Super User

Super User

Günün fotosu: Xoyda baş verən zəlzələnin fəsadları aradan qaldırılır

 

İranın şimal-qərbində ötən gün baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 nəfər olub, 816 nəfər yaralanıb. Hazırda zəlzələnin fəsadları aradan qaldırılır. Dəyən ziyan milyonlarla ölçülür.

Foto: İSNA

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)

2022-ci il ərzində aparılmış nəzarət tədbirləri ilə vəsaitin xərclənməsini tənzimləyən qanunvericiliyin, maliyyə qaydalarının və normalarının tələblərinə əməl edilməməsi hesabına büdcə vəsaitlərinin artıq və əsassız xərcləndiyi, bəzi hallarda ciddi maliyyə pozuntularına yol verildiyi aşkarlanıb. 

 

Maliyyə Nazirliyi xəbər verir ki, bu barədə nazir Samir Şərifov 2022-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.

“İl ərzində ümumilikdə 185 nəzarət obyektində aşkar olunmuş 225 milyon 710 min manat məbləğində artıq və əsassız ödənişlərin 35,1 milyon manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə bərpası təmin edilib. Qalan vəsaitin bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür”, - deyə maliyyə naziri qeyd edib.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)

Allahverdi Eminovun Xalq şairi Vahid Əzizin şeirləri haqqında “Bir həftənin payız ritmləri” resenziyasını təqdim edirik

 

 

 Qəribə görünməsin başlıq. Məgər şeir həftəlik olur? Yoxsa poeziya da payızı - ilin son ayları kimi "qocalır?" Belə düşünməzdim: şeir məhz bir saatın, bir günün və bir həftənin içində yazılır. Yaradıcılıq psixologiyasının təsdiqidir bu qənaət. Necə ki, mən böyük şairimiz Vahid Əzizi şəxsiyyət kimi poeziyasına da yaxından bələdəm. Desəm onun yaradıcılığını həmişə izləmişəm və xeyli silsilə məqalələr yazmışam. Günlərimiz olub, soyuq qış gecəsində soyuq otaqda isti söhbətlər etmiş, hətta bir şeirin yaranmasının şahidi olmuşam. Bəli, bir gecənin intizarında "Bahar" şeiri hasilə gəlib. Təzad deyilmi? Məhz poeziyanın da qəribəliklərindən biri də bu ovqata şairi kökləməkdir!

Vahid Əziz haqqında uzaqan başlamağı bir kənara qoyuram; onun poetik yaradıcılıq psixologiyasında maraqlı cəhətlər az deyil: O, olub aylarla, hətta ilcə bir şeir belə qələmə almamışdır, olub gecə yarıdan keçmiş mənə telefon açmış, bir neçə şeirini "mürəkkəbi qurumamış" oxumuş, ürəyini sadiq oxucusuna açmışdır. Mən səhəri diri gözlə açmışam, təəssüratımı bir yazımla yumşaltmışam. Poeziya təbii ki, şairin sirridir yazılana qədər - onu qoruyur müəllifi - sonra daha onun deyil, minlərin, milyonların ünvanıdır. Poeziyanın sirlərinə hələ də varid olunmur nədənsə, səbəbi nə? Şairdən ummağa nə var, yazır və oxuyuruq. Məsələ şeirin yaranma möcüzələrini araşdırıb az-maz tapmaqdır. Dəfələrlə demişəm: - Şeir (poeziya) kəşfdir, şeir oyundur, misralar əvvəlcə şairilə "gizlənpaç" oynayır, bəzən tapılmır da. Sonra özü üzə çıxır və məhrəmanə misralar bir-birinə sığınır, bir-birinə qısqanmır. Bir şərtlə: şairin ovqatı, sevgi həsrəti, olmuş duyğuların oyanışı səslənsin təxəyyülündə, qəlbindəg

Vahid Əzizin son şeirlərində ("Ədəbiyyat" qəzeti, 09.12.17) mən bu əlamətləri sezdim. Bir istəyin - sevginin mütəhərrik səslənməsi. Bir istəyin - sevginin həzin həsrəti. Bir ümidin - sevginin ölməzlik himni:

 

Gülüm, axı məni hamı tanıyır,

Bilmədiyin nə öyrənib getmisən?

İndiyədək çəmən məni qınayır,

Çiçəklərə gileylənib getmisən.

 

Yar olmaya, canım sənə qəfəsmiş,

Aramızdan nə çatlayıb, nə əsmiş?

Bəlkə sevgi sənin üçün həvəsmiş?

Ətrafında veyillənib getmisən.

 

...Sevənlərdir xatirələr qoruyan,

Torpaqları göz yaşıyla qoruyan.

Yollar çoxdur insanları ayıran,

Hara baxsan şaxələnib getmisən...

 

Sevginin sirri də bundadır: vaxtında tutdun - səninlə birgə qocalar, yaşlaşar və daşlaşar; buraxdın - əlindən çıxdı - sədaqət umma ondan. Sevgi axı məhəbbət deyil ki, hər bir əşyada: canlı da, cansız da insanı gözləyir. Sevgi böyük dərd-hicran qoyub uzaqlardan boylanar, ta payızacan. Vahid Əzizin poeziyasına bu payız qəfil, gözlənilmədən gəlib və neçə-neçə şeir yazdırıb. Əlbəttə, şabaşı ilə. Payızın varı da ağaclardan yığdığı yarpaqlardır ki, bir gün ömür "oynayanda" şabaş verir.

 

Bulud üç bir, iki bir,

Yavaş-yavaş yağdırır.

Yollar boyu toy gedir -

Payız şabaş yağdırır.

 

Daşınmaqda ot-ələf,

Qoymarıq olsun tələf.

Su içində bu tərəf,

Ya da o baş, yağdırır.

 

...Bir eşq sinəmin altda,

Od-alov çataçatda.

Qız-gəlin zarafatda -

Təndir lavaş yandırır.

 

Əsl payız ritmi. Mənə rus şairi Nekrasovun məşhur "Biçilməmiş ot" şeirini xatırlatdı...

Payız küləklərlə gəlir və şairin sümüyünü sızladır, ilahidən gələcək şeir payının intizarını gözləyir, qəribə deyilmi? Təsadüfi qənaətə gəlinməyib: şairlər Allaha daha yaxın insanlardır, inanıram. Payız Vahid Əzizdə həm də yaradıcılıq potensialına stimul gətirir. Onun şəhadətinə görə, ən məhsuldar işləməsi payız fəslinə düşür.

Bu da yaradıcılıq psixologiyasının bir əlamətidir və "Küləklər Bakıya qarlar gətirir", "Əsl Bakı havasıdır bu hava" şeirlərini "diqtə" etmişdir. Birinci şeir zəngin poetik atributları ilə diqqəti cəlb edir, şairin gerçək təxəyyülünün inikasıdır, yoxsa şeirin ahəngi - harmoniyası pozula bilərdi:

 

Küləklər Bakıya qarlar gətirir,

Yasamal bəyazlıq geyir əyninə.

Bakı elə bil ki, duzun itirir,

dənizi səpirlər küçələrinə.

 

Küləklər dağlardan qarlar gətirir,

baxdıqca görkəmi göz oxşayacaq.

"Dağlı təndirini" alov isidir,

Çörək bişirdikcə köz oxuyacaq.

 

Sulu qar küləklə qapını açdı,

dağlarda o qədər qartopu atdım.

bir topa ovcumdan yollara qaçdı,

onu gəzə-gəzə Bakıya çatdım.

 

Poeziyanın öz şeiriyyəti var və şairin ilhamı fəslin bakirəliyindən qida almalıdır, misralar detallarla obrazlaşmalıdır. Vahid Əziz payızı oxucuya yalnız təbiətinə görə çatdırmır - buna nə ehtiyac - payızın doğurduğu ovqat, oyatdığı düşüncələr, hisslərin təmizliyi - bu "üçlük" estetik zövqün gücünü büruzə verir.

Oxucu bir növ - yox, həqiqi mənada zənginləşir. Qar gətirən, küləyi, yedəyində daşıyan payız Bakının, elə bütöv məkanın həmişəlik qonağı ola bilməz, bu, yeknəsəklik olardı.

 

Qışın bu şəhərdə həyatı qısa,

Qar yerdə uzağı, iki gün qalar.

Küləklər ya könlün açar bir qıza,

Ya da örpəyini başınnan alar.

 

Xırda detaldır, ictimai mətləbə ehtiyac da yoxdur, amma qar çirki içinə çəkib əridib bu kiri-pasağı özüylə aparması - ehtiyac var.

Qardan sonra bəyazlıq, "təşvişə" düşmür, gilavara ehtiyac var ki, dənizə tələssin, xəzrini qabaqlasın. Məncə, ölməz şairimiz Sabirin "Uşaq və buz" şeirinin ab-havasını duyan cocuğun hisslərini xatırlatdı!

İkinci şeirində Vahid Əzizin öncə, duyğu azadlığı qabarıqdır. Vətənin sosial və mənəvi ponoramı. Hər bir dürlü iş görünür və müəllifin dərindən yaşantısı. Mənəvi mərdliyin təzahürü və poetik məftunluq. Və bir qədər keçmişə qayıdım:

 

Bir arada səngimişdi rüzgarlar,

Elə bil ki, qoyulmuşdu girova.

Bir az isti, bir az soyuq, bir az qar -

Əsl Bakı havasıdır bu hava.

 

Və şair əhval-ruhiyyəsinin poetik işığı, coşğunluq yüksəlişinin görüntüsü: sevgidən başlanan insan ruhi ehtiyacının ödənişi. Bu, gənclərin "elçi daşı"ndan başlayıb haqq və həqiqətdə toxdayır. Şair "elçi daşından" təsadüfi başlamır:

 

Nələr çəkər qəlblər elçi daşında,

Oğlanları sevər on beş yaşında.

Şimşək çaxar gözəllərin başında -

Əsl Bakı sevdasıdır bu sevda.

 

Və xüsusi şairlik zövqü ilə məmləkətimizin Abşeron məkanının təbii nemətlərini tərənnüm edir:

 

Bağlarında qızıl güllər al yanaq,

Ləzzət verər şor qoğalla qayğanaq.

Ətri gözəl, qənd, zəfəran, xeyli yağ -

Əsl Bakı halvasıdır bu halva.

 

Gözəl Bakı Abşeronun maralı,

Qala bilməz Xəzərindən aralı,

Duyulmaqda dəyişdikcə əhvalı -

Əsl Bakı qovğasıdır bu qovğa...

 

Vahid Əzizin payız ritmləri ovqatında estetik idealın (poeziyaya məxsus təyinat) bədii şərhidir, insanın içində və şüur fəhmində canlanan nüansların təsiridir. Oxucu bu poetik aktı qeydsiz-şərtsiz qəbul edir.

Yenə şeirin baş qəhrəman şair mənidir. O, oxucu sevincinə və kədərinə şərik çıxır, baxmayaraq poeziyada "görünmür", amma oxuyan kəs dünyanı unudur, emosionallıqdan düşüncəyə gəlir, fikir sözə çevrilir, maddiləşir.

Şairin "Savayı" şeirində haradasa real Mən var ki, uzaq illərə qayıtmaq istəyir; alınacaqmı?

 

Körpə idim - yerim isti, özüm tox,

Nə istəsəm yetişərdi havayı.

Öyünməyə daha gözəl günüm yox,

El-obamda o günlərdən savayı.

 

Xəyalımda ömrün hər bir yaşında,

Gözlədiyim soyuq elçi daşında.

Nə diləyim beşiyimin başında,

Nə deyən dodaqlardan savayı.

 

Həzinlik, ana nəvazişi, beşik fenomeni; bunlar necə də xoşdur, bir şair varlığının keçmiş daş abidəsidir. Lakin heç də belə getmir ömrün axarı: münasibətlər haqqında təsəvvürlər, xeyir və şərin izləri, əməllərin və hadisələrin dolaşmış düyünləri və nəhayət:

 

Mərd olanı zindan belə sındırmır,

Zirvələrdə qarlar belə dondurmur.

Bu dünyada heç nə məni yandırmır -

Odu sönmüş ocaqlardan savayı...

 

Ocaq sönməsin, sönərsə özüylə səadət və şöhrət nurunu da aparır, əvəzində təşvişli və həyəcanlı payızı gətirir. Şairin - müəllifin mənəviyyat və əxlaqca təmiz Məni!

Şairin mövcudata poetik baxışı - bədii arxelogiyaya sövq etməsi! Şairin psixoloji və həyat qütblərinə güclü meyli! Bu "triada"nın doğurduğu assosiativ çalarlar - mən poeziyaya bu zövq pəncərəsindən baxıram.

Pəncərələri tam açmaq hər tənqidçiyə nəsib olmayan ümiddir. Və narahatçılıq da keçirirsən: nə vaxtsa peşəkar tənqid poeziyanın, hətta bir şeirin poetikasının anatomiyasını açmalı olacaqdır.

Subyektiv hisslərindən uzaqlaşacaqdır, əsl poetik nümunələrin dəyərini çəkəcəkdir. - Sualsız! Mərhum professor Cəfər Cəfərov yazmışdır:

"Tənqidçinin də xoşuna gələn və ya gəlməyən cərəyanlar, üslublar, məktəblər vardır, lakin tənqidçinin başlıca silahı bu özünəməxsusluq deyildir, onun gücü obyektivliyindədir ki, bunun xatirinə o, çox zaman subyektiv hisslərindən əl çəkməlidir".

Vahid Əziz poeziyasına, hələlik qiyməti verilməyən bu dolu yaradıcılığa da şamil etməkdən çəkinmirəm. Belə zəngin şairlərimizin yaradıcılığı nəzərdən qaçırılmamalıdır.

Unutmayaq hər bir ömrün, xüsusilə, söz, fikir adamının illəri nə vaxtsa payıza dirənir, yalnız bu zaman kəsiyində tərəflər kəsilmir. Gec deyilmi? Onu unutmayaq ki, əsl şairlər və poetik ürəklilər nə yaxşı öz kökündən düşmür, gözəlləri unutmur, hətta bir gecənin həzinliyinin həsrətini arzulayırlar.

Həsrətin, intizarın enerjisi sönmür. Vahid Əziz "Yaman yada saldı bu gecə səni" şeirində nəydi pıçıldadığı.

 

Qəlbimi çəkdiyim həsrət üşüdür,

Köksüm isindikcə şəkillərini

Yoxluğun yandıran olmazdı bu cür -

Yaman yada saldı bu gecə səni.

 

Səni xəyalımda tutub gedirəm,

Özgə kimim var ki, pənah gətirəm?

Qorxuram özümü elə itirəm -

Boynuna sarmanam görüncə səni.

 

...Yuxuda lal-dinməz keçdin yanımdan,

Həyatda dözməzdim havalanmadan.

İnan ki, canını barmaqlarımnan

Didərəm, yanımdan gedincə sənin...

 

Bu da şairin içində boğduğu ehtirasın həsrəti! Onu söndürməyə dəyərmi? Şairin iztirab aləminin məsud və səadət səltənətinin nikbin şöhrət nuru. Haçansa yanacağı alovun son yeri, son közərtisi...

Vahid Əziz poeziyasının payız ritmləri beləcə yarandı, ilahiləşmiş həsrətin məsud günlərində, poeziyanın təbii diqtəsində. Nə yaxşı belə olur, nə yaxşı payız duyğulandırır.

 

Yaşın çoxaldıqca fəsilbəfəsil,

Tanı düşməninlə, dostlarını bil.

Payızı qayğıkeş, yaşı şirindi,

Vətənin qışları, yayları göz

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)

Вторник, 31 Январь 2023 15:30

İran şahı niyə Tağıyevi yox, Tumanyanı seçdi?

Elman Eldaroğlu yazır

 

 

 

İran hökmdarı Müzəffəriddin şah Qacar 1903-cü ildə Avropaya səfər edərkən yolüstü Bakıya dönüb, burada iki gün istirahət edir. Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında bu barədə yazılır:

 

 “Şəhərdəki İran tacirləri dükanlarını şiri-xurşidli bayraqlarla bəzəmişdilər. Şahı qarşılamağa çoxlu tacir gəlmişdi. İyirmiyə qədər adam əlahəzrəti müşayiət edirdi, kamerqer libasında idilər; üzdəniraq libaslarındakı baftalar yağlı, çirkli görünür, yəqin ki, əl ilə bozbaş, plov yedikcə üstlərinə tökülüb əllərilə siliblər. Körpüdən birbaşa vağzala yollandılar. Biz çatanda şah salon-vaqonda idi, o yoğunluğunda adamın vaqona necə girdiyini təsəvvür edə bilmədik. Məiyyəti şahın əşyasını salon-vaqona daşıdıqca elə səs-küy salırdılar ki, elə bil bazardadırlar. Vaqon Batumiyə yollandı. Konsul gedəndən sonra adamlar başladılar şəbədə deməyə, gülməyə.”

Manaf Süleymanov “Bakı milyonçuları” araşdırma kitabında isə şahın milyonçu Tağıyevlə maraqlı dialoqunu təqdim edir:

“Hacı Zeynalabdin Tağıyev şahın şərəfinə verdiyi böyük ziyafətdə giley-güzar edir ki,- mən müsəlman olduğum halda bəs niyə mənim yox, gedib erməni Tumanyanın evində gecələdiniz? 

Şah cavab verir ki,- sən müsəlman olsan da, rus təbəəsisən, Tumanyan isə mənim rəiyyətimdir. İran təbəəsidir, onun evi mənim evimdir...”

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)

Вторник, 31 Январь 2023 15:00

Okramenin “Laçın”ı

Ən çox oxunan xəbər: Nigeriya vətəndaşı Cozef Uvezele Okpamen "Səs Azərbaycan: Doğma nəğmələr" layihəsində ifası ilə münsifləri və tamaşaçıları təəccübləndirib.

 

“Ədəbiyyat və incəsənət” bizim media-ya istinadən xəbər verir ki, sözügedən yarışmada "Laçın" mahnısını səsləndirən gənc hər üç münsifi özünə tərəf döndərməyi bacarıb.

Cozef İlqar Xəyalın komandasını seçib.

Qeyd edək ki, C.Okpamen Naxçıvan Dövlət Universitetində müalicə işi üzrə təhsil aldığını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında “Nəğməmə inan” tamaşasının premyerası olacaq.

 

Teatrın yaydığı məlumatda bildirilir ki, teatrın rus bölməsində hazırlanan bu musiqili komediyanın ilk təqdimatı bəstəkarın doğum günündə fevralın 4-də saat 19:00-da onu sevənlərə təqdim olunacaq və bu tamaşa həmçinin fevralın 5-də də oynanılacaq.

Libretto müəllifi və mahnılarının mətni Mixail Şerbaçenkoya məxsus olan bu səhnə əsərinin quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

Səhnə əsərində rolları Əməkdar artistlər Boris Qrafkin, Fərid Əliyev, Nərgiz Kərimova, aktyorlar Emil Heydərov, Mehriban Zaliyeva, Rauf Babayev və Leonid Klyotc ifa edəcək.

Xatırladaq ki, Rusiyanın bir neçə teatrında oynanılan bu əsərin radio-tamaşasında baş rolu Polad Bülbüloğlu özü səsləndirib.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)

Yazıçı Xeyrəddin Qocanın satirik “Gözlərim” hekayəsi Gülüş Klubunun bugünkü buraxılışında diqqətinizə çatdırılır. 

 

 

Uşaqlıqdan gözü qıpığam, yəni qorxağam. İllər keçib, indi böyüyüb yekə kişi olmuşam, amma qorxu canımdan çıxmır ki çıxmır. Böyürdən biri "pık" eləyən kimi bağrım yarılır. Yəqin, maraqlanırsınız, bu nə qorxudur belə mənim canımı tir-tir titrədir?

O vaxt qanmırdım, nə görürdüm, gəlib ata-anamın yanında danışırdım, onlar da üstümə qışqırırdılar, az qala iki barmaqlarını gözlərimə soxurdular ki, "gördüyün hər şeyi danışma, yoxsa iki gözünü bir deşikdən çıxardarıq". Odur-budur, hər şeydən qorxuram. Gördüklərimi görməzliyə vururam.

Məsələn, görürəm ki, təzə-təzə siyasətin əlifbasını öyrənənlər ölkə prezidenti olmaq istəyirlər, özümü vururam görməzliyə. Bilirəm ki, prezident olmaq hər kişinin işi deyil. Toyuğun peşəsi yatıb yuxusunda darı görməkdir. 

Görürəm ki, özünü göstərmək üçün kimdənsə "qəhrəmanlıq nidası" gəlir, tay-tuşları da ona qoşulub verirlər səs-səsə, ağız deyəni qulaq eşitmir, özümü vururam görməzliyə. Düşünürəm, hər "qəhrəmanam" deyəndən qəhrəman olmur ki! 

Görürəm, gözümün qabağında bəzi vəzifəlilər xalqa "ot yondururlar", guya görmürəm, özümü vururam görməzliyə. Çünki binayi-qədimdən belə olub, nə qədər müsəlmançılıqdı yəqin, həmişə də belə olacaq. 

Görürəm ki, əli qələm tutan ağına-bozuna baxmadan ağzına gələni yazır, bir nəfər də yerindən qalxıb demir ki, a bala, ayıbdır! Mən də susuram, özümü vururam görməzliyə. Deyirəm mənə nə var, kim-kimi söyür, kim-kimi "döyür". 

Görürəm ki, yaltaqlar, məddahlar ölkəni götürüb başına, dinmirəm, "mən dünya düzəldən deyiləm ki", - deyə düşünüb, özümü vururam görməzliyə.

Başağrısı olmasın, mənim gördüyüm, görməzliyə vurduğum hadisələr, şeylər çoxdur, saymaqla qurtaran deyil. Allah belə gözləri mənə verincə, kor yaratsa yaxşıydı. Vallah-billah, elə kor kimiyəm. Korun buynuzları olmaz ki!

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)

Əli Kərimin “Vəsiyyət” kitabı rus dilində, “Hər kəsə məktub” kitabısa Azərbaycan və Türkiyə türkcəsində  nəşr olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin və  Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin dəstəyilə nəşr olunan kitablar CBS mətbəəsində çap edilib. 

Kitablar Beynəlxalq Muöam Mətkəzində keçirilən Əli Kərimin xatirə gecəsində təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)

Hindistanın Dehli şəhərində Beynəlxalq Otel İdarəetmə İnstitutunun (International İnstitute of Hotel Management) təşkilatçılığı ilə “Beynəlxalq Gənc Aşpazlar Olimpiadası 2023”ün (“Young Chef Olympiad 2023”) açılış mərasimi olub. Azərbaycanın da təmsil olunduğu yarışmada 55 ölkədən gənc aşpazlar iştirak edir.

 

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, bu barədə AzərTAC-a Azərbaycanın Hindistandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, beynəlxalq yarışmada ölkəmizi gənc aşpaz Emil Zeynalzadə və onun müəllimi təmsil edir. Təmsilçilərimiz Delhidən Qoa şəhərinə gedərək, orada Hindistan, Malayziya, Kolumbiya, Əfqanıstan və digər başqa ölkələrin komandaları ilə mübarizə aparacaq. Komandamız ən uğurlu 10-luq siyahısına düşə bilsə, o zaman Hindistanın Kolkata şəhərində keçiriləcək yarışmanın finalına qatılacaq. 

Qeyd edək ki, olimpiada fevralın 4-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. 

Ünlü bədii qiraət ustası, Xalq Artisti Əminə Yusifqızından 23.07.1998 tarixində götürülmüş müsahibə. 

 

 

 

-​Əminə xanım, sizi ən yüksək fəxri ad olan Xalq artisti adı almağınız münasibətilə ürəkdən təbrik edirik.

 

-​Çox sağ olun.

 

-​Biz sizi klassik və müasir poeziyamızın yorulmaz təbliğatçısı, bədii qiraət ustası kimi tanısaq da, sənət fəaliyyətinizə teatr aktrisası kimi başlamısınız? Necə oldu ki, teatr səhnəsi ilə vidalaşdınız?

 

-​Mən sənət fəaliyyətimə Gənc Tamaşaçılar Teatrının səhnəsində başlamışam. Məni ora bədii qiraət müsabiqəsi zamanı görüb bəyənən, teatrın direktoru Zəfər Nemətov dəvət eləmişdi. Amma sonra gördüm ki, orada arzusinda olduğum sənət atmosferi yoxdur. Uzaqlaşmalı oldum.

 

-​Axı, o vaxtlar Gənc Tamaşaçılar Teatrında Yusif Vəliyev, Hüseynağa Sadıqov, Firəngiz Şərifova kimi aktyorlar işləyirdilər.

 

-​Adını çəkdiklərinizin içərisində ən istedadlısı Yusif Vəliyev idi. O, həmişə mənə deyərdi ki, Əminə, özün getdin canını qurtardın, biz qaldıq burda.

 

-​Deyilənlərə görə, Yusif Vəliyev qəribə adam olub?

 

-​Mən onunla uzun illər həm də kinostudiyada dublyajda olmuşam. Onda elə bir qeyri-adi qəribəlik görməmişəm. Sadəcə olaraq, hər bir istedadlı adam kimi öz işinə qarşı çox tələbkar və ciddi idi. Yüksək zövqə sahib idi. Əgər bunu qəribəlik hesab edirdilərsə, mən belə qəribəliyi alqışlayırm. Hər bir istedad sahibində belə qəribəlik olmalıdır. Mən özümü böyük bir istedad hesab eləmirəm, amma həmin ciddilikdən məndə də var. Hər rolu bəyənməmişəm. İllər boyu gözləmişəm ki, mənimçün xüsusi rol yazılacaq. Gözləyə-gözləyə də qalmışam.

 

-​Xarakterinizdəki ciddilik bir aktrisa kimi yüksəlişinizə mane olmayıb ki?

 

-​Olub. Amma neyləyəsən, mən öz prinsiplərimə həmişə sadiq olmuşam.

 

-​Deyilənlərə görə, siz Bakı şəhərində avtomobil idarə edən ilk xanımsınız...

 

-​(gülərək) Məndən bir qədər əvvəl Flora xanım maşın sürməyə başlamışdı. Ümumiyyətlə, Flora xanımla mən həmişə birlikdə olmuşuq. O, bir çox mahnıların sözlərini unudanda həmişə məndən soruşardı.

 

-​Deməli, estrada kraliçası ilə bədii qiraət kraliçası rəfiqə olublar...

 

-​(gülərək) Bəli. Flora uzun illər mənim ən yaxın rəfiqəm olub. İndi əvvəlki qədər görüşə bilməsək də, yenə də münasibətlərimizi saxlayırıq. Flora xanım, doğrudan da, estradamızın kraliçasıdır. O, dünyanın ən şöhrətli müğənniləri ilə bir səviyyədə durmağa layiqdir. Təəssüf ki, yaşadığımız mühit onun böyük istedadının tam parlamasına imkan vermədi.

 

-​Sizin aktrisa kimi fəaliyyətinizin mühüm bir dövrü “Azdrama” da işlədiyiniz illərə düşür. Oranı niyə tərk etdiniz?

 

-​Mən Dram Teatrına gələndə orada böyük sənətkarlar var idi: Barat Şəkinskaya, Hökumə Qurbanova, Həsənağa Salayev, Leyla Bədirbəyli... sonra orada elə bil ki bir boşluq yarandı. Məndən başqa bir çox aktyorlar – Barat Şəkinsykaya, Həsən Məmmədov, Şahmar Ələkbərov da oranı tərk etdilər.

 

-​Bu, o vaxt teatrda olan intriqalarla bağlı deyildi ki?

 

-​Dünyada elə bir teatr yoxdur ki, orada intriqa olmasın. Odur ki, buna təəccüblənmək lazım deyil. Bu baxımdan, indi də Milli Teatrda vəziyyət o qədər də yaxşı deyil. Cavan qızlar yığışıb ora, o deyir teatrın “geroinya”sı mənəm, bu deyir mənəm. Bu yaxınlarda konsertlərdən birində görürəm ki, mənimlə həmişə böyük ehtramla davranan Laləzar Mustafayeva salam vermədən ötüb keçir. Doğrusu, bu mənə qəribə gəldi. Sonra mənə dedilər ki, mənim Məleykə Əsədovanı “geroinya” adlandırmağım onun qısqanclığına səbəb olub.

 

-​Sizcə, Laləzar xanım bu qısqanclığında haqlıdır?

 

-​Söhbət ondan getmir ki, Məleykə böyük istedad sahibidir və teatrın “geroinyası” olmağa layiqdir, ya yox, ondan gedir ki, hal-hazırda o, teatrda əksər tamaşalarda baş rolları oynayır, teleseriallara çəkilir. Bir vaxtlar on-on beş il ərzində Amaliya Pənahova da teatrın “geroinya”sı idi, əksər tamaşalarda baş rolları oynayırdı. Amma bu o demək deyildi ki, o bütün bunlara tamamilə layiq idi. Biz “geroinya” etalonu kimi Mərziyə xanımı, Fatma xanımı, Barat xanımı, Hökümə xanımı tanıyırıq.

 

-​Bədii qiraət ustası kimi sizin sinəniz şeir xəzinəsidir. Əgər sizi yuxudan qəfil oyadıb bir şeir deməyi xahiş etsəydilər, hansı şeir yadınıza düşərdi?

 

-​Bu sualı mənə çox veriblər. Amma mən konkret bir şeiri xatırlamazdım. Hansını istəsələr, onu deyərdim.

 

-​Niyə heç vaxt Sabirdən şeirlər demirsiniz?

 

-​Görünür, satira mənim yaradıcılıq təbiətimə uyğun deyil.

 

-​Ailədə də belə ciddisiniz?

 

-​Yəqin ki... Bu ciddilik bir ana kimi məni xoşbəxt edib. Qızım Səminədən çox razıyam. Onun həyat yoldaşı Rauf mənə bir qaynana kimi yox, bir ana kimi baxır.

 

-​Həyat yoldaşınız kimdir?

 

-​(ani bir pauza) O yoxdur...

 

-​Vəfat edib?

 

-​O qəzada həlak olub...

 

-​Əminə xanım, siz müğənni deyilsiniz, toylara getmirsiniz, aktrisa kimi kinofilmlərə çəkilmirsiniz. Qiraət ustası kimi bu gün necə dolanırsınız?

 

-​Rauf və Səminə mənə kömək edirlər. Raufun öz firması var. Allaha şükür, heç nəyə ehtiyacım yoxdur.

 

-​Özünüzdən sonrakı nəsil bədii qiraət ustaları içərisində kimi bəyənirsiniz?

 

-​Hamı Laləzarı tərifləyir, amma, məncə, şeir boğazdan yuxarı deyil, ürəkdən deyilməlidir.

 

-​Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?

 

-​Yaddaşımı.

 

 “Ədəbiyyat və incəsənət”

(31.01.2023)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.