Super User
Tarixin ağ ləkələri – get-gedə daha çox şey bilirik
“Ədəbiyyat və incəsənət” portalında növbəti dəfə “Tarix dərsləri”dir.
Sovet İttifaqı humanist bir dövlət, sülhpərvər bir quruluş kimi təqdim edilirdi, sosializm düşərgəsinə yeni-yeni ölkələr cəlb edilir, başda ABŞ olmaqla qərb dünyası – kapitalizm dünyası soyuq müharibəyə cəlb edilirdi. Yaşlı və orta nəsil – sovet şinelindən çıxanlar kommunizm ideologiyasına inanırdı, həm qəzet-televiziya təbliğatı, həm orta və ali məktəblər durmadan insanların beynini ələ almağa çalışırdı. Yalnız SSRİ dağılandan sonra tarixin ağ ləkələri üzə çıxdı, ən azı məlum oldu ki, Sovet ordusu xilaskar yox, işğalçı ordudur. O ordu 1920-ci ilin 28 aprelində milli hökumətimizi devirib Azərbaycanı işğal etdi. O ordu 1990-cı ilin 20 yanvarında müstəqillik yoluna çıxmağa başlamış Bakıda qanlı qırğın törətdi. O ordu indi də Qarabağda haqq savaşımıza mane olur, rus sülhməramlıları adı altında Xankəndi və Xocalını erməni əsirliyində saxlayır.
Bugünkü “Tarix dərsləri”ndə tanınmış jurnalist və çərhçi Xalid Kazımlını dinləyəcəyik.
1990-cı ilin 19 yanvarından 20 yanvarına keçən gecə "şanlı sovet ordusu" Bakıda əliyalın insanları, bir zaman onun sıralarında xidmət etmiş, ehtiyata buraxılmış kişiləri qanına qəltan edərək, 20 yanvar və sonrakı günlərimizi də qara gətirdi. Bir günün içində həmin o qırmızı ordu sifətinin qırmızılığını xalqımızın al qanını tökməklə göstərdi. Daha sonra bu ordunun tör-töküntüləri Xocalıda 613 insanın qətlə yetirilməsində, minlərlə dinc sakinin yaralanmasında və əsir götürülməsində ermən qəsbkarlara kömək etdilər.
Odur-budur, biz o qanlı ordunun yaradılış gününü - 23 fevralı lənətlə yad edir, ikrahla qeyd edirik. Ancaq yenə də ölkəmizdə 23 fevralı ordu, aviasiya, donanma günü qeyd edənlər var. Bunlar sovet nostaljisi ilə yaşayan, keçmiş "yaxşı günlər"in xiffətini çəkən adamlardır. Bir də bəziləri bilərəkdən onlara qoşulublar və öz aləmlərində "SSRİ-ni bir gün bərpa edəcəklər"ini düşünürlər.
Yəqin ki, "sovet ordusu" deyiləndə Almaniya, Macarıstan, Çexiya, Slovakiya, Qazaxıstan, Gürcüstan, Litva, Əfqanıstan kimi ölkələr də biz düşündüyümüzü düşünürlər. Onlar da sovet ordusunun xaki rəngli mundirinə, kirz çəkmələrinə, qəddar generallarına nifrət hissi ilə yaşayıblar. Hələ Ukrayna, Polşa, Rumıniya, Baltikyanı ölkələr də II dünya müharibəsində bu ordunun tırtılları altında qalıb əziliblər.
Bu sırada bir ölkə də var - Rusiyanın özü. Daha dəqiqi, Rostov vilayəti. Bir az da konkretləşdirsək, Novoçerkassk şəhəri.
62 il öncə iyun ayının 1-i və 2-sində "şanlı" və qanlı sovet ordusu bu şəhərdə iri müəssislərin güzərandan, qıtlıqdan şikayət edərək çıxdıqları etiraz aksiyasını gülləbaran edərək, rəsmi statistikaya görə, 24 nəfəri öldürüb, 70 nəfəri isə ağır yaralayıblar. Daha sonra 7 nəfər edam cəzasına məhkum olunub, 100 nəfərdən artıq etirazçıya isə 15 il həbs cəzası verilib.
O vaxt silahlı qüvvələrə "vur, qır" əmrini SSRİ-də "mülayimləşmə dövrü"nün atası sayılan Nikita Xruşov və Siyasi Büro verib, hərbi cinayətin reallaşdırılmasına isə kompartiyanın ikinci katibi Frol Kozlov və Siyasi Büro üzvü Anastas Mikoyan rəhbərlik ediblər.
Bu qanlı hadisələr zamanı yalnız bir dürüst, mərd general tapılıb - tank qoşunları general-mayoru Matvey Şapoşnikov. Yeri gəlmişkən, sovet ordusunda Şapoşnikov soyadlı üç məşhur general olub. Onlardan ikisi sonradan marşal rütbəsi də alıblar. Biri marşal Tuxaçecki və digərlərinin mühakiməsində xüsusi rol oynayan, çar orudusunun zabiti olsa da, Stalinin sevimlisi olan Boris Şapoşnikov, digəri isə Qorbaçovun tərəfindən SSRİ-nin sonuncu müdafiə naziri postuna təyin edilən və baş katibin sevimlisi olan Yevgeni Şapoşnikov olub.
Matvey Şapoşnikov isə Xruşovun sevimlisi ola, prinsipcə, marşal rütbəsi də qazana bilərdi. Amma o, bundan şüurlu şəkildə imtina edib. Məhz o, dinc insanların üzərinə tank birləşmələrini yeritmək əmrinə riayət etməyib. Bunun üstündə onu ordu sıralarından xaric ediblər, ehtiyata götürüblər, partiyadan çıxarıblar, dəlixanaya salmaq istəyiblər, nəzarət altında saxlayıblar. Ancaq general Şapoşnikov sona qədər özünün haqlı olduğunu bildirib və sonradan da deyib ki, əgər rəhbərliyin əmrini yerinə yetirsə, ölənlərin sayı yüzlərlə olardı.
Əl-əlbət, elə olardı. Təəssüf ki, eyni hərəkəti nə 1956-cı ildə Budapeştdə edən olub, nə 1968-ci ildə Praqada, nə də 1990-cı ildə Bakıda.
Kim bilir, bəlkə Matvey Şapoşnikov 1990-cı ilin yanvarında öz qoşunlarıyla Bakıya ezam edilsəydi, o, 1962-ci ildə Novoçerkasskdakı kimi prinsipiallıq göstərməzdi, tanklara "irəli" əmri verərdi. Necə ki, onun silahdaşları bunu etdilər və son günlərinə qədər vicdan əzabı çəkmədən yaşadılar, hətta əksinə, vəzifə pillələrində irəli getdilər.
Məsələn, 20 Yanvar qırğını zamanı SSRİ-nin daxili işlər naziri olan və Bakıda özünü "qırğı" kimi göstərən Vadim Bakatin həmin ilin noyabrında Baltikyanı ölkələrdə etiraz aksiyalarını gülləbaranla dağıtmaqdan imtina etdiyi üçün dekabrln 1-də vəzifəsindən götürüldü, amma sonradan SSRİ DTK-sına sədr təyin edildi.
Bakıya yeridilmiş desant birləşmələrinin rəhbəri olan Aleksandr Lebed sonradan Rusiya prezidentliyinə namizəd oldu, seçki üçüncüsü olaraq Boris Yeltsinin ikinci turda prezident seçilməsinə kömək etdi və ondan dövlət katibi postunu aldı.
1988-ci ildə Azərbaycanın daxil işlər nazirinin müavini təyin edilmiş Viktor Barannikov özünü 20 Yanvar qətliamından "yaxşı" göstərdiyinə görə sonradan əvvəlcə RSFSR-in, sonra isə SSRİ-nin daxili işlər naziri oldu.
İndi elə çıxmasın ki, sovet ordusu yalnız Xruşov və Qorbaçov kimi "yumşaq" rəhbərlərin vaxtında qəddarlıqlar törədib. Xeyr. Bu ordu yarandığı gündən - 23 fevral 1918-ci ildən ta sovet dövlətinin son gününə qədər müxtəlif dövrlərdə ölkələrdə və şəhərlərdə cəza dəstəsi rolunu oynayıb, vətəndaş itaətsizlikləri, dinc etriaz aksiyaları zamanı əlyalın üstünə silahla gedib çoxsaylı qırğınlar törədib. Leninin, Stalinin vaxtında bu silahlı qüvvələrin hömsüz edamlar həyata keçirməsinin sayı-hesabı olmayıb. Elə Brejnevin vaxtında da istər ölkə daxlində, istərsə də ölkə xaricində sovet dövlətinin "vuran əli" olub.
Uzun sözün kəsəsi, belə bir amansız, əliqanlı hərbi birləşmənin yaradılış gününü bayram kimi qeyd etmək olduqca yersiz hərəkətdir, o qanlı birləşmənin yüz minlərlə qurbanının xatirəsinə təhqirdir.
Ayrıca bir məsələ də var. Bizdə sırf yalakalıq niyyəti ilə sovet ordusunu "qızıl ordu" adlandırırdılar. "Krasnaya armiya"nı "qırmızı ordu" kimi tərcümə edirdilər. Bir əsası var idimi? Əsla yox idi. Bu zaman bəziləri deyirdi ki, Şərqi Türküstan xalqları "qırmızı"ya "qızıl" deyirlər, məsələn, "qızıl qan"-filan. Sovet dövləti nə vaxtdan türk xalqlarının sözlərinə ehtiram göstərən olmuşdu. Eləydisə, onda ağqvardiyaçılarla müharibə zamanı "qırmızılar hücuma keçdilər" yerinə "qızıllar hücuma keçdilər" yazılardı.
Yaxşı ki, SSRİ dağıldı, onun dinc xalqların üstünə tankla gedən ordusu yox oldu və "qızıl ordu", "qızıl meydan" kimi yaltaqlıqlara da son qoyuldu.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
Bakı Kitab Mərkəzində bu dəfə konsert sədaları
Bakı Kitab Mərkəzində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçılarının Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Poeziya və musiqi rüzgarı” adlı konserti təşkil olunub.
Konsertdə beynəlxalq müsabiqələr laureatları olan solistlər Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda yerli və xarici klassik bəstəkarların əsərləri səslənib.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
4 min rəsmlik Ankara rəsm qalereyasında bizim rəssamların əsərləri də nümayiş olunur
Martın 9-da Ankara şəhərində yerləşən “Art Ankara”da 42 ölkədən 150-ə yaxın yerli və beynəlxalq səviyyəli qalereyanı təmsil edən 4 mindən çox rəssamın əsərlərindən ibarət sərgi açılıb.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, martın 12-dək davam edəcək sərgidə bir qrup azərbaycanlı rəssamın sənət əsərləri də yer alıb.
Qeyd edək ki, bundan əvvəlki sərgilərdə əsasən Türkiyədə yaşayan azərbaycanlı rəssamların əsərləri nümayiş olunsa da, bu il ilk dəfə Azərbaycan rəssamları bu böyük sərgidə qrup halında iştirak edirlər.
Sərgidə sənətşünas Xanım Rzayevanın kuratorluğu altında rəssamlar Rafail Əliyev, Diana Əliyeva, Eldar Babazadə, Mir Azər Abdullayev, Abbas Məmmədov, Ülvi Yadigarlı, Vüqar Əli, Cavid Məmmədov, İntiqam Ağayev, Məhərrəm Əli, Leyla Orucova, Aynur Qovasari və Mətin Şərifovun əsərləri nümayiş olunur.
Sərginin rəhbəri Bilgin Aygüldür.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
Xahiş etdilər ki, onlardan pul istəməsinlər…
“Xatirə və xəta” filmi Kann festivalına gedir
Rejissor Cəlaləddin Qasımovun “Xatirə və Xəta” bədii filmi barədə “Ədəbiyyat və incəsənət” portalı olaraq sizə çox söz açmışıq. Filmin kifayət qədər beynəlxalq uğur qazandığından xəbərdarsınız. İndi isə filmin sorağı birbaşa Avropanın ən nüfuzlu kinofestivalından - Kanndan gəlir.
Kann festivalında “Xatirə və Xəta” bədii filmi digər ölkələrin filmləri ilə mübarizə apararaq ölkəmizi təmsil edəcək. Ekran əsəri koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətindən və son vaxtlar fəlakət həddinə çatan yol-nəqliyyat hadisələrinə diqqəti cəlb etmək məqsədilə yol polisi və həkimin dostluğundan bəhs edir, yol hərəkəti qaydalarına riayət olunmasına necə təsir göstərdiyi barədə geniş kütləni maarifləndirmək məqsəd ilə çəkilib.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımovun məlumatına görə, “Kann” Festivalının prezidenti Ayris Knoblox “Xəta və xatirə” bədii filminin sinopsisini oxuduqdan sonra festivalda mübarizəyə qoşulmaq üçün lazım olan ödəniş rüsumundan filmi azad edib.
Rejissor deyir: “Filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq, - müxtəlif festivallara salınmışıq və Beynəlxalq Festivallarda 190-dən çox müxtəlif mükafatlar almışıq. Biz kommersiya məqsəd ilə yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Dünya film studiyalarının distribütorları tərəfindən çəkdiyimiz filmlərimiz 17 platformaya yerləşdirilib. “Hollywood film” bazarında özünə layiqli yer tutub. Dünya mediasında geniş məlumatlar yazılıb. Beynəlxalq festivallarda aldığı mükafatların hamısı ssenari mövzusunun ideyasına verilib. Düşünürəm ki, hər bir yaradıcı insan qismən də olsa, ölkəmizin təbliği işinə töhfə verməlidir”.
“Xatirə və Xəta” ekran əsərinin Kann festivalında Qeydiyyat kodu: 23LM1239-dur.
Qeyd edək ki, filmdə rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimduxt, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər. Ekran əsərinin redaktoru Əkbər Qoşalı, rejissor Amil İskəndərov montaj Elnur Tarverdiyevə məxsusdur.
76-cı Beynəlxalq Kann Kinofestivalı çayın 16-dan 27-dək davam edəcək. Festivalın ilk dəfədir ki, prezidenti qadındır - Ayris Knobloxdir. Jürinin sədri Vensan Lindondur.
Uğurlar, Azərbaycan filmi!
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
Gəncə, Naxçıvan, Lənkəran, Mingəçevir, Şəki, Qazax teatrları bu ilə nəylə gəlirlər?
Bölgə teatrları peşəkar milli teatrın yaranmasının 150 illiyinə necə hazırlaşırlar?
Bu il ölkəmizdə peşəkar milli teatrın yaranmasının 150 ili tamam olur. Oxucularımızdan gələn suallar arasında “Bölgə teatrları peşəkar milli teatrın yaranmasının 150 illiyinə necə hazırlaşırlar” sualı da yer alır. “Ədəbiyyat və incəsənət” portalı Sual-cavab rubrikasında bu suala cavab təqdim edəcək.
Ölkə başçısının müvafiq Sərəncamı ilə bu il Azərbaycanda peşəkar milli teatrın yaranmasının 150 illiyi təntənə ilə qeyd ediləcək. Yubiley ilində paytaxtda fəaliyyət göstərən teatrlar repertuatlarını zənginləşdirir, çoxlu premyeralar hazırlayır, tədbirlər keçirirlər. Xüsusən Milli Dram Teatrı, Musiqili Teatr bu sahədə nümunə göstərirlər. Paytaxt teatrlarının yibiley sürprizləri barədə sizləri məlumatlandırmışıq. Onlarla yanaşı, bölgələrdəki sənət ocaqları da yeni səhnə əsərləri ilə tamaşaçıların görüşünə gələcək. Bölgə teatrlarının 2023-cü il üçün repertuar plan-proqramları deməyə əsas verir ki, yubiley ili zəngin keçəcək.
Gəncə Dövlət Dram və Kukla Teatrları
Gəncə Dövlət Dram Teatrının illik repertuarı xeyli zəngindir.
Gəncə Dövlət Kukla Teatrı da bölgədəki azyaşlılar üçün maraqlı repertuar tərtib etməyə çalışıb. İl ərzində K.Çukovskinin “Milçək vizilçək”, A.Əlizadənin “Bostanda əhvalat”, Ş.Perronun “Qırmızıpapaq” tamaşaları hazırlanacaq. “Bostanda əhvalat” tamaşasının məşqlərinə artıq başlanılıb. Tamaşaya teatrın baş rejissoru Şamil Məmmədli quruluş verir.
Naxçıvan Dövlət Dram Teatrı
Bu il 140 yaşını qeyd edəcək Naxçıvan Dövlət Dram Teatrında A.Babayevin “Xilaskar” (quruluşçu rejissor Xalq artisti Kamran Quliyev), M.F.Axundzadənin “Lənkəran xanının vəzirinin sərgüzəşti” (quruluşçu rejissor Həcərxanım Məmmədova) tamaşalarının məşqləri gedir. Tamaşalar may ayında təqdim olunacaq. Həmçinin türkiyəli dramaturq Ü.Görgülünün “Cibimizdəki dəlilik” (quruluşçu rejissor Səməd Canbaxşiyev) tamaşasının da məşqləri aparılır və tamaşanın bu ay təhvil verilməsi planlaşdırılır. İl ərzində sənət ocağında Elçinin “Şekspir”, J.B.Molyerin “Skapenin kələkləri” tamaşalarının da hazırlanması nəzərdə tutulub.
Naxçıvan Dövlət Kukla Teatrı
Naxçıvan Dövlət Kukla Teatrında B.İsgəndərlinin “Yalanlara inanmayaq”, V.Haqverdiyevin “Qarınqulu ayı balası”, “Sehrli planşet”, C.Məmmədquluzadənin “Çay dəsgahı” əsərləri əsasında tamaşalar hazırlanacaq.
Lənkəran Dövlət Dram Teatrı
Bu il Lənkəran Dövlət Dram Teatrında da repertuar planına uyğun olaraq dörd yeni tamaşa hazırlanacaq. Onlardan birinin məşq prosesi gedir. Teatrın baş rejissoru Anar Babalı yazıçı K.Məmmədovanın narkomaniyanın fəsadlarından bəhs edən “Yaşayan ölü” pyesinin məşqlərinə başlayıb. Yeni səhnə əsərini bu ay tamaşaçıların mühakiməsinə vermək nəzərdə tutulub. Cari ildə teatrın səhnəsində həmçinin İ.İmanın “Big in Japan”, V.Şekspirin “Kral Lir”, J.P.Sartrın “Bağlı qapı arxasında” pyesləri, həmçinin plandankənar bir neçə uşaq əsəri tamaşaya qoyulacaq.
Ağdam Dövlət Dram Teatrı
Ağdam Dövlət Dram Teatrı hər yaşdan olan tamaşaçılarını nəzərə almaqla plan tərtib edib. Azərbaycan xalq nağılı əsasında uşaqlar üçün hazırlanacaq “Göyçək Fatma” (rejissor E.Hümbətov) bu qəbildəndir. Türkiyəli dramaturq T.Cücenoğlunun “Matruşka” (rejissor K.Həsənov), Ə.Əmirlinin “Hasarın o üzü” (rejissor S.Əhmədov) və T.Məmmədin “Tor” (rejissor K.Həsənov) əsərləri də teatrın səhnəsinə çıxacaq. Hazırda teatrda plandankənar olaraq iki tamaşanın – K.Yusifoğlunun “Ölüm qatarı” və H.Cavidin “İblisin intiqamı”nın məşqləri gedir və nümunələr may ayına teatrsevərlərə təqdim olunacaq.
Qazax Dövlət Dram Teatrı
Qazax Dövlət Dram Teatrı da bu ili tamaşaçıları üçün fərqli repertuar seçməyə çalışıb. Daha çox vətənpərvərlik mövzulu nümunələrə üstünlük verən sənət ocağında S.Mrojekin “Mühacirlər”, A.Murovdağlının “Türkün alın yazısı” (Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunur), A.İdrisoğlunun “İnan mənə” və İ.Fəhminin “Son reportaj” kimi bədii nümunələri özlərinin yeni səhnə yozumlarını tapacaq.
Mingəçevir Dövlət Dram Teatrı
Mingəçevir Dövlət Dram Teatrının 2023-cü il repertuar planı da zəngindir. “Göyçək Fatma” nağılı bu teatrda da səhnəyə qoyulur. Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə A.Soltanın “Ata” əsərinə quruluş veriləcək. A.Həsənoğlunun “Ceyhunun zaman maşını” və M.F.Axundzadənin “Hacı Qara” əsərləri əsasında eyniadlı tamaşalar da builki plana daxildir.
Plandankənar tamaşalar olaraq Ə.Əmirlinin “Varlı qadın”, İ.Soltanın “Keçəlin kələyi”, türk xalq nağılı əsasında “Üç ayı balası”, Azərbaycan xalq nağılı əsasında “Cırtdan” kukla tamaşası və E.Məhərrəmlinin “Yaddaş, təqvim və kukla” kimi səhnə nümunələri üzərində də ilkin məşqlər gedir. Aktyorların fərdi yaradıcılıq potensialını üzə çıxarmaq məqsədilə teatrdaxili monotamaşa (fərdi performans) festivalı da təşkil ediləcək.
Salyan Dövlət Kukla Teatrı
Salyan Dövlət Kukla Teatrında isə A.Babayevin “Kəloğlanın sərgüzəştləri”, İ.Coşqunun “Tülkü həccə gedir”, L.Ustinovun “Xilaskar qurbağa” və Ə.Hüseynovun “Xoşbəxtlik quşu” əsərlərinə quruluş veriləcək. Mövzu rəngarəngliyinə çalışan salyanlı kuklaçılar tamaşaçıların say və yaş fərqini daha da artırmaq üçün tədbir-tamaşa təşəbbüslərini də irəli sürür.
Qax Dövlət Kukla Teatrı
Qax Dövlət Kukla Teatrında da paralel məşqlər davam edir. Hazırda O.Abdullayevin “Sehrli torba” (rejissor Rahib Məmmədov) və “Tülkü və quyruq” (rejissor Yusif Abdurahmanov) pyesləri üzərində məşqlər gedir. İl ərzində bu səhnədə artıq dünya klassikasına çevrilmiş A.Lindqrenin “Uzuncorab Pippi” (rejissor Rahib Məmmədov) və yerli müəllif Ə.Əhmədovanın “Necə boz ayı, aldı ev payı” (rejissor Yusif Abdurahmanov) əsərləri də səhnələşdiriləcək.
Şəki Dövlət Dram Teatrı
Şəki Dövlət Dram Teatrında il ərzində səhnə həlli veriləcək tamaşaların bir neçəsinin məşqinə başlanılıb. Türkiyəli yazar T.Orbayın (tərcümə Dilsuz Mustafayev) “21:15 qatarı” pyesi əsasında eyniadlı tamaşaya rejissor Elvin Nuri quruluş verir. Nümunə Azərbaycan Teatr Xadimləri İttifaqının 3-5 mart tarixlərində keçirəcəyi “Türk tamaşaları festivalı”nda nümayiş olunacaq. Həmçinin braziliyalı müəllif G.Fiqeyredonun “Ezop” pyesinin məşqlərinə (rejissor Mirbala Səlimli) başlanılıb.
M.F.Axundzadənin “Hekayəti-xırs-quldurbasan” əsərinin yeni quruluşda (rejissor Orxan Həmidli) tamaşası isə Azərbaycan peşəkar teatrın yaranmasının 150 illik yubileyinə həsr olunacaq. Həmçinin B.Brextin “Kuraj ana və uşaqları” pyesi də teatrda yeni səhnə həyatını (rejissor Mirbala Səlimli) yaşayacaq.
Qusar Dövlət Ləzgi Dram Teatrı
Qusar Dövlət Ləzgi Dram Teatrının da cari il üçün fəaliyyət planı çoxşaxəlidir. M.F.Axundzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər” (rejissor Əliyar Əliyev) və yerli müəllif İ.Şamxalovun “Pərixanım” adlı məişət mövzulu əsəri (rejissor Bağır Əhmədov) səhnəyə qoyulacaq. İ.Əfəndiyevin “Qarabağnamə”si (rejissor Əliyar Əliyev) də mövsümün sonunadək təqdim olunacaq. Qusarlı teatr təmsilçiləri son zamanlar əsərləri bir neçə bölgə teatrında qoyulan X.Əliyevin yaradıcılığına da müraciət edərək onun “Qonşular” (rejissor Bağır Əhmədov) pyesini hazırlayacaq.
Şəkildə: Gəncə Dram Teatrı
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
Bayram günü xoş sürpriz
Bakı Aeroportunda qadın sərnişinlər çiçəklərlə qarşılandı
Dünən növbəti dəfə qadınlar bayramını qeyd elədik. Bəzi kişilər deyinsə, “soyulduq” desələr də həyat yoldaşına, sevgilisinə, anasına, bacısına, qızına, iş, yaxud tələbə yoldaşlarına ürəklə hədiyyə alan kişilər əksəriyyət təşkil etdi. “Ədəbiyyat və incəsənət” portalının əməkdaşının diqqətini isə Bakı aeroportunda rastlaşılan bir hadisə cəlb etdi.
Ölkəmizə gələn qadın sərnişinlər 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Heydər Əliyev Beynəlxalq Aeroportunda nərgiz çiçəkləriylə qarşılanırdılar. Təşəbbüsün Dövlət Gömrük Komitəsindən gəldiyini öyrəndik. Ölkəmizə təşrif buyuran əcnəbi qadınlar bu xoş sürprizdən çox məmnun olur, çiçək təqdim edənlərə minnətdarlıq bildirirdilər. Xüsusən Qazaxıstandan təşrif buyurmuş iki qadın sevinclərini izhar etməyə söz tapa bilmirdilər.
Kənar ölkəyə gedəndə ilk aldığın təəssürat nə olursa bütün səfər boyu o səni tərk etmir. Odur ki, ölkəmiz barədə xoş təəssüratlar yaradan Gömrük işçilərini alqışlamağa dəyər.
P.S. Ölkənin nəhəng hipermarketlərindən birində dünən bu danışdığımız əhvalatın tam ziddini gördük. Yaşlı bir qadın aldığı bir kömbə çörəyin fərqinə varmamış, sadə baton əvəzinə ekstra baton götürmüşdü. Və 5 qəpik fərqi ödəyə bilməmişdi deyə, ağbirçəkliyinə, qadınlar bayramı olmasına məhəl aoymadan onu geriyə qayıdıb çörəyi dəyişməyə vadar etmişdilər.
Bu da bizik, o da bizik.
Şəkildə: Nərgiz hədiyyəsindən xeyli məmnun olan qazax qadınlar.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
Latviya Prezidenti İçərişəhəri gəzib
Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Egils Levits martın 8-də dünya mədəni irs abidələrindən olan İçərişəhərlə tanış olub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, ali qonağın İçərişəhərə gəzintisi Qız qalası ilə başlayıb. Latviya Prezidentinə Bakının rəmzlərindən biri sayılan abidənin tarixi barədə məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb.
Gəzinti zamanı ali qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlıq və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.
Daha sonra Latviya Prezidenti İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanış olub. Mərkəzin "Dastan" brendi ali qonaqda böyük maraq doğurub. Burada ali qonağa xatirə hədiyyəsi təqdim olunub.
İçərişəhərlə tanışlıq Latviya Prezidenti Egils Levitsdə xoş təəssürat yaradıb.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
Orxan Sultandan performans
Operanın və modanın vəhdətini görmək istəyənlər çox idi. Onlar gözəllik və zəriflik görməyə tələsirdilər. Ötən gün Beynəlxalq Qadınlar Günü münasibətilə Heydər Əliyev Mərkəzi paytaxt sakinləri və şəhərimizin qonaqları üçün möhtəşəm və fərqli bir hədiyyə hazırlamışdı. Həmin gün ziyarətçilərə “Opera və moda. Sultan Couture 20” adlı konsert proqramı və sərgi təqdim edildi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, opera və moda həmişə bir-birinə sıx bağlı olub. Opera divaları səhnəyə ən gözəl libaslarda və zərgərlik nümunələrində çıxıblar. Opera kostyumları modaya və ya əksinə - geyim dəbləri opera səhnəsinə daim sirayət edib. Tamaşaçılar məşhur opera əsərləri ilə moda evlərinin müştərək səhnə performanslarını da həmişə maraqla izləyib.
Heydər Əliyev Mərkəzindəki opera və modanın birləşdiyi konsertdə tanınmış opera müğənniləri – beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva (messo-soprano), Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos (soprano), Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solistləri Yuliya Süleymanova (soprano), Yekaterina Sannikova (soprano) və “Helikon-opera” Moskva Musiqili Teatrının solisti Elnarə Məmmədova (soprano) iştirak ediblər.
İncəsənət xadimləri Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan və digər ölkə bəstəkarlarının ən parlaq və məşhur əsərlərini ifa ediblər. İfaçıları dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.
Gecəyə fərqlilik gətirən daha bir məqam opera müğənnilərinin səhnəyə rəssam-modelyer Orxan Sultanın məhz Bakı konserti üçün hazırladığı libaslarda çıxması olub. Beləliklə, Auditorium zalındakı konsert zamanı yaranmasının 20 illiyini qeyd edən “SULTAN COUTURE&Co” brendinə məxsus 16 geyimdən ibarət kolleksiya nümayiş etdirilib. Gecə ərzində səhnəyə çıxan müğənnilər həm də “BVLGARI” brendinin zinət əşyalarını təqdim ediblər.
Beləliklə də, konsertdə tamaşaçılar həm gözəl vokal interpretasiyalarının, zəngin repertuarın, həm də cazibədar səhnə geyimləri ilə məşhur zərgərlik brendinin kolleksiyasının şahidi olublar.
Dünən Heydər Əliyev Mərkəzində sərgi də təqdim edilib. Sərgidə Azərbaycan operasının ilk qadın müğənniləri haqqında məlumat verilib.
Qeyd edək ki, tarixini 1908-ci ildən başlayan Azərbaycan operasında qadın ifaçılar xüsusi yer tuturdular. Müsəlman Şərqində ilk dəfə qadın ifaçılar məhz Azərbaycanda teatr səhnəsinə çıxıblar. Sərgidə ilk qadın opera müğənniləri Fatma Muxtarova, Şövkət Məmmədova, Gülxar Həsənova, Sona Aslanova, Sona Mustafayeva, Şərqdə ilk opera yazmış qadın bəstəkar Şəfiqə Axundova haqqında məlumat veriləcək. Azərbaycan operasının qadın ifaçılarının ən məşhur tamaşalardakı səhnə geyimlərində fotoları da sərgilənəcək. Bunların sırasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, Müslüm Maqomayevin “Nərgiz”, Niyazinin “Xosrov və Şirin”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Cüzeppe Verdinin “Traviata”, Reynqold Qliyerin “Şahsənəm”, Jorj Bizenin “Karmen” operalarından fotolar da yer alacaq.
Ziyarətçilər iki tarixi geyim: Həqiqət Rzayevanın “Leyli və Məcnun” operasından Leyli obrazındakı geyimi və Nəzakət Məmmədovanın “Od gəlini” operasından Solmaz obrazındakı geyimini görmək fürsəti də əldə ediblər.
Sərginin daha bir bölməsində isə geyimləri nümayiş olunan Orxan Sultanın 20 il ərzindəki işləri yer alıb.
Daha geniş: növbəti buraxılışlarımızda.
Şəkildə: Orxan Sultan və onun işlərini nümayiş etdirən modellər
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
“Qəzəl saatı”nda Lilpar Cəmşidqızıdır
“Ədəbiyyat və incəsənət” portalının “Qəzəl saatı” rubrikasında bu dəfə sizlərə Sumqayıtda yaşayıb-yaradan Lilpar Cəmşidqızının 2 qəzəlini təqdim edəcəyik.
***
Ey dil, hər aşiqin yenə dərmanı sevgidir,
Hicran görənlərin qəmi, zindanı sevgidir.
Leyla çəkib nə qədri əziyyət bu sevgidən,
Səhra gəzənlərin demə loğmanı sevgidir.
Dəryadə çoxdu canlı, düşünmür bu aləmi,
Ancaq cahanda aşiqin ümmanı sevgidir.
Vardır nə qədri sevgi- məhəbbətlə oynayan,
Həm güldürən, həm öldürən insanı sevgidir.
YaRəb, bağışla Sən məni aləmdə bircə yol,
Düz yolda saxlayan həmi şeytanı, sevgidir.
Həsrət qəmin verəndə nədən bilmədin, Xuda?
Aləmdə hər bir aşiqə cananı sevgidir.
Səntək mənim bu könlümə kimdir de, yol tapan?
Lilparı şair eylədin, ünvanı sevgidir.
***
Bəxti yazan, neyləyim, görmədi hərdən məni,
Bir quru yarpaq kimi saldı nəzərdən məni.
Eylədiyim hər nə var, sirri- Xudadən gəlir,
Kaş, soruşaydın, fələk, bircə nəfərdən məni.
Əllərimi açmışam, mən dilənim bəxtimi,
Sanki əsən bir külək qovdu şəhərdən məni.
Dalğaların qoynuna baş vuracam bir səhər,
Kimsə gəlib sormasın burda Xəzərdən məni.
Qüssə çöküb üstümə, gör necə mən qəmliyəm,
Ver sıxılan könlümü, al bu kədərdən məni.
Fikrü xəyalım gedir görmədiyim yerlərə,
Leyli təkin çöllərə saldı səhərdən məni.
Sözləri mən saf-çürük eyləyirəm hər zaman,
Söylədiyim kəlmələr etdi nələrdən məni.
Tanrı verib ömrümü, çün alacaqdır yenə,
Qoyma gedim, ey fələk, saxla səfərdən məni.
Təbi veribdir Xuda, yazmağı Lilpar bilir,
Kim tanımır, qoy yazım, görsün əsərdən məni.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
“Çox bahadır qiyməti” - Xeyrəddin Qocanın satirik hekayəsi
Yazıçı Xeyrəddin Qocanın satirik “Çox bahadır qiyməti” hekayəsi Gülüş Klubunun bugünkü buraxılışında diqqətinizə çatdırılır.
Çox bahadır qiyməti...
(Nəzirə)
Qonşuya qonaq getmişdim, oturub çaydan-zaddan içib, nərddən-zaddan oynayırdıq. Ev sahibinin arvadı gəldi ki, qardaş, Allahdan gizlin deyil, səndən niyə gizlədək, bəs, həftənin axırında qızımıza elçi gələcək, gəl, sən də iştirak elə. Zəhmət çəkmə, hər tədarükümüzü görmüşük, təkcə sənin iştirak eləməyin bizim üçün şərəfdir. Dedim ay bacı, qonşu deyilik, mütləq gələcəyəm. Təki xeyir iş olsun.
Həftə başa çatdı, elçilər gəldilər. Ayrı-ayrı ölkələrin diplomatları kimi oğlan adamları masanın bir tərəfində, biz də o biri tərəfində oturduq. Bir neçə dəqiqə sükutdan sonra oğlan atası dilləndi ki, bəs "sizdə zər var, bizdə zərgər", "sizdə bağ var, bizdə bağban", "sizdə qaş var, bizdə üzük" və sair və ilaxır. Oğlanın anası da dedi ki, sözün kəsəsi, qızınıza elçi gəlmişik, bir "mübarək" deyin, çıxaq gedək, toya hazırlaşaq.
Qonşumuz, yəni qızın atası söz aldı, görək nə dedi:
- Bacı, nə mübarəkbazlıqdır? Bizim də dostumuz var, düşmənimiz var. İlk dəfədir qapımızı açırsınız. Qoyun, bir götür-qoy edək.
Oğlan atası "biz sizi tələsdirmirik, nə istəyirsiniz deyin, biz də işimizi bilək" sözlərini nəzakətlə ifadə etməyə çalışsa da, alınmadı. Bu dəfə qız anası söz aldı:
- Qızı böyüdüb boya-başa çatdıran mənəm. Gərək başlıq verəsiniz.
- Ay bacı, nə başlıq? İndi on yeddinci əsr deyil ki! - Oğlan anası təəccüb etdi.
- Lap iyirmi ikinci əsr olsun, başlıq verməlisiniz, vəssalam!
Qızın atası onların sözünü kəsdi:
- Mən də qızın fundamental atasıyam. Mənim də öz tələblərim var.
Oğlan atası "buyur" deyən kimi, qız atası başladı, nə başladı:
- Sizi çox bərkə salmayacağam. Qonağım çox olacaq. Nə gətirməlisinizsə bir-bir sayım, siz yazın. On beş qoyun, on kisə qənd, iyirmi yeşik araq, on tay düyü, əlli kiloqram yağ, beş yüz adamlıq balıq, otuz kiloqram kürü, 50 kiloqram fındıq, iyirmi kiloqram çay - yaxşısından olsun - turşməzə Göyçay narı, narşərab da öz yerində. Qırx yeşik "Badamlı", ona uyğun "Koka-kola", "Fanta", iyirmi kiloqram pendir, o qədər də qatıq. Daha nə qaldı? Hə, musiqiçilərin də haqqını siz verməlisiniz.
Aldı qızın anası görək, nə dedi:
- Almaz bilərzik, mirvari boyunbağı, medalyon, saat, üzük də bahalısından olmalıdır. Qaldı pal-paltar məsələsi, onlarsız olmaz. İcra başçılarının, prokurorların, polis rəislərinin, nazirlərin arvadları necə geyinirsə, mənim qızım da elə geyinməlidir. Gözəl-göyçək qızdır, kimdən əskikdir?! Şubası, paltosu, plaşı, ayaqqabıları da bir-birindən gözəl olmalıdır. Yadımızdan çıxan xırda-xuruşları da sonra deyərik.
"Elçilər odlandılar: - Qız almırıq, vəssalam.
Çox bahadır qiyməti, biz almırıq, vəssalam".
O gedən getdilər...
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)