst xəyalımızda -

şeytanın üzündə şər bədirlənib.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2024)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Türkiyənin “Genç Yürekler” jurnalının təqdim etdiyi 51 türk müəllif inin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.

 

 

“Türkistanlı çocuklara tunç kafiye”

 

Murat Aybirdi

 

Zalim postalları altındakilere inat,

Lal kesilmiş sanki şu koskocaman kainat.

 

Can çekişiyor, bilmem yaşar mı ki, insanlık,

Şöylece durup düşünmeli insan bir anlık.

 

Şehirlere bombalar yağar, çocuklar öksüz,

Dalları budanmış, kalmış şu çınarlar köksüz.

 

Yaslıdır sinesine hançer saplanmış şu dağlar,

Viran bağlarda Türkistanlı çocuklar ağlar.

 

Bir ateş yakar içimi şimdi ta derinden,

Kabristanda servilikler ağlar kederinden.

 

Yüreğim esir kaldı, ses gelmez uzaklardan,

Yaralı güvercin kurtulamaz tuzaklardan.

 

Demir pençeli kartal kayalıklardan indi,

Gözlerindeki nefret, yüreğindeki kindi.

 

Boğuk nefesim gırtlağımda olmuş bir düğüm,

Vahşet ve zulümdü şu baştan-başa gördüğüm.

 

Hüzün yağar yığın-yığın,  akşamlar da sürgün,

Mehtap hasta,  garip çocuklar yastadır o gün.

 

Kurt naralı şanlı ordu seferde akın-akın,

Kılıçlar kınında paslanmasın, zafer yakın.

 

Biter bu karanlıklar, çıkarız bir gün düze,

Geceden hayır gelmez, selam olsun gündüze.

 

Aldırma sen bakışları buz kesen ayaza,

Bitecek bu kara kış, mevsim dönecek yaza.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2024)

 

 

 

 

 

 

 

 

 

 

 

Cümə axşamı, 24 Oktyabr 2024 13:33

“Gülənaz bibiyə rekviyem!” - Əli Bağış

REDAKSİYANIN POÇTUndakı növbəti yazı Əli Bağışdandır.

 

Babamın dayısı oğlu Azadxanın qızı idin. Anan Səmiyyə bibi Atamı (6 aylıqdan yetim qalıb) əmizdirmişdi. Atam xətrini çox istəyirdi. Həmin sevginin davamını olduğu kimi bizlərdən də gözləməyə haqlı idin.

Amma kommunikasiya vasitələri (mobil telefon, skayp, votsapp, vəs.) artdıqca, yollar düzəldikcə,maşınlarımızın rahatlığı və sürəti artdıqca biz insanlar bir-birimizdən uzaqlaşdıq, Gülənaz bibi...

14 yanvarda, böyük bacım doğulan gün dünyanı dəyişdin.

Bu dünyada(n) nə gördün axı?!

Müharibə dövründə doğulan uşaqların ortaq taleyini yaşadın.

Geyim yox, yemək yox, işıq yox, qaz yox.

İnək sağmaqdan, ot-ələf yığmaqdan, tövlə atmaqdan, yer belləməkdən, təndir yandırıb, bir ovuc qara unu bişirməkdən, kərmə yapıb evdəki buxarıda yandırmaqdan cod-cod, qabar-qabar olan Ananın əlləri sənin başına sığal çəkib "mənim gözəl balam, şirin-şəkər balam, gül balam" dediyi, oxşadığı olubmu, görən? Yadında qalıbmı heç?!

(Axı evin ikinci qızı idin...

Bizlərdə nəinki ikincini, heç birinci qızları da sevmirlər ki...

Üçüncüdə isə eybəcər adlarımız başlayır:

Bəsti, Qızbəs, Qızqayıt, Yetər, Qızyetər. Müasirlərimiz isə lap gül vururlar, Songül adı verirlər.

Elə bil ki, bu bədbəxtlər özləri özlərini dünyaya gətiriblər...)

Amma gözəl olmağına gözəl idin, Gülənaz bibi...

Cəmi 4 sinif oxudun. Sonra Anan yazığın çəkdiyi zülmləri çəkməyə başladın.

Günəş doğandan batana kimi.

Bir də gözünü açdın ki, gəlin atı qapınızdadı.

"Gəlinatlandı"yla ər evinə-gor evinə getdin.

Xoşbəxt haçan oldun ki, Gülənaz bibi?!

Yəqin, ANA olanda!

(Təbrizli Rəhman vardı!

Qarmon ustası.

Segah çalardı!

Ağlaya-ağlaya! Və deyərdi, şirin, şipşirin Təbriz ləhcəsində deyərdi:

- Qulaq as, ay Ana, səninçün çalıyam!

Yazıqsan, ay Ana, yazıq. Yazıqsan ki, Qadınsan! Yazıqsan ki, Anasan! Yazıqsan ki,Türksən! Başlayardı ağlamağa! Anası Təbrizdə, özü Avropada idi! Anasının üzünü görmədi... (Ay Rəhman əmi, guya talış, kürd, ləzgi, ərəb, fars Anası xoşbəxtdimi? Müsəlman Anası xoşbəxtdimi?!))

  Yəqin, bir də oğul toyunda xoşbəxt olmuşdun!

Sırtıq xanəndələrimiz “Gəlsin xələt versin bəyin Anası”nı uca səslə, dayanmadan təkrarlayanda.

Sən də gecə-gündüz çalışdığın sovxozun zəhərli-kükürdlü  üzüm bağlarındakı əməkgünündən topladığın,  "Oğlumun toyunda başıma atacam" dediyin, rublla aldığın tirmə şalını elə həmən gün sandıqdan çıxarıb, yelləmə atıb əlində xonça çalğıçıların stoluna getdiyin vaxt xoşbəxt olmuşdun!

Bir də Məşhədi, Kərbəlanı ziyarət etdiyin vaxt!

Başqa haranı gəzdin, hansı dünyanı gördün ki, Gülənaz bibi?!

Gördüyün bir İranda Məşhəd oldu, İraqda da Kərbəla!

Vəssalam!

Onda da ölü imamlardan kömək istədin:

- Ya imam Rza, ya imam Hüseyn, ya Əbəlfəz, Qarabağın od-alovundan hamının balasını saxla, mənim balalarım da onların içində!

Anamın dediyi duanı bütün Adnalı Anaları kimi, Sən də təkrarlamışdın:

- “Məni it elə, balalarımı da küt (bizdə, kənddə Analarımız təndirə çörək yapanda çörəyin biri və ya ikisi mütləq təndirin közünün üstünə düşərdi. Ona indi də elə küt deyirik.O, itlərimizin idi), at ağzıma!”

Belə dua, belə deyim, belə övlad sevgisi hansı millətdə var axı, İlahi?!

 Məndən incimişdin! Elə şax üzümə də dedin:

- Sən mənim dayım balasısan, simsarımsan! Hamının balasına iş düzəltdin, mənim yetimimə yox! Hacı (yəni Atam) sağ olsaydı, belə olmazdı. Oddan kül törəyər! Elə düz deyib atalarımız!”

Susdum. Heç nə deyə bilmədim!

Deyə bilmədim ki, övladlarının sənəti yoxdu!

Deyə bilmədim ki, ay gözəl bibim, sən Finlandiyada, Almaniyada, Hollandiyada, Norveçdə, Sinqapurda, Danimarkada doğulsaydın,120 manat pensiyaya möhtac olmaz, heç kimə ağız açmazdın axı...

Ruhlar dünyasının qapıları açılandan sonra sorğu-sual mələkləri öncə kompüterlərində yeni gəlmişin məlumatlarına baxacaqlar.

Sənin Azərbaycandan gəldiyini, müsəlman olduğunu görən kimi, yəqin, belə deyəcəklər:

- Bu insanlar zülmlə yaşayıb, cəhənnəm əzabını görüblər!

Bunun da ruhunu göndərin Finlandiyaya, oranın göylərinə! (Hazırda dünyanın ən xoşbəxt ölkəsi!)

İnsanın insan olduğu, insana insan dəyəri verildiyi ölkəyə. Qoy heç olmasa ruhu da olsa, xoşbəxt olsun!...

Bəlkə də, “Cənnət Anaların ayaqları altındadır” deyimi elə bu imiş, Gülənaz bibi...

Orda, o göylərdə ruhlarıyla görüşəcəyin Anama, Bacıma, bu millətin bütün bədbəxt qadınlarına de:

Biz kişiləri - Ataları, ərləri, oğulları, qardaşları bağışlayın, Allah xatirinə bağışlayın!

Bağışlayın, biz zalımları, biz acizləri...

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

NƏSR

 

 

İLQAR FƏHMİ

 

İLDIRIM

(Fantasmaqorik novella)

 

Qurban Qurbanova ithaf

 

Artıq futbol cameəsinin çoxdan unutduğu məşqçi Rəsul Mirbabayev qəfil peyda olub AFFA-nın qapısını döyəndə,  təbii, heç kimin ağlına da gəlməzdi ki, qarşıda ölkə futbolunu hansı sürprizlər gözləyir.

Onu AFFA-dakı yaşlı mütәxәssislәr müәyyәn qәdәr tanıyırdı. Sovet dövrünün sonlarında “Nefçi”nin ən perspektivli gənc futbolçularından idi, SSRİ dağılandan sonra bir çox idmançılar kimi Avropaya getmiş, bir neçə il orda müxtəlif  klublarda oynasa da, ordakılardan özünə qarşı elə aşağılayıcı münasibət görmüşdü ki, dözməyib qayıtmış, Türkiyədə məşqçilik məktəbini bitirib, Şərq ölkәlәrindә ortabab klublarda mәşqçilik fәaliyyətiylə mәşğul olmuşdu. Әvvәl perspektivli mәşqçi kimi qәbul edilsә dә, elә dә uğur qazana bilmәmişdi. Bәzilәri һәtta onun әrәb ölkәlәrinin birindә vәfat elәdiyini düşünürdülər. Lakin sağ- salamat imiş... Yaşı əllini keçsə də, çox qıvraq vә diribaş әһvalını da saxlamışdı.

Onun tәklifi isә sәfeһ adamın sәrsәmlәmәsinә bәnzәyirdi - Siz mәnә çempionatdakı әn geridә qalan klublardan birini verin, mәn öz һeyәtimi bütünlüklə ora gәtirim vә ... nәticәsini özünüz görəcəksiz.

Tәbii ki, onun sözünә AFFA-nın vitse-prezidenti Şakir müəllim әvvәlcә ciddi yanaşmamışdı. Necə yəni öz heyətimi? Bütöv komandanı hardan gətirəcək? 

Vә yalnız bundan sonra Rәsul Mirbabaјev mәcbur qalıb özüylə gәtirdiyi flaşkadan bir videomaterialı ona göstәrmәli oldu...

Şakir müəllim uzun illər əvvəl dostluq elədiyi һәmkarına yalnız һörmәt әlamәti olaraq bu videomateriala baxmağa razılıq verdi vә... peşman olmadı. Videoda yeniyetmә futolçuların iki dəstəyə bölünüb futbol oynamağı çəkilmişdi.

Oyun tərzi isə həqiqətən çox fərqli idi. Hər biri elə bil ki sözün həqiqi mənasında topla doğulmuşdular. Həm fərdi ustalıqları, həm ümumi komanda oyunu... Topla elə bil ki, janqlyorluq edirdilər. Topu ayaqlarıyla, sinələriylə, başlarıyla yox, öz istəkləriylə idarə edirdilər. Top da onların iradələrinə tam tabe olurdu... 

Şakir müəllim elə bil  sadəcə oyuna yox,  ilahi bir idman tamaşasının fraqmentlərinə baxırdı. 

Video bitəndən sonra Şakir müəllimin sual dolu baxışlarını görən qəfil qonaq öz hekayətini qısa şəkildə danışmağa başladı. Bir şərtlə ki, bu hadisə geniş ictimaiyyətdən gizli qalmalıdı.

Hekayət isə belə idi. Rəsul Mirbabayev müxtəlif ərəb ölkələrində məşqçilik edəndən sonra, doxsanıncı illərin sonlarına yaxın Dubayda məskunlaşmışdı, yerli komandaların birinə məşqçilik edərkən, komandanın prezidenti olan gənc ərəb şeyxi ilə möhkəm dostlaşmışdı. Və bir gün ona uzun müddət düşündüyü ideyasını bildirmişdi - müharibələr içində od tutub yanan Şərq ölkələrindən 7-8 yaşlı yetim uşaqları seçib yığmaq və onları dünyadan tam təcrid edərək, qapalı şəraitdə uzun illər ərzində hazırlayıb qeyri-adi, peşəkar futbol komandası yaratmaq...

Ərəb şeyxinə bu fantastik ideya maraqlı gəlmişdi. Razılaşmışdı və Rəsulun Bank hesabına on milyon dollar köçürtmüşdü.

Rəsul Mirbabayev də gənc Şeyxin yaxın adamlarının köməyi ilə bir il ərzində müxtəlif Şərq ölkələrindən, qaçqın düşərgələrindən, yetimxanalardan seçilmiş istedadlı yetim oğlan uşaqlarını yığıb gizli yollarla Türkiyəyə gətirmişdi. Dubaydan fərqli olaraq Türkiyədə gözdən uzaq bölgələr çox idi və qərara alınmışdı ki, gizli təlim-məşq bazası məhz belə ucqar yerlərdən birində qurulsun.

Rəsul Mirbabayevin ilk baxışdan amansız görünən ideyası bu uşaqları bu düşərgədə tam qapalı saxlamaq (eynən Koroğlunun Qıratı, Dürratı kimi)  və on il ərzində yalnız futbol üzərində formalaşdırmaq idi....

Baza tam təchiz edildikdən sonra Rauf Mirbabayev işə başlamışdı. Bakıdakı köhnə dostlarından bir neçəsini də öz yanına çağırmışdı və bir rəhbər heyət formalaşdırmışdı. Hətta texniki heyətin, tibbi personalın da əksəriyyəti onun köhnə dostlarından ibarət idi.

Beləliklə, bu qeyri-adi eksperementə start verilmişdi. Şimali-Qafqaz, Azərbaycan, Türkiyə, İrak, Suriya, Əfqanıstan və sair yerlərdən yığılan uşaqlar qapalı şəraitdə yeni həyata başladılar.

Mirabayevin səyləri nəticəsində bir-iki ildən sonra onların keçmiş həyatları artıq unudulmaqda olan yuxu kimi görünürdü. Onlarçün reallıq yalnız yaşıl meydançadan ibarət idi. Yemək içmək və məşq. Yaşıl meydan və top... Boş qalan vaxtda isə köhnə futbol oyunlarına baxış və müzakirə...

Ara-sıra Rəsulun dostu olan gənc ərəb şeyxi də gəlirdi, uşaqların hazırlıq prossesinə baxırdı. İlk baxışdan, sıradan bir “uşaq idman klubu”nun fəaliyyətinə bənzəyə bilərdi. Lakin Rəsul Mirbabayevin ideyasının vahiməli tərəfi məhz psixoloji beyin yuyulması prossesi idi. O, uşaqlara sadəcə futbol öyrətmirdi. Beyinlərini bütün dünyəvi fikir və düşüncələrdən təmizləməyi, keçmişlərini unutdurmağı, bütün fiziki və əqli enerjini yalnız və yalnız bir istiqamətə yönəltməyi planlayırdı. Eynən orta əsrlərdəki gizli batini təriqətlərin yetişdirdiyi kimi, onun iradəsinə tam tabe olan böyük bir ailə formalaşırdı. Bu ailənin üzvləri rəhbərin iradəsinə tam tabe olub, bu ailədən kənar bütün dünyaya isə nifrət və qəzəblə baxmalı idilər. Yalnız biz - yalnız bizim dəstə, bizim ailə... vəssalam. Bütün gözəlliklər - güc, qüdrət, sədaqət, etibar, inam, qardaşlıq, dostluq, birlik, vəhdət yalnız bu ailənin içindədir. Seçilmiş varlıqlardan təşkil olunmuş bu ailənin... Bu ailədən kənar bütün dünya yırtıcı və vəhşi varlıqlardan ibarətdir. Onlara yaxın getmək olmaz, yaxın buraxmaq olmaz, inanmaq olmaz, etibar eləmək olmaz... Olmaz, olmaz... Onlara yalnız qalib gəlmək lazımdı. Amma həyatda yox, yaşıl meydanlarda...

Uzun illər boyu belə söhbətlərin təsiri altında futbol meydançası uşaqların beynində Xeyir və Şərin müharibə meydanı kimi formalaşmışdı. Onlar da bu müharibədə özlərini Xeyirin yeganə komandasının mücahidləri kimi təsəvvür edirdilər. Rəsul isə onların nəzərində az qala peyğəmbər kimi bir ilahi varlığa bənzəyirdi. Buna görə də bütün çətinliklərə dözürdülər, ən ağır məşq proseslərini həvəslə keçirdilər. Özlərini kainatda Xeyirlə Şərin son döyüşünə hazırlayırdılar. 

Yetim uşaqları 7-8 yaşlarından başlayaraq bu cür robotlaşdırmaq yaxşı idimi, pis idimi, bu barədə fikirləri Rəsul öz düşüncələrindən uzaq saxlayırdı. Məqsəd vasitəni üstələyir. Məqsəd ideal saat kimi işləyən vahid bir mexanizm yaratmaq və bu ideal mexanizm vasitəsiylə ən yüksəklərə qalxmaq idi. Bu mexanizmin hər detalı, hər hissəsi öz işində mütləq ideala nail olmalı, adi idmançı bacarığını qat-qat üstələməliydi. Hər kəs vahid mexanizmin iradəsini bütün ruhuyla hiss eləməli, bir-birini sözsüz başa düşməli, yalnız bir nöqtəyə vurmalı idi. Beləcə yaşıl meydanda ideal nizam üzərində qurulan bir qələbə maşını təzahür etməliydi.

Lakin prossesin ən aktiv fazasında qəfildən bəd xəbər gəlmişdi. Rəsulun himayədarı olan Ərəb şeyxi iki dostuyla birlikdə avtomobil qəzasına düşüb, heç biri sağ çıxa bilməyib. Bu hadisədən sonra Rəsul xeyli düşünmüş və eksperementini təkbaşına davam etdirmək qərarına gəlmişdi... Onun Dubaydakı bank hesabında kifayət qədər vəsait var. Bu vəsaitin aylıq faizləri düşərgəni saxlamağa yetəcək qədərdir. Sonrasını isə düşünmək hələ tezdi.

Beləcə, Rəsul sonrakı illərdə öz fəaliyyətini müstəqil davam etdirmişdi. İstədiyinə də nail olmuşdu. Və budur, artıq komanda yetişib. Onu gün işığına çıxartmaq vaxtı çatıb.

Vitse-prezident Şakir müəllim bütün bu söhbəti dinlədikdən sonra, bir müddət susdu, Rəsulun gətirdiyi daha bir neçə videomateriala baxdı, özlüyündə analiz elədi, sonda bir neçə sual verdi - yeniyetmələr bu vaxta qədər kənar komanda ilə oynayıblar, ya yox...  və niyə bunların işıqa çıxmağını elə Türkiyədə təşkil eləməyib?

Rəsul Mirbabayev də bildirdi ki, Türkiyədə son vaxtlarda bir neçə yeniyetmə yarışlarında iştirak ediblər, lakin öz güclərini tam göstərməklərinə icazə verməyib. Türkiyədə bunları ortaya çıxartmaq isə çox tez diqqəti cəlb edə bilər. Rəsul isə istəyirdi ki, komandanın Avropa meydanlarına çıxmasından öncə çox diqqət çəkməsin. Yoxsa yüksəlişə mane olanlar çox ola bilər.

Vitse-prezident düşünməkçün Rəsuldan bir neçə gün vaxt istədi, nəhayət qərara gəldi. Artıq bankrot olmaq üzrə olan və yüksək liqada yerini zorla qoruyub saxlaya bilmiş “İldırım” komandasının sahibi ilə danışıldı, razılıq alındı və komandanı yenidən qurmaq məşqçi Rəsul Mirbabayevə həvalə olundu. Yeganə çətinlik isə heç bir sənədi filanı olmayan yeniyetmələri ölkəyə necə gətirmək və onları yerli sənədlərlə təchiz eləmək idi ki, bunu da yol tapıb birtəhər həll eləyə bildilər.

Beləcə yenilənmiş “İldırım” ölkənin yaşıl meydanlarına çıxdı.

Mövsümün əvvəlində o qədər də inamlı oynamayan komanda bir müddət sonra yavaş-yavaş xal ehtiyatını artırmağa nail oldu, turnir cədvəlinin ortalarına yaxınlaşdı.

Rəsul Mirbabayev isə ara-sıra köhnə dostu olan vitse-prezident Şakir müəllimlə söhbətləşir, fikir və düşüncələrini yalnız onunla bölüşürdü.  Düzdü, ilk turlarda Şakir müəllim Rəsulu danlayırdı ki komanda yaxşı oynamır, potensialını göstərə bilmir.  Rəsul isə onu sakitləşdirirdi ki, hələ tezdi... Qoy kənardan elə görünsün ki, bunların ara-sıra qələbə qazanmaqları da yalnız təsadüfdür. Vaxtı çatanda  hamı onların gücünü görəcək. Həm də mövsümün ilk yarısı uşaqların müxtləif fərqli komandalarla oyunlara adaptasiya dövrüdü.

Şakir müəllimin ürəyinə ara-sıra şübhələr də yol tapırdı. Bəlkə köhnə dostuna inanmaqda düz eləməyib? Bəlkə onun bütün danışıqları uydurmadı? Bəlkə bu nağıl nəsə başqa məqsədlə uydurulub?

Lakin mövsümün sonuna yaxın “İldırım” həqiqətən də bir az sürəti artırdı və Avropa liqası zonasına düşə bildi. Hərçənd, Şakir müəllimə elə gəlirdi ki “İldırım” istəsəydi ölkə çempionu olub Çempionlar liqasına da vəsiqə qazana bilərdi. Lakin Rəsul bunun əleyhinə idi. Ora diqqət mərkəzindədi. Avroliqada isə sürprizlərə öyrəşiblər. Çox diqqət çəkmədən işimizi görəcəyik.

Rəsul öz strategiyasında haqlı çıxmışdı. Komanda Avrokuboklara vəsiqə qazansa da, özünü yenə də müəyyən qədər diqqətdən kənarda saxlamağa müvəffəq olmuşdu... Futbolçular media qarşısına demək olar ki çıxmırdı, yalnız Baş məşqçi ara-sıra müsahibələr versə də, özünü təsadüfən gəlib Avrokuboklara düşən və bundan özünü itirən çaşqın bir adam kimi aparırdı. Hətta bir neçə dəfə bildirmişdi ki, nə komanda, nə də mən belə böyük yarışlara hazır deyilik.

Ölkənin idman cameəsinin diqqətinin əsas hissəsi çempionun və yuxarı yerlərdəki digər komandaların mərhələ keçmək şanslarına yönəlmişdi. “İldırım” barəsində isə ya heç danışmırdılar, ya da adı gələndə, deyirdilər ki, elə birinci mərhələdən uduzub Avrokubokları tərk edəcək.    

Növbəti mövsümün əvvəlində komandanın daxili çempionatda göstərdiyi çox zəif oyun bu fikirləri sanki bir daha təsdiq edirdi.

İkinci mövsümdə bu uğursuz startın fonunda, Avrokuboklarda birinci və ikinci mərhələni keçməyi də, o qədər maraq oyatmadı. Kənardan elə görünürdü ki, komanda sanki uğurlu təsadüflərə minnətdar olmalıdı... Birində son dəqiqələrdə vurduğu qolun köməyi ilə, ikincidə isə oyunsonrası penalti zərbələri nəticəsində mərhələ adlaya bilmişdi. Ələlxüsus, rəqiblərinin zəif komandalar olduğu nəzərə alınanda, bu uğur o qədər də parlaq görünmürdü. Moldova və Kipr komandalarını udmağa nə var ki?  

Yalnız pley-offda Slovakiya klubunu keçib Avropa liqasının qrup mərhəsinə düşəndə, “İldırım” barəsində qismən ciddi söhbətlər getməyə başladı. Hərçənd, yenə də diqqətin böyük hissəsi qrup mərhələsində yerini təmin eləmiş ölkə çempionunun üzərində idi, ondan daha böyük uğur gözləyirdilər, proqnozlar verirdilər, rəqiblərini analiz edirdilər. “İldırım”ın təsadüfi uğuru isə sadəcə qrup  mərhələsinə ölkədən iki klubun düşməsinin futbol tariximiz üçün bir ilk olmağı üzərində idi. Axı kənardan həqiqətən də belə görünürdü ki, “İldırım”ın yenə də ard-arda bəxti gətirir. Uğurlu təsadüflər və bəxtin köməyi. Vəssalam. 

Şakir müəllimsə “İldırım”ın bütün oyunlarını diqqətlə izləyirdi. Özlüyündə analiz etdikcə görürdü ki, elə bil oyunlar qabaqcadan oxşar strategiya ilə planlaşdırılır.

Əvvəlcə komanda hücumda çox dişsiz, sönük oyun nümayiş etdirir, lakin müdafiədə möhkəm dayanırdı. Hansısa məqamda rəqib onun qapısına yol tapsaydı, bir müddət “İldırım” sanki özünü itirmiş kimi görünür, elə təəssürat yaranırdı ki, yenə qollar buraxacaq. Lakin elə olmurdu. Bir müddət xaotik oyun tərzi ilə rəqibin diqqətini keyidəndən sonra, sanki bir anda ideal mexanizm işə düşür, sıxılmış yay açılır, komanda gözlənilməz şəkildə qol vuraraq hesabı bərabərləşdirir, ardıyca yenə dəqiq riyazi nizam pozulur, ideal mexanizm qırılıb dağılır, oyun yenə sönük xaotik bir məcraya düşür. Sona yaxın isə lazım olan nəticəni almaq üçün ilk baxışdan təsadüfi görünən bir qol vurulur. Vəssalam. Hamı sevinir, lakin heç kim bu uğuru nəsə qeyri-adi bir şey kimi görmür.

Vitse-prezident Rəsulla söhbətlərini xatırlayarkən, bu strategiyaya haqq qazandırırdı. Bəlkə də düz eləyir. Əgər elə ilk oyunlardan öz ideal mexanizmini, dəqiq nizamını göstərsə, kimlərsə qorxacaq, kimlərsə ehtiyatlanacaq, bu qəfil göbələklərin qabağını kəsməkçün nələrsə edəcək. Belədə isə, heç kim əhəmiyyət vermir, sən də rahat, sakitcə işini davam edirsən.

Şakir müəllim görürdü ki, deyəsən bu saat qələbə qazanmaq yox, bu qələbənin çox da diqqət cəlb edən olmamağı Rəsulun daha çox enerjisini aparır. Elə bil lazım olan yerə gedib çatana qədər öz ovcundakı qiymətli incini hamıdan bacardıqda gizlətməyə çalışırdı. Qorxurdu ki əlindən ala bilərlər. Hətta oyunçüların adları da elə idi ki, heç kimin yadında qalmırdı. Əli Quliyev, Məmməd Həsənov, Əli Məmmədov, Həsən Ağayev.. Adam əlləşsə də bunların içindən hansınınsa adını yadında saxlaya bilmirdi.  

Vitse-prezident yalnız bir şeydən narazı idi - “İldırım” ikinci mövsümdə ölkə çempionatının ilk on turunda bircə qələbə də qazana bilməmişdi. Hiss edirdi ki, Rəsul bunu da qəsdən edir. Özündən soruşanda, cavab alırdı ki, uşaqların bütün diqqətini yalnız Avrokubok oyunlarına yönəltmişəm.

Axı düzgün deyil, Rəsulun köhnə dostu deyirdi, bəs gələn il nə olacaq, avrozonaya düşməsəniz, gələn il Avrokuboklarda oynaya bilməyəksiz axl? Rəsul da əlini yellədib deyirdi ki, bu ildən salamat çıxaq, gələn ili sonra fikirləşərik.

Şakir müəllimin ürəyindən ani şübhələr keçirdi ki, deyəsən heç gələn il olmayacaq...

“İldırım” qrup mərhələsinin oyunlarına da sönük başladı. Yenə eyni strategiya ilə oynadı. Az qol vurdu, əksəriyyəti də təsadüfi qollar kimi görünürdü. Amma çox qol da buraxmadı. Son tura qədər qrupda vəziyyət eləydi ki, qrup liderliyini təmin eləmiş “Roma”nı çıxmaq şərtiylə, qalan üç klubun da qrup ikincisi olmaq şansı var idi. Həm “Slovan”, həm də “Rapid” eyni xal yığmışdı, son sırada olan “İldırım” onlardan bir xal geridə idi.

Düzdü, “İldırım”ın son tura qədər şansını saxlaması inanılmaz görünsə də, oyun tərzinin sönük və solğun olması, yenə də böyük diqqət cəlb çəkməsinə mane olurdu. Ara-sıra onu sürpriz adlandırsalar da, hətta Avropa mediasında belə, yalnız təsadüflər nəticəsində bu yerə qədər gəlib çıxdığı bəyan edilirdi.     

Son turda adətiycə sönük bir oyunun sonunda cərimə zərbəsindən vurulan bir qolla qrupdan çıxmağa nail olan “İldırım” yenə də müəyyən mənada əsas diqqətdən kənarda qalmağa nail ola bildi. Çünki ölkə çempionu da qrupdan çıxmışdı və medianın diqqəti də daha çox onun üzərində idi.

Əlbəttə yerli media “İldırım”ın məşqçisini də, oyunçularını da tez-tez kamera qabağına gətirirdi, Rəsul bunun qabağını tam ala bilməyəcəyinə əmin idi... Lakin oyunçular eynən meydançada oynadıqları kimi elə sönük və mənasız şeylər danışırdılar ki,  bir dəfə müsahibə alan jurnalist ikinci dəfə yaxın gəlmək istəmirdi.

Təbii ki, icmalçılar, şərhçilər, idman jurnalistləri səthi də olsa, “İldırım”ın oyununu analiz edirdilər. Lakin deyilən əsas fikirlər bu idi ki, komanda öz oyununu hələ tapa bilmir, ara-sıra maraqlı kombinasiyalar, fərdi texnika nümayiş etdirə bilsələr də, çox xaotik oynayırlar,  qurulan nizam tez dağılır, oyun tərzi daha çox başıpozuq xarakter daşıyır. Bir sözlə, komanda oyunu yox səviyyəsindədir. Komanda öz gücündən daha ağır bir yükün altına girib və çapalayır.

Yalnız Şakir müəllim hiss edirdi ki, bütün bunlar məqsədli şəkildə qurulub.  Rəsulun komandası bu saat öz gücünü göstərməkdən daha çox gizlətməklə məşğuldur.

Qrupdan çıxandan sonra ölkə çempionu elə ilk mərhələdə “Ayaks”a məğlub olub yarışı tərk etdi, “İldırım” isə iki oyunda bir top fərqi ilə “Partizan”ı keçə bildi. 

Yalnız bundan sonra ölkə mediasının diqqəti “İldırım”a yönəldi. Komandanın oyunu daha ciddi şəkildə analiz edilməyə başladı. Ara-sıra Avropa şərhçiləri də onlar barədə qısa da olsa yazılar və reportajlar hazırlamağa başladılar.

İlk öncə komandanın müdafiə xəttinin çox möhkəm olduğu ön plana çıxarıldı. Müdafiəçilərin sanki qapı qarşısında keçilməz dəmir hasar çəkdiyi təqdir olunurdu. Sanki məşqçi bütün diqqət və bacarığını müdafiə xəttinin qurulmasına yönəldib. Lakin yarımmüdafiə və hücum xəttinin çox zəif olduğu deyilir, bunun ardıyca yenə də oxşar fikirlər təkrar edilirdi - zəif rəqiblər və təsadüfi qollar. Bəxt, uğur amili... Yalnız nadir mütəxəssislər başa düşürdülər ki, bəxt bu qədər uzun müddət bir komandanın üzünə gülə bilməz, burda nəsə hiylə var.

Püşkatma nəticəsində “İldırım”ın səkkizdə bir final mərhələsindəki rəqibinin “Olimpik Lion” olacağı bilindi. Çempionlar liqasında “Çelsi”yə uduzub Avroliqaya düşən “Lion” burda ən əsas favoritlərdən biri sayılırdı. Təbii ki, ölkə mediası da öncədən “İldırım”ın böyük hesablı məğlubiyyətlə yarışı tərk edəcəyi anonsunu verirdi. Elə Avropada da eyni fikirləri yazırdılar. 

Püşkatmadan sonra, məşq zamanı Rəsulla ikilikdə görüşən Şakir müəllim qəribə də olsa onun üzündə sevinc və fərəh hiss elədi. Şakir müəllim bunun səbəbini soruşanda, Rəsul bildirdi ki, bu vaxta qədər komandamın gücünü çox göstərmədən, qələbələr qazanmaq çox çətin idi. Şükürlər olsun ki, çətin də olsa, buna nail olduq. Bu vaxta qədər heç kim bizi ciddiyə almadı, əl-ayağımıza dolaşmadı, mane olmadı. İndi daha maskaları atmaq vaxtı yetişib. Daha rahat nəfəs almaq, ayaqlarımıza bağlanmış daşları açmaq olar. 

Rəsul Mirbabayevin üzündəki qəribə fərəh və rahatlıq hissini Şakir müəllim məşq prossesində uşaqların sifətlərində də gördü...  Simaları müxtəlif olsa da, üzlərindəki təbəssüm, gözlərindəki ifadə eyni idi. Çöhrələrində qəribə bir işıq parıldayırdı. Elə bil artıq bütün mümkün qələbələri qazanıb bütün kubokları almışdılar. Hər birində eyni ifadə, eyni işıq, eyni parıltı. Elə bil üzlərindəki ifadəni klonlaşdırmışdılar.

Şakir müəllim onların hazırlıqına mane olmamaqçün Rəsulun vaxtını çox almadı, ayrılanda yalnız onu soruşdu ki, “Lion”a qarşı hansı taktika ilə oynayacaqsan?

Rəsul Mirbabayev ani düşündü, gülümsünüb dedi ki, üç mərhələdə hamının tanıdığı üç fərqli oyun üslubu quracam, dördüncüdə isə öz oyunumuzu oynayacağıq.

Rəsul heç nə anlamadı. Nə üç, nə dörd? Axı mərhələ yalnız iki oyundan ibarət olur? Lakin bunun səbəbini soruşmağa vaxtı qalmadı. Rəsul sağollaşıb aralandı, uşaqların yanına getdi.

Şakir “İldırım”ın oyunçularının üzündə məşqdə gördüyü təbəssümün səbəbini, həm də Rəsulun dediklərinin mənasını  “Lion”la səfərdə ilk oyunda anladı və heyrətə düşdü.  Həm də tək o yox. İlk oyundan sonra bütün azarkeşlər eyni əhvaldaydılar.

“İldırım”ın oyunçuları elə bil həqiqətən də zəncirdən qurtulmuşdular. “Lion”un məşqçisi rəqibinin keçmiş oyunlarını analiz edib, iti bir hücum xətti qurmuşdu ki, “İldırım”ın möhkəm müdafiə xəttini sındıra bilsinlər. Lakin ilk dəqiqələrdən “Lion”un bütün taktiki gedişləri iflasa uğradı. “Lion” öz qarşısında sanki 80-ci illərin sonlarının Almaniya yığmasını görürdü.

“İldırım” bütün taktika və strategiyası, oyun tərzi ilə, həqiqətən də məşhur alman maşınını təqlid edirdi. Həm də çox yüksək səviyyədə... Fransızların bütün cəhdləri bu alman maşınının ağır təkərləri altında qalıb ovulurdu. “Lion” oyunçuları elə bil İkinci dünya müharibəsində dəmir tankın qarşısına çıxmış əliyalın fransız əsgərləri  idi və atdıqları bütün qumbaralar dəmir zirehə dəyib partlasalar da, heç bir xətər yetirə bilmirdilər.

Birinci hissədə iki, ikinci hissədə isə daha bir qol vuran “İldırım” elə bir komanda oyunu göstərdi ki, çoxlarına elə gəldi ki, istəsəydi üç yox, otuz qol vurardı. Onlar oynamırdılar, sadəcə dəqiq saat kimi işləyən bir mexanizm göstərirdilər.

Bakıdakı oyun da eyni hesabla başa çatdı.  “Lion”u kənarlaşdıran “İldırım” növbəti mərhələdə Diyeqo Simeonenin uzun illər rəhbərlik etdiyi “Atletiko” Madridlə üz- üzə gəlməli oldu. Simeone işə daha ciddi yanaşdı, “İldırım”ın son oyunlarını dəqiq analiz edərək, uzaq ölkədən qəfil pırtlayıb çıxmış bu yeni alman maşınının qarşısına necə çıxmaq barədə planlar qurdu.

Lakin ilk oyunda Simeonenin da bütün planları iflasa uğradı. Oyun başlayan kimi “Atletiko” oyunçuları qarşılarında klassik alman maşınını yox, 60-70-ci illərin Braziliya yığmasını gördü.

Alman mexanizmi sanki bir anda göyə sovrulmuş, yerində əsl futbol şousu göstərən Braziliya yığması peyda olmuşdu. Sadəcə fərq onda idi ki, burda Pele bir dənə yox, çox idi. Komanda sanki bir estetik futbol şousu nümayiş etdirirdi. Oyunçular futbol yox, rumbo oynayırdılar, ritmik bir rəqs göstərirdilər. Hər oyunçunun fərdi oyun texnikası, qeyri-adi fintləri, topla aktrobatik hərəkətləri, daban ötürmələri, baş üstündən zərbələri heyrət doğururdu. Oyunun sürəti də elə bil maksimum aşağı salınmışdı. Heç kim tələsmirdi. Sanki tamaşaçılara bu estetik oyundan yetərincə zövq almağa şərait yaradılırdı. 

Əvvəlki oyunlardakı dəmir müdafiə xətti də qaldırılmışdı. “İldırım” oyunçuları elə bil eynən o vaxtkı braziliyalılar kimi demәk istәyirdi ki, siz nə qədər bacarırsızsa vurun, biz istədiyimiz qədər vuracağıq...  İlk oyun üç-iki, ikinci oyun isə beş üç hesablı qələbələrlə başa çatdı. “İldırım” hətta hesabda geri düşəndə də, oyun tərzini dəyişmir, sürəti artırmır, eyni cür şən, estetik futbol şousu göstərirdi.

Şərhçiləri ən çox çaşdıran isə komandanın hər iki mərhələdə bir-birindən radikal şəkildə fərqli oyun tərzi nümayiş etdirməsi idi. Axı bu necə ola bilər? Eyni oyunçuların bu qədər fərqli oyun nümayiş etdirməsi ağlasığmaz görünürdü.

Yarımfinal püşkatmasında “İldırım”ın qarşısına Almaniyanın “Ayntraxt” komandası çıxdı. Klubun məşqçisi Dino Topmüller “İldırım”ın əvvəlki oyunlarını analiz edərək heyrətlənsə də, əsl alman soyuqqanlılığını qoruyub saxladı. Oyundan əvvəlki müsahibələrində də qəribə bir kinayə ilə bildirdi ki, onlar nə oynayır oynasın, özləri bilər. İstər futbol oynasınlar, istər tanqo. Biz elə öz oyunumuzu oynayacağıq.

Yalnız peşəkarlar bu kinayənin arxasında qəribə bir acizlik çaları olduğunu da hiss elədilər. Axı onun qarşısında iki müxtəlif oyun tərzi göstərən bir klub vardı. O öz komandasını bunların hansına uyğun hazırlasın? Axı bilmirdi “İldırım” bu dəfə nə göstərəcək? Ona görə də bu fikrin üstündə qətiyyətlə durdu - heç bir taktiki dəyişikliklər etmədən öz oyunlarını oynamaq.

“İldırım” isə üçüncü sürpriz edərək, bu dəfə “Ayntraxt”ın qabağına Yoһan Kroyfun vaxtındakı Holland komandası kimi çıxdı. Klassik alman maşınına qarşı hollandların total futbolu.... Maşın mexanizmində hər detal öz yerini dəqiq bilir, artıq heç nə eləmir və bu da nəticə verir. Burda isə heç kəsin konkret yeri yox idi. Hər kəs hər yerdə idi.

“İldırım” oyunçuları sürətli yerdəyişmələrlə, gözlənilməz improvizasiyalarla “Ayntraxt”ın dəqiq saat mexanizmini elə çaşqın vəziyyətə gətirmişdilər ki, oyunçuların az qala başları da hərlənirdi. Belə bir vəhşi sürəti olan oyuna hazır deyildilər. “İldırım”ın sürətli total futbolu qarşısında alman maşını cırıldayır, fısıldayır, lakin yerindən tərpənə bilmirdi.  İlk oyun iki sıfır, ikinci oyun isə iki bir hesablı qələbə ilə bitdi və “İldırım” Avropa liqasının finalına çıxdı. 

Əvvəlki oyunlardan sonra mətbuat konfranslarında iki kəlmə danışıb aradan çıxan Rəsul Mirbabayev bu dəfə tamam fərqli bir ampluada çıxdı. Müdrik, ağıllı, ciddi görkəmdə olsa da, eyni zamanda qəribə bir divanəlik çaları ilə sanki Avropa futbol cameəsini heyrətləndirmək məqsədi güdürdü.     

Rəsul jurnalistlərin ilk suallarını kənara qoyub öz fikirlərini danışmağa başladı, bildirdi ki, dünya şər, rəzalət, zülmət dünyasıdır. Bu zülmət, şər dünyasının ortasında ilahi işıq altında yaşıl meydan var. Futbol şərə qalib gəlmək üçün yeganə döyüş meydanıdı. Bura ilahi ədalətin zəfər çala biləcəyi yeganə yerdir. Bu meydanda tam qələbə çalan, bütün şeytani rəqiblərini yenən dəstə isə bütün dünyada ədaləti bərpa edəcək, şərin kökünü kəsəcək, bütün dünyada işıq və səadət bərpa olunacaq... Tanrı kainatı, təbiəti ideal mexanizm kimi qurub. İnsanlar öz dünyalarında bu ideal düzəni pozublar. Şərə təslim olublar, bir-biriylə yola getmirlər, didişirlər, vuruşurlar. Vəhdət yoxdu. Lakin insanların içində kimsə kiçik də olsa bir ideal mexanizm, ilahi bir struktur yarada bilsə, deməli bu mexanizmin həm yaradıcısı, həm də hər bir fraqmenti öz-özlüyündə Tanrı düzəninin bir hissəsinə çevrilir və dünyanın düzəlməsinə doğru aparan yeni bir cığır açmış olur. İlahi düzənə açılan cığır məhz futbol meydançasından başlamalıydı. Bir şərtlə ki tamah, şöhrətpərəstlik, sərvət, pul, var-dövlət, intriqalar, bir sözlə insanı rəzilliyə sürükləyən bütün bu şeytani əməllər bu yaşıl meydançadan uzaqlaşdırılmalıdı. Necə ki biz bu vaxta qədər öz komandamızı bu rəzililklərdən kənar saxlaya bilmişik...

Rəsulun bu qəribə çıxışını dinləyən jurnalistlər təəccüblə baxışırdılar və anlamırdılar ki qarşılarındakı futbol məşqçisidi, ya möizə oxuyan bir keşişdi. Ya da peyğəmbər.

Rəsul Mirbabayev həmin an kameraların qarşısında həqiqətən də bir futbol peyğəmbəri kimi dayanmışdı.

Çıxışını bitirib başqa heç bir suala cavab verməyərək ayağa qalxanda Rəsul Mirbabayev qəfildən nəyisə xatırladı, yenə kameralara çönüb dedi ki, biz sizə ideala yaxın üç klassik oyun tərzi göstərdik. Başqalarının oyunlarını... Finalda isə öz oyunumuzu göstərəcəyik. Və bir də unutmayın. Bir oyunçu on dəfə ard-arda zərbə vurub qol ata bilər. Amma heç bir futboloçu on dəfə ard-arda qapı dirəyini nişan ala bilməz...

Bunu deyib çıxıb getdi. Heç kim də heç nə anlamadı. Qapı dirəyinin bura nə dəxli? Oyunçu niyə qapını yox, qapı dirəyini nişan almalıdı? Hәtta Şakir müәllim dә bu barәdә soruşanda, Rәsul söһbәti yayındırıb dәqiq cavab vermәdi.  

Final öncəsi ölkədə qəribə bir ajiotaj vardı. Azarkeşlərdə “İldırım”ın bu sürprizi qəribə hiss və duyğular yaratmışdı. Elə bil bu qəfil nağıla həm inanır, həm də inanmırdılar. Çaşqınlığın əsas səbəbi isə məlumatsızlıq idi. Son һәftәlәrdә klub yenə də qapanmışdı və hazırlıqlarını gözdən uzaq bazasında keçirdirdi. Heç kim nə məşqçidən, nə oyunçulardan musahibə ala bilmir, məşq prosesindən reportajlar edə bilmir, oyunçuların keçmişi barədə məlumatlar tapa bilmirdi.

Yalnız Rəsul Mirbabayevin son mətbuat konfransındakı çıxışını müzakirə edir, deyilən fikirlərin qəribəliyinin təsiri altında çaşıb qalırdılar. Kimsə Rəsulu dahi, kimsə divanə adlandırırdı. Hətta belə söhbətlər gəzirdi ki, komandanı tamam başqa bir mütəxəssis hazırlayır, Rəsul Mirbabayev isə saxta bir fiqurdu, camaatın qabağına çıxarılmaqçün saxlanılır.

Beləcə hamı nəfəsini qısıb bu nağıl-simfoniyanın son akkordunu - finalı gözləyirdi. Avropanın qrand klublarının selesksionerləri və məşqçiləri isə əl-ayağa düşərək, burdan hansı oyunçuları transfer edəcəkləri barədə qızğın mübahisələr edirdilər. Hətta belə bir şayiə gəzirdi ki, Madridin “Real” kulubunun prezidenti istəyir ki, “İldırım”ın bütün oyunçularını məşqçisiylə birlikdə alıb, “Real-2“ klubunu tam təzələsin, özünü doğruldanları hissə-hissə əsas heyətə qatsın.    

Portuqaliyanın Lissabon şəhərində keçiriləcək bu final oyununda isə “İldırım”ın qarşısına futbolun yaradıcıları olan İngiltərənin təmsilçisi -  Londonun “Arsenal” klubu çıxacaqdı.

“Arsenal”ın məşqçisi müsahibələr zamanı “İldırım”la bağlı suallara cavab verərkən, maraqlı bir fikir səsləndirmişdi. Biz topçularıq, həmişə alovla, ildırımla oynamaq bizim alnımıza yazılıb...

Belәcә, Lissabondakı final oyunu başladı...

İlk hissə bitənə yaxın azarkeşlər Rəsul Mirbabayevin son mətbuat konfransındakı sözlərini yada salmağa başladılar. Dirəyə vurulan toplar barədə fikrini...

Həqiqətən də oyunda çox qəribə bir görüntü vardı. “İldırım”ın oyununda heç bir vahid üslub, dəqiq strategiya, taktika hiss olunmurdu. Elə bil ki, bugünki oyun bütün taktikalardan, strategiyalardan üstün idi. Bu da şou idi, amma başqa bir şou idi. Karusel şousu. Peşəkar idmançılar bunu yəqin ki, voleybol üslubu adlandıra bilərdilər. Qapıçıdan başqa bütün futbolçular eynən voleybolda olduğu kimi hər iki dəqiqədən bir dairəvi hərəkətlə yerlərini dəyişirdilər. Müdafiəçi on dəqiqədən sonra dövrə vurub hücumun ön xəttində mövqe tutur, sonra yenə geri qayıdırdı.  Hücumçü dövrə vurub yarımmüdafiəçi, sonra da müdafiəçi olurdu və yeni mövqeyində öz işini eyni peşəkarlıqla görürdü.  Braziliya üslubunda fərdi peşəkarlıq da öz yerində idi. Lakin bu hələ məsələnin əsas tərəfi deyildi. Əsas sürpriz bu idi ki, “Arsenal”ın qapısına vurulan bütün zərbələr qapı tirlәrinә dəyirdi. Nə qapıya girirdi, nə də qapıdan kənara gedirdi. Yalnız qapı tirlәri. “İldırım” oyunçuları elə bil bilyard oynayırdılar. Bəlkə də bütün dünya futbolu tarixində qapı tirləri bu qədər ağır zərbələr almamışdılar.

Fasilə zamanı bu məqamı təsadüfə yozanlar da oldu, burda bir ilahi işarə görənlər də... Uzun müddət ərzində komandanın həmişə bəxti gətirib, indi isə ən məsuliyyətli məqamda bəxt “İldırım”dan əvəz çıxır, verdiyi bütün şansları sanki geri alır, bütün zərbələr qapı tirindən geri dönür.

İkinci hissədə də eyni oyun tərzi davam elədi. “Arsenal” topçularının hücumları “İldırım”ın cərimə meydançasında boğulurdu, əks hücumlar isə mütləq şəkildə “Arsenal”ın qapı tirlәrinin silkələnməsiylə başa çatırdı.

İkinci hissənin ortalarında iş o yerə çatmışdı ki, “Arsenal”ın qapıçısı vurulan topların ardıyca heç tullanmırdı. Çünki arxayın idi ki, yenə top qapı tirinә çırpılıb qayıdacaq... Elə də olurdu. Azarkeşlər dumanlı şəkildə anlayırdılar ki, absurd görünsə də, bu detal öncədən planlaşdırılıb.  Lakin səbəbini anlaya bilmirdilər. Niyә bir komanda qarşısına belә bir mәqsәd qoya bilәr ki?

Hamı nәfәsini qısıb bu qәribә oyunun nәticәsini zlәyirdi. 

Düz doxsanıncı dәqiqәdә “İldırım”ın cәrimә meydançasında müdafiәçilәrdәn biri әllә oјnadı vәһakim oyunu saxlayıb penalti tәyin elәdi. Yenәһamı һeyrәtә düşdü. Axı elә dә tәһlükәli vәziyyәt deyildi vә topun qarşısına әl uzatmağa eһtiyacјox idi.

Penalti vurulanda “İldırım”ın qapıçısı elәcә dayanıb gülümsәyәrәk rәqib oyunçusuna baxdı.

Elә bil “İldırım” nümayişkaranә şәkildә “Arsenal”a bir qol һәdiyyә elәmişdi...

Niyә axı? Bәlkә komanda daһa bir möcüzәstәrmәk istәyir? Әlavә olunmuş 4 dәqiqәdә bir neçә qol vurub, qәlәbә çalmaq istәyir?

Amma Rәsul Mirbabayevin planı deyәsәn başqa idi. Әlavә olunmuş vaxtın son saniyәlәrindә “İldırım” sәlis vә sürәtli bir һücumla “Arsenal”ın müdafiә xәttini yardı, cәrimә meydançasına daxil olan һücumçu isә topa Roberto Karlosun da qibtә edәcәyi çox qüvvәtli bir zәrbә vurdu vә... Top doqquzluğun üstündә dirәyin küncünә elә möһkәm çırpıldı ki, qapı tirlәri birlәşәn yerindәn qopub bir anda şaqqıltıyla sınıb dağıldılar...

Elə o andaca Rəsul Mirbabayevin dəli qəhqəhəsi bütün stadiona yayıldı...

Hamı şok içindә idi. Bu nә zәrbә idi? Vә niyә mәһz qapı tirlәrinin birlәşәn yeri nişan alınmışdı? Bu nә mesaj, nә ideya idi?

Bu barədə düşünməyə artıq vaxt qalmamışdı. Hakim heç qapını dəyişməyə də icazə vermədi. Onsuz da oyunun son saniyələri idi. Bir də niyə bu qədər gözləyəydilər ki...

“Arsenal”ın qapıçısı topu oyuna daxil edən kimi, hakim final fitini səsləndirdi və oyun bitdi. Ən maraqlısı bu idi ki “Arsenal”ın çaşqın oyunçuları qələbə çaldıqlarına hələ də, tam əmin deyildilər.

Nəhayət, tribunaların hay-küyü sanki oyunçuları yuxudan oyatdı, topçular başa düşdülər ki, UEFA kubokunun bu qəribə finalında qalib gəliblər.

Mükafatlandırmadan sonrakı mətbuat konfransında Rəsul Mirbağırov yalnız bir söz dedi - Biz bal arısıyıq. Yalnız bir dəfə sanca bilirik. Həm də biz çərçivədən qol keçirdən yox, çərçivələri sındıran bir komandayıq... -sözünü dedi və çıxıb getdi. 

Oyun haqqında müzakirələr isə hələ bir müddət davam elədi. Ən çox da məhz qapı tirlərinə vurulan zərbələr müzakirə olunurdu. Bir oyunda qapı tirinə 48 zərbə dəymişdi. 49-cu isə qapı üçün ölümcül olmuşdu.

Oyunun ertəsi günü Rəsul Mirbabayev Lissabonda icarə götürdüyü iri katerə komandanı yığıb yüngül bir dəniz səyahətinə çıxdı. Ölkəyə qayıtmazdan əvvəl oyunçuların bir az istirahət eləməyi üçün.

...Və gəmi bir gün sonra yoxa çıxdı.

Kimsə dedi Afrikaya gediblər, kimsə dedi Amerikaya, kimsə dedi Şərq ölkələrinə...

Katerin yoxa çıxmağından bir həftə sonra AFFA-nın icraiyyə komitəsinə Rəsul Mirbabayevin adından bir mesaj daxil oldu.

“Ildırım çaxdı, itdi. Bu rəzil dünya ilahi oyun üçün hələ hazır deyil. Biz dünyaya ilahi oyunun necə olduğunu göstərdik. İndi isə yoxa çıxmaq vaxtıdı...  Özünüzü yaxşı aparsanız, yenə qayıda bilərik...”  

Bununla da nağıl bitdi.

Azarkeşlər arasında isə uzun müddət Rəsul Mirbabayevin son müsahibəsindəki fikirlər müzakirə olunurdu - Bir oyunçu on dəfə ard-arda zərbə vurub qol ata bilər. Amma heç bir futboloçu on dəfə ard-arda qapı dirəyini nişan ala bilməz... Həm də biz çərçivədən qol keçirdən yox, çərçivələri sındıran bir komandayıq.

 

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2024)

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir. 

-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.

Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.

 

10.

MÜTALİƏ NÖVLƏRİ

 

Mütaliənin dörd əsas növü var.

-Axtarış

-Tanışlıq

-Öyrədici

-Nəzəryetirici

Bu növlərin hər biri barədə digər bölmələrdə sizlərə məlumat verəcəyik.

 

11.

MÜTALİƏ MƏDƏNİYYƏTİNƏ NƏ DAXİLDİR?

 

Təbii ki, qarşımızda dayanan ilk sual budur: Oxucunun mütaliə mədəniyyətinə nə daxildir? Ümumiləşdirilmiş bir cavab verməyə çalışsaq, onda cavabımız belə olacaq: Mütaliə mədəniyyəti anlayışı özlüyündə mütaliənin mövzu etibarı ilə hərtərəfl, geniş və məqsədəyönəldilmiş olmasını, kitaba həm ictimai-siyasi hadisələrlə, həm peşə seçmək, karyera qurmaq məsələləri ilə, həm də mənəvi təlabatı ödəmək məqsədiylə müraciət etməyi, əsərin ideya və məzmununu ayırd edə bilmək bacarığını, kitablardan səciyyəvi cəhətləri seçməyi, oxucunun mütaliədən aldığı biliyi sistemləşdirib təcrübi işdə tətbiq etməsini ehtiva edir.

Oxucuların mütaliə mədəniyyətinə yiyələnməsi üçün onlarla aparılan işin əsasını aşağıdakı məsələlər təşkil etməlidir:

1.Kitaba bir bilik mənbəyi kimi həmişə önəm vermək;

2.Mətbu əsərlə işləmək vərdişi, şüurlu və diqqətli mütaliə etmək hissi tərbiyə etmək;

3.Nitq mədəniyyətini tərbiyə etmək üçün bədii sözün həyat həqiqətlərini əks etdirən vasitə olduğunu dərk etmək.

Növbəti:12. Mütaliə mədəniyyətinin ünsürləri

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2024)

 

Cümə axşamı, 24 Oktyabr 2024 12:12

BİR SUAL, BİR CAVAB Əlizadə Nuri ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Ölüm,

heç insafdan deyil ha

 bütün ömrü boyu durub səni gözləmək... (Əlizadə Nuri)

Əziz şairimiz üçün ölümdən sonra nə var? 

 

CAVAB

-Öldüm-ölümün də Sirrini açdım, 

Daha bu dünyada heçnə sirr deyil...

 Ölmək-ölümün sirrinə agah olmaqdır, məncə...

Zen-buddist fəlsəfəsində deyilir: "Həyat uzun ölümümüzdə qısa fasilədir" Bu "fasilə" bitəndən sonra insan ölümü ilə oturub-durmağa, sevişməyə başlayır. 

Bəzən ölmək - yox olmaqdır deyirlər. Məncə, yox. Ölüm- əbədi ömürdür. Mistik, ruhani ölüm. İnsan ölümün ayaq izinə düşüb, öz Allahına qovuşur. Vəssalam...

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2024)

Cümə axşamı, 24 Oktyabr 2024 10:44

Günün fotosu: Təbrizdə qızılı payız

Günün fotosu: Təbrizdə qızılı payız

 

Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi

 

Təbrizə qızıl payız gəlib. Ağaclar yaşıl libaslarını sarıya dəyişib, insanlar yüngül paltarlardan qalına keçiblər. 

Küçələrdə avtomobillər də sanki artıblar. 

Mən də qərara gəldim, Təbrizin payız görüntüsünü çəkib quzeyli qardaş-bacılara göstərim. 

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Əlisəfdər Hüseynovun sənədli hekayəsi təqdim edilir.

 

 

Zəngli divar saatı beş dəfə vurdu...

"Hələ bir saat var, - Həcər xanım fikirləşdi. - Bir saata hər şeyi hazır edərəm, inşallah". 

Sürücü nəyə görəsə dükan-bazarda ləngimiş, lazım olan ayın-oyunları evə bir qədər gec çatdırmışdı. Belə vaxtlarda maestronun üzünü görmə, - kişi özündən çıxır, əsəbiləşirdi və köntöy sözlərin biri olurdu bir qəpik. "Balam, bu evdə belədirsə, gör işdə, məşqdə nə hoqqalar çıxardır", - deyə fikirləşən Həcər xanım belə vaxtlarda işə qarışıb vəziyyəti yumşaldır, ərinin xoş damarını tutub onu sakitləşdirirdi. Elə indi də siqaret çəkə-çəkə otaqlar arasında var-gəl edən maestronun könlünü almaq üçün sakit səslə soruşdu:

- Qonağın kimdir, ay Niyazi?

Maestro iş otağının qapısı ağzında ayaq saxladı:

- Bir jurnalistdir, demişəm, gələndə yaxın dostlarından birini də gətirsin, söhbətləşək.

- Hansı, səndən müsahibə alan, "Məni danışdıra bildi", - deyə təriflədiyin həmin o dilli-dilavər oğlan?

- Hə, özüdür...

Maestro müsahibə verməyə meyilli adam deyildi, ələlxüsus da, musiqidən başı çıxmayan diletantlara. Müsahibə almaq istəyirdilər, amma musiqidən elementar bilgiləri olmurdu. Di gəl, nəyisə buna qandır. Buna görə də onun, ümumiyyətlə sənət barədə fikirlərini öyrənib ictimai rəyə ötürmək çox vaxt problemə çevrilirdi və qəzet-jurnal redaktorları bundan şikayətlənirdilər. Amma bir gün musiqi sənəti, ədəbiyyat sahələrində yaxşı zövqü olan, istedadlı bir jurnalist bu tilsimi qıra bildi. Telefonla zəng vuranda elə ağzını açan kimi maestro hiss elədi ki, bu oğlanla söhbət edə, ürəyini ona aça bilər. Bir neçə gündən sonra filarmoniyada görüşüb geniş söhbət etdilər. Müsahibə dərc olunandan sonra ölkənin mədəni həyatında, sözün yaxşı mənasında, rezonans yaratdı. Bu, maestronun xoşuna gəldi və kefinin kök vaxtında həmin jurnalistə zəng vurub dedi ki, bəs, filan gün, filan saatda mənim qonağımsan. Səninlə söhbətim tutur. Bir nəfər də dostunu götür, gəl, söhbətimizi süfrə arxasında davam etdirək.

Doğrudan da, həmin cavan jurnalisti evinə dəvət etməkdə maestronun məqsədi onunla sadəcə, yeyib-içmək, müsahibənin əvəzini vermək deyildi, ümumiyyətlə, belə gedişlər, məşhur filmdə deyildiyi kimi, onun məsləkinə müğayir idi. Bu mənzildə hay-küylü ziyafətlər çox olmuşdu və maestro onları bayrama, sazlı-sözlü məclislərə çevirməyin ustası idi. Ölkənin musiqi həyatında baş verən hər bir əlamətdar hadisənin şərəfinə badələr ilk dəfə bu mənzildə qaldırılır, plov bu evdə dəmlənirdi. Kimlər əyləşməmişdi bu mənzilin qonaq otağındakı masanın ətrafında?! - Bakıya uzaq-uzaq ölkələrdən gəlmiş adlı-sanlı musiqiçilərdən, musiqişünaslardan tutmuş, maestronun sevdiyi, istedadına inandığı və hörmət etdiyi adlı-sanlı, təcrübəli və adsız-sansız cavan ifaçılara, müğənnilərə qədər hamı. Bu məclislər çox vaxt gecə yarısına qədər uzanırdı - ziyafət yaradıcı diskussiyaya, müzakirələrə çevrilir, müğənni və xanəndələrin ifaları ilə rövnəqlənirdi...

Bu dəfə maestronun niyyəti başqa idi. Gənc jurnalistin musiqi duyumu, savadı, erudisiyası onun xoşuna gəlmişdi və istəyirdi ki, illər uzunu ürəyində saxladığı, çoxlarının bilmədiyi bəzi mətləblərdən onu agah eləsin, fikirlərini onunla bölüşsün. Hərçənd hal-hazırda onları mətbuata, ictimai rəyə sızdırmaq dəryada balıq sevdası kimi bir şey idi, amma gələcəkdə, nə vaxtsa məqamı yetişəndə - bəlkə onda heç maestro dünyada olmayacaqdı - Azərbaycan musiqisinin saflığını, əmisinin adına layiq ucalığını qoruyub saxlamaq naminə onun çəkdiyi məşəqqətlər, məruz qaldığı təqiblər, böhtanlar barədə söylədikləri yazarların, qələm əhlinin yəqin ki, karına gələcəkdi...

Maestro iş otağının pəncərəsinə yaxınlaşıb onu açdı və nəyə görəsə, nəzərləri küçədə şütüyən maşınlarda ilişib qaldı.

Çoxları ona kosmopolit, kökdən uzaq adam kimi baxırdı və yatsalar, heç yuxularına da girməzdi ki, bu "kosmopolit" adam hələ cavan yaşlarında xalqlar dostluğuna əks gedən qatı millətçi kimi Dövlət təhlükəsizliyi, partiya və sovet orqanlarında qeydiyyatda olub, onun siyasi sayıqlığını yoxlamaq üçün Moskvadan Bakıya xüsusi komissiya gəlib, "şübhəli işləri" ilə bağlı uzun-uzadı hesabatlar yazılıb...

İlk həyəcanlar, sarsıntılar 1948-ci ildə 26 yaşlı Fikrət Əmirov "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını yazandan sonra başladı. Muğamları ilk dəfə o təfsir elədi və dərhal da bu əsərlər nəinki Azərbaycanda, Sovetlər Birliyində, bütünlüklə dünya simfonik musiqisində bir çaxnaşma yaratdı. Fikrət Əmirov əslində bu əsərlərlə Şərq simfonizminin əsasını qoymuş, analoqu olmayan yeni janr yaratmışdı. Amma buna rəğmən, az sonra dövlət orqanlarına anonim və imzalı məktublar axmağa başladı - guya iki cavan millətçi xalq musiqisinə aludə olub, Azərbaycan simfonik musiqisini irəli aparmaq, inkişaf etdirmək əvəzinə geri çəkir, milli muğamlara calaq edib uçuruma yuvarlayırlar. İdeoloji işə baxan çinovniklərin vəziyyəti yumşaltmaq üçün verdikləri tövsiyələrə maestro özünün "Rast" simfonik muğamı ilə cavab verdi və məktub müəlliflərinə, tövsiyə yiyələrinə mesaj göndərdi ki, onlar bu yoldan geri dönməyəcəklər...

Sonralar da onun barəsində qeyri-azərbaycanlılar tərəfindən mükəmməl donoslar yazılırdı. Ən çox da ermənilər canfəşanlıq edirdilər. Yazırdılar ki, vaxtilə millətçi Musavat hökumətinin dövlət himnini yazan Üzeyir Hacıbəyovun qardaşı oğlu əmisinin ölümündən sonra respublikanın musiqi həyatına rəhbərliyi irsən mənimsəyib və başqa xalqların nümayəndələrinə münasibətdə ayrı-seçkiliyə yol verir, onları sıxışdırır, Bakldan qovur. Amma ən böyük qalmaqal 1959-cu ilin mayında oldu. Moskvada Azərbaycan mədəniyyəti ongünlüyü ərəfəsində Dövlət Simfonik orkestrinin baş dirijoru olan maestro elan elədi ki, erməni millətindən olan musiqiçiləri dekadaya aparmayacaq, çünki bu tədbir Azərbaycan mədəniyyətinin ongünlüyüdür, ermənilərin yox. Erməni musiqiçilər dərhal hərəkətə keçdilər, Bakının mağazalarında kağız, mürəkkəb qalmadı, aşağıdan-yuxarı göndərilən şikayət məktublarının ardı-arası kəsilmədi və o məktubların izi ilə bir az sonra Moskvadan Bakıya xüsusi komissiya göndərildi. Məktub müəllifləri ifadə vermək üçün növbəyə düzüldülər, "despot", "millətçi" damğaları ilə maestronu ləkələmək uğrunda yarışa çıxdılar...

Amma maestro geri çəkilmədi, başladığı təmizləmə işini baş dirijoru təyin edildiyi Opera və Balet teatrında da davam etdirdi və böhtan kampaniyasının yeni, daha mükəmməl mərhələsi başladı. Bu dəfə yazılan məktublarda onu, hətta Hitlerlə müqayisə edir, ondan da qatı şovinist adlandırırdılar...

Sonralar Leninqradda başına gələnlər, Türkiyə "işi", yazdığı "Türk marşı"nın başağrısı... Eh, hansını deyəsən?!

...Maestro nəzərlərini küçədən yığışdırıb başını döndərdi və əmisinin sağ tərəfdəki divara vurulmuş portretinə baxdı. Üzeyir bəy eynəyinin şüşələri arxasından mehriban baxışlarla onu süzürdü. Qəfildən maestroya elə gəldi ki, əmisi bu baxışlarla bütün bu çətinliklərə sinə gərərək Azərbaycan musiqisinin saflığı keşiyində müsəlləh əsgər kimi dayandığına, əmisinin vəsiyyətini yerinə yetirdiyinə görə ona minnətdarlıq edir.

"Əmi, imkan vermədim ki, məzarın çatlasın, - maestro ürəyində pıçıldadı. - Nə qədər nəfəsim gedib-gəlir, verməyəcəm də".

Mətbəx tərəfdən tanış qoxu gəldi - Həcərin plovunun qoxusu. "Deməli, vaxt yaxınlaşır, bir azdan qonaqlar gələcək".

İş otağından çıxıb qonaq otağına buruldu, üstünə cürbəcür şirniyyatlar, qəlyanaltılarla dolu qablar düzülmüş masanın yanından keçib servantın barını açdı, iki şüşə bahalı konyak şüşəsi götürüb büllur qədəhlərin, çini saxsısından hazırlanmış qabların parıltısında bərq vuran süfrəyə yaxınlaşdı. Bilirdi ki, şairlər bir az meypərəst olurlar, amma indi o, bu bahalı içkiləri süfrəyə qonaqların, necə deyərlər, yanğısını söndürmək üçün yox, söhbətə körpü salmaq, uzun söhbət ərəfəsində boğazı yaşlamaq üçün qoyurdu.

Əlini təzəcə geri çəkmişdi ki, qapının zəngi çalındı...

Əvvəlcə həmin cavan jurnalist, ardınca da boyca ondan hündür kişi içəri daxil oldu:

- Salam, maestro, tanış olun, - sizin sənətinizin pərəstişkarı, şair dostum filankəs.

Maestro "xoş gəldiniz" deməyə macal tapmamış şair filankəs irəli keçib maestronun əlini ikiəlli sıxdı:

- Nəhayət ki, bu qızıl əlləri sıxmaq mənə də nəsib oldu!..

...Maestro təkcə musiqi sahəsində yox, süfrə, yemək mədəniyyətində də "millətçi" idi. Ona görə də Həcər xanım süfrəyə əvvəlcə məxməri çay verdi. Qonaqlar çay stəkanlarını qarşılarına çəksələr də, masanın üstünə düzülmüş büllur qablardakı löyün-löyün mürəbbələrə yox, tamam başqa səmtə baxırdılar və maestro o baxışların ünvanını əlüstü müəyyən elədi, əlini uzadıb konyak şüşələrinin birini açdı, kiçik qədəhləri doldurub öz qədəhini əlinə götürdü:

- Xoş gəlmisiniz!

Qonaqlar az qala xorla:

- Sizin sağlığınıza, maestro, Azərbaycan musiqisinin sağlığına! - dedilər.

Həmin axşam bu sözlər Azərbaycan musiqisini dünyada tanıdan, dünya şöhrətli dirijor və bəstəkar - maestro Niyazinin mənzilində musiqi sənəti barədə qonaqların ağzından çıxan son sözlər oldu. Maestro ha çalışdı ki, söhbəti istədiyi məcraya salıb süfrə arxasındakı bu görüşü musiqi, yaradıcılıq sirləri mövzusunda, maraqlı fikir mübadiləsi ilə süsləsinlər, alınmadı ki, alınmadı. Elə bil qonaqlar burda yox, tamam başqa bir aləmdə idilər və artıq ürəklənib özləri doldurduqları hər qədəh onları sürətlə bu məclisdən uzaqlaşdırırdı. Şair daha çox canfəşanlıq edir, maestronun şərəfinə yazacağı şeirin konturları barədə gur-gur guruldayırdı: "Maestro, gərək sizin möcüzəli barmaqlarınızın, sehrli əllərinizin qüdrətini bütün dünyaya nümayiş etdirim!"

Jurnalist, deyəsən, pərt olmuşdu. Onun şairi bir neçə dəfə dümsükləməyi, ayağını basmağı maestronun gözündən yayınmadı.

Maestro əməllicə dilxor olmuşdu, içindəki əsəb gəlib boğazına dirənmişdi. Artıq başa düşürdü ki, qatar onun istədiyi tərəfə yox, tamam başqa səmtə gedir və onu geri qaytarmaq mümkün deyil.

Elə bu vaxt heç kimin gözləmədiyi halda şair dolu qədəhini əlinə götürüb ayağa qalxdı:

- Maestro, mən həmişə sözü üzə deyən, düz danışan, cəsarətli adam olmuşam. Heç kimdən də qorxub-eləmirəm. O gün Mirzə İbrahimovu ağ yuyub qara sərdim, dedim, nə olsun ki, Yazıçılar İttifaqının sədrisən, düz danışmırsınız axı!

Bayaqdan dostunu düz yola gətirə bilməyən jurnalist gördü ki, şair cuşa gəlib və əməlli-başlı gopa basır. "Bu, cuşa gəlib gopa basırsa, gərək mən də super cuşa gəlib onun yalanını ifşa edəm ki, görsün, düz danışmaq necə olur".

Və şair nitqinin növbəti maddəsinə keçmək istəyəndə, onun sözünü kəsib üzünü maestroya tutaraq dedi:

- Maestro, inanma, hamısı gopdur. Əksinə, Mirzə müəllimi görəndə ikiqat olur, hər sözünə "baş üstə" deyib hər yerdə elə hey onu tərifləyir...

Bundan sonra qonaqlar harda olduqlarını, elə maestronun özünü da unudub keçdilər pazborkaya - bu dedi, sən obyektiv deyilsən, o biri dedi, səndə bir qram  cəsarət yoxdur, əlqərəz, bu dedi, o dedi... axırda bütün planları boşa çıxan və dilxor olan maestro gördü ki, vəziyyət, necə deyərlər, "ruscadır", bir az da keçsə, dostlar şuluq salacaqlar. Çaş-baş qalıb bilmirdi neyləsin. Qonaqlar artıq qırmızı xətti keçəndə onun da səbir kasası doldu, ayağa qalxıb amiranə səslə dedi:

- A kişilər, nə yediniz-içdiniz, halal xoşunuz olsun. İndi durun, zəhmət olmasa, sürüşün bayıra və söhbətinizi orda davam etdirin. Mənim evim qeybət, razborka yeri deyil...

Dostlar dodaqları altında bir-birini söyə-söyə dəhlizlə addımlayanda əlində plov dolu sini tutmuş Həcər xanımla üz-üzə gəldilər.

- Aaa, hara belə? Mən plov gətirirəm ki...

Qonaq otağından maestronun səsi gəldi:

- Həcər, onların çox vacib işləri var, getməlidirlər...

Qapı açılıb-örtüləndən sonra maestro çölə çıxdı və əlində sini dəhlizin ortasında donub qalmış Həcər xanım gördü ki, kişinin rəngi əməlli-başlı qaralıb.

Bu evdə Həcər xanımın plovu heç vaxt beləcə əlində qalmamışdı, ona görə də pərt halda bilmirdi neyləsin, geri - mətbəxə qayıtsın, yoxsa...

Maestro ona yaxınlaşıb sinini əlindən aldı, arvadının qoluna girib: - Bu plov bizim qismətimiz imiş, Həcər - dedi. - İrəli, süfrə başına!

Bir neçə saniyədən sonra qonaq otağından onların şən gülüşləri eşidildi...

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.