ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə, 15 Yanvar 2025 10:01

Şlyapa Günü, Nazim Hikmət və İlza Kox

Şlyapa Günü, Nazim Hikmət və İlza Kox

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə - yanvarın 15-nə təsadüf edən əsas tarixi hadisələri və bayramları diqqətinizə çatdırırıq. Bu günün əsas bayramı Vikipediya günüdür ki, haqqında ayrıca yazı vermişik. İndi isə digərlərinə diqqət ayıraq.

 

Şlyapa, yaxud baş geyimi günü

Dərhal yadımıza Azərbaycan kinematoqrafiyasının incilərindən biri olan “Papaq” filmi, rəhmətlik Kamil Məhərrəmovun canlandırdığı obraz düşdü.

17-ci əsrdə otuzillik müharibə zamanı bütün Avropada qəribə bir baş örtüyü geyinmək dəbi yarandı, yüngül parçadan tikilmiş enli, quş lələyi ilə bəzənən şlyapa adını alacaq həmin nəsnədən Azərbaycanda yalnız 19-cu əsrdə - milli burjuaziya formalaşanda istifadə olunmağa başlanıldı. Amma ümumilikdə baş geyimindən söhbət gedirsə, bizdə papağın məna yükü daha dərindir, papaq – kişilik rəmzi hesab olunur. Qoyun dərisindən, qaragüldən hazırlanan papaq ta ki 20-ci əsrə qədər kişi başının dəyişməz atributu olub, motal papaqlar, şiş papaqlar, qoçu papaqları, şələ papaq, buxara papaq kimi müxtəlif papaq növləri kişiləri bir növ qruplaşdırıb, kimin hansı təbəqədən olmasını ələ verib.

Hazırda yalnız çox az yerlərdə, Xınalıq, Kiş, Qırız, Lahic, Talıstan kimi el adətlərinin qorunub saxlandığı qədim yurd yerlərində kişilərin papaq geymə məcburiyyəti qorunub saxlanılmaqdadır.

Azərbaycanda məşhur bir qarğış var, deyirlər, papağın boş qalsın. Gəlin bu papaq günündə bütün kişilərin papaqlarının boş qalmamasını arzulayaq.

 

Amerikada bayram bayrama qarışıb

Hindistanda Callikattu günüdür. Motodorla öküzün savaşını görmüsünüz? Təqribən o cür bir tamaşa günüdür. Buynuzuna bayraq keçirilmiş öküz insanların arasına buraxılır, bir neçə nəfər də belindəki donqarlardan yapışmaqla onun qaçmasına, buynuzunu azad etməsinə imkan vermir.

Zambaqlar ölkəsi hansıdır? Əlbəttə ki, Niderland. Bu gün Niderlandda ən əziz bayramlardan biridir, Zanbaq günüdür. İndoneziyada okean, Misirdə ağacəkmə, Kubada elm, Koreyada əlifba, Meksikada bəstəkarlar, Nigeriyada silahlı qüvvələr günüdür.

Amerikada isə Milli çay göbələyi içkisi günüdür. Tək elə bu? Əlbəttə ki yox. Milli çiyələkli dondurma günüdür həm də. Vəssalam? Yenə də yox. Milli yeni çəkilmiş meyvə şirəsi günüdür üstəlik.

 

Pentaqonun və “Le Figaro”nun ad günü

1994-cü ilin 15 yanvarında “demokratiya carçısı” sayılan Türkmənistanda keçirilən “şəffaf“ referendum nəticəsində Türkmənbaşı Saparmurad Niyazovun prezidentlik müddəti 5 ildən 10 ilə artırılıb. 1993-cü ilin 15 yanvarında kişilərin qulağı dincəlib, yazıqlar rahat nəfəs ala biliblər. NBC telekanalı ilə yayımlanan “Santa Barbara” serialının sonuncu – 2137-ci seriyası efirə gedib.

1970-ci ildə Liviyada kral İdrisi devirərək 28 yaşlı polkovnik Muammar Qəddafi hakimiyyətə gəlib. 1943-cü ilin bu günündə Vircinya ştatında Pentaqonun – ABŞ Müdafiə Nazirliyinin binası tikilib istifadəyə verilib. 1920-ci ildə Rusiyada admiral Kolçak həbs edilib. 1892-ci ildə doktor Ceyms Neysmit ABŞ mətbuatında basketbolun qaydalarını açıqlayaraq yeni idman oyununun yaranışını rəsmiləşdirib. 1826-cı ilin bu günündə Fransanın məşhur “Le Figaro” qəzetinin ilk sayı işıq üzü görüb. 1776-cı ildə Lvovda “Gazette de Leopol” adlı Ukrayna ərazisində ilk qəzet işıq üzü görüb. 1759-cu ildə Britaniya muzeyi qapılarını tamaşaçıların üzünə açıb. 1700-cü ildə 1-ci Pyotr dvoryanlara uzun və rahatsız xələtlərini Avropasayağı kostyumlarla əvəzləməyə icazə verib.

 

Nazim Hikmət, Qriboyedov, Dunayevski...

1981-ci ilin 15 yanvarında Pitbull ləqəbli populyar ispan müğənnisi Armando Peres doğulub. 1963-cü ildə ən məşhur Amerika kriptoqrafı Brüs Şneyder, 1952-ci ildə hazırda Azərbaycan Yazıçılar Birliyinin Nəsr seksiyasına rəhbərlik edən Səyyad Aran, 1945-ci ildə populyar rus bəstəkarı Maksim Dunayevski, 1940-cı ildə Azərbaycanın tanınmış kinoşünası Aydın Kazımzadə, 1929-cu ildə qaradərilərin məşhur hüquq müdafiəçisi Martin Lüter Kinq, 1902-ci ildə görkəmli türk şairi Nazim Hikmət, 1891-ci ildə ən sevdiyim rus şairlərindən biri, yəhudi əsilli Osip Mendelştam (o birisi də, yenə də yəhudi əsilli İosif Brodskidir), 1794-cü ildə məşhur rus yazıçısı, “Ağıldan bəla” əsərini yazmış Sergey Qriboyedov dünyaya gəliblər.

 

“Buhenvald ifritəsi”nin taleyi

2010-cu ilin 15 yanvarında ABŞ biokimyaçısı, genetiki, genetik kodu deşifrə etdiyinə görə Nobel mükafatı qazanmış Nirenberq vəfat edib.

2007-ci ildə Azərbaycan ədəbiyyatı xalq şairi Nəbi Xəzrini itirib. 83 il ömür sürmüş şair 1-ci Fəxri Xiyabanda uyuyur, Allah rəhmət eləsin!

1919-cu ilin 15 yanvarında isə almanların marksizm ideoloqları Roza Lükdemburq və Karl Libknext öldürülüblər.

15 yanvardan danışırıqsa mütləq bir ibrətamiz hadisəyə də toxunmalıyıq. 1951-ci ilin bu günündə faşistlərin məşhur Buhenvald konslagerinin komendantının həyat yoldaşı, “Buhenvald ifritəsi” ləqəbi ilə tanınan, məhbuslara qarşı görünməmiş vəhşiliklər edən, yüzlərlə insanı şəxsən öldürən İlza Kox (belə zərif məxluqmu olar, Tanrım?) məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum olundu. Sonra həbsxanada bu insan elədiyi günahlara görə vicdan əzabı çəkəcəkdi, rahatlıq tapa bilməyəcəkdi və 16 il keçəndən sonra yataq mələfəsi ilə özünü asıb öldürəcəkdi.

Çoxlarına qan udduran hakimi-mütləq mütləq sonda öz cəzasını almalıdır. Allah zülmkarları cəzasız buraxmır heç zaman.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2024)

 

 

 

 

 

 

 

 

Çərşənbə, 15 Yanvar 2025 09:00

Bu gün Vikipediya günüdür

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu gün həyatımıza möhkəm daxil olmuş Vikipediyanın yaranışının ildönümüdür. Şəxsən biz jurnalistlər üçün Vikipediya Google ilə birgə ən vacib informasiya mənbəyidir. Amma tək bizimçünmü? Təbii ki yox. İstənilən peşə sahibi hansısa mövzu barədə ətraflı məlumat axtarınca məhz bu ünvana üz tutur.

 

Internet hələ yaranmamışdan ensiklopediya deyilən bir kitab var idi, orada hər şeydən və hər kəsdən yazırdılar, o vaxtlar bu bahalı qırmızıcildli kitablara hələm-hələm adamın əli çatmazdı, ona görə də hər kəs və hər yer barədə hər adam xəbərdar ola bilmirdi. Amma indi internet Vikipediya deyilən virtual ensiklopediya yaradıb, 2001-ci ilin 15 yanvarından fəaliyyətdə olan viki-ensiklopediya saytı indi hər kəsə istədiyi məlumatı girib asanca tapmağa imkan yaradır. O cümlədən Azərbaycanda da Vikipediya – çağdaş dövrümüzün ən yeni trendi aktualdır, yüzlərlə fədakar həmyerlimiz yorulmadan tariximiz, görkəmli şəxsiyyətlərimiz barədə məqalələr yazlb onları Vikipediyada yerləşdirir.

Gəlin Azərbaycanımızın bütün Vikipediya könüllülərini bayramları münasibəti ilə təbrik edək.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

 

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Qasımov Ənvər Yusif oğlu 1914-cü il yanvarın 15-də Yevlax rayonunda poçt işçisinin ailəsində anadan olmuşdur.

Əslən Ordubadlı olan yazıçı İbtidai təhsil aldıqdan sonra Tiflisdə pedaqoji texnikumda təhsil almışdır.

1929-cu ildə texnikumu bitirmiş, 1930-cu ildə əmək fəaliyyətinə Gürcüstan KP MK-nın orqanı “Yeni kənd” qəzeti redaksiyasında ədəbi işçilikdən başlamışdır.

“Bir matrosun xatirələri” adlı ilk hekayəsi 1930-cu ildə  “Ədəbiyyat cəbhəsində” jurnalında çap olunmuşdur.

O, Tiflisdə yaşayıb işlədiyi dövrdə yazılarını Ənvər Ülvi təxəllüsü ilə dərc etdirmişdir. 

1932-ci ildə Gürcüstan Proletar Yazıçılar İttifaqına üzv olmuşdur. Bakıya köçdükdən sonra “Kommunist” qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan təsviri incəsənət muzeyində kiçik elmi işçi vəzifələrində çalışmışdır.

1937-ci il repressiyası dövründə yazıçı həbs edilmiş, 6 ay Hüseyn Cavidlə bir kamerada qalmışdır. O, 9 aydan sonra buraxılmış, daha sonra yenidən tutularaq 10 il müddətinə Sibirə sürgün edilmişdir. 

Sürgündən qayıtdıqdan sonra 1950-1956-cı illərdə Balakən rayonunda taxta emalı zavodunda mühəndis-normaçı olmuşdur.

Sonralar Bakıya köçüb 1957-1965-ci illərdə  burada “Ədəbiyyat və İncəsənət” qəzeti redaksiyasında, 1965-1976-cı illərdə  “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır.

1976-cı ildə təqaüdə  çıxıb fərdi yaradıcılıqla məşğul olmuşdur. 

O, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1964-cü ildən Rəssamlar Birliyinin üzvü seçilmiş, 1976-cı ildə əmək veteranı olmuşdur.

 Ənvər Yusifoğlu 1989-cu il martın 4-də Bakıda vəfat etmişdir.

O, "Gənclik illərinə  səyahət" (“Hamballar") povestinin, "Düşmənimin düşməni" və "Cərrahlar" romanlarının, "Göyərçin qanadları" hekayələr kitabının, 

"Maral Rəhmanzadə" monoqrafiyasının,

"Vətəndaş", "Veysəl və dostları", "Məzəli adam", "Gecə qardaşları" kimi yaddaqalan hekayələrin, və başqa hekayə kitablarının müəllifidir.  

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

İnsan varlığı ilə kainatın ən böyük suallarına cavab axtaran, duyğularıyla zəngin, düşüncələrilə sərhədsiz bir yolçudur. Yaşam, ölüm, duyğular, fəlsəfə və psixologiya – bunlar insanın özü ilə dünyanı dərk etməyə çalışdığı anlayışlardır. Hər biri bir tapmaca kimi qarşımızda durur və birlikdə varlığın mənasını axtarmağa yardım edir.

 

Yaşamın mənası

 

Yaşam - bəlkə də insanın öz içində yaratdığı mənadır. Bəzən sevginin istiliyində, yaradıcılığın sərhədsizliyində, ya da bir uşağın təbəssümündə tapılar. İnsan həyatı boyunca sual verir: "Niyə buradayam? Nə üçün yaşayıram?" Bəlkə də yaşamın özü cavabdır – onu dolğun, sevgi ilə və anlam axtarışıyla yaşamaq. İnsan yaşamda məqsədini tapdıqca öz varlığını anlamağa bir addım daha yaxınlaşır.

 

Ölümün mənası

 

Ölüm - həyatın tamamlayıcısı, onun sərhədidir. Həyatı müvəqqəti edən, anların dəyərini artıran qaçınılmaz həqiqətdir. Ölüm olmasaydı, yaşamın özü nə qədər dərin və mənalı olardı? Ölüm həm qorxu, həm də bir azadlıq hissi yaradır – çünki o, hər şeyin bir sonunun olduğunu xatırladır və insanı dəyərli olanlara yönəldir. Ölüm, bəlkə də həyatın başqa bir mərhələyə keçidi, ya da onu tamamlanmağıdır.

 

Duyğular

 

Duyğular - insanın həyatla olan bağını formalaşdıran ən güclü ünsürlərdir. Sevgi, kədər, qəzəb, sevinc – hər biri insanın kim olduğunu və dünyaya necə bağlandığını formalaşdırır. Duyğular bəzən insanı idarə edir, bəzən isə ona ilham verir. Psixologiya göstərir ki, duyğular sadəcə kimyəvi reaksiyalar deyil, insanın yaşadıqlarına və düşündüklərinə verdiyi cavablardır. Onlar bizi canlı edir, həyatımıza rəng qatır.

 

Fəlsəfə

 

Fəlsəfə - insanın yaşadığı bu həyatın mənasını sorğulamaq, həqiqəti və varlığı anlamaq cəhdidir. "Nə üçün varıq?" sualına müxtəlif yanaşmalar təqdim edir. Bəzi fəlsəfi fikirlərdə həyat sadəcə bir təsadüf, bəzilərində isə daha böyük bir planın bir hissəsi kimi görünür. Fəlsəfə insana sərhədsiz düşünmə azadlığı verir – yaşamı, ölümü, mənanı və həqiqəti daim sorğulamağı öyrədir.

 

Psixologiya

 

Psixologiya - insanın daxili dünyasına işıq salır, duyğularının, düşüncələrinin və davranışlarının dərinliyini öyrənir. Psixologiya bizə göstərir ki, insanın keçmişi, travmaları və arzuları onun yaşama və ölümə necə baxdığını formalaşdırır. Daxili dünyamızı anlamaqla yaşamı və ölümü daha dərin və mənalı şəkildə qəbul edə bilərik. Psixologiya bizə insan ruhunun mürəkkəbliyini göstərir və bizi özümüzlə barışmağa dəvət edir.

 

Birlikdə mənası

 

Yaşamın mənası bəlkə də suallarda, axtarışlarda gizlidir. İnsan özü ilə, duyğularıyla, fəlsəfi sualları və psixoloji dünyası ilə harmoniya yaratmağa çalışarkən həyatın mənasını tapar. Ölüm isə bu yolun sonu deyil, bəlkə də yeni bir başlanğıcıdır. Fəlsəfə insanın ağlını, psixologiya isə ruhunu aydınladır. Hər ikisi birgə, bizə həyatın və ölümün sirrini kəşf etməyə yardım edir.

 

Bəlkə də yaşam və ölüm, mənalarını insanın onlara verdiyi dəyərlə tapır. Hər biri bir kitabın fəsilləri kimi – birinin sonu digərinin başlanğıcıdır. 

Əsas olan, bu kitabı sevgi, maraq və anlam axtarışı ilə yazmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Qış mövsümü ilə əlaqədar kişilər başlarına papaq qoyurlar, qadınlar başlarını bağlayırlar. Amma bu, sadəcə mövsümlə bağlı olmamalıdır. Çünki “papaq qeyrətimizdir, kəlağayı ismətimiz”!

 

Çəkdiyimiz məsəl bizi gözləyən möhtəşəm bir tədbirin adıdır. Tədbir barədə daha ətraflı məlimatı Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru, AYB-nin və AJB-nin üzvü Güllü Eldar Tomarlıdan alırıq:

-Sabah - 16 yanvar tarixində, saat 12:00-də Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə Xətai Rayon İcra Hakimiyyətinin mənəvi dəstəyi ilə  “Papaq qeyrətimizdir, kəlağayı ismətimiz” adlı layihə çərçivəsində Xətai Sənət Mərkəzində papaq və kəlağayılarımızın sərgisi təşkil olunacaq, sazlı, sözlü tədbir keçiriləcək.

2025- ci ildə '' Papaq qeyrətimizdi,  kəlağayı ismətimiz'' layihəsi çərçivəsində  həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda milli dəyərlərimiz olan papaq və kəlağayını geniş şəkildə təbliğ etməyi planlaşdırırıq. Bu il layihə çərçivəsində klassiklərimizin və bugünümüzün işığında yaşayıb yaradan şairlərin şeirlərindən ibarət kitab da çap olunacaq, kitabxanalara, mədəniyyət, elm və təhsil ocaqlarına, oxuculara təqdim olunacaq. Layihəmizin əsas məqsədi xalqımızın folklor yaddaşından gələn bu milli geyim nümunələrini yaşatmaq, gənc nəslə tanıtmaq və gələcək nəsillərə ötürməkdir.

Aprel ayında "Papaq və kəlağayı Festivalı'' keçirilməsinə hazırlıq gedir. Festivalda  Azərbaycanımızın bölgələrindən papaq və kəlağayı ustaları öz əl işlərini sərgiləyəcəklər.

layihə çərçivəsində silsilə tədbirlər 2025- ci ilin sonuna qədər davam edəcək.

 

Güllü xanım əvvəlki illərdəki fəaliyyətlərinə də toxunur:

-Onu da qeyd etmək yerinə düşərdi ki, 2017 - ci ildən mədəniyyətimizin, adət - ənənəmizin bir parçası  olan kəlağayımızı təbliğ edirik. 2023 -cü il noyabrın 1 - dən Naxçıvandan başlayaraq bölgələrimizdə, sonda Beynəlxalq Muğam Mərkəzində ""Sazlı, sözlü kəlağayı günləri'' layihəsini həyata keçirdik. Layihənin uğurlu olduğunu, həm də kəlağayımızın 2014- cü ildə Azərbaycan Respublikasının Birinci Vitse. prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Yuneskonun Qeyri- Maddi Mədəni İrs üzrə Peprezentativ siyahıya daxil olmasının 10 illik yubileyi münasibəti ilə 2024 - cü ildə yanvar ayından '' Kəlağayı Ev Muzeyi'' ndən başlayaraq bölgələrimizdə, Sankt- - Peterburqda, Rusiya Milli Kitabxanasında Hicranə Həsənovanın dəstəyi ilə, Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi ilə Tbilisidə M. F. Axundzadənin Ev Muzeyində, Marneulidə Tədris və İnkişaf Mərkəzində, Rustavidə Tədris və Mədəniyyət Mərkəzində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə final olaraq Suraxanıda Qurban Abbasov adına Mədəniyyət  Sarayında keçirildi. 

2024- cü ildə Elm və Təhsil Nazirliyinin, Naxçıvan Təhsil Nazirliyinin dəstəyi ilə ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində layihə çərçivəsində tədbirlər keçirildi.

Aprelin 29- da Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən ''İlk Kəlağayı Festivalı'' dövlət səviyyəsində kəlağayıya həsr olunmuş ilk festival idi. Kəlağayıdan bəhs edən “Anam- kəlağaydı, kəlağay- anam''  kitabı kəlağayımızın UNESCO-ya daxil olmasının 10 illik yubileyinə töhfə oldu və ilboyu təbliğ olundu, təqdim olundu.

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022, 2023, 2024 illərdə kəlağayı haqqında layihələrimiz kiçik qrant müsabiqəsinin qalibi elan oldu. Layihələrimiz uğurla həyata keçirdik. 2025- ci ildə isə kəlağayıdan papağa keçirik. 

 

Uğurlar olsun dəyərli layihənizə! 

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

Çərşənbə axşamı, 14 Yanvar 2025 18:49

POETİK QİRAƏTdə Əlizadə Nuri “Yorğunluq” şeiri ilə

 

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir.

 

Yuxumda yatan çiçək,

Öpüb, oyatdım səni.

...Ölüm, məni bağışla

Bir az yubatdım səni.

-deyir şair. 

Düzdürmü, gözəldir?!

Xoş mütaliələr!

 

Yorğunluq

 

Allah göydə deyilsə,

O göy kimin göyüdü?

Harda yetim dərd qalıb

Verin mənə böyüdüm...

 

Gülə güllə atdılar,

Dik tutmuşdu başını.

Bu yağışdı, yoxsa ki

Göy üzündə vurulmuş

Quşların göz yaşıdı?!

 

Dünyadı da,  sevdiyim, 

Rəngli işıqlar kimi.

Yanırıq- sönürük biz.

Bir dəfə doğuluruq

Min dəfə ölürük biz.

 

Hər yanımı qan tutub-

Mən də belə adayam.

Get, o bayquşdan soruş,

Hansı xarabadayam?

 

Yuxumda yatan çiçək,

Öpüb, oyatdım səni.

...Ölüm, məni bağışla

Bir az yubatdım səni.

 

Qəmlə oynayıram mən,

Bəs hanı tay-tuşlarım?

Bu gün süfrə açmışam:-

Çağırın ac quşları...

 

...Ölü balıqlar düşür,

Atdığım hər qırmağa.

Çox soyuqdu... gedirəm

Allaha sarılmağa..

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2025)

Çərşənbə axşamı, 14 Yanvar 2025 14:57

Fazil Mustafa növbəti vətəndaş qəbulu keçirib

 

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Sabunçu l seçki dairəsi ərazisində yaşayan seçicilər, eləcə də digər rayonlardan gələn vətəndaşlar üçün növbəti qəbul keçirib.

“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, Bakıxanov qəsəbəsində  keçirilən qəbula gələnləri dinləyən Millət vəkili, onların narahat olduqları məsələlərlə yaxından tanış olub. 

Vətəndaşların səsləndirdiyi müraciətlər başlıca olaraq, məşğulluq, sosial müdafiə, məhkəmə qərarlarının icrası, səhiyyə, vergi borcları, bank-kredit, əfv və digər məsələlərlə bağlı olub.

Qaldırılan məsələlərin Millət vəkilinin yetkilərinə aid olan hissəsi operativ qaydada həll edilib; bəzi məsələlərlə bağlı zəruri izahatlar verilib; qanunvericiliyə uyğun olan digər müraciətlərlə bağlı isə yerli və mərkəzi icra hakimiyyəti orqanlarına aidiyyatı üzrə müraciət ediləcəyi qəbul iştirakçılarının diqqətinə çatdırlıb.

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2025)

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı əsasında hazırlanan eyniadlı tamaşanın premyerası hazırlanır, məşq prosesləri gedir. Quruluşçu rejissor Bəhram Osmanovun yaratdığı bu əsər fevralda tamaşaçılara təqdim olunacaq. 

 

Həmçinin teatrda Xalq yazıçısı Elçinin “Baş” romanının motivləri əsasında Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluş verdiyi səhnə əsərinin məşqləri yaxın müddətdə başlayacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı AzərTAC-a bunkarı bildirib: 

-2024-cü il teatrın tarixində parlaq bir səhifə olaraq yadda qalıb. Həm ölkə daxilində, həm də beynəlxalq arenada keçirilən tədbir və layihələr teatrın nüfuzunu daha da artırdı. Sənət məbədinin yaradıcı kollektivi bu il də teatrsevərlərə unudulmaz tamaşalar bəxş edib. 

Gəlin, teatrın ötənilki uğurlarına qısa nəzər salaq.

 

Bölgələrdə sənət işığı

 

Akademik Milli Dram Teatrının regionlara təşkil etdiyi qastrol səfərləri böyük maraqla qarşılandı. Bu səfərlər zamanı klassik və müasir tamaşalar müxtəlif bölgələrin sakinlərinə təqdim olunub. “Manqurt” tamaşası Lənkəran, Gəncə və Mingəçevirdə nümayiş etdirilərək tamaşaçıların böyük alqışlarını qazanıb. “Xanuma” tamaşası qədim Şəkidə, “Bir, iki, bizimki” tamaşası isə Lənkəranda teatrsevərləri sevindirib. “Şükriyyə” Gəncədə, “Cəhənnəm sakinləri” Şəkidə, “Küknarlara məktub” isə yenidən Lənkəranda səhnəyə qoyulub. Bu zəngin mədəniyyət axını “Bölgə Teatrlarının Bakı Premyerası” adlı yeni layihə ilə daha da rənglənib, bölgələrdəki teatrların yaradıcılığı paytaxt tamaşaçılarının diqqətinə təqdim olunub.

 

Beynəlxalq səhnədə Azərbaycan teatrı

 

Teatr yalnız ölkə daxilində deyil, dünya səhnəsində də öz sözünü deyib. Sankt-Peterburqda yerləşən Aleksandrinski Teatrı ilə əməkdaşlıq memorandumu imzalanaraq yeni yaradıcılıq körpüsü qurulub. Bu tarixi sənədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru vəzifəsini icra edən İlham Əsgərov və Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) direktoru Sergey Yemelyanov imza atıblar. Qazaxıstanda keçirilən MDB, Baltikyanı ölkələr və Gürcüstan Teatr Forumunda teatrımız “Sənsiz” tamaşası ilə ölkəmizi layiqincə təmsil edib. Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayevdir. Rusiya Federasiyasının Suzdal şəhərində baş tutan II Milli Teatrlar Konqresi və Birinci Yay Festivalında Azərbaycan fəxri qonaq qismində iştirak edib. Tədbir çərçivəsində müxtəlif teatr rəhbərləri ilə qarşılıqlı qastrol səfərləri, festivallarda iştirak və ustad dərslərinin təşkili ilə bağlı müzakirələr aparılıb. Ötən il teatr tarixində unudulmaz premyeralara da imza atılıb. “İblis və…” tamaşası Sankt-Peterburq Aleksandrinski Teatrında səhnəyə qoyularaq Azərbaycan teatr tarixində yeni bir mərhələ açıb.

 

Mükafatlar və fəxri təltiflər

 

Teatrın yaradıcı heyəti bu il müxtəlif mükafatlarla təltif edilərək yüksək qiymətləndirilib. Mehriban Ələkbərzadə teatr rejissorluğu sahəsində fəaliyyətinə görə Dövlət Mükafatı ilə təltif olunub. Bununla yanaşı, o, Çingiz Aytmatov adına mükafata da layiq görülüb. Prezident Sərəncamına əsasən, Xalq artisti Laləzar Mustafayeva fərdi təqaüdə, teatrın 19 üzvü isə Prezident mükafatına layiq görülüblər. Akademik Milli Dram Teatrı tərəfindən təsis edilən “Qızıl pərdə” mükafatı sənətkarlara təqdim edilib. Həmçinin ötən il Azərbaycan Tarixi Muzeyində keçirilən tədbirdə mədəniyyət xadimlərinə Heydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalları təqdim olunub. 10 Mart - Milli Teatr Günü münasibətilə keçirilən tədbir böyük təntənə ilə yadda qalıb. Bu bayramda Akademik Milli Dram Teatrı tərəfindən təsis olunan Milli Teatr Mükafatı öz sahiblərinə təqdim edilib.

 

Bir sözlə ötən il Akademik Milli Dram Teatrı üçün yalnız zəngin yaradıcılıq ili deyil, həm də yeni zirvələrə aparan uğur dolu bir dövr olub.

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2025)

 

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mən qadınam” adlı tammetrajlı bədii film üçün ssenari müsabiqəsi elan edib. Müsabiqəyə qatılmaq istəyənlər, lakin ssenari yazılışı texnikasına bələd olmayanlar "Ssenaristin əlifbası" ibtidai intensiv təlimə qoşula bilərlər.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə İttifaq məlumat yayıb. Məlumatda bildirilir ki, təlimin mentoru, rejissor və prodüser Oleq Səfərəliyevdir.

Təlim, yanvarın 18, 19, 25 və 26-da AKİ-nin Bülbül prospekti 30 ünvanında yerləşən ofisində keçiriləcək.

İştirak etmək istəyənlər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanına "Ssenaristin əlifbası" başlığı altında müraciət edə bilərlər.

Təlimdə iştirak ödənişsizdir.

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2025)

 

Cahangir NAMAZOV, “Ədəbiyyat və İncəsənət” portalının Özbəkistan təmsilçisi.

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə “Türk dünyasının mədəniyyət xadimlərini Azərbaycanda tanıdaq” layihəsi təqdim edilir.

Həmsöhbətimiz —tanınmış özbək yazıçısı, Özbəkistan Yazıçılar Birliyinin üzvü, “Özbəkistan Respublikasının müstəqilliyinin 25 illik yubileyi” medalı, "Möhtərəm qadın" döş nişanı sahibi, ondan çox nəsr əsərinin müəllifi Labər RUSTAMOVADIR. 

 

 — Yaradıcı fəaliyyətə marağınız nə zaman başladı və bu yolda sizi ruhlandıran amillər nə idi?

 

—Məktəb dərslərində şeirlər və monoloqları əzbərləyib, səhnədə təqdim etməyi çox sevirdim. Onlar ruhumda sirli və heyranedicı bir qüvvə oyadırdılar. Nəticədə oxuduğum və əzbərlədiyim əsərlərdəki hadisələr, hətta onların müəllifləri – şair və yazıçılar mənim üçün sanki arzu edilməsi mümkün olmayan zirvələr kimi görünürdü. Bundan sonra ürəyimdə bir arzu yarandı: "Mən də bu böyük ustadlar kimi yaza bilərəmmi?"

Atam kimya fənnindən dərs deyirdi və mənim ilk müəllimim də məhz odur. 

O bizi: "Kitaba cızma, vərəqlərini qatlama, oxu və qiymətləndir” deyə öyrədirdi. Ailəmizdəki dörd qız da atamızın yolunu izləyib, müəllimlik peşəsini seçdik. Məktəbi qızıl medalla, ali məktəbi isə imtiyazlı diplomla bitirdim. 

Yaxınlarım, dostlarım və müəllimlərimin etirafları mənə daim güc və ruh verir.

Bir sözümə atam mənə yazı maşını almışdı.

Rayon, vilayət və respublika qəzetlərində yazılarım çap edilməyə başlayanda, sevincimdən sanki göylərdə uçurmuşam kimi hiss edərdim özümü. O vaxtlar poçt xidməti yaxşı işləyirdi. Yazdıqlarımı əl yazması halında konvertə salıb göndərsəm, vaxtında çatırdı.

 

 — Əsərlərinizdə əsasən hansı mövzuları əhatə edirsiniz?

 

—Mən daha çox insanlıq, mərhəmət, yaxşılıq və mənəviyyat kimi yüksək dəyərlər haqqında yazıram. Həmçinin, din və əxlaq, əsl insan olmaq, həyat və zamanın qiymətini anlamaq kimi mövzular da ürəyimə yaxındır. 

Yaradıcı fəaliyyət vasitəsilə bu mənəvi anlayışları insanlara çatdırmağı öz vəzifəmdən hesab edirəm. Belə yüksək mövzularda yazmaq ruhu ilhamlandırır, həyatı isə məna ilə doldurur.

 

 — Yeni əsərlər yazarkən sizin üçün hansı mərhələ ən vacibdir? 

 

—Ən önəmlisi ideyanın yaranması və onu necə təqdim etmək, hadisəni necə inkişaf etdirmək və nəticəni necə başa çatdırmaqdır. Bu proseslərdə hər addımı düşünərək, planlaşdıraraq və hər tərəfdən hazırlıqlı olmaq vacibdir. Buna görə də mən çox vaxtımı ideya üzərində düşünməyə, onun ən optimal şəkildə ifadə olunmasını təmin etməyə sərf edirəm. Çünki hər bir yaradıcı əsər mükəmməlliyə can atan ağıllı və ürəkdən edilən əməyin nəticəsidir.

 

—Müəllim-şagird münasibətləri haqqında fikirləriniz...

 

—Şansım o oldu ki, orta məktəbdə də, ali məktəbdə də və iş həyatımda da həmişə yaxşı müəllimlər yanımda oldular. Bir çoxları həyatdan köçdülər, onları yaxşı xatirələrlə xatırlayıram. Həyatda müəllimlərimlə ən azı bir zəng edib hal-əhval tuturam.

Müəllim-şagird münasibətləri maddiyyata əsaslanmamalıdır.  Həqiqətən səmimi olan, lazım gələndə dəstək verə bilən və çatışmazlıqlarını izah edib yol göstərə bilən müəllim olmalıdır əsl müəllim! Mən də bir neçə şagirdimdən «müəllim» kimi tanınmaq eşidirəm və bundan çox məmnun oluram. 

Lakin bəzən yardıma gəlib sonra tanımayan şagirdlər də olur. Bu münasibətə əsasən, müəllim-şagird əlaqələri həqiqi hörmət və səmimiyyət üzərində qurulmalı, hər bir şagirdin yaradıcı inkişafı dəstəklənməlidir, onların çatışmazlıqlarını kömək yolu ilə düzgün istiqamətə yönəltmək lazımdır.

 

 —Ədəbiyyatın cəmiyyətdəki yeri haqqında nə düşünürsünüz?

 

—Özbəkistan xalq yazıçısı, söz ustası, Abdulla Qahharin belə bir sözü var: «Ədəbiyyat — atomdan güclüdür...»

Həqiqətən də ədəbiyyatın cəmiyyətdəki yeri çox böyükdür. İnsan özlüyünə çata bilmək, kamilliyə və mənəviyyata nail olmaq üçün əlbəttə ki, ən vacib tərbiyə vasitəsi olan ədəbiyyat lazımdır, kitab lazımdır.

Ədəbiyyat sayəsində dünya daha da gözəldir. Ədəbiyyat, öz növbəsində, insanların ruhunu ucaldır, onları həqiqi dəyərlərə çatdırmağa yönəldir.

Beləliklə, ədəbiyyat yalnız dilin deyil, həm də ürəyin güclü qüvvəsidir.

 

—Əsərlərinizin bir çox xarici nəşrlərdə çap edilməsi, yaradıcı fəaliyyətinizə necə təsir etdi?

 

-Ailəm, övladlarım — həyatımın mənası, xoşbəxtliyim olduğu kimi, yaradıcı fəaliyyətim də məni irəliləməyə, təslim olmamağa səsləyən və həmişə çağıran "İŞIQLI NUR!"dur. Bir vaxtlar dünya şairlərinin əsərlərini oxuduğumda mənim də əsərlərimin xarici nəşrlərdə çap olunmasını istərdim...

Bu gün isə, ucqar bir kənddə yaşayaraq yaradıcı fəaliyyət göstərən birinin yazdığı əsərlərin xarici nəşriyyatlarda çap edilib, dünya üzünü gördüyünü görərək, arzularımın həyata keçdiyini hiss edirəm.

Bu isə mənə daha çox ruh verir, daha çox, daha yaxşı axtarışlar etməyə, yaradıcı işlər görməyə təşviq edir.

 

—Azərbaycan ədəbiyyatından kimləri oxumusunuz?

 

—Azərbaycan ədəbiyyatına marağım və sevgim böyük mütəfəkkir Nizami Gəncəvinin şah əsərlərini oxumaqla başladı.

Bu böyük mütəfəkkirin yaradıcı fəaliyyəti mənim üçün Azərbaycan ədəbiyyatına geniş yol açdı desəm, yanılmaram. Onun əsərləri vasitəsilə ədəbiyyatın son dərəcə böyük qüdrətini, insan ruhunu yaxşılığa və həqiqətə yönəldən ilahi qüvvəsini hiss etdim.

Sonra Səməd Vurğunun duyğusal şeirləri və Mirzə Fətəli Axundovun dram əsərləri ilə tanış oldum və Azərbaycan ədəbiyyatının sosial-siyasi və insanpərvərlik dəyərlərini daha dərindən anladım.

Bəxtiyar Vahabzadənin Vətənə və sevgiə həsr edilmiş şeirləri, Anarın müasir qəhrəmanlıq ruhunu əks etdirən əsərləri və Nəbi Xəzrinin ürəklərə nur bəxş edən yaradıcılığı mənim üçün xüsusi əhəmiyyət kəsb etdi. Azərbaycan ədəbiyyatı — dünya mədəniyyətində özünə xüsusi yer tutan, insanlığın mənəviyyatının ən yüksək tərəflərini əks etdirən ədəbiyyatdır.

Onun hər bir səhifəsi bizə həyat həqiqətləri və sonsuz ilham mənbəyini çatdırır.

 

 —Yaradıcı yolunuzda qarşılaşdığınız ən böyük çətinliklər nə oldu və onları necə dəf etdiniz?

 

—Ən böyük çətinlik — vaxt, imkan və şərait məsələsidir.

Əslində, gündəlik həyatın çətinlikləri və şəxsi məsuliyyətlər çox vaxt qadını yaradıcı fəaliyyətlərdən uzaqlaşdırır. Lakin, ona müəyyən vaxt və uyğun şərait yaradıldıqda, qadının ürəyindən çıxan duyğular və fikirlər özünəməxsus və təbii şəkildə, yaxşı yazılır.

 

—Yaradıcı həyat və şəxsi həyat arasında necə bir balans saxlanmalıdır?

 

—Şəxsi həyat və yazdıqlarının arasında ziddiyyət, yəni insanlıq haqqında yazıb, özünün praktik həyatında insanlıqdan uzaq olmaq yaradıcı insan üçün ən böyük səhv və ağrıdır. Yaradıcı insanın həqiqi mənada yaradıcı həyatı yazdıqlarına uyğun olmalı, onun qəlbinin həqiqi hissləri, arzu və istəkləri əks etdirilməlidir. Hansı vəziyyətdə olursa-olsun, yaradıcı insan müvazinətli, səmimi və yaxşı əxlaq sahibi olmalıdır. Bu əxlaq onun yazdıqlarında aydın şəkildə görünməli və yaradıcılığına dərin mənalar verməlidir.

Əgər yaradıcı insan özünə xas insanlıq və ədalətdən məhrum olarsa, onda onun yaradıcılığı həqiqi insanı tərənnüm etməyə qadir olmaz.

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.