Super User

Super User

Вторник, 09 Ноябрь 2021 14:29

Zəfər Günü

Zəfər Günü münasibətilə İstanbulun rəmzləri Azərbaycan bayrağının rənglərində işıqlandırılıb

İstedadlı karikaturaçı rəssam Soltan Soltanlının karikaturaları vaxtaşırı olaraq xarici dərgilərdə dərc olunmaqdadır.
Bu günlərdə Rusiyada düzənlənən "Just Funny" Beynəlxalq Karikatura Yarışmasının kataloqunda Soltan Soltanlının çox aktual bir əsəri yer alıb. Yaltaqlıq, karyera və imtiyaz üçün yarınmaq zəmanəmizin ən böyük problemlərindən biri deyilmi?


Nyu-York şəhərinin Linkoln Mərkəzində Üzeyir Hacıbəyli adına Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin yekun konserti keçirilib.
AzərTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev müxtəlif ölkələri təmsil edən səfirləri, diplomatik missiyaları və təşkilatları təmsil edən nümayəndələri, Azərbaycan icması nümayəndələrini və digər qonaqları salamlayıb. O qeyd edib ki, konsert Azərbaycanın qədim şəhəri, incəsənət və mədəniyyət beşiyi olan Şuşada anadan olmuş dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz irsini təntənəli surətdə qeyd etmək üçün keçirilir.
Yaşar Əliyev qeyd edib ki, tədbirin Müzəffər Ali Baş Komandan İlham Əliyevin başda olmaqla bütün Azərbaycan xalqının müasir Azərbaycan tarixinin ən qürurlu günü - Zəfər Günü ərəfəsində keçirilməsi xüsusi əhəmiyyət kəsb edir və həmvətənlərimizi bu əlamətdar gün münasibətilə təbrik edib. Azərbaycan diplomatı dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əbədi klassik irsinin müasir təsfiri kimi gənc bəstəkarlar tərəfindən hazırlanmış avanqard əsərlərin səsləndirilicəyini qeyd edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdıran dünya azərbaycanlılarının tarixi Zəfərin əldə olunmasında böyük payı olduğunu bildirib, həmvətənlərimizi Zəfər Günü münasibətilə təbrik edib. Komitə sədri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, Azərbaycan Ordusunun rəşadəti və dünya azərbaycanlılarının həmrəyliyi ilə əldə olunmuş böyük Zəfərin birinci ildönümü münasibətilə bu günlərdə dünyanın bir çox yerlərində olduğu kimi ABŞ-da da bir sıra tədbirlərin keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.
Layihənin təfərrüatları haqqında söz açan Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti Nərgiz Əliyarova Azərbaycanın BMT yanında daimi nümayəndəliyi və onun rəhbəri Yaşar Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova, Azərbaycan Respublikasının ABŞ-dakı səlahiyyətli səfiri Xəzər İbrahimə və sabiq səfiri Elin Süleymanova, Azərbaycanın Mədəniyyət Naziri Anar Kərimova layihənin gerçəkləşməsində verdikləri dəstəyə görə təşəkkürünü bildirib. N.Əliyarova qeyd edib ki, müsabiqənin məqsədi Azərbaycan Dövlət Konservatoriyasının banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığının dünyada geniş təbliğ edilməsi, onun musiqi irsinə yeni həyat verilməsidir. N.Əliyarova Üzeyir Hacıbəylinin Şərqdə ilk opera və ilk operettanın müəllifi olduğunu vurğulayıb. O qeyd edib ki, Avropa musiqi sənətini Azərbaycana gətirən Üzeyir bəy Azərbaycanın qədim musiqi köklərinə aid olan muğam janrını Avropa musiqisi ilə sintez edərək yeni Azərbaycan professional musiqi sənətini yaratmağa nail olub.
Cari ilin yanvar ayında başlanan müsabiqəyə dünyanın müxtəlif ölkələrindən bəstəkarlar qatılıb. Müsabiqənin şərtlərinə uyğun olaraq hər bir iştirakçı Ü.Hacıbəylinin Təşkilat Komitəsi tərəfindən seçilmiş 10 musiqi mövzusunun istənilən biri, və ya bir-neçəsi əsasında bəstələdiyi instrumental (5 ifaçıdan çox olmayaraq) əsər təqdim etməli idi. Dünyanın 26 ölkəsindən 51 təqdimat qəbul olunub. Sentyabrın 18-də, Üzeyir Hacıbəylinin doğum günündə bu müsabiqənin qaliblərini elan olub. N.Əliyarova qeyd edib ki, Hacıbəyli Beynəlxalq Bəstəkarlar Müsabiqəsi hər iki ildən bir keçiriləcək. O, qeyd edib ki, yeni yazılan əsərlərin yaranması Ü.Hacıbəyli musiqisinin təbliğində mühüm rol oynayacaq. Xarici bəstəkarlar Üzeyir Hacıbəylinin yaradıcılığını yaxından öyrənib onun mövzularına musiqi bəstələyəcəklər. Həmçinin yeni yaranan əsərləri ifa edən əcnəbi musiqiçilər də dahi bəstəkarın yaradıcılığı ilə tanış olmaq imkanı əldə edəcəklər. Daha böyük dinləyici kütləsi bu əsərlər vasitəsilə ustadın musiqi dünyasına bələd olacaq, bütövlükdə Azərbaycan musiqisi, mədəniyyətilə tanış olacaqlar.
Bildirib ki, 2021-ci ildə keçirilmiş müsabiqənin birinci mükafatçısı Kolumbiyadan olan bəstəkar Marius Diaz elan edilib. Müsabiqənin ikinci və üçüncü yerlərinə Azərbaycandan Türkar Qasımzadə və Böyük Britaniyadan Metyu Perret layiq görülüb. Qalib olan əsərlərin premyerası sentyabrın 23-də Bakıda keçirilən Ü.Hacıbəyli adına Beynəlxalq festival çərçivəsində baş tutub. Qeyd olunub ki, həmçinin müsabiqədə təqdimatları ilə fərqlənmiş İsraildən Braça Bdilə, Kanadadan Parisa Sabetə, Azərbaycandan Tahir İbişova, Qazaxıstandan Gelimjan Sekeyevə sertifikat təqdim olunacaq. Bundan əlavə, Azərbaycan Bəstəkarlar İttifaqı türk bəstəkarı Orkun Təkəlioğluna Xüsusi Tanınma Sertifikatını, “Şuşa səslənəndə” əsərinə görə Avstriyadan olan Aria Esmaeli Torkanburiyə Hacıbəyli adına xüsusi mükafat və nəhayət, müsabiqədə ən gənc bəstəkar olan 12 yaşlı Zərrin Şükürə xüsusi mükafat təqdim edəcək.
Daha sonra, Təşkilat Komitəsinin sədri olan N.Əliyarova münsiflər heyəti üzvləri Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadəyə, Mənhəttən Musiqi Məktəbinin Bəstəkarlıq şöbəsinin müdiri Reyko Fütinqə, Stoni Bruk Universitetin professoru və Qadın Bəstəkarlar Cəmiyyətinin həmtəsisçisi və direktoru Nilufər Nurbəxşə dərin təşəkkürünü bildirib.
Tədbirin sonunda soprano Dilarə Ünsal tərəfindən ifa edilən “Bakı haqqında mahnı” və amerikalı musiqiçi Nigel Smitin Azərbaycan dilində səsləndirdiyi Müslüm Maqomayevin “Azərbaycan” mahnısı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin rəsmi hissəsindən sonra qonaqların şərəfinə ziyafət verilib.

Akademik Milli Dram Teatrında Zəfər Günü münasibətilə şəhid anaları və qazilərin iştirakı ilə təntənəli tədbir keçirilib, “Qarabağnamə” tamaşası nümayiş olunub.
Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşanın nümayişindən əvvəl teatrın direktor müavini Hacıbaba Məmmədov Azərbaycanın haqq savaşı – 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti haqqında çıxış edib, tədbir iştirakçılarını Zəfər Günü münasibəti ilə təbrik edib.
Eləcə də, teatrın Vətən müharibəsində iştirak edən əməkdaşları – qazi Tərlan Əsgərli, iştirakçılar Ruslan Kərimov, Dağlar Yusif, Rüfət Cabbarov və Fuad Cəbrayılovun düşmənlə mübarizəsindən danışılıb, “Qarabağnamə” tamaşası ilə bağlı fikirlər bölüşülüb.
Tədbirdə qazilərə və müharibə iştirakçılarına Akademik Milli Dram Teatrının döş nişanları, Fəxri fərmanlar təqdim olunub.
Xalq artistləri Əli Nur və Nurəddin Mehdixanlı çıxış edib, Zəfər Günü ilə bağlı fikirlərini bölüşüblər.
Teatrın Vətən müharibəsində iştirak edən əməkdaşlarından Tərlan Əsgərli Ali Baş Komandan İlham Əliyev tərəfindən “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə, Ruslan Kərimov və Dağlar Yusif isə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Qeyd edək ki, “Qarabağnamə” tamaşası XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. Xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.
Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.
Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Ramiz Məlik, Əli Nurzadə, Əməkdar artistlər Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Aslan Şirin, Elxan Quliyev, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Elnar Qarayev aktyorlar İlyas Əhmədov, Elnur Qədirov, Ramin Şıxəliyev, Ləman İmanova, Rada Nəsibova, Cavidan Novruz, Firuzə Balayeva və Fəridə Şahbazova ifa edir.

Вторник, 09 Ноябрь 2021 08:59

Tanınmış rəssam Davud Kazımovun 95 illiyi

 

Niyə də belə məşhur bir rəssamı tanımayaq ki? Davud Mehti oğlu Kazımov 1926-cı il noyabr ayının 9-da Bakı şəhərində anadan olub. Sərbəst yaradıcılıq fəaliyyətinə II Dünya müharibəsindən sonrakı dövrdə başlayıb. İlk dəfə ictimaiyyətin diqqətini ordudan tərxis olunmuş əsgərin qarşılanma mərasimini əks etdirən “Əsgərin qarşılanması” adlı əsəri ilə özünə cəlb edib. Daha sonra “Konsert-tapmaca”, “Çimərlikdə”, “Uşaq konsultasiyası” kimi əsərlərində uşaq dünyasını əks etdirib, “Xəzərin təkində”, “Sağıcılar”, “Yollar” və s. kimi rəsmlərində onun təbiətə, insanlara məhəbbəti rənglərin dili ilə inandırıcı təsir bağışlayıb. Azərbaycan təsviri sənətində istedadlı qrafika ustası kimi də tanınmış Davud Kazımov kitab illüstrasiyası sahəsində də çalışıb, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının hekayələrinə, Mirzə Əli Möcüzün şeirlərinə çəkilmiş rəsmləri ayrıca qeyd olunmalıdır. Dəniz neftçilərinin romantik həyatı, fədakar əməyi rəssamın sevimli mövzularından olub. Bir çox xarici ölkələrdə yaradıcılıq ezamiyyələrinə gedib, 1979-cu idə Bolqarıstan, 1980-ci ildə İspaniya səfərlərinin nəticəsi olaraq yaradıcılığında xüsusi yer tutan “Bolqarıstan silsiləsi” və “İspaniya silsiləsi”nə daxil olan əsərlərini yaradıb. Sənətkarın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının bədii fondunda, Rusiya, Türkiyə, İran, Macarıstan, Almaniya və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır. O, 1978-ci ildə Azərbaycan Respublikasının “Əməkdar rəssamı”, 1992-ci ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. Davud Kazımov 2015-ci il fevral ayının 14-də vəfat edib. Ruhu şad olsun.

 

 

Bu gün Ginnesin rekordlar kitabı günüdür. Olduqca maraqlı, bəşər insanının ən diqqətçəkən kəşflərindəndir Ginnesin rekordlar kitabı. Onu 1951-ci ilin bu günündə - düz 80 il əvvəl britaniyalı mühəndis, pivəbişirmə sexinin sahibi Xyu Biver yaradıb. Necə? O öz dostlarıyla ova gedibmiş. Axşam pivə barında mübahisələri düşüb ki, ən bərk uçan quş hansıdır. Nə qədər ədəbiyyat axtarıblar, cavab tapılmayıb. Onda Biverin ağlına gəlib ki, bir kitab yaradıb ora bütün rekordları daxil etsin. Kitabın adına da öz pivəbişirmə sexinin adını qoyub – Ginnes. Hazırda bu kitab dünyada müəllif hüququ qorunan ən yüksək tirajlı kitabdır. Burada nə qədər maraq doğuran faktlar var, yarəbb. Hər il bu faktlar dəyişir, yenilənir, Ginnesin kitabı da öz aktuallığını qorumaqda davam edir.

 

Kitabda Azərbaycanla bağlı səhifələr də var. Cəbrayılrayonunda anadan olmuş, hazırda Belşikada yaşayan rəssam Fəxrəddin Vəliyev adını "Ginnesin Rekordlar Kitabı"na yazdırmış ilk azərbaycanlıdır. O, 2004-cü ildə 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə bu şərəfə nail olub. Lənkəranrayonunun sakini, 7 yaşlı Ələsgər Həsənzadə kitaba düşən ən azyaşlı şəxsdir. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb enə bilib. Neft Daşlarının Ginnesin Rekordlar Kitabına adı ən birinci dəniz neft platforması kimi düşüb. 168 yaşında vəfat etmiş azərbaycanlı, Lerik rayon sakini Şirəli Müslümovun adıuzunömürlülüyünə görə kitaba daxil edilib. Təəssüf ki, özündə faciə əks etdirən faktla da kitabın səhifəsində qərarlaşmışıq. Belə ki, 1995-ci ilin 28 oktyabrında “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması (əslində terror aktıydı) nəticəsində 300 nəfərin həlak olması, 400 nəfərin isə yaralanması ilə sonuclanan qəza "Ginnes Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb.

 

Вторник, 09 Ноябрь 2021 08:57

Bu gün Dövlət Bayrağı günüdür

 

1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilib, zorən qırmızı bayraq qəbul olunub.

 

Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Bundan sonra 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək həmin bayrağı Dövlət bayrağı elan edib. 1991-ci il oktyabr ayının 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən üçrəngli Dövlət bayrağını bərpa eləyib.

 

Bayrağın daim ucalsın, Azərbaycan! Böyük Məmmədəmin Rəsulzadə demiş, “Bir kərə yüksələn bayraq bir daha enməz”!

 

 

 

Bakı Dövlət Sirki Zəfər Günü münasibətilə “Dəmir yumruq” adlı kompozisiya təqdim edib.
Bu kompozisiyada əlində şəmşir, məşəl tutan cəngavərlər (aktyorlar), vətənin keşiyində daim ayıq-sayıq duran və zirehli dəbilqələrində daha əzəmətli görünən döyüşçülərimizin düşmən üzərinə hücuma keçərək zəfər çaldıqları anları tamaşaçıların gözü qarşısında nümayiş etdiriblər.
Layihə ilə bağlı AzərTAC-a məlumat verən Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov deyib: “Gələcəkdə bu ideyanı bir az da genişləndirib, kompozisiyaya teatral quruluş verməyə çalışacağıq. Ümid edirik ki, bizim həyəcanla izlədiyimiz 44 günlük Vətən müharibəsi uşaqlarımızın bir cəngavər döyüşçü ruhunda böyüməsinə öz təsirini göstərəcək”.

Понедельник, 08 Ноябрь 2021 15:20

Şair Məmməd Namaz vəfat edib


Sumqayıt ədəbi mühitinə ağır itki üz verib. Şair Məmməd Namaz 79 yaşında vəfat edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Məhəmməd Əlioğlu Namaz 12 Sentyabr 1942-ci ildə Tovuzun Əsrik-Cırdahan kəndində anadan olub. 1961-ci ildə Sumqayıtda  əmək fəaliyyətinə başlayıb. Ədəbi həyatına da bu dövrdə başlayan yazarın “Mənəmsə günahkar” adlı ilk şeiri 18 İyun 1961-ci ildə “Sosializm kəndi” qəzetində çap  edilib. Azərbaycan Dövlət Universiteti Kitabxanaçılıq və Biblioqrafiya Fakültəsinə daxil olub oranın məzun olan Məmməd Namaz uzun illər Sumqayıtda kitabxana müdiri, Tovuzda kənd klubu müdiri, Gəncədə müəllimlik edib. Sonra o, “Sosialist Sumqayıtı” qəzetində çalışıb. Uşaq və gənclərdən bəhs edən şeirləri, hekayələri müntəzəm qəzet səhifələrində, almanaxlarda dərc olunub. 1984-cü ildə o, Azərbaycan Yazıçılar Birliyinə üzv olub. Məmməd Namaz 5 şeir kitabının müəllifidir. “Yaz yağışı. 1976-cı ildə, “Kəpənək özünə gül əkir” 1979-cu ildə, “Muğanlı kosmonavt” 1982-ci ildə, “Payızda güllər kövrək olurmuş” 1984-cü ildə,
“Analar kövrək olur” isə 1986-cı ildə işıq üzü görüb.
Məmməd Namaz çox təvazökar şair olub. Özü haqqında heç vaxt "mənim şeirim", "mənim yaradıcılığım" ifadəsini işlətməyib, onun şeirləri barədə tənqidçilər bir az xəsislik eləsələr də, Mirvarid Dilbazi, Famil Mehdi, İlyas Tapdıq, Məstan Günər, Zahid Xəlil, Rafiq Yusifoğlu, Vaqif Yusifli ürək sözlərini izhar ediblər. Şeirləri dərsliklərə də düşüb.
Məmməd Namazın olduqca güclü Vətən şeirləri də var. Onlardan birində şairin lirik ricəti xüsusən diqqət çəkir:

Bu da bir əzabdır, məni yaşadır,
İlhamım cəhənnəm daşından çıxır.
Bir vaxt ayağıma batan tikanlar
İndi ürəyimin başından çıxır.
Könlümdə Vətən bitər,
Dilimdə Vətən bitər.
Əlim dəysə daşına-
Əlimdə Vətən bitər.

Ruhun şad olsun, Məmməd Namaz!

Və yaxud, Şuşanı mədəniyyət paytaxtına çevirən səbəblər barədə

Düşmən əsarətindən azad edildikdən dərhal sonra Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi, ardınca İSESKO təşkilatı Şuşanı İslam dünyasının Asiya qitəsindəki mədəniyyət paytaxtı adlandıracağını bəyan etdi. Şuşanın adı gələndə hamı ilk öncə Cıdır düzünü, İsa bulağını, Xarı bülbülü, eləcə də orada yetişmiş mədəniyyət xadimləri pleadasını xatırlayır.
Bir diqqət edin: Azərbaycan ədəbiyyatında müstəsna xidmətləri olan Qasım bəy Zakir, Nəcəf bəy Vəzirov, Firudin bəy Köçərli, Əhməd bəy Ağayev, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov və Yusif Vəzir Çəmənzəminli, musiqi sahəsində Bülbül, Zülfüqar Hacıbəyov, Üzeyir Hacıbəyli, Seyid və Xan Şuşinskilər, Zülfü Adıgözəlov, Əfrasiyab Bədəlbəyli, Niyazi, Rəşid Behbudov, Zakir Bağırov, Soltan Hacıbəyov, Fikrət Əmirov, Vasif Adıgözəlov, Süleyman Ələsgərov və başqalarının adını xatırlatmaq xalqımızın mədəniyyət tarixində Şuşanın necə böyük əhəmiyyətə malik olduğunu ortaya qoyar. Şuşa həmçinin məşhur memar Kərbəlayi Səfixan Qarabağı, rəssamlar Mir Möhsün Nəvvab, Əmir və Altay Hacıyevlər, Toğrul Nərimanbəyov, Vidadi Nərimanbəyov, Ağəli İbrahimov, heykəltaraş Cəlal Qaryağdı, Hüseyn Əhmədov, nəqqaş Usta Qəmbər Qarabağı kimi məşhur sənətkarların da doğulduğu məkandır. Razılaşın ki, bir xalqın mədəniyyət irsini bir şəhərin bunca zənginləşdirməsi faktının analoquna çətin rast gəlmək olar.
Bu dəfə biz Şuşanın musiqi ənənələri barədə söz açacağıq.
Tarixə nəzər salsaq, görərik ki, hələ XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda ünlü bəstəkar Üzeyir Hacıbəylinin  böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulmuşdu.
Azərbaycanda bir neçə muğam ifaçılıq məktəbi var. Xüsusi maraq doğuran Qarabağ muğam məktəbi əsasən Şuşada formalaşmışdır. Qarabağ muğam məktəbinin nümayəndələri xalqımızın musiqi mədəniyyətini inkişafında xüsusi rol oynamışlar. Qarabağ müğənnilərinin əksəriyyəti Şuşada doğulmuşdur. Azərbaycan muğamlarının da içərisində Şuşada yaranan, təkmilləşən muğamlar, şöbələr və guşələr var.
Uzun illərdən bəri Qarabağda yetişən nadir tarixi şəxsiyyətlər, ailələr, nəsillər, şəcərələr, konkret tarixi hadisələr, eləcə də qədim diyar barədə etnoqrafik tədqiqatlar aparan tədqiqatçı-jurnalist Vasif Quliyevin çox maraqlı açıqlamaları var. “Şuşa” qəzetinin redaktoru, Şuşa və ümumən Qarabağ tarixi barədə 50 ilə yaxındır ki, qələm çalan Vasif Quliyev bu illər ərzində Qarabağda yetişən nadir tarixi şəxsiyyətlər, ailələr, nəsillər, şəcərələr, konkret tarixi hadisələr, eləcə də qədim diyarın etnoqrafiyası barədə nə az, nə çox, 20-dən çox kitab qələmə alıb. Onun yazdığı kitabların coğrafiyası Şuşa və Qarabağı əhatə edir. “Şuşa Azərbaycan mədəniyyəti, incəsənəti və ədəbiyyatının mərkəzidir. Şuşanın bəxş etdiyi sənətkarların, şəxsiyyətlərin bir qisminin adını çəkmək kifayətdir ki, onun necə möhtəşəm bir mədəniyyət beşiyi olduğunu təsəvvür edəsən” deyən Vasif Quliyev yazır:

“Mirzə Hüseyn Segahı” XIX əsrin əvvəllərində Şuşada yaranıb və formalaşıb. İlk dəfə Mirzə Hüseyn adlı xanəndə tərəfindən yüksək sənətkarlıqla ifa edildiyinə görə onun adı ilə adlandırılıb. Həmin muğamın ən mahir ifaçıları Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd və Xan Şuşinski olub. Xanəndə “Segah İslam” - İslam Abdullayev isə “Mirzə Hüseyn Segahı”nı daha mükəmməl və daha şövqlə oxuyub.
“Kürdü” və “Şahnaz”ın birləşməsindən əmələ gələn kiçik muğam “Kürdü-Şahnaz” adlanır. “Şahnaz” “Dilkəş”, “Kürdü” və “Zil Şahnaz” şöbələrindən ibarətdir. Bu muğamı XIX əsrin ikinci yarısında məşhur xanəndə Hacı Hüsü yaradıb. Çox məlahətli səsə malik olan xanəndə Molla Vəli Axundovun bir toy məclisində gözəl avazla “Kürdü” oxumasından ilham alan Hacı Hüsü “Şahnaz”ı “Kürdü” ilə qarışdıraraq birlikdə oxumuşdu. O vaxtdan da həmin muğamın adı “Kürdü- Şahnaz” qalaraq Azərbaycan xanəndələri arasında geniş yayılıb. Ən mahir ifaçıları Şahnaz Abbas və Xan Şuşinski olub.
Kiçik həcmli vokal instrumental muğam olan “Qatar” əvvəllər “Bayatı-Kürd” muğamı üstündə şöbə kimi oxunub, sonralar həcm etibarı ilə genişləşdirilərək müstəqil muğama çevrilib. “Do” mayeli “Rast” muğamında ifa olunur. Zildə oxunan “Qatar” “Mahur-hindu” muğamının mayesindən bir oktava yuxarıda başlanaraq həmin registrdə tamamlanır. Orta hissədə “Üşşaq” şöbəsi oxunur.
Bu muğam Şuşada xanəndə Hacı Hüsü tərəfindən yaradılıb. Toy məclislərinin birində “Qatar” adlı kənddən gəlmiş bir nəfərin oxuduğu bayatıdan ilhama gələn xanəndə tarzən Sadıqcanın müşayiəti ilə həmin bayatını böyük ustalıqla oxuyub və o vaxtdan onun adı “Qatar” qalıb.
Hacı Hüsünün həmin ifasından sonra Qarabağ xanəndələri “Qatar”a bayatını də əlavə edərək birlikdə “Qatar-Bayatı” oxumuşlar. Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Segah İslam, Cahan Talışınskaya həmin muğamın mahir ifaçıları olublar. “Qatar”, əsasən, tarın, “Qatar-Bayatı” isə yastı balabanın müşayiəti ilə oxunur.
“Rast”ın tərkibinə daxil olan “Mahur-hindu” muğamı “Mahur”un iki növündən biridir. Həm melodik quruluşuna, həm də şöbələrinin xüsusiyyətlərinə görə “Rast”ın xarakterinə uyğun gəlir. “Rast”da olan bir çox şöbə, guşə və hissələr eynilə “Mahur-Hindu”da da var. Bu muğamların əsas fərqi ondadır ki, “Mahur-Hindu” “Rast”a nisbətən bir kvarta yuxarıda oxunur və bir qədər yığcamdır. Şöbələri melodik cəhətdən fərqlənsə də, məqam əsasları tamamilə eynidir.
Böyük musiqişünas Cabbar Qaryağdıoğlunun yazdığına görə, bu muğamı məşhur tarzən Sadıqcan səsli xanəndələr üçün yaratmışdır. Sadıqcan XIX əsrin 80-ci illərində Tiflisdə yaşayarkən şəhərə gələn hind müğənnilərindən “Mahur”u necə oxuduqlarını eşidib və onların oxumağına uyğun bu muğamı yaradıb və onu “Mahur-Hindu” adlandırıb. Onun ən məşhur ifaçısı Xan Şuşinski olub.
”Həmid Segahı” XIX əsrin ikinci yarısı XX əsrin əvvəllərində yaşamış (1869-1922) “Rast” və “Segah” muğamlarının ən mahir ifaçılarından hesab olunan Malıbəyli Həmidin adı ilə adlandırılıb. “Yetim Segah”ı və “Orta Segah”ı özünəməxsus, orijinal şəkildə bir neçə variantda oxumağı ilə müasirlərindən fərqlənən xanəndə “Orta Segah”ı təkmilləşdirərək dəstgahı tarın sarı simlərində “Müxalif” şöbəsindən başlayaraq zərif xallar və nəfəslər vuraraq bir qədər gəzişdikdən sonra “Hasar”a keçməklə muğama yenilik gətirib. Dövrünün musiqiçiləri muğamın həmin hissəsini “Həmid Segahı” adlandırıblar.
XIX əsrin birinci yarısında Şuşada yaranmış zərbli-muğam olan “Qarabağ şikəstəsi” “Segah” muğamı kökündədir, ağır tempdə oxunur. Dörd misradan ibarət hər bir bənddən sonra melodik cəhətdən müxtəlif olan ara çalğı - instrumental epizod ifa olunur. Üzeyir bəy Hacıbəyli “Əsli və Kərəm”, Müslüm Maqomayev “Şah İsmayıl”, Zülfüqar Hacıbəyov “Aşıq Qərib”, Renold Qliyer “Şahsənəm” operalarında həmin ritmik muğamdan istifadə ediblər. “Qarabağ şikəstəsi” ritmik muğamının ən məşhur ifaçısı Xan Şuşinski olub”.

Demək, Şuşanın həm Azərbaycanın, həm islam dünyasının mədəniyyət paytaxtı elan olunmasının kökündə bir zərurət dayanır.
İnanırıq ki, tezliklə Şuşanı həm də dünyanın mədəniyyət mərkəzlərindən birinə çevirə biləcəyik.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.