Super User

Super User

 

Dünən Heydər Əliyev Sarayında görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin 105 illiyinə həsr olunan “Bizi yaşadan nəğmələr” adlı konsert proqramı təqdim edilib.

 

Proqramda Xalq artistləri Brilliant Dadaşova, Ənvər Sadıqov, Azər Zeynalov, İlqar Muradov, Gülyanaq və Gülyaz Məmmədovalar, Murad Hüseynov, Əməkdar artistlər Anar Şuşalı, Aygün Bəylər, Zamiq Hüseynov, Elton Hüseynəliyev, İnarə Babayeva, həmçinin Zabitə Alıyeva, Mirələm Mirələmov, Kamilə Babayeva, “Qaya” Dövlət Ansamblı, Akademik Musiqili Teatrın orkestri, xoru, balet truppası və solistləri çıxış ediblər. 

Qeyd edək ki, Tofiq Quliyev Azərbaycan estrada musiqisinin yaradıcılarındandır. O, ötən əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələri, o cümlədən “Bakı payızı”nı yaradıb. Bəstəkar 1990-cı ildən ömrünün sonunadək Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.

Tofiq Quliyev 2004-cü il oktyabrın 4-də vəfat edib. 

Görkəmli bəstəkarın əsərləri hələ neçə-neçə qərinələr sonra da insanlar tərəfindən böyük sevgi və maraqla dinləniləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı şair Yusif Nəğməkarın “Hikmət bankomatı”ndan yeni sətirləri diqqətinizə çatdırır. 

 

 

* Cəmiyyət çəm rəiyyət yox, cəm riayətdir...

 

* Yerin altını üstünə çevirənlər altla üstün fərqini bilməyənlərdir...

 

* Ata atlanmayan atsızın atı olmasa da, tez-tez cin atına minərdi...

 

* Hər qoluna bir saat bağlasa da, vaxtı  vaxtında tuta bilmirdi.

 

* Ən acı təzad namuslu adamın ətrafında cüvəllağıların toplaşmasıdır...

 

* Cavabın qabaqdangəlmişlik əmsalı:

-- Necəsən?

-- Sən soruşandan bəri yaxşıyam...

 

* "Azad qadın", "azad kişi" məfhumundakı mənfi çalar ifrat azadlıq neqatividir...

 

* Gəlişi arzuolunmayanın -- gəlmişəm, "dostlar" -- deməsi dostsuzluğun duzsuzluğudur...

 

* Yerdə sürünən divlər goydə uçan milçəklərə həsəd çəkər...

 

* Yekə-yekə danışan yekəpərin küçüklüyü, yəni kiçikliyi göz qabağında olur...

 

* Sev ki, sevgi sevindirsin səni...

 

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci ilin aprel ayının 15-də saat 10:00-da  Xaçmaz şəhər Tarix-Diyarşünaslıq muzeyində Xaçmaz şəhərindən və Şabran rayonundan olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar nazirliyin Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron poçt ünvanı və (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə  12 aprel 2022-ci tarixinə qədər qəbula yazıla bilərlər.

 

Astanadan şad xəbər var. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin Xalq çalğı alətləri şöbəsinin qarmon ixtisası üzrə I sinif şagirdi Aynisə Səddarzadə Qazaxıstanda “Astana Stars” Beynəlxalq Festival Hərəkatı çərçivəsində keçirilən "Qrand Mozart" ll Beynəlxalq Vokal İnstrumental müsabiqəsində uğurla çıxış edib.

 

Aynisə Səddarzadə müsabiqədə “Xalq çalğı alətləri” nominasiyasında 8-10 yaş kateqoriyası üzrə çıxış edərək ll yerə layiq görülüb. 

Aynisə Səddarzadənin müəllimi Vəfa Mirzəyeva, həmçinin konsertmeysterlər Mehriban Həmidova və Çingiz Absəlimov təşəkkürnamə ilə təltif olunublar.

Balaca qarmonçumuzu təbrik edir, ona böyük səhnələri fəth etməyi arzu edirik.

Qarabağ səfərlərində həmişə qarışıq bir hiss hakim kəsilir: həm ora doğru can atırsan, həm də arzulayırsan ki, vaxt gec getsin ki, bir az bu səfəri gözləməyin həyəcanının dadını çıxarasan.

Bakıdan çıxanda isə istəyirsən hamının qabağını kəsib deyəsən ki, vallah, Şuşaya, Laçına, Kəlbəcərə, Hadruta... gedirəm.

Artıq Füzuliyə çatanda müharibənin izləri görünməyə başlayır - daha doğrusu, erməni vandallığının. Dağılmış evlər, binalar bir-birinin ardınca maşının şüşəsindən ötüb keçdikcə düşünürsən - hər ev bir taledir, burada hər kəs öz taleyini sanki yarımçıq qoyub gedib, gəlib indi davamını yaşamalıdır. Bu bəxtsiz evlər də öz talelərinin davamını yaşamaq üçün sahiblərini gözləyir...

Uşaqlar oyuncaqlarını gəlib tapacaq, 20 yaşlı oğlanlar sevgilərini, babalar çəliklərini...

Füzulidə ilk postdan öncə Alxanlı kəndidir, erməni terrorunun qurbanı olan balaca Zəhranın kəndi.

Kəndin yaxınlığında otlaqlar var. Adını soruşmağı unutduğum çobanla söhbətləşirik. Deyir, qoyunlarımızı əvvəl də burda otarırdıq, indi də... Əvvəllər ermənilərə görə qabağa gedə bilmirdik, indi də minalara görə.

 

***

 

Düşmənin keçilməz hesab etdiyi Ohanyan səddi Füzulidə, Alxanlı kəndindən dərhal sonra başlayır. Keçmiş üzümlüklər olan sahədə beton dirəkləri sökməyərək aralarını minalarla dolduran düşmən belə səddin ilk xəttini yaradıb. Daha sonra xəndəklər qazıb, müxtəlif maneələr düzəldib, ancaq Azərbaycan əsgərinin qarşısını bu maneələrin heç biri ala bilməyib. Ohanyanları hamıdan qabaq qaçıb...

 

 ***

 İnşaatçılarımız indi əsgərlərimizin bizim üçün açdığı yolu rahatlatmaq, genişlətməklə məşğuldurlar. Nəhəng yol-infrastruktur layihələri icra olunur: təkcə köhnə yollar bərpa olunmur, həm də dağları yararaq yeni yollar çəkir mühəndislərimiz.

Füzulidən Şuşaya gedən yol parıldayır - girişindəki "ZƏFƏR YOLU" yazısı isə qürurla dayanır. Hadruta ayrılan yol hələ ki, hazır deyil, sürətli iş gedir.

 

 ***

 

Hadrutun başı və döşü qarlı dağları uzaqdan görünür. Qəsəbəyə girəndən bir az sonra isə zəif qar başlayır... Qəsəbənin içində gəzdikcə təxmin edirsən ki, Azərbaycan əsgəri Şuşa əməliyyatının "məşqini" burda edib - artilleriyadan istifadə olunmadan qəsəbə işğaldan azad edilib, çünki dağıntılar yoxdur, yalnız bəzi binaların üstündə yüngül silahların güllə izləri qalır. Hiss olunur ki, bu ərazilərdə küçə döyüşləri gedib. Baxmayaraq ki, Hadrutda ermənilərin çox sayda hərbi birləşmələri olub və onlar üçün bu əraziyə hücum və qəsəbənin itirilməsi qeyri-mümkün görünüb, ancaq görünür, say və bu cür proqnozlar o qədər də əhəmiyyətli deyil - əsas döyüş əzmi və peşəkarlıqdır, onu da Azərbaycan əsgəri hər addımında nümayiş etdirib, düşmən də bir az müqavimətdən sonra qaçmağı qənimət bilib.

Səfərdən öncə Hadrut əməliyyatı

barədə söhbətləşdiyim hərbi ekspert Ədalət Verdiyev deyirdi ki, Hadruta hücum cəsarət tələb edirdi, çünki orada ermənilər böyük qüvvə saxlayırdılar. Bununla belə, bu cəsarətli qərar qəbul edilib və Hadrutun azad olunması Azərbaycan Ordusuna daha böyük əraziyə nəzarət imkanı qazandırıb.

 

 ***

 

İndi Hadrut da öz taleyinin davamını gözləyir. Ermənilər ağıllarını başlarına yığsalar, normal qonşular kimi yaşamaq, inkişaf etmək üçün tarixi fürsəti reallığa çevirəcəyik.

 

Vüsal MƏMMƏDOV

 

Bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında tanınmış yazıçı İradə Əlili və yazıçı, jurnalist Vüqar Şahinoğlunun müəllifi olduqları “Zəfər Yolu” kitabının təqdimatı keçiriləcək.

 

Kitaba Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Ön söz” yazıb.

Kitab 44 günlük İkinci Qarabağ savaşında qazanılan parlaq Qələbədən bəhs edir.

Kitab Azərbaycan və ingilis dillərində çap edilib.

 

30-31 martın təqvimi Varisin təqdimatında

 

30 mart

 

Parkda Gəzmək Günü

Take a Walk in the Park Day - Çox qeyri-adi, amma dedikcə aktual olan bir gün. Xüsusən indiki bu vəhşi ritmli müasir dünyada şəhərlərdə yaşayan insanlara barı bir gün həmin o ritmdən qurtulmaq, ağac-çiçək-ot dünyasının, təmiz havanın qoynuna çəkilmək çağırışı vacibdir.

Sirr deyil ki, meqapolislərin, hətta adi şəhərlərin əksər sakini müntəzəm şəhər ətrafına, təbiətə çıxa bilmir,nəticədə təmiz havada güc və enerji toplamaq şansından yararlanmır. Müasir dünya şəhər əhalisinə çox yüksək həyat tempi verib, bu da ümumi sağlamlığın, əsəbin halına mütləq təsir göstərir.

Statistikaya görə, sistematik stress və depressiyalar şəhər əhalisinin əsəb sisteminin xarakterik halına çevrilib. Halbuku sutkada cəmi 30 dəqiqə gəzinti təkcə piylərin əridilməsinə təsir göstərmir, habelə immuniteti yüksəldir, xərçəng, hipertoniya və diabetdən qoruyur. Britaniya həkimləri təbiətdə (ən azı parkda) olan insanın orqanizmində bərpa prosesinin getdiyini açıqlayıblar, bunu asudə vaxtda kinoya, yaxud şopinqə getməklə eyniləşdirmək düzgün deyil. Park gəzintiləri, səs-keydən və tozdan uzaq məkanda olmaq stressi azaldır, əhval-ruhiyyəni yüksəldir. Təhqiqatlar göstərib ki, piyada gəzən, yaşıl zonalarda gəzinən insanlar bunu etməyənlərdən daha xoşbəxtdirlər.

İndi deyin, bu gün parka gedib gəzməməyə əlinizdə nəsə bir əsas qaldımı?

 

Xristian dünyasının Lada günü

İnanclara görə məhz bu gün torpaq qış yuxusundan oyanır, bahar naz-qəmzəsi və istisi ilə toorpağın ruhunu oxşayır. Lada sevgi və nigah mələyi sayılır, bu gün onun yerə, insanların arasına enməsi baş verir. Lomonosov Ladanı Venera ilə bir tutur. 

Gənclər bu gün mahnı oxuyub şənlənir, qadınlar evlərin damlarına çıxıb əllərini göyə tutaraq “qış öz soyuğu ilə bizi bezdirdi, bahar, tez gəl” söyləyirlər.

Lada günü ilə bağlı bir inanc da var, quşlar İriyadan – slavyan cənnətindən geri qayıdırlar, odur ki, insanlar quş uçuşunu təqlid edən tərzdə rəqslər edirlər.

 

ABŞ-da Həkimlər Günü

1990-cı ildə prezident Buşun rəsmi fərmanından sonra hər ilin 30 mart günü Amerikada Həkim günü kimi qeyd olunur. Həkimlərin rəmzi bizdə matəm rəmzinə çevrilmiş qırmızı qərənfil hesab edilir. Bu günün bayram kimi qeyd edilməsi ideyası isə Eedora Elmonda – məşhur həkim Çarlz Elmondun həyat yoldaşına məxsusdur. O, olduqca lazımlı və məsuliyyətli missiya yerinə yetirən həkimlərin işlərini qiymətləndirmək üçün tanıdığı bütün həkimlərə içində xoş diləklər yazılmış açıqcalar yollamış, vəfat etmiş həkimlərin isə məzarlarına qırmızı qərənfillər düzmüşdü. 

1867-ci ilin bu günündə Amerika ilə Rusiya arasında Alyaskanın satın alınması barədə müqavilə imzalanıb. Amerikalılar ruslara bu torpaqlar üçün 7,2 milyon dollar ödəyiblər.

1918-ci ilin bu günündə Azərbaycanla Ermənistan arasında müharibə başlayıb. Bolşeviklər adı altında azərbaycanlıları qıran ermənilər rəsmən Bakıya müharibə elan ediblər. 1955-ci ilin bu günündə Argentina milli futbol komandası Amerika kubokunu qazanıb. 1948-ci ildə Fələstində İsrail dövləti yarandıqdan sonra 1976-cı ilin bu günündə ilk dəfə fələstinlilər etiraz əlaməti olaraq Torpaq Günü komitəsini yaradıblar. 

1981-ci ilin bu günündə Vaşinqtonda ABŞ prezidenti Ronald Reyqana qarşı sui-qəsd olub, Con Hinki adlı birisi onu otelin qarçısında sinəsindən güllələyib. 1992-ci ildə isə Azərbaycanla İraq arasında diplomatik əlaqələr qurulub.

 

Fateh Sultan Mehmedin doğulduğu gün

Bu gün doğulanlardan danışanda ilk olaraq 1432-ci ildə Osmanlı sultanı Fateh 

Sultan Mehmedin – II Mehmedin adını çəkə bilərik.  Bu həmin o görkəmli şəxsiyyət, türk dünyasının ən böyük şəxsiyyətidir ki, 21 yaşında İstanbulu fəth edərək 1000 illik Bizans İmperiyasına son verdi və bu hadisə bir çox tarixçi tərəfindən Orta Çağın sonu, Yeni Çağın başlanğıcı olaraq qəbul edildi. Fəthdən sonra o, Fəthin Atası mənasını verən "Əbül-Fəth” adı ilə tarixə düşdü. 

 

İki dahi rəssam: Qoyya və Van Qoq

1510-cu ilin 30 martında ispan bəstəkarı Antonio de Kabeson, 1746-cı ildə məşhur İspaniya rəssamı Fransisko Qoyya, 1853-cü ildə dünyaca ünlü Niderland rəssamı Vinsent Van Qoq, 1968-ci ildə “Titanik” filmindən sonra lap sevilən kanadalı müğənni Selin Dion, 1986-cı ildə isə populyar ispan futbolçusu Serxio Ramos dünyaya gəliblər.

Bu gün dünuyadan köçənlərə gəlincə, 1951-ci ildə tanınmış Azərbaycan tibb mütəxəssisi Adilə Şaxtaxtinskaya, 1956-cı ildə Türkiyə şairi Mithəd Camal Küntay, 1998-ci ildə Fransa müğənnisi Mişel Arnaud, 1999-cu ildə sovet dönəminin əfsanəvi futbolçusu İqor Netto, 2005-ci ildə tanınmış opera müğənnimiz Gülxar Həsənova, 2011-ci ildə məşhur rus müğənnisi Lyudmila Qurçenko bu siyahıda yer alıblar.

 

31 mart

 

Azərbaycanlıların Soyqırımı Günü

1918-ci ilin 30 mart – 3 aprel dövründə Rusiyanın bolşevik hökumətinin havadarlığı, Azərbaycana təyin edilmiş erməni komissar Stepan Şaumyanın təşkilatçılığı ilə erməni daşnaklardan və rus əsgər və matroslardan ibarət “qırmızı ordu” Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Lənkəran, Salyan, Qarabağ və Naxçıvan ərazilərində azərbaycanlılara qarşı qırğın törətmişlər. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. 

Körpə uşaqları yüzlük mismarla divara mıxlayan, hamilə qadınların qarnını doğrayan, kişiləri ağacdan başıaşağı asıb aşağıda tonqal qalayan erməni vəhşiliyi barədə xəbər tutmaq üçün Azərbaycan Xalq Cumhuriyyətinin həmin ilin iyununda yaratdığı İstintaq Komissiyasının sənədlərinə baxmaq kifayət edər. Heç vaxt bunları unutmamalıyıq, xalqın qan yaddaşına bunlar yazılmalıdır.

Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. 

 

Bekap günü

Bu gün Ümumdünya komputer məlumatlarının qorunması günüdür, World Backup Day – kompüter məlumatlarının bekaplanmasını – yəni ehtiyat nüsxələrinin çıxardılıb saxlanılmasını özündə ehtiva edir. Çünki bir təsadüf ən qiymətli materialların silinməsinə gətirib çıxara bilər. Texnikadan hər şey gözləmək olar. Ehtiyat isə igidin yaraşığıdır.

 

Beynəlxalq “Bezdiyin işdən çıx” günü

Çoox ibrətamiz bir gündür. Çoxu işə könülsüz gedir, iş onu təmin etmir, bezdirir, sadəcə maaşın xatirinə gedib gəlir. İldə bir gün verilib ki, bezgin insan cəsarətə gəlib ərizə yazsın, bezdiyi işdən çıxsın, özünə bab yeni iş axtarsın. Mütəxəssislər qeyd edirlər ki, insanı xoşbəxt edən nəsnələr ikidir: ailəsində və işində rahatlıq. Bunlardan biri onu təmin etmirsə, o heç vaxt xoşbəxt ola bilmir.

 

Beynəlxalq dekolte günü

Dekolte bilirsiniz də - sinəsi açıq paltara deyilir. Günümüzdə xanımlar adətən ziyafətlərə, toy və nişanlara dekolte geyinməyi xoşlayırlar. Xüsusən Bakıda dekolte dəbi hədsizdir. Vaxtı ilə “qadının heç yeri görünməməlidir” kimi köhnə mental dəyərlərə söykənən Bakı qoçuları və cayıllarının törəmələri indi tam açıq-saçıq görünən qadınların qarşısında aciz qalıblar. Əlbəttə ki, zaman öz sözünü deyir, dəyərləri sürətlə dəyişir.

 

Sezar Çaves yaxşı kişi olub

Milli bayramlara gəlincə, Maltada azadlıq, Tailandda Kral Nanqklaonun xatirəsi, Meksikada tako, Böyük Britaniyada mürəbbə günüdür. Bayramsevər Amerikada bu gün bir neçə bayram var. Tomas Mendi günündə seçkilərdə rəsmən səs vermiş ilk Amerika zəncisi Tomas Mendi (1824-1904) anılacaq. Sezar Çaves günündə sosial hüquqlar uğrunda mübarizə aparan Kaliforniyalı Sezar Çavesin şəninə tərif söyləniləcək. Sezar Çaves deyirmiş ki, heç bir vəzifəli şəxs vətəndaşın hüququnu poza bilməz, ona vəzifə vətəndaşa qulluq eləmək üçün verilir, vətəndaşın “belinə minmək üçün” deyil. 

Milli molyuska günündə isə xırda dəniz canlılarından hazırlanan mətbəx yeməkləri süfrələri bəzəyəcək.

 

Bu gün tarixi hadisələrlə o qədər zəngindir ki

1998-ci ilin 31 martında Formula 1 pilotu Endi Vallas 402,6 km/saat sürətlə seriya avtomobili üçün sürət rekorduna imza atmışdır. 1993-cü ildə məşhur Brüs Linin oğlu Brendon Brüs Li “ Qarğa” filminin çəkilişləri zamanı ehtiyatsızlıq edərək ölmüşdür. 1991-ci ildə Rusiyanın ORT telekanalı yayıma başlamışdır. 1980-ci ildə ədəbiyyat sözü həqiqətən də təhqir olunmuşdur, belə ki, SSRİ rəhbəri Leonid İliç Brejnevə “Kiçik torpaq” və “Dirçəliş” adlı cızmaqaralara görə SSRİ-nin ən böyük ədəbiyyat mükafatı – Lenin mükafatı təqdim edilmişdir. Təbii ki, həmin hadisəni o vaxt Sovet Azərbaycanı da sürəkli alqışlarla alqışlamışdır.

1967-ci ildə Cimmi Hendriks konsert zamanı nümayişkaranə sürətdə öz gitarasını yandırmışdır. Həmin il Fransanın NATO-nun tərkibindən çıxdığını bildirməsi səbəbindən NATO –nun mənzil-qərargahı Parisdən Brüsselə köçmüşdür. 1954-cü ildə SSRİ rəhbərliyinin NATO-ya üzv olmaq xahişi rədd edilmişdir. 1936-cı ildə Münhendə faşist Almaniyası “Degenerativ incəsənət” sərgisini açmışdır ki, sərgidə sürrealizm, impressionizm, abstraksionizm kimi cərəyanlara aid rəsm əsərləri nümayiş olunmuşdur. 1918-ci ildə ABŞ ilk dəfə yay vaxtı tətbiq etmişdir. 1917-ci ildə Kiyevdə Ukraynanın ilk gimnaziyası açılmışdır. 1901-ci ilin 31 martını “Mersedes”sevərlər yaddaşlarına möhkəmcə qeyd etsinlər, həmin gün ilk “Mersedes” avtomobili istismara buraxılıb. Onun yaradıcısı isə Vilhelm Maybax olub, o Maybax ki, onun adına buraxılan avtomobillə bu yaxınlarda “tiripaşlıq” etdiyinə görə Füzulidə müğənni Manaf Ağayev inzibati məsuliyyətə cəlb olunmuşdu. 

1896-cı ildə Azərbaycanca hələ də ad tapa bilmədiyimiz paltar “zamoku”nu ABŞ ixtiraçısı Uitkomb Catson kəşf edib. 1889-cu ilin 31 martında isə Eyfel qülləsinin açılışı olub. Konstruktor Qüstav Eyfel Parisdə inşa etdiyi bu möcüzəvi tikiliyə görə dünya tarixinə adını yazdırıb.

1856-cı ildə Rusiya donanmasında yəhudilərə xidmət etmək qadağan olunub. 1717-ci ildə hazırkı Rusiya prezidenti Putinin sələfi olan I Pyotr “Gizli dəftərxana” adlı qurum yaradıb ki, xüsusilə vacib dövləti cinayətlər orada tədqiq olunsun. 1492-ci ilin 31 martı isə yəhudi xalqı üçün qara tarixdir. Kral II Ferdinand Araqonlunun “Alqambrsk edikti” adlanan əmri ilə İspaniyada  yaşayan bütün yəhudilər sürgün olunmuşdular. Yalnız dinini dəyişməyə razılıq verənlərə bu təcavüz tətbiq olunmamışdı.

 

Kimlər gəldi

O ki qaldı bu gün dünyaya gələnlərə, bu cür məşhurlar da az deyil. 1596-cı ildə Fransa filosofu Rene Dekart doğulub. “Uşaqlarınıza verə biləcəyiniz ən qiymətli töhfə ağıldır, qalan şeyləri özləri də əldə edə bilərlər” deyən bu müdrik insanın kəlamları illərdir ki, dillər əzbəridir. 1685-ci ildə dünyaşöhrətli alman bəstəkarı – uşaqdan böyüyə hamımızın tanıdığı İohann Sebastyan Bax dünyaya gəlib. Belə şəxsiyyətləri tarix, təbii ki, yüz ildən bir yaradır. 1732-ci ildə digər dahi bəstəkar, avstriyalı Yozef Haydn doğulub. 1861-ci ilin 31 martında görkəmli Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu, 1882-ci ildə rusiyalı yazıçı Korney Çukovski, 1914-cü ildə istiqlalçı Meksika şairi Oktavio Pas, 1936-cı ildə tanınmış Azərbaycan bəstəkarı Rafiq Babayev, 1939-cu ildə azərbaycanlılara qarşı diskriminasiya siyasəti ilə ad çıxarmış Gürcüstan prezidenti Zviad Qamsaxurdiya, 1943-cü ildə ABŞ aktyoru Kristofer Uolken, 1954-cü ildə ölkəmizdə də çox sevilən latış müğənnisi Layma Vaykule,1955-ci ildə ölkəmizin futbolsevərlərinə yaxşı tanış olan şimali Makedoniyalı baş məşqçi Coko Hacıyevski dünyaya gəliblər.

 

Kimlər getdi

1340-cı ildə Böyük Moskva knyazı İvan Kalita, 1547-ci ildə Fransa kralı I Fransisk, 1621-ci ildə İspaniya kralı III Filipp – ümumilikdə üç böyük dövlət xadimi vəfat ediblər.

Bu dəfə yazıçılar - 1855-ci ildə ingilis Şarlotta Bronte və 1898-ci ildə sloveniyalı Luiza Pasyak dünyadan köçüblər. 

1983-cü ildə məşhur sovet klounu Karandaş, 2007-ci ildə Rusiyanın neft kralı sayılan həmyerlimiz, geoloq Fərman Salmanov, 2008-ci ildə SSRİ-nin dövlət xadimi, Azərbaycanla bağlı bir çox sirləri özü ilə qəbrə aparmış Sergey Baybakov dünyadan köçmüşlər.

Bakıdakı Heydər Əliyev Mərkəzi dünyanın ən gözəl tikililəri sırasında yer alıb, yəqin bilirsiniz. Ona İraq əsilli Böyük Britaniya memarı Zaha Hadid dünyaya vəsiqə verib. 2016-cı ilin 31 martında bu dahi memar dünyadan köçüb.

Bu arada onu da deyək ki, ermənilərin bizə yaşatdıqları 31 mart - genosid günündə ötən il erməni xalqının yetişdirdiyi ən böyük generallardan biri sayılan, mənfurların ən görkəmli dövlət xadimi Arkadi Ter-Tadevosyan gorbagor olub. 

Allah bütün zalımları tezliklə o dünyaya vasil eləsin! Amin!

 

Bakıda “Azərbaycanım” V Respublika Uşaq Rəsm Festivalı çərçivəsində eyniadlı müsabiqə elan olunub.

 

“Əsəbiyyat və incəsənət” portalı xəbər verir ki, müsabiqə Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində keçirilir.

Müsabiqə uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, əhatə olunduqları mədəni mühitə yanaşma tərzini təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirmək, Azərbaycan xalqının mənəviyyatını, Azərbaycan əsgərinin qəhrəmanlığını, işğaldan azad olunmuş ərazilərimizin mədəni irsinin daha geniş təbliği məqsədilə təşkil olunur.

Yaşı 21-ə qədər olan istedadlı şəxslər mayın 2-dək Xətai Sənət Mərkəzinin feysbuk səhifəsinə (https://www.facebook.com/groups/144172178999749/?ref=share) təqdim etdiyi əsərin fotosu, əsərin adı, müəllifin adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini yerləşdirməklə müsabiqəyə qatıla bilər.

Əsərlər feysbuk qrupunda tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, 2-dən çox əsər göndərilməməlidir.

Mövzu sərbəstdir. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərlər seçiləcək. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.

Seçim zamanı müdaxiləsiz işlərə üstünlük veriləcək. Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.

Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək: 11 yaşa qədər, 11-16 və 16-21 yaşarası.

Birinci turdan keçmiş əsərlər sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə gətirilməlidir.

Əgər müsabiqənin münsiflərinin seçimlərindən narazı qalanlar olarsa (müəllim, valideyn və şagird) onlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. e-mail ünvanına müraciət edə bilər və təyin olunmuş bir vaxtda münsif üzvünün nəzarəti ilə rəsm çəkməklə özünü təsdiq edə bilər.

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət olunacaq. Festival iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Əminik ki, bütün istedadlı uşaqlar öz şanslarını sınayacaqlar.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi "Səhnədən səngərə: Qazilər" layihəsinin sonuncu (on birinci) buraxılışını təqdim edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu dəfəki buraxılış  qazi Ələmdar Quliyevə həsr olunub. 

Şərəfli ömür yolu səhnədən səngərə uzanan qəhrəmanlarımızdan biri də xanəndə Ələmdardır. Qardaşları ilə birgə Vətən müharibəsinə könüllü yollanan qazimiz sağlamlığını doğma torpaq uğrunda fəda etsə də, azad Azərbaycanın aydın səmasına qürurla baxdığını deyir.

Bu gün sevimli peşəsinə, övladlarına möhkəm sarılan Ələmdar Quliyevin arzusu işğaldan azad olunmuş bütün tarixi ərazilərimizi şəhər-şəhər, kənd-kənd gəzib, Qarabağ şikəstəsini səsləndirməkdir.

 

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfərə yola düşür.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, səfər çərçivəsində Türkiyənin Bursa şəhərində 30-31 mart tarixdə keçiriləcək Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRSKOY) növbəti iclasında iştirak, həmçinin bir sıra rəsmi görüşlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.