
Super User
Seçmə şeirlər – SƏMƏD VURĞUN, “KÖRPÜNÜN HƏSRƏTİ”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
SƏMƏD VURĞUN
KÖRPÜNÜN HƏSRƏTİ
Araz qırağında dayandı qatar,
Elə bil qəlbim də dayandı bir dəm...
Sıxlaşdı göydəki seyrək buludlar,
Deyəsən, başıma dolandı aləm.
Başlar uzanmışdır pəncərələrdən,
O taya, bu taya boylanır hamı.
Yanımda sevgilim ağlayıb hərdən,
Deyir ki, “ah, Araz, tut ilticamı,
Mənim Sara bacım indi hardadır?
İyirmi ildir ki, uzaqlardadır”.
Araz dağlar yarıb, qayalar dəlir,
Zamanın fikri tək axır sürətlə.
Qayalı dağlar da salama gəlir,
Elə bil baş əyir ona hörmətlə.
O tayda gördüyüm çardaqlı damlar
Xəyalı küsdürür bu kainatdan.
Gəzir kənd yanını seyrək adamlar,
Sanki baş götürüb gedir həyatdan...
Həyətlər bomboşdur, qapılar bağlı,
Evlər üz döndərmiş biri-birindən.
Torpaq nalə çəkir sinəsi dağlı,
Bir tüstü qalxmayır ocaq yerindən.
Kəndin üstündəsə bir qəbristanlıq
Qərq olur göylərin göz yaşlarına.
Yaşaran gözlərim baxır bir anlıq
Əyilmiş, yıxılmış baş daşlarına.
“Qayalı dağ”ı da duman almışdır,
O, dünya görmüşdür...Yaxşı bax ona!
Nə qədər cənazə yola salmışdır
Bir şəhər boydakı o qəbristana!..
Ah, ürək duyduqca bu səhnələri,
Adətim olmuşdur alışıb yanmaq.
Yanğına düşmüşdür könlüm şəhəri,
Böyük bir dərd imiş şair yaranmaq!
Şairim! Bu sözlər qalsın bir yana,
Yaş ötür... qayıtma ricətlərə sən!
Bir şeir bağışla Azərbaycana,
Araz üstündəki bir daş körpüdən!
Qurmuş bu körpünü bir memar əli,
Baş-başa çatılmış tağlar üstündə.
Xilqətdən yaranmış onun təməli,
Dayanmış qayalar, dağlar üstündə.
Kim bilir neçədir körpünün yaşı,
Şahidi min bahar, bəlkə min qışdır!
Fəqət bir kərpici, sadə bir daşı
Hələ öz yerindən oynamamışdır...
Toplar, topxanalar keçmiş üstündən,
Hələ daş sütunlar durur vüqarla.
Körpü Araz üstə düşdüyü gündən
Şir kimi döyüşür sərt dalğalarla.
Üzünə gün düşüb, şəfəq güləndə
Kərpici bir yaqut kimi qızarır.
Üstünə dağlardan duman gələndə
Sərt qayalar kimi o da bozarır.
Deyirlər, qış ağır gələndə tək-tək,
Körpünün üstündə tar bağlayır qar.
Qaranlıq yol salır yerdən göyədək,
Bir canavar kimi ulayır rüzgar.
Gözüm körpüdədir... Dayanmış qatar,
Elə bil saxlayır o bizi qəsdən.
Hanı zınqırovlu-yüklü karvanlar?
Bir quş da keçməyir körpünün üstdən...
Axşam qəribliyi dağlardan enir,
Sakit dərələrə bir həsrət çökür.
Araz gah parlayır, gah kölgələnir,
Bəzən də hıçqırır o hönkür-hönkür.
Gözüm körpüdədir...Dayanmış qatar,
Elə bil o qəsdən saxlayır bizi.
Körpünü basmışdır yabanı otlar,
Nə cığır görünür, nə ayaq izi...
Kim bilir, kim bilir, nə vaxtdan bəri
Bir insan keçməyir bu daş körpüdən
Elə bil yol çəkir onun gözləri,
Fəqət nə gələn var, nə də bir gedən.
O kimdir? Gözümə görünür bu dəm?
Kimdir o ixtiyar? Xəyaldır, nədir?
Yox, yox, o nə xəyal, nə əfsanədir,
Gördüyüm insandır, gözlərində qəm...
Çatıb qaşlarını körpüyə baxır,
Qəlbində dağ boyda sözümü vardır?
Başından tüstülər, dumanlar qalxır,
Cansız əlləri də qabar-qabardır...
Bildim, o, memardır... O, yaradandır.
Yaxın gəl, oxucum, bax əllərinə!
O, Araz üstündə xeyli zamandır
Ağlayır xar olmuş əməllərinə...
Kim bilir, kim bilir, nə vаxtdаn bəri
Bir insаn keçməyir bu dаş körpüdən.
Elə bil yol çəkir onun gözləri,
Fəqət nə gələn vаr, nə də bir gedən…
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
GAP Antologiyasında Məryəm Qurbanzadənin “Yara açdı bağrım” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xoyda yaşayan Məryəm Qurbanzadədir.
Məryəm Qurbanzadə
Xoy
III
Sevməkdən sonra gələn söyüşdə
Yara açdı bağrım.
Titrek barmaqlarımla susqunluq basdım ağrıma
Hansı yalqızlığımın qulağına fısıldayım qadın olduğumu?
Hansı quşun qanadına bağlayım üsyanımı?
Hansı köksün ümidində ağlayım gələcəklərimə?
Ötürdüm
Və
Dəniz göyərdi gözlərimdə
Qüllabın qulağına asılmıs
Bir balıq kimi,
Ağzı açıq qaldı
Sorğularına, bu şeirin.
Özümü deyirəm.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
“Azərbaycan dramaturgiyasında “atalar və oğullar” problemi” – KİTAB RƏFİ
Könül, “Ədəbiyyat və incəsənət”
Kitab rəfi rubrikasında Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aygün Zəkinin “Azərbaycan dramaturgiyasında “atalar və oğullar” problemi” adlı monoqrafiyası barədə danışacağıq. Azərnəşrin yayınladığı monoqrafiyada XIX əsrin axırı – XX yüzilin əvvəllərində Azərbaycan dramaturgiyasında bəhs olunan problem sistemli şəkildə təhlil olunmuşdur.
Monoqrafiyada Mirzə Fətəli Axundzadə ilə yanaşı, XIX əsrin sonu – XX yüzin əvvəllərində Azərbaycan dramaturgiyasının inkişafında mühüm rol oynamış Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Hüseyn Cavid və başqa dramatuqların milli ədəbiyyatın dəyərli örnəklərini ərsəyə gətirən pyesləri araşdırma obyektinə çevrilmişdir.
Tədqiqatçı adı çəkilən dramatuqların müxtəlif əsərlərində yaradılmış obraz və xarakterləri dönəmin, mühitin problemləri fonunda nəsillərarası qarşıdrmanın fərqli rakurslarından təqdim etmişdir.
Müəllif araşdırmaya çəkilən mövzunun Azərbaycan ədəbiyyatı tarixindəki rolunu və önəmini vurğulamaqla qalmamış, onun folklordan qaynaqlanan örnəklərinə diqqət yetirmiş, klassik yazılı mətnlərdə, divan ədəbiyyatında nə şəkildə bədii təcəssümünü tapdığını dəyərləndirməyə çalışmışdır.
Professor Vaqif Sultanlı kitaba yazdığı “Dramaturji konfliktə çevrilən əbədi qarşidurma elmi-nəzəri təhlil axarında” adlı ön sözdə araşdırılan mövzu bağlı qənaətlərini aşağıdakı kimi ümumiləşdirir:
“Problemin indiyə qədər diqqətdən kənarda qalması, daha doğrusu əhatəli şəkildə araşdırılmaması müəyyən səbəblərlə bağlıdır. Hər şeydən öncə, sovet siyasi rejimi dönəmində mənəvi-əxlaqi dəyərlərə söykənən bəlli problemlərin təhlili və şərhi ideoloji stereotiplərlə yasaqlandığından obyektiv səpkili araşdırmalara imkan verilməmişdir. Əksər hallarda isə nəsillərarası ziddiyyətlərin lüzumsuz olaraq sinfi məcraya yönəldilməsi, köhnəliklə təzəliyin sosial qarşıdurmasına çəkilməsi və bu bağlamda keçmişlə gələcəyin üz-üzə qoyulması aparılan araşdırmalarda yanlış, yaxud birtərəfli sonuclara varılmasına səbəb olmuşdur”.
Monoqrafiyada “atalar və oğullar” problemi milli yaddaş və özgələşmə, xalq və hakimiyyət konflikti məsələləri ilə əlaqəli şəkildə dəyərləndirilmişdir.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
19 mart - Beynəlxalq Atalar Günüdür
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu əlamətdar gün, hər il Azərbaycanda təntənə ilə qeyd olunan Novruz bayramı ərəfəsinə düşür. Xoşbəxt o şəxslərdir ki, bu bayramı atalarının iştirakı ilə keçirəcəklər. Əfsuslar olsun ki, aramızda elələri də var ki, ATAları haqqa qovuşub, bayram süfrələrinin başında olmayacaqlar.
Cavid Qurbanovun qarşıma çıxan "Ay ata" şeirini təqdim etməklə, haqqa qovuşan bütün atalara Allahdan rəhmət diləyirəm:
Sən olanda arxalı bir dağ idim
Qaldım sənsiz atasızam, ay ata.
İndən belə sənsizliyin dadını
Səhər – axşam dadasıyam, ay ata.
Biz dost idik, ata oğul ikimiz
El yüküydü, ağır idi yükümüz
Cüt olanda gur çıxardı səsimiz
Tək qalmışam susasıyam, ay ata.
Ataların yaşı olmur övladçün
Atasından qanad alar həyatçün
Çətin olsa məsləhətçün, imdadçün
Baş daşından tutasıyam, ay ata.
Yaşadacam gözlərinin nurunu
Qoruyacam ocağının qorunu
Bu həyatda sən qoyduğun yolunu
Ömür yolum biləsiyəm, ay ata.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
Göyçəli Abbas Vəfadağlının doğum gününə
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Abbas Vəfadağlı 1929-cu il martın 19-da Qərbi Azərbaycanda, Göyçə mahalının Cil kəndində anadan olmuşdur. Burada yeddiillik məktəbi bitirdikdən sonra sıravi kolxozçu kimi işləmişdir. 1946-cı ildə "1941/45-ci ili şərəfli əməyə görə" medalı ilə təltif edilmişdir.
Qazax Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə başa vurmuşdur. Texnikumu bitirib qonşu Pəmbək kənd orta məktəbində müəllim işləmişdir. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir. Krasnoselo rayonunun Cil kənd yeddiillik məktəbində müəllim işləmişdir. Sonra Krasnoselo rayon Komsomol Komitəsinə katib seçilmişdir, Bakı Ali Partiya məktəbində təhsilini davam etdirmişdir.
Doğma Cil kəndində kolxoz sədri, Krasnoselo rayon İcraiyyə Komitəsinin sədri, Cil kənd sovxozunda direktor işləmişdir. Azərbaycanlılar ellikcə Azərbaycanın Xanlar rayonunun Şəhriyar kəndinə köçdürüldükdən sonra isə orada kənd sovet sədri, Çaykənd kəndində kolxoz sədri, Şəhriyar kəndində sovxoz direktoru, Xanlar rayonunda Kənd Təsərrüfatı İstehsalat İdarəsində rəis müavini olmuşdur.
Hazırda təqaüddədir və fərdi yaradıcılıqla məşğuldur.
Bədii yaradıcılığa kiçik yaşlarından başlamışdır. İlk mətbu şeiri "Arzular" 1965-ci ildə "Sovet Ermənistanı" qəzetində çıxmışdır. Bundan sonra dövri mətbuatda şeir, oçerk və məqalələrlə çıxış etmişdir. İlk qələm təcrübələrini Abbas Mazanov imzası ilə dərc etdirmişdir. 60-cı illərdən Vəfadağlı təxəllüsünü qəbul etmişdir.
General-mayor İlqar Mazanovun atasıdır
Kitabları
1. Göyçə kimi intizarda elim var
2. Gözləri həsrətli, naləli Göyçə
3. Ulu Göyçəm
Məqalələri
1. Göyçə qətliamı
2. Ustad
3. Aşıq Alı sorağında
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
Şəkidə İlaxır çərşənbə və Novruz bayramı münasibətilə şəhər tədbiri keçirilib
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Baharın gəlişi münasibətilə 18 martda Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə İlaxır çərşənbə olan torpaq çərşənbəsi və Novruz bayramı münasibətilə "Şəkimizə bahar gəlir" adlı şəhər tədbiri keçirilib.
"Yuxarıbaş" Milli-Tarixi Memarlıq Qoruğu ərazisində baş tutan tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları, idarə-müəssisə rəhbərləri, Şəhid ailələri, mədəniyyət və təhsil işçiləri, eyni zamanda şəhər içtimaiyyəti iştirak edib.
Tədbirdə Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət ansambl, Şəki Dövlət Regional Kollecinin "Rəqs" qızlar ansamblının, "Kvartet ipək qızlar" qrupu, Qax "İmedi" rəqs qrupu, "Nağaraçılar Ansamblı”, “Abay”rəqs kollektivinin ifalarında milli musiqi və rəqs nümunələri təqdim edilib.
Daha sonra "Qala divarları”nın həyətində Novruz tonqalı alovlandırılıb, Novruzun personajları olan "Kosa" və "Keçəl" məzəli zarafatları ilə bayram iştirakçılarına xoş əhvali-ruhiyyə yaşadıblar.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
5 gündür ki, İraqdan - Türkman ellərindən gələn qardaşlarımız Azərbaycanda qonaqdırlar
Aida Eyvazlı Göytürk, “Ədəbiyyat və incəsənət”
Azərbaycanlılar hər zaman kərkük bayatı və xoyratlarının aşiqi olub. Analar, nənələr laylalarında, nişanlı qızlar intizarlı mahnılarında, aşıqlar toylarda bu xoyratları səsləndiriblər.
İraqda yaşayan türkmanlar da Azərbaycan aşiqidirlər.
5 gündür ki, İraqdan -Türkman ellərindən gələn soydaşlarımız, qardaşlarımız Azərbaycanda qonaqdırlar. Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə vətənimizə təşrif buyuran qonaqların proqramı çox zəngin olub. Bu gün Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunda gələn qonaqları dinləmək, onların arzularını eşitmək şansımız oldu. Forumda Türkiyə, İraq, Suriyadan olan nüfuzlu türkman QHT-ləri ilə əməkdaşlıq məsələləri müzakirə olundu, təkliflər dinlənildi. Forum çərçivəsində İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi ölkəmizdədir, heyət işğaldan azad edilmiş ərazilərə- Xocalı, Xankəndi, Şuşa və Füzuliyə səfər ediblər.
Dahi Azərbaycan şairi və mütəfəkkiri, İraq daxil olmaqla, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərmiş qüdrətli sənətkar, çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvət olan, anadilli poeziyamızın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmiş Məhəmməd Füzuli şeirləri onun şərəfinə adlandırılan, 2020-ci ildəişğaldan azad edilmiş Füzuli şəhərində türkmanların dili ilə səsləndirilib. Türkmanlar Qarabağda yol boyu Kərkük şərqiləri də ifa ediblər. Bu gün türkman təşkilatları ilaxır çərşənbəni Bakıda keçirəcək, Novruz şənliklərinə qatılacaqlar.
Forum barədə geniş yazımı sabah təqdim edəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(18.03.2025)
QARABAĞA BAHAR GƏLİR - Ağdamda Novruz Bayramı təntənəli şəkildə qeyd edilib
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
18 mart 2025-ci il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzinin qarşısında Novruz Bayramına həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.
Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, şəhid ailələri və qazilər, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Ağdam Dövlət Dram Teatrının əməkdaşları və mədəniyyət işçiləri iştirak etmişlər. Heydər Əliyev Mərkəzinin qarşısında tədbir iştirakçılarına milli mətbəx nümunələri, qədim xalq oyunları, kitablardan, muzey eksponatlarından və rəsm əsərlərindən ibarət sərgi təqdim olunmuş, idmançılar tərəfindən müxtəlif nömrələr nümayiş etdirilmiş, tədbir keçirilən məkana Qarabağ atlarının gəlişi iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Heydər Əliyev Mərkəzinin qarşısında davam edən tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayon əhalisini və tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, baharın gəlişini müjdələyən, təbiətin oyanışından soraq gətirən Novruzun xalqımızın mənəvi dünyasında özünəməxsus yeri olduğundan, Ümummilli Lider Heydər Əliyevin Novruza milli ideologiyamızın təməl sütunlarından biri kimi yanaşmasından, Novruz ənənələrini layiqincə yaşadan Azərbaycan Prezidenti İlham Əliyevin dövlətimizə və xalqımıza qazandırdığı tarixi nailiyyətlərin bütün dünya azərbaycanlılarına ən qiymətli Novruz hədiyyələri olmasından bəhs etmişdir. Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə əməkdar artist Fehruz Səxavətin, kollecin müəllim və tələbə heyətinin, Gülablı kənd Uşaq musiqi məktəbinin müəllimi Habil Məmmədov və tələbələrinin ifasında rəngarəng musiqi nömrələri, “Nənə Qızlar” folklor ansamblının ifasında nümunəvi çıxışlar tədbir iştirakçılarına təqdim edilmişdir. Həmçinin bayramın personajları hesab olunan kosa və keçəlin iştirakı tədbirə xoş ovqat qatmışdır.
“Ədəbiyyat və incəsənət”
(18.03.2025)
Türk Mədəniyyəti və İrsi Fondunda görüş
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan -Türkiyə Yazıçılar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin Fəxri üzvü Xuraman Muradova ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüşdə Türk ölkələri arasında mədəni əlaqələrin inkişafı, ədəbiyyat sahəsində əməkdaşlığın genişləndirilməsi və Türk mədəni irsinin qorunması ilə bağlı bir sıra mövzular müzakirə olunub. Həmçinin, gənc yazıçıların yaradıcı fəaliyyətinin dəstəklənməsi və Türk dünyasında ədəbiyyatın təbliği məsələləri gündəmə gəlib.
Görüş, Türk dünyası arasında ədəbi və mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi və gələcək birgə layihələrin müzakirəsi ilə davam edib.
“Ədəbiyyat və incəsənət”
(18.03.2025)
Gəmiqayadan başlanan bayram: Müqəddəs duyğularla bayram tonqalı başında
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Orada göz görür, könül sevir. Orada oğul qılınc qurşanır baba qeyrəti üçün. Orada el ozanları var əllərində qolça qopuz. Orada yüyrək atlar çapırlar. Orada ərlər, ərənlər bilir ki, Azərbaycanın ən qədim yaşayış yeri Naxçıvan bəşəriyyətin ən sirli tarixini özündə ehtiva edən yurd yeridir.
Qədim rəvayətlərə görə, Nuhun gəmisi Gəmiqayada quruya çıxdıqdan sonra qaranquşun gətirdiyi xoş xəbər gəmi sakinlərinin ən xoş günü olub. Onların quruya çıxdığı həmin vaxt mart ayına təsadüf edib və “Nuhruz” yəni “Nuh günü” adı ilə qeyd olunub. Yeni həyat başlandığı gün səməni cücərdilər, yüksək dağ zirvələrində tonqallar qalanar, sübh günəşi görünməmiş bulaq başına gedilər, su üstündən tullanaraq “Ağırlığım, uğurluğum düş bu suyun üstünə”, yaxud da tonqal üstündən tullanaraq “Ağırlığım, uğurluğum düş bu odun üstünə” kimi sözlərlə bayramın ilk gününü qarşılayırmışlar.
Odun müqəddəsliyi və ilaxır tonqalı
Odun, atəşin qeyri-adi güc, qüdrət kəsb etməsi, düşmənə üstün gəlməsi, məğlubedilməzlik keyfiyyətinə sahib olması barədəki mifik təsəvvür Azərbaycan folkloruna zaman-zaman geniş şəkildə sirayət edib. Od adi od kimi, qaladığımız ocaq kimi, əlimizi yandırıb-yaxan istilik kimi xatırlanmır, əksinə, hər zaman müqəddəs duyğularla anılır.
Azərbaycan xalqı odu atəşpərəstlikdən, zərdüştlükdən də öncələrdə qoruduğu, sirlərini ifadə etdiyi, ən əsası, tapındığı vasitə kimi yaşadaraq bu günümüzə çatdırıb. Bu səbəbdən də bayram tonqalını həyətin girəcəyində qalayır ki, həyətə gələn özüylə ağırlıq gətirməsin. Xalqın özü məsəl çəkir:
-Od yuduğunu su yumaz
-Odsuz ocaq olmaz
-Oda pənah aparanın ocağı sönməz
-Odu, çırağı yandıran xeyir aparar
-Od küllə gizlənər
-Ocaq sönməyən yerdə məskən salarlar
Od həm də ulularımızın and yeri olub: Od haqqı, Gün haqqı, Çıraq haqqı.
İlaxır çərşənbədə odun rolu
Doğrudan da, oddan sonra adam özündə yüngüllük hiss edir. Sanki tonqalın alovu hamıya rahatlıq, dinclik gətirir. Novruz bayramı ərəfəsində elə bil odun ilkinə – doğuluşuna qayıdılır. İçimizdə oda tapınmaq, oda sığınmaq istəyi yenidən və yenidən yaranır.
Bu inanclar zaman-zaman xalq təbabətində öz əksini tapıb. Yeni doğulmuş körpəni külün üstünə qoyardılar ki, xəstəlik tapmasın. Bu inamın izi “Çevir ocağa, al qucağa” atalar sözündə yaşadılır. Həmçinin bununla bərabər yaraya ocaq külü bağlayardılar ki, yara tez sağalsın və yaxud odla dağlayardılar. Ulusumuzda odun qüdrətinə inam o dərəcədə güclü olub ki, Novruzda yataq xəstələri belə yaxınlarının köməyi ilə azı üç dəfə tonqalın üstündən keçirilirmiş. Ahıl insanlar böyük tonqaldan atıla bilmədiyi üçün ocaqdan götürülən və aralıda qoyulan odun üzərindən addımlayaraq keçərmişlər.
Oda sevgi, inam insanlarda o qədər güclü olub ki, ona and içiblər, alqışlar qarğışlara qarışıb. Ulularımız deyir ki, insan odu nə qədər əzizləsə, bir o qədər yüngül olar, çətinlikləri azalar.
Axır çərşənbə və Novruz tonqalı arasındakı fərq
Deyirlər, axır çərşənbə tonqalı ilə Novruz tonqalı arasında fərq var. Bu fərq ona görədir ki, axır çərşənbə tonqalı keçmişi yola salmaq üçündür, Novruz tonqalı isə torpağın oyanışının şərəfinə yandırılır. İnsanlar axır çərşənbənin odu ilə bütün ağırlıqlarını uğurladığı halda, Novruz tonqalı ilə hər cür dərddən-bəladan, ağırlıqlardan, çilədən təmizlənir.
Bu tonqalından atılanda dərd-azarımızın odda yanacağına inanırıq. Novruz türk xalqlarının, bəlkə də, yeganə bayramlarındandır ki, bu əziz günlərdə böyüklü-kiçikli hər kəsin qəlbi bahar təravəti, yaz duyğuları, aşıb-daşan sevinc, yüksək əhvali-ruhiyyə ilə dolur, ruhumuz yenidən oyanır.
Odun nurunda Qarabağın bərpası
Bu gün tarixin dolanbac künc-bucağında yadelli işğalçıların yağmalarına dözüb divlər sarayında nər igidlər böyütmüş, qoynunda Xudafərini bəsləmiş, əlçatmayan, ün yetməyən, quşqonmayan müqəddəs yurd yerlərimizdə – Qarabağ və Şərqi Zəngəzurda, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə bayram tonqalları qalanıb. Yoxluğunun ağrısında mərd oğulların hicrana dözməyib 30 illik ayrılıqdan sonra başını almış qara buludları od olub yandırdı, şimşək olub doğradı. Bununla da yetinməyib torpağına yeni nəfəs, göyünə sonsuz mavilik qatdı. İndi körpə fidanlar səs-səsə verib qıy vuraraq torpağın, daşın, qayanın yaralarını sarır, incə, xəfif toxunuşlarla ruhuna məlhəm olur.
Bayramın mübarək, odlar yurdu Azərbaycan!
Xocalım, Xankəndim, Şuşam, Laçınım, Zəngilanım, Füzulim və daha adlarını çəkə bilmədiyim müqəddəs torpaqların sakinlərinin “Gün o gün olsun, Novruzu öz elimizdə qeyd edək” kimi arzuları artıq bu tonqal başında gerçəkləşib.
And yerimiz – tonqalımız.
Səndə keçən qışın, gələn baharın isti nəfəsi yatır indi. Şölələrinlə göylərə nur saçırsan. Nuru və işığı dünyaya sən salırsan. Qordan doğulmuş, qor olmuş, ocaqlaşmısan.
Mən də bu əziz gündə uşaq kimi sevinir, içimdən gələnləri duaya dönüşdürərək deyirəm: Müqəddəs duyğularla bayram tonqalı başında yaşını yenidən tarixə qatıb, tarix olan, qədimləşən diyarım, bayramın mübarək!
“Ədəbiyyat və incəsənət”
(18.03.2025)