Super User

Super User

 

Martın 28-dən aprelin 3-dək İstanbulda “Kitabxanalar həyatla doludur” mövzusunda 58-ci Beynəlxalq kitabxana həftəsi keçirilir. Kitabxana həftəsində ölkəmizi Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova təmsil edir.

 

Milli Kitabxanadan AzərTAC-a bildirilib ki, bu gün beynəlxalq kitabxana həftəsinin açılış mərasimi olub. Tədbir Əhməd Həmdi Tanpınar Ədəbiyyat Muzeyi Kitabxanasında keçirilib.

Tədbir Türkiyə Cümhuriyyətinin “İstiqlal marşı” ilə açılıb, sonra İstanbul Əyalət Mədəniyyət və Turizm müdiri Coşqun Yılmaz giriş nitqi ilə çıxış edərək “Kitabxana həftəsi”nin məqsəd və məramından danışıb. O, çıxışı zamanı Türkiyə kitabxanaları, xüsusilə xalq kitabxanaları, onların fəaliyyəti haqqında, eləcə də nəşriyyatlar barədə iştirakçılara məlumat verib. Bildirib ki, hazırda Türkiyə kitab nəşri sahəsində dünyada öndə gedən on ölkədən biridir.

Paneldə Britaniya Kitabxanası, Azərbaycan Milli Kitabxanası, Kipr Beynəlxalq Universiteti İqtisadi və inzibati elmlər fakültəsi, Albaniya Milli Kitabxanası və digər kitabxanalar iştirak edib.

Çıxışçılar kitabxanaların əhəmiyyətindən, kitab irsinin qorunub saxlanılmasında rolundan, eləcə də kitabxanalar tərəfindən həyata keçirilən layihələrdən danışıblar.

Milli Kitabxanalar panelində Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova “Milli Kitabxanalar cəmiyyətin informasiya tələbatının ödənilməsinin əsas mərkəzi kimi” mövzusunda çıxış edib. O, çıxışı zamanı bildirib ki, Azərbaycan Milli Kitabxanası respublikada əhaliyə yüksək səviyyədə kitabxana-informasiya xidmətini təmin edən aparıcı kitabxanalardan biridir. Azərbaycan Milli Kitabxanasının xarakterik cəhətlərindən biri oxucuların-istifadəçilərin, böyük həcmdə mürəkkəb və çoxşaxəli sorğuların operativ ödənilməsi imkanı, yüksək inkişaf etmiş sorğu-biblioqrafiya və informasiya xidmətinin təşkili, xidmətin müasir metodlarından istifadə olunmasıdır.

Eyni zamanda, direktor müavini çıxışı zamanı Azərbaycan Milli Kitabxanasının son illər ərzində həyata keçirdiyi ənənəvi və virtual layihələrdən bəhs edib.

Ə.İsmayılovanın çıxışında pandemiya dövründə oxuculara onlayn xidmətlərin göstərilməsi, sənədlərin elektron çatdırılması, dissertasiya və dövri mətbuat materiallarından onlayn istifadənin təşkili sahəsində Azərbaycan Milli Kitabxanasının fəaliyyətinin xüsusilə böyük maraq doğurduğunu və bu təcrübənin öyrənilərək yayılmasını tövsiyə edib.

Sonda Ədibə İsmayılova “Kitabxanalar həyatla doludur” adlı 58-ci Beynəlxalq kitabxana həftəsində iştirakına görə xüsusi sertifikatla təltif olunub.

 

Hər il bu vədələrdə İsveçrənin yamyaşıl Friborq şəhərində Beynəlxalq Friborq (Fribourg) Kino Festivalı keçirilir. Bu il 36-cı dəfə kinosevərləri bir araya alan Beynəlxalq Friborq Kino Festivalının əsas özəlliyi ondan ibarətdir ki, burada Avropa Birliyi ölkələri, ABŞ və Kanada, eləcə də Rusiya filmlərinin nümayişinə icazə verilmir. Festivalın əsas məqsədi Şərqi Avropa, Asiya, Afrika və Cənubi Amerika kinosunun inkişaf dinamikasını tutmaq və bu inkişafa töhfələr verməkdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı festagent.com-a istinadən məlumat verir ki, ukraynalı rejissor Marina Er Qorbaçın TRT-nin ortaq istehsalı olan “Klondike” (Klondayk) hərbi dramı festivalın birdən-birə 3 mükafatını qazanıb.

Ukrayna və Türkiyənin birgə istehsalı olan film Beynəlxalq müsabiqənin “Ən yaxşı film”, “Gənc münsiflər heyətinin fəxri adı” və “Kino tənqidçilərinin ən yaxşı filmi” nominasiyalarında mükafatlara layiq görülərək yaradıcılarına əsl triumf yaşadıb. 

Mükafat mərasimində rejissor Marina Er Qorbaçla yanaşı, filmin ortaq prodüseri və Marinanın həyat yoldaşı olan türk Mehmet Bahadır Er də iştirak edib. 

Mərasimdəki çıxışında Qorbaç müharibə şəraitində ölkəsini müdafiə edən əcnəbi sənətçilərə diqqət çəkib. Bütün seyrçilər bu təsirli çıxışı ayaq üstündə, alqışlarla qarşılayıblar.

Talent Tare adlanan baş mükafatı rejissor qadın göz yaşları içində qəbul edib. Qeyd edək ki, mükafat 9000 İsveçrə Frankına (təqribən 16000 manat) bərabərdir. 

Premyerası 2022-ci ilin yanvarında, “Sandens” kinofestivalında baş tutan “Klondike” filmində əsas rolları Oksana Çerkaşina, Sergey Şadrin və Oleq Şerbina canlandırmışlar.

“Klondike” sözü lüğətdə bir neçə məna ifadə edir, qızıl qızdırma, kart oyunu, asteroid adı, Kanadada çay, ABŞ-da şəhər. Bu sözün filmin süjetinə transferi də diqqətçəkəndir. 

Rejissor qızıl qızdırma ilə hərbi qızdırmanı eyniləşdirir, ötən əsrin əvvəllərində Şimali Amerikadakı qızıl qızdırma dövründəki qəzıl hərisliyinə  bənzədir hazırkı dönəmdə Rusiyanın torpaq hərisliyini, yaratdığı hərbi münaqişələri.

Bəs müharibə qoxulu “Klondike”nin süjeti nədən bəhs edir? Film Ukrayna-Rusiya sərhəddində - Donetskdə yaşayan və kəndinin rus separatçı qrupları tərəfindən mühasirəyə alınmasına baxmayaraq, evini tərk etmək istəməyən hamilə qadının hekayəsindən bəhs edir. Nəzərə alın ki, film çəkiləndə hələ Rusiya Ukrayna ərazisinə soxulmasa da artıq Krımı, Luqanskı və Donetski özünə ilhaq eləmişdi. 

Bu arada onu da qeyd edək ki, “Klondike” kinolayihəsi

TRT mediaholdinqinin 12 Punto adlanan beynəlxalq ssenari müsabiqəsində birincilik qazanıb, “Sandens” kinofestivalında ən yaxşı rejissuraya görə mükafatlandırılıb. Hətta ötən ay keçirilən nüfuzlu Berlin kinofestivalının proqramına da daxil edilib. 

Aprelin 8-dən 19-dək keçiriləcək 41-ci İstanbul Film Festivalının “Milli yarışma” bölməsində “Klondike” filminin Türkiyə premyerası da baş tutacaq. Film çəkiliş qrupunun, eləcə də TRT rəsmilərinin iştirakı ilə aprelin 14-də nümayiş olunacaq.

Ukrayna mövzusu necə ki, siyasi, eləcə də mədəni həyatda çox aktualdır, bunu 36-cı Beynəlxalq Friborq Kinofestivalı sübut etmiş oldu. 

 

Şəkildə: Rejissor Marina Er Qorbaç, filmin afişası, filmdən fraqmentlər.

 

Qapaq şəklində filmin yaradıcı heyətini görürsünüz.

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik və UNESCO-nun Baş direktoru Odri Azulay iki təşkilat arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

ICESCO-nun baş ofisindən AzərTAC-a bildiriblər ki, Mərakeşin paytaxtı Rabat şəhərinin 2022-ci ildə İslam Mədəniyyəti Paytaxtı elan edilməsi çərçivəsində keçirilən görüşdə iki təşkilat arasında 2019-cu ilin noyabrında imzalanmış sazişin müddəalarının yerinə yetirilməsi müzakirə olunub. Tərəflər gənclərin dünyada sülhün bərqərar olması üzrə təlimlərdə iştirakı, sivilizasiyalar arasında dialoq ilə bağlı birgə tədbirlərin təşkili, kosmik tədqiqatlar və süni intellekt sahələrində tədqiqatların aparılması, İslam irsinin qorunması və təbliği, iqlim dəyişikliyi və s. məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Sonda ICESCO-nun Baş direktoru Odri Azulaya təşkilatın bu yaxınlarda nəşr etdirdiyi “Sülh imkanlarının kəşf edilməsi” adlı kitabı hədiyyə edib.

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, iqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Rusiya televiziyasında səsləndirdiyi məlum sərsəm və təxribat xarakterli çıxışı Azərbaycan ictimaiyyətinin, o cümlədən səfirlik əməkdaşlarının da ciddi narahatlıq və narazılığına səbəb olub.

Ölkəmizin Rusiyadakı səfirliyindən AzərTAC-a bildirilib ki, martın 29-da Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Mixail Delyaginin fikirlərini şərh edərkən, onu emosiyalarını cilovlamağa və Azərbaycana münasibətdə dost olmayan bəyanatlardan çəkinməyə çağırıb. Bundan əlavə, o qeyd edib ki, bu açıqlama Rusiya Federasiyasının rəsmi mövqeyinə heç bir halda cavab vermir və verə də bilməz. Rusiyanın Qarabağda sülhün dəstəklənməsi və tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi üçün böyük səy göstərdiyi bir vaxtda Mixail Delyaginin bu cür ritorikadan çəkinməli olduğunu vurğulayıb.

Həmçinin Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat üçün keçirdiyi ənənəvi brifinq zamanı Dmitri Peskovun açıqlaması ilə həmfikir olduqlarını söyləyib, bu kimi bəyanatların qəbuledilməz və məsuliyyətsiz olduğunu diqqətə çatdırıb. Azərbaycanla qarşılıqlı müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını hədəf seçən Rusiya Federasiyasının, onun rəhbərliyinin mövqeyini əks etdirmədiyini bildirib. Həmçinin Rusiya XİN-in rəsmisi Dövlət Dumasının rəhbərliyi tərəfindən də belə təxribat xarakterli açıqlamalara qiymət veriləcəyinə əminliyini ifadə edib.

Bundan əlavə, “Spravedlivaya Rossiya” partiyasının rəyasət heyətinin katibi, Rusiya Dövlət Dumasının III-VII çağırış deputatı Oleq Şein tərəfindən səfir Polad Bülbüloğlunun adına məktub ünvanlanıb. Məktubda Oleq Şein sağlam düşüncəsini itirməmiş Rusiya vətəndaşları adından həmpartiyalısı, Dövlət Dumasının deputatı Mixail Delyaginin Rusiya televiziyasında səsləndirdiyi fikirləri ilə bağlı üzr istəyib, soydaşlarının əksər çoxluğunun Azərbaycanı dost ölkə, Azərbaycan xalqını isə mehriban qonşu kimi qəbul etdiklərini vurğulayıb.

Oleq Şein təmsil etdiyi partiyanın rəhbərliyinə daxil olan bir şəxs kimi gələcəkdə belə halların baş verməməsi üçün müvafiq addımlar atdığını da bildirib.

Səfir Polad Bülbüloğlu “Rossiya 1” kanalının daxil olduğu Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin rəhbərliyinə Azərbaycan ictimaiyyətinin ciddi narazılığını çatdırıb və belə halların qəbuledilməz olduğunu vurğulayıb.

Göstərilmiş səylər nəticəsində Mixail Delyagin də bu gün Rusiya rəsmiləri tərəfindən ona verilmiş məsləhətləri qəbul etdiyini açıqlayıb, səsləndirdiyi fikirlərinə görə peşman olduğunu bildirərək üzr istəyib və belə addımı şou naminə atdığını söyləyib.

“Ədəbiyyat və incəsənət” portalı nüfuzlu Vogue gözəllik dərgisinin təqdimatında sizlərə dünyanın ən möcüzəli muzeylərini nümayiş etdirir. 

Sırada ön yerlərdə Parisdə yetləşən Luvr, Nyu-Yorkda yerləşən Metropoliten, Vatikan Muzeyləri, Abu Dabi Luvru və Sankt-Peterburqun Ermitajı idi. İndi sizə növbəti muzeyləri təqdim edirik. 

 

 

Guggenheim, Bilbao Müasir İncəsənət Muzeyi 

Müasir memarlıq incisi — Bilbao Guggenheim Muzeyi 1997-ci ildə açılıb. Bina Frank Geri tərəfindən ərsəyə gəlmişdir. Memar şəhərin mərkəzində muzey tikməkdən imtina edib, şəhərətrafı əraziyə üstünlük verib. Zallarda müasir incəsənətin əsl qaymağı toplanmışdır: Riçard Serra və Cenni Holzerdən Jan-Mişel Baskiya və Endi Vorhola qədər. Həmçinin burada Say Tvombley, İv Klein, Ceff Kuns və Luiz Burjuanın işlərinə baxmağa dəyər.

 

 

 

Orse Muzeyi, Paris

Keçmiş köhnə Paris vağzalı indi impressionizm, realizm və pointilizm  cərəyanlı rəngkarlıq üçün bir məbədə çevrilib. 1900-cü ildə tikilmiş binanı 1973-cü ildə söküb, yerində dəbdəbəli otel tikmək istəyirdilər. Amma sonra fikirlərini dəyişib burada muzey yaratdılar. 

Bu gün burada Qərb İncəsənəti XIX əsrin ikinci yarısından XX əsrin sonuna qədər sərgilənir. Qısa  dövrdür, amma şedevrlərlə zəngin dövrdür. İmpressionizm pərəstişkarları Orseyə uzun bir müddətlərini sərf edə bilərlər. Biz sizə Ogüst Renuar, Güstav Kurbe, Eduard Mane, Pol Sezan və Vinsent Van Qoqun əsərlərinə mütləq baxmağı tövsiyə edirik.

 

 

 

Dövlət Tarix Muzeyi, Moskva

1872-ci ildə yaradılmış, Qızıl meydan və Manej meydanları arasında yerləşən Moskva Dövlət Tarix Muzeyi müasir Rusiyanın ərazisində məskunlaşmış qədim tayfaların qənimətlərindən tutmuş Romanovlar sülaləsinin üzvlərinin əldə etdiyi sənət şedevrlərinə qədər incəsənət əsərlərinin böyük kolleksiyasına malikdir. Xüsusilə Xludun “Zəbur”unun, Svyatoslavın antologiyasının yerləşdiyi muzey kitabxanasını qeyd etmək lazımdır. Jan Blaunun qlobusunu, Vasnetsovun və Semiradskinin rəsmlərini də nəzərdən keçirməyi məsləhət görürük. 

 

Digər muzeylər barədə növbəti buraxılışlarımızda.

Вторник, 29 Март 2022 13:00

Yunus Oğuz “Cığır”ı başa vurdu

  Yazıçı-publisist Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270  illiyinə və 44 günlük Vətən  müharibəsinə ithaf olunmuş "Cığır" tarixi romanı tamamlanıb. "Ədəbiyyat və incəsənət” bu məlumatı Yunus Oğuza istinadən verir.

  Bu tarixi roman Pənahəli xanın  Şuşanı inşa etdirməsindən  başlayaraq, ta ki 8 noyabr 2020-ci il - Şuşanın işğaldan azad  edilməsinədək olan dövrü əhatə  edir. Əsərdəki  bütün obrazlar,  əsasən öz isimləri ilə adlandırılıb. Roman obraz çoxluğu və zənginliyi   ilə də seçilir. Belə ki, Pənahəli  xandan başlayan əsərin obrazları Ali Baş Komandan da daxil olmaqla məmurlar, adi insanlar, əsgərlər, generallar - bir sözlə xalqdır.  Düşmən obrazları da yaddan  çıxmayıb. Belə ki, Ter-Petrosyan, Paşinyan, Tonoyan və başqalarına  da əsərdə yer ayrılıb.

Romanın əsas qayəsi "Cığır"dan  başlayan Şuşanın "Zəfər yolu"na  qədər uzun məsafə qət etməsini bədii şəkildə tərənnüm etməkdir.

 

Qlobal məhdudiyyətlər Rusiya iqtisadiyyatı üçün şərtləri köklü şəkildə dəyişib. Rusiya Mərkəzi Bankı qızıl-valyuta ehtiyatlarından və qiymətli kağızlardan istifadə ilə bağlı məhdudiyyətləri proqnozlaşdırmamışdı. Bütün bu xəbərlər fonunda rublun məzənnəsi tarixi minimuma enib, milli valyutanın ucuzlaşması hazırda da davam edir.

Mərkəzi Bankdan başqa Rusiyanın ən böyük kommersiya bankları da sanksiyalara məruz qalıb. ABŞ-da onlardan bəzilərinin aktivləri bloklanıb, bəziləri müxbir hesablarını bağlamağa məcbur edilib və onlarla hər hansı əməliyyata qadağa qoyulub. Bundan əlavə, Rusiya bankları və şirkətlərinin xarici valyutada əməliyyatlar aparmasını çətinləşdirmək üçün ABŞ, Kanada, Böyük Britaniya və Avropa İttifaqı bir neçə iri bankı SWIFT beynəlxalq ödəniş sistemindən ayırıb. Rusiyanın digər banklarının da bu sistemlə əlaqəsinin kəsiləcəyi ehtimal olunur. Sərt sanksiyalara məruz qalan banklar sırasında VTB, "Rossiya", "Otkrıtiye", "Novikombank", "Promsvyazbank", "Sovkombank" və "Vneşekonombank" yer alıb. Rusiya bazarının lideri sayılan "Sberbank" da sanksiyalara məruz qalıb - martın 26-dan ABŞ banklarına bu bankın müxbir hesablarını bloklamaq əmri verilib. İndi OFAC-ın (Xarici Aktivlərə Nəzarət Ofisi - ABŞ Maliyyə Nazirliyinin bölməsi) xüsusi icazəsi olmadan Amerika maliyyə institutları "Sberbank" və onun törəmə müəssisələrinin müxbir hesablarını aça və xidmət göstərə, həmçinin onların iştirakı ilə əməliyyatları qəbul edə bilməyəcək.

Rusiya banklarına qarşı sanksiyalar onların qlobal miqyasda fəaliyyət imkanlarına böyük ziyan vuracaq ki, bu da sözügedən maliyyə institutlarının xaricdəki törəmə şirkətlərinə təsir göstərə bilər. Məsələn, VTB-nin Gürcüstan filialı korporativ bank portfelini "Liberty Bank"a ötürüb, "Sberbank" isə ümumiyyətlə Avropa bazarını tərk etmək qərarına gəlib.

Sanksiyaya məruz qalan bu kredit təşkilatları həmin banklarda valyuta əməliyyatları aparan çoxlu sayda müştəriləri, eləcə də beynəlxalq hesablaşmaları olan korporativ müştəriləri tərk edə bilər.

Bundan əlavə, "Visa" və "Mastercard" beynəlxalq ödəniş sistemləri Rusiya bankları tərəfindən emissiya olunan kartları tam bloklayıb (kartlar yalnız Rusiya ərazisində işləyəcək). Bununla belə, "Visa" və "Mastercard" Rusiya Federasiyasında digər dünya banklarının kartlarına xidmət göstərməyəcək.

Belə olan halda sual yaranır - Azərbaycanda birbaşa Rusiya ilə bağlı Rusiya kapitallı bankların işi necə olacaq? Hazırda Azərbaycanın bank sektorunda vəziyyət sabitdir, Rusiya kapitallı bankların sayı çox deyil. Müəyyən problemlərin olmasına baxmayaraq, ölkənin bank sektoru pandemiyadan sonra uğurla bərpa olub və məcmu mənfəəti 2021-ci ildə 610 mln. manat təşkil edib.

Biznesin fasiləsiz işini təmin etmək üçün şirkət sahibləri və direktorları ən azı aşağıdakılara diqqət yetirməlidirlər:

- rusiyalı tərəfdaşlarla işləyən şirkətlər partnyorun xidmət göstərən bankının sanksiyalar altında olmadığına əmin olmalı və ya ondan sanksiya tətbiq olunmayan başqa bankda hesab açmağı xahiş etməlidir;

- bəzi Azərbaycan bankları Rusiya bankları vasitəsilə dollar köçürmələri həyata keçirir ki, bu da, çox güman, yaxın gələcəkdə mümkün olmayacaq. Ona görə də bankdan onun müxbir hesablarının harada yerləşdiyini öyrənilməli və lazım gəldikdə əlavə hesablar açılmalıdır;

- alternativ təchizatçılar və malların alternativ logistikası haqqında düşünmək, belə ki, çatdırılmalarda Rusiyada fəaliyyət göstərən logistika şirkətlərinin sayının azalması, eləcə də Çindən çatdırılma marşrutlarının dəyişdirilməsi ilə bağlı mümkün gecikmələr mümkündür.

Müştərinin bankdan gözlədiyi ən vacib şey - etibarlılıqdır. Lakin bankın bu meyara cavab verib-vermədiyini yoxlamaq bəzən asan olur. Bankın sabitliyinə də xüsusi diqqət yetirmək lazımdır. Ümumiyyətlə, Azərbaycanın bank sistemi kifayət qədər sabitdir, lakin siz zəmanət verə bilməzsiniz ki, bankınıza heç nə olmayacaq.

Etibarlılıq parametrlərinə bankın bazardakı mövqeyi, biznes strategiyası, inkişaf dinamikası, maliyyə vəziyyəti, Mərkəzi Bankın tələblərinə uyğunluğu, səhmdarların strukturu və nüfuzu daxildir.

Sonda onu da qeyd edək ki, əksər hallarda biznesin üzləşdiyi çətinliklər sahibkarların öz risklərini yenidən qiymətləndirməsinə və paralel olaraq yeni imkanlar tapmasına səbəb olur. Bura həm bazarların yenidən bölüşdürülməsində fəaliyyətin genişləndirilməsi, həm də yeni, daha sərfəli tərəfdaşların tapılması və s. məsələlər daxildir. Rusiya bizneslərinə qarşı tətbiq edilən məhdudiyyətlər onların azərbaycanlı tərəfdaşlarına mənfi təsir edə bilər. Lakin bu, həmçinin, Azərbaycan sahibkarları üçün yeni imkanlar və perspektivlər axtarışı və əldə olunması vaxtıdır.

 

 

İstedadlı karikaturaçı-rəssam Soltan Soltanlının bu karikaturası ötən il İranda "İnsanlıq" mövzusunda keçirilən beynəlxalq karikatura yarışmasında finala çıxıb. 

Kataloqa daxil edilən karikaturanı sizlərə təqdim edirik.

Günün fotosu:

“Novaya qazeta” yalan yazmaqdansa susmağı üstün tutdu

 

Rusiyanın ən populyar mətbu orqanlarından olan “Novaya qazeta” nın baş redaktoru Dmitriy Muratov Ukrayna ilə müharibə bitincəyə qədər qəzeti çıxarmayacaqlarını bəyan edib. Bu, Putin idarəçiliyinin yalan yazmaq əmrini ən azı susmaqla pozmaq anlamındadır. 

 

Foto: Euronews

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və bu ölkənin Milli Elmlər Akademiyası Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutu (Şİ) Azərbaycanın böyük dövlət xadimi, klassik ədəbiyyatımızın tanınmış nümayəndəsi, şair Şah İsmayıl Xətainin anadan olmasının 535 illiyi münasibətiIə birgə hazırladıqları "Mənbələr danışanda" adlı veriliş dövlət televiziyasında nümayiş etdirilib.

Ssenari müəllifi Şuxrat Salamov olan veriliş, tamaşaçılara aparıcı-jurnalist Dildora Hasanova tərəfindən təqdim edilib. Proqramda Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldıran, lirik və epik janrlarda gözəl əsərlər yaradan, dövlətçilik tariximizdə müstəsna xidmətləri olan, hökmdar və şair Şah İsmayıl Xətainin yaradıcılığı, əsərləri haqqında məlumat verilib. Şərqşünaslıq İnstitutunun fondunda saxlanılan 1535-ci ilə aid “Şah İsmayıl Xətai divanının Daşkənd nüsxəsi” adlı nadir əlyazma haqqında da söhbət açılıb.

Verilişdə Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə azərbaycanlı alim Kərimulla Məmmədzadənin Şərqşünaslıq İnstitutunda apardığı elmi araşdırmalar nəticəsində tapılan nadir Xətai əlyazması haqqında məlumatlar öz əksini tapıb.

Şərqşünaslıq İnstitutunun bölmə müdiri Salimaxan Eşanova, AMM-in direktoru Samir Abbasov, tarixçi alim, Bakı Dövlət Universitetinin kafedra müdiri, Əməkdar müəllim Kərəm Məmmədov Şah İsmayıl Xətainin dövlətçilik ənənələri, ana dilini dövlət dili səviyyəsinə qaldırması, ədəbi yaradıcılığı barədə danışıb, Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihə əsasında Özbəkistan arxivlərində, fondlarında saxlanılan Azərbaycana dair nadir əsərlər, əlyazmaların aşkar edilməsi, onların tədqiqata cəlb olunması barədə fikirlərini bölüşüblər.

Verilişdə Şah İsmayıl Xətainin oğlu Şah Təhmasibin sifarişi ilə hazırlanan 1535-ci ilə aid Xətai divanının Daşkənddə saxlanılan nəfis şəkildə hazırlanmış orijinal nüsxəsi nümayiş etdirilib. Həmçinin Şah İsmayıl Xətai ilə Əlişir Nəvainin yaradıcılığı arasında əlaqə, özbək xalqının hökmdarı Zahirəddin Məhəmməd Baburla dostluq əlaqələri, Azərbaycan və özbək xalqları arasındakı tarixi dostluğa nəzər salınıb.

Qeyd edək ki, AMM tərəfindən “Şah İsmayıl Xətainin divanının Daşkənd nüsxəsi” adlı əlyazmanın faksmil nəşrinin yaxın zamanlarda çapı və təqdimatı nəzərdə tutulub.

Bu barədə məlumatl AzərTAC yayıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.