Super User

Super User

UNEC Kitabxana İnformasiya Mərkəzi “Qarabağ mövzusu dünya kitabxanalarında” layihəsi çərçivəsində Fransa Milli Kitabxanasında araşdırma aparıb.1461-ci ildə Parisdə əsası qoyulan Fransa Milli Kitabxanası 40.9 milyon nüsxə fonda malikdir.
Kitabxana İnformasiya Mərkəzindən bildirilib ki, kitabxananın elektron kataloqu araşdırılarkən orada Qarabağa aid 202 biblioqrafik yazı tapıldı. Bunları 167 kitab və elektron kitab, 12 audio sənəd, 9 ikonoqrafik (təsviri) sənəd, 8 kartoqrafik nəşr, 6 animasiyalı şəkil, 2 ədəd isə dövrü nəşr olmaqla təsnifləşdirmək olar. Sənədlərin çap olunduğu dillər üzrə statistika belədir: fransız dilində 69, ingilis dilində 58, Azərbaycan dilində 9, erməni dilində - 52, rus dilində 7, çoxdilli nəşrlərin sayı isə 21-dir.
Kataloqda olan 167 kitabın dillər üzrə statistikası da verilib.
Araşdırmadan məlum oldu ki, Fransa Milli Kitabxanasında Qarabağın adının qeyd olunduğu ən qədim nəşr, müəllifi fotoqraf G.de Labry olan 1888-ci ildə çəkilmiş “Rusiya Türküstanı ilə Qafqaz” başlıqlı şəkillər toplusudur. Toplu 17 şəkildən ibarətdir. 14-cü şəkildə Qarabağ atının təsviri verilib. 1890-cı ildə müəllif tərəfindən Fransa Milli Kitabxanasına təqdim olunub.
Ümumilikdə kitabxanada bu mövzuda XIX əsrə aid 5 sənəd vardır. Bunların 1-i alman, 3-ü fransız, 1-i erməni dilindədir.
Nəticə olaraq yenə də təəssüflə qeyd etməliyik ki, son illərin ən yeni nəşrləri erməni xalqının mənafeyini özündə əks etdirən kitablardır.

Пятница, 12 Ноябрь 2021 14:14

“NİZAMİ GƏNCƏVİNİN POETİK PORTRETİ”

Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub. Nəşrin layihə rəhbəri və ön sözün müəllifi Regional İdarənin rəisi,  fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlı, təqdimat yazısının müəllifi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Cavanşir Yusifli, kitabın tərtibçisi və redaktoru yazar, ədəbiyyatşünas Ramil Əhməddir.
Kitab XX-XXI əsrlərdə Nizami Gəncəviyə ithaf olunan şeirləri üzə çıxarmaq məqsədi ilə tərtib olunmuşdur. İthaf şeirlər müəlliflərin ayrı-ayrı kitablarından, qəzet və jurnalların səhifələrindən toplanaraq ilk dəfə sistemli bir şəkildə təqdim edilir. Ölümündən əsrlər sonra belə Nizaminin çağdaş şairlərə təsir etməsi, “Xəmsə”sinin ilham qaynağı olması ədəbi təsir, ədəbi əcdadlıq baxımından çox böyük dəyərləri ifadə etməkdədir. Kitab həm də Nizamiyə şeir ithaf edən şairlərin estetik dünyaları, modern Azərbaycan şairlərinin klassik ədəbi irsə olan münasibətini göstərir.
Qeyd edək ki, “Nizami Gəncəvinin poetik portreti” Regional İdarənin “Nizami Gəncəvi İli”nə töhfə olaraq nəşr etdiyi ikinci kitabdır. Daha öncə “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitabı nəşr olunmuşdu.

 

Kərim Məhəmməd oğlu Tahirov 2005-ci ildən Azərbaycan Milli Kitabxanasının direktorudur.  2013-cü ildə professor elmi rütbəsini alıb.  O, dünyanın 40-dan artıq ölkəsində elmi konfranslarda və simpoziumlarda məruzələrlə çıxış edib, məqalələri bir sıra ölkələrin jurnallarında dərc olunub. “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixi (1923-2008-ci illər)” adlı monoqrafiyanın, dərs vəsaitilərinin, 200-dən artıq elmi məqalənin müəllifidir. Avrasiya Kitabxanalar Assambleyasının (BAE), Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının, Dünya elektron kitabxanasının (WDL), İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxanaları Şurasının, Avrasiya Kitabxanaçılar Birliyinin üzvüdür.

 

Professor Kərim Tahirovun Azərbay­can mədəniyyətinin inkişafındakı səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiy­mətləndirilib, 2008-ci ildə kitabxana işinin inkişaf etdirilməsində xidmətlərinə görə o, “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb, 2013-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. TÜRKSOY-un yaradılmasının 20 illiyi, “Qızıl Fortuna” Beynəlxalq reytinqli texnologiyalar və Sosiologiya Akademiyası medalları ilə təltif edilib.

 

Пятница, 12 Ноябрь 2021 13:49

Rəssam Güllü Mustafayevanın 100 illiyi

 

Xalq rəssamımızı niyə tanımayaq ki? Güllü Hacağa qızı Mustafayeva 1921-ci il noyabr ayının 12-də Türkmənistanın Türkmənabad şəhərində anadan olub. Rəssamın ailəsi 1902-ci ildə Şamaxıda baş vermiş zəlzələ səbəbindən Türkmənabad şəhərinə köçübmüş. O, 1927-ci ildə ailəsi ilə birgə Bakıya gəlib, burada 1938-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirib. Güllü Mustafayeva yaradıcılığında təsviri sənətin müxtəlif janrlarına müraciət edib, bir-birindən maraqlı epizodlara malik olan tablolar ilə yanaşı, portret, peyzaj, natürmort kimi digər janrlara da xüsusi yer verib. “Məhsəti Gəncəvi” portreti rəssamın yaradıcılığında xüsusi yer tutur. Təsvirdə şairənin üz cizgilərindəki sərt ifadə yaşadığı dövrün çətinliklərindən xəbər verir. Bununla belə, humanist baxışları onun şairanə ruhunu ön plana çıxarıb. Bu da böyük peşəkarlıq tələb edir.

 

Güllü Mustafayeva dövrünün əmək qəhrəmanlarının, elm və incəsənət xadimlərinin də portretlərini yaradıb. Bunlardan iki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovanın, nevropatoloq, tibb elmləri doktoru Zəhra Salayevanın, Xalq rəssamı Səttar Bəhlulzadənin portretlərini misal göstəmək olar. Rəssam XX əsr Azərbaycan milli rəssamlıq sənətinin görkəmli nümayəndələri sırasında layiqli yer tutur. Onun zəngin yaradıcılığı dövlət tərəfindən qiymətləndirilib, 1973-cü ildə Azərbaycanın “Əməkdar rəssamı”, 1992-ci ildə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. O, 1994-cü ildə Bakı şəhərində vəfat edib. Ruhu şad olsun.

 

 

 

 

Bu günə təsadüf edən əsas hadisələri diqqətinizə çatdırırıq:

 

Ümumdünya pnevmaniya ilə mübarizə günü

 

Ümumdünya Səhiyyə Təşkilatı və YUNİSEF 2009-cu ildə bu günü təqvimə saldırmaqla pnevmaniya, xüsusən uşaq pnevmaniyası əleyhinə kütləvi kampaniyaya başlayıb. Əsas görülən iş isə Asiya və Afrikanın inkişaf etməkdə olan ölkələrində - o ölkələrdə ki pnevmaniya tüğyan edir, insanları xilas etmək üçün böyük vəsaitlərin toplanmasıdır. Ekspertlərin qənaətinə görə 5 yaşa qədər olan uşaqların əsas ölüm səbəbi məhz pnevmaniyadır. Hər il bu xəstəlik iki milyon can alır.

 

Təhlükəsizlik üzrə mütəxəssis günü

 

Bu günün təşəbbüskarı təhlükəsizlik üzrə nəhəng internet portal olan Sec.ru-dur. Təntənəli gündə “Təhlükəsizlik missi” müsabiqəsinin qalibi də elan edilib mükafatını alır. Axı bu sistemdə xanımlar da az deyil. Mən bizim moll-arda kürəyinə “security” yazılmış o qədər zəif cins nümayəndəsi görmüşəm ki. Bu sferada bir obyektlərin, bir də şəxslərin mühafizəsi nəzərdə tutulur. Şəxslərin mühafizəçiləri, el təbirincə desək teloxranitellər (cangüdənlər) barədə Uitni Xyustonun rol aldığı məşhur filmi hamımız görmüşük. Bu gün Azərbaycanda təhlükəsizlik üzrə mütəxəssislər – bax bu teloxranitellər qorunması zəruri olan, dövlət baxımından xüsusi əhəmiyyət kəsb edən insanlardan daha çox özünü xırda padşah elan edib 5-10 maşınlıq karteclərlə hərəkət edən və ən azı 5-10 nəfər cangüdənin əhatəsində gəzən pullu görməmişləri – gədaları mühafizə etməkdədirlər. Bu da çox zərərli tendensiyadır.

 

Gənc oxucular günü

 

Onsuz da bizdə oxucuların əksəriyyəti gənclərdir. Bu gün hamı əlində kitab ictimai nəqliyyatda, parklarda, iaşə obyektlərində görünməlidir, mütaliə təbliğ edilməlidir. Axı mənəvi zənginlik mütaliə olmadan mümkün deyil. Hər bir gənc kitabdan ilan vuran ala çatıdan qaçan kimi qaçan bir şəxsə bu gün kitabların faydaları barədə moizə oxusa, inanın ki, böyük tərəqqi əldə etmiş olarıq.

 

Ançous niyə qəzəbə gəlib?

 

Antibiotiklər barədə məlumatlanmaq üzrə ümumdünya həftəsi başlayır. Antibiotiklərin faydası və zərəri haqda məlumatları hamı mənimsəməlidir, əks halda böyük ziyan çəkmək istisna olunmur; Yeni Zelandiyada Kenterberi günüdür, Kenterberi əyaləti sakinləri öz diyarları ilə qürur duyaraq sevinib şənlənəcəklər; Çində və Tayvanda Mədəni Renessans günüdür. Mədəni-kütləvi tədbirlər önə çəkiləcək; Kanadada rəqəmsal sağlamlıq, İndoneziyada ümumən sağlamlıq, Qərbi Timorda gənclər günüdür; Amerikada mətbəxsevərlər birdən-birə iki bayramı qeyd edəcəklər: milli toyuq şorbası gününü, bir də milli ançousdan başqa istənilən içliklə pitsa gününü. Siz bir təyinata baxın. Yəni bu gün hamı pitsa yeməlidir, istənilən pitsadan yemək olar, təkcə ançouslu içliklidən başqa. Ançous – balıq növüdür. Görəsən bu ançous yazıq nə günahın sahibidir belə?

 

1933-cü ildə Şotlandiyanın Lox-Ness gölündə yaşayan əcaib varlığın – Nessinin ilk fotosu çəkildi; 1893-cü ilin bu günündə “San Francisco Morning Call” qəzetində “Yapon sahillərində tayfun” adlı gənc yazarın ilk hekayəsi dərc edildi, dərhal hekayə böyük əks-səda doğurdu. Müəllif Cek London idi; 12 noyabr günü həm də dünya rəngkarlığında və memarlığında uğursuz bir gün kimi səciyyələndirilir. Belə ki üç böyük sənətkar məhz bu gün dünyalarını dəyişiblər: Bunlar 1903-cü ildə fransız impressionist rəssamı Kamil Pissarro, 1680-ci ildə italyan heykəltaraşı Lorenso Bernini (məşhur “Apollon” heykəlinin müəllifi) və 1662-ci ildə Qızıl dövr Holland rəngkarlığının nümayəndəsi Adrian Van de Vennedir.

 

Varisin “Həftənin təqvimi” yazısından

 

 

 

Пятница, 12 Ноябрь 2021 13:47

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Günüdür

 

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Müstəqil Azərbaycanın Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12- də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Bu Konstitu­siya ümumi­likdə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiya da əvvəlkilər kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.

 

Keçmiş sovet konstitusiyalarından fərqli olaraq müstəqil Azərbaycanın Kons­titusiyası insan və vətəndaş hüquqları­nın və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Bu başqa məsələdir ki, vətəndaşlar əksərən öz konstitusion hüquq və azadlıqlarından bixəbərdirlər, bu da məmurlara vətəndaşların hüquqlarını pozmaq üçün geniş meydan açmaqdadır.

 

 

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin APA-ya müsahibəsini Daycest rubrikamızda diqqətinizə çatdırırıq:

- Azad müəllim, bu gün abidələrin bərpası ilə bağlı ən aktual problemlərdən biri bərpa zamanı tarixilik prinsipinin qorunmaması, bir çox halda bərpaçıların qeyri-peşəkarlıq nümayiş etdirməsidir. Bundan sonra da tarixi abidələrə plastik pəncərə qoyulmasının şahidi olacağıq, yoxsa bu problem həllini tapacaq?

- Yeni mütəxəssislərin formalaşdırılması və ya artıq müvafiq sahə üzrə ixtisaslaşmış şəxslərin təkmilləşdirmə seminar və kurslarına cəlb edilməsi hazırda bizim gündəlikdə duran ən təxirəsalınmaz məsələlərimizdəndir. Bu istiqamətdə artıq əməli fəaliyyətə başlamışıq. Yaxın gələcəkdə tərəfdaşlarımızla birlikdə bir neçə təlim keçirməyi hədəfləmişik. Eyni zamanda təlim-bərpa mərkəzi yaratmaq niyyətindəyik. Hesab edirik ki, bu bərpa mərkəzi bu sahə üzrə elmi-praktiki mərkəz olmaqla praktiki vərdişlərin nəzəri əsaslarını və o nəzəriyyənin praktikada maddiləşdirilməsini təmin edə biləcək.

- Bəs, işğaldan azad edilmiş ərazilərdə bərpa prosesində iştirak edən ekspertlər hansı standartlara əsasən prosesə cəlb olunur? Ümumiyyətlə, həmin ekspertlərin peşəkarlıq səviyyəsi necədir?

- Sözsüz ki, işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix və mədəniyyət abidələrinin bərpa və konservasiya işlərində qabaqcıl təcrübədən istifadə imkanları araşdırılır. Bu sahədə öncül ölkələrin təcrübəli mütəxəssisləri ilə görüşlər keçirilir, onların etdiyi təkliflər, fikir və rəylər nəzərdən keçirilir. Eyni zamanda vurğulamaq istəyirəm ki, azad olunmuş ərazilərdə yerləşən mədəni irs nümunələrimizlə bağlı hazırkı vəziyyətlə yerində tanış olmaq məqsədi ilə bir sıra beynəlxalq təşkilatların
nümayəndələri, mütəxəssisləri, eləcə də BMT, İSESCO kimi təşkilatların ekspertlərinin ölkəmizə səfərləri təşkil edilib.

- Keçən dəfə Ağdam Dram Teatrının və Füzulidəki “Araz” nəşriyyatının binalarının konservasiya olunacağını bildirdiniz. İşğaldan azad olunan ərazilərdə daha hansı abidələrin konservasiya olunacağı gözlənilir?

- Bildiyiniz kimi, hazırda işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix və mədəniyyət abidələrinin, mədəni irs obyektlərinin monitorinqi, inventarlaşdırılması işi həyata keçirilir. Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər və Kəlbəcər rayonlarını əhatə edir. Şuşa şəhərində monitorinqlər artıq yekunlaşdırılıb, inventarlaşdırılma aparılıb. Orada yerləşən tarix və mədəniyyət abidələrinin xəritəsi hazırlanıb. Bərpa və konservasiya məsələsinə gəlincə, bütün bu işlər ərazilərin bərpası prosesi ilə qarşılıqlı əlaqədə, müasir şəhərsalma prosesləri çərçivəsində həyata keçiriləcək.

- Dünya təcrübəsində işğal zamanı zərər görən abidələrin bərpa olunmadan vandallıq nümunəsi kimi saxlanması hallarına rast gəlirik. Siz də bu təcrübəyə müraciət etməyi düşünürsünmü?

- Ermənistanın müharibə cinayətləri nəticəsində tamamilə dağıdılmış tarix-memarlıq abidələrinin sayı çoxdur. Həmin tarixi abidələrin yalnız qalıqları qalıb, izləri məlumdur. İşğalçılar eləcə də qanunsuz arxeoloji qazıntılar apararaq tarixi irsimizə bərpa edilə bilməyəcək ziyan vurublar. Belə abidələrin işğal faktı kimi saxlanılması və ya rekonstruksiyası məsələləri zamanla öz həllini tapacaq.

- Bildiyimiz kimi, tarixi-memarlıq abidələri turizm potensialına mühüm təsir göstərir. Bərpa prosesi aparılarkən bu amil nəzərə alınırmı?

- Hazırda azad olunmuş ərazilərdə bir sıra infrastruktur layihələri həyata keçirilir, həyati əhəmiyyətli işlər icra olunur. Həmçinin orada şəhər və rayonların Baş planlarına uyğun olaraq müasir şəhərsalma işləri həyata keçiriləcək. Sözsüz ki, işğaldan azad olunmuş ərazilərimiz həm füsunkar təbiəti, həm tarixi abidələri, həm də mədəni dəyərləri baxımından zəngin bir bölgədir. Gələcəkdə ora səfər edəcək turistlərin abidələrimizi də rahat şəkildə ziyarətinin təmin edilməsi istiqamətində də işlər görüləcək.

- Abidələr işğal altında olarkən ermənilər abidələrin təkcə binalarına deyil, həmçinin müəyyən önəmli elementlərinə zərər vurublar. Məsələn, Xudavəng monastırından xaçları və freskalarını söküb aparıblar. Bu kimi hallar 1954-cü il Haaqa konvensiyası, həmçinin UNESCO-nun qəbul etdiyi konvensiyalara ziddir. Bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər edilirmi? Konkret nəticələr varmı?

- İşğalçı tərəf özünün də qəbul etdiyi beynəlxalq müqavilələri pozduğuna görə cavab verməlidir. Hazırda Ermənistan Respublikası tərəfindən mədəni irsimizə qarşı həyata keçirilən bütün dağıntılar, vandallıq və mənimsəmə faktları ilə bağlı məlumatlar toplanır, sənədləşdirilir. Həmin sənədlər mədəni irslə məşğul olan bütün beynəlxalq təşkilatlara göndərilir. Eyni zamanda müvafiq beynəlxalq platformalarda da təqdimatlar keçirilir, görüşlərdə səsləndirilir.

- Ermənilərin 44 günlük Vətən müharibəsi dövründə cəbhə xəttindən uzaqda yerləşən, dinc sakinlərin yaşadığı yerlərə hücumlar etdi. Həmin hücumlar zamanı zərər görən abidə, yaxud mədəniyyət müəssisələri olubmu?

- Ermənistan Vətən müharibəsi dövründə hərbi əhəmiyyət daşımayan, eləcə də mülki obyektlərə, dinc əhalinin yaşadığı məntəqələrə dəfələrlə ağır silahlardan atəş açıb. Həmin atəş zərbələri nəticəsində mülki obyektlərlə yanaşı, bir neçə tarix-memarlıq abidəsi də ziyan görüb. Ziyan dəyən mülki obyektlər içində bir sıra tarix və mədəniyyət abidələri də yer almaqdadır. Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən, ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə, Gəncə şəhərində Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən ölkə əhəmiyyətli “İmamzadə kompleksi”nə, o cümlədən yerli əhəmiyyətli memarlıq abidələri olan “Kişi Gimnaziyası” (hazırda Aqrar Universitetinin tədris korpuslarından biri kimi fəaliyyət göstərir), “Səfərxanlı məscidi” və “Yaşayış evi” (Hazırda Gəncə Musiqi Kolleci kimi istifadə olunur) abidələrinə, Ağsu rayonunda “Orta Əsr Ağsu şəhəri” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş məscid qalıqlarının qorunması üçün quraşdırılmış konstruksiyaya və Ağsu rayonunun Xəlilli kəndində yerləşən “Şeyx Əhmədli türbəsi” (Şeyx Əmir Əhməd türbəsi) abidələrinə müəyyən ziyan dəyib.

- İşğaldan azad edilmiş ərazilərdəki abidələrin bərpası və konservasiyası üçün təxminən nə qədər vəsait lazımdır?

- Bəzi məqamda dağıdılmış abidələrin geri qaytarılması mümkünsüz prosesə çevrilir. Azad olunmuş ərazilərdə isə belə abidələrin sayı olduqca çoxdur. Aparılan monitorinqlər də onu göstərir ki, tarixi abidələrimizin böyük əksəriyyəti dağıdılıb, müdaxilə edilib və mənimsəməyə məruz qalıb. Qeyd etdiyimiz kimi, monitorinq işləri hələ yekunlaşmayıb. Bu istiqamətdə aparılan təhlillər yekunlaşdıqdan sonra konkret hansısa rəqəmlərdən danışmaq olar.

- Abşeron yarımadası və ətrafında yerləşən Qaraçı, Səngəçal və başqa karvansaralar uçulub dağılmaqla üz-üzədir. Bir az da geciksək, abidələr tamamilə məhv ola bilər. Bu abidələrin təmiri nə zamana planlaşdırılır?

- Qaradağ rayonu ərazisində yerləşən hər iki karvansara Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. Oradakı vəziyyət bizi də narahat edir. Hər iki tarixi abidənin bərpa olunmasına ehtiyac var. Ölkə əhəmiyyətli tarix memarlıq abidələri olan bu karvansaraların bərpa olunaraq, istifadə edilməsi məsələsi diqqətdə saxlanılır, qədim karvan yollarının üzərində yerləşən bu abidələr bərpa olunması üçün investisiya planına salınıb.

- Bərpaya ehtiyacı olan abidələrin bərpası işi dövlətdən savayı, hər hansı şəxslərin, yaxud təşkilatların ixtiyarına verilə bilərmi?

- Dünyada tarixi abidələrin dövlət və özəl sektorun birgə əməkdaşlığı çərçivəsində bərpası, konservasiyası və istifadə olunması təcrübəsi var. Belə təcrübədən ölkəmizdə də istifadə olunur. Bir neçə tarixi abidə var ki, dövlət və özəl sektorun, eləcə də digər qurumların birgə fəaliyyəti nəticəsində bərpa edilib. Dövlət Xidməti olaraq, bərpa işlərinə özəl sektorun cəlb olunması sahəsində əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində işləyirik. Bu istiqamətdə beynəlxalq tərəfdaşlarımızla da birgə iş aparırıq.
Belə ki, Dövlət Xidməti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpası ilə bağlı “Niyyət Məktubu” imzalanıb. Həmin razılaşmaya uyğun olaraq TİKA-nın dəstəyi ilə Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpa olunması ilə bağlı tədbirlər həyata keçirilir. Bu sahədə əməkdaşlığın davam etdirilməsi planlaşdırılır.

- Bu gün bəzi abidələrin üzərindəki məlumat lövhələrində ciddi qüsurlar var. Xüsusilə də regionda yerləşən abidələrdə...

- Razıyam ki, bu gün elə lövhələr var ki, onlar nazirliyin bugünkü adına belə uyğun gəlmir. Bütövlükdə ölkə ərazisində olan məlumat lövhələrinin bugünkü real tələblərə uyğun şəkildə tərtibatını təmin etməyə çalışırıq. Bu istiqamətdə iş aparırıq. Çalışırıq ki, qüsurlu olanları ən qısa zamanda təzələyək, dəyişək. Təəssüf ki, öncəki illərdə əsrlərin belə səhv qeyd olunduğu məlumat lövhələri var. Bu, bizim araşdırmalarımızın bir hissəsidir. İstəyimiz və qarşıda duran vəzifəmiz ondan ibarətdir ki, bunlar hamısı düzgün olmalıdır. Çünki bu məlumatlar maarifləndirməyə xidmət edir.

- Sizin qurumun fəaliyyət istiqamətlərindən biri də yeni abidələrin aşkarlanmasıdır. Bu sahədə işlər nə yerdədir?

- Bizim qurumun fəaliyyəti dinamik olmaqla, daim təzələnən bir prosesi özündə ehtiva edir. Bu proses isə ondan ibarətdir ki, bu günə qədər qeydiyyatı aparılmış abidələrlə yanaşı, yenilərini aşkar edə, yenilərinin qeydə alınması ilə bağlı səf-nəzər edə, beləliklə də bu siyahının miqyasını artıra bilərik. Bu iş bu şəkildə də həyata keçirilir. Tikililərdə həm memarlıq, həm tarixilik əlamətləri aşkar etdikdə təhlil edirik, aidiyyəti elmi strukturları da bu prosesə cəlb edirik. Nəticədə, onun həqiqətən tarix mədəniyyət abidəsi qismində status verilməsi məsələsinə cavab tapmış oluruq.
Son bir neçə ildə 1400-dən çox abidənin qeydiyyatını aparmışıq və onları ilkin mühafizəyə cəlb etmişik. Aidiyyəti elmi dairələr və təsisatların rəy vermələrini hazırda təmin etmək istiqamətində iş aparılır. Bu abidələr çox mühüm tədqiqat predmetinə çevrilir. Sonda ümumi yekunlar üzrə onların statusunu müəyyən edirik. Yeni abidələrin aşkar edilməsi bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir.

Четверг, 11 Ноябрь 2021 10:09

Ruslan Sabirli “Zəng“ qısametrajlı filmini təqdim edib

Kinoaktyor, prodüser, rejissor Ruslan Sabirli 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəng” adlı qısametrajlı film çəkib. Bu barədə filmin ideya müəllifi və rejissoru Ruslan Sabirli özü məlumat verib: “Zəng filmi I Qarabağ müharibəsində şəhid olmuş ataya Qələbə müjdəsi xəbəri verilməsindən bəhs edir. Atanın sevinci, bu illər ərzində hiss etdikləri və oğlu ilə emosional dialoqları filmin süjet xəttini təşkil edir.
Mən uşaq ikən kiçik dayım İsayev Kazım Seyid oğlu və böyük dayımın oğlu İsayev Elxan Rasim oğlu I Qarabağ müharibəsində şəhid olublar. Ailədən şəhid vermək acısını mən orta məktəbdə oxuyarkən yaşamışam. 1990-lar və o illərdə yaşadığım hisslər hələ də mənimlədir. Bu filmdə çalışdım ki, Qələbə çalmağımızla yanaşı, həm də I Qarabağ müharibəsində canlarından keçmiş şəhidləri də unutmadığımızı vurğulayım. Onların ruhlarını sevindirim. Əminəm ki, onlar qələbə xəbərindən sonra rahat yatacaqlar”.
Zəng filmi sıradan bir film deyil, intellektual filmdir. Tamaşaçını düşündürən, onu keçmiş illərə və xatirələrə aparan, kövrəldən, sonra da qələbə sevincinin qəhərini yaşadan bir filmdir.
“Bu filmdə aktyor kimi rol almağımla yanaşı, həm də filmin prodüseri və rejissoruyam. Bir rejissor kimi çalışmışam ki, müxtəlif rejissor həlləri ilə bu hissləri tamaşaçıya çatdıra bilim.
Filmin ərsəyə gəlməsində köməklik göstərən “Bakcell” şirkətinə, aktyorlara və kino komandama dərin minnətdarlığımı bildirirəm.
Baxmayaraq ki, film qısa filmdir, arxasında böyük bir əziyyət durur. “Zəng” filminin tamaşaçıların qəlbinə yol tapacağına əminəm. Zəfər Günümüz mübarək olsun”, - deyə rejissor əlavə edib.
Qeyd edək ki, filmdə aktyorlar Əli Qulu, Ruslan Sabirli və II Qarabağ müharibəsi qazisi Kənan Kazımov çəkilib. Filmin ssenarisi Ruslan Sabirliyə, dialoqları Lalə Əliyevaya məxsusdur. Operatorlar isə Rəşad Qarayev və Asif Bəşirovdur.

Ötən gün yazıçı Mirmehdi Ağaoğlunun “Zəfərin izi ilə” (azad olunmuş ərazilərdən ilk reportajlar toplusu) adlı yeni kitabının təqdimat mərasimi və imza günü keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə millət vəkilləri Aqil Abbas, Sabir Rüstəmxanlı, Arzu Nağıyev, Qüdrət Həsənquliyev, “APA Group”un baş direktoru Vüsalə Mahirqızı, MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və digər şəxslər iştirak edib.
Vüsalə Mahirqızı bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış zəfərin ildönümü qeyd olunur: “Torpaqlar azad olunandan sonra mediada sanki bir yarış vardı ki, Müzəffər Ordumuzdan sonra o torpaqlara ilk səfərləri kim edəcək, o torpaqlara ilk kim ayaq basacaq, oradan təəssüratlarını necə yazacaq. Müharibə bitəndən sonra Azərbaycan azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərilməsi üçün beynəlxalq qurumlara müraciət etdi. Məqsəd işğaldan azad olunmuş ərazilərimizdəki abidələrin ermənilər tərəfindən hansı vəziyyətə salınması, hansı vəhşiliklərə məruz qalması ilə bağlı monitorinqlərin aparılması idi. Lakin bilirsiniz ki, onlar bu günə qədər də bu ərazilərə gəlməyiblər. Həmin vaxt biz qərara gəldik ki, abidələrimizə qarşı baş verən vandallıqları ayrıca araşdıraq. Bilirdik ki, o ərazilərə səfər etmək təhlükəlidir, xüsusən mina təhlükəsi vardı. Buna baxmayaraq, bu missiyanı yerinə yetirə bildik. Mirmehdi kitabı hazırlayanda qərara gəldik ki, onu şəhidlərimizin və şəhid həmkarlarımız Sirac Abışovla Məhərrəm İbrahimovun xatirəsinə həsr edək. Bu yazıların çox yaxşı bir tərəfi var ki, onlar
APA informasiya agentliyində rus və ingilis dillərində də yayımlanıb. Biz çalışacağıq ki, gələcəkdə də bu missiyanı davam etdirək”.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından “Zəfərin izi ilə” kitabı əhəmiyyətlidir.
Sabir Rüstəmxanlı deyib ki, Qarabağın işğaldan azad edilməsindən sonra bu cür kitabların yazılması çox mühüm əhəmiyyət kəsb edir: “Kitab çox ciddi bir kitabdır və çox ciddi bir prosesin başlanğıcıdır. Mirmehdi bizim istedadlı qələm sahiblərindən biridir. Çox kitablar yazılacaq. Mən kitabla tanış olanda onun necə riskli bir yol keçdiyini gördüm”.
Tədbirdə şəhid Sirac Abışovun qardaşı Şirzad Abışov da çıxış edib.
Mirmehdi Ağaoğlu yazıları hazırlayarkən üzləşdiyi çətinliklərdən danışıb. O, kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib: “Azad olunmuş torpaqlara qayıtmağımızın səbəbkarı şəhidlərimiz, qazilərimizdir. Məhz buna görə də kitabı onlara həsr etmişik. Azad edilmiş ərazilərdə bizim üçün ən böyük təhlükə mina təhlükəsi idi. Oxucular kitabda 30 ilə yaxın müddət ərzində işğal altında qalan ərazilərimizin mövcud durumu, eləcə də düşmənin vəhşilikləri nəticəsində Qarabağda yerləşən tarixi-mədəni abidələrin, yaşayış məntəqələrinin, şəhərlərin düşdüyü acınacaqlı vəziyyətlə tanış ola bilərlər”.
Qeyd edək ki, kitabın ideya müəllifi Vüsalə Mahirqızı, redaktoru Nurşən Quliyev, bədii redaktor və korrektoru Elnaz Eyvaz, dizayneri Mahir Vəliyev, fotoqraf İlkin Nəbiyevdir.

Четверг, 11 Ноябрь 2021 10:07

Odri Azule yenidən UNESCO-nun Baş direktoru seçilib

UNESCO-nun mənzil-qərargahında keçirilən Baş konfransın 41-ci sessiyası işini davam etdirib. 41-ci sessiya çərçivəsində Odri Azule yenidən UNESCO-nun Baş direktoru vəzifəsinə seçilib.
Xatırladaq ki, Baş konfransda ölkəmiz xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Baş konfransın 41-ci sessiyası noyabrın 24-dək davam edəcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.