
Super User
Hacı Dərəsi, Dovşan yatağı, Təsdim… - SUMQAYIT ƏRAZİLƏRİNİN ƏVVƏLKİ ADLARI
Ramil Zeynallı, “Ədəbiyyat və incəsənət” üçün
Sumqayıtın bu ilin noyabrın 22-də şəhər statusu almasının 75 ili tamam olur. Sizlərlə Sumqayıt haqqında maraqlı faktları bölüşəcəm.
Sumqayıt gənc şəhərdir, lakin buranın maraqlı tarixi var. İndiki Sumqayıtın ərazisi vaxtilə Corat sakinlərinin ixtiyarında olub. Bir çox qəsəbə sakinləri Sumqayıtın hazırkı mikrorayon və məhəllələrinin ərazisindən ya örüş, ya əkin, ya da digər məqsədlər üçün istifadə ediblər.
Maraqlı olacağını nəzərə alaraq, Sumqayıt şəhərində vaxtilə Corata aid olan ərazilərin əsl, tarixi adlarını təqdim edirik.
17-18-ci mkr. ərazisi – Umacıq
12 mkr.-42 məh. – Abdul yeri
6 mkr.-13mkr. – Möməli yeri
9 mkr. – Dağmaçı yeri
11 mkr. – Qara bəyin yeri
Sumqayıt qəbiristanlığı – Araba duzdaşıyan yer
Saraya tərəf gedən yol - Grım pirinin yeri
Superfosfat zavodunun ətrafı – Zöhrab zəmi
Asqarlar zavodunun yanı – "Ximkombinat"ın yerində – Təkə qumu
(Qumsal bir torpaq olub, 2 iri buynuz şəklində olduğu üçün Təkə qumu adlanıb)
Hacı Zeynalabdin qəsəbəsinin ərazisi – Qızıl qum
Hacı Zeynalabdin qəsəbəsində aerportun yeri - Hacağaminin örüş yeri
Hacı Zeynalabdin qəsəbəsi ilə Yaşmanın arası - Hacı Xalıqın yeri
Təzə və Köhnə Katecin ərazisi – Hacı Dərəsi
Dəmiryolunun yerləşdiyi ərazi – Abasəli zəmi
17 mkr-nun, 53-cü məh. yeri, bağlara birləşən sahə - Dovşan yatağı
17-ci mkr-dakı dayanacağın başlanğıc yeri - Təsdim (əslində Təslim deməkdir.
Belə bir fakt var ki, monqollar Corat ərazisinə Teymurun vaxtında hücum etmiş və döyüş-döyüşə geri çəkilmişlər.
17-ci mkr.-kı dayanacağın başlanğıc yerində məğlub olublar, ona görə də ora Təslim adlanır.)
Körpünün sol tərəfi, şoranlıq sahə - Şor yer.
“Ədəbiyyat və incəsənət”
(25.10.2024)
“44-cü gün” - Tural Əlibabayevin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Tural Əlibabayevin şeirləri təqdim edilir.
Dənizlə söhbət
Susqun dəniz...
Söylə mənə, sən bu sabah,
Gördünmü onu?.. Gizlətmə, danış,
Halıma bax, ah dalınca çəkirəm ah...
Söylə bilim... Sahilinə gəlibmi O?..
Kədərini sənlə birgə bölübmü O?..
Dinmir... Susur...
Məndən öncə sevdiyimi görübsə də,
Xoşbəxtlərin xoşbəxtidir, məncə, dəniz...
Vaxt var idi bu sahildə,
Dənizdən də xoşbəxt idim...
Qucaqlaşıb sevinərdik hər ikimiz...
Sevgimizi bölüşərdik...
Sevilərdik...
Sevişərdik...
Döydükcə dalğalar sahili,
Coşduqca yayın küləyi.
Daha da möhkəm sarınardıq...
Hiss edərdik bir-birini...
Mən onu, o da məni...
Günümüzə rəng qatıb da,
Sevgimizi yaşadıqca,
Qoyardım mən üç nöqtəni...
Nöqtələrin üçündə də,
Sirli mənalar dolaşar...
Eşqim alovlanıb daşar...
Sevgi nəğməsi
Uzaqda döyünür sənin ürəyin,
Hiss etdim ritmini yaxınımda mən.
Qalıb xatirimdə gülüşün, səsin,
Oxudum sevgini sirli gözlərdən.
Süzdüm qamətini, uca boyunu,
Möhtəşəm rəsmisən sən təbiətin.
Çiçəklə bəzədim gələn yolunu,
Sözümlə bəzəndi sevən ürəyin.
Sirli nağılısan yanar eşqimin,
Yanıb alovlanır hər səhifəsi.
Qəlbim dediyini yazan qələmin,
Birinci sözüsən - sevgi nəğməsi.
Şuşa
Qədim şəhərimiz olan Şuşanın
270 illiyinə həsr olunur
İllər öncə bina etdi Pənah xan,
Qarabağın baş tacıdır bu məkan.
Qorudu mərdanə həm İbrahim xan,
Yeni bir həyata başlayır Şuşa!
Zəfərli sevincini yaşayır Şuşa!
Cəsarət rəmzidir qəhrəman şəhər,
Yetirib dahilər, böyük alimlər.
Var qədim abidələr, qədim məscidlər,
Yeni bir həyata başlayır Şuşa!
Zəfərli sevincini yaşayır Şuşa!
Şəhid heykəlidi bu sarp qalalar,
Amansız hücumlar etmiş yağılar.
Hər bir qayasında tarixlər yaşar,
Yeni bir həyata başlayır Şuşa!
Zəfərli sevincini yaşayır Şuşa!
Dilbər bir guşədir, mədəniyyət ocağı,
Yayılardı Cıdıra Xan əminin sorağı.
Suyu canlara məlhəm həmin İsa bulağı,
Yeni bir həyata başlayır Şuşa!
Zəfərli sevincini yaşayır Şuşa!
"Şuşasız Qarabağ yox!" sözü dillərdə əzbər,
"Qarabağsız Azərbaycan yoxdur!" -
demiş Ulu Öndər.
Sənət məbədidir Qafqazda gözəl şəhər,
Yeni bir həyata başlayır Şuşa!
Zəfərli sevincini yaşayır Şuşa!
Sədalanır muğam üstdə Natəvan qəzəlləri,
Vəsf edir gözəlləri Vaqifin şeirləri.
Bu yurddan ilham almış Üzeyir bəstələri,
Yeni bir həyata başlayır Şuşa!
Zəfərli sevincini yaşayır Şuşa!
Dağlar əzəmətlə verib baş-başa,
"Dəmir Yumruq" gücü ilə başladı Haqq savaşa.
Zəfər məqamı oldu azad olan gün Şuşa!
Yeni bir həyata başlayır Şuşa!
Zəfərli sevincini yaşayır Şuşa!
Qələbəni həkk etdi tarixə Baş Komandan,
Qürurla söylədi: "Əziz Şuşa, Sən azadsan!"
Daim bayram sədası gələcəkdir Şuşadan,
Yeni bir həyata başlayır Şuşa!
Zəfərli sevincini yaşayır Şuşa!
Müəllimdir həmin
müqəddəs insan
Şeiri ilk müəlliməm, mərhum Xavər Məmmədovanın ruhuna ithaf edirəm
Qələm tutub, oxumağı öyrədən,
Şagirdinə məhəbbətin bəsləyən.
Qızıl ömrü bir şamtəki əridən
Müəllimdir həmin müqəddəs insan.
Vaqif olubq hər bir elmin sirrinə,
Taparıq yol bilik xəzinəsinə.
Yox dünyada bənzəri zəhmətinə,
Müəllimdir həmin müqəddəs insan.
Vətənə məhəbbəti öyrənmişik onlardan,
"Ana" kəlməsini oxutdu Əlifbadan.
Həyat yolumuza çilər parlaq nurundan,
Müəllimdir həmin müqəddəs insan.
Xoş soraq alanda yetirməsindən,
Dağa dönər qəlbi onun sevincdən.
Dolar gözü ötən xatirələrdən,
Müəllimdir həmin müqəddəs insan.
Yetişdirər Vətənə layiq övladlar,
Usanmaz işindən, böyük zövq alar.
İllərin sınağında saçın ağardar,
Müəllimdir həmin müqəddəs insan.
Heç vaxt unudulmaz ötsə də illər,
Dəyişsə də dünyasın, qalar yadigar izlər.
Ruhuna sayğıyla rəhmət dilənər,
Müəllimdir həmin müqəddəs insan.
44-cü gün
Qəbul oldu anaların duası,
Eşidildi şad ruhların sədası.
Otuz illik ağrıların acısı
Bitdi o gün, həmin 44-cü gün,
Zəfər sorağıdır həmin şanlı gün.
Mətin oldu Azərbaycan əsgəri,
Darmadağın oldu düşmən səngəri.
Ürəklərin dərdi-qəmi, qəhəri,
Getdi o gün, həmin 44-cü gün.
Zəfər sorağıdır həmin şanlı gün.
Tab etməyib səngərlərdən qaçdılar,
Təslim olub, ağ bayraq ucaltdılar.
30 ildə qurulan sədd, hasarlar,
Çökdü o gün, həmin 44-cü gün,
Zəfər sorağıdır həmin şanlı gün.
Qəlbi Vətən, eşqi Vətən igidlər,
Qaya kimi öndə bitən igidlər,
Cənnət adlı nur məkana şəhidlər,
Köçdü o gün, həmin 44-cü gün,
Zəfər sorağıdır həmin şanlı gün.
Yumruq oldu, vardı xalqın inamı,
Həsrət ilə gözləyirdi məqamı.
Əldə bayraq sevinclərlə bayramı
Etdi o gün, həmin 44-cü gün.
Zəfər sorağıdır həmin şanlı gün.
“Ədəbiyyat və incəsənət”
(25.10.2024)
“Kloun” – Vəfa Mürsəlqızının hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı oxucularını adətən şeirləri ilə tanınan Vəfa Mürsəlqızının prozası ilə tanış edəcək. Onun növbəti hekayəsi də yəqin ki, marağınıza səbəb olacaq.
Hava küləkli idi. Həmişə küləkli günlərdə qəmgin olurdu. Başqa günlərdə də qəmgin olurdu, amma külək onda nəsə qəribə bir hüzn oyadırdı. Restoranın qarşısında həmişəki kimi çoxlu maşın və adam toplaşmışdı. Məhərrəmlikdə toy olmurdu, orucluqda isə toy edənlərin sayı kəskin azalırdı. Bu gün işə tez gəlmişdi. Adətən, işə düz vaxtında gələrdi, nə gec, nə də tez. Darısqal, yarımqaranlıq, nəm bir evin zirzəmisində kirayədə qalırdı. Bura otaq deməyə adamın dili dönmürdü. Camaat arasında xruşşovka adlanan, sovet dönəmindən qalma beşmərtəbəli evin zirzəmisini hansısa diribaş sakin suvayıb otaqfason bir şey təşkil etmişdi. Hərdən ona elə gəlirdi ki, yaşadığı ömür də ona bir növ kirayə verilib. Avtomobil, mənzil və başqa şeylər kimi. Yox, o, Allahın ona əmanət ömür verməsi barədə uzun-uzadı dini mülahizələr yürüdəcək hövsələdə deyildi. Eləcə ən loru şəkildə ömrünü kirayə yaşadığını düşünürdü. Ona görə də ömrünü belə səliqəsiz şəkildə xərcləyirdi. Necə ki adam kirayə mənzilin suvağı qopmuş divarlarına, xarab olmuş su kranına biganə şəkildə “əh, mənim deyil ki” deyərək münasibət bəsləyirdisə, o da öz ömrünə eləcə yanaşırdı. İndi yadına düşdü ki, deyəsən, heç zaman geniş, işıqlı, təmirli ev arzulamayıb. Arzular, əslində, ümidlərdən doğulur. Yəni əvvəlcə adam nəyəsə ümid edir və başlayır arzulamağa. Düzdür, zamanla insan arsızlaşır və arzular da başlayır böyüyüb hüdudunu aşmağa. Lap keçəlin padşah qızını almaq arzusuna dönür. Onun ümidi olmamışdı deyə, arzusu da yox idi. Köhnə pencəyinə büründü. Payız pencəyin mümkün olan bütün açıq hissələrindən onun bədəninə dolmağa çalışırdı. Həyətdə iki yekəpər kişi durmuşdu. Restoranın müdiri ilə nəsə danışırdılar. Görünür, toy gününün vaxtını təyin edirdilər, çünki müdir telefonunun ekranında təqvimə baxıb nəsə hesablayırdı. Sakitcə onların yanından sivişib içəri girdi. Şəlalə dönüb təəccüblə ona baxdı.
– Buy, Camal nə tez gəlmisən?
Şəlalə arıq, qara arvad idi. Qabyuyan işləyirdi. Pis adam deyildi. Bir az çoxdanışan idi, vəssalam. Şəlalənin öz keçmişi haqqında danışdıqlarını, bəlkə, üst-üstə iyirmi dəfə eşitmişdi. Şəlalə vaxtı ilə çox gözəl olduğunu, yaxşı vəzifədə işlədiyini, hətda evində qulluqçu saxladığını da deyirdi. O inanırdı. Çünki həyatda daha betər hadisələr görmüşdü. Keçib masanın arxasında oturdu. Saat beşə on beş dəqiqə işləyirdi. Saat beşdə Sünnət toyu başlayacaqdı. Demək, onun işinin başlamasına hələ qırx beş dəqiqə vardı. Başını masanın üstünə qoydu. Axşam yenə Nərgizlə dalaşmışdılar. Gecə yaxşı yatmamışdı. Evdəki gərginlik həmişə birtərəfli olurdu. Çünki Nərgiz heç vaxt ona cavab qaytarmırdı. Adətən, o, evə içkili gəlir və Nərgizi sıxışdırmağa başlayırdı. Söyürdü, acılayırdı, bəzən də yumruqlarını işə salırdı. Bir-iki dəfə qadını buz kimi havada çölə də atmışdı. Nərgiz heç yerə getmirdi. O yaxşı başa düşürdü ki, Nərgizin getməməsinə səbəb getməyə yerinin olmaması deyil. Hər halda, bu gen dünyada bir qadın üçün yer tapılardı. Bu qadına qarşı hiss etdiklərini təsvir edə bilmirdi. Bu qadını sevirdisə, o zaman niyə gününü qara edirdi, yox, sevmirdisə, niyə onunla bərabər idi? Acmışdı. Stola göz gəzdirdi. Bir tərəfdə bir-iki boşqab pendir, göyərti və süfrədən qayıtmış bildircin kababı vardı. Ürəyi sancdı. Həmişə bildirçinlərə yazığı gəlmişdi. Başa düşə bilmirdi ki, dünyada yeməli bu qədər heyvan, bitki və quş olduğu halda niyə insanın gözü bu balaca, çəlimsiz, yazıq quşcuğaclara düşür. Ömründə bircə dəfə də yeməmişdi bu fağır quşun ətini. Ona elə gəlirdi ki, əgər bildirçinlərin seçim hüququ olsaydı, hər şeyə rəğmən, Allah-təaladan onları qarğa yaratmasını arzu edərdilər. Bir də bu toy məntiqi ona çatmırdı. Əşi, bir qız bir oğlanı sevirsə, bu boyda həngaməyə nə lüzum var?.. Eləcə gedib evlənsinlər və yaşasınlar da. O yaxşı bilirdi ki, toya çağırılan üç yüz, beş yüz adamın içərisində vur-tut beş-on adam səbəbkarların xoş gününə həqiqətən sevinir. Gözləri yol çəkdi. Dəhşətli dərəcədə içmək istəyirdi. Amma özünü saxladı. Bir azdan onun növbəsi gələcəkdi.
Evlərində həmişə, demək olar ki, anadan olandan içki və içkili adam görmüşdü. Atası içən idi. Nəinki içirdi, necə deyərlər, lap küpünə girirdi. Tez-tez dava-dalaş olurdu evdə. Anasını həmişə atasından çox istəmişdi. Sonra bir gün anası öldü. Qohum-əqrəba indi də atasının evlənmədiyini, həyatını ona həsr etdiyini danışırdı. Amma bircə o bilirdi ki, evdə atasının varlığıyla yoxluğu bilinmir. Evlənməyə qalanda isə, evlərinə tez-tez cürbəcür qadınlar gəlirdi. Bu qadınlar gecə onun atası ilə bərabər, anasının yatağında yatırdılar. O isə qonşu otaqda ağlayırdı. Beləcə böyüdü, universitetə daxil oldu və sevdi.
Qız ondan bir kurs aşağıda oxuyurdu. Qaragöz, şən, diribaş bir qız idi. Adı da Gülşən idi. Heç özü də bilmirdi ki, Gülşənlə harda, nə zaman yaxınlaşıblar. Gülşənin bir rəfiqəsi vardı. Sonaxanım idi qızın adı. Sonaxanımı yetişmiş qovuna bənzədirdi həmişə. Qızın qabarıq sinəsi, dolu bədəni, gözəl üzü vardı. Əlbəttə ki. Gülşəndən çox fərqli və gözəl idi. Amma o, Gülşəni sevirdi. Sonaxanım bakılı idi. Gülşən isə Sabirabaddan gəlmişdi oxumağa. Rəfiqə olsalar da, qızlar kəskin fərqlənirdilər. Əslində, Sonaxanım Gülşənə nə qədər yaxın görünsə də, bütün hərəkətləri və davranışları ilə fərqli olduğunu göstərməyə çalışırdı. Üstünlüyünü, şəhər qızı olmasını vurğulayır və hətta Gülşəni hər mümkün fürsətdə əzirdi. O, kişi intuisiyası ilə başa düşürdü ki, Sonaxanım ona diqqət yetirir. Bəlkə də, Sonaxanım, sadəcə, Gülşənin acığına ona maraq göstərirdi. Bir bazar günü Sona zəng vurub onu atasıgilin Novxanıdakı bağ evinə dəvət etdi. Sonanın dediyinə görə, uşaqlar da bağa yığışacaqdılar. Özü də bilmədi niyə ürəyinin dərinliyində Sonanın bu uşaqlar haqda dediklərinə inanmadı. Sürücülük vəsiqəsi vardı, amma maşını yox idi. Məhlə uşaqlarından birinin maşınını götürdü. Jiquli markalı köhnə avtomobil bağ massivində irəlilədikcə sanki bədənində qarışqa gəzirdi. Bu aralar Gülşəni də, keçmişdə baş verənləri də, gələcəkdə baş verəcəkləri də unutmuşdu. Eləcə uçurdu, Sonaxanıma sarı uçurdu. Gündüzdən uşaqlarla kafedə bir az içmişdi. Beynində Sonanın kaman qaşları, çoxmənalı baxışları və sinəsi dolanırdı. Gülşənin məsum üzü də bu xəyalın arxasından arabir görünub itirdi.
Bağ evini gec tapa bildi. Gəlib çatanda saat doqquza işləyirdi. Günəş yavaş-yavaş əyilirdi. Dənizdən əsən sərin külək adamı ətri və təravəti ilə bihuş edirdi. Bir-birinə sıxılmış bağlar, meynəliklər, sahil qumları batmaqda olan günəşin şəfəqlərində çimirdi. Bağı birtəhər tapdı. Darvazadan içəri girəndə həyətdə hökm sürən sakitlikdən zənnində yanılmadığını anladı. Sonaxanım içəridən qaça - qaça çıxıb ona yanaşdı. Əynində qarışıq rəngli, göy qurşağını xatırladan sarafan vardı. Sarafan nazik idi və qızın bütün bədəni, demək olar ki, kölgə şəklində hiss olunurdu. Uzun, qıvrım saçları başının ortasında sancaqlanmışdı. Camal arzu olunduğunu anlayan kişi hiyləgərliyi ilə soruşdu:
– Uşaqlar hanı bəs?
– Uşaqlar gəlib çıxmadılar. Zəfərə demişdim, Narıngülə də. Gülşən heç. Xazyaykası onun keşiyini bərk çəkir. Bu vaxt çölə-bayıra buraxmaz. Maması bərk-bərk tapşırıb. Yenə də Gülşəni əzmək həvəsi vardı qızın danışığında. Sonra sanki səhvini anladı. Bu anda Camalın Gülşənə olan hisslərini yada salmaq lazım deyildi. Qız süzgün gözlərini oğlanın enli sinəsinə dikib gülümsündü.
– Əşş, uşaqlar nəyinə lazımdı ey sənin. Mən varam da. Otur çörək yeyək, acından ölürəm.
Sonaxanımla yedikləri kotlet, qarpız yadında idi. Bir də şərab içdilər. Qızın belə sərbəst, rahat şərab içməsi ona hətta xoş da gəldi. Beyni dumanlı idi. Bir də Sonanın dəniz qumu və fransız ətri verən saçlarını, yumşaq bədənini xatırlayırdı. Gözlərini açanda Sonaxanımla eyni yataqda yatmışdı. Qızın uzun, buruq saçları yatağa dağılmışdı. İlk hiss etdiyi şey peşmançılıq oldu. Duman dağılmışdı, onun üçün həyatda müqəddəs olan nə isə sanki sınıb yatağa tökülmüşdü. Bu qırıqlar ona batır, onu narahat edirdi. Telefonunu açdı ki, saata baxsın. Saat dördə on beş dəqiqə işləyirdi. Axşamdan bəri səssizə qoyduğu telefona on səkkiz mesaj, otuz iki zəng gəlmişdi. Zənglər də, mesajlar da Gülşəndən idi. İçini gəmirən peşmanlıq hissi içərisində sabah sevdiyi qıza nə deyicəyini, bu işlərin nəylə bitəcəyini, Sonaxanımın bundan sonra onun həyatında hansı rolu oynayacağını düşünməyə başladı. Qalxıb vanna otağına keçdi. Su şırnağı başından aşağı süzüldükcə yüngülləşirdi. Gülşəndən hər şeyi gizlətməyə qərar verdi. Hamamdan çıxanda telefonu yenidən zəng çalırdı. Özünü telefona çatdırana qədər Sonaxanım artıq telefonu açmışdı. Yəqin ki, qız gecənin bu vaxtı sevgilisinin telefonuna nə üçün rəfiqəsinin cavab verdiyini anlamağa çalışırdı. Bir anlıq çaşqın halda otağın ortasında dayanmış Gülşəni görürmüş kimi oldu. Sonaxanımın son cümləsi ox kimi beyninə sancıldı:
– Gecənin bu vaxtı neynillər ki, Gülşən, yatmışdıq.
Özünü otağa atdı, telefonu Sonanın əlindən qapıb qulağına apardı. Son eşitdiyi Gülşənin hıçqırıqları oldu. Tələsik geyinib bayıra qaçdı, Sona da onun ardınca yüyürüb son anda maşının arxa oturacağına otura bildi. Elə həyəcanlı idi ki, Sonanın maşında olub-olmamasına da fikir vermədi. Bircə şey düşünürdü, şəhərə tez çatamaq. Ancaq indi etdiyinin necə mənasız, necə axmaq bir şey olduğunu və bəlkə də, bu gün bütün həyatını dəyişdiyini başa düşürdü. Yol bitmək bilmirdi. Yalnız döngələrdən birini dönəndə ona elə gəldi ki, yol qəfil qurtardı. Nə olduğunu anlamadan uçduğunu hiss etdi. Sonanın qışqırığı, sınan şüşələrin cingiltisi və eniş...
Xəstəxanada qəzadan bir həftə sonra özünə gəldi. Sol ayağının baldır sümüyü xıncım-xıncım olmuşdu. Boynu sınmışdı, beyni silkələnmiş, daxili orqanları zədələnmişdi. Sona qəzada ölmüşdü.Yarım ilə yaxın xəstəxanalarda qaldı, atası bir dəfə də yanına gəlmədi. Qohum-əqrəba da eləcə. Xəstəxanadan yarımcan çıxdı. Qaraciyəri zədəli, sol ayağı qüsurlu, üzündə dərin bir yara izi vardı. Axırıncı kursda imtahanları vermədi, ümumiyyətlə, universitetin həndəvərinə də hərlənmədi. Bir-iki dəfə Gülşənin nömrəsini yığdı. Amma görünür, qız nömrəni dəyişmişdi. Bu vəziyyətdə, yəni işsiz, evsiz, iş qabiliyyəti olmayan bir adam hansısa sevgidən, necə danışa bilərdi?
Bu işi ona dostlarından biri tapmışdı. Kloun işləyirdi. Saat hesabı sünnət toylarında, ad günlərində təlxəklik edirdi. Atası evi satıb pulunu tapdığı küçə qadınlarından biri ilə yemişdi. İndi onun harda olduğunu bilmirdi. Özü isə kirayə tutduğu zirzəmidə onunla yaşayırdı. Təsadüfən tanış olduğu, keçmişi ilə əlaqədar heç nə bilmədiyi o qadınla. Nərgizin keçmişindən heç zaman arxayın olmamışdı. Xüsusən başına gələnlərdən sonra bütün qadınlardan zəhləsi gedirdi. İnanmırdı, etibar etmirdi. Amma Nərgiz, deyəsən, doğrudan da, onu sevirdi. Demək olar ki. hər gün evə sərxoş gəlir, içəri girən kimi də ağlına gələn ilk fikir Nərgizin ona xəyanət edə biləcəyi ehtimalı olurdu. Qapıdan girən kimi günahı oldu-olmadı, ona sığınmış, bəlkə də, həqiqətən onu sevən bu qadını döyürdü. Üç il idi bir yerdə idilər. Nərgiz bu üç ildə bir dəfə də şikayət eləməmişdi həyatından. Acıq eləməmişdi, onu qınamamışdı. Əksinə, həmişə döyüləndən sonra ona qısılır, Camal, sənin qızıl kimi ürəyin var, içmə də, nolar, deyirdi. Ona elə gəlirdi ki, Gülşən onun bütün həyatını, uğurlarını və gələcəyini özü ilə aparıb. Gülşəndən başqa qadın sevə bilməz, yaşadıqları da elə-belə, ötəri hisslərdir. Nərgizi isə sevmək üçün yox, sadəcə, sahibsiz, yazıq olduğu üçün yanında saxladığını düşünürdü. Kim idi Nərgiz? Onun sevgisinin tör-töküntüsü ilə doyan, kifayətlənməyə məcbur olan biri. Ərdən boşanmış, tək yaşamış, kim bilir, ona qədər nə oyunlardan çıxmış bir qadın. Gülşənlə müqayisəyə belə gəlməyən bir qadın. Niyə sevirdi onu bu gözəl və yazıq qadın?.. Nəyini sevirdi? Ona həmişə elə gəlirdi ki, göstərdiyi qayğı Nərgizə çoxdur. Nərgizi tumarlamaq olmaz, onu tərfiləmək olmaz, ayağı yer alar. Qudurar, ona xəyanət edər.
Banket zalına girəndə həmişəki kimi səntirlədi. Adətən, təlxək gərək girəcəkdə səntirləyəydi və hətta yıxılaydı da. Qırmızı ağzı, ağappaq sifəti ilə təzad yaradırdı. Uşaqlar bir anda onu dövrəyə aldılar. Əzbərlədiyi mətni mikrofonla oxumağa başladı. Toyu olan uşaq stulda oturmuşdu. Məzəli səslə uşağın valideynlərini çağırdı. Rayon adamına bənzəyən kişi və uzun, tünd-mavi paltar geyinmiş qadın ona yaxınlaşdı. İkinci dəfə səntirlədi, amma bu dəfə ssenaridən kənar. Uşagın anası Gülşən idi. Gülşən dəyişilmişdi, gözləri çuxura düşmüş, üzü uzanmışdı. İllərlə xəyalında yaşatdığı məsum qız yorğun, üzgün bir kənd qadınına çevrilmişdi. Özündə güc tapıb köhnə hisslərinin üstündəki qalın toz təbəqəsini ufurmək, hisslərini alovlandırmaq istədi. Başa düşürdü ki, bundan sonra onun hissləri heç kimə gərək deyil. Bu qadın ölsə də, yanındakı qara, bığlı kişini tərk etməz. Sadəcə, sevə bilmək qabiliyyətini yoxlayırdı. Amma alınmadı. Təəccüb içində kəşf etdi ki, qadın haqqında düşünən kimi xəyalına Nərgizin fağır, cazibədar, əsmər çöhrəsi gəlir. Bu arıq, qayğılı kənd qadınını sevə bilməzdi. Doğma heç nə qalmamışdı Gülşənin simasında. İçində nəsə qırıldı. O gecə, Sonaxanımla özünü bir yataqda gördüyü gecə də belə olmuşdu. Qrimlənmiş üzündəki iri gözlərindən yaş axmağa başladı. Bulanıq su sürüşkən yanaqları ilə üzüaşağı axdıqca balaca bəy təəccüblə ona baxırdı. Tamaşa sona çatmaq üzrə idi. Reqlamentə uyğun işini görmüşdü. Zaldan çıxdı. Ürəyi sancırdı. Fikirli addımlarla restorandan uzaqlaşdı.Yolu yarılayanda yadına düşdü ki, üzündəki qrimi yumayıb. Yanaqlarında göz yaşlarından qalan kirli izlər, dodaqlarında isə təbəssüm. Yolun ortası ilə bir kloun addımlayırdı, ovcunda bu axşam qazandığı pulu vardı. Yorğun gözlərini bir anlığa yumdu. Gülşənlə vidalaşmaq istədi. Çox illər əvvəlki simanı, hər gecə yuxusuna girən, hər səhər xatırladığı simanı onca dəqiqədə unutmuşdu. Gözlərini yuman kimi ağlına Gülşənin əvəzinə bayaqkı yad qadın gəlirdi. Birdən-birə Nərgiz üçün darıxdığını hiss etdi. Üç ildə ilk dəfə Nərgizi sevdiyini dərk elədi. İçində bir ümid pöhrələnirdi. Hiss edirdi ki, hər şey yaxşı olacaq. Yalniz indi yadına düşdü ki, Nərgizlə nişan üzükləri yoxdur.
Qaranlıq döngədən keçib üzündəki qrimə, əcaib görünüşünə məhəl qoymadan sahildəki dükanlardan birinə girdi. Ovcunda tutduğu əlli manatı satıcı qıza verib gümüş üzüklərdən birini aldı.
“Ədəbiyyat və incəsənət”
(25.10.2024)
-
“İlişib qalmısan kirpiklərimdə...” – Rəşad Abidoğlunun şeiri
“Ədəbiyyat və incəsənət” portalında Rəşad Abidoğlu qarşınızda öz lirik “İlişib qalmısan kirpiklərimdə” sətirləri ilə başlayan şeiri ilə dayanır.
***
İlişib qalmısan kirpiklərimdə,
Nə süzülə bildin, nə düşə bildin.
Nə mənim eşqimdən əlini üzdün,
Nə də ki, qəlbimə yerləşə bildin.
Allaha yalvarıb, tövbəkar oldun,
Tanrı şahid oldu acı taleyə.
Puç olan sevgiyə səbəbkar oldun,
Kəsdin ümüdümü üzü qibləyə.
Bilmirəm dərdimin carəsi nədir,
Bilmirəm sevirsən, nifrət edirsən?
Bəzən də can alan baxışlarınla
Məni intihara dəvət edirsən.
Qacırsan eybi yox, qac uzaqlara.
Xəyalım axtarıb səni tapacaq.
Məni qərq etdiyin qəm dəryasına,
Bu axşam mənimlə günəş batacaq.
Deyəsən, ağlımı itirirəm mən.
Titrəyir ruhumun əli əlində.
Qayıt ürəyimə havalanmamış,
Sonra qalacaqsan dəli əlində.
“Ədəbiyyat və incəsənət”
(25.10.2024)
“Sevgi ən gözəl uydurmadır - İnanın!” - ESSE
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Banu Muharremin “Yazıstan” essesini təqdim edir.
İnanmadan yaşamaq olmur.
Biz sabaha planlar qurarıq.
Amma hava proqnozu heç yanılmaz bəzən.
Yağmur, fırtına, qara buludlar çıxar. Planlarımız suya düşər. Ən çox xəyallarımız islanar. Ertəsi gûn yuxudan oyanarıq, görərik ki, hava çox gözəldir. Hər şey yolunda, hər şey qaydasında. Dünən dünəndə qalıb, bu gün bu gün kimi davam edir.
Mən gözlərə inanaram. Sözlərə yox, hisslərə, amma bəzən heçnədən hər şey gözəl ola bilər.
Nədir bunun açıqlaması, bilmirəm. Anlaya bilmirəm. Amma deyəsən həyat özünü bizə bağışlatmağa çalışır.
Əgər hər şey çox pisdirsə nə itirərik ki?!
Sirr cahiliyik hamımız.
Bəzən sadəcə inanın. Ya bir gün yağış sizə yaxşı gələcək, ya da yağışın altında yaşadıqlarınız.
İnanmadan yaşamaq olmur.
Həyat doğru içində yalan yuxudur. O yuxular ağ və qara rəngdən ibarət deyil, çalarlarla doludur.
Həyat sevgi ilə rəngarəng ola bilir. İnanmaq isə o sevginin ən parlaq narıncısıdır. Portağal rəngi kimi.
İnsan necə sevər bilirsiz?
Səhərlər təndirdən təzəcə bişib çıxmış çörək qoxusu gələr, qoxusunu sevərsən. Qoxlayarsan, burnundan, sevərsən.
Suyun bir şırıltılı axışı olar, üsul-üsul. Dinləyərsən, qulağından, sevərsən.
Qışda üşüyüb qalın bir jaket geyərsən, kürəyinə istilik gələr.
İsinərsən, əllərindən, sevərsən.
Qürub çağının bir rəngi vardır - qıpqırmızı. Ürəyinin içi o rəngə boyanar. Gözlərindən, ürəyindən, sevərsən!
Sevgi ən gözəl uydurmadır - İnanın!
“Ədəbiyyat və incəsənət”
(25.10.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Əmir Hacılının adsız şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Xoydan Əmin Hacılıdır.
Əmin Hacılı
Xoy
Bir xətt çək yol olsun
Bir xətt çək yolun üstünə.
Dönüş yolu olsun
Sus və dinlə.
Səsimi tanıyırsan
Səsimi səslər arasında
Hüznümü tanıyırsan
Sevinc gülüşləri arasında.
Yola düşdüyümdə unutmağını tanıyırsan
Qabağımı alınca keçmişə dönəcəyimi.
Bir şeylər bilirsən haqqımda
Bir şeylər bilirsən sənə baxınca.
Səsimi tanıyırsan örnəyin
Hüznümü oxşayırsan gözlərindən
Utanınca
Bir xətt çək yol olsun
Sürmə göz yaşının xəritəsini
Çəkir ovurdlarında.
Bir xətt çək dönüş yolu olsun
Sürmə səsini susdurar
Yahmaladığında
Sus və dinlə.
“Musiqi səsini eşitməyənlər üçün rəqs edənlər dəlidirlər”
Deyən filosofa Ambiyansdan danış
Yarpaq necə saralırsa
İnsan necə saralırsa
Sarı necə yaraşırsa yolu əzbərdən bilən bir qadına
Bunların səsini döşündə saxla
Sonra bir xətt çək
Yol olsun
Sən əzbərə get
Bir xətt çək dönüş yolu olsun
Mən naşıca gəlim ardınca
Sus və dinlə.
Sürmə göz yaşının xəritəsini çəkir ovudlarında...
“Ədəbiyyat və incəsənət”
(25.10.2024)
BİR SUAL, BİR CAVAB Əkbər Qoşalı ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
"Uca dağ", “Xəfif meh", "Yaşıl", "Xəyal", "Əbədi"... – Əkbər bəy, bu sözlərdən istifadə edərək bizlərə poetik tüllü, zərif bir cümlə bəxş etmənizi istəsək, xahişimizi yerinə yetirərsinizmi? Böyük həvəslə o cümləni gözləyirik.
CAVAB
Olmağına olar, o sözlərdən toxunmuş cümlə olar, hətta bir bənd şeir də olar)... ancaq bu bir qədər texniki həll olacaq yəqin.)
Buyurun:
Uca dağ başına teyləndi xəyal,
Xəfif meh sanaraq ötürdü dağlar...
Yaşıl vadilərdə saralan yarpaq,
“Əbədi can” yoxdur deyibən ağlar...
“Ədəbiyyat və incəsənət”
(25.10.2024)
Elm və Helm - TRİBUNA
“Ədəbiyyat və incəsənət” portalı Tribuna rubrikasında tanınmış yazar, pedaqoq və naşir Şəmil Sadiqin “Elm və Helm” məqaləsini təqdim edir.
Bir gün Şamda dini təhsil alan bir gənc alim müəlliminə deyir ki, məncə, mən dini bilgiləri yetərincə aldım, icazənlə gedim, Təbrizimə, elimə, obama xidmət edin. Müəllimi etiraz edir, deyir, oğul, sən elmi öyrənmisən, amma helmin yoxdur, bir az da qalmalısan. Gənc razılaşmır, getməli olur. Dönür Təbrizə. Bir məsciddə mollanı dinləyəndə görür ki, yanlış danışır, müqəddəs kitabı təhrif edir. Dözmür, etiraz edir. Molla görür ki, vəziyyət ağırdır, el içində biabır olacaq, deyir, ey camaat, bu məxluq, bizi parçalamağa gəlib, təfriqə yaratmaq istəyir, bölücülüklə məşğul olur. Rədd edin burdan bunu. Camaat da fətvaya əməl edib, bu gənc alimi döyə-döyə qovurlar. Gənc dönür Şama, yenidən təhsilini davam etdirir. Beləcə, helmi də öyrənir, qayıdır Təbrizə! Yenə həmin məscidə gedir və mollanı dinləyir. Sonda durub mollanı xeyli tərifləyir və deyir ki, filan şeyx dedi ki, Təbrizdə bir molla var, o Allahın xoş bəndəsidir, kimdə ondan bir tük olsa, cənnətlikdir. Camaat düşür mollanın üstünə və yolurlar. Beləcə, ustaca qisasını almağı bacarır.
Bəzən təkcə elm dada yetmir, helm daha çox işə yarayır!
“Ədəbiyyat və incəsənət”
(25.10.2024)
POETİK QİRAƏTdə Fərid Hüseyndən “Onurun şeiri”
“Ədəbiyyat və incəsənət” portalının Poetik Qiraət rubrikasında istedadlı gənc şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər sektorunun müdiri Fərid Hüseynin şeirləri həftəsidir. İlk olaraq “Onurun şeiri” şeiri təqdim olunur.
ONURUN ŞEİRİ
Paytaxt ayağıyla tələsir hamı:
Biri kefə qaçır, biri kinoya,
Qarışqa səfinə düzülüb indi
Mən də yollanıram isti yuvama.
Şeytan üzərimə torun atmamış,
Evə çatmalıyam oğlum yatmamış.
Qədəh gecələri çağırır məni,
Nəfsin üzü gülür telefonumda.
Birisə yarımçıq arzularına
Nöqtə təklif edir günün sonunda.
Razılıq qanına əlim batmamış,
Evə çatmalıyam oğlum yatmamış.
Sədd aşantək aşıb işıqforları
Bəxtimi tıxacda hər gün söyürəm,
Evə gecikəndə zəngi basaraq
Ən dadlı röyasın yarı bölürəm.
Şirin yuxusuna haram qatmamış,
Evə çatmalıyam oğlum yatmamış.
Baxıram yataqda yatmış uşağa,
Görürəm üzündə gülüşü yatıb,
Dodaqlar aralı, uzalı qalıb,
Mənə pay olmayan öpüşü yatıb.
Peşmanlıq günümə zəhər qatmamış,
Evə çatmalıyam oğlum yatmamış.
“Ədəbiyyat və incəsənət”
(25.10.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Natiq Məmmədli, “Taclı mələklər”
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
NƏSR
NATİQ MƏMMƏDLİ
TACLI MƏLƏKLƏR
(Hekayə)
Üç gündür atasının, anasının kürrüyünü eləyən altı yaşlı nəvəm indən sonra həyətə də düşürtməyəcəyimizi biləndə hikkəsindən evin altını üstünə çevirməyə başladı. Yarıya qədər getdiyi məktəbəqədər hazırlıqda öyrəndiyi hərfləri divar kağızlarının üzərinə yazmağa girişəndə, özümdən çıxsam da, anam nəticəsinə qahmar çıxıb “qoy nə istəyir, eləsin” demişdi. Bilməzdim ki, görəcəkli günlərimiz qabaqdaymış - karantin müddəti uzandıqca təzəcə təmirdən çıxmış mənzilimizin divarları yavaş-yavaş Qobustan qayalarını xatırladan rəsmlərlə “bəzənəcək”, adama gəl-gəl deyən ilıq yaz havasında tumurcuqlayan ağaclara, kimsəsiz küçələrə pəncərədən boylanacaq nəvəm hər gün günəş və çiçək şəkilləri çəkib ürəyimi param-parça edəcəkdi.
Bir tərəfdən uşağı qınasam da, heç özüm də bir yerdə qərar tuta bilmirdim. Qəribəydi, həmişə evdə olmağı, vaxtın qovhaqovunda yarımçıq qalan işlərimi tamamlamağı arzulamışdım. Ən azından müdafiə ərəfəsində olan iki dissertasiyaya opponent rəyi yazmalıydım, hələ günü-günə calayaraq yekunlaşdırmağa həvəs göstərmədiyim monoqrafiyama da əl gəzdirmək lazım idi. Elə hey gileylənirəm ki, vaxt eldə bilmirəm, indiysə nə qədər desən vaxtım vardı, amma heç cür əlim işə yatmırdı. Çünki Novruzdan sonra baharın ilıq nəfəsinin qış mürgüsündən oyatmağa çalışdığı dünyamızda işlər yolunda deyildi, biz Aya turist kimi getməyə hazırlaşırdıq, Marsın səthini isə az qala öz aramızda bölüşdürüb qurtarmışdıq. Və birdən Şərqdən başlayan qrip epidemiyası həyatımızın ritmini elə pozdu ki, yeganə çıxış yolumuz bir-birimizdən təcrid olunmaq və evdə oturmaq oldu. Ən dərin yuxumuza belə girməyən şeylər sanki həyatımızın reallığına çevrilmişdi. Mən tarixçiyəm, bəşəriyyətin bu vaxta qədər dəhşətli müharibələrdən keçməsi, epidemiyaların milyonlarla insanın həyatına necə son qoyması barədə oxuduğum kitabları bir daha vərəqləməyə başladım. Amma biz orta əsrlərdə yox, mikrobioloqların, gen mühəndislərinin az qala hər il Nobel mükafatı aldığı XXI əsrdə yaşayırdıq və birdən sadə bir qrip inkişaf eləmiş dünyanın sakinlərini öz evlərində həbs edir. Gen mühəndisliyi demişkən, bunun heç də sadə qrip olmadığını izah eləmək üçün sosial şəbəkədə roliklər paylaşan Genetika İnstitutunda çalışan rəfiqəm dönə-dönə deyirdi ki, vaksinin tapılması üçün əvvəlcə virusun genini təyin eləmək lazımdır. Amma bu, heç də asan məsələyə oxşamırdı, bəlkə də bir il gözləmək lazım gələcəkdi. Dünyamızsa suyu qurumuş dəyirmana bənzəyirdi, maşınların şütüdüyü küçələr, insanların qaynaşdığı səkilər, baharın ətri gələn yaşıl xiyabanlar ölü sükuta dalmışdı. Hərəmiz öz damımızın altına sığınıb dünyamızdan gələn səksəkəli xəbərləri təəssüflə izləyirdik, virusun qızdırmalı, öskürəkli nəfəsi qapımızın kandarında dayananda isə artıq bunun yuxu olmadığını hiss eləməyə başladıq. Qorxurduq. Bəla hər yerdə ardımızca sürünürdü - əlimizin dəydiyi, nəfəsimizin toxunduğu nə vardısa hamısında qripin taclı virusları pusquda dayanıb yolumuzu gözləyirdi. Biz görüşəndə qucaqlaşıb öpüşərdik, indisə üz-üzə gələndə yolumuzu dəyişir, sifətimizi gizlətdiyimiz maskanın üstündən daha çox acizliyin, bir balaca da ümidin parıltısı ilişmiş gözlərimizlə bir-birimizə təskinlik verməkdən başqa əlimizdən bir iş gəlmirdi.
- Mən həyatım boyu o qədər epidemiyalar görüb yola vermişəm ki, bütün dünyanı iflic edən beləsini təsəvvür eləməzdim, - doxsan beş yaşlı anam televiziya xəbərlərində virusdan ölənlərin hər gün yenilənən elektron lövhəsi qarşısında aparıcının həyəcanlı məlumatlarını dinləyərkən belə dedi. Anam artıq çoxdan təqaüdə çıxmış infeksionist uşaq həkimiydi, yarım əsrlik fasiləsiz əmək fəaliyyətinin on ilini vaxtıyla adına “uşaq Allahı” deyilən, Bakının məşhur pediatrı Qindesin rəhbərliyi altında işləmişdi. Anam yoluxucu xəstəliklərlə mübarizə aparanda biz uşaq idik, dumanlı şəkildə xatırlayıram ki, atüstü evimizə dəyib təzədən xəstəxanaya yollananda rəhmətlik atam işini-gücünü buraxıb bütün gününü bizim şıltaqlığımıza dözərək keçirirdi. Amma biz bunun adının pandemiya olduğunu və həyatımızın indiki kimi təhlükədə qaldığını hiss eləmirdik. Heç valideynlərimiz də işin yükünü evə gətirməz, bizim yanımızda çətinliklərdən söz açmazdılar, bildiyimiz bir o idi ki, atamız şərqşünas, anamızsa sözəbaxmayan uşaqlara iynə vuran həkim idi.
- Ana, yəqin sizin vaxtınızda infeksiyalar indiki kimi sürətlə yayılmırmış, ölənlərin sayı da çox deyilmiş, - soruşdum.
- Nə danışırsan, qızım? Ölənlərin sayı indikindən dəfələrlə çox idi. Bakının da, elə o biri şəhərlərin də xəstəxanaları dolub-daşırdı. Amma sovet hökumətiydi, çox şey gizlədilir, düz-əmməli hesab-kitab aparan da yox idi. Hə, indiki kimi hərənin əlində bir telefon da yox idi axı? Mən də eynən Nadirə kimi gecəmi gündüzümə qatmışdım. Həkimlər az, xəstələrsə bir ucdan artırdı. Çatdıra bilmirdik, bala, - Nadirə anamın öz adıdı, qardaşım oğluna atamın adını vermişdi, mən də qızım dünyaya gələndə heç düşünmədən anamın adını qoydum. Hardan biləydim ki, balaca Nadirə də böyüyəndə adını daşıdığı nənəsi kimi həkim olacaq, həm də infeksionist və elə bir gün gələcək ki, pandemiya başımızın üstünü qara bulud tək kəsdirəndə o, da eynən nənəsi kimi mübarizəyə qoşulacaqdı. Tarix təkrarlanır, amma peşəkar tarixçi kimi bilirəm ki, bu, heç də yaxşı hal deyil. O, insanların səhvlərini, buraxdıqları boşluqları xatırlatmaq üçün təkrarlanır, zamanın kəmkəsirini gərək vaxtında ödəyəsən. Lakin filosofluq eləməyimin artıq anlamı qalmamışdı, çünki tarix doğrudan da təkrarlanmışdı, özü də tək anamın və qızımın yox, bütün insanların taleyində.
- Yadımdadı, müharibədən sonra, 40-cı illərin axırlarında “səpmə yatalaq” epidemiyası elə sürətlə yayıldı ki, yoluxan zavalı körpələrin yarıdan çoxunun həyatını xilas eləmək mümkün olmadı, - anam danışmağa başladı.
Atam da, elə mən özüm də həmişə onun yaddaşına həsəd aparmışıq, faktları, rəqəmləri, hətta fikir vermədiyimiz xırda detalları elə gözəl xatırlayır ki, sanki tarix kitabı oxuyursan.
- 50-ci illərin ortalarında “qayıtma yatalaq” xəstəliyi tüğyan eləməyə başladı. Həmin vaxtı biz bütün sutkanı, gözümüzü qırpmadan işləyirdik…
- Hə, o vaxtlar dumanlı da olsa, yadıma gəlir. Bizi bağçaya getməyə qoymurdunuz. - Çünki yatalaq təzə anadan olan uşaqları, bir də qocaları oraq kimi biçirdi. O zaman mənim əynimdə adicə ağ xalat, bir də hər gün spirtlədiyimiz adicə maska var idi. Allahın işinə bax ki, nə mən, nə də həmkarlarımdan heç kim yoluxmadı. Bilirsən, biz həmin xalat və maskayla illərlə vərəm şöbəsində də işləmişik, heç vaxt da qorxmamışıq, ağlımıza gəlməyib ki, yoluxa bilərik. Amma indi Nadirənin əynində skafandr təsəvvür edəndə, ürəyim ağrıyır. Hələ Arifin burnunun üstündəki qızartılar…
Arif qızımın həyat yoldaşıdı, universiteti də bir yerdə oxumuşdular, ikisi də infeksionist olsalar da, fərqli xəstəxanalarda işləyirdilər. Lakin karantin zamanı hər ikisi vəziyyəti daha ağır olan şəxslərin yerləşdirildiyi xüsusi ayrılmış xəstəxananın reanimasiya şöbəsinə təhkim olunmuşdular. Dünən gecə yarısı qızlarına baş çəkməyə gələndə nəvəm yatmışdı, yaxşı ki, zavallı qızcığaz valideynlərinin o halını görmədi. İkisinin də rəngi qaçmış sifətində taxdıqları maskanın buraxdığı dərin izlər gendən sezilirdi, Arifin gözlərinin altı qaralıb tulumlanmış, burnunun üstündə qızartılar peyda olmuşdu, Nadirəninsə gözləri yol çəkir, danışa-danışa eləcə dizlərini ovxalayırdı. Onların yorğun sifətinə baxanda anam heç əhvalını pozmadı, əksinə cavanlığını xatırlayırmış kimi sualları yağış tək yağdırırdı və mənə elə gəldi ki, hətta gecənin bu saatında təzədən ağ xalatını geyinib nəvəsinə qoşulmaq üçün himə bənd idi. Mənsə nə qızımı, nə kürəkənimi heç vaxt belə heyi kəsilmiş görməyə adət eləməmişdim, sanki ağır döyüşdən çıxıb yolüstü doğmalarına baş çəkməyə gəlmişdilər və təzədən döyüş meydanına qayıtmaq üçün tələsməliydilər. Onlar nigarançılıqlarını gizlətməyə çalışsalar da, vəziyyətin ciddiliyini, bəlkə də çıxılmaz olduğunu yorğun gözlərindən oxuyurdum. Etiraf edim ki, onların gəlişinə kimi adi qripin dünyamızın altını üstünə çevirəcəyinə elə də ciddi yanaşmırdım, bunun hansısa dərman firmalarının, beynəlxalq güclərin uydurduğu informasiya imitasiyası hesab edirdim. Qızım da, kürəkənim də, bacardıqları qədər bizə təskinlik verməyə çalışırdılar, lakin başımızın üstünü hazırlıqsız kəsdirən elan olunmamış savaşın addım səsləri artıq evimizin kəndarında eşidilirdi.
“Bəs nə edək?”, - dərsini bilməyən uşaqlar kimi onların rəngi qaçmış sifətinə baxıb dillənəndə, hər gün sosial roliklərdə eşitdiyimiz sözlərdən savayı bir şey demədilər – “evdən qalın, əlləri tez-tez yuyun, aranızda məsafə saxlayın”.
Qızım ürəyimə bələd idi, onsuz da onlardan sarı nigaran qalacağımı bilirdi, odur ki, mənə toxtaqlıq vermək üçün iş şəraitlərinin yaxşı olduğunu, vaxtında yeyib-içdiklərini, səkkiz saatdan çox işləmədiklərini söylədi.
- Səkkiz saat nədi ki? Biz o vaxtlar bütün sutkanı ayaq üstə keçirərdik, - uşaqlar gedəndən sonra anam dilləndi.
- Elə bilirsən başa düşmədim, məni toxtatmaq üçün elə dedilər. Onlar da çox işləyir, ana…
- Elə də olmalıdı, - anam soyuqqanlı cavab verib əllərini yumaq üçün vanna otağına keçdi. Yəqin uzun illərin formalaşdırdığı peşə vərdişindən irəli gəlirdi ki, o, atamdan da, elə mənim özümdən də fərqli olaraq heç vaxt təmkinini pozmazdı, hər halda biz anamızı nə vaxtsa əsəbiləşib özündən çıxan görməmişdik. Atamın işiylə bağlı altmışıncı illərdə ailəmizlə birlikdə iki il Əfqanıstanda yaşayandasa, anamı təzədən kəşf elədim, tək ana kimi yox, yüzlərlə tanımadığı xəstələrə şəfa verən həkim, dağ ürəkli insan kimi. Qardaşım məndən iki yaş böyük olsa da, indi soruşanda çox şeylər yadına yuxu kimi gəlir, mənsə vətənimizdən uzaqlarda, yad adamların arasında, atamın narahat günlərini, anamınsa necə gecəsini-gündüzünə qatmadan işlədiyini xatırlayıram. Xaricə yollanarkən elə bilirdik ki, nəhayət, anam artıq bütün gününü bizimlə keçirəcək, heç başqa ölkədə çalışmaqdan ötrü rəsmi icazəsi də yox idi. Başında həmişə qara buludları əskik olmayan Əfqanıstanda o zamanda çiçək xəstəliyi tüğyan eləyir, həkim çatışmır, uşaqlar kütləvi şəkildə qırılır, sağalanlarınsa ömürlərinin axırına qədər üz-gözləri çopur bağlayırdı. Sizcə, anam rahat oturardımı? Yenə də ağ xalatını geyinib maskasını spirtlədi. Yadıma salanda indi də heyrətlənməyə bilmirəm, ictimai əsaslarla, yəni bir qəpik belə ummadan çiçək pandemiyası ilə mübarizəyə qoşuldu. Tərslikdən həmin vaxt qardaşım, ondan təxminən iyirmi gün sonra mən də çiçəyə yaxalandıq. Atam təşviş içindəydi, üzə vurmasa da, bizi Əfqanıstana gətirdiyinə görə çox peşman olmuşdu. Anam tanımadığı əfqan balalarının başı üzərində pərvanə tək dolandığı kimi bizi də xəstəliyin ağuşundan xilas elədi. Yeganə qorxumuz çopur qalacağımız idi, şükürlər olsun ki, hər şeyi yaxşı adlada bildik.
- Bu da keçib gedəcək, qızım, özünü darıxdırma, - anam hələ də pəncərənin qabağında dayanıb Nadirəgilin maşınının arxasınca baxdığımı görüb dilləndi.
- Ana, Əfqanıstan yadındadı?
- Hə, kasıb ölkə, hər yanı cənginə alan lənətə gəlmiş çiçək, bir də hədiyyə kimi mənə verilən bahalı qaragül dərisindən kürkü geri qaytarmağım… Hamısı yadımdadı.
- Qaragül dərisindən kürk? Bax, o, mənim yadımda deyil.
- Çünki heç sizə deməmişdim də. Amma atan o kürkdə gözüm qaldığını bilirdi, günlərin bir günü ondan yaxşısını alıb gətirdi. Biz kimdənsə hədiyyə ummurduq axı. Qaldığımız şəhərin merinin oğlu vərəmə tutulmuşdu. Adı nəydi onun? Hə, Məhəmmədəli. Altı yaşında, elə mehriban, istiqanlı uşaq idi ki. İki qaşının arasında hind qızları kimi yumru qara xalı varydı. Bütün günü də ağlayırdı “mənim hələ altı yaşım olmayıb. Mən ölməyəcəm, ölməcəyəm”, deyirdi.
- Mən elə bilirdim ki, təkcə çiçək yayılmışdı.
- O zamanlar “vərəm” də, “çiçək”lə qol-qola verib varlı, kasıb demədən bütün komaları, imarətləri dolaşırdı. Məhəmmədəlini müalicə eləyib sağalda bildim, amma əkiz əmisi uşaqlarını xilas eləmək mümkün olmadı. Şəhər merinin arvadı mənə qaragül dərisindən olduqca gözəl, həm də bahalı bir kürk gətirmişdi. Rəhmətlik atanın bircə qıyqacı baxışı kifayət elədi ki, hədiyyəni geri qaytarım. Biz sovet adamları idik, öz prinsiplərimiz vardı… Bakıya qayıdandan sonra aradabir Məhəmmədəlidən məktublar alırdım, rəssam olacağını yazırdı. Sonra əlaqəmiz kəsildi. Eh, gör aradan nə qədər illər keçib.
- Rəssam? Mən də rəssam olacam!, - gözlərini ovuşdura-ovuşdura yatağından qalxıb bayaqdan bizə qulaq asan nəvəm İradə gileyli-gileyli dilləndi. Hə, yadımdan çıxmamış deyim ki, nəvəm də mənim adımı daşıyır. Düzdü, bunu qızımdan ya kürəkənimdən heç vaxt xahiş eləməmişdim. Özləri belə istəmişdi, nə gizlədim, elə mənim də ürəyimə yatmışdı.
- Bəs dünən deyirdin müğənni olacam. Nə tez fikrini dəyişdin?,- anam mənə göz vurub dilləndi.
- Müğənni də olacam də. Şəkil çəkən müğənni olmur ki?, - nəvəm də hazırcavablığından qalmadı.
- Nə deyim, bala, heç bizim nəsildən mahnı oxuyan çıxmayıb. Biz yaxşı həkim oluruq…
- Yox, mən həkim olmayacam! Həkimlər çox, hamıdan çox kitab oxuyurlar. Axşamlar da evlərinə gəlmirlər. Müğənni yaxşıdı, hamı səni tanıyır, qəşəng evlərin, maşınların olur, - qoca nənəsinin nəsə deməsini gözləmədən nəvəm zümzümə eləyərək yan otağa keçdi. Yavaş-yavaş uşağın cır səsi bütün evi başına götürdü. İndi o, rəngli karandaşlaryıla divar kağızları üzərində “rəssamlıq” məharətini göstərir, həm də səsinin yetdiyi yerə kimi dayanmadan mahnı oxuyurdu.
- Görürsən, zəmanə uşaqlarıdı, - anam dedi, - nəyəsə məcbur eləmək olmur. Elə sözlər danışırlar ki, adamın matı-mutu quruyur. Biz bu yaşda ev, maşın haqqında nəinki fikirləşmirdik, heç istəsək də fikirləşə bilməzdik.
- Ana, belə baxanda uşağı da qınamaq olmur axı. “Aşıq gördüyün çağırar”, - dedim. Sonra yenidən anamın xatirələrini çözələməsi üçün söhbəti Əfqanıstandan saldım. Evimizə qapandıqca vaxtın necə keçməsinin heç bir anlam kəsb etmədiyini duymağa başladıq. Elə bil bələkdə qırxı çıxmayan uşaq idik, yavaş-yavaş gecəylə gündüzün yerini səhv salırdıq. Anamın xatirələri təkrarlananda və bir də müğənni olacağını az qala hər gün israrla sübut eləməyə çalışan nəvəmin “repertuarı”nda təzə mahnılar peyda olanda evimizin divarları arasında zamanın hələ dayanmadığını hiss edirdim. Ömrünün əlli ilindən çoxunu çiçək, vəba, qızılca, vərəm kimi yoluxucu bəlaların qarşısını almağa həsr eləmiş doxsan beş yaşlı anam hər gün əllərini yuyur, spirtləyir, məni də, nəvəmi də bunu eləməyə məcbur edirdi. Bu bəlanı da adladacağımıza elə əmin idi ki, onun optimizmini paylaşmamaq mümkün deyildi. İsti divarlarımızdan kənarda – ölkələrini, şəhərlərini, kəndlərini gəzməkdən doymadığımız dünyamızda vəziyyət hələ də yaxşı deyildi.
- Həkim, düzünü deyin, mən ölməyəcəm, hə? Belə yaşlı görsənməyimə baxmayın ha, heç altmış yaşım olmayıb. Həkim, mən ölməyəcəm, eləmi? -, Bakıda Novruz şənliklərində iştirak eləmək üçün İrandan Azərbaycana gələn turistlərin bəzilərində virusun nəticələri müsbət çıxmışdı. Onlardan vəziyyəti ağır olanları isə Nadirəylə Arifin çalışdığı xəstəxananın reanimasiya şöbəsində yerləşdirmişdilər. İki qaşının arasında hind qızları kimi yumru qara xalı olan kişinin nəfəs almağı çətinləşəndə, süni nəfəs aparatına qoşmaqdan başqa əlac qalmamışdı. Az qala hər gün Nadirənin skafandrın qalın eynəyinin arxasından parlayan çuxura düşmüş gözlərinə baxaraq günahsızlığını sübut eləməyə çalışan uşaqlar kimi hələ altmış yaşının tamam olmadığını dönə-dönə söyləyirdi.
- Bilirəm, bu, elə bir dərdi ki, qocaları götürür. Amma, həkim, Allaha and olsun ki, mənim heç altmış yaşım olmayıb. Vallah, altmış yaşım yoxdu…
- Sizə heç altmış da vermək olmaz,- Nadirə onun xəstəlik tarixçəsinə göz gəzdirib dilləndi. Öskürək hələ ki, şiddətli olmasa da, qızdırma artıq öz işini görmüşdü; kişinin dodaqları çat-çat olmuş, burnunun ətrafı və gözünün altı göyərmişdi, nəfəs almağı çətinləşdikcə nəbzinin ritmi də aşağı düşürdü. Xəstə müalicəyə adekvat görünürdü, lakin bir vaxtlar vərəmin zədələdiyi ağ ciyərləri hərarətin artacağı təqdirdə həyatını təhlükə altında qoya bilərdi. Onunla eyni palatada yatan xəstəni artıq xilas eləmək mümkün olmamışdı. Elə başqa xəstəxanalardan gələn xəbərlərdə də ürəkaçan bir şey yox idi. Kişi qara qızdırmadan ayılıb özünə gələndə, hər gün eyni şeyləri danışırdı. Bəlkə də sayaqlayırdı, amma Nadirə üçün onun danışığına qulaq asmaq, vaxt tapdıqca söhbət eləmək elə müalicə qədər vacib idi. Virusun caynağında çırpınan xəstələrin çoxu heç sayaqlaya da bilmirdilər. İnsan bir göz qırpımında statistik rəqəmə çevrilirdi – hər gün bu qədər yoluxdu, bu qədər öldü, bu qədər sağaldı. O, sanki özünün rəqəm olmadığını sübut etmək üçün mücadilə aparır, yalnız və yalnız sağalanların cərgəsində dayanmaqda israrlı idi. Bu xəstəxanada sayaqlamağı bacarmaq elə nəfəs almaq qədər vacib idi.
- Altmış nədi ki, hə, həkim? Altmış nə yaşdı ki?
- Əlbəttə bir yaş deyil. Siz də maşallah, yaxşı görünürsünüz…
- Həkim, mən sizin şəklinizi çəkəcəm. Mən rəssamam axı… rəssamam…
- İnşallah! Sağalandan sonra, amma skafandrda yox.
- Mən bilirəm necə çəkəcəm. Sizin şəkilinizi… özüm bilirəm… Skafandrda olsanız da, sizi görürəm… Altmış yaş boş şeydi, eləmi?
- Yaşınızı özünüzə dərd eləməyin, artıq.
- Yox, həkim, mən özüm tez-tez belə deyirəm ki, qoy əzrayıl da eşitsin. Mən bayrama gəlmişdim axı... Heç bayram vaxtı da adama qıyarlar? Altmış yaş nədi ki?..
- Bəs nə çəkrisiniz? Portret, peyzaj…
- Mən müharibə adamlarından çəkirəm, həkim. Bilirsiniz nə qədər müharibələr görmüşəm? Biz Əfqanıstan qaçqınıyıq. Çoxdan… Çoxdan qaçmışıq... müharibədən… İndi Təbrizdə…-, öskürək şiddətləndiyindən nə qədər çalışsa da, sözünün davamını gətirə bilmədi. Nadirə onun başını dikəldib su verdi. Hərarəti də artmışdı. İndi o, hər gün qılığına girdiyi əzrayılla növbəti savaşa başlamışdı. Həkim dan yeri sökülənə qədər alını hind qızları kimi xallı xəstənin başının üstündən çəkilmədi. “Yox, mənim altmış yaşım yoxdu… yox… yox… altmış nə yaşdı ki…”,- o, bütün gecəni bax beləcə sayaqladı. Səhər Nadirəni Arif əvəz edəndə xəstə bir az toxtamışdı, ağır-ağır da olsa, nəfəsi gedib gəlirdi.
Dünyanın bütün xəstəxanaları dolub-daşırdı, sanki bəşəriyyət eyni vaxtda savaş vəziyyəti almışdı. Hamı səbirsizliklə Şərqdən yayılan bəlanın kökünü kəsən vaksinin hazırlanacağı günü gözləyirdi. Günlər uzandıqca, evə qapanmış adamların səbri də tükənirdi. Yalnız təbiət öz işindəydi; baharın nəfəsi toxunan ağaclar çoxdan tumurcuqlayıb, çiçək açmışdı, köhnə “beşmərtəbə”lərin həyətində yumrulanmış alçalar, göyərmiş əriklər pitrax budaqlarına dırmaşacaq dəcəllərin yolunu gözləyirdi. Novruzu yola verəndən sonra Pasxanın çıxmasına bəndmiş kimi sərçələr civildəşərək pəncərələrimizi döyəcləyir, hər səhər onları yemləyəcək adamların yolunu gözləyən alabəzək göyərçinlər kimsə gözə dəyməsə də, yenə də ümidlərini itirməyib səkilərin kənarına qonardılar. Əslində ümidini itirməyən tək onlar deyildi, insanların dəvə səbri tükənsə də, göyərçin ümidi hələ öləziməmişdi. Nadirə artıq başqa xəstəxanaya təhkim olunmuşdu, Arifsə reanimasiya şöbəsində işinə davam edirdi. Sağalanların sayının yavaş-yavaş artdığını da birinci onun dilindən eşitdik. Xəbərlər proqramlarında karantin rejiminin artıq yumşaldılacağı barədə ara-sıra söhbətlər gedirdi. Bizim göyərçin ümidimiz günü-gündən qanadlanır, evimizin divarları arasında qərar tutmayıb doğma şəhərimizin yaşıl xiyabanlarının üzərindən ötmək istəyirdi. Arif hamımızın, hətta aylardı ki, müğənni olacağını israrla söyləyən nəvəmi də heyrətə salan müjdəli xəbərini isə mayın ortalarında verdi. Pandemiyadan sonra ilk dəfəydi ki, ailəlikcə nahar süfrəsinə toplanmışdıq, az öncə xaricdəki qardaşımla da “Skyap”la söhbətləşməyimiz anamın nigarançılığına son qoymuşdu. Dünyamızın yavaş-yavaş özünə gəlmək istəməsi hamımızı sevindirdi. Arif əlində iri dördkünc bağlama evə gələndə, nəvəm bunun ona hazırlanmış növbəti sürpriz olduğunu düşünüb civiltili səsini başına atdı. Bu aralarda könlünü almaq üçün demək olar ki, hamımız ona balaca da olsa nəsə sürpriz edirdik axı.
- Bunu xəstəxanaya gətirmişdilər. Sənə gəlibmiş, - Arif çiyinlərini çəkərək bağlamanı Nadirəyə göstərdi, - özü də Təbrizdən.
Qızım gözlərini döyüb üzümüzə baxdı. Nə bizim İranda qohumlarımız var idi, nə də onun rəfiqələri. Hər halda mənə elə gəldi ki, bu, yenə Arifin növbəti zarafatlarından biridi. Yorğun, üzücü günlər yaddaşımızda ilişmiş pis yuxu kimi arxada qalmışdı və biz yavaş-yavaş pandemiyadan əvvəlki həyatımızın ritminə qayıtmağa cəhd göstərirdik. Zarafatlar isə bir zamanlar həyatımızın az qala gündəlik normasına çevrilmişdi. Nadirə bağlamanı açandaysa, bunun zarafat yox, gözəl bir portret olduğunu gördük – çuxura düşmüş gözlərindən sevinc yağan əsmər sifətli həkim başını azca yana əyib gülümsəyirdi. Gur qara saçlarını boynunun arxasından buraxmış, əllərini ağappaq xalatının qarşısında çarpazlamışdı, başındaysa üzündəki yorğun təbəssümü tamamlayan şahzadəsayağı zərif bir tac var idi. Rəsmin aşağısında kursivlə bu sözlər yazılmışdı – “Xilaskarım - taclı mələk. Məhəmmədəlidən. Təbriz”. “Məhəmmədəli” adını oxuyan kimi Arif onun reanimasiyada Nadirənin müalicə elədiyi hind qızları kimi alını xallı kişi olduğunu söylədi. Qızım son aylarda sayını itirdiyi xəstələrinin arasından hər gün əzrayılı yola gətirmək üçün altmış yaşının tamam olmadığını söyləyən təbrizli rəssamı da, ona verilən sözü də unutmamışdı. Lakin hamıya qəribə gələn portretin nəvə Nadirədən çox, nənə Nadirənin cavanlığını xatırlatması idi. Bunu hamıdan yaxşı mən bilirdim, çünki bütün ömrüm çuxura düşmüş gözlərindən heç vaxt sevincini əsirgəməyən, ağ xalatında mələyə oxşayan, əsmər simalı qadının gözlərinin qabağında keçmişdi. Xatirələrimizin köhnəldiyini zənn etdiyimiz anda, üstündəki beton qatını yararaq günəşə sarı boy göstərən körpə fidan kimi təzə xatirələr göyərir və yaddaşımızı korşalmağa qoymur.
İş ondadı ki, taclı virusun gətirdiyi pandemiyanın həyatımıza qatdığı “müjdə”lər bununla da bitmədi. Dünənə qədər müğənni olacağını israrla söyləyən nəvəm divardan asdığımız “taclı mələyin” portretini görər-görməz indi də həkim olmaq həvəsinə düşmüşdü. Amma bu dəfə deyəsən, lap ciddi idi; səhər açılandan axşama kimi hamını müayinə edir, qızdırmamızı ölçür, əllərimizi spirtləyirdi - pandemiya qurtarmışdı, amma bizim evdə “proflaktik tədbirlər” görünür hələ çox davam edəcəkdi.
“Ədəbiyyat və incəsənət”
(25.10.2024)