
Super User
Sumqayıtda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram şənliyi keçirilib
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”
Martın 8-i dünyanın hər yerində olduğu kimi, respublikamızda da Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir. Bir az tarixə baş vursaq, bu günün mənşəyini müəyyənləşdirə bilərik.
Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi rəsmiləşdirilməsinə nail olub.
Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib və sonralar ənənə halını alıb.
O vaxtdan bütün ölkələrdə qadınlar 8 Martı sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub.
Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.
Sumqayıt şəhərində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə bayram tədbirində əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndirildi.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları ürəkdən təbrik etdi, onların cəmiyyətimizdəki misilsiz rolunu yüksək qiymətləndirdi.
Şəhər rəhbəri çıxışında vurğuladı ki, Azərbaycan qadını tarix boyunca öz zəngin mənəvi dünyası, müdrikliyi, fədakarlığı və qətiyyəti ilə yalnız ailədə deyil, həm də ictimai həyatın bütün sahələrində mühüm mövqe tutmuşdur. Onlar milli dəyərlərimizi qoruyub saxlamaqla yanaşı, elm, mədəniyyət, incəsənət, iqtisadiyyat və siyasət sahələrində də öz sözlərini demiş, ölkəmizin inkişafına mühüm töhfələr vermişlər.
Respublikamızda dövlət-qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmışdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmış, onların hərtərəfli fəaliyyətinə geniş meydan vermiş, lider qadınlar yetişdirmişdi. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradılmış, onların bilik və bacarıqlarını reallaşdırması üçün əlverişli şərait təmin olunmuşdur. Dövlətimizin sosial, iqtisadi, siyasi və mədəni inkişafı Azərbaycan qadınının cəmiyyətdə daha fəal rol oynamasına, onların liderlik keyfiyyətlərini ön plana çıxarmasına zəmin yaratmışdır.
Tədbirdə həmçinin qeyd olundu ki, Sumqayıtın sosial-iqtisadi inkişafında, elmi və mədəni həyatında qadınların əvəzsiz xidmətləri var. Onlar təkcə ailə dəyərlərinin qoruyucusu kimi deyil, eyni zamanda, innovasiya və tərəqqiyə töhfə verən fəal vətəndaşlar kimi də mühüm rol oynayırlar. Sumqayıt şəhərində qadınlar ictimai-siyasi, iqtisadi və sosial həyatın bütün sahələrində öz bacarıqlarını nümayiş etdirir, yeni nailiyyətlər qazanaraq şəhərin inkişafına layiqli töhfələr verirlər.
Daha sonra Zakir Fərəcov cəmiyyətin müxtəlif sahələrində yüksək nailiyyətlər qazanan, şəhərin inkişafına töhfə verən bir qrup qadına fəxri fərmanlar təqdim etdi.
Rəsmi hissədən sonra tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı oldu.
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)
“Mən tanrının doğulmamış sonbeşik qızıyam…” – PƏRİSA TƏQİZADƏ
Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi
Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Pərisa Təqizadənin şeirlərini təqdim edəcək.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir.
I.
Darıxır xiyabanlar
Küçələr
Pəncərələr,
Əsarətin zəncirini qırmağa
Yerikləyirlər gülləyə
Baramanı tərk edən kəpənəklər.
Yarır Ərkin bağrını dilsiz etirazlar
Baltalanırlar birbəbir çinarlar,
Artıq zeytun dalları kökdən qurusun
Mən güllərə darıxmışam
Güllələrsə ürəyimə
Gəl qanımı sovur azadlıq
Canım gicişir adın gələndə
Damarlarımda al qanım darıxır.
II.
Bu şəhər bu qədər qaranlıq deyildi
Qar yağardı zalımın xiyabanlarına
Əriyib canlanardı ürəyimizdə
Novdanların taqqataq səsi
Oxuyardı sərçələri,
Yaşayırmışıq kimi
Xəyal qurub
Qol-boyun dolaşardıq
Sevgimizdən keflənmiş küçələrini
Biz uduzduq.
Bir gecə yarısı
Çıxmaz küçələrə azadlıq adı veriləndə
Bağışla ana
Uduzan balana
Ölüm yaraşar.
III.
Gicəlir otağım
Bir kölgə düşdü pəncərəyə sanki
Saat qabağının zili tək
Səsin beynimdə hələ də fırlanır.
Yoxluğun Təbrizi səssizliyə bürüyür
Təbrizin də gözləri küçələrindədir.
Aynalar əl-ələ səni yoxlayır
Sənsizlik başıma belə çırpılmamışdı.
IV.
Mən
Mirzə Cəlilin yazmadığı son məktubam.
Molla Nəsrəddin nağılında
Pəncərə həsrətində boğulan
Müsəlman qadın.
Qəm pəncərəsinin ssenari təməli.
Kefli İsgəndərin içməyə qıymadığı son bardağıyam.
Mən tanrının ətəyindən asılan yasaq almayam.
Bayraq olub göylərdə əsməyə həvəslidirsə ürəyim
Mən barış ağacının sınan beliyəm.
Mən tanrının göndərməmiş son mələyi.
İnsanların çəkə bilmədikləri həsrət yükü.
Çiçəklərin solan üzüyəm
Hər yarpağım torpaq qoxulu.
Mən tanrının doğulmamış sonbeşik qızıyam.
V.
Nə qədər yetimdir ürəyin şair,
Payız yetişəndə dərdin deşilir.
Darıxır varlığın, sıxılır canın,
Solunda sızlayan həyat eşilir.
Batır qulaqların ədalət kimi,
Kimsəni eşitmək istəmir canın.
Bir sən olursan, bir də sonsuz yağış,
Həsrətdir damarda dolaşan qanın.
Kədərli atırsan addımlarını,
Bilmirsən taleyin harasındasan?
Gəzirsən tapasan həsrətin sonun,
Oyanmaz bəxtinin çarasındasan.
Dənizsən, önündə damladır həyat,
Sığmayır yer-göyə dəli ürəyin.
Nə yatdın, nə yuxu görəsən axı –
Nə biləsən nədir arzun, diləyin?
Qasırğa, yaz, yağış, əsən küləklər,
Hər fəsil şairə güzdür, payızdır.
Dəlidən soraqlaş şairin halın,
Dəlilik şairə yaranan özdür.
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)
“Mikelancelo Buonarrotinin – 550” adlı videoçarx hazırlanıb
Görkəmli heykəltaraş, rəssam və memar, dünya mədəniyyət xəzinəsinə əvəzsiz əsərlər bəxş edən Mikelancelonun 550 illik yubileyi tamam oldu. “Yubileylər silsiləsi” layihəsi çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Mikelancelo Buonarroti – 550” adlı videoçarx hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, kitabxananın əməkdaşları Təranə Heydərovanın və Aysel Həsənovanın hazırladıqları videoçarx İtaliya heykəltaraşı, rəssamı, memarı və şairi, İntibah dövrü mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri Mikelancelo Buonarrotinin 550 illik yubileyinə həsr olunub. Videoçarxda Mikelancelonun həyatı və yaradıcılığı haqqında məlumat verilir. “Heykəllər”,“Rəsm əsərləri”, “Memarlıq” bölmələrində Mikelancelonun bir sıra əsərləri nümayiş olunur.
Videoçarx YouTube kanalında aşağıdakı keçiddə yerləşdirilib: https://www.youtube.com/watch?v=iqic0o_8sF0
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)
“Sağlamlıq körpəlikdən başlayır” adlı maarifləndirici təlim keçirilib
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında kəkələyən uşaqlara dəstək olmaq, onlarda özünə inamını artırmaq və sosial inkişafını təmin etmək məqsədilə “Sağlamlıq körpəlikdən başlayır” adlı maarifləndirici təlim keçirilib. Təlimdə defektoloq-loqoped Jalə Bənnayeva, psixopedaqoq Bülül Quliyeva, həmçinin kitabxana əməkdaşları, gənc analar, iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, maarifləndirici təlimdə “Oxu terapiyası”, Kəkələyən uşaqların psixikası”, “Kəkələmə xəstəlik deyil” və “Valideynlərin maarifləndirilməsi” mövzuları müzakirə edilib. Defektoloq-loqoped Jalə Bənnayeva kəkələyən uşaqlarla bağlı psixoloji dəstəyin önəmi və düzgün müalicə üsullarının tətbiqi haqqında məlumat verib. Təlimçi valideynlərin və müəllimlərin uşaqlara qarşı daha anlayışlı və səbirli olmalarını, onların emosional vəziyyətini nəzərə alaraq doğru yanaşma sərgiləmələrini vurğulayıb. Həmçinin kəkələyən uşaqların oxumağa hansı kitablardan başlamalı mövzusuna toxunulub. Qeyd edilib ki, nitqində qüsur, kecikmə və ya kəkələmə varsa hecalı kitablardan istifadə etmək məsləhətdir. Təlimdə kəkələmə problemi ilə üzləşən uşaqlar üçün individual yanaşmanın və müntəzəm məşqlərin rolu da geniş müzakirə edilib.
Psixopedaqoq Bülül Quliyeva kəkələmənin hər bir uşağa fərdi yanaşma üsulu ilə həll edilməsi gərəkdiyini, hər uşağın psixoloji vəziyyətinin və inkişaf mərhələsinin nəzərə alınmasının vacibliyini vurğulayıb.
Təlimin sonunda valideynlərə uşaqların inkişafına necə dəstək olmağı, onların emosional və sosial ehtiyaclarını necə qarşılamaları barədə praktiki məsləhətlər verilib.
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)
FİKRƏT ƏMİROV I ÜMUMRESPUBLİKA MUSİQİ FESTİVALI – “Sevil” operası nümayiş etdirilib
Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında bəstəkarın Cəfər Cabbarlının “Sevil” pyesinin motivləri əsasında yazdığı eyniadlı operanın tamaşası nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət” portalına Gəncə Dövlət Filarmoniyasından verilən məlumata görə, tamaşada Xalq artisti Azər Zeynalov(Balaş), Əməkdar artistlər İnarə Babayeva (Dilbər), Səbinə Vahabzadə (Gülüş), Əliəhməd İbrahimov (Babakişi), Tural Ağasıyev(Əbdüləli bəy), solistlər Fatimə Cəfərzadə (Sevil), Taleh Yahyayev(Atakişi), Fəhmin Əhmədli(Məmmədəli bəy), Esmira Məmmədova(Tafta), Məhəbbət Səfərov(Azançı) çıxış ediblər.
Tamaşanın dirijoru Xalq artisti Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, xoreoqraf Əməkdar incəsənət xadimi Yulana Əlikişizadə, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)
“The Jerusalem Post” Şəhriyarın “Heydərbabaya salam” poemasından iqtibas gətirib
Təbrizdə keçirilən mədəniyyət həftəsində çıxış edən İran Prezidenti Məsud Pezeşkianın ana dilində şer oxuması vacib məqam idi, çünki zalda şeiri bəyənəcək azərbaycanlılar əyləşmişdi. Eyni zamanda bu, müxtəlif mədəniyyətləri özündə birləşdirən qədim Azərbaycan şəhəri Təbrizin mədəniyyətini qeyd edən tədbirin bir hissəsi idi.
"Ədəbiyyat və incəsənət" portalı xəbər verir ki, bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyanın nüfuzlu nəşrlərindən “Jerusalem Post”da dərc olunmuş “İran prezidenti Pezeşkian mədəni zülmlə üzləşib” sərlövhəli məqaləsində yazıb.
Qeyd olunub ki, əsrlər boyu Azərbaycan xalqının paytaxtı olmuş Təbriz bu gün əhalisinin mütləq əksəriyyəti Azərbaycan Türklərindən ibarət Güney Azərbaycanın mədəniyyət paytaxtıdır. Ərazisi inzibati baxımdan İranın suverenliyi altında olmasına və fars dilinin burada sərbəst şəkildə anlaşılmasına baxmayaraq, əhalisinin əksəriyyəti öz ana dilində - azərbaycanca danışan Güney Azərbaycanın mədəniyyəti vahid Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir.
Yazıda Prezident Pezeşkianın mədəniyyət həftəsinin bağlanış mərasimində çıxışı zamanı dramatik məqamın yaşandığı diqqətə çatdırılıb. Belə ki Pezeşkian məşhur təbrizli şair, “Şəhriyar” ləqəbi ilə tanınan Məhəmmədhüseyn Behcət Təbrizinin xatirəsini onun Azərbaycan dilində qələmə aldığı “Heydərbabaya salam” poemasından bir neçə misra iqtibas etməklə anıb. Həmin an mərasimi təşkil edən rəsmilərdən biri dövlət başçısının çıxışını kəsərək ona şeiri Azərbaycan dilində deməmək barədə xəbərdarlıq edib. Pezeşkianın gülümsəyərək “Türkcə iki misra şeir oxumaqda problem yoxdur” cavabı tamaşaçıların alqışına səbəb olub. İsrailli professor yazısında İran prezidentinin söylədiyi misranı olduğu kimi - Azərbaycan dilində tərcüməsi ilə əks etdirib.
Məqalədə tədbirin vaxtilə Təbrizə səfəri zamanı ona qoşulmuş tamaşaçılarla birlikdə Azərbaycan dilində şeirlər oxumuş İranın keçmiş prezidenti Mahmud Əhmədinecadın səfərini xatırlatdığına da diqqət çəkilib. Müəllif İranda Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirdə Prezidentə müdaxilə edilməyəcəyi halda tədbirin diqqətdən kənarda qala biləcəyini də kinayə ilə vurğulayıb.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.jpost.com/opinion/article-844092
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)
Bakı - Ankara: kəsafətləri yara-yara irəli!
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə yeni səfəri təkcə diplomatik görüşlər və protokol tədbirləri deyil, eyni zamanda, iki qardaş ölkənin keçdiyi tarixi yolu, bu gün əldə olunan uğurları və gələcək hədəfləri ehtiva edən ismarıclarla zəngindir.
Azərbaycan-Türkiyə bağları dövlətlərarası işbirliyi çərçivəsinə sığmayan, genetik bağlarla, ortaq talelərə və ülkülərə əsaslanan bir modeldir. Bu modelin formalaşması isə yüzilliklərin süzgəcindən keçib və XXI yüzildə özünün ən yüksək inkişaf mərhələsinə çatıb.
Bəli, Azərbaycan - Türkiyə bağları diplomatik müttəfiqliklə məhdudlaşmır – bu bağlar tarixdə dəfələrlə qardaş dayanışmasının örnəyini göstərib. Çar hökumətinin təqiblərinə baxmayaraq, Çanaqqalada yadellilərə qarşı savaşan azərbaycanlıların xatirəsi qardaş ölkədə həmişə uca tutulur. 1918-ci ildə Nuru Paşanın komandanlıq etdiyi Qafqaz Türk-İslam Ordusu Bakı şəhərini azad edərək, Azərbaycanın istiqlal yoluna çox önəmli imza atdı. 1990-cı illərin çətin günlərində Türkiyə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət oldu və ondan sonra iki ölkə eyni cəbhədə daha güvənlə addımladı.
2020-ci ildə - Vətən müharibəsi zamanı Türkiyənin mənəvi və siyasi dəstəyi birmənalı və qəti oldu. Bu dəstək, Ermənistanın arxalandığı bütün qüvvələrdən daha təsirli olmaqla, Azərbaycanın tarixi ədaləti bərpa etməsinə çox önəmli töhfə verdi.
Türkiyədə mədən çöküncə, irimiqyaslı orman yanğınları törədilincə, görünməmiş miqyasda zəlzələ baş verincə ilk yardım uçağı əlbəttə, Bakıdan qalxdı. Tanrıya çox şükür, əslində, qardaşlığın parlaq örnəkləri o qədər çoxdur, onları bəlkə heç sıralamaq da lazım deyil. Yalnız “Şuşa Bəyannaməsi” kimi gerçəkçi və dərin ruhlu, üfüqötəli bir sənədi xatırlasaq, qardaşlıq zirvəsini göstərmiş olarıq.
Bu gün biz strateji tərəfdaşlıqdan ayrılmaz birlik modelinə keçidə tanıq oluruq.
İlham Əliyevin Ankara səfəri Azərbaycan-Türkiyə bağlarının hansı yüksək səviyyəyə çatdığını bir daha sübut edir. Bu səfər çərçivəsində gerçəkləşən görüşlər, İğdır-Naxçıvan qaz kəmərinin açılışı Azərbaycan ilə Türkiyənin artıq bir-birinə iqtisadi, enerji, müdafiə, daşımaçılıq və digər sahələrdə tam bağlı iki dövlət olduğunu göstərdi. Bu, sadəcə diplomatiya deyil, ortaq taleyin təcəssümüdür. Naxçıvanın Türkiyə ilə enerji bağlantısının qurulması, həmçinin Zəngəzur dəhlizi ilə bağlı gözləntilər, iki ölkənin vahid coğrafi və iqtisadi məkana çevrilməsi yolunda fövqəladə önəmli addımlardır.
Ankara görüşü həm də siyasi birliyin və uluslararası platformalarda birgə çalışmaların təsdiqi, təntənəsidir. Hər iki ölkənin lideri bölgəsəl sabitlik və inkişafın Azərbaycan-Türkiyə qardaşlığından keçdiyini aydın şəkildə vurğulamış oldu. İftar süfrəsində bir araya gələn dövlət başçılarının siyasi dialoqunun ailəvi, səmimi müstəvidə davam etməsi, bu münasibətlərin protokol çərçivəsində qalmadığını və dövlətlərarası münasibətlər üçün yeni model formalaşdırdığını göstərir.
Beləliklə,
gələcək öz-özünə formalaşmır. Onu doğuran və yönləndirən hadisələr - sarsılmaz qardaşlıq və birlik zehniyyəti vardır!
Dünya dərin geosiyasi transformasiyalar dönəminə keçib. Yeni güc dəngələri formalaşır və Azərbaycan-Türkiyə birliyi də bu sürəcin içində aktiv rol oynayır. Həm ortaq evimiz Türk Dövlətləri Təşkilatında, həm də bölgəsəl və uluslararası müstəvilərdə bu birliyin möhkəmlənməsi, iki ölkənin gələcəkdə daha geniş strateji hədəflərə odaqlanacağını göstərir. Artıq Türkiyə və Azərbaycan təkcə bölgədə deyil, qlobal miqyasda da geosiyasi oyunçulara çevrilməkdədir.
Türk dünyasının inteqrasiyası, enerji və daşımaçılıq layihələrinin gücləndirilməsi, hərbi-sənaye kompleksində işbirliyinin artırılması kimi istiqamətlər gələcəyin əsas sütunlarını təşkil edəcək. Qarşıdakı dönəmdə Azərbaycan və Türkiyə öz inteqrasiyasını daha da dərinləşdirərək, dünya düzənində birgə güc mərkəzi olmağa gerçək namizəddir.
Bu səfər, bir daha sübut etdi ki, Azərbaycan və Türkiyə yalnız müttəfiq olmaqda qalmayıb, eyni ruhun, eyni taleyin və eyni hədəfin daşıyıcıları kimi, böyük gələcək üçün irəliləyir. Keçmişimizin zəfəri, indinin gücü və gələcəyimizin strateji baxışı bu birliyin bəngülüyünə zəmanət verir.
QARDAŞLIĞIMIZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)
“Universitet hekayələri" silsiləsindən hekayələr: “Ata ürəyi” - Alpay Azər
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün və sabah sizlərə Alpay Azərin hekayələri təqdim ediləcək.
Müəllim dekanın kabinetində ona dedi ki, dördüncü kursda, 422a qrupunda oxuyan qohumu Cəlilov Qurban marketdə satıcı işləyir, dərslərə heç cürə gələ bilmir, nə qədər lazımdı, "hörmətini" etməyə hazırdı, mümkünsə, müəllimlərə tapşırardız, bu semestr dərslərdə ona qayıb yazmasınlar. Dekan "Hansı marketdə işləyir?", "Sənə necə qohum düşür?" suallarını verə-verə, arada beynində hesablama aparıb bunun yeddi yüz manata başa gələcəyini dedi. "Etiraz eləmirsizsə, elə indi zəng eliyim qohuma, - müəllim dedi. - "Amma demə ki, burda yanımdasan, - dekan təşvişlə dilləndi. Müəllim: "Hə, əlbəttə", - deyib qohumunun nömrəsini yığdı: "Alo, salam... Hə, mənəm. Qulaq as, mən bir az qabaq onun yanındaydım, sənin məsələni danışdım. Yeddi yüzdü qiyməti... Dollar yox, manat... Aşağı saldırmaq deyəndə, mənə axı demişdin, nə qədər lazımdı, verməyə hazırsan... Oldu, amma tez zəng elə, mənə konkret cavab de. Sənə görə maksimum ikinci dəfə onun yanına girə bilərəm... Özünə yox, köməkçisinə verəssən. Oldu", - telefonu qapadıb dekana "İndilərdə zəng edəcək" - dedi.
Dekanın sifəti soldu, ona elə gəldi, tələbə zəng edib qiyməti yüz manat endirməkdən dəm vuracaq. Qabaqdangəlmişlik taktikasına keçdi: "Nəzərə al ki, dediyim o pul tək mənə çatmır ha", - ad çəkməsə də, bu prosesdə rektorun da hesabını verəcəyinə işarə vurdu. "Başa düşdüm, amma gözləyək, görək nə deyir. Bəlkə razılaşacaq o qiymətə?!" - müəllim ümidli baxışlarla dedi. Sonra dekan iki-üç sual verdi, "Dərslərin necə gedir?", "Seçmə fənnin proqramını yazmısan?" Biləndə ki, müəllim hələ proqramı yazmayıb onu tələsdirdi: "Elə et ki, gələn ay fakültə elmi şurasına müzakirəyə..."
Bu vaxt müəllimin mobil telefonuna zəng gəldi. "Hə, eşidirəm... Nə? Beş yüz? Qurban, barmağına dolamısan məni?" - "Ss, yavaş", - dekan müəllimə gözünü ağardıb dilləndi, yəni yan otaqda laborant qızlar eşidə bilər, otağın qapısı isə bağlıydı. Dekanın sifətindəki narazılığı görən müəllim anladı ki, sövdələşmə alınmayacaq, qohumunun qiymət salmağı onu əsəbiləşdirmişdi: "Ay Qurban, dəqiq bilirəm, o rəqəmə razı olmayacaq... İndi də altı yüz deyirsən. Bunu bayaqdan demək lazımıydı, oyun oynuyursan? Hə, bir şeyi deyim, Allaha and olsun, bu işdə bir manat belə marağım yoxdu ha... Birdən elə bilərsən mən arada nəsə qazanıram, elə şey yoxdu". Dekan yenə ona gözünü ağartdı. Ürəyində özünü söyən müəllim ("Qələt eliyərəm, bir də belə işə baş qoşaram".) söhbətə yekun vurmaq qərarına gəldi: "...Yaxşı, bir də yanına gedərəm, görüm nə deyəcək. Oldu, sən sabah on birin yarısı gələrsən universitetə, üçüncü mərtəbədə görüşüb danışarıq". Dekan başını bulayıb narazı tonda dedi: "Yox, altı yüz azdı. Dedim axı, məsələ tək mənlik deyil". Sonda altı yüz əlli manata razılaşdı.
Ertəsi gün səhər saat on birin yarısı müəllim Qurbanla danışdıqları yerdə görüşdülər. Müəllimin ağzından "Altı yüz əllidən aşağı enmədi" cümləsi çıxan kimi, tələbə sevincək əlini cibinə saldı. Müəllim tez pıçıltıyla dedi: "Dünən sənə telefonda dedim, mənə yox, köməkçisinə aparıb verəcəksən. Yenə deyirəm, Allaha and olsun, o puldan bir qəpik qazancım yoxdu, məqsədim qohum kimi sənə kömək etməkdi. Yaxşı, sən hardan bildin ki, dekan əlli manat aşağı düşdü? Yoxsa, mənnən xəbərsiz onunla danışmısan?" - "Yox vallah, o barədə burda sizdən başqa heç kimlə danışmamışam. Nəsə ürəyimə damdı ki, əlli düşəcək", - deyib tələbə güldü.
İki gün sonra axşamüstü dekan müəllimə zəng edib yanına çağırdı, aldığı puldan əllilik vermək istəyəndə, qol itələşməsi başladı. Müəllim pulu götürmədən onun otağından tələsik çıxdı.
Həmin gün dekan nahar vaxtı universitetdən çıxıb yaxınlıqdakı banka dəydi, manatları altı yüz avroya dəyişdi. Onda manat avrodan, dollardan güclüydü. Sonra xaricə pulköçürmə şöbəsində növbə tutmaqçün elektron cihazdan nömrə götürdü.
Evdə axşam yeməyindən, çaydan sonra, dekan skaypla Azad Berlin Universitetinin hüquq fakültəsinin dördüncü kursunda oxuyan oğluyla danışırdı: "...Ay bala, mübahisə eləmə, deyilənə qulaq as. Yenə deyirəm, magistraturada mülki hüququ seçərsən. Başa düş, qayıtmağa qərar versən, gəlib burda beynəlxalq hüquq üzrə iş tapa bilməyəssən. İndi dövlət orqanlarında güclü ixtisarlar gedir, həmin o beynəlxalq hüquq diplomu alanların çoxu, ya çöldə qalıblar, ya da Azərseldə operator işliyirlər. Amma sən mülki hüquq üzrə magistr diplomu alsan, dövlət qulluğuna imtahanı yaxşı verərsən, məhkəmədə iş taparsan, inşallah. O variant alınmasa, hüquq şirkətlərindən birində vəkil kimi işləyə bilərsən. Savadlı vəkillər indi yaxşı pul qazanır, biləsən bunu. Ən pis halda notariusda sənə bir iş tapılar. Bura qayıtmıyassan?.. Bəs axı elə bil keçən dəfə başqa söz deyirdin? Nə isə, bu söhbəti sonraya saxlıyaq. Səndə indi nə qədər pul var?... Yeddi yüz avro, lap yaxşı. Sənin bank kartına bu gün altı yüz avro köçürdüm, elədi min üç yüz. Bir ayçün mən bilən, bəs eliyər sənə. Gələn ayın əvvəli yenə göndərəcəm. Yeməyinə fikir ver, heç olmasa, iki gündən bir sup iç... Nooldu sənin hüquq nəzəriyyəsi imtahanın?... İndidən kəsilməkdən danışırsan. Olmadı ki. Otur, ciddi hazırlaş də... Otur hazırlaş, mübahisə eləmə..."
Xasiyyətinə bələdiydi, əminiydi yeganə övladı olan oğlu öz bildiyini edəcək, magistraturada mülki, yox, beynəlxalq hüququ seçəcək, magistr diplomunu alandan sonra, Bakıya qayıtmayacaq, orda iş tapıb başlayacaq Almaniya vətəndaşlığı üçün lazım olan sənədləri toplamağa. Alman qızıyla evlənsə, etiraz etməyəcək. Oğluna heç olmasa, Berlində bir otaq almaqçün yollar axtarırdı. Mərdəkandakı bağ evini satmağın, semestrlərdə qayıbları silməyin, imtahanların hesabına maksimum "gəlir" əldə etmək. Bir otaqçün pul çatmasa, bankdan kredit götürmək, bahalı "Mersedes"ini satıb ucuzunu almaq variantı da ağlına gəlmişdi. Sonra fikirləşdi, bəlkə, oğlu elə düz edir bura qayıtmır.
(4-6 fevral 2017-1 sentyabr 2024,
Bakı)
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)
UĞUR QAZANDIRAN KİTABLAR - Devid C.Şvarts, «Masştablı düşünmək sənəti
Könül, “Ədəbiyyat və incəsənət”
Biz bir neçə gündür ki, biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablara nəzər yetiririk. Ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablar əlbəttə ki, çox faydalıdır.
Devid C.Şvarts, «Masştablı düşünmək sənəti
Müəllif öz kitabında masştablı düşünmə prinsiplərini, praktik məsləhətlər və metodikalar təqdim edir ki, bunları mənimsəməklə oxucu istənilən fəaliyyət sferasında uğur qazanmağa müvəffəq olur.
Masştablı düşünmək, ilk öncə, məqsədinizin dəqiq ifadə edilməsi üçündür. «Əgər siz can atdığınız hədəfi dəqiq görməyə başladınızsa, onda bütün enerjinizi həmin hədəfi vurmağa yönəldin», - deyir Devid C.Şvarts.
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)
Həmişə yenilik axtarışında olan insan
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”
Həyatda insanların çox az qismi yenilik axtarışında olurlar. Və onlar yenilik axtarışında olsalar da, heç vaxt gördüyü işlərdən tam razı qalmırlar və həmişə də çalışırlar daha yüksəkliklərə can atsınlar. Yeni işlər onları daha çox maraqlandırır... Belə insanlar həm də çox zəhmətkeş olurlar. Yorulmaq nə olduğunu bilmirlər.
Bax, belə insanlardan biri uzun illər tanıdığım Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ağalar İdrisoğludur. Heç vaxt onun özündən razı olduğunu eşitməmişəm. Məşhur Oldos Hakslinin bu sözləri həmişə onun ali məqsədi olub: “Bundan 20 il sonra etdiklərinə görə deyil, edə bilmədiklərin üçün kədərlənəcəksən; ona görə kəndirləri aç, etibarlı limandan uzaqlara yelkən aç, küləyi tut, araşdır, arzula, kəşf elə. Belə edə bilsən, həyat sənin üçün daha maraqlı olar”.
1950-ci ilin mart ayının 16-da Azərbaycanın dilbər guşlərindən birində, Masallı rayonunun Digah kəndində anadan olan Ağalar İdrisoğlu (Mehdiyev) Digah kənd səkkiz illik və Nəriman Nərimanov adına Masallı şəhər 2 nömrəli tam orta məktəbi bitirib. 1967-ci ildə Masallı Rayon Texnika Birliyində dispetçer kimi əmək fəaliyyətinə başlayıb. 17 yaşlı gənc 70-80 sürücüyə və traktorçuya başçılıq edib. 1968-70-ci illərdə ordu sıralarında qitələrarası ballastik raket polkunda xidmət edib. Orada da öz bacarığına, təşkilatçılığına görə serjant olub və 30 nəfər əsgərə rəhbərlik edib. 1975-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini və 1986-cı ildə isə Moskvada Anatoli Vasilyeviç Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) rejissorluq fakültəsini bitirib.
O, 15 yaşından bədii yaradıcılıqla, jurnalistika ilə məşğul olur. Altımız illik bədii yaradıcılığı və jurnalistlik dövründə çox məhsuldar işləyib. Belə ki, bu müddətdə 6 roman, 12 povest, 150-dən çox hekayə, pamflet, pritça, esse, elegiya, 15 pyes, teatrlaşdırılmış tamaşalar üçün 30 ssenari yazıb. 1500-dən çox məqalələri, oçerkləri, publisist yazıları, tarixi araşdırmaları, müsahibələri çap olunub.
50 ildir ki, peşəkar teatr sahəsində çalışır. 40-dan artıq tamaşada bir-birindən maraqlı rollar oynayıb. 140-dan çox tamaşaya peşəkar səviyyədə quruluşlar verib. 26 il ayrı-ayrı teatrların baş rejissoru, bədii rəhbəri və direktoru vəzifələrində böyük uğurla işləyib. Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, idarə heyətinin üzvü və Sumqayıt Bölgə Şöbəsinin sədri olub.
Həmişə yeniliyə can atıb. Ədəbiyyat, jurnalistika və teatr aləmində çalışıb ki, heç kimə oxşamasın, özünün dəsti-xətti olsun.
1977-ci ildə Sumqayıtın tarixində ilk dəfə olaraq, “Ümid” adlı Teatr-Studiya yaradıb. Burada üç yüz nəfərə yaxın incəsənət həvəskarına onun rəhbərliyi ilə peşəkar aktyorlar, rəssamlar, jurnalistlər, baletmeysterlər dərs deyib. Həmin Teatr-Studiya böyük uğurlar qazanıb, Mədəniyyət Nazirliyinin əmrilə 1979-cu ildə Sumqayıt Gənclərinin Tənqid-Təbliğ Xalq Teatrı olub. Mədəniyyət naziri, böyük xeyirxah insan, fəlsəfə elmləri doktoru, mərhum Zakir Bağırovun əmrilə Ağalar İdrisoğlunun bu əməyi respublikada yayılıb. Bununla bağlı geniş formatda bülleten-plakat çap olunub və Azərbaycandakı bütün mədəniyyət müəssisələrinə yayılıb.
Ağalar İdrisoğlu bu kollektivə rəhbərlik elədiyi on il müddətində 40-dan çox tamaşaya quruluş verib. Bu gün həmin Teatr-Studiyanın və Xalq Teatrının yetirmələrinin 50-dən çoxu aktyor, aktrisa, rəssam, yüzdən artığı isə başqa sahələrdə müəllim, həkim, mühəndis, jurnalist kimi çalışırlar.
1985-ci ildə dahi Üzeyir Hacıbəyovun Şuşa şəhərində keçirilən 100 illik yubileyinin ssenari müəllifi və quruluşçu rejissoru məhz Ağalar İdrisoğlu olub. O, 1991-ci ildə rəhbərlik etdiyi Sumqayıt Dövlət Dram Teatrının, Musiqili-Dram Teatrı olmasına əsas təşəbbüskarlıq göstərib və öz məqsədinə çatıb. Bu məqsədlə də Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili tamaşasına 1992-ci ilin aprel ayında çox orijinal bir quruluş verib. Məhz bu tamaşa ilə də teatr Musiqili-Dram Teatrı olub.
Həmin vaxt onun sayəsində Maliyyə Nazirliyi tərəfindən teatra əlavə 80 ştat verilib. Amma ondan sonra bu teatra rəhbərlik edənlər yarıtmaz, səriştəsiz rəhbər olduqlarından, teatrı Musiqili-Dram Teatrı kimi işlədə bilmədiklərindən həmin ştatalar teatrdan alınıb.
Ağalar İdrisoğlu 1997-ci ildə Sumqayıt Dövlət Dram Teatrının bədii rəhbəri-direktoru vəzifələrindən öz ərizəsilə işdən çıxıb və Dağıstana gedib, orada Dağıstan-Azərbaycan Beynəlmiləl Teatr Truppasını yaradıb və bu kollektivə üç il rəhbərlik edib. 40-dan çox dağıstanlı sənətkarla tamaşalar, konsert-tamaşalar hazırlayıb və dağıstanlılara göstərib. Azərbaycan-Dağıstan dostluğu üçün böyük işlər görüb. O, Dağıstanda işlədiyi müddətdə 1950-ci ildə bağlanan Dağıstan Azərbaycan Dövlət Dram Teatrının yenidən bərpa olunmasına çalışıb. Teatrın bütün sənədlərini hazırlayıb və 1998-ci ildə Dağıstan azərbaycanlıları Seyid Qurbanov, Məhəmməd Qurbanov və Hüseynbala Hüseynovla birlikdə bu ideyanı reallaşdırıb və Dağıstan Azərbaycan Dövlət Dram Teatrı yenidən öz fəaliyyətinə başlayıb.
Ağalar İdrisoğlunun təşkilatçılığı və rəhbərliyi ilə Şabran rayonunda “Şabran” Teatr-Studiyası yaranıb. İki ildən sonra bu Teatr-Studiya Mədəniyyət Nazirliyinin əmrilə Xalq Teatrı olub. Bu gün də öz fəaliyyətini davam etdirir.
Bir vaxtlar rəhbərlik etdiyi Ağdam Dövlət Dram Teatrı və Sumqayıt Dövlət Musiqili-Dram Teatrı Azərbaycan teatrları arasında ilk dəfə Qazaxıstanın Cambul, Çimkənt vilayətlərində, Vladiqafqazda, Gürcüstanın Tbilisi şəhərində, Marneuli, Bolnisi, Dmanisi rayonlarında, Qabal, Telavi bölgələrində və həmçinin bütövlükdə Dağıstan Respublikasında qastrol səfərlərində olub, dostluq əlaqələrinin möhkəmlənməsində çox böyük işlər görüb.
Yuxarıda yazdığımız kimi, Ağalar İdrisoğlu nasir, dramaturq, publisist, jurnalist kimi 6 romanın, 12 povestin, 15 pyesin, 30-dan çox teatrlaşdırılmış tamaşalar üçün ssenarinin, 150-dən artıq hekayənin, essenin, elegiyanın, pritçanın, pamfletin, 1500-dən çox məqalənin, müsahibənin, pulisist yazının, oçerkin, ressenziyanın, elmi, tarixi məqalənin müəllifidir. Onun indiyədək 21 kitabı çap olunub. Dünya xalqlarının 10 pyesini dilimizə tərcümə edib. Bu pyeslər Azərbaycan teatrlarında həm onun öz quruluşunda, həm də başqa rejissorların quruluşunda böyük uğurla tamaşaya qoyulub. Eləcə də müəllifi olduğu digər pyesləri ayrı-ayrı Dövlət Dram Teatrlarında yüksək səviyyədə tamaşaya qoyulub. Dünya dramaturgiyasının tanınmış simalarından da bəzilərinin əsərlərinin tamaşası da bilavasitə onun adı ilə bağlıdır. O, bu müəlliflərdən bəzisinin pyeslərini dilimizə tərcümə edib və bəzisinin əsərlərinə isə rejissor kimi quruluş verib.
Ağalar İdrisoğlunun “İnan mənə” pyesi 1985-ci ildə Ümumittifaq gənc dramatruqların müsabiqəsində 48 pyesin içərsindən qalib olub. 1986-cı ildə Moskvada “İskusstvo” nəşriyyatı tərəfindən hazırlanan “Məhəbbət və başqaları” adlı pyeslər toplusu antalogiyasında çap olunub. “Şah İsmayıl” pyesi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyi) 2010-cu ildə keçirdiyi müsabiqədə 34 pyesin içərisində ikinci dərəcəli mükafata layiq görülüb. (Birinci yer isə heç bir pyesə verilməyib.) Quruluş verdiyi tamaşalardan Akif Həsənoğlunun “Yanmış evin nağılı” Birinci Qarabağ müharibəsinə həsr olunan ilk tamaşa kimi Osman Mirzəyev adına mükafata və özünün yazdığı “Şah İsmayıl” tarixi faciəsi “Qızıl Dərviş” mükafatına layiq görülüb. Tanınmış yazıçı-tərcüməçi, filologiya elmləri doktoru Zeydulla Ağayevin yazdığı “Haray”, Georgi Xuqayevin“Qocaların məhəbbəti” və “Varlı ev” əsərləri onun quruluşunda səhnələşdirilib və bu tamaşalar Mədəniyyət Nazirliyi tərəfindən xüsusi mükafatlarılıb. Hazırladığı, quruluş verdiyi ondan çox tamaşa isə ayrı-ayrı qurumların mükafatı ilə təltif olunub.
1980-ci ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində onun rəhbərlik etdiyi Sumqayıt Gənclərinin Tənqid-Təbliğ Xalq Teatrının üzvlərinin oynadıqları Feyruz Məmmədovun “Bir bayraq altında” tamaşasının rejissoru olduğuna görə Ağalar İdrisoğlu “Qızıl” medala layiq görülüb. Həmin kollektivin 40 nəfərlik üzvlərinə isə “qızıl”, “gümüş” və “bürünc” medallar verilib. 2005-ci ildə isə o, ilin ən vətənpərvər yazıçısı, rejissoru və jurnalisti seçilib və buna görə “Avropa Mətbuu Evi”nin təsis etdiyi “Qızıl” medal alıb.
2013-cü ildə yazıçı kimi Prezident mükafatına, həmin ilin iyun ayının 25-də isə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb.
Ağalar İdrisoğlu 2012-ci ildə Qusar Dövlət Ləzgi Dram Teatrında Mirzə Fətəli Axundovun heç vaxt teatrlarda tamaşaya qoyulmayan və birinci variant olan “Xırs quldurbasan” tamaşasına çox orijinal quruluş verib. Həmin tamaşa bu gün də teatrın repertuarındadır. Onun “Məhəkəmədən əvvəl məhkəmə” pyesi 1992-ci ildə tanınmış rejissor İldırım Cabbarın quruluşunda Mingəçevir Dövlət Dram Teatrında çox böyük uğurla tamaşaya qoyulub, uzun illər teatrın repertuarında olub. 2019-cu ildə tanınmış şair-yazıçı, ictimai xadim Qənbər Şəmşiroğlunun “Caninin etirafı” povesti əsasında Ağalar İdrisoğlu və Nəriman Ocaqlının yazdığı eyni adlı tamaşanı o, çox böyük uğurla Mingəçevir Dövlət Dram Teatrında səhnələşdirib. Həmin tamaşa 2020-ci il fevral ayının 17 və 18-ində Bakıda, Milli Akademik Dram Teatrının səhnəsində müvəffəqiyyətlə göstərilib, bir neçə televiziya kanalı tərəfindən lentə alınıb, haqqında xeyli ressenziya yazılıb. Eləcə də tamaşa, pyes və bu əsərə yaılan ressenziyalar əsasında “Caninin etirafı” adlı ayrıca kitab çap olunub. Bu, Azərbaycan teatr tarixində ayrıca bir tamaşa haqqında çap olunan ilk kitabdır. Nobel mükafatı laureatı Reynhar Kiplinqin “Mauqli” əsəri əsasında Əməkdar artist Nicat Kazımovla birlikdə səhnləşdirdiyi “Mauqlinin Yeni il sərgüzəştləri” adlı əsəri onun tərəfindən 2019-cu ilin dekabr ayında Mingəçevir Dövlət Dram Teatrında çox peşəkar səviyyədə hazırlanıb, məktəblilərin ən çox sevdiyi tamaşa sayılıb. Həmin ildə Ağalar İdrisoğlu Mingəçevir şəhərinin yaranması gününə həsr edilən möhtəşəm tədbirə ssenari hazırlayıb və teatrlaşdırılmış tamaşanın müəllifi, rejissoru və aparıcısı olub.
Əlavə edək ki, onun yazdığı “İnan mənə” pyesi əsasında Qazax Dövlət Dram Teatrının (Quruluşçu rejissor, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəli) hazırladığı tamaşa çox böyük uğurla qarşılanıb və 2023-cü ilin sentyabr ayının 25-də Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində yüksək peşəkarlıqla nümayiş olunub. Bu tamaşa Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.
Hal-hazırda isə Ağalar İdrisoğlunun “Teleqram” pyesi Qazax Dövlət Dram Teatrında (Quruluşçu rejissor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist Xəzər Gəncəli) və “Şah İsmayıl” pyesi Lənkəran Dövlət Dram Teatrında İmran Ali Qurbanın quruluşunda tamaşaya hazırlanır. Onun tərcümə elədiyi məşhur osetin dramaturqu Geor Xuqayevin “Varlı ev” tamaşası Xalq artisti Firudin Məhərrəmovun quruluşunda Sumqayıt Dövlət Dram Teatrında 2025-ci ilin yanvar ayının 16-da göstərilib və böyük uğurla qarşılanıb. Ağalar İdrisoğlunun tərcüməsində Geor Xuqayevin başqa bir pyesi “Qaqutsa, Babutsa, Danel, Dardanel” əsəri də Mingəçevir Dövlət Dram Teatrında Əməkdar artist İntiqam Soltanın quruluşunda tamaşaya hazırlanır.
Ağalar İdrisoğlu 1977-ci ildən 1997-ci ilə kimi Sumqayıtda keçirilən bütün teatrlaşdırılmış tamaşaların, dövlət tədbirlərinin də çoxunun ssenari müəllifi və quruluşu rejissoru olub. O, həmişə dövlətimizə və dövlətçiliyimizə ürəkdən xidmət edib. Yeni Azərbaycan Partiyasının inkişafında bir yazıçı, jurnalist, teatr xadimi kimi səy göstərib. Ulu öndər Heydər Əliyevə həsr olunan “Millətin Xilaskarı”, ölkə başçımız İlham Əliyevə həsr edlən “Qarabağın Xilaskarı”adlı çox maraqlı hekayələrin müəllifidir. Bu hekayələri qəzetlərdə və saytlarda həddindənçox oxucu oxuyub.
Aktyorluq-rejissorluq peşə sənəti olan Ağalar İdrisoğlu 2001-ci ildən quruluşçu rejissoru olduğu Dövlət Gənclər Teatrında və 2009-cu ildən bu teatr Dövlət Milli Gənc Tamaşaçılar Teatrı ilə birləşəndən sonra bir-birindən maraqlı və tamaşaçıların sevə-sevə baxdığı tamaşalara orijinal quruluşlar verir.
Ağalar İdrisoğlu hazırda Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru və “Azad Azərbaycan” qəzetinin redaktoru vəzifələrində uğurla və məsuliyyətlə işləyir. Onun publisist, portret yazıları, məqalələri, ressenziyaları, hekayələri, pritçaları, esseləri, elegiyaları, pamfletləri dövri mətbuatda mütəmadi işıqlanır və oxucuların marağı ilə qarşılanır.
O, çapa hazırladığı bədii və teatr əsərlərindən ibarət yeni kitabları üzərində böyük səylə çalışıb, onları da tezliklə oxucuların ixtiyarına vermək istəyir.
Bəli. Tanınmış sənətkar Ağalar İdrisoğlu, bu ilin mart ayının 16-da 75 illik yubileyini, bədii yaradıcılığa, jurnalistikaya başlamasının 60 və peşəkar teatr sənətində çalışmasının 50 illiyini qeyd etməyə hazırlaşır.
Bununla bağlı 15 mart 2025-ci ildə, saat 12-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında böyük bir tədbir keçiriləcək və sonra onun quruluşunda teatrın aktyorlarının ifasında məşhur Bolqar dramaturqu Panço Pançevin “Dörd əkiz” tamaşası oynanılacaq.
Dahi Uilyam Şekspir deyir ki, “Bəziləri anadan böyük doğulur, bəziləri böyüklüyü fəth edir, bəzilərinə isə böyüklük bəxş olunur”. Ağalar İdrisoğlu yaradıcı zəhmətilə böyüklüyü fəth edənlərdəndir. Bu, yaradıcı insanlar üçün daha örnəkdir. Axı öz zəhmətlə ucalmaq hər insana nəsib olmur. Çünki buna görə insanda böyük səbr, enerji, özünəinam çox güclü olmalıdır.
Bax, bu cəhətlər də Ağalar İdrisoğlunda həddindən artıq çoxdur.
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)