Super User

Super User

Среда, 29 Март 2023 13:00

Qatarlar burdan-ora, ordan-bura gedirdi…

Sizcə 3 aya nə qədər qatar sərnişini olub ölkəmizdə? 

 

“Ədəbiyyat və incəsənət” portalının sevilən  Açıq Portfel rubrikasında növbətçi Malik Məmmədli bu dəfə sizə çox maraqlı bir statiatika təqdim edəcək. Novruz bayramında nə qədər insan qatarlarla səfərə çıxıb.

 

Demək, Novruz bayramı ilə əlaqədar əhalinin təhlükəsiz, vaxtında və rahat şəkildə bölgələrə səyahətinin təmin edilməsi üçün “Azərbaycan Dəmir Yolları” (ADY) QSC martın 18-dən 26-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Ölkə tarixində ilk dəfə olaraq Bakıdan şənbə, Qəbələdən isə bazar günləri hərəkət etməklə martın 18-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli qatarlarla sərnişin daşımaya start verilib. Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə günaşırı əlavə reyslər təyin olunub və bayram günlərində 1148 sərnişinə xidmət göstərilib. 

Elə bu yerdə növbətçimizin diqqətini o da cəlb edib ki, qatarla səfərə çıxanlar çox razı qalıblar. Məsələn, tanınmış travel blogeri Qərib Azər Qəbələyə qatarla səfərini öz sosial media hesabında okivar tərifləyib. 

Həmçinin martın 18-dən gündəlik qrafik əsasında fəaliyyət göstərən Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatı nəzərə alınaraq hər istiqamətə əlavə 16 reys təyin olunub. 18-26 mart tarixlərində müvafiq marşrut üzrə 10 min 900 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu üzrə bayram günlərində ümumilikdə 64 min 811 sərnişinə xidmət göstərilib. 2023-cü ilin ilk rübünün statistikasına əsasən, 1 yanvar tarixindən 26 mart tarixinə kimi müvafiq marşrut üzrə 1 milyon 330 min 297 sərnişin daşınıb. 1 milyon 330 min e, ay kişilər! Bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 43 faiz çoxdur.

Xatırladaq ki, 2022-ci ilin ilk rübündə Abşeron dairəvi dəmir yolu ilə 933 min 234 sərnişin daşınıb.

Demək, insanlarımız lap keçmiş Sovet dönəmlərindəki kimi qatarlara meyl etməyə başlayıblar. Bunun nəyi pisdir ki?

 

Qatar gəlir uzaqdan,

Tak-tak, tak-tak, tak-tak, tak.

Gözləyirəm bayaqdan,

Tak-tak, tak-tak, tak-tak, tak.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2023)

Martın 30-u saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda tanınmış yazıçı, millət vəkili Aqil Abbasın kitab təqdimatı baş tutacaq.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yeni nəşr olunan "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına” kitabının təqdimat mərasimində Aqil Abbasın yazar dostları, oxucularının iştirakı gözlənilir. 

Yeni romandan bir parçanı oxucularımıza təqdim edirik. 

 

*

 

Şakir maşını Qəssab Qulamgilə yox,  Anbardar Həsəngilə sürdü, siqnalladı. Anbardar Həsən çıxdı, üzünü Şakirə tutub heç salam da vermədi, dedi:

- Xeyirdimi, ə, lotu?

- Ə, nemes, məndən heç ziyan görmüsən?

- Heç xeyir də görməmişəm.

- Sədrin qonaqları var, dedi ki, yaxşı bir  toğlu versin.

Anbardar Həsən dilxor oldu. Hamı bilirdi ki, Həsən gedib  Ağcabədidən say-seçmə quzular alır, böyüdüb bazarda babat  qiymətə satır. Anbar öz yerində, bundan da  babat pul qazanır, asan deyil Bakıda üç uşaq oxutmaq. Bayramda-filanda da sədrə bir heyvan göndərərdi.

- Ə, mən ferma müdiriyəm? Mən zapçast, yanacaq işinə baxıram ey, nə qədər istəyirsən benzin verim, salyarka verim. Dədəyin Mozdokdakı goru haqqı, uşaqların  əyin-başını zorla yetirirəm. Hələ o Bakıdakı namərd müəllimləri demirəm.

- Ə, zarıma. Bu anbarı dədəyin malı kimi işlədirsən, kolxozun yox. Maa dediklərini də Sədrin özünə deyərsən. Vermirsən, cəhənnəmə ver. - dedi və getdi maşına  tərəf. - Gedib kişiyə deyim ki, vermədi də.

Anbardar Həsən qorxdu:

- Ə, dayan görüm. Məni zibilə salma. - dedi və gəlib oturdu maşına; - sür aşağı, uşaq orda otarır. Gedək lap birini  özün seç.

Anbardar Həsən gedərdi Ağcabədiyə  yalvarıb-yaxarıb qaradolaq cinsi alıb  gətirərdi. Qaradolaq cinsinin də  ceyrandan  bircə fərqi o idi ki, qoyun idi vəssalam, amma dadı-tamı  ceyran ətinin  dadı-tamını verərdi.  Uzunboylu ceyrana oxşayan qoyun idi.

- Şakir, sən dədəyin goru, qaradolaq cinsinə dəymə, onları  döl almaq  üçün gətirmişəm.

- Bir əlli  manat ver, onlara  dəymiyim.

Anbardar  Həsən Şakirin Mozdokda qalan  dədəsinin goruna  ürəyində söyə-söyə  çıxarıb əlli manatı  verdi. 

Şakir də qara toğlulardan birini götürüb sonra maşını sürdü Qəssab Qulamgilə.

- Ə, nemes, bunu kəs, sonra da  hamısını  kabablıq doğra. Kişi yuxarıda gözləyir.

Qəssab Qulam gördü  bu toğlu deyil, ceyrandı:

- Şakir, onu ver mənə, hazır  cəmdəklərdən birini   kabablıq eləyim, apar.

- Hə, sən öl, sən ağzının dadını bilirsən, kişi ağzının  dadını  bilmir?! Davay!

Qəssab Qulam:

- Şakir, sən  öl, bir əllilik verirəm. Hayıfdı,  qoy o qalsın.

- Ə, yox, kişiyə namərdlik edə bilmərəm.

Yolda bağa girib  bir az kal üzüm  yığdı ki, vursun  ətə, olsun  məcun. Qalxdı Abdala.

Girişdəki  restoranda vur-çatlasın vardı, Abdal Qəhrəman saz üstündə oxuyurdu. Ətrafı səs-küy  bürümüşdü. Maşını saxladı və yeməkxananın müdirini çağırdı:

- Ə, bu nə səs-küydü?

- Bilmirəm, Surxay müəllimin Bakıdan qonaqları  gəlib, Qəhrəmanı da çağırıblar onlar üçün çalıb-oxuyur.

- Ə, nemes, onlara deynən səslərini bir az aşağı salsın, yuxarıda Katibin qonaqları var.

- Şaka, mən nətəər deyim? Bakıdan gəliblər,  gələnlərin biri də Aqil Abbasdı.

- Kim? Nə Aqil Abbas ə, yox bir Həzrət  Abbas. O kimdi ki?

- Məşhur jurnalistdi, Abdal Qasımın  anekdotlarını yığan oğlan, Aşıq Xaspoladın da dostu. O qaz iyirmi  dörd də onundu.

- Ə, istiyir  Aqil Abbas olsun, istiyir nə Abbas. Get onlara denən ki, yuxarıda  Katibin  qonaxları var. Heç Aqil Abbas onların  dırnağına da dəyməz. Bir az özlərini  adam kimi aparsınlar.

- Baş üstə, Şakacan!

Qonaqlar nərd oynayırdılar. Katib də çay içə-içə Şairə burda görəcəyi  işlərdən  danışırdı:

- Görürsən də Amfiteatr hazırdı. O üç mərtəbəsi hazır  olan da oteldi. Kateclərin  sayını   xeylaq  artıracam.  Sanatoriya da işləyir, meşədə  Turşsu  çıxır, onu da  bura  çəkdirirəm.  Day mineral  vannadan ötrü  Kislovodskiyə getmək lazım deyil. Buranı  Kislovodskidən də gözəl edəcəm, Əyləncə Mərkəzi-zad da  düzəldəcəm.

Şakir ətlə qoranı möhkəm-möhkəm  qarışdırdı, sonra bir az dincə qoydu ki, ət qoranın suyunu canına çəksin, manqalı  qaladı. Surenin verdiyi  böyürtkan arağını da qoydu stolun üstünə.

Katib:

- Bu nədi, ə, çaxırdı?

- Yox, yoldaş Katib, böyürtkan arağıdı.

- Nə arağıdı?

- Böyürtkan. Suren bağışlayıb.

- Böyürtkan arağını birinci dəfədi eşidirəm. Şeytanın ağlına  gəlməyən bu ermənilərin  ağlına  gəlir də.  Bir süz görüm. Xoşum  gəlsə Səyavuşa tapşıraram bir qurğu da  bunun üçün qoydurar.

Katib əvvəl-əvvəl bakaldakı arağı iylədi:

- Ə, bundan  heç araq  iyi  gəlmir axı  bəlkə kompotdu?

- Vallah, içməmişəm.

Katib  bir qurtum  içdi,  dodaqlarını  yaladı:

- Ə, bu araq deyil ey, baldı-məcundu.

Badələr  dolduruldu, böyürtkan arağı hamının  xoşuna  gəldi.

Katib:

- Qalanını  qoyarsan  maşına,  axşam  Qonaq  Evində qarışdırmayaq.

Doktor Şakirin əyri-üyrü sifətinə baxıb dedi:

- Şakir, Leninqradda  Gözəllik İnstitutu  var, dostlarımdı, istəyirsən səni  göndərim  ora, sir-sifətinə bir  əl  gəzdirsinlər, lap olasan  Alen Delon.

- Ay doktor, mənim sir-sifətimi nemesler  də yığıb düzəldə  bilməz.  Mənə  zbor  baş lazımdı.

Hamını  gülmək  tutdu.

Şair:

- Şakir, deyirlər   sən  yaxşı  sağlıqlar  bilirsən, bəlkə birini  deyəsən?

- Deyirsiz deyim də.

Şakir özünə də bir az  böyürtkan  arağı süzdü, badəni  yuxarı   qaldırıb dedi; -  İçək   çay qırağında bitib  susuz qalan ağacların  sağlığına.

Qonaqlar təəccüblə hamısı  bir-birinə baxdı:

- Şakir, bu  nə  sağlıqdı, çay qırağında bitib  susuz qalan  ağacların  sağlığına…

- Vallah, nə bilim,  Ağdamın  özündən  deyən  oğlanları həmişə bu sağlığa  içirlər.

Professor  alnını qırışdırdı, bir az fikrə getdi  və dedi:

-  Mən bundan  gözəl  sağlıq  eşitməmişdim. Bu çox müdrik bir  kəlamdı.  Yəni demək istəyirlər ki, içək bu  millətin   sağlığına.

Şair:

- Professor, bəlkə bir  açıqlayasınız.

- Burda  açıqlamalı bir  şey yoxdu. Hər şey aydındı. Su qırağında  bitib susuz  qalan  ağaclar!  Dəniz qırağında bitib o dənizin balıqlarına  həsrət  qalan  balıqçılar. Nöyütün ortasında bitib  nöyütsüz qalan  ağaclar. Bir milyon  ton  pambıq verib kəfənsiz  qalan  ağaclar. Dünyaya  elm  bəxş edib özü bu  elmdən   kənar  qalan  ağaclar… Sayım, bəsinizdi?  Çay kənarında bitib  susuz qalan  bu  millətdi də.

Hamı bir-birinin  üzünə baxdı. Professorun  ağzından  od tökülürdü. Sonra   professor qalxdı ayağa, badəsini  qaldırdı və dedi:

- Su qırağında  bitib   susuz qalan  millətin  sağlığına.

Hamı qalxdı ayağa və bu  sağlığa   ayaq  üstə  içildi.  Bayaq sağlıq deyəndə bir az qorxan  Şakirin  qırışığı açıldı:

- Professor, belə  çox  sağlıq  bilirəm ey, qalsın  gələn dəfəyə.

Və getdi  kababını  çəkməyə.

Sədrin  sürücüsü pıçıltı ilə Şakirə dedi:

- Ə, qaqa, bunların donuzu əskikdi, bunlar  niyə hökumətin  əleyhinə  danışır.

Şakir:

- Ə, nemes, istəyirlər sənlə mənim də  donuzum   əskik olsun da.

Yendi Kəhrizə.  Qadınlar pal- paltarlarını   yuyurdular, uşaqlar da Kəhrizin  qabağında düzəltdikləri  gölməçədə  çimişirdilər. Doyunca su içdi, sonra əl-üzünü  yudu.

Bu vaxt Kəhrizin qabağında  bir  maşın  saxladı. Maşından bir cüt  ər-arvad düşdü. Arvadın qucağında bir  uşaq vardı. Ərklə verdi ərinə, bir az da  əsəbi halda:

- Ala!

Əri də xanımından qorxa-qorxa uşağı aldı.

Bu vaxt Şakiri gülmək tutdu:

- Ay bacı, ərindən muğayat ol, arvad eşalonnandı, kişi talonnan.

Kəndin  bütün arvadlarını  gülmək tutdu. Şakir bunu deyən vaxt  restorandan bir nəfər  alt köynəkdə, bir az da kefi kök düşürdü Kəhrizə tərəf.

Şakir onun  qarşısını kəsdi:

- Ə, nemes, get əyin-başını düzəlt, burda arvad-uşaq var.

Kəhrizə  düşən adam Şakirin sir-sifətindəki halı görüb özünü  düzəltdi və qayıtdı geri.

Şakir də Kəhrizdən bir bardaq su götürüb  qayıtdı qonaqların yanına.

Qonaqları yola salandan sonra yenidən özü  bir yüz qram vurdu , sonra da yendi kəhrizə, möhkəm-möhkəm əl-üzünü yudu, ovuclarını  doldurub  doyunca su içdi və bütün kefliliyi getdi. Sonra qalxdı yeməkxananın qabağına. Sakitlik idi.

Xörəkpaylayandan soruşdu:

-  Nə sakitlikdi? Deyəsən, qonaqlarınız gedib.

- Hə, Şakir əmi, elə indicə getdilər.

Əyləşdi maşınına, düşdü aşağı, evlərinə tərəf. Abdal yolundan dönüb idarəyə  çatanda gördü ki, məhlələrinə xeyli adam toplaşıb. Maşını yolun bir  kənarına verib saxladı. Yaxınlaşdı adamlara tərəf.

- Nə olub, ə? Nə yığışmısınız bizim evin qabağına?

Market Vəliş:

- Şaka, başın sağ olsun, eşşəyini  maşın vurub öldürüb.

Adamlar aralanıb ona  yol verdilər. Gördü ki, bayaq yeyib-içən oğlanlardı, təlaş içindədirlər. Eşşəyi də uzanıb yolun ortasına. Üzünü  yığışan  adamlara tutub  dedi:

- Bu bəxtəvərin  nə çox qohum-əqrəbası  varmış, ə? Nə yığışmısınız, dağılın xarabanıza.

Amma heç kim  dağılmadı.

Yeyib-içən oğlanlar, başda Aqil Abbas olmaqla,  başladılar ona yalvarmağa:

- Şakir əmi, sən Allah, bağışla, bir xətadı əlimizdən çıxıb. Eşşəyin qiymətini de, nə qədər  desən  pul veririk. Yüz manat, iki yüz manat, beş yüz manat… Nə qədər istəsən.

Şakir bu eşşəyi qayınatasının danlağından  sonra qonşu Bağbanlar kəndindən əlli manata almışdı. Arvadı atasına  şikayət eləmişdi ki, bulaqdan səhənglə su daşımaqdan çiynim əyilib Rəmiş kimi gedirəm.

Qayınatası da Şakirə hirslənmişdi ki, bu boyda kənddə eşşək yoxdur ki, qız səhənglə su daşıyır?! Şakir də cavabında demişdi:

- Niyə yoxdu, elə birini də sizin kənddən  gətirmişəm.

Qayınatasının danlağından  sonra kənddə  eşşək hamıya  lazım olduğu  üçün öz camaatlarından satın almağa  eşşək  tapmamışdı, düşmüşdü  Bağbanlar kəndinə və birini  tapıb almışdı.

Sonra yemək-içmək vaxtı bağbanlılar ona söz atmışdılar:

- O qotur  eşşəyi də  əlli manata  sırıdıq sənə.

Və gülüşmüşdülər. Amma Şakir  elə bir söz demişdi ki, bağbanlıların dəymişi dura-dura kalı tökülmüşdü:

- Heç vecinizə almayın, bizim o böyük gədə var ey, onu indiyəcən min manatlıq… 

Və yazılası  mümkün olmayan söz demişdi.

İndi şəhərin  yeyib-içən  uşaqları  əlli manatlıq eşşəyə beş yüz manat oxuyurdular.

- Ə, bu zəhrimarı  bir az az için də. Biz içmirik  ölürük? Pulunuzu  da soxun filan yerinizə. Götürün  eşşəyi də atın baqajınıza.  Eşşəyi  öldürənə  sürütdürərlər.  Aparın bir dərədə basdırın.

Şəhərli uşaqlar nə qədər əlləşdilər eşşəyi  yerdən qaldıra bilmədilər. Kənd camaatı kömək elədi, sonra birtəhər sürüyüb baqaja  qoya bildilər.  Amma baqajın qapısı örtülmədi. Uşaqlar sevinə-sevinə maşına  oturub  tərpəndilər.

Şakir  yenə üzünü tutdu camaata:

- İndi gedin xarabanıza.  Yas-zad verməyəcəm.

Sonra da bir kənarda  dayanıb  ağlayan balaca  oğluna yaxınlaşdı, təpəsinə də bir qapaz saldı:

- Ə, niyə ağlayırsan? Eşşək oğlu eşşək. Dədən  ölüb?  Sabah sənə  ondan qəşəng eşşək  alacam, nə qədər  istəsən  minərsən.

Və uşağın  əlindən tutub gətirdi Market Vəlişin dükanına:

- Ə, ordan buna  bir paçka  peçenye ver.

Market Vəlişin oğlu:

- Şakir əmi, qağama denən bir paçka da maa versin.

Şakir üzünü tutdu Market Vəlişə:

- Ə, niyə ölüb  yerə girmirsən, uşağa   peçenye ver də.  kasıf düşəssən? Pulunu məndən çıx.

Sonra da oğlunun  əlindən tutub getdi evinə.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2023)

Animator əmilərdən balacalara əsl hədiyyə gəlir. Maşa və Medvedlərin əsarətindən, deyəsən, uşaqlarımız qurtulacaq.

“Bizimkilər: Cırtdan, Bahar qız, Şahzadə və Qəhrəman” animasiya toplusu “Park Cinema” və Nizami Kino Mərkəzində nümayişə çıxarılır. 

 

Son dövrlərdə istehsal olunmuş yerli animasiya filmlərini bir yerə toplayan “Bizimkilər: Cırtdan, Bahar qız, Şahzadə və Qəhrəman” adlı milli animasiya toplusu azyaşlı tamaşaçılara əyləncəli anlar yaşadacaq.

“Azərbaycanfilm” kinostudiyasının təşəbbüsü ilə ekranlara çıxan animasiya toplusu “Cırtdan və sehrli xalat” (2019), “Mənim balaca Şahzadəm” (2019), “Tarix” (2022) və “Baharın oğurlanması” (2023) filmlərindən ibarətdir. “Baharın oğurlanması” filminə tamaşaçılar ilk dəfə olaraq baxacaq.

“Azanfilm” studiyası, “Salnaməfilm” studiyası və “OB film”in istehsalı olan ekran əsərlərinin rejissorları Aleksandra Şirinova, Rəşad Əfəndiyev, Arif Məhərrəmov və Ceyhun Türksoydur.

Qeyd edək ki, bu milli animasiya filmlərinin yerli kinoteatr şəbəkəsində nümayişinin ilk təşəbbüsüdür.

İndi də cizgi filmlərini şərh edək. “Ədəbiyyat və incəsənət” bu işi iTicket.az-ın köməkliyi ilə həyata keçirəcək.

 

“Baharın oğurlanması”

Burada Bahar qız div tərəfindən oğurlanır. Bunu görən balaca qəhrəman Baharı xilas etmək istəyir. Balaca qəhrəmanla Bahar birləşib divin qəsrindən qaça bilirlər. Bundan sonra Bahar hər tərəfi gül-çiçəyə qərq edir.

 

“Cırtdan və sehrli xalat”

Burda Şahzadə qız əhalini bədheybət Təpəgözdən xilas etmək üçün Cadu nənədən kömək istəyir. Cadu nənə Sehrli xalatın göstərişi ilə 21-ci əsrdə yaşayan Cırtdanı köməyə çağırır. Cırtdan keçmişə gedir və Sehrli xalatın köməyi ilə Təpəgözə qalib gəlir.

 

“Tarix”

Burda kiçik yaşlı oğlan Qarabağ ərazisindəki rayonların işğal tarixlərini əzbərləməklə bağlı ev tapşırığını yerinə yetirməyə çalışır. Hərbi oyuncaqları ilə oynayaraq yuxuya gedən qəhrəmanın yuxusunda oyuncaqlar hərəkətə gəlir və səmada müxtəlif döyüş tapşırıqlarını yerinə yetirir. Yuxudan oyanan qəhrəman kitabçasındakı işğal tarixlərinin üzərindən xətt çəkildiyini görür.

 

“Mənim balaca şahzadəm”

Burda pilot səhrada balaca şahzadə ilə qarşılaşır. Balaca şahzadə pilota yaşadığı yer haqqında danışmağa başlayır. O, tək yaşadığı planetində çox sevdiyi gülə qulluq edir. O, gülünə daha faydalı olmağın yollarını araşdırmaq üçün başqa planetlərə səyahət edir. Bu planetlərdə balaca şahzadə müxtəlif şəxslərlə qarşılaşır. Onun ziyarət etdiyi son planet Yerdir. Yer planeti digərlərindən fərqlənir.

 

Bir sözlə, çox maraqlı və əyləncəli, üstəlik, düşündürücü! 

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2023)

Среда, 29 Март 2023 11:15

Narla qız rəsminin Yaponiya triumfu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli incəsənət məktəbinin Rəssamlıq şöbəsinin şagirdi Ziyad Qasımlı (müəllim Elmar Ağamirzə) Yaponiyada keçirilən Kanagava Biennalesi Beynəlxalq Uşaq İncəsənət Sərgisində uğurla iştirak edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Baş idarənin verdiyi məlumata istinadən xəbər verir ki, Ziyad Qasımlı çəkdiyi rəsmlər, xüsusən manşetimizi bəzəyən “Narla qız” rəsmi sayəsində "Xüsusi mükafat"a layiq görülərək istedadı və işinin keyfiyyəti ilə yaşıdlarından xeyli fərqlənib. 

Qeyd edək ki, Kanagava Biennalesi Beynəlxalq Uşaq İncəsənət Sərgisi müxtəlif ölkələrin gənc rəssamlarının əsərlərini bir araya gətirməklə, incəsənətin gücünü və uşaq yaradıcılığını nümayiş etdirmək üçün ənənəvi olaraq hər il keçirilən müsabiqədir.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2023)

“Bakı Payızı” 35 ildən sonra qayıdır

 

Bir vaxtlar ölkəmizin musiqi həyatında “Bakı payızı” adlı festival aparıcı yer tuturdu. Amma 35 il öncə son festival keçirildi, heyət dağıldı, təşkilatçılar qapını çırpdılar, not dəftərləri saraldı. Zira, ayrılığın sonu hər halda var imiş. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Golden Arts entertainment”, “Best cast” heyətinin təşəbbüsü və Mədəniyyət TV-nin tərəfdaşlığı ilə “Bakı Payızı” müsabiqəsi yenidən keçiriləcək və öz missiyasını - istedadları kəşf etmək missiyaaını davam etdirəcək. İlk dəfə bu barədə təşkilatçılar hələ yanvar ayında məlumat veriblər. 

“Bakı Payızı 2023 - 35 il sonra” adı ilə keçiriləcək müsabiqə Heydər Əliyevin 100 illiyinə həsr olunur. Müsabiqənin sosial şəbəkə hesabında bildirilir ki, müsabiqə beş istiqamət üzrə keçiriləcək: 

 

müasir vokal, 

orijinal janr, 

müasir xoreoqrafiya, 

bəstəkarlar, 

pop və rok ifa.

 

Layihənin əsas məqsədlərindən biri də dünya azərbaycanlılarını sosial platformada birləşdirmək və Azərbaycan mədəniyyətini bütün dünyaya tanıtmaqdır. Bu layihə təkcə vokal istedadlar üçün deyil, həm də dörd janr – qruplar, orijinal janr, xoreoqrafiya və bəstə üzrə böyük müsabiqəyə çevriləcək.

O, xaricdə yaşayan azərbaycanlılara müraciət edərək onları layihəyə qoşulmağa dəvət edib.

Qeyd edək ki, “Bakı Payızı” müsabiqəsi ilk dəfə ötən əsrin 60-cı illərin ikinci yarısında təşkil olunsa da, uzun müddət keçirilməyib. Təxminən 20 ilə yaxın uzun fasilədən sonra, 1980-ci illərdə yenidən estrada musiqisinə töhfələr verməyə başlayıb. 

Müsabiqə keçirilən illərdə sonradan Azərbaycanda məşhurluq qazanan neçə-neçə ifaçı “Bakı payızının” iştirakçısı olub. Onların arasında Faiq Ağayev, Zülfiyə Xanbabayeva, Tünzalə Ağayeva, Samir Bağırov, Aygün Kazımova və başqaları var.

Sonuncu dəfə 1988-ci ildə Bakı Şəhər Mədəniyyət İdarəsi ilə Azərbaycan Televiziyası və Radio Komitəsinin birgə səyi nəticəsində təşkil olunub.

Konsert günü iştirakçılar ilk dəfə Eldar Mansurovun, Vaqif Gərayzadənin, Faiq Sücəddinovun və Mikayıl Vəkilovun bəstələrini ifa ediblər. Müsabiqədə ən yaddaqalan məqam isə bəstəkarlar Mikayıl Vəkilov və Firuz İsmayılovun şair Malik Fərruxun sözlərinə bəstələdikləri “Azərbaycanım” mahnısının konsertin ulduzları tərəfindən birgə ifası olub.

 

Artıq müraciətlərin qəbuluna start verilib. İfa olunan nömrənin videoçarxı və iştirakçı haqqında məlumat Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. e-poçtuna göndərilməlidir.

Layihənin təşkil edilməsində məqsəd ölkədə müasir estrada sənətinin inkişafına təkan vermək, gənclər arasında yeni istedadlı ifaçıları üzə çıxarmaq və onların peşəkar inkişafında, böyük səhnələrə və beynəlxalq arenalara çıxışlarına dəstək olmaqdır.

“Bakı Payızı-2023”də bəstəkarlar arasında ən yaxşı mahnı müsabiqəsi də keçirilir. Müsabiqənin ənənəvi xarakter alacağı və Azərbaycan estrada sənətinin inkişafına yeni təkan verəcəyi planlaşdırılır.

 

Arxiv fotoları 1988-ci ilin “Bakı payızı” festivalını əks etdirir. Müğənnilər Tamilla Ağamiyeva və Yevgeni Baxtin birinci, Faiq

Ağayev isə ikinci yerə layiq görülür.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2023)

Среда, 29 Март 2023 10:45

Opera və Balet Teatrının aprel repertuarı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı aprel ayı üçün repertuarını açıqlayıb. Repertuarı təqdim edirik.

 

1 aprel – “Koroğlu” (opera) 

2 aprel – “Xanım vı Xuliqan” (balet), “Balero” (balet) 

5 aprel – “Jizel” (balet)

8 aprel – “Bohema” (opera) 

9 aprel – “Çəkməli pişik” (opera) 

12 aprel – “Orfey və Evridika” (opera-balet) 

15 aprel –“Natəvan” (opera) 

16 aprel –“Dahi hekayəçi” (balet) 

23 aprel – “Yeddi gözəl” (balet)

26 aprel – “Arşın mal alan” (musiqili komediya) 

29 aprel – Bakı Xoreoqrafiya Akademiyasının buraxılış konserti.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2023)

“Korsar”ın Bakı premyerası olduqca uğurlu alındı

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baletsevərlərə dünyaca məşhur bir baletin premyerası təqdim olunub. Belə ki, sənət ocağı bu dəfə görkəmli fransız bəstəkarı Adolf Adanın “Korsar” baletini səhnəyə qoyub.

Dünya balet sənətinin ən populyar əsərlərindən olar "Korsar" baleti gənc yunan qızı Medora ilə korsar Konrad arasındakı məhəbbətdən bəhs edir. Və mütləq qeyd edək ki, “Korsar” baletinin müəllifi Adolf Adan baleti ərsəyə gətirərkən dünyaşöhrətli Cüzeppe Verdinin eyniadlı operasından illama gəlib. Balet və opera isə məşhur ingilis şairi Corc Bayronun eyniadlı poeması əsasında yazılıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, baletin müəllifi Adolf Adan 1803-cü ildə Fransanın paytaxtı Paris şəhərində doğulub. Romantizm dövrünün fransız bəstəkarı çoxsaylı operaların, baletlərin, operettaların müəlifidir. Onun əsərləri dünyanın ən məşhur teatr səhnələrinin repertuarına daxil edilib.

İndi isə baleti ərsəyə gətirənlər barədə: Truppanın mövsümün əvvəlindən bəri üzərində çalışdığı səhnə əsərində əsas rolları teatrın gənc solistləri Ayan Eyvazova, Seymur Qədiyev, İslam Məmmədov, Fatimə Xələfova və başqaları ifa edib. Quruluşçu baletmeyster və liberotto müəllifi Əməkdar artist Samir Səmədov olan balet dirijor Orxan Həşimov tərəfindən idarə olunub. Səhnə əsərində dekorasiya və kostyum eskizlərinin müəllifi Dmirtri Çerbadjidir.

Baletin süjetində tamaşaçı sevgisi qazanmaq üçün hər şey var: ağlasığmaz gəmi qəzaları, piratların tarixi, oğurluqları, sevgi ehtirasları, məkrli xəyanətlər… Bunlardan başqa al-əlvan kostyumların şərq koloriti, ekzotik rəqslər, klassikanın təntənəli hormoniyası… Və elə bu səbəblərdəndir ki, balet 150 ilə yaxındır ki, dünya repertuarında yer almaqdadır. 

Və ən nəhayət, baş rolun ifaçısı Ayan Eyvazovadan (şəkildə) danışaq. Ayan Azərbaycan balet sənətini beynəlxalq miqyasda uğurla təmsil edir. Polad Bül-büloğlunun "Eşq və ölüm", L.Minkusun "Paxita", P.Çaykovskinin "Qu gölü", A.Adanın "Jizel" baletlərində müxtəlif rollar ifa edib. Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülüb. “Korsar” isə Ayanın növbəti uğurlu işidir.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2023)

Yarat Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında “Keçmiş nəsillərdən qalan izlər” adlı sərgi açılacaq. Aprelin 6-da açılacaq sərgi 10 gün davam edəcək.

 

“Keçmiş̧ nəsillərdən qalan izlər” sərgisi milli kimliyimiz ilə bir başa əlaqəli olan Novruz bayramını işıqlandırır, təbiət ilə insan arasındakı əlaqəni, cəmiyyətdə gender və sosial rollar olmadan kollektiv yaşamı göstərməyə cəhd edir.

Qeyd edək ki, sərgidə YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin əl işləri nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2023)

Və yaxud, Respublika Gənclər Kitabxanasından qabaqcıl təcrübə

 

Adətən kitabxanalara kitablar Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən kitab kollektoru vaaiyəsilə alınır. Amma Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası istisna təşkil edir. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər tutanda ki, Gənclər Kitabxanası fondunu yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə “Nəşrlərin satınalınması müsabiqəsi” elan edir, daha ətraflı məlumat almaq və sizinlə bölüşmək təşəbbüsündə buldu. Beləliklə, müsabiqənin şərtlərinin yazarlar üçün, nəşriyyatlar üçün, ümumən kitabsevərlər üçün maraqlı olacağını duyuruq. 

 

Öncə ondan başlayaq ki, müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni kitabxana tərəfindən yeni tərkibdə təsdiq olunan Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirəcək.

 

Şərtlər:

1.

Müsabiqə çərçivəsində Komissiya tərəfindən seçilən nəşrlərdən minimum 5 (beş) nüsxə alınacaq.

2.

İştirakçılar tərəfindən nəşrlər mayın 12-dək Komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir.

3.

Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək.

4.

Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 200-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 200-dən aşağı) olan nəşrlərin satınalınmasına yol verilmir.

Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, fransız, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər.

5.

Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən nəşriyyatlar, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər.

6.

Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidirlər.

7.

Aprelin 12-dən iştirakçılar tərəfindən Komissiyaya ünvanlanmış müraciət və müraciətdə satınalınması göstərilən nəşrlərdən 1 nüsxə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına (Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi 203/205) təqdim edilməlidir.

8.

Müsabiqəyə yalnız son 2 ildə çap olunan nəşrlər təqdim edilməlidir.

 

Satınalınma qaydaları:

1.

Müsabiqə başa çatdıqdan sonra Komissiya tərəfindən 1 (bir) ay ərzində təqdim olunan nəşrlərin dəyərləndirilməsi aparılır və satınalınması qərararlaşdırılan nəşrlər barədə yekun protokol tərtib edilir.

2.

Təsdiq olunmuş yekun protokola əsasən nəşrlərinin satınalınmasına qərar verilmiş iştirakçılarla satınalma müqaviləsi bağlanılır. 

3.

Satınalma müqaviləsi üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə təhvil-təslim aktı imzalandıqdan sonra həyata keçirilir.

4.

İştirakçılardan alınması nəzərdə tutulan nəşrlərin ehtimal olunan qiyməti müəyyən edilmiş minimum məbləğdən (5,0 (beş) min manat) yuxarı olduqda, həmin nəşrlərin alışı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçiriləcək.

5.

Müsabiqəyə təqdim olunan nəşrlərin nümunə nüsxələri geri qaytarılmır və kitabxananın fonduna daxil edilir.

 

Beləliklə, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası gözəl bir təşəbbüs irəli sürüb. Alqışlanmağa layiq bu təşəbbüs oxuculara məhz arzuladıqları, populyar, maraqlı kitabları oxumaq imkanı yaradacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2023)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aprel ayı üçün tərtib etdiyi repertuarı açıqlayıb. Buyurun, tanış olun:

 

1 aprel –“Bremen musiqiçiləri və Pen” , “Ər və arvad”

 

2 aprel –“Düyməcik”, “Mən dəyərəm min cavana”

 

7 aprel –“Nəğməmə inan”

 

8 aprel –“Qırmızı papaq”, “Kimdir müqəssir”

 

9 aprel –“Dəcəl çəpişlər”, “Utancaq qız”, “Baladadaşın toy hamamı”

 

14 aprel – “Molla Nəsrəddinin beş arvadı”

 

15 aprel –“Qırmızı papaq”, “O olmasın, bu olsun”

 

16 aprel – “Qızıl cücə”, “Amerikalı kürəkən”

 

21 aprel – “999-cu gecə”

 

22 aprel – “Sehrli nəğmə”, “Psix”

 

23 aprel – “Qoğalın macərası”, “Bəxtiyar”

 

28 aprel – “Paris Notr-Dama ithaf”

 

29 aprel – “Məchul pilləkən”, “Utancaq qız” , “Anamın kitabı”

 

30 aprel – “Buratino”, “Lara Martins Jazz club”

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.