“Kloun” – Vəfa Mürsəlqızının hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalı oxucularını adətən şeirləri ilə tanınan Vəfa Mürsəlqızının prozası ilə tanış edəcək. Onun növbəti hekayəsi də yəqin ki,  marağınıza səbəb olacaq.

 

 

Hava küləkli idi. Həmişə küləkli günlərdə qəmgin olurdu. Başqa günlərdə də qəmgin olurdu, amma külək onda nəsə qəribə bir hüzn oyadırdı. Restoranın qarşısında həmişəki kimi çoxlu maşın və adam toplaşmışdı. Məhərrəmlikdə toy olmurdu, orucluqda isə toy edənlərin sayı kəskin azalırdı. Bu gün işə tez gəlmişdi. Adətən, işə düz vaxtında gələrdi, nə gec, nə də tez. Darısqal, yarımqaranlıq, nəm bir evin zirzəmisində kirayədə qalırdı. Bura otaq deməyə adamın dili dönmürdü. Camaat arasında xruşşovka adlanan, sovet dönəmindən qalma beşmərtəbəli evin zirzəmisini hansısa diribaş sakin suvayıb otaqfason bir şey təşkil etmişdi. Hərdən ona elə gəlirdi ki, yaşadığı ömür də ona bir növ kirayə verilib. Avtomobil, mənzil və başqa şeylər kimi. Yox, o, Allahın ona əmanət ömür verməsi barədə uzun-uzadı dini mülahizələr yürüdəcək hövsələdə deyildi. Eləcə ən loru şəkildə ömrünü kirayə yaşadığını düşünürdü. Ona görə də ömrünü belə səliqəsiz şəkildə xərcləyirdi. Necə ki adam kirayə mənzilin suvağı qopmuş divarlarına, xarab olmuş su kranına biganə şəkildə “əh, mənim deyil ki” deyərək münasibət bəsləyirdisə, o da öz ömrünə eləcə yanaşırdı. İndi yadına düşdü ki, deyəsən, heç zaman geniş, işıqlı, təmirli ev arzulamayıb. Arzular, əslində, ümidlərdən doğulur. Yəni əvvəlcə adam nəyəsə ümid edir və başlayır arzulamağa. Düzdür, zamanla insan arsızlaşır və arzular da başlayır böyüyüb hüdudunu aşmağa. Lap keçəlin padşah qızını almaq arzusuna dönür. Onun ümidi olmamışdı deyə, arzusu da yox idi. Köhnə pencəyinə büründü. Payız pencəyin mümkün olan bütün açıq hissələrindən onun bədəninə dolmağa çalışırdı. Həyətdə iki yekəpər kişi durmuşdu. Restoranın müdiri ilə nəsə danışırdılar. Görünür, toy gününün vaxtını təyin edirdilər, çünki müdir telefonunun ekranında təqvimə baxıb nəsə hesablayırdı. Sakitcə onların yanından sivişib içəri girdi. Şəlalə dönüb təəccüblə ona baxdı.

– Buy, Camal nə tez gəlmisən?

Şəlalə arıq, qara arvad idi. Qabyuyan işləyirdi. Pis adam deyildi. Bir az çoxdanışan idi, vəssalam. Şəlalənin öz keçmişi haqqında danışdıqlarını, bəlkə, üst-üstə iyirmi dəfə eşitmişdi. Şəlalə vaxtı ilə çox gözəl olduğunu, yaxşı vəzifədə işlədiyini, hətda evində qulluqçu saxladığını da deyirdi. O inanırdı. Çünki həyatda daha betər hadisələr görmüşdü. Keçib masanın arxasında oturdu. Saat beşə on beş dəqiqə işləyirdi. Saat beşdə Sünnət toyu başlayacaqdı. Demək, onun işinin başlamasına hələ qırx beş dəqiqə vardı. Başını masanın üstünə qoydu. Axşam yenə Nərgizlə dalaşmışdılar. Gecə yaxşı yatmamışdı. Evdəki gərginlik həmişə birtərəfli olurdu. Çünki Nərgiz heç vaxt ona cavab qaytarmırdı. Adətən, o, evə içkili gəlir və Nərgizi sıxışdırmağa başlayırdı. Söyürdü, acılayırdı, bəzən də yumruqlarını işə salırdı. Bir-iki dəfə qadını buz kimi havada çölə də atmışdı. Nərgiz heç yerə getmirdi. O yaxşı başa düşürdü ki, Nərgizin getməməsinə səbəb getməyə yerinin olmaması deyil. Hər halda, bu gen dünyada bir qadın üçün yer tapılardı. Bu qadına qarşı hiss etdiklərini təsvir edə bilmirdi. Bu qadını sevirdisə, o zaman niyə gününü qara edirdi, yox, sevmirdisə, niyə onunla bərabər idi? Acmışdı. Stola göz gəzdirdi. Bir tərəfdə bir-iki boşqab pendir, göyərti və süfrədən qayıtmış bildircin kababı vardı. Ürəyi sancdı. Həmişə bildirçinlərə yazığı gəlmişdi. Başa düşə bilmirdi ki, dünyada yeməli bu qədər heyvan, bitki və quş olduğu halda niyə insanın gözü bu balaca, çəlimsiz, yazıq quşcuğaclara düşür. Ömründə bircə dəfə də yeməmişdi bu fağır quşun ətini. Ona elə gəlirdi ki, əgər bildirçinlərin seçim hüququ olsaydı, hər şeyə rəğmən, Allah-təaladan onları qarğa yaratmasını arzu edərdilər. Bir də bu toy məntiqi ona çatmırdı. Əşi, bir qız bir oğlanı sevirsə, bu boyda həngaməyə nə lüzum var?..  Eləcə gedib evlənsinlər və yaşasınlar da. O yaxşı bilirdi ki, toya çağırılan üç yüz, beş yüz adamın içərisində vur-tut beş-on adam səbəbkarların xoş gününə həqiqətən sevinir. Gözləri yol çəkdi. Dəhşətli dərəcədə içmək istəyirdi. Amma özünü saxladı. Bir azdan onun növbəsi gələcəkdi.

Evlərində həmişə, demək olar ki, anadan olandan içki və içkili adam görmüşdü. Atası içən idi. Nəinki içirdi, necə deyərlər, lap küpünə girirdi. Tez-tez dava-dalaş olurdu evdə. Anasını həmişə atasından çox istəmişdi. Sonra bir gün anası öldü. Qohum-əqrəba indi də atasının evlənmədiyini, həyatını ona həsr etdiyini danışırdı. Amma bircə o bilirdi ki, evdə atasının varlığıyla yoxluğu bilinmir. Evlənməyə qalanda isə, evlərinə tez-tez cürbəcür qadınlar gəlirdi. Bu qadınlar gecə onun atası ilə bərabər, anasının yatağında yatırdılar. O isə qonşu otaqda ağlayırdı. Beləcə böyüdü, universitetə daxil oldu və sevdi.

Qız ondan bir kurs aşağıda oxuyurdu. Qaragöz, şən, diribaş bir qız idi. Adı da Gülşən idi. Heç özü də bilmirdi ki, Gülşənlə harda, nə zaman yaxınlaşıblar. Gülşənin bir rəfiqəsi vardı. Sonaxanım idi qızın adı. Sonaxanımı yetişmiş qovuna bənzədirdi həmişə. Qızın qabarıq sinəsi, dolu bədəni, gözəl üzü vardı. Əlbəttə ki. Gülşəndən çox fərqli və gözəl idi. Amma o, Gülşəni sevirdi. Sonaxanım bakılı idi. Gülşən isə Sabirabaddan gəlmişdi oxumağa. Rəfiqə olsalar da, qızlar kəskin fərqlənirdilər. Əslində, Sonaxanım Gülşənə nə qədər yaxın görünsə də, bütün hərəkətləri və davranışları ilə fərqli olduğunu göstərməyə çalışırdı. Üstünlüyünü, şəhər qızı olmasını vurğulayır və hətta Gülşəni hər mümkün fürsətdə əzirdi. O, kişi intuisiyası ilə başa düşürdü ki, Sonaxanım ona diqqət yetirir. Bəlkə də, Sonaxanım, sadəcə, Gülşənin acığına ona maraq göstərirdi. Bir bazar günü Sona zəng vurub onu atasıgilin Novxanıdakı bağ evinə dəvət etdi. Sonanın dediyinə görə, uşaqlar da bağa yığışacaqdılar. Özü də bilmədi niyə ürəyinin dərinliyində Sonanın bu uşaqlar haqda dediklərinə inanmadı. Sürücülük vəsiqəsi vardı, amma maşını yox idi. Məhlə uşaqlarından birinin maşınını götürdü. Jiquli markalı köhnə avtomobil bağ massivində irəlilədikcə sanki bədənində qarışqa gəzirdi. Bu aralar Gülşəni də, keçmişdə baş verənləri də, gələcəkdə baş verəcəkləri də unutmuşdu. Eləcə uçurdu, Sonaxanıma sarı uçurdu. Gündüzdən uşaqlarla kafedə bir az içmişdi. Beynində Sonanın kaman qaşları, çoxmənalı baxışları və sinəsi dolanırdı. Gülşənin məsum üzü də bu xəyalın arxasından arabir görünub itirdi.

Bağ evini gec tapa bildi. Gəlib çatanda saat doqquza işləyirdi. Günəş yavaş-yavaş əyilirdi. Dənizdən əsən sərin külək adamı ətri və təravəti ilə bihuş edirdi. Bir-birinə sıxılmış bağlar, meynəliklər, sahil qumları batmaqda olan günəşin şəfəqlərində çimirdi. Bağı birtəhər tapdı. Darvazadan içəri girəndə həyətdə hökm sürən sakitlikdən zənnində yanılmadığını anladı. Sonaxanım içəridən qaça - qaça çıxıb ona yanaşdı. Əynində qarışıq rəngli, göy qurşağını xatırladan sarafan vardı. Sarafan nazik idi və qızın bütün bədəni, demək olar ki, kölgə şəklində hiss olunurdu. Uzun, qıvrım saçları başının ortasında sancaqlanmışdı. Camal arzu olunduğunu anlayan kişi hiyləgərliyi ilə soruşdu:

– Uşaqlar hanı bəs?

– Uşaqlar gəlib çıxmadılar. Zəfərə demişdim, Narıngülə də. Gülşən heç. Xazyaykası onun keşiyini bərk çəkir. Bu vaxt çölə-bayıra buraxmaz. Maması bərk-bərk tapşırıb. Yenə də Gülşəni əzmək həvəsi vardı qızın danışığında. Sonra sanki səhvini anladı. Bu anda Camalın Gülşənə olan hisslərini yada salmaq lazım deyildi. Qız süzgün gözlərini oğlanın enli sinəsinə dikib gülümsündü.

– Əşş, uşaqlar nəyinə lazımdı ey sənin. Mən varam da. Otur çörək yeyək, acından ölürəm.

Sonaxanımla yedikləri kotlet, qarpız yadında idi. Bir də şərab içdilər. Qızın belə sərbəst, rahat şərab içməsi ona hətta xoş da gəldi. Beyni dumanlı idi. Bir də Sonanın dəniz qumu və fransız ətri verən saçlarını, yumşaq bədənini xatırlayırdı. Gözlərini açanda Sonaxanımla eyni yataqda yatmışdı. Qızın uzun, buruq saçları yatağa dağılmışdı. İlk hiss etdiyi şey peşmançılıq oldu. Duman dağılmışdı, onun üçün həyatda müqəddəs olan nə isə sanki sınıb yatağa tökülmüşdü. Bu qırıqlar ona batır, onu narahat edirdi. Telefonunu açdı ki, saata baxsın. Saat dördə on beş dəqiqə işləyirdi. Axşamdan bəri səssizə qoyduğu telefona on səkkiz mesaj, otuz iki zəng gəlmişdi. Zənglər də, mesajlar da Gülşəndən idi. İçini gəmirən peşmanlıq hissi içərisində sabah sevdiyi qıza nə deyicəyini, bu işlərin nəylə bitəcəyini, Sonaxanımın bundan sonra onun həyatında hansı rolu oynayacağını düşünməyə başladı. Qalxıb vanna otağına keçdi. Su şırnağı başından aşağı süzüldükcə yüngülləşirdi. Gülşəndən hər şeyi gizlətməyə qərar verdi. Hamamdan çıxanda telefonu yenidən zəng çalırdı. Özünü telefona çatdırana qədər Sonaxanım artıq telefonu açmışdı. Yəqin ki, qız gecənin bu vaxtı sevgilisinin telefonuna nə üçün rəfiqəsinin cavab verdiyini anlamağa çalışırdı. Bir anlıq çaşqın halda otağın ortasında dayanmış Gülşəni görürmüş kimi oldu. Sonaxanımın son cümləsi ox kimi beyninə sancıldı:

– Gecənin bu vaxtı neynillər ki, Gülşən, yatmışdıq.

Özünü otağa atdı, telefonu Sonanın əlindən qapıb qulağına apardı. Son eşitdiyi Gülşənin hıçqırıqları oldu. Tələsik geyinib bayıra qaçdı, Sona da onun ardınca yüyürüb son anda maşının arxa oturacağına otura bildi. Elə həyəcanlı idi ki, Sonanın maşında olub-olmamasına da fikir vermədi. Bircə şey düşünürdü, şəhərə tez çatamaq. Ancaq indi etdiyinin necə mənasız, necə axmaq bir şey olduğunu və bəlkə də, bu gün bütün həyatını dəyişdiyini başa düşürdü. Yol bitmək bilmirdi. Yalnız döngələrdən birini dönəndə ona elə gəldi ki, yol qəfil qurtardı. Nə olduğunu anlamadan uçduğunu hiss etdi. Sonanın qışqırığı, sınan şüşələrin cingiltisi və eniş...

Xəstəxanada qəzadan bir həftə sonra özünə gəldi. Sol ayağının baldır sümüyü xıncım-xıncım olmuşdu. Boynu sınmışdı, beyni silkələnmiş, daxili orqanları zədələnmişdi. Sona qəzada ölmüşdü.Yarım ilə yaxın xəstəxanalarda qaldı, atası bir dəfə də yanına gəlmədi. Qohum-əqrəba da eləcə. Xəstəxanadan yarımcan çıxdı. Qaraciyəri zədəli, sol ayağı qüsurlu, üzündə dərin bir yara izi vardı. Axırıncı kursda imtahanları vermədi, ümumiyyətlə, universitetin həndəvərinə də hərlənmədi. Bir-iki dəfə Gülşənin nömrəsini yığdı. Amma görünür, qız nömrəni dəyişmişdi. Bu vəziyyətdə, yəni işsiz, evsiz, iş qabiliyyəti olmayan bir adam hansısa sevgidən, necə danışa bilərdi?

Bu işi ona dostlarından biri tapmışdı. Kloun işləyirdi. Saat hesabı sünnət toylarında, ad günlərində təlxəklik edirdi. Atası evi satıb pulunu tapdığı küçə qadınlarından biri ilə yemişdi. İndi onun harda olduğunu bilmirdi. Özü isə kirayə tutduğu zirzəmidə onunla yaşayırdı. Təsadüfən tanış olduğu, keçmişi ilə əlaqədar heç nə bilmədiyi o qadınla. Nərgizin keçmişindən heç zaman arxayın olmamışdı. Xüsusən başına gələnlərdən sonra bütün qadınlardan zəhləsi gedirdi. İnanmırdı, etibar etmirdi. Amma Nərgiz, deyəsən, doğrudan da, onu sevirdi. Demək olar ki. hər gün evə sərxoş gəlir, içəri girən kimi də ağlına gələn ilk fikir Nərgizin ona xəyanət edə biləcəyi ehtimalı olurdu. Qapıdan girən kimi günahı oldu-olmadı, ona sığınmış, bəlkə də, həqiqətən onu sevən bu qadını döyürdü. Üç il idi bir yerdə idilər. Nərgiz bu üç ildə bir dəfə də şikayət eləməmişdi həyatından. Acıq eləməmişdi, onu qınamamışdı. Əksinə, həmişə döyüləndən sonra ona qısılır, Camal, sənin qızıl kimi ürəyin var, içmə də, nolar, deyirdi. Ona elə gəlirdi ki, Gülşən onun bütün həyatını, uğurlarını və gələcəyini özü ilə aparıb. Gülşəndən başqa qadın sevə bilməz, yaşadıqları da elə-belə, ötəri hisslərdir. Nərgizi isə sevmək üçün yox, sadəcə, sahibsiz, yazıq olduğu üçün yanında saxladığını düşünürdü. Kim idi Nərgiz? Onun sevgisinin tör-töküntüsü ilə doyan, kifayətlənməyə məcbur olan biri. Ərdən boşanmış, tək yaşamış, kim bilir, ona qədər nə oyunlardan çıxmış bir qadın. Gülşənlə müqayisəyə belə gəlməyən bir qadın. Niyə sevirdi onu bu gözəl və yazıq qadın?.. Nəyini sevirdi? Ona həmişə elə gəlirdi ki, göstərdiyi qayğı Nərgizə çoxdur. Nərgizi tumarlamaq olmaz, onu tərfiləmək olmaz, ayağı yer alar. Qudurar, ona xəyanət edər.

Banket zalına girəndə həmişəki kimi səntirlədi. Adətən, təlxək gərək girəcəkdə səntirləyəydi və hətta yıxılaydı da. Qırmızı ağzı, ağappaq sifəti ilə təzad yaradırdı. Uşaqlar bir anda onu dövrəyə aldılar. Əzbərlədiyi mətni mikrofonla oxumağa başladı. Toyu olan uşaq stulda oturmuşdu. Məzəli səslə uşağın valideynlərini çağırdı. Rayon adamına bənzəyən kişi və uzun, tünd-mavi paltar geyinmiş qadın ona yaxınlaşdı. İkinci dəfə səntirlədi, amma bu dəfə ssenaridən kənar. Uşagın anası Gülşən idi. Gülşən dəyişilmişdi, gözləri çuxura düşmüş, üzü uzanmışdı. İllərlə xəyalında yaşatdığı məsum qız yorğun, üzgün bir kənd qadınına çevrilmişdi. Özündə güc tapıb köhnə hisslərinin üstündəki qalın toz təbəqəsini ufurmək, hisslərini alovlandırmaq istədi. Başa düşürdü ki, bundan sonra onun hissləri heç kimə gərək deyil. Bu qadın ölsə də, yanındakı qara, bığlı kişini tərk etməz. Sadəcə, sevə bilmək qabiliyyətini yoxlayırdı. Amma alınmadı. Təəccüb içində kəşf etdi ki, qadın haqqında düşünən kimi xəyalına Nərgizin fağır, cazibədar, əsmər çöhrəsi gəlir. Bu arıq, qayğılı kənd qadınını sevə bilməzdi. Doğma heç nə qalmamışdı Gülşənin simasında. İçində nəsə qırıldı. O gecə, Sonaxanımla özünü bir yataqda gördüyü gecə də belə olmuşdu. Qrimlənmiş üzündəki iri gözlərindən yaş axmağa başladı. Bulanıq su sürüşkən yanaqları ilə üzüaşağı axdıqca balaca bəy təəccüblə ona baxırdı. Tamaşa sona çatmaq üzrə idi. Reqlamentə uyğun işini görmüşdü. Zaldan çıxdı. Ürəyi sancırdı. Fikirli addımlarla restorandan uzaqlaşdı.Yolu yarılayanda yadına düşdü ki, üzündəki qrimi yumayıb. Yanaqlarında göz yaşlarından qalan kirli izlər, dodaqlarında isə təbəssüm. Yolun ortası ilə bir kloun addımlayırdı, ovcunda bu axşam qazandığı pulu vardı. Yorğun gözlərini bir anlığa yumdu. Gülşənlə vidalaşmaq istədi. Çox illər əvvəlki simanı, hər gecə yuxusuna girən, hər səhər xatırladığı simanı onca dəqiqədə unutmuşdu. Gözlərini yuman kimi ağlına Gülşənin əvəzinə bayaqkı yad qadın gəlirdi. Birdən-birə Nərgiz üçün darıxdığını hiss etdi. Üç ildə ilk dəfə Nərgizi sevdiyini dərk elədi. İçində bir ümid pöhrələnirdi. Hiss edirdi ki, hər şey yaxşı olacaq. Yalniz indi yadına düşdü ki, Nərgizlə nişan üzükləri yoxdur.

Qaranlıq döngədən keçib üzündəki qrimə, əcaib görünüşünə məhəl qoymadan sahildəki dükanlardan birinə girdi. Ovcunda tutduğu əlli manatı satıcı qıza verib gümüş üzüklərdən birini aldı.

 

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2024)

 

 

-

        

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.