Super User

Super User

Hər il martın 27-də dünya ictimaiyyəti incəsənətin “atası” hesab edilən, zəngin ilham mənbələrini və konstruktiv mədəniyyətlərarası və sivilizasiyalararası münasibətləri təşviq edən teatrların problemlərinə diqqəti cəlb etmək məqsədi daşıyan Beynəlxalq Teatr Gününü qeyd edir. 

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) teatrların inkişafına yönəlmiş təşəbbüslər vasitəsilə incəsənətin bu vacib növünü dəstəkləmək öhdəliyini bir daha bəyan etmək məqsədilə üzv dövlətlərə müraciət edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı təşkilatın baş ofisindən məlumat alan AzərTAC-a istinadən xəbər verir ki, bəyanatda teatrın milli mənsubiyyət və vətəndaşlıq, inklüzivlik və komanda ruhu, dialoq və digər mədəniyyətlərə açıqlıq dəyərlərini əks etdirən qeyri-maddi və sivilizasiya irsinin bir hissəsi olduğu vurğulanıb. Təşkilat bu kontekstdə dövlətləri və vətəndaş cəmiyyətlərini müasir texnologiyanın yaratdığı çoxsaylı platformalardan faydalanmaq yolu ilə hazırda böyük rəqabətlə və bir çox problemlərlə üzləşən teatr sənətinin davamlılığını təmin etmək istiqamətində birgə səylər göstərməyə çağırıb. 

Bəyanatda qeyd olunub: “Ümumilikdə, incəsənətə və xüsusən də teatra olan böyük marağın bir hissəsi olaraq, ICESCO bir neçə akademik əsər nəşr etdirib və bu sənətin üzv dövlətlərdə mövcudluğunu gücləndirməyə kömək etmək üçün silsilə simpozium və təlim sessiyaları təşkil edib. Teatrları dəstəkləmək məqsədilə bu ilin fevralında Komor adalarında ərəb ölkələrinin teatr festivalı təşkil edilib. 

ICESCO Beynəlxalq Teatr Günü münasibətlə üzv dövlətləri teatrı təbliğ etmək üçün gənc nəslin istedad və bacarığından istifadə etməyə, bu sənət ocaqlarına davamlı dəstək göstərməyə çağırır. Biz, həmçinin teatr və sənətçilərə maddi-texniki və maliyyə dəstəyi göstərməyi, onların hüquqlarını, xüsusən əqli mülkiyyət hüquqlarını qorumağı, teatr sənəti ilə təhsil mədəniyyəti arasında bir-birini tamamlayan əlaqələri təşviq etməyi tövsiyə edirik. Eyni zamanda, təşkilat xüsusi qayğıya ehtiyacı olan insanların teatr səhnəsinə inteqrasiyasına, ictimaiyyətin birliyini gücləndirmək üçün teatrdan istifadəyə və ən son texnologiyalar əsasında arxivləşdirmə yolu ilə teatr əsərlərinin qorunmasına çağırır”.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Esse vaxtıdır, Qulu Ağsəsin essesi ilə tanışlıqdır.

 

 

 

 

ESSE

 

Qulu AĞSƏS

 

 

CƏBRAYILOĞLU ETİBAR

 

 

Apostrofun ahıl, Cəbrayıloğlunun sütül vaxtlarıydı.

Biz o illərdə tanış olduq. Gündüz çörəkpulu qazanıb, gecə mağazadakı basabasda çörək ala bilmədiyimiz illər... 

Eynəkli adamlara tez qanım qaynayır, asan dil tapdıq haqq üçünə o üzdən, amma ad-familiyasının – özü kimi – uzunluğu ürəyimi üzdü. Xoşbəxtlikdən yazanda mətləbi çürütmür, bir az da tez götürür ocağın üstündən yazını...

Ariflər dərdini təbəssümüylə örtər –  Şəms Təbrizi belə anladır. Onun örtüyü çəkildiyi köşədi.

Yazdığı yox ha, çəkildiyi köşə!

O "nə" sualına cavab verən hər şeyə qıraqdan baxır:

paltarlara,

maşınlara,

evlərə,

adlara...

Amma canlılara yox. İt onun üçün "nə" sualına deyil, "kim" sualına cavab verir.

         – Kim?

         – ...

Qoy zəng edib itinin adını özündən soruşum. Açmır. Hardasa yas yerindədi yəqin. Adam bircə səhər evdə tikə dadır. Günorta Təzəpirdə, axşam toy – ad günü – təqdimat – nəgəldidə...

Pandemiya vaxtı ancaq itsaxlayanları çölə buraxırdılar. Onun da dedim axı –  bir iti var, biz evdən çıxmayanda o küçüyü də böyrünə salıb...

Zəng elədi:

         – Salam, xeyir ola, indi gördüm zəngini.

         – İtinin adını soruşacaqdım.

         – Müsahibə istəyirlər ondan? Ceysi! De, adın düz yazsınlar: Cey-si!

...həyətdə var-gəl eləyirdi. Biz də balkondan baxıb ona, ondan da çox Ceysiyə (görən düz yazdım itin adını?) həsəd aparırdıq. O çox hündürdü, it çox alçaq. Ya özü gödəlməlidi, ya da Ceysi (deyəsən, düz yazdım itin adını!) uzanmalıdı. Bu düşüncəylə ondan heyfimizi alırdıq. Harda? Əlbəttə ki, balkonda...

Cəbrayıloğlu qələmi iti olanlardandı. Onun satirasına qılıncının dalı-qabağı kəsənlər tuş gəlir. Elə ki qılıncları pas tutdu, Etibar onlara dəyib-dolaşmır. O hələ bir yol vəzifədən çıxanın dalınca qələm çalmayıb!

Yazıya elə burdaca nöqtə qoymaq olardı.

Olmur.

Çünki bir də var qələmi itin olanlar... Onlara indi söydükləri eks-məmurdan bir vaxt zəng gələndə yeddi gün döşəklərini gün qurutmurdu...

İlqar Musayeviçin cari zarafatı vardı 2003-cü ildə. Deyirdi, apostrof ləğv olunandan bir çox yoldaşların adları yüngülləşib sanki. Etibar elə deyil. O vaxt da, indi də oxuduğum ağır imzalardandı. Bunu 55 yaşında da deməyib, nə vaxt deyəsiyəm?..

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)        

Aprelin 13-də Heydər Əliyev Mərkəzində türk rəssam Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisi açılacaq. 

 

Devrim Erbilin əsərləri Türkiyənin və dünyanın bir çox muzey və kolleksiyalarında yer alıb, bu günədək yüzlərlə sərgisi açılıb. 

Türkiyənin rəsm sənətinin məşhur simalarından olan D.Erbilin İstanbula həsr edilən əsərləri dünyaca məşhurdur. Mərkəzdəki sərgisində isə müəllifin həm də Bakıya həsr edilən əsərləri ilk dəfə nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

Вторник, 28 Март 2023 10:15

Uinston Çörçillin aforizmləri

 “Ədəbiyyat və incəsənət” “Qısa fikirlər xəzinəsi” rubrikasında bu dəfə sizlərə dahi İngiltərə siyasətçisi Uinston Çörçillin aforizmlərini təqdim edir:

 

 

“Dünən” ilə “bu gün” arasında dava düşən zaman itirən “sabah” olur.

 

***

Həqiqət əyin-başını geyinənəcən yalan düzü-dünyanı dolanar.

 

***

Bütün möhtəşəm şeylər sadədir və bəzən bircə sözlə ifadə oluna bilir: azadlıq, şərəf, borc, mərhəmət, ümid...

 

***

Cəhənnəmin ortasından keçirsinizsə, dayanmayıb yolunuza davam edin.

 

***

Yolunuz üzərində hürən hər itə daş atmaqla təyinat nöqtənizə heç vaxt çata bilməzsiniz.

 

Toplayanı, tərcümə və tərtib edəni: C.M.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

 

 

Mayın 26-da Heydər Əliyev Mərkəzinin səhnəsində “Qremmi” mükafatı laureatı, pianoçu Mixail Pletnyov çıxış edəcək. 

 

İki hissədən ibarət konsertdə həmçinin Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəylı adına Azərbaycan Dövlət Simfonik Orkestri tamaşaçılar qarşısında olacaq.

Gecədə bu il dünyada 150 illik yubileyi qeyd olunan Sergey Raxmaninovun əsərləri səslənəcək.

Qeyd edək ki, dünyaca məşhur rusiyalı pianoçu, bəstəkar və dirijor Mixail Pletnyov dövrünün nüfuzlu musiqiçilərindən biridir. O, 16 yaşındaykən Parisdə gənclərin beynəlxalq fortepiano müsabiqəsinin laureatı olsa da, geniş musiqi auditoriyasına 1978-ci ildən – Çaykovski adına beynəlxalq müsabiqənin qalibi olduqdan sonra tanınmağa başlayıb. Musiqiçi Avropanın və Amerikanın məşhur orkestrləri ilə müxtəlif ölkələrdə solo konsertlərlə çıxış edib. Mixail Pletnyov həm də Pyotr Çaykovskinin əsərlərinin dünyada ən yaxşı interpretasiyalarını təqdim edən musiqiçilərdəndir.

1980-ci ildə isə Pletnyovun dirijor kimi debütü olub. 1990-cı ildə pianoçu Rusiya tarixində ilk müstəqil orkestri – Rusiya Milli Orkestrini yaradıb və həmin orkestr Pletnyovun rəhbərliyi ilə dünyanın nüfuzlu musiqi kollektivləri siyahısında yer alıb.

Biletlər gələn ay satışa çıxarılacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

Вторник, 28 Март 2023 09:30

Mən necə başladım?

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim etməkdədir. Bu dəfə o, öz uğur düsturunun başlanğıcını şərh edəcək.

                               

Yeniyetməliyim 80-ci illərin sonlarına, 90-cı illərin əvvəllərinə – SSRİ-nin son dönəmlərinə, gəncliyim isə müstəqilliyin ilk illərinə təsadüf edib. Ölkə tarixinin ən ziddiyyətli, ən qarmaqarışıq illəri dünyagörüşüm tam formalaşan vaxtlarda nümayiş və mitinqlər, xaos və anarxiya, güllə səsləri və qan gölməçələri, ərzaq qıtlığı, uzun-uzadı çörək növbələri ilə yaddaşımda çalın-çarpaz izlər buraxıb. O dövrlər həyat rəngləri qara və boz, simalar tutqun və ümidsiz idi. Amma biz – yeniyetmələr və gənclər daxili təlatümlər keçirir, hər şeyin tezliklə lap yaxşı olacağına hədsiz inam duyurduq.

Uşaqlıqda qəribəliklərim çox olub. Amma bu qəribəliklərimin hamısının bir ucu mənim hər şeydə birinci olmaq istəyimdə dirənib.

Qubada – doğulub ilk addımlarımı atdığım məkanda keçirdiyim uşaqlığımda da, sonradan Bakıya köçüb keçirdiyim yeniyetməlik və gəncliyimdə də nədənsə həmişə özümü bozumtul-qaralı həyat palitrasında köklü dəyişikliklər edə biləcək möcüzəli rəsam kimi hiss etmişəm. Həmişə mənə elə gəlib ki, al-əlvan rənglər lap yaxındadır, əl uzatsam, onları tuta biləcəyəm.

Öncə kitablara, biliyə hədsiz maraq göstərməyə başladım. Elm xadimləri, professorlar nəslindən çıxmaq az iş deyil. Butun söhbətlər elm barədədir, ətrafın kitab qalaqlarıdar.

Uşaq ikən Qubanın tarixi yerlərini gəzmək, eləcə də ən mənzərəli yerlərində olmaq, təbiətin yaratdığı gözəlliklərlə təmas qurmağa da böyük marağım var idi.

Düşünürəm, necə ki, kitablarla tanışlıq insanın kamilləşməsinə, özünü ifadə etməsinə kömək edir, eləcə də tarixi abidələrlə, təbiətlə tanışlıq insanın mükəmməl biri kimi formalaşmasında əvəzsiz rol oynayır.

Bakıda 151 saylı məktəbdə oxuduqda yeni bir maraq dairəm formalaşdı: şahmat. İş ondadır ki, həmin məktəbdə şahmat üzrə dünya çempionu Harri Kasparov da oxumuşdu, məktəbdə uzun illərdən bəri gəlmiş bir şahmat ənənəsi var idi.

Şahmatda Elmar Məhərrəmov kimi çox məşhur bir məşqçinin yetirməsi olaraq xeyli uğur qazandım, ustalığa namizədliyədək irəlilədim.

9-cu sinifdə oxuyanda isə gözlənilmədən biznesə, idarəçiliyə atılmalı oldum. Bəli, bəli, məhz 9-cü sinifdə oxuyanda. Belə erkən vaxtlarda mənim biznesə atılmağımı zəruri edən səbəblər var idi, özü də bu səbəblər kifayət qədər güclü səbəblər idi.

Atam kimyaçı alim idi, elmi-tədqiqat institutunda çalışırdı. Mixail Qorbaçovun perestroyka siyasəti başlayanda bütün SSRİ-də olduğu kimi Azərbaycanda da kooperativlər, kiçik müəssisələr yaratmaq dəbi düşdü. Ölkə xaos və anarxiyaya sürüklənəndə, elmi işçinin qazandığı kiçik əməkhaqqı ilə ailə dolandırmağın çətin olması Damokl qılıncı kimi sallananda atam işdən çıxdı, tikiş sexi yaratdı. Həmin sex fəaliyyəti iflic vəziyyətinə düşmüş «Azərbaycanfilm» kinostudiyasında yer icarələdi. Qısa müddətdə sex böyük iş həcmi və dövriyyə qazana bildi, bir ucdan idarə və müəssisələr, hərbi hissələr üçün yataq ağları tikilib göndərilirdi.

Atam mənimçün əsl məktəb olub. Mənə də, digər iki qardaşıma da. Alimliyi ilə yanaşı o, gözəl rəssam, diş həkimi idi. Gözəl memarlıq qabiliyyəti vardı, tarda çox gözəl ifa edə bilirdi. Hansı işə əl qoyurdusa, o işdə mütləq uğurlu nəticə əldə edə bilirdi. Mən ona bənzəməyə çalışır, bəzən hətta onu təqlid də edirdim.

İndiyədək heç vaxt məşğul olmadığı bir sahəyə üz tutmasının, orada çox qısa müddətdə böyük nəticələr əldə etməsinin sirri, şübhəsiz, onun uğur düsturunu mükəmməl bilməsində, fitri liderlik istedadında idi.

Müəyyən vaxtdan sonra atam digər işləri ilə əlaqədar bütün gününü sexdə keçirib iş prosesinə, işçilərə nəzarət edə bilmədiyindən işdə nöqsanlar yaranmağa başladı. Sexdə qadınlar işləyirdi, ölkədə vəziyyət acınacaqlı olduğundan bəzi qadınlar həm xammaldan, həm hazır məhsuldan oğurlayırdılar, icazələr, iş buraxmalar get-gedə artırdı, nizam-intizam da axsamağa başlamışdı. Belə olduqda, evin böyük uşağı olduğum üçün mənim dərslərdən sonra sexə gedib iş prosesinə nəzarət etməyimə lüzum yarandı. Və mən 16 yaşımda ikən beləcə əmək fəaliyyətinə başladım.

Amma bu fəaliyyət, sadəcə sexdə görünməyimlə işçiləri əliəyrilikdən çəkindirməkdən ibarət olmadı. Mən dərhal bu prosesə adaptasiya oluna bildim, həm işçilərə nəzarət edir, həm də iş prosesini öyrənir, dərinlikləri bilmək istəyirdim. Tezliklə, parça itkisinə yol verməmək, braklardan yaxa qurtarmaq, daha mükəmməl nəticə üçün birqat tikişdən ikiqat tikişə keçmək kimi yeniliklər tətbiq etdim, az müddətdə oğurluq halları, itkilər sıfır hədlinə çatdı, sərt nizam-intizam yarandı, məhsuldarlıq 2-3 dəfə artdı.

Bu tikiş sexində mən həm hələ rüşeym şəklində, kortəbii olan uğur qazanmaq formulamı, həm də liderlik konsepsiyamı xeyli təkmilləşdirə bildim, çox şeylər öyrəndim, çox mükəmməlləşdim.

İlk müstəqil biznes təcrübəm isə 1993-cü ilin yayına təsadüf etdi. O vaxt artıq tələbə idim, dörd məktəb dostu birləşib zəruri xərclərimizi ödəmək üçün nəsə bir vasitə tapmaq barədə düşünürdük. 17-18 yaşlı gənclərdə ideyalar çox bol olur, arzular çox güclü olur. Bu ideyaları həyata keçirməyə əzm də, qətiyyət də yüksək olur.

Düşünüb dondurma biznesinə başlamaq barədə qərar çıxardıq. Bakının tam mərkəzində, əhalinin ən gür olan yerində – Səməd Vurğun bağı ilə 28 may küçəsinin kəsişdiyi yerdə lövbər saldıq, göy rəngdə rənglədiyimiz, içi soyuducu bazadan nisyə götürduyumuz dondurma və buzla dolu olan taxta yeşiyimizi qoyub alverə başladıq. İki taxtalı «Tviks», bir də kağız stəkanda plombir satırdıq, insanlar əsl növbə yaradaraq bizdən dondurma alırdı. Yeşik yarıyadək böşalanda növbə ilə bazaya yollanıb yeni dondurma partiyası gətirirdik ki, alverimiz kəsilməsin. Bir sutkaya 200 Amerika dollarının ekvivalentini qazanırdıq, bu çox böyük pullar idi, özümüzü böük biznesmenlər hesab edirdik.

İlk biznes təcrübəsinin belə uğurlu alınmasında 3 faktor əsas rol oynayırdı:

 - biz əhalinin yay vaxtı ən çox təlabatı olduğu əmtəəni satırdıq;

 - biz həmin əmtəəni rəqiblərə baxmış bir qədər ucuz qiymətə satırdıq;

 - biz həmin əmtəəni əhalinin ən gür olduğu, potensial müştəriylə bol olan yerdə satırdıq.

Amma bu ilk biznes təcrübəmizin ömrü çox qısa oldu, cəmi bir həftə. Bir qanqaraldıcı hadisə bizi başladığımız və uğurla davam etdirdiyimiz işimizi dayandırmağa məcbur etdi.

Biz dondurma satanda bəzi hallarda humanizm də göstərirdik, əyin-başından ehtiyac içində olduğu bilinən hansısa şəxsə qiymətdə güzəşt də edir, yiyəsiz, kimsəsiz hansısa uşağa pulsuz dondurma da verirdik.

Bir həftənin tamamında yaxşı geyinmiş bir kişi gəlib bir dondurma istədi, götürüb pulunu vermədən yeyə-yeyə getməyə başladı. Bu özbaşınalıq və hörmətsizlik bizim dördümüzü də heyrətə saldı, mən onun dalınca şütüyüb alıcı quş kimi başının üstünü aldım, dondurmanın pulunu tələb etdim. O isə məni söydü. Nəticədə əlbəyaxa olduq, ona bir neçə mükəmməl zərbə endirib ağız-burnunu partlatdım, daha heç nəyə lazım olmayacaq dondurmanı hər halda əlindən qopara bildim.

Az keçmiş bizim nöqtəmizə sirena çala-çala ardıcıl polis maşınları gələndə dabanımıza tüpürüb «obyektimizi» qoyaraq oradan qaçdıq.

Deməzsənmiş, döydüyüm o özbaşınalıq edən şəxs polis işçisi imiş, vəzifəsinə arxalanıb qanunsuzluq edirmiş.

Bir həftəlik dondurma biznesimiz beləcə sona çatdı. Biz içi dondurma ilə dolu sevimli göy qutumuzdan, eləcə də sonrakı günlərin gəlirindən məhrum olduq, amma həyatdan çox mükəmməl bir dərs də aldıq.

Sonralar artıq böyük biznesə atılanda mənim iş planımda işə mane ola biləcək gözlənilən çətinliklərdən, problemlərdən sığortalanmaq qrafası ilə yanaşı, gözlənilməz basqılara duruş gətirə bilmək qrafası da mövcud idi. Və mən özümü kifayət qədər sınaqlardan çıxmış, teoriya ilə yanaşı praktika ilə də silahlanmış, möhkəmlənmiş yetkin birisi hesab edirdim.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, respublika və beynəlxalq müsabiqələr laureatı Urfan Cəfərov Nyu-Yorkda keçirilən “American International Vocal Competition of Opera Singers 2023” beynəlxalq opera ifaçılarının vokal müsabiqəsində 67 ölkə arasında birinci yeri tutaraq qızıl medal qazanıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, o, müsabiqənin qalibi kimi solo konsert üçün nüfuzlu sertifikat alaraq, dünyanın ən məşhur konsert salonlarından biri olan Carnegie Hallda solo ifası ilə Azərbaycanı təmsil etmiş ilk azərbaycanlı olub. 

Müsabiqədə bütün yaş qrupundan, həmçinin müxtəlif ölkələrdən olan vokalçılar iştirak ediblər.

Qeyd edək ki, bu müsabiqə gənc ifaçıların nüfuzlu səhnədə solo konsertini təmin edən yeganə platformalardan biridir.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

Понедельник, 27 Март 2023 13:31

Violonçel və skripkanın virtuoz ifaçısı

Bu gün Mstislav Rostropoviçin doğum günüdür

Azərbaycanı dünya səviyyəsində tanıdan məşhur mədəniyyət xadimləri pleadasında onun əvəzsiz yeri var. Onu çox yerdə tanıyırlar, milliyyətcə yəhudi, ancaq bakılı, özünü azərbaycanlı hesab edən simli musiqi alətlərinin mahir ifaçısı! 
Bəli, bu gün dünyaşöhrətli musiqiçi, XX əsrin ən böyük violonçel ifaçısı Mstislav Rostropoviçin anadan olmasından 96 il ötür.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mstislav Leopoldoviç Rostropoviç 1927-ci il martın 27-də Bakıda dünyaya gəlib, uşaqlıq və gənclik illərini burada keçirib. O, dörd yaşında ikən anasından fortepianoda, on yaşında isə atası, tanınmış violonçel ifaçısı Leopold Rostropoviçdən viplonçel  çalmağı öyrənib. İkinci Dünya müharibəsi illərində Mstislav Rostropoviçin ailəsi Orenburqa, daha sonra 1943-cü ildə Moskvaya köçüb. Mstislav 16 yaşında  Moskva Konservatoriyasına qəbul olunub və orada fortepiano, violonçel ifaçılığı ilə yanaşı, dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnib. Bu təhsil müəssisəsində o, Dmitri Şostakoviç və Sergey Prokofyev kimi böyük sənətkarlardan dərs alıb.
Gənc Mstislav Rostropoviç ilk violonçel konsertini 1942-ci ildə verib, üç il sonra isə SSRİ-də ilk dəfə keçirilən gənc musiqiçilərin birinciliyində qızıl medala layiq görülüb. Sovet İttifaqında şöhrət qazanmış gənc və son dərəcə istedadlı Mstislav Rostropoviç Leninqrad (indiki Sankt-Peterburq) və Moskva konservatoriyalarında pedaqoji fəaliyyətlə məşğul olub, çoxsaylı ifaçıların yetişməsində böyük əmək sərf edib. O, 1964-cü ildə Qərbi Almaniyada çıxışı ilə dünya klassik musiqisevərlərinin rəğbətini qazanıb, həmin illərdə Qərbi Avropanın bir neçə qabaqcıl bəstəkarları ilə tanış olub.
Mstislav Rostropoviç 1967-ci ildə Böyük Teatrda P. Çaykovskinin “Yevgeni Onegin” operasına yüksək dirijorluq istedadını da nümayiş etdirib.
Mistislava D.Şostakoviç, S.Prokofiyev, B.Britten, A.Şnitke və digər bəstəkarlar əsərlər yazıb. Mstislav Rostropoviç D.Şostakoviçin violonçel üçün konsertlərinin ilk ifaçısıdır. O, dahi bəstəkarın “Birinci konserti”ni London musiqisevərlərinə təqdim edib.
Dahi musiqiçi 1977-1994-cü illərdə Vaşinqtonda ABŞ Milli Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru kimi fəaliyyət göstərib, Svyatoslav Rixter və Vladimir Horovits kimi məşhur musiqiçilərlə çalışıb. O, həmçinin Mstislav Rostropoviç Musiqi Festivalının təsisçisi və Birləşmiş Krallıqda B.Britten və Piter Pirsin təsis etdikləri Aldeburq Festivalının mütəmadi iştirakçısı olub.
Dünyaşöhrətli musiqiçi çoxsaylı mükafatlara və ordenlərə, o cümlədən “Heydər Əliyev” ordeninə, Fransanın “Şərəf Legionu” ordeninə, müxtəlif universitetlərin fəxri doktoru adına və digər mükafatlara layiq görülüb. Mstislav Rostropoviç UNESCO-nun səfiri kimi bir çox təhsil, tədris və mədəni layihələri dəstəkləyib. O, həyat yoldaşı Qalina Vişnevskaya ilə birlikdə Azərbaycanda da bir sıra sosial layihələrdə yaxından iştirak edib.
2002-ci il martın 4-də Bakıda dahi sənətkarın ev-muzeyi açılıb. M.Rostropoviç həyat yoldaşı ilə Azərbaycana vaxtaşırı gəlib və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təkmilləşmə sinifləri təşkil etməklə Azərbaycan musiqi sənətinə də dəyərli töhfələr verib.
Mstislav Rostropoviç 2007-ci il aprelin 27-də Moskvada vəfat edib.
Ruhu şad olsun! 
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə dünyaşöhrətli musiqiçi və görkəmli ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi, SSRİ Xalq artisti Mstislav Rostropoviçin anadan olmasının 90 illiyi Azərbaycanda dövlət səviyyəsində qeyd edildiyini, Qəbələdə ona həsr edilmiş musiqi festivalının keçirildiyini də ayrıca vurğulamağa dəyər.

“Ədəbiyyat və incəsənət”
(27.03.2023)

Понедельник, 27 Март 2023 11:34

27 Mart “Elm Günü”dür

 

Bu gün - martın 27-si “Elm günü” kimi qeyd edilir. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Elm günü” kimi məhz 27 mart tarixinin seçilməsi heç də təsadüfi deyil. 

 

Belə ki, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Teymur Quliyevin imzaladığı və işlər idarəsinin müdiri A.Bokovetsin təsdiq etdiyi “Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında” 27 mart 1945-ci il tarixli qərarla ölkəmizdə Elmlər Akademiyasının təsis edilməsi rəsmiləşdirilmiş, Akademiyanın ilk Nizamnaməsi təsdiq olunmuşdu.

“27 Mart - Elm Günü” Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsis edilmişdir.

 

Elm gününüz mübarək, hörmətli alimlər və elmlə məşğul olan digərləri!

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2023)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun tanınmış şair Əkbər Qoşalının 50 yaşına həsr etdiyi yazısını təqdim edir

 

Şairlər var obrazlarla danışır, təşbeh və məcazlarla; şairlər var hikmətlə danışırlar; şairlər var sükunət halıyla ətrafa sarılırlar, buna ruslar “sozersaniye” deyirlər; şairlər var nitqə sarılırlar, həmişə istənilən şairdən böyük olan xalqın dilinə-bir növ öz kiçik, məhdud reallıqları ilə böyük dilin arasındakı maneəni götürüb yazır, “canbir” olurlar dillə (bu o şeydi ki, “şüuraxını” deyir ədəbiyyatşünaslıq buna), bilmirəm, bilirlərmi-bilmirlərmi ki, obraz da, təşbeh də, məcaz da, hikmət də, ətraf da elə nitqdədir, lap düzü, sözüylə özü bir olan xalqın dilində. Əkbər Qoşalının “Çobanbayatı” poemasını oxuyar-oxumaz ağılma ilk gələn elə indiyəqədərki bu fikirlər oldu.

 

*

Biz poeziyanın “poemasız” dövründə yaşayırıq. Və xatırlamağa çalışıram, son iyirmi ildə hansı poemaları oxumuşam? Yadımda nələr qalıb? Qeyd dəftərçəmi, yaddaşımı vərərəqləyə-vərəqləyə sevdiyim poemaların natamam siyahısını çıxarıram: Zəlimxan Yaqubun, Vaqif Səmədoğlunun, Kəramət Şükürovun, Çingiz Əlioğlunun, Mübariz Məsimoğlunun – “Sürgün”, “Şəffaf balıq”, “Atamın məktublarına cavab”, “ Bayquş”, “Diaspora”, “Mühacir” poemalarını xatırlayıram… Biri də elə indi əlavə olundu: “Çobanbayatı”.

Heç vaxt bu qədər dərin bədii-etnoqrafik yükü olan poetik əsər oxumamışam. Özü də təcrübəm məni aldatmırsa, 3-4 fraqmenti çıxmaq şərtilə bütünlüklə birnəfəsə yazılıb əsər, sərbəstlə hecanın qəribə kombinasiyalarıyla təzahür edib.

Fikirləşirəm ki, əgər “Azərbaycanşünaslıq” üzrə təhsil proqramı olsaydı, axıcı, müasir və eyni zamanda xəlqi dillə yazılan bu əsəri “mütləq oxu” siyahısına salmaq lazım gələcəkdi. Burda nələr yoxdu?! Aşıq sənətinin “minimumları”, milli mətbəxin böyük bir “süfrəsi”, müxtəlif nəsillərin uğurlu-uğursuz taleyi, unudulmuş sözlərin dirçəlişi, iman, inam, liriklik, epiklik…

Və fikirləşirəm ki, şair Əkbər Qoşalı yalnız bu əsəri, yalnız və yalnız bir bu əsəri yazmış olsaydı, bəs edərdi. Əziz Əkbər Qoşalını bu gözəl əsər münasibətiylə təbrik edirəm, inanıram ki, bizim “ədəbi tənqid” adəti üzrə gecikməyəcək, əsər haqqında fikrini deyəcək.

 

*

Əziz həmkarım Əkbər Qoşalının 50 yaşı ərəfəsində yazdığım bu yazıda xatırlamağa borc bildiyim ikinci əsəri “Əziz Şuşa” şeiridir (bu əsərlə poemadan daha əvvəl tanışam). Gözəl Şuşa haqqında son iki ildə çoxlu bir-birindən fərqli, iste-dadlı, səmimi poetik əsərlər yazılıb və yenə də yazılacaq; bu əsərlərin hamısı bizim üçün əz azı Şuşanın xətrinə əziz olacaq. Amma Əkbərin şeirində qəribə bir deyiş vardı:

“Mənim qədim ölkəmin 

hər şəhəri əzizdir. 

Şəhərlər inciməsin, 

ancaq bu söz elə bil, 

sənin üçün yaranıb,

sənin üçün biçilib: 

Əziz Şuşa!”

 

İlk baxışdan poetik anlamda adi görünən bu sətirlərdə çoxumuzun şahidi oldu-ğumuz undulmaz bir fakt təsdiq tapırdı;Şuşa alınan gün və sonrakı günlər Ali Baş Komandanın dilindən səslənən “Əziz Şuşa” xitabının xüsusi bir enerjisi vardı ki, Əkbərin şeiri, misraları həmin enerjini özünə hopdurub sankı. Məhz bu xüsus şeiri “dokument” olmaqdan həm xilas edir, amma eyni zamanda o “fakt və dokumentlə” əlaqəni qırmadan onu bədiiləşdirir.

 

*

“Sözlərim yol çəkir, yol…”, “Sevinə bilirəm, Tanrım”, “Əlini ver əlimə” və başqa şeirlərini xatırlayıram Əkbər Qoşalının. Fikirləşirəm ki, ilk növbədə şair olan Əkbər Qoşalının sözləri yalnız yol çəkmir, həm də vətəndaş olmağın “yol xəritəsi”ni çəkir, necə ki, indiyəqədər bəlkə də tən yarısını ədəbiyyata, sözə bağladığı 50 illik ömründə həmişə çəkib.

 

*

Bu gün, şükür Allaha, Türkiyə ilə, digər türk dövlətləri, topluluqları ilə hamımızın əlaqəsi, ədəbi “get-gəli” var; sanki bir az hamı da qədimdən qədim “türkçü”dür, olsun, nolar. Amma mən 90-ların sonunu, 2000-ci illərin lap əvvəlini xaıtrlayıram. Və o illərdə türk arealının ədəbiyyat meydanları arasında tək bir körpüsalan görürəm. Ardıcıl, məqsədyönlü, həqiqi vətəndaş və istedadlı şair, ədəbiyyatçı kimi çalışan Əkbər Qoşalını.

 

Əziz dostum, səni 50 yaşın münasibətilə təbrik edirəm. Uzun və xoşbəxt yaşa!

Qoy vətəndaşlıq və şairlik adındakı kimi ömrünün bundan sonrakı illərində də qoşa olsun. Qalan sözlərimi şifahi deyərəm; bilirsən ki, şeir şifahi hadisədir, hətta yazılsa belə.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.