Super User
Akademik Milli Dram Teatrında mövsümün ən möhtəşəm tamaşası hazırlanır
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər yolu” tamaşası hazırlanır.
Teatrın mətbuat xidmətindən AzərTAC-a bildirilib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə ərməğan olan yeni tamaşanın premyerasının mayın 28-də Respublika Günündə təqdim olunması planlaşdırılır.
Yeni yaradıcılıq işində Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, Mətanət Atakişiyeva, Mirzə Ağabəyli, Elnar Qarayev, Anar Heybətov, Ayşad Məmmədov, Mətləb Abdullayev, Elşən Rüstəmov, Rəşad Bəxtiyarov, aktyorlar Elçin Əfəndi, Xədicə Novruzlu, Rada Nəsibova, İlahə Həsənova, İlyas Əhmədov, Afət Məmmədova, Aylin Həşimova, Elsevər Rəhimov, Corc Qafarov, Tural İbrahimov, Ramin Şıxəliyev, Elnur Qədirov, Cümşüd Zeynalov, Cavidan Novruz və Vüsal Mustafayev çıxış edirlər.
Qeyd edək ki, tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərov, rejissor assistenti Nərmin Həsənovadır.
Erməni cinayətlərinin mühakiməsinə dair elektron kitab dərc olunub
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Avropaya İnteqrasiya Mərkəzi tərəfindən həyata keçirilən erməni cinayətlərinin beynəlxalq və milli mühakiməsi ilə bağlı elektron maarifləndirmə və təbliğat işlərinin aparılmasına dair layihənin icrası başa çatıb. Bu barədə Avropaya İnteqrasiya Mərkəzinin mətbuat xidməti “Ədəbiyyat və incəsənət” portalına məlumat verib.
Layihə çərçivəsində “Erməni cinayətləri beynəlxalq və milli məhkəmələr kontekstində (2020-ci il müharibəsindən sonrakı mühakimə məsələləri) adlı elektron kitab dərc edilib.
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidovun müəllifi oldugu elektron kitabda erməni cinayətlərinin beynəlxalq və milli məhkəmələrdə mühakimə imkanları, habelə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü, soyqırımı, müharibə və insanlıq əleyhinə cinayətlərlə mübarizə, hüquqi məsuliyyət məsələləri nəzəri və normativ aspektdən təhlil edilərək araşdırılıb. Həmçinin, vəsaitdə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın diskriminasiya və etnik təmizləmə siyasəti ilə bağlı hüquqazidd hərəkətləri, ad hoc və hibrid məhkəmə təcrübəsinin erməni cinayətlərinin mühakiməsi üzrə tətbiqi və digər beynəlxalq və milli məhkəmə instansiyalarında mühakimə məsələləri də öz əksini tapıb.
Erməni cinayətlərinin beynəlxalq və milli mühakimə məsələləri ilə bağlı elektron maarifləndirməyə xidmət edən və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabın elektron versiyasını http://aggression.az saytının “E-kitablar” bölməsindən əldə etmək olar.
Azərbaycana ermənilərlə vuruşmaq üçün gəlib şəhid olmuş 20 yaşlı qazax gəncinin doğmaları 28 ildən sonra tapıldı
“Ədəbiyyat və incəsənət” portalı tanınmış jurnalist Aida Eyvazlının olduqca təsirli bir yazısını oxuculara təqdim edir. Söhbət Azərbaycana gəlib erməni qəsbkarları ilə vuruşan və şəhid olan qazax gənci Erbol Barımbetovun acı taleyindən gedir. Oxuyun və düşünün. Görün hansı daşın dibində hansı səhvlərimiz gizlənib qalıb.
Yenə yuxudan hövlanak ayıldı Elxan Şıxəliyev. 1994-cü ildən bu yana, təkcə Elxan Şıxəliyev deyil, onunla birlikdə eyni taborda Vətən uğrunda, Qarabağ uğrunda döyüşüb sağ qalan dostlarının hamısı həmin yuxuları görürdülər. Onların yuxularına gəlirdi Erbol. Gördüyü yuxuda 20 yaşlı Erbol ondan ata-anasını, qardaşlarını soruşurdu. Deyirdi ki, bəs niyə gəlmirlər? Nə zaman gələcəklər?
Və onda bir də baxırdı ki, Erbol yenə incik şəkildə üzünü çevirib buludlara qovuşub yox oldu...
776-cı kəşfiyyat taborunun döyüşçüləri 1994-cü ildəki Vətən müharibəsindən sağ çıxsalar da, onlarla eyni səngərdə döyüşüb şəhid olan dostlarını heç vaxt unutmurdular. O rəşadətli əsgərlərin hamısı Şəhidlər Xiyabanında dəfn olunmuşdu. Onların arasında indi tez-tez məzarını ziyarət etdikləri 20 yaşlı Erbol Turexan oğlu Barımbetov da var idi. 1974-cü ilin 1 iyulunda Qazaxstanın Cambul Vilayətində doğulmuşdu Erbol. Azərbaycanın torpaqlarını ermənilər işğal etməyə başlayanda Erbol Barımbetov məktəbi əla qiymətlərlə təzəcə bitirmişdi. Öz biliyi və savadı ilə məktəbdə seçilən şagirdlərdən idi. Tarix və ədəbiyyat üzrə fənn olimpiadalarında, güləş yarışlarında da qalib gəlirdi. Lakin 1992-ci ildə Karaqanda Dövlət Universitetinin tarix fakultəsinə sənədlərini versə də, istənilən balı toplaya bilməmişdi.
1992-ci ilin payızında yenicə müstəqillik qazanan Qazaxıstanın hərbi sıralarında xidmətə çağırılmışdı. 6 ay müddətində Kapçekay hərbi desant bazasında hərbi xidmət keçmişdi. Lakin günlərin bir günü hərbi hissə komndanlığından Erbol Barımbetov Turexanoviçin hərbi hissəni özbaşına tərk etməsi barədə xəbər verilmişdi. O gün -bu gün Erbolu axtarmağa başlayan atası Turexan oğlunun harada olması barədə heç yerdən xəbər öyrənə bilməmişdi. Onu artıq Qazaxıstanda itkin kimi qeydiyyata almışdılar.
***
Erbol “itkim düşəndən” bir qədər sonra - 1993-cü il may ayının 7-də evlərinə telefon açaraq özündən kiçik qardaşı Nurbol ilə danışır və deyir ki, anama de ki, narahat olmasın. Mən Azərbaycanda Xanlar rayonundayam. Ayağımdan yaralanmışam. Bir–iki günə hospitaldan çıxacam. Hər şey yaxşıdır. Tezliklə görüşəcəyik.
Və bir də elə həmin ilin iyun ayının əvvəllərində qardaşına telefon açaraq onu məktəbi bitirməyi münasibəti ilə təbrik edir, yenə onu ümidləndirir ki, məndən narahat olmayın.
O gündən sonra, ailə oğlundan bir xəbər eşitmir...
Bəs Erbol Barınbetov Azərbaycana necə gəlib çıxmışdı? Bu sualların cavabını dünən II Şəhidlər Xiyabanında Erbol Barınbetovun məzarı başına toplaşan dostları cavablandırdılar.
Azərbaycan torpaqlarının azadlığı uğrunda canından və qanından keçmiş Erbol Barınbetovun ziyarətinə gələn döyüş dostları 776 saylı əlahiddə taborun komandir müavini Saleh Əliyev, qərərgah rəisi Yaşar Nəsibov, Tərtərin hərbi prokuroru vəzifəsində çalışmış Yusif Ağayev, mayor İsgəndər Ağayev, Mürvət Əliyev, kapitan Rövşən Babayev, bölük komandiri komandiri kapitan Elxan Şıxəliyev, Mehman Əliyev, Teymur İsmayılov, Elçin Məmmədov, Fərzəli Pəsərək, Rəşid Əliyev onu belə xarakterizə etdilər:
Saleh Əliyev:
- Erbol bizim tabora 1994-cü il fevral ayının 13-də qəbul olunmuşdu. Bilirdik ki, könüllü Azərbaycan Silahlı Qüvvələrinin Ordu sıralarına yazılıb. Bu alçaq boylu, dolubədənli 19 yaşlı qazax oğlu ilk gündən biz hərbçilərin diqqətini cəlb etdi. Verilən tapşırıqları çox cəld və çevikliklə yerinə yetirirdi. Dövlət əhəmiyyətli əməliyyatlarda, düşmən arxasında apardığımız kəşfiyyatlarda xüsusi peşəkarlıq nümayiş etdirirdi. Bizim ədalətli mübarizəmizə əsil türk oğlu, qazax balası kimi cani dildən qoşulmuşdu. Bizə qədər isə onu 472 saylı kəşfiyyat taboruna xidmətə götürmüşdülər. Onun haqqında verilən xasiyyətnamədə yazılmışdı ki, 8 dəfə ən çətin döyüş tapşırıqlarını yerinə yetirib. Kəlbəcərdə, Qazaxda, Murovdağ istiqamətində düşmən arxasına keçərək 8 dəfə onlara güclü həmlələr etmiş və apardığı əməliyyatlar sayəsində düşmən ordusunun böyük itkilər verməsinə nail olmuşdu. Həmin tabor ləğv edildikdən sonra, onu bizim tabora göndərmişdilər. Elə taborda xidmətə gəldiyi gündən Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Eldar Ağayev (şəhiddir) onu qrup komandiri vəzifəsinə təyin etmişdi. Kəşfiyyata gedənlərin qrup rəhbəri idi. Ən çətin əməliyyatlar da ona etibar edilirdi. Tərtər rayonunun qorunmasında xüsusi xidmət göstərmişdi. Onun vaideynlərini, doğmalarını düz 28 ildir ki, axtarırdıq. Qazaxıstanın Müdafiə Nazirliyinə, Azərbaycandakı səfirliyinə dəfələrlə müraciət etmişdik. Belə başa düşürəm ki, onun qohumlarının gec tapılmasında həm də sənədlərdə yazılan adlarda “hərif” problemi var idi. Lakin sonralar biz dövlət arxivindən onun sənədlərini əldə edə bildik. Və yalnız bundan sonra axtarış sürətləndi. Nəhayət ki, bu gün onun xalası oğlu Ermek və qardaşı Nurbol gəlib şəhidimizi II Fəxri Şəhidlər Xiyabanında tapdılar.
Mehman Məmmədov:
-Erbol bizim kəşfiyyat qrupunun komandiri idi. Aprelin 20-dən 21-nə keçən gecə bizim son döyüşümüz oldu. Doqquz nəfərdən ibarət olan kəşfiyyat qrupu düşmənin arxa tərəfinə keçmək haqqında tapşırıq almışdıq. Biz ermənilərin Tərtər ərazisinə hücum planını pozmalı və onların nə qədər qüvvəyə malik olmaları haqqında məlumatlar toplamlı idik. Ermənilər bizim səngərlərimizi ələ keçirmişdi. Postlarımızı geri almaq üçün əvvəlcə düşmənin minomyot batareyasını zərərsizləşdirməli idik. Baxdıq ki, 50-60 nəfərdən ibarət düşmən bizə tərəf xeyli irəliləyib. Hava artıq qaralmağa başlamışdı. Erbol Berinbetovun əmrinə əsasən PK, RPK kimi silahlardan atəş açdıq və xeyli sayda erməni qüvvəsini məhv etdik. Tez bir zamanda ermənilərdən postlarımızı geri götürdük. Onların birinci taborunun həmləsini dəf etdik. Ətraf erməni meyitləri ilə dolu idi. Düşmənin başı meyitlərini daşımağa qarışanda biz onların arxasına keçdik. Yenə bərabər olmayan döyüşdə düşmənə xeyli itki verdirdik.Geriyə qayıdarkən artıq gecədən xeyli keçmişdi, qaranlıq idi. Öz postumuza yaxınlaşırdıq. Bir qrup erməni kəşfiyyatı arxa tərəfimizə keçib, geriyə qayıdan qrupumuzu mühasirəyə saldı və minomyotlarla bizi atəşə tutdular. Bizim kəşfiyyat qrupu Tərtər və Ağdərə arasında beləcə pusquya düşdü. Mən dörd güllə yarası aldım... Tez-tez huşum gedib –gəlirdi... Ayılanda özümü hospitalda gördüm. Sonradan bildim ki, həmin əməliyyata gedən 9 nəfərdən sağ qalan təkcə mənəm. Erbol Turexan oğlu Berinbetov, Vüqar Eldar oğlu Səfərov, Nail Aslan oğlu Məmmədov, Fuad Məhərrəm oğlu Nəsirov, Seyfəddin Ağasəf oğlu Yunusov, Rüstəm Qənimət oğlu Qasımov, Zaur Misir oğlu Nağıyev, Xeyrəddin Ələddin oğlu Əliyev uğurlu bir kəşfiyyat əməliyyatını yerinə yetirib şəhid oldular...
Teymur İsmayılov:
- Onunla bir yerdə qulluq etmişik. Ən ağır döyüşlərə yollanmışdıq. Çox vətənpərvər oğlan idi. Savadlı idi. Elə bil ki, burada doğulmuşdu. Döyüş məharəti böyük, özü isə aramızda ən kiçiyimiz idi. O tarixi gözəl bilirdi. Biz ondan Azərbaycana döyüşməyə gəlməyinin səbəbini soruşanda deyirdi ki, mən babalarımın qisasını alıram. 1939-cu ildən sonra Qazaxıstanın rəhbəri olan Mirzoyan ən savadlı qazax oğlanlarının kökünü kəsib. Bizim nəsillərimizi, şəcərələrimizi məhv edib. Hər erməni öldükcə, həm də babalarımın qisasını alıram.
Elxan Həsənov:
-İllər keçib, lakin biz 776-cı taborun kəşfiyyat qrupunun döyüşçüləri Erbolu bir gün də unutmamışıq. Nə zaman Şəhidlər Xiyabanına gəliriksə, onun məzarına baş çəkir, həmrəylik şəkli çəkdiririk. Erbol azərbaycanlı kəşfiyyatçılar içərisində, xüsusi təyinatlıları arasında əfsanəvi bir döyüşçü idi. 1994-cü ildə bizim gözümüzün qabağında gedən döyüşlərdə düşmən arxasına sızaraq döyüşün müqəddəratını həll edən döyüşçülərdən biri olub, düşmənə zərbələr endirib, böyük itkilər verdirib. Kəşfiyyatçılar arasında döyüş salnaməsinə adını böyük hərflərlə yazıb, özünəməxsus iz buraxıb. Düz 28 ildir ki, onun doğmalarını axtarırdıq. Bilirdik ki, valideynləri onun taleyindən xəbərsizdirlər. Artıq qardaşının Qazaxıstandan gətirdiyi ana vətəninin torpağı da onun ruhunu şad edəcək.
Elxan Şıxəliyev, 776- cı kəşfiyyat taborunun bölük komandiri:
- Erbol öz yaşına görə böyük qəhrəman idi. Onun qəhrəmanlığından hər gün yazmaq, danışmaq, onu dünyaya tanıtmaq bizim borcumuzdur. Həmin döyüşlərdən sağ çıxanlarımızın hər biri Erbolun valideynlərinin axtarılmasında əmək sərf etmişik. Çünki, ona bir vədimiz, borcumuz var idi. Belə qəhrəmanlar hər zaman yetişmir. Mən onunla dəfələrlə kəşfiyyata getmişdim. Bir dəfə isə 10 gün mühasirədə qalmışdıq. Ac və suzsuz günlərimizdə bir-birimizə arxa olduq. Onun meşə ərazisində hərəkət etmək qabiliyyəti bizi mühasirədən xilas edə bildi. 1994-cü ilin martında yenə bir qrup kəşfiyyatçımız ilə pusquya düşmüşdü. Həmin qrupu da xilas edəndə ayağından yaralanmışdı. Onu döyüş bölgəsindən təxliyə edərək hospitala göndərdik. Lakin sağalan kimi yenidən döyüşə, bizim xüsusi təyinatlı taborumuza qayıtdı. İndi ürəyimiz də, vciadanımız da rahatdır. Çünki doğmaları qazax elinin qəhrəman türk oğlunun yerini, məzarını gəlib tapdılar.
***
Erbolun qardaşı Nurbol Barınbetov qardaşının baş daşına söykənib qucaqlasa da , əvvəlcə burada yatan qəhrəmanın qardaşı olduğuna inanmamışdı. Yalnız 20 nəfərdən çox döyüş yoldaşlarının məzara yaxınlaşdığını görəndə hönkür-hönkür ağlamağa başladı. Onların hər birini qucaqlayıb, başını onların çiyninə qoyub susurdu. Sanki qardaşının 28 il əvvəlki ətrini onlardan almaq istəyirdi. İllərin həsrətini, acısını göz yaşları ilə ovutmaq istəyirdi...
Sonra şəhidin məzarı üstündə Quran oxundu. Erbol Cambul vilayətinin Turar Rıskulov rayonunun Canaturmıs kəndində dəfn edilən ata-anasının məzarından gətirdiyi torpağı qardaşının məzarı üstünə səpdi. Əlləri ilə qardaşının daş divardan boylanan şəklini tumarladı... Baxdı-baxdı... Yəqin ki, özündən böyük qardaşına deyirdi ki, Erbol, anamız Satkul sənin yolunu gözləyə-gözləyə oğul həsrəti ilə 2012-ci ildə dünyadan köçdü... Atamız Turexan da dünyaya gözlərini yumanda yenə səni arzuladı... Son vəsiyyəti belə oldu: harada olsa da oğlum Erbolun sağ və ya ölü xəbərini öyrənin, bu itkini qiyamətə saxlamayın...
Bir də ki, Erbol qardaşının yuxularına gələndə öz üzünü göstərmirdi. Lakin yuxularda qardaşına deyirdi ki, mən rahat yerdəyəm. Ancaq ki, gəlin, sizi gözləyirəm. Niyə gəlmirsiniz... Yerim çox gözəldir...
Daha sonra qardaşı Erbolun da məzarından torpaq götürüb əlindəki torbaya yığdı. Bu torpağı isə Canaturmıs kəndinin qəbristanlığında uyuyan ata-anasının məzarına səpəcək...
Bu yazıda ən təsirli notlara keçid alıram. Erbola hələ də şəhid statusu verilməyib. Bu ədalətsizlik, haqsılıq haradan qaynaqlanıb, bilən yoxdur. Məgər biz xalq olaraq o qədər laqeydikmi ki, rahat həyatını atıb gəlib bizim üçün canını qurban verən bir əcnəbinin haqqını quruca bir adla qaytara bilmirik?
Qazax xalqının qəhrəman oğlu Erbol Barinbetovun döyüş yoldaşları Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevə müraciət edərək Azərbaycan torpaqlarının azadlığı uğrunda düşmənlə qorxmadan döyüşə girən, dövlət üçün xüsusi əhəmiyyəti olan saysız-hesabsız uğurlu əməliyyatlarda iştirak edən, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından və qanından keçən 20 yaşlı qəhrəman qazax oğlunun adının şəhid kimi əbədiləşdirilməsi və özünə layiq fəxri adla mükafatlandırılması üçün müraciət ünvanlayıblar. Hamımız inanırıq ki, tez bir zamanda bu müraciət öz ünvanını tapacaq.
Yazıçı Rövşən Yerfini sıxan nədir?
Yazıçı Rövşən Yerfinin “Məhbəs” adlı yeni kitabı “Mücrü” nəşriyyatında işıq üzü görüb. Amma yazıçı buna sevinmək istədiyi halda qayğılar əsla macal vermir. Nə qayğılarıdır bunlar? “Ədəbiyyat və incəsənət” portalı yazıçının sosial şəbəkədə açıqladığı gileyini sizə çatdırır.
“Dostlar, “Məhbəs” adlı yeni kitabım çap olundu. Fikirləşirdim ki, Təqdimat adı ilə çoxdan görüşmədiyim sizləri görüm və mənimlə birlikdə çap xərci çəkən yoldaşlar üçün bir az kitab satılsın. Lakin görürəm ki, heç yerdə bir saatlıq havayı yer vermirlər. Bu səbəbdən təqdimat fikrindən daşınıram.
Mən ömrüm boyu ədəbiyyatdan maddi xeyir güdməmişəm və bu kitabı da artıq pul qazanmağa görə çıxarmamışam. Əsl oxucu üçün, ədəbiyyat üçün çapına çalışmışam.
Və əminəm ki, əsl oxucular təqdimatsız da onu gec, ya tez alıb oxuyacaqlar. Qaldı görüşüb şəkil çəkdirmək, gələn ay nəzərdə tutulan kitab sərgisində İMZA SAATI elan edib görüşərik.
312 səhifəlik kitab 10 manata baha deyil, almaq istəyənlər Bookzone, Kitabıstan, Libraf mağazalarından soruşa bilərlər”.
Birinci Daşkənd Beynəlxalq Animasiya Forumunda Azərbaycan filmləri də göstərilib
Ötən gün Özbəkistanda keçirilən birinci Daşkənd Beynəlxalq Animasiya Forumu çərçivəsində Azərbaycanın animasiya filmləri də nümayiş etdirilib. “Ədəbiyyat və incəsənət” portalı bu barədə AzərTAC-a istinadla məlumat verir.
Forumda Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan, İsrail, Ukrayna və Rusiyanın aparıcı animasiya mütəxəssisləri, rəssam-multiplikatorlar iştirak edir.
Azərbaycanı bu festivalda ANİMAFİLM Beynəlxalq Animasiya festivalının direktoru Rəşid Ağamalıyev və ölkəmizdə tanınmış animasiya filmləri müəllifi və rejissoru Elçin Hami Axundov təmsil edir.
Filmlər göstərilməzdən əvvəl Rəşid Ağamalıyev bildirib ki, “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama milli animasiya filmləri daxildir.
Bu proqrama bundan əvvəl Polşa, Yunanıstan və Gürcüstanda keçirilən beynəlxalq animasiya festivallarında iştirak etmişik.
Elçin Hami Axundov deyib ki, “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama “Cırtdan”, “Tıq-Tıq xanım”, “Cırtdan-pəhləvan”, “Anam ağaca çıxıb”, “İthaf” və digər filmlər daxil olunub.
Festival çərçivəsində müxtəlif müsabiqələr, ustad dərsləri, mühazirələr, yaradıcılıq görüşləri keçirilir.
Animasiya Forumu bu gün başa çatacaq.
Rəsm qalereyası: Nəvai Mətin, “Trabzonun Ayder yaylası”
“Sara odu qoruyur” (Cavid Zeynallı) - SW ekspertlərinin seçimi
Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi budur, başa çatdı.
Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalda hazırda ekspertlərin 30 finalçını müəyyənləşdirmək mərhələsidir.
Əsas favoritlərin adlarını da məlumdur: Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Cavid Zeynallı, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Orxan Həsəni, Aypara Ayxan, Ələsgər Əhməd, Ümid Nəccari, Murad Muradov, Rəvan Cavid, Nigar Arif, Ruslan Dost Əli, Faiq Hüseynbəyli və digərləri...
“Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.
Cavid Zeynallı
1986-cı ildə Cəlilabad şəhərində anadan olub. Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili alıb. Hazırda Azərbaycan Dillər Universitetinin doktorantıdır.
Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc ədiblər məktəbi”nin məzunudur.
Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı gənc yazıçısı” mükafatını qazanıb. Azərbaycan Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü, gənc ədib kimi Prezident təqaüdçüsüdür. “Günəşi gözləyənlər”, “Leyla”və“Şükriyyə” kitablarının müəllifidir. “Coğrafya öğretmeninin ceketi” hekayələr kitabı Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədə çap olunub. Əsərləri rus, ingilis, alman, gürcü və türk dillərinə tərcümə olunub. “Ölüməgedən” pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqənin qalibi olub.
Cavidin nəsri axıcı və rəvandır, dilimizin gözəllikəri burada qeyri xəsisliklə ortaya qoyulur, quru və sxematik bir şeylərə rast gəlinməz. Obrazlar canlı, dialoqlar təbiidir. Qalır, sadəcə oxuyub mətləbdən agah olasan. Cavidin mətləbi isə oxucunu çox maraqlandırır, intizarda saxlaya bilir.
Sara odu qoruyur
Bu hadisə başlayıb keçən ilin sentyabr axşamçağısından. Payız yağışları düşər-düşməz, nar ağacdan dərilər-dərilməzdən. Həmin gün Mərdəkan bazarındakı salxaq piştaxtalardan, rəngbərəng tərəzilərdən tutmuş, sarı limonlara, yaşıl-yaşıl bibərlərəcən hər şey nar qırmızısı rəngində yerə-göyə, adamlara-ağaclara gülümsəyirdi. Hələ sırtıq bazar pişiyinin gözlərinə, yağışa düşən sərçələrin islaq qanadlarına da qırmızılıq qarışmışdı. Payız axşamçağıları kədərli olur axı, hava tutqun, hava boz-bulanıq, hardansa bir dəli darıxmaq, hardansa bir qəribçilik çökür adamın sinəsinə. O qədər qəribçilik ki, nar satan arvad - o cadugər simalı arvad da pulun artığını qaytaranda məhrəmcəsinə:- Onun birini də ver, xala çəksin, - deyir. Gözlərinin öləziyən işığını tütün közərtisinə qarışdıranda ikimiz də gülürük.
- Dənizin uğultusunu eşidirsən? – O iştahası vəhşi arvadın tüstünü sinəyə çəkməsini kaş siz də görərdiniz, - Elə bil, kimsə sancı çəkir. Hansısa bədbaxt zarıyıb-zarıyıb doğub-törəyəcək. Yetimin biri də kəm olmayacaq, ey-y.
- Hər kimdirsə, dünyaya xoş gəlib.
- Əşşi, deyirsən də. Yeddisini elə mən doğmuşam. Dördü qırxı çıxmamış ölüb.
Mən diksinirəm. Və nə yaxşı anam zəng edir. Yoxsa itlərin yalavac dolaşdığı o tör-töküntülü bazarda arvad mənim falıma da baxacaqdı. Mərdəkanın axırıncı işıqforunu keçib şəhərə aparan prospektə çıxanda anamın telefondakı səsi əvvəl zəif-zəif qulağımda eşidildi, sonra artıb-çoxalıb beynimda uğuldadı.
- Evə bir az tez gəl, səni görmək istəyirəm.
Mən qapıdan girəndə bu zabitəli qadın yenə həkim hikkəsi (həm də zəhləm gedən həkim hikkəsi) ilə kiminsə başına ağıl qoyurdu. Ki, Allahın payıdır, saxla, böyüyüb sənə gözünün yağını yedirəcək.
- Sən ağlına gələni danışma, ha... Allah uşağın ruzisini də göndərir.
Abort etdirmək istəyən qadına belə-belə qədim həqiqətlər öyrətməyi, ilahi nəsihətlər verməyi anama Tibb İnstitutundakı Allaha şəkk aparan müəllimləri öyrətməyiblər. Bizim doktor xanım nənəsindən eşitdiklərini müəllimlərindən öyrəndiklərindən əskik bilmir. Bir həkim kəmşirinliyi, bir də o zəhləm gedən hikkəsi olmasa, anam qiymətsiz adamdır.
- Zəhmətkeş, mərhəmətli, vicdanlı olsanız, təkcə özünüzün yox, doğula bilməyən uşaqların, xəstələrin, şikəstlərin də əvəzinə xoşbəxt həyat yaşayacaqsınız. Siz yaxşı oxuyub onların arzularını ucaltmalısınız. Mən sizin sabahınızı aydın, gələcəyinizi işıqlı görmək istəyirəm, əziz balalarım.
90-ların acı günlərində məktəbimizdəki valideyn iclasları anamın bu sarı simə toxunan çıxışı ilə bitərdi. İndi o günləri xatırlayanda sinif yoldaşlarımı bir-bir gözümün qabağına gətirirəm. Və Nigarın, Orxanın, Məhəmmədin, elə Saranın özünün də gözündə işarıb-öləziyən müəmmanı, qorxulu sualı yadıma salıb gülümsəyirəm: “Sən belə ana ilə necə yaşayırsan? O hər gün səni döyür, hə?”. Sonra təkcə Nigarın, Orxanın, Məhəmmədin, elə Saranın özünün də anasının qarnı böyüyüb onlara qardaş-bacı sevinci gətirəndə evdə bizim doktor haqqında eşitdikləri ipisti alqışları çinədanlarına yığıb məktəbdə mənə danışardılar. Həm də gözlərində işarıb-öləziyən o müəmmanı, qorxulu sualı unudub danışardılar. Kasıbın alqışını qazanmağa nə var: cibində gözün olmasın, bir az da məhrəmlik göstər.
- Sizin sinifdəki Sara var idi e...
- Var idi.
- Dünən yanıma gəlmişdi.
- İndi Sara ilə danışırdın?!
- Hə. Onun başına niyə ağıl qoymursunuz?!
- Başa düşmədim?!
- Bir uşağı var. Üç yaşında. İndi ikinciyə hamilədir. Utanmır, gəlib yanıma ki, bunu götüzdürmək istəyirəm.
- Başa düşmədim, mən Saranın qayınanasına oxşayıram?!
(Anamın mənə tərs baxmağı. Yəni, it oğlu, sənə birini nə ilişdirərəm!)
- Sinif yoldaşlarınızla əvvəllər daha yaxın idiniz. Get-gedə soyuyursunuz. Bir-birinizə istiliyiniz qalmayıb.
- Məişət sıxıntıları, ana, məişət sıxıntıları... Qayğılar adamları bir-birinə ögeyləşdirir.
- Boş-boş danışma. Hərənizin otuz yaşınız var, indidən həyat qayğılarından dəm vurursunuz.
- Qayğı elə otuzdan sonra başlayır də. Ev, dolanışıq, əyin-baş, qohum-qonşu...
- Çünki kiçik şeylərə sevinib xoşbəxt ola bilmirsiniz. İraq olsun, elə bil beş ildən sonra öləcəksiniz. Evi, maşını, yaxşı maaşı beş ilin içində qazanmaq olmur, oğlum. Qazansan da, həyatın mənası qalmayacaq. Hər şeyin oldu, bəs sonra? Adam var, qışda qəpik yığıb yayda oğluna velosiped alır, qızına don tikdirir. İnsan səhərin açılmasından, ayın doğmasından da xoşbəxt olmalıdır.
- Doktor, insan o dediyin səhərin açılmasından ayın doğmağına qədər mağara qanunlarına tabe olmağa məcburdursa, hər gün çərləyirsə, qorxusundan ölüb-dirilirsə, necə xoşbəxt olsun? Məni danışdırma. O nardan dənələ, mən də əlimi yuyum, gəlirəm.
- Hə, bax, adam var, oğluna nar dənələyib bundan xoşbəxtlik tapır.
- Gözəl anam, işıqlı anam...
Onu özümə sıxıb öpürəm. Nə qəribədir, nə qəribə. 2003-ün elə bu vaxtlarında, elə payız axşamçağısında Saranı da özümə sıxıb öpəndə canıma eynən bu ətir yayılmışdı. Bu nə idi belə, İlahi? Gətirin gözünüzün qabağına: məktəbimizin arxasındakı çinarın başında oturan sağsağan haray salıb. Qar-qar, qarrr... Havada sazaq. Hardasa uzaqlarda xoruz banlayır. Quqqulu-quu... Yırtıq futbol topunu uşaqlar atıb gediblər, uzaqdan baxanda əlacsız adamın başına oxşayır: bir üzü ağ, biri qara. Təkcə Saranın ətrini, isti dodaqlarının tamını yox, o yırtıq topu götürüb çinarın başına atanda sağsağan qanadından qopan səsi də unutmamışam. Bir də pəncərədən bizi görüb tez də çəkilib gedən oğlanın qaraltısını yaddaşımdan silməmişəm. Bir il sonra məktəbi bitirdik. Sonra aradan məni Saradan incik salan çox sular axdı.
- Saradan danışanda niyə üz-gözünü turşudursan?
- Dəsmal hardadır? Hamama dəsmal da qoymursan.
- Yuyub qapının başından asmışam, götür.
- Səhərin açılmasından lazım deyil, hamamda dəsmal görsəm, belə xırda şeydən də xoşbəxt olaram.
İkimiz də gülürük.
- Onsuz da bilirəm ki, Saranı hələ də yadından çıxara bilmirsən.
Hə, anam düz deyirdi.
- İntəhası, dədənə oxşamısan. Dəvə kimi kinlisən.
Hə, anam bunu da düz deyirdi.
- Saranı əri atıb gedib.
- ...
- Eşidirsənməni?!
- Hə...
- Deyirəm, əri onu atıb gedib Dərbəndə.
- Hmm...
- Sara yaxşı qızdır. Uşağı götürtdürməkdə axmaqlıq edir. Gəlib gözünün yaşını tökür ki, istəmirdim, birdən ilişdim. Amma yalan deyir. Üzündə iki adamın işığı vari di.
- Sən bu kitab cümlələrini özün fikirləşirsən? Üzündə iki adamın işığı var idi, e-ey...
- İndi hamiləliyi öyrənməküçün min dənə üsul var. O vaxt nənəm adamı görən kimi deyərdi ki, filankəsin qızı hamilədir, üzündə iki adamın işığı var.
- Onda niyə əziyyət çəkib beş il oxuyurdun? Elə nənəndən öyrəndiyin işıqla yola verərdin də.
- Yaxşı, bəsdi. Telefonda danladım onu. Deyəsən, məndən incidi. Sabah zəng elə, bir az söhbət edin, fikri dağılsın.
Vurmağına Saraya zəng vurdum, ancaq təkcə telefonda söhbət etmədik, həm də görüşüb axmaqcasına bir-birimizi günahkar çıxardıq.
* * *
Əynində sarımtıl palto, üzündə limon turşluğu. Sara Nizami metrosunun qabağında yağışa düşən bir topa adamın içindən çıxıb üzü mənə tərəf gəlirdi. Yox, Sara gəlmirdi, Sara uçurdu. Məktəbdə də eynən belə idi: çəlimsiz canımı qoymağa yer tapmayıb darvazanın ağzında vurnuxanda, bir də gördün özünü yetirdi: ağacların, maşınların üstündən bir cüt əl, bir cüt ayaq, havada oynayan uzun-uzun saçlar mənə can atırdı. Amma o vaxtlar üzündə limon turşluğu görməzdin, onda daşa-divara da gülümsəyərdi Sara. Bir də anam düz deyirdi. Saranın qayğılı üzündəki iki adamın işığını mən də gördüm. Pəncərəsi Füzuli heykəlinə açılan restoranda acı lahmacun yeyib, köpüklü ayran içəndə də Saranı güldürə bilmədim. Məktəbimizin həyətindəki qızılgül kolları ilə danışan bağban Nüsrətin Qərənfil müəlliməyə vurulmağını danışdım, yenə eyni açılmadı. Açılmadı ey, açılmadı. Metrodan çıxıb mənə sarı uçmaq nə idi, bu qaşqabaq, məni günahkar çıxarmaq hikkəsinə? Görünür, Saranın dərdini başa düşmək üçün mən də hamilə qalmalı idim. Üstəlik, məni də ərim atıb getməli idi. O məktəb pəncərəsindən bizi görən oğlan...
Hamilə qaldığını nədən bilmişdi, Sara?! Vəhşi iştahasından.
- Uşaq kimi hər şeyi nəfsim çəkir. Üça damın payını yeyirəm, gözüm doymur.
Düz deyirdi, mən acı lahmacunun ikisini yeyəndə, Sara köpüklü ayranla dördünü içəri ötürmüşdü. Və hiss etmişdim, gözü hələ də qonşu masaların üstündə gəzişir.
...Qəsəbədəki avtobus dayanacağına yaxın aptekdən hamiləlik testi almağına peşman olmuşdu Sara. Əlləri əsib, dizlərinin taqəti çəkilmişdi. Hələ nə yaxşı, hamamın sürüşkən döşəməsinə ağzı üstə düşməmişdi. Həmin tutqun çərşənbəni günuzunu yatmışdı. Yatmışdı deyəndə, yerin içində ilansayaq qıvrılmışdı. Amma o qorxunun, o nigaranlığın içindən gün işığı kimi istilik boy verib Saranın saçından dırnağınacan yayılmışdı. Yayılmışdı və o istiliyin boy verdiyi yerə sığal çəkib boğazına tıxanan qəhərdən hönkürmüşdü Sara. Sonra yollanmışdı bağçaya. Evə çatana qədər oğlunu öpüb-oxşamaqdan doyardımı?! Doymazdı! Əzizləmişdi Muradı, boyun-boğazından gələn qoxunu vəhşi iştaha ilə içinə çəkmişdi. Həmin günün səhəri utana-utana gəlmişdi anamın yanına. Və deyəsən, anamın nəsihətləri işə yaramışdı, axı... Sara Bakıxanov qəsəbəsindəki xəstəxanadan Neftçilər metrosunacan olan uzun yolu pay-piyada gəlmişdi. Yolboyu da fikrində dağı arana daşıyıb yenə içindəki qorxuya əsir olmuşdu. Ki, min qayğının, min azarın içində onu necə doğacaq, onu necə böyüdəcək, Allah?! Amma içindəki istilik o tükənməz nigarançılığa üstün gəlmişdi. Evə çatıb oğlunun xırdaca əllərinə, işıqlı gözlərinə baxıb-baxıb doymamışdı. Günlər həftələri, həftələr ayları qabaqlayıb vaxt yetişəndə içindəki istilik əlli-ayaqlı adam olacaqdı. Məsələn, Məryəm çağıracaqdı onu, məsələn, Toğrul çağıracaqdı.
* * *
Sonra biz Sara ilə tez-tez görüşməyə başladıq. Mənqəzəbimi, o hikkəsini uddu. Ona gözümün qarasına, sümüyümün iliyinəcən bağlanmışdım. Niyə gülürsünüz, vallah, hə, ona gözümün qarasına, sümüyümün iliyinəcən bağlanmışdım. Bir-birini qovub ömrümüzü üzü qışa səmt edən darıxdırıcı günlərə rəng qatmaq üçün Saranı haralara aparmazdım: velosiped sürməyə, at çapmağa, balıq tutmağa gedərdik. Bir dəfə Qaradağın ləpədöyənindəki mağaraya sığındıq. Tanımırsınızsa, nişan verərəm. Mən dənizə tilov atıb balıq tutur, Sara odu qoruyurdu. Dekabr soyuğundan kükrəyən dəniz vəhşi uğultu ilə bizə sarı dartınırdı. Bizə sarı yox, qızınmaq üçün Saranın qoruduğu oda sarı. Sonra mən balıqları təmizləyir, o bişirirdi. Hamıdan, hər şeydən uzaq özümüzü xoşbəxt, məsud hiss edirdik. Bilmək istəyirsiniz ki, biz sevişirdik, ya yox? Nəyinizə lazımdır, ay adamlar?! Sara qayaların arasından üzü mağaraya sürünən kərtənkələdən qorxub-hürkməsəydi, hələ ora çox gedəcəkdik. Bəs sonra nə oldu? Sonra əri qayıtdı. Tale bizi yenə bir-birimizdən uzaq saldı.
* * *
- Bağışladım onu. Uşağımın atasıdır e, başa düşürsən? Bu gizli görüşlər bizim ikimizi də bədbəxt edəcək. O da uşağın olmağını istəmir. Deyir, çətinliyimiz çoxdur, bir-iki il də keçsin, fikirləşərik. Sonra da dedi, doğarsan, satarıq. Gör nə qədər qayğıdan xilas olarıq. Məni özünə sıxdı, ikimiz də güldük. Zarafat edirdi də. İndi mənə başqa cür bağlanıb, e. Sonra dedi, doğarsan, dostuma verərəm. On ildir həsrətindədir. Bunu deyəndə... ürəyim titrədi.
* * *
Və yanvar şaxtası. Bir də Saranın mənə rahatlıq verməyən yoxluğu. Yolları, ağacları qar tutub. Uzanıb gedən ağappaq damlar xırda təpələr kimi bir-birinin çiynindən boylanıb sıralanırlar. Bakı içində qadın həsrəti daşıyan mən biçimdə iradəsiz adama özü boyda əzab heykəli idi o günlər. Axı, Sara düz deyirdi: gizli görüşlər bizi bədbəxt edəcəkdi. Onda nədir bu yazıq duruşu? Nədir, bu məzlum siması? Hə, mən Saranı sevmişdim. Amma... amma o vaxtdan gör neçə il keçib?! On beş. On beş ildə sevgi nədir, məktəbin arxasındakı ağacda qarıldayan sağsağan da çoxdan ölüb. Onda mən niyə Neftçilər metrosundan üzüaşağı uzanan parkdakı zeytun ağacının altında siqaret sümürürəm? Niyə o binanın qartutan soyuq simasından, o pəncərədə gəzişən kölgədən gözümü çəkə bilmirəm?!
Şaxta sınan günlərdə yolum yenə Mərdəkan bazarından düşmüşdü. Gözüm nar satan arvadı axtarırdı. İstəyirdim, onunla yenə siqaret tüstülədim. Dedilər, ölüb. Beşcə gün əvvəl qalıb maşının altında. Qanı çilənib qarın üstünə. Görəsən, sırtıq bazar pişiyinin gözlərinə, rənbərəng tərəzilərə, sarı-sarı limonlara da qan qırmızısı çökmüşdümü?! Görəsən, nar qırmızısı gözəldir, qan qırmızısı?!
* * *
- Saranın əri qayıdıb.
- Gözüm aydın!
- Bu nə danışıqdır?
- Ana, sənin işin-gücün yoxdur?! Ay ana, ay ana... deyirəm, sənin işin-gücün yoxdur?
- Ayıb olsun! Bunun qışqırmağına bax! Evdə siqaret çəkməyi də yığışdır!
- Hər gün mənim yanımda niyə ondan danışırsan?
- Sara yaxşı deyil.
- Nolub ona? Nolub?
- Uşağı...
- Hə, uşağı nə?
- Uşaq ana bətnində şikəstdir. Dedim, saxlama, götürək, sənə dərd olmasın. Saldı tərsliyinə. Şikəst uşaq böyütmək... bilirsən... ağlamıram, yox... ağlamıram. Sənə noldu? Eşidirsən? Bəlkə sən onu yola gətirəsən?
* * *
Bu hadisə başlayıb keçən ilin sentyabr axşamçağısından, bitib bu ilin fevral səhərində. Kürəyimə cavan gəlinlərin pıçhapıçı dəyir. Həm də güllə kimi. Bu birinci mərtəbə, bu üç, bu yeddi... Sara sərçələrə dən verirdi. Sərçələr uçub getdilər. Uçub getdilər sərçələr. Sara əlində buğda, dayanıb qarşımda. Qış yerə-göyə, yola-rizə düşməmişdi. Qış Saranın gözlərinin ağına-qarasına düşmüşdü. Qış Saranın darmadağın saçlarına, hüznlü simasına düşmüşdü. Sara naşı əlində yonulan eybəcər heykələ oxşayırdı.
- Məni dilə tutmağa gəlibsən, hə?
- Hə...
- Onun da əlləri isti, gözləri işıqlı olacaq, vallah.
Mənə bir qucaqlıq yox, beş qucaqlıq sığındı Sara. Mən də ona bir adamın, beş adamın yox, on beş adamın uzanan qolları idim.
Görəsən, mağaraya sığınanda dəniz niyə o vəhşi səslə bizə sarı dartınırdı?! Qızınmaq üçünmü, Saranın qoruduğu odu söndürmək üçünmü?!
Özbək dilinə tərcümə edilmiş “Kitabi-Dədə Qorqud” dastanının təqdimatı olub
Bakıda Beynəlxalq Muğam Mərkəzində özbək dilinə tərcümə edilmiş “Kitabi-Dədə Qorqud” dastanının təqdimat mərasimi keçirilib.Tədbirdə bir sıra dövlət nümayəndələri, millət vəkilləri, elm və mədəniyyət xadimləri, iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nəşr Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə layihəsi ilə hazırlanıb. Kitabi-Dədə Qorqud dastanının on iki boyunu Özbək dilinə tanınmış özbək tərcüməçi Babaxan Şərif çevirmişdir.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev “Kitabi-Dədə Qorqud” dastanında türk xalqlarının tarixi coğrafiyasının əhəmiyyətindən danışaraq deyib: “Mədəniyyət sözlə başlayır, söz cümlə, cümlə isə kitab olur. Böyük xalqlar bu kitabı dastana çevirir və “Kitabi-Dədə Qorqud” dastanı böyük türk toplumunu özündə ehtiva edir".
E.Əliyev Ulu öndər Heydər Əliyevin xidmətləri nəticəsində Kitabi-Dədə Qorqudun təbliği istiqamətində xeyli işlərin görüldüyünü, ilk dəfə olaraq Dədə Qorqud filminin çəkildiyini qeyd edib.
Mərasimdə çıxış edənlər dastanın özbək dilində nəşrinin Azərbaycan və Özbəkistan xalqlarının dostluğuna faydalı töhfə verəcəyini vurğulayıblar.
Professor İsa Həbibbəyli türk dünyasının böyük ədəbi nümunəsi olan “Kitabi-Dədə Qorqud”un özbək dilinə tərcümə olunmasını mədəni hadisə adlandıraraq deyib: “Dastana dünyada böyük maraq yaranıb. Dünya dastanlarını və “Kitabi-Dədə Qorqud” dastanını tərəzinin gözünə qoysaq, ikincisi ağır gələr”.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan şifahi xalq ədəbiyyatının şedevri olan Kitabi-Dədə Qorqudun mədəniyyətimiz, adət-ənənələrimiz, dilimiz, dinimiz, habelə keçmişimiz, Azərbaycan toponimləri haqqında müfəssəl məlumat verən mənbə və milli kimlik kitabı kimi səciyyələndirib. S.Abbasov ulu öndər Heydər Əliyev tərəfindən Kitabi-Dədə Qorqudun tədqiqi və tanıdılması istiqamətində aparılan işlər və ilk dəfə olaraq beynəlxalq səviyyədə dastanın 1300 illik yubileyinin keçirilməsi barədə sərəncamı xüsusivurğulayıb. Diplomat nəşrin özbək dilinə tərcüməsinin onun qardaş ölkədə daha çox yayılması və tədqiqinə imkan yaradacağını söyləyib.
Özbəkistanın Azərbaycandakı Səfiri Baxrom Əşrəfxanov iki ölkə arasında inkişaf edən əlaqələr, Azərbaycan mədəniyyətinə Özbəkistanda daim böyük maraq olduğunu vurğulayıb. Səfir Azərbaycan və Türk xalqlarının böyük dəyərlərə malik olduğunu söyləyərək, nəşrin Özbək oxucuları, ədəbiyyatsevərlər üçün əhəmiyyətini xüsusi qeyd edib.
Digər çıxışçılar akademik Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin müşaviri, alim Sayman Aruz, ədəbiyyatşünas alim Kərimulla Məmmədzadə, özbək tərcüməçi Babaxan Şərif, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Macid Azərbaycan və Türk xalqlarının sahib olduqları ortaq mədəni dəyərlər, Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələr, həyata keçirilən birgə layihələr barədə danışaraq, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin son illərdə çoxsaylı Azərbaycan klassiklərinin əsərlərini Özbək dilinə tərcüməsi layihələrini yüksək qiymətləndiriblər.
Sonda tədbir bədii proqramla davam edib, Azərbaycan muğam ifaçıları milli musiqimizi ifa ediblər.
Tədbirdə Bakıda keçirilən Beynəlxalq Muğam Festivalının qalibləri Abgül Mirzəliyev və başqa ifaçılar çıxış ediblər.
Sabah Abşeronda böyük kitab bayramı başlayacaq
23-24 aprel tarixlərində Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı Şəmil Sadiqin ideya müəllifi olduğu “Oxu Günü-8” sərgi-festivalı keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festivalın təşkilatçıları Abşeron Rayon İcra Hakimiyyəti, “Hədəf Nəşrləri”, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyidir.
Festival Azərbaycan Respublikası Təhsil nazirinin 4 mart 2019-cu il tarixli qərarına əsasən hər il aprelin 23-də “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla keçirilir.
“Gəlin birgə oxuyaq!” şüarı ilə keçirilən sərgi-festivalda otuza yaxın nəşriyyat, ondan çox kitab mağazası, yazıçılar, şairlər, ziyalılar, incəsənət nümayəndələri, uşaq inkişaf mərkəzləri iştirak edəcək.
Tədbirin proqramı aşağıdakı kimidir:
- “Gəlin birgə oxuyaq” fləşmobuna qatılıb minlərlə oxucu ilə eyni anda kütləvi mütaliə həyəcanı yaşamaq;
- sosial şəbəkə hesablarında oxuduqları kitabla birlikdə şəkillərini #gelinbirgeoxuyaq haştaqı ilə paylaşaraq “Oxu Günü”nün mütaliə ulduzları siyahısına düşmək;
- “Gəlin birgə oxuyaq” şüarı ilə əllərində kitabla çağırış edərək video çəkib sosial şəbəkə hesablarında paylaşmaq;
- tanınmış yazıçılar, elm adamları, ictimaiyyət nümayəndələri ilə görüş;
- oxuduğu kitabı özü ilə gətirib, imzalayıb seçdiyiniz iştirakçıya hədiyyə etmək;
- məxsusi qurulmuş səhnədə iştirakçılara öz istedadını nümayiş etdirmək;
- “face-art” vasitəsilə məşhur yazıçıların simasına bürünmək;
- seçilmiş kitabları alaraq rəssamdan öz karikaturanı əldə etmək;
- balaca oxucuların hədəf atışı edərək kitab hədiyyə qazanması;
- balaca oxucular üçün mütaliə və nağıl saatları;
- şahmat həvəskarlarının oyunda qalib gələrək kitab hədiyyəsi alması;
- “Kitabı ağaca çevirək!” stendindən “Özün al, özün ödə” formatında kitab alıb texnobağın salınmasına dəstək vermək;
- rəsmilərin uşaqlara kitab oxuma saatları;
- kukla teatr tamaşalarının qonağı olmaq;
- tanınmış əsərlərdəki monoloqlardan teatral parçalar səsləndirmək;
- “Sürətli oxu” yarışında iştirak edib kitab qazanmaq kimi maraqlı və əyləncəli aksiyalara şahid olmaq.
Xatırladaq ki, “Oxu Günü” aksiyası 2015-ci ildən etibarən mütəmadi təşkil olunur. 2020-2021-ci illərdə isə pandemiya səbəbi ilə onlayn formada həyata keçirilib.
Builki sərgi iki gün müddətində saat 10:00-dan 20:00-dək davam edəcək.
Qeyd edək ki, sərgi-festivalın baş sponsoru “Hedef Group”dur.
Tədbirin informasiya dəstəkçiləri AzTV, “525-ci qəzet”, “Senet.az” və “Azedu.az” saytları, eləcə də “Ustad” dərgisidir.
“Şuşa – Azərbaycan mədəniyyətinin paytaxtı” kataloqunun təqdimat keçirilib
Dövlət başçısının sərəncamı ilə ölkəmizdə elan edilən “Şuşa İli” münasibətilə 270 yaşlı şəhərimizin tarixi-mədəni zənginliklərinin öyrənilməsi və təbliği məqsədilə müxtəlif layihələr həyata keçirilir. Azərbaycan Milli İncəsənət Muzeyində təqdimatı reallaşan “Şuşa – Azərbaycan mədəniyyətinin paytaxtı” kataloqu da belə layihələrdəndir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, təqdimat mərasimində çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Şuşa şəhərində yerləşən və dövlət qeydiyyatına alınmış tarix-memarlıq abidələrindən təfsilatlı bəhs edən kataloqun çap olunmasını Dövlət Xidmətinin “Şuşa İli”nə töhfə olduğunu vurğuladı: “Azərbaycan və ingilis dillərində nəşr olunan kataloqda Şuşa şəhərində yerləşən tarix-mədəniyyət abidlərinin işğaldan əvvəl və sonrakı görüntüləri, arxiv sənədləri, onların cizgiləri, abidələr haqqında müfəssəl məlumatlar öz əksini tapıb. Eyni zamanda abidələrin yerləşdiyi məkanlar müvafiq xəritə üzərində də qeyd olunub. Ümumiyyətlə, kataloqda Şuşa şəhərində erməni işğalının nəticələrini tam əks etdirməyə çalışmışıq”.
Dövlət Xidməti tərəfindən ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrinin qorunması, bərpa-konservasiyası, pasportlaşdırılması, eləcə də mühafizə zonalarının hazırlanması istiqamətində atılan addımlar barədə danışan Azad Cəfərli bu işlər həyata keçirilərkən qabaqcıl təcrübənin öyrənilməsinə önəm verildiyini bildirdi. Dedi ki, “Şuşa İli” çərçivəsində çoxsaylı tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bununla bağlı artıq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tədbirlər planı da təsdiq edilib. İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən mədəniyyət paytaxtımız Şuşa şəhərində də Dövlət Xidməti tərəfindən öz fəaliyyət istiqamətinə uyğun olaraq işlər həyata keçirilib və bu gün də davam etdirilir. Şuşa şəhərində aparılan tarix-mədəniyyət abidələrinin monitorinqi tam yekunlaşdırılıb. Şəhərdə yerləşən abidələrin elektron xəritəsi tərtib edilib. Şuşada aparılan monitorinq çərçivəsində 45 tarixi abidənin üzərinə məlumat lövhələri quraşdırılıb. Bundan əlavə, Şuşa şəhərində abidələrin “bərpa təlimatı” hazırlanıb.
Azad Cəfərli çıxışının sonunda “Şuşa – Azərbaycan mədəniyyətinin paytaxtı” kataloqun ərsəyə gəlməsində yaxından göstərdikləri dəstəyə görə Bakı Beynəlxalq Multikulturalizim Mərkəzinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkürünü bildirib.
Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, azad olunan ərazilərdə geniş bərpa-quruculuq işləri həyata keçirilir. Ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhəri bərpa-quruculuq işlərinin mərkəzində dayanır. Ötən dövr ərzində infrastruktur layihələri ilə bərabər tarix-mədəniyyət abidələrinin bərpası işlərinə də xüsusi diqqət yetirilib. Bu sahədə həyata keçirilən işlər uğurla davam etdirilir və bu kataloq da məhz bu tədbirlər çərçivəsində hazırlanıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov kataloqda əks olunan faktlara diqqət çəkib. Qeyd edib ki, bu faktlar tarix-mədəniyyət abidələrimizə Ermənistanın işğalı nəticəsində dəymiş ziyanın hesablanması, nəticələrinin təhlil edilməsi, gələcək bərpa prosesinin düzgün istiqamətdə aparılması, eləcə də mədəni irsimizin məruz qaldığı dağıntı, vandalizm və mənimsəmə faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında tutarlı sənəd qismində çıxış edəcək.
Qeyd edək ki, kataloq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Beynəlxalq Multikulturalizm Mərkəzinin və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə hazırlanıb.