Əlabbasın “Dərs”i Featured

“Ədəbiyyat və incəsənət” portalında publisistika saatıdır, sizlərə Əlabbasın “Dərs” yazısını təqdim edirik.

                                

                  

Tarixçi olmamağım üzündən bu söz gəzişməsinin xronoloji və təfsilatlı təhlil deyil, uzağı, mozaik bir şərh olacağını indidən deyim.

         Çox-çox əvvəl, lap dəqiqi, Şuşa gedəndən sonra yazmışdım: “Qarabağı torpaq yox, oğul itirən kimi itirdik”. Başqalarını bilmirəm, şəxsən məni Şuşanın işğalı şüşə kimi çilikləyib, Allahın evinəcən yandırmışdı və o yanığın yerini heç nə, hətta o oğulun otuz il can çürütdüyü zindandan, düşmən əsirliyindən qayıtmağı da sağaldan deyil. Qalmışdı əlsiz-ayaqsız, dilsiz-ağızsız, dünya işığından məhrum halda dönmüş ola o oğul!        

Belə... Bəri başdan onu da deyım:  Azərbaycanın Ermənistan üzərində müəzzəm qələbəsinin bünövrəsi, mənim nəzərimdə, on bir il əvvəldən, 2010-cu ilin iyun ayında nakam balamız Mübariz İbrahimov tərəfindən qoyulub. Hadisələrin sonrakı gedişatı da bunu təsdiq etdi: göstərdiyi ağlasığmaz iradə və müstəsna igidliyə görə o, xiyabanların fəxri sayılan yerdə torpağa tapşırıldı,  ölümündən sonra Milli Qəhrəman adına layiq görüldü, "İlin adamı" elan olundu, adı, şəkilləri və qısa həyat yolunu panoram edən portret oçerklər dərslik kitablarına salındı, iri fotoları maşınların, reklam şitlərinin,  bina fasadlarının  bəzəyinə çevrildi, haqqında şeirlər yazıldı, musiqilər bəstələndi və s... Bu həm də öz halal haqqına qovuşan  yenilməz  bahadıra  dövlət-xalq ehtiramının ifadəsi idi. Amma Mübariz əfsanəsinin elə görünməyən tərəfləri var ki, hələlik üzdə olan hər şeyi bir yana qoyub, azacıq da olsa, məhz ona işıq salmaq istəyirəm. 

         Kim etiraf etməz ki, 90-lardan ta ötən il, noyabrın 10-can özünü azərbaycanlı hesab edən hər bir kəsi daim məğlubiyyət acısı, inamsızlıq və sarsılmış döyüş ruhu müşayiət etməyib? Beynəlxalq aləmdə belə ad və nüfuzu ciddi şəkildə zədələnən Azərbaycan adlı məmləkətin hər yerində etimadsızlıq hökm sürüb. Hər birimizin qəlbinə yenə bilmədiyimiz bir qorxu hakim olub. Erməni-rus xofu illər uzunu gözlərimizdə qorxunc bir yuva qurub...

Kim bilərdi ki, günlərin bir günü (18 iyun 2010-cu il) dünya hərb tarixinin, bəlkə də, ən inanılmaz olayı baş verəcək. Rus və erməni qanı daşıyanlar tərəfindən cırtdan Ermənistan ordusu haqda uzun illərdən bəri qəsdən, bilərəkdən  uydurulmuş  “məğlubedilməz mif”i darmadağın edən Ağ atlı bir oğlan peyda olub tarixə öz  damğasını  basacaq!.. On illik qəti fikrimdir ki, şəhadət yolunu  şüurlu şəkildə qəbul edib də  döyüş əfsanələrini bir gecənin içində təkbaşına gerçəkləşdirən qeyri-adi vuruşu ilə Mübariz hər bir azərbaycanlının qəlbində gəzdirdiyi qisas alovunu (məqsəd və amalını) gerçəyə çevirdi. O ali məqsədin kodu (ştrix kodu) Mübarizin valideynlərinə yazdığı və sonradan Azərbaycan gəncliyinin manifestinə çevrilən sirli məktubdadı. Qəhrəmanımız nə yazdı, nə dedi, xarakter ortaya qoyaraq onu da kişi kimi elədi və o qeyri-bərabər döyüş Azərbaycan gəncliyinin sarsılmış inamını özünə qaytarmaqda inanılmaz dərəcədə müstəsna rol oynadı. "Ağ atlı oğlan" tək böyük bir orduya deyil, bütöv cəmiyyətə Qələbə motivasiyası təlqin etdi. Sanki bircə-bircə adamların yaxasından yapışıb dedi ki, inanın mənə, beyninizə zorla yeridilən fikirləri çıxarıb atın, yenilməz Ermənistan ordusu adında bir şey yoxdu.

         O gündən hərə özünü bir Mübariz sandı. Bu artıq dərkolunan mahiyyət idi. Bir xatırlayın: şəxsini  Mübariz hesab edən və özünü ona oxşadan şəhid və qazilərimizin aylar-günlər sonra telefonunun arxivindən ata-anasına, sevgilisinə, doğma və əzizinə Mübarizsayağı yazdığı nə qədər məktub  üzə çıxdı?! Yurd-yuva sevgisinə bələnmiş  o vəsiyyətlərin hər birinin tən ortasından məramı bəlli bir qırmızı xətt keçir: "Qanımı  Vətən yolunda halal edirəm, təki Azərbaycan sağ olsun!" Bax buna deyərlər milli xarakter! Buna deyərlər xalqın əbədi və əzəli siması!                 

İkinci belə bir cəhd o hadisədən altı  il sonra,  Lələtəpə uğrunda döyüşlər zamanı oldu. Daha dörd il sonra isə Azərbaycanı Tovuz hadisələri silkələdi. Bu artıq son idi!

İsti və rahat kabinetində deyil, toz-torpaqlı səngərdə, ilan-çayanın içində, qısası,  döyüş meydanında əbədiyyətə qovuşan general Polad Həşimovun şəhadəti Zəncandan Şəkiyə, Təbrizdən Bakıya, Kərkükdən Naxçıvana bütöv Azərbaycanı ayağa qaldırdı, hamı bir nəfər kimi könüllü olaraq hərbi komissarlıqlara axışdı, neçə illərdən bəri qana susayan, intiqam eşqi ilə alışıb-yanan qurdağızlı igidlərimizin  bitib-tükənməyən növbəsi yarandı. Heç deməzdin onlar bir üzü də labüd ölüm olan döyüş meydanına yollanırlar! Təkcə fəxarət hissi keçirirmiş yox, həm də şəhadət şərbəti içməkdə bir xoşbəxtlik varmış kimi deyə-deyə, gülə-gülə gedirdilər. O günlər bir möcüzə sandım bunu mən və bu monolit birliyi görəndən sonra yazdım ki, düzdür, 12 iyulda bir qarış da torpaq əldə etmədik, əvəzində xalqımızın milli ruhu, döyüş əzmi, mübarizə əhvalı, qələbəyə olan sarsılmaz inamı özünə qayıtdı. Bununla Azərbaycan son otuz ilin, istisnasız olaraq strateji əhəmiyyətli ən böyük yüksəkliyini ələ keçirmiş oldu. Millət bir yumruq halına gəldi. İqtidar – müxalifət anlayışı dərhal unuduldu və bu, Dövlət – Ordu ­­– Xalq – Rəhbər birliyinin rəhninə çevrildi. Daima irad və tənqidlərə tuş olan və uzun illər kliniki ölüm keçirdiyi güman olunan Azərbaycan Ordusu silkinib ayağa qalxdı. Necə deyərlər, barometr yalnız fırtına göstərirdi!

Ordumuz düşmənin 27 sentyabr təxribatı zamanı ilk həmlədəcə cəbhəni yarıb keçdi. Məlum oldu ki, öndə  Ölkə Başçısı olmaqla ötüb-bitən illər ərzində hərbi və iqtisadi baxımdan müqayisə olunmayacaq bir gücə çevrilən Azərbaycan siyasi və hərbi rəhbərliyin, taktik və strateqlərin böyük səyi nəticəsində regionun yüksək döyüş qabiliyyətli ən güclü ordusunu yaratmağa müvəffəq olub, mütləq yeni siyasi reallıq baş verəcək! Və verdi də! Hadisələrin diktəsi siyasi ekspert Aleksandr Sitinin “Müharibə Azərbaycanın qələbəsi ilə bitəcək” xəbərdarlığının heç də göydəndüşmə bir proqnoz olmadığını təsdiq etdi.

          Xoşbəxtlikdən ilk qələbə sevincini dadmaq çox da uzun çəkmədi. Füzuli rayonunun bir neçə kəndi düşməndən azad ediləndə dünənə qədər tərəddüd içində vurnuxanlar belə Böyük Qələbənin möhtəşəm addım səslərini eşitdilər. Artıq kimsə şübhə etmirdi ki, son 200 ilin revanşı başlanıb, işğal tarixini unutmağın tam zamanı gəlib.

          Füzuli, ardınca Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı rayonlarının bütün ərazisi ildırım sürəti ilə yağı tapdağından  qurtuldu. Qarşıda Şuşanın fəthi dayanırdı. Şuşa olmayınca Qələbədən danışmaq əbəs idi. Şuşa düz otuz il idi Vətən anlamı daşıyırdı. Şuşa deyiləndə Azərbaycan başa düşülürdü. O günlər hər şey bir yana idi, Şuşa bir yana.  Vətən sevdalıları Şuşa deyib ləliyirdi. Tək ona görə yox ki, qoca Qafqazın qədim incisinin geri alınması Ermənistandan Xankəndi, Xocalı, Ağdərə və Xocavəndə gələn yolun həmişəlik kəsilməsi, iyirmi beş minlik böyük bir ordunun mühasirəyə alınması, onun ərzaq, geyim, dərman, silah-sursat və digər yardımlardan təcrid olunması  demək idi. Ona görə də yox ki, o dönəmdə siyasi kluarlarda dolaşan “Şuşa kimdədirsə, Qarabağ ondadır” fikri ictimai rəydə də özünə möhkəm yer eləmişdi.  Daha çox ona görə ki, Şuşa Azərbaycan üçün şərəf, milli qürur və heysiyyət məsələsi idi. Əsla şübhə etmirəm ki, Ölkə Rəhbəri “Şuşaya bir nəfəs qədər yaxınıq” deyəndə də məhz bu gerçəyi ifadə etmək fikrində olub.  Təsadüfi deyil ki, Qələbəyə təşnə şanlı Ordumuz məhz Şuşaya daxil olan gün – bu, son yüz ildə Azərbaycana üz vermiş ən böyük xoşbəxtlik idi – müqavimət göstərməyin əbəs olduğunu görən Ermənistan kapitulyasiya aktına imza atmalı oldu. Bu, Azərbaycanın möhtəşəm Qələbəsinin  düşmən tərəfindən zor-xoş etirafı idi! Beləcə illərlə həsrətində olduğumuz saat gəlib çatdı. Ədalət zəfər çaldı. Azərbaycan xalqı öz halal haqqına qovuşdu. Bütün dünya türkün gücünü və əzəmətini gördü.  Düşmən ordusunun 80 faizini cismən məhv etməklə Azərbaycan tək Ermənistanın özünü yox, həm də dünyaca məşhur erməni lobbisini darmadağın etmiş oldu. İllərlə dənizdən-dənizə ideyasının əsiri olanların dizini qatlayıb, biləyini bükdük. Bu şanlı Qələbə dünənəcən Azərbaycana siyasi iradəsini qəbul etdirməyə çalışanlara, onunla güc dili ilə danışanlara da ciddi qulaqburması oldu. Payını və dərsini alanlar aldı.   

O vaxt yazdığım bircə cümləlik fikir də çox müdrik bir xalq deyiminin ədəbi formuluna çevrildi: “Şuşa – ilanın gördüyü ulduz”.    

Daim haqqın yanında olması ilə xalqımızın rəğbət və ehtiramını qazanan rus jurnalisti, aparıcı və politoloq Maksim Şevçenko Şuşanın fəthi ərəfəsində isti-isti yazırdı: “Azərbaycan Ordusunun qələbələrindən heyranlıq duyuram. Bu hərbi əməliyyat müharibələr tarixində mütləq öz yerini alacaq”

İndi onu deməyin məqamıdır ki, müharibənin yalnız aktiv fazası başa çatıb. Azərbaycan, Rusiya və Ermənistan arasında ilkin razılaşdırılan bəyannamədə nəzərdə tutulan müddəalar artıq diplomatik müstəvidə çözülür. Hazırda savaşın informasiya mərhələsindəyik. Danılmaz  həqiqətdir ki, Ali Baş Komandanın xüsusilə 44 günlük Vətən Müharibəsində nümayiş etdirdiyi qətiyyət, sarsılmaz siyasi iradə və prinsipial mövqeyi Azərbaycanı Böyük Qələbəyə daşıdı. Onun müharibə günlərində dünya çapında bir-birini əvəzləyən çoxsaylı müsahibə, çıxış və nitqləri informasiya blokadasının yarılmasında – bir sözlə, haqq işimizin təntənəsində müstəsna rol oynadı. Ərazicə üç böyük rayonumuz (Ağdam, Laçın, Kəlbəcər) bir güllə atılmadan, məhz diplomatik yolla öz əzəli və əbədi sahibinə qismət oldu. Hələ o günlərdə yazmışdım:

         “Bu dəqiqə mənim tanıdığım dörd İlham Əliyev var: Azərbaycan, türk, ingilis və rus dillərində mükəmməl danışan alovlu natiq və poliqlot, sarsılmaz siyasi iradəyə malik diplomat, beynəlxalq təcrübə ilə liderlik məharətinə sahib qətiyyətli rəhbər və Qalib Ordunun Sərkərdəsi!”

Xoşbəxtlikdən müzəffər Azərbaycan Ordusunun mənəvi-psixoloji durumu, döyüş əzmi və ruh yüksəkliyi Ermənistanı bürümüş siyasi və iqtisadi böhranla üst-üstə düşdü.  Hərbi və siyasi rəhbərlikdə yaranan qalmaqallar, hərbçilər arasındakı özbaşınalıq, ordudan fərarilik, idarəetmənin itirilməsi, gün-gündən dərinləşən  siyasi və iqtisadi böhran Ermənistanın məğlubiyyətini qaçılmaz etdi. Lakin 44 günlük müharibədə Azərbaycanın əldə etdiyi müəzzəm Qələbənin sirri əsla bunda deyil. Ordumuzun intellektual səviyyəsi, zaman-zaman qazanılan peşəkarlıq, düzgün taktika və strategiya, son nəsil silah-sursat, hərbi texnika və dünya müharibələri tarixində ən yeni döyüş standartlarından istifadə və üstəgəl bizi işğal ləkəsindən, məğlub damğasından əbədilik qurtaran dəliqanlı gənclərimizin hər düşündüyümüzdə gerşəkləri bir daha gözlər önünə sərgiləyən sonsuz Vətən sevgisi! Hələ o zaman fb-də tanklar barədə ironik bir fikir yürüdüb demişdim ki, inşallah, belə getsə, Qarabağ dünya hərb sənətinə son nəsil texnologiyaların ilk ünvanı kimi düşəcək.

Baxın, Amerikanın Quru Qoşunlarının Baş Qərargah rəisi  Ceyms Makkonver o günlərdə verdiyi bir müsahibədə qəribə də olsa, nə deyirdi: “Azərbaycan Ordusunun dron və pilotsuz uçuş aparatlarından istifadəsini dünya döyüş tarixində əsas yeniliklərdən biri hesab etmək olar. Bu müharibə ənənəvi silah növlərindən istifadəni belə sual altına qoyur”. 

Bu fikrin kimə məxsus olduğunu  xatırlatmağın, məncə, xüsusi bir anlamı var: Ceyms Makkonver sıradan bir şəxs və siyasi icmalçı yox, NATO-nun ordu generalıdır. NA - TO - nun! 

Gərək Amerikanın sabiq Dövlət katibinin SSRİ üzrə keçmiş müşaviri Pol Qobl, İqor Korotçenko, Sergey Markov, Oleq Kuznetsov, Abdulla Ağar, Hikmət Hacıyev və digər məşhur siyasi simaların haqq səsimizi və Azərbaycan barədə həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaqda nəhəng bir institutun görə biləcəyi həcmdən heç də az tutuma malik olmayan mükəmməl çıxışlarını da hesabdan silməyək. Haqq haqlığında qalır.

Azərbaycanı bu müqəddəs savaşda  tək qoymayan Türkiyə, hüquqi legitim mübarizədə mənəvi dəstəyini bir an belə əsirgəməyən Pakistan və İsrail haqda da nə desək, azdır. Xüsusən də canbir qardaşımız Türkiyə barədə!

Sonda qaranlıq gecələrimizi Qələbə sevinci ilə aydınladan Tanrıya çox dərin bir şükranlıqla bu işdə İlahi bir nizam olduğunu da xatırladıb Zaman və Tarixin təsdiqindən keçən bir gerçəyi də deyim ki, Azərbaycan gecə-gündüz şeir-şüar deyənlərin, yalançı patriotların və nağıl danışanların yox, bu halal torpağı öz qızıl qanıyla suvaranların Vətənidir!

     

       Göz yaşları hələ də qurumayan mələk analarımızın, sağlamlığını itirən mətin qazilərimizin, şəhid düşən qəhrəman oğullarımızın müqəddəs və nigaran ruhu qarşısında baş əyən yazıçı! 

 

“Ədəbiyyat və incəsənət”

(05.11.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.