Super User
Nurəddin Mehdixanlıdan əxlaq dərsi
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Nurəddin Mehdixanlıdır.
NURƏDDİN MEHDİXANLI
(1956)
***
Şəkidə “Cavad xan” filminin çəkilişləri gedirdi. Çox yorulmuşdum. Qrupun cavan işçiləri musiqiyə səs verib əylənirdilər. Nə qədər eləsəm də gözümə yuxu getmirdi. Cavanları pərt də eləmək istəmirdim. Axırda yerimdən qalxıb onlara yaxınlaşdım.
– Əla musiqidir, – dedim.
– Hə, Nurəddin müəllim, bu ilin hitlərindəndir.
– Deyirəm, hər şey icad edə bilirlər, nə olardı, bir qurğu da icad edəydilər, adam musiqiyə səs verəydi, amma kim istəmirsə onu eşitməyəydi, hə, nə deyirsiz? Əla olardı, düz demirəm?
Cavanlar bir-birlərinə baxıb, tez musiqini kəsdilər.
“Ədəbiyyat və incəsənət”
(06.03.2022)
Azərbaycanın tanınmış ifaçıları Brüsseldə konsert proqramı ilə çıxış ediblər
Ölkəmizin mədəniyyətinin xarici ölkələrdə tanıdılması məqsədilə Azərbaycanın Belçika Krallığındakı səfirliyi mədəni diplomatiya fəaliyyəti vasitəsilə müxtəlif tədbirlər keçirməyə davam edir.
“Ədəbiyyat və incəsənət”
AzərTAC-a istinadən xəbər verir ki, bu dəfə Brüsselin “Wolubilis” Mədəniyyət Mərkəzində Azərbaycanın Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” qrupunun və Əməkdar artist Emil Əfrasiyabın “Təəssürat” adlı konserti təşkil edilib. Konsertdə virtuoz musiqiçilərimizin ifasında Azərbaycanın rəqs havaları, xalq və bəstəkar mahnıları, dünya bəstəkarlarının tanınmış əsərləri etno-caz üslubunda ifa olunub.
Açılış nitqi ilə çıxış etmiş səfirliyin mədəniyyət məsələləri üzrə məsul əməkdaşı Talehə Həsənli konsertin iştirakçılarını zəngin və müxtəlif Azərbaycan mədəniyyəti, onun əsas istiqamətlərindən biri olan milli musiqimizin bir zamanlar Qobustan daşlarında ifa olunmasından, aşıq havalarına, muğam təsniflərinə, milli klassik musiqi və operalara, müasir estrada və caz janrına qədər keçdiyi yol haqqında bəhs edib.
Konsertdə iştirak etmiş diplomatik korpusun nümayəndələri, Avropa İttifaqının rəsmiləri, Belçikanın dövlət qurumlarının, mədəniyyət, mətbuat və akademik dairələrinin nümayəndələri, Azərbaycan icmasının üzvləri və digərləri tərəfindən musiqiçilərimizin ifası böyük maraqla və alqışlarla qarşılandı. Yerli KİV-lər Ənvər Sadıqov və Emil Əfrasiyabdan müsahibə aldılar.
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
“Özün özünü təriflə!” - Hümbət Həsənoğludan 10 aforizm
Statusman təxəllüsü almış Hümbət Həsənoğlu növbəti 10 aforizmini “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edir.
1)İnsan həyatı şam kimidir, yanan qəlbi, əriyən bədənidir.
2)Öz ağlınla hissinin mübarizəsində tərəfkeşlik etməyi bacarmazsan.
3)Hər dəfə bişmiş toyuğun gülməyinə aşpaz da qoşula bilər.
4)İnsana nəyisə izah etmək istəsən, əvvəl əmin ol ki, bu ona lazımdır.
5)Özün özünü təriflə. Bu məsuliyyətli işi hər kəsə etibar etmək olmaz.
6)Sənin xoşbəxtliyin kimdənsə asılıdırsa, xoşbəxtliyin müvəqqəti olacaq.
7)Qəlbinin cənnət guşəsinə sənə qarşı günah işlədənləri buraxma.
8)Qiyməti olan hər şeydə alverin yeri var.
9)Özümlə dostluğum alınmır, kimsə mane olur.
10)Xoşbəxtlik vaxtla ölçülə bilmir.
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
“Məhəbbət tanqosu” və Opera və Balet Teatrının mart repertuarı
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şənbə və bazar günlərində müvafia olaraq “Kənd namusu”
operasını və “Məhəbbət tanqosu” baletini tamaşaçıların ixtiyarına verdi.
Ümumiyyətlə, teatr bu ay maraqlı səhnə əsərləri ilə tamaşaçıların qarşısına çıxacaq.
Həmişə olduğu kimi, bu dəfə də teatrın repertuarı zəngindir.
Sənət ocağının mart repertuarını təqdim edirik:
8 mart – “Qu gölü” (balet)
11 mart – “Toska” (opera)
12 mart – “Leyli və Məcnun” ( opera)
18 mart – “O olmasın, bu olsun” (musiqili komediya)
19 mart – “Cırtdan” (opera)
26 mart – “Korsar” (balet)
29 mart – “Sevil” (opera)
Şəkildə: “Məhəbbət tanqosu” nümayiş olunur.
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
Sürət, cazibə, plastika
Ölkəmizdə bəbirlər və ceyranlar necə qorunur?
Bəli, bəbirlər barədə danışacağlq. Vəhşi təbiətin bu nisbətən az sayda olan, sürəti, plastikası ilə diqqət çəkən heyvan növü ən elitar heyvan növlərindən hesab edilir. Onu sürət rəmzlərindən biri kimi qəbul edir, müxtəlif şirkət loqolarında əks elətdirir, film, cizgi filmi, klip qəhrəmanı edirlər. Bəs ceyranlar? Onlar isə gözəllik simvollarıdır. Dahi şairimiz Səməd Vurğunun məşhur “Ceyran” şeirini kim əzbər söyləməz ki?
“Ədəbiyyat və incəsənət” portalı 3 gün öncə
bütün dünyada qeyd edilən Ümumdünya Vəhşi Təbiət Günündə bəbirlərin, ceyranların və vəhşi təbiətin digər sakinlərinin Azərbaycandakı yerini və çəkisini müəyyənləşdirməyə çalışdı.
Bildiyimiz kimi, BMT Ümumdünya Vəhşi Təbiət Gününü təqvimə salmaqda bir məqsəd güdür: diqqəti vəhşi heyvan və yabanı bitkilərin mühafizəsinə yönəltmək. Bəs ölkəmizdə bu sarıdan vəziyyət necədir? Dərhal cavablandıraq: qənaətbəxşdir.
Digər ölkələrdə olduğu kimi Azərbaycanda biomüxtəlifliyin, fauna və flora növlərinin qorunması məqsədilə bir sıra uğurlu addımlar atılır.
Burada IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiəti Müdafiə Fondunun (WWF) birgə həyata keçirdikləri reintroduksiya tədbirləri xüsusi qeyd edilməlidir. Təkcə ötən il ölkəmizdə ceyranların, həmçinin bezoar keçilərinin, köfkər və bizonların reintroduksiyası həyata keçirilib. Bu cür layihələrin gələcəkdə də davam etdirilməsi, xüsusilə də azad edilmiş ərazilərdə vaxtilə mövcud olan bir sıra heyvan və balıq növlərinin bərpası nəzərdə tutulub.
Ümumən, Ümumdünya Təbiəti Mühafizə Fondunun dünyanın 100-dən çox ölkəsində nümayəndəliyi var. Hər bir regionda və ölkədəki nümayəndəliyin özünün xüsusi mandatı mövcuddur və həmin nümayəndəliklər o mandat üzrə fəaliyyətlərini qururlar. Fondun Azərbaycan nümayəndəliyinin builki fəaliyyəti 2020-ci ildə Qafqaz regionu üçün təsdiq olunmuş regional Plan üzrə qurulur. Son 20 ildə aparılan layihələrin bəziləri bu ildə də davam etdirilməkdədir.
Biz portal olaraq Ümumdünya Vəhşi Təbiət Günündə WWF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərovun çıxışlarını da izlədik. O qeyd edirdi ki, Fondun Azərbaycanda başladığı ilk layihə bəbirlərin mühafizəsinə yönəlib. Həmin müddət ərzində bəbirlərin yaşadığı ərazilərdə dövlət tərəfindən yeni qorunan ərazilər yaradılıb, mövcudları isə genişləndirilib. Ümumi qorunan bəbir arealı ölkəmizdə bu illər ərzində ən azı 15 dəfə genişlənib. Əvvəllər nadir görünən heyvanlar artıq ölkəmizdə artaraq qonşu ölkələrə də yayılır. Bəbirlərin yaşadığı biotoplarda quraşdırdığımız kameraların vasitəsilə Naxçıvanda 9, Talış dağlarında isə 2 balanın doğulub boya-başa çatdığını müşahidə etmişik.
WWF-in Azərbaycan nümayəndəliyinin rəhbərinin sözlərinə görə, ötən əsrin ortalarında Azərbaycanda az qala nəsli kəsilmiş hesab olunan ceyranların tarixi arealının bərpası üçün atılan addımlar da uğurlu alınıb. Vaxtilə ceyranlar yaşayan ərazilərə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyi ilə əməkdaşlıq şəraitində 300 başdan artıq heyvan buraxılıb. Onlar artaraq dayanıqlı populyasiyalar əmələ gətiriblər. Qonşu Gürcüstana ötürülən ceyranların sayı artaraq 250 başı keçib. Onların yayıldığı əraziləri qorumaq üçün Gürcüstan dövləti hətta yeni yasaqlıq yaradıb. Daha bir uğurlu inkişaf edən layihə də meşə kəllərinin (zubrların) reintroduksiyası ilə bağlıdır. Həmin heyvanlar qədim dövrlərdə Qafqazda geniş yayılsa da, onların nəsli XX əsrin əvvəlində vəhşi təbiətdə tamamilə kəsilib. Son beş ildə Avropa zooparklarından gətirilən heyvanlar Azərbaycanda 7 bala verib və ümumi sayları 41 başa çatıb. Onlar sərbəst olaraq Şahdağ Milli Parkının İsmayıllı bölməsində sərbəst olaraq təbiətə buraxılıblar.
Azərbaycanın azad olmuş ərazilərinin zəngin təbiəti var. Ötən il ölkə başçısının iştirakı ilə Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran buraxılıb. Fondun Qafqaz üzrə son planı Vətən müharibəsindən bir az öncə, hələ işğal dönəmində təsdiq edildiyinə görə, növbəti 5 il üçün həmin ərazilərə Fond tərəfindən fəaliyyət planlaşdırılmayıb. Azad olunmuş ərazilərdə quruculuq işləri davam etdikcə, minalardan təmizləndikcə və həyat oralara qayıtdıqca fondun növbəti fəaliyyət planlarına müvafiq olaraq baxılacaq.
Ötən qış ayları sərt keçmədiyinə görə vəhşi heyvanların həyat tərzində ciddi fəsadlar olmayıb. Nəzərə alsaq ki, meşə kəlləri daha sərt iqlim şəraiti olan ölkələrdən gətirilib, Azərbaycanda onların qışlaması rahat keçib. Həmin heyvanlar əsasən yay dövründə uçan həşəratlardan əziyyət çəkirlər. Ötən illərin təcrübəsindən çıxış edərək yarıqapalı şəraitdə saxlanılan həmin heyvanların yaz gələndə vəhşi təbiətə buraxılması planlaşdırılır. Bu zaman o heyvanlar dağlarda özlərinə küləkvuran, azhəşəratlı ərazilər seçib ilin isti dövrünü oralarda otlayır və bəzi xəstəliklərdən azad olurlar.
Və bir iş də var ki, vəhşi təbiəti qorumaq həm də hər birimizin işidir. Gəlin təbiətin və qanunların ziddinə getməyək.
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
Dünyaşöhrətli “Akcent” qrupu Bakıda konsert verib
Heydər Əliyev Sarayında dünyaşöhrətli “Akcent” qrupunun konserti olub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən pop-musiqi qrupu öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edib.
Dünyaşöhrətli müğənni Adrian Sinanın ifası alqışlarla qarşılanıb.
Qeyd edək ki, “Akcent” qrupu 1999-cu ildə Rumıniyada Adrian Sina tərəfindən yaradılıb. Fərqli vaxtlarda buraxılan mahnı və albomlar tez bir zamanda hitlərə çevrilərək qrupa nəinki Rumıniyada, bütün dünyada böyük uğur gətirib.
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
Qadın rolunu ifa etmək üçün bığını qırxdırdı və…
Dünən aktyor Hüseyn Ərəblinskinin anım günüydü
Sovetlər dövründən Sumqayıt Dram Teatrının Hüseyn Ərəblinskinin adına olması bu adın bizim zehnimizdə qalmaaına xidmət edirdi. Və təbii ki, adı ilk dəfə eşitcək, hər kəs onun kimliyiylə, teatrla nə dərəcədə bağlılığıyla maraqlanırdı.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri Hüseyn Ərəblinskinin martın 5-i anım günü idi.
1881-ci ildə Bakı şəhərində doğulan Hüseyn Ərəblinski ilk təhsilini mollaxanada alıb. Gələcəyin görkəmli aktyoru maddi çətinliklə əlaqədar məktəbi buraxmağa məcbur olub. Yoxsul uşaqların məktəbə götürülməsinə şərait yaradan Həbib bəy Mahmudbəyov gənc Hüseynin də özünün müəllim işlədiyi “Üçüncü rus-tatar” məktəbinə qəbul edilməsinə yardım edib. Hüseyn Ərəblinskinin teatr sənətinə gəlişinin səbəbkarı məhz Həbib bəy olub. O, Cahangir Zeynalovla birgə Mirzə Fətəli Axundzadənin əsərlərindən birini tamaşaya qoymaq istəyərkən epizodik rollar üçün aktyor tapmır və bu işə Hüseyn də daxil olmaqla öz şagirdlərini cəlb edir.
1897-ci ildən 1900-cu ilədək yalnız kiçik rollarda çıxış edən Hüseynin teatrdakı uğurları 1903-1904-cü illərdə yaradılan Müsəlman Artistləri Cəmiyyəti ilə sıx bağlıdır. Belə ki, 1905-ci ildə Lənkərana qastrol zamanı “Müsibəti-Fəxrəddin” tamaşasında əsas rolu oynayacaq aktyor qəflətən xəstələnir. Məcburiyyət qarşısında qalan truppa rəhbərliyi bu rolu Hüseynə tapşırır. Bu rolu böyük məharətlə oynayan Hüseyn Ərəblinski çox keçmədən istedadlı aktyor kimi tanınmağa başlayır. Sonradan “Nicat” Teatr Cəmiyyətində baş rejissor kimi fəaliyyət göstərir və teatr mühitində bir sıra yeniliklərə imza atır. O, əldə bilet satmağı, qapı-qapı gəzib tamaşaçı toplamağı qadağan edir. Aktyorlara məvacib müəyyənləşdirir, mövhumatı təbliğ edən əsərləri repertuardan çıxarır. Bir çox dünya klassiklərinin, eləcə də rus dramaturqlarının əsərlərini ilk dəfə Azərbaycan səhnəsinə gətirən məhz Hüseyn Ərəblinski olur.
Həmin dövrlərdə qadınların teatrda çıxış etməsi qeyri-mümkün olduğundan qadın rollarını kişilər oynayırdılar. Qadın rolunda çıxış etmək üçün bığını qırxdıran Hüseynin ailəsi ilə münasibəti bir qədər də gərginləşir. Səhnəni hər şeydən üstün tutan, həyatının mənasını bunda görən Hüseyn Ərəblinski öz xatirələrində yazırdı:
“Səhnə müqəddəsdir, ona layiq olmaq üçün aktyor ciddi bir əxlaq sahibi olmalıdır. Heç bir hərəkəti və sözü ikrah doğurmamalıdır.
Bazarlarda dolaşmaq, çayxanalarda və meyxanalarda əyləşib zarafatlaşmaq, səliqəsiz geyinmək, özgəsinə boyun əymək və sair kimi hərəkətlər aktyorun təbiətinə, vəzifəsinə və məsləkinə tamamilə ziddir. Həyatda yüngül və şərəfsiz tanınan aktyor heç bir zaman səhnədə tamaşaçını inandıra bilməz. Tamaşaçı həmişə aktyora qarşı ehtiram və hörmət hissi bəsləməli, onu axtarmalı və ona rast gələrkən sevinməlidir”.
Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar”ında Qacar, Lanskoyun “Qəzavət”ində Əhməd bəy Şamxal, Qoqolun “Müəffətiş”ində Xlestakov, Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərində Fəxrəddin, Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasında Heydər bəy, Şillerin “Qaçaqlar”ında Frans, Şekspirin “Otello”sunda Otello obrazları Hüseyn Ərəblinskinin ən uğurlu rolları sırasındadır.
Hüseyn Ərəblinski 1919-cu ilin martında qətlə yetirilib. Sovet dönəmində Ərəblinskinin ölümü ilə müxtəlif fikirlər səslənsə də, tarixi sənədlər göstərir ki, onu dayısı oğlu Əbdülxalıq qətlə yetirib. Ərəblinski sənətinə həqarətlə baxan Əbdülxalıq qeyri-müəyyən bir mübahisə üstündə bu addımı atıb. Sənətkarın məzarı Bakıdakı Fəxri xiyabandadır.
Ölümündən 104 il ötməsinə baxmayaraq, görkəmli sənətkar hər zaman böyük hörmət və ehtiramla xatırlanır.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
Ceyhun Mirzəyev və Elçin Həmidov
Şənbə və bazar günlərində iki tanınmış aktyorun dünyadan köçmələrinin ildönümü idi. “Ədəbiyyat və incəsənət” xəbər verir ki, onlardan biri “Ögey ana” və “Fəryad”la, digəri “Bakılı oğlanlar” ŞHK klubu ilə adlarını mədəniyyət tarixinə yazıblar.
Ceyhun Mirzəyev
Onun vəfatından 30 il ötməsinə baxmayaraq yaratdığı bənzərsiz rollar bu gün də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır.
Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki “Görüş” filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə “Ögey ana”ya dəvət almışdı.
“Ögey ana” filmindən sonra sənətdə Ceyhuna “yaşıl işıq” yanır, “Əsl dost”, “Matteo falkone”, “Qara qağayı”, “Yenilməz batalyon”, “Qanun naminə”, “Dəli Kür”, “Bakıda küləklər əsir”, “Yol əhvalatı”, “Qanlı zəmi” və “Lətifə” də daxil olmaqla ümumilikdə 25-ə qədər filmdə müxtəlif obrazlar yaradır.
Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Müxtəlif vaxtlarda assistent, rejissor köməkçisi, rejissor və aktyor kimi fəaliyyət göstərib. “Mozalan” satirik kinojurnalı üçün süjetlər çəkib. “Mozalan”ın bədii rəhbəri olub. Ceyhun Mirzəyev həm də parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta “Mozalan”ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.
Ceyhun Mirzəyevin son filmi “Fəryad” olub, lakin bu filmin premyerasında iştirak etmək ona qismət olmayıb. O, “Fəryad” filmini təkcə film kimi çəkmədi, faciənin dəhşətini hiss edə-edə xalqın, vətənin dərdini çəkdi. Özünə əziyyət verirdi, çox sarsılırdı. Çəkilişlər Goranboyda aparılırdı. Qayıdandan sonra aldığı qonorarı qəpiyinəcən Xocalı qaçqınlarına paylamışdı. Yoldaşları danışırdılar ki, çəkilişlərdə ürək dərmanlarının hesabına özünü saxlayırdı. Özü də epizodlarda texnikanın da təbii olmasına çalışırdı, insanların da. Ermənilərin onun qəhrəmanını döyməsi kadrları çəkiləndə təkid edirmiş ki, əməlli-başlı döyün, yalandan görüntü yaratmayın.
Tanınmış aktyor 1993-cü il martın 5-də vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.
Elçin Həmidov
Elçin Qəzənfər oğlu Həmidov 1958-ci ilin iyunun 29-da Bakıda anadan olub. Uşaq yaşlarından əvvəl atasını, sonra isə anasını itirən Elçini və bacı-qardaşlarını əmisi himayəyə götürüb. Əmisinin evində də ağır günlər yaşayan Elçinin əvvəl bacısı, sonra isə qardaşları dünyasını dəyişib.
Elçin Həmidov 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti kimi çalışıb. 1977-1981-ci illərdə İncəsənət İnstitutunun “Dram-kino aktyoru” fakültəsində Ali təhsil alıb.
1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalisti olub. Məlahətli səsə və məharətli aktyorluq bacarığına malik olan Elçin, klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaradıb.
“Olmadı elə, oldu belə”də “Gülüstan”, “Boşanaq, evlənərik”də “İkram”, “Qarğa məndə qoz var”da “Zərzibonskaya”, “Qızıl gül”də “Azay”, “Beş manatlıq gəlin”də “Nadir”, “O olmasın, bu olsun”da “Rza bəy”, “Talelər qovuşanda”da “Totuş”, “Ər və arvad”da “Kəblə Qubad” rolları ilə tamaşaçıların ürəyini fəth edib.
Elçin Həmidov bariton və soprano səsə malik olub. Tanınmış sənətçiləri parodiya etməyi isə başqa bir aləm idi. Onda qadın və kişi rolları çox koloritli alınırdı. Bu mənada Elçin bənzərsiz aktyor idi. İlhamə Quliyevanı necə parodiya etməsi yadınızda olar yəqin.
Onun parodiyalarını uşaqdan böyüyə hər kəs çox sevərək izləyirdi. İstedadlı aktyor, həmçinin “Planet Parni iz Baku” şən və hazırcavablar klubunun əsas simalarından biri idi.
Elçin bu teatrda gözəl obrazlar yaradıb. O cümlədən “Məhəllə 1” və “Məhəllə 2” filmlərində canlandırdığı “Məzi” obrazı gülməli olmaqla bərabər, həm də düşündürücüdür. Bundan başqa Elçin Həmidov televiziya verilişlərində də aparıcılıq edib. Onun “Tez bazar”, eləcə də mətbəx verilişləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Onun son obrazı Nikolay Vasilyeviç Qoqolun “Evlənmə” komediyasında “Yaiçnitsa”dır.
2011-ci il martın məhz bu günü aktyor 52 yaşında qəfildən dünyasını dəyişib. Elçin Həmidov Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.
Hər ikisinin ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
“Simic.” – Zaur Ərmuğanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Nəsr vaxtıdır, Zaur Ərmuğanın “Simic” hekayəsi ilə tanışlıqdır.
NƏSR
Zaur ƏRMUĞAN
SİMİC
Zaur Ərmuğan 1979-cu ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 2006-cı ildən dövrü mətbuatda çap olunur. Bir sıra qəzet və jurnallarda, almanax, antologiya və məcmuələrdə, internet saytlarında, elektron dərgilərdə, ədəbi portallarda şeir, hekayə və bir çox publisistik yazıları ilə çıxışlar edir. "Günəş ömrü istəyirəm" adlı şeirlər kitabının müəllifidir. Dünya Gənc Türk Yazarlar Birliyinin Fəxri fərmanı ilə təltif olunub. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Bizim tərəflərdə Çopur Mürvəti tanımayan yoxdur. Mən də onu tanıyırdım. Tanıyırdım bir kənd adamı kimi, tanıyırdım bir ağsaqqal kimi. Tanıyırdım elə Çopur kimi. Daha onun bu qədər simic olduğunu ağlıma belə gətirə bilməzdim. Çoxdanın söhbətidir. Danışım, qulaq asın: "Onda uşaq idim. Olardım haradasa doqquz-on yaşlarında. Bağımızda tut ağacı yox idi. Məhəlləmizdə isə ən yaxşı tut Çopur Mürvətin həyətində olardı. Baş barmaq yoğunluğunda qapqara tut deyirəm sənə, dadı bal. Bir gün bizə qonaq gələn bibim oğlu ilə istədik ki, çıxaq məhəlləyə. Elə də etdik. Bir az gəzib-dolandıq, yadımıza tut düşdü. Bibioğlum məndən bir-iki yaş kiçik olardı. Onlar şəhərdə yaşadığı üçün hər il yayda kəndə qonaq gələrdilər. Bəlkə, bir aya kimi qohum-əqrəba evində qonaq qalardılar. Bir həftə bizdə, üç-dörd gün əmimgildə, bir başqasında beş gün, o birisində də nə qədər lazımdırsa, qalıb ayı başa vurardılar. İndi isə bibim oğlunu tuta qonaq etmək istəyirdim. Bunun üçün qürrələnirdim də. Deyəndə ki Mürvət dayıgilin bağına gedirik, bibioğlu çox sevindi. Həyətə girəndə Çopuru evin qabağındakı köhnə işıq dirəyinə qoyulmuş nərdivanın yuxarı pillələri üzərində gördük. Əllərinə əlcək geyinmişdi, uzun bir məftili kəlbətinlə elektrik naqilinə bərkidirdi. Bizi görcək əlini işdən ayırdı, şişkin gözləri ilə məni də, bibim oğlunu da təpədən-dırnağa süzməyə başladı. Sonra çənəsini qaldırıb bir gözünü əydi, qaşları tərpəndi, yəni ki, nə lazımdır? Salamlaşıb, utana-utana gəlişimizin məqsədini söylədik. Pul kimi qızarmışdım:
– Tut yemək olar?
Kişi o dəqiqə ciddiləşdi.
– Tut? Nə tut?
Lap çaşıb qaldıq. Bir-birimizə baxıb, sonra ikimiz də eyni anda kişiyə sarı boylandıq. Özümdə güc tapıb dedim:
– Yetişib e...
Çopurun sifəti indi başqa cür dəyişdi. Çopurların sayı üzündə artdı elə bil. Sifətini turşutdu. Qəribə nəzərlərlə üzünü bir tut ağacına, bir də bizə tutdu. Başını bir böyrü üstə döndərib dedi:
– Yox, ay bala, tut hələ yetişməyib. Yetişəndə xəbər göndərərəm. Aşağıdan baxanda elə görünür, nərdivandan mən baxıram, heç ağacda tut-zad görmürəm. Sizi günün şüası aldadır, bala, gözünüzün qabağı qaranlıq çalır, ona görə yerdən baxanda tut qara görünür.
Bir söz demədik. Mən təəccüblə üzümü yana tutub bibioğluya baxanda gördüm ki, o da mənim kimi mat-məəttəl qalıb. Pərt oldum. İkimiz də suyu süzülə-süzülə qapıdan çölə çıxdıq. Həyətimizə girəndə evin yan tərəfindəki kölgəlikdə köhnə kilimin üstündə bardaş qurub yun didən anamın qəfil sualı elə bil mənə od vurdu:
– Tut yeyə bildiniz, bala?
Tuta gedəcəyimizi bibioğlum demişdi anama, özümüzə yox, arvada lap yazığım gəldi. Dedim:
– Hə, yedik! Qarnımıza sancı düşənəcən!
Evin o biri tərəfinə keçəndə anamın arxamızca dediyi sözləri axırıncı kəlməsinə kimi eşitdim:
– Bıy! Ay bala, elə yeməzlər axı! Qarınağrısına düşəndə yaxşı olacaq?
Biz bir-birimizə baxıb gülüşdük. Elə bilirəm, üstündən neçə vaxt keçməsinə baxmayaraq, bu əhvalat bibim oğlunun da yadından çıxmaz." Qoy bunu da deyim: "Bir dəfə yenə uşaqlarla birlikdə Çopur Mürvətin bağındaydıq: üst-üstə qalaqlanmış odunları daşımaqda ona kömək edirdik. Dedik, əlimizə bulaşmayacaq ki, gedək, kişiyə kömək edək, yaşlı adamdır. Ürəyindən oldu. İşimizi qurtarıb geri dönürdük ki, Çopur əlini aşağıya əyilmiş budaqlara atıb qara şanıdan bir gilə dərdi, dilinin üstünə qoydu. Ağzımız sulandı. Salxımlar elə şirələnmişdi ki, üzüm talvarındakı arı pətəklərini gözlərimizlə gördük. Kişinin giləni ağzına aparmağıyla üz-gözünü turşutmağı bir oldu. Bir gözünü bic-bic qıyıb o birisini elə bərəltdi. Sonra dərindən udqunub dedi:
– Turşdu ee...
Axı biz ondan üzüm istəmirdik.
İndi taleyin işinə bax. Sən demə, gün gələcəkmiş, Çopur Mürvətin evi, o həyət-baca mənə qismət olacaqmış. Çopur öləndən sonra kənddə qalmaq istəməyən oğlu Bədəl evi satışa qoymuşdu. Mənə də ev lazım idi, təzə evlənmişdim, odur ki, gərək ev tapaydım. Qabaqlar kənddə oğul-uşaq çox olardı ailələrdə. Bizdə də məndən başqa, səkkiz uşaq vardı: üç bacım, beş qardaşım. Evin böyük övladı mən idim, balaca birmərtəbəli evimiz vardı, böyründə də aşxana. Bizim tərəflərdə adətdir, aşxananın üzü gərək evə sarı düşsün. Bura elə yerdir ki, bişir-düşür burda, yır-yığış elə burda, bir də axşam düşəndə yatmağa qalx evə. Bacı-qardaşlarımdan boyu uzanan da var idi, əl-ayaq altında qalıb dolaşan da. Dedim, daha evlənmişəm, indi ki mənim də ailəm var, gərək başıma bir çarə qılam. Nə edim, nə etməyim? Onda gördüm ki, Çopurun oğlu ev satır. Pul əldə edib, aldım evi. İndi burda yaşayıram. Çox şeyləri dəyişmişəm, evə, həyət-bacaya yeni görkəm vermişəm. Uşaq vaxtı bax bu qapının ağzından keçəndə Çopur Mürvətin insafdan, mürvətdən əsər-əlaməti olmayan simicliyi gəlib durardı gözlərimin qabağında. Acığım gələrdi bu qapıdan. Ürəyimdə deyərdim: "Simic qapısı!" Bu yeri alandan sonra elə birinci qapını təzələdim. Bu qapının da simicliyi Çopurla bir getdi.
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
Əfsanəvi “Qu gölü” baleti 8 martda yenidən səhnədə
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində P.Çaykovskinin “Qu gölü” baleti nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, martın 8-də təqdim olunacaq balet uzun illərdir Opera və Balet Teatrının repertuarındadır.
Tamaşaçılar bu səhnə əsərini hər dəfə fərqli ifalarda görürlər. Bu dəfə səhnə əsərində əsas rolları Rusiyanın Mariinski Teatrının aparıcı solistləri Nadejda Batoyeva və Flipp Styopin ifa edəcək.
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)