Super User
Azərbaycanlı rejissorun filmi Tokio Beynəlxalq Film Festivalının xüsusi mükafatına layiq görülüb
Azərbaycanlı rejissor Hilal Baydarovun “Durna çırağı” filmi 34-cü Tokio Beynəlxalq Film Festivalının “İncəsənətə töhfəyə görə” xüsusi mükafatına layiq görülüb.
AzərTAC xəbər verir ki, oktyabrın 30-dan noyabrın 8-dək davam edən festivalın baş mükafatı uğrunda dünyanın müxtəlif ölkələrindən seçilmiş 15 film mübarizə aparıb. Festivalın müsabiqə hissəsinə daxil edilən 15 filmdən 10-nun dünya premyerası baş tutub. Bu filmlər dünyanın 113 ölkəsindən və regionundan 1533 film arasından seçilib. Festivalın münsiflər heyətinə məşhur aktrisa İzabel Yupper rəhbərlik edib.
Hilal Baydarovun müəllifi olduğu filmdə hüquq fakültəsinin məzunu olan qız ilə dörd qadını oğurlamaqda ittiham edilən kişi arasında münasibətdən bəhs olunur.
Mükafatların təqdim edilməsi mərasiminə onlayn formatda qatılan azərbaycanlı rejissor mükafata görə təşəkkürünü bildirib. Öz filmi haqqında isə bunları deyib: “İlk dəfə mən filmimi anama göstərdikdə o bildirdi ki, filmin nə süjeti, nə də aktyor oyunu yüksək səviyyədə deyil, amma onun böyük ruhu var. Düşünürəm ki, əsas məsələ də budur. Belə ki, əməli cəhətdən ruhun əks olunduğu üç rejissor işi tapmaq mümkün deyil”.
Qeyd edək ki, “Durna çırağı” filmində Orxan İskəndərli, Elşən Abbasov, Hüseyn Nəsirov, Rəna Əsgərova, Aytəkin Mirişova, Məryəm Nağıyeva, Nigar İsayeva, Səda Həsənova, Kamran Hüseynov və digər aktyorlar rol alıblar. Filmin bəstəkarı Kənan Rüstəmlidir.
Tokio Beynəlxalq Film Festivalının əsas mükafatını isə kosovalı rejissor Kaltrina Krasniçinin “Vera dənizi arzulayır” filmi layiq görülüb. Film qumarda evini girov qoyaraq uduzan və buna görə özünə qəsd edən kişinin həyat yoldaşının qarşılaşdığı çətinliklərdən bəhs edir.
Festivalın “Ən yaxşı rejissor işi” mükafatına isə qazaxıstanlı Darecan Omirbayevin “Şair” filmi layiq görülüb. Filmdə XIX əsrdə yaşamış Didar adlı şairin həyatından və hakimiyyət tərəfindən edam olunmasından danışılır.
Ötən il pandemiyaya görə əsas festivalda mükafatın verilməsindən imtina olunmasına baxmayaraq, cari ildə təşkilatçılar müsabiqə proqramını bərpa ediblər. Festivalın müsabiqə proqramına daxil edilən filmlər arasında Azərbaycan filmi ilə yanaşı, Çin, Qazaxıstan, Cənubi Koreya, Yaponiya, Albaniya və İran filmləri də yer alıb.
Ənənəyə müvafiq olaraq, Tokio festivalına yapon filmləri və animasiyaları da daxil edilib. Həmçinin klassik filmlər də nümayiş olunub.
Bakı metropolitenində Bəhram Bağırzadənin imza günü keçirilib
Bakı Metropolitenində 8 Noyabr - Zəfər Günü və Bakı Metropoliteni İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib. “Bakılı oğlan”, vətənpərvərliyi, ictimai fəallığı ilə seçilən Bəhram Bağırzadə Bakı Metropoliteninin azyaşlı sərnişinlərinin görüşünə gəlib.
Onun qələmə aldığı kitabların, o kitabların ki yeni nəslin maariflənməsində, biliklərinin artmasında, ölkəmiz haqqında, onun tarixi, mədəniyyəti barədə zəngin məlumatlar əldə edilməsində xüsusi rol oynayırlar, imzalanma mərasimi baş tutub.
Əməkdar artist “8 Noyabr” stansiyası, eləcə də metropolitenin “Bənövşəyi xətt”i üzrə stansiya və qatarlarda uşaqlarla görüşərək söhbət edib, onlara dəyərli tövsiyələrini verib. Tədbir zamanı uşaqlara üzərində 8 Noyabr bayramının rəmzləri olan şarlar da təqdim olunub.
Musiqili Teatrda Zəfər Günü münasibətilə premyera - “Bir nəfəs qədər”
8 Noyabr — Zəfər Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında qəhrəmanlıq salnaməmizi özündə əks etdirən Samir Qulamovun "Bir nəfəs qədər" pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
Teatrın mətbuat xidmətindən AzərTAC-a bildirilib ki, Səbail Rayon İcra Hakimiyyəti ilə birlikdə düzənlənən bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov xalqımızın bir il bundan öncəki böyük və tarixi qələbəsindən danışıb, tədbirə toplaşan şəhid ailələrinə, qazi və əsgərlərimizə bu böyük Zəfərin həyatımızdakı misilsiz rolundan söz açıb. Bu qələbədə Ali Baş Komandanımızın, onun ətrafında dəmir yumruq kimi birləşən hər bir Azərbaycan vətəndaşının nə qədər böyük zəhmətinin olduğunu qeyd edib.
Rayon ərazisində yaşayan əsgər və şəhid ailələrinə göstərilən qayğıdan söhbət açan V.Zeynalov bu işlərin bundan sonra da davamlı olaraq görüləcəyini vurğulayıb.
Sonra isə Akademik Musiqili Teatrın tamaşanın premyerası təqdim olunub. Əsərin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Tamaşa qürur mənbəyimiz olan şəhidlərə, qazilərə, əsgər övladlarımıza və Zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunub. Səhnə əsərində oğlunun şəhid olduğuna inanmayan, daim onun yolunu həsrətlə və böyük ümidlərlə gözləyən ananın obrazı canlandırılır. Ana inanır ki, oğlu haçansa mütləq qayıdacaq. Qaranlıq, uzun gecələrin birində ana sanki arzusuna çatır. Əslində isə xəyal və gerçəklik arasında ciyərparasının yoxluğu ilə barışmaq məcburiyyətində qalır...
SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, konsertmeyster Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada, eyni zamanda Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunub.
Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Murad Əliyev, orkestr və balet artistləri iştirak ediblər.
Səhnə əsəri maraqla qarşılanıb.
Zəfər Günü münasibətilə Barselonada konsert təşkil olunub
İspaniyanın Barselona şəhərində yerləşən məşhur Liceu Konservatoriyasında Zəfər Gününə həsr edilmiş konsert proqramı təşkil olunub.
AzərTAC xəbər verir ki, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan tədbirdə Qarabağ müharibəsində şəhid olmuş hərbçilərin və mülki vətəndaşların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin sədri Kərim Kərimov açıb.
O, qonaqları salamlayaraq ötən müddət ərzində Cəmiyyət tərəfindən görülmüş işlər və Vətən müharibəsi zamanı göstərdiyi fəaliyyət haqqında qısa məlumat verib.
Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa ölkələri ilə iş şöbəsinin müdir müavini Cahid Quliyev tədbir iştirakçılarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, Azərbaycan Silahlı Qüvvələrinın həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və əsgərlərimizin qəhrəmanlığı nəticəsində Azərbaycanın II Qarabağ müharibəsində əldə etdiyi Qələbənin birinci ildönümü münasibətilə təbrik edib.
C.Quliyev hazırda dünyanın müxtəlif ölkələrində Zəfər Günü ilə bağlı keçirilən tədbirlər barədə məlumat verib.
Konsert proqramı dirijor, pianoçu və bəstəkar Abuzər Manafzadə və həyat yoldaşı, vokalçı Karen Onidia Danger Manafzadənin ifasında musiqi parçaları, milli rəqslərlə davam edib.
Konsert çərçivəsində Zəfər Günü ilə bağlı fotosərgi də keçirilib.
Ennio Marrikone, Kalaşnikov və yanıltmaclar
Bu günə təsadüf edən digər tarixi hadisələri də diqqətinizə çatdırırıq.
10 noyabr. Ennio Marrikone günü
Beynəlxalq mühasib günü. Hələ də buxalter adlanan mühasiblərimizi təbrik edək. Yaddançıxarmazlar günü. Yaddaşı yaxşı olanların bayramıdır. Sklerozların vay halına. Telefon kodu günü. Bizim kod 994-dür də gərək ki. Beynəlxalq tirmə toxuyanlar günü. Bu el sənəti gərək unudulmasın. Latviyada və Fransada Müqəddəs Martini günüdür, gərgin mövsümün sonu və qışın başlanmasını özündə ehtiva edir Martini günü. Braziliyada buğda günüdür. İsraildə Ben Qurion günüdür. İsrailin ilk baş naziri Ben Qurionun şərəfinə olan bir gündür. Argentinada ənənələr, gözünə döndüyüm ABŞ-da isə vanilli keks günüdür.
1982-ci ildə “Şiroko şaqaet Azebaydjan” deyən SSRİ rəhbəri Leonid İliç Brejnev o biri dünyaya yollanıb. 1928-ci ilin bu günündə musiqisini həddən artıq çox sevdiyim, bayıldığım bəstəkar, italyan Ennio Marrikone dünyaya gəlib. “Bir dəfə Amerikada” filminin musiqisini bir xatırlayın. 1919-cu ildə adı dillər əzbəri olan rus generalı, silah mütəxəssisi Mixail Kalaşnikov doğulub. Kalaşnikov avtomatını kim tanımaz ki. 1891-ci ildə fransız şairi, simvolist Artur Rembo dünyasını dəyişib.
10 noyabr. Ən nəhayət, Yanıltmac günü
Budur, daha bir həftənin son akkordu. Və Yanıltmac günü. Şifahi xalq yaradıcılığının bir qolu olan yanıltmaclar sürətli şəkildə deyilərkən deyənin çaşmasına, bəzən də nəticədə fikrin əks dərəcəyədək təhrif olunub yanlış məna yaratmasına xidmət edir. Ən məşhur Azərbaycan yanıltmacı budur:
Getdim, gördüm bir dərədə iki kar, kor, kürküyırtıq kirpi var. Dişi kar, kor kürküyırtıq kirpi erkək kar, kor, kürküyırtıq kirpinin kürkünü yamamaqdansa, erkək kar, kor kürküyırtıq kirpi dişi kar, kor kürküyırtıq kirpinin kürkünü yamayır.
İnsanlar məşq edib hətta bu mürəkkəb yanıltmacı da söyləyə bilirlər. Amma günümüzdə elə yanıltmaclar yaranıb ki, onları söyləmək mümkünsüz qədər çətindir. Məsələn, bir ildə iki-üç dəfə benzinin, işığın, qazın, suyun qiymətlərinin qalxması ilə bağlı tarif şurası və onun sözçülərinin sürətli və tam anlaşılmaz açıqlamaları ən gözəl yanıltmac nümunələri hesab oluna bilər.
Varisin “Həftənin təqvimi” yazısından
Bu gün böyük Atatürkün anım günüdür
Türk dünyasının böyük oğlu, sərkərdəsi, dövlət xadimi Mustafa Kamal Atatürk 1881-ci ildə Salonikidə anadan olub, osmanlı türk paşası, marşal, islahatçı, siyasətçi, dövlət xadimi kimi Türkiyə tarixində əvəzsiz yer tutub. O, Türkiyədə monarxiyanı ləğv edərək respublika qurub, 1923-cü ildən ta ki ömrünün sonunadək – 1938-ci ilədək prezidentlik edib. Birinci dünya müharibəsi əsnasında osmanlı ordusunda xidmət edən Atatürk Çanaqqala Cəbhəsində polkovnikliyə, Sina-Fələstin Cəbhəsində isə İldırım Orduları generallığına təyin edilib. Antanta dövlətləri tərəfindən Türkiyə tam işğal təhlükəsi ilə üz-üzə gələndə Atatürk Türkiyə İstiqlaliyyət Müharibəsinin ön sıralarında görünüb, Türk Milli Hərəkatına öndərlik edib. Qurtuluş döyüşü müddətində o, Ankara hökumətini qurub, Antanta tərəfindən göndərilən hərbi gücləri məğlubiyyətə uğradıb, türk millətini zəfərə aparıb. Atatürk daha sonra köhnə Osmanlı İmperiyasını müasir və dünyəvi bir dövlətə çevirmək üçün siyasi, iqtisadi, ictimai və mədəni islahatlara başlayıb. Liderliyi altında minlərlə yeni məktəb inşa edilib, ibtidai təhsil pulsuz və zəruri hala gətirilib. Qadınlara bərabərlik və siyasi hüquqlar verilib, kəndlilərin kürəyinə yüklənən ağır vergilər azaldılıb. Ümumxalq sevgisinə tuş gələn Atatürk vəfatına qədər ard-arda 4 dəfə prezident seçilib. Tarixdə oynadığı əhəmiyyətli rol onu əbədiləşdirib, haqqında 379 əsər yazılıb. Həmçinin o, dünyada siyasətçi kimi ilk dəfə və tək nümunə olmaq üzrə YUNESKO təşkilatı tərəfindən 100-cü doğum ilinin bütün dünyada 1981-ci il "Atatürk ili" olaraq qəbul edilməsi şərəfini qazanıb. Ruhun şad olsun, böyük öndər!
Ümumdünya gənclər günü
1945-ci ilin 10 noyabr günündə Londonda keçirilən Ümumdünya Gənclər Konfransında dünyanın gənclər təşkilatlarının bir təşkilatda birləşməsi qərara alındığına görə həmin tarix Ümumdünya gənclər günü kimi qeyd edilir. Bu gün dünya gəncləri öz birləşmiş təşkilatlarında beynəlmiləlçilik çağırışları edir, irqçiliklə, millətçiliklə mübarizə aparır, xalqların müstəqilliyinə səs verir. Bu gün gənclər heç vaxt olmadığı kimi aktivdirlər, onlar milyonlar şəklində birləşib könüllülülük hərəkatında iştirak edir. Statistikaya görə dünya gənclərinin 52 faizi fəal vətəndaş olmağı prioritet sayır, 72 faizi haqq işinə, ədalətə inanır, 26 faizi xeyriyyəçilik fəaliyyətinə qoşulub. Hazırkı yeniyetmə isə son 100 ilin ən ictimai fəal yeniyetməsidir.
Bu yerdə Azərbaycanımızın dünyaya örnək olan ASAN könüllülük – gənclər hərəkatını qeyd etməmək günah olar. Eləcə də gənclər siyasətinin əsas halqalarından olan Gənclər Fondunun apardığı diqqətçəkən, məqsədyönlü fəaliyyət göz önündədir. Azərbaycan gənci bu gün dünyadakı qabaqcıl gənclik normalarına əməl edir, fəaldır, məqsədyönlüdür.
Bayramınız mübarək, əziz gənclər!
Ümumdünya elm günü
YUNESKO-nun təşəbbüsü ilə 2001-ci ildən qeyd edilən bu gün elmin kütləviləşməsinə xidmət edir. Elmli olmaq çox gözəldir. Məsələn, elə bu elm günündə biləndə ki, yaşlı insanın bədənində 206, yeni doğulan körpədə isə 300 sümük olur, biləndə ki, insan gözü il ərzində 4,2 milyon dəfə qırpılır, biləndə ki, insan orqanizmində ən uzunömürlü hüceyrələr beyin hüceyrələridir və biləndə ki, insan tək qalanda, ünsiyyətdən qaçanda beyni daha aktiv işləyir, adam heyrətlənir. Üstəlik, biləndə ki, dünyadakı ən təhlükəli canlı adi milçək imiş, biləndə ki, kosmosda 50 milyard qalaktika var, biləndə ki, təyyarələrin 19 kilometr və daha çox yüksəklikdən uçarkən buraxdıqları inversion iz istilik kristallarını aktivləşdirərək yerin üzərində parnik effekti yaradır, bu da qlobal istiləşməyə səbəb olur, buna görə də təyyarələrin az hündürlüklərdən uçması ilə qlobal istiləşməni 91 faiz azaltmaq olar, ikiqat təəccüblənirsən.
Bu son dövrlərdə niyə insanlar biganələşib, soyuqlaşıblar? Sən demə, son 16 ildə insan bədəninin temperaturu 0,6 dərəcə soyuyaraq 37 dərəcədən 36,4 dərəcəyə düşüb. Bəlkə bu səbəbdən?
Bu gün 44 günlük müharibənin sona çatdığı gündür
Dünya ölkələrinin tarixində bir çox müharibələr, işğallar, geri qayıdışlar və qələbələr baş verib. Azərbaycanın tarixinə də 10 noyabr günü əlamətdar gün kimi daxil olub. Belə ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edib və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırıb. Düşmənin ağ bayraq qaldırması ilə yanaşı uzun illərdir işğalda olan ərazilər də öz həqiqi sahiblərinə qayıdıb. Buna qədər 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edilmişdisə, Ermənistanın məğlubiyyətini etiraf etməsindən sonra qarşıdan gələn 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonlarından işğalçı qoşunların çıxarılması təmin edilib. Düzdür, daha məqbul sonluq ola bilərdi, Azərbaycan xalqı buna köklənmişdi, amma kənar güclər yenə öz sözlərini dedilər, imkan vermədilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağalmaq nəsib etsin.
UNESCO-nun Baş Konfransının 41-ci sessiyası işə başlayıb
UNESCO-nun mənzil-qərargahında qurumun Baş Konfransının 41-ci sessiyası işə başlayıb.
AzərTAC xəbər verir ki, Azərbaycan sessiyada xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Sessiyanın ilk günündə 40-cı sessiyanın prezidenti, Türkiyənin qurumdakı daimi nümayəndəsi, səfir Altay Cengizer, İcra Şurasının prezidenti və UNESCO-nun Baş direktoru Odre Azule çıxış ediblər. 41-ci sessiyada qeyri-hökumət beynəlxalq təşkilatların müşahidəçi qismində qəbul edilməsi, eləcə də qurumla rəsmi tərəfdaşlıq məsələlərinə baxılacaq.
Sonra Baş Konfransın yeni prezident və vitse-prezidentləri seçiləcək. Baş direktorun 2018-2020-ci illər üzrə hesabatı dinləniləcək.
Konfransın 41-ci sessiyası müddətində ölkəmiz müxtəlif qurumlar tərəfindən aidiyyəti sahələr üzrə təmsil olunacaq.
Baş Konfransın 41-ci sessiyası noyabrın 24-dək davam edəcək.