Super User

Super User

Понедельник, 21 Февраль 2022 12:00

İsveç təkcə Nobel mükafatı vermir ki

 

Danimarkalı yazıçı Naya Mari Eyt İsveç Elmlər Akademiyasının Şimal Mükafatına layiq görülüb.

AzərTAC xəbər verir ki, yazıçının layiq görüldüyü Şimal mükafatı İsveçin bədii ədəbiyyat sahəsində ən böyük mükafatı sayılır. Bu həm də İsveç Elmlər Akademiyasının Nobel mükafatından sonra ən vacib mükafatı olması ilə məşhurdur.

"Mənim üçün fərqli bir dildə müəllifliyimin bu cür mühüm və xüsusi mükafatla tanınması çox vacibdir”, - deyə Naya Mari Eyt bildirib.

Mükafatın məbləği 400 min İsveç kronu (təqribən 42 min 575 ABŞ dolları) təşkil edir və o, yazıçıya yaxın aylarda təqdim olunacaq.

Qeyd edək ki, Naya Mari Eyt 1991-ci ildə yazıçı qismində debüt edib və çoxlu sayda şeir və hekayə kitablarının müəllifidir. 2017-ci ildə yazıçının oğlunun faciəvi ölümü ilə bağlı yazdığı “Ölüm səndən bir şey götürəndə, geri ver” kitabı böyük marağa səbəb olmuşdu və mükafata layiq görülmüşdü.

Понедельник, 21 Февраль 2022 11:30

Bu gün Heydər Əliyev Sarayında şanson gecəsi olacaq

 

Bu gen, fevralın 22-də Heydər Əliyev Sarayında tanınmış şanson müğənni Cəlal Abbasovun solo konserti keçiriləcək. 

Sarayın mətbuat xidmətindən bildirilib ki, konsertdə müxtəlif illərin sevilən hit musiqiləri SHANSON COVER BAND qrupunun yeni aranjemanında səsləndiriləcək. 

Saat 20:00 da başlayacaq konsertin biletlərini şəhərin kassalarından və İticket.az saytından onlayn əldə etmək olar.

Qeyd edək ki, Heydər Əliyev Sarayında dördüncü solo konsert proqramı ilə çıxış edəcək Cəlal Abbasov bir sıra yerli və beynəlxalq estrada və mahnı müsabiqələrinin və festivallarının (“Vostoçnıy Bazar”, “Türksoy”, “Qulyay duşa”, “Bakı gecələri” və s.) iştirakçısı və qalibidir. 

Müğənninin repertuarında bəstəkar və xalq mahnılarından savayı 3000 -dən çox Azərbaycan, rus, ingilis, italyan və başqa dillərdə ifalar vardır.

 

Sabiq Xarici İşlər Naziri Vilayət Quliyevin kifayət qədər səs salmış  “Atatürk və Əhməd Ağaoğlu” kitabı  İstanbulun “Zengin” nəşriyyatında Anadolu türkcəsində nəşr olunub. Əsəri türk dilinə Quzey Kıbrıs Türk Cümhuriyyətinin Lefke universitetində çalışan Nazim Muradov uyğunlaşdırıb. 

Kitab beşiyi başında Atatürklə bir slrada Əhməd Ağaoğlunun da dayandığı Türkiyə Cumhuriyyətinin (1923) quruluşunun 100 illiyinə ithaf olunub.

Xatırladaq ki, “Atatürk və Əhməd Ağaoğlu” kitabı Bakıda “Qanun” nəşriyyatında bu ilin əvvəlində çap olinmuşdu.

Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 21-dən martın 1-dək Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunmuş silsilə mədəniyyət tədbirləri keçiriləcək.

AzərTAC xəbər verir ki, “Moskvada Azərbaycan günləri” adlı tədbirlər çərçivəsində Yeni Tretyakov qalereyasında Azərbaycanın Xalq rəssamı Tahir Salahovun “Tretyakov qalereyası kolleksiyasından olan əsərlər” (“Произведения из коллекции Третьяковской галереи”) sərgisi açılacaq.

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri sərgisindəki “Azərbaycan” pavilyonunda isə “Azərbaycan xalçası - yeni baxış” (“Азербайджанский ковер — новый взгляд”) sərgisinin açılışı olacaq. Həmçinin “Azərbaycan” pavilyonunda Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında “Dildən-dilə” (“Из уст в уста”) ədəbiyyat layihəsi təqdim ediləcək.

Fevralın 22-də axşam isə “Qelikon-opera” musiqili teatrının səhnəsində “Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” (“Музыкальные звезды Азербайджана на московской сцене”) adlı qala-konsert olacaq. Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə keçiriləcək konsertdə Ceyla Seyidova, Dinara Əliyeva, Elçin Əzizov, Elvin Qəniyev, Murad Adığözəlzadə, Sahib Paşazadə, Şəhriyar İmanov, Yusif Eyvazov Azərbaycan və Rusiya bəstəkarlarının əsərlərindən ibarət repertuar təqdim edəcək.

Понедельник, 21 Февраль 2022 10:00

Ersin Tatar TÜRKSOY-un “Nizami Gəncəvi” medalı ilə təltif olunub

 

Türkiyədə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının qərargahını ziyarət edib və TÜRKSOY tərəfindən böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə təsis edilən “Nizami Gəncəvi” medalı ilə təltif olunub.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının katibliyindən AzərTAC-a verilən məlumata görə, “Nizami Gəncəvi” medalı Ersin Tatara TÜRKSOY-un Baş katibi Düsen Kaseinov tərəfindən təşkilatın mərkəzi qərargahında təqdim olunub.

Ersin Tatar həyat yoldaşı Sibel Tatar ilə birlikdə TÜRKSOY-dakı Şimali Kipr rəssamlarının və fotoqraflarının rəsm və foto əsərlərindən ibarət sərgisi, türk dünyasına aid mədəniyyət nümunələri, təşkilatın fəaliyyəti, eləcə də təsis etdiyi mükafatlarla tanış olublar.

Суббота, 19 Февраль 2022 14:27

Bugünkü “Ədəbiyyat qəzeti” nin anonsu

“Sadəcə başqa ölkələrdəki insanlar üçün yox, başqa dövrlər üçün də yazırsınız” – Nobel mükafatçısı yapon yazar Kazuo İşiquronun “Paris icmalı” jurnalına verdiyi müsahibə Nilufər Hacılının təqdimatında

 

Azər Turan – Dahi və dünya (Nobel mükafatçısı pakistanlı fizik Abdus Salam haqqında)

 

 “Bu gün kütləni razı salmaq asan məsələ deyil...” – “Ədəbiyyat qəzeti”nin yeni “Fikir bucağı” layihəsinin ilk qonağı yazıçı Qan Turalıdır (Söhbətləşdi: Tural Cəfərli)

 

Qəzənfər Paşayev – Köhnə kişilərdən öyrəndiklərim

 

“Hər işin başında estetik zövqü, milli ruhu sağlam olan insanlar dayanmalıdır” – filologiya elmləri doktoru Elnarə Akimova ilə uşaq ədəbiyyatının çağdaş durumu və problemləri mövzusunda müsahibə (Söhbətləşdi: Günel Eyyubova)

 

Əkrəm Bağırov – Nizami davamçısı Əssar Təbrizi

 

“Axı hanı bu evin yiyəsi...” – “Varislər”in qonaqları unudulmaz şair Camal Yusifzadənin həyat yoldaşı Əntiqə Bağırova və qızı Nigar Eyvazovadır (Söhbətləşdi: Əyyub Qiyas)

 

Nizami Cəfərov – Jurnalistin ədəbi debütü (Əflatun Amaşovun “Qanıq, Hasan, bir də Qaragöz” romanı haqqında)

 

Kənan Hacı – “Suzanbağı” (Hekayə)

 

Nargis – Yasəmənli yuxular

 

Mənzər Niyarlı – “Cəbrayıl əfsanəsi” – real hadisələrin qəhrəmanı (Azad Qaradərəlinin “Cəbrayıl əfsanəsi” kitabı haqqında)

 

Səadət Kərimi – Yağışın yağmadığı zaman ilin hansı fəslidir? (Eluca Atalının “Ənqa quşu” romanına resenziya)

 

Tahir Aydınoğlu – Azərbaycan maarifçi elmi-fəlsəfi irsinin və demokratik mətbuatının görkəmli tədqiqatçısı (İzzət Rüstəmov-90)

 

Abid Tahirli – Vətən həsrəti ilə çırpınan misralar, yaxud qəlbinin sağalmayan yerindən vurulan şair (“Alazan Baycan. Əsərləri” haqqında)

 

Tahir Taisoğlu – “Yaşamağın yanında...” yaşayan şair (Qalib Şəfahətin “Eşqə batır yanaqlarını” kitabı haqqında)

 

Qərib Mehdi – “Gülab” (Hekayə)

 

Vahid Əziz, Faiq Balabəyli, Musa Ələkbərli, Əhməd Qəşəmoğlu, Gülnar Ümidin şeirləri

 

Mənbə: Edebiyyatqazeti.az

Суббота, 19 Февраль 2022 14:00

Günün fotosu: Fransa öz ordusunu Malidən çıxarır

Günün fotosu:

Fransa öz ordusunu Malidən çıxarır

 

Fransa ordusu Malini tərk edir, səbəb bu Afrika ölkəsinin hərbi rəhbərliyi ilə münasibətin pozulmasındadır. 

Rəsmi Paris Barxan və Tekuba adlı antiterror əməliyyatında Fransa ordusunun iştirakını dayandırıb, rəsmi Mali ilə əməkdaşlığın bundan sonra mümkünsüz olduğunu dilə gətirib.

Foto: Euronews

Суббота, 19 Февраль 2022 13:30

Qazi şairin ilk kitabı işıq üzü görüb

 

Sumqayıt Poeziya Evində Əli Kərim adına Poeziya Klubunun təşkilatçılığı ilə qazi şair Elvin İntiqamoğlunun xalq şairi Sabir Rüstəmxanlının ön sözü və şair Emin Pirinin redaktorluğu ilə nəşr olunmuş “On dördüncü qızılgül” adlı ilk şeirlər kitabının təqdimat mərasimi  keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, şəhidlərin ruhu qarşısında sayğı duruşu ilə başlayan tədbiri giriş sözü ilə Poeziya Evinin direktoru, şair Ibrahim İlyaslı açaraq yeni nəşr olunmuş kitab haqqında ətraflı məlumat verib.

Tədbirin aparıcısı, Poeziya Evinin təşkilatçısı, gənc şair Elvin Əlizadə kitabın işıq üzü görməsi münasibəti qazi şairi təbrik etdikdən sonra sözü tədbir iştirakçılarına verib. 

Təqdimatda çıxış edən filologiya elmləri üzrə fəlsəfə doktoru, professor, şair Rafiq Yusifoglu,  Prezidentin fərdi təqaüdçüsü, əməkdar müəllim, şairə Ofelya Babayeva, kitabın redaktoru, qazi-şair Emin Piri, tanınmış nasir Əyyub Qiyas, əməkdar artist, şair Nazir  Rüstəmov, şair və yazıçılardan  Ehtiram Ilham, Elnur Uğur, Hakani Abbasəli, Solmaz Cahangirova, Mədaxil Cavadlı, Miraslan Rasim, Cabir Ağaoğlu, Mələk Yazar, Şahin Haciyev, Şəlalə Hüseynova, Elvin Rizvangil, Nemət Mətin, Fatteh Xann, Nicat Ağayev, Aygün Cəfərova, Gülnar Ümid, Əsmər Hüseyn Xan, Günel Balakişi, Əlirza Paşayev, Ürvət Əfqanoğlu, Əşrəf Əşrəfli, Bəhram Bilaloğlu, Vüsal Ağa  qazi şairə uğurlar diləyiblər, onun bu ilk kitabında yer alan şeirlərdən səsləndiriblər. 

Oxuculardan Gülnar Əhmədova, Əlikram Əzizov, Ilqar Nəsirli də   təbriklərə qoşulublar. 

Tədbir qazi şairin şəhid baş leytenant Emil Əsədova ithaf etdiyi “Qaya-11” adlı şeirinin video-çarx şəklində sələndirilməsi ilə başa çatıb.

Tədbirin sahibi - qazi şair Elvin İntiqamoğlu “Hər birinizə təşəkkürlər! Gələn ayaqlarınız var olsun!” deyə tədbir iştirakçılarına minnətdarlıq bildirib.

 

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində keçirilən “Ekspo 2020” dünya sərgisindəki Azərbaycan pavilyonunda Heydər Əliyev Fondu və “Azərxalça” ASC tərəfindən təşkil olunan tədbirdə “Dostluq” xalçasının təqdimatı olub.

AzərTAC xəbər verir ki, ənənəvi Azərbaycan xalçaları və yeni müasir dizayn əsasında hazırlanan “Dostluq” xalçası “Azərxalça”nın yaradıcı komandası ilə Azərbaycanın Əməkdar rəssamı Rəşad Ələkbərovun birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib. Xalçanın yaradılması üzrə işlər, o cümlədən dizaynın işlənməsi, çeşninin hazırlanması, xalçanın özünün toxunması və emalı 7 ay çəkib.

Xalçada Azərbaycanın və Dubay Əmirliyinin məşhur tarixi və müasir abidələri, flora və fauna elementləri əksini tapıb.

 

Bu gün saat 15:00-də Cəfərov qardaşları 16 ünvanında, Gəncliyə Yardım Fondunun akt zalında (İçərişəhər metro stansiyasının yaxınlığı) mərhum şairə Fərqanə Mehdinin xatirə gecəsi və  xatirəsinə həsr olunmuş şeir müsabiqəsi təşkil olunacaq. 

Tədbir Dünya Gənc Türk Yazarlar Birliyinin, Gəncliyə Yardım Fondunun, “Ulduz” jurnalının və "Fərqanə ədəbi məclisi"nin birgə təşkilatçılığı ilə baş tutacaq. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 35 yaşa qədər olan gənc şairlər istənilən mövzuda bir şeir təqdim etməklə müsabiqənin seçim turuna qoşula biliblər.

15 fevral 2022-ci il tarixinədək müsabiqəyə göndərilmiş şeirlərdən ikinci mərhələyə keçənlər şeir gecəsində müəlliflər tərəfindən səsləndiriləcək və münsiflərin canlı səsverməsi ilə qaliblər seçiləcək. Müsabiqənin qalibinə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən təsis olunmuş "Fərqanə" ədəbi mükafatı, ikinci və üçüncü yeri tutan iştirakçılara isə diplomlar təqdim olunacaq. 

Əlaqə üçün telefon: +994 51 812 82 42

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.