Super User

Super User

Пятница, 22 Апрель 2022 09:25

Xalq artisti Nəsibə Zeynalovanın xatirəsi yad edilib

 

21 aprel milli teatr və kino sənətimizin unudulmaz siması, zəngin mədəniyyət salnaməmizdə silinməz izi olan böyük sənətkar, Xalq artisti Nəsibə Zeynalovanın doğum günü idi. Bu münasibətlə Mədəniyyət Nazirliyinin əməkdaşları və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi  sənətkarın Fəxri xiyabandakı məzarını ziyarət ediblər. Mərhum sənətkarın xatirəsi ehtiramla anılıb, məzarı üstünə güllər düzülüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görkəmli  aktrisanın həyat yoluna nəzər salan Akademik Musiqili Teatrın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev unudulmaz aktrisa ilə bağlı xatirələrini danışıb və vaxtı ilə Nəsibə xanımın möhür vurduğu tamaşaların yeni quruluşda səhnəyə hazırlanmasından söhbət açıb:

​ “Azərbaycan teatrında elə unudulmaz sənətkarlar var ki, illər, qərinələr keçsə belə, heç vaxt unudulmayacaq. Onlardan biri də Nəsibə xanım Zeynalovadır. Bu gün Nəsibə Zeynalovanın anadan olmasının 106-cı ildönümü tamam olur. Sevilən gülüş ustasının oynadığı tamaşalar, çəkildiyi filmlər hər zaman xatirimizdədir. Bu gün Nəsibə xanımın məzarını ziyarətə gələn aktyorlarımızın bəziləri onunla eyni səhnəni bölüşüblər, bəzilərinə isə bu xoşbəxtlik nəsib olmayıb. Mən özümü xoşbəxt sənət adamı hesab edirəm ki, elə korifey sənətkarla ünsiyyətim olub. Nəsibə xanımın oynadığı bəzi tamaşalar hələ də  teatrımızın repertuarındadır...

Bu yaxınlarda “Qaynana” tamaşasının məşqlərinə başlayacağıq. Sevimli Qaynananı Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda səhnədə yenidən görəcəyik.  

Sözlərimi həm məsuliyyətlə, həm həyacanla qeyd edirəm ki, bu tamaşaya Nəsibə xanımdan sonra müraciət  olunmayıb.

Daha bir tamaşa da hazırlanır, teatrsevərlər “Hicran” musiqili komediyasını yenidən səhnədə görəcəklər. Onun quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimovdur. Nəsibə xanıma  həsr olunan bu tamaşalar bizim teatrda öz layiqli yerini qoruyacaq. O, ümumxalq məhəbbətini və rəğbətini qazanmış fitri istedada malik böyük sənətkar idi… Onun haqqında danışmaqla bitməz... Allah rəhmət eləsin. Ruhu şad olsun”.

 

Bakı şəhərinin Nərimanov rayonundakı 45 saylı tam orta məktəbdə Vətən qəhrəmanlarının xatirəsi hər zaman hörmətlə yad edilir. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ötən gün məktəbin 6 d sinif şagirdləri “Aprel döyüşləri: zəfərə  gedən yol” ədəbi-musiqili kompozisiyasını təqdim ediblər.

 

Məktəblilər Vətən torpağının azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlıq yolundan, onların döyüşlərdə göstərdiyi şücaətdən və şəxsi həyatlarından bəhs edən musiqili səhnəciklərlə öz istedadlarını nümayiş etdiriblər. Onların səhnəcklərində Dədə Qorqud, Molla Pənah Vaqif, Azərbaycan torpağının qəhrəmanları bir arada olub. Dədə Qorqud obrazını Nadir  Tanrıverdiyev, Molla Pənah obrazını Davud Rzayev yaradıb. Məktəbin səhnəsindən böyüklərə və balacalara örnək olan öyüdlər, alqışlar səslənib.  6 d sinfinin qızlarının rəqsi isə (yeri gəlmişkən, bu rəqslərdə hətta yüksək peşəkarlıq notları da duyulurdu) əsil Zəfər notlarına köklənmişdi.

Məmmədəli Həsənov Vətən müharibəsi şəhidi, Salyanda doğulub boya-başa çatan Sultan İbarhimovun obrazını təqdim edib. Hikmət Sultanlı və Nuray Axundova Aprel döyüşlərində şəhid olan polkovnik Sənan Axundovun döyüşə yola düşmə məqamını səhnələşdiriblər. Mehriban Mirmövsümovanın ifasında səslənən “Xarı bülbül” və Zəfər nəğmələri də tədbirə tamaşa edən hər bir kəsin  ruhunu oxşayıb: balaca fidanların hazırladıqları “Aprel döyüşləri: zəfərə  gedən yol” ədəbi-musiqili kompozisiyasının tamaşaçıları həm məktəbin müəllim və şagird kollektivi, şəhid Sultan İbrahimovun valideynləri Malik və İlhamə İbrahimovalar, həm də aprel və Vətən müharibəsi döyüşlərinin iştirakçısı,  “Azərbaycan bayrağı” ordenli kəşfiyyat idarə rəisi polkovnik-leytenant Etibar Camalov, Nərimanov rayonu Gənclər və İdman idarəsinin rəisi  Nəcəf Nəcəfov, yazıçı Varis və araşdırmaçı jurnalist Aida Eyvazlı idilər. 

Tədbirdə iştirak edən şəhid Sultan İbarhimovun valideynləri Vətən qəhrəmanlarını unutmadıqları, onların xatirəsini əbədiləşdirdikləri üçün 45 saylı məktəbin şagirdlərinə və müəllimlərinə ürək sözlərini söyləyiblər. Tədbirdə iştirak edən qonaqlar da məktəbin direktoru Nəcibə Axundovaya və müəllim heyətinə məktəbdə yaratdıqları gözəl mühit və ab-havaya, təhsil şəraitinə, savadlı uşaqlar yetişdirdiklərinə görə minnətdarlıqlarını bildiriblər. 

Yazıçı Varis “Qırmızı ləçəklər”, jurnalist Aida Eyvazlı isə “Qalibiyyət: şəhidlər və şahidlər” kitablarını məktəbə hədiyyə ediblər. Nərimanov rayonu Gənclər və İdman idarəsinin rəisi Nəcəf Nəcəfov isə şəhid Sultan İbrahimlinin idmançı olmasını nəzərə alaraq bu ilin may ayında onun adına xatirə turniri təşkil ediləcəyi vədini verib.

Tədbirin sonunda məktəbin direktoru Nəcibə Axundova “Şahinlər” hərbi vətənpərvərlik oyununda 3-cü yeri qazanan məktəb şagirdlərini təbrik edib, onlara sertifikat və medallar təqdim edilib. Daha sonra Nəcibə Axundova rəhbəri olduğu məktəbdə hökm sürən hərbi vətənpərvərlik ruhundan, təhsildə qazanılan uğurlardan, eləcə də Aprel döyüşlərindən -  Zəfərə qədər yol gələn qəhrəmanlarımızdan, Ali Baş Komandan İlam Əliyevin şəhid və qazi ailələrinə göstərdiyi qayğıdan danışıb.

Tədbir xatirə şəkillərinin çəkilməsi ilə sonuclanıb.

Bu cür tədbirlər məktəblilərdə əsl Vətən sevgisi oyadır. Yetər ki, mütəmadi olaraq ölkəmizin bütün məktəblərində belə tədbirlərin keçirilməsi bir ənənə şəklini alsın.

 

 

 

 

Rusiya Ukrayna müharibəsində Rusiyanın işğalçı simasını açıb göstərməyə əksər ziyalılarımızın cəsarəti çatmır. Kreml xofu öz sözünü deyir. Amma bu arada Xalq yazıçısı Afaq Məsud Haqqın tərəfində duraraq mediada öz ürək sözlərini paylaşıb. “Ədəbiyyat və incəsənət” portalı həmin yazını diqqətinizə çatdırır. 

 

Sənə necə qıydılar?.. Uca, saf göylərini, bəmbəyaz buludlarını, buğda ətirli, bərəkətli torpaqlarını nədən bu hala saldılar?.. İndi buludların Sənə göz yaşı axıtmaqda, Qəlbinə sancılan mərmilərin od-alovunu duman örtüyünə bürüyüb, yağışları, çiskini ilə söndürməyə çalışmaqda, canını uğrunda fəda edən igid oğullarının, mərd qızlarının, günahsız körpələrinin qanı ilə suvarılan torpaqların adını bəşər tarixinin Əbədiyyət Zirvəsinə yazmaqdadır...

İndi o buludlarla bir, mərdliyin və yenilməzliyinlə qəflət yuxusundan oyandırıb ayıltdığın İnsanlıq da göz yaşı axıtmaqda, Sənin ağrı-acının, yaralarının sızıltısıyla sızıldamaqdadır... Bu sızıltı - min illərin sinir ağrısı, axan yaşlar - əsrlərin göz yaşıdır... İnsan dəyərləri və ruhsallığının tarix boyu güc və zor qarşısında təsliminə axıdılan ağrı yaşlarıdır. Bu, səbirli, Ulu Tarix Yaddaşının Xocalıya, Ağdabana, Van, Xatın, Srebrenitsa, Holokost soyqırımlarına axıtdığı qan yaşlarıdır...

Özünü qoru, igid Ukraynam! Doğma torpaqların, azadlığın uğrunda qalxdığın bu savaş, savaşların ən müqəddəsi - insan zülmü və zorakılığına açılan Haqq Savaşıdır! Bu, buludla mərminin, göz yaşıyla yumruğun döyüşü - Yer üzünün düzənini, İnsanlığın mənzərəsini dəyişməyə başlamış, taleyüklü Səmavi Qarşıdurma, İnsan və İnsanlıq naminə müqəddəs ölüm-dirim Savaşıdır.

Ruhdan düşmə, cəsur Qardaşım! Dünya - Sənin mərd oğullarına, həyatlarını mərmi zərbələri altında itirən körpələrinə, lal xarabalıqlara çevrilmiş susqun şəhərlərinə axıdılan bu göz yaşı çayında durulmaqda, pisliklərdən, çirkab və saxtalıqlardan yuyulub-təmizlənməkdədir... 

Qəm yemə, əziz Bacım... bil ki, axşamlar - qürub çağının səssiz ala-toranlıqlarında küskün ruhlarıyla Kiyev küçələrində dolaşan dahi oğullarının - Qoqolun, Bulqakovun, Dovjenkonun, vətənpərvər şair qızın Lesya Ukrainkanın qəhər dolu lal iniltilərini Səninlə bir biz də eşidirik... Böyük şairin Taras Şevçenkonun usanmaz oğul sevgisi ilə yazdığı sətirlərin ağrısını Səninlə bir yaşayır, yenilməz mərdliyin, şücaətinlə qürur duyuruq...

 

Bir gün ölüm gəlib qapımı döysə,

Doğma Ukraynamda basdırın məni.

Bu göz işlədikcə uzanıb gedən

Çöllərin qoynunda qazın qəbrimi.

 

Uyuyum torpaqda, laylamı çalsın

Qosqoca, möhtəşəm Dnepr çayı.

Çatsın qulağıma coşub-çağlayan,

Doğma dalğaların dəli harayı.

 

Gün gələr, yurdumdan yağı qanını

Bu çayın suları yuyub aparar.

Bax onda qalxaram mən məzarımdan,

Bax onda ruhum da təskinlik tapar.

Четверг, 21 Апрель 2022 14:30

Günün fotosu: Pentaqon Ukraynaya daha çox silah verəcək

Günün fotosu: Pentaqon Ukraynaya daha çox silah verəcək

 

ABŞ-ın müdafiə sənayesi Ukraynanı daha çox silahla, artilleriya qurğuları və qırıcı təyyarələrlə təmin etmək barədə qərar verib.

 

Foto: Euronews

Четверг, 21 Апрель 2022 14:00

Qurbağaya şiddət və Salahlıdakı eşşək

 

“Ədəbiyyat və incəsənət” portalı Şəmsi Qocanın “Qurbağanın qohumları” yazısını təqdim edir. Düşünürük ki, müəllif çox aktual, reytinqgətirici bir məsələni işıqlandırıb. 

 

 Dünən sosial şəbəkələr yenə də "partlayırdı". Çox "mühüm" bir hadisə baş vermişdi. Ağdam rayonundakı 71 nömrəli məktəbin direktoru Ülviyyə xanım biologiya dərsində qurbağa üzərində təcrübə aparmışdı və həmin dərsi də çəkib feysbuk səhifəsində yerləşdirmişdi. Dərhal da millət hərəkətə keçmiş, qurbağaya şiddətə görə Ülviyyə müəllimi tənqid atəşinə tutmuşdular. Ətraflarında insanlara şiddəti görməyənlər, görüb cınqırını çıxarmayanlar birdən-birə qurbağa haqları üzrə müdafiçilərə çevrilmişdilər. Bir sözlə, qurbağanın qohum-əqrəbası tapılmışdı.

Sözümü burada yarımçıq qoyub sovetlər dönəmində geniş yayılmış bir lətifəni xatırlamaq istəyirəm. 

70-ci illərdə Qazax rayonuna  yeni katib təyin olunur. Bir gün katib kəndləri gəzməyə çıxır. Yuxarı Salahlıdan keçəndə  görür ki, bir kişi eşşəyi minib gedir. Sürücüyə maşını saxlamağı əmr edir. Sürücü çox deyir ki, bu salahlılara ilişmə, peşiman olarsan, katib inadından dönmür. Maşından düşüb kişinin üstünə şığıyır:- Ağsaqqal kişisən, utanmırsan, heyvana bu yayın günündə zülm edirsən?- deyə çəmkirir. 

Gözünə döndüyüm salahlılı eşşəkdən düşüb arxasına bir təpik vurub deyir:- Yeri, yeri, ay qohum ağravalı baxtavar,  təzə katiblə də qohum çıxdın, daha sənə batmaq olmaz!

Hə, indi gələk əsas mətləbə. Birincisi. Ülviyyə müəlliməyə haqq olur. Ona görə ki, sənə deyən gərəkdir ki, dərsini keçmisən, əcəb eləmisən, onu sosial şəbəkədə paylaşmaqla nə qazanırsan? Təhsilin başbilənlərinin küyünə gedib feysbuk direktoru olmağın bədəli belə olacaqdır. Bilmirsən ki, indi qurbağanın da qohum əqrəbası var? 

İkincisi, Ülviyyə müəlliməni tənqid edənlərin məktəbdən, məktəb laboratoriyasından xəbəri yoxdur. Onlar haradan bilsinlər ki, məktəbin biologiya labororiyasında təcrübə qurbağaları var və onlar məhz bu məqsədlə verilir. 

Burda da yadıma Cəfər Cabbarlının bir şeiri düşür:

 

Hacı, qlasnı, kəndxuda

Qapıb külüngünü gəlir, 

uçuq komanın üstünə.

 

Heç kimə gücü çatmayanlar, məktəbdə gedən proseslərdən xəbəri olmayanlar külüngünü götürüb düşür məktəbin, müəllimin üstünə. 

Düşün. Çox yaxın zamanda bunun acısını çəkəcəksiniz. İyrəndirin müəllimi öz peşəsindən. Qurbağayla qohumluğunuzun bədəlini mütləq alacaqsınız. 

 Bunu 2 ay bundan əvvəl yazsaydım məni tərəfkeşlikdə ittiham edə bilərdiniz. İndi nə direktoram, nə də müəllim. Amma həqiqəti bilirəm və deyirəm.:

O müəllimənin üstünə getməyin. Sizin qohumunuz da, əziziniz də özünü balalarınız üçün həsr edən odur, qurbağa yox. Onun qohumu olun, qurbağanın yox!

P.S. İndi həmin məktəbin səhifəsinə baxdım. Dərsin videosu yığışdırılıb. Bilmirəm, Ülviyyə müəllimə canının dərdindən belə edib, yoxsa "yuxarılar"dan tapşırıq gəlib? Hər iki halda bu, qaragüruh qarşısında əyilməkdir.

 

Kann Film Festivalı bu il 75 illiyini qeyd edir. Festival mayın 17-də açılacaq. Və dünyanın ən böyük film festivalı builki afişasını təqdim edib.

 

Bu afişa 1998-ci ildə Cim Kerrinin baş rolda oynadığı avstraliyalı Piter Veirin məşhur “Truman Şousu” filmindən rəmzi səhnəni əks etdirir. Afişada səmaya doğru ucalan pilləkənlər əks olunub.

Bildirilib ki, festivala seçilmiş, müasir dünya kinosunun gözəlliyini və zənginliyini nümayiş etdirən 23 filmdən 11-nin rejissoru qadındır.

Mayın 28-dək davam edəcək Kann Film Festivalının münsiflər heyəti yaxın günlərdə açıqlanacaq.

 

Bu il “Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycanın çıxışı üzərində işləyəcək quruluşçu rejissorun adı açıqlanıb. AzərTAC xəbər verir ki, bu, yüksək keyfiyyətli, baxımlı və yadda qalan performansları ilə Avropada və dünyada məşhur olan danimarkalı Mads Enqqaarddır.

 

Mads Enqqaard “Avroviziya" aləmində istedadlı, kreativ və hər zaman yeni ideyaları ilə seçilən səhnə mütəxəssisi kimi tanınır. O, 2004-cü ildən bəri Avroviziya müsabiqəsində iştirak edən ölkələrin nümayəndə heyətləri ilə əməkdaşlıq edir. Danimarkanın 2004, 2010, 2018, 2019-cu illərdəki Avroviziya səhnə performansları ona məxsusdur.

Azərbaycan təmsilçisi ilə Mads artıq 3-cü dəfədir əməkdaşlıq edəcək: Çingiz Mustafayevin “Truth”, Samirə Əfəndinin “Cleopatra” və “Mata Hari” mahnılarının izləyicilər tərəfindən böyük maraq və sevgi ilə qarşılanmış səhnələrinə məhz Mads Enqqaard rejissorluq edib.

Avroviziyadan əlavə o, X-Factor və Danish Melody Grand Prix kimi möhtəşəm şoularda da quruluşçu rejissor kimi çalışır.

Azərbaycanı təmsil edəcək Nadir Rüstəmli Madriddə keçirilən Pre-Party-dən dərhal sonra quruluşçu rejissor ilə səhnə hazırlıqlarına başlayıb.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutacaq.

Azərbaycanı bu müsabiqədə təmsil edəcək Nadir Rüstəmli "Fade To Black" mahnısı ilə çıxış edəcək.

 

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı görkəmli şair – dramaturq Hidayətin “Burdan min atlı keçdi” əsərinin premyerasını S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində təqdim edib.

 

AzərTAC xəbər verir ki, teatrın 140-cı mövsümündə ərsəyə gəlmiş bu tamaşa ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib.

Tamaşada, tarixən Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın taleyindən, Qarabağ hadisələrinin yenicə başladığı dövrdə ermənilərin xalqımıza qarşı törətdiyi etnik təmizləmə siyasətindən, möhtərəm Prezidentimizin əzmi nəticəsində həmin siyasəti iflasa uğradan zəfər Qələbəsinə gedən yolun prioritetlərindən bəhs edilir. Əsrlərlə Qərbi Azərbaycanda bədxahlarımızın mənfur əməllərinə sinə gərən seçilmiş şəxsiyyətlərin gərgin mübarizəsi, o cümlədən Ümummilli Liderimizin yorulmaz və dönməz fəaliyyəti işıqlandırılır. Ulu öndər Heydər Əliyevin bədii obrazının simasında o böyük şəxsiyyətin milli məfkurəsi, vətən, torpaq və xalq sevgisi, dövlətçilik prinsipləri təcəssüm etdirilir.

Alqışlarla qarşılanan tamaşada İrəvan Teatrının yaradıcı kollektivinin hər biri oynadıqları obrazın yüksək peşəkarlıqla təqdimatına nail ola bilib. Respublikanın Əməkdar mədəniyyət işçisi İftixar Piriyev Heydər Əliyevin obrazını ustalıqla canlandırıb. Aktyorun ifasında Ümummilli Liderimizin yerişi, duruşu, maneraları, səs tembri, səlis danışığı, inandırıcı mimikası, jestləri, sözlərin ifadə olunmasında ən incə xırdalıqlar dəqiq və Heydər Əliyevə xas ştrixlərlə təqdim olunduğu üçün tamaşaçının diqqətini cəlb edib.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmovun əsərin ideya məzmununa xidmət edən rejissor yozumu və quruluşçu rəssam Vahid Mürsəliyevin səhnə tərtibatı maraqla qarşılanıb.

Tamaşanın sonunda müəllif, görkəmli şair - dramaturq Hidayət kollektivi təbrik edib, tamaşa haqqında fikirlərini bölüşərək razı qaldığını bildirib.

 

UNESCO-nun Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fondu (IFCD) növbəti layihə müraciətlərinin qəbulu ilə bağlı məlumat yaymışdır. Məlumatda Fondun 16 mart-15 iyun 2022-ci il tarixlərində dövlət və qeyri-hökumət təşkilatlarından (QHT) layihə müraciətlərini qəbul edəcəyi qeyd edilir.

 

Təqdim ediləcək bütün layihələr aşağıdakı istiqamətləri əks etdirməlidir:

* - Mədəni məhsulların və xidmətlərin müxtəlifliyinin yaradılması, istehsalı, paylanması və əldə edilməsinə təsir göstərən siyasət və strategiyaların hazırlanması və ya tətbiqi;

* - 2005-ci il Konvensiyasının üzv ölkələrində yerli və regional mədəni sənaye sahələrini və bazarları dəstəkləmək üçün dövlət sektorunda və vətəndaş cəmiyyəti təşkilatlarında bacarıqların gücləndirilməsi.

Qalib seçilmiş layihələrə 100.000 ABŞ dollarına qədər maliyyə dəstəyi veriləcəkdir.

Sayca 13-cü olan layihə qəbulu çağırışına son müraciət tarixi 15 iyun 2022-ci ildir.

Fonda layihələrin təkmil formada təqdim edilməsi üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO-nun Katibliyi xüsusi onlayn təlim təşkil edəcəkdir.

* Təlimin vaxtı: 28 aprel 2022-ci il, saat 15:00-18:00

* Təlimin formatı: “online” (Microsoft Teams vasitəsilə)

* Təlimin dili: ingilis

Təlimdə iştiraka dair müraciət etmək üçün aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçməyiniz xahiş olunur:

https://docs.google.com/forms/d/1XP3nxTwAQb2UrAkyZTDxO1tPvY0VPPQ8ZsaRARdZpFs/edit

Son iştirakçı siyahısı UNESCO Katibliyi ilə razılaşdırıldıqdan sonra təsdiqlənəckdir.

Son müraciət tarixi: 21 aprel 2022-ci il, saat 12:00.

 

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu qaydaları təsdiqlənib.

 

Bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Qaydalara əsasən, həmin məktəb və mərkəzlərə müəllimlərin işə qəbulu müsabiqə vasitəsilə həyata keçirilir.

Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.

Müsabiqə ildə bir dəfə təşkil olunur.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.