5 may - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günüdür

Mayın 5-i 1992-ci ildən BMT Baş Assambleyasının qərarı ilə Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur. Bu günün məqsədi geniş ictimaiyyətin diqqətini əlilliyi olan insanların hüquqlarının müdafiəsi ilə bağlı problemlərə cəlb etməkdir.

 

Milli Kitabxanada əlilliyi olan şəxslərin hüquq və azadlıqları haqqında istifadəçilərin maarifləndirilməsi məqsədilə “5 may - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub. Bu barədə Milli Kitabxanaya istinadən AzərTAC  məlumat verilib.

Sərgilərdə əlilliyi olan şəxslər haqqında dövlət siyasəti, onların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normaları, görülən tədbirlər, sosial müdafiənin hüquqi tənzimi, əlilliyin qarşısının alınması, sağlamlıq imkanları məhdud insanların reabilitasiyası və s. haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, dövri mətbuat məqalələri, fotolar nümayiş olunur. 

 

Ənənəvi sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı mövcuddur. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapmışdır. Əlillərin sosial müdafiəsi isə ildən-ilə daha da gücləndirilir, bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir ki, bu da onların cəmiyyətə inteqrasiyasına xidmət edir.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.