ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Alpay Azərin “Universitet hekayələri” silsiləsindən yazdığı “Ali rütbəli nəzarətçilər” hekayəsi təqdim ediləcək.

“Ulduz”u oxuyaq və sevək!

 

 

İyunun sonu əsas dərs dediyim universitetin (qısaca ƏDDU)  tədris üzrə prorektoru Cəfər müəllim məni yanına çağırıb dedi ki, Azərbaycan Nəqliyyat Universitetində (ANU) sentyabrdan ingilis dilində Azərbaycan tarixi və politologiyadan dərs deyən müəllimə ehtiyac var, hər saatına iyirmi iki manat verirlər. Təklif bizim prorektorun ANU-da kafedra müdiri işləyən tanışı Ziya müəllimdən gəlmişdi. Tezcə razılaşdım, – pula ehtiyacım varıydı. ƏDDU ilə müqayisədə ANU-dakı saathesabı pulu qat-qat çox idi.

          Ziya müəllimlə görüşüb söhbət etdim, dərs prosesindən, oranın qayda-qanunlarından tutmuş, onun ixtisası olan sosiologiyaya qədər gedib çıxdıq, Emil Dürkheymdən, Qüstav Lebondan danışdıq. Fəlsəfəyə keçəndə hər ikimizin ekzistensializm, Sartr aşiqi olduğu məlum oldu. Ertəsi gün Cəfər müəllim məni təbrik edib dedi ki,  Ziya müəllim səni çox bəyənib, deyib ki, hətta gələcəkdə tam ştata götürməyi fikirləşir.

          ANU rektorunun barəmdə əmri çıxan kimi silabusları, iyulda hazırladığım on bir mühazirəni, dərslikləri Emproda (1) yerləşdirdim, sentyabrın on beşi otuz səkkiz tələbəyə ingilis dilində Azərbaycan tarixi fənnindən ilk mühazirəmi dedim.

          Oktyabrın sonu  Ziya müəllim qəfil qapını açıb dərsimə girdi, mühazirə mövzum Atabəylər dövlətiydi. Bəxtimdən bu mühazirəyə daha yaxşı hazırlaşmışdım. Ziya müəllimə xoş gəlməkçün arada məşhur ərəb tarixçilərindən misallar çəkdim, Şəmsəddin Eldəgizin timsalında şəxsiyyətin tarixdəki həlledici rolundan danışdım, tələbələrə suallar verib dialoqa çəkdim ki, dərs maraqlı, canlı keçsin. Kafedrada Ziya müəllim ümumən mühazirədən razı qaldığını, amma bəzən mövzudan kənara çıxdığımı dedi. Başımı tərpətdim, yəni razıyam. Onu deyim, ANU-da auditoriyaların çoxunda kamera vasitəsilə hamımız rektorluğun, dekanlığın müntəzəm nəzarəti altındaydıq.

          Bir gün politologiyadan mühazirə dediyim 416-cı auditoriyaya qəfil girən “Sürücülüyün əsasları” fakültəsinin dekanı Elvin Abışov salam verib tələbələrə nəzər salandan sonra üzünü mənə tutub başladı: “Niyə tələbələrin qarşısında mühazirə mətnləri yoxdu?” Əlimlə üç-dörd tələbəni göstərdim, yəni, baxın, qarşılarında mühazirə var. Dekan masanın üstündəki jurnala baxıb dedi: “Burda on səkkiz tələbə var, cəmi... bir, iki, üç, dörd. Dördünün qarşısında mühazirə mətni görürəm, qalanlarında yoxdu”. – “Yoxdu deyəndə ki, onlara hazırda keçdiyim mühazirəni emproya yerləşdirmişəm. Mən danışanda tələbələr ya lövhədə əks olunan mühazirəyə baxırlar, ya da mənə qulaq asırlar. Yəni...” – “Gəray məllim, zəhmət olmasa, dərsdən sonra gələrsiz yanıma”, – əsəbi halda  auditoriyadan çıxdı.

          Zəng vurulan kimi getdim bunun yanına, dərsdə sözümü axıra qədər deməyə imkan verməmişdi deyə, detala varası oldum: “Tələbə əgər proyektorla lövhədə əks olunan mühazirə mətnini görürsə, eyni zamanda məni eşidirsə, həmin mühazirənin kağız variantına nə ehtiyac var? Belə çıxır, tələbə gah lövhəyə baxmalıdı, gah kağıza, eyni zamanda qulağı məndə olmalıdı? Finlandiyada artıq ibtidai siniflərdə şagirdlər dəftər əvəzinə planşetdən istifadə edirlər. Üstəlik, tələbə  burda hər dəfə printerçün pul verməlidi”. Mənə qulaq asa-asa başını bulayan dekanın cavabı bu oldu: “Gəray məllim, burda qayda belədi, proyektor vardı, yoxdu, mühazirə mətni hər tələbənin qarşısında ol-ma-lı-dı! Vəssalam. – Əlini masaya vurdu. – Qaldı ki tələbələrin printerə verdikləri pullara, siz narahat olmuyun, o pullar işlətdikləri telefonun qiymətinin heç yarısı eləmir. Yeri gəlmişkən, mən bayaq dərsdə soruşmadım, sizdə yazılı mühazirə, silabus var?” – “Var”, – portfelimi açıb silabusu, mühazirəni çıxardıb onun qabağına qoydum, əlavə etdim: “Mən mühazirəni ona görə print edirəm ki, arada partaların arasıyla gəzə-gəzə danışanda tarixlərə, statistik faktlara baxmalı oluram. Amma tələbələrlə bağlı yenə deyirəm... – “Siz məni yorduz, Gəray müəllim. – qalstukunu boşaltdı. – Vaxtımı alırsız. Nə deyirəmsə, onu da etmək lazımdır”.  Heç nə demədən dilxor halda bunun otağından çıxdım.

          ANU-da Ziya müəllim bir növ, mənə zamin durmuşdu, təbii ki, baş verənləri mütləq bilməliydi. Ertəsi gün ona dəyib hər şeyi olduğu kimi danışdım. “Nə deyirlərsə, onu da elə, rəhbərliklə söz güləşdirmə, ağa deyir, sür dərəyə, sür dərəyə. Gələn dəfə tələbələrə ciddi şəkildə tapşır, mühazirələri stolun üstündə olsun ”, – dedi. Təlimata uyğun bütün qruplara verilən tapşırığı çatdırdım.

          Axırıncı yoxlamadan iki həftə sonra yenə həmin qrupa təşrif buyuran dekan jurnala həmlə etdi, diqqətlə gözlərini qrafaya zilləyib dedi: “Qayıbları yazmısız?” – “Yazmışam”. – barmağımla iki nəfərə yazdığım qayıbı göstərdim. “Bəs niyə “iştirak edir”ləri yazmamısız?” – “Bu gün seminardı. Cavab verib qiymət alanlar olacaq, ona görə o yerləri boş saxlamışam”. (Seminarda tələbə cavab verməyəndə zəng vurulmağa beş dəqiqə qalmış adının qarşısında ie, yəni iştirak edib yazılır.) Dekan “Düzdü” deyib auditoriyaya nəzər saldı, nəhayət, bunu ilk dəfə özümdən razı saldığıma görə sevindim. Sonra kompüterə yaxınlaşıb kollokvium (2) qiymətlərinə baxmaq istədi. Menyuya girib bunun istədiyi bölməni açdım. “Belə olmaz, Gəray məllim. Tələbələrə çox yüksək qiymət yazırsız. Səkkiz bal, doqquz bal”, – başını bulayıb dedi. “Yüksək deyəndə, maksimum bir-iki bal artırıram, yəni beş ballıq cavab verənə doqquz yox, altı, ya yeddi yazıram...” – “Vəliyeva Aydanın axırıncı kollokvium qiyməti səkkizdi. Aydan Vəliyeva ayağa dursun”. İkinci partada oturan arıq, gözlüklü qız ayağa durdu, həyəcandan rəngi ağardı. “De görüm, parlament nəyə deyirlər?” – “Ölkənin qanunverici orqanına parlament deyilir”, – qrupun ən fəalı Aydan kəkələyə-kəkələyə cavab verdi. Düzgün cavabdan narazı qalan dekanın sifətində “Hansı sual verim ki, cavab verə bilməsin” ifadəsi yarandı. Diqqətlə auditoriyaya baxdı, qarşılarında mühazirə olmayan beş-altı tələbəni qaldırıb başladı: “Niyə qarşında mühazirə mətni yoxdu?” Hamısı aşağı-yuxarı eyni cavabı verdi: “Yadımdan çıxıb evdə qoymuşam”. Mənə tərəf çönüb dedi: “Gəray məllim, narazı qaldım sizdən. Yenə tələbələr mühazirəsiz dərsə gəlir, layiq olmadıqları qiyməti yazırsız”. Dərhal auditoriyanı tərk etdi, çatdırıb deyəmmədim ki, gördünüz axı, keçən dəfəkiylə müqayisədə bu dəfə tələbələrin ən azı səksən faizi dərsə mühazirə mətniylə gəlib.

          ANU-da bir mühazirə aralarında beş dəqiqə fasilə olmaqla iki qırx beş (doxsan) dəqiqə idi. Qaydaya görə, zəng vurulmamış tələbələr mobil telefonlarını söndürüb ön sıradakı partalardan birinin üstünə düzməliydilər, dərs boyu tam sakitliyə riayət etməliydilər, kimsə başını əllərinin üstünə qoyub mürgüləməməli, yatmamalıydı, oğlanların saçları uzun olmamalıydı, qısa, ya uzun saqqaldansa söhbət gedə bilməzdi.

          Bir gün beşdəqiqəlik fasilədə auditoriyada peyda olan tədris işləri üzrə prorektor orta sıradakı partada başını əlləri üstünə qoyub mürgüləyən Coşquna yaxınlaşdı: “A bala, dərsdə niyə yatmısan?” – “Gecə gec yatmışdım”, – ayağa duran tələbə gözlərini ovuşdurdu. “Dur hələ bir əsnə də. Gec yatma də, tez yat”. Mən dillənəsi oldum: “Nəsrulla məllim, tez-tez tələbələrə deyirəm, kim gecə səkkiz saatdan az yatırsa, səhər bir fincan espresso içib dərsə gəlsin. Görünür, Coşqun bu gün kofe içmiyib”, – saxta təbəssümlə dedim. Hərçənd, bunu deməyimə ehtiyac yoxuydu, çünki tələbələr həmin fasilədə mürgüləyə, öz aralarında söhbət edə, telefonu götürüb kiməsə zəng edə bilərdi. Espressoyla bağlı prorektora sanki məruzə etməyim özümə yaltaqlıq kimi gəldi, deyəsən, tələbələr də bunu hiss etdi. Nəsrulla çıxan kimi tələbələrə verdiyim “Başa düşmürəm, beş dəyqəlik tənəffüsdə sizin mürgüləməyinizə niyə icazə vermirlər” ritorik sualı isə özümü onlara xoş göstərmək, bir növ, reabilitasiya cəhdiydi. 

          Böyük auditoriyada potoka mühazirə deyərkən Elvin Nəsrullayla təşrif buyurdu. Yenə dekan masaya yaxınlaşıb diqqətlə jurnala baxdı, ie və qb-lar (qayıb) yazılmışdı, tələbələrin əksəriyyətinin mühazirəsi qarşısında idi. Prorektor qrupla bağlı mənə bir-iki ənənəvi sual (Necə oxuyurlar? Özlərini necə aparırlar?) verib cavab alandan sonra öndə oturan Musanı ayağa qaldırdı: “Hə, de görüm, Azərbaycan Demokratik Respublikası neçənci ildə yaranıb?” – “Min doqquz yüz on səkkizinci il mayın iyirmi səkkizində”. Nəsrullanın növbəti sualı özünü yetirdi: “O respublikanın yaranmasında kimlər iştirak edib?” Tələbə duruxdu. “Həyəcanlanma. Bir az fikirləşsən, tapacaqsan”, – ürək-dirək verdim, əminiydim ki, Musa bu sadə sualın cavabını verəcək. “Abbasqulu ağa Bakıxanov”. Prorektor özündən razı halda güldü, nəhayət, tələbənin dərsimdə səhv cavab verdiyinə şahid olan dekanın sifətində məmnunluq  ifadəsi yarandı, mənimsə başıma elə bil qaynar su tökdülər. Musa Azərbaycan tarixini yaxşı bilən, seminarlarda tez-tez cavab verən azsaylı tələbələrdən biri idi. Ali rütbəli nəzarətçilər auditoriyadan çıxan kimi, Musanın üstünə düşdüm: “Biabır elədin məni. Rəsulzadə, Topçubaşov dura-dura, Bakıxanov hardan ağlına gəldi?” – “Vallah, həyəcandan oldu”, – Musa günahkarcasına dilləndi.

          Yoxlamalardan artıq boğaza yığılmışdım, çox vaxt elə bilirdim, bu dəqiqə yenə özlərini yetirib bir “əmma” tapacaqlar. Bir də görürdün, dekan müavini dərsə girdi. Oğlanlardan birinin saçı azca uzun olduğuna görə dəlləkxanaya, o birisinisə universitetdən verilən çantanı özüylə gətirmədiyinə görə yataqxanaya göndərdi və dərhal başımın üstünü kəsdirib “Məllim, ikisinin də qayıdını yazın” əmrini verdi. Etiraz etmədən dediyini etdim.

          Bəzən mənə elə gəlirdi, dekan, ya prorektor auditoriyaya girib tələbəyə yox, mənə belə bir sual verə bilər: “Cəlairilər dövlətinin paytaxtı hansı şəhər olub?” Cavab verə bilməsəm, rahatca məzələnməkçün “Nyu York” deyə bilərdim. “Məni dolamısız?” desələr, yerində oturdardım: “Bəs siz niyə burda imtahan qurmusuz? Bilirsiz ki, qarşıma məqsəd qoysam, soyuq müharibə tarixindən qalın-qalın monoqrafiyalar yazan Henri Kissincerə həmin mövzuyla bağlı elə sual verərəm, cavab verə bilməz. Yox bir, bəlkə, sual verəsiz ki, Şah Abbasın dövründə Səfəvi ordusunda nizə, qılınc, ox sayı nə qədər idi?” Arada Faiq adlı tələbəm mənə Azərbaycan tarixiylə bağlı çaşdırıcı, çətin suallar verirdi, altısına cavab verə bilirdim, ikisinə yox. Axırda bu suallardan bezdiyimçün Faiqə “Get özünü dola” deyəsi oldum. Mənə elə gəlirdi, dekanlıq  bu tələbənin vasitəsiılə bilik səviyyəmi yoxlamayırdı.

          Birinci semestri başa vurdum, yazılı, test suallarını yazıb, Emproda yerləşdirdim, imtahanlarda çalışdım tələbələrə həddən artıq yüksək bal verməyəm, hər qrupda dörd-beş nəfər heç nə yazmadığına görə imtahandan kəsildi. Yaz-yay semestrinə bir neçə gün qalmış Ziya müəllimlə görüşüb soruşdum, imtahanlarda dekanlıqdan, ya rektorluqdan mənimlə bağlı narazılıq olmayıb. “Yox, hər şey qaydasındadı. Plyus, sənə yaxşı xəbərim var, amma hələlik heç kimə heç nə demə”. Məlum oldu ki, kafedrada rus bölmələrinə Azərbaycan tarixi fənnini deyən Hilal müəllim apreldə təqaüdə çıxır, Ziya müəllim məni mayda ştata götürməklə bağlı rektorla görüşəcək. Xeyli təşəkkür etdim ona. Bir tərəfdən, yüksək maaş və kafedrada müəllimlərlə yaxşı münasibətə görə sevinirdim. O biri tərəfdənsə ilk semestrdə üzləşdiyim yersiz danlaqlara görə ANU-ya tam ştata keçməyimlə bağlı tərəddüd içindəydim. Ümid edirdim, orda işə düzəlsəm, problemləri yenə kafedra müdiri vasitəsilə həll edəcəm, rektorla görüşüb mənimlə bağlı yersiz yoxlamalara birdəfəlik son qoyacam.

          Həvəslə başladığım yeni semestrin ilk ayında, fevralın iyirmi ikisi ürəyimə daman şey baş verdi. Həmin gün dalbadal üç dərsim, – iki  qrupa seminar, potoka mühazirəm varıydı. Birinci dərsdə dekan müavini təşvişlə içəri girib salamsız-kəlamsız cumdu orta sıradakı son partaya. Məlum oldu ki, kameradan baxanda yan-yana oturan tələbələr telefonlarıyla oynayırmış. Görünür, Çaldıran döyüşü haqda dərslikdən əlavə oxuduğum məlumatları elə ehtirasla, həvəslə danışmışdım ki, son partada oturan həmin tələbələrin telefonlarında oynamaları nəzərimdən qaçmışdı. Dekan hər iki tələbəni xeyli danlayandan sonra, onları özüylə yuxarı cərimə meydançasına apardı. Mən tənəffüsdə jurnalı rəfə qoymaqçün dekanlığa qalxanda həmin tələbələr ayaq üstə başlarını aşağı salıb kədərli-kədərli gözlərini bir nöqtəyə zilləmişdi, hiss olunurdu ki, iyirmi beş-otuz dəqiqə ərzində onları xeyli tənbeh ediblər. Yeri gəlmişkən, dekan müavinindən sonra həmin dərsə qəfil təşrif buyuran rektorun köməkçisi Asif adlı tələbəni durğuzub xeyli danladı, ona “avara” deyib auditoriyadan çıxdı. Dərsin sonunda tələbədən soruşdum, sən neynədin ki, o gəlib səni danladı. Yanında oturan Əhmədi göstərib dedi: “Bunun başına bircə dəfə çırtma vurdum”. Hamımız gülüşdük.

          Bunun ardınca ikinci potok dərsim beş dəqiqə olardı başlamışdı ki, mobil telefonuma zəng gəldi. Birinci zəng bitməmiş, qırmızını basıb zəngi saxladım. ƏDDU-dakı kafedramızın laborantından gələn zəng kafedraya çatdırmalı olduğum millət vəkili olan dissertanta yazdığım rəylə bağlı idi. Bir dəqiqə keçməmişdi, mühazirə deyə-deyə arada yarıaçıq qapıya baxan vaxt bir də gördüm, dekan müavini pilləkənləri iki-iki düşərək yuxarıdan aşağı şığıyır. İçəri girən kimi “Bəs sizə deməyiblər, telefon ya sönülü olmalıdı, ya da səssiz rejimdə çantanın içində”. – “Yox, bu barədə heç kim heç nə demiyib”. Bunun hərəkətlərinə gülməkdən güclə özümü saxladım. “Siz hardan bildiz ki, telefonum zəng çaldı?” – soruşdum, doğrudan, bilmək istəyirdim, axı telefonumun ilk zənginin axıra qədər çalınmasına imkan verməmişdim. “Siqnalizasiya,” – cavab verdi. 

          Nəhayət, həmin gün yenə dekan müavini sonuncu dərsdə hövlnak özünü içəri salıb həyəcanla demişdi: “Kameradan baxırdım, tələbələr yenə bir-birinə qarışmışdı”. – “Necə yəni bir-birinə qarışmışdı?” – “Əl-qollarını tərpədə-tərpədə danışırdılar”, – özü də əl-qolunu tərpətdi. O dəqiqə tutdum söhbəti: “Fəqan məllim, indi seminardı, tələbələr cavab verir, jestikulyasiyalarla danışmaları normaldı. Yaxşı, geniş izah edim. Siz kameradan baxanda mən tələbələrə sual verdim ki, niyə Azərbaycan Demokratik Respublikasının himnini yazan Üzeyir Hacıbəylini repressiya dövründə güllələmədilər və dedim, kim bu suala düzgün cavab versə, seminar cavabına iki bal əlavə edəcəm. Ona görə qızğın debat başladı, əl-qol hərəkəti də ona görə olub”. – “Yox, Gəray məllim, tələbələr bir-bir cavab verməlidi, əllərini qaldırıb cavab verməkçün icazə almalıdılar”. – “Bunlar robot deyil, ay Fəqan məllim, emosional varlıqlardı. Pıçıltıyla cavab verəsi deyillər ki”. Dekan müavininin narazı-narazı başını bulaması məni hövsələdən çıxartdı: “Vallah, bir o qalıb deyək ki, ay tələbələr, dərsdə dərindən nəfəs almayın”. Gülüşmə qopdu, pərt olan Fəqan onlara təpindi: “Nəyə gülürsüz? Dediyim şeylər sizə aiddi e”. Auditoriyadan çıxanda üzümə baxmadan bu sözləri atdı: “Gəray məllim, mən dediyimi dedim. Mən bir də bura gəlməyəcəm”. “Belə iki gözüm aydın”, – ürəyimdə dedim.

          Ertəsi gün məni yanına çağıran Ziya müəllim elan etdi: “Mənə dünən yuxarıdan tapşırıq gəldi, sən bu gün işdən çıxmaq haqda ərizə yazmalısan”. – “Niyə?” Hərçənd, dünəndən belə bir şeyin olacağını hiss etmişdim. “Dedilər, auditoriyaya nəzarət edə bilmirsən, tələbələr dərsdə telefonla oynayır, səs salırlar, mühazirəsiz dərsə gəlirlər”. Mən də olanları danışdım: həmin iki oğlan lap arxadakı partada oturmuşdular deyə, telefonla oyndıqlarını görməmişəm, eləcə də oğlanlardan biri o birinə çırtma vuranda həmin vaxt gözüm ya elektron lövhədə, ya da arxam tələbələrə tərəf olub. Ziya müəllim sağ dirsəyini göstərib dedi: “İnanırsan, dünəndən əsəbdən bu qolum ağrıyır. Amma heç düz eləmədilər. İnsafsızlar. Ən azından, mayın axırına qədər sənin dərs deməyinə imkan verməliydilər”. Məni anlamasından ruhlanıb əlavə etdim: “Sizə yalan məlumat veriblər. Dekan mənə birinci dəfə irad tutanda ki tələbələr mühazirəsiz dərsə gəlir, o biri dərslərdə  elan etdim ki, sabahdan mühazirələri print edib gətirməlisiz və tələbələrin çoxu dediklərimə əməl etdi. Növbəti dəfə mərdimazar Elvin yenə auditoriyaya girib gördü ki, on səkkiz tələbədən cəmi beş-altısının qabağında mühazirə yoxdu. O dəyqə mənə qayıdasan ki, sizdən narazı qaldım. Yəni biləsiz ki, bu adam qırımızı-qırmızı yalan danışır”.

          Xülasə, rektorun adına kafedra müdirinin imla kimi diktə etdiyi ərizəni yazdım: “...Üzrlü səbəblərdən filan tarixli, filan saylı əmrə xitam verilməsini xahiş edirəm”. Ertəsi gün ərizədə “üzrlü səbəblər” sözləri yazdığıma peşman oldum, elə çıxırdı, bu işlərdə mən günahkaram. Səhərisi kafedraya getdim, yenə başladım gileylənməyə, bildirdim ki, saathesabının pulunu alandan sonra dekanın yanına girib etika daxilində ürək sözlərimi demək istəyirəm. “Gəray məllim, sənin xasiyyətinə bələdəm. Mədəni adamsan, bilirəm ki, sənin ağzından kobud söz çıxmaz. Ona görə problem yoxdu, ona öz ürək sözlərini deyə bilərsən”. Yeni ərizədə “üzrlü səbəblərdən” əvəzinə “müəyyən səbəblərdən” yazıb imzamı qoydum və əsas sualı verdim: “Yaxşı, mənim işdən çıxarılmamın səbəbi nədi?” – “Hə, Gəray məllim. Bəzi təxminlərim var, amma onları hələ deyə bilmərəm. Nə vaxtsa bilərsən”.

          Söhbət vaxtı məlum oldu ki, keçən il məndən öncə saathesabı dərs deyən qadın müəllim bir dəfə zəngin çölə vurulmasına on dəqiqə qalmış telefonunda votsapa giribmiş. Dekanlıq, rektorluq eyni oyunu onun da başına açıbmış, sadəcə, Ziya müəllimin prinsipiallığı, inadkarlığı hesabına o müəllimə semestrin sonuna qədər dərs deməyə imkan veribmişlər. Rektorun adına olan izahatda isə telefonundan təcili yoldaşına mesaj yazmaqçün istifadə etdiyini yazıbmış. Belə başa düşdüm ki, Ziya müəllimin bu dəfə məni müdafiə etməyə enerjisi, həvəsi qalmamışdı, həm də istəmirdi, mənə görə rəhbərliklə üz-üzə gəlsin, düzü, buna görə onu qınamırdım.

          Ərizəni imzalayandan sonra sanki üstümdən ağır bir yük götürüldü, bezdirici, mənasız danlaqlardan qurtulmuşdum, bu, bəlkə də, növbəti günlərdə oxşar situasiyalarla üzləşməmək istəyimlə bağlı keçirdiyim şüuraltı hiss idi. O biri tərəfdənsə stressli günlərim başlamışdı, pislik edənlərdən qisas almaq ehtirası məndən əl çəkmirdi. Əvvəlcə feysbukda ANU-nun rəsmi səhifəsini işarələyib başıma gələnlər haqqında şikayət statusu yazmaq ağlımdan keçdi, qalmaqal sevmədiyimçün bu fikirdən tez soyudum. Məhkəmə variantını da özümdən uzaqlaşdırdım: ərizə yaz, vəkil tap, iclaslara get, vaxt itkisi, sonda isə nəticəsi olmaya və növbəti əsəb mərhələsi. Nə də Təhsil Nazirliyinin imeylinə şikayət məktubu yazdım.

          Son bir ayın pulunu almağıma on beş gün qalırdı, dekan bununla bağlı sənədlərə imzasını qoymalıydı. Küçəylə gedəndə, liftlə qalxanda, düşəndə arada qeyru-ixtiyari öz-özümlə danışırdım, “tanış-biliş görər” məsələsini vecimə almırdım. Məni ən çox əsəbiləşdirən qovulmamın əsl səbəbini bilməməyim idi. Aydın məsələdir ki, bir gündə dörd dəfə dekan, dekan müavini və rektor köməkçisinin auditoriyaya girməsi qabaqcadan planlaşdırılmışdı, məqsədsə nəyin bahasına olursa olsun, nöqsan tapıb mənə ərizə yazdırmağıydı.

          Qurduğum plana görə, əvvəlcə dekan müavinindən onunla bir yerdə qonşu otaqda oturan dekanın yanına getməyi xahiş edəcəkdim, ora daxil olan kimi hər ikisinə içimdə yığılanları deyib çıxacaqdım. Neçə günüydü fikirləşirdim, son saathesabının pulunu alandan sonra gedib ürəyimdəkiləri dekana, müavininə deyim, yoxsa həmin pulu almağımla bağlı lazımi sənədləri Elvinə imzalatdırandan dərhal sonra? Qorxurdum, dekan sənədə imza atandan sonra istədiyimi deyib çıxanda növbəti mərdimazarlığını edər. Tutaq ki, tədris şöbəsinə zəng vurub guya “sənədlərdə səhv var” bəhanəsiylə onları geri alıb cırardı, – məni öz ayağına gətirdib üzr istətdirməkçün.

          Stressdən qurtulmaqçün arada xəyalımda səhnə qururdum. ANU-ya rektor təyin olunduğum günün səhərisi Elvinlə Fəqanı ayrı-ayrılıqda otağıma çağırtdırıb  hər ikisinə işdən çıxmaq haqqında ərizə yazmalarını tapşırıram. Rəng alıb rəng verən Elvinin “Axı nə baş verib?” sualına “Dəfələrlə işə gecikmisiz. İş saat doqquzda başlayır, siz onun yarısı, bəzən ona qalmış işə gəlirsiz. Belə olmaz”. Elvin, doğrudan, çox vaxt həmin saatlarda işə gəlirdi. Fəqanın “Niyə?” sualına isə “Tələbələrə dəfələrlə haqsız yerə qayıb yazdırdığınıza, qışqırıb onları təhqir etdiyinizə görə”.

          Kafedra müdirinin imzasıyla saathesabı sənədlərimi götürüb yollandım mərdiməzarxanaya. Dekan sənədlərə baxdı, saatları jurnalın kseroks olunmuş səhifələrindəki qeydlərlə tutuşdurub gördü, hər şey qaydasındadır, imzasını qoyub mənə qaytardı. Nəhayət, başladım: “Bu nə oyunuydu başıma açdız?” Əliylə stulu göstərdi, oturdum, monoloquma davam etdim: “Məni burdan çıxardacaqdızsa, əsas iş yerimdə yarım yox, tam ştat dərs götürərdim də, tay burda saathesabıya əvvəldən razı olmazdım”. – “Siz axı bilirsiz, nəyin üstündə çıxarılmısız? Dərslərinizdə tələbələr dəfələrlə telefonlarında oyun oynayıb, hamısı da kamerada var”. – “Dərslərdə yox, iki-üç dərsdə olub”. – “İki-üç dərs elə dəfələrlə deməkdi, buna görə, əslində, biz sizə bir neçə dəfə töhmət verməliydik”. – “Lap töhmət versəydiz belə, bu cür şeylərə görə müəllimi semestr bitməmiş işdən çıxartmırlar. Sizin məntiqlə gərək ali məktəblərdə dərs deyən müəllimlərin ən azı əlli-altmış faizini semestrin ortasında işdən çıxardalar”. – “Hər ali məktəbin öz qaydası var. Bizdə qayda belədi”. – “Bizdə belədi nədi? Elə bil burdakı məllimlər, tələbələr başqa planetdən gəliblər. Guya bilmirsiz ki, ideal qayda-qanunun, nəzarətin olduğu auditoriya yoxdu? Heç dünyada belə şey yoxdu. Əminəm ki, Harvardda, Oksfordda araşdırsan, orda da arxa cərgədə oturan tələbələr arasında telefonlarında qurdalananları tapmaq olar. Əsas odur, tələbə telefonuyla səs salıb dərsin gedişatını pozmasın. Bir də, axı demişdim, o uşaqların telefonla oynamağını görməmişəm, göz yummamışam, sadəcə görməmişəm. Məni o vaxt işdən çıxartmaq düzgün olardı ki, bütün dərslərim səs-küy içində keçərdi, dərsin yarısını futboldan, şou-biznesdən danışardım, dəfələrlə iyirmi-otuz dəyqə dərsə gecikərdim, qiymət yazmaqçün tələbədən rüşvət istiyərdim”. Sonda üç il əvvəl Dağıstan Tibb Universitetində elmi dərəcəsi olan müəllimin böyük auditoriya qarşısında qəfil mühazirəni yarımçıq qoyub sus-pus paltarlarını soyunub lütlənməsi, tələbələrin qaçacaq dəhlizə çıxması hadisəsini danışıb dedim, bax, belə şeyə görə müəllimi işdən çıxardarlar. Hərçənd, sonralar yandex.ru-da o məsələni araşdırıb bildim ki, həmin müəllim beyin xərçəngi səbəbindən hadisəni anlaqsız edibmiş, bunu bilən tələbələr onu işə bərpa olunmasını xahiş edibmiş və rektorluq xahişi nəzərə alıbmış.

          Sonralar təsadüfən şəhərdə rastlaşdığım rektor köməkçisinə başıma gələnləri danışanda, bunları dedi: “Vaxtında yanıma gəlsəydiz, məsələni həll edərdim. Mən özüm üç-dörd tələbədən sizin haqqınızda soruşmuşdum, hamısı sizdən çox razıydı. Bir də, sizi o vaxt kafedra müdiri müdafiə etməliydi, onun dekandan asılılığı yoxdu”. Qısaca dedim ki,  Ziya müəllim semestrin sonuna qədər işləməyimçün əlindən gələni etdi. Düzü, bilmədim, rektor köməkçisinin həmin gün auditoriyaya girməsi planın bir hissəsi idi, yoxsa öz təşəbbüsüylə bu olmuşdu.

          Günlər, həftələr keçdi, qohum-əqrəbaya, tanışlara başıma gələnləri danışdıqca içimdəki qəzəbdən, kindən yavaş-yavaş azad olurdum. Bu şeyləri mənə ƏDDU-dakı Cəfər müəllimə danışanda dedi ki, sən gərək vaxtında rektorun yanına girəydin, ən azından o, sənə bir yerlisi kimi, – bu arada mən, Cəfər müəllim və ANU-nun rektoru gəncəliyik, – sənə kömək edərdi. Dedim, bir günün içində “Ərizə yazmalısan, qəti tapşırıqdı” ultimatumundan sonra düşündüm ki vəziyyət çıxılmazdı, ərizəmi yazdım.

          Yenə arada fantaziyalarıma baş vururdum. Dekanın otağına girib monoloqa başlayırdım: “Bu sözləri ömürlük yadınızda saxlayın. Əgər tapşırıqla, daha doğrusu, sizə verilən əmrlə bunu eləmisizsə, haqq qazandırmasam da, hardasa sizi başa düşürəm, məcburiyyət, işinizi itirmək qorxusu-filan. Amma bütün bu şeyləri öz təşəbbüsünüzlə eləmisizsə, onda razılaşın ki, sizin kimilərə mərdimazar deyirlər”. Qapını çırpıb otaqdan çıxıram.

          Altı ay keçmişdi ANU-yla vidalaşmağımın üstündən. Bir gün yoldaşımın əmisi Sahib müəllimlə söhbət zamanı məlum oldu ki, Elvin onun yoldaşının dayısı arvadının kiçik qardaşıymış. Hardasa iki ay sonra yoldaşım, əmisi arvadının onun votsapına yazdıqlarını mənə göstərdi. “Dayım məsələdən xəbər tutub, arvadı Gülgəzə olanları danışıb, Gülgəz də qardaşını xeyli danlıyıb ki, ayıb deyil, sənin ucbatından bizim qohumu işdən çıxardıblar. Elvin deyib, bilməmişəm qohumluq məsələsini, yoxsa qoymazdım belə alınsın. Həm də deyib ki, məsələ onluq deyilmiş”, kimlik imiş, bunu deməmişdi. Məncə, Elvinin dedikləri özünün günahkar olmadığını qohumu vasitəsilə mənə çatdırmaqdan başqa bir şey deyildi.

          Sonralar ANU-da işləyən tanış müəllimdən öyrəndim ki, məni işdən çıxardan kimi yerimə götürdükləri adamdan pulunu alıb birbaşa ştata götürübmüşlər, bir müddət sonra isə Ziya müəllimi kafedra müdirliyindən uzaqlaşdırıbmışlar. Başa düşmüşdüm ki, Elvin, Nəsrulla, Fəqan, rektorun köməkçisi mənimlə bağlı yoxlama-qovma prosesində sadəcə icraçıymışlar. Ola bilsin, bu adamlardan biri “işə düzəltmə”də vasitəçi kimi öz haqqını alıbmış,  – bu, mənim ehtimalım idi.

          İllər sonra altmış beş yaşa qədəm qoymuş, saçları ağarmış Elvin məni evlərinə çağırıb o vaxt mərdimazarlıq etdiyini etiraf etdi, o hərəkətlərinə görə üzr istədi, halallıq istədi. Onun arıq bədənini, batmış ovurdlarını, imdad diləyən batıq gözlərini görüb anladım ki, ağır xəstədir, pis oldum, hətta bir az doluxsundum. Ad çəkmədən dedim, xəbərim var, o vaxt işinizi itirməməkçün sizə verilən tapşırıqları yerinə yetirmişdiz. İstəmədim, yerimə pulla başqa adamı götürmək məsələsini deməklə dərinə gedəm. Susdu, tərəddüd etmədən bağışladım onu, dedim, qoy bu xəstəliyiniz o biri dünyanız üçün kəffarəniz olsun. Zəif təbəssümlə başını tərpədib “Allah sizdən razı olsun” dedi. Sonda isə onu inandıra bildim ki, heç vaxt ona nəinki ağır, heç yüngül xəstəlik də arzu etməmişəm və bu, doğrudan da belə idi... Xəstəlik, bağışlama, kəffarə məsələləri olan sonuncu fantaziyamdan sonra, Elvindən əl çəkdim, vidalaşdım ANU-yla.

  

 

Empro: Mühazirələrin, silabusların, imtahan suallarının və s. yerləşdirildiyi elektron təhsil platforması

Kollokvium: bir semestr ərzində hər tələbənin üç dəfə on ballıq qiymətləndirmə əsasında şifahi və ya yazılı şəkildə verdiyi cavab

 

3 mart, – 8 sentyabr 2024

Bakı – Lənkəran – Bakı

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.

 

 

“Bir Sinema -Kısa bir sinezofik inceleme: “DARK” - Özgürcan Şenbayrak

 

Ne içindeyim zamanın,

Ne de büsbütün dışında;

Yekpare, geniş bir anın,

Parçalanmaz

akışında.’’

(Ahmet Hamdi Tanpınar)

 

Zaman doğrusal mıdır, yoksa döngüsel midir?

Daha önceden “Arrival”da benzerini gördüğümüz şekilde zaman doğrusal mıdır yoksa döngüsel midir? Ve ya şimdi tahayyül ettiğimiz zaman, doğrusalsa bile döngüsel başka bir zamanın mümkün olup-olmadığı -zamanın boyutları- üzerine yapılan bir tartışma üzerinden kurguladığı muhteşem bir senaryoyla karşımıza çıkıyor “Dark”. Zaman tartışmalarını yalnızca teorik-uzay/zaman ikilemi üzerinden değil, zamanın insanların hayatına dokunduğu ölçüde de izleyicilerine aktarmayı başarıyor.

 

İnsan hayatında üç kez Cennetten düşer!

Her insan hayatında, en az, üç kez Cennetten düşüyor. Doğuyor, zaten doğarak bir kez düşüyor. Büyüyor, saflığını kaybediyor- ikinci kez düşüyor, sonra saflığını kaybetmesi kendisinde aktüele dönüşünce (teoride saflık kaybı pratiğe geçince) masumiyetini kaybediyor-üçüncü kez düşüyor.

Yukarıda özünü aktardığım fikrin varoluşsal portresini “Dark” dizisi Jonas karakteri -sadece Jonas için geçerli olmasa bile- üzerinden net bir şekilde ortaya koyuyor. Jonas filmde gençliği, orta yaşlılığı ve yaşlılığı şeklinde ele alınmış; ayrıca zamanın hakikatiyle tanışması onu bir kez gençliğinde öldürüyor, farklı bir olanaklı dünyada orta yaşında farklı bir dünyadaysa yaşlılığında öldürüyor. Her bir olanaklı dünyanın içerisinde de ayrı olanaklar mevcut ve her birinde kaçınılmaz bir döngü olarak Jonas madden, ya da manen kendisinin, ya da sevdiğinin kıyımına sebep oluyor, ya da sevdiği buna sebep oluyor. Buradan Âdem ve Havva’nın hakikati de anlaşılıyor; dizi buna açıkça gönderme yapıyor. Zira Âdem ve Havva ilk günahı işleyerek sonsuz döngünün başlangıç noktasını oluşturmuş ve -mecazen- aslında hiç olmaması gereken bir olanağın gerçekleşmesine sebep olmuştur. Bu sonsuz döngü, hiç bir Âdemoğlu tarafından kırılamamıştır ve kırılamaz; döngüyü bitirmenin tek yolu Âdem ile Havva’nın aslında hiç var olmamış olması ve ya ilk günahı işlememiş olmalarıdır. Fakat bu doğrusal bir zamanda mümkün olmamaktadır. Eğer zaman doğrusal değil de döngüselse bu mümkün olabilir. Bu bağlamda döngüyü başlatan kırılma noktaları üzerinden döngüyü serimlemeye çalışıyor bize “Dark” dizisi.

 

Başlangıç aynı zamanda sondur! Son da aynı zamanda başlangıç!

Bildiğimiz ve anladığımız zaman şeklinde zaman, doğrusal bir şekilde ilerler ve asla bir an önceki an gibi olamaz; klasik tarihsel akış içerisinde zaman sürekli akar. Fakat eğer zaman akmıyor, yalnızca biz bunu öyle zannediyorsak ve ya adına zaman dediğimiz ve fizikte kendisini “t” ile formüle ettiğimiz şey aslında anladığımız anlamıyla var değilse, işler çok farklı olabilir. Kendisine “başlangıç” dediğimiz şey belki de asla olmamıştır, bu durumda “başlangıç” aynı zamanda “son”, “son” dediğimiz şey de aynı zamanda “başlangıç”tır. Bundan kaçış mümkün olmaz. Bunu şöyle hayal edebilmek mümkün; kendimizi bir çemberin içinde düşünürsek ve bu çember de eğer zamansa, ne kadar yol alırsak-alalım, nihayetinde başladığımız noktaya geri döneriz. Eğer bir çember içinde sonsuz sayıda çember varsa -ya da tam tersi- ve bu çemberlerin her biri farklı olanaklı dünyaları temsil ediyorsa, o halde sonsuz olanaklı dünyaların her biri için mümkün olan sonsuz zamanlar, ya da zaman dilimleri vardır. Eğer sonsuz zamanlar varsa da, gerçek anlamda bir başlangıçtan, sondan, ya da biricik yaşanan tek bir andan bahsetmek mümkün olmaz. Her sonsuz olanağın içinde o an tekrar ve tekrar gerçekleşiyor olabilir.

 

Olanaklı dünyaların ve mümkün evrenler semantiğinin sinematografik hali…

Felsefe tarihinde adı daha çok Leibniz üzerinden anılan, ama modern anlamda daha geliştirilmiş versiyonlarını Kripke ve Lewis üzerinden okuyabileceğimiz mümkün dünyalar/evrenler semantiğinin sanatsal dışavurumunu izliyor gibiyiz “Dark”ta. Mümkün evrenlerin mantıksal tümcelerle ifade edilmesi bırakılmış da, sahnelerle ve sinematografik bir şekilde ifade edilmiş gibi. Herhangi olanaklı bir dünyadaki herhangi bir olanağı X şeklinde formüle etmek yerine, X şeklinde göstermeyi başarmış “Dark” filmi. “Bunu pek çok film, ya da dizi yaptı, bu pek orijinal değil” diyebilirsiniz belki; ama “Dark”ta bu gayet sıkı-sıkıya/iç-içe ve etraflıca işlenmiş. Dikkatsiz bir izleyicinin tıpkı dikkatsiz bir mantık okuyucusunun mümkün evrenleri anlayamaması gibi “Dark” dizisini gerçek anlamda anlaması mümkün değil gibi. “Dark” dizisinin karışık hale gelmesinin -ve belki de olumsuz olarak söyleyebileceğim şeylerden birisi olarak- ve anlaşılmamasının bir diğer sebebi çok fazla sayıda olanağın işleniyor olması. İzleyici bu olanakları teker-teker anlamaya/çözmeye, sanki bulmaca bulur gibi bulmaya zorlanmış. Aslında olanaklı dünyaları ifade etmek için çok fazla sayıda olanağı işleyip dizideki anlamı bulanıklaştırmak, bence, pek gerekli bir şey değil. Öte yandan, bunun izleyici üzerinde yaratacağı büyüsel atmosfer göz önüne alındığında burada kısmen çekicilik olduğu da inkâr edilebilir bir şey değil.

Son olarak, yerli yapım olan “Atiye” dizisinde “Dark”tan izlere rastlamak mümkün diyerek, bu vesileyle “Atiye”yi okuyucularıma tavsiye edeyim.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

 

 

 

 

 

 

 

 

 

 

 

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Ötən gün Oğuz şəhərində şəhid Anar Talıb oğlu Əliyevin adına inşa edilən bulağın açılışı olub. 

Açılış mərasimində şəhidin yaxınları, şəhid ailələri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbirdə şəhid A.Əliyevin şərəfli həyat yolundan vəonun Vətən müharibəsində göstərdiyiqəhrəmanlıqlarından söz açılıb, ruhuna dualar oxunub.

Anar Əliyev 16 may 1991-ci ildə Oğuz rayonunda anadan olub. 1998–2009-cu illərdə Oğuz şəhər şəhid E.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə oxuyub. Ailəli idi, 1 oğlan övladı yadigar qaldı. 

Anar Əliyev 2009–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Anar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Füzuli döyüşlərində savaşıb. Anar Əliyev oktyabrın 26-da Füzuli döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olub. Anar Əliyev oktyabrın 27-də Oğuz Şəhidlər Xiyabanında dəfn edilib. 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissəqarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifəborcunu şərəflə yerinə yetirdiyi üçün AzərbaycanPrezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixliSərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Füzuli rayonunun işğaldan azadedilməsi uğrunda aparılan döyüş əməliyyatlarınaqatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görəAzərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltifedilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsiuğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissəqarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifəborcunu şərəflə yerinə yetirdiyi üçün AzərbaycanPrezidenti İlham Əliyevin Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

“Lusi-Zanchini-Masciari” caz triosu (Lusi Canluka (saksofon), Simone Zançini (akkordeon) və Luici Masçiari (gitara) 19-cu Bakı Caz Festivalı çərçivəsində “The Jazz Club”da (“Fairmont”) çıxış edib.

 

AzərTAC xəbər verir ki, tədbiri Bakı Caz Festivalının təsisçisi və bədii rəhbəri Rain Sultanov açıb. İtaliyanın və Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Luka di Canfrançesko qonaqları salamlayıb.

 

Gecə çoxlu sayda iştirakçıları - mədəniyyət və incəsənət xadimlərini, caz həvəskarlarını, bakılıları və paytaxtın qonaqlarını bir araya toplayıb. Konsertdən əvvəl qonaqlar rəssam Mədinə Sultanovanın “Jazz and Art Moving Sketches” (“Caz və incəsənət eskizləri”) adlı sərgisi ilə tanış olublar.

 

Mədinə Sultanova caz musiqisini sevən, yağlı boyalarla tablolar yaradan, qrafika ilə işləyən, həmçinin yaradıcılığında müasir texnologiyalardan istifadə edən gənc rəssamdır.

 

Mədinə Sultanova AZƏRTAC -ın müxbiri ilə söhbətində sərgidə təqdim olunan əsərlərindən bəhs edib: “Mən bu əsərləri xüsusi olaraq festival üçün hazırlamışam. Proses təxminən iki ay çəkdi. Bunlar məşhur caz musiqiçilərinin portretləridir. Bu əsərlərlə bağlı yaradıcılıq prosesi lentə alınıb. Ona görə də sərgiyə gələnlər rəsmlərin necə ərsəyə gəldiyini dəqiq görürlər. Caz musiqisi mənim uşaqlıq illərimin xatirəsidir. Bu musiqiyə qulaq asaraq böyümüşəm və onun akkordları məni ruhlandırır. Elə bu əsərləri yaradanda da caz musiqisinə qulaq asırdım”.

 

“Lusi-Zanchini-Masciari” triosu müasir caz ansamblıdır. Onların “Tosky Records” studiyası tərəfindən 2022-ci ildə buraxılmış “Gone” adlı albomu adi ritm bölməsi olmayan eksperimental layihədir. Bu, musiqiçilərə sərbəst improvizasiyalar yaratmağa və yeni musiqi üfüqlərini kəşf etməyə imkan verir.

 

İtaliyalı sənətçilər 19-cu Bakı Caz Festivalında iştirakla bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüblər: “İlk dəfədir ki, Azərbaycanda oluruq. Çox həyəcanlıyıq. Ölkəniz inanılmaz dərəcədə gözəldir. Bir çox ölkələrdə olmuşuq və burada gördüklərimiz bizi valeh etdi. Bakı çox müasir, inkişaf etmiş şəhərdir. Biz burada özümüzü xoşbəxt hiss edirik. Bu, çox mühüm festivaldır və şadıq ki, biz də onun bir hissəsi olmuşuq. Musiqimizi burada təqdim etmək çox xoşdur. Dəvət üçün Rain Sultanova təşəkkür edirik. Azərbaycan musiqisini də dinləmək istərdik. Dünən gəldiyimiz üçün belə bir imkanımız olmadı. Amma biz onunla tanış olmağa şad olarıq və ümidvarıq ki, bu, bizə qismət olacaq!”

 

Musiqiçilər “Gone” albomundan orijinal kompozisiyalar təqdim ediblər. Konsert anşlaqla başa çatıb və böyük uğur qazanıb.

 

Xatırladaq ki, oktyabrın 17-dən 27-dək paytaxtda 19-cu Bakı Caz Festivalı keçirilir. Bu caz bayramında 11 ölkədən olan ifaçılar şəhərin müxtəlif konsert məkanlarında çıxış edirlər. Festival çərçivəsində sərgilər, təqdimatlar və dünya caz ulduzları ilə görüşlər də nəzərdə tutulub.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

Beynəlxalq Mədəni İrs Həftəsi çərçivəsində Özbəkistanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Özbəkistan Gənclərin Yaradıcılıq Sarayında “Yeni Özbəkistanda mədəniyyət və incəsənət sahəsində islahatlar” mövzusunda beynəlxalq forum keçirilib.

 

Türk Mədəniyyəti və İrsi Fondundan “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, forumda çıxış edən mədəniyyət naziri Ozodbek Nazarbekov “Yeni Özbəkistanda mədəniyyət və incəsənət sahəsində həyata keçirilən islahatlar” mövzusunda təqdimatla çıxış edib.

 

Onun sözlərinə görə, əcdadlarımız cəhalətə qarşı həmişə maarif bayrağı ucaldıb, zəka və qabiliyyətlərini elmin və mədəniyyətin inkişafına həsr ediblər.

 

“Cahilliyə qarşı maarifləndirmə” ideyası əsasında əhalinin, xüsusən də gənclərin mənəvi-ideoloji immunitetinin artırılması, ölkəmizdə sülhün və əmin-amanlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər aparılır”, - deyə nazir əlavə edib.

 

Forumda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova mədəniyyətin bəşəriyyətin həyatında əhəmiyyətini vurğulayıb: “Nəsillərin davamı üçün mühüm təməl, gənc nəslin tərbiyəsi və inkişafı, o cümlədən milli kimliyin qorunub saxlanılması üçün zəruri olan mədəni-mənəvi irs xalqımızın misilsiz dəyəridir. Bu da öz növbəsində gənc nəslin milli mənsubiyyətinin, daxili qürurunun formalaşmasında və azad düşüncəsinin möhkəmləndirilməsində böyük rol oynayır”.

 

Forumda TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Parlament Assambleyasının baş katibi Mehmet Süreyya Er, o cümlədən azərbaycanlı yazıçı və publisist Oğuz Yunus İsaxan oğlu, TÜRKSOY Yazıçılar Birliyinin sədri, qazax şairi, jurnalist və redaktor Esdaulet Ulukbek və digər tanınmış simalar iştirak ediblər.

 

“Yeni Özbəkistanda mədəniyyət və incəsənət sahəsində islahatlar” mövzusunda keçirilən beynəlxalq forum çərçivəsində Özbəkistan Prezidentinin təklif etdiyi “Canlı tarix” layihəsinin, eləcə də Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi Türkdilli Ölkələrin Milli Musiqi Alətləri kitabının təqdimatı reallaşıb. Özbək milli alətlərinin sərgisi və “Çolpon” tamaşası nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

Ötən gün İnquşetiyanın Sunja şəhərində səkkiz ölkədən kinorejissorların öz filmlərini nümayiş etdirəcəyi onuncu yubiley Beynəlxalq “Qızıl qala” kinofestivalına start verilib.

 

AzərTAC İnquşetiya Respublikasının Mədəniyyət Nazirliyinə istinadla xəbər verir ki, festivalda xarici ölkələr - Azərbaycan, Çin, İtaliya, Qazaxıstan, Özbəkistan, Tacikistan və Hindistan, habelə Rusiyanın 20-dən çox şəhəri öz ekran əsərlərini təqdim edəcəklər. Festival çərçivəsində 87 film - 52 sənədli, 15 bədii və 20 qısametrajlı film nümayiş etdiriləcək. Bunlardan 17-si Şimali Qafqaz Federal Dairəsinin regionlarından, 5-i isə İnquşetiyadan olan rejissorlara məxsusdur.

 

Həmçinin film festivalı çərçivəsində İnquşetiyanın rayon və şəhərlərində inquş rejissor və aktyorlarının iştirakı ilə filmlərin retrospektivi keçiriləcək.

 

Festival çərçivəsində bədii, sənədli və animasiya filmlərinin nümayişi, kino xadimləri ilə yaradıcılıq görüşləri və digər tədbirlər olacaq. Tanınmış aktyorlar, rejissorlar və prodüserlər bu tədbirlərdə iştirak edəcəklər. Festivalın qalibləri altı nominasiya üzrə müəyyənləşəcək.

 

Kinofestival çərçivəsində filmlərin nümayişləri oktyabrın 28-dək davam edəcək. Oktyabrın 29-da “Qızıl qala” X Beynəlxalq Kinofestivalının bağlanış mərasimi keçiriləcək və qaliblər mükafatlandırılacaq.

 

Festivalın əsas mükafatı orta əsrlərə aid İnquş qülləsinin kiçik qızıl nüsxəsidir.

 

İlk “Qızıl qala” film festivalı 2014-cü ilin payızında İnquşetiyada keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kollektivi ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Nazirlikdən AZƏRTAC-a məlumat verilib.

 

Görüşdə nazir universitetin zəngin ənənələrinin olduğunu, məzunlarının mədəniyyətimizin inkişafına mühüm töhfələr verdiklərini deyib.

 

Qeyd olunub ki, Prezident İlham Əliyevin liderliyində ölkəmizdə bütün sahələr kimi, mədəniyyətin də inkişafına xüsusi diqqət yetirilir. Müvafiq sahə üzrə pedaqoji kollektivin əməyi qiymətləndirilir, müəllimlər müxtəlif təltif və mükafatlara layiq görülürlər.

 

Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən kadr hazırlığına böyük əhəmiyyət verilir və bu sahədə Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq mövcuddur. Çünki mədəniyyət sahəsində keyfiyyətin yüksəldilməsi bilavasitə kadr hazırlığı ilə bağlıdır. Bu istiqamətdə inkişafa nail olmaq üçün gənclərin maraqları, seçdikləri ixtisaslar haqqında fikirlərinin nədən ibarət olduğunu öyrənmək vacibdir. Hazırda sürətli innovativ yeniliklərə şahid olsaq da, süni intellekt inkişaf etsə də, mədəniyyət sahəsi sırf insan amilinə, istedadlı, bacarıqlı və ixtisaslı kadrlara bağlıdır.

 

Görüşdə, həmçinin diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyi mədəniyyət və yaradıcı sənayelər (MYS) üzrə kadr potensialının inkişaf etdirilməsini prioritet hesab edir. Bu məqsədlə elan olunan təqaüd proqramı çərçivəsində ilk olaraq 20 tələbənin xaricdə bakalavriat və magistratura səviyyələrində təhsilinə dəstək veriləcək.

 

Kino sahəsinin inkişafından da danışan nazir ötən il Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə birgə dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin keçirildiyini deyib. Qeyd edib ki, bu müsabiqə vasitəsilə 40-dan çox film istehsalata buraxılıb. Nazirlik tərəfindən tələbə filmlərinin istehsalına da dəstək göstəriləcək.

 

Görüşdə ADMİU-nun rektoru Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova kadr hazırlığının çox vacib məsələ olduğunu söyləyib, təhsil ocağı ilə ARKA arasında əməkdaşlıqla bağlı müqavilə imzalandığını deyib. Vurğulayıb ki, bu müqavilə nəticəsində 12 film layihəsi üzrə işlərə başlanılıb. Həmin layihələrdən 6-sı ekranlaşdırılıb, qalan 6 layihə isə çəkiliş prosesindədir. Altı layihədən biri – ADMİU-nun tələbəsi Kamal Müşfiq İbadovun “Motivator” filmi Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin təşkilatçılığı ilə Moskvada keçirilən “Yüksəliş” beynəlxalq tələbə film festivalında “Ən yaxşı sənədli film rejissoru” nominasiyasında mükafata layiq görülüb. Həmçinin ADMİU festivalda fəal iştirakına görə diplomla təltif edilib.

 

Sonra nazir təhsil ocağının professor-müəllim və tələbə heyətinin dərslik və dərs vəsaitlərinin nəşri, Mədəniyyət Nazirliyi tərəfindən aktyorlara təyinatın verilməsi, gənclərin kino sahəsinə marağının artırılması, ADMİU tələbələrinin teatrlara ödənişsiz girişi, magistratura səviyyəsində təhsil, təhsil menecerləri, təhsil sahəsində yeni ixtisaslar və s. mövzularda təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

 

Pedaqoji heyətin dərslik və dərs vəsaitlərinin nəşri ilə bağlı məsələ barədə danışan nazir bildirib ki, Mədəniyyət Nazirliyi hər il ölkəmizin nəşriyyatlarından kitabların satın alınmasını həyata keçirir. Ötən ildən nəşriyyatlardan daha çox elmi və elmi-kütləvi kitablar alınır və respublikamızın kitabxanalarına paylanılır.

 

Mədəniyyət Nazirliyi tərəfindən aktyorlara təyinatın verilməsi təklifinə münasibət bildirən nazir hər il ADMİU-nun Teatr sənəti fakültəsindən 60-a yaxın tələbənin məzun olduğunu deyib: “Həmin məzunların müvafiq teatrlarda yerləşdirilməsinə çalışmalıyıq. Bu prosesdə özəl teatrların da təşviq edilməsi vacibdir”.

 

Gənclərin kino sahəsinə marağının artırılması ilə bağlı danışan Adil Kərimli bildirib ki, ölkəmizdə kino istehsalının genişləndirilməsi istiqamətində addımlar atılır, tələbə filmlərinə də dəstək verilir.

 

Görüş zamanı səsləndirilən təkliflərdən biri də ADMİU tələbələrinin teatrlara ödənişsiz girişi işi ilə bağlı olub. Nazir qeyd edib ki, bu istiqamətdə müəyyən işlər görülür.

 

“TələbəPlus” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, teatr, muzey və qoruqlarda tələbələr üçün xüsusi endirimlərin tətbiq olunması gözlənilir.

 

Magistratura pilləsi və yeni ixtisaslarla əlaqədar söz açan nazir son illərdə ölkəmizdə təhsilin normativ-hüquqi bazasının təkmilləşdirildiyini, maddi-texniki təminatın yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görüldüyünü söyləyib.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

Cümə, 25 Oktyabr 2024 21:47

“Bəlkə, Azərbaycanı durdurarlar…”

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

 Bəri başdan deyək, torpağı işğal altında olan ölkənin 1 saylı görəvi o torpaqları azad etməksə, azadetmə işinin “Pirr qələbəsi”nə dönüşmədən həyata keçirilməsi, qələbənin nəticələrinin qorunması, davam və inkişaf etdirilməsi də “olmazsa, olmaz”lardandır. 

İkinci önəmli faktor, işğal altında olan ərazinin bərəkətli olub-olmaması deyil, necə deyərlər, bizə aidsə, bizdə olmalıdır. – Orada öz bayrağımız dalğalanmalı, oradan öz əsgərimizin ayaq səsi gəlməlidir.

Bax, bunları bilə-bilə vurğulayaq ki, bu gün Şəhər Gününü bayram etdiyimiz Qubadlı da, Zəngilan, Laçın, Kəlbəcər kimi fərqli bir özəllik və önəm daşıyırdı. Bunun da çox anlaşıqlı, sadə səbəbi vardır: çünki Ermənistanla şərti sərhədimizin böyük hissəsi Qubadlının ərazisini çevrələməkdədir. 120 km-lik sərhəd şərti sərhədin 12 faizini təşkil edir.

 

Yenidən, çox uzaqlaşmadan, bərəkət mövzusuna bir də qayıdaq. – Baxmayaraq ki, Silahlı Qüvvələrimiz bu amili - torpaqlarımızın verimli olub-olmamasını düşünmədən, məhz Ali Baş Komandanın tapşırığını niyəsiz-necəsiz yerinə yetirməkçün və illa mənəvi amilləri əsas alaraq irəliləmişdi. Ona görə də,

“Hüququndan keçən əsgər,

Hərə bir qəhrəman oldu”!

Bəs Hüseyin Nihal ATSIZ necə deyirdi? –

 

“Gərilir zorlu bir yay

Oxu fırlatmaq üçün;

Gecə göydə doğar Ay

Yüksəlib batmaq üçün.

 

...İnsan böyür beşikdə

Məzarda yatmaq üçün.

Və……………………

Qəhrəmanlar can verir

Yurdu yaşatmaq üçün”…

 

Yurdu yaşatmaq yurddaşları və yurda bağlı hər kəsi, hər şeyi yaşatmaqdır.

 

İşğaladək Qubadlıda taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu. Əsas əkin sahələri düzlərində, dağətəyi meşə bölgəsində, Bərgüşad, Həkəri çaylarının vadisində yerləşirdi. Bir sözlə, Qubadlının təsərrüfat çalışmalarının əsasını əkinçilik, heyvandarlıq təşkil edirdi. – Bəli, bütün bunları bildiyimizçün deyil, o torpaqlar bizim olduğu üçün azad olunmalıydı, olundu da!

Daha nələr var(dı) Qubadlıda? – Ərazisində əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmış Qubadlının “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsulludur. İşğala qədər burada 14956 ha əkin, 850 ha çoxillik bitki, 631 ha biçənək, 17192 ha örüş-otlaq, 543 ha həyətyanı, 13160 ha meşə, 582 ha bağ və üzümlüklər olub. Ərazisindən Bərgüşad, Həkəri və onların qolları olan Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və b. çaylar axan Qubadlıda, işğaldan öncə 13160 ha meşə sahəsi vardı. Qubadlının ərazisi təbii dərman bitkiləri ilə zəngin olması ilə də seçilir. Qubadlının Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, Hacılı kəndində mişar daşı yatağı, o cümlədən Mollabürhan kəndinin güneydinə tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı, Bərgüşad çayının sol qıyısında yəşəm yatağı mövcuddur. İşğalçılar 27 il içində Qubadlının sərvətlərinin qanunsuz və kəmfürsətcəsinə istismar edib – bunu da unutmuş deyilik!

Bu yerdə işğalın acı fəsadlarını xatırlayaq:

İşğal illərində 94 yaşayış məntəqəsi, 16 körpü, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid və s. dağıdılmış, yararsız duruma salınmışdı. 650 km avtomobil yolu, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 2 su anbarı, 1080 ədəd kənd təsərrüfatı obyekti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və s. tamamilə dağıdılmış, talanmışdır.

İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində keçici olaraq yerləşdirilmişdi və ədalətsiz dünyada yaşadığımızçün bu keçicilik üç onillik boyu keçmədi ki keçmədi...

Dağıntılr, talanlar azmış kimi, üstəlik, Qubadlıda da (Xanlıq qəsəbəsində) qanunsuz məskunlaşma siyasəti yürüdən rəsmi İrəvan, dışarıdan daşıdığı erməniləri burada yerləşdirmişdi. Bəlli, “Cenevrə Konvensiyaları”na görə də, yazılmamış müharibə qanunlarına görə də, Allah qoymasa, guya qonşuydular – qonşuluq qaydalarına görə də, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq olmazdı, illa olmazdı. Belə məskunlaşmanı aparmış ölkə, hüquqən cinayət törətmiş sayıldığı kimi, digər mənəvi, əxlaqi kateqoriyalar üzrə də suç işləmişdir.

Qubadlı azad olunmadan, Laçının, Şuşanın qurtuluşu mümkünsüz yaxud daha çox itkilər hesabına mümkün olardı. O vaxt hələ keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin ərazisində işğalçılar möhkəmlənmişdi və Qubadlını azad edən hərbçilərimiz yalnız Ermənistan tərəfdən deyil, keçmiş vilayət tərəfdən də, habelə azad edilməmiş digər ərazilərimizdən də çarpaz atəşə uğrayırdı. Lakin şanlı Azərbaycan Ordusunu keçilməz sanılan “Ohonyan xətti”mi saxlamışdı, “S-300”lərmi saxlamışdı, daha nələr, kimlər, haralarmı saxlaya bilmişdi?.. Döyüşə-döyüşə Qubadlıyadək gedib çıxmış şanlı Ordunun öz işini yarımçıq qoyması mümkün idimi? “Mən Azərbaycanın şəhərlərini bir-birindən fərqləndirmirəm; amma Şuşasız bizim işimiz yarımçıq qalar. Bizə danışıqlar prosesində təklif edirdilər ki, 5 rayon, sonra 2 rayon verilsin. Bizə deyirdilər, bütün əraziləri istəməyin, belə kompromis olmur. Şuşanın azad edilməsi bizim hədəflərimiz arasındadır, nə zaman olacaq, bunu görərik”. – Bu tarixi sözləri Prezident İlham Əliyev Türkiyənin “A Haber” kanalına Qubadlının qurtuluşundan 9 gün öncə demişdi. Qubadlının qurtuluşundan sonra yarımçıq işimizin tamamlanmasına çox az qaldığını dost da, düşmən də başa düşürdü... Dost dost kimi, düşmən də öz ağlınca davranırdı. Ancaq hərbi sahədə də, diplomatik sahədə də sözü biz deyirdik, biz – Azərbaycan dövləti! Dəmir Yumruq sayəsində bölgədə yeni gerçəkliklər şəkillənirdi. Nə olmalıydısa, o olacaqdı, oldu da!

Qubadlının qurtuluşu bir neçə gün çəkdi. İşğalçılar şəhərdə güclü istehkamlar qurmuşdu; o cümlədən yüksəkliklərdə hərbi birləşmələr yerləşdirmiş düşmən, öz havadarlarından ümidini üzməmiş, “bəlkə, Azərbaycanı durdurarlar” düşüncəsi – düşüncəsizliyi içindəydi. Bəli, ona görə də, Qubadlının azadedilmə əməliyyatı da özəl peşəkarlıq, bundan irəli fədakarlıq tələb etməkdəydi. Şanlı ordumuza yaraşan da elə bu deyildimi? İlk sırada şəhərə hakim yüksəklikləri götürən ordumuz, çevrədə yerləşən kəndləri də götürdü. Strateji mövqelər ələ keçirildikdən sonra, ovuc içi kimi görünən Qubadlı şəhəri düşməndən təmizləndi! – Bu, bir növ, Ağoğlanın (Hadrutun) təmizlənməsi əməliyyatına bənzəyirdi.

Qürurluyuq! – İşğalçılar adam kimi başa düşüb, torpaqlarımızdan rədd olub getməyincə, başlarına od ələdik, ayaqları altından yer, başları üstündən göy qaçdı və götürə bildiklərini götürüb qaçdılar; qaçmayanlarısa, haqq etdikləri yerdə - cəhənnəmdə gözləyirdilər zatən.

 Artıq Qubadlıya həyat, mədəniyyət, bir sözlə, insanlıq qayıdır. Qubadlının yeni inkişaf tarixi öz vüsəti ilə davam edir. Qubadlı işğal illərində, görmədiyi acıları yaşadısa, artıq, Sovet vaxtında belə görmədiyi inkişafa qovuşmaqdadır. Örnəyi, Qubadlı rayonunun ümumi enerji istehlakı SSRi dönəmində 12 meqavat idisə, indi rayondakı yarımstansiya 40 meqavata hesablanıb və üstəlik, gərək olacağı halda, onun gücü iki qat artırıla biləcək.

İndi Qubadlı (da) böyük bir tikinti meydanına dönüb. Yollar, körpülər salınır, binalar, obyektlər, tikilir...

Bu gün Qubadlı Şəhəri Günüdür. İşğal illərində “bir gözüm Həkəri, biri Bərgüşad” deyən şairin gözlərindən indi sevinc yaşları axır...  

Bu gün Qubadlıya köç karvanı yola salındı. “Böyük Qayıdış” adı kimidir – bu qayıdış kəmiyyətlə ölçülmür, psixoloji amillərlə şərtlənir, ovqatla ölçülür, ruhla çiçək və qanad açır!..

Şəhidlər ölmədi, Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2024)

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Xalq yaradıcılığı nümunələrində və soy-qəbilə adlarında ikili (dual) təfəkkürlə bağlı anlayışlara tez-tez rast gəlmək olur. Məsələn, “Qodu-qodu” xalq tamaşasında Qodunun gülməsi-ağlaması; “Günəşi çağırma” mərasim nəğməsində saçlı-keçəl qız; qeydə alınmış bir əfsanədəki ağ-qara at; “Tapdıq” nağılındakı İşıqlı-Zülmət dünya; “Məlikməmməd” nağılında ağ-qara qoç, işıqlı-qaranlıq dünya; atalar sözlərindəki axşam-səhər, xeyir-şər (“Axşamın xeyrindənsə, sabahın şəri yaxşıdır”); “Kitabi-Dədə Qorqud” dastanında Daşoğuz-İçoğuz, Bozoq-Üçoq, sağ bəylər-sol bəylər; müxtəlif deyim, əfsanə, dastan və nağıllarda təsvir olunan ikili səciyyəli quşlar, əjdahalar, ilanlar və s. belə ikili anlayışlardan sayıla bilər.

Qeyd etdiyimiz kimi, xalqımızın soykökündə duran qəbilə birləşmələrinin adlarında da belə ikili anlayışlar öz əksini tapmışdır: Ağqoyunlu-Qaraqoyunlu, Ağsaqlılar-Qarasaqlılar, sağ və sol yabqular və s.

R.Qafarlı “Azərbaycan türklərinin mifologiyası” əsərində göstərir ki, “…İkilik maddi dünyanın istənilən təzahür səviyyəsində özünü göstərir. Dünyamızın fəlsəfi mahiyyəti elə təşkil olunmuşdur ki, onun dual (ikilik) strukturu dərhal gözə dəyir. Ulu əcdadlarımız da bu ikiliyi dərk etmiş və onun əsasında mifoloji dünyagörüşlərini inkişaf etdirmişlər”.

G.Vəkilova “Azərbaycan folklorunda əkizlər mifinin transformasiyaları” avtoreferatında yazır: “Folklorda dualizm problemi kifayət qədər geniş əhatəli və olduqca dərin bir problemdir. Folklorşünaslıqda dualizm obrazı mifdə mövcud olan təbiətin, mədəniyyətin və reallığın əsas strukturudur”.

Bu anlayışlarda xalqımızın düşünmə tərzi, təfəkkür qatı, kosmoqonik görüşləri, qəbilə münasibətləri  və s. öz əksini tapmışdır. K.Mirzəyeva özünün “Estetik fikirdə binar düzənin əski kökləri” adlı məqaləsində yazır ki,  “insan düşüncəsi hər şeydən əvvəl hissi qavrayışa əsaslanır və bəşər adətən, bir şeyi onun zidd (əks) tərəfi ilə daha asanlıqla qavrayır. Hissi qavrayışın təbiətdəki predmetləri eynidir, ona görə ikili qavrayış bütün əski xalqlarda bir-birinə bənzəyir və bunu tipoloji bir hal kimi başa düşmək olar. Digər tərfədən, hissi qavrayışın əsasında müqayisə dayanır - insan iki və daha çox hadisə və predmeti müqayisə etməklə onları bir-birindən fərqləndirə bilir. Insanlar eyni zamanda hadisə və predmetlərə öz münasibətlərini də ifadə edir və həmin münasibət fərqli olur. Burada insanın inanc dünyası, mifoloji baxışları xüsusi yer tutur və bununla o, predmet və hadisələrin mahiyyət və səbəbini izah etməyə çalışır. Predmet və hadisələrin dəyərləndirilməsində də ikili düzən vardır: onların faydalı və ya əksinə zərərli olması. Beləliklə, insanda predmet və hadisələri dəyərləndirmək üçün “yaxşı” və “pis” kimi ikili münasibət yaranır. “Yaxşı” və “pis” qarşılaşması tədricən hissi müstəvidən etik müstəviyə keçir, insanın davranış, rəftar və əməlinin ölçü vahidinə çevrilir. İnanc müstəvisində və mifoloji yöndə etik məna ilə yüklənən daha bir ikili qarşılaşma ortaya çıxır: “xeyir” və “şər”. Bununla da təbiətdə rast gəlinən dual qarşılaşma müxtəlif məna keçidləri ilə etik və əxlaqi, metafizik və estetik səviyyələrdə gerçəkləşir”.

O, “Şərq poetikasında binar düzən” adlı bir başqa məqaləsində isə belə yazır: “Qədim insanlar onu əhatə edən dünya barədə müəyyən düşüncə və təsəvvürə malik olmuşlar. Təbiətlə birbaşa ünsiyyət quran insan həyatda üzləşdiyi bütün hadisə və proseslərdə təzadlı iki tərəf görmüşdür: işıq - qaranlıq, istilik - soyuq, aclıq – toxluq, rahatlıq - narahatlıq və s. İnsan onu narahat edən bütün şeyləri dəf etmək, ətrafında baş verən xaosa qarşı nizamlı bir düzən qurmaq istəmişdir. Onların kainat haqqında baxışları hissi xarakter daşımaqla yanaşı, ikili quruluşa malikdir və bu ikili düzənin ilkin qaynağı təbiət və kosmosdur”.

G.Vəkilova göstərir ki, “Mifologiyada Yaxşı-Pis (yaxşı-yaman) qarşıdurması da aparıcı dual münasibətlər modellərindən sayılır. Bu, folklor mətnlərinə, demək olar ki, eyni ilə transformasiya etmişdir. Bu mövzuda çoxlu nağıllar vardır. Məsələn, “Göyçək Fatma” nağılı müxtəlif əsatiri görüşlərilə zəngin və mürəkkəb mifoloji mətn quruluşuna malik nağıllardan biridir. Bu nağıl demək olar ki, tam şəkildə əkizlər mifinə uyğun olaraq Yaxşı-Pis (yaxşı-yaman) qarşıdurmasını təzahür etdirir. Nağılın mövzusu xeyir və şər qüvvələrin mübarizəsinə həsr olunmuşdur”.

Təbiət hadisələrini “yaxşı” və “pis”ə bölən qəbilə üzvləri “yaxşı”nı dost, “pis”i düşmən kimi qiymətləndirmişlər. Həyatları bu əksliklərdən birbaşa asılı olduğuna görə onlar həmin hadisələri ilahiləşdirmiş və şəxsləndirmişlər. Məsələn, “Günəşi çağırma” mərasim nəğməsində qış-yaz (yay) keçəl və saçlı qız kimi şəxsləndirilmişdir.

Bu ikiliklər, əks istiqamətlər, əks xarakterlər və əks rənglərin xalq yaradıcılığı nümunələrində, qəbilə birləşmələrinin adlarında işlənməsi təsadüf deyil, müəyyən qanunauyğunluqdur. Bu cür ikiliklər mifoloji inamın güclü olduğu bir dövrdə formalaşmış əksliklər görüşü və dual təşkilat quruluşunun qanunlarının tələblərindən irəli gəlmişdir. Bu görüş və qanunlar siyasi və bədii təfəkkürün beşiyi olmuşdur. Ona görə də onların izlərinin xalq yaradıcılığı nümunələrində və soy-qəbilə adlarında özünü göstərməsi təbiidir.

Qeyd olunmalıdır ki, xalqımızın söykökündə duranlar təbii hadisələri anlamağa və təbiəti ram etməyə, ona uyğunlaşmağa səy göstərərkən oradakı əkslikləri də duymağa başlamışlar. Onlar müşahidə etmişlər ki, əksliklər birlikdə mövcuddur, birlikdə yaranır, birgə yaşayırlar. Onların hamısı təbiət hadisələri olduğuna görə kökləri birdir – təbətdir. Dual düşüncənin mahiyyətinə toxunan Əməkdar elm xadimi, professor M.Seyidov yazır: “Əski insana görə, təbiət əksliklərin qaynağıdır. Təbiətdə iki müxtəlif, qarşı-qarşıya durmuş əksliklərin mövcudluğu insan şüurunda, təfəkküründə və onunla bağlı olaraq ibtidai şəkildə olan üstqurumda, kosmik aləmi dərk etməkdə, insanların bir-birinə münasibətində və bunu dürlü-dürlü şəkillərdəki təzahür formalarında, fəlsəfədə, mifoloji, ictimai şüurda, məişətin bəzi sahələrində, təbiət, cəmiyyət hadisələrini aydınlaşdırmaqda ikili-dual münasibət yaratdı”.

Görkəmli tədqiqatçı onu da qeyd edir ki, təbiətdəki əksliklərin mövcudluğu insan şüurunda təbiət və cəmiyyət hadisələrini aydınlaşdırmaqda ikili – dual münasibət yaratmışdır. O, sübut etmişdir ki, türkdilli xalqlarda, o cümlədən azərbaycanlılarda da əksliklər təsəvvürü mövcud olmuş, ilkin qəbilələr dual təşkilat quruluşu sistemində yaşamışlar. Başqa sözlə, dual təşkilat quruluşu ibtidai qəbilələrin ilk forması olmuşdur. Dual təşkilat quruluşu və əksliklər təfəkkürünə görə, insanın yaranmasının və təbiət hadisələrinin kökü birdir, ancaq bu birlikdə əksliklər mövcuddur. Məsələn, yuxarda adı çəkilən “Tapdıq” nağılında İşıqlı dünya (“Gülüstani-Baği-İrəm) və Zülmət dünyası əkslikdirsə, bu dünyanın kökü eynidir, yəni birdir – Qaf dağıdır. Çünki məhz həmin dağın bir tərəfi işıqlı, o biri tərəfi qaranlıq dünyadır. Əksliklərin mübarizəsi isə təkamülün mənbəyidir. 

Dual təşkilat quruluşuna görə, ilkin qəbilə iki soya bölünür. Oğuzların Bozoq və Üçoq soyuna bölünməsi buna misal ola bilər. Bu soylar üçün oq (ox) kökdürsə, boz və üç əksliklərdir. Ağqoyunlular və Qaraqoyunlularda isə qoyun kökdür, ağ və qara əksliklərdir. Həmin qəbilə birləşmələrinin adlarının dual təşkilat quruluşunun qanunları əsasında qoyulduğu göz qabağındadır.

Əkslik – ayrılıq ekzoqamlı (qan qohumluğu nəzərə alınan) nigah üçün əsas yaradır. Tədqiqatçıların yekdil fikirlərinə görə, Azərbaycan xalqının soykökünü təşkil edən bütün qəbilələrdə belə nigahlar olmuşdur. Onlar qan qohumu ilə deyil, çox uzaq qohum və ya yad qəbilənin üzvləri ilə evlənmişlər. Bunun bir nümunəsini Ana kitabımız olan “Kitabi-Dədə Qorqud” dastanında da görürük. Burada Bozoqdan olan Beyrək Üçoqdan olan Banıçiçəklə evlənir. Ekzoqamlı nigah fizioloji cəhətdən daha doğru idi və qəbilələrarası əlaqələri möhkəmləndirir, içtimai gücü artırırdı.

E.M.Meletinski də ikiliklərdən bəhs edərək göstərirdi ki, bunlarda “…xüsusilə diqqət ona yetirilir ki, təbiət (gündüzlə gecənin nizamlanması, qışın və yayın qaydaya salınması və sərt soyuqların, bərk istilərin zəifləməsi) və sosial (dual ekzoqamiya, nikah qaydaları və s.) sahələr qaydaya salınsın, eləcə də nizamlayıcı, permanent (daimi) qayda-qanunları qoruyub saxlayan məcburi mərasimlərin fəaliyyəti nizamlansın”.

Deməli, xalq yaradıcılığı nümunələrində, eləcə də qəbilə birləşmələrinin adlarındakı ikili anlayişlar dual təşkilat quruluşunun, əksliklər görüşünün, ekzoqamlı nigah qanunlarının tələblərindən irəli gəlmişdir. Maraqlıdır ki, dual təşkilat qanunları, əksliklər görüşü və ekzoqamlı nigahla bağlı bir sıra adətlər, görüşlər indi də yaşamaqdadır. Məsələn, toy həyətlərində qapıdan qırmızı, yas həyətlərində qara parça asılması, yaxın qohumlarla nigaha yol verilməməsi və s.

Ümumiyyətlə, dual təşkilat quruluşu, əksliklər görüşü xalqımızın həyat tərzi, həyatı dərketmə şəkilləri, adət-ənənləri barədə daha dolğun təsəvvür yaradır.  

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə " Bir şeirin hekayəti" rubrikasının qonağı şeirləri ilə könül oxşayan Şamil Ənvəroğludur.

Onun söylədiyi şeirin hekayəti çox təsirlidir. Bu şeir dünyada misli bərabəri olmayan varlıq - ana haqqındadır. 

“Mənə oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız deyəcəm: Anamdır” söyləyib Avraam Linkoln.

Şamil bəyin bu şeirində biz onun anasına olan sonsuz sevgisinin şahidi oluruq. Allah bütün analara can sağlığı versin, dünyasını dəyişən analara isə rəhmət etsin.

Gəlin Şamil bəyin dilindən " Bir şeirin hekayəti"- ni dinləyək.

 

Atamı itirəndən bir müddət sonra tale mənim analı halıma da göz qoydu.

Həyat indi də əl-ayağa düşüb məndən anamı almağa cəhd edir hər an üstümə gələrək.

Anamı deyirəm, həyatımın mənası, yaşamımın səbəbi bildiyim bir insandan danışıram sizə.

Gözləri çuxura düşən, tamam əriyib bir dəri, bir sümüyü qalan, amansız xəstəliyin aciz  qurbanına çevrilən, ancaq yaşamaq istəyindən bir an da olsa, qəti vaz keçməyən təmiz ruhlu bir əsl xanımdan danışıram sizə.

Atamla eyni xəstəlik...

Evdəki eyni durum...

Gecələr eyni ağrılar...

Həyat bu qədərmi amansız ola bilərmiş?

Ölüm bu qədərmi insanla iç-içə gəzərmiş?

Və bu zibilə qalmış xəstəliyin heçmi müalicəsi yoxdur dünyada?

Anam artıq arıqlayıb bapbalaca bir yumağa dönüb. "Dağlar qızı" deyib əzizlədiyim, başını dizlərinə qoyub mürgülədiyim qadın indi əl boyda bir uşağa dönüb yatağında...

Qızım kimi sarılıb başını tumarlayıram, başını qatmaq üçün susmadan danışıram, danışıram, danışıram...

Astaca gözlərini mənə zilləyib dinləyir diqqətlə.

Bəlkə də, heç məni dinləmir, bəlkə öz ağrılarının iniltili səsini dinləyir için-için...

Bəlkə də, ən böyük arzusu bu dəhşətli ağrıları çox yaşamadan qəfil ölməkdir?

Yoxxx, anam yaşamaq istəyir!

Ürəyinin döyüntüsü yaşamağı seçir, çırpınır həyat üçün, övladları üçün!

Yastığını bir az dikəldib içimdə deyirəm:

"Canım anam, kaş bütün ağrılarını səndən alıb özüm çəkə biləydim.

 Kaş ki, ömrümdəki bütün sağlam illərimi sənə verə biləydim.

Kaş ki, həyat bizim də üzümüzə gülə biləydi elə bu çətin günlərdə...

Güzgünün önündən darağı götürüb anamın saçlarını daramaq, darıxmasın deyə qonşu qızlardan danışmaq istəyirəm. Ona ən maraqlı mövzulardan biri elə bu olduğu üçün.

Həmişə öz ana mehriban qayğısı ilə deyərdi ki, qonşudakı qızlardan biri ilə evlənərsən, axı, gözümüzün önündə böyüyüb hamısı.

Ancaq daraq tapılmır və birdən yadıma düşür ki, axı, yaylığı anamın saçsız başına bağlamışam.

Saçı töküldüyü üçün artıq daraq bir lazımsız əşya kimi çoxdan unudulub hardasa.

Sonra anamın yatması üçün otaqdan çıxıram.

Yerimə təzəcə uzanan kimi gecənin ən vahiməli səsini duyuram - anamın ağrılı, iniltili səsini...

Qaçıram yanına, tez işığı yandırıb nə istədiyini soruşuram. 

"Can bala, yat dincəl, yuxusuz qalma mənə görə" - deyib səsini və göz yaşını içinə axıdır ki, mən görməyim.

İnadından ağrısının səsini duymayım deyə dişlərini bir-birinə sıxaraq susur.

Yatsın deyə təkrar çıxıram otaqdan.

Və bir müddət səssizlik çökür evə.

Bu dəfə də səssizlik öldürür məni.

Birdən nəsə olar anama - deyib astaca yanına gəlirəm.

Və hər gün eyni durum təkrarlanır bizim evdə.

Allah anam başda olmaqla bütün xəstə yatanlara şəfa versin!

Amin!

Və aşağıdakı şeir də belə günlərin birində yazılıb.

 

Gözlərimin önündə əriyib gedir anam,

Daşa dönsün ürəyim, buna necə dayansın?

Əyilib dinləyirəm ürəyinin səsini,

Yalvarıram Tanrıya, nolar anam oyansın...

 

Qurumuş əllərində zaman donub elə bil,

Ha edirəm nəfəsim bu əlləri isitmir...

Yanağında ağrının buz bağlamış heykəli,

Göz yaşları ha axır, bu buzları əritmir...

 

Çarəsizlik... ən böyük ağrı buymuş, sən demə,

Heç nə edə bilməmək, donub yerində qalmaq...

Bəzən atası kimi saçlarını oxşamaq,

Körpə balası kimi qucağında uyutmaq...

 

Sonra isə gecənin ansızında oyanıb,

Nəfəs alıb verirmi? Nəbzin sayıb gözləmək...

Sonra yenə başlayan ağrıların səsinə,

İçin-için ağlayıb, ölə-ölə dinləmək...

 

Daş asılır gecələr vaxtın ayaqlarından,

Nə sabahlar açılır, nə ağrılar səngiyir,

Göz yaşıyla etdiyim dualarım cavabsız,

Sanki Tanrıya çatmır, bəlkə yolda ləngiyir?

 

Sonra quyu dibindən gələn bir səsə bənzər,

yorğun bir səs duyuram: "Can bala, yat, ağlama..."

Çəkilirəm otağın bir qaranlıq küncünə,

Anam görməsin deyə bürünürəm yorğana...

 

Ümidsiz durumuma şahidlik edir yataq,

Anamın hər səsinə içimdən min tel qopur.

Göz yaşımla islanan yastığım daşa dönüb,

Səhərəcən ömrümdən ümid əzir, bəxt çapır.

 

Gecənin bir yarısı... Sükutun vahiməsi,

Anamın səssizliyi... Ürəyim düşür yerə...

"Yoxsa..." qara fikirlə tez qaçıram yanına,

Bir əlim tez nəbzinə, bir əlim tez alnına...

 

Bir möcüzə baş verə, elə bir sabah gələ,

Bir baxam anam durub gəzir həyətimizdə.

Ağrıları dəfn edib, əzabları öldürüb,

Yerinə ümid əkib, cücərdək qəlbimizdə...

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.