
Super User
“Vətən” sözünü bu qədər israf etməyin! - Furqan Sadıqın şeirləri
“Ədəbiyyat və incəsənət” portalı yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdirir. Bu gün növbə - Furqan Sadıqındır.
***
müharibə bitəndə
dostunun qanı tökülmüş
torpağı
evə aparan
qazi,
heyif ki,
onu çərçivələyib
evin divarından
asa bilməz
şəkil əvəzi...
***
ölməsəm,
yoxa çıxsam da olar bir gün,
məsələn, itkin düşsəm,
heç vaxt tapılmayıb unudulsam!
oğurlasa məni
orqan mafiyası –
orqanlarımı
vecinə almasa,
ölkənin daxili orqanları...
...ölməsəm,
yoxa çıxsam da olar bir gün...
***
ağac deyil
bu bina,
meyvə deyil
balkondakı o adam,
yarpaq deyil
ipdən asılan paltar,
külək deyil
o adamı titrədən...
***
qazarkən
tərimin axdığı
səngərdə
qanı axan şəhidlə
qan qardaşı
sayılırammı mən?!
***
oğlunun ölümündən
daha çox
bilirsinizmi
nə yandırır onu?!
bilsəydi ki
son dəfə danışır,
heç söndürərdimi
telefonu?!
***
1.
yolun qırağında ağac var,
əynimə geyinmişəm, yaraşıb.
kölgəsində oturub
gövdəsinə söykənmişəm,
qarışqalar bədənimə daraşıb.
heç hara tələsmirəm,
heç kim məni gözləmir.
hava həlim, ilıqdı,
yolun qırağında ağac var,
kim əkibsə, sağ olsun,
yol isə ayrılıqdı,
kim çəkibsə, sağ olsun.
bir maşın keçir yanımdan sürətlə,
toz olur!
2.
ağlımda heç nə yoxdu,
bir-iki qafiyə var,
şeir quraşdırıram.
yox, yox, ağlımda kimsə var,
ya da qarışdırıram.
ağac da gülür buna, yellənir,
yol gülmür, uzağa yollanır.
qəfil bir hadisə baş verir,
təəccüblənirəm –
bir maşın keçir şeirin içindən,
söz olur!
3.
bir rəssam lazımdı,
fırçayla, boyayla
bu rəsmi çəksin,
bilirəm,
bir maşın keçəcək rəsmin içindən,
ağac maşına oturub gedəcək,
qalacam tək!
dizimə döyüb deyəcəm:
mənə nə olursa,
az olur!
***
cənablar!
nə olar,
VƏTƏN sözünü
bu qədər
israf etməyin!
axı mən
V hərflərindən
quşatan düzəltmək istəyirəm...
***
üzündən oxunan həyatın
içində yazılan nədi ki?
qış ömrü yaşayan şairin
şeirində yaz olan nədi ki?
kim oldu yuxumu dağıdan?
qaralır gözümün ağı da...
yatmadan gördüyüm yuxuda
tərsinə yozulan nədi ki?
qulağımda susan səslərdən
mən, bir musiqi bəstələ!
deyəsən, segahdı bu yetim...
...və ona züy tutur həsrətim!
bilmirəm nə qədər gözlədim...
soruşma gözləmək nədi ki?
heç nədi...
mənimçün heç nədi...
üzündən oxunan həyatın
içində yazılan nədi ki?
çölümdə səssizlik, sükunət...
içimdə əzilən nədi ki?!
“Ədəbiyyat və incəsənət”
(05.11.2024)
Balıqqulağından və dəniz daşlarından!
Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Şəxsən mən gözlərimə inanmadım.
Bu, it fotosudurmu? Xeyir, deyil.
Bəlkə itin rəsmidir? Xeyir, o da deyil.
Bəs onda…
Bir nəfər yunan Aralıq dənizi sahilində balıqqulaqlarından və daşlardan bu gözəlliyi yaradıb.
Sanki canlıdır, deyilmi?
Məhz lazımi ölçüdə materialı tapmaq düşünməyin ki, asandır. Buna səbr, iradə lazımdır.
Biz sadəcə bu yunana alqış deyirik.
“Ədəbiyyat və incəsənət”
(05.11.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Fəriba Mürtəzayinin “Qədəmlərin gözüm üstə” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Təbrizdən Fəriba Mürtəzayidir.
Fəriba Mürtəzayi
Təbriz
QƏDƏMLƏRİN GÖZÜM ÜSTƏ
Sənə olan sevgim,
Ürəyimdən
Boğazıma yol açıb.
Xımır-xımır
Baxışımda yol tapıb.
Gözümdə
Bir dam söz yığışıb.
Gəl dam üstə
Sənə söyləmişdim:
"Qədəmlərin gözüm üstə"
“Ədəbiyyat və incəsənət”
(05.11.2024)
Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Neft” bədii filmi kinoteatrlarda nümayiş olunacaq
“Tağıyev: Neft” bədii filmi noyabrın 7-dən etibarən bütün kinoteatrlarda geniş izləyici auditoriyasına təqdim olunacaq.
AzərTAC xəbər verir ki, ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb.
“Tağıyev: Neft” filmi böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan 4 hissəli “Tağıyev” filminin ilk hissəsidir.
Bakı Media Mərkəzinin istehsalı olan film başmaqçı ailəsində dünyaya gələn və sonrakı milyonçu taleyi ilə öz xalqı üçün böyük işlər görən Hacı Zeynalabdin Tağıyevin həyatının ən müxtəlif dövrlərini əks etdirir. Filmdə dövrünün nüfuzlu xeyriyyəçisi olan Tağıyevin fəaliyyəti ilə bağlı verdiyi çətin qərarlar, uğur qazanacağına olan inamı, inadkarlığı, sadə insanlara göstərdiyi dəstək, cəmiyyətin təhsil səviyyəsinin yüksəlməsi üçün atdığı tarixi addımlarla yaxından tanış olmaq, onun yaşadığı dövrə bir növ səyahət etmək mümkün olacaq. Film, Şərqdə ilk “Qızlar məktəbi”nin Azərbaycanda tikilməsinə, ölkədə neft sənayesinin inkişafına, Bakı şəhərinin zəruri infrastrukturunun yaradılmasına nail olan Tağıyevin yaşadığı cəmiyyətin inkişafında oynadığı əvəzsiz rolu tamaşaçıya bədii-estetik formada çatdırır. Ekran əsərində XIX əsrin sonu XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə də toxunulur.
Filmin çəkilişləri öz miqyasına görə də Azərbaycan kinematoqrafiya tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri baş tutan filmdəki kütləvi səhnələrdə 2500-dən çox yaradıcı şəxs iştirak edib. Filmin tarixi səhnələri üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı tarixi dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər hazırlanıb.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir.
Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva da olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıb.
Ekran işinin ərsəyə gəlməsinə “Neqsol Holding”, “Kapital Bank”, “Bakcell” və “Norm” şirkətləri də dəstək verib.
“Ədəbiyyat və incəsənət”
(05.11.2024)
Azərbaycanlı rəqqaslar beynəlxalq müsabiqədə birinci yerə layiq görülüblər
Kanadanın Kalqari şəhərində Avropa Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə “Avropa xalq rəqsləri” beynəlxalq rəqs müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycan, Bolqarıstan, Ruminiya, Yunanıstan, Polşa, Ukrayna, Xorvatiya və digər Avropa ölkələrinin təmsilçiləri öz milli rəqsləri ilə çıxış ediblər. Çox zəngin ənənələrə malik Azərbaycan rəqs mədəniyyəti bu dəfə də dünya arenasında öz əzəmətini nümayiş etdirərək müsabiqədə birincilik qazanaraq qızıl medala layiq görülüb.
Bu barədə AzərTAC-a rəqslərin ərsəyə gəlməsində böyük zəhməti olan, onlara quruluş verən Bakı Xoreoqrafiya Akademiyasının məzunu, TÜRKSOY mükafatçısı və Mədəniyyət Nazirliyi tərəfindən “İlin ən fəal gənci” adına layiq görülən Lalə Aslanur məlumat verib.
“Sevindirici haldır ki, Azərbaycanı təmsil edən rəqqasların hamısı Kanadada yaşayan azərbaycanlılardan ibarətdir. Müsabiqəyə 4 ay əvvəl hazırlaşmağa başladıq. Kanadada yaşayan azərbaycanlılar “Mənimlə rəqs et” proqramım əsasında onlayn dərslər çərçivəsində çox ciddi şəkildə hazırlıq keçdilər. İlk turda milli və balet sintezini özündə birləşdirən “Qaval” milli rəqsimiz nağara musiqi alətinin əsrarəngiz ritmləri ilə münsiflər heyətinin böyük marağına səbəb oldu. İkinci turda Azərbaycanı dünyaya tanıdan dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Koroğlu” operasından möhtəşəm rəqs təqdim etdik. Azərbaycan nümayəndə heyətinin möhtəşəm performansı münsiflər heyətinin həmvətənlərimizi 1-ci yerə layiq görülməsi ilə yekunlaşdı. Səhnədə Azərbaycan Bayrağının dalğalanması və rəqqaslarımızın birincilik qazanması rəqs mədəniyyətimizin tarixinə qızıl hərflərlə həkk olundu”.
“Ədəbiyyat və incəsənət”
(05.11.2024)
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub
Noyabrın 4-də tanınmış dirijor, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlovun 65 yaşı tamam olub. Bu münasibətlə Mədəniyyət Nazirliyində sənətkarla görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə musiqi xadimini nazirliyin kollektivi və mədəniyyət ictimaiyyəti adından təbrik edib, ona xoş arzularını çatdırıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə mədəniyyətin digər sahələri kimi, musiqi sahəsinin də inkişafına davamlı diqqət və qayğı göstərilir. Musiqimizin inkişafında xidmətləri olan insanların əməyi yüksək qiymətləndirilir. Yalçın Adıgözəlov da bu sahədəki fəaliyyətinə görə “Xalq artisti” fəxri adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif olunub.
Qeyd olunub ki, Yalçın Adıgözəlov klassik repertuara malik çoxsaylı Bakı premyeralarının təşkilini və Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada aktiv təbliğatını həyata keçirərək, ölkəmizdə və xaricdə simfonik orkestrlərlə geniş konsert fəaliyyəti göstərib.
Görüşdə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə yubilyara nazirliyin fəxri diplomu təqdim edilib.
Yalçın Adıgözəlov yaradıcılığına verilən qiymətə və təbrikə görə təşəkkürünü bildirib.
Söhbət zamanı musiqi sahəsinin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, professor Yalçın Adıgözəlov 30 ilə yaxındır ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə də məşğuldur. Onun tələbələri hazırda respublikanın aparıcı dirijorlarıdır. Xalq artisti 2023-cü ildən Heydər Əliyev Sarayının nəzdində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri-baş dirijorudur.
“Ədəbiyyat və incəsənət”
(05.11.2024)
Əlabbasın “Dərs”i
“Ədəbiyyat və incəsənət” portalında publisistika saatıdır, sizlərə Əlabbasın “Dərs” yazısını təqdim edirik.
Tarixçi olmamağım üzündən bu söz gəzişməsinin xronoloji və təfsilatlı təhlil deyil, uzağı, mozaik bir şərh olacağını indidən deyim.
Çox-çox əvvəl, lap dəqiqi, Şuşa gedəndən sonra yazmışdım: “Qarabağı torpaq yox, oğul itirən kimi itirdik”. Başqalarını bilmirəm, şəxsən məni Şuşanın işğalı şüşə kimi çilikləyib, Allahın evinəcən yandırmışdı və o yanığın yerini heç nə, hətta o oğulun otuz il can çürütdüyü zindandan, düşmən əsirliyindən qayıtmağı da sağaldan deyil. Qalmışdı əlsiz-ayaqsız, dilsiz-ağızsız, dünya işığından məhrum halda dönmüş ola o oğul!
Belə... Bəri başdan onu da deyım: Azərbaycanın Ermənistan üzərində müəzzəm qələbəsinin bünövrəsi, mənim nəzərimdə, on bir il əvvəldən, 2010-cu ilin iyun ayında nakam balamız Mübariz İbrahimov tərəfindən qoyulub. Hadisələrin sonrakı gedişatı da bunu təsdiq etdi: göstərdiyi ağlasığmaz iradə və müstəsna igidliyə görə o, xiyabanların fəxri sayılan yerdə torpağa tapşırıldı, ölümündən sonra Milli Qəhrəman adına layiq görüldü, "İlin adamı" elan olundu, adı, şəkilləri və qısa həyat yolunu panoram edən portret oçerklər dərslik kitablarına salındı, iri fotoları maşınların, reklam şitlərinin, bina fasadlarının bəzəyinə çevrildi, haqqında şeirlər yazıldı, musiqilər bəstələndi və s... Bu həm də öz halal haqqına qovuşan yenilməz bahadıra dövlət-xalq ehtiramının ifadəsi idi. Amma Mübariz əfsanəsinin elə görünməyən tərəfləri var ki, hələlik üzdə olan hər şeyi bir yana qoyub, azacıq da olsa, məhz ona işıq salmaq istəyirəm.
Kim etiraf etməz ki, 90-lardan ta ötən il, noyabrın 10-can özünü azərbaycanlı hesab edən hər bir kəsi daim məğlubiyyət acısı, inamsızlıq və sarsılmış döyüş ruhu müşayiət etməyib? Beynəlxalq aləmdə belə ad və nüfuzu ciddi şəkildə zədələnən Azərbaycan adlı məmləkətin hər yerində etimadsızlıq hökm sürüb. Hər birimizin qəlbinə yenə bilmədiyimiz bir qorxu hakim olub. Erməni-rus xofu illər uzunu gözlərimizdə qorxunc bir yuva qurub...
Kim bilərdi ki, günlərin bir günü (18 iyun 2010-cu il) dünya hərb tarixinin, bəlkə də, ən inanılmaz olayı baş verəcək. Rus və erməni qanı daşıyanlar tərəfindən cırtdan Ermənistan ordusu haqda uzun illərdən bəri qəsdən, bilərəkdən uydurulmuş “məğlubedilməz mif”i darmadağın edən Ağ atlı bir oğlan peyda olub tarixə öz damğasını basacaq!.. On illik qəti fikrimdir ki, şəhadət yolunu şüurlu şəkildə qəbul edib də döyüş əfsanələrini bir gecənin içində təkbaşına gerçəkləşdirən qeyri-adi vuruşu ilə Mübariz hər bir azərbaycanlının qəlbində gəzdirdiyi qisas alovunu (məqsəd və amalını) gerçəyə çevirdi. O ali məqsədin kodu (ştrix kodu) Mübarizin valideynlərinə yazdığı və sonradan Azərbaycan gəncliyinin manifestinə çevrilən sirli məktubdadı. Qəhrəmanımız nə yazdı, nə dedi, xarakter ortaya qoyaraq onu da kişi kimi elədi və o qeyri-bərabər döyüş Azərbaycan gəncliyinin sarsılmış inamını özünə qaytarmaqda inanılmaz dərəcədə müstəsna rol oynadı. "Ağ atlı oğlan" tək böyük bir orduya deyil, bütöv cəmiyyətə Qələbə motivasiyası təlqin etdi. Sanki bircə-bircə adamların yaxasından yapışıb dedi ki, inanın mənə, beyninizə zorla yeridilən fikirləri çıxarıb atın, yenilməz Ermənistan ordusu adında bir şey yoxdu.
O gündən hərə özünü bir Mübariz sandı. Bu artıq dərkolunan mahiyyət idi. Bir xatırlayın: şəxsini Mübariz hesab edən və özünü ona oxşadan şəhid və qazilərimizin aylar-günlər sonra telefonunun arxivindən ata-anasına, sevgilisinə, doğma və əzizinə Mübarizsayağı yazdığı nə qədər məktub üzə çıxdı?! Yurd-yuva sevgisinə bələnmiş o vəsiyyətlərin hər birinin tən ortasından məramı bəlli bir qırmızı xətt keçir: "Qanımı Vətən yolunda halal edirəm, təki Azərbaycan sağ olsun!" Bax buna deyərlər milli xarakter! Buna deyərlər xalqın əbədi və əzəli siması!
İkinci belə bir cəhd o hadisədən altı il sonra, Lələtəpə uğrunda döyüşlər zamanı oldu. Daha dörd il sonra isə Azərbaycanı Tovuz hadisələri silkələdi. Bu artıq son idi!
İsti və rahat kabinetində deyil, toz-torpaqlı səngərdə, ilan-çayanın içində, qısası, döyüş meydanında əbədiyyətə qovuşan general Polad Həşimovun şəhadəti Zəncandan Şəkiyə, Təbrizdən Bakıya, Kərkükdən Naxçıvana bütöv Azərbaycanı ayağa qaldırdı, hamı bir nəfər kimi könüllü olaraq hərbi komissarlıqlara axışdı, neçə illərdən bəri qana susayan, intiqam eşqi ilə alışıb-yanan qurdağızlı igidlərimizin bitib-tükənməyən növbəsi yarandı. Heç deməzdin onlar bir üzü də labüd ölüm olan döyüş meydanına yollanırlar! Təkcə fəxarət hissi keçirirmiş yox, həm də şəhadət şərbəti içməkdə bir xoşbəxtlik varmış kimi deyə-deyə, gülə-gülə gedirdilər. O günlər bir möcüzə sandım bunu mən və bu monolit birliyi görəndən sonra yazdım ki, düzdür, 12 iyulda bir qarış da torpaq əldə etmədik, əvəzində xalqımızın milli ruhu, döyüş əzmi, mübarizə əhvalı, qələbəyə olan sarsılmaz inamı özünə qayıtdı. Bununla Azərbaycan son otuz ilin, istisnasız olaraq strateji əhəmiyyətli ən böyük yüksəkliyini ələ keçirmiş oldu. Millət bir yumruq halına gəldi. İqtidar – müxalifət anlayışı dərhal unuduldu və bu, Dövlət – Ordu – Xalq – Rəhbər birliyinin rəhninə çevrildi. Daima irad və tənqidlərə tuş olan və uzun illər kliniki ölüm keçirdiyi güman olunan Azərbaycan Ordusu silkinib ayağa qalxdı. Necə deyərlər, barometr yalnız fırtına göstərirdi!
Ordumuz düşmənin 27 sentyabr təxribatı zamanı ilk həmlədəcə cəbhəni yarıb keçdi. Məlum oldu ki, öndə Ölkə Başçısı olmaqla ötüb-bitən illər ərzində hərbi və iqtisadi baxımdan müqayisə olunmayacaq bir gücə çevrilən Azərbaycan siyasi və hərbi rəhbərliyin, taktik və strateqlərin böyük səyi nəticəsində regionun yüksək döyüş qabiliyyətli ən güclü ordusunu yaratmağa müvəffəq olub, mütləq yeni siyasi reallıq baş verəcək! Və verdi də! Hadisələrin diktəsi siyasi ekspert Aleksandr Sitinin “Müharibə Azərbaycanın qələbəsi ilə bitəcək” xəbərdarlığının heç də göydəndüşmə bir proqnoz olmadığını təsdiq etdi.
Xoşbəxtlikdən ilk qələbə sevincini dadmaq çox da uzun çəkmədi. Füzuli rayonunun bir neçə kəndi düşməndən azad ediləndə dünənə qədər tərəddüd içində vurnuxanlar belə Böyük Qələbənin möhtəşəm addım səslərini eşitdilər. Artıq kimsə şübhə etmirdi ki, son 200 ilin revanşı başlanıb, işğal tarixini unutmağın tam zamanı gəlib.
Füzuli, ardınca Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı rayonlarının bütün ərazisi ildırım sürəti ilə yağı tapdağından qurtuldu. Qarşıda Şuşanın fəthi dayanırdı. Şuşa olmayınca Qələbədən danışmaq əbəs idi. Şuşa düz otuz il idi Vətən anlamı daşıyırdı. Şuşa deyiləndə Azərbaycan başa düşülürdü. O günlər hər şey bir yana idi, Şuşa bir yana. Vətən sevdalıları Şuşa deyib ləliyirdi. Tək ona görə yox ki, qoca Qafqazın qədim incisinin geri alınması Ermənistandan Xankəndi, Xocalı, Ağdərə və Xocavəndə gələn yolun həmişəlik kəsilməsi, iyirmi beş minlik böyük bir ordunun mühasirəyə alınması, onun ərzaq, geyim, dərman, silah-sursat və digər yardımlardan təcrid olunması demək idi. Ona görə də yox ki, o dönəmdə siyasi kluarlarda dolaşan “Şuşa kimdədirsə, Qarabağ ondadır” fikri ictimai rəydə də özünə möhkəm yer eləmişdi. Daha çox ona görə ki, Şuşa Azərbaycan üçün şərəf, milli qürur və heysiyyət məsələsi idi. Əsla şübhə etmirəm ki, Ölkə Rəhbəri “Şuşaya bir nəfəs qədər yaxınıq” deyəndə də məhz bu gerçəyi ifadə etmək fikrində olub. Təsadüfi deyil ki, Qələbəyə təşnə şanlı Ordumuz məhz Şuşaya daxil olan gün – bu, son yüz ildə Azərbaycana üz vermiş ən böyük xoşbəxtlik idi – müqavimət göstərməyin əbəs olduğunu görən Ermənistan kapitulyasiya aktına imza atmalı oldu. Bu, Azərbaycanın möhtəşəm Qələbəsinin düşmən tərəfindən zor-xoş etirafı idi! Beləcə illərlə həsrətində olduğumuz saat gəlib çatdı. Ədalət zəfər çaldı. Azərbaycan xalqı öz halal haqqına qovuşdu. Bütün dünya türkün gücünü və əzəmətini gördü. Düşmən ordusunun 80 faizini cismən məhv etməklə Azərbaycan tək Ermənistanın özünü yox, həm də dünyaca məşhur erməni lobbisini darmadağın etmiş oldu. İllərlə dənizdən-dənizə ideyasının əsiri olanların dizini qatlayıb, biləyini bükdük. Bu şanlı Qələbə dünənəcən Azərbaycana siyasi iradəsini qəbul etdirməyə çalışanlara, onunla güc dili ilə danışanlara da ciddi qulaqburması oldu. Payını və dərsini alanlar aldı.
O vaxt yazdığım bircə cümləlik fikir də çox müdrik bir xalq deyiminin ədəbi formuluna çevrildi: “Şuşa – ilanın gördüyü ulduz”.
Daim haqqın yanında olması ilə xalqımızın rəğbət və ehtiramını qazanan rus jurnalisti, aparıcı və politoloq Maksim Şevçenko Şuşanın fəthi ərəfəsində isti-isti yazırdı: “Azərbaycan Ordusunun qələbələrindən heyranlıq duyuram. Bu hərbi əməliyyat müharibələr tarixində mütləq öz yerini alacaq”
İndi onu deməyin məqamıdır ki, müharibənin yalnız aktiv fazası başa çatıb. Azərbaycan, Rusiya və Ermənistan arasında ilkin razılaşdırılan bəyannamədə nəzərdə tutulan müddəalar artıq diplomatik müstəvidə çözülür. Hazırda savaşın informasiya mərhələsindəyik. Danılmaz həqiqətdir ki, Ali Baş Komandanın xüsusilə 44 günlük Vətən Müharibəsində nümayiş etdirdiyi qətiyyət, sarsılmaz siyasi iradə və prinsipial mövqeyi Azərbaycanı Böyük Qələbəyə daşıdı. Onun müharibə günlərində dünya çapında bir-birini əvəzləyən çoxsaylı müsahibə, çıxış və nitqləri informasiya blokadasının yarılmasında – bir sözlə, haqq işimizin təntənəsində müstəsna rol oynadı. Ərazicə üç böyük rayonumuz (Ağdam, Laçın, Kəlbəcər) bir güllə atılmadan, məhz diplomatik yolla öz əzəli və əbədi sahibinə qismət oldu. Hələ o günlərdə yazmışdım:
“Bu dəqiqə mənim tanıdığım dörd İlham Əliyev var: Azərbaycan, türk, ingilis və rus dillərində mükəmməl danışan alovlu natiq və poliqlot, sarsılmaz siyasi iradəyə malik diplomat, beynəlxalq təcrübə ilə liderlik məharətinə sahib qətiyyətli rəhbər və Qalib Ordunun Sərkərdəsi!”
Xoşbəxtlikdən müzəffər Azərbaycan Ordusunun mənəvi-psixoloji durumu, döyüş əzmi və ruh yüksəkliyi Ermənistanı bürümüş siyasi və iqtisadi böhranla üst-üstə düşdü. Hərbi və siyasi rəhbərlikdə yaranan qalmaqallar, hərbçilər arasındakı özbaşınalıq, ordudan fərarilik, idarəetmənin itirilməsi, gün-gündən dərinləşən siyasi və iqtisadi böhran Ermənistanın məğlubiyyətini qaçılmaz etdi. Lakin 44 günlük müharibədə Azərbaycanın əldə etdiyi müəzzəm Qələbənin sirri əsla bunda deyil. Ordumuzun intellektual səviyyəsi, zaman-zaman qazanılan peşəkarlıq, düzgün taktika və strategiya, son nəsil silah-sursat, hərbi texnika və dünya müharibələri tarixində ən yeni döyüş standartlarından istifadə və üstəgəl bizi işğal ləkəsindən, məğlub damğasından əbədilik qurtaran dəliqanlı gənclərimizin hər düşündüyümüzdə gerşəkləri bir daha gözlər önünə sərgiləyən sonsuz Vətən sevgisi! Hələ o zaman fb-də tanklar barədə ironik bir fikir yürüdüb demişdim ki, inşallah, belə getsə, Qarabağ dünya hərb sənətinə son nəsil texnologiyaların ilk ünvanı kimi düşəcək.
Baxın, Amerikanın Quru Qoşunlarının Baş Qərargah rəisi Ceyms Makkonver o günlərdə verdiyi bir müsahibədə qəribə də olsa, nə deyirdi: “Azərbaycan Ordusunun dron və pilotsuz uçuş aparatlarından istifadəsini dünya döyüş tarixində əsas yeniliklərdən biri hesab etmək olar. Bu müharibə ənənəvi silah növlərindən istifadəni belə sual altına qoyur”.
Bu fikrin kimə məxsus olduğunu xatırlatmağın, məncə, xüsusi bir anlamı var: Ceyms Makkonver sıradan bir şəxs və siyasi icmalçı yox, NATO-nun ordu generalıdır. NA - TO - nun!
Gərək Amerikanın sabiq Dövlət katibinin SSRİ üzrə keçmiş müşaviri Pol Qobl, İqor Korotçenko, Sergey Markov, Oleq Kuznetsov, Abdulla Ağar, Hikmət Hacıyev və digər məşhur siyasi simaların haqq səsimizi və Azərbaycan barədə həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaqda nəhəng bir institutun görə biləcəyi həcmdən heç də az tutuma malik olmayan mükəmməl çıxışlarını da hesabdan silməyək. Haqq haqlığında qalır.
Azərbaycanı bu müqəddəs savaşda tək qoymayan Türkiyə, hüquqi legitim mübarizədə mənəvi dəstəyini bir an belə əsirgəməyən Pakistan və İsrail haqda da nə desək, azdır. Xüsusən də canbir qardaşımız Türkiyə barədə!
Sonda qaranlıq gecələrimizi Qələbə sevinci ilə aydınladan Tanrıya çox dərin bir şükranlıqla bu işdə İlahi bir nizam olduğunu da xatırladıb Zaman və Tarixin təsdiqindən keçən bir gerçəyi də deyim ki, Azərbaycan gecə-gündüz şeir-şüar deyənlərin, yalançı patriotların və nağıl danışanların yox, bu halal torpağı öz qızıl qanıyla suvaranların Vətənidir!
Göz yaşları hələ də qurumayan mələk analarımızın, sağlamlığını itirən mətin qazilərimizin, şəhid düşən qəhrəman oğullarımızın müqəddəs və nigaran ruhu qarşısında baş əyən yazıçı!
“Ədəbiyyat və incəsənət”
(05.11.2024)
“X.L.Borxes: “Mən ədəbiyyata kitabdan gəlmişəm və bununla fəxr edirəm” – HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Eramızın əvvəllərində ilk xristianları təqib və məhv edən romalılar yatıb yuxularında belə görməzdilər ki, onların törəmələri bir müddət sonra xristianlıq uğrunda öldürəcək və öləcəklər.
2.
“ Sular səni aparırdı dərinə
Əlin nəyə çatırdısa əl atdın.
Bircə saman çöpü keçdi əlinə,
O da səni su üzünə çıxartdı.”
3.
Göydəkinə inam, əslində, dolayı bir məqsəd güdür – səni sənin özünə oxşayan yerdəkilərə inanmağa çağırır. Atanın oğula və oğulun ataya, qardaşın qardaşa və bacının bacıya, min illər boyu tanıdığın adama və küçədə ilk dəfə gördüyün kiməsə inam – bu deyilmi gözəllik?!
4.
Bizə bir dəfə bu dünyada yaşamaq imkanı verilib. Əminəm ki, o biri paralel dünyalarda yaşayanlar da belə düşünür.
5.
Qoqol yazırdı: Çox az quş tapılar ki, Dneprin ortasına qədər uça bilsin. Səməd Vurğun ona belə cavab verib: Göylərə baş vurur Göyəzən dağı.
6.
X.L.Borxes: “Mən ədəbiyyata kitabdan gəlmişəm və bununla fəxr edirəm.” Kitabdan gəlmək artıq hər şey deməkdir.
7.
Çox adam tanıyıram ki, həyatı boyu bir, ya iki kitab oxuyub. Heç bir universitet bitirməyib. Amma müdrikdir, uzaqgörəndir, səbirli və hər hansı hadisələr kələfinin içindən doğru-düzgün xətti seçə bilir. O sənə yüz universitet məzu nundan və yüzlərlə kitab oxuyandan daha xeyirli məsləhətlər verə bilər. Deməli, çoxlu kitab oxumaqla deyil. Həyat özü insanı daha doğru şəkildə formalaşdıra bilirmiş. Təki, sən onun təbii axarına düşə biləsən.
“Ədəbiyyat və incəsənət”
(05.11.2024)
Hayana qaçsaq da bu tale bizim - 3 YARPAQ ŞEİR
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Bu gün sizlərə daha bir imza təqdim etmək istəyirəm.
Rəcəbova Nargilə Yusif qızı (Nargilə Yusifqızı) 1967-ci ildə Ağdaş şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra tibb bacısı ixtisası üzrə təhsil alıb.
Kitablara olan sonsuz maraq və həvəsinə görə uzun müddət Ağdaş şəhər MKS-də (Mərkəzləşmiş kitabxana sistemi) baş kitabxanaçı vəzifəsində çalışıb.
Şeirləri bir çox jurnal və almanaxlarda, antalogiyalarda çap olunub.
Aşıq Pəri məclisinin, Mirvarid Dilbazi adına Kəlağayı Muzeyi qrupunun və bir sıra ədəbi-bədii qrupların üzvüdür.
Adam
Deyirlər sevimli bəndələrini,
Hərdənbir sınağa çəkər yaradan.
Allahın sevimli bəndəsiyəmmi,
Nə qədər sınağa çəkilər adam?!
Hayana qaçsaq da bu tale bizim,
Göz yaşı tökməkdən solub bənizim,
Nə qədər yazsam da bitməz, əzizim,
Dərdin pəncəsində tək gülər adam.
Nə deyim, belədir dünya əzəldən,
Yoxdu bir əyrisin tapan, düzəldən,
Sonda heç seçilməz quru xəzəldən,
Həyat ağacından tökülər adam.
Qaranlıq
Sevmirəm gecənin qaranlığını,
Qara buludlar da məni qorxudur.
Elə düşünürəm ölmüş kimiyəm,
Sanıram dünyanın dibi, sonudur.
Amma bir tək bundan əminəm ki, mən,
Qaranlıqdan doğar işıqlı səhər.
Günəşli səhərin xətrinə çox vaxt,
Qaranlığa dözmək olar birtəhər.
Bilirəm, qaranlıq işıq doğacaq,
Səbrlə gözlərəm gələn sabahı.
Mənim ümidlərim gecə doğulur,
Toxum qaranlıqda cücərir axı!
Şirin yalan yoxsa acı gerçək?
Yenə düyün düşüb xəyallarımla,
Gerçəklər içində azıb qalmışam.
Doğrusu hansıydı, yalanı hansı,
Mən xəyallarımı doğru sanmışam.
Azmışam yalançı xəyallarımın,
Göz yaşı axıdan tüstülərində.
Doğru üşüdəndə səhvən qızındım,
Yalanın yalançı istilərində.
Mən nədən bu yerə gəldim, ilahi,
Uymuşam şeytanın bal barmağına.
Heç dönüb baxmadım bircə dəfə də,
Doğruların acı bağırmağına.
Uyaraq şeytanın fitnə-felinə,
Hərdən harama da saldım meylimi.
Doğrular o anda kəsdi yolumu,
Sandığım doğru yol bu deyildimi?
Yalan və həqiqət, özün ayır, seç,
Doğru acısıyla fərqlidur ondan.
Əsla aldatmasın şirnisi səni,
Acı doğru xoşdur şirin yalandan
Halal yolu seçib doğru yaşa, sən
Halalı haramdan seçən göz, əldir.
Şirin yalanlarla yaşamaqdansa
Acı həqiqətli ölüm gözəldir!
“Ədəbiyyat və incəsənət”
(05.11.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Ramiz Rövşənin şeirləri
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
POEZİYA
RAMİZ RÖVŞƏN,
Xalq şairi
İLAN BALASI
Böyüyüb bu körpə ilan balası,
gah o başa, gah bu başa sürünür.
Sevinir udduğu havaya, suya,
Torpağa sevinir, daşa sevinir.
Bir sevgi həvəsi dolur canına,
Gecələr gözünün itir yuxusu.
Çiçəyin qoxusu, otun qoxusu,
Küləyin nəfəsi dolur canına.
… Özündən xəbərsiz, səssiz-səmirsiz
Zəhərə çevrilir canında hər şey…
Bu ilan balası bir vaxt canında
Gizlənən zəhərdən xəbər tutacaq.
Bəlkə qarğıyacaq baxtını onda,
Bəlkə boğazını qəhər tutacaq.
Ağlama, ağlama, ilan balası,
Baxtını qarğıma, ilan balası!
Bu da bir ömürdü, dözəsən gərək,
Beləymiş taleyin əmri, buyruğu;
Döşünün altında –sevən bir ürək,
Dişinin altında –zəhər tuluğu.
Görənlər çığırar: – İlan var, ilan!..
Qovduqca qovarlar səni dünyada.
Hər yandan kəsilər yolun-yolağın,
Tək bircə yol qalar sənə dünyada;
Başından quyruğunacan,
Zəhərli dişindən
Quyruğunacan
Tək bircə yol qalar, –
o yol özünsən,
Özün öz yolunsan, ilan balası.
Özün bu dünyada öz əzizinsən,
Özün öz balansan, ilan balası.
Hara qaçacaqsan göz qabağından,
Bu zalım dünyaya neyləyəcəksən?
Yüz yol çıxacaqsan öz qabığından,
Özündən ayrıla bilməyəcəksən.
Öyrən, yavaş-yavaş özünə öyrən,
Dünyanın hər cürə üzünə öyrən.
Barış canındakı zəhərli dərdlə,
iyrənmə özündən, ilan balası.
Bəlkə də, ən acı həqiqət elə
sənsən yer üzündə, ilan balası.
Sənsən haqqın yolu bu yer üzündə,
tanrı özü seçib bu yolu bəlkə.
Yüz cür sifətiylə, yüz cür üzüylə
Dünya səndən keçib durulur bəlkə
AYRILIQ
Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik,
xəbərimiz yox.
Aradan nə qədər il keçib görən, -
Tanıya bilmədim, məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
“Ölmədim” deyirəm, nə bilim axı, -
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə.
Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim, nə sən indiki, -
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin, bu ayın, bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.
…Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz ömründə min yol
Özünü öldürən adamlar keçir.
Keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.
Hamı günahkardı dünyada, amma
Dünyada heç kəsin günahı yoxdu.
Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.
Halal yolumuzu dəyişib, nəsə
Çaşmışıq, bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə qurban getmişik.
Dəyişib yerini bəlkə qış-bahar,
Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnində ögey analar
Ögey balaları gəzdirir indi.
Ömrüm başdan-başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə.
O yoldan ötən qız anamdı bəlkə,
Bəlkə də, oğlumdu bu oğlan elə.
Bu yalan ömrümdə görən sən nəsən?
Bəlkə heç sevgilim deyilsən mənim.
Anamsan, bacımsan, nənəmsən, nəsən?!..
Bircə Allah bilir, nəyimsən mənim.
Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza nə yol, nə körpü.
Ölüsən, dirisən, hər nəsən, dayan!
Dayan, heç olmasa əlindən öpüm…
Deyirsən: “Ölüyəm, ölünü öpmə…”
Əlimin içində soyuyur əlin.
Deyirsən: “Sən Allah, əlimi öpmə,
əlimdən, deyəsən, qan iyi gəlir…”
QARA PALTARLI QADIN
Kişilər bir olmur, atam balası, -
qorxağı var, igidi var.
Amma hər kişinin öləndən sonra
qəbri üstə ağlayası
Bir qara paltarlı gözəl qadına
ümidi var.
Sən öləndə
kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dünyada
bəlkə sənə ən çox ağlayan
Ən çox ağlatdığın qadın olacaq.
Göz yaşları yuduqca baş daşını,
Qəbrində qurcalanıb deyəcəksən,
İlahi, illər boyu ağlatdığım bu qadın
görən necə saxlayıb
bu qədər göz yaşını?!
Bircə kərə
nə saçını oxşamışam,
nə gözünü silmişəm,
Gözlərimə batır indi
saçlarının hər dəni.
İllər boyu
bu qadına mən axı dərd vermişəm,
İndi görən niyə çəkir dərdimi?!
Bu qadın baş daşımı
öpüb sığallamaqdansa,
Yumruğuyla döysə, döysə yaxşıdı.
Qəbrimin üstündə ağlamaqdansa,
Məni söysə yaxşıdı.
Yeri, yeri, qara paltarlı qadın,
Kiri, kiri, qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridi,
baş daşımı bəsdi basdın bağrına.
Bütün mənə ağlayanlar kiridi,
sən də kiri, qəbrim damır, ağlama!..
DÜNYA QƏFİL İŞIQLANSA
Qəfil gün doğsa bir gecə,
Dünya düm ağ işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa,
Görərik kimlərin əli
kimlərin cibindən çıxır.
Kimlər əyilə-əyilə
kimlərin evindən çıxır.
Qəfil gün doğsa bir gecə,
Min-min gizli günah görsək,
Üstünü örtə bilməsə,
Bu dünyanı çılpaq görsək,
Başımıza hava gələr,
ağlımız çaşar bəlkə də.
Hamı birdən baş götürüb
dünyadan qaçar bəlkə də.
Bu dünyada bəs kim qalar,
Kim böyüdər, uşaqları?!
...Nə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanır...
BAŞI KƏSİK GÖZƏL KÖTÜK
Başı kəsik gözəl kötük,
bu dağı sənə kim çəkdi?
Baltanı sənə kim vurdu,
bıçağı sənə kim çəkdi?
İpək-ipək yarpaqların
Küləklərlə talandımı?
Bilək-bilək budaqların
ocaqlarda qalandımı?
Küsdünmü taleyin acılığından?
Zalımlar keçmədi qocalığından
Yıxılmış ucalığından,
başı kəsik gözəl kötük…
Gözəl kötük, sızıldama, göynəmə,
Nə baltalar, nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da, qəm yemə,
Sən yıxılan ucalıqlar qalacaq.
Dünyanın küləyi keçər,
Qarı yağışı keçər.
Qatar-qatar quşu keçər,
daş atarlar, daşı keçər
sən yıxılan ucalıqdan.
Ümidli gözlər dikilər,
Körpə ağaclar yekələr,
Yekələr, qalxar, dikələr
sən yıxalan ucalığa...
Məndən sənə salam olsun,
başı kəsik gözəl kötük!
Balam olsa, balan olsun,
başı kəsik gözəl kötük.
Əyilim, köksünə başımı qoyum,
Gecələr laylamı çalasan mənim.
Böyründə bir evin daşını qoyum,
evimin dirəyi olasan mənim.
Gözəl kötük,
yaraların köz bağlasın, sağalsın,
Bu dünyada nə baltalar,
Nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da,
Yenə canın sağ olsun,
Bu dünyada
Sən yıxılan ucalıqlar qalacaq...
“Ədəbiyyat və incəsənət”
(05.11.2024)